Kerri bacı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Sönüb getməkdə olanın gəncliyə və təzəliyə əbədi meyili! Herstvud bütün təravətli, xarab olmamış və təzə olan hər şeyi qiymətləndirmək qabiliyyətini mühafizə etmişdi. O, bunu indi yeni bir qüvvətlə dərk etdi. O, bu sevimli qıza baxır və ondan gəncliyin zərif dalğalarla ətrafa yayıldığını hiss edirdi. Onun kübar adamlara məxsus skeptizmi Kerrinin böyük aydın gözlərində heç bir şey, uydurmaya azacıq oxşayışı olan bir şey belə tapa bilmədi. O hətta onun yüngül şöhrətpərəstliyini duymuş olsaydı, bunu bəyənər və bu, ona nədənsə xoş görünərdi.

Öz ekipajında evinə gedərkən Herstvuda aydın oldu ki, Kerri Drueyə nisbətən daha zərifdir.

Ekipaj iki cərgə ilə qaçışan qaz fənərlərinin arası ilə hərəkət edirdi. Herstvud əlcəkli əllərini dizləri üstünə qoyaraq oturmuşdu. O hələ də qarşısında işıqlı otağı və Kerrinin simasını görürdü. O, bu zərif gənc qadının gözəlliyi haqqında düşünməkdən əl çəkmirdi.

“Ona gül göndərmək lazımdır, – deyə o qət etdi. Druenin acığına gəlməz”.

O, Kerrinin onun xoşuna gəldiyini bir dəqiqə belə özündə gizlətmirdi. Druenin birincilik hüququ haqqında isə Herstvud heç fikirləşmirdi də. Qeyri-müəyyən tutqun fikirlər hələlik onun başında havadakı yüngül hörümçək teli kimi dolaşırdı. O, güman edirdi ki, bu tellər gec-tez harada isə toplaşacaq və müəyyən bir dəqiqə dairə şəkli alacaqdır. Əlbəttə, o, bunun hara aparıb çıxaracağını bilmir və qabaqcadan görməyi bacarmırdı.

Əvvəlki kimi bütün ölkəni gəzən Drue bir neçə həftə sonra Omaxa ştatından Çikaqoya qayıtdığı zaman köhnə tanışlarından olan çox şıq geyinən bir qadınla rastlaşdı. Bu görüş onun gəlməyindən xəbəri olmayan Kerrini qəfildən gəlməklə sevindirmək üçün təcili surətdə Oqden-skverə getmək haqqındakı ilk qərarını dəyişdirməyə məcbur etdi.

Onu görə biləcəklərindən heç də narahat olmayaraq o, bu tanış qadına təklif etdi:

– Gəlin birlikdə nahar edək!

– Məmnuniyyətlə – deyə qadın razılıq verdi. Onlar ürəkdən danışmaq və keçən günləri xatırlamaq üçün yaxşı restoranların birinə girdilər. Onlar saat beşdə görüşmüşdülər, nahar isə ancaq səkkizin yarısında qurtardı.

Drue qadına məzəli bir hadisə haqqında danışır və gülməyə hazırlaşırdı ki, birdən gözləri Herstvudun nəzərlərilə qarşılaşdı. Bir neçə dostunun müşayiəti ilə restorana daxil olan Herstvud gənc kommivoyajeri Kerri ilə deyil, başqa bir qadınla gördükdə müvafiq nəticələr çıxardı.

“Ah, avara, – deyə o düşündü və ürəkdən Kerriyə yanaraq əlavə etdi: – O yazıq qızı nahaq yerə belə incidir”.

Drue Herstvudun ona baxdığını hiss edərkən onun fikirləri dəli bir sürətlə bir-birini təqib etməyə başladı. Lakin Drue Herstvudun özünü görməməzliyə vurduğu hiss etməyincə onda heç bir pis fikir oyanmamışdı. Burada birdən Drue Herstvudun nə barədə düşündüyünü anladı. O da Kerri haqqında, onunla son görüşü haqqında düşünürdü. Lənət şeytana! Bu məsələni bir növ Herstvuda izah etmək lazımdır. Məgər köhnə dost qadınla təsadüfi olaraq keçirilən saata bir elə məna vermək olarmı?

Həyatında ilk dəfə idi ki, Drueni ciddi fikir götürmüşdü. O, əxlaq məsələsində çətinliyə rast gəlmişdi və bunun nə ilə qurtaracağını görməyə qadir deyildi. Herstvud ona güləcək və onu yelbeyin adlandıracaqdı. Nə olsun ki, o özü də Herstvudla birlikdə gülər! Kerri heç nə bilməyəcəkdir. Həmçinin onunla stol arxasında oturan tanış qadın da heç bir şey bilməyəcəkdir. Lakin Drue nə qədər özünə toxtaqlıq verməyə çalışırdısa, onu bürüyən pis duyğunu rədd edə bilmirdi. O, özünü günahkar hesab etməsə də iş nə isə başqa cür idi. Drue yeməyi qurtarmağa tələsdi, tanış qadını ekipaja oturtdu və evə yollandı.

“Nədənsə o, mənə öz yeni romanı haqqında danışmayıb – deyə Herstvud fikirləşirdi. – O, elə bilir ki, mən o birisini sevdiyinə inanıram”.

Drue də öz tərəfindən:

– Lap bu yaxınlarda onu Kerri ilə tanış etdikdən sonra mənim başqasının arxasınca sürünməyim haqqında düşünməyə onun heç bir əsası yoxdur – deyə düşünürdü.

Bir neçə vaxtdan sonra Drue Herstvudun şəfəqlər saçan barına getdi, çünki adət etdiyi zövqlərdən özünü məhrum etməyə onun qüvvəsi çatmırdı. Herstvud onu zarafatla qarşıladı:

– Mən sizi gördüm ha!

Bu sözləri deyərkən Herstvud ata oğlu ilə danışırmış kimi, nəsihətamiz surətdə barmağını qaldırdı.

– Əşi, o köhnə dostumdur. Vağzaldan gələrkən yolda təsadüfi olaraq rastlaşdım! – deyə Drue izah etməyə tələsdi. – Vaxtilə o, pis deyildi.

– İndi belə bir az xoşuna gəlir, deyilmi? – deyərək Herstvud öz sözlərinə, əlbəttə, zarafatyana bir şəkil verməyə cəhd etdi.

– Yox, – deyə Drue cavab verdi. – Eləcə mən ondan heç vəchlə sürüşə bilmədim.

– Çikaqoda çoxmu qalacaqsınız? – deyə Herstvud soruşdu.

– Ancaq bir neçə gün.

Herstvud:

– Siz mütləq öz qızınızı da götürüb mənimlə bir yerdə nahar etməlisiniz, – dedi. – Mənə belə gəlir ki, siz onu qapalı saxlayırsınız. Mən Co Ceffersona loja götürərəm.

– Yox, mən heç də onu gizlətmək fikrində deyiləm, – deyə kommivoyajer cavab verdi. – Biz məmnuniyyətlə gələrik.

Herstvud son dərəcə məmnun idi. O, bir dəqiqə belə inanmaq istəmirdi ki, Drue Kerrini azacıq da olsa sevir. O, kommivoyajerə qibtə edirdi. Amma indi yaxşı geyinmiş, ona xoş gələn, şənüzlü gəncə nəzər salarkən gözlərində qısqanclıq atəşi parladı. O, kişilik cazibəsi və ağıllılıq nöqteyi-nəzərilə Drueni fikrən tənqid etməyə başladı. İndi onun nöqsanlarını görməyə başlamışdı. O, Drue haqqında yaxşı fikirdə olsa belə bir aşna kimi ona bəzi sayğısızlıqla baxırdı. Onu aldatmaq çətin deyildi. Herstvud buna əmin idi. Hər şeyin alt-üst olması üçün çərşənbə günü olan o balaca hadisəni Kerriyə xəbər vermək kifayət idi! Laqqırtı vura-vura Herstvud bu məsələ haqqında düşünməkdə davam edirdi. Drue isə dostunun şən gülüşlərindən və şad əhvalından başqa bir şey görmürdü… Herstvud kimi bir adamı anlamaq onun qüvvəsi daxilində deyildi. Herstvud ayaq üstə durub onu çalağan kimi süzdüyü halda, Drue onun dəvətini təbəssümlə qəbul etdi.

Bu dolaşıq komediyanın qəhrəmanı isə bu dəqiqə onların heç biri haqqında düşünmürdü. Kerri düşdüyü şəraitdən baş açmaq üçün öz fikir və hisslərini qaydaya salır, Drue yaxud Herstvudun xətrinə əzab çəkməyə əsla hazırlaşmırdı.

Bir dəfə axşam Kerri güzgü qarşısında durub özünə zinət verdiyi zaman Drue gəlib çıxdı. O gözlənilmədən daxil olaraq:

– Aha! – deyə zarafatla başladı. – Mən belə fikrə gəlirəm ki, sən naz satmağa başlayırsan.

– Heç vaxt, – deyə Kerri təbəssümlə cavab verdi.

– Hər halda sən çox qəşəngsən, – deyə Drue onun belini qucaqlayaraq davam etdi. – Göy paltarını gey, teatra gedək!

– Ax, heyıf! – deyə Kerri səsləndi. – Missis Heylə söz vermişdim ki, onunla sərgiyə gedim.

Kerri üzr istəyirmiş kimi danışırdı.

– Eləmi? – deyə Drue fikri dağınıq halda, sanki nəyi isə düşünərək mızıldadı. – Şəxsən məni sərgi maraqlandırmır.

– Doğrusu, bilmirəm nə edim, – deyə Kerri cavab verdi.

Kerri bir qədər pərt olmuşdu. Lakin Druenin könlü xoş olmaq üçün öz vədini pozmaq fikrində deyildi. Bu anda qapı döyüldü. Qulluqçu daxil olaraq Drueyə bağlı bir zərf verdi.

– Gətirən adam sizə deməyi xahiş etdi ki, ona cavab gözləmək əmri verilmişdir.

Drue o saat dostunun xəttini tanıyaraq:

– Herstvuddandır! – deyə səsləndi.

O zərfi açıb oxumağa başladı. Məktubda yazılmışdı: “Siz bu gün mütləq mənimlə bərabər teatra getməlisiniz. Co Cefferson oynayır, bu dəfə şərtləşdiyimiz kimi mən sizi dəvət edirəm. Rədd cavabı qəbul olunmur”.

– Sən buna nə deyirsən? – deyə heç bir başqa fikri olmadan Drue soruşdu.

Kerrinin dilindən razılıq sözü qopmağa hazır idi. Lakin o təmkinlə:

– Özün bilərsən, Çarli, – deyə cavab verdi.

Drue dedi:

– Hərgah sən m-s Heylin dəvətindən boyun qaçırmağı bacarsan, mən bizim getməyimizi lazım bilərdim.

– Bu düzələn işdir, – deyə Kerri fikirləşmədən bu məsələni həll etdi.

Drue cavab yazmaq üçün bir vərəq kağız götürdü. Kerri isə dərhal geyinməyə getdi. Onun özünə də aydın deyildi ki, o nə üçün Herstvudun dəvətini üstün tutur.

Kerri əlində hansı paltarsa geri qayıdaraq:

– Necə bilirsən, mən saçımı dünənki kimi düzəldimmi? – deyə soruşdu.

– Əlbəttə! – deyə Drue dilləndi.

Onun acığı tutmadığı üçün Kerri rahatca nəfəs aldı. O heç də elə hesab etmirdi ki, Herstvud ona xoş gəldiyi üçün onun dəvətini qəbul edir. Sadəcə olaraq onunla və Drue ilə birlikdə axşamı keçirmək bu gün ona edilən hər növ təkliflərin ən yaxşısı idi.

Kerri bu gün xüsusi diqqətlə bəzəndi və m-s Heyldən üzr istədikdən sonra onlar evdən çıxdılar.

Kerri və Drue teatrın vestibülündə görünərkən Herstvud:

– Paho! – deyə səsləndi. – Camaat bu gün nə yaman gözəlləşib!

Kerri onun həyəcanlı nəzərlərini öz üzərində hiss edərək diksindi.

Herstvud:

– Gedək! – dedi və yol göstərmək üçün qabağa düşdü.

Teatr qadın bəzəklərilə parıldayırdı. Camaatın əksəri son moda ilə geyinmişdi.

Onlar lojada oturduqdan sonra Herstvud azacıq Kerriyə tərəf əyilərək:

– Siz heç Cefforsonu görmüsünüzmü? – deyə soruşdu.

– Xeyr, heç görməmişəm – deyə Kerri cavab verdi.

– Oh, onun tayı-bərabəri yoxdur!

Herstvud öz dairəsinə mənsub adamların çeynənmiş cümlələrini təkrar etməklə aktyorların ünvanına mədhiyyələr yağdırmağa başladı. O, Drueni proqram almaq üçün göndərdi və yenidən Kerriyə Cefferson haqqında danışdı. Gənc kommivoyajer əhatəsindəki şeylərdən – lojaların zəngin bəzəyindən, dostunun şıq görkəmindən son dərəcə məmnun və heyran idi. Kerri isə gözləri təsadüfi olaraq Herstvudun gözlərinə sataşdığı dəqiqələrdə onun nəzərlərində o qədər məhəbbət görürdü ki, heç kəsdə və heç bir zaman özünə qarşı belə bir məhəbbət görməmişdi. Bu dəqiqələrdə o nə olduğunu anlaya bilmirdi, çünki bir an sonra Herstvudun nəzərlərində zahiri bir etinasızlıq, hərəkətlərində isə ancaq iltifat və nəzakət görünürdü.

Drue də söhbətdə iştirak edirdi, lakin Herstvuda nisbətən onun çox dayaz olduğu aşkara çıxırdı. Bar müdiri həm onu və həm də Kerrini əyləndirirdi. İndi Kerri aydın başa düşürdü ki, Herstvud Druedən yüksəkdir. O hiss edirdi ki, Herstvud özünü olduqca sadə tutsa da ağıllıdır. Üçüncü pərdənin axırına qədər o tamamilə bu fikrə gəldi ki, Drue ancaq xoş təbiətli bir gəncdir, başqa cəhətlərdən onda çox şey çatışmır. Drue bu təhlükəli müqayisədə hər dəqiqə onun gözlərində qiymətini itirirdi. Tamaşanın axırında Kerri:

 

– Mən böyük zövq aldım, – dedi.

– Mən də! – deyə Kerrinin qəlbində gedən döyüşdə öz mövqeyinə şiddətli zərbə endiyini başa düşməyən Drue onun sözünə qüvvət verdi. O, öz-özündən və qüdrətindən çox razı halda taxtda oturan və bu zaman düşməni onun ən yaxşı torpağını aldığından heç xəbəri olmayan qədim Çin imperatorunu xatırladırdı.

Herstvud:

– Siz isə kədərli bir axşamdan yaxamı qurtardınız, – dedi. – Gecəniz xeyirə qalsın!

O, Kerrinin kiçik əlini əlinə aldı və hər ikisindən sanki elektrik cərəyanı keçdi.

Konka vaqonunda Drue Kerri ilə danışmaq istərkən Kerri oturacağın arxasına söykənərək:

– Elə yorulmuşam ki, – dedi.

– Elə isə sən otur, mən papiros çəkməyə gedim.

O qalxdı, laqeyd halda oyunu olduğu vəziyyətdə buraxaraq vaqonun meydançasına çıxdı.

XII FƏSİL
MALİKANƏLƏRİN PARLAQ İŞIQLARI. ALDADANIN YALVARIŞI

Ərinin ona yaxşı məlum olan meyilləri m-s Herstvudu ehtiyatlı olmağa məcbur etməli idisə də, lakin o, ərinin əxlaq cəhətdən möhkəm olmadığı haqqında azacıq belə təsəvvürə malik deyildi. Bu qadın özündən çıxarılmış olarsa, onun nələr edə biləcəyini qabaqcadan bilmək çətin idi. Herstvud özü belə bu və ya başqa vəziyyətdə arvadının necə hərəkət edə biləcəyini qabaqcadan deyə bilməzdi. O, heç zaman arvadının özündən çıxmasını görməmişdi. M-s Herstvud özünün hiddətlənməsinə yol verən qadınlardan deyildi. Hər şeydən əvvəl adamlara çox az inanır və yaxşı bilirdi ki, heç kəs qüsursuz deyildir. Sonra o olduqca hesabını bilən adam idi. O, mənasız səs-küy salmaqla hər şeyi ən kiçik təfərrüatına qədər öyrənməkdən özünü heç bir vaxt məhrum etməzdi. O bütün qəzəbinin dərhal meydana çıxmasına heç vaxt yol verməzdi. O, öz intiqam arzusunu dəf etmək üçün nəhayət tam silahlanana qədər gözlər, fikirləşər, bütün təfərrüatı diqqətlə, hərtərəfli öyrənər, onları bir-birinin ardınca toplamağa başlardı. Eyni zamanda düşmənə yara vurmaq üçün – ciddi və ya yüngül yara, fərqi yoxdur – fürsət ələ düşərsə ləngiməzdi, həm də elə edərdi ki, intiqam obyekti bəlanın haradan gəldiyini bilməzdi.

Sözün qısası, o, soyuq və özünü sevən bir qadın idi. Onun başında heç vaxt ifadəsini tapmayan bir çox fikirlər vardı ki, m-s Herstvud bunları ötəri nəzərlərlə belə büruzə verməzdi.

Herstvud öz arvadının təbiətində çoxlu şeylər duyurdu, lakin hələ heç bir şey onun bu duyğularını təsdiq etmirdi. Onlar dinc yaşayırdılar və Herstvud hətta öz ailə həyatından qismən razı idi. O heç də öz arvadından ehtiyat etmir və bunun üçün heç bir əsas da yox idi. M-s Herstvud öz əri ilə hələ bir qədər də fəxr edirdi, çünki hələ də o, əvvəllər olduğu kimi cəmiyyətdə öz ailəsinin möhkəm olması haqqındakı fikri saxlamaq istəyirdi. Hər halda gizlində o, çox razı idi ki, ərinin əmlakının çox hissəsi onun adına yazılmışdır. O, Herstvudu bu ehtiyat tədbirini qəbul etməyə çoxdan, ailə həyatı onun üçün indikindən artıq cazibə qüvvəsinə malik olduğu vaxt razı etmişdi. M-s Herstvudun öz ailə həyatında bir zaman dəyişiklik olacağını ehtimal etməsi üçün azacıq da olsa bir səbəb yox idi. Buna baxmayaraq, bəzən hadisələri qabaqlayan kölgələr m-s Herstvudu ərinin varının əslində onun əlində olmasına sevindirirdi. Bunun üçün də heç nədən ehtiyat etmədən həmişə inad göstərməyə onun imkanı var idi. Herstvud isə özünü çox ehtiyatlı saxlayırdı, çünki arvadı ondan narazı olarsa onun necə hərəkət edəcəyini bilmirdi.

O axşam Herstvud, Kerri və Drue Mak-Viker teatrının lojasında oturduqları zaman m-r Herstvudun oğlu Çikaqoda böyük parça mallar firması sahibinin şəriki m-r Karmayklın qızı ilə parterin altıncı sırasında oturmuşdu. Herstvud adəti üzrə lojanın dərinliyində oturduğundan oğlunu görmürdü, onu isə ancaq bir balaca əyildiyi vaxt, o da yalnız birinci altı sıradan görmək olardı. Hərgah onun başqa cür etməyə əsası olmasaydı, o, teatrda həmişə belə oturardı ki, onun burada olması mümkün olduqca heç kəsin nəzərinə çarpmasın.

Səhər yeməyi zamanı gənc Herstvud atasına dedi:

– Mən dünən axşam səni gördüm.

– Sən dünən Mak-Viker teatrında idinmi? – deyə Herstvud ən laqeyd tərzdə soruşdu.

– Bəli, – deyə Corc cavab verdi.

– Kiminlə gəlmişdin?

– M-s Karmaykl ilə.

M-s Herstvud sınayıcı nəzərlə ərinə baxdı, lakin onun üzünün ifadəsindən heç bir şey başa düşmədi. Herstvud az bir vaxt üçün təsadüfən teatra girə bilərdi.

– Pyes yaxşı idimi? – deyə o soruşdu.

– Gözəl pyesdir – deyə Herstvud cavab verdi. – Ancaq çox köhnədir.

M-s Herstvud zahiri bir etinasızlıqla:

– Kiminlə getmişdin? – deyə soruşdu.

– Çarlz Drue və onun arvadı ilə. Onlar M-r Moyun dostlarıdır. Yolüstü Çikaqoda dayanmışlar.

Herstvudun xüsusi iş şəraiti olduğuna görə belə bir izahat onun arvadında heç bir şübhə oyada bilməzdi.

M-s Herstvud ərinin qulluğunun onu bəzən cəmiyyətdə arvadı ilə yox, tək olmağa məcbur etməsilə razılaşırdı. Lakin axır vaxtlarda arvadı onunla bir yerə getmək istədikdə o, işdə məşğul olduğunu bir neçə dəfə bəhanə etmişdi. Elə bir hadisə də dünən səhər olmuşdu.

M-s Herstvud sözləri ehtiyatla seçərək dedi:

– Deyəsən axı sən məşğul olacağını söyləmişdin.

– Elə məşğul idim də!.. – deyə əri səsləndi, – lakin çarəm olmadı, getməli oldum, bunun əvəzində gecə saat ikiyə qədər işlədim.

Herstvudun izahatı sonrakı hər növ sorğu-sualı müvəqqəti olaraq dayandırdı. Lakin bu söhbətdən ərlə arvadın ürəyində xoşa gəlməyən təsir qaldı. M-s Herstvud ərinə bu və ya qeyri tələbatı vermək üçün bundan pis vaxt tapa bilməzdi. Neçə il idi ki, onun əri tədricən ondan soyuyur, onunla bir yerdə olarkən darıxırdı. İndi onun üfüqündə yeni işıq parlayarkən köhnə çıraq sönmüşdü. Onun keçmişə nəzər salmağa azacıq da olsa meyli yox idi və bu keçmiş haqqında hər cür xatirat onu sıxırdı.

Lakin m-s Herstvud heç də güzəştə getmək istəmir. Nikah kontraktı çoxdan cansıxıcı bir kağıza çevrilmişdisə də, onu müqəddəs tutmağı tələb edirdi.

– Biz axşam qonaqlığa getməliyik. Mən istəyirəm ki, sən bizimlə Kinslogilə gedəsən və Filipslərlə tanış olasan. Onlar “Tremont” mehmanxanasına düşmüşlər. Biz onları əyləndirmək və onlara şəhəri göstərmək istəyirik.

Filipslərin şöhrətpərəst və avam adamlar kimi çox maraqsız olmalarına baxmayaraq, Herstvud teatr haqqındakı son hadisədən sonra bu təklifdən boyun qaçıra bilməzdi. O, ürəksiz halda razılıq verdi və evdən çox acıqlı çıxdı.

“Buna son vermək lazımdır, – deyə o qət etdi. – İşim olduğu halda qonaqlıqlarda sürünmək niyyətində deyiləm”.

Bu söhbətdən çox keçməmiş m-s Herstvud yeni bir təklif etdi. Bu dəfə söhbət teatrda gedən bir gündüz tamaşası haqqında idi.

– Əzizim, – deyə Herstvud cavab verdi. – Mənim qətiyyən boş vaxtım yoxdur. Mən çox məşğulam.

– Amma başqaları ilə teatra getməyə vaxt tapırsan! – deyə m-s Herstvud acıqlı bir ahənglə etiraz etdi.

– Heç vaxt! – deyə Herstvud hirsləndi. – Mən iş əlaqələrini poza bilmərəm. Ancaq bu qədər, vəssalam.

M-s Herstvud:

– Çox gözəl! – deyə mırtlandı və dodaqlarını bərk sıxdı.

Ər-arvad arasında qarşılıqlı narazılıq hissi artırdı.

Digər tərəfdən Herstvudun Druenin evində tanış olduğu balaca fabrik işçisinə olan marağı təqribən eyni dərəcədə artmışdı. Kerri isə öz yeni vəziyyətinə alışmış, yeni rəfiqəsinin təsiri altında xeyli dəyişmişdi.

Kerri günəş altında ən yaxşı yer tutmağa cəhd edən adamlar kimi uyğunlaşma qabiliyyətinə malik idi. Daha parlaq həyatın şəfəqləri ona təsir etməyə bilməzdi. O, çox bilik qazandığı ilə öyünə bilməzdi, lakin onda artıq arzular oyanmışdı. M-s Heyl ilə zənginlik və mövqe haqqında uzun-uzadı söhbətlər adamların varlılıq dərəcəsini təyin etməyi ona öyrətmişdi.

Yaxşı havada m-s Heyl gözəl çəmənliklərlə əhatə olunmuş, lakin ona müyəssər olmayan yaraşıqlı evlərin görünüşündən həzz alaraq ekipajda gəzməyi sevərdi. Şimal tərəfdə, indi Şimal sahil kənarı adlanan yerdə, çoxlu gözəl evlər tikilmişdi. İndi Miçiqan gölünə sədd çəkən daş və süni qranit divarlar o vaxt yox idi. Lakin hər iki tərəfindən çiçəklərlə nəzəri oxşayan yaxşı yol salınmışdı və bütün binalar gözəl və yeni idi. Bir dəfə qış qurtarıb baharın ilk gözəl günləri başlayanda, m-s Heyl ekipaj tutdu və Kerrini gəzməyə dəvət etdi. Onlar Linkoln-parkdan keçərək İvenstona yollandılar. Saat dörddə geri dönüb beşə yaxın Şimal sahil kənarına çatdılar. İlin bu fəslində günlər hələ nisbətən qısa olur. Axşam kölgələri böyük şəhəri bürüyərək artıq sıxlaşmaqda idi. Fənərlərin yayğın və şəffaf görünən xəfif işıqları parıldamağa başlayırdı. Havada bədənin və ruhun incəliklə hiss etdiyi bir nəvaziş yayılmışdı. Kerrinin qəlbi bahar axşamının gözəlliyindən riqqətlənmişdi. Bu məstedici hava onda nə qədər arzular oyadırdı… Onun və m-s Heylin qarşısına bu hamar yolda ara-sıra ekipajlar çıxırdı. Onlardan biri dayandı. Nökər düşərək ekipajın qapısını açdı. Oradan çıxan centlmen görünür, axşam gəzintisindən qayıdırdı. Geniş və yenicə yaşıllanmaqda olan çəmənlərin o tayına lampalar hərarətli işıq verir və otaqdakı zəngin əşyaları işıqlandırırdı. Bəzən gözəl kreslo və ya stol, yaxud sakit bir bucaq gözə sataşırdı. Belə lövhələr Kerrini fövqəladə məşğul və heyran edirdi. Sanki uşaqlıq zamanı yuxularında gördüyü əfsanəvi saraylar və qalalar uzun sıralarla onun qarşısından keçib gedirdi. Qız orada, təmtəraqlı, naxışlı girişlər arxasında, əlvan və naxışlı şüşələri olan, qapılarına süd rəngli şarlardan işıq düşən otaqlarda insanların qayğı nə olduğunu bilmədiyinə, hər bir arzularının yerinə yetdiyinə inanmağa hazır idi. Bəli, orada şübhəsiz ki, xoşbəxtlik hakim idi! Əgər o, bu geniş xiyabanla gedib, bu zəngin, ona bu qədər gözəl görünən baş qapıdan girərək pilləkənləri qalxarsa, oraya zəngin, zərif, əlində qüdrət və hakimiyyət olduğu halda daxil olarsa ah, o zaman onun bütün kədəri necə də tez uçub gedər, onun ürəyindəki ağrı bir anda necə də tez yox olardı!.. Kerri arzu ilə, həyəcanla, kədərlə ətrafına baxır, baxır və aldadıcı bir səs daim ona nə isə pıçıldayırdı.

– Belə bir evi olmaq nə qədər xoşbəxtlikdir, – deyə m-s Heyl ah çəkdi.

– Hələ bir deyirlər də ki, dünyada xoşbəxt adam yoxdur, – deyə Kerri dilləndi.

O, tülkünün yetişməmiş üzüm haqqında ikiüzlü mühakimələrini doyunca eşitmişdi.

– Lakin mən görürəm ki, dəbdəbəli evlərdə insanlar nə isə öz pis vəziyyətləri ilə barışırlar, – deyə m-s Heyl istehza ilə qeyd etdi.

Kerri evə qayıtdıqda mənzilinin nisbətən yoxsul olduğu dərhal onun gözünə dəydi. Gənc qadın kifayət qədər müşahidəçi idi. Anlayırdı ki, onun evi ancaq sadəcə mebeli üç otaqdan ibarətdir. O, bu evi əvvəllər yaşadığı ilə deyil, m-s Heyl ilə sahildə gəzdiyi zaman gördüyü evlərlə müqayisə edirdi. Hələ də onun gözləri qarşısında gözəl malikanələr durur, qulaqlarında ekipajların yumşaq təkərlərinin səsi eşidilirdi. Pəncərə qarşısında sürüncəkdə oturub arxa tərəfində Uorren və Eşlend-stritin işıqlarının yanıb söndüyü, fənərlərdə işıqlandırılmış parka baxır və biixtiyar “Bu Drue kimdir axı?” deyə düşünürdü. O hədsiz həyəcana düşdüyündən yemək belə istəmirdi. Dərin fikirlər içərisində oturaraq yellənir və zümzümə edirdi. Çoxdan unudulmuş melodiyalar yadına düşür və bundan ürəyi daha artıq ağrıyırdı. Onu kədər, kədər, kədər boğurdu, o gah Kolumbiya-sitidə olan evləri üçün, gah sahildə olan malikanələr, gah hansı bir qadında isə gördüyü zərif paltar, gah gündüz gözünə sataşan gözəl mənzərə üçün kədərlənirdi. O, hədsiz qəmgin idi, eyni zamanda dumanlı arzu və xəyallarla dolu idi. İndi Kerriyə elə gəlirdi ki, son dərəcə kimsəsiz və yalqızdır. Onun dodaqları titrəyir və o çətinliklə özünü saxlayırdı. Dəqiqə dəqiqə ardınca keçir, o isə alaqaranlıqda pəncərənin önündə hərəkətsiz oturaraq, əslində arzu edə biləcəyi qədər xoşbəxt olduğunu dərk etmədən, yavaş-yavaş zümzümə edirdi.

Kerri onu bürüyən kədərlərin hakimiyyəti altında oturmaqda davam etdiyi zaman qulluqçu içəri girib bildirdi ki, m-r Herstvud aşağıda, qonaq otağındadır, “m-r və m-s Drueni görmək olarmı?” – deyə soruşur.

“Görünür, o, Çarlinin şəhərdə olmadığını bilmir” deyə Kerri düşündü.

Qışda o, bar müdirini çox az-az görürdü. Lakin hər dəfə gah bu, gah başqa bir şey onu xatırladırdı. Hələ ilk görüşdə o, Kerriyə böyük təsir bağışlamışdı. İndi Kerri çaşmış halda hər şeydən əvvəl öz xarici görünüşü haqqında düşündü, lakin güzgü onu dərhal sakitləşdirdi və o, qonağın yanına endi.

Herstvud həmişə olduğu kimi cazibəli idi. O, tez Druenin səfərdə olduğunu bilmədiyini söylədi. Lakin o, bu məsələ barəsində uzun danışmamağa çalışdı və buradaca söhbəti Kerrinin maraqlana biləcəyi ümumi mövzulardan saldı.

 

Herstvud müsahibini əyləndirməkdə müstəsna istedada malik idi. O, özünü zəngin həyat təcrübəsi olan, həmçinin rəğbət qazandığını bilən bir adam kimi tuturdu. O, bir dəqiqə belə şübhə etmirdi ki, Kerri onu çox həvəslə dinləyir və heç bir çətinlik çəkmədən Kerrinin diqqətini bütünlüklə özünə cəlb etdi. Qonaq bir az yaxına çəkildi, söhbətə bir ünsiyyət vermək üçün bir az səsini alçaltdı. Herstvud demək olar ki, ancaq gördüyü şeylərdən, görüşdüyü adamlardan danışırdı. O, filan, filan yerlərdə olmuş, filan, filan şeyləri görmüşdü.

Tədricən o, Kerridə onun təsvir etdiyi yerləri görmək arzusu oyatdı, bununla birlikdə özünün Kerri tərəfindən unudulmasına bir an belə yol vermirdi.

Kerri onun məftunedici qüvvəsini daim hiss edirdi. Herstvud bəzən hər hansı bir sözü qeyd etmək istəyərək təbəssümlə gözünü qaldırır və nəzərləri ilə onu bürüyürdü. Onda olan hər şey Kerrinin xoşuna gəlirdi. Sonra nə barədə isə danışarkən o, Kerrini daha artıq inandırmaq üçün onun əlinə toxundu. Kerri ancaq gülümsəyirdi. Herstvud sanki öz ətrafında elə bir mühit yaratmışdı ki, Kerrinin bütün varlığı bu mühitdə əriyirdi. Bütün söhbət boyu o, məzmunsuz heç bir şey demədi. Kerri özü onun sayəsində daha ağıllı olurdu. Onun canlılığı Kerriyə sirayət etdi. O, şənləndi, özündə olan bütün yaxşı cəhətləri aşkara çıxartdı. Kerri özü hiss edirdi ki, onun yanında daha qəribə, daha yaraşıqlı olur, gözəlləşir: o, Kerridə nə qədər layiqli müsbət cəhətlər tapırdı. Bununla belə onun Kerri ilə münasibətində heç bir himayəçilik görünmürdü. Druedə isə məhz bu himayəçilik hiss olunurdu.

Hər dəfə istər Druenin iştirakı ilə, istərsə də onsuz görüşdükləri zaman onların münasibətində o qədər yaxınlıq, o qədər gizli hiss var idi ki, Kerri bu barədə qorxusuz düşünə bilmirdi. Kerri təbiətən çox danışan deyildi. O, heç vaxt öz fikrini müntəzəm ifadə etməyi bacarmırdı. Onda həmişə hiss – qüvvətli və dərin hiss üstünlük edirdi. Onunla Drue arasında bir dəfə də elə bir söz deyilməmişdi ki, o xatirində saxlaya bilsin. Onların bir-birinə atdığı nəzərlərə və duyduqları hisslərə gəldikdə, hansı qadın bunlar üçün özünü məzəmmət edər? Onun Drue ilə münasibətlərində mənəvi yaxınlığa oxşayan heç bir şey yox idi, doğrusunu söyləsək, heç vaxt ola da bilməzdi. Kerri Drueyə rast gəldiyi zaman ümidsizliyin pəncəsində idi və öz vaxtında imdada çatmış bu adamın sayəsində ehtiyacdan xilas olmaq sevinci onu Drueyə təslim olmağa vadar etmişdi.

İndi isə Druenin, hətta heç anlamayacağı yığın-yığın gizli hisslər qüvvətli bir axın kimi onu bürümüşdü. Herstvudun hər baxışında Kerrinin aşnasının çılğın sözlərində olduğu qədər, bəlkə daha artıq bir qüvvə var idi. Bu baxışlar təcili cavab tələb etmirdi. Bunlara cavab verməyə imkan da yox idi.

İnsanlar ümumiyyətlə, sözlərə həddən artıq əhəmiyyət verirlər. Onlara elə gəlir ki, sanki sözlər böyük nəticələrə səbəb olur. Həqiqətdə isə sözlər, adətən, çox az inandırıcıdır. Onlar ancaq arxalarında gizlənmiş dərin, coşqun hiss və arzuları tutqun surətdə ifadə edir. Ürək isə ancaq dil ona mane olmadığı vaxt qulaq asır.

Herstvud ilə söhbət zamanı Kerri onun sözlərini deyil, onların arxasında gizlənən mənanı dinləyirdi. Herstvudun xarici görünüşü onun əvəzində necə yaxşı danışırdı! Onun ictimai vəziyyəti onu nə qədər gözəl təsvir edirdi! Kerriyə qarşı onun hər dəqiqə artan meyli mehriban bir əl kimi Kerrinin ürəyinə yatırdı. Bu meyil görünməz qalırdı, buna görə də o, Kerrini qorxutmurdu. Onu əl ilə sezmək olmazdı, buna görə də adamların nə deyə biləcəyi, öz-özünün nə deyə biləcəyi qarşısında Kerridə vahimə doğurmurdu. Kimin isə köhnə hüququnu üzərindən rədd etmək, yenisini tanımaq üçün Kerriyə yalvarır, nəsihət edir, çağırırdı, lakin bütün bunlar haqqında bir söz belə deyilmirdi. Bu iki nəfərin arasında gedən söhbət səhnədə göstərilən hər hansı dramatik epizodu müşayiət edən sakit musiqiyə bənzəyirdi.

Herstvud:

– Siz gölün şimal tərəfində sahil boyunda uzanan malikanələri görmüsünüzmü? – deyə təsadüfi olaraq soruşdu.

– Mən elə bu gün m-s Heyl ilə orada idim! Bu malikanələr nə qədər gözəldir!

– Bəli, çox! – deyə Herstvud təsdiq etdi.

Kerri fikirli halda dedi:

– Elə bir evdə yaşamağı mən necə də arzu edirəm!

Bir az sükutdan sonra Herstvud:

– Sizin bəxtiniz gətirməyib, – dedi.

O, yavaş-yavaş gözünü qaldırdı və indi düz Kerrinin üzünə baxırdı. Herstvuda aydın oldu ki, onun ağrıyan yerinə toxunmuşdur. İndi öz haqqında bir söz demək üçün əlinə təsadüf düşmüşdü. O, Kerriyə doğru əyildi, dəqiqələrin gərginliyini çox yaxşı bilərək, sakitcə ona baxmaqda davam edirdi.

Kerri sanki onun sehirlərini silkələyib, öz üzərindən atmaq üçün ixtiyarsız olaraq yüngül bir hərəkət etdi. Lakin bu faydasız idi. Herstvud nəzərlərində bütün kişilik iradəsini toplamışdı – o, arası kəsilmədən gənc qadına baxır, vəziyyət getdikcə ağır və çətin olurdu. Balaca fabrik işçisi getdikcə daha dərin suya batırdı. Onun istinadgahı bir-bir ayaqları altından sürüşüb gedirdi.

Nəhayət Kerri:

– Siz mənə belə baxmamalısınız, – dedi.

– Bu mənim ixtiyarımda deyil, – deyə Herstvud cavab verdi.

Kerri hadisələri öz başına buraxaraq susdu və bununla da Herstvuda cəsarət verdi.

– Həyatınız sizi kifayətləndirmir, bu ki, doğrudur? – deyə Herstvud davam etdi.

– Elədir, – deyə Kerri yavaşca cavab verdi.

Herstvud anladı, daha doğrusu, hiss etdi ki, indi vəziyyətin ağası odur. O, gənc qadına doğru əyilərək onun əlinə toxundu.

– Lazım deyil, – deyə Kerri səsləndi və ayağa qalxdı.

– Bağışlayın, bunu mən qəsdən etmədim, – deyə Herstvud heç bir şey olmayıbmış kimi cavab verdi.

Kerri ondan qaça bilərdi, lakin o bunu etmədi. O, söhbəti kəsmədi və Herstvud dərhal həvəslə nə isə daha maraqlı bir şey danışmağa başladı. Bir az sonra o qalxaraq getməyə hazırlaşdı. Kerri Herstvudun qalib gəldiyini hiss etdi.

Herstvud nəvazişlə dedi:

– Siz hirslənməməlisiniz. Vaxtilə hər şey düzələr.

Kerri heç nə cavab vermədi, çünki nə deyəcəyini bilmirdi.

– Biz sizinlə yaxşı dostuq, deyilmi? – deyə Herstvud vidalaşmaq üçün əlini uzatdı.

– Bəli, – deyə Kerri cavab verdi.

– Elə isə sizi yenidən görənə qədər bu barədə bir söz belə lazım deyil.

O Kerrinin əlini bir qədər öz əlində saxladı.

– Mən vəd edə bilmərəm, – deyə Kerri səsləndi. Onun səsində bir şübhə duyulurdu.

Herstvud:

– Dostlarla bir qədər mərhəmətli olmaq lazımdır, – deyə Kerrini elə bir sadəliklə məzəmmətlədi ki, qız mütəəssir oldu.

O dedi:

– Gəlin bu barədə daha danışmayaq.

– Çox yaxşı! – deyə Herstvud sevindi.

O, pilləkənləri düşərək ekipaja oturdu. Kerri qapını bağlayıb öz otağına qalxdı. O, güzgüyə yaxınlaşaraq geniş enli qurcuva yaxalığını çıxartdı və təzə aldığı timsah dərisindən gözəl kəmərinin düymələrini açdı.

Ürəkdən peşman olan, xəcalət və həyəcan içərisində olan Kerri:

– Mən çox xarab olmuşam! – dedi. – Mən hər nə edirəmsə pis çıxır.

O, saçlarını açdı, onlar şabalıd rəngli qalın dalğalarla səpələndi. Onun beyni bu axşamkı təəssüratı araşdıraraq gərginliklə işləyirdi.

Nəhayət, o güclə eşidiləcək tərzdə:

– Bilmirəm, indi mən nə edim! – deyə mızıldandı.

Bu vaxt ekipajda sürətlə gedən Herstvud isə fikrində öz-özünə deyirdi:

“O məni sevir. Mən buna əminəm!”

Bar müdiri qalan yol uzunu on beş il xatırlamadığı köhnə bir mahnını yavaşcadan zümzümə etdi.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?