Kerri bacı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Yox, – deyə bacısına çəpəki bir nəzər saldı.

Bacısı:

–Yaxşı olar ki, sən heç bu payızda iş axtarmayasan, – dedi.

Kerri heç nə cavab vermədi.

Hanson evə qayıtdıqda onun simasında həmişəki kimi anlaşılmaz bir ifadə var idi. O, səssizcə yuyundu və qəzet oxumağa oturdu.

Kerri xörək yeyən zaman bir az əsəbi idi. Tutacağı iş onu hədsiz dərəcədə həyəcanlandırır, arzuedilməz qonaq vəziyyətində olması ona çox ağır gəlirdi.

– Bir iş tapmadınız? – deyə Hanson soruşdu.

– Yox.

Baldızının necə də xoşa gəlməyən bir yük olduğunu düşünərək o, yenidən yeməyə girişdi. O, evlərinə qayıtmalıdır, vəssalam! Əgər o getsə, Hanson yazda onun bir daha qayıtmasına yol verməz.

Tutacağı iş Kerrini çox qorxudurdu. Lakin ağır vəziyyətin axıra çatmaqda olduğu fikri ona təsəlli verirdi. Axı bu adamlar üçün heç fərqi yoxdur. Onun getməyinə, xüsusilə, Hanson sevinəcəkdir, azacıq belə onun haqqında təşvişə düşməyəcəkdir.

Kerri xörəkdən sonra heç kəsin mane ola bilməyəcəyi vanna otağına getdi və kiçik bir kağız yazdı:

– “Əlvida, Minni! Mən evə qayıtmıram. Mən Çikaqoda qalıb iş axtaracağam. Mənim haqqımda narahat olmayın, hər şey düzələcək”.

Hanson qonaq otağında oturub qəzet oxuyurdu. Kerri adəti üzrə qabları yumaq, stolu yığışdırmaq və evi qaydaya salmaqda bacısına kömək etdi və sonra dedi:

– Mən aşağı düşüb bir qədər qapıda durmaq istəyirəm.

Bu sözləri deyərkən o, səsindəki titrəyişi güclə saxlayırdı.

Minni ərinin narazılığını xatırlayaraq dedi:

– Sven deyir ki, qapıda durmaq heç də yaxşı deyil.

– Eləmi? – deyə Kerri təəccüb etdi. – Yaxşı, bu axırıncı dəfə olacaqdır.

O, şlyapasını geyindi, tamamilə çaşmış halda bacısının yataq otağındakı stola yanaşdı: məktubu hara qoyacağını bilmirdi. Nəhayət, Minninin baş şotkasının altına soxdu.

Evdən çıxıb arxasınca qapını örtdüyü zaman qız bir dəqiqə ayaq saxladı, bacısının və yeznəsinin onun haqqında nə düşünəcəklərini öz-özündən soruşdu. Öz hərəkətinin qeyri-adiliyi onu birdən-birə lərzəyə saldı. Kerri pilləkənləri yavaş-yavaş endi. İşıqlandırılmış qapıda ətrafa baxıb, özünü gəzinirmiş kimi göstərərək yola düşdü. Yaxınlıqda tinə çatdıqda addımlarını sürətləndirdi.

Kerri sürətlə evdən uzaqlaşdığı zaman Hanson qonaq otağından çıxaraq arvadını səslədi və soruşdu:

– Kerri yenə də aşağıdadır?

– Bəli, – deyə Minni cavab verdi, – ancaq o vəd etdi ki, bu axırıncı dəfə olacaqdır.

Hanson döşəmədə oynayan uşağa yanaşdı, barmağı ilə onu qıdıqlayaraq əyləndirməyə başladı.

Bu vaxt Drue kefi saz halda Kerrini tində gözləyirdi.

Kerri ona yüngülcə addımlarla yaxınlaşan zaman o:

– Nə oldu, Kerri? Ümidvaram ki, salamat gəlib çıxdınız. İndi isə gəlin keb tutaq.

VIII FƏSİL
QIŞ ÖZÜNÜ XATIRLADIR. TALE ELÇİ GÖNDƏRİR

Həyat təcrübəsi olmayan adam kainatda coşan küləyin apardığı zəif bir ot kimidir. Bizim mədəniyyət hələ öz yolunun yarısındadır. Biz artıq vəhşi deyilik, – çünki biz öz hərəkətlərimizdə yalnız instinktlərə əsaslanmırıq, lakin hələ kamil insanlar da deyilik, – çünki biz yalnız ağılla iş görmürük. Pələng öz hərəkətləri üçün cavabdeh deyil. Təbiət ona yaşamaq üçün lazım olan bütün şeyləri bəxş etmişdir – o anadangəlmə instinktlərə tabe olur və şüursuz olaraq bu instinktlərlə özünü müdafiə edir. İndi insanı götürək: o, cəngəlliklərdəki mağarasından uzaqlaşmışdır, şəxsi iradənin əmələ gəlməsilə onun instinktləri kütləşmişdir. Lakin bu iradə hələ o qədər inkişaf etməmişdir ki, onun instinktlərinin yerini tutsun və hərəkətlərini düzgün idarə edə bilsin. İnsan instinktlərinin və arzularının səsini eşitmək üçün çox ağıllanmışdı, lakin bunlara həmişə qalib gəlmək üçün hələ çox zəifdir. Nə qədər ki, insan vəhşi idi onu təbii qüvvələr öz arxasınca çəkib aparırdı, lakin o, bir insan kimi onları özünə tabe etməyi hələ tamamilə öyrənməmişdir. Bu keçid mərhələsində olan insan artıq kor instinktlərə tabe olmur və təbiətlə həmahəng hərəkət etmir, lakin o hələ öz iradəsi ilə ağıllı surətdə bu ahəngi yaratmağı da bacarmır. Bax, buna görə də insan küləklə aparılan ota bənzəyir: ehtiraslara qapılaraq o gah iradəsinin, gah da instinktlərinin təsiri altında hərəkət edərək gah səhv edir, gah da səhvlərini düzəldir, yıxılır, yenidən qalxır, o, necə hərəkət edəcəyi qabaqcadan müəyyən edilməyən bir varlıqdır. Biz özümüzə ancaq bir fikirlə: inkişaf heç bir zaman qurtarmayacaqdır, ideal heç bir zaman sönməyəcək bir məşəldir, – fikri ilə təskinlik verməyə məcbur oluruq. İnsan xeyirlə şər arasında həmişə tərəddüd etməyəcəkdir. Şəxsi iradə ilə instinkt arasındakı ədavət qurtardığı zaman, həyatın dərindən dərk edilməsi bu qüvvələrdən birincisinin ikincisini tamamilə əvəz etməsinə imkan verəcəyi zaman insan mütərəddidlikdən xilas olacaqdır. O zaman ağıl əqrəbi möhkəm və tərəddüdsüz olaraq həqiqətin uzaq qütbünə çevriləcəkdir.

Bütün insanlarda olduğu kimi, Kerridə də arzu ilə ağıl arasında gedən mübarizə bir dəqiqə belə kəsilmirdi. Kerri öz arzularına tabe olaraq, qəti müəyyən edilmiş bir yolla getmir, daha doğrusu axın üzrə hərəkət edirdi.

Gecəni həyəcan içərisində keçirmiş Minni (bu həyəcanı hər halda qəm, dərd, yaxud məhəbbətlə izah etmək çətin idi) səhər ertə məktubu tapdıqda qışqırdı:

– İndi buna nə deyəsən?

Hanson:

– Nə olub? – deyə soruşdu.

– Kerri başqa yerdə yaşamağa gedib.

Hanson hələ indiyə kimi onda görünməmiş bir cəldliklə yatağından sıçradı və tələsik məktubu oxudu. Onun nə barədə isə düşündüyünü bildirən yeganə əlamət – dilini yüngülcə şappıldatması idi. Bu at sürən zaman çıxarılan səsə bənzəyirdi.

– Sən necə bilirsən, o hara gedə bilər? – deyə narahat olmuş Minni soruşdu.

– Mən nə bilim? – deyə əri cavab verdi və onun gözlərində xoşagəlməz bir qığılcım parladı. – Gedib, indi qoy özündən küssün.

Minni heyrətlə başını buladı və köksünü ötürərək dedi:

– Ox! Kerri nə etdiyini anlamır.

Hanson gərnəşərək əsnədi və dedi:

– Nə olsun, indi sən nə edə bilərsən?

Ancaq Minni bir qadın kimi ondan daha nəcib idi. Həm də belə bir hərəkətin nə ilə nəticələnə biləcəyini daha yaxşı bilirdi.

– Ox! – deyə o yenidən ah çəkdi. – Yazıq bacım Kerri!

Burada bu söhbət gedən zaman səhər saat beşdə bizim balaca səadət axtaranımız özünün yeni otağında səksəkəli halda tək yatmışdı.

Düşdüyü vəziyyət Kerrini sevindirirdi, ona elə gəlirdi ki, bu vəziyyət onun qarşısında böyük imkanlar açır. Kerri heç də hər şeyi unudub xarici rahatlıqdan qayğısızcasına həzz alan adamlardan deyildi. O öz cəsarətindən qorxmuş və azad olunmasından sevincək halda yatağında o tərəf-bu tərəfə çevrilir və Druenin ona iş tapıb-tapmayacağı barədə düşünürdü. Bu ləyaqətli centlmen isə öz gələcəyini elə bir dəqiqliklə müəyyən etmişdi ki, burada təsadüfə heç bir yer ola bilməzdi. O getdiyi məqsədə doğru getməyə bilməzdi. O, həyat hadisələrindən o qədər də aydın baş çıxara bilmirdi ki, heç olmazsa başqa cür etmək üçün səy göstərməyə qadir olaydı. Yaxşı nahardan imtina edə bilmədiyi kimi Kerridən zövq almaqdan da imtina edə bilməzdi. Əgər o, vicdan əzabı çəkməyə qabil idisə də, bu əzabı çox ötəri olurdu.

Ertəsi gün o, Kerrinin yanına gəldi. Kerri onu öz otağında qəbul etdi. Drue yenə həmişəki kimi şən və gülər üzlü idi.

– Burnunuzu niyə sallamısınız? – deyə o soruşdu. – Hər şeydən əvvəl nahar etməyə gedək. Siz bu gün hələ bəzi paltarlar da almalısınız.

Kerri onun üzünə baxdı, qızın geniş açılmamış gözlərində ona əzab verən şübhələr əks olunurdu. O dedi:

– Mən bir iş tapmaq istəyirəm.

– Yaxşı, vaxt gələr, taparsınız, – deyə Drue cavab verdi. – İndi, bu barədə düşünmək nəyə lazım? Əvvəlcə özünüzü bir qaydaya salın, şəhərlə tanış olun. Məndən sizə heç bir pislik dəyməz.

– Mən bilirəm ki, dəyməz – deyə Kerri o qədər də səmimi olmayaraq razılaşdı.

– Siz təzə ayaqqabınızı geymisiniz? – deyə Drue qeyd etdi. – Bir göstərin görüm! Lap qiyamətdir! İndi jaketinizi geyin.

Kerri geyindi. Drue:

– Çox yaxşıdır, sizi yaman tutur, elə deyilmi? – dedi və sanki jaketin onun əynində yaxşı oturduğunu bilmək istəyirmiş kimi əlini qızın belinə toxunurdu. Sonra bir addım geri çəkildi və heyrətlə Kerriyə baxaraq dedi:

– İndi sizə təzə yubka lazımdır. Hələlik isə nahara gedək!

Kerri şlyapasını geydi.

– Bəs əlcəkləriniz? – deyə Drue ona xatırlatdı.

– Buradadır, – deyə Kerri onları tualet stolunun yeşiyindən çıxartdı.

– İndi gedək! – deyən Druenin bu sözləri Kerrinin əmələ gəlmiş şübhələrinə son qoydu. Hər dəfə bu şübhələr baş qaldıranda belə olurdu. Drue onu uzun zaman tək qalmağa qoymurdu. Kerrinin təkcə gəzməyə kifayət qədər vaxtı var idi, lakin boş vaxtının çox hissəsini Drue müxtəlif əyləncələrlə doldururdu. O, Karson və Payri mağazalarından ona qəşəng yubka və köynək aldı. Onun pulu ilə Kerri müxtəlif xırda tualet şeyləri düzəltdi. Nəhayət, Kerrinin görkəmi tamamilə dəyişdi. Güzgü Kerrinin qəlbinin dərinliyində çoxdan bəri olan inamı bir daha təsdiq etdi. O, gözəl idi, şübhəsiz gözəl idi! Bu şlyapa ona necə də yaxşı yaraşırdı! Onun gözləri qəşəng deyildimi? O, qırmızı alt dodağını dişləyərək öz əksinə baxırdı. Həyatında ilk dəfə olaraq həyəcanla öz gözəlliyinin gücünü hiss edirdi. Drue isə ona qarşı nə qədər mərhəmətli idi!

Bir dəfə axşam onlar, o vaxtlar böyük müvəffəqiyyət qazanmış “Mikado” operettasına baxmağa getdilər. Onlar əvvəlcə Kerrinin indi yaşadığı evdən nisbətən uzaqda olan Dirbori-strit küçəsindəki “Vindzor” restoranına girməyi qət etdilər. Soyuq külək əsirdi. Kerri pəncərədən qərb tərəfdə hələ də qızaran, lakin yuxarıda göyümtül polad rəngində olan səmanı görürdü, orada artıq gecə hökm sürürdü. Ucsuz-bucaqsız okeandakı boş adaya bənzəyən uzun, seyrək bulud azca qızarırdı. Küçənin o biri tərəfində çılpaq budaqları tərpənən ağaclar qıza onun dekabr günlərində öz doğma evlərinin pəncərələrində tez-tez seyr etdiyi mənzərəni xatırlatdı.

Kerri birdən balaca əllərini ovuşdurmağa başladı.

 

– Nə olub? – deyə Drue soruşdu.

– Ah, heç özüm də bilmirəm! – deyə Kerri cavab verdi.

Dodaqları titrədi.

Drue onun fikrini duymuş kimi nəvazişlə onun əlinə toxundu və mehribancasına dedi:

– Bəsdir! Hər şey düzələcək.

Kerri üzünü yana çevirib, jaketini geyməyə başladı.

Drue dedi:

– Mən sizə bu gün xəz salmağı məsləhət görərdim.

Onlar Vodeş küçəsi ilə gedib Adams-stritə çatdıqdan sonra qərbə tərəf döndülər. Vitrinlərdan ətrafa qızıla çalan işıq seli yayılırdı. Qövs fənərləri adamların başı üstündə fışıldayır, nəhəng kontor binalarının çox hündürdə olan pəncərələri işıq saçırdı. Arabir şiddətlənən dondurucu külək əsirdi. Bu zaman işdən qayıdan minlərlə qulluqçular bir-birinə toxunur və tələsirdilər. Nazik palto geymiş adamlar yaxalıqlarını qulaqlarına qədər qaldırır, şlyapalarını alınlarına kimi aşağı basırdılar. Gah ikibir, gah da dördbir tələsik onların yanından ötüb keçən gənc işçi qadınlar şirin-şirin söhbət edir, gülüşürdülər. Bunlar damarlarında isti qan qaynayan zəhmətkeşlər idi.

Kerri birdən kiminsə tanış nəzərlərinin ona dikildiyini gördü. Bu gözlər pis geyimli başqa işçi qadınlarla birlikdə onların yanlarından ötən bir qızın gözləri idi. Bu adamların paltarları solmuşdu və əyinlərindən torba kimi sallanırdı. Ümumi görkəmi acınacaqlı və yaraşıqsız idi.

Kerri bu gözləri və qızı dərhal tanıdı. O, ayaqqabı emalatxanasının işçilərindən biri idi. Görünür, o da Kerrini tanımışdı. Kerri onların yanından ötüb keçən zaman qız geri çevrilib onun dalınca baxdı. Kerriyə elə gəldi ki, guya nəhəng bir dalğa onların arasından keçdi və hərəsini bir tərəfə atdı. Köhnə paltar, ağır əmək, maşınlar yenə onun yadına düşdü. Onun bütün vücudu birdən titrədi.

Kerri qarşıdan gələn bir adamla toqquşana qədər Drue heç bir şey hiss etməmişdi.

– Görünür, siz fikirlisiniz! – deyə Drue dilləndi.

Onlar nahar edib teatra getdilər. Tamaşa Kerrinin çox xoşuna gəldi. Zəngin boyalar, artistlərin oyunu ona dərin təsir bağışladı. Xəyalı onu qüdrətli adamların hakimiyyət uğrunda mübarizə etdikləri naməlum ölkələrə aparırdı.

Tamaşa qurtardıqdan və Drue ilə küçəyə çıxdıqdan sonra qız ekipajlardan və gözəl geyinmiş camaatdan gözünü çəkə bilmirdi. Bundan əvvəl Drue:

– Bir dəqiqə dayanaq, – deyə onu təmtəraqla vestibüldə saxladı.

Qadınlar və centlmenlər burada gur izdihamla hərəkət edir, qadın paltarları xışıldayır, qurcuva şərf örtülmüş qadın başları bir-birini salamlayır, yarıaçılmış dodaqlar arasında ağappaq dişlər parıldayırdı.

– Altmış yeddi! – deyə qapıçı ucadan ekipajı nömrəsilə çağırdı və onun səsi teatrın qübbəsi altında cingildədi. – Altmış yeddi!

Kerri:

– Nə gözəldir! – dedi.

– Çox gözəldir! – deyə Drue təsdiq etdi.

Bu bəzəkli, şən izdihamın görünüşü ona Kerridən az təsir etməmişdi. O, Kerrinin əlini yavaşca sıxdı. Bir anlığa Kerri başını qaldırıb ona baxdı, onun baxışında bir parıltı var idi. Kerri gülümsünür və onun inci kimi düzülmüş dişləri par-par parıldayırdı.

Onlar irəliyə doğru hərəkət etdikləri zaman Drue Kerriyə doğru əyilərək onun qulağına pıçıldadı:

– Siz nə qədər gözəlsiniz!

Bu zaman onlar ekipajın qapısını geniş açıb iki qadının oturmasına kömək edən qapıçıya yanaşmışdılar.

Drue gülərək dedi:

– Məndən ayrılmayın, bizim də özümüzün ekipajımız olacaqdır.

Bu həyat burulğanının onda əmələ gətirdiyi baş gicəllənmədən Kerri ehtimal ki, onun dediklərini eşitmədi.

Onlar teatrdan sonra qəlyanaltı etmək üçün restorana girdilər. Kerri birdən gecədən xeyli keçdiyini xatırlayıb bir anlığa fikrə getdi, lakin indi o, heç bir ev qayda-qanununa tabe deyildi, hərgah onda bəzi adətlər əmələ gəlmiş olsaydı, indi onlar özlərini büruzə verərdi. Adət qəribə şeydir! Yalnız adət dinsiz adamı səhər tezdən yataqdan qalxmağa, özünün heç də inanmadığı duaları oxumağa məcbur edə bilər. Adət qurbanları hər gün etməyə adət etdiklərini etməyəndə qəribə narahatlıq duyurlar, sanki bir səs onları səhvlərini düzəltməyə tələsdirir. Əgər bu səhv çox ciddidirsə, tezliklə adətin qüvvəsi müti qurbanı lazım olanı etməyə və sonra “nəhayət mən öz borcumu yerinə yetirdim” deməyə məcbur edir. Əslində isə o yalnız min dəfələrlə etdiyini təkrar edir.

Əgər Kerrinin ailəsində yüksək əxlaq prinsipləri kök salmış olsaydı, o, indikindən daha çox vicdan əzabı çəkərdi. Şam yeməyi ruh yüksəkliyi ilə keçirdi. Yeni təəssüratın, ləzzətli yeməklərin, onun hələ adət etmədiyi restoran şəraitinin, Druenin gözlərindən süzülən ehtirasın təsiri altında özünü dəqiqənin hökmünə vermiş Kerri iradəsiz olaraq müsahibinin hər bir sözünü diqqətlə dinləyirdi. O, yenidən böyük şəhərin hipnozunun qurbanı oldu.

Nəhayət, Drue dedi:

– Deyəsən, bizim getmək vaxtımız çatmışdır.

Onların qabağındakı qablar çoxdan boşalmışdı, gözləri tez-tez bir-birinə sataşırdı. Kerri Druenin baxışlarından saçılan qüvvəni hiss etməyə bilməzdi. Bəzən o, Kerriyə bir şeyi izah edərkən sözlərinə qüvvət verirmiş kimi onun əlinə toxunurdu. İndi də getmək vaxtımdır dedikdə onun barmaqlarına toxundu.

Onlar qalxıb küçəyə çıxdılar. Şəhərin ticarət hissəsi boşalmışdı, yolda onlar hərdənbir fit çala-çala keçən adamlara, gecə konkası vaqonuna, yaxud hələ də açıq olan gur işıqlı restoranlara rast gəlirdilər. Onlar Vobeş avenü ilə gedirdilər. Drue Çikaqo haqqında bildiklərinin qalanını yağdırmaqda davam edirdi. O, Kerrinin qoluna girmişdi və onun dirsəyini özünə tərəf bərk sıxırdı. O, məzəli bir söz dedikdə Kerriyə nəzər salır və bu zaman onların gözləri bir-birinə sataşırdı.

Nəhayət, onlar Kerrinin yaşadığı evə çatdılar. Kerri evin baş qapısının birinci pilləkəninə qalxdı, bu zaman Kerrinin başı Druenin başı ilə bərabərləşdi. Drue qızın əlini əlinə aldı, diqqətlə onun gözünə baxaraq, əlini sığallamağa başladı. Qız isə fikri dağınıq halda ətrafa baxır və nə barədə isə düşünürdü.

Təqribən elə bu zaman Minni həyəcanlı fikirlərlə keçmiş axşamdan sonra dərin yuxuya getmişdi. O, qolu altında narahat bir vəziyyətdə uzanmışdı və gördüyü dəhşətli yuxudan əzab çəkirdi.

O, yuxuda görürdü ki, Kerri ilə harada isə köhnə kömür qazması yaxınlığındadırlar. O, üstündən yol keçən hündür torpaq təpəsini, tullantı və kömür topalarını görürdü. Onların ikisi də dayanıb qaralan şaxtaya baxırdılar. Onlar alaqaranlıqda gözdən itən nəm daş divarları görürdülər. Sürtülüb yeyilmiş ipdən aşağı düşmək üçün köhnə zənbil asılmışdı.

– Gəl aşağı düşək, – deyə Kerri təklif etdi.

– Yox, yox, lazım deyil, – deyə Minni etiraz etdi.

Kiçik bacı isə inadla:

– Gəl düşək! – deyə israr edirdi.

O, zənbili özünə tərəf çəkdi və Minninin etirazına baxmayaraq, düşməyə başladı.

– Kerri, geri qayıt! – deyə Minni bağırdı, lakin Kerri daha irəli getdi. Sanki Kerrini hara isə apardılar, Minninin səsi ona çatmırdı.

– Kerri! – deyə böyük bacı çığırırdı. – Kerri!..

Lakin onun öz səsi sanki uzaqdan gəlirdi, qəribə su artıq hər tərəfi basırdı. Minni qəlbində böyük bir ağrı ilə getdi, sanki o ən əziz bir şeyi itirmişdi. O, ömründə heç bir zaman bu qədər kədərli olmamışdı.

Minninin yorğun beynində hadisələr bir-birini əvəz edirdi. Birdən o, vəhşicəsinə bağırdı: Kerri onun gözünün qabağında qayaya dırmaşırdı, birdən o sürüşdü, əlini heç bir şeyə ilişdirə bilməyib uçuruma yuvarlandı.

– Minni! Sənə nə olub? Ayıl!

Minninin bağırmasından həyəcanlanmış Hanson arvadını silkələməyə başladı.

– Nə olub? – deyə Minni yuxulu halda soruşdu.

Hanson:

– Ayıl… – deyə təkrar etdi. – O biri yana çevril, yuxuda danışırsan!

Bir həftədən sonra Drue gözəl geyinmiş, kefi kök halda “Fitscerald və Moy” barına daxil oldu.

– Aha, Çarli! – deyə balaca kabinetinin qapısında görünən Herstvud onu salamladı.

Drue salondan keçərək yenidən öz yazı stolu arxasında oturmuş bar müdirinin yanına getdi.

– Yenə nə vaxt yola düşürsünüz? – deyə Herstvud soruşdu.

– Bu yaxında gedəcəyəm.

– Bu gəlişinizdə demək olar ki, mən sizi heç görmədim.

– Bəli, mən çox məşğul idim, – deyə Drue izah etdi.

Dostlar bir neçə dəqiqə ümumi mövzudan danışdılar. Birdən yadına dahiyanə bir fikir düşmüş kimi Drue dedi:

– Qulaq asın, mən istəyirəm sizi bir axşam buradan çəkib aparım.

– Hara belə? – deyə Herstvud təəccüblə soruşdu.

Drue gülərək:

– Aydın məsələdir ki, mənim evimə, – deyə cavab verdi.

Herstvudun dodaqlarından yüngül bir təbəssüm keçdi. O, diqqətlə Drueyə baxdı, sonra centlmenə məxsus bir əda ilə:

– Təşəkkür edirəm! Məmnuniyyətlə gələrəm, – dedi.

– Bir yaxşıca kart oynarıq.

– Mən özümlə bir şüşə şampan gətirə bilərəmmi? – deyə Herstvud soruşdu.

– İltifatınız olarsa! Gəlin, mən sizi bəzi adamlarla tanış edim.

IX FƏSİL
ŞƏRTİLİK DÜNYASINDA. QİBTƏNİN YAŞIL GÖZLƏRİ

Herstvudun şimal tərəfdə, Linkoln-parkın yaxınlığında yaşadığı ev o vaxtlar adi olan üçmərtəbəli daş bir bina idi. Birinci mərtəbə küçədən azacıq aşağı idi. İkinci mərtəbənin fasadının iyirmi beş fut eni və on fut uzunluğu olan yaşıl çəmənliyə çıxan böyük pəncərəli bir çıxıntı var idi. Evin arxa tərəfindəki həyətdə tövlə yerləşirdi ki, burada Herstvud öz atını saxlayırdı.

Evin on otağı var idi. Bunlarda Herstvud özü, onun arvadı Culiya, oğlu Corc, qızı Cessika və missis Herstvudla yola getmək çətin olduğundan tez-tez dəyişilən qulluqçu yaşayırdı.

– Corc, mən dünən Merini yola saldım.

Yemək stolu arxasında söhbət çox vaxt bu sözlərlə başlayırdı. Bu məsələni müzakirə etməkdən çoxdan təngə gəlmiş Herstvud belə hallarda:

– Yaxşı! – deyə cavab verərdi.

Ev rahatlığı qiymətli çiçəkdir və dünyada bundan daha zərif, daha incə, körpəlikdən ev rahatlığına adət etmiş insanlarda möhkəm əxlaqi qanunların meydana gəlməsi üçün daha əlverişli bir şey yoxdur. Onun gözəl təsirini özündə sınaqdan keçirməyənlər, gözəl musiqinin, xüsusən yumşaq notlarını eşidərkən bəzi adamların gözlərinin nə üçün yaşardığını başa düşməzlər. Onlar insanların ürəyində səslənən və onları bərabər çırpınmağa məcbur edən əsrarəngiz tellərdən xəbərsizdirlər.

Herstvudun evində xoş ailə şəraiti hiss olunmurdu. Onların arasında güzəştə getmək və qarşılıqlı hörmət yox idi, bunlarsız isə ailə heç bir şeydir. Otaqlar sakinlərin zövqünə uyğun olaraq gözəl döşənmişdi. Burada yumşaq xalçalar, təmtəraqlı kürsülər və divanlar, Veneranın naməlum bir heykəltəraşı tərəfindən yaradılmış mərmər heykəli, Allah bilir haradansa toplanmış çoxlu balaca, tunc heykəllər var idi. Bu şeyləri böyük mebel firmaları başqa şeylərlə bir yerdə satır və alıcıları inandırırdılar ki, onların hər birinin “yaxşı” evdə olması zəruridir.

Yemək otağındakı bufetdə qrafinlər və başqa büllur qablar parıldayırdı. Burada hər şey heç bir o yan-bu yanlığa yol verilmədən ən ciddi qaydada qoyulmuşdu: Herstvud bu işin ustası idi. O, bunu illərlə öz işində öyrənmişdi. Hər gələn yeni “Meriyə” evə girəndən sonra dərhal bufetdə olan şeylərin işlədilməsi haqqında izahat vermək Herstvuda az ləzzət verməzdi. Herstvudu heç də boşboğaz adlandırmaq olmazdı. Əksinə, onun bütün ev adamlarına qarşı olan əlaqəsində centlmenə layiq bir təmkinlik var idi. O, heç vaxt artıq söz danışmazdı və bir qədər də pedant idi. O dəyişə və düzəldə bilmədiyi şeylərə fikir verməz, qeyri-mümkün hesab etdiyi hər şeydən uzaqda durmağı üstün tutardı.

Bir zamanlar, xüsusən daha gənc olduğu və işlərdə hələ müvəffəqiyyət qazanmadığı vaxtlarda o, öz qızı Cessikanı sevərdi. Lakin indi, həyatının 17-ci ilində Cessikanın xasiyyətində xeyli qaradinməzlik və müstəqillik əmələ gəlmişdi. Bunların heç biri atalıq nəvazişini ifadə etməyə imkan vermirdi. O, orta məktəbdə oxuyurdu və həyat arzusu əsl zadəgan qadın olmaq idi. Cessika gözəl paltarları sevir və təzə-təzə şeylər tələb etməkdən yorulmurdu. O, sevgi haqqında düşünür və özünün zəngin evi olmasını arzulayırdı. O, məktəblə iri müəssisə sahibləri və yaxud onların şərikləri olan çox varlı adamların qızları ilə tanış olurdu, bu qızlar isə özlərini mühitlərinin tələb etdiyi kimi aparırdılar. Cessika ancaq belə yoldaşlarla maraqlanırdı.

İyirmi yaşlı Corc isə iri mülk satışı agentliyində yaxşı vəzifədə işləyirdi. O, özü üçün evə heç bir xərclik vermirdi, elə hesab edilirdi ki, bir vaxt torpaq almaq üçün pul yığır. Corc bacarıqlı və şöhrətpərəst bir gənc idi, onun kef çəkmək meyli hələlik qulluq tapşırıqlarını yerinə yetirməsinə o qədər də mane olmurdu. O, hara istəsə və nə vaxt istəsə gedib gəlirdi. O ancaq hərdənbir bir neçə sözlə anasına müraciət edir, yaxud atasına məzəli bir hadisə danışır, əksər hallarda isə ümumi sözlərlə kifayətlənirdi. Gənc oğlan öz arzularını heç kəsə açmırdı. Həm də evdə heç kəs onunla o qədər maraqlanmırdı.

Missis Herstvud bütün həyatı boyu cəmiyyətdə parlamaq arzusunda olan qadınlara mənsub idi, o, bu sahədə başqa birisinin ondan artıq müvəffəq olmasını hiss etdikdə doğrudanda çox kədərlənirdi.

 

O, həyata indi buraxılmadığı, lakin bir vaxt düşəcəyi xəyalında olduğu “seçilmiş” cəmiyyət adamlarının gözü ilə baxırdı. O, artıq bu cəmiyyətə düşə bilməyəcəyini anlamağa başlamışdı, lakin qızının bəxtinin gətirəcəyinə ümid edirdi. O düşünürdü ki, Cessikanın səbəbinə o da bu cəmiyyətdə bəlkə görkəmli bir yer tuta bildi. Bəlkə də oğlunun müvəffəqiyyəti bir zaman ona nümunəvi ana kimi öyünmək hüququ verəcəkdi. Onun əri də az-çox öz işinin öhdəsindən gəlirdi, buna görə də missiz Herstvud belə hesab edirdi ki, Herstvudun mülk işindəki bir qədər qorxulu fırıldaqları da yaxşı nəticələr verəcəkdir. Hələlik onun gəliri az olsa da pis deyildi. “Fitscerald və Moy” barının müdiri vəzifəsi etibarlı idi. Barın hər iki sahibi onunla yaxşı və tamamilə qeyri-rəsmi münasibətdə idilər.

Belə bir ailə üzvlərinin nə cür atmosfer yarada biləcəyi aydındır. Bu atmosfer iki damcı su kimi bir-birinə oxşayan minlərlə kiçik söhbətlərdən yaranırdı.

Cümə günü nahar zamanı kiçik Corc:

– Mən sabah Foxs-Leykə gedəcəyəm, – deyə xəbər verdi.

– Orada nə var? – deyə missis Herstvud soruşdu:

– Eddi Faruey yeni buxar gəmisi alıb, məni də ona baxmağa dəvət edir.

– Gəmi ona neçəyə oturub?

– İki min dollardan artıq verib. Lakin deyir ki, verdiyi pula dəyər.

– Görünür ki, qoca Faruey yaxşı qazanır, – deyə Herstvud əlavə etdi.

– Bəs necə! Cek mənə danışırdı ki, Avstraliyaya siqar göndərməyə başlamışlar. Keçən həftə isə böyük bir hissə Kapştadta göndərilmişdir.

– Bir görürsən! – deyə missis Herstvud heyrətə gəldi.

– Cəmi dörd il bundan qabaq onlar Medison-stritdə balaca bir çaxır anbarı icarə edirdilər.

– Cek deyirdi ki, onlar yazda altımərtəbəli ev tikdirəcəklər.

Cessika da:

– Bir işə bax! – sözlərini əlavə etməyi özünə borc bildi. Bu söhbət gedən axşam Herstvud evdən tez getmək fikrində idi.

O, stulu bir tərəfə çəkərək:

– Mən bu gün şəhərə getməliyəm, – dedi.

M-s Herstvud yerindən qalxmadan soruşdu:

– Biz bazar ertəsi Mak-Viger teatrına gedəcəyikmi?

Əri:

– Bəli, – deyə laqeyd bir tərzdə cavab verdi.

Ailə yeməyini davam etdirirdi. Herstvud isə palto və şlyapasını götürmək üçün yuxarı qalxdı.

Bir az sonra aşağıda qapı örtüldü. Cessika:

– Yəqin atam getdi, – dedi.

Cessikanın məktəb yenilikləri xüsusi xarakter daşıyırdı.

Bir dəfə o dedi:

– Bizimkilər litseydə tamaşa verməyə hazırlaşırlar. Mən da orada iştirak edəcəyəm.

– Eləmi? – deyə missis Herstvud təkrar etdi.

– Bilirsinizmi, onlar yenə bu Marta Qrizvolu dəvət etmişlər. O qız lovğalanır ki, guya oynamağı bacarır.

M-s Herstvud maraqla soruşdu:

– Onun ailəsi, deyəsən, bir şey deyildir, eləmi? Mən eşitmişəm ki, onların heç bir şeyi yoxdur.

– Əlbəttə yoxdur. Onlar kilsə siçanları kimi acdırlar.

Cessika onun gözəlliyinə məftun olmuş gənclərin içərisindən çox böyük diqqətlə özünə tanış seçirdi.

Bir dəfə axşam o, çox hiddətlənmiş halda anasına dedi:

– Bu Herbert Kreyni görürsənmi? Mənimlə dost olmağa çalışır.

– O kimdir, əzizim? – deyə m-s Herstvud soruşdu.

– Tam mənasilə heç kim! – deyə Cessika cavab verdi və gözəl dodaqlarını büzdü. – Tələbənin biri, özünün də bir senti belə yoxdur!

Sabun fabrikantı Blayfordun oğlunun onu bir dəfə evə müşayiət etməsi isə tamam başqa cür oldu. Bu vaxt m-s Herstvud yuxarı otaqların birində pəncərə qarşısında yüyürükdə oturub kitab oxuyurdu. Təsadüfən o, küçəyə baxdı və oğlanla qızını gördü. Qız onun yanına çıxan kimi m-s Herstvud:

– O kimdi? – deyə soruşdu.

– Blayfordun oğludur, ana!

M-s Herstvud yalnız:

– Doğrudanmı? – deyə bildi.

– O məni parka getməyə dəvət edir, – deyə pilləkənləri sürətlə çıxdığından yanaqları qızarmış Cessika əlavə etdi.

M-s Herstvud:

– Yaxşı, əzizim, get, – dedi. – Ancaq parkda çox qalma.

Gənclər küçəyə çıxarkən m-s Herstvud fövqəladə bir maraqla yenidən küçəyə baxdı. Bu doğrudan da çox xoş bir mənzərə idi.

Herstvud heç bir zaman öz ailə həyatı haqqında düşünmək zəhmətini çəkmədən uzun illər bu şəraitdə yaşadı. O daha yaxşı həyata, – hətta bu yaxşı həyat indikindən o qədər də kəskin fərqlənməsə belə – can atan adamlardan deyildi. Bəzən ailəsindəki xırda xudpəsəndlik və etinasızlıq təzahürləri onu əsəbiləşdirir, bəzən də arvadının və qızının yeni paltarlarını gördükdə həzz alır və belə hesab edirdi ki, onların gözəl geyinməsi onun nüfuzunu qaldırır. Əslində isə o idarə etdiyi bar həyatı ilə yaşayırdı, o, vaxtının çoxunu orada keçirirdi. Evə qayıtdıqda isə əməlli-başlı bir qayda görürdü. Xörəklər çox nadir hallarda müstəsna olmaqla, orta təcrübəli bir aşpazın hazırlaya biləcəyi kimi xeyli dadlı olurdu. Yemək zamanı oğlunun və qızının söhbətləri onu müəyyən dərəcədə maraqlandırırdı. Onlar həmişə nəzakətli görünürdülər. M-s Herstvud şöhrətpərəstlikdən hətta evdə də çox dəbdəbəli geyinirdi. Lakin Herstvuda görə, səliqəsiz geyinməkdənsə bu cür geyinmək yaxşı idi. Ər-arvad arasındakı məhəbbət haqqında danışmağa dəyməz, bununla belə aralarında əhəmiyyətli bir inciklik də yox idi. M-s Herstvudun heç vaxt bu və ya başqa adi bir fikri olmazdı. Bundan başqa onlar o qədər az danışırdılar ki, aralarında narazılıq törəyə də bilməzdi. Necə deyərlər, kişinin öz anlayışı, arvadın da öz anlayışı var idi. Bəzən Herstvud özü hər hansı bir zirək, hazırcavab, gənc bir qadına təsadüf edir və öz arvadı bu qadınla müqayisədə çox itirirdi. Herstvudun görkəmli ictimai mövqeyə malik olduğunu dərk etməsi və özünü ələ ala bilməsi belə görüşlərdən əmələ gəlmiş keçici narazılıq hissini boğurdu. Qulluqdakı mövqeyini təhlükə altında qoymağa dəyərmi? Axı, onun ailə narazılıqları bar sahibləri ilə münasibətinə təsir edə bilərdi. Onlar davaya dözə bilməzdilər. Belə bir yeri tutmaq üçün adam özünü ləyaqətlə aparmağı bacarmalı, hörmətli ailə və ləkələnməmiş əxlaq sahibi olmalı idi. Məhz buna görə də Herstvud hər yerdə ehtiyatla hərəkət edir və ictimai yerlərə həmişə öz arvadı, uşaqları ilə gedirdi. Onlar istirahət etmək üçün yerli kurortlara və yaxud yaxın olan Viskonsin ştatına gedir, orada bir neçə gün təkəbbürlü və darıxdırıcı həyat keçirir, getmək lazım gələn yerlərə gedir, görülməli işləri görürdülər. M-r Herstvud bilirdi ki, bunlar zəruridir.

Onun varlı tanışlarından biri layiqsiz bir iş gördükdə Herstvud başını kədərlə bulardı. Belə şeylər haqqında danışmaq belə lazım deyildi. Əgər yaxın dost hesab etdiyi adamlar arasında bu mövzuda söhbət getsəydi, o, günahkarı ürəkdən mühakimə edərdi.

– Bədbəxtlik bunda deyil ki, o, bunu etmişdir, bütün kişilər belə işlər edirlər, lakin niyə o, kifayət qədər ehtiyatlı olmayıb? Ehtiyatlılığın heç vaxt ziyanı yoxdur.

Herstvud cinayət etdiyi yerdə tutulan adama qarşı dərhal hüsn-rəğbətini itirərdi.

Bütün bu mülahizələr Herstvudu arvadına əvvəlki kimi müəyyən diqqət göstərməyə və onu hər yerə özü ilə aparmağa məcbur edirdi. Əlbəttə, belə hallarda o, tanışlarına rast gəlib onlarla yolüstü əylənməsəydi, bu onun üçün çox ağır olardı. Bəzi hallarda o, açıqca öz arvadına diqqət yetirərdi, çünki m-s Herstvud əslində hələ gözəl qadın idi və kişilər çox vaxt ona nəzər salırdılar. O, hamının dilini bilən, şöhrətpərəst, yaltaqlığa uyan bir qadın idi. Herstvud başa düşürdü ki, bu xasiyyət arvadını çox asanlıqla faciəyə sala bilər. Herstvud öz düşüncəsinə görə qadın möhkəmliyinə o qədər də inanmazdı, onun arvadı isə elə də əməli-saleh deyildi ki, onda hörmət və ehtiram doğura bilsin. Nə qədər ki, arvadı Herstvudu ehtirasla sevirdi, o, hələ ona inana bilərdi. Lakin onları bir-birinə bağlayan zəncir qırıldıqdan sonra kim bilir, nələr ola bilərdi.

Son bir-iki ilin ərzində ailənin xərci çox artmışdı. Cessika yeni bəzək-düzəklər tələb etməkdən yorulmurdu. Bir tərəfdən də qızının həyatda onu kölgədə qoymasını istəməyən m-s Herstvud öz paltarlarını tez-tez təzələyirdi. Herstvud uzun müddət bir söz demədi, lakin sonra deyinməyə başladı.

Bir dəfə səhər m-s Herstvud dedi:

– Cessikaya yeni kostyum lazımdır.

Bu zaman m-r Herstvud aynanın qabağında durub ağıl aparan jiletlərindən birini geyirdi. O:

– Mənə elə gəlir ki, o, bu yaxınlarda nə isə tikdirmişdi, – dedi.

– Tamamilə doğrudur, – deyə m-s Herstvud sakitcəsinə təsdiq etdi. – Lakin o, axşam paltarı idi.

M-r Herstvud:

– Cessika son zamanlar pal-paltara çox pul xərcləyir – dedi.

– Nə olsun ki, indi o, cəmiyyətə daha tez-tez çıxır, – deyə m-s Herstvud etidalını pozmadan cavab verdi.