İblis busəsi

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Bazarın girişinə yaxınlaşanda balaca gül mağazasının qarşısında iki həmyerlim söhbət edirdi. Buna söhbətdən çox mubahisə də deyərdim – bu qələbəlikdə, sanki onlardan özgə kimsə yox idi. Bilmirəm, təbiətən sakit olduğuma görəmi boş yerə mübahisə etməz, bərkdən danışmağı da sevməzdim. Lakin nə etmək olar ki, biz bərkdən, bəzən də qışqıra-qışqıra danışmağı xoşlayan xalqıq.

Gül mağazasına daxil oldum. Çox da geniş olmayan, alıcını uzaqdan cəlb edən şüşə vitrinləri boyunca, plastik örtüklü arxa divarın küncündə qoyulmuş satıcı qızın balaca stolundan başqa mağazanın hər yeri cənnət bağçasını xatırladırdı; rəngbərəng güllər, çiçəklər, saxsı qablar, vazalar…  Xoş, bihuşedici ətir içəri girəni məftun edirdi. Necə gülsüz çıxasan burdan…

Satıcı qız məni görcək yaxınlaşdı. Nişan, toy, ya da görüş üçün buket istədiyimi soruşub ağ zanbaqları, qırmızı qızılgülləri, pion və xrezantemaları göstərdi. Qızın necə diqqətcil və qayğıkeş olduğunu söyləyib Vitaliki soruşdum. Sarışın satıcının yanaqları qızardı.

– Üzr istəyirəm, – deyib tələsik küçəyə çıxdı. Bayaq hündürdən danışan həmyerlilərimdən hündürboy, qara saçları səliqəylə yana daranmış, qonur gözlü oğlana nəsə dedi, o da həmsöhbətiylə tələm-tələsik xüdahafisləşib qızla geri qayıtdı. Yəqin, dedim, Vityanın yerini o bilir.

– Xoş gəlmisiz, – deyib gülümsədi. Təmiz Gəncə şivəsiylə danışan bu oğlan özünü təqdim etdi. – Vitya…  ee…  sən Allah bağışlayın, Vəfadar.

Gülümsəyəndə iki qızıl dişi dodaqları arasından irəli çıxıb parıldayan cavan oğlan Vitalik, daha doğrusu Vəfadar imiş. – Burda hamı məni Vitalik kimi tanıyır…

Çaşqınlığımı biruzə versəm də: – Xoşdu, – deyib əlini sıxdım. – Rüfət…

– Bəs Mədət qağa hanı? Səhərdən sizi gözləyirəm…

– Mədətin bir az işi var, gələr, – dedim.

Köhnə dost kimi qoluma girdi, satıcı qıza təşəkkür edib mağazadan çıxdıq. Aramızda on-on iki yaş fərq olmasına baxmayaraq Vəfadar mənimlə “siz” lə danışırdı. Hiss edirdim ki, nəzakət xatirinə belə edir. Mənə “sən” deyə müraciət etməsini xahiş etdim. Elə bil bunu gözləyirdi.

Vəfadar:

– Sən canın, inciməzsən? – deyib başladı danışmağa. – Qağamın dostuna canım da qurban! Gedək iş yerini göstərim. And olsun bizi yaradana, bu bazarda ən xadavoy toçkadı…

“İş yerini” elə təmtaraqla vurğuladı ki, sanki deputat kreslosu təklif edirdi mənə. Giriş qapısının o biri hissəsində, lap iri darvazaya bitişik balaca konteyneri göstərib tanışlığa davam etdi: – Yer-limiz işdədirdi… Yeganə meyvə toçkasıdı, mən ölüm! Alver şıdrığı, pul yağış kimi…  Kef elə dəə, mən ölüm!

Yaman xoşuma gəlmişdi Vəfadar. Bu neçə ildə birinci dəfəydi ürəkdən sevinib güldüm. Bilmirəm nədən, demək olar ki, Moskvada yaşayan həmvətənlərimin hamısında olan optimizmə, həyat sevgisinə, isti münasibətinə heyran qalmışdım. Elə bil Vətəndən kənarda başqalaşırlar, dəyişirlər. Hardan, nədən qaynaqlanırdı bu xoş hisslər?

Cibindən iri seyf qapısının açarına bənzər bir şey çıxarıb qapını laybalay açdı. Çoxdan qapısı bağlı olduğundan içəri boğanaq idi. Dəmir konteynerin divarları da döşəməsi kimi taxta parçalarıyla yığılmış, səliqəsiz də olsa divar boyu üstünü toz basmış meyvə-tərəvəz rəfləri düzülmüş, küncdə köhnə, qırmızı rənglə boyanmış tərəzi qoyulmuşdu. Üzümə diqqətlə baxıb məmnun olduğumu görəndən sonra dedi:

– Qaldı buranı doldurub işə başlamaq. Xeyirli olsun!

– Sağ ol, qardaş! – dedim.

Bir az keçmışdi Mədət də gəlib çıxdı. Xeyir-dua verib “heç nədən narahat olma” dedi.

– Bu bazarın “ iti-qurdu “ özümüzünküdür… Yer pulunu verərsən Vəfadara. “Tixon” un adamları sənə dəyməz…  svoyski uşaqlardı. Bazarın krışasıdır Tixomir…

Sonra Vəfadardan üzr istəyib ciddi görkəm aldı, təklikdə, məxfi söhbətə başlayırmış kimi əlini qeyri ixtiyari çiynimə qoymaq istədi, (yəqin köhnə adətiymiş) yadına düşəndə ki, mən ondan hündürəm və əli çiynimə çatmayacaq, biləyimdən yapışaraq kənara çəkib dedi:

– Çalış tanımadığın adamlarla ünsiyyət qurma, hələlik qaldığın yeri də heç kimə tanıtma…  Bir də…  uşaq-zad deyilsən ki…  qızlarla bir az ehtiyatlı ol. Bura Moskvadır, hər şey ola bilər. Maşallah, pəhlivansan görürəm…  Dedilər Qarabağda da döyüşmüsən. Amma qoluna da hər zaman güvənmə haa. İndi qol yerinə pistoletlər danışır – yadından çıxarma.

– Narahat olma, – dedim.

– Amma, qol da vacibdi…  Bir də, məni tapmasan, nə problemin oldu, Vəfadara de, utanma. Malı hardan, neçəyə alacaqsan, o başa salacaq. – Sonra nə fikirləşdisə dayandı. Çevrilib konteyner tərəfə baxıb davam etdi. – Həə…  Əsas məsələ qaldı. Yerin düz bazarın qabağındadır, deməli xatalı yerdi. Bazarın içinə “Tixon” un dəstəsi nəzarət edir. Moskvada hər yer bölünüb, hər yerin sahibinin də sahibi var…  Buralar isə şəhərin ərazisidir. Deməli, “Berkut” undur…

– Berkut kimdi?

– Özünü heç görməmişəm, amma başkəsənləri…  professionallardır, əsl professional. Diqqətli olmağın kifayətdi.

Maraqla soruşdum:

– Berkut bizim dildə nədir?

– Nə bilim, yırtıcı quşdur…  qartaldan balaca, qızıl quş kimi bir şey…  Nədi ki?

– Heç…  – dedim.

Mədət danışdıqca yaddaşımla vurnuxurdum. Nə idi bu narahatçılıq? Əlbət ki, bandit, başkəsən söhbətləri ürəkaçan olmadığı qədər də qorxu yaratmırdı. İslanmışın yağışdan qorunmasına lüzum varmı? Yox, yox, mənim diqqətimi çəkən o balaca yırtıcı quş idi. Axı harda, harda görmüşdüm o quşu? Yox, quşları…  İti caynaqlarında, əyri dimdiklərində qanlı ət parçaları, gözlərində biganəlik, saymamazlıq, yerişlərində ikrah doğuran xudpəsəndlik. Həə, Qarabağda. Döyüş gedən hər yerdə insanları saymazyana, ədasını pozmadan addımbaaddım izləyən, bircə “qrad” mərmisinin uğultuyla fit verib torpağa düşəcəyi anda arxayıncasına, inamla hər an leş üstünə çıxacaqlarına əmin olan yırtıcı sürüsü…  Ancaq ilk dəfə, bədənimə vicvicə salan həmən yırtıcı sürüsünü ucu-bucağı görünməyən dərənin üstündə şıkarına hücum çəkməyə hazırlaşarkən görmüşdüm. Elə Andrey də. Bircə anın içində bütün Əfqanıstan qayalarında gizlənib məqamını gözləyən “duşman” lar kimi nə qədər qırğı-quzğun vardısa, hamısı Günəşin üzünə qara pərdə çəkəndə Andrey heyrətlə soruşmuşdu:

– İlahi, bunlar nədi belə?

– Qlebin iyinə gəliblər, qırğıdı…  – deyəndə Andrey sanki pıçıltıyla təsdiqləmişdi:

– Yastreb? Net-net, berkut…  Xişnyaya ptiça…

Mən də zarafata salıb demişdim ki, sənin familyandakı “sokol” – bizim dildə qartal deməkdir.

Deməli, sən o yırtıcı quşların ən nəhəngisən, Andrey!

Mədət də elə bil mənim ürəyimin içindəydi. Başını yellədi ki, hə, balacalar həmişə təhlükəli və gözlənilməz olur.

Kafedə yüngül qəlyanaltı edəndən sonra Vəfadarla razılaşdıq ki, səhərdən Dmitrov bazarına gedib dükana mal vuraq. Üstəlik Mədət işə başlamaq üçün iki min dollar pul verdi; özü demişkən, əlborcu.

* * *

… Yeddinci aya keçirdi ki, dükanı işlədirdim. Vəfadarın köməkliyi ilə bazara yaxın birotaqlı mənzil kirayələmişdim. Metroya tərəf baxan eyvanından gözəl mənzərə açılırdı. Mənzildə bir nəfərin yaşaması üçün lazım olan hər şey vardı; çarpayı, soyuducu, qab-qacaq, paltar dolabı. Eyvanda 70 kiloluq ştanq, ik 40 kiloluq giri olduğundan lap keyfim kökəlmişdi. Məşq etmək üçün artıq heç nə almağa ehtiyac yox idi.

Ən vacibi isə hamam idi. Axşamlar yorğun-arğın gələndə, ilboyu isti suyu olduğundan duş qəbul eləmək nəyə desən dəyərdi. Bizim tərəflərdə nəinki gecə-gündüz şırhaşırla axan isti suyun, hətta içməli su belə qıt olduğundan hər dəfə suyun altına girəndə köhnə tövləmizin dalında məni çimizdirən anam, altını çır-çırpıyla, taxta-talaşla qalayıb qızdırdığı, üstü əyri-üyrü kəsilmiş yüz litrlik çəllək yadıma düşürdü. Yarı yaş, yarı quru odunun hisində qaralmış dəmir çəllək…

Al-verim Vəfadar deyəndən də yaxşı gedirdi. Pulum çoxaldıqca heyfislənirdim ki, kaş anam sağ olaydı, onu yanıma gətirib ingilis kraliçası kimi dolandıraydım!.. Qazancımdan Mədətin əlborcunu qaytarandan sonra lazımı qədər mayalıq saxladım, qalan pullarımı da ona verirdim ki, saxlasın. Tez-tez görüşür, bəzən, axşamlar bir yerdə futbola, restorana, ya da teatra gedirdik. Canlara dəyən oğuldu Mədət. Elə Vəfadar da.

Başqa dostum yox idi. Səhər bazara, axşam da evə qaçırdım. Bir də, başım çox çəkmişdi deyə çalışırdım özünü mənə sırıyan qızlardan kənar gəzim. Belələri o qədər idi ki!..

Bu gün bazar günüdür və al-ver nə qədər güclü də olsa bütün günü özümə sərf etməyi qərara almışdım. Pulu həmişə qazanmaq olar, özümü daa öldürməyəcəm ki?! Ona görə də zəngli saatı da qurmamışdım ki, doyunca yatım.

Yuxudan ayılanda saat on bir idi. Neçə vaxtdı bu qədər yatmadığımdan yerimdə qurcalanır, tənbəlliyimdən ayağa qalxmaq istəmirdim.

Xeyli o yan-bu yana çevrildikdən sonra nəhayət, yerimdən qalxdım. Pərdəni aralayan kimi solğun payız günəşi çağrılmamış qonaq kimi içəri doldu. Eyvana çıxıb ştanqla idman edib bədənimi açdım. Bax, indi oldu əla! Hamama girib duş qəbul etdim. Dişlərimi yuyanda gözüm güzgüdəki Rüfətə sataşdı. Sanki, özümü birinci dəfəydi görürdüm; saçlarıma düşən dənə, gözlərimin yanında, alnımda illərin naxışını salmış nazik qırışlara baxıb heyfisləndim.” Yaxşı ki, gözümün nuru solmayıb hələ…”

Kolbasayla holland pendirindən buterbrod düzəldib “vurdum bədənə”. Bir fincan qəhvə içib, nimdaş gödəkçəmi əynimə taxıb evdən çıxdım.

Payız gecikmişdi bu il. Həyətdə səki boyu düzülən nəhəng qovaq, ağcaqayın ağaclarının yarpaqları yamyaşıl idi. Tək-tük qızarmış yarpaq gözə dəysə də havanın həlim olması yaz aylarını xatırladırdı.

Bu gün özümə bazarlıq etməliydim. Payız-qış paltarım yox idi deyə əyin-baş almaq, həm də şəhəri gəzib dolaşmaq istəyirdim. Yeraltı keçiddən bazara girdim. Eşitmişdim ki, əllinci konteyneri işlədən Bəxtiyarla İxtiyar qardaşları Türkiyədən firma mallar gətirir. Baha da satsalar keyfiyyətlinə görə alıcıları çox olur.

Bazarda insan axınından yerimək olmurdu. Hər cərgəbaşı səsləndirilən yeni estrada hitlərinin qulaqbatırıcı sədası, səyyar “şaurma”, su, pivə satanların bağırtısı müştərilərlə şıdrığı al-ver edən satıcıların səs-küyünə qarışmışdı. Tanış ləhcələr, səslər bu hay-küyün içindən şütüyərək qulağımda cingildəyirdi. Cərgəylə sıralanan dəmir konteynerldə al-ver edən həmyerlilərim müştəri cəlb etməkdən ötrü əldən-ayaqdan gedirdilər. Hər kəs öz malını tez və baha satmağa cəhd edirdi. Hər iki konteynerdən birində eyni malların olduğunu nəzərə alsaq, bunun onlara necə baha başa gəldiyini təsəvvür etmək çətin deyildi.” Bizimkilər ticarətçün yaranıb” deyə düşünməyə haqqım vardı.

 

Birinci, qardaşların konteynerinə baş çəkdim. Gülərüz, çatma qaşlı qardaşlar ikisi də bir boyda, bir geyimdə olduğundan salam verib görüşəndən sonra adlarını desələr də, mənim üçün onları bir-birindən ayırd eləmək çox çətin oldu. Bəxtiyara İxtiyar, İxtiyara da Bəxtiyar deyə müraciət edəndə hər ikisi gülümsəyib, yarı zarafat-yarı gerçək “fikir vermə, anam da bizi həmişə səhv salırdı, vallah!” dedilər. Heç də zarafata bənzəmirdi.

Bu bazarda işlədiyimi, payız-qış mövsümünə əyin-baş alacağımı dedim. Qardaşlar Türkiyədən gətirdikləri yeni partiyadan bir-bir ölçümə uyğun kostyumları, palto və dəri gödəkçələri göstərir, hansı parçadan, hansı firmada tikildiyini başa salırdılar. Belə şeylərdən başım çıxmadığından gözümə yatımlı, zövqümə uyğun olanlarını seçdim. Bir dəri gödəkcə, iki kostyum, sviter götürüb konteynerin küncündəki soyunub-geyinmə otağına keçdim. Otaq deyəndə, bura iki tərəfi qırmızı parçayla tutulmuş, divarında iri güzgü vurulmuş künc idi.

Seçdiyim paltarları asacağa keçirib pərdəni çəkdim. Divardakı güzgünün çatlaq olduğu nəzərimdən qaçmadı. Ərklə, Bəxtiyara səsləndim ki, nə əcəb sınıq güzgünü dəyişmirsən? Yaxşı əlamət deyil bu…

Mən pərdənin bu üzündə olduğumdan hansı qardaşın cavab verdiyini təyin edə bilmədim.

– Ata bilmirəm, – dedi. – Əmioğludan yadigardı, qardaşım.

“Əcəb yadigardı. Belə də yadigar olar?” Kostyumun birini, bir də gödəkcəni bəyənib çıxanda İxtiyar qalanlarını əlimdən alıb yerindən asdı. Sviterin bir ölçü böyüyünü istədim.

– Xoşum gəldi, amma…  bir az sıxdı, – dedim.

– Beş dəqiqə gözlə, skladdan gətirim. Bilirdim bu “sklad” məsələsini; kimdə ki, alıcının ölçüsü olmurdu skladdan gətirim adıyla qaçırdılar başqa konteynerə, lazım olan ölçünü tapıb gətirirdilər, təki, alıcı pərişan olmasın. Həm də biri-birinə yardım edirdilər bu cürə.

Bir daha boynundakı ölçüsünə baxıb konteynerdən çıxdı. Bəxtiyar gülümsünüb kostyumu və gödəkçəni iri paketə yerləşdirdi.

“Yadigar güzgü” məsələsini öyrənmək üçün marağımı gizlətmədim. Güzgüyə işarə edib:

– Yaxşı əlamət deyil, – dedim, – tulla getsin.

Bəxtiyarın üzündəki təbəssüm yoxa çıxdı. Fikrimi başıyla təsdiq edərək güzgüyə yaxınlaşdı.

– Bilirəm, – dedi. – Başa düşürsən, qardaşım, bu güzgünün üstündə əmioğlumun qanı var…  Əlim gəlmir tullamağa.

Məni maraq bürüdü. Soruşdum:

– Nə olub ki?

– Keçən il, Samir, əmioğlumu deyirəm, qonaq gəlmişdi Moskvaya…  – Bəxtiyar kövrəldi. – Kaş gəlməyəydi. Uşaq…  İşləməyə yox ee, helə-belə gəlmişdi, gəzməyə…  Mənə deyən lazım idi ki, ay axmaq, uşağı bazara niyə gətirirdin axı?! Apar Qızıl meydana, sirkə, kinoya…  O günə daş düşəydi!..

Bu vaxt əlində bir neçə sviter konteynerə daxil olan İxtiyar nəfəsini dərib qardaşının yarımçıq qalmış söhbətini dinlədiyimi görüb əlindəkiləri rəfin kənarına qoyub susdu.

Bəxtiyar o ağır, faciəli günün təsirinə düşdüyündən onun gəldiyini belə hiss etmədi.

– Bilirsən, – deyə davam etdi. – Samiri, lənətə gəlmiş bazara gətirdiyim gün konteyneri təzəcə açmışdım ki, aləm qarışdı bir-birinə. Arxa cərgədən kimsə bağırdı: ” Gəldilər!..” Elə bunu eşitdim. And olsun bizi yaradana, heç beşcə dəqiqə keçmədi, banditlərin bazara soxulmasıyla hər şey alt-üst oldu. Mənim konteynerimə üç pəzəvəng girmişdi. Əllərindəki beysbol dəyənəyilə boynumun ardından necə vurdularsa, huşumu itirib yerə sərildim. Handan-hana özümə gələndə, birinci əmioğlu yadıma düşdü. Başımdakı ağrıdan bir şey anlaya bilmədim; Samir o güzgünün qabağında yerə uzanmışdı. Cərgələrdəki qıy-qışqırıq, hay-haray imkan vermirdi ki, kimisə köməyə haylayım. İlahi, o günü ömrümə yazma!.. Uşağa yaxınlaşdın ki, qaldıram…  Təsəvvür edirsən, qardaşım, təsəvvür edirsən?.. Bu dəhşət idi!.. Samir, qanın içində, başından aldığı güclü zərbədən…  ölmüşdü! Samir ölmüşdü…

Lənətə gəlsin bu sınıq güzgü! Bilsəydim, heç sual verməzdim. Mən onun hələ də sağalmamış yarasına duz səpmişdim. İxtiyara içəri girən müştərini göstərib, onu havaya çıxardıb toxtaqlıq vermək istədim.

– Sən özünü üzmə, – dedim. – Rəhmətliyin alın yazısıymış…

Sözüm ağzımda qaldı. Deyəsəın bunu çox demişdilər ona.

– Nə yazı-mazı, qardaş?! Qurban olduğum bir parça çörək dalınca didərgin düşən kasıb-kusuba nə vaxt rəhm edəcək?! Elə biz bədbəxtlərin alın yazısı olur, həə?!..

Mən Bəxtiyarı yaxşı başa düşürdüm. Əmisi oğlunun ölümündə özünü günahkar bilir, qovrulur, əzab çəkirdı… (Xaos baş alıb gedən keçmiş sovet məkanında bir parça çörək pulu qazanmağın nə qədər məşəqqətli, iztirablı, qorxulu olduğunu bu anları yaşayanlardan başqa kimsə anlamaz).

Nədənsə, bu bazara gəldiyim ilk gündə Mədətin bəhs etdiyi banditlər yadıma düşdü. Əvvəlcə soruşmağa ürək eləmədim, daha doğrusu, güclə sakitləşmiş Bəxtiyarı təzədən o günlərə qaytarmaq istəmədim. Marağım bu hissə güc gəldi. Soruşdum:

– Kim idi o banditlər?

Bəxtiyar təəccüblə xeyli baxdı.

– Deyəsən təzəsən burda?

– Hə, altı ay olar…

– Deyirəm də, bilmirsən. Tixomiri tanımamış olmazsan.

– Hə, bazarın yiyəsidi.

– Bax, o vaxtı “Tixon” adı gələndə hərə başını soxmağa bir deşik axtarırdı. Onun başkəsənləri bazar sahiblərini də, al-ver eliyənləri də zara gətirmişdi. İki-üç gündən bir basqın edib haqq ödəməyənlərin dükanını alt-üst edib talayırdılar. Qəribəsi o idi ki, bazarın sahiblərinə hədə qorxu gəlirdilərsə də, zərər çəkən biz yazıqlar idik. Necə deyirlər, yanan da mən, yamanda…  Onların bir tələbi vardı ki, işləmək istəyirsizsə bizə haqq ödəməlisiz, yoxsa, halınıza baxın. Özü də elə məbləğdən dəm vururdular ki, bazar sahibləri yığdıqları yer pulunun hamısını da versəydilər yenə borclu qalırdılar. Özbaşınalıq olan ölkədə banditlərin qılıncının sağı da, solu da kəsirdi. Heç milislər də yaxın dura bilmirdilər. Elə indi də… Axırda, bezdilər haqq ödəməkdən, olan-qalanlarını yığışdırıb əkildilər, bazar da keçdi Txomirin əlinə… Əmioğlumu da onun cəlladları vurub öldürmüşdülər…

O hər dəfə Tixomirin adını elə astadan çəkirdi ki, sanki, kiminsə eşidəcəyindən ehtiyat edirdi. Bu neçə ayda baş verənlərdən hali olduğumdan onun təlaşını başa düşürdüm.

Söhbət banditlərdən düşmüşkən ondan “Berkut” barədə soruşdum. Çoxdan Moskvada al-ver etdiyindən onun barədə eşitməmiş olmazdı. Təəccüblə üzümə baxıb soruşdu:

– “Berkut” u hardan tanıyırsan?

– Yoox, – dedim, – tanımıram. Eşitmişəm bu barədə…

– Heç kim onu yaxşı tanımır, vallah! Deyilənə görə, Tixomirin bir düşməni varsa, o da “Berkut” du. Arxası yuxarılara bağlıdı. Demək olar ki, şəhərin yarısına nəzarət edir. Bulardan heç nə qopara bilmir, dişi batmır. “Tixon” da özünə görə deyil haa, avtortetdi. Bir dəfə güclü “razborka” ları da olub, qan su yerinə axıb. Vallah, eşitdiyimi deyirəm. Nə bilim…

– Görən olmub onu?

– Pul yığan var ee, Vitalik, o deyirdi ki, Moskvaya qara “Ceep” i birinci gətirən odu. Başqa heç nə…

Məni maraq götürdü:

– Bizim Vitalik?! Gəncəli Vəfadar?

Bəxtiyar təəccübləndi:

– Hə də. Tanıyırsan onu?

Daha heç nə demədim. Fikirləşdim ki, yaxşı olar Vəfadarı görəndə soruşaram.

Cərgələr arasında bir az var-gəl edib İxtiyarın yanına qayıtdıq. O kostyum bəyənmiş müştəriylə haq-hesablaşırdı. Gülümsəyib onu yola salandan sonra mənə yaxınlaşdı. Bu söhbətin təsirindən özümü narahat hiss edirdim. Sviterdən birini götürüb əynimə keçirdim. Daha güzgüyə yaxınlaşmadım.” Necədi?” – soruşdum.

– Əə-ladı, qardaş canı! – dedi. – Lap əyninə toxunub. Sağlıqla geyin!

– Hesabla…

Bəxtiyar çox səmimi olaraq:

– Qonağım ol, – dedi. Mən təşəkkürümü bildirdim. Çox çək-çevirdən sonra beş yüz dolları cibinə basdım.

Sviteri də kostyum olan paketə qoyub, “mer-meyvə lazım olanda utanmayın, gəlin dükana” deyib qardaşlarla xüdahafizləşdim.

Yol boyu “Berkut” fikrimdən çıxmırdı. Kim idi kabus kimi xəyalımda dolanan bu varlıq? Niyə axı yadımdan çıxara bilmirəm onu, niyə?!

Yaşadığım binanın altındakı marketə girib kolbasa, pendir, bulka alıb evə qalxdım. Ərzaqları mətbəxə, paltarları divanın üstünə qoyub duşa girmək istəyirdim telefona zəng gəldi. Mədət idi. Əvvəlcə mənzildən xoşum gəlib-gəlmədiyini, işlərin necə getdiyini, bir çətinlik olub-olmadığını xəbər aldı. Mən xatircam olduğumu bildirəndən sonra dönə-dönə “Bakı” restoranında görüşəcəyimizi yadıma saldı.

– Əlbəttə, – dedim, – sabah axşam yeddidə ordayam. Arxayın…

Biz aldanmışıq, Rufatcan, aldanmışıq…  Elə siz də…

– Ara, Rufaat, bu sənsən? Ara, albatta, sənsən!.. Ara, bayaxdan baxiram, baxiram…  On, ili ne on? Kaneçno je on!.. Salam ara, Rufatcan…  tı menya ne uznal? Mənəm daa, ara, Armen…  ermenikend…  Rafikin qardaşı… Qarabax, zasada… Yaddan çixib? Ay oynun olsun sanun! Tanimadi haa…

Əvvəlcə bizim masaya diqqətlə göz qoyub, sarışın, hündürboylu cavan ofisiantla bir şüşə “Ararat” konyakı göndərən, ərklə: “zemlyaki, nuş olsun!” deyib, başını yellədərək salamlaşan, sonra da mənə yanaşıb yüz ilin tanışı kimi qucaqlaşan, onunla “əlli-əlli” vurmağı xahiş edən orta yaşlı bu kişini indi yadıma sala bildim. O, Rafiqin adını çəkməsəydi, çətin ki, Marqonun təsvir etdiyi kimi yadımda qalardı. Hətta Qarabağda baş verən olayı xatırlatsaydı belə, Armen mənim yaddaşımda nəfəsindən səngər rütubəti, paltarından barıt qoxusu gələn, illərlə saqqalı qırxılmayan, dişləri saralmış, gözlərinin altı tuluqlamış zabit kimi qalmışdı…  Əlbəttə, gizlədə bilmədiyim təəccübümü o da sezdi. Müəmmalı-müəmmalı gülümsündü.

Qarşımda bahalı ətir və Yerevan konyakının tünd qoxusu gələn qara kostyumlu, üzü təraş olmuş, cod saçları səliqəylə arxaya daranmış, qafqazlılara xas sərt üzlü, lakin artıq Moskva abu-havasını udub rəngi-ruhu dəyişmiş orta yaşlı bir kişi dayanmışdı. Sadəcə, bir balaca çox içdiyindən dil-boğaza qoymurdu ki, bu da ciddi-cəhdlə yaxın keçmişini ört-basdır edə biləcək avropasayağı geyiminə heç cürə yapışmırdı, hətta bir az da gülünc görsənirdi. Yaxşıca yeyib-içdikləri, keyflərinin saz olduğu onunla bir masa arxasında oturan, əsasən Moskva restoranlarında pullu, qadın düşkünü olan qafqazlı müştərilərlə yeyib-içəndən sonra onlara intim xidmətlər göstərən ayağısürüşkən qızların həddən ziyadə şənlənməsindən də məlum idi.

O bizim masaya yaxınlaşanda, ağzını açan kimi ləhcəsindən erməni olduğunu duymuş Mədət qoltuğunun altında saxladığı pistoleti tez-tez barmaqucu “yoxlamasını” hiss etmişdim. Onu qınaya bilməzdim, çünki son vaxtlar Moskvada baş verən çaxnaşmalardan sonra üstündə silah gəzdirdiyini bilirdim – özünümüdafiə üçün. Amma burda, Allah eləməmiş, bir xəta çıxmasını heç birimiz istəməzdik!

Armenlə gözlənilməz görüşə məətəl qaldığım qədər də narahat olmağa başladım. Əvvəlcə, Mədət çağırılmamış sərxoş qonağın bizə “ilişdiyini” zənn edib, hər hansımıza zərər verə biləcəyini düşünərək tez ayağa qalxdı, onu çox mədəni formada, özünəməxsus təmkinlə masamızdan uzaqlaşdırmaq istəyəndə əlimlə işarə etdim ki, narahat olmasın, tanışdı. Yenə də ürəyimi yeyirdim: ” Birdən ağzından qələt-zad çıxardar, peşiman edər məni, onda necə? İçkili adamdan nə desən gözləmək olardı. Heç yeriydi? Əcəb yerdə axşamladıq…” Mədəti sakitləşdirsəm də mənim gərginliyimi duymuşdu. Arif adamdı bu Mədət.

Armenin qəfil şaqqanaq çəkib gülməsi məni fikirdən ayırdı. O artıq bizim masanın arxasında oturmuşdu.

Mədətlə Vəfadar, nəhayət ki mənim təzə işimi “yumaq” üçün Moskvanın düz göbəyində yerləşən “Bakı” restoranında masa sifariş verəndə mənim ağlıma da gəlməzdi ki, indiki vəziyyətdə azərbaycanlıların restoranına ermənilər də gələr. Əvvəlki vaxtlar deyildi axı?! Hələ də gözlərimin qarşısından getməyən müharibənin dəhşətləri qeyri-ixtiyari bunu düşünməyə vadar edirdi, burdakılarınsa heç vecinə də deyildi. Çaşqınlığımı görən Vəfadar sakitcə qulağıma dedi ki, narahat olma, bura Qarabağ deyil ha, biri-birimizə güllə ataq? Rossiya-şedraya duşa! Oralara ağlın getməsin, burda hamıya yer var. Təki öz yerini biləsən…

“ Bakı” restoranı öz interyeriylə, yüksək səviyyəli personalıyla, əsasən mətbəxi ilə – Azərbaycandan gətirilən cürəbəcürə ləziz təamları, təzə meyvə-tərəvəziylə fərqlənirdi və paytaxt qonaqlarının xüsusi rəğbətini qazanmışdı. Azərbaycanı, onun mətbəxini sevənlərin ən arzuolunan istirahət guşəsi, məhz buraydı, inanın ki, burada hər kəs özünü Azərbaycandakı kimi hiss edirdi. Əlbəttə ki, Moskvada yaşayan, işləyən, qonaq gələn həmvətənlilərimiz də fəxr və iftixarla öz dostlarını heç fikirləşmədən, məhz bu restorana dəvət edirdilər.

 

Restoranın kiçik orkestri Tofiq Quliyevin hansısa tanış melodiyasını ifa edirdi.(Şarl Aznavurun mahnısını oxusaydılar heç təəccüblənməzdim.) Zalda nastalji kohnə Bakı abu-havası duyulurdu…

Mənim spirtli içkilərlə yaxın “dostluğum” olmadığından içmirdim. Vəfadar konyakdan süzüb tanışlıq şərəfinə badə qaldırdı. Vurdular.

O bizə yaxınlaşana qədər içkiliydi, həm də heç nə yemirdi. Deyəsən, konyak onu əməlli-başlı tutmuşdu. Tez-tez dostlarına tərəf boylanıb əliylə işarə edirdi ki, indi gəlirəm, amma bizdən belə tezliklə aralanacağına özü də əmin deyildi. Yəqiin ki, dostları onun xasiyyətinə yaxşı bələd olduğundan heç də narahat görünmürdülər.

– Çoxdan Moskvadasan? – Soruşdüm.

– O zasadadan iki gün sonra, tüpürdüm hər şeyə. Az qalmışdı sizə görə paz vursunlar dalıma. Ha-ha-haa!.. Ara, bu dava çox uzanacaq, vallax! Klyanus boqom, bizi lox sayırlarmış ee, loxx!.. İndi qoy başqaları vuruşsun. Mən heyvan kimi yaşamaq istəmirəm daha…

Armenin səmimiyyətnə şübhə etmirdim. Düşmənçiliyin fanatikcəsinə beyinlərə tıxlaşdırıldığı, nifrət, qəzəb tüğyan edən bir vaxtda onun risk eləyib bizi azad eləməyi, doğrudan da ağılasığmaz bir hərəkət idi. Hələ indiyə kimi anlamıram ki, onu buna vadar edən nə idi?!.. O öz həyatı bahasına başa gələcək addım atmışdı. Elə o gündən də ona bir can borcum olduğunu unutmamışdım. Başqa vaxt, başqa bir şəraitdə onunla təsadüfən görüşsəydim nələr edərdim, özüm bilirəm. Xasiyyətimə bələd olanlar bilirdi ki, milliyətindən asılı olmayaraq hər insan üçün ürəyimdə yer var, təki insan olsun. Amma belə bir gündə rastlaşmağımız heç ürəyimdən olmadı. Mən heç e, bu uşaqlar onu yaxşı tanımırdılar, bələd deyildilər, bir də şeytanın qıçını sındırıb, ayda-ildə bir dəfə bir yerə yığışıb kef çəkmək, dərddən-sərdən uzaq olmaq istəyirdilər, bu da özün hardan yetirdi, bir Allah bilir.

“ Yaxşı, tanıdın, görüşdün, dostlarımla tanış oldun, bir “əlli” də vurdun…  başqa bir vaxtda, daha əlverişli şəraitdə, həm də ikimiz görüşüb dərdləşə bilərdik, daha əhvalımızı pozan, dərdləri təzələyən söhbətlərin yeri deyildi axı?! Orda olanları qurdalamaq kimə gərəkdi axı?” Bir yandan da fikirləşdim ki, burda nə var ki, dərd elə hamımızın dərdidir, bunlar da mənim başım çəkən müsibətlərin kiçik xronikasına səyahət edirsə daha yaxşı, məni də yaxından tanıyarlar, bilərlər, maraqlanarlar bəlkə də…  Çünki, heç vaxt, bəziləri kimi yerli-yersiz, yekəxanalıq edib cəbhədən, döyüşlərdən danışmazdım. Qəribəsi o idi ki, onlar bu barədə soruşmazdılar, mənə elə gəlirdi ki, bu mövzuda olan söhbətlər onlar üçün maraqlı deyil…  Bəlkə yanılırdım, amma…

Ürəyimə min cürə fikirlər gəlirdi. Deyirdim, bəlkə bu bir təxribatdı, ya da sadəcə, əvvəlcədən hazırlanmış ssenariyə əsasən burda istirahət edənlərdən kimisə aradan götürmək üçün qurulan hiylədi. Elə məqam gözləyirlər ki, kimsə “millət”, “torpaq” söhbəti eləsin, sözlər çəpləşsin və başlansın vur-haray…  Belə hadisələr tez-tez olurdu axı. Restoranın ətrafında dolaşan milislər də elə bir haya bənddi…

Mən belə düşünürdüm, lap detektiv romanlardakı kimi bir anlığa xəyalımda da canlandırırdım. Çünki, düşmənlə səngərdə, üz-üzə döyuşmək ayrı, başqa şəhərdə bir stol arxasında oturub “vurmaq” ayrı. Düşmən yenə düşməndi. Diqqətimi çəkən, məni narahat edən isə zalda oturanların bizə tərəf çəpəki baxmasıydı; bizim öz dilimizdə danışdığımıza görə yox a, rus dilində danışsa da ləhcəsindən erməni olduğu açıq-aşkar bilinən Armenə görə. Onları başa düşürəm. Moskva da ki, özün bilirsən, balam, heç Bakıdan fərqlənmir; hara getsən, yalan olmasın, elə beş-on adamdan biri azərbaycanca danışır. Elə ki, darıxdın, ürəyin sıxıldı, könlündən kiminləsə laqqırtı vurmaq keçdi – çıx şəhərin istənilən gur yerinə, budur, görəcəksən ki, nə bir, nə iki, lap beş nəfər həmyerlinə rast gəldin, day bazarları demirəm: hansına ayaq basdın, pəh, budu, hansı bölgədən istəsən tap, istədiyini al çənənin altına, doyunca mırtdaş da…  Amma, birdən, çaşıb uzun illər dost olduğun erməniylə deyib-gülüb, danışdın, vay sənin halına – hərə bir vedrə bağlıyacaq. Hansı ki, o vedrə bağlıyanlar nə döyüşlərdə olub, nə də baş verənlərin məğzini bilirlər, hələ oğrun-gizlin ermənilərlə münasibət qurur, dostluq edir, şərik biznes də yaradır…  Qonşu masalardan altdan-altdan, oğrun-oğrun, kinlə bizə dikilən gözlərə fikir vermək kifayət edərdi ki, sakitcə durub burdan əkiləsən…  Amma, lənətə gəlmiş bu qafqazlı qonaqpərvərliyi öz işini görürdü: qonağı süfrədən qovmayacaqdıq ki?!

Armen öz aləmindəydi. Heç vecinə deyildi. Səsinin yoğun yerinə salıb danışırdı. Birdən səsi avazıdı, uşaq da hiss edəcək dərəcədə biruzə verdiyim narahatçılığımı görüb soruşdu:

– Ara, Rufatcan, deyəsən meşat elədim, haa?.. Bəlkə mən gedim?..

İncimişdi. Gözlərimin içinə baxa-baxa ürəyimin içinə girmişdi elə bil. Oxuyurdu ürəyimi.

Mədət qalxmaq istəyən Armenin qolundan tutdu ki, “otur”. Mən pərt olmuşdum. Gic-gic fikirləri beynimdən tullamağa çalışdım. ” Lənət sənə kor şeytan! “ Düşmən də olsa:

– Yoox…  C-canımçun inciyərəm, – deyə bildim.

Dodağı yüngülcə qaçdı. Amma bu razılıqdan çox pərt olduğunu biruzə verməmək, özünü sındırmamaq üçün edilən jestə daha çox bənzədi. Oturdu.

Düzü, biz buraya Vəfadarın təriflədiyi quzu kababı yeməyə gəlmişdik. Demişdi ki, Moskvanın hər dəlmə-deşiyində olan kafe-restoranlarda kabab yemişəm, amma buranın kababından ola bilməz!.. Bir saat olardı tərifli quzu kababıni sifariş edib oturduğumuz. Armenin gəlişinə qədər dəniz məhsullarından hazırlanmış soyuq “ Bakı” salatı, kolbasa, mal dilinin soyutması, göy-göyərti, pomidor-xiyar, şor və pendirlə başımızı qatmışdıq.

Soyuq qəlyanaltılardan ona təklif etdim. Nimçəsinə salatdan bir qaşıq çəkib iştahsız da olsa yeməyə başladı. Mənim kimi çəngəl-bıçaqdan istifadə etməyi yadırğadığı çəngəl-bıçağı gah sağ əliylə gah da sol əliylə tutmağından hiss olunurdu. Bir yandan da gərginlik öz işini görürdü.

Bir anlığa, əsirlikdə olarkən iri alüminium qazana çəkilmiş parça-parça mal ətini kirli əllə, elə qazandan götürüb dişimizə çəkdiyimiz gözlərim qarşısında canland – o süfrə hara, bu hara…  Allahtərəfi deyim ki, Armen olmasaydı, bəlkə o, bizim son naharımız olacaqdı. Özümü güclə gülməkdən saxlaya bildim. Deyəsən Armenin də xəyalı oralarda idi – güldü.

Bir xeyli sakitlik hökm sürdü.

Ecazkar musiqi məni ovuda bilmirdi.

Ardı-arası kəsilməyən top atəşindən məhv edilmiş dəstəmizdən beşcə nəfər sağ qalmışdıq. Buna möcüzə də demək olardı, qismət də. Nə deyirsən de, amma bu qismətin sonucu bizim əlimizdə deyildi. Düşdüyümüz şəraitdə heç nəyi götür-qoy eləmək imkanımız yox idi. Sağ qalmağımız isə kimlərinsə planını pozmuşdu. Sonralar, hospitala düşəndə, gözlərinə kabus görünürmüş kimi bizə baxan həkimlərin dediyindən belə çıxırdı ki, o yüksəkliyə göndərilənlərin hamısı ölənlər siyahısındadı. Bəli, biz ölmüşdük!

Bombardmandan sonra hara getdiyimizi belə dərk etmədən yola düşmüşdük. Əsir düşəndə də möcüzə baş verdi desəm, yanılmaram. Möcüzəni o mənada deyirəm ki, eşidib gördüklərimdən dəqiq bilirdim, türkə qarşı amansız olan ermənilərin əlindən bir nəfər də olsun elə-belə, əvəzsiz qurtula bilməzdi; əvəzində ya yanacaq, ya da bir azərbaycanlı yerinə on erməni əsirini geri alardılar…  Armen döyüş yoldaşlarına nə demişdi, sonralar özünü necə müdafiə etmişdi bilmrəm, amma danılmaz fakt o idi ki, həmin anda bizi öz həyatı bahasına xilas etmişdi…

– Ara, – deyib sükutu pozdu, – sizi buraxandan sonra fikirləşdim, fikirləşdim, kəlləmi yordum ara, bəs indi neca olacaq, ha?!.. Uşaqlar kənddən qayıdanda nə deyəcəm ha olara?!.. Ara, Rufat, mazzab haqqı, bu Armenin kəlləsi işləyirmiş, başın haqqı!.. Tövlənin qapısındakı axrannik molodoy paçan idi, özü də Spitakdan. Dedim ona ki, ara, kəndə getmədik, heç olmasa burda ikimiz bayram eləyək. Sizi göstərib dedim, ara, onlar heç hara qaçan deyil, halları pisdi…  Gətir o tut arağından vuraq. Ara, o molodoy da buna bənd imiş ha, bir butulka tutovkanı içib tövlənin qapısının ağzında xoruldamağa başladı qoca kişi kimi, ha-ha-ha…  hi-hi-hi…  Mən də getdim palatkaya…  Sonra nə oldu, başa düşdün da, ara…