Kor çalğıçı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

1

Uşaq dövlətli bir ailədə gecəyarısı anadan olmuşdu. Gənc ana özündən getmiş bir halda yatırdı. O, yeni doğulmuş uşağın ilk, üstəlik, zəif səsini eşidəndə yatağında gözüyumulu çırpınmağa başladı. Dodaqları nə isə pıçıldayırdı; solğun üzündə nə isə dözülməz əziyyəti göstərən bir ifadə vardı.

Mamaça əyilib qulağını onun pıçıldayan dodaqlarına yaxınlaşdırdı. Qadın güclə eşidilə biləcək bir səslə soruşdu:

– Nə üçün?.. Nə üçün o?

Mamaça sualı başa düşmədi. Uşaq yenə də çığırdı. Xəstənin üzündə kəskin bir ağrı sezildi və qapalı gözlərindən iri yaş damlası axdı.

– Nə üçün, nə üçün? – deyə onun dodaqları yenə də əvvəlki kimi pıçıldayırdı.

Bu dəfə mamaça sualı başa düşdü və sakitcə cavab verdi:

– Siz uşağın nə üçün ağladığını soruşursunuz? Qaydadır, həmişə belə olur. Sakitləşin!

Lakin ana sakit ola bilmirdi. Hər dəfə körpə yenidən çığırdıqda o diksinir və hey acıqlı bir səbirsizliklə təkrar edirdi:

– Nə üçün… belə… bu qədər qorxunc qışqırır?

Mamaça uşağın qışqırtısında qəribə heç nə görmürdü. Axı dünyaya yeni gələn bütün körpələr qışqıraraq ağlayırlar.

Mamaça ananın sözlərini, sadəcə, sayıqlama hesab etdi, buna görə də ona fikir verməyib uşaqla məşğul oldu.

Bundan sonra gənc ana da susdu, lakin gözlərindən iri yaş damlaları axmağa davam edirdi.

Bəlkə, yeni doğulan körpə ilə birlikdə dünyaya ağır, heç vaxt bitməyəcək bir dərdin də gəldiyini ananın ürəyi hiss etmişdi? Bəlkə, hiss etmişdi ki, bu dərd yenicə doğulmuş bu körpəni bütün həyatı boyu amansızcasına izləyəcəkdi? Ya da bu, ola bilsin, doğrudan da, bir sayıqlama idi.

Ancaq hər nə cür olursa olsun, həqiqət bu idi ki, uşaq kor doğulmuşdu.

2

Əvvəlcə bunu heç kəs hiss etməmişdi. Oğlan bütün yeni doğulanlar kimi müəyyən yaşa qədər donuq və qeyri-müəyyən bir nəzərlə baxırdı. Günlər bir-birini əvəzlədikcə körpənin gözləri aydınlaşdı, onlardakı bulanıqlıq yox oldu. Lakin uşaq pəncərənin lap qabağında dayandığı halda günəşin otağa dolan şüalarına doğru başını belə çevirmirdi.

Ana uşaqdakı bu əcaib halı, hərəkətsizliyi və körpələrə yaraşmayan ciddiyyəti hamıdan əvvəl sezmiş, narahat olmuşdu.

Gənc qadın ürkmüş göyərçin kimi insanlara baxır və soruşurdu:

– Deyin görüm, o nə üçün belədir?

– Necədir? – deyə qohum-qonşular laqeydcəsinə soruşurdular. – Onu öz yaşıdlarından heç nə fərqləndirmir.

Bir dəfə isə ana onu və körpəni müayinə etməyə gəlmiş həkimdən soruşmuşdu:

– Baxın, o, əli ilə qeyri-adi şəkildə nəyi isə axtarır…

– Bu bütün körpələr üçün adi haldır, – deyə həkim etinasız halda cavab vermişdi.

– Bəs nə üçün o həmişə bir tərəfə baxır?.. O… o, kordur? – deyə birdən ananın köksündən qorxunc bir sual qopdu.

Həkim uşağı əlinə alıb tez işığa tərəf çevirdi və gözlərinə baxdı. Onun üzü tutuldu, sonra bir neçə anlaşılmaz cümlə söylədi, lap axırda da iki gündən sonra gələcəyini vəd edib getdi.

Ana uşağını bağrına basaraq yaralı quş kimi çırpınır, ağlayırdı. Uşağın gözləri isə yenə də eyni donuq və soyuq nəzərlərlə baxırdı.

Həkim, həqiqətən, iki gündən sonra gəldi. O özü ilə bərabər oftalmoskop1 da gətirmişdi. Həkim şamı yandırıb uşağın gözünə yaxınlaşdırdı, uzaqlaşdırdı, ona diqqətlə baxdı və axırda çaşqın halda dedi:

– Təəssüf ki, xanım, siz səhv etməmisiniz… Uşaq, doğrudan da, kordur, üstəlik, nə vaxtsa görə biləcəyinə də ümid yoxdur.

Ana bu xəbəri sakitcə və kədərlə dinlədi, sonra isə pıçıldadı:

– Mən çoxdan bilirdim.

3

Kor uşağın doğulduğu ailə bir o qədər də böyük deyildi: ana və körpədən başqa ailədə ata, bir də hamının «Maksim dayı» deyə çağırdığı bir nəfər vardı.

Körpənin atası pan2 Popelski rəhmdil kənd mülkədarı3 idi: ürəyi saf, mərhəmətli bir adam idi, işçilərə yaxşı baxır, dəyirman tikməyi və onların yerini dəyişməyi çox sevirdi. Bu iş, demək olar ki, onun bütün vaxtını alırdı. Buna görə də atanı günün ancaq müəyyən saatlarında: səhər yeməyi və ya nahar vaxtı evdə görmək olardı.

Maksim dayı isə tamamilə başqa adam idi. Təsvir etdiyimiz hadisədən on il əvvəl Maksim dayı dalaşqanlığı ilə məşhur idi. Hamı təəccüblənirdi ki, hörmətli bir nəsil sayılan pan Popelski ailəsindən necə olmuşdu, belə qorxunc bir adam çıxmışdı. Heç kəs onunla necə rəftar etməyi bilmirdi. Panların xoşsifətliyinə o, kobudluqla cavab verir, kəndlilərin özbaşınalığını, kobud hərəkətlərini isə bağışlayırdı.

Elə bir gün gəldi ki, Maksim dayı nəyə görəsə ətrafındakı insanlara qəzəblənib İtaliyaya getdi. Orada özü kimi dalaşqan birinə – Qaribaldinin4 dəstəsinə qoşuldu.

Nəhayət, bir gün xəbər gəldi ki, Maksim öz atı ilə birlikdə müharibə meydanında həlak olmuşdur.

Lakin bir müddət sonra həmin xəbərin yalan olduğu üzə çıxdı: Maksim qayıdıb öz bacısının evinə gəldi. Belə məlum oldu ki, o, döyüşdə ölməsə də, ağır yaralanıb, çünki Maksimin sağ ayağını dibindən kəsmişdilər. Buna görə də qoltuqağacı ilə gəzirdi. Üstəlik, sol əli də şikəst olduğundan birtəhər əsaya dayanmaq üçün yarayırdı. Bundan başqa, artıq sakit bir adama çevrilmişdi, arabir kimisə acılamasını nəzərə almasaq, dalaşqanlığından əsər-əlamət qalmamışdı.

Maksim cəmiyyət içərisinə az-az çıxır, vaxtının çoxunu öz kitabxanasında bəzi kitabları oxumaqla keçirirdi. Bu kitabların da nədən bəhs etdiyini heç kəs bilmirdi. Təkcə belə bir fikir var idi ki, bu kitablar tamamilə allahsızlıqdan danışan kitablardır. O özü də bəzən yazırdı, amma onun yazdıqları heç bir zaman heç bir yerdə çap olunmadığından bunlara heç kim ciddi əhəmiyyət vermirdi.

Bu kiçik kəndli evində yeni doğulmuş uşağın böyüməyə başladığı zamanlar Maksim dayının qısa kəsilmiş saçları gümüş kimi çallaşmışdı. Daim qoltuqağacına söykəndiyindən çiyinləri qalxmış, gövdəsi dördbucaq şəklini almışdı.

Maksim dayı bəzən belə düşünürdü ki, həyat – mübarizədir, bu mübarizədə isə onun kimi şikəst birinə artıq yer yoxdur. O fikirləşirdi ki, artıq əbədi olaraq sıradan çıxıb və yaxınları üçün əlavə yükə çevrilib. Gah da bu fikirləri beynindən qovur, tamamilə əksini düşünür, bütün hallarda həyatın sərt üzü ilə mübarizəyə davam etməli olduğunu düşünürdü.

Əvvəl-əvvəl o, kor uşağa əhəmiyyət vermirdi. Lakin bir gün onun taleyi ilə öz taleyi arasındakı əcaib bənzərliyi görməyə başladı və bu, Maksim dayını körpənin qayğısına qalmağa həvəsləndirdi.

O, bir dəfə uşağa gözaltı baxaraq fikirli bir halda öz-özünə dedi:

– Hm… Bəli, bu körpə də şikəstdir. Əgər ikimizi birləşdirsələr, bəlkə də, kiçik bir insancığaz əmələ gələr.

4

Maksim dayı uşağa nə qədər çox baxırdısa, onun sıx qaşları da bir o qədər tez-tez çatılırdı. Nəhayət, o, bir dəfə işə qarışmaq qərarına gəldi və dedi:

– Bu balaca məndən də bədbəxt olacaq. Doğulmasaydı, daha yaxşıydı.

Gənc qadın başını aşağı saldı, göz yaşları əlindəki tikişin üstünə töküldü. O, yavaşca:

– Bunu mənim yadıma salmaq qəddarlıqdır, Maksim, amansızlıqdır.

– Mən ancaq həqiqəti söyləyirəm, – deyə Maksim bacısına cavab verdi. – Mənim əlim-ayağım yoxdur, amma gözüm var. Uşağın isə gözü yoxdur, deməli, gələcəkdə nə əli, nə ayağı, nə də iradəsi olacaq…

– Nə üçün?

Maksim mülayimcəsinə:

– Bir qulaq as, Anna! – dedi. – Mən nahaq yerə sənə bu dəhşətli sözləri söyləmirəm. Uşağın incə və həssas əsəb sistemi var. O özünün digər qabiliyyətlərini elə həddə qədər inkişaf etdirməlidir ki, bu onun korluğunu bir qədər yüngülləşdirsin. Bunun üçün isə məşğələ lazımdır. Odur ki uşağa qarşı qayğıkeş davranmaq azdır, başqa şeylər də düşünmək lazımdır.

Anası ağıllı idi, Maksim dayının nə demək istədiyini başa düşürdü.

Həmin söhbətdən bir neçə ay sonra uşaq hər səsə qulaq verərək sürətlə, sərbəstcəsinə otaqların içərisində iməkləyir, başqa uşaqlarda görünməyən bir cəldliklə əlinə düşən hər şeyi yoxlayırdı.

O, tezliklə anasını yerişindən, paltarının xışıltısından və nə isə yalnız özünəməxsus, özgələrinin dərk edə bilmədiyi əlamətlərdən tanımağı öyrəndi: otaqda neçə adam olursa olsun, onlar necə yerlərini dəyişir, dəyişsin, həmişə səhv etmədən anasının oturduğu yerə tərəf gedirdi. Anası onu birdən-birə qaldırıb götürəndə belə yenə dərhal anasının qucağında olduğunu bilir və sakitcə dayanırdı. Lakin başqaları onu qucağına aldığı zaman kiçik əlləri ilə qucağında olduğu adamın üzünü yoxlayır və yenə dərhal dayəsini, Maksim dayını, atasını tanıyırdı. O, yad adamın əlinə düşəndə isə kiçik əllərinin hərəkəti yavaşıyır, diqqət və ehtiyatla əllərini yad adamın üzündə gəzdirir, üzünün cizgilərindən təlaşlandığı hiss olunurdu. Elə bil o, barmaqlarının ucu ilə yoxlayarkən qarşısındakı adamı görür və ona diqqətlə baxırdı.

 

Təbiətcə çox diribaş və oynaq uşaq idi. Lakin aylar bir-birinin ardınca gəlib-keçdikcə hərəkətlərindəki cəldlik azalırdı. Evin xəlvət bucaqlarında mıxlanıb qalır, üzündəki xətlər donmuş kimi sakit görünür, elə bil nəyəsə qulaq asırdı. Otağın sakit olduğu və müxtəlif səslərin onu məşğul etdiyi zamanlarda uşağın gözəl, yaşına uyğun olmayan ciddi üzündə heyrət və təəccüb əlamətləri görünür, elə bil o nəyinsə haqqında düşünürdü.

Maksim dayı başa düşdü ki, uşağın incə və həssas əsəb sistemi tədricən inkişaf edir, eşitmək, duymaq vasitəsilə ətrafdan aldığı təəssüratı dərk etməyə çalışır. Onun duyğu qabiliyyətindəki qeyri-adi həssaslıq hamını heyran etmişdi. Hətta arabir elə görünürdü ki, o lap rəngləri də seçə bilər: uşağın əlinə rəngbərəng parçalar düşdüyü zaman incə barmaqlarını uzun müddət onların üstündə gəzdirir, bu zaman üzündə təəccübləndiyini göstərən ifadə yaranırdı.

Sonralar getdikcə məlum oldu ki, uşağın duyğu qabiliyyəti ilk növbədə eşitmə qabiliyyəti üzrə inkişaf edir. O tez bir zamanda səslər vasitəsilə otaqları mükəmməl surətdə tanıya bildi: ailə üzvlərinin yerişini, şikəst dayısının oturduğu skamyanın cırıldamasını, anasının tikiş tikərkən işlətdiyi sapların boğuq səslərini, divar saatının aramla tıqqıldamasını seçir və bir-birindən fərqləndirirdi. Bəzən o, divarboyu iməkləyərək başqalarının eşidə bilmədiyi bir səsi diqqətlə dinləyir, əlini qaldıraraq divar kağızları üstündə gəzişən milçəklərin arxasınca uzadırdı. Ürkmüş cücü yerindən sıçrayıb uçan kimi kor uşağın üzündə acı heyrət ifadəsi əmələ gəlirdi. O, milçəyin birdən-birə uçub yox olmasının sirrini anlaya bilmirdi. Lakin sonralar uşaq belə hallarda başını milçəyin uçduğu tərəfə çevirməyə başladı: deməli, onun güclü eşitmə qabiliyyəti indi hətta havada milçək qanadlarının incə səsini də qavrayırdı!

Bir sözlə, uşağın üzündə daim səslərə qarşı xüsusi diqqət hiss olunurdu. Qulaq asarkən onun alt çənəsi incə və uzun boynu üzərində azca qabağa doğru uzanırdı. Qaşları xüsusilə tez-tez tərpənir, gözəl, lakin görməyən gözləri isə üzünə sərt, eyni zamanda təsirli bir görkəm verirdi.

5

Uşaq artıq üç yaşında idi. Qış başa çatır, həyətdəki qar artıq əriyir, bahar suları ətrafa səs salır, bununla birlikdə xəstə olduğu üçün bütün qışı təmiz havaya çıxmayıb otaqda keçirməyə məcbur olan uşağın da səhhəti yaxşılaşmağa başlayırdı.

Tezliklə pəncərələri daha tez-tez açmağa başladılar və bahar havası otağı daha tez-tez doldurmağa başladı. Şən bahar günəşi torpağı qızdırır, fıstıq ağaclarının hələ çılpaq olan budaqları sevinclə yellənir, uzaqlarda qaralan əkinlər, yeni göyərmiş otlar görünürdü. Baharın gəlişi ilə hamı daha azad və xoş nəfəs alırdı.

Uşaq üçün isə bahar yalnız müxtəlif səsləri ilə qonaq gəlirdi. O, bahar sularının sellərə çevrilərək sanki bir-birini qovurlarmış kimi daşlara çırparaq yumşaq torpaqları dərindən yarıb necə axdığını duyur, səhər şaxtasının damın kənarındakı navalçalarda dondurduğu və indi günəşin qızdırdığı buz saçaqlarından tələsik süzülüb-tökülən bahar damlalarının tıqqıltısını hiss edirdi. Arabir bu səslərin arasından çox yüksəklərdən durna qaqqıltıları eşidilirdi.

Təbiətdəki bu canlanma uşağın üzündə böyük heyrət doğururdu. O, qaşlarını tərpədir, boğazını uzadaraq dinləyir, sonra bu səslərdən həyəcanlanıbmış kimi birdən əlini uzadır, anasını axtarır və onun qucağına atılaraq bərk-bərk onun sinəsinə qısılırdı.

– Buna nə olub? – deyə anası özündən və başqalarından soruşurdu.

Maksim dayı diqqətlə uşağın üzünə baxır, onun bu həyəcanının səbəbini izah edə bilmirdi. Anası isə oğlunun üzündəki təəccüb və sual əlamətlərini hiss edərək:

– O… o anlaya bilmir, – deyə nəticə çıxarırdı.

Doğrudan da, uşağı həyəcan və narahatlıq bürümüşdü: bəzən o, yeni səslərə qulaq verib onları duyur, bəzən də bu vaxta qədər adət edib öyrəşdiyi səslərin birdən-birə susub haraya isə yox olduqlarına təəccüblənirdi.

Elə ki baharın qarışıq, hay-küylü dövrü keçdi, uşağın həyəcanı da azaldı.

Bir gün onu çölə, yaxındakı çayın kənarına çıxarmağı qərara aldılar. Anası onun əlindən tutub aparırdı. Maksim dayı da qoltuqağacıları ilə onların yanınca gedirdi. Onlar sahildəki təpəyə tərəf gedirdilər, çünki külək və günəş bu təpələri lazımi qədər qurutmuşdu. Təpə yaşıllaşmış, qalın bir çəmənliklə örtülmüşdü, uzaqlardakı mənzərələr buradan çox aydın görünürdü.

Anası uşağın kiçik əlinin onun əlini bərk-bərk sıxdığını hiss etdi, lakin baharın günəşli havasından o qədər məst olmuşdu ki, onun bu həyəcanlı hərəkətinə əhəmiyyət vermədi. Əhəmiyyət versə görərdi ki, uşaq gözlərini heyrətlə günəşə çevirib: sanki sudan çıxarılmış balıq kimi tez-tez nəfəs alaraq havanı sinəsinə çəkir! Arabir onun çaşqın üzündə sevinc əlaməti görünür, ancaq bu sevinc dərhal da öz yerini çaşqınlığa, heyrətə buraxırdı.

Təpəyə çatan kimi hər üçü yumşaq otların üstündə oturdu. Anası uşağı daha rahat əyləşdirmək üçün yerdən qaldırdığı zaman o yenə titrək əlləri ilə anasının paltarından yapışdı, elə bil harasa yıxılacağından qorxdu. Sanki ayağı altında torpaq olduğunu hiss etmirdi. Lakin anası bu dəfə də uşağın həyəcanını hiss etmədi; çünki onun gözləri və diqqəti gözəl bahar mənzərəsinə dikilib qalmışdı.

Günortaçağı idi. Günəş yavaş-yavaş mavi göy üzündən çəkilib gedirdi. Onların oturduqları təpədən axmaqda olan çay bütün genişliyi ilə görünürdü. Çaydakı buzlar artıq axıb getmişdi, yalnız arabir orada-burada suyun üzərində ağ ləkələr kimi görünən buz parçaları üzür, onlar da yavaş-yavaş əriyib yoxa çıxırdılar. Çəmənliyin çuxur yerlərində toplanmış sular göy qübbəsindəki ağ buludları əks etdirirdi.

Çayın o tayında rütubətli torpaqdan baş qaldırıb günəşin altında qızınan tarlalar, bacalarından göyə tüstü qalxan, küləşlə örtülü daxmalar qaralır, daha uzaqlarda isə mavi zolaq şəklindəki meşə görünürdü. Torpaq sanki nəfəs alırdı və ondan göyə nə isə xəfif bir buxar qalxırdı.



Təbiət bayrama hazırlanmış ev kimi hər tərəfi bəzəmişdi. Lakin kor uşaq üçün bütün bunlar yalnız ucsuz-bucaqsız bir qaranlıq idi. Onun üçün nə parlaq fəza, nə mavi göy qübbəsi, nə də geniş üfüqlər var idi. Bircə həmişə olduğu kimi, ayrı-ayrı səsləri – torağayın cəh-cəhisini, fıstıq ağacının ahəstə xışıltısını, çayın çətin-liklə eşidilən şırıltısını, milçəklərin vızıltısını, öküzləri hovlayaraq tarlada yer sürən əkinçinin yorğun hayqırtısını eşidir və bir-birindən seçə bilirdi.

Ancaq uşaq yenə də bu səsləri bütünlüklə dərk etmir, bəzən həyəcanlanır, bəzən üzündə sevinc, bəzən isə təlaş ifadəsi oyanırdı.

Birdən uşaq yavaşca bir ah çəkib dalı üstə otların üstünə sərildi. Anası cəld ona tərəf çevrildi və çığırdı: uşaq otların üstündə bət-bənizi ağarmış, özündən getmiş bir halda uzanmışdı.

Maksim dayı bu hadisədən çox narahat oldu. Həmin gündən sonra o, fiziologiya5 və pedaqogika6 haqqında kitablar gətizdirir, uşaqların sirlərlə dolu inkişafı haqqında elmin indiyədək gəlib çıxdığı bütün nəticələri öyrənirdi.

O, getdikcə daha çox inanırdı ki, uşağı gözdən məhrum etmiş təbiət onu başqa qabiliyyətlərlə mükafatlandırıb. Maksim dayı bu qabiliyyətləri inkişaf etdirməyi öz vəzifəsi saymağa başlamışdı.

«Kim bilir, bəlkə də, elə zaman gələcək ki, bu uşaq mənim sayəmdə güclü bir insana çevriləcək. Əgər bunu bacarsaydım, o zaman deyərdim ki, qoca və şikəst ömrüm hədər getməyib…» – Maksim dayı elə hey öz-özünə deyirdi.

1Oftalmoskop – göz qişasını tədqiq etmək üçün tibbi alət
2Pan – orta əsrlərdə Polşa, Çexiya, Qərbi Ukrayna və Qərbi Belarusda iri feodal
3Mülkədar – torpaq sahibi olan zadəgan
4Cüzeppe Qaribaldi – İtaliyanın milli qəhrəmanı
5Fiziologiya – canlı orqanizmin və onun hissələrinin fəaliyyəti haqqında elm
6Pedaqogika – tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?