Cenni Herhardt

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

IV FƏSİL

Senatoru görərkən Cennini bürüyən qaçmaq arzusu onunla izah olunurdu ki, o öz vəziyyətini alçaldıcı hesab edirdi. Senator onun haqqında belə yaxşı rəydə ikən Brenderin onu rəzil bir işlə məşğul görməsindən utanırdı. O sadəlövhcəsinə fikirləşirdi ki, senatoru şəxsən onun özü deyil, nə isə başqa bir şey maraqlandırır. Cenni evə gələnədək uşaqlar onun qaçdığını analarına nağıl etmişdilər. O, otağa daxil olan kimi

Corc soruşdu: – Sənə nə olmuşdu?

– Heç nə, – deyə Cenni cavab verdi və buradaca anasına tərəf çevrilib izah etməyə başladı: –

Mister Brender bizim yanımızdan keçib bizi gördü.

– Yox canım? – deyə missis Herhardt yavaşdan səsləndi. – Deməli, o qayıtmışdır. Bəs sən niyə qaçıbsan, axmaq?

– Mən istəmirdim ki, o məni görsün. Ana qayğı ilə dedi:

– Bəlkə o heç səni tanımayıb.

– Yox, tanıdı, – deyə Cenni pıçıldadı. – O məni üç dəfə səslədi. Missis Herhardt başını buladı.

Söhbəti eşidən Herhardt qonşu otaqdan çıxa-çıxa soruşdu:

– Nə olub?

– Heç nə, – deyə arvadı cavab verdi. O, senatorun onların həyatında nə kimi rol oynamağa başladığını heç də izah etmək istəmirdi. – Uşaqlar kömür gətirəndə kimsə onları qorxutmuşdur.

Elə bu axşam bir az keçmiş milad hədiyyələri gəldi və bu bütün ailəni çox həyəcana saldı. Ərzaq mağazasının arabası onların qapısında dayandığı və kuryer – möhkəm bədənli oğlan paketləri evə daşıdığı zaman Herhardt və onun arvadı gözlərinə inanmadılar. Kuryeri səhv etdiyinə inandırmaq üçün faydasız cidd-cəhddən sonra, Herhardtlar səbəbi aydın olan şadlıqla bütün bu nemətləri gözdən keçirməyə başladılar.

Kuryer inamla dedi:

– Siz narahat olmayın. Mən nə etdiyimi bilirəm. Sizin familiyanız Herhardtdır, eləmi? Bunlar hamısı sizə çatacaqdır.

Missis Herhardt yerində otura bilmirdi, əllərini həyəcanla ovuşduraraq təkrar edirdi:

– Nə deyirsən buna? Möcüzə deməzsən?

Herhardtın özü də tanımadığı xeyirxah adamın səxavəti haqqında fikirləşməkdən mütəəssirlənmişdi, o bu yaxşılığı bir zaman fabrikasında işlədiyi və ona yaxşı münasibət bəsləyən iri yerli fabrik sahibinin adına yazmaq istəyirdi. Missis Herhardt gözlənilməyən sevincin həqiqi mənbəyini, şübhəli olsa da, anlayırdı və gözləri yaşarmaq dərəcəsinə qədər mütəəssir olmuşdu, lakin susurdu. Cenni isə dərhal burada kimin əli olduğunu başa düşdü.

Milad bayramının ikinci günü Brender oteldə missis Herhardt ilə görüşdü. Cenni təsərrüfat işləri ilə məşğul olmaq üçün evdə qalmışdı.

Brender əlini uzadaraq mehribancasına səsləndi:

– Missis Herhardt, kefiniz necədir? Bayramı necə qarşıladınız?

Zavallı missis Herhardt utana-utana onun əlini sıxdı. Onun gözləri bir an yaşla doldu. Brender əlini onun çiyninə vuraraq:

– Yaxşı, yaxşı, – dedi. – Ağlamaq lazım deyil. Paltarları yumağa aparmağı unutmayın.

– Yox, unutmaram, ser! – deyə missis Herhardt cavab verib yenə nə isə demək istədi, lakin Brender artıq uzaqlaşmışdı.

İndi Herhardt daima oteldə yaşayan qəribə senator haqqında, onun lütfkarlığı, paltar yudurtmaq üçün nə qədər çox pul verməsi haqqında danışıqlar eşidirdi. Sadəqəlb zəhmətkeş, mister Brenderin çox xeyirxah, çox nəcib adam olmasına tez inandı.

Cenninin özü də belə düşünür və senatora getdikcə daha çox valeh olurdu.

Cenni elə böyümüş və elə yaxşılaşmışdı ki, heç kəs onun yanından laqeyd ötüb keçə bilməzdi. O, ucaboylu idi, bədən quruluşu gözəl idi. Uzun paltarda, kübar qadınların zinətində o, senator kimi, görkəmli bir kişiyə gözəl tay ola bilərdi. Onun insanı heyrətləndirəcək dərəcədə aydın, oynaq gözləri, gözəl rəngli siması, düz ağ dişləri vardı. Həm də o, ağıllı, həssas və çox müşahidəçi idi. Onda ancaq tərbiyə və özünün asılı, müti vəziyyətini başa düşən adamlarda heç vaxt tapılmayan inam çatmırdı. Paltar yumaqla məşğul olmaq, onları gətirib-aparmaq, hər cür xırda-xuruş şeyləri bir sədəqə kimi qəbul etmək onun əl-qolunu bağlayırdı.

İndi o, həftədə iki dəfə otelə gəlirdi, senator Brender onunla mehriban rəftar edir, özünü sərbəst aparırdı. Cenni də belə edirdi. Senator tez-tez ona, onun bacılarına və qardaşlarına kiçik hədiyyələr verir və həmişə onunla elə sadə, elə səmimi danışırdı ki, nəhayət, onları bir-birindən ayıran uçurum yox oldu. Cenni onun simasında mötəbər senatordan artıq alicənab bir dostunu görməyə başladı. Bir dəfə Brender ondan oxumaq istəyib-istəmədiyini soruşdu. Senator düşünürdü ki, yaxşı məktəb onu daha cazibədar edə bilər. Nəhayət, bir dəfə axşam o, Cennini yanına çağırdı.

– Cenni, buraya, yaxın gəlin.

Cenni yaxın gəldi, Brender birdən onun əlindən tutdu.

– Cenni, – deyə o, şən və sınayıcı nəzərlə qızın üzünə baxdı, – deyin görək, siz mənim haqqımda nə düşünürsünüz?

Cenni utana-utana kənara baxaraq:

– Bilmirəm, – dedi. – Siz bunu nə üçün soruşursunuz?

– Xeyr, bilirsiniz, – deyə o təkid etdi, – axı necə olsa, mənim haqqımda bir rəyiniz vardır. İndi deyin görüm, o rəy nədən ibarətdir?

Cenni sadəlövhcəsinə cavab verdi:

– Heç bir rəyim yoxdur.

– Xeyr, vardır, – deyə o təkrar etdi. Cenninin açıq boyun qaçırtması onu əyləndirir və maraqlandırırdı. – Siz mənim haqqımda bir şey düşünməlisiniz. Nə düşünürsünüz?

Cenni senatorun alnı üzərində yüksələn və onun gözəl simasına əzəmət verən dən düşmüş şux qara saçlarına yuxarıdan aşağıya baxaraq sadədilliklə:

– Sizin mənim xoşuma gəlib-gəlməməyinizi soruşursunuz, eləmi? – deyə soruşdu.

– Bəli, – deyə o bir qədər peşman olub cavab verdi.

Cenni əzilib-büzülməyi bacarmırdı. O, xoş bir təbəssümlə dedi:

– Əlbəttə, xoşuma gəlirsiniz.

– Siz heç vaxt mənim haqqımda başqa bir şey düşünməyibsiniz?

– Mən düşünürəm ki, siz çox yaxşı adamsınız, – deyə Cenni daha çox sıxılaraq cavab verdi. O ancaq indi duydu ki, Brender hələ də onun əlini saxlamaqdadır.

– Vəssalam? – deyə senator soruşdu. Cenni:

– Məgər bu azdır? – dedi və onun kirpikləri titrədi.

Senator ona baxır, Cenninin şən, dostcasına və açıq nəzərləri onu dərindən həyəcanlandırırdı. O dinməzcə qızın üzünü, onun simasının cizgilərini öyrənirdi, Cenni isə üzünü yana çevirmiş və büzüşmüşdü – bu sınayıcı baxışların bütün mənasını başa düşməkdən daha artıq hiss etməkdə idi.

Nəhayət, senator dedi:

– Mən isə belə fikirləşirəm ki, siz çox gözəl qızsınız. Sizə elə gəlmir ki, mən çox qəşəng adamam?

– Gəlir, – deyə Cenni qəti cavab verdi.

Cenninin sözü elə məzəli çıxdı ki, senator kreslonun arxasına söykənib qəhqəhə çəkdi. Cenni maraqla ona baxdı və gülümsədi.

– Nəyə gülürsünüz? – deyə Cenni soruşdu.

– Sizin cavabınıza. Əlbəttə, gülmək lazım deyildi. Siz məni zərrə qədər qiymətləndirmirsiniz. Yəqin mən sizin heç xoşunuza gəlmirəm.

– Xeyr, xoşuma gəlirsiniz, – deyə Cenni ciddi cavab verdi. – Siz elə yaxşısınız ki. Onun gözlərindən aydın görünürdü ki, bu sözləri ürəkdən deyir.

– Belə, – deyə Brender dilləndi və qızı yavaşca özünə tərəf çəkib yanağından öpdü. Cenni "ay!" – deyə səslənib heyrət və qorxu içində dikəldi, qamətini düzəltdi.

Bu onların münasibətində bir yenilik idi. Cenni ilə dövlət adamı arasında olan məsafə bir an içərisində yox oldu. Cenni onda əvvəl duymadığı bir cəhəti gördü. Cenninin gözündə o dərhal canlandı. Onun Cenniyə münasibəti bir qadına olan münasibətdir, o, vurulmuşdur. Cenni bilmirdi nə etsin, özünü necə aparsın.

– Mən sizi qorxutdum? – deyə Brender soruşdu.

Cenni dərhal ehtiram bəsləməyə adət etdiyi bu adama baxdı və təbəssümlə ancaq:

– Bəli, qorxutdunuz, – dedi.

– Mən bunu ona görə etdim ki, siz mənim xoşuma gəlirsiniz. Cenni bir qədər fikirləşəndən sonra?

– Mən getməliyəm, – dedi. Brender şikayət edirmiş kimi:

– Görürsünüz, – dedi, – olmaya mən belə etdiyim üçün qaçırsınız?

– Xeyr, – deyə Cenni cavab verdi və nədənsə özünü nankor hiss edərək əlavə etdi, mənim getmək vaxtımdır. Evdə nigaran qalarlar.

– Siz mənə acıqlanmırsınız?

Cenni əvvəllər onda heç vaxt müşahidə edilməyən bir işvə ilə:

– Yox, – dedi.

Cenni onun üzərindəki hökmünü hiss edirdi. Bu elə yeni, elə heyrətləndirici bir hal idi ki, ikisi də çaşdı, bir sıxıntı içində susdu. Senator ayağa qalxaraq:

– Hər necə olsa, indi siz mənimsiniz, – dedi. – Bu gündən mən sizin qayğınızı çəkəcəyəm. Cenni bu sözləri eşidəndə xoşhal oldu. O düşünürdü: "O, möcüzələr göstərməyi bacarır, əsil sehrbazdır". Cenni ətrafına baxdı və qarşısında belə yeni, heyrətəşayan həyatın açılması fikri ilə sevincdən başı gicəlləndi. Onun nə demək istədiyini Cenni tamamilə başa düşə bilməzdi. Yəqin o, xeyirxah və alicənab olacaqdır, ona gözəl şeylər bağışlayacaqdır. Əlbəttə, Cenni xoşbəxt idi. O öz vəziyyətinin mənasız olduğunu görmədən, duymadan paltar boğçasını götürdü, halbuki Brender üçün bu acı bir məzəmmət idi.

Senator fikirləşdi: "Cenni paltar daşımamalıdır". Onda zərif mehribanlıq və rəğbət hissi hərarətli bir dalğa kimi baş qaldırdı. Senator – bu dəfə mərhəmətli bir hakim kimi – Cenninin üzünü əlləri arasına aldı.

O dedi:

– Eybi yoxdur, qəşəng qız. Siz həmişə bu işlə məşğul olmayacaqsınız. Mən fikirləşib bir şey taparam.

Bundan sonra onlar bir-birinə daha sadə və daha dostcasına əlaqə bəsləməyə başladılar. Cenni bir daha gəldiyi zaman senator tərəddüd etmədən ona kreslonun qoltuqluğu üstündə oturmağı təklif etdi. Ailəsinin güzəranı, şəxsən özünün nə istədiyi, nəyin xəyalı ilə yaşadığı haqda müfəssəl sorğu-sual başladı. Brender görürdü ki, Cenni onun bəzi suallarına, xüsusən atasının işi haqqında sualına könülsüz cavab verir. O, atasının qapı-qapı gəzib odun doğradığını etiraf etməyə uta-nırdı. Bunda daha ciddi bir şey gizləndiyindən ehtiyat edərək, Brender işin nə yerdə olduğunu bilmək üçün bu yaxın günlərdə onlara getməyi qət etdi.

O, boş vaxtı olan kimi belə də etdi. Bu, konqresdə onun məğlubiyyəti ilə bitmiş qızğın mübarizənin başlanmasından üç gün qabaq oldu. Bu üç gün ərzində onsuz da heç bir şey etmək mümkün deyildi. Beləliklə, Brender çəliyini əlinə aldı və Herhardtların evinə doğru yönəldi.

 

Yarım saatdan sonra o, qətiyyətlə onların qapısını döydü: Qapını missis Herhardt açdı. Senator şadlıqla:

– Salam! – dedi və missis Herhardtın sıxıldığını görərək əlavə etdi: – Gəlmək olar? Qeyri-adi qonağı görərək sadədil qadın özünü tamam itirdi. O, əllərini köhnə, yamaqlı önlüyü ilə sildi və nəhayət:

– Bəli, bəli, rica edirəm, buyurun, – deyə cavab verdi.

Missis Herhardt qapını bağlamağı unudaraq senatoru tələsik otağa gətirdi və stulu çəkib oturmağı təklif etdi.

Brender onu bu qədər karıxdırdığına heyifsiləndi.

– Narahat olmayın, missis Herhardt, mən elə belə, evinizin yanından keçirdim, sizə dəymək istədim. Ərinizin səhhəti necədir?

– Sağ olun, yaxşıdır, salamatdır, – deyə missis Herhardt cavab verdi. – İşə gedibdir.

– Deməli, yer tapmışdır?

– Bəli, ser, – deyə missis Herhardt cavab verdi.

Cenni kimi o da bu işin nə cür iş olduğunu deməyə cürət etmirdi.

– Ümidvaram ki, uşaqlar da sağ-salamatdır, məktəbə də gedirlər.

– Bəli, – missis Herhardt cavab verdi.

Missis Herhardt önlüyünü çıxartdı və utana-utana onu ovuşdurmağa başladı.

– Çox gözəl. Bəs Cenni haradadır?

Cenni bu zaman paltarları ütüləyirdi, qonağın səsini eşidib ütünü və taxtanı atdı, yataq otağına qaçdı. İndi orada özünü tələsik qaydaya salırdı. Cenni qorxurdu ki, onun guya evdə olmadığını demək anasının ağlına gəlməz və qaçıb gizlənməyə fürsət tapa bilməz.

Missis Herhardt:

– O, evdədir, – deyə cavab verdi. – Bu saat mən onu çağıraram. Cenni yavaşca onu məzəmmət etdi:

– Axı sən niyə ona dedin ki, mən buradayam!

– Mən nə edə bilərdim?

Onlar senatorun yanına getməyi qərarlaşdıra bilmirdilər, o isə bu vaxt otağı nəzərdən keçirirdi. Bu qədər ləyaqətli adamların belə ehtiyac içərisində yaşamasını görmək onu kədərləndirirdi. Senator bir yolla onlara kömək etmək istəyirdi.

Nəhayət, Cenni qətiyyətsizlik içərisində otağa daxil olarkən senator:

– Sabahınız xeyir, – dedi. – Kefiniz necədir?

Cenni ona yaxınlaşdı, qızarmış halda əlini ona uzatdı. Onun gəlişi Cennini o qədər həyəcanlandırmışdı ki, o, bir kəlmə də deyə bilmədi.

– Sizə baş çəkib kefinizi soruşmaq istədim, – deyə senator izahat verib əlavə etdi: – Ev pis deyil, neçə otağınız var?

– Beş, – deyə Cenni cavab verdi. – Bizi bağışlayın, evi yığışdırmamışıq. Səhərdən paltar ütüləyirik. Ona görə hər şey alt-üst olubdur.

Brender mehribanlıqla cavab verdi:

– Başa düşürəm. Nə üçün siz belə fikirləşirsiniz ki, mən bunu başa düşmürəm, Cenni? Məndən utanmaq lazım deyil.

O həmişə Cenni onun yanında olduğu vaxtlar danışdığı kimi sakit və dostcasına danışırdı, bu, Cenninin özünə gəlməsinə kömək etdi.

– Mən bir də sizə gəlsəm, sıxılmayın. Mən sizi yoluxacağam. Sizin atanızı görmək istərdim.

Cenni dedi:

– Eləmi? O, evdə yoxdur.

Onlar söhbət etdikləri zaman Herhardt öz mişar və taxta dəzgahı ilə balaca qapının ağzında göründü. Brender onu gördü və bir az qızına oxşadığı üçün dərhal tanıyıb dedi:

– Səhv etmirəmsə, bu da sizin atanız.

– Doğrudanmı? – deyə Cenni pəncərədən baxaraq səsləndi. Fikrə dalmış Herhardt gözünü belə qaldırmadan pəncərənin yanından ötüb getdi. O, taxta dəzgahı divarın dibinə qoydu, mişarı mıxdan asdı və evə girdi.

– Ana! – deyə o, almanca çağırdı, arvadını görməyib qapıya yaxınlaşdı və yemək otağına nəzər saldı.

Brender yerindən qalxdı və əlini ona uzatdı. Donqar, damarları görünən arıq alman ona yanaşdı, yad adama müəmmalı bir tərzdə baxaraq uzadılan əli sıxdı.

– Bu mənim atamdır, mister Brender, – deyə Cenni onları tanış etdi, senatora mehribanlıq hissi onun utancaqlığına qalib gəlmişdi. – Ata, bu mister Brenderdir, oteldə yaşayan.

Herhardt gözünü birisindən ayırıb o birisinə dikərək soruşdu:

– Familiyası nədir?

– Brender, – deyə senator cavab verdi.

Herhardt aydın hiss edilən alman tələffüzü ilə danışırdı:

– Aha, bəli! Xəstəlikdən sonra mən pis eşidirəm. Arvadım sizin barənizdə danışırdı.

– Mən gəlib sizinlə tanış olmağı qət etdim. Görürəm, ailəniz böyükdür.

– Bəli. – Ailənin atası birdən xatırladı ki, əynindəki nimdaş iş kostyumudur, o tez çıxıb getmək istədi. – Altı uşaqdır, hələ heç birinin ağzı çörəyə çatmamışdır. Böyük qızım budur.

Arvadı otağa gəldi. Herhardt bu təsadüfdən istifadə etməyə tələsdi:

– Bağışlayın, mən gedim. Mişarı sındırdım, işi yarıda qoymalı oldum. Brender nəzakətlə:

– Buyurun, – dedi və Cenninin həmişə üzərindən ötüb keçmək istədiyi məsələni anladı. O yəqin ki, Cenninin heç nəyi gizlətməməyə cəsarəti çatmasını üstün tutardı.

Missis Herhardt stulda gərgin halda oturub özünü düzəltdiyi zaman senator:

– Məsələ belədir, missis Herhardt, – dedi, – mən istərdim ki, siz bundan sonra məni yad adam hesab etməyəsiniz. Bir də mən istərdim ki, siz öz işləriniz haqqında mənimlə müfəssəl söhbət edəsiniz. Cenni bəzən mənə hər şeyi demir.

Cenni bir söz demədən gülümsədi. Missis Herhardt narahat surətdə əllərini əzişdirirdi.

– Yaxşı, – deyə o, utana-utana, minnətdarlıq hissi ilə cavab verdi. Onlar bir az söhbət etdilər. Sonra senator qalxdı və:

– Ərinizə deyin ki, bazar ertəsi otelə, mənim yanıma gəlsin, – dedi. – Mən ona kömək etməyə çalışaram.

Missis Herhardt utana-utana mızıldandı:

– Sağ olun.

– İndi isə mənim getmək vaxtımdır, – deyə Brender əlavə etdi. – Demək, yadınızdan çıxmasın: ərinizə deyin ki, mənim yanıma gəlsin.

– Əlbəttə, gələr!

Brender sol əlinə əlcək geydi və sağ əlini Cenniyə uzatdı:

– Sizin ən qiymətli xəzinəniz budur, missis Herhardt, – dedi. – Mən onu sizin əlinizdən almaq niyyətindəyəm.

– Bilmirəm, mən onsuz necə keçinə bilərəm, – deyə ana cavab verdi.

Senator missis Herhardtın əlini sıxıb qapıya tərəf yollandı və:

– Hələlik, salamat qalın, – dedi.

O baş əydi və çıxdı. Onun bu evə gəldiyini görmüş yarım düjün qonşu isə pəncərə-qapıları və pəncərələr arxasından onu maraqlı nəzərlərlə yola saldılar. "Bu kim ola bilər?" – bu sual hamını maraqlandırdı. Sadəqəlb ana qonağın arxasınca qapını bağlayan kimi qızına dedi:

– Bax, gör o mənə nə verdi. Bu on dollarlıq kağız pul idi.

Brender vidalaşarkən hiss olunmayacaq dərəcədə ehmallıca bu pulu missis Herhardtın ovcuna qoymuşdu.

V FƏSİL

Elə bir vəziyyət əmələ gəlmişdi ki, Cenni özünü bir çox məsələlərdə senatora borclu hiss edirdi və tamamilə təbii olaraq, senatorun ona və onun ailəsinə etdiklərini yüksək qiymətləndirirdi. Senator onun atasına yerli fabrikantın adına məktub vermiş, o isə Herhardtı işə qəbul etmişdi. Bu, əlbəttə, elə bir böyük vəzifə deyildi – ailənin atası gecə gözətçisi olmuşdu. Ancaq necə olsa, Herhardt yenidən işləməyə başlamışdı. Onun minnətdarlığının həddi-hüdudu yox idi. Bu senator necə xeyirxah adamdır, necə həssasdır – belə bir adam bütün dünyada tapılmaz!

Missis Herhardt da unudulmamışdı. Bir dəfə Brender ona paltar, sonra da şal göndərmişdi. Bütün bu iltifatı Brender qismən yardım etmək arzusu ilə, qismən də özünə xoş olsun deyə göstərirdi, lakin missis Herhardt vəcdə gələrək bunları yalnız senatorun xeyirxahlığı ilə izah edirdi.

Cenni isə… Brender bütün vasitələrlə onun etimadını qazanmağa çalışırdı. Nəhayət, Cenninin ona münasibəti o qədər mürəkkəbləşdi ki, bundan baş çıxarmaq son dərəcə çətin bir iş oldu. Bu gənc və təcrübəsiz qız o qədər sadəlövh və qayğısız idi ki, adamların nə deyə biləcəyini heç olmasa bir an belə düşünə bilməzdi. Brenderin onun təbii utancaqlığına qalib gəldiyi və incə nəvazişlə onun yanağından öpdüyü o unudulmaz və xoşbəxt gündən bəri onlar üçün yeni dövr başlanmışdı. Cenni senatorun şəxsində öz dostunu görürdü. Brender nə qədər sadə və sərbəst olurdusa, adət etdiyi təmkinliyindən nə qədər məmnuniyyətlə azad olurdusa, Cenni onu bir o qədər yaxşı başa düşürdü. Onlar ürəkdən gülür və laqqırtı vururdular, Brender gənclik və səadətin işıqlı dünyasına qayıtmasından hədsiz zövq alırdı. Buna baxmayaraq, hərdən yaxa qurtara bilmədiyi fikirlər onu narahat edirdi: o fikirləşirdi ki, lazım olduğu kimi hərəkət etmir. Bu gün olmasa da, sabah adamlar duyuq düşəcəklər ki, paltaryuyanın qızına münasibətində o, ümumi qaydanın qoymuş olduğu hüdudları keçir. Yəqin ki, baş qulluqçunun nəzərindən qaçmamışdır ki, Cenni paltar üçün gəldikdə və yaxud onları gətirdikdə, demək olar ki, həmişə onun otağında on beş-iyirmi dəqiqə, hətta bir saat belə yubanır. Brender anlayırdı ki, bu, otelin, başqa qulluqçularının da qulağına çata bilər, bu xəbər bütün şəhərə yayılar və heç də yaxşı nəticə verməz – lakin belə düşüncələr onu başqa cür davranmağa məcbur edə bilmədi. O bəzən Cenniyə pis bir şey etmədiyi fikri ilə özünə təsəlli verir, bəzən də öz-özünə deyirdi ki, yeganə zərif ünsiyyətdən özünü məhrum edə bilməz. İnsafla desək, məgər Cenniyə yaxşılıq istəmirdimi? Brender bunun üzərində düşünərkən həmişə bir qənaətə gəlirdi ki, Cennidən imtina edə bilməyəcəkdir. Onun duyacağı mənəvi zövq, belə bir fədakarlığın labüd olaraq gətirdiyi ağrıya çox çətin ki, dəyərdi. Onun bir o qədər də ömrü qalmamışdı. Bu qədər arzuladığın bir şeyi əldə etmədən ölmək çox müşküldür. Bir dəfə axşam o, Cennini bərk qucaqladı. Bir dəfə də onu dizi üzərində oturtdu və özünün Vaşinqton həyatından nağıl etməyə başladı. O indi Cennini heç vaxt nəvazişsiz, yaxud öpüşsüz yola salmırdı, lakin bunlar hamısı ancaq zəif və qeyri-müəyyən ciddi-cəhd idi. O, Cennini çox təşvişə salmaq istəmirdi.

Cenni isə bütün bunlardan sadəqəlbliklə həzz alırdı. Onun həyatında o qədər yenilik, qeyri-adilik əmələ gəlmişdi ki. O, sadəlövh, təcrübəsiz, dərindən hissetmə qabiliyyətinə malik bir qız idi. O, məhəbbət haqqında hələ heç bir şey bilmirdi. Lakin öz dostluğunu ona layiq görmüş görkəmli adamın diqqətindən şad olmaq üçün kifayət qədər böyümüşdü.

Bir dəfə axşam Cenni senatorun kreslosunun yanında durduğu zaman əlini onun saçlarına çəkdi, alnından geri yığdı, sonra bekarçılıqdan onun saatını cibindən çıxartdı. Onun xoş sadəqəlbliyi senatoru vəcdə gətirdi.

– Siz istərdinizmi ki, saatınız olsun? – deyə o soruşdu.

Cenni köksünü ötürərək:

– Əlbəttə, istərdim, – dedi.

Ertəsi gün senator zərgər mağazasına getdi və zərif bəzəkli əqrəbləri olan balaca qızıl saat aldı. Cenni bir də gələrkən o:

– Cenni, – dedi, – mən sizə bir şey göstərmək istəyirəm. Bir baxın, mənim saatımda saat neçədir?

Cenni saatı onun jilet cibindən çıxartdı və gözlərini bərəldib, heyrət içərisində ucadan dedi:

– Bu sizin saatınız deyil!

Senator Cenninin heyrətindən nəşələnərək:

– Yox, bu sizindir, – dedi. Cenni qışqırdı:

– Mənim! Mənim! Necə gözəldir!

– Xoşunuza gəlirmi? – deyə Brender soruşdu.

Brender çox mütəəssir olmuşdu. O, qızın heyrətlənməsindən həzz alırdı. Cenninin üzü hədsiz sevinclə gülür, gözləri parıldayırdı. Senator:

– Bu sizin saatınızdır, – dedi, – bağlayın, ancaq gözləyin ki, itməsin.

– Siz nə qədər səxavətlisiniz!

– Xeyr, – deyə senator etiraz etdi və onun belini qucaqlayaraq, özünün nə kimi mükafat ala biləcəyini düşünməyə başladı. Sonra yavaş-yavaş Cennini özünə doğru çəkməyə başladı, buradaca Cenni hər iki əli ilə onun boynunu qucaqladı və minnətdarlıqla üzünü onun üzünə qoydu. Heç bir şey senatora bundan artıq ləzzət verə bilməzdi. O buna bənzər bir zövq duymağı illər boyu arzu etmişdi.

Bu sakit həyatın gələcək inkişafını, konqresdə yer uğrunda qızğın mübarizə bir müddət dayandırdı. Senator Brender düşmənlərinin təzyiqi altında ölüm-dirim mübarizəsinə girişməli oldu. Brender, ona qarşı həmişə xeyirxah münasibət bəsləyən nəhəng dəmiryol kompaniyasının, onsuz da onun üçün təhlükəli olan rəqibini gizlində qızğın müdafiə etdiyini öyrəndikdə çox təəccüb etdi. Brender bu xəyanətdən sarsılmışdı, ona gah dumanlı ümidsizlik, gah da coşqun qəzəb hissi hakim kəsilirdi. O, taleyin zərbələrinə guya asanlıqla dözdüyünü göstərsə də, bu zərbələr onun qəlbinə ağır yara vururdu. Brender çoxdan məğlubiyyət görməmişdi… Lap çoxdan.

Cenni birinci dəfə məhz bu günlərdə kişi xarakterinin sabitsizliyinin nə demək olduğunu öyrəndi. O, iki həftə Brenderi heç görmədi. Sonra bir dəfə axşam, öz partiyasının yerli lideri ilə olduqca uğursuz söhbətdən sonra o, Cennini çox soyuq qarşıladı. Cenni qapını döyərkən o, qapını bir az açdı və demək olar ki, kobudcasına:

– Mən bu gün paltar məsələsi ilə məşğul ola bilmərəm, – dedi; – sabah gəlin.

Belə bir qəbuldan heyrətlənmiş və kədərlənmiş Cenni çıxıb getdi. O hətta nə düşünəcəyini də bilmirdi. Bir an içərisində senator yenidən əlçatmaz yüksəkliyə qalxmış, yad və uzaq bir adama çevrilmişdi. Onu narahat etmək olmazdı. Əlbəttə, əgər beyninə düşübsə, o, Cennini öz dostluq qayğısından məhrum edə bilər. Ancaq nə üçün…

 

Bir, yaxud iki gündən sonra senator qismən peşman oldu, lakin səhvini düzəltməyə macal tapmadı. Paltar tamamilə rəsmi surətdə aparılmış və yuyulub qaytarılmışdı. O bütün varlığı ilə işə girişərək, ağır məğlubiyyətə düçar olanadək heç bir şeyi yadına salmadı. Rəqibi ondan iki səs artıq almışdı. Brender işin belə nəticələnməsindən tamam sarsılmış, ruhdan düşmüşdü. İndi o nə etməli idi?

Gözəl ümidlərdən daha da dirçəlmiş, həyatın coşqun sevinci ilə qanadlanmış Cenni senatorun yanına gəldikdə onu belə bir vəziyyətdə gördü. Qəmli fikirlərin təsiri altında coşub qalmış Brender əvvəlcə Cenni ilə sadəcə öz başını qarışdırmaq, əylənmək üçün söhbət etməyə başladı, sonra hiss edilmədən onun kədəri dağıldı və Brender yavaş-yavaş gülümsəməyə başladı.

– Ah, Cenni, – deyə o, uşaqla danışırmış kimi ona müraciət etdi, – sizin xoşbəxtliyinizdir ki, cavansınız. Bu, həyatda ən yaxşı, ən qiymətli nemətdir.

– Doğrudan?

– Bəli, ancaq siz hələ bunu başa düşmürsünüz. İnsan bunu həmişə çox gec başa düşür.

Həmin axşam o öz-özünə dedi: "Mən bu qızı sevirəm. Mən istərdim ki, ondan heç vaxt ayrılmayım".

Lakin tale ona bir zərbə də hazırlayırdı. Oteldə söz yayıldı ki, Cenni özünü, üstüörtülü desək, qəribə aparır. Əgər paltaryuyanın qızının geyimində öz vəziyyətinə müvafiq olmayan bir şey nəzərə çarpsa, o özünü acı eyhamlardan qurtara bilməz. Cennidə qızıl saat gördülər.

Baş qulluqçu bunu qızın anasına xəbər verdi:

– Mən bu qərara gəldim ki, sizinlə danışmaq lazımdır. Siz qızınızı paltar üçün onun yanına göndərməyin. Yoxsa dedi-qodu başlanıbdır.

Missis Herhardt özünü elə itirdi və elə pərişan oldu ki, bir söz belə deyə bilmədi. Cenni ona heç nə deməmişdi. Ana hətta indi də inanmırdı ki, burada ciddi söhbət üçün bir əsas ola bilər. Senatorun Cenniyə saat bağışlamasına gəldikdə, bu ona çox təsir etmiş, onu heyrətə salmışdı. Onun ağlına belə gəlmirdi ki, qızının təmiz adını bir təhlükə hədələyir.

O, evə çox qəmli qayıtdı və eşitdiklərini Cenniyə danışdı. Lakin Cenni öz davranışında pis bir şey olduğunu görmürdü. Cenni bu məsələyə tamamilə başqa cür baxırdı. Ancaq o, senatorla görüşləri haqqında müfəssəl danışmırdı.

Ana dedi:

– Belə sözlərin yayılması nə qədər dəhşətlidir! Sən yəni doğurdanmı onun otağında çox ləngiyirsən?

– Bilmirəm, – deyə Cenni cavab verdi. Vicdanı onu məcbur etdi ki, həqiqəti qismən də olsa, etiraf etsin: – Bəlkə də.

– O sənə heç vaxt namünasib bir söz deməyib ki?

– Yox, – deyə qız cavab verdi. O, Brenderlə münasibətində pis bir şey ola biləcəyini heç ağlına da gətirmirdi.

Əgər ana qızını bir az da sorğu-suala tutsaydı, çox şey öyrənə bilərdi, ancaq öz ürək sakitliyi üçün bu söhbəti çox tez kəsməyə şad idi. Yaxşı adamı həmişə ləkələməyə çalışırlar, o bunu bilirdi. Cenni bir az ehtiyatsızlıq etmişdi. Adamlar həmişə dedi-qodu salmaqdan çəkinmirlər. Həyat çox ağırdır, məgər yoxsul bir qız Cenni kimi hərəkət etməyə bilərdimi? Missis Herhardt bunları düşünərək ağladı.

Nəhayət, ana bu qərara gəldi ki, paltar üçün senatorun yanına özü gedib-gəlsin.

Beləliklə, missis Herhardt bazar ertəsi onun qapısını döydü. Cennini görəcəyinə ümid edən Brender təəccübləndi və pərt oldu.

– Cenniyə nə olmuşdur? – deyə o soruşdu.

Missis Herhardt ümid edirdi ki, senator bu dəyişikliyi hiss etməz, yaxud heç olmazsa bir söz deməz, indi o bilmirdi nə cavab versin. Arvad senatora sadəlövhcəsinə və əlacsızlıqla baxıb dedi:

– Cenni bu gün gələ bilmədi.

– Xəstə deyil ki?

– Xeyr.

– Çox şadam, – deyə senator müti surətdə mızıldadı. – Bəs siz özünüzü necə hiss edirsiniz?!

Missis Herhardt onun nəzakətli suallarına cavab verdi və vidalaşdı. O gedəndən sonra Brender fikrə dalıb özü özündən soruşmağa başladı ki, görəsən, nə üz vermişdir? Onun özünə də qəribə gəlirdi ki, belə şeylər haqqında düşünür.

Lakin şənbə günü paltarları yenə Cenninin anası gətirəndə o burada nə isə bir iş olduğunu hiss etdi.

Senator soruşdu:

– Missis Herhardt, nə olmuşdur? Sizin qızınıza bir şey olmamişdir ki?

– Xeyr, ser! – deyə o, həddindən artıq pərt olduğu üçün yalan deyə bilməyib cavab verdi.

– Bəs nə üçün paltarları daha o gətirmir? Missis Herhardt həyəcandan dili tutula-tutula:

– Mən… mən… – deyə, nəhayət, güclə ifadə etdi. – O… onun haqqında pis söhbətlər başlanmışdır.

Brender ciddiyyətlə soruşdu:

– Kim danışmağa başlamışdır?

– Oteldəkilər, buradakılar.

– Kimdir "buradakılar?" – Onun səsində əsəbilik duyulurdu.

– Baş qulluqçu.

– Aha, baş qulluqçu! – deyə o, səsini ucaltdı. – Yaxşı, o nə deyir axı? Ana baş qulluqçu ilə olan söhbətini danışdı.

Brender hiddətlə dedi:

– Bəs belə! O mənim işimə qarışmağa cəsarət edir? Mən bilmək istərdim: nə üçün insanlar öz işləri ilə məşğul olmur və məni rahat buraxmırlar? Missis Herhardt, qızınızın mənimlə tanışlığı ona heç bir təhlükə törətmir. Mən ona heç bir pislik etmərəm. Qızın mənim yanıma, otelə şübhə altına düşmədən gələ bilməməsi isə biabırçılıqdır, rüsvayçılıqdır, – deyə o, qəzəblə əlavə etdi. – Əhvalatın nə yerdə olduğunu mən aydınlaşdıraram.

Missis Herhardt üzr istəyirmiş kimi:

– Ancaq sizin fikrinizə başqa şey gəlməsin, – dedi, – mən bir şey etməmişəm. Mən bilirəm ki, siz Cennini sevirsiniz, ona pislik istəmirsiniz. Mister Brender, siz ona, bizim hamımıza çox yaxşılıq etmisiniz. Onu sizin yanınıza buraxmadığım üçün mən özüm xəcalət çəkirəm.

O, sakitcəsinə dedi:

– Eybi yoxdur, missis Herhardt. Siz düzgün hərəkət edibsiniz. Mən sizi zərrə qədər də qınamıram. Lakin oteldə belə dedi-qodunun yayılması məni hiddətləndirir. Burada kimin müqəssir olduğunu aydınlaşdırarıq.

Missis Herhardtın həyəcandan rəngi qaçdı. O qorxurdu ki, onlara bu qədər yaxşılıq etmiş adam özünü təhqir olunmuş hesab edər. Ancaq senatora demək, onu başa salmaq mümkün olsaydı! Qoy o belə fikirləşməsin ki, dedi-qodunu yayan missis Herhardtdır. Ana biabırçılıqdan bərk qorxurdu.

Nəhayət, missis Herhardt dedi:

– Mən elə etmək istəyirəm ki, yaxşı olsun.

– Siz tamamilə haqlısınız, – deyə senator cavab verdi. – Mən Cennini çox sevirəm. Onun gəlişi mənim üçün həmişə xoş olur. Mən onun yaxşılığını istəyirəm, lakin, bəlkə, heç olmazsa, bu günlər gəlməsə yaxşıdır.

O axşam senator yenə öz kreslosunda əyləşərək olub-keçənləri düşünürdü. Görünür, Cenni onun üçün əvvəl düşündüyündən daha əzizdir. İndi Cennini artıq öz evində görmək ümidini itirdikdə, o anlamağa başladı ki, qızın qısa bir müddətə gəlməsinin onun üçün nə qədər əhəmiyyəti varmış. O hər şeyi diqqətlə götür-qoy etdi və dərhal başa düşdü ki, oteldəki dedi-qodudan yaxa qurtarmaq mümkün olmayacaq. Axırda bu nəticəyə gəldi ki, qızı doğrudan da pis vəziyyətdə qoymuşdur.

"Mən bu məsələni qurtarmalıyam, – deyə düşündü. – Mən ağılsızlıq etmişəm".

Brender belə bir nəticəyə gələrək Vaşinqtona getdi və senatorluq səlahiyyəti qurtaranadək orada yaşadı. Sonra Kolumbusa qayıtdı və prezidentin dostluq xatirinə ona xaricdə hər hansı bir məsul vəzifə tapşıracağını gözləməyə başladı. Lakin o, Cennini unuda bilmirdi. Cennidən nə qədər uzaq olurdusa, onu bir də görmək arzusundan o qədər çox yanırdı. Öz köhnə yerində yaşamağa başlayandan sonra Brender bir səhər çəliyini əlinə aldı və yaxşı tanış olduğu yolla addımlamağa başladı. Herhardtların evinə çatarkən o içəri girməyi qət etdi, qapını döydü, missis Herhardt və qız onu heyrət və ehtiram ifadə edən təbəssümlə qarşıladılar. O, dumanlı şəkildə izah etdi ki, səfərdə idi, guya paltar yudurtmaq üçün bura gəlmişdir. Sonra Cenni ilə bir neçə dəqiqə təklikdə qalmaq müyəssər olduqda, o, cəsarətlə işə girişdi:

– Sabah axşam mənimlə gəzmək istəyirsinizmi? – deyə o soruşdu.

– İstəyirəm, – deyə Cenni cavab verdi.

Belə əyləncə onun üçün yeni və maraqlı idi. Brender təbəssümlə onun yanaqlarını əllədi, onu yenidən gördüyü üçün uşaq kimi sevindi… Cenni elə bil gündən-günə yaxşılaşırdı. Qar kimi ağappaq önlük, başına sarıdığı möhkəm hörülmüş saçları onu elə qəşəng göstərirdi ki, ondan həzz almamaq çətin idi.

Brender missis Herhardt qayıdanadək gözlədi və qalxdı, artıq burada qalmağın mənası yox idi.

O dedi:

– Sabah axşam sizin qızınızla gəzməyə çıxmaq istəyirəm. Mən Cenni ilə onun gələcəyi haqqında söhbət etmək istəyirəm.

– Nə deyirəm.

Ana bunda heç bir pis cəhət görmürdü. Onlar bir-birinə xeyli gülümsəyərək, bir-birinin əlini xeyli sıxaraq ayrıldılar.

– Bu adamın çox təmiz ürəyi var, – deyə missis Herhardt qət etdi. Sənin haqqında həmişə necə xoş danışır, elə deyilmi? O sənin təhsil almağına kömək edə bilər. Sən bununla çox fəxr etməlisən.