Dissident sorağında (1956-1986)

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Mikayıl Azaflını Gürcüstanda toy apararkən həbs etmişdilər. Ona əynindəki paltonun oğurluq olduğunu bildirmişdilər. Sonra da evində axtarış apararaq odlu silahlar “tapdıqlarını” sənədləşdirmişdilər. Beləcə, Mikayıl Azaflı mütəşəkkil oğru-quldur dəstəsinin üzvü kimi həbs edilmişdi. Cahid Hilaloğlu ilə Mikayıl Azaflının həbsinin motivi eyni idi. Buna görə Mikayıl Azaflını da “DS”-yə daxil etmək istədik. Lakin nə ailə üzvlərindən, nə də aşığın ömür yolunu, yaradıcılığını araşdıranlardan bu mövzuda sağlam bir bilgi ala bildik. Onlar bizim ehtimallarımıza qoşulsalar da, dediklərimizi isbatlayacaq bir tutalqa ortaya qoya bilmədilər. Bu üzdən də məclislərdə zəmanədən narazılıq şeirləri oxuyan və yazan aşıqlarımız və el şairlərimiz haqqında məqalələr hazırlaya bilmədik.

Qarayazıda (Gürcüstan) yaşayan Aşıq Alxan Bayramovun Leninin heykəlinə güllə atdığı haqqında söhbətləri çox eşitmişdim. Vaxt darlığından və maliyyə yetərsizliyindən bu faktı da dəqiqləşdirə, geniş bilgi toplaya bilmədim. Gənclik illərimdə mətbuat, radio-televizya kommunizmdən çox yazır, kommunizm quruculuğu çox təbliğ olunurdu. Hətta Nikita Xruşşovun çıxışlarında 1980-ci illərdə kommunizmin ilk mərhələsinin başlanacağı deyilirdi. Xalq arasında isə bu təbliğata inananların sayı tək-tük olardı. Aşıqlar kommunizm quruculuğunu lağa qoyan şeirlər oxuyurdular. Onlardan geniş yayılmış “Kommunizmə ge-dirik biz” gəraylısının bir bəndi belə yadımda qalıb:

 
Əlimizdə zorba çomaq,
Başımızda motal papaq,
Ağ şalvara qara yamaq,
Kommunizmə gedirik biz.
 

Şeirin bəzi misraları açıq-saçıq ifadə və məsxərələrlə dolu idi. Ona müxtəlif adamlar yeni bəndlər də artırmışdılar. Buna görə şeirin hansı bəndini kim yazdığını müəyyənləşdirmək də olmurdu.

Rəhbər vəzifələrdə işləyənləri it adlandıran, Sovet cəmiyyətinin nöqsanlarını kəskin tənqid edən Məhəmməd Bisavadın aşağıdakı misraları dillər əzbərinə çevrilmişdu:

 
Deyillər ki, yuxarı get,
Bu əclafdan şikayət et,
Ordakı it, burdakı it,
Alabaşa nə deyəsən!
 

Çayxanalarda Sovet dövründə təqib olunan, bəzən qəzetlərə bu haqda müsahibə verənlərlə də görüşürdük. Onlar işin ciddi-ləşdiyini görəndə geri çəkilirdilər. Əsasən də dediklərini isbatla-yacaq sənədləri, şahidləri ortaya qoymurdular. Bəziləri də bu mövzuda danışmaq belə istəmədiklərini bildirir, adlarını da hal-landırmamağımızı xahiş edirdilər.

“DS” üçün axtarışlar apararkən bir tərəfdən də sözlüyü hazırlayanların 1999-cu ildən başlayan internet konfransında fəal iştirak edirdik. Bu da kimisinin xoşuna gəlirdi, kimisinin yox. Məsələn, Polşada KARTA-nın rəhbərlərindən olan Aleksandr Daniel mənim təkliflərimi alqışlayırdı. Bartosz Çiçoxoçki isə yazırdı: “…Ümumiyyətlə, mən sizin böyük və çətin bir işin öhdəsindən gəldiyinizi, məqalələri tez bir zamanda hazırladığınızı deyə bilərəm. Sizin kimi birisinin layihəmizdə olması çox önəmlidir”.

KARTA-nın rəhbərləri bizim işimizi təqdir etsə də, istədiklərimizi yerinə yetirmirdilər. Bunun səbəbini isə bilmirdik. Bilmirdik maliyyə vəsaitinin azlığındanmı, kadr çatışmazlığındanmı, yoxsa nədən Axısqa, Quzey Qafqaz dissidentlərinə laqeyd yanaşırdılar. Həmin müzakirələrdə mənim göndərdiyim mək-tublardan birini burada olduğu kimi verirəm:

“Əziz dostlar!

Publisistikanın janrları haqqında geniş danışmağa ehtiyac duymuram. Qarşımıza qoyduğumuz məqsədi həyata keçirmək üçün:

1. Əvvəlcə sənədlər və xatirələr əsasında elmi-publisistik oçerklər yazıb çap etdirməliyik.

2. Sənədlər əsasında akademik araşdırmalar aparmalıyıq.

3. Ensiklopedik məqalələr yazmalıyıq.

Vaxt dar olduğuna görə, öncə ensiklopedik məqalələr yazıb nəşr etdirməliyik. Bu nəşr oxuculara ilkin bilgi verməklə yanaşı, araşdırıcılara da yön vermiş olar. Məncə, iyula kimi (söhbət 1999-cu ilin iyulundan gedir) məqalələri yekunlaşdırıb redak-siyaya təhvil verməliyik.

O ki qaldı kiminsə məqalələrin sayını azaltmasına və ya artır-masına, buna da bir hədd və vaxt müəyyənləşdirilməlidir. Hər şey işin gedişindən asılıdır. Levon Berdzeşvili sənədlər tapa bilmirsə, ona imkan verək məqalələrin sayını azaltsın. Volfqanq Telunilin və Anna Zinserlinq yeni sənədlər tapıbsa, qoy onlar da məqalələrinin sayını artırsınlar.

Kostaq Xoxanın “Albaniyada dissident olmayıb” fikrilə razı-laşmıram. Hazırda Azərbaycan Respublikasının prezidenti olan Heydər Əliyev də Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları qarşısında çıxış edərkən deyib ki, Azərbaycanda dissident olmayıb! Olubsa, o da mənəm!

Halbuki Heydər Əliyev dissidentlərə divan tutan DTK-da 25 il müxtəlif vəzifələrdə işləyib. General rütbəsi alıb. Azərbaycan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olub. Ondan sonra isə 13 il Azərbaycan KP MK-nın birinci katibi işləyəndə də, 5 il Sovet Sosialist Respublikaları İttifaqı Nazirlər Soveti sədrinin müavini işləyəndə də, Sovet İttifaqı Kommunist Partiyasının MK Siyasi Bürosunun üzvü olanda da dissidentlərə, eləcə də ayrıdüşüncəlilərə divan tutub. İndi o, özünü dissident sayır.

Buna görə də, Albaniyada yeni müəllif tapmaq və onu yaxşı araşdırma aparmağa həvəsləndirmək lazımdır. Əgər milliyyətcə Alban olan İsmail Farkanı DTK sındıra bilməyibsə, demək, be-lələlərini tapmaq olar.

Ola bilsin ki, biz İsmail Farka haqqında yazarkən bir az hissə qapılıb onun şəxsi faciəsini qabartmışıq. 30 ilə yaxın totalita-rizmə qarşı müqavimət göstərən, sınmaz iradəsiylə Sovet cəza sisteminə meydan oxuyan İsmail Farkanı Alban dissidentləri sırasına daxil etmək olar.

DTK arxivlərində dissidentlərlə bağlı zəngin material var. Bu işdə moskvalı müəlliflər gərək respublikadakı müəlliflərə kömək edələr. Çünki onlar arxivlərə daha asan yol tapırlar, nəinki biz.

Xüsusən DTK-nın əməliyyat məlumatlarında daha çox fakta rast gəlmək olar. Bu da dissidentlərin nəinki ömür yollarını, fəaliyyətlərini öyrənməyə, həm də yeni dissidentləri aşkara çıxarmağa kömək edər.

Ensiklopediyadakı iş təcrübəmdən görürəm ki, əlavə və düzə-lişlər məqalələr mətbəədə olarkən də aparıla bilər.

Bir də onu qeyd edim ki, Rusiya Federasiyası üçün ayrılmış yerdə Tatarlar, Qaraçaylar, Çeçenlər, Balkarlar, İnquşlar, dağıstanlılar azlıq edir. Necə ola bilər ki, oraya milliyyətcə Ləzgi olan siyasi məhbus, ictimai xadim, filosof və riyaziyyatçı Vazif Meylanov daxil edilməsin? Orada axısqalılara, Qaqauzlara və b. xalqlara yer ayrılmaması isə utancvericidir. Axısqalılar 52 ildən çoxdur mübarizə aparırlar. Onlarla axısqalı Sovet həbsxanalarında çürüyüb. Lazım gələrsə, axısqalıların, dağıstanlıların, Quzey qafqazlıların dissidentlərinin adlarını sizə göndərməkdə, bu mövzuda müəllif tapmaqda yardımçı ola bilərik.

Hörmətlə Əli Şamil”.

Başqa bir məktubumda Axısqa Türklərindən, 1971-ci ildə Bakı şəhərindəki Kirov Rayon Xalq Məhkəməsinin hökmü ilə həbs olunan Ənvər Odabaşev, Müxlis Niyazov, Əlləz İzzətov, eləcə də axısqalıların vətənə dönmə hərəkatının öncüllərindən İslam Kərimov, Teyfur İlyasov haqqında qısa bilgi göndərmişdim. Var gücümüzlə çalışırdıq ki, axısqalılara da Krım Türkləri kimi yer ayrılsın.

Bu yazışmalardan sonra “DS” üçün kvota bu cür ayrıldı: Rusiya 210, Polşa 150, Ukrayna 120, Macarıstan 90, Litva 90, Yuqoslaviya 50, Almaniya 45, Çexiya 45, Gürcüstan 45, Latviya 45, Ruminiya 40, Albaniya 40, Krım Tatarları 40, Ermənistan 40, Belarus 40, Estoniya 40, Bolqarıstan 25, Bosniya və Herseqovina 20, Xorvatiya 20, Sloveniya 20, Azərbaycan 15, Makedoniya 15, Moldova 15, Slovakiya 10. Cəmi: 1305 nəfər.

Maraqlı burasıdır ki, işin gedişində bizim qrupa etimad artdı. 15 fevral 1999-cu ildə “DS” təşkilatçılarından Bartosz Çiçoxoçki mənə belə bir məktub göndərdi:

“Əziz Əli Şamil, məktubunuza və internet disskussiyanıza görə çox sağ olun. Onların birində (04 fevraldakında) Siz Qafqazdakı dissidentlər haqqında bioqrafiyalar yaza biləcək müəlliflər tapmağa hazır olduğunuzu bildirmişdiniz. Biz layihəmiz üçün indiyədək Ermənistandan əməkdaş tapa bilməmişik. Bəlkə Siz orada münasib birisini tanıyırsınız? Mümkünsə, bizə kömək edin.

Hörmətlə Bartozs Çiçoxoçki”.

Yalnız Ermənistan deyil, keçmiş Yuqoslaviya xalqlarından, Albaniyadan və b. bölgələrdən də “DS”-nə məqalələr yazacaq müəlliflər tapmaq çətin idi. Bartozs Çiçoxoçki 1999-cu il fevralın 15-də müzakirə qrupuna göndərdiyi məktubunda yazırdı: “Denialın keçmiş Yuqoslaviya ölkələri, Ermənistan, Macarıstan və Ruminya haqqında sualına cavab: Mart ayında Moskvada keçirilən toplantıda (Memorial, Xarkov qrupu və KARTA arasında) belə qərara alınmışdır ki, bizim heç bir əməkdaş tapa bilmədiyimiz bütün keçmiş Sovet ölkələrinin dissidentləri haqqında məqalələr Memorial tərəfindən hazırlansın.

İyul ayında Ermənistan haqqındakı məqalələrin Memorial tərəfindən hazırlanacağı təsdiq edildi. Biz bu vəziyyətin (diplomatik ifadə işlətmək) necə qeyri-adi olduğunu başa düşürük. Biz bunu yalnız ona görə etdik ki, Ermənistandakı proyekt üçün münasib birini tapa bilmədik. Bu, Varşava ilə Qafqaz arasındakı uzaq məsafəyə görə deyil. İndi yeni vəziyyət yaranıb. Cənab Şamilov bizə kömək edəcək birini tapmağa söz verib. Buna görə də, bəlkə biz proyektə Ermənistanı da mərkəzə müstəqil daxil edək?

Biz hələ də Macarıstandan, keçmiş Yuqoslaviya ölkələrindən proyektə qoşulacaq müəlliflər axtarırıq. Biz luğəti bu bölmələr olmadan təsəvvür edə bilmirik.

Albaniyada çox çətin bir vəziyyətlə rastlaşırıq. Kostaq Xoxa yalnız giriş yazmağı qərara alıb. Onun qənaətinə görə, 1956-1989-cu illərdə heç bir narazılıq olmadığından “DS”-nə haqqında məqalə yazılacaq adam yoxdur.”

Bartozs Çiçoxoçkiyə yazdığım məktub belə idi: “Ermənistan Azərbaycan ərazilərini işğal etdiyindən müharibə şəraiti hökm sürür. Buna görə də, heç telefon əlaqələrimiz də yoxdur. Keçmiş dissidentlərlə də əlaqəmiz kəsilib. Olsa-olsa bu iş üçün Gürcüs-tanda yaşayan mütəxəssislərdən xahiş edə bilərik.

 

Macarıstan Radio Verilişləri Komitəsində çalışan Edit Tasnadidən xahiş etsək, bu işdə bizlərə yardımçı ola bilər. Onun Budapeştdəki faksı və telefonu belədir: 3287898. Azərbaycan mərkəzinin keçmiş Yuqoslaviya ölkələri ilə telefon və faks əlaqələri saxlamasına maddi imkanı yoxdur. Ona görə də, onların e-maillərini sizə göndərə bilərəm. Makedoniya və Kosovadan bu işə dostlarımı cəlb edə bilərəm. İstəyirsiniz onların da telefonlarını və adreslərini göndərim. Martın 18-22-də Türkiyədə elmi simpoziumda olacağam. Balkanlardan gələn yoldaşlarla bu mövzuda söhbət edərəm. Ruminiyadan məqalələr hazırlanması üçün də Köstəncənədə radioda çalışan bir tanışımızı bu işə qoşa bilərik”.

Yalnız Azərbaycanda deyil, keçmiş sosialist respublikaların bir çoxunda “DS” üçün materiallar toplamaq, məqalələr yazmaq o qədər də asan deyildi. Buna baxmayaraq, orada Azərbaycanın geniş işıqlandırılmasını istəyirdik.

Bölgü bizi qane etməsə də, başqa əlacımız yox idi. Xüsusən sağ olan, özünü dissident sayanlardan sənəd almaq olduqca çətin idi. Bir çoxu isə bu mövzuda danışmaqdan belə çəkinirdi. Səmimi münasibətlərimiz olan, gözəl folklorçu-alim və vətənpərvər Bəhlul Abdullaya “DS” ilə bağlı materiallar topladığımı bildirdikdə dedi ki, “çox da qurdalama, qurdaladıqca zibili çıxacaq. Çoxumuz elə ilk təzyiqdəcə geri çəkildik”.

“DS”-yə göndərilən məqalələrimizi redaktə edən Dorote Pazioya yazırdım:

“Azərbaycanda, eləcə də Türk xalqlarında insanlar familiya ilə deyil, ləqəblə, adla daha çox tanınırlar. “DS”-də biz Əliyev Əbülfəz kimi versək, onu axtarıb tapmaq çətin olacaq. Çünki onu hamı Elçibəy kimi tanıyır. Ona görə də, bizim göndərdiyimiz məqalələrdə haqqında bəhs edilən insanları xalq neçə tanıyırsa, “DS”-də o cür verək, mötərizədə isə adını, soyadını, atasının adını sənədlərində olduğu kimi yazaq. Məsələn: Elçibəyi “Elçibəy (Əbülfəz Qədirqulu oğlu Əliyev)”, Biriyanı “Biriya (Məhəmməd Qulam oğlu Bağırzadə)”, Ulutürkü “Ulutürk (Xəlil Rza oğlu Xəlilov)” və s. kimi verək.

Eləcə də, Azərbaycan Türkcəsində bəzi hərflər, səslər var ki, onlar Rus əlifbasında və dilində olmasa da, İngilis və Polyak dillərində var. Buna görə də, biz haqqında məqalə göndərdiyimiz adamların adlarını, ata adlarını, soyadlarını və ləqəblərini latın qrafikası ilə də yazacağıq, orada sizə tanış olmayan hərflərin hansı səsi verdiyini göstərəcəyik.

“DS” rəhbərləri həm də, görünür, ensiklopediya işini bilən mütəxəssislər deyildi. Layihədə “DS”-nin 1956-1986-cı illəri əhatə edəcəyi göstərilirdi. Buna baxmayaraq, onlar bizə filosof Heydər Hüseynov haqqında da məqalə yazmağı təklif edirdilər. Cavab yazdıq ki, Sovet rejiminin basqısına tab gətirməyərək 15.08.1950-ci ildə bağında damarlarlını kəsib özünü öldürdüyü deyilən Heydər Hüseynov haqqında məqalə yazsaq, onda gərək Sovet hökumətindən narazılığını bildirən şeirlər yazdığına, yaşadığı kənddə insanların haqqını müdafiə etdiyinə, kənd sakinlərinin şikayətlərini Rus dilində yazıb Moskvaya, rəhbər təşkilatlara göndərdiyinə görə 1953-ci ildə həbs edilərək 8 il azadlıqdan, 5 il seçib, seçilməkdən məhrum edilmiş Əhməd Cəfərzadə (yazıçı-araşdırıcı Əzizə Cəfərzadənin kiçik qardaşı, pedaqogika elmləri doktoru) və onun kimi neçə-neçə insanın haqqında da yazaq. Onları yazsaq “DS” prinsipləri pozulacaq.

Yaxud da şəxsi danışıqlarında xahiş edirdilər ki, 1986-cı ildən sonrakı dissidentlərdən yazmayaq. Açıq bildirirdilər ki, bu prinsipi Ermənistandan göndərilən məqalələrə də şamil edəcəklər. Görünür, ehtiyat edirdilər ki, bizim dissident kimi təqdim etdiyimizə Ermənilər, Ermənilərin təqdim etdiyinə biz etiraz edərik. Qarşıdurma yaranmasın, iş pozulmasın deyə belə bir yol tutduqlarını düşünürdük. Məqalələri redaktə edənlər nəzakətlə milli məsələyə çox önəm verdiyimizi, haqqında məqalə yazdığımız adamlar sırasına başqa millətlərdən və dinlərdən olanların salınmamasını vurğulayırdılar. Onlara cavab məktubumuzda Xəlil Rza Ulutürkün “Afrikanın səsi” və Vyetnamla, Əfqanıstanla, Kuba ilə bağlı şeirlərini, azərbaycanlı dissidentlərin Tbilisidə, Varşavada, Praqada, Budapeştdə Sovet ordusunun törətdikləri qəddarlığa etiraz etdiklərini yazırdım.

Sonra KARTA-ya biz 21 nəfər haqqında məqalə göndərdik. Onlar Azərbaycandan aşağıda adları qeyd edilən 15 nəfər haqqındakı məqaləni “DS”-yə daxil edəcəklərini yazdılar.

Asəf xan Qubalı Asəf Kərimov

Asif Ata Asif Qasım oğlu Əfəndiyev

Biriya Məhəmməd Qulam oğlu Bağırzadə

Cahid Hilaloğlu (Şirinov)

Çingiz Mirzəağa oğlu Abdullayev

Elçibəy Əbülfəz Əliyev

Hatəmi Məhəmməd Feyzulla oğlu Tantəkin

Xəlil Rza (Ulutürk, Odər) Xəlil Rza oğlu Xəlilov

İsmail Farka

Nadir Mirələkbər oğlu Ağayev.

Rafiq Турабxan oğlu Abdullayev (Sabah)

Tanqo (Taner) Tanrıqulu Əliyev

Safruh Elman Аğа oğlu Əliyev

Şamil Saleh oğlu Əliyev

Yanardağ Sabir Mustafa oğlu İmamverdiyev

Əbülfəzl Hüseyni, Əli Azərli, Baycan Məhərrəmov, İsfəndiyar Coşqun, Nofəl Tahirzadə, Tofiq Vəndamlı haqqında məqalələri isə fakt yetərsizliyinə, qaynaq azlığına görə qəbul etmədilər.

Ümumiyyətlə, məqalələrin hazırlanması və qəbul edilməsi heç də asan olmurdu. Sovet rejimi tərəfindən incidilən, təqib edilənlər bir-birləri ilə də yola getmirdilər. Necə deyərlər, birinin dediyi o birinin boğazından keçmirdi. Əksəriyyəti xalqın xilaskarı kimi yalnız özünü görürdü. Fikrinə tərəfdar tapa bilməyəndə günahı çağdaşı olan yadfikirlilərdə görürdü. Çox vaxt bir-biri haqqında kəskin, əsası olmayan sərt sözlər söyləyir, ittihamlar irəli sürürdülər.

Belə bir vəziyyətdə biz həm Azərbaycanda yaşayan yadfikirlilərlə görüşür, fikir mübadiləsi edir, material toplamağa çalışır, həm də “DS” qrupu uçün məqalələr yazan müəlliflərlə müzakirələr aparırdıq. Bunlar o qədər də asan olmurdu.

1999-cu il oktyabrın 29-31-də Sofiyada keçirilən konfransda baş redaktor Əzizə Şamilova “Azərbaycanda dissident hərəkatı tarixindən” mövzusunda məruzə edərkən bolqarıstanlı, özünü dissident sayan birisi hay-küy salaraq icazəsiz xitabət kürsüsünə çıxıb Türklərin əleyhinə “ürəyini boşaltmışdı”. Demokratiya, insan haqları uğrunda mübarizə apardığına görə təqib edildiyini, incidildiyini söyləyənin özü başqasının haqqını pozulmuş, bir xalqı – Türkləri bütövlükdə suçlamışdı. Onun şovinistcəsinə davranışı, dissidentə yaraşmayan hərəkəti toplantı iştirak-çılarının əksəriyyətini narahat etmişdi.

“DS” üzərində işlərkən biz də onlardan çox şey öyrənirdik. Əməkdaşlığı davam etdirməyi planlayırdıq. İlkin razılıq əldə etmişdik ki, “DS” üzrə işimizi sonra daha da genişləndirərək “Sosializmin qurbanları – Azadlıq uğrunda vuruşanlar” adlı bir layihəni reallaşdıraq; bu layihənin birinci mərhələsi 1920-ci il aprelin 28-dən 1932-ci ilədək dövrü əhatə etsin. Buraya bolşeviklərin Azərbaycanı işğal etdikdən sonra Azərbaycan Cümhuriyətinin nazirlərinə, generallarına, məmurlarına, müəllimlərinə, həkimlərinə, mühəndislərinə, eləcə də sadə əməkçilərinə, 1923-cü ildən sonra din xandimlərinə, 1928-ci ildən başlayaraq “qolçomaq” adı ilə fərasətli kəndlilərə tutulan divandan söz açılsın.

İkinci mərhələ 1932-1941-ci illəri əhatə etsin. Burada repressiyaya məruz qalan insanlar haqqında bilgi verilsin.

Üçüncü mərhələ 1941-1948-ci illəri əhatə etsin və burada “vətən xaini” adı altında cəzalandırılanlar haqqında bilgi verilsin.

Dördüncü mərhələ 1948-1956-cı illərdə, beşinci mərhələ 1956-1986-ci illərdə, altıncı mərhələ 1986-1992-ci illərdə repressiyaya məruz qalanlar, təqib və təzyiqlərlə üzləşənlər haqqında bilgiləri əhatə etsin.

Bütün bunlar yalnız ensiklopediya şəklində yox, sənədli, bədii filmlər uşaqlar üçün cizgi filmləri, foto-montajlar, sənədlər və xatirələr toplusu formasında da olsun.

Təəssüf ki, bu layihələrin heç birini reallaşdırmağa maliyyə vəsaiti olmadı. Beləcə, “DS” də işini planlaşdırıldığı kimi başa çatdıra bilmədi. Hətta bizə işin son mərhələsi haqqında heç nə yazmadılar. Nəzərdə tutulmuşdu ki, haqqında məqalə gedən dissidentlərin hər birinə (ölənlərin ailələrinə), müəlliflərə, respublikanın mühüm kitabxanalarına “DS” pulsuz çatdırılsın. Bu da baş tutmadı. Biz də İngilis, Rus və Polyak dillərində nəşri planlaşdırılan “DS”-nin sonrakı taleyindən xəbərsiz qaldıq. http://memo-projects.livejournal.com/8205.html saytı 27 iyun 2009-cu ildə bizim “DS”-də haqqında məqalə verəcəyimiz insanların bir qisminin siyahısını və onlar haqqında qaynaqları “Из библиографических списков к статьям Азербайджанского раздела” başlığı altında yaydı. Əslində bu, bizim qrupun işə başladığı ilk günlərdə tərtib etdiyi siyahının qaralaması idi. Elə həmin gün http://lj.rossia.org/users/memo_projects/2009/06/27/ saytı da Natalya Vasilyevnanın “Dissident sözlüyü”nün Azərbaycan bölməsi. “DS” Azərbaycan bölməsinin məqalələrindəki siyahıda başlıqların çətinlikləri” yazısından aşağıdakı qeydləri vermişdi:

“Bu bölmədə daha çox problemli yazılar toplanmışdır. Biz əsas səbəb kimi yalnız ikisini göstəririk:

1. Azərbaycan SSR-də çap olunan kitabların və qəzet- jurnalların əksəriyyəti Moskva kitabxanalarında qorunub- saxlanılır.

2. Təəssüf ki, biz Azərbaycanlı araşdırıcılarla, bioqrafik məqalələrin müəllifləri ilə əlaqələri qoruyub saxlaya bilmədik.

2006-cı ildə bizim sorğularımıza M.F.Axundov adına Azərbaycan Milli Kitabxananın əməkdaşları M.Vəliyeva, D.Sadıqova, M.İbrahimova, S.Əsədova, X.Bəşirova cavab verdilər. Biz onlara təşəkkürümüzü bildiririk!

Etiraf etmək lazımdır ki, problemli yazılar qalıb. Bu problem- lər də ciddidir. Eyni zamanda, bir məqalədə nadir hallarda bir neçə element olmaya bilər. Bunların hamısını aradan qaldırmaq mümkün olmadı. Qaynaqlar siyahısındakı məqalə və kitabların nəşr olunduğu yer, janrı, nəşrin dövriliyi haqqındakı bilgilərdə çatışmazlıq hiss olunur. Bunları redaktor qayçısını işə salmaqla aradan qaldırmaq istəməzdik. Çünki Azərbaycandakı ayrıfikirlilik haqqında ilk dəfə bu həcmdə bibloqrafik bilgilər nəşr olunacaq.

Biz bu məqalələrin nəşrini bəzi izahlarla həyata keçirəcəyik. İzahları Azərbaycan milli kitabxanasına verdiyimiz sorğudan aldığımız cavab əsasında hazırlayacağıq. Həmin mətndən bir fraqmenti ayırmaq istəyirik. Bu mühüm məsələ sözlüyün Azərbaycan bölməsinin yazıları üzrə istiqamətin müəyyənləşdirilməsinə aiddir. Biz redaktorlar üçün bu nə qədər faydalıdırsa, oxucular üçün də o qədər vacibdir.

Sərlövhə mücərrəd xarakter daşıdığı hallarda, yəni mətnin mövzusu haqqında təsəvvür yaratmadığı zaman, tərcümə ilə yanaşı, qeydlər üzrə mövzunun qısa xarakterini açan qeydlər verəcəyik. Məsələn:

… – Gizli qrupda iştirakı haqqında xatirələr…

… – BMT-nin Baş katibinə açıq müraciət (15.08.1973) və düşərgədə yazdığı şeirlərin nəşri.

Söhbət heç bir halda kitabın, məqalənin, “sözlüyün” annotasiyalarından getmir, yalnız bir neçə sözdən ibarət qısa, mövzu ilə əlaqəni açıqlayan izahdan gedir.

Sözsüz ki, nəşri hazırlayarkən orada köməyə görə minnətdarlıq öz əksini tapacaqdır”…

Təəssüf ki, əməyimizin məhsulundan sonralar da heç bir xəbər tuta bilmədik.

Professor Cəmil Həsənlinin istəyindən sonra əlyazmaları yenidən toparladıq. Oraya həmin dövrdə yazdığımız ön sözü, ondan sonra əlifba sırası ilə məqalələri, sonda da Əzizə Şamilovanın 1999-cu il oktyabrın 29-31-də Sofiya şəhərində keçirilən konfransdakı çıxışının ixtisar edilmiş variantını qoyduq. Beləliklə, 18 il bundan əvvəl hazırlanmış materialları oxuculara təqdim edərkən üzərində yenidən işləmədik. Sadəcə, Allahın rəhmətinə qovuşanların ölüm tarixini əlavə etməklə yetərləndik.

Əslində bu, mükəmməl bir kitab deyil. Sadəcə bir yadasalmadır. Əminəm ki, bundan sonra dissidentlərimiz, milli azadlıq fəallarımız haqqında daha sanballı və bitkin ensiklopediyalar yaradılacaqdır.

“DS” sözlüyünün hazırlanmasında bizə təmənnasız kömək etmiş bütün insanlara, xüsusən Ülvi Həkimova, Vəfa Salehə, Ruqiyyə Cəmilliyə, Sara Məmməd qızına, Nadir Ağayevə, Sabir Yanardağa, Safruha və b. minnətdarlığımızı bildirirəm.

Onu da deməyi özümə borc bilirəm ki, Sevinc Nağdəliyeva kitabdakı materialları bilgisayarda yığmağı, Azərbaycan Türkcəsində olan məqalələri Rus dilinə çevirməyi və redaktə etməyi boynuna götürməsəydi, kitabı hazırlamağa girişməyəcəkdim. Kitabdakı “Giriş”, “Nadir Ağayev”, “Asif Ata”, “Məhəmməd Biriya”,Safruh”, “Cahid Hilaloğlu”, Turabxanoğlu, “Şamil Saleh”, “DS” Azərbaycan qrupunun baş redaktoru Əzizə Şamilovanın 1999-cu il oktyabrın 29-31-də Sofiyada keçirilən konfransdakı məruzəsi” məqalələri Ruqiyyə Cəmillinin Rus dilinə çevirdiklərindən, qalanları isə əlyazmalarımızdan aldıqlarımızdır.

 
Əli ŞAMİL
25.12.2016

Sözardı. Kitabı mətbəəyə göndərmək ərəfəsində – 2018-ci il Martın 20-də Tiranadakı (Albaniya) Dünya Bəktaşilərinin Qutsal Sarayından “Ənənə və müasirləşmə arasında İmam Əli dünyası” mövzusu üzrə keçiriləcək simpoziuma dəvət aldım. Xəstə-liyimə və yaşıma görə xarici ölkələrdə keçirilən toplantılara, elmi konfranslara qatılmamağa çalışsam da, Tiranadan gələn dəvət məni yerimdən oynatdı. Gücümü toplayıb “Azərbaycanda Hz. Əli adı ilə bağlı pirlər, toponimlər və Bəktaşi soyadı” mövzusunda bir məruzə hazırladım.

Tiranaya getməkdə bir məqsədim vardı: İsmail Farkanın taleyi! 20 il idi belə bir səfəri planlasam da, pulsuzluqdan gedə bilmirdim. Yol və orada qalma xərclərini simpozium təşkilatçıları ödədiyindən böyük həvəslə oraya getməyi qərara aldım.

Ölkə olduqca yoxsul olsa da, qonaqların qarşılanmasını və yerləşdirilməsini yüksək səviyyədə təşkil etmişdilər. ABŞ-dan, İtaliyadan, Rusiya Federasiyasından, Almaniyadan, Türki-yədən, İrandan və b. qonşu ölkələrdən də dəvət edilənlər vardı. Toplantını Dünya Bəktaşilərinin Böyük Dədəsi Edmund Brahimay açdı, simpozium iştirakçılarını salamladı, toplantının məramını açıqladı. Albaniya prezidenti İlir Meta, ATƏT-in Alb-aniyadakı böyük elçisi Bernard Borchard, Albaniya Dini Qurumlarla İş Komitəsinin sədri Loreta Arika geniş məruzə etdilər.

Məruzəm üçün ayrılmış 20 dəqiqə vaxtın 15 dəqiqəsini möv-zunu oxumağa həsr etdim. Son beş dəqiqəni isə İsmail Farkadan söz açdım. Bildirdim ki, o hər bir zülmə tab gətirən vətənsevərdir. Gələcək nəsillər ona dözümlülük və əyilməzlik təcəssümü kimi baxacaq. Cox təəssüf ki, biz müasirləri ona qarşı laqeydik. Haqqı tapdalanmış bu insanın dəyəri indiyədək verilməyib. SSRİ dağılandan sonra sənədləri olmadığından vətəninə dönə bilməyib. Onu SSRİ-yə göndərən təşkilat belə öz əməkdaşının tale-yinə biganə qalıb. İndiyədək İsmail Farkanı haqsız həbs edərək dəlixanaya salanlar beynəlxalq məhkəməyə verilməyib.

Salondakılar mənim çıxışımı sükutla qarşıladılar. Fasilədə isə bunun əksi oldu.

Mən İsmail Farka ilə bağlı Tiranada Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Sosial Müdadiə Nazirliyi əməkdaşları ilə görüşməyə can atdım. Albaniya – Azərbaycan Dostluq Elmi Mədəni Dərnəyinin başçısı Entella Muço bu işdə mənə yardım etmək üçün hər əzaba qatlaşdı. Baş vurduğumuz təşkilatların hamısında Azərbaycana böyük segvi gördüm. Azərbaycandan gəldiyimi biləndə ən yüksək vəzifəlilərlə görüşdürəcəklərini vəd etdilər. Hətta görüş günü və saatını da müəyyənləşdirdilər. Amma heç biri baş tutmadı. Görüşə gedəcəyimiz gün qəbul otağında hansı mövzuda söhbət üçün gəldiyimi bildikdə nazirlər və müavinlər çox incə bir nəzakətlə bu gün rəsmi bir toplantı olacağından görüşü dəqiq olmayan bir vaxta ertələdilər.

İsmail Farka haqqında söhbətlərimiz Albaniya-Azərbaycan Dostluq Elmi Mədəni Dərnəyi çərçivəsində qaldı. Dərnəyin ən fəal üzvlərindən olan vəkil Ekrem Kokalari mənə təskinlik verdi. Dedi ki, dostlarını, keçmiş iş yoldaşlarını da bu işə qoşacaq. Onun söylədiyi bir hadisə məni də, dərnək üzvlərini də təəssüfləndirdi. O dedi ki, İsmail Farka adlı birisinin qardaşı ilə tanışdır. Qardaşı İsmail Farkanın təxminən 2-3 ay öncə öldüyünü söyləyib. Qardaşının dediyinə görə, İsmail Farka 1933-cü ildə doğulub, Sovetlər Birliyində oxuyub, mühəndis olub, orada Rus qızı ilə evlənib, ondan da iki övladı olub. Eyni ildə doğulan, təxminən eyni tərcümeyi-hallı iki insanın olması mənə bir az inandırıcı görünmədi.

Sovetlər Birliyində ayrıfikirlilərlə xüsusi xidmət orqanlarının davranışına dair eşitdiyim və oxuduğum hadisələri danışırdım, Entella xanım da Albancaya çevirirdi. Ekrem Kokalari də gülümsəyərək bir hadisəni danışdı. Dedi ki, hüquq fakültəsini bitirib hərbi prokurorluqda işləyirdim. Gənc bir zabit boğulub ölmüşdü. Mən onun sənədləri ilə tanış olanda gördüm ki, üzgüçülük üzrə dərəcəsi var. Təəccübləndim. Məhkəmə Tibb Ekspertizası şöbəsinin müdiri ilə söhbət etdim. O mənə açıq bildirdi ki, zabit öldükdən sonra suya atılıb. Mən cinayət işi açmaq üçün sənədləri hazırladım. Baş prokurorun qəbuluna getdim ki, sənədlərə imza atsın. O, sənədləri gözdən keçirdikdən sonra əsəbiliklə mənə dedi: “Özünü ağıllı sayırsan?! Sənin də meyidinin belə tapılmasını istəyirsənsə, get istintaqa başla. Ağlını başına yığ! Get sənədləşdir ki, intizamsızlıq edib, icazəsiz çimməyə gedib və suda boğularaq ölüb”. Prokurorun tapşırığını yerinə yetirdim. Başımı bəlaya salmamaq üçün məsələnin təfsilatını da öyrənməyə cəhd etmədim.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?