Robinzon kruzo

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Robinzon kruzo
Czcionka:Mniejsze АаWiększe Aa

İlk dəniz səyahəti

Hekayəmə başlamazdan əvvəl özüm haqqında danışmaq istəyirəm.

1632-ci ildə York şəhərində varlı bir ailədə anadan olmuşam. Əslən alman olan tacir atam özünə yaxşı var-dövlət qazandıqdan sonra Yorka köçüb gəlmiş və burada anamla evlənmişdi. Anam bu yerlərdə məşhur olan Robinsonlar ailəsindən idi. Atamın soyadı Kreutznaer olduğundan mənim adımı Robinson Kreutznaer qoydular. İngilis dilində bu ad "Robinzon Kruzo" səsləndiyindən hamı məni elə belə də çağırırdı.

Məndən böyük iki qardaşım var idi. Mən ailənin kiçiyi idim. Atam hüquqşünas olmağımı istəyirdi. Amma qoca olduğu üçün təhsilimlə yaxşı məşğul ola bilmirdi. Mən isə ancaq dəniz səyahəti xəyalı ilə yaşayırdım.

Atam və anam fikrimdən keçənlərdən xəbərdar idilər. Məni bu xəyallarımdan çəkindirməyə çalışırdılar. Atam deyirdi ki, mənim seçdiyim yolu ancaq işsiz-gücsüz adamlar, bir də idealistlər seçər, odur ki əgər öz ağılsız niyyətlərimdən əl çəkməsəm, Allah mənim cəzamı verəcək.

Atamla üz-üzə gəlməmək üçün evdən gizlicə qaçmaq qərarına gəlmişdim. Amma tələsmirdim, işimi səbirlə görməyə çalışırdım.

Bir dəfə Hull şəhərinə getmişdim. Orada bir dostumla rastlaşdım. O, atasının gəmisində Londona gedirdi. Mənə də onlarla getməyi təklif etdi. 1651-ci il sentyabrın 1-də mən dostumun gəmisinə minib Londona yola düşdüm.

Bəxtim elə ilk anlardan gətirmədi. Gəmimiz Hamber çayının mənsəbinə yenicə çıxmışdı ki, bərk külək əsdi, gəmi şiddətlə yırğalanmağa başladı. Gəmiyə ilk dəfə mindiyimdən dəniz məni tutmuşdu. Fırtınadan elə qorxmuşdum ki, atam demişkən, Tanrının məni cəzalandırdığını düşünür və vicdan əzabı çəkirdim. Külək getdikcə şiddətlənirdi. Hər dəfə dalğalar üzərimizə hücum çəkəndə gəmimizin suya qərq olacağını düşünürdüm. Bu sarsıntı içində mən and içirdim ki, əgər Allah məni bu bəladan xilas etsə, mən atamın yanına qayıdacağam və həyatım boyu bir də gəmiyə minməyəcəyəm. Atam mənə həyatda həmişə orta yol tutaraq yaşamağı nəsihət edirdi. İndi mən onun nə qədər haqlı olduğunu başa düşürdüm.

Lakin ertəsi gün fırtına sakitləşdi, mən də yavaş-yavaş dənizə alışmağa başladım. Gecəni yatdım, səhər kefim yaxşı idi. Artıq dəniz xəstəliyim keçmişdi. Dayanıb dünən fırtına içində guruldayan dənizin bu qədər sakitləşməsinə və onun gözəlliyinə təəccüblə baxırdım. Elə bu zaman dostum mənə yaxınlaşdı.

– Hə, Robi, necəsən? Deyəsən, dünənki meh səni qorxudub.

– Nə, meh? Sən bu dəhşətli fırtınaya meh deyirsən?

Mən göyərtədə dayanıb dünən fırtına içində guruldayan dənizin gözəlliyinə baxırdım. Elə bu zaman dostum mənə yaxınlaşdı.


– Əlbəttə, Robi, sən təcrübəsiz olduğun üçün buna fırtına deyirsən. Bu, boş şeydir. Yaxşısı budur, bir az punş içək ki, hər şeyi unudaq. Bax gör nə gözəl havadır.

Mən içən kimi sərxoş oldum. Bütün peşmanlıqlarım və tövbələrim də həmin dəqiqə yox olub getdi.

Səfərimizin altıncı günü biz Yarmut limanına yetişdik. Burada lövbər salıb səmt küləyini gözləməyi qərara aldıq. Yeddi gün hava sakit keçdi. Lakin səkkizinci gün səhərə yaxın bir külək qopdu ki, gəmini lövbərdə möhkəmlətmək üçün bütün gəmi heyəti çalışmalı oldu. Günortaya doğru qopan fırtına gəmini yanı üstə elə əydi ki, biz onun lövbərdən qırılıb çıxdığını zənn etdik. Bunu görən kapitan ikinci lövbərin də iplərini açıb suya salmağı əmr etdi.

Fırtına getdikcə güclənirdi. Qorxu və şaşqınlıq artıq bütün dənizçilərin üzündə hiss olunurdu. Bütün diqqətini gəmini xilas etməyə yönəltmiş kapitan belə Allaha yalvarırdı. Mən kayutdan göyərtəyə qalxdım. Ömrümdə belə dəhşətli mənzərə görməmişdim. Bizim yanımızda lövbər salmış iki yük gəmisinin bütün dor ağacları qırılmışdı. Dənizçilərimizdən biri qışqıraraq yaxınlıqdakı gəminin batdığını xəbər verdi. Daha iki gəmi isə lövbərdən açılaraq açıq dənizə tərəf gedirdi. Bizim gəmi möhkəm olsa da, yükü çox ağır idi.

Fırtına getdikcə güclənirdi. Adamlar gəminin hər an dənizin dibinə gedə biləcəyini düşünürdülər. Gecənin bir vaxtında dənizçilərdən biri qışqıraraq gəminin deşildiyini xəbər verdi. Bütün dənizçilər nasoslarla işləməyə başladılar. Mən də onlara qoşuldum. Kapitan fəlakətli vəziyyətimiz barədə bizi görənlərə xəbər vermək üçün toplardan atəş açmağı əmr etdi. Bu atəşin nədən ötrü açıldığını bilmədiyimdən mən gəminin parçalandığını zənn etdim. O qədər qorxdum ki, özümdən gedib huşumu itirdim. Dənizçilərdən biri məni əvəz etdi. Su getdikcə artırdı. Gəminin batacağı yəqin idi. Kapitan top atəşinə ara vermirdi. Nəhayət, yaxınlıqda olan kiçik bir gəmi bizə kömək üçün qayıqlarından birini suya endirməyə cürət etdi. Matroslar qayığa tərəf uzun bir kəndir atdılar. Bu kəndirin köməyi ilə qayığı gəminin arxa tərəfinə dartıb gətirə bildik və hamımız enib qayığa doluşduq. Amma qayığın bu yüklə öz gəmisinə yaxınlaşması mümkün deyildi. Ona görə biz bir az avarla, bir az küləyin gücü sayəsində hərəkət edərək sahilə doğru yön aldıq. On beş dəqiqə sonra bizim gəminin batdığını gördük.

Qayığı sahilə çatdırmaq üçün matroslar var gücləri ilə avar çəkirdilər. Artıq sahil görünürdü. Adamlar sahildə ora-bura qaçır, bizə kömək etməyə hazırlaşırdılar. Biz çox əziyyətlər bahasına olsa da, quruya çıxa bildik və piyada Yarmuta getdik. Başımıza gələnləri Yarmut camaatına danışdıq. Bizə çox hörmət göstərdilər, tacirlər və gəmi sahibləri bizə Londona və ya Hulla getmək üçün pul da verdilər.

Afrika sahillərindən aşağıda

Məni bu səyahətə çıxmağa təhrik etmiş dostumun əhvalı dəyişmişdi. O, kədərli halda mənim halımı soruşdu. Sonra atası ilə tanış edib dəniz səfərinə maraq üçün çıxdığımı dedi. Kapitan qayğılı bir səslə:

– Cavan oğlan! Sən bundan sonra heç vaxt dəniz səyahətinə çıxma. Dəniz səyyahı olmaq sənə qismət deyil. Qoy bu hadisə sənə dərs olsun. Öz fikrində inad etsən, göylər səni cəzalandırar, – dedi.

– Axı nə üçün, ser? Məgər siz daha səyahətə çıxmayacaqsınız? – deyə etiraz etdim.

– Bu mənim sənətimdir. Bəs sən dəniz səyahətinə niyə çıxmısan? Səni buna məcbur edən nədir?

Mən danışıb qurtaran kimi o, qəzəbli bir səslə dedi:

– İlahi, mənim günahım nədir ki, bu yazıq sərsəri mənim göyərtəmə ayaq basmışdır. Bundan sonra lap min funt-sterlinq də versən, səninlə bir göyərtəyə ayaq basmaram!

Bu əhvalatdan az sonra biz ayrıldıq. Mən Londona getdim. Yolboyu evə qayıdıb-qayıtmamaq haqqında düşünürdüm. Ata-anamın üzünə necə baxacağımı düşündükcə heç qayıtmaq istəmirdim. Yəqin ki, qonşular, dost-tanışlar mənə güləcəkdilər. Mən bütün dünyanı dolaşaraq özümə var-dövlət qazanmaq istəmişdim. Gör necə ağılsız, xəyalpərəst olmuşam. Atamın xeyirxah məsləhətlərini qulaqardına vermişəm, onun qadağalarına məhəl qoymamışam.

Londonda yaşlı bir kapitanla tanış oldum. O, bir az əvvəl Qvineya sahillərinə səfərdən qayıtmışdı və yaxşı qazanc əldə etdiyi üçün yenidən oralara qayıtmağı qərara almışdı. Məndə yenidən dünyanı gəzmək arzusu baş qaldırdı. Kapitan bunu hiss edib onunla birlikdə səfərə çıxmağı təklif etdi. Məni başa saldı ki, əgər satmaq üçün mal almaq imkanım varsa, yaxşı qazanc əldə edə bilərəm. Mən bu təklifi qəbul etdim. Qohumlarımdan qırx funt-sterlinq pul toplayıb bəzək-düzək və muncuq aldım.

Bu səyahətim çox yaxşı oldu. Xeyirxah kapitanın köməyi ilə gəmi jurnalını doldurmaq, müşahidə aparmaq, gəmini idarə emək üçün dənizçiyə lazım olan bir çox şeyləri öyrəndim. Bu səfər məni həm dənizçi, həm də tacir etdi. Apardığım malları qızıl tozuna dəyişdirdim və Londona qayıtdıqdan sonra həmin qızıl tozunu satıb üç yüz funta qədər təmiz gəlir əldə etdim. Bu müvəffəqiyyət məndəki şöhrətpərəst xəyalları daha da gücləndirdi.

Amma bəxtim yenə gətirmədi. Kapitan dostum İngiltərəyə qayıtdıqdan bir az sonra vəfat etdi. Lakin mən yenidən həmin gəmi ilə Qvineyaya səfərə çıxmağı qərara aldım. Qazandığım pulun yalnız yüz funtunu mala verib yanımda götürmüşdüm, qalan iki yüzünü saxlamaq üçün vəfat etmiş dostumun – kapitanın arvadına vermişdim.

Bu dəfə kapitanı onun köməkçisi əvəz edirdi. Yolda başımıza fəlakətlər gəldi. Gəmimiz Afrika sahilləri ilə Kanar adaları arasında olanda qəfildən dəniz quldurları bizə hücum etdilər. Quldur gəmisi sürətlə dalımızca gəlirdi. Qaçıb qurtulmaq ümidi ilə biz də bütün yelkənləri açaraq gəminin sürətini mümkün qədər artırdıq. Amma quldur gəmisi bizi haqlayırdı. Onda toplardan atəş açmağa başladıq. Quldurların gəmisində iki yüzə qədər adam var idi. Onlar bizə toplardan və iki yüz tüfəngdən açılan yaylım atəşi ilə cavab verdilər. Biz nə qədər müdafiə olunsaq da, onlar bizim gəmiyə doluşdular. Quldurlarla əlbəyaxa döyüşmək məcburiyyətində idik. İki dəfə onları sıxışdırıb gəminin göyərtəsindən çıxara bildik. Ancaq gəmimiz artıq yararsız hala düşmüşdü. Adamlarımızdan üçü ölmüş, səkkizi yaralanmışdı. Məcburiyyət qarşısında təslim olduq.

Quldurlar sağ qalan yoldaşlarımı qul bazarında satmaq üçün Mərakeşə apardılar. Yalnız məni başqa tale gözləyirdi. Quldur gəmisinin kapitanı məni işlətmək üçün öz yanında saxladı. Beləliklə, mən tacirdən qula çevrildim. Yenidən Allahın məni cəzalandıracağı barədə atamın dediyi sözləri yadıma salaraq əzab çəkirdim.

Düz iki il əsirlikdə qaldım. Amma həmişə qaçmaq barədə fikirləşirdim. Əvvəl düşünürdüm ki, ağam qarətə gedərkən məni də özü ilə aparar. Ümidlərim tezliklə boşa çıxdı. Mən sahibimin evində ağır təsərrüfat işləri görürdüm.

Sahibim tez-tez qayıqla dəniz kənarına balıq tutmağa gedərdi. Avar çəkmək üçün məni və Maresko adlı bir oğlanı da özü ilə götürərdi. Mən mahir balıqçı olduğumdan mənsiz heç vaxt getməzdi. Bir dəfə o, dostları ilə birgə dənizə çıxmağa hazırlaşırdı. Bu gəzinti üçün çoxlu yemək ehtiyatı hazırlamışdı. Bundan başqa, o mənə əmr etdi ki, üç tüfəng, barıt və qırma götürüb qayığa aparım. Bu dəfə onlar həm də ov etmək fikrində idilər.

Səhəri gün qayıqda oturub sahibimi gözləyirdim. Amma o, tək gəldi. Dedi ki, vacib işləri olduğu üçün qonaqlar gəzintini təxirə salmışlar. Mənə, Mareskoya və Ksuri adlı bir gənc mavra dənizə çıxmağı əmr etdi və balıq tutub evə gətirməyi tapşırdı. Çünki dostları axşam yeməyinə gələcəkdilər.

 

Mənim azadlıq barədəki arzularım yenidən baş qaldırdı. İndi mənim əlimdə kiçik bir gəmi var idi. Sahibim gedən kimi uzaq yol üçün hazırlaşmağa başladım. Mavra tapşırdım ki, gedib bir səbət suxarı və üç səhəng şirin su gətirsin. Mavr ərzaq gətirməyə gedəndə özüm ağamın saxladığı şərab butulkalarını daşıyıb gəmiyə doldurdum. Yol üçün lazım olan hər şeyi hazırlayıb dənizə çıxdıq. Gəmi dənizin içinə doğru xeyli irəlilədikdən sonra tilovlarımızı suya atdıq. Mən sakitcə arxadan yaşlı mavra yaxınlaşdım və onu suya itələdim. Əlimdə tutduğum tüfənglə onu nişan alıb qışqırdım: "Sahilə tərəf üz. Mənim sənə pislik etmək niyyətim yoxdur. Amma gəminin dalınca üzməyə başlasan, vurub kəlləni dağıdacam". Bunu eşidən kimi o, sahilə tərəf üzməyə başladı. O, yaxşı üzürdü, sahilə çıxa biləcəyinə əmin idim.


Əlimdə tutduğum tüfənglə onu nişan alıb qışqırdım: “Sahilə tərəf üz. Mənim sənə pislik etmək niyyətim yoxdur. Amma gəmi -nin dalınca üzməyə başlasan, vurub kəlləni dağıdacam”.


Sonra Ksuriyə tərəf döndüm:

– Ksuri! Əgər mənə sadiq olsan, səni böyük bir adam edərəm. Xəyanət etsən, səni də dənizə ataram.

Oğlan düz gözümün içinə baxıb gülümsəyərək heç vaxt xəyanət etməyəcəyinə və haraya istəsəm, mənimlə gedəcəyinə and içdi.

Mən yenidən mavrların əlinə düşməkdən elə qorxurdum ki, düz beş gün dayanmadan üzdüm. Sonra bir çayın mənsəbində lövbər salıb dayandıq. Bir az sonra sahildə çox böyük vəhşi heyvanlar gördük. Ksuri bərk qorxmuşdu. Doğrusu, mən də qorxurdum. Amma biz mütləq sahilə çıxmalı idik, çünki bir damla da içməli suyumuz qalmamışdı. Biz qayığı sahilə yaxınlaşdırdıq. Ksuri bildirdi ki, şirin su tapıb gətirə bilər:

– Vəhşilər gəlsələr, məni yeyərlər, siz isə salamat qalarsınız.

Mən onu sakitləşdirdim:

– Ksuri, bir yerdə gedək, biz onları öldürərik, nə səni yeyərlər, nə də məni.

İki səhəng və tüfəng götürüb sahilə çıxdıq.

Mən sahildən çox uzaqlaşmaq istəmirdim. Qayığı gözdən qoymaq olmazdı. Ancaq Ksuri xeyli aralanmışdı. Bir qədər sonra geri döndü. Dovşanabənzər bir heyvan ovlamışdı, dərədə içməli su da tapmışdı. Biz səhənglərimizi doldurub ləzzətli dovşan ətinin kababından yedik.

Əvvəlcə Kanar və Yaşıl Burun adalarını tapmaq lazım idi. Onlar Afrika qitəsindən çox uzaqda deyildi. Amma əlimizdə heç bir xəritə və cihaz olmadığından dəqiq harada olduğumuzu müəyyən edə bilmirdim. Bir ingilis gəmisinə rast gəlmək ümidi ilə sahilboyu hərəkət edirdik. Mənim hesabıma görə, buralar Mərakeş sultanının torpaqları olmalı idi. İnsan yaşamayan bu sahillərdə ancaq qorxunc vəhşi heyvan səsləri eşidilirdi.

Bir dəfə uzaqda Kanar adalarındakı məşhur Tenerif zirvəsi göründü. Qayığımızı çevirib o dağlara tərəf yönəltməyə cəhd göstərdim. Amma qarşı tərəfdən əsən külək və nəhəng dalğalar məni geri dönməyə məcbur etdi. Mən yenə də sahilboyu yolumuza davam etməyi qərara aldım. Bir neçə dəfə sahilə çıxıb içməli su götürdük. Hətta qorxunc bir şiri öldürüb, dərisini soyub qurutduq; mən sonralar ondan yataq kimi istifadə edirdim.

Sonra biz bu sahildən ayrılıb istiqamətimizi dəyişmədən bir neçə gün cənuba tərəf getdik. Ərzağımız azalırdı, mümkün qədər qənaətlə işlədir, yalnız içməli su üçün sahilə çıxırdıq. Mən Qambiya, yaxud Seneqal çaylarının mənsəbinə çatmaq istəyirdim. Ümid edirdim ki, buralarda bir Avropa gəmisinə rast gələrəm, əks halda mən ya açıq dənizə çıxaraq bir ada axtarmalıyam, ya da buralarda vəhşi insanların əlində ölməliyəm. Mən sükanı Ksuriyə tapşırıb kayuta enmişdim. Birdən onun "Ağa! Ağa! Yelkən! Gəmi" qışqırdığını eşitdim. Yazıq uşaq uzaqda görünən gəminin sahibimizə məxsus olduğunu düşünərək qorxusundan tir-tir əsirdi. Mən diqqətlə baxıb bu gəminin portuqal gəmisi olduğunu görə bildim. Bütün yelkənləri açıb gəmiyə yaxınlaşmaq üçün sürətlə açıq dənizə tərəf yönəldik. Amma necə sürətlə getsək də, ona yaxınlaşa bilmirdik. Birdən gəmidən kiminsə durbinlə bizə sarı baxdığını gördüm. Gəmi sürətini azaltdı, üç saatdan sonra biz bu gəmiyə yan aldıq.

Məni və yoldaşımı gəmiyə dəvət etdilər. Braziliyaya gedirdilər. Mən sevinclə kapitanın yanına gedib başıma gələnləri ona danışdım və məni xilas etdiyi üçün ona təşəkkürümü bildirdim, bütün əmlakımı ona bəxşiş kimi təklif etdim. O isə: "Təsəvvür edirəm, siz necə sevinirsiniz. Mən də bu vəziyyətə düşə bilərdim və məni xilas etsələr, çox sevinərdim", – deyə cavab verdi.

Kapitan, doğrudan, çox alicənab idi. Mənim bütün əşyalarımı siyahıya alıb nəzarətə götürdü. Gəmimi isə çox bəyənmişdi. Məndən satın almaq istədiyini bildirdi. Bundan başqa, Ksurinin də onun yanında qalmasını istəyirdi. Bunun üçün mənə altmış qızıl təklif etdi. Mən Ksuridən ayrılmaq istəmirdim. Biz yaxşı yol yoldaşı olmuşduq. Amma onun özünün qalmaq arzusu olduğunu bilincə razılıq verdim. Biz üç həftə sonra Braziliyaya yetişdik. Artıq yeni həyatın başlanğıcında idim. Kapitan gəmi, Ksuri və qalan bütün əşyalarımın hər birini qiymətləndirərək qarşılığında 220 qızıl verdi.

Mən Braziliyada qaldım. Kapitan məni özü kimi xeyirxah bir adamla tanış etdi. O, şəkər zavodu və plantasiyasının sahibi idi. Mən onun evində uzun müddət yaşadım və şəkər qamışı yetişdirməyi və şəkər istehsalının sirlərini öyrəndim. Əlimdəki pulu verib bir parça xam yer aldım və Londondakı pullarımı da hesablayaraq gələcək plantasiyamın planlarını qurmağa başladım. Birinci iki il əkib-becərdiyim dolanışığıma güclə çatırdı. Üçüncü il qonşumla birgə sahənin bir hissəsində tütün əkdim və yaxşı pul qazandım.

Amma mənim gördüyüm işlər xəyalı ilə yaşadığım arzularıma zidd idi. Öz-özümə düşünürdüm ki, mən bu işlərlə İngiltərədə də qalıb məşğul ola bilərdim. Öz dostlarımın, tanışlarımın arasında yaşayardım. Məni xilas etmiş dostuma Londonda olan pulum barədə danışdım. O isə mənə həmin pulun yarısına mal aldırmağımı tövsiyə etdi. Özü isə həmin malları Londondan Braziliyaya gətirəcəyinə söz verdi. Londondakı tacir dostuma məktub yazıb pulumun yüz funtuna mal almağı və kapitana çatdırmağı xahiş etdim.

Kapitanın gətirdiyi malları satıb böyük qazanc əldə etdim.

Fırtına

Mən Braziliyada dörd il yaşadım. İşlərim çox yaxşı gedirdi. Yerli dili öyrənmişdim. Plantasiya qonşularımla, habelə San-Salvadordan olan tacirlərlə ünsiyyət qurmuşdum. Onlarla görüşəndə Qvineya sahillərinə etdiyim səfərlərdən, orada xırdavat, bəzək şeylərinin necə yaxşı satıldığından, hətta Braziliyada işlətmək üçün ucuz qiymətə qul almağın da asan olduğundan söhbətlər edirdim. Mənim bu söhbətlərimdən sonra tacirlərdən üç nəfər bir gün mənim yanıma gəldi. Bildirdilər ki, Braziliya plantasiyalarında işçi qüvvəsinə böyük ehtiyac var. Buna görə də Qvineya sahillərindən qul gətirmək üçün gəmi göndərmək istəyirlər. Mənim bu işi öz öhdəmə götürməyimi istəyirdilər. Əvəzində isə mən heç bir yolpulu xərcləməyəcəm, gətirdiyimiz zənci qulları isə aramızda bərabər böləcəyik.

Əslində, mənim kimi uğurlu plantasiya sahibi üçün bu təklifi qəbul etmək ağılsızlıq idi. Lakin öz bədbəxtliyimə imza atmaq, görünür, mənim alnıma yazılıbmış.

1659-cu il sentyabrın 1-də yenidən dənizə çıxdım. Mən düz səkkiz il bundan əvvəl – o uğursuz gündə ata-anamdan xəbərsiz evdən getmişdim.

Əvvəlcə işlərimiz yaxşı gedirdi. On iki gün yol getdikdən sonra ekvator xəttini keçdik. Elə bu zaman gözlənilmədən bərk külək qalxdı. Biz artıq gəmini idarə edə bilmirdik. Külək bizi istədiyi səmtə aparırdı. Bu dəhşətli küləklə bərabər, tropik qızdırma da bizi əldən salmışdı. Matroslardan biri qızdırmadan öldü, ikisini isə göyərtədən dalğalar yuyub apardı. On ikinci gün fırtına sakitləşməyə başladı. Kapitan bildirdi ki, gəmi zədələnib, su keçirir. O, Braziliya sahillərinə qayıtmağımızı məsləhət görürdü. Mən isə bu fikirlə razılaşmadım. Xəritədə Amerika sahillərinə nəzər salaraq Barbados adalarına tərəf getməyi qərara aldıq. İstiqaməti dəyişib şimal-qərb tərəfə getməyə başladıq. Lakin az keçməmiş ikinci fırtınaya düşdük. Dalğalar bizi qərbə tərəf aparırdı. Artıq bizim salamat geriyə qayıtmaq ümidimiz yox idi. Birdən kimsə "Torpaq!" deyə qışqırdı. Harada olduğumuzu bilmək üçün kayutdan çıxmaq istəyəndə dalğalar qüvvətlə göyərtəyə hücum çəkdi. Biz yenidən kayutlarda gizlənməyə məcbur olduq.

Gəmi saya oturmuşdu. Lakin dalğalar elə böyük idi ki, hər an gəmini qumdan çıxarıb suya qərq edə bilərdi. Biz canımızı qurtarmaq haqqında düşünürdük. Gəmidə yalnız bircə qayığımız var idi. Onu çətinliklə suya endirdik. Gəmidə olan on bir nəfərin hamısı qayığa doluşdu. Biz edama aparılan adamlar kimi ümidsizliklə avar çəkirdik. Külək və dalğalar bizi qovur, biz isə Allahın mərhəmətinə sığınaraq avarlara güc verirdik. Mənim hesablamalarıma görə, gəmidən təxminən dörd mil aralanmışdıq. Birdən dağ böyüklükdə bir dalğa arxa tərəfdən qayığımızın üstünə gəldi. Bir an içində qayıq çevrildi, biz "İlahi!" çığırmağa macal tapmamış suyun dibinə getdik.

Suya qərq olarkən məni bürümüş qorxu və təlaşı təsəvvürə gətirmək mümkün deyil. Üzməyi yaxşı bacarsam da, mən özümü ələ alıb suyun üzərinə çıxa bilmirdim, az qalırdı boğulum. Bu an dəhşətli dalğa məni ağuşuna alıb sahilə doğru xeyli apardı və qumun üstünə atdı. Çoxlu su udduğumdan bir müddət yarımcan hala düşmüşdüm. İkinci dalğa gələnə kimi yerimdəcə sərilib qaldım. Sonra bir az nəfəs alıb özümə gəldim, ayağa qalxıb sahilə tərəf yüyürməyə başladım. Amma arxadan gələn dalğalardan canımı qurtara bilmirdim. Nəfəsimi saxlayıb dalğaların belində sahilə üzməyə çalışırdım. Dalğalar məni yenə bir neçə dəfə haqladı və sahilə doğru xeyli apardı. Axırıncı dalğa isə məni elə bir qüvvə ilə qayaya çırpdı ki, az qaldım huşumu itirim. Ancaq tez özümü ələ alıb qayadan bərk yapışdım və növbəti dalğanın gəlib keçməsini gözlədim. Sonra qalxıb irəli qaçdım və dalğaların çata bilmədiyi bir yerdə göy otun üstünə sərildim.

Mən arxası üstə uzanıb göylərə baxaraq həyatımı xilas etdiyi üçün Tanrıya təşəkkür etdim. Sonra ayağa durub sahilə göz gəzdirdim. Sevincim birdən-birə yox oldu. Bütün yoldaşlarım məhv olmuşdu. Uzaqda saya oturmuş gəmimiz görünürdü. Mənim xilas olmağım bir möcüzə idi. Əynimdə quru bir şey yox idi. Nə yeməyə bir tikə çörək, nə də içməyə bir qurtum su var idi. Yanımda heç bir silahım da yox idi. Gecə düşəndə vəhşi heyvanların qorxusundan ürəyim tir-tir əsməyə başladı.

Şirin su tapmaq ümidi ilə bir qədər içərilərə doğru getdim. Xoşbəxtlikdən bir çeşmə tapıb suyundan doyunca içdim. Qayıdıb bir şam ağacının başına çıxdım. Orada yerimi rahatladım, tez də yuxuya getdim.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?