Kerri bacı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Lakin o, ərinin səsində əvvəllər heç bir zaman eşitmədiyi bir ahəng sezdi.

Herstvud gəzməyə də o qədər çox getməzdi, ancaq bir yerə getmək lazım gələndə o, arvadını mütləq özü ilə aparardı. Bir dəfə şəhər təsərrüfat idarəsi üzvləri ongünlük gəzinti düzəltmək fikrinə düşdülər və Herstvuda onlarla getməyi təklif etdilər.

– Filadelfiyada bizi heç kəs tanımır. Biz orada yaxşıca kef edə bilərik, – deyə gəzinti iştirakçılarından biri Herstvuda müraciət etdi, onun sifəti qarazehinliyini və şöhrətpərəstliyini açıqca göstərirdi.

Bu sözləri dedikdən sonra o, sol gözünü azacıq hiss ediləcək dərəcədə qıydı və əla ipək silindr qoyulmuş başını azca yana əydi.

– Mütləq bizimlə gedək, Corc, – deyə o əlavə etdi.

Ertəsi gün Herstvud öz fikrini arvadına bildirdi.

– Culiya, mən bir neçə günlüyə gedirəm.

– Haraya? – deyə m-s Herstvud cəld ona baxdı.

– Filadelfiyaya… işim var.

M-s Herstvud daha nə isə gözləyirmiş kimi düz ərinin üzünə baxmaqda davam etdi.

– Bu dəfə səni özümlə apara bilməyəcəyəm – deyə m-r Herstvud əlavə etdi.

Lakin o bildirdi ki, onun hərəkəti arvadına qəribə gəlir. Herstvud getməmişdən qabaq arvadı ona bir neçə sual verdi, bu isə Herstvudu çox acıqlandırdı. O, belə bir nəticəyə gəlirdi ki, onun arvadı xoşa gəlməyən bir yükdür.

M-r Herstvud Filadelfiya səfərindən böyük həzz aldı və qayıtmaq vaxtı çatarkən buna çox-çox heyifsiləndi. O, yalan deməyi sevmirdi və uydurma izahatlar ona iyrənc görünürdü. Söhbət nəzərə alınmış ümumi çərçivədən kənara çıxmadı, lakin m-s Herstvud uzun müddət bu barədə götür-qoy elədi. O, bu incikliyin əvəzini çıxarmaq üçün çox gəzməyə, yaxşı geyinməyə, tez-tez teatrlara getməyə başladı.

Bu vəziyyəti çətin ki, xoşa gələn ailə həyatı adlandırmaq olsun. Burada həyat birdəfəlik və həmişəlik müəyyən edilmiş adi qayda və şərtlərin gücünə tabe olaraq davam edirdi. Lakin bununla yanaşı, zaman keçdikcə münasibətlər daha da rəsmiləşirdi. Tez-gec partlayış olmalı, hər şeyi havaya sovurmalı idi.

X FƏSİL
QIŞ MƏSLƏHƏTÇİ ROLUNDA. TALEYİN ELÇİSİ

Cəmiyyət içərisində qadına və onun vəzifələrinə olan münasibət nöqteyi-nəzərindən Kerrinin əhval-ruhiyyəsi qismən izaha layiqdir. Cəmiyyətdə bütün hərəkətlər üçün müəyyən edilmiş bir ölçü vardır. Bütün kişilər namuslu, qadınlar isə əməli-saleh olmalıdırlar. Buna görə də ey cinayətkar qadın, sən çərçivədən kənara çıxmağa necə cəsarət etdin?

Spenserin və bizim müasir naturalist filosofların geniş şərhinə baxmayaraq, biz hələ də əxlaq məsələsində tam uşaq anlayışı səviyyəsindəyik. Bu, inkişaf qanunlarına sadəcə tabe olmaqdan bir qədər artıq deməkdir. Bu, həm də yalnız yer üzündə hökm sürən qanunlara sadəcə tabe olmaqdan bir az genişdir.

Məsələn, deyin görək, ürək nə üçün titrəyir? İzah edin görək, nə üçün bəzən birisinin iniltisi bütün dünyaya yayılır? Tapın görək nə üçün yağış və işığın nazik əlkimyəvi təsiri altında qızılgül al məşəl kimi açılır? Əxlaqın ilk əsasları da bütün bu faktların mahiyyətində gizlənir.

“Uf, mənim qalibiyyətim nə qədər də şirindir!” – deyə Drue düşünürdü.

Ürəyinə dammış qara fikirlərin pəncəsində çapalayan Kerri isə:

Əslində baxanda mən nə itirmişəm ki? – deyə düşünürdü.

Budur, qarşımızda dünya kimi köhnə bir problem durmuşdur. Biz də ciddiyyətlə, maraq və heyrətlə əxlaqın əsl prinsiplərini müəyyən etməyə cəhd edir, xeyir nədir sualına həqiqi cavab tapmağa çalışırıq.

Cəmiyyətin bəzi təbəqələrinin nöqteyi-nəzərincə Kerrinin işi indi pis deyildi. Acından ölənlərin, şiddətli soyuq küləklərdən əzab çəkənlərin, yağış altında islananların nöqteyi-nəzərincə Kerri indi sakit bir limanda daldalanmışdı. Drue onun üçün Qərb tərəfdə, Oqden-skver küçəsində, düz Yunion-parkın qarşısında mebelli üç otaqdan ibarət bir mənzil tutmuşdur. Çikaqoda indi gözəlliyinin tayı-bərabəri olmayan bu meydan hələ də o zaman başdan-başa yaşıllığa qərq olmuşdu, burada basırıq məhəllələrdən daha asan nəfəs almaq olurdu. Pəncərədən gözəl mənzərə görünürdü, balaca gölməçənin olduğu geniş park çəmənliyinə açılırdı. Qış küləyinin təzyiqi altında yırğalanan ağacların çılpaq budaqları üzərində konqreqasionalistlər kilsəsinin sivri mili yüksəlirdi. Uzaqlarda isə başqa kilsələrin zəng qüllələri görünürdü.

Otaqlar yaxşı döşənmişdi. Qonaq otağının döşəməsinə tünd qırmızı və sarı rəngdə bahalı xalça salınmışdı, onun üzərində çox iri çiçəklər qoyulmuş gül səbətləri təsvir edilmişdi. İki pəncərə arasında trümo parıldayırdı. Bir küncdə enli yumşaq məxmər divan qoyulmuşdu, ətrafda bir neçə yelləncək var idi. İki-üç şəkil, balaca xalçalar, bəzi xırda bəzək-düzək şeyləri bu otağın bəzəyini tamamlayırdı.

Yataq otağına Druenin Kerriyə bağışladığı sandıq qoyulmuşdu. Divar içərisində qayırılmış paltar şkafında nə isə gözəl paltarlar asılmışdı. Onlar Kerriyə çox yaraşırdı və o qədər çox idi ki, Kerrinin ömründə heç vaxt bu qədər paltarı olmamışdı. Üçüncü otaqdan mətbəx kimi istifadə etmək olardı, çünki Drue oraya, özünün sevdiyi yüngül xörəkləri və qəlyanaltı hazırlamaq üçün kiçik bir qaz plitəsi qoymuşdu. Nəhayət, mənzildə hamam da var idi. Bütün otaqlar ürəkaçan idi, onlar qazla işıqlandırılmışdır. Mərkəzi qızdırılma sistemindən başqa burada otağa xeyli yaraşıq verən balaca buxarı da vardı. Kerrinin çalışqanlığı, səliqəyə olan təbii meyili sayəsində ev çox gözəl bir görkəm almışdı. Kerri burada əvvəllər hər addımda onun qarşısına çıxan çətinlikləri hiss etmədən yaşayırdı, lakin bunun əvəzinə o, yeni əxlaqi çətinliklərə məruz qalmışdı. Qızın onu əhatə edən aləmlə münasibəti o qədər dəyişmişdi ki, özü də sanki başqa bir adam olmuşdu. O, güzgüyə baxır və orada əvvəlkindən daha gözəl olan başqa bir Kerri görürdü. O, öz qəlbinə (özünün və özgələrinin təsəvvürlərindən yaranmış güzgüyə) baxır və orada əvvəlkindən pis olan bir Kerri görürdü. Həqiqi Kerri isə bu iki obraz arasında tərəddüd edir, bunların hansının doğru olduğunu bilmirdi.

– Sən nə qədər gözəlsən! – deyə Drue dəfələrlə ona deyirdi. Kerri bu sözlərdən hədsiz dərəcədə razı qalaraq, gözlərini geniş açıb onun üzünə baxırdı.

– Yəqin ki, bunu sən özün də bilirsən, – deyə Drue davam edirdi.

Kerri adətən:

– Yox, mən heç bir şey bilmirəm! – deyə cavab verirdi.

Kerri onun belə fikirdə olmasından sevinir, inanmaq istəməsə də inanır və onun təriflərindən sərməst olurdu.

Lakin öz xeyri üçün ona yaltaqlıq edən Drue Kerrinin vicdanı ola bilməzdi.

Kerri öz ürəyində tamamilə başqa bir səs eşidirdi. Kerri bu səslə mübahisə edir, onun qarşısında özünə bəraət qazandırır, onu öz tərəfinə çəkmək istəyirdi. Onun vicdanı nəticə etibarilə günahsız və ağıllı məsləhətçi deyildi. Bu, dünya haqqında, əvvəllər təsadüf etdiyi adamlar haqqında, əmələ gəlmiş adətlər və şərait haqqında bir yığın qarma-qarışıq təsəvvürə malik adi bir adamın vicdanı idi.

Eh, uğursuz! – deyə bir səs ona pıçıldayırdı.

Nə üçün? – deyə Kerri soruşurdu.

O səs cavabında deyirdi:

“Ətrafdakı adamlara bax. Namuslu adamlara bax. Sənə etdiklərini onlara təklif etsəydilər, onlar nə qədər qəzəblə üzlərini çevirib gedərdilər. Namuslu qızlara bax! Onlar sənin bu qədər zəif olduğunu bilsə idilər, hamısı sənə nifrət edərdilər. Sən heç müqavimət də göstərmədin və dərhal özünü məğlub hesab etdin”.

Kerri evdə tək qalıb pəncərənin yanında oturaraq küçəyə baxdığı saatlarda bu səs daha aydın eşidilirdi. Bu səs çox tez-tez deyil, yalnız Drue evdə olmayanda, Kerrinin həyatının xoş cəhəti bir o qədər də açıq nəzərə çarpmayan zamanlar özünü xatırladırdı.

Əvvəllər bu səs tamam inandırıcı olmasa da, olduqca kəskin səslənirdi. Kerrinin cavabı həmişə hazır idi. Qabaqda qış gəlirdi, o tamamilə tək idi, onun ürəyi arzularla dolu idi. O, küləyin vıyıltısından qorxurdu. Kerrinin əvəzinə ehtiyacın səsi cavab verirdi…

Aydın yay günləri bir azacıq uzaqlaşan kimi şəhər tutqun boz plaşa bürünür və bütün qışı bu paltarda keçirirdi… Nəhayətsiz sıralarla düzülmüş binalar boz görünür, göyün üzü və küçələr qurğuşun rənginə çalır, çılpaq ağaclar, soyuq küləyin qaldırdığı toz, havada uçan kağız parçaları – bütün bunlar kədərli və tutqun mənzərəni daha da ağırlaşdırırdı. Meydanda və yol ayrıclarında əsən soyuq külək adamı ağır düşüncələrə sövq edirdi. Bu dəyişikliyi yalnız xüsusi həssas qəlbə malik olan şairlər, rəssamlar deyil, bütün insanlar, hətta heyvanlar belə hiss edirlər. Adi adamlar şairlər kimi söz qabiliyyətinə malik olmasalar da, bunu onlardan pis hiss etmirlər. Teleqraf telləri üzərinə qonmuş qarğalar da, ev qapılarında gizlənmiş pişiklər də, yükünü böyük çətinliklə çəkib aparan araba atı da – bunların hamısı qışın dondurucu nəfəsilə tanışdırlar. Qış hər cür: canlı və cansız həyatın ürəyinə zərbə endirir. Əgər süni şadlıq işıqları, həyatın şiddətli arzu və əyləncələrindən doğan vurnuxma, alverçilərin mağazaların xaricində və daxilində düzəltdikləri dəbdəbəli vitrinlər, küçələri doldurmuş geniş məlumatlı parlaq reklamlar, orada-burada vurnuxan piyadalar olmasaydı, biz qışın soyuq əlinin ürəyimiz üzərinə necə ağır yatdığını, sıxıcı, uzun günləri, günəşin kifayət qədər isti və işıq vermədiyini tez hiss edərdik. Bütün bu hadisələrdən nə dərəcədə asılı olduğumuzu biz özümüz başa düşmürük. Əslində biz istidən törəmiş və onsuz tələf olan həşəratıq.

Bu cansıxıcı, boz günlərdə əsrarəngiz səs Kerrinin qulağında səslənirdisə də, getdikcə daha zəif eşidilirdi.

Kerri öz ruhi iztirablarına bütünlüklə qapılmamışdı. Onu heç vaxt qaraqabaq adam adlandırmaq olmazdı. Bundan əlavə, onda kifayət qədər inad da yox idi ki, o ağlı ilə həqiqəti dərk etsin. Bir məsələ ətrafında yaranmış dolaşıqlıqdan çıxış yolu tapmadıqda o, bu məsələni başından tamamilə çıxarırdı.

Drue isə özü kimi adamlara görə özünü qüsursuz aparırdı. O, Kerrini hər cür əyləndirir, ona çox pul xərcləyir, iş barəsində səfərə çıxanda onu özü ilə bərabər aparırdı. Bəzən də elə hallar olurdu ki, o, yaxın şəhərlərdə fırlanana qədər Kerri iki-üç günlüyə tək qalırdı, lakin ümumiyyətlə, Kerri onunla birlikdə xeyli vaxt keçirirdi.

 

Onlar yeni evə köçəndən bir az sonra bir dəfə səhər o, Kerriyə dedi:

– Kerri, mən dostum Herstvudu bu axşamı bizimlə keçirməyə dəvət etmişəm.

– O kimdir? – deyə Kerri diqqətini topladı.

– Ah, o, çox yaxşı adamdır. “Fitscerald və Moy” barının müdiridir.

– O nədir?

– Çox gözəl bardır. Şəhərdəki ən yaxşı barlardan biridir.

Kerri bir qədər tutuldu. Onu bir şey düşündürürdü: görəsən Drue onun haqqında dostuna nə demişdir və o, özünü bu adamın yanında necə aparmalıdır?

Drue onun fikrini oxuyurmuş kimi:

– Sən narahat olma, – dedi – o heç nə bilmir. Sən indi missis Druesən.

Onun sözləri Kerriyə tamam yersiz göründü. Ona aydın oldu ki, Drue həssaslıqdan məhrumdur.

Kerri onun çoxlu vədlərini xatırlayaraq:

– Bəs nə üçün biz evlənmirik? – deyə soruşdu.

– Səbir elə, evlənərik, – deyə Drue cavab verdi. – Mənə imkan ver, bu balaca işimi qurtarım.

Drue mövcud olmayan bir mirası nəzərdə tuturdu. Guya bu iş çox çalışmaq tələb edirdi, iş o qədər çox diqqət tələb edirdi ki, onun istədiyi kimi hərəkət etməsinə mane olurdu.

–Yanvarda Denverdən qayıdan kimi evlənərik.

Kerri onun vicdanına təsəlli verən, vəziyyətdən tam əlverişli çıxış yolu açan bu sözlərə qismən ümid bağlayırdı. Hələ hər şey düzələ bilərdi. Onun hərəkəti bəraət qazanacaqdı.

Kerri Drueni ürəkdən sevmirdi. Kerri ondan çox ağıllı idi və dumanlı surətdə olsa da anlayırdı ki, Druenin çatışmayan cəhətləri çoxdur. Əgər bu vəziyyət olmasaydı, Kerri ona laqeyd baxa bilməsə idi, Druenin necə adam olduğunu başa düşməsəydi, onun vəziyyəti daha pis olardı. Əgər Kerri onu sevsəydi, onun məhəbbətini qazana bilməyəcəyi, onda Kerriyə qarşı məhəbbətin sönüb gedə biləcəyi, onu atacağı və hər cür ümiddən məhrum olacağı qorxusundan o özünü ən bədbəxt adam hiss edərdi. Hazırkı vəziyyətdə isə Kerri əvvəldə öz gələcək taleyindən bir qədər narahat olduğu üçün Druenin tamamilə ələ almağa cəhd etdi, lakin sonra sakitcə gözləməyə başladı. Kerri Drue haqqında olan fikirlərinin doğruluğuna inanmır və özünün nə istədiyini bilmirdi.

Herstvud gəldiyi zaman Kerri öz qarşısında Druedən min qat ağıllı bir adam gördü. O, qadınlara xüsusi bir hörmətlə yanaşırdı ki, onlar da bunu çox qiymətləndirirdilər. O nə həddən artıq məcburiyyət, nə də həddən artıq cəsarət göstərirdi. Onun cazibəsi həddindən çox hörmətcil olmasında idi. O, barda görüşdüyü varlı adamların hüsn-rəğbətini qazanmaq üçün yaxşı məktəb keçmişdi, ona lazım olan və xoşladığı adama yaxşı təsir bağışlamaq üçün özünü çox nəzakətlə aparırdı. O, gözəl qadınlardan incə, zərif hissə malik olanlarını daha çox xoşlayırdı. Herstvud mülayim, sakit və inamlı görünürdü. Adama elə gəlirdi ki, onun yeganə arzusu qadının istədiyi kimi davranmaq, onun xoşuna gələn bir şey etməkdən ibarət idi.

Lazım olanda Drue də özünü belə aparırdı. Lakin Herstvudda olan zərifliyə malik olmaq üçün o özü haqqında olduqca yüksək fikirdə idi. Drue həddən artıq şən və qaynar idi, özünə həddindən artıq inanırdı. Onun məhəbbət sahəsində o qədər mahir olmayan qadınlar arasında müvəffəqiyyəti vardı. Ax-çox təcrübəli olan, təbii zərifliyə malik qadınlara rast gəldiyi zaman o, həmişə məğlubiyyətə uğrayırdı.

Drue Kerridə bir çox incəliklər görür, lakin onun sevgi sənətində azacıq da olsa təcrübəsi olmadığını hiss edirdi. Onun bəxti gətirmişdi: necə deyərlər, təsadüf Kerrini özü onun yanına gətirmişdi. Bir neçə il sonra, Kerri həyatı bir az öyrəndikdə, heç olmazsa azacıq müvəffəqiyyət əldə etdikdən sonra Drue heç vaxt ona yaxın da gələ bilməzdi.

Herstvud onlara gələndən sonra:

– Drue, sizə royal almaq lazımdır, – dedi və gülümsünərək Kerriyə baxdı. – O zaman sizin arvadınız çala bilərdi.

Bu fikir Druenin heç ağlına gəlməmişdi.

– Siz doğru deyirsiniz, – deyə Drue razılaşdı.

Kerri isə:

– Ancaq mən çala bilmirəm, – sözlərini deməyə cəsarət etdi.

– Bu o qədər də çətin deyil. Bir neçə həftədə öyrənərsiniz.

Herstvud axşam özünü çox xoşsöhbət bir müsahib kimi göstərdi.

Əynindəki kostyum lap təzə və zərif idi. Pencəyinin yaxası ütülənmişdi. Gözəl Şotlandiya parçasından tikilmiş jiletində iki sıra girdə sədəf düymələr parıldayırdı. Müxtəlif rəngə çalan qalstuku gözə çarpmasa da, eyni zamanda diqqətsiz qalmırdı. Ümumiyyətlə, Herstvudda olan bütün şeylər Druedə olduğu kimi kəskin nəzərə çarpmırsa da, Kerri dərhal materialın rəngini və keyfiyyətini qiymətləndirə bildi. Herstvudun yumşaq qara şevrodan olan ayaqqabıları parıldayana qədər təmizlənmişdi, lakin işıldamırdı. Druenin lak ayaqqabı geyməsinə baxmayaraq, Kerri hiss etdi ki, yumşaq dəri zərif kostyuma daha yaxşı yaraşır. Kerri demək olar ki, bu xırda şeylərin hamısını tamamilə qeyri-şüuru olaraq görürdü. Ümumiyyətlə, bu təbii idi, çünki o, Druenin xarici görünüşünə artıq alışmışdı.

Söhbətdən sonra Herstvud:

– Bir az kart oynayaqmı? – deyə təklif etdi.

O, Kerrinin keçmişi haqqında bir şey bildiyini büruzə verə biləcək hər şeydən diplomatik surətdə çəkinirdi. O, ümumiyyətlə şəxsiyyətə toxunmadan ümumi mövzuda danışırdı. Bunun üçün də Kerri özünü tamamilə sərbəst hiss edirdi. O, öz nəzakəti və ədəbli zarafatları ilə Kerrini çox məşğul etdi. Həm də o, özünü elə göstərirdi ki, guya Kerrinin bütün dedikləri onu çox maraqlandırır.

Kerri dedi:

– Axı mən oyunun qaydalarını bilmirəm.

– Çarli, siz öz vəzifələrinizi yerinə yetirmirsiniz, – deyə Herstvud zarafatla Drueyə müraciət etdi. – Eybi yoxdur, biz sizi öyrədərik, – deyə əlavə etdi.

Herstvud özünəməxsus nəzakətlə Drueyə onun seçdiyi qızdan heyrətləndiyini anlatdı. Onun bütün hərəkətləri bu evə gəlməkdən həzz aldığını göstərirdi. Drue hiss etdi ki, onlar Herstvudla nədənsə yaxınlaşmışlar. İndi o, Kerriyə daha artıq hörmət göstərməyə başladı. Herstvudun bəyənməsindən Kerri onun gözlərində yeni bir şəkil aldı. Bütün bu kələk onun nəzərində xüsusi bir şıqlıq kəsb etməyə başladı.

– Görüm sizə hansı kartlar düşmüşdür? – deyə Herstvud ehtiramla Kerrinin çiyninin üstündən onun kartlarına baxdı.

Bir neçə saniyə onun kartlarını öyrəndikdən sonra, nəhayət dedi:

– Yaxşı kartlardır. Sizinki gətirir. İndi mən sizə ərinizi necə udmağı öyrədərəm. Siz ancaq mənə qulaq asın!

– Bağışlayınız, – deyə Drue etiraz etdi. – Əgər siz mənim əleyhimə sui-qəsd hazırlamaq istəyirsinizsə, o zaman mən sizin qarşınızda dura bilməyəcəyəm. Herstvud kart oynamağın ustasıdır.

– Yox, yox, bu ancaq sizin arvadınızın xidmətidir. O, mənə də xoşbəxtlik gətirər. Nə üçün də o udmasın?

Kerri təşəkkür hissi ilə Herstvuda baxdı və Drueyə gülümsədi. Birinci yenə simasına ən adi dostluq hissini göstərən bir ifadə verdi. O, buraya axşamı xoş keçirmək üçün gəlmişdi. Kerri nə edirdisə, o bundan ləzzət alırdı. Vəssalam! Herstvud fikirli halda:

– Belə, belə, – dedi və bir yaxşı kart saxlamaqla Kerriyə yenidən artıq kart almağa imkan verdi. – Mənə elə gəlir ki, təzə başlayan adama nisbətən pis oynamırsınız, – deyə əlavə etdi.

Kerri həmişə udduğunu görüb sevinclə qəhqəhə çəkirdi. Sanki Herstvudun köməyi onu məğlubedilməz etmişdi.

O isə hərdənbir Kerriyə baxırdı. Bu zaman onun gözlərində yumşaq bir işıq alovlanırdı. Bu gözlərdə səmimi və əsl yoldaşlıq münasibətindən başqa heç bir şey yox idi. O, gözlərinin hiyləgər parıltısını dərinlərdə gizlədirdi. Onun baxışlarında məsum heyrətdən başqa bir şey görünmürdü. Kerri ancaq onun cəmiyyətinin Herstvuda böyük ləzzət verdiyini güman edə bilərdi. O, hiss edirdi ki, Herstvud onun haqqında yaxşı fikirdədir.

Herstvud:

– Belə bir oyunu mukafatsız qoymaq ədalətsizlikdir, – dedi və bu sözlərlə o, əlini jiletinin xırda pullar olan balaca cibinə atıb əlavə etdi:

– Gəlin on sentdən oynayaq.

– Yaxşı, – deyə Drue razılıq verdi və əlini cibinə saldı. Lakin Herstvud onu qabaqladı. Onun əlində bir yığın təzə on sentlik var idi.

– Buyurun, – deyə o, oynayanların hər birinə bir qədər pul verdi.

Kerri təbəssümlə:

– İndi qumar başlanacaq! – dedi, – bu heç yaxşı deyil.

– Yox, burada heç bir pis şey yoxdur, – deyə Drue etiraz etdi. – Bu sadəcə əyləncədir. Əgər sən heç vaxt böyük məbləğə oynamasan, bir baş cənnətə gedərsən.

Herstvud Kerriyə müraciət edərək nəvazişlə:

– Pulların necə olacağını bilmədən öyüd verməyə dəyməz, – dedi.

Drue gülümsədi.

Herstvud davam etdi:

– Əgər pullar sizin ərinizə çatsa, o, sizə oyunun pis, yaxud yaxşı olduğunu söylər.

Drue ucadan qəhqəhə çəkdi.

Herstvudun səsi çox cazibəli idi. Onun hazırcavablığı isə o qədər sadə idi ki, Kerri gülməkdən özünü saxlaya bilmirdi.

– Siz nə vaxt yola düşürsunüz? – deyə Herstvud dostundan soruşdu.

– Çərşənbə günü, – deyə Drue cavab verdi.

Herstvud Kerriyə baxaraq dedi:

– Yəqin ki, ərinizin həmişə səyahətdə olması sizə ağır tamam olur.

Drue:

– Bu dəfə biz bir yerdə səfərə gedəcəyik, – dedi.

Herstvud dedi:

– Səfərə qədər mütləq siz mənimlə teatra getməlisiniz.

– Çox yaxşı, – deyə Drue razılaşdı. – Sən necə bilirsən, Kerri?

– Mən məmnuniyyətlə gedərəm.

Herstvud Kerrinin udması üçün əlindən gələn hər şeyi etdi. O, Kerrinin müvəffəqiyyətilə şadlanır, onun udduğunu hesablayırdı, nəhayət pulları toplayıb onun ovcuna qoyurdu.

Oyun qurtarandan sonra Kerri süfrəni hazırladı. Herstvudun gətirdiyi şərabla yüngül bir qəlyanaltı gətirdi. Herstvud çox oturmadı.

– Yadınızda saxlayın ki, – deyə o, əvvəl Kerriyə müraciət etdi, sonra nəzərlərini Drueyə çevirdi, – səkkizin yarısı üçün hazır olmalısınız. Mən sizi aparmaq üçün gələcəyəm.

Drue və Kerri qonağı küçə qapısına qədər ötürdülər. Küçədə onu gözləyən kebin qırmızı fənəri xəfif işıq verirdi.

– Qulaq asın, siz gedən zaman arvadınız tək qaldıqda, – deyə Herstvud yaxşı dairələrdən olan adamlara məxsus bir ahənglə Drueyə müraciət etdi, – darıxmaması üçün onu əyləndirməyə mənə icazə verin.

Onun hörmətindən çox xoşhal olmuş Drue:

– Əlbəttə, əlbəttə, – dedi.

– Siz çox mərhəmətlisiniz! – deyə Kerri öz tərəfindən əlavə etdi.

– Heç vaxt. Sizin əriniz mənim yerimə olsaydı şübhəsiz o da bu cür edərdi.

O gülümsəyərək pilləkənləri düşməyə başladı.

Qonaq Kerriyə çox güclü bir təsir bağışlamışdı. O, heç vaxt bu qədər sevimli adama rast gəlməmişdi.

Drueyə gəldikdə o, çox razı idi.

Onlar öz səliqəli qonaq otaqlarına girdikləri vaxt Drue dedi:

– Çox sevimli adamdır. Bundan əlavə yaxşı da dostdur.

– Görünür, – deyə Kerri razılaşdı.

XI FƏSİL
ALDADICI SƏS. HİSSİN MÜHAFİZƏSİ ALTINDA

Kerri həyat ilə, daha doğrusu onun xarici formaları ilə sürətlə tanış olurdu. Hər nə görürdüsə özünə dərhal belə bir sual verirdi: “Bu şey ona yaraşarmı?” Məlumdur ki, bu tərzdə düşünmək nə müdriklik, nə də hissin incəliyi ilə izah olunur. Lakin Kerri üçün gözəl paltar həmişə olduqca inandırıcı idi, – belə paltar riyakar kimi yumşaqlıqla və yaltaqcasına öz xeyrinə danışırdı. Gözəl paltara malik olmaq arzusu hər hansı bir paltarın yalvarışını məmnuniyyətlə dinləməyə Kerrini məcbur edirdi. Cansız deyilən şeyin səsi! Qiymətli daşların gözəl danışdığını bizim dilimizə çevirməyi kim bacara bilər?

Onun Partricdən aldığı qurjuva yaxalıq ona: “Mənim əzizim, – deyirdi, – gör mən sənə necə yaraşıram! Heç bir vəchlə sən məni rədd etmə!”

Yeni çəkmələrin yumşaq dərisi deyirdi: “Ah, nə gözəl ayaqlardır. Mən onları necə qəşəng bürüyürəm. Mən bu ayaqlarda olmasam, çox heyif!”

Bu şeylər Kerrinin əlinə keçən kimi və ya bunları əyninə geyən kimi onun fikrinə gəlirdi ki, bu şeylərdən imtina etmək lazımdır… Yeni şeylərin ona nə kimi qiymətə başa gəldiyi fikri Kerriyə çox əzab verirdi. Lakin o, şübhələri bütün qüvvəsilə bir tərəfə atmağa çalışırdı, çünki bu şeylərdən əl çəkə bilmirdi.

Vicdan səsi isə nahaq yerə ona yalvarırdı: “Köhnə paltarlarını, tapdanmış başmaqlarını gey!”

Ola bilsin, Kerri özünün aclıq qarşısındakı qorxusuna qalib gəlib, köhnəyə qayıda bilərdi. Vicdanın təzyiqi altında o, əməyin əzabı, həyatın acınacaqlığı, məhrumiyyətləri haqqında təkrar səsə qulaq asa bilərdi. Lakin öz xarici görünüşünü pozmaq? Cır-cındır geymək? Yenidən acınacaqlı şəklə düşmək? Heç vaxt!

Drue Kerrinin hərəkətlərinin, mühakiməsinin doğru olduğu fikrini hər vasitə ilə möhkəmləndirir, beləliklə, hər növ cəzbedici şeylərə olan müqavimət iqtidarını zəiflədirdi. Buna müvəffəq olmaq heç də çətin deyildir. Xüsusən fikrimiz arzumuzla düz gəldiyi zaman Drue özünə məxsus mehribanlıqla Kerrinin qəşəng olduğunu yorulmadan təkrar edir və ona məftun nəzərlərlə baxırdı. Kerri isə bütün bunları bir həqiqət kimi qəbul edirdi. O, hələ naz satmaq sənətində təcrübəli deyildi, ancaq bu dərsi sürətlə mənimsəyirdi. Druedə özü kimi adamlara məxsus bir adət vardı: o, küçədə zərif və yaxşı geyinmiş qadınları nəzərdən keçirər və onlar barəsində fikir yürüdərdi. Onda gözəl geyimə qarşı əsl qadın ehtirası var idi. Bunun sayəsində o, qadınların ağıllarından olmasa da geyimlərindən yaxşı baş çıxarırdı. Drue bəzəkli qadınların nə cür yeridiklərinə, ayaqlarını nə cür qoyduqlarına, başlarını nə cür tutduqlarına, sağrılarını nə cür yırğaladıqlarına diqqətlə nəzər salardı. Qadınların yüngül elastik hərəkəti əyyaşın bir stəkan şərab fikrindən coşması kimi onu coşdurardı. O, qadınlarda özlərinin ən çox sevdikləri və qiymətləndirdikləri zərifliyi fövqəladə qiymətləndirər və sevərdi. Zəriflik mehrabı qarşısında o, qadınlarla birlikdə hərarətli etiqad sahibi kimi diz çökərdi.

 

Birlikdə gəzməyə çıxdıqları ilk gündə o, Kerridən soruşdu:

– Bu saat ötüb gedən qadına fikir verdinmi? Onun nə gözəl yerişi vardır!

Kerri yerişi Druenin tərifini qazanmış olan qadına diqqətlə baxdı və:

– Düzdür, sən haqlısan, – dedi.

Onun ağlına gəldi ki, ola bilsin, onun özündə məhz bu cəhət çatışmır. Onda sövq-təbii olaraq özünü belə qadınlara oxşatmaq arzusu doğdu. Şübhəsiz, o da belə yeriyə bilərdi!

Kerri ağılda olan qadınlar başqalarının onların diqqətini daim cəlb etdikləri, daim heyran qaldıqları şeyləri görəndə bundan məntiqi nəticə çıxarır və sonra onu həyata keçirirlər. Drue o qədər fərasətli deyildi ki, öz müşahidəsinin yersiz olduğunu anlasın. O, başa düşmürdü ki, Kerriyə ondan guya yaxşı olan başqa qadınlara deyil, öz-özü ilə rəqabət fikrini aşılamaq qat-qat yaxşıdır. Daha artıq yetkin və daha artıq təcrübəli olan qadınla o, belə rəftar etməzdi. Kerrini isə o, hələ uşaq hesab edirdi. Kerridən az ağıllı olan Drue təbii ki, onu incitdiyini başa düşə bilməzdi. O, Kerriyə yaralar vurmaqla onu tərbiyə etməkdə davam edirdi. Bu isə öz şagirdinə və qurbanına məftuniyyəti durmadan artan bir adam tərəfindən ağılsızlıq idi.

Kerri onun göstəriş və nəsihətlərini sözsüz dinləyirdi. O, Drueyə məhz nəyin xoş gəldiyini görür və onun zəifliyini tutqun surətdə anlayırdı. Kişi başqa qadınlardan vəcdə gəldiyini açıq-aşkar büruzə verdikdə özünü qadının gözündən salır. Qadının gözündə ancaq bir şey yüksək tərifə layiqdir: bu da qadının özüdür. Çoxlu qadınlar yanında müvəffəqiyyət qazanmaq üçün özünü ayrı-ayrılıqda hər qadına tamamilə həsr etməlisən.

Kerri öz evində də bu sahədən az məlumat almırdı. Onunla bir binada “Standart” teatrının direktoru Frenk Heyl adlı birisi öz qadını ilə yaşayırdı. M-s Heyl 35 yaşlı, incə, qara saçlı bir qadın idi. O və onun kişisi müasir Amerikada ən çox olan, heç bir şeyləri olmadığı halda güzəranları yaxşı keçən adamlar silkinə mənsub idi. M-r Heyl həftədə qırx beş dollar alırdı. Onun məlahətli arvadı yaşını gizlədir, təsərrüfatla və uşaqların tərbiyəsi ilə məşğul olmaq istəmirdi. Drue ilə Kerri kimi onlar da mebellə təchiz olunmuş üç otaq tutmuşdular. Ancaq onlar bir mərtəbə yuxarıda yaşayırdılar.

Kerri tezliklə m-s Heyl ilə tanış oldu və onunla bir yerdə şəhəri gəzməyə başladı. Bu qadın uzun müddət Kerrinin yeganə tanışı olaraq qaldı; dostunun laqqırtısı Kerri üçün dünyanı görməkdən ötrü prizma rolunu oynayırdı. M-s Heylin passiv ağlında yerləşmiş hər növ bayağılıq, pul qarşısında sitayiş, əxlaq haqqında çeynənmiş təsəvvürlər Kerriyə, əlbəttə, öz təsirini göstərdi və bir müddət onun görüşlərində dəhşətli dolaşıqlıq əmələ gətirdi.

Digər tərəfdən Kerri öz hiss və instinktlərinin yardımı ilə görüşlərində bir növ təshihlər edirdi. Onun nə isə daha yaxşı bir şeyə daim meyil etməsini inkar etmək olmazdı. Qəlbimizə yol açan təəssürat ona düzgün yol göstərirdi.

Ümumi dəhlizə çıxan otaqlarda bir gənc qız anası ilə yaşayırdı. Onlar İndiana ştatının İvensvil şəhərindən gəlmişdilər. Bu, iri dəmir yolları şirkətinin xəzinədarının ailəsi idi. Qız Çikaqoya musiqi təhsilini təkmilləşdirmək üçün gəlmişdi, anası isə qızının darıxmaması üçün onu müşayiət etmişdi.

Kerri onlarla tanış olmamışdı, lakin qız evə gəlib gedərkən onu tez-tez görürdü. Kerri onu bir neçə dəfə royal dalında görmüş və onun çalmağını dəfələrlə eşitmişdi. Qız yaxşı geyinirdi və royalda çaldığı zaman ağ barmaqlarında üzüklər parlayırdı.

Musiqinin Kerri üzərində böyük hakimiyyəti var idi. Royalın dillərinə vurarkən yaxından arfanın telləri titrədiyi kimi bəzi melodiyalar da gənc qadının əsəblərini o cür titrədirdi. Kerridə incə qavrayış qabiliyyəti vardı və bəzi akkordlar onda dumanlı fikirlər əmələ gətirir, onun məhrum olduğu bir çox şeylər haqqında onda kədər oyadırdı. Həmin bu fikirlər onu indi sahib olduğu şeylərdən möhkəm tutmağa məcbur edirdi. Pianoçu qız bir kiçik musiqi əsərini xüsusən təsirli və incə ifa edirdi. Kerri bu melodiyanı eşidərkən toran çəkilmiş, lakin qaranlıq hələ çökməmişdi. Bu zaman işsiz-gücsüz adamlar, həyatda özünə yer tutmayanlar üçün ətrafda hər şey kədərli bir görkəm alır. Adam fikrən uzaq səyahətlərə atılır və oradan puça çıxmış, sönmüş və həmişəlik uçub getmiş sevinclərin qırıqları ilə qayıdır. Kerri pəncərənin qabağında oturaraq küçəyə baxırdı. Drue hələ səhər saat onda getmişdi. O, öz boş vaxtını əvvəl gəzmək, sonra Druenin qoyub getdiyi romanı oxumaqla doldurmaq istədi. Lakin kitab ona o qədər ləzzət vermədi. Vaxtını bir təhər keçirmək üçün o, axşam paltarını geydi, sonra yenə pəncərənin önündə oturub rəngarəng və dolğun həyat axtaran adamlara müəyyən şəraitdə üz verən kədər və narahatlıqla parka baxmağa başladı. Bu cür oturub öz yeni vəziyyəti üzərində düşünərkən aşağıdan, qonaq otağından birdən-birə royalın səsi eşidildi. Bu səs onun fikirlərinə yeni rəng verərək onları qarışdırdı. Kerri qısa həyatının ən yaxşı və ən kədərli günlərini xatırlatdı. Bir anlığa onu peşmançılıq bürüdü.

Drue onu elə bu halda gördü. Onun gəlməsilə otağa sanki tamamilə başqa hava doldu. Toran artıq qatılaşmışdı, lakin Kerri işıq yandırmırdı. Buxarının odu da demək olar ki, sönmək üzrə idi.

– Haradasan, Ked? – deyə Drue onu, özünün verdiyi nəvazişli adla səslədi.

– Buradayam, – deyə Kerri cavab verdi.

Kerrinin səsində bir kədər vardı, lakin Drue bunu duymağa qabil deyildi. Onda elə həssaslıq yox idi ki, qadına nəzakətlə yanaşmaq və təsəlli vermək lazım gəldiyini öyrənsin. O, kibrit çəkib qazı yandırdı.

– Sən ağlamısan, nədir? – deyə o səsləndi.

Doğrudan da Kerrinin gözlərindən ixtiyarsız axan yaş hələ qurumamışdı.

– Nə üçün ağlayırsan? – deyə Drue təəccüb etdi. – Ağlama, Kerri!

O, öz aləmində elə zənn edirdi ki, Kerrinin kədərlənməsinə və ağlamasına səbəb onun evdə olmamasıdır. O, Kerrinin əlindən tutaraq:

– Yetər, yetər, Ked! – deyə davam etdi. – Hər şey düzələr. Musiqini eşidirsənmi? Gəl oynayaq.

Bu dəqiqələrdə o, Kerriyə göstərdi ki, onda dərdinə şərik axtarmaq əbəsdir. Onun çatmayan cəhətlərini, onların arasındakı fərqin məhz nədən ibarət olduğunu müəyyən etmək Kerri üçün çətin idi, lakin hər halda, o, Druenin çatmayan cəhətlərini və bu fərqi hiss edirdi. Drue burada ilk böyük səhvinə yol verdi.

Gənc musiqiçi qız axşamlar öz anası ilə birlikdə onların yanından keçərkən Druenin onun barəsində dəfələrlə söylədiyi təriflər Kerrini öz qiymətini bilən qadınların ədalarına xüsusi diqqət verməyə məcbur edirdi. Kerri güzgünün qabağında duraraq dəmir yol xəzinədarının qızı kimi dodaqlarını azacıq büzür, gah da zərif hərəkətlə başını arxaya atırdı, o, indi yüngül və etinasız bir hərəkətlə yubkasını yığışdırırdı – məgər Drue onun nəzərlərini gənc musiqiçinin, həmçinin çoxlu başqa qadınların bu işi nə qədər mahiranə etdiklərinə cəlb etməmişdimi? Kerri isə təbiətən hər şeyi tez qavrayandı. Şöhrətpərəstlikdən məhrum olmayan hər bir göyçək qadının tez, ya gec əldə etdiyi bütün xırda cəhətləri o da mənimsəməyə başlamışdı. Sözün qısası onun incəlik haqqındakı təsəvvürləri genişlənmiş və buna müvafiq olaraq xarici görünüşü də dəyişmişdi. Kerri zövqü xeyli inkişaf etmiş bir qadın olmuşdu.

Bütün bunlar Druedən gizli qalmırdı. O, Kerrinin saçlarındakı yeni lenti da, bir dəfə səhər saçlarını yeni tərzdə yığışdırdığını da görmüşdü.

O demişdi:

– Saçını bu cür düzəltmək sənə necə də yaraşır, Ked!

Kerri sevinirdi.

– Doğrudanmı?

Onun bu sözləri Kerrini elə o gün başqa müvəffəqiyyətlərini də yoxlamağa məcbur etdi.

Kerri yeriyərkən artıq ağır addımlar atmır və bununla yenə də xəzinədar qızının gözəl yerişini təqlid edirdi. Musiqiçi qonşusunun Kerriyə necə böyük təsiri olduğunu demək çətindir, lakin Kerri ondan çox şey öyrənmişdi. Herstvud ilk dəfə dostunun yanına gələrkən Druenin qatarda söhbət etdiyi Kerridən çox fərqli olan bir gənc qadın gördü. Onun geyimindən əvvəlki nöqsanlar çoxdan itib getmişdi. Onun hərəkətləri haqqında bunu demək olardı. O, gözəl idi, incə idi, özünə inamsızlıqdan doğmuş təbii cəsarətsizliyi onu nə qədər xoş göstərirdi. Onun iri gözlərində nə isə bir uşaq sadəlövhlüyü var idi. Başdan ayağa kimi saxta olan Herstvudu əsir edən də bu idi.