"Qanadı sınmış quş" da uçarmış

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Həmid Azərbaycan Yazıçılar İttifaqının sədri Ələkbərliyə məktub yazdı.

Biz ayağa qalxanda Ayna xanım əlini çiynimə qoyub dedi:

– Oğlum, çox mütaliə et, biliyini artır, Füzuli deyib ki, elmsiz şeir özülsüz divar kimidir.

Mən ertəsi günü Azərbaycan Yazıçılar İttifaqına getdim. (Onda Yazıçılar İttifaqı indiki “Araz” kinoteatrının binasında yerləşirdi) Həmid Sultanovun məktubunu və əlyazmanı Ələkbərliyə verdim. O, məni Əbülhəsənlə tanış etdi:

– Bu cavan oğlan neftçilər haqqında nəsə yazıb. Xahiş edirəm ona baxıb kömək edəsiniz.

Əbülhəsən məni öz otağına apardı, yazımın bir neçə səhifəsini nəzərdən keçirib dedi:

– Bunu gərək özüm diqqətlə oxuyam. Sonra rəyimi sənə deyərəm.

Yenidən görüşmək üçün vaxt təyin etdi. İki gündən sonra məni mehriban qarşılayıb dedi:

– Yazının mövzusu və sujeti maraqlıdır. Bir sözlə, kökü, iskileti var. Ancaq onu ətə-cana gətirmək, sürətlər üzərində mükəmməl işləmək, qəhrəmanların mənəvi aləmini dərindən açmaq lazımdır.

Ümumi dəftərimin sonuncu vərəqində əsərimi yenidən işləmək üçün öz qeydlərini yazdı. Onlar çox karıma gəldi.

Sonra atam məni, hələ inqilabdan əvvəl Nalçikdə tanış olduğu dostu Abdulla Şaiqin yanına apardı. Abulla Şaiq həlim, xoşsifət bir adam idi. Üz-gözündən elə bir nur tökülürdü. O da “Bığlı ağa”nı oxuyub mənə məsləhətlər verdi…

Həmid Sultanovla 1937-ci ilin əvvəllərində də görüşdüm. Bu dəfə atamla, onun işlədiyi idarəyə getmişdik. (O, Azərbaycan SSRİ Xalq kommunal komissarı idi).

Həmid o zaman mənə tamam başqa cür göründü. Əvvəlki mehriban, üzügülər adam deyildi. Olduqca yorğun idi. Elə bil bütün gecə yatmamışdı. Atam onun yanına bir məsələ üçün məsləhətə gəlmişdi. Böyük qardaşım Əmiraslanı haqsız olaraq partiyadan çıxarmışdılar. Kimsə yazmışdı ki, atam inqilabdan əvvəl onu incidib, döyüb…

Əmiraslanın partiyaya keçməsinə qocaman fəhlələrdən Abbas Əlican (“Bığlı ağa”), Əkbər Əkbərovdan başqa Həmid Sultanov da zəmanət vermişdi. Odur ki, atamın Əmiraslan haqqında dediyi bəd xəbər onu daha da əsəbiləşdirdi:

– Biabırçılıqdır. Kimin ağlına nə gəlir yazır… Vicdansızlar da öz işində…

Atam nəsə dedi, ancaq onun fikri başqa yerdə idi. O, nəhayət, əlinə qələm alıb atam haqqında harasa məktub yazdı. (Atamın qocaman fəhlə olması, inqilabçılara kömək etməsi haqqında). Sonra əlavə olaraq kiməsə zəng vurdu.

O bizi yola salanda atama dedi:

– Əmiraslana deyin, onlara bildirsin, Stalin yoldaş deyib ki, oğul ataya cavabdeh deyil…

Həmid Sultanov o zaman da atama öz köməyini göstərdi. Ancaq onun əhvali-ruhiyyəsi atamı mütəəssir etmişdi. O, qüssəylə mənə dedi:

– Həmidin ya işi çoxdur, ya da qanını qaraldıblar…

“BIĞLI AĞA”NIN TALEYİ

1935-ci illərdə həmkarlar ittifaqının təşkil etdiyi “İşçi müəlliflər kabineti” (o zaman fəhlə əvəzinə işçi deyilirdi) yeni başlayan yazıçıların “ilk universiteti” idi. O, mərkəzi ədəbi dərnək, yaradıcılıq labaratoriyası sayılırdı. Burada Yusif Vəzir Çəmənzəminli, Soltan Məcid Qənizadə, Bəkir Çobanzadə, Həmid Araslı kimi yazıçı və alimlər bizə ədəbiyyat əlifbasını öyrədirdilər. “İşçi müəlliflər kabineti”nin idarəsi Xaqani küçəsində, Azərbaycan Bəstəkarlar İttifaqının indi yerləşdiyi binada idi. Dərnəkdə həftədə bir dəfə məşğələ olurdu. İdarənin mühasibi Bakı qəsəbələrindən gələn müdavimlərə ayda bir dəfə yol pulu verərdi. Mən fəhlə yoldaşım Pəhləvan Hüseynovla (o, şer yazırdı) Ramanadan gəlib məşğələlərdə iştirak edirdik. İndiki kimi elə o zaman da Ramanadan Sabunçuya avtobus, oradan da şəhərə elektrik qatarı işləyirdi. Biz avtobusa minməzdik, iki qəsəbə arasındakı yolu piyada gedirdik, cavan və sağlamdıq. Ancaq əsas məsələ bunda deyildi. Etiraf edim ki, “İşçi müəlliflər kabinetindən” aldığımız yol pulu, çörək və ərzaq almaq üçün karımıza gəlirdi. Çünki dolanacağımız çətin idi. Bir tikə çörəyin, bir qəpik pulun qədrini bilirdik.

Qəribədir ki, belə ağır şəraitdə həvəsdən düşmür, “İşçi müəlliflər kabineti”nin bir məşğələsini belə buraxmazdıq. Bəzən çörək yeməmiş tələm-tələsik oraya getməyə can atardıq. O zaman bizə elə gələrdi ki, bir dəfə oraya geciksək, geridə qalarıq, qələm sahibi olmarıq, sonra “yazıçı böhranı” baş verir. Zarafatyana deyilən bu sözdə həqiqət də vardı. Bu, gənclik sadəlövhlüyündən irəli gəlirdi. Sonralar o günləri yadımıza salanda gülürdük.

“İşçi müəlliflər kabineti” taleyimdə böyük rol oynadı. Onun rəhbəri Hidayət Əfəndiyev (Ə.Hidayət) “Bığlı ağa” povestimi oxuyub mənə məsləhətlər verdi. Mən əsərin üzərində yenidən işlədikdən sonra “Rote fane” (indiki “Nizami”) parkının qiraət salonunda onun müzakirəsini təşkil etdi. Daha sonra Azərnəşrin ədəbiyyat şöbəsinin müdiri Mehdi Hüseynlə məni tanış elədi. Mehdi Hüseyn əsərimi oxuyub bəyəndi və 1937-ci ilin planına daxil etdi. O zaman planların təsdiqi uzun çəkmirdi. “Literaturnı Azərbaycan” jurnalının 1936-cı il, 4–5-ci nömrəsində dərc olunan “İşçi müəlliflər kabinetində” adlı məqalədə yazılmışdı:

“… Burada ədəbi təhsil alıb yetişən gənc müəlliflərdən Süleyman Vəliyevin “Bığlı ağa” povesti və Böyükağa Qasımzadənin uşaqlar üçün yazdığı poeması Azərnəşr tərəfindən qəbul olub nəşr ediləcəkdir. Süleyman Vəliyev komsomolçudur, qocaman neftçi oğludur. Özü də Lenin rayonunun mədənində çilingər vəzifəsində işləyir. O, povestində Bakı proletariatının neft sahibkarları ilə apardığı mübarizəni təsvir edir. O bu əsəri yazmaq üçün uzun müddət material toplamışdır…”

Azərnəşr “Bığlı ağa” kitabımın əlyazmasını 1936-cı ilin axırında “Qızıl Şərq” mətbəəsinə göndərdi. Onun taleyindən xatircəmdim. Yaradıcılıq işlərim də yaxşı gedirdi. Ancaq dolanmaq məsələsi əvvəlki kimi çətindi. Bu hələ dərdin yarısı idi. 1937-ci ildə “tuthatut” (o zaman belə deyirdilər) başlandı. Hər yerdə olduğu kimi, Ramana qəsəbəsinin sakinləri də bundan böyük ziyan çəkdi. Azərbaycan daxili işlər idarəsinin bir neçə əməkdaşı bura gəlib kəndimizin mərkəzi, meydan qabağında “müqəddəs ocaq” sayılan Qurban məscidində özlərinə kabinet düzəldərək adamları dindirib divan tutdular. Bağlı, qara maşınlar işə düşdü. Gecə vaxtı “şübhəli” adamları evdən aparmağa başladılar. Sonra bildik, elə bir ailə yox idi ki, bu tufan onun qohum-əqrəbasından yan keçsin. “Xalq düşməni” elan olunan adamların arasında neftçi fəhlələr də vardı. Misal üçün onlardan biri kimləsə mübahisə edəndə yaxşı mənada demişdi ki, “…Elə Stalin də səhv buraxa bilər…” O bu sözün qurbanı olub on il həbs cəzası aldı və vətənə qayıtmadı. Qanunun pozulduğu günlərdə qəzet və jurnallarda Stalinin bu sözlərini yazırdılar: “İnsan – ən dəyərli kapitaldır” və ya “bizim ölkə dünyada ən demokratik ölkədir.

1937-ci ilin ortalarında “Bığlı ağa” kitabımın siqnal nüsxəsi çap olundu. Kitabın birini mənə verdilər. Gənc müəllif üçün ilk əsərinin çap olunmasından fərəhli hadisə ola bilərmi? Elektrik qatarı ilə Sabunçuya, oradan avtobusla doğma yurdum Ramana qəsəbəsinə gedərkən tez-tez kitabıma baxırdım. O, sanki mənim səadət quşum idi. Təzə kitabın mətbəə iyi məni valeh edirdi. Mənim nəzərimdə o, dünyanın ən gözəl ətri idi.

Evə gəlib kitabımı ata-anama göstərdim. Onların sevinci hədsizdi. Ancaq ertəsi günü vəziyyət dəyişdi. Hidayət Azərnəşrdə məni görən kimi kənara çəkib həyəcanla dedi:

– İşlər pisdir. “Bığlı ağa”nın çapını dayandırmışam.

Bu xəbər məni sarsıtdı. Demək ilk əsərimin sevinci yarımçıq qaldı. Kitabım bağlandı. O, keçirdiyim həyəcanı duyub əlavə etdi:

– Bir tədbir görmək lazımdır. Kitab çap olunmalıdır. Ortaya elə məsələ çıxıb ki, onu yalnız Məmmədsadıq Əfəndiyevlə birlikdə həll edə bilərik (o zaman Məmmədsadıq mətbuat məsələlərinə rəhbərlik edirdi). Mən onunla danışaram. Sən də bəlkə yanına getdin.

Kitabın çapının saxlanmağının səbəbini bilmək istədikdə o, yavaşcadan dedi:

– Sənin əsərindəki inqilabçılardan Həmid Sultanov xalq düşməni elan olunub

– Necə,necə? Həmid?..

O, əlini çiynimə qoydu:

– S S… Özünü ələ al. Onun həyat yoldaşı Ayna Sultanova da həbs olunub… Yaxşı ki, kitabın yalnız 90-cı səhifəsində Həmid Sultanovun familyası gedib, qalan səhifələrdə isə Həmiddir. Mən Məmmədsadıqla danışıb razılaşdıqdan sonra, mətbəə işçisindən xahiş edərəm ki, Sultanovun familyasını çıxarıb səhifəni təzədən yığsın. Onda hər şey öz qaydasına düşər. Bu barədə heç kimə bir söz demə. Əgər səndən soruşsalar, deyərsən ki, Həmid ümumiləşmiş obrazdır. Bunun Həmid Sultanova qətiyyən dəxli yoxdur. Sən onu heç tanımırsan. Aydındır?

Mən susdum. Ancaq çox pərtdim. Necə ola bilər ki, mən Həmid Sultanovu tanımağımı inkar edim? Axı, o, Ramanada atamın dostu olub. O, tərəddüd etdiyimi hiss edib dedi:

– Başqa cıxış yolu yoxdur. Əgər tədbirimiz baş tutsa, kitabın çap olunacaq.

Mən suyu süzülmüş halda evə getdim. Ata-anama bu haqda bir söz demədim. Ancaq onları aldatmaq çətindi. Hiss etmişdilər ki, nəsə bəd xəbər eşitmişəm.

Atam məndən heç bir söz soruşmadan dedi:

– Oğlum, həyatda hər şey olur. Gərək səbirli olasan, ruhdan düşməyəsən. Belə bir məsəl var. Hər gecənin bir gündüzü var. Zimistan çəkməyən bülbül baharın qədrini bilməz.

Gecə səhərə kimi gözümə yuxu getmədi. Müəllif üçün ilk dəfə çıxan kitabını “dəfn etmək” böyük faciə idi. Əgər əlyazması xoşa gəlməsəydi, dərd yarı olardı. Bəlkə də çıxış yolu tapmaq mümkün idi. Əsəri yenidən işlər, nöqsanlarını düzəldərdim. İndi isə nə işıq vardı, nə ümid.

Atam Həmidin faciəsini eşidəndə büsbütün sarsıldı. O, “Bığlı ağa”ya dedi:

– Xalqın mərd oğlu namərd əlinə düşdü. Allah bu zülmü yerdə qoymaz…

Bir neçə gündən sonra “Bığlı ağa” çap olundu, ancaq Sultanovsuz. Kitabın bir vərəqini çıxarıb onun yerinə başqasını yapışdırmışdılar. Bu dərhal nəzərə çarpırdı. Xoşbəxtlikdən, o zaman Həmid Sultanovla bağlı məni sorğusuala tutmadılar.

Kitabım satışa buraxıldıqda elə bildim ki, üstümdən ağır yük götürüldü, “Bığlı ağa” sanki yenidən dünyaya gəldi, elə mənim özüm də. Təəssüf ki , Sultanovsuz… Bu haqda düşünəndə kədərlənirdim. Onu da qeyd edim ki, əsərim üçün zəhmət çəkən, həyəcan keçirən, kitabın redaktoru Hidayətin adı yazılmamışdı. Bu mənə qəribə görünürdü. Sonra bildim ki, 1937-ci ildə xüsusi tapşırığa əsasən redaktorların adını kitaba yazmırdılar. Qorxurdular ki, onlar birdən “xalq düşməni” çıxar. O zaman “Bığlı ağa” kitabımı mağazadan alıb qələm dostlarımdan Abdulla Şaiqə, Hidayət Əfəndiyevə, Həmid Araslıya, Abbas Zamanova bildiyimə görə onların evində bu kitabım qorunub) və başqalarına yadigar verdim.

 

“Bığlı ağa” üçün mənə 900 manat verirdilər. Bu o zaman mənim üçün böyük pul idi. Həyatımda ilk dəfə idi ki, belə qonorar alırdım. Azərnəşrin Hamən adlı kassiri mənə yüz manat artıq pul vermişdi. Mən bunu evdə bildim. Bu haqda atama dedim, hər ikimiz həyəcan keçirdik. Ertəsi gün səhər Hamənin yanına gəlib dedim ki, mənə yüz manat çox vermisən. O dedi ki, elə şey yoxdur, pulu gərəy burada sayaydın. Mən yüz manatı ona qaytaranda o çox həyəcanlandı, mənə dərin minnətdarlığını bildirdi. Bu haqda Azərnəşr divar qəzetində də yazdılar.