Cenni Herhardt

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Herhardt dərhal işini buraxdı, uşaqlarla çıxdı və həbsxanaya yollandı. Nə isə baş verdiyini hiss etdiyi üçün ürəyi sıxılırdı.

O, tərləmiş alnını ovcunun içi ilə silərək nigarançılıqla təkrar edirdi:

– Elə bir bu çatmırdı!

Polis dairəsində növbətçi serjant qısaca məlumat verdi ki, Bass həbsə alınmışdır. O, siyahını nəzərdən keçirərək yenidən soruşdu:

– Sebastyan Herhardt? Bəli, siyahıda var. Kömür oğurlamış, polis nəfərinə müqavimət göstərmişdir. Oğlunuzdur?

– Ach Cott Ah, yarəbb! – deyə Herhardt ümidsizliklə əllərini ovuşduraraq təkrar etdi. Serjant soruşdu:

– Siz onu görmək istəyirsiniz?

– Bəli, bəli, – deyə ata cavab verdi. Serjant qoca növbətçiyə müraciət edərək:

– Fred, bunu aparın, – dedi. – Qoy oğlanla görüşsün.

Herhardt qonşu otaqda durub, üst-başı tökülmüş və döyülmüş Sebastyanın gəldiyini görəndə özünü saxlaya bilmədi, ağladı. O, bir söz belə deyə bilmədi. Sebastyan qoçaqcasına dedi:

– Ağlama, ata. Mən heç nə edə bilmədim. Zərər yoxdur. Səhər məni buraxarlar. Herhardt dərdin ağırlığı altında əzilərək tir-tir əsirdi.

Sebastyan özü göz yaşını saxlamağa cəhd edərək:

– Ağlama, – deyə davam etdi, – mənə heç nə olmayacaq. Ağlamağın xeyri yoxdur.

Qoca iztirabla dedi:

– Mən bilirəm, başa düşürəm, ancaq özümü saxlaya bilmirəm. Bunun hamısı mənim günahımdır, axı belə işlərlə məşğul olmağa mən icazə vermişəm.

– Yox! Yox, burada sənin günahın yoxdur. Anam bilirmi?

– Hə, bilir. Cenni və Corc indicə gəlib mənə dedilər. Mən indicə xəbər tutmuşam… O yenə də ağladı.

Sebastyan:

– Bu qədər qanqaralığı eləmə, – dedi. Bu an Sebastyanın təbiətində olan bütün yaxşı cəhətlər oyandı. – Hər şey düzələr. İşə qayıt, hər şeyi özünə dərd eləmə. Hamısı düzələr.

– Gözünün altı niyə belə qaralıb, – deyə ata ağlamaqdan qızarmış gözləri ilə ona baxaraq soruşdu.

Sebastyan gülümsəməyə cəhd edərək qoçaqcasma cavab verdi:

– Məni yaxalayan adamla balaca bir əlləşməmiz oldu. Mən elə fikirləşirdim ki, yaxamı qurtara bilərəm.

– Sən bunu nahaq yerə etmisən, Sebastyan. Bu sənə çox zərər verə bilər. Sənin işinə nə vaxt baxacaqlar?

– Dedilər ki, sabah, – deyə Bass cavab verdi. – Saat doqquzda. Herhardt bir qədər onun yanında durdu.

Onlar Bassın qohumları tərəfindən zaminə götürülməsinin mümkün olub-olmaması haqqında, cərimə haqqında, həbsxanada yatmaq kimi dəhşətli təhlükə haqqında söhbət etdilər, lakin heç bir nəticəyə gəlmədilər. Nəhayət, Bass atasını çıxıb getməyə razı saldı, vidalaşma ümidsizliyin yeni partlayışını doğurdu. Herhardtı otaqdan sarsılmış, dərdin ağırlığından bükülmüş halda çıxardılar.

Bassı yenidən apardıqları zaman o, atası haqqında düşünərək öz-özünə dedi: – "İş xarabdır. Anamın başına bir iş gəlməsə yaxşıdır…"

Anasının fikri onu dərindən həyəcanlandırdı.

"Eh, heyif ki, mən o tipi birinci zərbədən yerə sərmədim, – deyə o düşünürdü. – Mən necə sarsağam ki, qaçıb qurtulmadım".

VII FƏSİL

Herhardt ümidsizlik içərisində idi, gecə saat iki ilə səhər doqquz arasında kömək üçün müraciət etməyə bir adam tanımırdı. O, arvadı ilə evə gəldi, sonra iş yerinə qayıtdı. Bəs nə etsin? O nə iləsə kömək edə bilən, bəlkə də kömək etməyə razılıq verəcək təkcə bir adamı xatırladı. Bu adam şüşə fabrikantı Xemmond idi. Lakin o indi şəhərdə yox idi. Herhardt bunu bilmirdi.

O, saat doqquza yaxın məhkəməyə tək getdi, belə qət etmişdilər ki, ailənin qalan üzvlərinin oraya getməsi lazım deyil. Missis Herhardt bilatəxir hamısını öyrənər, çünki əri dərhal qayıdıb hamısını ona danışacaqdır.

Sebastyan məhkəmədə uzun müddət gözləməli oldu, çünki müttəhimlər skamyasında ondan qabaqda hələ bir neçə nəfər oturmuşdu. Nəhayət, onu çağırdılar və məhəccərin arxasına itələdilər. Onu həbs edən polis nəfəri:

– Möhtərəm hakimlər, kömür oğurlayırdı, həbs olunanda müqavimət göstərmişdir, – dedi. Hakim diqqətlə Sebastyana baxdı, onun cırmaqlanmış və əzilmiş üzü ona pis təsir bağışladı.

Hakim dedi:

– Demək belə, cavan oğlan. Özünüzə bəraət qazandırmaq üçün nə deyə bilərsiniz? Gözünüzün altındakı qara ləkə haradandır?

Sebastyan hakimə baxdı, amma heç nə demədi. Polis xəfiyyəsi:

– Onu mən tutdum, – dedi. – Mən onu bizim kompaniyaya məxsus olan platformanın üstündə yaxaladım. O dartınıb qaçmaq istədi. Mən onu möhkəm tutanda üstümə atıldı. Bu adam şahiddir, – deyə o, Sebastyanı tutmağa kömək edən işçini göstərdi.

Hakim xəfiyyənin çənəsinin şişdiyini görərək:

– Sizi o belə vurmuşdur? – deyə soruşdu. Xəfiyyə yaxşıca intiqam alacağından razı qalaraq:

– Bəli, ser, – dedi. Herhardt özünü irəli verərək:

– İcazənizlə, – dedi, – bu, mənim oğlumdur. Onu kömür üçün göndərmişdik. O…

Xəfiyyə onun sözünü kəsdi:

– Biz bir şey demirik, qoy yollardan yığsınlar, bu öz yoldaşlarına platformadan kömür tullayırdı, altı nəfər idilər.

– Məgər siz o qədər qazana bilmirsiniz ki, platformalardan kömür daşımayasınız? – deyə hakim soruşdu, oğul və ata cavab verməyə macal tapmamış əlavə etdi:

– Siz nə ilə məşğul olursunuz?

– Vaqon təmir edirəm, – deyə Sebastyan cavab verdi. Hakim Herhardta müraciət etdi:

– Bəs siz?

– Millerin mebel fabrikində gecə qarovulçusuyam. Sebastyanın özünü qaşqabaqlı və təşəxxüslü apardığını hiss edən hakim:

– Hm, belədir, – dedi. – Bu cavan oğlanın üzərindən kömür oğurluğu ittihamını götürmək olar, amma görünür, o, yumruğunu çox həvəslə işə salır. Onsuz da Kolumbusda dava-dalaş həddindən çox olur. On dollar.

– İcazənizlə… – deyə Herhardt sözə başlamışdı ki, məhkəmə nəzarətçisi onu geri itələdi. Hakim:

– Artıq heç bir şey eşitmək istəmirəm, – dedi. – Gör nə inadcıldır. Kimin növbəsidir? Herhardt xəcalət hissi ilə, lakin işin daha pis qurtarmadığından razı halda adamların arasında oğluna yanaşdı. Ona elə gəlirdi ki, o, bir yolla pul tapar. Ata yaxınlaşan zaman oğul mərhəmətlə ona baxdı. Bass onu sakitləşdirməyə çalışaraq:

– Hər şey öz qaydasındadır, – dedi, – ancaq o məni bir söz deməyə qoymadı. Ata qayğıkeşliklə dedi:

– Yaxşı ki, o səni bundan ağır cəzaya məhkum etmədi. İndi çalışarıq pul tapaq.

Sonra o, evə yollandı; məhkəmənin hökmünü təlaş içində olan arvadına və uşaqlarına xəbər verdi. Missis Herhardtın rəngi saraldı, lakin yüngüllük hiss etdi: axı on dolları birtəhər tapmaq olar. Cenni ağzını bir az açıb iri gözlərini atasına dikərək qulaq asırdı. Bütün bu əhvalat onun üçün şiddətli zərbə idi. Zavallı Bass! O həmişə elə şən, elə mehriban idi ki. Onun həbsxanaya düşməsi dəhşətlidir.

Herhardt tələsik Xemmondun gözəl evinə getdi, lakin fabrikant şəhərdə yox idi. Onda Herhardt bir qədər tanış olduğu Cenkins adlı vəkili xatırladı, onun idarəsinə getdi, lakin onu da yerində tapmadı. Bir neçə başqa tanış baqqal və kömür alverçisi də var idi, ancaq Herhardt onlara da borclu idi. Keşiş Vundt yəqin ki, ona pul verərdi, amma belə bir hadisəni bu qədər ləyaqətli adam qarşısında etiraf etmək Herhardt üçün əzablı olardı. O, bir-iki tanışına müraciət etdi, ancaq onun gözlənilməz və qəribə xahişinə təəccüb qalaraq nəzakətlə rədd cavabını verdilər. Saat dörddə o, yorğun, üzülmüş halda evə qayıtdı və ümidsiz bir səslə:

– Bilmirəm neyləyim, – dedi. – Heç başım çıxmır.

Cenni Brender haqqında düşündü. Vəziyyətin ümidsiz olmasına baxmayaraq, onun yanına gedib kömək istəməyə cəsarət etmirdi. Cenni atasının sərt tapşırığını və senatoru çox pis təhqir etdiyini yaxşı yadında saxlamışdı. Saatı ikinci dəfə girov qoyulmuşdu, pul tapmağın başqa bir yolunu isə bilmirdi.

Ailədə məsləhətləşmə saat on birin yarısınadək davam etdi, yenə də bir nəticəyə gəlmək mümkün olmadı. Missis Herhardt gözlərini döşəməyə dikərək yeknəsəq hərəkətlə inadla əllərini əzişdirirdi. Əri dalğın bir halda əlini çallaşmış kürən saçlarına çəkirdi.

Nəhayət o dedi:

– Hamısı faydasızdır. Ağlım heç bir şey kəsmir. Ana qayğıkeşliklə:

– Cenni, get yat, – dedi, uşaqları da yatırt. Sizin burada oturmağınızın mənası yoxdur. Bəlkə fikirləşib bir yol tapa bildim. Hamınız gedin yatın.

Cenni öz otağına getdi, lakin indi onun yuxusu gələ bilməzdi. Atasının senatorla deyişməsindən bir az sonra, o, qəzetdə oxumuşdu ki, Brender Vaşinqtona getmişdir. Onun qayıtması haqqında məlumat verilməmişdi. Bəlkə də o qayıtmışdır. Cenni fikirli halda miskin stolun üstündəki balaca ensiz güzgünün qarşısında dayandı. Onunla bir otaqda yatan Veronika artıq yuxuya getmişdi. Nəhayət, Cenni qərara gəldi. O, senator Brenderin yanına gedəcəkdir. Əgər o, şəhərdədirsə, Bassı xilas edər. Nə üçün də getməsin – axı o, Cennini sevir. Neçə dəfə Cennidən ona ərə getməsini xahiş etmişdi. Nə üçün Cenni onun yanına getməsin, ondan kömək istəməsin?

Cenni bir qədər tərəddüd etdi. Sonra Veronikanın ahəngdar nəfəsini eşidərək jaketini və şlyapasını geydi, yemək otağında adam olub-olmadığını bilmək üçün səssizcə qapını açdı.

Evdən heç bir səs eşidilmirdi. Yalnız Herhardt mətbəxdə yırğalanan kürsü üstündə əyləşib həyəcan keçirirdi. Heç yerdə işıq yox idi, yalnız Cenninin otağında balaca bir lampa yanır, bir də mətbəxin qapısı altından sarı bir zolaq görünürdü. Cenni öz lampasının işığını azaltdı və püflədi, sonra yavaşca küçə qapısına tərəf getdi, onu açdı və gecənin zülmətinə qovuşdu.

Səmada yarımçıq ay parıldayırdı, havada oyanan, yenidən çiçəklənən həyatın nəfəsi duyulurdu, çünki bahar yenə yaxın-laşırdı. Cenni qaranlıq küçələrlə (qövs fanarları hələ ixtira edil-məmişdi) tələsik gedir, qorxudan titrəyirdi. Nə qədər ağılsız iş görür! Senator onu necə qəbul edəcək? O nə düşünəcək? O, şübhələr içində əzab çəkərək dayandı və yerində qurudu, sonra gecəni həbsxana kamerasında keçirən Bassı xatırladı və yenidən tələsdi.

"Kolumbus-Xauz" otelinin quruluşu belə idi ki, gecənin istənilən saatında qadınlar onlara məxsus yolla rahatca keçib, hər hansı bir mərtəbəyə qalxa bilərdilər. Demək olmaz ki, bu oteldə daxili qayda yox idi, lakin bir çox başqa otellərdə olduğu kimi, burada da o zamanlar daxili qaydaların yerinə yetirilməsi üçün nəzarət həmişə kifayət qədər ciddi olmurdu. Kim istəsəydi, qapıdan vestibülə girə bilərdi, burada onu kontor xidmətçisi görə bilərdi. Bundan başqa heç kəs kimin gəlib-getdiyinə elə də əhəmiyyət vermirdi.

 

Cenni otelə yanaşdığı zaman ətraf qaranlıq idi. Yalnız giriş yolunda zəif işıq yanırdı. Senatorun otağına qədər ancaq ikinci mərtəbənin dəhlizi ilə bir az getmək lazım idi. Cenni yuxarıya qalxdı. O, həyəcandan saralmışdı, lakin ürəyində coşan tufanı bundan başqa heç nə büruzə vermirdi. Tanış qapıya çataraq dayandı. Qız həm Brenderi evdə tapmayacağından, həm də onun burada olması fikrindən əsirdi. Qapının yuxarısındakı kiçik pəncərənin şüşələrindən işıq gəlirdi. Cenni bütün mətanətini toplayaraq qapını döydü. O tərəfdən öskürmə və tappıltı eşidildi.

Brender qapını açanda heyrət etdi.

– Bu ki Cennidir! – deyə o bağırdı. – Nə yaxşı oldu! Mən elə sizi düşünürdüm. Buyurun, buyurun…

O, Cennini coşqun bir hisslə qucaqladı.

– Mən sizi yoluxmağa hazırlaşırdım. Hey fikirləşirdim ki, işi necə yoluna qoyum. Yaxşı ki, gəldiniz. Nə üz verib?

O, bir addım geri çəkildi və Cenninin qəmli, qayğılı üzünə baxdı. Qızın gözəlliyində yenicə kəsilmiş, hələ şehdən nəm olan zanbağın lətafəti duyulurdu. İntəhasız şəfqət dalğaları onun ürəyinə axdı. Nəhayət, Cenni güclə deyə bildi:

– Mənim sizdən bir xahişim var. Qardaşım həbsxanadadır. Biz onun üçün on dollar verməliyik. Mən buradan başqa hara gedəcəyimi bilmədim. Senator onun üşümüş əllərini ovuşduraraq:

– Mənim zavallı qızım, – dedi, – mənim yanımdan başqa hara getməli idiniz? Axı mən sizə demişdim ki, həmişə mənə müraciət edin! Cenni, məgər bilmirsiniz ki, mən sizin üçün hər şey edərəm.

Tövşüyən Cenni çətinliklə:

– Bəli, – dedi.

– Bax belə, artıq heç nəyin nigarançılığını çəkməyin. Mənim zavallı qızcığazım, nəhayət, tale sizə zərbələr endirməkdən nə vaxt əl çəkəcəkdir? Necə oldu ki, sizin qardaşınız həbsxanaya düşdü?

– Onu platformadan kömür boşaldanda tutublar, – deyə Cenni cavab verdi. Brender ürək yanğısı ilə:

– Aha! – deyə səsləndi.

Bu gənci, əslində həyatın özünün sövq etdiyi iş üçün həbsə almış və cəriməyə məhkum etmişlər. Bu qız gecə vaxtı onun yanına gəlmişdir ki, özünə belə zəruri olan on dollar üçün yalvarsın. Cenni üçün böyük məbləğdir, senator üçün isə bu heç bir şeydir.

Senator tələsik dedi:

– Qardaşınız üçün kədərlənməyin. Mən hər şeyi yoluna qoyaram. Yarım saatdan sonra o azad olacaqdır. Mən qayıdana qədər burada oturun, istirahət edin.

O, böyük lampanın yanında olan kreslonu göstərdi və cəld otaqdan çıxdı.

Brender dairə həbsxanasını idarə edən şerifi tanıyırdı. O, həmçinin Sebastyanı cəriməyə məhkum etmiş hakimi də tanıyırdı. Hakimə məktub yazıb oğlanın gələcəyini korlamamağı, cəzanı götürməyi xahiş etmək üçün Brenderə beşcə dəqiqə vaxt lazım idi. O bu məktubu xidmətçi ilə hakimin evinə göndərdi. Özünün şəxsən həbsxanaya getməsi və dostu olan şerifi dilə tutub Sebastyanı dərhal buraxdırması üçün də onca dəqiqə vaxt sərf etdi.

Brender:

– Bu da pul, – dedi. – Cərimə ləğv edilsə, qaytararsınız. İndi isə bunu buraxın.

Şerif məmnuniyyətlə razı oldu. O öz əmrinin yerinə yetirilməsinə şəxsən göz yetirmək üçün dərhal aşağı düşdü. Təəccüb qalmış Bass buraxıldı. Ona heç bir izahat verməyi lazım görmədilər.

Nəzarətçi dedi:

– Hər şey öz qaydasındadır. Sən azadsan. Qaç evə, bir də belə iş görəndə, ələ düşmə.

Bir şey başa düşməyən Bass evə yollandı, sabiq senator isə indi necə hərəkət etmək lazım olduğunu aydınlaşdırmağa çalışaraq otelə qayıtdı. Vəziyyət dolaşıq idi. Yəqin ki, Cenni atasının razılığı olmadan ona müraciət etmişdi. Bu, Cenninin son ümid yeri idi. İndi qız onu otağında gözləyirdi.

İnsan öz borcuna və ədalətə ciddi riayət etməklə şirnikdirici səadət arasında tərəddüd etdiyi zaman onun həyatında böhranlı dəqiqələr başlanır və ona elə gəlir ki, çox da böyük səy göstərmədən, yalnız lazım olduğu kimi hərəkət etməməklə səadətə nail ola bilər. Olmalı və olmamalı şey arasında hüdud bəzən aydın olmur. Brender başa düşürdü ki, Cenni ilə hətta evlənmək belə, onun atasının mənasız tərsliyi üzündən çətin olacaqdır. Başqa maneçilik – ictimai rəydir. Fərz edək ki, o, Cenni ilə evləndi – adamlar nə deyərlər? Cenni hər şeyi dərindən hiss edə bilən zəngin istedadlı təbiətdir, Brender bunu bilirdi. Onda camaatın başa düşə bilmədiyi şairanə bir qəlb, incə bir ruh vardır. Brender özü belə bunun nə olduğunu tamamilə anlamır, lakin qızda zəngin daxili aləm duyurdu. Cenninin ağlı hələ inkişaf etmiş olmasa da, həyat təcrübəsi çatmasa da, bu zəngin daxili aləm Brenderin yerinə kim olmuş olsaydı, onu cəzb edərdi. Brender fikrən onu yenə qarşısında görərək, "qeyri-adi qızdır" – deyə düşündü.

İndi nə etmək lazım olduğunu götür-qoy edərək o öz evinə qayıtdı. Otağa girərkən yenə qızın gözəlliyinə və füsunkar məlahətinə heyran oldu. Abajurla örtülmüş lampanın zəif işığında qız ona dünyanın indiyədək görmədiyi əfsanəvi bir xilqəti xatırlatdı.

O, sakit görünməyə səy edərək:

– İş düzəlmişdir, – dedi. – Mən sizin qardaşınız üçün təşəbbüsdə oldum. O azaddır. Cenni ayağa qalxdı.

O, əllərini bir-birinə vuraraq ah çəkdi, sonra Brenderə doğru addımladı. Onun gözləri minnətdarlıq ifadə edən göz yaşları ilə doldu.

Brender bu göz yaşlarını gördü və qıza lap yaxın gəldi:

– Allah xatirinə ağlamayın, Cenni, – dedi. – Siz mələksiniz! Siz – mərhəmətin özüsünüz! Bir təsəvvür edin: bu qədər qurban veribsiniz, indi də ağlayırsınız!

O, Cennini özünə tərəf çəkdi və bu an həmişəki ehtiyatlılığı ona xəyanət etdi. Brender bircə şeyi hiss edirdi: bu qədər həsrətində olduğu bir xəyal həqiqətə çevrilir. Nəhayət, bir çox müvəffəqiyyətsizlikdən sonra, tale ona hər şeydən çox arzuladığı məhəbbət və sevimli bir qadın bəxş edir. O, qızı qucaqlayıb öpür, öpürdü…

İngilis yazıçısı Cefris demişdir ki, kamil bir qız yüz əlli ildə bir dəfə yaranır. "Bu dəfinəni yerin və göyün bütün sehrləri yaradır. Yüz əlli il taxıl zəmiləri üzərində əsən cənub küləyi də, yoncanın ballı ağır başları və dəstərək çiçəkləri üzərində yellənən, birəbitdən quşunu gizlədən və arının yolunu kəsən yüksək otların ətri də, qızılgül kollarından canlı çəpərlər də, cavan doqquzan kolu da, qızıla çalan zəmilərdəki mavi peyğəmbər çiçəkləri də yaşıl şam ağaclarının kölgəsi də; sahillərində süsənlərin günəşə doğru yüksəldiyi balaca füsunkar çayların bütün qəşəngliyi qalın meşələrin məftunedici gözəlliyi, zirə ətri və genişlik, sərbəstlik ruhu yayan bütün uzaq təpələr – bunlar hamısı yüz illər boyu yenidən və yenidən təkrar olunur.

Cücüçiçəkləri, zəngçiçəkləri, bənövşələri, yamyaşıl bahar və qızıl xəzan payızı, günəşin işığı, şiddətli yağışlar və şehli səhərlər, ölməz gecələr, dayanmadan axan zamanın bütün dövrəsi yüz il ərzində yenidən və yenidən təkrar olunur. Heç kimin yazmağa qüvvəsi çatmayan yazılmamış tarix: gülün yüz il bundan əvvəl qopub uçmuş ləçəkləri haqqında kim bir şey söyləyə bilər? Yüz dəfələrlə qaranquşlar damlar altındakı yuvalarına qayıdırlar, yüz dəfələrlə! Budur, o gəldi və bütün dünya, artıq yox olmuş çiçəklərin həsrətini çəkdiyi kimi, onun gözəlliyinin həsrətini çəkir. Onun on yeddi yaşının cazibəsində əsrlərin sehri vardır. Bunun üçün də onun yaratdığı ehtirasda kədər gizlənir".

Əgər siz meşə çiçəklərinin yüz dəfələrlə təkrar olunan gözəlliyini anlamış və qiymətləndirmişsiniz, əgər qızılgüllər, musiqi, qızaran dan yeri, qürub çağı sizin ürəyinizi bir an sevinclə döyünməyə məcbur etmişdirsə, əgər bütün bu gözəllik tez ötüb keçirsə və dünya əlinizdən çıxıb getməmiş sizə verilmişdirsə, siz ondan imtina edərsinizmi?

VIII FƏSİL

Həyatımızda baş verən xarici və daxili dəyişikliyin əhəmiyyəti bəzən bizə dərhal aydın olmur. Biz sarsılırıq, qorxuruq, sonra sanki yenə əvvəlki həyat tərzinə qayıdırıq, dəyişiklik isə artıq baş vermişdir. Biz daha heç yerdə və heç vaxt əvvəlki kimi olmayacağıq. Cenni qardaşını qurtarmaq arzusu ilə senatorun yanına getməsinin, axşam görüşünün gözlənilməz nəticəsi haqqında düşünərkən öz hisslərindən baş çıxara bilmədi. Cenni, Brenderlə yeni qarşılıqlı münasibətinin həm ictimai, həm də fizioloji mənada nə kimi dəyişiklik yarada biləcəyini çox dumanlı şəkildə təsəvvür edirdi. O, analığın hətta ən əlverişli bir şəraitdə, adi qadın üçün belə, necə sarsıntı olduğunu hələ başa düşmürdü. O, heyrət, maraq, öz vəziyyətinə inamsızlıq duyurdu, eyni zamanda ürəkdən xoşbəxt və sakit idi. Brender yaxşı adamdır. İndi o, Cenniyə həmişəkindən daha yaxın olmuşdur. Brender onu sevir. Onların yeni əlaqəsi cəmiyyətdə qızın mövqeyini də mütləq dəyişər. İndi onun həyatı tamam başqa cür olacaq və artıq başqa cür olmuşdur. Brender hey onu inandırırdı ki, sevgisi əbədidir.

Cenni gedərkən o, təkrar-təkrar deyirdi: – Cenni, sənə deyirəm, heç bir şeydən nigaran qalma. Ehtiras məndən qüvvətli çıxdı, lakin mən səninlə evlənəcəyəm. Evə get! Heç kəsə bir söz demə. Əgər gec deyilsə, qardaşını xəbərdar et, hamısını gizlincə saxla, mən səninlə evlənər və səni buradan apararam. Mən bunu bu saat da edə bilərəm. Burada etmək istəmirəm. Ancaq Vaşinqtona gedib səni oraya çağıracağam. Budur, (o, pul kisəsini çıxartdı, yanında olan yüz dolları götürdü), bunu al. Sabah mən sənə yenə göndərərəm. İndi sən mənim nişanlımsan, bunu unutma. Sən mənimsən.

O, nəvazişlə Cennini qucaqladı. Cenni gecənin zülmətinə çıxdı. Brender, şübhəsiz, sözünün üstündə duracaqdır. O, fikrən artıq yeni, məstedici bir həyat sürürdü. Əlbəttə, o Cenni ilə evlənəcəkdir. Bir təsəvvür edin! Cenni Vaşinqtona, uzaq, yad şəhərə gedəcəkdir. Ata və anasına gəlincə, onlar bu qədər çox işləməyəcəklər. Hələ Bass, Marta… Cenni onlar üçün nələr edə biləcəyini fikirləşərək sevincindən fərəhlənirdi. Bir kvartal getdikdən sonra o, addımlarını yavaşıtdı. Brender gəlib ona çatdı. O, Cennini evlərinin qapısınadək ötürüb dayandı. Cenni isə ehtiyatla ətrafı nəzərdən keçirərək, cəld artırmaya qalxdı və qapını dartdı. Qapı açaq idi. Cenni hər şeyin yaxşı olduğunu sevgilisinə göstərmək üçün bir dəqiqə ayaq saxladı və içəri daxil oldu. Evdə sakitlik idi. O öz otağına girdi və Veronikanın yuxulu nəfəsini eşitdi. Sonra səssizsəmirsiz Bass və Corcun yatdığı otağa keçdi. Bass çarpayıda tir uzanmışdı, yuxulamış kimi görünürdü. Lakin Cenni daxil olan kimi pıçıldadı:

– Sənsən, Cenni?

– Mənəm.

– Hardaydın?

– Qulaq as, – deyə Cenni pıçıldadı, – ata-anamı gördünmü?

– Hə.

– Mənim evdən getdiyimi onlar bilirlərmi?

– Anam bilir. Mənə tapşırdı ki, səni soruşmayım. Sən hardaydın?

– Sənin işin üçün senator Brenderin yanına getmişdim.

– Belə de. Məni niyə buraxdıqlarını demədilər axı. Cenni yalvardı:

– Heç kəsə bir söz demə. Mən istəmirəm ki, bunu bir adam bilsin. Axı sən atamın ona münasibətini bilirsən.

– Yaxşı, demərəm.

Lakin sabiq senatorun onun tutduğu işi haqqında nə düşündüyünü və nə tədbir tökdüyünü, Cenninin onunla necə danışdığını bilmək Bass üçün maraqlı idi. Cenni hamısını qısaca danışdı, elə bu vaxt qapı arxasında anasının ayaq səsləri eşidildi.

– Cenni! – deyə missis Herhardt pıçıltı ilə çığırdı. Cenni onun yanına çıxdı.

– Ah, sən nə üçün getmişdin?

– Mən başqa cür edə bilməzdim, ana. Bir şey etməli idim.

– Bəs niyə bu qədər yubandın?

– O mənimlə danışmaq istəyirdi, – deyə Cenni əsas məsələdən yayınmağa çalışaraq cavab verdi.

Anası təşvişlə dolu olan yorğun gözlərini Cenniyə zilləmişdi.

– Ah, mən elə qorxurdum, elə qorxurdum. Atan sənin otağına getmək istəyirdi, mən dedim ki, sən yatırsan. O, küçə qapısını bağladı, mən təzədən açdım. Bass da, gələn kimi, səni görmək istədi, mən onu dilə tutdum ki, səhəri gözləsin.

O yenə kədərlə qızına baxdı. Cenni ürəkverici tərzdə:

– Hər şey yaxşıdır, anacan, – dedi. – Sabah mən sənə hamısını danışaram. İndi get yat. Bassın buraxılması haqqında atam nə düşünür?

– O bilmir. O elə düşünür ki, yəqin Bassın cəriməni verməyə gücü olmadığını bilib buraxmışlar.

Cenni anasının çiyinlərini nəvazişlə qucaqladı və: – Get yat, – dedi.

O indi başqa cür düşünür və hərəkət edirdi, sanki yaşı xeyli artmış, böyümüşdü. O hiss edirdi ki, özünün də, anasının da qayğısına qalmalıdır.

Sonrakı günləri Cenni sanki yuxuda keçirdi. O axşamın qeyri-adi hadisələrini təkrar-təkrar xəyalında canlandırır, düşünür, götür-qoy edirdi. Senatorun yenə də toydan danışmasını, Vaşinqtondan qayıdandan sonra onunla evlənəcəyini, ona yüz dollar verdiyini və yenə verməyi vəd etdiyini anasına danışmaq o qədər də çətin deyildi. Amma yeganə mühüm məsələni anasına nağıl etməyə özünü məcbur edə bilmədi. Bu çox müqəddəs sirr idi. O vəd etdiyi pulu – dörd yüz dolları – göndərdi, bu pulu bankda cari hesaba qoymağı məsləhət görürdü. Sabiq senator yazırdı ki, o artıq Vaşinqtona gedir, lakin ya geri qayıdacaq və yaxud Cennini oraya çağıracaqdır. O yazırdı: "Mətanətli ol, səni yaxşı günlər gözləyir".

 

Brender getdi, Cenninin taleyi, doğrudan da, tükdən asılı qaldı. Lakin Cenni hələ gəncliyin bütün sadəlövhlüyünü mühafizə edirdi. Zahirən o lap əvvəlki kimi idi, üzündə yalnız həlim bir dalğınlıq vardı. Əlbəttə, o, Cennini yanına çağıracaqdır. Qızın xəyalında uzaq ölkələr, qəribə, gözəl həyat canlanırdı. Onun bankda bir qədər pulu vardır, o heç vaxt belə sərvəti xəyalına gətirməmişdi, indi anasına kömək edə bilər. Gənc qızlar həmişə belə olurlar – o yenə də ancaq yaxşı nəticə gözləyirdi. Əks təqdirdə, bəlkə də o təşvişə düşər, gələcəyindən qorxardı. Onun bütün varlığı, həyatı, gələcəyi bir tükdən asılı idi. Bu həm yaxşı, həm pis qurtara bilərdi, lakin belə sadəlövh məxluq üçün fəlakət yalnız baş verib qurtardıqdan sonra aşkara çıxır.

Belə qeyri-müəyyən vəziyyətdə mənəvi sakitliyi, ruhi müvazinəti necə saxlamaq olar? Bu, sirrini hər bir gəncin fitri sadəlövhlüyündə, tez inanmaq xasiyyətində axtarmaq lazım gələn möcüzələrdən biridir. Kamala yetmiş bir adamın öz ilk gənclik təsəvvürlərini mühafizə etməsi nadir hadisədir. Həm də birisinin bunları mühafizə etməsi deyil, hamının bunu itirməsi qəribədir. Bütün dünyanı gəz, dolaş, hər şeyə geniş açılmış, heyrətli gözləri ilə baxan gəncliyin incəliyi və sadəlövhlüyü keçmişə dair bir xatirəyə çevrilsə, onda dünyada nə qalar? Bəzən bizim gündəlik qayğılarımızın quru səhrasında görünən bir neçə yaşıl fidan, soyumuş ruhun nəzərləri qarşısında ötüb-gedən günəşli yay səhnələri, fasiləsiz ağır əməyin içərisində qısa dinclik dəqiqələri – bunlar hamısı yorulmuş yolçunun qarşısında gənc könül üçün həmişə açıq olan kainat qədər geniş aləm açır. Nə qorxu, nə tamahkarlıq, geniş çöllər və işığa qərq olmuş təpələr, səhər, günorta, gecə, ulduzlar, quşların səsi, suların zümzüməsi, – bunlar hamısı uşağın ruhuna bəxşiş verilir. Bəziləri bunu şeriyyət, başqaları – daşürəklilər – boş uydurma adlandırırlar. Gənclik günlərində bunların hamısı onlara da aydın idi, gənclik həssaslığı yox oldu və onlar artıq bunu görməyə qadir olmadılar.

Cenninin yeni həyəcanları yalnız hər bir işi görürkən üzündə əks olunan dalğın kədərdən bilinirdi. Bəzən o təəccüb edirdi ki, Brenderdən bu vaxtadək məktub yoxdur, lakin buradaca xatırlayırdı ki, o bir neçə həftə demişdi, buna görə də ayrıldıqlarından keçən ay yarım bir elə uzun görünmürdü.

Bu vaxt içərisində çox hörmətli ekssenator şən halda prezidentlə görüşə getdi, sonra yüksək cəmiyyətin xoş həyatına qapıldı. Merilenddə öz dostları ilə görüşməyə hazırlaşdığı zaman yüngül soyuqdəymə onu bir neçə gün evdə oturmağa məcbur etdi. O məhz indi yatağa uzanmağa məcbur olduğundan narazı idi, lakin əhvalının pisliyində heç bir ciddi şey görmürdü. Sonra həkim onda qarın yatalağının ağır formasını aşkara çıxartdı. O, bir müddət huşunu itirdi və ayılanda çox zəiflədiyini gördü. Ona elə gəlirdi ki, səhhəti düzəlir, lakin Cennidən ayrıldıqdan düz ay yarım sonra qəflətən onu ürək iflici vurdu və hər şey bitdi. Cenni onun xəstələndiyini bilmədən xoşbəxtlik xəyalı ilə yaşayırdı, hətta Bass axşam qəzeti evə gətirənədək onun ölümü haqqında qara hərflərlə çap olunmuş məlumatı belə görməmişdi.

– Buna bax, Cenni, – deyə Bass ucadan xəbər verdi. – Brender ölmüşdür!

O, qəzeti bacısına uzatdı. Birinci səhifədə yazılmışdı:

SABİQ SENATOR BRENDERİN ÖLÜMÜ

Ohayo ştatının şanlı oğlu qəflətən vəfat etmişdir. Vaşinqtonda, "Arlinqton" otelində ürək iflicindən ölmüşdür.

Bu yaxınlarda o, tif keçirmiş, həkimlərin rəyinə görə, sağalmağa başlamışdır. Lakin xəstəlik mənhus olmuşdur. Onun qeyri-adi mənsəb yolunun ən mühüm mərhələləri…

Cenni hədsiz sarsılaraq bu sətirlərə baxırdı.

– Ölüb? – deyə o birdən qışqırdı. Bass fövqəladə yenilik gətirən bir adam kimi:

– Hə də, görürsən, çap eləyiblər, – dedi. – Bu gün səhər saat onda ölübdür.