Şərq ekpresində qətl

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Şərq ekpresində qətl
Czcionka:Mniejsze АаWiększe Aa

Aqata Kristi

Şərq ekpresində qətl

© ALTUN KİTAB MMC – 2020



I. Faktlar

«Tavr

1


  Türkiyənin cənubundakı dağ silsiləsinin adından götürülüb (türk. Toros dağları).



» qatarına mühüm şəxs minir

Soyuq bir qış səhəri idi. Yerli vaxtla saat 5 radələrində «Tavr ekspresi» adlanan qatar Suriyanın Hələb stansiyasında dayanmışdı. Kupeli vaqonun pilləkənləri qarşısında iki nəfər söhbət edirdi. Onlardan biri gənc fransız leytenantı Dübosk idi. O, təptəzə mundir geyinmişdi, şıq zabit görkəmi vardı. Düboskun həmsöhbəti isə paltosunun yaxalığını qaldırıb şərfini də boynuna elə sarımışdı ki, yalnız soyuqdan qızarmış burnu, bir də sivri ucları yuxarı burulmuş qəribə bığları görünürdü.



Leytenant Dübosk bu adama qarşı həddən artıq nəzakətlə davranırdı, hərçənd onu yaxşı tanımırdı. Bircə onu bilirdi ki, bu belçikalı centlmen qarnizona gələndən sonra bir həftə ərzində hamı gərginlik içində qalmışdı. Axırda qəribə hadisələr baş vermişdi: yüksək çinli zabitlərdən biri intihar etmiş, digəri istefa vermişdi. Bundan sonra ara sakitləşmiş, leytenantın tabeliyində olduğu general isə birdən-birə sanki on yaş cavanlaşmışdı.



Dübosk «öz» generalı ilə yad adamın söhbətini ucundan-qulağından eşitmişdi. – «Siz bizi xilas etdiniz! – həyəcanla danışan generalın çal bığları titrəyirdi. – Fransız ordusunun şərəfini qorudunuz, qan tökülməsinə imkan vermədiniz! Xahişimi yerə salmayıb bura gəldiyiniz üçün heç bilmirəm sizə necə minnətdarlıq eləyim! Bu qədər uzaq məsafə qət etmək…»



Yad adam (onu Erkül Puaro deyə çağırırdılar) isə cavabında ədəb-ərkanla: – «Nə danışırsınız, general! Məgər həyatımı xilas elədiyinizi yaddan çıxara bilərdim?!» – demişdi. General da bundan sonra yenə Fransa, Belçika, şərəf, namus barədə nələrsə mızıldanmış, axırda dostlar səmimiyyətlə qucaqlaşıb ayrılmışdılar. Leytenant indiyəcən söhbətin nədən getdiyini bilmirdi, amma yenə də parlaq gələcəyi olan gənc zabit kimi cidd-cəhdlə vəzifə borcunun öhdəsindən gəlməyə çalışırdı.



– Bu gün bazardır, – Dübosk dilləndi. – Sabah axşam, yəni bazar ertəsi İstanbulda olacaqsınız.



O artıq bu sözləri neçənci dəfə idi ki, təkrarlayırdı. Əslində, qatar yola düşənə qədər edilən bütün söhbətlər, demək olar, bu cür təkrarçılıqdan ibarət idi.



– Tamamilə doğrudur, – Puaro dedi.



– Yəqin, İstanbulda bir neçə gün qalarsınız?



– Mais oui

2


  (fr.) Əlbəttə. (“Mey ui” kimi tələffüz olunur.)



. Orada heç vaxt olmamışam. Bu şəhərin yanından ötüb-keçmək günahdır. Onsuz da heç yerə tələsmirəm, şəhəri gəzməyə vaxtım olacaq.



– Müqəddəs Sofiya

3


  İstanbuldakı Aya Sofya məbədi nəzərdə tutulur.



 çox gözəldir! – leytenant Dübosk dedi. Halbuki orada heç vaxt olmamışdı.



Leytenant Dübosk saatına baxdı: cəmi 5 dəqiqədən sonra qatar yerindən tərpənəcəkdi.



– Ümid eləyirəm ki, Tavr dağlarında çovğuna düşməzsiniz. Ümumiyyətlə, bu il hava sarıdan bəxtimiz gətirir, – leytenant bunu deyib vaqonun pəncərəsinə baxdı.



– Bəs Avropada necə, soyuqdur? – Puaro soruşdu.



– Çox! Balkan yarımadasına yaman qar yağıb.



– Hə, deyirlər, Almaniyada da hava pisdir…



Elə bu vaxt qarşısında dayandıqları kupenin pərdəsi aralandı, cavan bir xanım pəncərədən çölə baxmağa başladı. Bu, Meri Debenhem idi. O, keçən cümə axşamı Bağdaddan yola düşmüş və o vaxtdan bəri, demək olar ki, yatmamışdı. İndi isə havasız vaqonda boş yerə uzanmaqdan təngə gəlib ayağa durmuşdu ki, pəncərədən çölə baxsın. Əslində, baxmalı bir şey yox idi: adi, yarıqaranlıq perron idi, vəssalam. Uzaqdan ərəbcə sözlər eşidilirdi. Pilləkənlərin yanında fransızca söhbət edən iki nəfər Meri Debenhemin diqqətini cəlb etdi. Fransız ordusunun zabiti ilə söhbət edən cənabın bığları ona qəribə gəldi. Qızın dodağına təbəssüm qondu. «Gör necə bərk-bərk bürünüb! Yəqin, bayırda hava çox soyuqdur, amma içəridə adamın istidən ürəyi sıxılır» – o öz-özünə mızıldandı. Sonra vaqonun pəncərəsini aşağı salmağa çalışsa da, gücü çatmadı.



Elə bu vaxt vaqon bələdçisi kişilərə yaxınlaşdı.



– Qatar yola düşür, – bələdçi dedi. – Müsyö, zəhmət olmasa, vaqona keçin.



Bığlı kişi şlyapasını çıxardı. «Başı lap yumurtaya oxşayır ki!» – Meri Debenhem öz-özünə güldü.



Leytenant Dübosk pafoslu vida nitqi söylədi, bütün sözləri əvvəlcədən əzbərləmişdi. Ondan geri qalmaq istəməyən Puaro da bir neçə bəlağətli söz deyib vaqona qalxdı. Bələdçi onun arxasınca çıxdı. Puaro leytenanta əl elədi, Dübosk əlini gicgahına aparıb əsgər salamı verdi. Qatar bərk silkələnib relslərin üstü ilə asta-asta hərəkət etməyə başladı. Leytenant yalnız indi soyuğu hiss eləyib üşüyən əllərini bir-birinə sürtdü.



– Baxın, müsyö, çamadanlarınız burdadır, – bələdçi canfəşanlıqla ona rahat kupeni göstərməyə başladı. – Əl çantanızı isə bax bura yerləşdirmişəm.



Sonra əlini irəli uzatdı. Puaro onun ovcuna ortadan ikiyə qatlanmış kağız pul qoydu.



– Sağ olun, müsyö, – bələdçi təşəkkür edəndən sonra üzünə ciddi ifadə verdi. – Biletiniz məndədir, zəhmət olmasa, pasportunuzu da verin.



– İlin belə soyuq vaxtı, yəqin, qatarda çox adam olmaz? – Puaro soruşdu.



– Tamamilə doğrudur, müsyö. Sizdən başqa vaqonda cəmi iki sərnişin var, ikisi də ingilisdir. Hindistandan bir polkovnik, bir də Bağdaddan gənc xanım.



Puaro yatağına uzandı və dərhal yuxuya getdi. Oyananda saat artıq 9-u keçmişdi. Yerindən qalxıb vaqon-restorana tərəf üz tutdu ki, bir fincan qəhvə içsin.



Vaqon-restoranda cəmi bir sərnişin vardı, çox güman ki, qatar bələdçisinin haqqında danışdığı ingilis xanım idi. Hündürboy, zərif, qarasaçlı qız idi, yaşı 25-dən bir az çox olardı. Tələsmədən səhər yeməyini yeyirdi, görkəmindən tez-tez səyahətə çıxdığını anlamaq çətin deyildi. Əynində tünd rəngli nazik kostyum vardı, deməli, hətta lap soyuq havada da vaqonların yaxşı qızdırıldığından xəbərdardı.



Puaro bikarçılıqdan qızın hərəkətlərini izləyirdi. «Qətiyyətli xanıma oxşayır, xırda problemdən başını itirən zəif qadınlardan deyil» – o düşündü.



Qız təmkinli və ciddi insan təsiri bağışlayırdı. Üzünün sərt və dəqiq cizgiləri, ağ bənizi, boynunda topladığı qara buruq saçları, soyuq, ehtirassız baxışları Puaronun xoşuna gəldi. «Amma ona qəşəng xanım demək olmaz, həddən artıq ciddi görkəmi var» – Puaro özlüyündə qərarlaşdırdı.



Çox keçmədən restorana daha bir sərnişin daxil oldu. Bu, təxminən 45 yaşında, gicgahlarına dən düşmüş, hündürboy, qarayanız kişi idi.



«Hindistandan gələn polkovnik» – Puaro fikrindən keçirdi.



Kişi qıza baş əyib:



– Sabahınız xeyir, miss Debenhem, – dedi.



– Sabahınız xeyir, polkovnik Arbetnot.



Polkovnik qızın masasının yanında ayaq saxlayıb əlini onun oturduğu stulla üzbəüz stula söykədi.



– Etiraz etmirsiniz ki?



– Əlbəttə, yox, buyurun, oturun.



– Bilirsiniz, səhər yeməyində naqqallıq eləməyi sevmirəm.



– Narahat olmayın, mən də çox danışmağı xoşlamıram.



Sonra Arbetnot masa xidmətçisini çağırıb yumurta və qəhvə sifariş elədi. Onun nəzərləri bir anlıq Puaronun üzündə ilişib qalsa da, dərhal laqeydliklə gözünü çəkdi. «Vecsiz əcnəbi! Yəqin, indi o mənim haqqımda belə düşünür» – ingilisləri yaxşı tanıyan Puaro fikirləşdi.



Polkovniklə miss Debenhem ingilislərə xas soyuqqanlıqla, dinib-danışmadan səhər yeməklərini yeyib-qurtardılar. Sonra qız ayağa qalxıb öz kupesinə getdi.



Nahar vaxtı onlar yenə eyni masanın arxasında oturmuşdular. Bu dəfə də üçüncü sərnişinə fikir vermirdilər. «Səhər yeməyində naqqallıq etməyi sevməyən» cənabın indi dili açılmışdı. Qıza Pəncab haqqında danışır, Bağdadla bağlı suallar verirdi. Onların söhbətindən belə məlum oldu ki, miss Debenhem Bağdadda mürəbbiyəlik edirmiş.



– Siz birbaşa İngiltərəyə gedirsiniz, yoxsa İstanbulda bir neçə gün qalacaqsınız? – polkovnik soruşdu.



– Xeyr, İstanbulda ləngimək istəmirəm, – qız dedi.



– Buna görə peşman olmazsınız ki?



– İki il əvvəl elə bu qatarla səyahət edəndə İstanbulda düşüb üç gün qalmışdım.



– Aydındır. Buna ancaq sevinə bilərəm. Çünki mənim də İstanbulda vaxt itirmək fikrim yoxdur. Deməli, axıra kimi yol yoldaşı olacağıq.



Bu sözləri deyəndən sonra polkovnikin üzü azacıq qızardı.



«Hə, deməli, bizim polkovnik qadınlara qarşı laqeyd deyil» – Puaro öz-özünə fikirləşdi. Cənab Arbetnotun bu xüsusiyyətini kəşf etməsi kefini açmışdı.



Çox keçmədən qatar Tavr dağlarına yaxınlaşdı. Hər üç sərnişin pəncərədən görünən gözəl mənzərəyə tamaşa edirdi. Puaro qızın həyəcanla söylədiyi sözləri eşitdi.



– Ah, necə də gözəldir! Təəssüf ki, mən… bu mənzərədən zövq ala bilmirəm.



Arbetnot əvvəl heç nə demədi, sonra birdən dilləndi:



– İnanın ki, sizi bütün bunlardan azad eləmək üçün çox şeydən keçərdim!



– Yavaş danışın, yalvarıram…



– Yaxşı, yaxşı, – polkovnik Puaroya qəzəblə nəzər saldı.



«Burada maraqlı hadisələr baş verir» – Puaro öz-özünə mızıldandı.



Gecə 12-nin yarısında qatar Konyaya çatdı. İngilislər hava almaq üçün qatardan düşdülər və perronda gəzişməyə başladılar. Puaro əvvəl stansiyada baş verənləri kupenin pəncərəsindən izləməklə kifayətləndi, amma bir az sonra o da hava almaq qərarına gəldi. Çamadanında qalın nəyi vardısa, əyninə keçirdi, şərfini boynuna doladı, şlyapasını başına qoydu, çəkmələrinin üstündən də qaloş geyindi. Sonra pilləkənləri ehtiyatla düşüb qatar boyunca gəzişməyə başladı. Yük vaqonunun yaxınlığında gözünə iki tanış siluet

4



Siluet

 – kölgə; obyektin uzaqda, qaranlıqda, dumanda kölgə kimi görünməsi



 dəydi. Miss Debenhemlə polkovnik nə barədəsə möhkəm mübahisə edirdilər. Puaro Meri Debenhemin həyəcanla «İndi olmaz, hər şey qurtarsın, sonra!» dediyini eşitdi.

 



– Qəribədir! – xəfiyyə öz-özünə mızıldanıb oradan uzaqlaşdı. O, sonralar bu hadisəni tez-tez yada salacaqdı…



Ertəsi gün Puaroya elə gəldi ki, ingilislər küsüşüblər, çünki bir-biri ilə kəlmə kəsmirdilər. Miss Debenhem həyəcanlı görünürdü, gözlərinin altı kölgələnmişdi, deyəsən, bu gecə də yatmamışdı.



Saat 14:30-da qatar qəfildən dayandı. Sərnişinlər pəncərədən boylandılar. Bir dəstə adam qatarın yanında durub hündürdən danışır, əlləri ilə vaqon-restoranın altındakı relsləri göstərirdi. Puaro başını pəncərədən çıxarıb nə baş verdiyini soruşdu. Geri çevriləndə az qala Meri Debenhemlə toqquşacaqdı.



– Orada nə olub? – qız təşvişlə fransızca soruşdu. – Niyə dayanmışıq?



– Boş şeydir, madamuazel. Vaqon-restoranın altında nəsə yanıb. Narahat olmayın, yanğını artıq söndürüblər.



– Amma vaxt gedir! Biz gecikəcəyik!



– Hə, yəqin ki…



– Mən yubana bilmərəm! Qatar İstanbula 18:55-də çatmalıdır. Dərhal Bosfor boğazını keçib saat 21:00-da yola düşən «Şərq ekspresi» nə yetişməliyəm. Əgər burada 1-2 saat vaxt itirsək, bu, mümkün olmayacaq!



– Tamamilə doğrudur, – Puaro dedi. Sonra diqqətlə qızı süzməyə başladı. Meri Debenhemin vaqonun qapısına söykədiyi əli həyəcandan titrəyirdi.



– Bu sizin üçün belə vacibdir?



– Bəli, çox vacibdir! Mən mütləq o qatara çatmalıyam!



Amma qız əbəs yerə təşvişə düşmüşdü. On dəqiqə keçməmiş qatar yerindən tərpəndi və sürətlə irəliləyərək tezliklə İstanbulun Heydərpaşa vağzalına çatdı. Qatar beşcə dəqiqə gecikmişdi.



Puaro gəmi ilə Bosfor boğazını keçərkən ingilisləri gözdən qaçırdı. Sonra o, Qalata körpüsünü adlayıb «Tokatliyan» mehmanxanasına gəlib çatdı.



«Tokatliyan» mehmanxanası

Mehmanxanada Puaro özünə vanna otağı olan nömrə sifariş verdi. Sonra da ona məktub gəlib-gəlmədiyini soruşdu. Onu üç məktub və bir teleqram gözləyirdi. Teleqramı görüb təəccüblə qaşlarını qaldırdı. Sonra tələsmədən səliqə ilə kağızı açıb oxumağa başladı:



«Təxmin etdiyiniz kimi, Kassner məsələsində çətinliklər yarandı, dərhal gəlməyinizi xahiş edirik».



– Bu heç yaxşı olmadı, – Puaro öz-özünə mızıldandı.



Sonra başını qaldırıb saata baxdı.



– Mən burada qala bilməyəcəyəm, – o, mehmanxana işçisinə dedi. – «Şərq ekspresi» nə vaxt yola düşür?



– 9 tamamda, müsyö.



– Mənə bilet ala bilərsiniz?



– Əlbəttə. Bu mövsümdə bilet tapmaq çətin deyil. Qatar, demək olar ki, boş gedir. Birinci dərəcəli vaqona bilet istəyirsiniz, yoxsa ikinci?



– Birinci.



– Əla! Bəs müsyö hara gedir?



– Londona.



– Oldu, müsyö. Mən sizə Londona bilet alaram.



Puaro yenə saata baxdı. 8-ə 5 dəqiqə qalmışdı.



– Sizcə, şam eləməyə vaxtım çatar?



– Əlbəttə, müsyö.



Puaro mehmanxananın restoranında yemək sifariş elədiyi vaxt kimsə əlini onun çiyninə qoydu.



– Əziz dostum! İnanmazdım ki, sənə burada rast gələ bilərəm!



Çevrilib baxdı. Bəstəboy, dolubədənli, saçları biz-biz duran yaşlı bir adam ona baxıb gülümsəyirdi.



– Müsyö Buk! – Puaro onu tanıyıb qışqırdı.



– Müsyö Puaro!



Cənab Buk da belçikalı idi, Beynəlxalq Dəmiryolu Şirkətinin direktoru idi, Puaronu isə çoxdan tanıyırdı.



– Siz hara, bura hara?!



– Suriyada balaca bir təhqiqat işi vardı.



– Bəs nə vaxt qayıdırsınız?



– Elə bu gün.



– Çox gözəl! Mən də bu gün yola düşürəm. Daha doğrusu, Lozannaya qədər gedəcəyəm, orada bir işim var. Yəqin ki, «Şərq ekspresi» ilə gedirsiniz?



– Elədir. Əslində, İstanbulda bir neçə gün qalmaq istəyirdim, amma vacib işim çıxdı.



– O zaman hələlik sizi rahat buraxım. Sonra görüşərik.



Puaro yeməyə başladı. Restoranda beş-altı adam var idi, onlardan ikisi xəfiyyənin diqqətini daha çox cəlb eləmişdi. Yaxınlıqdakı masanın arxasında oturmuşdular. Biri 30-35 yaşlı yaraşıqlı oğlan idi. Baxan kimi amerikalı olduğu bilinirdi. Həmsöhbəti isə təxminən 65-70 yaşlarında, başının ortası dazlaşmış, genişalınlı kişi idi, ağappaq taxma dişləri dərhal diqqəti cəlb eləyirdi. İlk baxışdan alicənab insan təsiri bağışlasa da, çuxura düşmüş xırda göy gözlərindən qəddarlıq yağırdı. Birdən qocanın gözü Puaroya sataşdı. Dərhal oğlana «Hektor, hesabı ödəyin» – deyib ayağa durdu.



Puaro da yeməyini bitirib qalxdı və vestibülə tərəf addımladı. Orada yenidən müsyö Bukla qarşılaşdı. Təzəcə söhbət etməyə başlamışdılar ki, bayaqkı mehmanxana işçisi Puaroya yaxınlaşdı. Günahkarcasına gülümsəyirdi.



– Bu, ağlasığmazdır, müsyö! Birinci dərəcəli vaqondakı bütün yerlər satılıb!



– Nə danışırsan! – müsyö Buk qışqırdı. – Bu mövsümdə bilet tapılmır?



Sonra üzünü Puaroya tutub dedi:



– Darıxma, dostum, bir şey fikirləşərik. 16-cı kupeni hər ehtimala qarşı həmişə boş saxlayırıq. Bələdçi sənə elə həmin kupeni verər. Vaxtdır, gedək.



Stansiyada qəhvəyi rəngli forma geyinmiş qatar bələdçisi cənab Buku gülərüzlə qarşıladı:



– Axşamınız xeyir, müsyö. Buyurun, sizin yeriniz birinci kupedədir.



– Eşitmişəm ki, birinci dərəcəli vaqondakı bütün yerlər tutulub. Bu, doğrudur? – Buk bələdçidən soruşdu.



– Ah, müsyö, bu, doğrudan da, çox qəribədir! Elə bil bütün dünya səyahətə çıxmaq üçün bu günü gözləyirmiş!



– Hər halda, ümidvaram ki, bu hörmətli cənaba bir yer təşkil eləyərsiniz. Müsyö Puaro yaxın dostumdur, 16-cı yeri ona verin.



– O yer tutulub, müsyö.



– Necə? 16-nı da tutublar?



– Dediyim kimi, müsyö. Birinci dərəcəli vaqonda bircə boş yerimiz belə qalmayıb!



– Deməli belə, Belqradda qatara «Afina» vaqonu, bir də «Buxarest-Paris» vaqonu qoşulacaq. Orada sizə yer tapılar, – Buk Puaroya dedi. – Amma biz Belqrada sabah axşam çatacağıq. Bugecəlik sizi harasa yerləşdirməliyik.



Sonra üzünü bələdçiyə tutub soruşdu:



– İkinci dərəcəli vaqonda da boş yerimiz yoxdur?



– Bir yer boşdur, müsyö, amma…



– Nədir, problem var?



– Məsələ burasındadır ki, həmin kupedə bir alman xanım var.



– Əcəb işdir! – cənab Buk qəzəblə donquldandı. – Bu boyda qatarda ən hörmətli qonağa yer tapılmır!



– Müsyö, əslində, ikinci dərəcəli vaqondakı 7-ci yer də boşdur…



– Bəs bunu niyə bayaqdan demirsiniz? – Buk bələdçinin üstünə çımxırdı.



– Bilirsiniz, o yerin sahibi var, ancaq hələ gəlib çıxmayıb. Qatar isə 4 dəqiqədən sonra yola düşür.



– Sahibi kimdir ki?



– Hansısa ingilisdir… – bələdçi siyahıya baxıb dedi. – Cənab Harris.



– Deməli belə, – səbri tükənmiş Buk dilləndi. – Müsyö Puaronun çamadanlarını həmin kupeyə aparın. İşdir, əgər cənab Harris gəlib çıxsa, ona deyərsiniz ki, gecikib, biz onu bu qədər gözləyə bilməzdik. Ya da başqa bir şey fikirləşib taparsınız, bu artıq sizin öz işinizdir.



– Baş üstə, müsyö!



Bələdçi Puaronun çamadanlarını gətirən yükdaşıyana kupeni göstərdi. Sonra nəzakətlə Puaroya yol verdi.



– Lap axıra kimi gedin, müsyö. Axırdan əvvəlki kupe sizinkidir.



Puaro dəhliz boyunca irəliləyərək kupesinə gedib çatdı. İçəridə bir nəfər vardı. O, mehmanxanada gördüyü cavan amerikalını dərhal tanıdı.



– Bağışlayın, amma, deyəsən, səhv gəlmisiniz, – amerikalı dedi.



– Cənab Harris sizsiniz? – Puaro soruşdu.



– Xeyr. Mənim adım Hektor Makkuindir. Mən…



Elə bu vaxt bələdçi kupeyə girib günahkarcasına dedi:



– Vaqonda başqa boş yer yoxdur, müsyö. Bu cənab sizin kupedə qalmalı olacaq.



Sonra qapını açıq saxladı ki, yükdaşıyan Puaronun çamadanlarını kupeyə yerləşdirsin.



– 7-ci yer sizindir, müsyö, üstdəki yataq. Bir dəqiqədən sonra qatar yola düşür.



Bələdçi bu sözləri deyib kupedən çıxdı.



Elə bu vaxt qatar uzun-uzadı fit çaldı, amma yerindən tərpənmədi.



– Əgər istəyirsinizsə, yuxarı mən çıxaram, – cavan amerikalı nəzakətlə dedi. – Aşağıda yatmaq daha rahatdır.



– Yox, nə danışırsınız, buna razı olmaram, – Puaro etiraz etdi. – Onsuz da bu kupedə cəmi bir gecə qalacağam. Belqradda…



– Hə, deməli, Belqradda düşürsünüz?



– Əslində, məsələ bir az başqa cürdür…



Elə bu vaxt qatar silkələnib yerindən tərpəndi. Hər iki sərnişin gözünü pəncərəyə dikdi. «Şərq ekspresi» nin üçgünlük Avropa səyahəti başladı…



Puaro təklifdən imtina edir

Ertəsi gün Puaro vaqon-restorandakı nahara bir az gecikmişdi. O, tezdən oyanıb səhər yeməyini yemişdi. Həmin vaxt restoranda heç kim gözə dəymirdi. Sonra günortaya kimi Londondakı təhqiqatla bağlı sənədləri gözdən keçirmişdi. Kupe yoldaşını isə, demək olar ki, görməmişdi.



Masa arxasındakı yerini çoxdan tutmuş cənab Buk ona əl elədi. Puaro gəlib onunla üzbəüz oturdu. Nahar yeməyi çox ləzzətli idi. Hər ikisinin başı yeməyə elə qarışmışdı ki, yalnız desert verilən vaxt söhbət etməyə başladılar.



– Ətrafa bir nəzər salın, – deyə cənab Buk dilləndi, – burada hər millətdən, hər təbəqədən adam var. Onlar üç gün boyunca eyni damın altında yatır, yeyir, içir, söhbət edirlər. Üç gündən sonra isə ayrılacaqlar, bir də heç vaxt görüşməyəcəklər…



– Bir anlıq təsəvvür edin ki, burada bədbəxt hadisə baş verir…



– Allah xatirinə, belə danışmayın!



– Mən misal üçün dedim… – Puaro mızıldandı.



Onun diqqətini yaxınlıqdakı masanın arxasında əyləşən üç kişi cəlb etdi. Onlardan biri yekəpər, qarayanız italyan idi, diş çöpü ilə dişlərini qurdalayırdı. Yanında, çox güman ki, varlı mülklərin birində qulluq eləyən kök ingilis əyləşmişdi. İngilisin yanında isə alabəzək pencək geyinmiş iricüssəli amerikalı oturmuşdu. Puaro gözünü onlardan çəkib restoranın küncündəki təkadamlıq masanın arxasında oturmuş arıq, yaşlı qadına baxdı. Bu, Puaronun indiyə kimi gördüyü yaşlı qadınların ən çirkini idi. Bununla belə, qadın insanda qəribə şəkildə maraq oyadırdı. Boynuna doladığı boyunbağının mirvariləri elə böyük idi ki, adamın onların həqiqi olduğuna inanmağı gəlmirdi. Barmağında üzüklər bərq vururdu. Çiyninə xəz kürk salmışdı. Bahalı qara şlyapası qurbağaya bənzəyən sifətinə qətiyyən yaraşmırdı.



Yaşlı qadın ofisianta əmrlər yağdırırdı:



– Kupemə mineral su, bir də portağal şirəsi qoysunlar. Axşam yeməyinə isə toyuq qızartsınlar. Hə, bir də az yağlı balıq…



Ofisiant «Baş üstə!» deyib getdi. Elə bu vaxt yaşlı qadın bir anlıq Puaro ilə göz-gözə gəldi, lakin aristokratlara xas laqeydliklə gözünü ondan çəkib ayağa durdu.



– Bu, knyaginya Draqomirovadır, – Buk Puaronun qulağına pıçıldadı. – Rusdur, çox varlı qadındır! Əri inqilaba qədər bütün sərvətini ölkədən çıxara bilib.



Puaro knyaginya haqqında eşitmişdi.



Başqa bir masanın arxasında isə Meri Debenhemlə iki qadın əyləşmişdi. Onlardan biri hündürboy, ortayaşlı idi, əynində dama-dama kofta və tvid

5



Tvid

 – yun parça; uzun müddət yalnız Şotlandiya və İrlandiyada istehsal olunub. Hazırda bütün dünyada hazırlanır.



 parçadan yubka vardı. Sarı saçlarını üzünə yaraşmayan tərzdə təpədə toplamışdı, gözlük taxmışdı, sifəti qoyunu andırırdı. Diqqətlə yaşlı, kök, xoşsifət amerikalı qadına qulaq asırdı. Onların arxasındakı masada isə polkovnik Arbetnot tək oturmuşdu. O, gözünü Meridən çəkmirdi. «Qəribədir, görəsən, niyə bir yerdə nahar eləmirlər?» – Puaro öz-özünə fikirləşdi.



Lap küncdə, divara bitişik masanın arxasında isə ortayaşlı, qara libaslı qadın oturmuşdu. Üzü ifadəsiz idi. «Çox güman ki, bələdçinin bəhs etdiyi alman xanımdır» – Puaro fikirləşdi.



Başqa masada qadınla kişi bir-birinə tərəf əyilərək nə barədəsə qızğın söhbət edirdilər. Kişi tvid parçadan ingilis üslubunda biçilmiş gen-bol kostyum geyinmişdi, ancaq ingilis olmadığını təxmin etmək çətin deyildi. 30-35 yaşlarında olardı, sarı bığları vardı, yaraşıqlı idi.



Qadının isə yaşı 20-dən artıq olmazdı. Bədəninə kip oturmuş qara kostyum, ağ satin

6



Satin

 – xam ipək və ya pambıqdan hazırlanan zərif parça



 parçadan bluz

7



Bluz

 – nazik parçadan tikilmiş qadın köynəyi



 geyinmişdi, yanakı qoyduğu qara, zərif şlyapası sanki indicə sürüşüb başından düşəcəkdi. Qız qeyri-adi gözəlliyə sahib idi: ağappaq dərisi, iri qonur gözləri, qapqara saçları vardı. Manikürlü dırnaqlarına qıpqırmızı boya çəkmişdi, barmağında isə iri qaşlı üzük parıldayırdı.

 



– Onlar ər-arvaddır! – Puaro dedi. – Düz tapdım?



Cənab Buk başını tərpətdi:



– Səhv eləmirəmsə, macar səfirliyindəndirlər. Gözəl cütlükdür!



Vaqon-restoranda iki nəfər də vardı: Puaronun kupe yoldaşı Hektor Makkuin və onun rəisi cənab Retçett. Amerikalı qoca Puaro ilə üzbəüz oturmuşdu. O, bir daha bu xoşagəlməz simaya diqqətlə baxdı. Elə bu vaxt ofisiant Puaronun qəhvəsini gətirdi. Cənab Buk sağollaşıb masadan qalxdı. Restoranda Makkuin, Retçett və Puarodan başqa heç

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?