Müqəvva

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Mənə elə baxma! – Lenka dözməyib qışqırdı, – Tək başına burada nə edəcəksən?.. Şəkilləri də özünlə götür, gedək!

– Nə danışırsan, özünə gəl! – Nikolay Nikolayeviç şəkillərə baxdı, – Bu, mümkün deyil. Onlar burada doğulublar… Bu torpaqda… Bu şəhərdə… Bu çayın sahilində… Burada da əbədi yaşamalıdırlar… Bir dəfə müharibə vaxtı hospitalda yatanda yuxumda uşaq olduğumu və bu şəkillərin qarşısında dayanıb, onlar arasından qaçan günəş dovşanlarını seyr etdiyimi gördüm. Məhz onda qərara gəldim ki, əgər sağ qalsam, əbədi olaraq öz doğma evimdə yaşayacam. Asan olmadı, amma bir yolla gəlib çıxdım. İndisə mənə elə gəlir ki, heç burdan getməmişəm, həmişə burda olmuşam. Başa düşürsən? Həmişə… – O, günahkarcasına və müdafiəsizcə gülümsündü, – Uzun yüz illiklər… Mənim həyatım başqa birinin, ya da birilərinin davamıdır. Tam səmimi deyirəm. Hərdən mənə elə gəlir ki, bu rəsmləri ulu babam yox, elə özüm çəkmişəm. Şəhərdə ilk xəstəxana açan feldşerin sanki babam deyil, mən olduğumu düşünürəm. Təkcə sənə etiraf edə bilərəm. Başqaları başa düşməzlər. Sənsə necə lazımdır anlayarsan. Sən bura gələndə mən axmaq kimi arzulara daldım. Düşündüm ki, sən də burada böyüyəcəksən, bu evə alışacaqsan və uzun həyatını bu şəkillər arasında yaşayacaqsan. Sənin valideynlərin dünyanı dolaşsalar da sən öz doğma evində yaşayacaqsan. Həm də ömür boyu. Amma alınmadı…

Nikolay Nikolayeviç qəfil Lenkaya yaxınlaşıb qətiyyətlə dedi:

– Qulaq as, gəl bütün bunlara son qoyaq, – gümrah səslə danışmağa çalışırdı, – Məktəbə qayıt, vəssalam!

Lenka güllə kimi babasından uzaqlaşdı və portfelini götürüb qapıya cumdu. Nikolay Nikolayeviç onun yolunu kəsdi.

– Çəkil! – ondakı bu cür qətiyyəti Nikolay Nikolayeviç hələ görməmişdi. Dodaqları, üzü təbaşir kimi ağarmışdı, – Çəkil, dedim sənə! Çəkil! – portfeli onun üstünə atdı. Çanta qulağının dibində uçub divara dəydi.

Nikolay Nikolayeviç təəccüblə Lenkaya baxırdı. Qapıdan çəkilib divanda oturdu.

Lenka bir qədər qərarsızlıq içində dayanıb, günahkarcasına başını aşağı salıb babasının yanında əyləşdi.

– Sən mənə qəzəblənmə, yaxşı? – Lenka xahiş etdi, – Qəzəblənmə. Sadəcə mən bir az qəribəyəm. Həmişə nəyisə düz etmirəm, – Lenka Nikolay Nikolayeviçin gözlərinin içinə baxdı, – Məni bağışladın? Hə?..

– Heç nəyi bağışlamadım, – Nikolay Nikolayeviç hirslə dedi.

– Yox, bağışlamısan. Hə. Gözlərindən görürəm, – sevinclə dedi, – Mən zarafat edirdim…

– “Zarafata” bax! – Nikolay Nikolayeviç gileyləndi, – Doğma babasının az qala başını yarırdı.

– Bax, bu yalandır.

Onun üzü qəfildən necə rəng alıb-verdisə Nikolay Nikolayeviç gülümsədi. Lenka yenidən şən olmuşdu – yanaqları yumurlandı, dodaqları qulağına çatdı.

– Mən ki kənara atmışdım.

Birdən onun üzü yenidən çarəsiz hal aldı.

– Bircə sözümü kəsmə, yaxşı? Sözüm yarımçıq qalsa, sonra danışa bilməyəcəm. Beləsə hər şeyi danışacam, hər şeyi. Heç bir hiyləsiz, əlavəsiz.

– Yaxşı! – Nikolay Nikolayeviç sevindi, – Sən sakitləş və danış. Tələsmədən, ətraflı… Sənə necə rahatdırsa, elə danış.

– Bir də sözümü kəssən, çıxıb gedəcəm! – Lenkanın dodağı büzüldü, gözləri yığıldı, – Mən artıq əvvəlki kimi deyiləm. Daha qərarlıyam! – danışmağa başladı.

Beşinci hissə

– Məktəbə ilk gəldiyim gün sinif rəhbərimiz Marqarita Kürəni müəllimlər otağına çağırıb xahiş etmişdi ki, məni sinifə ötürsün. Biz dəhliz boyu getdikcə istəyirdim ki, onunla dostlaşım. Baxışlarını tutub gülümsəyirdim. O isə mənə baxıb lap ürəkdən gülürdü. Əlbəttə, axı mənim çox axmaq gülüşüm var – ağzım qulaqlarıma kimidir. Elə ona görə qulaqlarımı hörüklərimin altında gizlədirdim. Sinif otağına çatanda Kürən dözməyib qapıdan girərək ürəkdən güldü:

– Uşaqlar, sinfimizə yeni şagird gəlib! – dedi və gülməyə davam etdi. Bundan sonra mən yerimdə donub qaldım. Demək olar ki, ağac kimi tərpənməz oldum. Başıma bu cür hallar çox gəlib.

Kürən otaqdan çıxdı, qolumdan tutub sinfə dartdı və yenidən ürəkdən gülməyə davam etdi. Onun yerində kim olsaydı, eynisini edərdi. Bəlkə də, mən onun yerində olsaydım gülməkdən ölərdim. Mənim belə yöndəmsiz olmağımda heç kəsin günahı yoxdur. Mən heç Kürəndən də incimədim, hətta qapıdan içəri dartdığına görə ona minnətdar oldum. Tərs kimi ayağım qapının kandarına ilişdiyindən Kürənlə birlikdə yerə yıxıldıq. Paltarım qalxdı, portfelim əlimdən uçdu.

Sinifdə kim vardısa hamı məni süzür, maraqla incələyirdi. Ayağa qalxdım və yenidən üzümdə həmin təbəssüm yarandı. Mənə kimsə diqqətlə baxanda özümdən asılı olmur, gülürəm.

Valka qışqırdı:

– Ağzı qulağına kimi…

– İstəsən düyün bağla…

Tüklü isə gülməkdən özünü güclə saxlayıb dedi:

– Kimlərdənsən?

– Bessolçevlərdənəm. Lenka, – və yenidən axmaq kimi gülümsədim.

Kürən fərəhlə qışqırdı:

– Dostlar, bu ki, Yamaqlının nəvəsidir!

Lenka hekayətini yarım qoyub Nikolay Nikolayeviçin üzünə baxdı.

– Utanma! Utanma! Davam et, – Nikolay Nikolayeviç dedi, – Bu sözə necə münasibətim olduğunu sənə ki demişəm. Vecimə deyil, qətiyyən incimirəm.

– Mənsə bu haqda bilmirdim, – Lenka sözünə davam etdi, – Ümumiyyətlə, sənin ləqəbin haqqında bilmirdim. Həm də hazırlıqlı deyildim. Mənim babam… dedim, – Yamaqlıdır? Niyə belə adlandırmısınız?

– Burda pis nə var ki? – Tüklü dedi, – Məsələn, mənə hamı Tüklü deyir. Kürənə hər kəs Kürən deyir. Sənin babana isə “Yamaqlı”. Necə, səslənir?

– Pis deyil, – deyə razılaşdım.

Düşündüm ki, onlar əylənirlər və zarafat etməyi çox sevirlər.

– Demək, mənim babamı yaxşı tanıyırsınız? – soruşdum.

– Bəs necə… – Tüklü dedi, – O, bizdə çox məşhurdur!

– Hə, hə. Çox məşhurdur! – Valka təsdiqlədi, – Bir dəfə şəxsi söhbət zamanı babandan soruşdum ki, niyə it bəsləmir. Bilirsən, mənə nə cavab verdi? Dedi ki, insanları qorxutmamaq üçün it saxlamıram.

– Mən sevindim.

– Bu ki, əladır! – dedim.

Digər uşaqlar da təsdiqlədilər:

– Əladır!

– Onun sözünü biz daim xatırlayırıq. – Valka davam etdi, – Bağındakı almaları… Nə idi o?..

– Yığanda… – Kürən əlavə etdi.

Hamı nədənsə yenidən gülməyə başladı.

Lenka yenə susub Nikolay Nikolayeviçə baxdı.

– Bax, necə axmaq olmuşam, – Lenka dedi, – Hələ indi başa düşdüm ki, onlar mənə gülürlər, – Lenka oturduğu yerdə dikələndə arıq, uzun qaməti göründü, – Baba, mən gərək həmin gün səni müdafiə edərdim!

– Boş şeydir, – Nikolay Nikolayeviç dedi, – Bağımdakı almaları daşımaları xoşuma gəlirdi. Onları çox tez-tez güdürdüm. Bellərini əyib gizlənə-gizlənə harda görürdülərsə qucaqlarına yığırdılar. Bu, bizim aramızda kiçik oyun idi. Özümü elə aparırdım ki, guya onları heç görmürəm, onlar da özlərini hiyləgər hesab edib alma yığmağa davam edirdilər. Hətta həyatlarını riskə atdıqlarını düşünürdülər, ancaq bilmirdilər ki, bu hərəkətlərinin əvəzində onlara heç nə etməyəcəm.

– Sən xeyirxahsan! Elə həmin gün onlara da dedim ki, sən xeyirxahsan!

Popov isə belə dedi:

– Onun paltosuna yamaqları mənim anam tikib. Demişdi ki, siz ehtiyatda olan zabitsiniz və buna görə təqaüd alırsınız. Belə yamaqlı paltoda gəzmək sizə yaraşmaz. O isə anama cavabında “Mən babayam, əlavə xərclərə pulum yoxdur” – deyib.

– Hə, Popov, əcəb söz danışırsan, – Kürən dedi, – Yoxsa onu xəsis hesab edirsən?

Tüklü davam etdi:

– O xəsisdir? Mənim nənəmə bir şəkilə görə 300 rubl verib, deyib ki, “Bu, mənim ulu babamın çəkdiyi rəsmdir”.

Hər kəs yenidən güldü, ağıllarına nə gəldisə, sənin haqqında uydurdular.

– Nənələr…

– Xalalar…

Elə bu məqamda mən ürəkdən güldüm. Gülməli yanı ondan ibarətdi ki, ulu babamızı “ulu nənə”, ya da “ulu xala” ilə əvəz edirdilər. Gülməlidir, hə? – Lenka Nikolay Nikolayeviçdən soruşdu, – Bilirsən, mən ürəkdən güləndə yer üzündəki hər şeyi unuduram, gülməkdən dayana bilmirəm.

Lenka bir anlıq yenidən güldü. Bu gülüşdən çox yerə düşən zınqrovun çingiltisinə bənzəyirdi. Yenidən dodaqlarını büzdü.

– Əvvəllər yer üzündə hər şeyi unudurdum, – ciddiləşərək öz sözünü düzəltdi, – İndi isə… – O susdu.

Nikolay Nikolayeviç səbirlə əhvalatın ardını gözləyirdi. Ona və özünə söz vermişdi ki, sözünü yarıda kəsməyəcək. Bununla yanaşı, tezliklə bütün bu anlaşılmazlığa nəyin səbəb olduğunu bilmək istəyirdi. Üstəlik, Lenkanı dinləmək rahat idi. Onun səsindəki təlatümlər, üzərinə su tökülən qaynar kömür kimi sönən, sonra yenidən alovlanıb qəfildən parlayan baxışları Nikolay Nikolayeviçi heyran edirdi.

Nikolay Nikolayeviç həyatı boyu bu cür üz görməmişdi. Onda zamanın sirli gücü əks olunurdu. Sanki bu sima yüzillikdən sonra onun üzünə hopmuşdu. Bunu daim hiss edirdi.

– Bəlkə bu hiss onda “Maşka”nın evə gəlişindən sonra yarandı?

– Ümumiyyətlə, Valka olmasaydı gülməyimi dayandıra bilməzdim, – Lenka yenidən danışmağa başladı, – O gülərək dedi ki, sən onun nənəsinə 300 rubl verib hansısa rəsm əsərini almısan.

– Nənəmin dediyinə görə, xoşbəxtlikdən az qala öləcəkmiş. Düşünürmüş ki, iyirmiliyə satsın, o isə üç yüz verib.

Valka lövhəyə qaçıb təbaşirlə portfeldən heç də böyük olmayan dördbucaq çəkdi.

– Baxın, bu balacalığında şəkilə üç yüz! – Valka davam etdi, – Şəkildəsə adi çörəkli xala təsvir edilibmiş.

– Dəyirmi çörəkli qadın, – Nikolay Nikolayeviç ciddi və xüsusi vurğuyla dedi.

– Mən ki, bilirəm, sən narahat olma. Mən sənin bütün şəkillərini tanıyıram, – Lenka etiraf etdi.

– Hə, bir də babana çatdır ki, – uzunboğaz Valka qışırdı, – bu cür nəvəsi olduğuna görə onu təbrik edirik. Tamamilə ona bənzəyir!

– Yamaqlı ilə bir bezin qırağıdırlar, – Kürən əlavə etdi.

Mənsə nədənsə təsdiqlədim.

– Düzdür, babamla eyni bezin qırağıyıq!

Nikolay Nikolayeviç Lenkanın bu sözləri necə çaşqınlıq içində dediyini aydın təsəvvür etdi: sevincək olub yerində hoppanır, başını tutuquşu kimi çevirir, ağız küncləri üzü yuxarı qalxır. Lenkanın çarəsiz təbəssümü onun xoşuna gəlirdi. Onlar üçünsə sadəcə əyləncəydi.

 

Tüklü də belə çığırdı:

– Gül-mə-li-dir! Lenka, sən çox gülməlisən!

Kürən yenə təsdiqlədi:

– Gülməli deyil, müqəvvadır!

– Bostan müqəvvası, – Valka zövqlə dedi.

Əlbəttə ki, hər biri Lenkanı ələ salır, kimə nə xoş gəlirdisə, deyib gülürdü. Kimi qarnını tutur, kimi ayaqlarını yerə çırpır, kimi də “Daha bacarmıram” deyərək gülürdü. Lenka isə səmimi qəlbdən düşünürdü ki, onlar Lenkanın özünə yox, onun zarafatına, sözünə görə gülürlər.

Lenka hiss etdi ki, Nikolay Nikolayeviç şübhəli halda narahat olur. Sanki Lenkanın hekayətində nəsə onun xoşuna gəlməmişdi.

– Baba, sən mənə qulaq asmırsan? – Lenka titrəyən səslə soruşdu, – Bəs niyə?

Nikolay Nikolayeviç unatanaraq gözlərini qaldırıb ona zillədi və necə edəcəyini bilmədi – həm həqiqəti danışıb Lenkanı yenidən küsdürmək istəmirdi, həm də yalan danışmaq ona çox çətin idi.

– Cavab vermə! – Lenka ildırım sürətilə cavab verdi. O, hər şeyi anlamışdı, – Mənə yazığın gəldi? Hə?.. Hələ onda? – o, tənbeh edirmiş kimi gülümsündü, – Sən bir bax ha, heç mən başa düşməmişəm. Hər şeyi təmiz qəpiyə bənzədirdim. Eynilə. Gülürdülər. Özümü kənardan görürəm – axmaq olmuşam, – sonra sakit səslə əlavə etdi, – Şaxtadan gəlmiş axmaq…

Lenka qəfildən necə çevrildisə Nikolay Nikolayeviç onun iri nəmli gözlərinə tuş gəldi.

– Əziz babam! – Lenka babasının əlini qaldırıb, tutub öpdü, – Məni bağışla!

– Nə üçün? – Nikolay Nikolayeviç heç nə başa düşmədi.

– Onlara inandığım üçün, sənə gülmələrinə icazə verdiyim üçün.

– Məgər bu, sənin təqsirindir?– Nikolay Nikolayeviç dedi. – Heç onlar da təqsirli deyillər. Əksinə yazıqdırlar. Kömək etmək lazımdır.

– Bəlkə, sən onları çox sevirsən? – Lenka şübhəylə Nikolay Nikolayeviçə baxdı.

O, həmin dəqiqə cavab vermədi, bir qədər keçdi, düşündü, sonra cavabladı:

– Əlbəttə!

– Valkanı da?– Lenka heyrətləndi. Kürəni də? Tüklünü də?

– Hər birini ayrılıqda yox! – həyəcandan Nikolay Nikolayeviçin boğazı qurudu. Get-gedə nəfəs almağı çətinləşir, boğulurdu, – Ümumiyyətlə, hamını sevirəm, çünki insandırlar.

– Əgər əsəbiləşəcəksənsə danışmayacam, – Lenka dedi.

– Yox əsəbiləşmirəm, – Nikolay Nikolayeviç güldü, – Buna bax, heç boğulmaq da olmaz. Sən davam et, mən eşidirəm.

– Demək, Kürən məni “Müqəvva” adlandıranda, – Lenka dedi, – onu arxadan kimsə itələdi. Mən də ilk dəfə Dimka Somovu orada gördüm. Bilirsən, birinci o məni gördü. Gözləri tünd mavi, saçları ağ, üzü isə ciddi, eynilə sirli “Yatmış oğlan” kimi görünürdü.

Kürəni isə elə bərk itələmişdi ki, gedib Popova dəyib yenidən Dimkanın üstünə cumdu. İstədim qışqırım ki, mənim üstümdə dalaşmasınlar. Eybi yoxdur, qoy Müqəvva olum, nə fərqi var ki?.. Ancaq gec idi, artıq dalaşırdılar.

Gözlərimi bərk-bərk yumdum. Adətən dava düşəndə belə edirəm. Axı sənə deməmişəm, mən əvvəllər qorxaq olmuşam. Qorxanda əlim-ayağım süst qalırdı. Cansız kimi tərpənə bilmirdim. Ancaq dava qızışmadı. Dimkanın sakit səsini eşitdim:

– Müqəvva özünsən, həm də bostan müqəvvası yox, ən adisindən – kürən müqəvva.

Gözlərimi açanda gördüm ki, Dimka bir əliylə Kürənin xirtdəyindən bərk yapışıb. O isə qaşqabaq sallayıb təkrarladı:

– Mən adi kürən müqəvvayam!

Hər kəs ona gülürdü, ancaq o, özünə başqalardan daha yüksək səslə gülürdü. Baba, sən ki onu görmüsən, – Lenka dedi, – O, doğurdan gülməlidir, hə? Əsl sirk təlxəyidir. Heç parik də lazım deyil, anadangəlmə kürəndir.

Kürənə güldüyümüz an Marqarita sevincək halda sinfə girdi. Bir əlində sinif jurnalı, digər əlindəsə rəngli polietilen torbada bağlama tutmuşdu.

– Hə, yeni gələn! – məni görcək dedi, – Səni hara yerləşdirək?

O gözləriylə oturacaqlara nəzər salanda qızlar onu sorğu-suala tutdular ki, “Doğurdan, ərə gedirsiz?” və beləcə Marqarita mənə yer tapmağı unutdu. Marqarita xoşbəxtlikdən işıq saçaraq dedi ki, “Bəli, ərə gedirəm!”, sonra əlindəki bağlamanı torbadan çıxarıb açdı, içindəki konfetləri açıb masaya qoydu.

– Ondandır? – Şmakova cavabı təxmin edərək soruşdu.

– Ondandır! – Marqarita daha çox işıq saçdı, – Şirinlikdir, buyurun! – deyib xüsusi əl jestilə dəvət etdi.

Hər kəs öz yerindən atılıb konfetləri bir-bir ağzına basdı.

Marqarita isə deyirdi:

– Bir-bir götürün, bir-bir! Yoxsa, hamıya çatmaz.

Mən də konfet götürdüm.

Şmakova isə birini yeyib, digərini Dimkaya uzatdı. Elə səs-küy qalxmışdı ki… Qızlar da xoşbəxt Marqaritanı sorğu-suala tutmuşdular.

– Marqarita İvanovna, əriniz kimdir?

– Bəs sizdə onun şəkli var?

– O, Moskvada yaşayır?

Elə bu vaxt qapı ağzında Miranova göründü.

Miranova xüsusi insandır, onun güclü iradəsi var.

– Zəngdən sonra bu nə səs-küydür? – Miranova soruşdu.

– Konfet yeyirik, – Şmakova dedi.

– Dərs vaxtı? – Miranova tərs-tərs baxıb öz yerinə keçdi.

Şmakova konfetlərdən birini ona uzatdı.

– Al, ye, sakitləş! Gecikməyin bəs deyil, hələ göstəriş də verirsən.

– Sakit olun! – Marqarita dedi, – Miranova düz deyir. Hər kəs yerinə keçsin!

Hamı öz partasının arxasına keçdi. Mənsə hələ Marqaritanın yadına düşmürdüm. Harada oturacağımı bilmirdim. Dimkanın yanında dayanıb gözümü ona zilləmişdim. Nəsə vərdişdir məndə. Kimsə xoşuma gəlirsə, düzgün olmadığını bilsəm belə dayanıb ona baxıram.

Bu an ağzımdan çıxdı:

– Sənin yanın boşdur?

– Xeyr!

Düşündüm ki, bu dəqiqə mənə güləcək, ancaq gülümsünüb soruşdu:

– Nədir ki?

– Yanında oturmaq istəyirdim, – cavab verdim. Hələ də gülümsəməsi, xoş niyyətli olması məndə cəsarət oyatdı, – Axı, sən məni xilas etmisən, – dedim.

Mənə elə gəlir ki, dediyim söz onun xoşuna gəldi. Çünki cavabında:

– Heç nə olmaz, indi yoxlayarıq! – ucadan səsləndi, – Şmakova, yeni gələn sənin yerində oturmaq istəyir!

Şmakova Dimkanın dediklərini eşidib qəzəbləndi. Əvvəlcə bizə tərəf baxıb, sonra asta-asta yaxınlaşdı. O yaxınlaşır… yaxınlaşırdı… Mənsə onun gözlərində atılıb-düşən qəzəbli alovu görürdüm. Onda yenə qorxdum. Axı, mən boş olmayan yer istəmirdim. Şmakova yaxınlaşandan sonra məni altdan yuxarı süzüb üzünü yana çevirdi. Əlbəttə, o gözəldir. Mən isə… – Lenka əlini havada yellədi.

– Sən də gözəlsən! – Nikolay Nikolayeviç fikrini bildirməyi özünə borc bildi.

– Məni sakitləşdirməyi burax! – Lenka hirsləndi, – O ki, həqiqətən, gözəldir! Paltarı da təzədir, üstəlik, bədən quruluşuna uyğun tikilib. Mənimkisə sanki komuflyaj xalatıdır.

– Komuflyaj xalatı? – Nikolay Nikolayeviç heyrətlə soruşdu, – Bəlkə də, bu, mənim səhvimdir. Bilmirdim ki, don bədən formasına uyğun olmalıdır. Bağışla, – və az qala qışqıraraq əlavə etdi, – Ancaq sənin gözlərin ilhamlandırıcıdır. Qəlbin pakdır. Bu, bədən quruluşuna tikilmiş dondan daha yaxşıdır.

– Xahiş edirəm, məni tərfiləmə, – Lenka dedi, – Mən ki pisəm. Mən əslində paxılam! Bunu elə indi başa düşdüm.

Lenka susdu. Nikolay Nikolayeviç onun danışacağını gözlədi. Otaq yenidən ritmik musiqi sədalarıyla doldu. Yəni, hələ də Dimka Somovun ad günündə əylənirdilər. Onlar atılıb-düşür, rəqs edirdilər, burada, Bessolçevlərdə isə iki kefsiz adam indən belə nə edəcəklərini, necə yaşayacaqlarını bilmirdilər.

– Hə, orda Şmakovayla nə baş verdi? – Nikolay Nikolayeviç sükutu pozdu.

– Şmakovayla? – Lenka yenidən soruşdu, – Heç, əhəmiyyətli nəsə olmadı – öz yerini mənə verdi. Dedi ki, “Yerimi sənə böyük məmnuniyyətlə verirəm” və portfelini götürüb, “Bura məni bezdirdi. Parta nəsə əyridir. Ümumiyyətlə, yer dəyişməyi çox sevirəm. Odur ki, Dimoçka, çao-kakao!” deyə əlavə etdi. Sağollaşanda mənə elə baxdı ki, sanki elə indicə görür. Sakit və ciddi nəzərlə, “Əsl müqəvvadır!” dedi.

Popov sevincək səsləndi ki, Şmakova onun yanında otursun. Şmakova da əlindəki portfeli ona atanda göydə tutdu. O gündən Popov Şmakovanın nökərinə çevrildi.

Bu an Marqarita elan etdi ki, məktəbimiz payız tətilində Moskvaya – ekskursiyaya gedir.

– Demək, biz birlikdə gedəcəyik? – Şmakova sevincək soruşdu.

– Birlikdə, bəli, – Marqarita gülümsədi, – Odur ki, valideynlərinizdən gediş haqqı götürün.

Bu xəbər sinifdə elə səs-küy yaratdı ki, Marqarita kar olmasın deyə qulaqlarını tutdu. Əlbəttə, hər kəs payız tətilində Moskvaya getmək istəyirdi. Əvvəlcə mən də sevincdən qışqırdım, amma sonra Dimkanın bu xəbəri soyuqqanlılıqla qarşılamasını görüb susdum. Hər kəs sakitləşəndən sonra isə dərindən ah çəkib dedi:

– Yenə valideynlərin pulu… Bezdik!

– Bəs nə məsləhət görürsən? Moskvaya getməyək? – Marqarita soruşdu.

– Yox, o elə demir, – Miranova sözə qarışdı, – O heç bilmir ki, nə məsləhət görür.

– Lap gözəl bilir, – Şmakova incə səslə dedi, – Sadəcə yeni gələnin qarşısında özünü göstərir.

Təbii ki, hər kəs yenidən güldü.

Marqarita Şmakovanı oturduğu yerdən dikəltdi. Mənimsə, düzünü desəm, onun sözü nəyəsə görə çox xoşuma gəlmişdi. Dediyi səbəb yox, məhz Dimkanın mənim yanımda özünü göstərməsini düşünməsi ürəyimcə olmuşdu.

Sinifdə yenidən sakitlik hökm sürəndə Dimka çıxış edirmiş kimi ayağa qalxıb, yoldaşlarına baxaraq dedi:

– Gəlin, gediş haqqını özümüz qazanaq.

Elə bu vaxt heç özüm də bilmirəm niyəsə həvəslə səsləndim:

– Marqarita İvanovna! Marqarita İvanovna! Olar bir söz deyim?

Görünüşüm də təxmin edirəm necə axmaqcasına idi. Ancaq mən özüm haqqında düşünmürdüm. Qəlbim elə rahat idi ki, hər kəsə qeyri-adi nəsə demək istəyirdim.

– Şəhəriniz haqqında babam mənə çox danışıb… Sizin şəhəriniz xüsusidir, tarixidir. Elə ki gəldin, əbədiyyən qalırsan. Heç bir qızıl zirvələrə dəyişməzsən. Həqiqətən, burada yaxşıdır. Siz hər biriniz çox yaxşısınız! Somovun təklifini də dəstəkləyirəm! – Dimkaya baxıb gülümsəyəndən sonra, nəhayət, oturdum.

– Hə, Somov hər zamankı kimi seçilir! – Marqarita dedi, – Onun təklifi mənim də xoşuma gəldi. Əlbəttə ki, siz artıq böyük uşaqlarsınız, öz pulunuzu özünüz qazana bilərsiniz, – davam edirdi, – Bəlkə, mən də sizə kömək etdim. Ancaq.... peşman etməyin!

Onda hamı yerindən qışqırdı:

– Siz nə danışırsınız, Marqarita İvanovna! Yetər ki, sözləşib razılığa gəlin.

– Biz gecə-gündüz işləyərik!

– Bir səhərdən növbəti səhərədək.

Və biz işləməyə başladıq. Sovxoza gedib gec yetişən xiyar və kələmləri yığırdıq. Biz nəinki pula görə, hətta pulsuz da işləyirdik. Məsələn, uşaq baxçasında, şəhər meydanını yığışdırmaqda… Düzdür, bu, hər kəsin xoşuna gəlmirdi. Yəqin, buna görə ilk gündən mübahisələr başlamışdı. Məsələn, pulsuz işləyəcəyimiz gün Valka həmişə qaçırdı. Bir istirahət günü sübh tezdən Marqarita bizi savxoz bağına payız almaları yığmaq üçün gətirdi.

Bütün uşaqlar rezin çəkmələrdə gəlmişdilər, mənsə incə dabanlı ayaqqabıda. Təbii ki, ayaqalarım iki dəqiqə ərzində yaş otlar sayəsində islandı. Bir də baxdım ki, Somov rezin çəkmələrini və yun corablarını çıxardıb mənə uzadaraq geyinməyimi istəyir.

Bu cür mənzərə yaranmışdı – soyuq, yaş otlar üstündə ayaqyalın dayanmış Somov əlindəki çəkməni mənə uzadır, mənsə götürməyə ürək etmirdim.

Heyrətdən ağızlarını açmış uşaqlar ətrafımızda dövrə qurdular.

– Somova bax! – Tüklü dedi.

– Cəngavər! – Valka əlavə etdi.

– Şir ürəkli, – deyən Kürən bir anlıq öz sözünə güldü.

– Biz hələ burada çox dayanıb bəytərifi edəcəyik? – Şmakova qəzəblə onları aralayıb dedi, – Biz deyəsən işləməyə gəlmişdik. Elədir, Dimoçka?

Kimsə yenə güldü. Dimka isə heç əhəmiyyət vermədi. Əlindəki çəkmə və yun corabı üstümə atıb çıxıb getdi. Dimanın ayaqlarının istitdiyi corabları geyinib, çəkmələri ayağıma keçirtdim.

Baba, bilirsən, bu, mənimçün xoş idi! – Lenka gülümsədi, – Çox xoş! Bəlkə, Dimanın öz çəkmələrini mənə verməsinə görə. – o, bic– bic Nikolay Nikolayeviçə baxdı. – Yox, yəqin, bağın çox gözəl olmasına görəydi.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?