Cenni Herhardt

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

IX FƏSİL

Cenni əsməsini zorla gizlədərək, qəzeti götürdü və qonşu otağa keçdi. O, pəncərənin yanında dayandı, ifadə edilməz dəhşətdən tamam quruyaraq yenə bu sətirlərə baxdı.

"O ölmüşdür" – o indi ancaq bunu anlaya bilirdi, qonşu otaqdan isə bu müdhiş hadisəni atasına xəbər verən Bassın səsi gəlirdi. O, "bəli, ölübdür" sözlərini eşidir və bu ölümün onun üçün nə demək olduğunu bir daha təsəvvür etməyə çalışırdı. Lakin şüuru ona kömək etmək istəmirdi.

Bir dəqiqədən sonra missis Herhardt ona yanaşdı. O, Bassın sözlərini eşitmiş, Cenninin qonşu otağa necə keçdiyini görmüş, lakin senatorun üstündə əri ilə toqquşduğunu xatırlayaraq öz hissini büruzə verməkdən qorxmuşdu. Qızı ilə senator arasında baş vermiş əhvalat haqqında onda heç bir zaman şübhə oyanmamışdı. İndi, Cenninin ümidləri alt-üst olduğu zaman, ana yalnız qızının dərdinə şərik olduğunu göstərmək istəyirdi. Missis Herhardt ürəkdən kədərlənərək:

– Necə ağır xəbərdir, eləmi? – dedi. – Sənin üçün, bizim hamımız üçün bu qədər yaxşılıq etmək istədiyi vaxtda ölməli imiş. O, cavab gözləyərək susdu, lakin Cenni sanki lal olmuşdu. Missis Herhardt davam etdi:

– Özünə dərd eləmə, olacağa çarə yoxdur. O, çox yaxşılıq etmək istəyirdi, ancaq indi bu barədə düşünməyə dəyməz. Olan olub, təzədən heç nəyi dəyişdirmək olmaz, sən ki bunu başa düşürsən.

O yenə susdu. Cenni isə əvvəlki kimi lal və hərəkətsiz durmaqda davam edirdi. Dilə tutmağın faydasız olduğunu görən missis Herhardt Cenninin tək qalmaq istədiyini qət edərək otaqdan çıxdı.

Cenni yenə pəncərənin yanında dayanmışdı. İndi, bu xəbərin həqiqi mənası onun şüuruna çatdıqda, nə qədər çıxılmaz vəziyyətə düşdüyünü anlamağa başladı. O, yataq otağına getdi. Çarpayının qırağında oturdu, qarşıdakı balaca aynada ələmdən saralmış və dəyişilmiş üzünü gördü. Cenni çaşqın bir halda baxırdı – bu onun özüdürmü? "Çıxıb getmək lazımdır" – deyə o düşündü və bütün ümidlərini itirmiş bir adama məxsus mətanətlə fikrən özünə sığınacaq axtarmağa başladı.

Şam vaxtı çatdı. Ədəb dairəsindən kənara çıxmamaq üçün o da başqalarına qoşuldu. Həmişəki kimi özünü aparmaq ona asan deyildi. Herhardt gördü ki, Cenninin kefi yoxdur, lakin bu kədər arxasında gizlənən ümidsizliyin nə qədər dərin olduğunu heç ağlına gətirmirdi. Bass isə öz şəxsi işləri ilə elə məşğul idi ki, heç kəsə diqqət yetirmirdi.

Günlər keçir, Cenni öz çətin vəziyyətini düşünürdü, "indi mən nə edim?" – deyə özündən soruşdu. Düzdür, onun pulu var idi, lakin nə dostu, nə təcrübəsi, nə bir sığınacaq yeri yox idi. O həmişə ata-anası ilə yaşamışdı. Bəzən o, anlaşılmaz ruh düşkünlüyü keçirirdi, ona elə gəlirdi ki, müəyyən şəkli və adı olmayan qorxulu kabuslar onu təqib edir. Bir dəfə səhər dəfedilməz bir arzu hiss etdi – o ağlamaq istəyirdi, sonralar da bu hiss münasib olmayan dəqiqələrdə onu tez-tez göz yaşları tökməyə məcbur edirdi. Missis Herhardt bunu duymağa baş-ladı və bir dəfə qızını sorğu-suala tutmağı qərara aldı. O, mehribanlıqla sözə başladı:

– De görüm, sənə nə olub? Cenni, sən hamısını anana danış-malısan.

Həqiqəti açıb söyləməyin qətiyyən mümkün olmadığını zənn edən Cenni, nəhayət, özünü saxlaya bilmədi, ananın yumşaq təkidinə güzəştə gedərək mənhus etirafı etdi. – Missis Herhardt dərd əlindən dondu, uzun müddət ağzını açıb bir söz deyə bilmədi.

– Ax, bütün bunlar mənim günahımdır – deyə o, nəhayət, peşmançılıq içində dilləndi. – Mən bunu başa düşməliydim. Darıxma, biz əlimizdən gələni edərik.

Bu an o özünü saxlaya bilməyib hönkürdü.

Bir az sonra o yenə paltar yumağa başladı, təknə üstünə əyilərək o yenə ağlayır, özünü saxlaya bilmirdi. Göz yaşları yanaqlarından axır, köpüklü sabun suyuna tökülürdü. Bəzən o, göz yaşlarını önlüyü ilə silirdi, lakin onlar yenə, arası kəsilmədən gözlərini doldururdu.

İlk dəhşətli dəqiqələrdən sonra qaçılmaz fəlakət bütün kəskinliyi ilə dərk edildi. Herhardt həqiqəti bilsə, nə edər? O dəfələrlə demişdi ki, qızlarından biri başqaları kimi etmiş olsa, belə qızı küçəyə atar. "Onun ayağı da mənim evimə dəyməyəcək!" – deyə Herhardt bağırardı.

Bu dövrdə missis Herhardt qızına tez-tez deyirdi:

– Mən atandan elə qorxuram ki!.. O nə deyər…

– Bəlkə mən bir yerə köçüb getsəm, yaxşı olar, – deyə Cenni təklif edirdi.

– Yox, – deyə ana cavab verirdi. – O hələ heç nə bilməməlidir. Bir az gözlə.

Lakin o, ürəyinin dərinliyində hiss edirdi ki, məşum gün onlardan asılı olmayaraq gələcəkdir.

Bir dəfə, bu təşvişli sirri artıq ürəyində saxlaya bilmədən missis Herhardt Cennini və qalan uşaqları gəzməyə göndərdi, o ümid edirdi ki, uşaqlar qayıdanadək hər şeyi kişisinə açıb deyə biləcəkdir. Səhərdən o vurnuxur, qorxu içərisində münasib dəqiqə gözləyirdi. Nahardan sonra isə heç bir söz açmadan kişisinə imkan verdi ki, yatsın. Gündüz o, işə getmədi, çünki öz iztirablı borcunu yerinə yetirməmiş gedə bilmirdi. Saat dörddə Herhardt oyandı, missis Herhardt isə Cenninin tezliklə qayıdacağını, səylə hazırlanmış imkanın əldən çıxacağını gözəlcə anladığı halda, hələ də tərəddüd edirdi. Görünür, ata özü Cenni haqqında söhbət salmasaydı, missis Herhardt öz mətanətini toplaya bilməyəcək, bir söz deməyəcəkdi.

Herhardt dedi:

– Cenni sınıxıb, xarab olub. Deyəsən ona nə isə olmuşdur.

Missis Herhardt qorxunu güclə boğub, işi mütləq axıra çatdırmağı qət edərək:

– Ah, – deyə sözə başladı. – Cenninin işi çox pisdir. Ona bədbəxtlik üz verib. Heç bilmirəm neyləyim. Cenni…

Bu an təmir etmək üçün qapının qıfılını sökən Herhardt başını qaldırdı və şübhə içərisində arvadına baxdı.

– Sən nə demək istəyirsən? – deyə o soruşdu.

– Missis Herhardt həyəcan içərisində önlüyünü hörməqamçı kimi burmağa başladı. O bütün mətanətini toplamağa və hər şeyi izah etməyə çalışardı, lakin qüvvəsi ona tabe olmadı. O, önlüyü ilə üzünü örtdü və ağladı.

Herhardt ona baxıb ayağa qalxdı. O bir az Kalvinə oxşayırdı – sanki qocalıqdan və yağışda, küləkdə, açıq havada işləməkdən tutqunlaşmış sısqa, xəstəcəsinə sarı üzü vardı. Heyrət və qəzəb anlarında onun gözləri alışırdı. O, həyəcanlı olduğu zaman tüklərini alnından tez-tez geri atır, otaqda o tərəf-bu tərəfə addımlamağa başlayırdı. İndi o, təşviş içərisində idi, özündən çıxmağa hazır idi.

– Sən nə danışırsan? – deyə o, almanca, çox sərt soruşdu. – Bədbəxtçilik… Olmaya kimsə… – o, sözünü axıra çatdıra bilmədi, təhdidedici bir hərəkətlə əlini qaldırdı. – Sən niyə susursan?

Nə olursa olsun, öz fikrini deməyə cəhd edən qorxmuş missis Herhardt sözə başladı:

– Mən heç ağlıma da gətirmirdim ki, onun başına belə bir iş gələ bilər. O həmişə yaxşı qız olmuşdur. Ah, adam heç fikirləşə bilmir ki, o, Cennini məhv edibdir, – deyə missis Herhardt sözünü qurtardı.

Herhardt qudurmuş kimi bağırdı:

– Lənətə gəlmiş! Mən bunu bilirdim! Brender! Ha! Sizin nəcib, xeyirxah centlmeniniz! Sənin axşamlar qaçıb getməyə, faytonda gəzməyə, küçələrdə dolaşmağa icazə verməyin gör hara gətirib çıxartdı! Mən bunu bilirdim! Pərvərdigara!

Bu faciəli monoloqu ifadə edərək o, qəfəsdəki yırtıcı kimi, otaqda o küncdən-bu küncə vurnuxmağa başladı.

– Məhv etdi! – deyə o bağırdı. – Məhv etdi! Ha! Ha! Deməli, o, Cennini məhv etdi! Bəs belə?

O, birdən-birə ipindən dartılmış marionetka kimi dayandı, divarın yanındakı stola doğru çəkilmiş və qorxudan saralmış missis Herhardtın qarşısında durdu.

– Axı o ölmüşdür! – deyə bağırdı. Sanki bu fikir onun ağlına ilk dəfə gəlmişdi. – O ölmüşdür!

O sanki başının tab gətirə bilməyəcəyindən qorxaraq, əlləri ilə gicgahını sıxır, arvadına baxırdı. Baş vermiş hadisə, taleyi acı, zəhərli istehzası od kimi onu yandırırdı.

– Ölmüşdür! – deyə o təkrar etdi.

Missis Herhardt onun ağlını itirəcəyindən ehtiyat edərək, daha da geri çəkildi. Ərinin eybəcər hala düşmüş üzü, bu saat missis Herhardtı bu fəlakətin səbəbindən artıq qorxudurdu. Missis Herhardt məhzun-məhzun dedi:

– O, Cennini almaq istəyirdi. Ölməsəydi, Cenni ilə evlənəcəkdi.

Bayaqdan sanki donmuş Herhardt arvadının səsini eşidən kimi yenə özündən çıxdı, yenə bağırmağa başladı:

– Evlənəcəkdi! Evlənəcəkdi! Təsəlli üçün şey tapdı! Evlənə-cəkdi! Əclaf! Köpək! Onu görüm ruhu həmişə cəhənnəm odunda yansın! Pərvərdigara, elə et ki, elə et ki… ax, kaş mən xristian olmayaydım…

O, qəzəbdən titrəyərək yumruğunu sıxdı.

Missis Herhardt hönkürtü ilə ağladı. Əri üzünü çevirdi. O çox sarsılmışdı, arvadının göz yaşları ona təsir edə bilməzdi. Mətbəxdə yenə o tərəf-bu tərəfə getməyə başladı. Döşəmə onun ağır addımları altında titrəyirdi. Bir az sonra o yenə arvadına yaxınlaşdı. İndi dəhşətli həqiqət onun şüurunda yeni şəkildə, yeni bir cəhəti ilə canlandı.

– Bu nə vaxt olmuşdur? – deyə o soruşdu.

– Bilmirəm, – deyə missis Herhardt cavab verdi. O, düzünü deyə bilməzdi, çünki həddindən artıq qorxmuşdu. – Mən özüm də hamısını bu günlərdə bilmişəm.

– Yalan deyirsən! – deyə o bağırdı. – Sən həmişə onu qanadının altına alırdın. Onun bu yerə gəlib çatmasına müqəssir sənsən. Sən mənə mane olmasaydın, hər şey mən istədiyim kimi olardı, indi də belə əzab çəkməzdik.

O öz-özünə davam edirdi: "İş gör nə yerə gəlib çıxdı! Nə yerə gəlib çıxdı! Mənim oğlum həbsxanaya düşür. Qızım küçələri dolaşır, dedi-qoduya yol verir. Qonşular üzümə deyirlər ki, uşaqların özlərini lazım olduğu kimi aparmırlar. İndi də bu alçaq, Cennini məhv etdi. İlahi, mənim uşaqlarıma nə olub?"

Özünə yazığı gələn Herhardt mırıldanırdı:

– Mən hansı günahın sahibiyəm ki, bu cəzanı çəkirəm? Mənmi yaxşı xristian olmağa çalışmıram? Mən hər axşam dua edirəm ki, Tanrı mənə haqq yolunu göstərsin, hamısı faydasızmış. İşləyirəm… Budur, bu mənim əllərim – qabar-qabardır, başdan-ayağa döyənəkdir. Ömrüm uzunu mən namuslu adam olmağa can atmışam. İndi budur… bax…

Onun səsi üzüldü, elə bil indicə ağlayacaqdı. Birdən coşqun qəzəb içində arvadının üzərinə atıldı.

– Hər şeydə müqəssir sənsən! – deyə o bağırırdı. – Ancaq sən! Sən mən deyəni eləsəydin, heç nə olmazdı! Yox, lazım bilmədin, mənə qulaq asmadın. Qoy o buradan rədd olsun! İtsin! Getsin!!! O, fahişədir, onun adı budur? İndi onun bir yolu var! – o da cəhənnəmdir! Qoy ora getsin. Mən öz başımın dərdini çəkəcəyəm, bəsdir, kifayətdir.

 

O öz kiçik yataq otağına getmək istəyərkən çevrildi, lakin qapıya çatmadan dayandı:

– Qoy buradan rədd olsun! – deyə quduzcasına təkrar etdi. – Mənim evimdə onun yeri yoxdur. Bu gün rədd olsun! Bu saat! Bundan sonra mən onu evimin qapısına da buraxmaram! Məni necə biabır etməyi ona göstərərəm!

– Onu bu gün qovma, – deyə missis Herhardt yalvardı. – Gedəsi yeri yoxdur.

– Yox, elə bu gün! – Onun sərt üzündə yenilməz qətiyyət əks olunurdu. – Bu dəqiqə! Qoy özünə başqa ev axtarsın. Bu ev onun zövqünə görə olmadı. Qoy cəhənnəm olsun! Qoy yad evlərdə qalmağın dadını görsün! O, otaqdan çıxdı.

Saat altının yarısında missis Herhardt göz yaşları içində şam hazırlamağa başlayanda Cenni qayıtdı. Ana qapının döyüldüyünü eşidərkən diksindi. O bilirdi ki, bu saat tufan qopacaqdır. Ata Cennini astanada qarşıladı.

– Rədd ol gözümdən! – deyə o, qəzəblə bağırdı. – Sənin ruhun belə, mənim evimdə olmasın. Bir də mənim gözümə görünmə. Cəhənnəm ol!

Saralmış, titrəyən Cenni bir kəlmə danışmadan onun qarşısında dayanmışdı. Onunla qayıtmış uşaqlar heyrət və qorxu içində onu dövrəyə aldılar. Bacılarını zərif bir məhəbbətlə ürəkdən sevən Veronika və Marta ağlamağa başladılar.

Tamamilə çaşmış Corc:

– Nə olub axı? – deyə soruşdu.

– Qoy rədd olsun! – deyə Herhardt təkrar etdi. – Mən onun evimdə qalmasını istəmirəm. Əxlaqsız olmaq istəyir, öz işidir, qoy buradan cəhənnəm olsun. – O, qızına nəzər salaraq əlavə etdi: – Yığışdır şeylərini.

Cenni bir kəlmə danışmadı, lakin uşaqlar daha da ucadan ağladılar.

– Susun! – deyə Herhardt çığırdı. – Mətbəxə gedin.

O, uşaqları otaqdan qovdu və özü də arxasına belə baxmadan çıxdı.

Cenni səssiz öz otağına keçdi. O öz miskin varidatını topladı və bunları göz yaşları içində anasının gətirdiyi zənbilə yığmağa başladı. Elə də çox olmayan qız bəzək-düzəyini özü ilə götürmədi. Onlar Cenninin gözlərinə sataşdı, lakin o, balaca bacılarını düşünərək bu şeylərə toxunmadı. Marta və Veronika şeyləri toplamaqda ona kömək etmək istəyirdilər. Amma ata onları buraxmadı. Saat altıda Bass gəldi, bütün ailəni mətbəxdə təşviş içində gördükdə nə üz verdiyini soruşdu.

Herhardt qaşqabaqlı ona baxıb cavab vermədi.

– Nə olub? – deyə Bass təkid etdi. – Niyə bura yığılıbsınız? Missis Herhardt göz yaşları içərisində pıçıldadı:

– Atan Cennini evdən qovubdur.

Bass heyrət içində gözlərini bərəldərək:

– Nə üçün? – deyə soruşdu.

– Nə üçün qovduğunu mən sənə deyərəm. – Herhardt almanca danışdı. – Onun üçün ki, o, fahişədir, bax, bunun üçün. İş o yerə çatdı ki, ondan otuz yaş böyük olan, onun üçün ata olmağa yarayan bir adam onu məhv etdi. İndi qoy çətin vəziyyətdən nə cür istəyirsə, elə də çıxsın. O bu saat buradan rədd olmalıdır.

Bass ətrafa baxdı, uşaqlar gözlərini geniş açdılar. Hamısı, hətta ən balacaları belə, nə isə dəhşətli bir hadisə olduğunu hiss edirdilər. Lakin yalnız Bass nə üz verdiyini anlayırdı.

– Bu gecə vaxtı sən onu hara qovursan? – deyə Bass soruşdu. – Bu vaxt qıza küçədə qalmaq yaramaz. Səhərə kimi gözləmək olmaz?

– Yox, – deyə Herhardt cavab verdi.

– Bu əbəsdir, – deyə ana ehtiyatla dinləndi. Herhardt:

– Qoy elə bu saat getsin, – dedi, – bir də mən bu barədə bir kəlmə eşitməyim.

– O hara gedəcəkdir? – deyə Bass təkid etdi. Missis Herhardt acizanə:

– Bilmirəm, – dedi.

Bass bir daha hamını nəzərdən keçirdi, amma bir söz demədi. Bir az sonra ana Herhardtın bir an üzünü çevirdiyindən istifadə edərək gözü ilə qapını göstərdi. O öz başı ilə "Otağa get!" deyirdi.

Bass çıxdı, sonra missis Herhardt risk edib işi dayandırdı və oğlunun dalınca getdi. Uşaqlar bir az da mətbəxdə oturdular, sonra bir-birinin ardınca sürüşüb getdilər, ata tək qaldı. Onun zənnincə, kifayət qədər vaxt keçdikdən sonra o da qalxdı.

Ana qızına tələsik lazımi məsləhətlər verirdi. Ünvanını bildirməli idi. Bass indi onunla birlikdə çıxmayacaqdı, amma qoy Cenni bir qədər evdən uzaqlaşsın və onu küçədə gözləsin – o, Cennini yola salar. Ata işdə olanda ana onun – qızının yanına gələr, yaxud Cenni evə gələr. Qalan məsələləri gələcək görüşə qədər təxirə salmaq olar.

Onlar hələ danışıb qurtarmamışdılar ki, Herhardt otağa daxil oldu.

– O gedəcək, ya yox? – deyə sərt bir səslə soruşdu.

– Bu saat, – deyə missis Herhardt ilk dəfə meydan oxuyan bir səslə cavab verdi. Bass:

– Nə həşirdir? – dedi.

Lakin atası elə qəzəblə qaşlarını çatdı ki, onun artıq etiraz etməyə cəsarəti çatmadı.

Cenni öz yeganə yaxşı paltarında, əlində səbət daxil oldu. Onun gözləri qorxu ilə baxırdı, çünki sərt imtahanlardan keçəcəyini bilirdi. Lakin o artıq qadın olmuşdu. O, sevgidə qüvvət, səbirdə dayaq, istinadgah tapmış və fədakarlığın böyük ləzzətini dadmışdı. O, dinməz-söyləməz anasını öpdü, yanaqlarından göz yaşları axırdı. Sonra o döndü və yeni həyatla qarşılaşmağa çıxdı, qapı onun arxasınca bağlandı.

X FƏSİL

Cenninin bu çətin günlərdə burulğanına, girdablarına atıldığı dünyada xeyir həmişə, ta əzəldən öz yaşamaq hüququnu əbəs yerə müdafiə etmişdir, çünki xeyirxahlıq – insanlara yaxşılıq arzulamaq və onlara yaxşılıq etmək qabiliyyətidir. Xeyirxahlıq hamıya və hər kəsə məmnuniyyətlə, sevinclə xidmət etməyə hazır olan alicənablıqdır. Lakin cəmiyyət bu keyfiyyəti o qədər də qiymətləndirmir. Özünüzü ucuz qiymətləndirin – o zaman sizə etinasız yanaşacaq, sizi saymayacaq, ayaqlar altında tapdalayacaqlar. Xidmətinizə görə olmasa da, özünüzü yüksək qiymətləndirin, – o zaman sizə hörmət edəcəklər. Cəmiyyət bütövlükdə insanları olduqca pis tanıyır. Onun yeganə meyarı "başqaları nə dəyərlər"dir. Onun yeganə ölçüsü – özünü mühafizə hissidir. Filankəs öz varidatını mühafizə etmişdirmi? Filan qadın öz təmizliyini saxlamışdırmı? Göründüyü kimi, ancaq tək-tək nadir adamlar bəzən öz müstəqil rəylərini ifadə etməyə qabildirlər.

Cenni özünü yüksək qiymətləndirməyə cəhd də etmirdi. Onda özünü fəda etməyə fitri, təbii bir meyl var idi. Pislikdən, şərdən qorunmağa kömək edən yaşayış xudpəsəndliyini ona aşılamaq heç də asan iş olmazdı. Yüksək gərginlik dəqiqələrində insan daha çox nəzərə çarpan bir aydınlıqla yüksəlir. O, qüvvə və istedadının xeyli artdığını duyur. Biz hələ titrəyirik, yanlış addım atmaqdan qorxuruq, lakin biz inkişaf edirik, yüksəlirik. İlham alovları bizə rəhbərlik edir. Təbiət heç kəsi rədd etmir. Mühit, yaxud cəmiyyət bizdən üz döndərirsə, biz yenə də bütün mövcud olanlarla dostluqda qalırıq. Təbiət – alicənabdır. Külək və ulduzlar sənin dostlarındır. Sən ancaq mərhəmətli və həssas ol – o zaman bu böyük həqiqəti dərk edərsən. Bəlkə də bu həqiqət sənə hazır düsturlar şəklində deyil, nəticə etibarilə idrakın mahiyyətini təşkil edən sevinc və rahatlıq duyğusu ilə gəlib çatacaqdır. Rahatlıqda müdriklik qazanırsan. Cenni qapıdan bir az uzaqlaşan kimi Bass ona çatdı:

– Səbəti bir mənə ver, – dedi və Cenninin həyəcandan bir söz deyə bilmədiyini görərək əlavə etdi: – Mən, deyəsən, sənə harada otaq tapmaq mümkün olduğunu bilirəm. O, Cennini heç kəsin onları tanımadığı cənub məhəllələrinə, bir qarının yanına apardı. Bu qarı Bassın indi işlədiyi mağazadan, pulunu hissə-hissə ödəmək şərti ilə, divar saatı almışdı. Bass bilirdi ki, onun pula ehtiyacı var və otaq kirayə vermək istəyir.

– Sizin otağınız hələ tutulmayıb ki? – deyə o, qadından soruşdu. Qarı Cennini nəzərdən keçirərək:

– Yox, – dedi.

– Bəlkə siz onu mənim bacıma verəsiniz? Biz başqa şəhərə köçürük, o isə hələ burada qalmalıdır.

Qarı razı oldu və Cenni müvəqqəti sığınacaq tapdı. Bacısının halına ürəkdən kədərlənmiş Bass:

– Sən kefini pozma, – dedi. – Hamısı yoluna qoyular. Anam da dedi ki, sən ürəyini sıxmayasan. Sabah atam işə gedəndə evə gəl.

Cenni gəlməyi vəd etdi. Bass ona ürək vermək üçün bir neçə söz də dedi, qarı ilə razılaşdı ki, Cenni onun evində yeyib-içəcək, sonra vidalaşdı. O artıq qapıda ikən:

– Budur, hər şey öz qaydasındadır, – dedi. – Hamısı düzələcəkdir. Kefini pozma. Mən getməliyəm, sabah səhər sənə deyərəm.

O getdi. Xoşa gəlməyən fikirlər onu bir o qədər də təşvişə salmırdı. O hesab edirdi ki, bacısı, doğrudan da, müqəssirdir. Bu, bacısının tamam çaşdığını, qəm dəryasına batdığını görə-görə yolda onu sorğu-suala tutmasından da aydın idi.

– Sən nəyin xatirinə belə bir işə razı oldun? Heç olmazsa bir dəfə fikirləşdinmi nə edirsən? Cenni:

– Xahiş edirəm, bu saat mənə sual vermə, – dedi və bununla onun inadcıl sorğu-sualına son qoydu.

Onun özünə bəraət qazandırmağa və şikayət etməyə əsası yox idi. Hərgah bu işdə bir kəs müqəssir idisə, o məhz özü idi. Bassın düşdüyü fəlakət, ailənin başına açdığı iş, Cenninin özünü qurban verməsi – bunların hamısı unudulub getmişdi.

Cenni, yeni, yad yerdə tək qaldıqdan sonra öz dərdləri ilə əlləşməyə başladı. Keçirdiyi sarsıntıya, öz doğma evindən qovulmaq rüsvayçılığına dözmək üçün qüvvəsi çatmadı və o, hönkürtü ilə ağlamağa başladı. Doğrudur, o təbiətən səbirli idi və şikayət etməyi sevmirdi, lakin bütün ümidlərinin qəflətən fəlakətə uğraması onun belini sındırmışdı. Adama qasırğa kimi hücum edən və onu sarsıdan bu qüvvə nədir? Nə üçün ölüm qəflətən soxulur və həyatda ən işıqlı, ən sevincli görünən şeyi parça-parça edir?

Cenni olub keçənləri fikirləşərək Brenderlə uzun tanışlığını bütün təfərrüatı ilə yadına salırdı, onun dərdi nə qədər böyük olsa da, Brenderə qarşı məhəbbətdən və mehribanlıqdan başqa bir şey hiss etmirdi. Axı o, Cenniyə şüurlu olaraq pislik etmək istəmirdi. O həqiqətən, yaxşı və alicənab idi. O, sözün əsil mənasında, yaxşı adam idi. Cenni, hər şeydən əvvəl, onu fikirləşərək, Brenderin vaxtsız ölümünə ürəkdən ağlayırdı.

Gecə belə ağır fikirlər içində keçdi. Səhər isə Bass işə gedərkən ona dəydi və dedi ki, ana axşam Cennini gözləyəcəkdir. Ata evdə olmayacaqdır, onlar hər barədə danışa bilərlər. Cenni uzun və ağır gün keçirdi, lakin axşama yaxın kefi yaxşılaşdı və səkkizə on beş dəqiqə işləmiş anasıgilə getdi.

Evdə onu bir o qədər də şad xəbərlər gözləmirdi. Herhardt hələ də qəzəb içində idi. O, gələn şənbə günündə işdən çıxıb Yanqstauna getməyi qərara almışdı. İndi hər bir şəhərdə yaşamaq onun üçün Kolumbusda qalmaqdan yaxşı olacaqdır. Burada o heç vaxt adamların gözünə düz baxa bilməyəcəkdir. İndi Kolumbus onun üçün ən dözülməz xatirələrlə bağlı olacaqdır. O buradan gedəcəkdir, iş tapsa, ailəsini də yanına çağıracaqdır. Bu o deməkdir ki, öz evi ilə vidalaşmaq lazım gələcəkdir. Onsuz da girov pulu verə bilməyəcəkdir. Buna ümid etmək əbəsdir.

Bir həftədən sonra Herhardt yola düşdü. Cenni evə qayıtdı, onların həyatı bir müddət keçmiş qaydasına düşdü, lakin, əlbəttə, bu çox davam edə bilməzdi.

Bass bunu anlayırdı. Cenninin başına gəlmiş fəlakət və onun mümkün olan nəticələri Bassı çox sıxır, çox incidirdi. Kolumbusda qalmaq mümkün deyildi. Yanqstauna köçməyə dəyməzdi. Onların hamısının başqa bir yerə köçməsi zəruridirsə, yaxşısı budur ki, böyük bir şəhərə getsinlər.

Bass vəziyyəti ölçüb-biçərək düşündü ki, bəxti Klivlenddə sınamaq lazımdır. O eşitmişdi ki, orada sənaye coşqun bir sürətlə inkişaf edir. Orada işi düz gətirsə, qalanları da onun yanına köçərlər. Atası indiki kimi Yanqstaunda işləsə və bütün ailə Klivlendə köçsə, Cenni küçədə qalmaz.

Bass bu nəticəyə birdən-birə gəlmədi, xeyli götür-qoy etdikdən sonra öz niyyətini bildirdi. Bir dəfə axşam anası şam yeməyi verdiyi zaman Bass:

– Mən Klivlendə getmək istəyirəm, – dedi.

– Nə üçün? – deyə ana özünü itirmiş halda oğluna baxaraq soruşdu. Missis Herhardt oğlunun onları tərk edəcəyindən qorxurdu.

– Məncə, orada iş taparam, – deyə Bass cavab verdi. Bu xarabada qalmağımızın mənası yoxdur.

Anası məzəmmətlə:

– Təmiz danış, – dedi.

– Yaxşı, sən allah, – deyə Bass əlini yellədi. – Mənim yerimə kim olsa, söyüş də söyər, lənət də yağdırar. Burada bizim işimiz heç vaxt düz gətirmədi. Mən gedərəm, iş tapsam, hamınız yanıma gələsiniz. Heç kəsin bizi tanımadığı yerdə bundan min qat yaxşı yaşayarıq. Burada bizi heç bir yaxşı şey gözləmir.

Missis Herhardt dinləyir və onun ürəyində ümid oyanırdı ki, nəhayət, onların həyatı heç olmazsa bir az yüngülləşər. Kaş Bass dediyinə əməl edəydi – gedib özünə iş tapaydı, sağlam və ağıllı oğul anasına necə kömək etməlidirsə, ona eləcə kömək edəydi! Necə yaxşı olardı!

Coşqun bir sel onları pəncəsinə alıb uçuruma aparır. Doğrudanmı onları heç bir şey xilas etməyəcəkdir?

Ana maraqla soruşdu:

– Sən elə fikir edirsən ki, iş tapacaqsan?

– Tapmalıyam, – deyə Bass cavab verdi. – Hələ belə şey olmayıb ki, mən iş axtaram, tapa bilməyəm. Uşaqlardan bəziləri Klivlendə gedib yaxşıca işə düzəliblər. Lap elə Millergili götür.

 

O, əllərini cibinə qoyub pəncərəyə baxdı, sonra:

– Səncə, mən orada işə düzələnə qədər siz burada dolana bilərsinizmi? – deyə soruşdu.

– Elə fikir edirəm ki, dolanarıq, – deyə ana cavab verdi. – Atan indi işləyir, bir az pulumuz var. Bunu… bu pulu…

O, düşdükləri vəziyyətdən utanaraq, bu pulun haradan, hansı mənbədən gəldiyini deyə bilmədi. Bass qəmgin-qəmgin:

– Hə, başa düşürəm, – dedi.

– Payıza qədər ödənilməli borcumuz yoxdur. Payızda onsuz da hamısını atmaq lazım gələcək, – deyə missis Herhardt əlavə etdi.

O, evin girov haqqı barəsində danışırdı: növbəti ödəniş sentyabrda idi. Onlar, şəksiz, pulu verə bilməyəcəkdilər.

– O vaxtadək başqa şəhərə köçə bilsək, məncə, birtəhər dolanarıq. Bass qətiyyətlə:

– Mən elə də edəcəyəm, – dedi. – Gedəcəyəm.

Beləliklə, ayın axırında o, işdən çıxdı və ertəsi gün Klivlendə yola düşdü.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?