Müqəvva

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Lenka babasına əhəmiyyət verməyərək sürətlə əşyalarını yığmağa davam etdi.

– Lenka, sən axmaq olmasan da, bütün bunlardan başın çıxmır. Nikolay Nikolayeviç qəmgin halda başını yellədi, – Hə nədir, fil kimi ayaqlarını yerə döyəcləyirsən, döşəmədən toz qalxır.

– Mənə yol pulu ver! – deyən, – Lenka tələsik çantasının ağzını bağlamağa başladı.

– Uzağa gedəcəksən? – deyən, – Nikolay Nikolayeviç bu dəfə fırçanı generalın çoxsaylı medallarının üzərinə toxundurdu.

– Mən gedirəm.

– Bəs niyə belə tələsik? – o gülümsündü və üzü bir anlıq gəncləşdi. – Nədir, batan gəmini tərk edirsən?

– Bu gün Dimka Somovanın ad günüdür, – Lenka çarəsizcə dilləndi.

– Səni dəvət etməyiblər deyə çıxıb getmək istəyirsən? Ciddi insan deyilsən, Lenka. Tələsirsən. Boş şeyə görə narahat olursan. General Rayevskidən nümunə götür.

– Baba, xahiş edirəm, bilet üçün pul ver, – Lenka təəssüflə babasının sözünü kəsdi.

– Əgər sirr deyilsə, de görüm, hara gedirsən? – Nikolay Nikolayeviç ilk dəfə Lenkaya ciddi nəzərlərlə baxdı.

– Valideynlərimin yanına, – Lenka cavab verdi.

Çantanın ağzı yenidən açılmışdı ki, Lenka onu qəzəblə bağladı.

– Valideynlərinin yanına? – Bu an Nikolay Nikolayeviç öz şəkillərini tamamilə unutdu və kətildən düşüb, – Heç ağlına da gətirmə!.. – Barmağı ilə onu hədələdi, – Gör bir nə düşünürsən! Yəni mən… burdan? Heç vaxt! Eşidirsən, heç vaxt!

– Sən mənə lazım deyilsən! – Lenka çığırdı, – Mən özüm gedəcəm! Təkcə!

– Səni kim buraxacaq? Necə də sərbəstdir!.. Onlar səni gətiriblər, onlar da aparsınlar, – Nikolay Nikolayeviç şəkillərə gözucu baxıb asta səslə dedi, – Başa düş, mən yalnız bunlara görə sağam, – Əlini Lenkaya uzatdı, – Çantanı mənə ver.

Lenka geri çəkilib stolun kənarında dayanaraq:

– Pul ver! – dedi.

– Heç yerə! Eşidirsən? Heç yerə getməyəcəksən! – Nikolay Nikolayeviç cavab verdi, – Bu axmaqlığı da unudaq.

– Pul ver! – Lenka dəli kimi çığırdı, – Bax, yoxsa… Nəyisə oğurlayıb satacam.

– Bizim evdən?.. – Nikolay Nikolayeviç güldü.

Babasının gülüşü Lenkanın xətrinə dəydi. Çarəsizcə ətrafa boylanıb vəziyyətdən çıxış yolu axtarırdı ki, qəfildən qışqırdı:

– Mən sənin şəklini oğurlayacam! – Çantasını kənara atıb ona yaxın asılmış şəkillərdən birini çıxartmağa çalışdı.

– Şəkili? – Nikolay Nikolayeviç qəfildən onun üstünə yeridi və elə sərt sillə vurdu ki, Lenka otağın digər küncünə yıxıldı. Özü isə dəhşət içində geri çəkildi.

Lenka çantasını da götürüb qapıya tərəf yüyürdü. Nikolay Nikolayeviç cəld tərpənib onu qapının kandarında yaxaladı. Lenka onun barmağını dişləyərək əlindən çıxıb qaçdı.

– Nə olursa-olsun, sənə pul verməyəcəm! – paltosunu götürüb arxasınca qışqırdı. – Verməyəcəm! Lenka, dayan! Dəliyə bax! – və əlini paltonun qoluna salmağa fürsət tapmamış sürətlə onun arxasınca evdən çıxdı.

Dördüncü hissə

Bu vaxt əhvalı yüksək olan altıncı sinif şagirdi Valka, axşam ona veriləcək utancverici “Dəri soyan” ləqəbindən bixəbər çaykənarı ilə gedirdi. Bayramsayağı geyinmiş, təmiz köynək və qalstuk taxmışdı. Əlində it üçün nəzərdə tutulan boyunluq kəndirini fırladırdı, çəkməsinin içindəsə yayda turistlərin küçəyə atdığı boş konserva qutuları saxlayırdı. Onları kol-kos arasında gizlənən quşlara, toyuqlara və ya payız günəşinin şuası ilə oynayan pişiklərə vururdu. Əgər hədəfinə dəyirdisə, onda öz xüsusi dəqiqliyinə sevinir, özü ilə qürur duyurdu.

Valka iki oğlanın başı görünən palıd ağacına çatanda dayandı.

– Ey, bədbəxt məxluqlar, orda nə edirsiz? – Valka sərt şəkildə soruşdu.

– Biz, heç nə… – uşaqlar qorxaraq cavab verdilər, – Yanğın söndürən oynayırıq.

– Çıxın! – Valka əlindəki kəndiri rezin çəkməsinin kənarına XIX əsrin Amerika plantatoru kimi vurub qəzəblə dedi. Halbuki, tarix adlı elmdən heç də başı çıxmırdı, – Cəld yarpaqları yığıb oyuğa doldurun! Tez olun! Hərəkət edin!

Uşaqlar bir şey başa düşməyib onun dediyi kimi yarpaqları götürüb ağacdakı oyuğa doldurdular. Elə ki, oyuq doldu, Valka kibriti yandırıb oyuğa, yarpaqların üstünə atdı.

– Sən nə etdin? – çaşbaş qalan uşaqlar alovu söndürməyə çalışdılar. Ancaq Valka hər ikisini bərk tutub alovun güclənməsini gözlədi. Uşaqlarsa bacardıqları qədər çırpınır, qışqırıb ağlayırdılar. Valka onları buraxıb ucadan:

– Hə irəli! Yanğın söndürənlər, yanğın var!.. – deyib ordan uzaqlaşdı. Geridə həyəcanla qışqıran uşaqları qoyub, sevinc içində yoluna davam etdi.

Valka Dimka Somovun ad gününə getmək üçün öz həmyaşıdlarıyla görüşə tələsirdi. Elə uzaqdan “Tüklü”ylə “Kürən”i sahildə bardaş oturan gördü. Qaçaraq onlara çatıb, yanlarında oturub soruşdu:

– Hə, acgözlər! Yemək istəyirsiz? – gülümsünüb əlavə etdi, – Elə mən də. Somovun tortu haqqında düşünəndə ağzım sulanır.

– Mənsə südlə balı düşünəndə… – Tüklü xəyala dalaraq əlavə etdi, – Bu il cökənin çiçəyi uzun müddət qaldı – balı dadlıdır.

– Mənim anam heç nə vermədi… – Valka ah çəkdi, – Deyir özün qonaq gedirsən, yemək aparmağa nə gərək var.

– Çoxbilmiş anan var, – Tüklü dedi.

– Çoxbilmiş olmağına çoxbilmişdi, ancaq taleyindən qatar keçib… – Valka dedi, – Nə evi var, nə eşiyi. Bax, Somovun bəxti gətirib, köynəkdə doğulub. Həm valideynləri pul verir, həm yaraşıqlıdır, həm də başı əla işləyir. Bəzən çənəsini “təmizləmək” istəyirəm.

– Paxıllığın tutur, Valka? – Tüklü soruşdu.

– Sənin yox? – Valka bic-bic güldü, – Bəs nə. Bütün insanlar paxıllıqdan partlayırlar. Sadəcə bəziləri bunu dilə gətirir, bəziləri isə paxıl olmadıqlarını deyib yalan danışırlar.

– Mən niyə paxıllıq edim ki? – Tüklü təəccübləndi, – Valka, meşədə yaşamaq daha yaxşıdır. Ürəyin istəyən vaxt inək buynuzu əyərsən.

– Nə olsun ki? – Valka yerə tüpürdü, – Güc pul deyil. Onunla yağ ala bilməzsən.

Qəfildən Tüklü bir əli ilə Valkanın boğazından tutub möhkəm sıxdı.

– Burax! – Valka inildədi.

– Kürən, insanda ən vacib olan nədir? – Tüklü soruşdu.

– Güc! – deyən Kürən düşüncələrdən ayıldı.

– Valka isə ona hörmət etmir, – Tüklü dedi, – Deyir, insanda ən vacib şey paxıllıqdır.

– Burax! – Valka yenə inildədi, – Gücə hörmət edirəm. Hörmət edirəm! Burax! Boğursan!..

Tüklü əlini boşaldıb Valkanı buraxdı. O da hər ehtimala qarşı ön tərəfdən qorunmaq üçün kənara sıçradı.

– Bal hərisi! – boynunu sildi, – Əsl traktor gücüdür. Yox, atan.. – qəzəblə nələrsə demək istəyirdi ki, qəfil fikrindən döndü.

– Atama toxunma! – hədələyici tərzdə dedi, – Atam hansısa alçaqlar tərəfindən dəlik-deşik edilib.

– Baxın, Şmakova gəlir! – Kürən dedi, – Çıxış edir.

Tüklüylə Valka dönüb ona baxan kimi valeh oldular.

Şmakovanın yanında Popov olsa da, hər kəs Şmakovaya baxırdı. O yerimirdi, sanki bulud kimi uçurdu. Şmakovanın əynində yeni ağ don, saçlarında ağ lent, ayaqlarında yeni ağ ayaqqabı olduğundan Popov onun yanında yöndəmsiz və çirkin görünürdü. Havaya uyğun olmasa da, Şmakova gözəlliyi ilə ətrafa işıq saçırdı.

– Hə, Şmakova, yaratmısan! – Valka heyranlıqla dedi, – Bu ayaqqabılarla səni qucaqda daşımaq lazımdır.

– Estrada artisti… – Tüklü dedi.

– Somov yıxılacaq, – Kürən əlavə elədi.

– Somov məni maraqlandırmır, – Şmakova özündən razı tərzdə dedi.

– Heç görünmür, – Tülkü dedi.

– Hi-hi-hi! – Valka əlavə etdi.

– Ha-ha-ha! – Kürən də ona qoşuldu.

Popov Şmakovanın yumru, dikburun üzünə baxıb yazığı gəldi.

– Uşaqlar, bəlkə, lazım deyil. Hə? – Popov xahiş etdi, – Ondansa Somovgilə gedək.

Hamı bir ağızdan sevinclə qışqırırdı ki, Tüklü onları sakitləşdirib Miranovanı gözləməyi təklif etdi.

– Miranova nəyimizə lazımdır? – Valka cəsarətlə dedi, – O kimdir ki? Miranova… “Düymə”.

– Özü də dəmirdən! – Kürən təkidlə əlavə etdi.

– Kimə dedim – Miranovanı gözləməliyik! – Tüklü hədələyici tərzdə dedi.

– Əlbəttə, gözləyək, – Valka ürküb razılaşdı, – Hələ Vasilyev də yoxdur.

Elə bu an arıq, eynəkli Vasilyev peyda oldu.

– Məni gözləməyə gərək yoxdur. – Vasilyev dedi, – Mən Somovgilə getmirəm.

– Niyə? – kiminsə səsi gəldi.

Hər kəs arxaya dönüb Miranovanı gördü. O, hər zamankı kimi səliqəli geyimdə və sadə saç düzümündə idi. Gödəkçəsinin altında sadə qəhvəyi don vardı.

– Salam, Miranova! – Tüklü dedi.

– Əla, Dəmir Düymə! – Valka əlavə etdi.

Miranova heç birinə cavab vermədi. O, tələsmədən irəli gedib Vasilyevin qarşısında dayandı.

– Demək belə. Vasilyev, Somovgilə niyə getməyəcəksən? – soruşdu.

– Ev işləriylə baş-başa qalmışam, – Vasilyev tərəddüdlə cavablayıb əlindəki bazarlıq torbasını ona göstərdi.

– Bəs səmimi cavab versən?

Vasilyev susurdu. Eynəyinin qalın şüşəsi onun gözlərini iri və dairəvi göstərirdi.

– Hə, niyə susursan? – Miranova ondan əl çəkmədi.

– Somovgilə getməyə həvəsim yoxdu, – Vasilyev cəsarətlə Miranovanın gözlərinə baxıb dedi, – O, məni bezdirib.

– Bezdirib, dedin? – Miranova ciddiyyətlə Tüklüyə baxdı. O, tez qabağa gəldi. Digərləri də onun arxasınca gəlib Vasilyevi dairəyə aldılar.

– Bəs, ideyallarına xəyanət edənləri nəyin gözlədiyini bilirsən? – Miranova ciddi tərzdə soruşdu.

– Nə? – Vasilyev yumru, iri gözləriylə ona baxdı.

– Bax bu! – Tüklü geri dönüb Vasilyevi vurdu.

Zərbə güclüydü – Vasilyev bir tərəfə yıxıldı, eynəyi digər tərəfə. Bazarlıq torbası yerə düşdü, içindəki ərazaqlar ətrafa səpələndi.

Hər kəs nə baş verəcəyini maraqla gözləyirdi.

Vasilyev diz üstdə durub yerə düşmüş eynəyini tapmağa çalışdı. Şüşə qırıntısının səsini eşidən kimi ona doğru iməkləyib Valkanın ayaqlarının yanına çatdı. Onu kənara itələyib eynəyini götürdü. Ayağa qalxıb, gözlərinə taxıb uşaqlara tərəf baxdı. Bu dəfə gözünün biri şüşə altında dairəvi və iri görünürdü, şüşəsiz qalan digəri isə gücsüz, zəif mavi nöqtə kimi parlayırdı.

– Vəhşiləşmisiz! – Vasilyev gözlənilməz halda qışqırdı.

– Rədd ol! – Tüklü onu itlədi, – Yoxsa birini də yeyəcəksən.

 

Vasilyev yerə dağılmış ərazaqları yenidən torbasına yığdı.

– Vəhşilər! – təslim olmurdu, – Bu sizi xeyrə aparmayacaq!

Tüklü dözməyib üstünə yüyürürdü ki, Vasilyev qorxudan qaçdı.

– Alayımız təmizləndi… – Kürən dedi.

– Əsas odur, biz birliyik! – Miranova qəfil dilləndi.

– Pionersayağı birlik olub Somovun tortunu yeyərik, – Valka gülərək dedi.

– Sən hələ zarafat edirsən… – onun sözünü Miranova kəsdi, – Biz isə ciddiyik.

Onlar səliqəli geyinmiş halda səs-küy salaraq gedirdilər ki, iti gözlü Şmakova sinif rəhbərləri Marqarita İvanovnanı gördü.

– Marqarita, – o dedi.

– Həm də cinsdə, – Valka əlavə elədi, – Ya Moskvadan alıb, ya da toya görə hədiyyə ediblər.

– Şəhər kənarı ilə gedək? – Kürən təklif etdi, – Yoxsa yenə tərbiyə verməyə çalışacaq… Əhvalımızı korlayacaq.

– Mən yolumu dəyişmirəm, – Miranova dedi, – Özünə hörmət etmək lazımdı.

– Ən yaxşısı gizlənək, qəfil qorxudaq, – deyən Valka bic-bic güldü.

– Bax, bu, maraqlı təklifdir, – Şmakova dəstəklədi.

Hərəsi bir tərəfə qaçdı. Ən sonda heç tələsməyən Miranova qapı arxasında dayandı.

Marqarita İvanovna şən yerişi ilə hər şeydən xəbərsiz halda meydanı keçib çay gəmiçiliyinin kassasına yaxınlaşdı. Valka gizləndiyi yerdən çıxıb sakitcə müəllimənin arxasınca qaçıb ucadan qışqırdı:

– Salam, Marqarita İvanovna!

Marqarita İvanovna qəfil diksinib geri çevrildi.

– A-a-a, sənsən? Bu, nə hərəkətdir?

– Qorxdunuz? – Valka soruşdu, – Qorxdunuz, qorxdunuz. Dostlar, Marqarita İvanovna qorxdu, – dedi.

– Sadəcə fikirli idim, – Marqarita İvanovna cavab verəndə yanaqları qızardı. Bunun səbəbi Valkanın yersiz hərəkətinə qəzəblənməsi, ya da həqiqətən qorxduğunu boynuna almaq istəmədiyi idi.

Uşaqlar onu dairəyə alıb salamlaşdılar.

– Hamınız necə də yaraşıqlısınız, – Marqarita İvanovna uşaqları bir-bir incələdi, – Şmakova isə artıq gənc xanımdır.

– Marqarita İvanovna, ətəyim necə, xoşunuza gəlir? – Şmakova əl çəkmədi.

– Çox bəyəndim, – Marqarita İvanovna cavab verdi, – Sənə bunu kim tikib?

– Kim olduğu məlumdur! – Popov fəxarətlə söhbətə qarışdı, – Mənim anam.

– Mənim nəzarətimdə, – Şmakova əlavə edib qəzəblə Popovu çimdiklədi, – Niyə deyirsən? Bəlkə, bunu mənə Moskvadakı Moda evindən göndəriblər?! “Mənim anam. Mənim anam…”

– Bəs sən, Miranova, niyə başqalarından geri qalırsan? – Marqarita İvanovna soruşdu.

– Mən?.. Əskilərə səbrim yoxdur, – deyən Miranova təkəbbürlə dostlarına baxdı, – Marqarita İvanovna, biz gecikirik.

– Hara gedirsiz? – soruşan Marqarita İvanovna Miranovanın sərtliyinə heyrətləndi.

– Somovgilə, – Kürən hər kəsin yerinə cavab verdi, – Boş vaxtımızı dəyərləndiririk.

– Məndən ona salam deyərsiniz. Ona deyin ki… – Marqarita İvanovna bir qədər fikrə daldı, – Somov məqsədinə çatandan sonra yerində dayanan biri deyil. Ən vacibi cəsarətlidir, səmimidir, etibarlı yoldaşdır…

– Tamamilə haqlısınız, Marqarita İvanovna! – Şmakova mızıldadı.

– Demək, mən ona arzu edirəm ki…

– Siz yenə harasa gedirsiniz? – Kürən Marqarita İvanovnanın sözünü kəsdi.

– Yoldaşıma Polenovanı göstərmək istəyirəm. O, heç yeri görməyib. Vaxtı da çox azdır, Moskvaya qayıdır, – Marqarita İvanovna saatına baxdı, – Vay, tələsirəm! Hə, az qala Somovu unutmuşdum, – Tələsə-tələsə səsləndi, – Arzu edirəm ki, indi necədirsə, elə də qalsın! Ömür boyu…

Və gözdən itdi…

– Bizimlə heç cürə Polenovaya gedə bilməz… – deyən Miranova qəfildən Lenka Bessolçevanı gördüyü üçün deyəcəyi son söz dodaqlarında ilişdi.

Onları görən Lenka heykəl kimi dayandı. Uşaqlar heyrətdən yerlərində donub qaldılar.

– Qarşımızda tarixi eksponat var – Bessolçeva! – İlk dəfə Miranovanın üzünə təbəssüm qondu, səsi isə titrədi, – O, bilet üçün gəlib… O gedir!

Lenka sərt hərəkətlə arxasını çevirib çay gəmiçiliyinin kassasına yaxınlaşdı.

– Düzdür! – Tüklü qışqırdı, – O gedir!

– Güc qalib gəldi! – Kürən sevinclə onun sözünü dəstəklədi.

– Bilirsiz, biz ona nə məsləhət görəcəyik? – Miranova ilhamlanaraq işıq saçdı, – Bu hadisəni ömür boyu yadından çıxarmasın.

Valka belini əyib, barmaqlarının ucunda Lenkaya arxadan yaxınlaşıb barmağı ilə sümüklərinə döyəclədi.

– Bessolçeva, bizim dərsi yadda saxladın?

Lenka cavab vermirdi, yerində donub qalmışdı.

– Cavab vermir, – Valka təəssüflə dedi, – Demək, yadda saxlamayıb.

– Bəlkə, kar olub? – Şmakova zümzümə etdi, – Sən onu… silkələ.

Valka yumruğunu qaldırdı ki, Lenkanın ensiz kürəyindən tuta bilsin.

– Bax, bu heç lazım deyil, – Miranova onu dayandırdı, – Axı o gedir. Deməli, biz qalib gəldik. Bu bizimçün kifayətdir.

– Hardan gəlibsə, ora da getsin! – Kürən qışqırdı.

Digərləri də çığırdılar.

– Bizə beləsi lazım deyil!

– Satqın!

– Müqəvva! – Valka Lenkanın əlindən dartıb uşaqların arasına itələdi.

Onlar Lenkanın ətrafında hoppanır, təlxəklik edir, biri digərini yamsılamağa çalışırdı.

– Mü-qəv-va!

– Mü-qəv-va!

– Tarla müqəvvası!

– Ağzı qulaqlarına kimi…

Rəngarəng dairə fırlanırdı, Lenka isə ortasında dövrə vurub dururdu.

Elə bu vaxt Nikolay Nikolayeviç Lenkanı və ətrafında dövrə vurub qışqıran uşaqları görüb səsləndi:

– Ona niyə sataşırsınız? Bu saat sizi…

– Yamaqlı, – Kürən donquldandı.

Hərəsi bir tərəfə dağılışdı. Təkcə Miranova yerində dayandı. Heç yerindən tərpənmədi də, qaşını qaldırıb nifrətlə yoldaşlarına dedi.

– Nədir, qorxdunuz?

Bu qərarlı səs onları dayandırdı.

– Belə iş olar, altınız bir nəfərə qarşı… – Nikolay Nikolayeviçin səsi faciəvi səslənirdi, – Heç utanmırsız?

– Nədən utanmalıyıq? – Valka utanmadan cavab qaytardı, – Biz heç nə oğurlamamışıq. Hər şey qanunidir.

– Yaxşısı budur, siz nəvənizdən utanın, – Miranova dedi.

– Lenakdan? – Nikolay Nikolayeviç təəccübləndi, – Nə üçün?

Lenka qəfildən babasına tərəf çevrildi. Babası onun üzündə əzab gördü. Sanki onu bərk vurmuşdular. O, artıq uşaqların üstünə qışqırıb çıxıb getmələrini və onları tək buraxmalarını demək istəyirdi. Amma heç kim bir kəlmə danışmırdı. Böyükləri öz işlərinə qarışdırmaq onlara xas hərəkət deyildi. Bircə Miranova ciddiyyətlə və qəfildən dedi:

– Ondan soruşarsınız. O, sizə hər şeyi bütün incəliyinə kimi danışa bilər.

Tədricən uzaqlaşdılar. Bir neçə dəqiqə sonra soyuq payız küləyində onların uzaqlaşan qışqırıqları eşidildi.

– Əhsən sənə, Dəmir Düymə!

– Yamaqlıdan qorxmadın!

– Güc qalib gəldi!

Beləliklə, səs tamamilə kəsildi.

Lenka isə… Yazıq Lenka üzünü babasının sinəsində gizlədirdi ki, heç olmasa bir az çiyninə qonmuş ağır yükdən dincələ bilsin.

Nəvəsini “Müqəvva” deyərək o qədər bezdirmişdilər ki, o, çıxıb getmək istəyirmiş, deyə Nikolay Nikolayeviç düşündü. Hiss etdi ki, onun çətinliyi ürəyinə sərt toxundu. Adətən başqasının dərdini çətin həzm edirdi. Həyatı onsuz da ağır idi, amma yarı yolda alışmadığı yükdən xilas olmağa vərdiş etməmişdi. Bu, onun həyatı və xilası idi. Həmin an Nikolay Nikolayeviç bu cür düşünsə də, Lenkanı başqa sözlərlə sakitləşdirməyə çalışdı:

– Hə, nədir? – o, nəvəsinin yumşaq boynunu sığalladı, – Onlara fikir vermə, – Nikolay Nikolayeviçin səsi həyəcandan titrədi, – Məndən öyrən. Mən hər zaman təmkinliyəm. Öz işimi görürəm və sakitəm, – Az qala çığırdı, – Onlar məni ələ salırdılar, eşitdin? – “Yamaqlı” deyirdilər. Bədbəxtlər! Nə etdiklərindən bixəbərdirlər, – Qəfildən tərəddüdlə soruşdu, – Bəs sən nə etmisən ki? Nəyə görə səninlə bu cür rəftar edirlər?

Lenka onun əlləri arasından çıxıb geri çevrildi.

– Ondan heç nə haqqında soruşmaq lazım deyildi, – Nikolay Nikolayeviç düşündü, amma bu sözlər qeyri-ixtiyari olaraq onun dilindən çıxmışdı. Axı qəbahətli nə iş tuta bilərdi ki, yoldaşları ona xor baxır, özündən uzaqlaşdırır, dovşan kimi qovurlar.

– Yaxşı, yaxşı! – Nikolay Nikolayeviç dedi, – Bağışla… Sən çıxıb getməyə qərar vermisənsə, demək, sənə elə bu lazımdır. Mən tək yaşamışam… Yenə də tək yaşayaram, – O susdu. Çünki dediyi sözlərin ifadə etdiyi məna ona xoş deyildi, – Sənə öyrəşmişəm? Unudaram…

Bu an bütün yaşlılar kimi xırıldayıb papağını gözünün üstünə endirdi.

– Bütün bunlar mənim üçün gözlənilməzdir, – Nikolay Nikolayeviç davam etdi, – Bir evdə yaşayırdıq, ancaq səni heç bir o qədər də yaxşı başa düşmədim. Qəlbinə toxuna bilmədim – bax, məni incidən də budur.

Əlini cibinə salıb, sürtünmüş pul qabını çıxardıb uzun müddət qurdaladı. Düşündü ki, bu müddət ərzində Lenka nəsə danışar, deyər ki, getmək fikrindən daşındı və o pul qabını yenidən cibinə qoya bilər. O, vaxtı uzadır, nəfəsi getdikcə ağırlaşırdı, amma bütün bunlar ona kömək etmirdi – Lenka susurdu.

– Al… – Nikolay Nikolayeviç pulu Lenkaya uzadaraq dedi, – Sabah üçün iki bilet al. Mən səni Moskvaya, təyyarəyə qədər ötürəcəm.

– Mənsə bu gün getmək istəyirdim! – deyən Lenka kədərlə ah çəkdi, – Bu gün, bu dəqiqə…

– Bu ki dəlilikdir! – Nikolay Nikolayeviç müqavimət göstərdi, – Bax, gör hələ özünlə nələr götürmüsən. Hanı dərsliklərin? Hanı palton? Orada hər yerə qar yağıb, o dəqiqə tonzillit olarsan.

O danışır, danışırdı. Lenka isə “Bu gün! İndi!” deyərək babasının sözünü kəsirdi. O, təkidlə dilə tutmağa çalışır, amma çox gözəl bilirdi ki, bütün bu bəhanələr tamamilə cəfəngiyyatdır. Əslindəsə Lenkanın çıxıb getməyini qətiyyən istəmirdi. Məhz bununçün sözünü yarımçıq kəsib, ona tərəf əyilərək pıçıltıyla dedi:

– Mən belə qəfildən bacarmaram, sabaha qalsın.

Lenka Nikolay Nikolayeviçin əlindəki pulu götürdü.

– Nə dediyimi eşitdin? Mən sabah üçün razıyam, – deyərək sonuncu dəfə xahiş etdi.

Nikolay Nikolayeviç Lenkanı çaşbaş qoydu. Bu sözləri deyən onun babası idi?

O, gözlərini qaldırıb babasının təmkinli, hərəkətsiz üzünə baxdı. Amma üzündəki ensiz, ağız kənarınadək uzanan ağarmış çapığı, gözlərinin üstünə endirdiyi papağı babasının həyəcanını ələ verirdi.

– Qolundakı yamaq cırılıb, – qəfildən Lenkanın gözünə dəydi.

– Tikmək lazımdır, – Nikolay Nikolayeviç yamağa toxundu.

Lenka gördü ki, babasının üzündəki çapıq yenə görünməz oldu.

– Sən özünə yeni palto alacaqsan? – soruşdu.

– Buna pulum yoxdur, – o dedi.

– Sənə buna görə “Xəsis” deyirlər, – Lenka dilini dişlədi, amma artıq gec idi. İncidəcək söz artıq dilindən çıxmışdı, tuta bilməzdi.

– Xəsis? – Nikolay Nikolayeviç ucadan güldü, – Gülməlidir, – O, əynindəki paltonu diqqətlə incələməyə başladı, – Hesab edirsən ki, bunda gəzmək ədəbsizlikdir? Bilirsən, mən bu paltonu sevirəm. Köhnə əşyalarda sirli nələrsə var… Səhər əynimə geyinəndə nənənlə bu paltonu necə aldığımızı xatırlayıram. Bunu o seçmişdi. Sənsə deyirsən ki, təzəsini al.

Onların baxışları yenə qarşılaşdı – yox, qarşılaşmadı, toqquşdu. Çünki hər ikisi getmək haqqında düşünürdü.

– Yaxşı,– Lenka dedi, – Sabah gedərəm, – Və sabah üçün iki bilet aldı.

Haradansa yağan yağışın müşayiətilə evə gəldilər. Quru, qış əvvəli donmuş torpağı yuyan yağışın nə vaxt yağmağa başladığını da hiss etməmişdilər.

Otağa girəndə açıq nəfəslikdən uşaqların səs-küyü və musiqi sədaları eşidilirdi.

– Somovgildə əylənirlər, – Nikolay Nikolayeviç yersiz söz işlətməsin deyə susub nəfəsliyi bağladı.

Amma musiqi və uşaqların qışqırığı elə güclüydü ki, hətta bağlı nəfəslik də bu səsdən onları xilas edə bilmirdi. Elə bu zaman Nikolay Nikolayeviç çox nadir hallarda çaldığı piano arxasına keçib nümayişkaranə qapağı qaldırdı.

– Nədir, mənə niyə elə baxırsan? – Lenkanın baxışlarını üstündə hiss edib soruşdu, – Məni nədənsə musiqi cəlb etdi. Heç baxışlarınla da hipnoz etməyə gərək yoxdur.

Nikolay Nikolayeviç ucadan və həyəcanla çaldı. Sonra musiqini yarımçıq saxlayıb dili tutulmuş kimi Lenkaya baxdı.