Cenni Herhardt

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Mən fəxr də edirəm, – deyə Cenni saf qəlblə etiraf etdi. Missis Herhardt:

– Bilmirəm, – dedi, – bu barədə atana bir şey demək lazımdırmı? Sənin axşamlar evdən getməyin onun xoşuna gəlmir.

Nəhayət, onlar bu qərara gəldilər ki, Herhardta heç bir şey deməsinlər. Yəqin ki, o başa düşməz.

Ertəsi gün Brender Cennini aparmağa gələndə qız artıq hazır idi. Senator balaca lampanın zəif işığında gördü ki, Cenni bu münasibətlə libasını dəyişmiş, ən yaxşı paltarını geymişdir. Krujeva ilə haşiyələnmiş ensiz manjetli, xeyli uca yaxalı, çox gözəl kraxmallanmış və ütülənmiş açıq sürməyi rəngli çit paltarı onun eyibsiz qamətini daha da gözəl göstərirdi. Onun nə əlcəkləri, nə bəzək-düzəyi, nə də bir abırlı jaketi var idi. Lakin zövqlə düzəldilmiş saçları qəşəng başını hər hansı modalı şlyapadan yaxşı bəzəyirdi. Saçlarının bir neçə burması dik qalxıb onun başını lalə kimi gözəlləşdirmişdi. Brender ona jaket geyməyi məsləhət gördükdə Cenni bir anlığa tərəddüd etdi, sonra o biri otağa keçdi, anasının sadə boz yun örtüyündə qayıtdı. Bu zaman Brender dərin təəssüflə başa düşdü ki, Cenninin jaketi yoxdur, qız onsuz keçinmək istəyirmiş.

"Axşam üşüyə bilər, – deyə Brender düşündü, – ancaq, şəksiz, bunu mənə bildirməyəcək, şikayətlənməyəcək".

O, Cenniyə baxdı və fikirli halda başını buladı. Sonra onlar yola düşdülər və Brender dərhal Cenninin burada, yanında olmasından başqa hər şeyi unutdu. Cenni bir uşaq aludəliyi və sevinci ilə laqqırtı vurur, onun dil tökməsi senatora olduqca gözəl görünürdü.

Cenni doğan ayın zəif işığı altında sanki qızıla çalıb parıldayan ağacların gözəl mənzərəsini seyr etdiyi zaman senator:

– Qulaq asın, Cenni, – dedi, – siz qeyri-adi bir qızsınız. Mən əminəm ki, heç olmazsa bir az oxusaydınız, şeir yazardınız.

– Siz belə düşünürsünüz ki, mən şeir yaza bilərdim? – deyə Cenni sadəlövhlüklə soruşdu. Senator onun əlindən tutaraq:

– Düşünürəm? – dedi. – Düşünürəmmi? Yox, ay qız, mən buna əminəm! Siz dünyada ən gözəl xəyalpərvərsiniz. Əlbəttə, siz şair ola bilərsiniz. Siz poeziya ilə yaşayırsınız. Siz poeziyanın özüsünüz, mənim əzizim. Sizin şeir yazmağı bacarıb-bacarmamağınızın bir o qədər əhəmiyyəti yoxdur.

Heç nə Cennini bu tərif qədər mütəəssir edə bilməzdi. O həmişə belə xoş, mehriban sözlər danışır. Deyəsən, heç kəs heç bir vaxt onun sevdiyinin yarısı qədər Cennini sevməmiş və qiymətləndirməmişdir. O nə qədər yaxşı adamdır! Bunu hamı deyir. Hətta atam da deyir.

Onlar getdikcə uzaqlaşırdılar. Sonra Brender sanki nə isə xatırlayıb, birdən-birə:

– Görəsən saat neçə olar, – dedi, – deyəsən, qayıtmaq vaxtıdır. Saatınızı taxıbsınızmı? Cenni diksindi. Onun saat haqqında söhbət salacağından elə qorxurdu ki! Cenni onun qayıdıb gəldiyi dəqiqədən bunu gözləyirdi.

Brender Vaşinqtona getdikdən sonra ailədə pul məsələsi çox çətinləşdi və Cenni saatı girov qoymalı oldu. Martanın paltarı o qədər köhnəlmişdi ki, qız daha məktəbə gedə bilmirdi. Uzun müzakirədən sonra qət olundu ki, Cenni öz saatından əl çəkməlidir.

Bass saatı qonşu müamiləçinin yanına apardı, uzun mübahisədən sonra onu on dollara girov qoydu. Missis Herhardt bu pulları uşaqlara xərcləyib rahat oldu, ürəyi yerinə gəldi, Marta abırlı paltar geydi. Əlbəttə, bu, Cennini sevindirirdi.

İndi senator öz hədiyyəsi haqqında söhbət salarkən Cenniyə elə gəlirdi ki, cəza vaxtı çatmışdır. Cenni bərk titrəyirdi, Brender onun həyəcanlı olduğunu görürdü.

– Cenni, sizə nə olmuşdur? – deyə o, mehribanlıqla soruşdu. – Siz nə üçün belə diksindiniz?

– Elə belə, – deyə Cenni cavab verdi.

– Sizin saatınız yoxdur?

Cenni cavabı gecikdirirdi, ona elə gəlirdi ki, yalan demək mümkün deyil. Ağır sükut başladı, sonra Cenni:

– Yoxdur, ser, – dedi.

Onun səsində göz yaşları sezilirdi.

Brender dərhal həqiqəti başa düşdü, təkid etməyə başladı və Cenni hamısını etiraf etdi. Brender:

– Kədərlənmək lazım deyil, əzizim, – dedi. – Siz dünyada ən yaxşı qızsınız. Mən sizin saatınızı geri alaram. Gələcəkdə sizə bir şey lazım olsa, mütləq mənim yanıma gəlin. Eşidirsinizmi? Mütləq mənə söz verin. Mən şəhərdə olmasam, məktub yazın. Mənim ünvanım həmişə sizdə olacaqdır. Siz mənə yalnız xəbər verin, mən sizə kömək edərəm. Eşidirsinizmi?

– Bəli, – deyə Cenni cavab verdi.

– Siz mənə söz verirsiniz, eləmi?

– Bəli, – deyə Cenni cavab verdi. Bir dəqiqə hər ikisi susdu.

Bu gözəl bahar axşamının təsiri altında hissləri cuşa gəlmiş senator, nəhayət:

– Cenni, mən artıq yəqin etmişəm ki, sizsiz yaşaya bilmərəm, – dedi. – Siz məndən bir daha ayrılmamağa razı olarsınızmı?

Cenni onun nə demək istədiyini yaxşı başa düşmədən kənara baxırdı.

– Bilmirəm, – deyə qız dumanlı bir cavab verdi. Brender yumşaq bir tərzdə:

– Bu barədə fikirləşin, – dedi. – Mən ciddi deyirəm. Mənim arvadım olmaq və bir neçə illiyə gedib təhsil almaq istərdinizmi?

– Gedib məktəbə daxil olmağa?

– Bəli, biz evlənəndən sonra.

– İstərdim…– deyə Cenni cavab verdi.

Cenni anasını düşündü. Bəlkə, o bununla əzizlərinə kömək edə bilərdi?

Brender Cenninin üzündəki ifadəni görməyə çalışaraq ona tərəf döndü. Kifayət qədər işıq idi. Ay şərqdə ağacların təpəsindən yüksəlirdi, saysız-hesabsız ulduzlar onun şüalarından ağarırdı.

– Cenni, doğrudanmı siz mənə qarşı tamamilə laqeydsiniz? – deyə o soruşdu.

– Xeyr!

– Siz daha mənim yanıma, paltarları aparmağa gəlmirsiniz, – deyə o, acı-acı şikayətləndi. Bu, Cenniyə təsir etdi.

– Mən müqəssir deyiləm, – deyə o cavab verdi. – Mən nə edə bilərəm. Anam fikirləşir ki, belə daha yaxşıdır.

Brender razılaşdı:

– O haqlıdır. Kədərlənməyin, mən elə-belə zarafat etdim. Amma mümkün olsaydı, siz məmnuniyyətlə gələrdiniz, eləmi?

– Bəli, – deyə Cenni safqəlbliliklə cavab verdi.

Senator qızın əlindən tutdu və nəvazişlə elə sıxdı ki, onun sözləri Cennini ikiqat mütəəssir etdi. O, coşqun bir hisslə senatoru qucaqladı. Cenni qızlıq nəvazişi ilə:

– Siz necə mehribansınız, – dedi. Brender dərin hisslə:

– Cenni, mənim qızım, – dedi, – mən sizin üçün hər şeyə hazıram.

VI FƏSİL

Fəlakətli ailənin atası saksoniyalı Uilyam Herhardt qəribə adam idi. O hələ on səkkiz yaşlı gənc ikən ümumi hərbi mükəlləfiyyət haqqında qanunun ədalətsizliyindən hiddətlənmiş və Parisə qaçmışdı. Oradan isə Amerikaya, onu çoxdan cəlb edən bu ölkəyə gəlmişdi. Herhardt əvvəl Nyu-Yorkdan Filadelfiyaya gəldi, sonra isə uzağa, qərbə doğru getdi. Bir müddət Pensilvaniyada müxtəlif şüşə zavodlarında işlədi. Yeni dünyanın gözəl təbiətli bir kəndində həmişə arzuladığı bir həyat yoldaşı tapdı. Bu, mənşəyi alman olan gənc, təvazökar amerikalı qadın idi. Herhardt öz arvadı ilə Yanqstauna, sonra Kolumbusa köçdü. O həmişə Xemmond adlı şüşə fabrikantının ardınca gedirdi. Bu fabrikantın işi gah yaxşılaşır, gah da xarablaşırdı. Herhardt namuslu adam idi, ona çox xoş gəlirdi ki, adamlar onun riyakarlıq edə bilmədiyinə qiymət verirlər.

– Uilyam, mən istəyirəm ki, sən mənim yanımda işləyəsən, çünki mən sənə arxayın ola bilərəm.

Herhardt üçün bu mədhiyyə qızıldan qiymətli idi.

Onun namusluluğu, dini etiqadı kimi, onda uşaqlıqdan kök salmış, canına və qanına işləmişdi. Herhardt heç vaxt bunun üzərində düşünməmişdi. Onun atası və babası ləyaqətli alman sənətkarları idilər, onlar bir dəfə də olsun heç kəsin bir qəpiyini belə aldadıb almamışdılar. Bu inadcıl təmizlik bütünlüklə irsən ona da keçmişdi.

O, əsil lüterçi idi. Kilsəyə müntəzəm getmək və bütün günü ev qayda-qanunlarına riayət etmək uzun illər ərzində onun görüşlərini və etiqadını möhkəmlətmişdi. Atası evində keşişin sözü qanun idi və Herhardta irsən belə bir əqidə aşılanmışdı ki, lüter kilsəsi qüsursuzdur, onun axirət haqqında təlimi səhvsiz və mübahisəsizdir. Rəsmi olaraq mennonitlər təliminə etiqad edən arvadı ərinin məzhəbini məmnuniyyətlə qəbul etmişdi. Beləliklə, onun ailəsi tamamilə dindar idi. Herhardtlar hara köçsəydilər, hər şeydən əvvəl, yerli lüter kilsəsinə gedənlər sırasına daxil olardılar və keşiş onların evinin əziz qonağı olardı.

Kolumbus şəhərinin lüterçi keşişi mister Vundt möhkəm əqidəli xristian, həm də kor-koranə inanan və dinə şəkk gətirənlərə qarşı amansız olan fanatik idi. O belə hesab edirdi ki, onun kilsəsinə gələnlər rəqs etməklə, kart oynamaqla, yaxud teatra getməklə öz ruhlarının xilasını təhlükə altına alırlar, buna görə də tərəddüd etmədən, ciyərinin imkan verdiyi qədər ucadan car çəkirdi ki, onun göstərişlərinə əməl etməyənlər cəhənnəmə vasil olacaqlar. İçmək, hətta qaydası ilə içilsə belə, günahdır. Papiros çəkmək… o özü çəkirdi. Nikaha qədər bakirəlik və sonra nikahın müqəddəsliyinə riayət etmək hər bir xristianın borcudur. O deyirdi ki, öz məsumluğunu qoruya bilməyən qız və öz qızlarının günah işləməsinə yol verən valideynlər üçün nicat yolu yoxdur. Onlar cəhənnəm odunda yanacaqlar. O dünyada cəzadan yaxa qurtarmaq üçün dönmədən yaxşılıq yolu ilə gedin, çünki xudavəndi-aləmin qəzəbi günahkarı hökmən tutur.

Herhardt, onun arvadı və Cenni mister Vundtun şərhində öz kilsələrinin təlimini danışıqsız qəbul edirdilər. Lakin Cenni əslində bütün bunlarla sadəcə rəsmi surətdə razılaşırdı. Din hələlik ona həlledici təsir göstərə bilməmişdi. Cənnətin olduğunu bilmək adama xoş gəlir, cəhənnəmin olması isə adamı qorxudur. Oğlanlar və qızlar özlərini yaxşı aparmalı, ata-analarının sözlərinə qulaq asmalıdırlar. Qalan məsələlərdə Cenninin dini anlayışları və təsəvvürləri xeyli dumanlı idi.

Herhardtata əmin idi ki, onun kilsənin xitabət kürsüsündən deyilən hər bir sözü inkaredilməz həqiqətdir. Axirət aləmi ona tamamilə real bir şey kimi görünürdü.

İllər isə keçir, həyat getdikcə daha anlaşılmaz və daha izahedilməz olurdu. Herhardt çaşıb qalır, bütün suallara cavab verən dini ehkamlardan möhkəm yapışırdı. Ah, kaş o elə namuslu və səbatlı olaydı ki, Tanrı onu rədd etmək üçün heç bir əsas tapmayaydı! O yalnız özü üçün deyil, həm də arvadı və uşaqları üçün əsirdi. Axı elə bir gün gələcək ki, Herhardtata onların da əvəzinə cavab verməli olacaqdır. Onun zəifliyi və əbədi həyatın qanunlarını öz ailəsinə təlqin etməyi bacarmamağı onların hamısını fəlakətə aparıb çıxarmazmı? O öz xəyalında cəhənnəm əzablarını təsəvvür edir, son saatda onu və əzizlərini nə gözlədiyini özündən soruşurdu.

 

Təbiidir ki, belə qatı dindarlıq onu uşaqlara sərt olmağa məcbur edirdi. O, gənclərin əyləncələrinə və zəif cəhətlərinə çəpəki baxırdı. Atasının istədiyinə qalsaydı, Cenni heç bir zaman sevginin nə demək olduğunu bilməzdi. Şəhərin ictimai yerlərindən birində gənclərlə tanış olsaydı və onlar Cennini əyləndirməyə başlasaydılar, atası onları heç evin astanasına da buraxmazdı. O unutmuşdu ki, özü də bir vaxt cavan olmuşdur, indi ancaq öz qızının ruhunu xilas etmək qayğısına qalırdı. Beləliklə, senator Cenninin həyatında tamamilə yeni bir hadisə idi.

Brender ailənin işlərində ilk dəfə iştirak etməyə başladığı zaman Herhardt-ata gördü ki, nəyin pis və nəyin yaxşı olması haqqında təsəvvürü qənaətbəxş deyilmiş. O belə adama hansı ölçüdə yanaşmağı bilmirdi. Brender onun qəşəng qızına nəvaziş göstərməyə can atan adi pərəstişkar deyildi. Brenderin Herhardtlar ailəsinin həyatına müdaxiləsi elə qəribə, eyni zamanda, o qədər ləyaqətli idi ki, senator heç kəs özünə gəlməmiş, bu həyatda mühüm rol oynamağa başladı. Herhardtın özü belə çaşdırılmışdı. O belə bir mənbədən özü üçün və ailəsi üçün ehtiramdan, xeyirdən başqa heç bir şey gözləmirdi. Buna görə də senatorun qayğısını və yardımını çox sakitliklə qəbul edirdi. Hər halda arvadı o xoşbəxt Milad bayramınadək və bayramdan sonra Brenderdən alınmış çoxlu hədiyyələr haqqında ona bir şey deməmişdi.

Lakin bir dəfə səhər Herhardt gecə işindən evə qayıdanda qonşusu Otto Uiver ona yanaşıb dedi:

– Herhardt, mən səninlə danışmaq istəyirəm. Mən sənin dostunam, qulağıma çatan söz-söhbəti sənə demək istəyirəm. Bilirsən, qonşular sənin qızının yanına gələn adam haqqında çox boşboğazlıq edirlər.

Son dərəcə çaşmış və bu gözlənilməz hücumdan pərt olmuş Herhardt:

– Mənim qızımın yanına? – deyə təkrar etdi. – Sən kimi deyirsən? Mən qızımın yanına gələn bir adam tanımıram.

– Yox? – deyə öz müsahibindən az təəccüblənməmiş Uiver soruşdu: – Yaşlı adamdır. Başının da yarısı ağarmışdır. Bəzən çəliklə gəzir. Yəni sən onu tanımırsan?

Herhardt çətinə düşmüş bir vəziyyətdə hafizəsini araşdırırdı. Uiver tərəddüd içərisində davam etdi:

– Deyirlər: o, senator olmuşdur. Dürüst bilmirəm. Herhardt bir yüngüllük hiss edərək dedi:

– Hə, senator Brenderdir. Düzdür, o bəzən bizə gəlir. Doğrudur. Yaxşı, nə olsun ki?

– Heç nə, – deyə qonşu cavab verdi, – ancaq adamlar söz gəzdirirlər. Bilirsən, o indi cavan deyil. Sənin qızın hərdən onunla gəzməyə çıxır. Adamlar bunu görürlər, indi ara söhbəti başlayıb. Mən fikirləşdin ki, bəlkə sənin bunu bilməyin lazımdır.

Bu dəhşətli sözlər Herhardtı ürəyinin dərinliyinə qədər sarsıtdı. Görünür, adamlar belə şeyləri boş yerə danışmırlar. Cenni və onun anası böyük günah işlətmişlər. Lakin o yenə də tərəddüd etmədən qızını müdafiə etməyə başladı və pərt, çaşqın bir halda:

– O bizim ailənin dostudur, – dedi. – Adamlar bilmədikləri şey haqqında nahaq yerə danışırlar. Mənim qızım heç bir pis iş görməmişdir.

– Əlbəttə, canım. Burada heç bir pis şey yoxdur. Qonşular çox vaxt boş yerə sarsaqlayırlar. Ancaq biz səninlə köhnə dostlarıq, mən fikirləşdim ki, bəlkə sənin bilməyin lazımdır…

Herhardt ağzını bir az açaraq bir müddət hərəkətsiz durdu. Qəribə bir acizlik onun əl-qolunu bağlamışdı. Adamların sənə düşmən kəsilmələri nə qədər dəhşətli olur. Onların rəy və meyillərinin sənin tərəfində olması nə qədər əhəmiyyətlidir. O, Herhardt, bütün qoyulmuş qaydalara riayət edərək yaşamağa necə ürəkdən can atırdı! Nə üçün insanlar bununla kifayətlənməməli və onu rahat buraxmamalıdırlar?

O, evə doğru yollanaraq mırıldandı:

– Sağ ol ki, mənə dedin. Mən bu barədə fikirləşərəm. Salamat qal. O, ilk fürsətdən istifadə edib arvadını sorğu-suala çəkdi.

– Senator Brender Cenninin yanına niyə gəlir? – deyə o, almanca soruşdu. – Qonşular arasında dedi-qodu gedir.

– Burada pis bir şey yoxdur, – deyə missis Herhardt da almanca cavab verdi. Bu sual gözlənilmədən verilmiş və onu açıqdan-açığa çaşdırmışdı. – O bura ancaq iki-üç dəfə gəlmişdir.

Herhardt, ananın belə işlərə dözməsindən və qızının hərəkətini ört-basdır etməsindən hiddətlənərək etiraz etdi:

– Amma sən bunu mənə deməyibsən. Missis Herhardt özünü tamam itirmişdi.

– Yox, deməmişəm. O ancaq bir-iki dəfə gəlib.

– Ancaq! – deyə Herhardt səsini ucaltmağa adət etmiş bütün almanlar kimi bağırdı. – Ancaq! Qonşuların hamısı ağız-ağıza verib bu barədə danışırlar. De görüm: buna nə ad vermək olar?

– O ancaq bir-iki dəfə gəlib, – deyə missis Herhardt acizanə təkrar etdi. Herhardt sakit olmurdu.

– İndi küçədə Uiver mənə yanaşıb deyir ki, bütün qonşular mənim qızımla gəzən adam haqqında çənə vururlar. Amma mən heç nə bilmirəm. Sarsaq kimi dayanıb, bilmirəm nə deyim. Belə iş olar? O mənim haqqımda nə fikirləşər?

– Burada elə bir şey yoxdur, – deyə arvad etiraz etdi. – Cenni bir-iki dəfə onunla gəzməyə gedib. O özü buraya, bizim evimizə gəlmişdi. Burada nə var ki, nə dedi-qodubazlıqdır? Yəni qız uşağı əylənə bilməz?

– Axı o, yaşlı adamdır, – deyə Herhardt Uiverin sözlərini təkrar etdi. Adı-sanı, şan-şöhrəti var. Cenni kimi bir qızın yanına nəyin xatirinə gəlir?

– Bilmirəm, – deyə missis Herhardt özünü müdafiəyə keçdi. – O bizim evimizə gəlir. Mən onun haqqında heç bir pis şey bilmirəm. Mən ona necə deyə bilərəm ki, gəlməsin.

Herhardt da susdu. O, senatoru çox yaxşı adam kimi tanıyırdı. Doğrudan da burada təhlükəli nə vardı?

– Qonşular həmişə qeybət qırmağa hazırdırlar. Onların danışmağa başqa sözləri yoxdur, onun üçün də Cenni haqqında çənə vururlar. Sən özün bilirsən ki, Cenni yaxşı qızdır. Niyə onlar belə şeylər danışırlar? – mehriban ananın gözləri yaşla doldu.

– Bunlar hamısı düzdür, – deyə Herhardt donquldandı, – ancaq onun bura gəlməsi və belə cavan qızı gəzməyə aparması yersizdir. Onun başında pis bir niyyət olmasa belə, bu yaramaz.

Elə bu an Cenni içəri girdi. O, ata-anasının səsini özünün və bacısının yataq otağından eşitmiş, lakin bu söhbətin onun üçün nə qədər əhəmiyyətli olduğundan şübhələnməmişdi. Qız içəri girəndə anası arxasını ona tərəf çevirdi, qızarmış gözlərini qızından gizlətməyə çalışaraq, üzərində peçenye hazırladığı stola əyildi.

– Nə olub? – deyə ata-anasının gərgin sükutundan bir qədər təşvişə düşmüş Cenni soruşdu. Atası qətiyyətlə cavab verdi:

– Heç nə.

Ana hətta başını da ona tərəf döndərmədi. Lakin onun hərəkətsizliyinin özü də çox mənalı idi. Cenni ona yanaşdı və anasının ağlamış olduğunu dərhal başa düşdü.

– Nə olub? – deyə qız atasına baxaraq heyrət içərisində təkrar etdi. Herhardt susurdu, qızının açıq siması onun qorxusunu azaldırdı. Cenni anasına müraciət edərək, yumşaqcasına təkid etdi:

– Nə olub?

Missis Herhardt köksünü ötürərək:

– Eh, nə olacaq, qonşulardır da, – dedi, – onlar həmişə bilmədikləri şeylər haqqında qeybət qırırlar.

– Yenə mənim haqqımda? – deyə Cenni azca qızararaq soruşdu. Herhardt sanki havaya müraciət edərək:

– Gördünüz ki, – dedi, – işin nə yerdə olduğunu özü bilir. Bəs siz mənə niyə demirdiniz ki, o bura gəlir? Qonşular hamısı bu barədə danışır, amma mən bu günə kimi heç nə bilməmişəm.

Sizdən soruşuram: bu nə deməkdir?

– Eh, nə fərqi var axı? – deyə anasına yazığı gələn Cenni səsləndi.

– Nə fərqi var? – deyə Herhardt bağırdı, Cenninin ingiliscə cavab verdiyinə baxmayaraq, o yenə də almanca danışırdı. – Adamlar məni küçədə dayandırıb, bu barədə mənə nağıl danışırlar, sən də buyurursan ki, fərqi yoxdur? Barı utan, belə sözləri danışma. Mən həmişə bu Brender haqqında yaxşı fikirdə olmuşam, amma indi, siz ki mənə onun haqqında bir şey deməyibsiniz, qonşular arasında da belə söhbət gedir, heç bilmirəm nə fikirləşim. Yəni mən evimdə nələr baş verdiyini qonşulardan bilməliyəm?

Ana və qız susurdular. Cenni fikirləşirdi ki, deyəsən onlar doğrudan da ciddi səhv buraxmışlar.

O dedi:

– Mən elə bir şey etməmişəm ki, onu gizlətmək lazım gəlsin. O, bircə dəfə məni elə-belə gəzməyə aparıbdır, vəssalam.

– Bəli, amma sən bunu mənə deməmisən.

– Mən bilirəm ki, mənim axşamlar evdən getməyim sənin xoşuna gəlmir, buna görə də deməmişəm. Burada gizlədiləsi bir şey yoxdur.

Herhardt hələ də adamların nə deyəcəyindən təşvişə düşərək:

– O səni axşamçağı heç yana aparmamalı idi, – dedi. – O sən-dən nə istəyir, ona nə lazımdır? Nə üçün bura gəlir? O çox qocadır. Belə bir gənc qızın onunla heç bir əlaqəsi olmamalıdır.

– Ona heç nə lazım deyil, o ancaq mənə kömək etmək istəyir, – deyə Cenni mızıldandı. – O mənimlə evlənmək istəyir.

– Evlənmək? Ha! Bəs niyə bunu mənə demir? – Herhardt səsini ucaltdı. – Mən özüm bu işi ayırd edərəm. Mən istəmirəm ki, o mənim qızımı gəzdirsin və bütün qonşular bu barədə dedi-qodu yaysınlar. Bir də o çox qocadır. Mən elə beləcə də deyəcəyəm. O, qızın təmiz adı ilə oynamamalıdır. Qoy bir də bura gəlməsin.

Herhardtın hədəsi Cennini və anasını dəhşətə gətirdi. Birdən o, Brenderə artıq bura gəlməməyi təklif edər. Bunun axırı necə olar? Onlar Brenderin qarşısında nə vəziyyətə düşərlər?

Brender isə Herhardt işdə olduğu zaman, əlbəttə, yenə gəldi, onlar qorxularından əsirdilər ki, birdən ata bundan xəbər tutar. Bir neçə gündən sonra senator yenə gəldi və Cenni ilə gəzməyə getdi. Nə Cenni, nə anası Herhardta bir söz demədilər. Lakin bu gəzintiləri ondan uzun müddət gizlətmək mümkün olmadı.

– Cenni o adamla yenə gəzir? – deyə ertəsi gün Herhardt arvadından soruşdu. Missis Herhardt bu suala cavab vermək əvəzinə dedi:

– O, dünən gəlmişdi.

– Cenni ona dedimi ki, bir də gəlməsin?

– Bilmirəm. Güman etmirəm.

– Yaxşı, mən özüm bu işə son qoymağa çalışaram, – Herhardt baltanı dibindən vurdu. – Mən onunla danışaram. Qoy bir də bura gəlsin.

O, üç dəfə axşam işdən icazə aldı və hər dəfə evi diqqətlə güddü, orada qonaq qəbul edilib-edilmədiyini yoxladı. Dördüncü gecə Brender gəldi, son dərəcə həyəcanlı olan Cennini çağırıb gəzməyə apardı. Cenni atasından qorxurdu, bir biabırçılıq baş verməsindən qorxurdu, lakin nə cür hərəkət etməli olduğunu bilmirdi.

Herhardt bu zaman evə yaxınlaşdı və qızın gəzməyə getdiyini gördü. Bu kifayət idi.

Evdə o, arvadına hücum çəkdi:

– Cenni haradadır?

– Hara isə çıxdı, – deyə arvadı cavab verdi.

– Mən hara çıxdığını bilirəm. Mən gördüm. Qoy qayıtsınlar. Mən onlarla danışaram.

O sakitcə oturdu, acıqlı-acıqlı arvadına baxaraq, alman qəzetini oxumağa başladı. Nəhayət, küçə qapısı səsləndi, otağın qapısı açıldı. Herhardt ayağa qalxdı.

– Sən harada idin? – deyə o, almanca qışqırdı.

Belə bir səhnəni heç gözləməyən Brender pərt oldu. Cenni dəhşətə gəlib özünü itirdi. Anası mətbəxdə iztirablı həyəcan içərisində gözləyirdi.

– Mən gəzməyə çıxmışdım, – deyə Cenni çaşqın bir halda cavab verdi. Herhardt Brenderə zərrə qədər fikir vermədən:

– Mən sənə deməmişdimmi ki, bir də axşamlar gəzməyə çıxma? Cenni qıpqırmızı qızardı, bir söz belə deməyə cəsarət etmədi.

– Nə olub? – deyə Brender təlqinedici bir tərzdə soruşdu. – Nə üçün siz onunla belə danışırsınız?

– Hava qaralandan sonra o, evdən bayıra çıxmamalıdır, – deyə Herhardt kobudcasına cavab verdi. – Mən bunu ona neçə dəfə demişəm. Sizin də artıq bura gəlməyiniz yersizdir.

Senator bir azacıq fasilə verdi və sözləri diqqətlə seçərək:

– Nə üçün? – deyə soruşdu. – Qəribədir. Sizin qızınız nə pis iş görmüşdür ki?

– Nə iş görmüşdür? – Herhardt qışqırdı. Onun həyəcanı hər dəqiqə artırdı, ingilis sözlərini getdikcə daha anlaşılmaz tərzdə tələffüz edirdi. – Gecələr onun küçələrdə heç bir işi yoxdur, evdə oturmalıdır. Mən istəmirəm ki, mənim qızım axşamlar atası yerində olan bir adamla evdən çıxsın. Siz ondan nə istəyirsiniz? O hələ uşaqdır.

Senator bu çətin vəziyyətdən ləyaqətlə çıxmağa cəhd edərək:

– Mən nə istəyirəm? – dedi. – Aydındır ki, mən onunla söhbət etmək istəyirəm. Cenni artıq uşaq deyil, onunla vaxt keçirmək, təbiidir ki, mənim üçün maraqlıdır. Əgər özü razı olsa, mən onunla evlənmək istəyirəm.

Herhardt hər cür məntiqi mühakimə qabiliyyətini itirərək və ən adi ata müstəbidliyinə qapılaraq:

– Mən isə istəyirəm ki, siz buradan gedəsiniz və bir də buraya gəlməyəsiniz, – deyə cavab verdi. – Mən sizi öz evimdə görmək istəmirəm. Mənim bədbəxtliyim az imiş, bir bu qalmışdı ki, qızımı əlimdən alsınlar, onun adını ləkələsinlər.

Senator dümdüz dikəlib sinəsini qabardaraq:

– Zəhmət çəkib izah edin, siz bununla nə demək istəyirsiniz, – dedi. – Mən elə bir iş görməmişəm ki, utanım. Mən bilmək istərdim ki, siz məni nədə ittiham edirsiniz?

 

– Mən demək istəyirəm, – deyə Herhardt həyəcan içərisində yeni sözləri bir neçə dəfə təkrar etdi. – Mən… mən demək istəyirəm ki, bütün qonşular sizin bura gəlməyiniz, mənim qızımı faytonda gəzdirməyiniz, axşamlar onunla gəzməyə çıxmanız barədə danışırlar, həm də siz bunların hamısını mən evdə olmayanda edirsiniz. Mən bunu demək istəyirəm. Mən demək istəyirəm ki, əgər siz təmiz niyyət sahibi olsaydınız, qızınız yerində olan bir uşağa yaxınlaşmazdınız. Adamlar mənim gözlərimi açdılar, sizi mənə tanıtdırdılar. Çıxın gedin, mənim qızımı rahat buraxın.

– Adamlar! – deyə senator təkrar etdi, – mənim bu adamlarla işim yoxdur. Mən sizin qızınızı sevirəm və sevdiyim üçün də onun yanına gəlirəm. Mən onunla evlənmək niyyətindəyəm, əgər sizin qonşular boşboğazlıq etməyə öyrəniblərsə, qoyun etsinlər. Bu heç də o demək deyil ki, siz mənim niyyətimi bilmədən məni təhqir edə bilərsiniz.

Qəflətən başlanan bu mübahisədən qorxmuş Cenni yemək otağına açılan qapıya doğru çəkildi. Anası ona yanaşdı.

– Atan siz hələ qayıtmamış gəlib, – deyə o, həyəcandan sanki boğula-boğula qızına xəbər verdi. – İndi biz nə edək?

Qadınların hamısının adəti belədir: onlar qucaqlaşdılar və səssiz ağladılar. İki kişi isə hələ də mübahisə edirdi. Herhardt bağırırdı:

– Belə de! Siz evlənmək istəyirsiniz!

– Bəli, – deyə senator cavab verdi, – məhz evlənmək. Sizin qızınızın on səkkiz yaşı vardır. O özü öz taleyini həll edə bilər. Siz məni təhqir etdiniz, qızınızın hisslərini məsxərəyə qoydunuz. Yadınızda saxlayın ki, iş bununla qurtarmayacaqdır. Əgər siz məni qonşuların etdiyi naqqallıqdan başqa bir şeydə təqsirləndirə bilərsinizsə, zəhmət çəkin, deyin.

Senator Herhardtın qarşısında doğruluq və təmizliyin əzəmətli mücəssəməsi kimi dayanmışdı. O, səsini yüksəltmir, sərt hərəkətlər etmirdi, lakin bərk sıxılmış dodaqlarında qətiyyət və yenilməz iradə duyulurdu.

Azca çaşmış, lakin qorxmamış Herhardt:

– Mən artıq sizinlə danışmaq istəmirəm, – dedi. – Qız mənimdir. Onun axşamlar gəzib-gəzməməsini, sizə ərə gedib-getməməsini həll etmək mənim işimdir. Mən siz siyasətçiləri tanıyıram. Biz tanış olanda mən sizi abırlı adam hesab edirdim, amma indi qızıma münasibətinizi görürəm, mən artıq sizi tanımaq istəmirəm. Çıxın gedin, vəssalam. Mən sizdən bundan başqa heç bir şey istəmirəm.

Brender qəzəblənmiş atadan qəsdən üz çevirərək:

– Missis Herhardt, – dedi, – çox təəssüf edirəm ki, mən sizin evinizdə belə bir mübahisəyə girişməli oldum. Mənim heç ağlıma gəlmirdi ki, əriniz mənim buraya gəlməyimə etiraz edir. Hər halda bu heç nəyi dəyişdirmir. Kədərlənməyin, iş siz düşündüyünüz qədər də pis deyildir.

Herhardt onun soyuqqanlılığı önündə təəccüb qalmışdı. Brender yenə ona müraciət edərək sözünə davam etdi:

– Mən gedirəm. Lakin elə güman etməyin ki, mən bu məsələni belə qoyacağam. Siz bu gün çox səhv etdiniz. Əminəm ki, bunu başa düşərsiniz. Gecəniz xeyrə qalsın.

O, yüngülcə təzim edib çıxdı.

Herhardt onun arxasınca qapını çırpdı və:

– İndi ümidvaram ki, biz ondan yaxamızı qurtardıq, – dedi. – Sənə isə bütün dünyanın səndən danışması üçün axşamlar küçələrdə necə veyillənməyi göstərərəm.

Bu mövzu ətrafında bundan artıq heç bir söz deyilmədi. Lakin sonrakı günlər bu evdə hökm sürən əzici sükutdan, burada yaşayanların üzlərindən və əhval-ruhiyyəsindən onların hər birinin nə çəkdiyini duymaq çətin deyildi. Herhardt işə girmək məsələsində senatora minnətdar olduğunu kədərlə düşünüb axırda bu işdən imtina etməyi qərara aldı. O bildirdi ki, onun evində senator üçün paltar yuyulmamalıdır. Əgər o, missis Herhardtın oteldə işi müstəqil tapmasına əmin olmasaydı, bunu da qadağan edərdi. Hər halda bu iş heç də yaxşı nəticələnməmişdi. Arvadı otelə getməsəydi, bu dedi-qodu da olmazdı.

Senatorun isə bu cansıxıcı hadisədən qanı bərk qaralmışdı. Meşşancasına dedi-qodu həmişə könül bulandırır, lakin belə bir dedi-qodunun qəhrəmanı kimi tanınmaq onun mövqeyində olan adama heç yaraşmaz. Brender necə hərəkət edəcəyini bilmirdi, müəyyən bir qərara gəlməyə çalışınca bir neçə gün də keçdi. Sonra onu Vaşinqtona çağırdılar və o, Cenni ilə görüşmədən çıxıb getdi.

Bu vaxt ərzində Herhardtlar əvvəlki kimi günlərini çətinliklə başa verirdilər. Əlbəttə, onlar çox korluq çəkirdilər. Lakin Herhardt ehtiyaca mətanətlə dözməyə hazır idi, təki onun namusuna toxunmasınlar. Amma baqqala borcları əvvəlkindən az deyildi. Uşaqların paltarı amansızcasına köhnəlmişdi. Ən ciddi qənaət etmək lazım gəldi. Herhardtın verib qurtarmağa can atdığı köhnə borcların ödənilməsi təxirə salındı.

Sonra girov qoyulmuş evin illik faizini vermək vaxtı çatdı, iki dükançı Herhardtı küçədə görüb borcunu nə vaxt qaytaracağını soruşdu. O, tərəddüdsüz olaraq öz pul kisəsinin vəziyyətini onlara izah etdi, inandırıcı bir səmimiyyətlə dedi ki, bütün qüvvəsi ilə çalışacaq və əlindən gələni edəcəkdir. Hər halda taleyin zərbələri onu ruhdan salmışdı. İş saatlarında o dua edirdi ki, göylərin ona rəhmi gəlsin. Gündüz yatmaq, dincəlmək əvəzinə, o daha əlverişli iş axtarmağa çalışaraq şəhəri dolaşır, qabağına çıxan hər cür təsadüfi işdən yapışırdı. O, şəhər bağlarında ot biçməyi öhdəsinə götürürdü.

Missis Herhardt yalvarırdı ki, gücü çatmayan işlə özünü üzməsin, o isə cavab verib deyirdi ki, başqa cür ola bilməz.

– Adamlar məni küçədə dayandırıb xahiş edirlər ki, borclarını qaytarım. Dincəlmək vaxtı deyil.

Ailənin vəziyyəti ümidsiz idi.

Üstəlik Sebastyan da həbsə düşdü. Buna kömür oğurlamağın köhnə vərdişi səbəb oldu. Nəhayət, o bu işdə ələ keçdi. Bir dəfə axşam o, Cenniyə və uşaqlara bir az kömür tullamaq üçün platformaya qalxdı, dəmiryol polisinin xəfiyyəsi onu yaxaladı. Son iki ildə dəmiryolunda kömür oğurlanmasının ardı kəsilmirdi. Lakin nə qədər ki, az oğurlayırdılar, müdiriyyət buna barmaqarası baxırdı. Kömür göndərənlərin müştəriləri Pensilvaniya kömür hövzəsindən Klivlendə, Tsinsinnatiyə, Çikaqoya və başqa şəhərlərə gedən qatarlardan yolda min funtlarla kömürün yox olması haqqında şikayət etdikdə iş polis xəfiyyələrinə tapşırıldı. Dəmiryolunun kömürü ilə dolanmağa can atan tək Herhardtın uşaqları deyildi. Kolumbus əhalisinin çoxu bununla məşğul olurdu. Lakin iş elə gətirdi ki, tək Sebastyan ələ keçdi və məhz o, bütün şəhərə ibrət üçün cəza çəkməli oldu.

Polis xəfiyyəsi qəflətən qaranlıqdan çıxaraq:

– Tez aşağı düş, – dedi.

Cenni və uşaqlar vedrələri və səbətləri aldılar, var qüvvələri ilə qaçmağa başladılar. Sebastyan da əvvəlcə yerə tullanıb əkilmək istədi. Ancaq polis xəfiyyəsi onun paltosunun ətəyindən yapışdı:

– Dayan! – deyə o səsləndi. – Mənə elə sən lazım idin. Heç də qorxaq olmayan Sebastyan qəzəblə:

– Burax! – dedi. Onun cürət və qətiyyəti aşıb-daşırdı, vəziyyətinin çox təhlükəli olduğunu yaxşı anlayırdı.

– Sənə deyirlər burax! – deyə o təkrar etdi və dartınıb az qala xəfiyyəni yerə yıxdı. Polis xəfiyyəsi:

– Uzun eləmə, düş aşağı, – dedi və öz gücünü göstərmək üçün acıqla Sebastyanı dartdı. Sebastyan tullandı və düşmənini elə vurdu ki, o səndələdi. Vuruşma başladı, lakin bu zaman yanlarından keçən işçi xəfiyyəyə köməyə gəldi. Onlar birlikdə Sebastyanı darta-darta stansiyaya sürüdülər və dəmiryol polisinə təhvil verdilər. Onun paltosu cırılmış, üzü və əlləri cırmaqlanmış, gözünün altı qaralmışdı. Belə bir vəziyyətdə onu səhərədək dustaq saxladılar.

Uşaqlar böyük qardaşlarının başına nə iş gəldiyini bilmədən evə qayıtdılar və müfəssəl heç bir şey danışa bilmədilər. Lakin saat doqquzu, sonra onu, on biri vurdu, Sebastyan isə hələ qayıtmamışdı. Missis Herhardt nigarançılıqdan və təşvişdən ağlını itirirdi. Oğlu çox vaxt saat on ikidə, hətta birdə gəlirdi, lakin ana hiss edirdi ki, bu axşam onun başına nə isə çox dəhşətli bir iş gəlmişdir. Saat ikinin yarısını vurdu. Sebastyan isə hələ də gəlməmişdi. Ana ağlamağa başladı:

– Gedib atana xəbər vermək lazımdır, – dedi. – Yəqin Sebastyanı tutub həbsxanaya salıblar. Cenni getməyə razı oldu, şirin yuxuda olan Corcu oyatdılar ki, onu ötürsün. Herhardt uşaqları görərkən heyrət içərisində qışqırdı:

– Nə olub?

– Bass indiyədək evə qayıtmayıb, – Cenni izah etdi, sonra bu axşam kömür gətirməyə gedəndə başlarına gəlmiş qəzanı nağıl etdi.