Sirli ada

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Sirli ada
Czcionka:Mniejsze АаWiększe Aa

BİRİNCİ HİSSƏ

Birinci fəsil

– Qalxırıq?

– Yox, enirik.

– Mister Smit, biz yıxılırıq.

– Ağır şeylərin hamısını atın!

Bu sözlər 1865-ci il 23 mart tarixində, saat dördə yaxın Sakit okean üzərində deyilirdi. Qasırğaya qapılmış bir hava şarı buludların arası ilə sürətlə irəliləyirdi. Hava şarında beş sərnişin vardı. Şar öz oxu ətrafında fırlana-fırlana uçurdu. Göy üzünü tutmuş sıx buludlar hava şarını qaranlığa qərq etmişdi.

Şardakılar aşağıda yalnız dənizin olduğunu bildikləri üçün şarı yüngülləşdirmək məqsədi ilə ən zəruri əşyaları belə atmağa başladılar. Gecəni həyəcanla başa vurdular. Şardakı qaz azlıq etdiyindən onu havada saxlamaq mümkün deyildi. Ətrafda nə bir torpaq, nə də gəmi görünürdü. Səyyahlar son saniyəyə qədər mübarizə aparmağa hazır idilər. Onlar şarın səbətinin iplərini kəsdilər. Səbət suya düşən kimi şar birdən-birə yuxarı qalxdı. Səyyahlar şarın torundan yapışdılar. Lakin bir neçə dəqiqə sonra şar yenidən enməyə başladı. Hava səyyahları mümkün olan hər şeyi etmişdilər. İndi onları fəlakətdən yalnız təsadüf xilas edə bilərdi.


Birdən mühəndis Smitin onunla yanaşı tordan asılmış Top adlı iti hürməyə başladı.

– Top bir şey görüb, – deyə Smit izah etdi və Topun hürdüyü istiqamətə baxıb qışqırdı: – Torpaq! Torpaq!

Üfüqdə, doğrudan da, quru parçası görünürdü. Amma oraya qədər ən azı birsaatlıq yol vardı. Artıq şarın havada daha qala bilməyəcəyi məlum oldu. O, okeanın səthi ilə alçaqdan uçmaqda idi. Dalğalar bir neçə dəfə torun sallanmış iplərini yalamışdı, islanmış iplər şarı daha da ağırlaşdırırdı.

Sahilə lap az qalmış dörd nəfər həyəcanla qışqırdı. Şar yüksək dalğanın zərbəsindən ani bir şəkildə sıçradı. O, zərbənin təsirindən sürətlə havaya qalxdı və uçmağa başladı. İki dəqiqə sonra şar quruya endi.

Səyyahlar torun iplərindən azad olmaq üçün bir-birinə kömək etdilər. Adamların ağırlığından qurtulmuş şar havaya qalxaraq buludların arasında gözdən itdi. Quruya beş sərnişindən yalnız dördü çıxmışdı.

Yox olmuş sərnişini şara çırpılmış dalğa qaparaq aparmışdı. Qalan sərnişinləryerə düşər-düşməz bir nəfərin itdiyini görüb qışqırdılar:

– Bəlkə, üzə-üzə sahilə çıxıb?! Onu xilas edək!

İkinci fəsil

Bu adamlar təyyarəçi və ya hava səyyahı deyil, sadəcə, əsarətdən qaçmaq istəyən hərbi əsirlər idi. Onların qaçması qəribə bir şəraitdə baş vermişdi.

Amerikada Şimalla Cənub quldar ştatları arasında vətəndaş müharibəsi1 davam edirdi. Döyüşlər zamanı Vircinya ştatının paytaxtı Riçmond şəhəri separistlərin2 əlinə keçdi. Şimal ordusunun generalı Qrantın Riçmondu almaq üçün uğursuz təşəbbüsləri zamanı ordunun bir neçə zabiti separatistlərə əsir düşmüşdü. Mühəndis Sayres Smit də onların arasında idi.

Sayres Smit sadəcə mühəndis deyil, həm də məşhur alim idi. Arıq, saçları azacıq ağarmış və bığları qısa qırxılmış Sayres Smit bilikli olmaqla yanaşı, işgüzar, diribaş bir adam idi. Yaşı qırxayaxın olardı.

Sayres Smitlə eyni vaxtda cənublulara başqa bir qəribə adam –“Nyu-York Herald” qəzetinin məşhur jurnalisti Gedeon Spilet də əsir düşmüşdü. O, hərb meydanındakı hadisələr haqqında qəzetə xəbər vermək üçün Şimal ordusuna göndərilmişdi.

Ucaboy, yaşı qırxdan çox olmayan Spilet cəsur əsgər, eyni zamanda rəssam və yağış kimi yağan güllələrin altında oçerk yazan qorxmaz bir jurnalist idi.

Bir-birini yalnız qiyabi tanıyan Sayres Smit və Gedeon Spilet Riçmonda eyni vaxtda gətirilmişdilər. İkisi də əsirlikdən qaçıb general Qrantın ordusuna qoşulmaq, ştatların birliyi uğrunda yenidən vuruşmaq istəyirdi. Hər iki amerikalıya şəhərdə sərbəst gəzmək imkanı verilsə də, şəhər elə yaxşı qorunurdu ki, buradan qaçmaq mümkün deyildi.

Sayres Smitin zənci nökəri cəbhənin içindən keçərək ağasının yanına gəlmişdi. Bu adam ağasına ölənə qədər sadiq qalan nökərlərdən idi. Otuz yaşı vardı. Bəstəboy olsa da, qüvvətli və qıvraq idi. Sakit, sadəlövh, xoşrəftar bir adam olan bu nökərin adı Navuhodonosor olsa da, onu Nab deyə çağırırdılar.

Hərbi əsirlər mühasirə edənlərin sırasına qayıtmaq üçün Riçmonddan qaçmaq niyyətində ikən şəhərdə bəzi adamlar döyüşən separatist dəstələrə qoşulmaq üçün eyni səbirsizliklə şəhəri tərk etmək istəyirdilər. Onların arasında qatı cənublular tərəfdarı Conatan Forster adlı bir şəxs də vardı.

Riçmondu üzük qaşı kimi mühasirəyə almış şimallıların ordusu şəhərlə cənubluların baş qüvvələri arasındakı əlaqəni çoxdan kəsmişdi. Riçmond qubernatoru şəhərin vəziyyətini cənubluların ordu komandanı Liyə xəbər verib ondan kömək istəməli idi. Conatan Forsterin ağlına hava şarı ilə uçub üsyançıların yanına getmək fikri gəlmişdi. Onun bu fikri bəyənilmiş, Forsterdən başqa daha beş nəfərin də yerləşəcəyi bir şar hazırlanmış, silah və ərzaqla təchiz edilmişdi.

Uçuş 18 mart tarixinə nəzərdə tutulmuşdu. Lakin o gün bərk qasırğa oldu. Uçuşu təxirə salmaq lazım gəldi. Növbəti iki gün ərzində qasırğa daha da şiddətləndi. Uçmaq yenə mümkün olmadı.

O gün tanımadığı bir adam Sayres Smiti küçədə saxladı. Bu, Penkrof adlı orta yaşlı bir dənizçi idi. O, gəmi kapitanının oğlu, on beş yaşlı Herbert Braunla iş üçün Riçmonda gəlmişdi. Penkrof Herberti doğma oğlu kimi sevirdi. Mühasirəyə qədər şəhərdən çıxmağa macal tapmadığı üçün o da şəhərdə qalmışdı və fikri-zikri qaçmaq idi. Penkrof Smit haqqında eşitmişdi və bu adamın şəhərdən qaçmaq istədiyini bilirdi. Ona görə də küçədə Smitlə qarşılaşdıqda Penkrof onu saxlayıb sözü uzatmadan soruşdu:

– Mister Smit, buradan qaçmaq istərdiniz? Bu hava şarı sanki bizi gözləyir, elə deyil? – deyə soruşdu.

Mühəndis hər şeyi başa düşdü. O, Penkrofun qolundan yapışıb qaldığı mənzilə apardı. Dənizçi planını ona danışdı. Qasırğa güclü olsa da, Sayres Smit şarın öhdəsindən gələ bilərdi.

Sayres Smit danışığın sonunda dedi:

– Məndən başqa dostum Spilet və nökərim Nab da var.

– Mən və Herbertlə beş nəfər oluruq. Şar altı nəfərlikdir… – deyə dənizçi cavab verdi.

Onlar birlikdə qaçmağa razılaşdılar.

Axşam qaranlıqdan göz-gözü görmürdü. Sıx duman hər tərəfi bürümüşdü. Qar yağırdı. Riçmondun küçələri boşalmışdı. Qaçmaq üçün əsl fürsət idi. Saat onun yarısında beş nəfər əsir şarın yanında görüşdülər. Hərəkət etmək üçün bircə Sayres Smitin işarəsi qalmışdı. Bu vaxt şara bir it mindi. Bu, ipini qırıb yiyəsinin dalınca gələn Top idi. Sayres Smit itin şara ağırlıq edəcəyindən qorxaraq onu qovmaq istəsə də, Penkrof buna imkan vermədi. O, şarı yerdə saxlayan kəndiri kəsdi və şar havaya qalxdı.

…Səyyahlar dəniz üzərində buludların arası ilə uçurdular. Riçmondu tərk etmiş beş adamdan dördünü qasırğa beş gündən sonra –24 martda sahilə atdı.

İtmiş adam isə mühəndis Sayres Smit idi.

Üçüncü fəsil

Mühəndisi dalğa aparmışdı. Top yiyəsinə yardım etmək üçün suya atıldı. Qəzaya uğrayanların dördü də onu axtarmağa başladı. Yazıq Nab hər kəsdən çox sevdiyi adamın öldüyünü düşünüb hönkür-hönkür ağlayırdı. Qəzaya uğrayanlar düşdükləri yeri bir qədər gəzdikdən sonra anladılar ki, kiçik bir adaya düşüblər.

Dənizçi tonqal qalamağı təklif etdi. Bu, mühəndis üçün işarə olardı. Lakin nə bir ağac, nə də quru budaq tapıldı. Hava çox soyuq idi. Zavallılar soyuqdan tir-tir əssələr də, qəzanın baş verdiyi yerin yaxınlığına tez-tez baş çəkirdilər. Səhər saat beşə yaxın sıx duman qalxdı. Heç nə görmək mümkün deyildi. Nab yoldaşlarına xəbər etmədən onları adanın şimal tərəfindən ayıran körfəzin sularına atıldı. Spilet Nabın ardınca getmək istəsə də, Penkrof onu saxlad:

– Dayanın! Nab özü ağasına kömək edə bilər.

Nab bu vaxt axınla çarpışır, yoldaşları isə onu həyəcanla seyr edirdilər. Nab gözdən itdikdən sonra onlar sığındıqları quru parçasını gözdən keçirməyə başladılar və qumun içindən tapdıqları balıqqulaqları ilə qəlyanaltı etdilər.

Daha sonra nə edəcəklərini müzakirə edən zaman zaman Herbert dənizçinin fikrini soruşdu.

– Hazırda suyun çəkilməsi baş verir. Təxminən üç saatdan sonra su tamam çəkiləcək və biz Nabın üzərək keçdiyi yolu ayaqla gedə biləcəyik. Bəlkə də, mister Smiti o biri sahildə tapa bildik, – deyə Penkrof cavab verdi.

Dənizçi gözləməkdə səhv etmirdi. Üç saatdan sonra körfəzin suyu xeyli çəkildi. Səhər saat ona yaxın Spilet, Penkrof və Herbert qarşı sahilə çıxdılar.

Gedeon Spilet dənizçi ilə elə buradaca görüşəcəyini deyib sıldırım qayaya dırmaşdı və Nabın getdiyi istiqamətdə gözdən itdi.

Herbert onunla getmək istəsə də, Penkrof:

– Sən qal, oğlum, – dedi. – Biz gecələmək üçün sığınacaq və yeməyə bir şey tapmalıyıq. Hərə müəyyən işlə məşğul olmalıdır.

Onlar sahilə əhatə edən böyük qranit divarın dibi ilə getməyə başladılar. Qranit divarda heç bir oyuq yox idi. Yüksəkdə xeyli quş uçurdu, lakin tüfəngləri olmadığı üçün onları ovlaya bilməzdilər. Herbert az sonra ikiqapaqlı balıqqulağı tapıb Penkrofu çağırdı. Herbert onların yeməli olduğunu dedi. Bu oğlan təbiətşünaslıq elmini çox yaxşı bildiyi üçün onun dostlarına yenə də köməyi dəyəcəkdi. Onlar doyunca yedikdən sonra yoldaşlarına da vermək üçün ciblərini balıqqulaqları ilə doldurdular.

 

Onlar daha iki yüz addım getdikdən sonra bir qaya yarığı tapdılar. İki qaya arasında balaca bir çay axırdı. Səyyahlar sudan dadıb içməli olduğunu aydınlaşdırdılar və qayaların arasında sığınacaq axtarmağa başladılar. Onlar çayın mənsəbinin yanında iri daşların qalaq-qalaq yığıldığını və sanki mağara əmələ gətirdiyini gördülər. Bura formaca buxarıya bənzəyirdi. Onlar buranın qumlu dəhlizinə daxil oldular. İçəriyə kifayət qədər işıq düşsə də, külək vıyıldayırdı. Penkrof dəhlizin dəliklərini daşlarla bağlamaq qərarına gəldi.

– Bu da bizim evimiz! – o dedi. – İndi odun axtarmağa gedək.

Herbertlə Penkrof buxarıdan çıxaraq üzüyuxarı getdilər. Bir az sonra gözəl bir meşəyə çatdılar. Buradan xeyli odun yığdılar. Onları çayla aparmaq üçün fırtınanın yıxdığı bir neçə ağacı quru sarmaşıqla yan-yana bağlamaqla düzəltdikləri salın üstünə yığdılar. Sonra onlar qranit divara çıxıb onun təpəsindən qəzanın baş verdiyi yerə – Sayres Smitin yoxa çıxdığı həmin yerə baxdılar. Suyun üzərində qəzadan heç bir əlamət qalmamışdı.

Geri qayıdarkən onlar çöl göyərçinlərinin yuvalarını gördülər və onların yumurtalarını toplayıb cib dəsmalının arasına yığdılar.

Penkrof quru sarmaşıqlardan ip düzəldərək ucunu salın arxa tərəfinə bağladı və onu suya itələdi. Penkrof salı iplə saxlayır, Herbert isə onu uzun bir ağacla axının ortasına itələyirdi.

Odunla yüklənmiş sal çayla üzüaşağı üzürdü.

Təxminən iki saatdan sonra Penkrofla Herbert buxarının yanına çatdılar. Salı boşaltdıqdan sonra Penkrof buxarının dəliklərini qapadı və oranı üç-dörd otağa böldü. Yaxşı yer tapana qədər burada qalmaq olardı. İndi yalnız ocaq qalayıb yemək hazırlamaq qalırdı. Səyyahlar enli yastı daşlardan ocaq yeri hazırladılar. Dənizçi ocağa bir neçə quru budaq atdı və ciblərini eşələdi. Lakin kibrit qutusunu tapmadı. O, çaşqınlıq içində Herbertə dedi:

– İşə bax, kibrit qutusunu itirmişəm. Səndə kibrit, ya da çaxmaq daşı yoxdur?

– Xeyr, Penkrof. Yəqin ki, Nabın, Smitin, ya da Gedeon Spiletin kibriti olar.

– İnanmıram. Nab və mister Smit papiros çəkmirlər. Spilet isə, yəqin ki, öz qeyd dəftərlərini saxlayıb, amma kibrit qutusunu şarda olan vaxt atıb.

Nab və jurnalist qayıdana qədər çiy yumurta və balıqqulağı ilə kifayətlənməkdən başqa çarə yox idi. Axşam saat altıya yaxın Herbert Gedeon Spiletlə Nabı gördü.

Onlar tək qayıdırdılar. Taqətdən düşmüş jurnalist dinməz-söyləməz qaya parçasının üstündə oturdu. Nab hələ də ağlayırdı. Herbert onlara balıqqulağı verdi. Nab yeməkdən imtina etdi. Spilet isə balıqqulağıları acgözlüklə yeyib qumun üzərinə uzandı.

– Biz sığınacaq tapmışıq, orada dincələ bilərsiniz. Gedək, – Herbert ona yaxınlaşıb dedi.

O, Herbertin ardınca buxarıya gedəndə Penkrof onu saxlayıb:

– Sizdə kibrit varmı, mister Spilet? – deyə soruşdu.

Jurnalist ciblərini axtarsa da, heç nə tapmadı.

Qəzaya uğrayanlar bir-birinə qəmli-qəmli baxıb susurdular. Sükutu birinci olaraq Herbert pozdu:

– Mister Spilet, ciblərinizi bir də axtarın. Bizə yalnız bircə dənə kibrit lazımdır.

Jurnalist yenə bütün ciblərini axtardı və birdən jiletinin astarı altına düşmüş bir kibrit çöpü tapdı.

– Bir kibrit çöpü! – deyə Penkrof sevincindən qışqırdı. – Bu bizim üçün bir araba kibritə bərabərdir.

O, kibritin quru olduğuna əmin olduqdan sonra:

– Bir parça kağız lazımdır, – dedi.

Gedeon Spilet qeyd dəftərindən bir vərəq cırdı.

Penkrof vərəqi boru şəklində bükərək odunların altına yığılmış yosun və quru yarpaq yığınının arasına saldı. Sonra üzü kələ-kötür bir daş götürüb kibriti ona çəkdi. Kibrit yanmadı. O, kibriti Herbertə verdi:

– Yox, bacarmıram… Əllərim titrəyir.

Çox həyəcanlı olsa da, Herbert tonqalı yandıra bildi. Penkrof axşam yeməyi hazırlamağa başladı. Yumurtalar bir neçə dəqiqəyə bişdi və qəzaya uğrayanlar yeni yurdlarında ilk dəfə şam etdilər. Yeməkdən sonra Herbert uzanıb yatdı, jurnalist günün hadisələrini öz qeyd dəftərinə yazmağa başladı, lakin çox yorğun olduğundan o da tezliklə yatdı. Dənizçi bütün gecəni tonqala odun atmaqla, Nab isə sahildə gəzib ağasını çağırmaqla keçirdi.

Martın 25-i belə keçdi.

Dördüncü fəsil

Qəzaya uğrayanların əyinlərindəki paltardan başqa heç bir şeyləri yox idi.

Sayres Smit yanlarında olsaydı, onun ağlı və biliyi yoldaşlarının köməyinə çatardı. Lakin qəzaya uğrayanlar indi yalnız özlərinə güvənə bilərdilər. Buxarı müvəqqəti sığınacaq üçün kifayət qədər münasib idi. Ocaq qalaya bilmişdilər. Yaxınlıqdan şirin sulu çay da axırdı. Ona görə də burada bir neçə gün qalıb adanı araşdırmaq qərarına gəldilər.

Bu plan hamıdan çox Nabın xoşuna gəldi. O, ağasının öldüyünə inanmadığı üçün qəzanın baş verdiyi yeri tərk etmək istəmirdi.

26 martda səhər yeməyindən sonra Herbertlə Penkrof ova yollandılar. Penkrof meşədə iki budaq sındırıb dəyənək düzəltdi. Herbert bu dəyənəklərin ucunu qaya daşlarına sürtüb itilədi. Nə qədər axtarsalar da, yeməli meyvəsi olan ağac tapa bilmədilər. Birdən qarşı-larından bir dəstə xırda quş uçdu.

– Bunları yemək olar? – Penkrof oğlandan soruşdu.

– Bu quşların əti çox dadlı olur, – Herbert dedi.

Onlar ağaca oğrun-oğrun yaxınlaşdılar. Ağacın aşağı budaqları quşla dolu idi. Dəyənəklər işə salındı. Bir yığın quş qırılıb yerə töküldü. Ovçular onları çubuğa düzüb yollarına davam etdilər.

Onlar ov etməyə davam edərək daha bir neçə quş tutmağa müvəffəq oldular. Saat altıya yaxın ovçular Buxarıya döndülər və hərəkətsiz vəziyyətdə dayanıb okeana baxan Gedeon Spiletlə qarşılaşdılar. Lakin jurnalist o qədər fikirli idi ki, Penkrofla Herbertin yaxınlaşdığını hiss etmədi. Penkrof sakitcə dedi:

– Məncə, gecə fırtına olacaq, mister Spilet.

Spiletin isə verdiyi sual onun öz aləmində olduğundan xəbər verirdi:

– Necə düşünürsünüz, mühəndis həlak olub?

– Məncə, hə, –deyib Penkrof buxarıya girdi və yemək hazırlamağa başladı. O, quşlardan ikisinin tüklərini yoldu. Az sonra çubuğa keçirilmiş quş yaxşıca qızardılmışdı.

Axşam düşsə də, Nab hələ geri dönməmişdi. Penkrof ondan nigaran idi. Herbert isə fikirləşirdi ki, Nab hələ qayıtmayıbsa, deməli, yeni bir ümid yeri çıxıb. O, Nabı qarşılamağa getmək istəsə də, Penkrof ona bunun əbəs olduğunu başa saldı. Herbertin yanaqlarından iki damla yaş yuvarlandı.

Saat səkkizə yaxın şiddətli bir qasırğa qopdu. Nab hələ də gəlməmişdi. Şam yeməyindən sonra hamı yatdı. Yalnız Gedeon Spilet yata bilmirdi. O, Nabla getmədiyinə görə özünü danlayırdı.

Gecə saat ikiyə yaxın Penkrof kiminsə onu silkələdiyini hiss edib oyandı və:

– Nə olub? – deyə qışqırdı.

– Qulaq as, Penkrof, – onun başı üstündə durmuş jurnalist pıçıldadı.

Dənizçi qulaqlarını şəkləsə də, heç bir səs eşitmədi.

– Küləkdir, – deyə mızıldadı.

– Mənə elə gəldi ki… it hürür. Eşidirsiniz?

– Hə… hə…

– Bu, Topun səsidir, – yuxudan ayılan Herbert qışqırdı.

Onların hər üçü Buxarının girəcəyinə atıldı.

Bayıra çıxmaq çox çətin idi. Göz-gözü görmürdü. Şiddətli külək onlara irəliləməyə imkan vermirdi. Üç yoldaş bir neçə dəqiqəlik yerlərində donub qaldı. Birdən yenə it səsi eşidildi.

Dənizçi içəriyə qaçıb əlində kösövlə geri qayıtdı, onu başı üzərinə qaldırıb fit çaldı. Çox çəkmədən bir it qaçaraq mağaraya girdi. Bu, doğrudan da, Top idi.

– İt tapılıbsa, yiyəsi də tapılar, – jurnalist dedi. – Top bizi onun yanına aparar.

Topa etibar etmək qərarına gəlmiş üç nəfər şiddətli qasırğaya baxmayaraq, səhər saat dördə qədər yol getdi. Onlar iliklərinə qədər islansalar da, şikayətlənmirdilər.



İt sahildən uzaqlaşıb qum təpələrinə tərəf yönəlirdi. Adamlar da onun ardınca gedirdilər. Top bir mağaranın ağzında durub hürdü. Penkrof, Spilet və Herbert mağaraya girdilər.

Burada Nab yerə uzadılmış bir cəsədin önündə diz çökmüşdü. Bu, mühəndis Sayres Smit idi.

Beşinci fəsil

Ağasını ölmüş hesab edən Nab tərpənmirdi. Jurnalist dizlərini yerə qoyub qulağını Smitin sinəsinə dayadı və sevinc içində mühəndisin sağ olduğunu bildirdi.

Smitin sağ olduğunu biləndə yoldaşlarının sevincinin həddi-hüdudu yox idi.

Herbert mağaranın yaxınlığında qumun arasından çıxan şəffaf sudan gətirdi. Bir neçə damla su dərhal öz gücünü göstərdi. Sayres Smit dərin bir nəfəs aldı. Gedeon Spilet onu ovxalamağı təklif etdi. Penkrof cəld yun köynəyini çıxarıb Smiti ovxalamağa başladı. Masaj nəticəsində qızınan Smit əlini azca tərpətdi.

Smitin necə tapılması barədə yoldaşlarının verdiyi suallara Nab belə cavab verdi:

– Uzun və nəticəsiz axtarışlardan sonra ümidimi tamam itirmişdim ki, saat beşə yaxın qumun üzərində ayaq izləri gördüm. İzlər qum təpələrinə doğru gedirdi. Ehtiyatla irəliləyib izləri pozmamağa çalışdım. Beş dəqiqədən sonra Topun səsini eşitdim. Məni buraya gətirən də o oldu.

Mühəndisi özünə gətirmək cəhdləri boşa çıxanda Nab öz yoldaşlarını xatırlamış, onların da mühəndisi son kərə görmək istəyəcəklərini düşündüyü üçün Topu yoldaşlarını gətirməyə göndərmişdi.

Huşsuz vəziyyətdə olan mühəndis tez-tez “Adadır, yoxsa qitə?” sualını verərək sayıqlayırdı.

Jurnalistin məsləhəti ilə Penkrofla yoldaşları mühəndisi buxarıya aparmaqdan ötrü ağac budaqlarından xərək düzəltdilər. Bu iş qırx dəqiqə vaxt apardı. Dənizçi, Herbert və Nab mühəndisin olduğu yerə qayıtdıqda artıq səhər saat on idi. Sayres Smit yenicə özünə gəlmişdi. O, başını qaldırıb yoldaşlarından harada olduqları barədə danışmalarını xahiş etdi.

Jurnalist mühəndisə məlum olmayan bütün hadisələri ona danışdı. Sayres Smit də başına gələnləri xatırlamağa çalışdı. Dalğa onu şardan qoparan kimi suya batmış, okeanın üzünə çıxanda yanında Topu görmüşdü. O, sahilə doğru üzmüş, sonra isə taqətdən düşüb suyun dibinə qərq olmuşdu. Bundan sonra dostlarının qucağında ayılana qədər nələrin baş verdiyini xatırlamırdı.

– Yəqin ki, – Penkrof dedi, – bu mağaraya özünüz gəlmisiniz. Axı Nab sizin ayaq izlərinizi tapıb.

– Bu yerlərdə başqa adamlara rast gəlməmisiniz? – Smit soruşdu.

– Xeyr, – deyə jurnalist cavab verdi. – Lap başqa biri olsaydı belə, axı nəyə görə sizi xilas etdikdən sonra atıb gedəydi?

– Haqlısınız. Bəs həmin ayaq izlər pozulmayıb ki?

– Mağaranın ağzında yağış və küləkdən qorunan bir yerdə pozulmayıb, – deyə Nab cavab verdi.

– Penkrof, zəhmət olmasa, mənim ayaqqabımı həmin izlə tutuşdurun, – deyə Smit dənizçiyə müraciət etdi.

Mühəndisin ayaqqabısı ilə izlər üst-üstə düşürdü.

Gündüz çağı yoldaşları mühəndisi xərəyə uzadıb mağaradan çıxdılar. Buxarıya qədər altı saat yol getmək lazım idi. Güclü külək onlara daha sürətlə getməyə mane olduğu üçün kiçik dəstə saat altının yarısında buxarıya çatdı. Onlar xərəyi qumun üstünə qoyduqdan sonra burada olmadıqları vaxt dənizin Buxarının dəhlizlərinə dolaraq hər şeyi yox etdiyini və ocağı söndürdüyünü gördülər.

11861‐ci ildə quldarlığın tərəfdarı olan cənub ştatları Amerika Kon‐ federativ Ştatları adı altında birləşərək ABŞ‐ın tərkibindən çıxdıqlarını elan etmişdilər. 4 il davam edən bu vətəndaş müharibəsi sonda ABŞ‐ın qələbəsi ilə nəticələnmişdi.
2Separatistlər –ABŞ‐ın Şimal və Cənub ştatları arasında aparılan vətəndaş müharibəsi zamanı Cənub ştatlarının ayrılması tərəfdarları olan cənublulara deyirdilər.
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?