Za darmo

Kosagöl

Tekst
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

Bu əlavə etdiyim iyirmi bir günüm də sona çatdı. Səhərisi günü getməliyəm. Elina həmin axşamı olduqca ləzzətli bir tort bişirdi.

–Dünənki gündən ürəyimdə həyacan sönmür. Sən gedirsən, sanki qorxuram tək qalacağımdan. Heç vaxt qorxu bilməmişəm. Əksinə, lazımsız qədər soyuq, laqeyd olmuşam, məndə olur belə şeylər. Amma, qorxu, həyəcan…

Səhərə yaxın yatsaq da, mən tez oyanmışdım. Ehtiyatla durdum, geyinib çıxdım bayıra, beş-on dəqiqə gəzişdim, siqaret çəkib girdim içəri. Pəncərəyə söykənib rahatca yatan Elinaya baxırdım. Çox keçmədi, sanki baxışlarımı hiss edub oyandı. Qalxıb, balaca güzgü qarşısında özünü qaydaya salanda çiyinlərindən qucaqladım, “– Sən paltarsız daha gözəlsən, geyinməsən daha yaxşıdır!”– deyə zarafat etmək istədim. Çevrilib, başını söykədi sinəmə. İki əlimlə başını qaldırdım. Yanaqlarında yaş gilələri var idi…

***

–Qərara gəlmişəm bu ucqar yerdən işdən çıxacam, sonrasına baxarıq. Şəhərə, sənə yaxında iş də tapa bilərəm özümə. – dedi Elina.

–Uzun müddət görüşə bilməsək, mən də gələ bilərəm bir neçə günlüyə kəndə.

Harada yaşamağımı, iş yerimi dedim Elinaya. Məni yola salanda ayrılmadı məndən, dilə tutsam da, xeyri olmadı, bir neçə km məsafədə olan qonşu kəndəcən mənimlə gəldi. Burada şəkil çəkdirmək üçün bir otaqdan ibarət, fotostudiya adlanan yer var idi. Elina məni dartıb gətirdi ora. Bir neçə rakursda şəkil çəkdirdik. “Plyonkam dolsun, iki günə hazır edərəm”, – dedi fotoqraf.

Elina mənə:

–Sənin şəkil payını qoruyub çatdıracam! – dedi.

Son dəfə qucalaşdıq, dodaq-dodağa dayandıq, bir neçə dəqiqə beləcə də qaldıq.

–Mənim əzizim, vaxt bitdi. Ayrılığın zamanı gəldi!

Elinanın gözlərinin içinə baxaraq sual etdim:

–Görəsən bizim ayrılığın zaman məhdudiyyəti olacaq, ya üzü sonsuzluğadır? – Bir daha Elinanın fikrini öyrənmək istədim.

Elina:

–Düşünürəm, uzun çəkməyəcək. Amma, gəl özümüzü verək taleyin ixtiyarına! – dedi.

Nə olar, bu fikir daha doğru. Bütün düymələr taleyin əlindədir. Hansı qapını açacaq, özü bilir.

–Səndən xəbər gözləyəcəm, Elina! – dedim.

–Yazacam, əzizim mənim! – qışqırdı arxamca…

***

–Gör, nə qədər çiyələk yığmışam! – həyat yoldaşımın səsi ayıltdı məni, Elinalı günlərdən qoparıb qaytardı bu günə. Getmək lazım idi.

Göl yenidən başladı çalxalanmağa. Bayaqkından çox güclü. Başa düşdüm ki, göl vidalaşır mənimlə. Elinanın əvəzinə…

Maşına oturduq, işə salıb düşdük yola.

–Sifətinə nə olub, sanki diş həkiminin qəbulundasan, – yoldaşım zarafat etdi.

–Daxildə tüğyan edən əzabdan-ağrıdan qurtarmağın iki yolu var: birisi – ölmək; ikincisi isə tükənmək bilməyən məhəbbətlə sevmək! – Nədənsə, özüm-özümə hansısa klassikin ömürlük yadımda qalan sözlərini dedim.

–Bu ifadə nəyə işarədir? – yoldaşım soruşdu.

–…Sevirəm səni! – dedim…

Əlvida, kənd! Əlvida, Kosagöl!..

***

Birinci kitabın sonu.