Kazanova

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Edə bilməyəcəkləri bir tək şey var: Onu yenidən öldürə bilməzlər, çünkü bütün şairlərə və bütün filosoflara rəğmən, dünya o zamandan bu yana onun həyatından daha maraqlı bir roman ortaya qoyamadığı kimi, onunki qədər canlı və fövqəladə bir portret də yaratamamışdır.

KAZANOVANIN GƏNCLİK PORTRETİ

-Nə qədər yaraşıqlı bir kişi olduğunuzu bilirsinizmi?

(1764-cü ildə San-Susinin bağçasında Böyük Fridrixin birdən-birə dayanıb ona baxaraq söylədiyi sözlər)

Kiçik paytaxtlardan birinin teatrındayıq: Müğənni xanım söylədiyi ariyanı qorxmadan yüksələn incə bir səslə təzəcə bitirmiş; birdən-birə boşalan bir leysan kimi, salonu alqış yağmuru bürümüşdü; ancaq indi ağır bir templə davam edən səhnədəki danışıqlar zamanı ümumi maraq və diqqət zəifləmişdi; gənc lovğa cənablar lojaları gözdən keçirirdilər; xanımlar durbinləriylə oynayır, gümüş qaşıqlarla ləzzətli tortlarını yeyirdilər və portağal rəngində likörlü şərbətlər içirdilər; bu əsnada səhnədə Arlekin, fır-fır fırlanan Kolumbinenin ətrafında güldürücü pantomimlərini sərgiləyirdi tamaşaçılara, ancaq boş yerə özlərini həlak edirdilər!

Birdən-birə baxışlar, maraqla bir əcnəbiyə çevrilir: Rahat və arxayın bir şəkildə, zərif görünüşlü bir cənaba yaraşan tam bir sərbəstlik və laqeydliklə, heç kimsənin tanımadığı bir cənab, orkestr çalmağa başladıqdan sonra girir içəriyə. Güclü bədəninin ətrafında, sanki bir halə kimi, zənginliyin parıltısı var; zərif güləbətin işləmələrlə bəzənmiş bir brokart jiletin üzərini qıvrımlarla saran kül rəngli parlaq mahuddan bir kostyum geymiş; bahalı krujevalar, Brüssel tipi bir yaxalığın düymələrindən başlayaraq ipək corablara qədər, bir qala qiyafətinin ciddi görüntüsünü sərgiləyir.

Əlində sərbəst tutduğu bəyaz tüklü bir mərasim şapkası var; bu əsilzadə əcnəbidən xəfif və xoş bir gülab ya da son moda bir krem qoxusu yayılır ətrafa və indi o, ilk sıradakı kreslolardan birində rahatca yerləşir, kürəyini kreslonun arxasına dayayır, üzüklərlə dolu əlini, qürurlu bir şəkildə, ingilis dəmirindən düzəlmiş qılıncın üzərinə qoyub. Hamıda maraq oyandırdığının fərqində deyilmiş kimi, qızıl sağanaqlı gözlüyünü qaldırır və saxta bir laqeydliklə lojaları gözdən keçirir. Lakin, artıq indidən, bütün kreslolarda və bütün sıralarda, kiçik şəhərin maraq duyğusu oyanmış və pıçıltılar başlamışdır: Bir şahzadəmi, zəngin bir səyyahmı? Başlar bir-birinə yaxınlaşır, sayqı dolu bir pıçıltıyla, əcnəbinin sinəsində sallanan tünd qırmızı bir lentin ucundakı almazlarla örtülü bir medalyondan söz açırlar (elə parlaq daşlarla bəzənib ki, kimsə bunun bir ovuc böyürtkəndən daha bahalı olmayan adi, uzuc bir nişan olduğunu başa düşmür). Səhnədəki musiqiçilər onlara göstərilən marağın azaldığını o saat hiss edirlər; söhbətlər daha maraqsız bir hal alır, çünki skripkanın və violanın arxasınca rəqqaslar da kulislərə qaçırlar, biri-birlərindən – Əcəba, bizə karlı bir gecə keçirdəcək çox zəngin bir hersoqmu? – deyə soruşaraq onu diqqətlə süzürlər.

Ancaq salonda olan yüzlərcə tamaşaçı, hələ bu əcnəbinin sirrini öyrənməmiş, kim olduğunu kəşf etməmiş, lojalardakı qadınlar, həyəcandan çaşqına dönmüş halda, başqa bir şeyi müşahidə edirlər. Bu adam nə qədər yaraşıqlıdır! Nə qədər gözəl və erkəkcəsinə bir görünüşü var! Boylu-buxunlu, enlikürək; dolğun və əzələli əlləri var; qamətli və kişiyana möhkəm görünüşündə qadınsayağı heç bir iz yoxdur; indi orada ayaq üstə durub, boynunu bir az önə əymiş, eynilə hücuma keçmədəyə hazırlaşan bir buğaya bənzəyir. Yandan baxıldığı zaman bu üz, bir Roma medalyonunu xatırladır, hər cizgi qumral başın mis zəmini üzərinə metallik bir açıqlıqla işlənmiş kimidir sanki. Zərif bir hərəkətlə alnını yuxarı doğru qaldırır. Xəfifcə dalğalı şabalıd rəngi saçların arasından birdən-birə ortaya çıxan belə bir alnı görsəydi, bütün şairlər heyran qalardı; burnu bir qarmaq kimi çıxıntılı, güclü sümüklərdən yaranmış çənəsi də qabarıq idi; və onun altında da iki qoz böyüklüyündə bir hulqum (sadəlövh qadınlar bunu erkəklik gücünün ən etibarlı ifadəsi olaraq görürlər); üzdəki hər cizginin bir sərtlik, cəsarət və qərarlılıq ifadə etdiyi inkar edilməz idi. Yalnız dodaqları yumşaq və nəmliydi; bu dolğun şəhvətli və qırmızı dodaqların arasından mirvari kimi dişləri görünürdü. Yaraşıqlı adam indi yavaşca üzünü zəif işıqlanmış anfiteatra doğru döndərir; biçimli, sıx kirpikli, qüsursuz bir qövs şəklində aralanmış göz qapaqlarının altından qara göz bəbəkləri həyəcanlı və səbrsiz bir baxışla parlayır: Ov arxasınca qaçan və birdən-birə bir qartal kimi qurbanının üzərinə atlamağa hazır olan əsl ovçu baxışları kimi… Amma hələlik yeni-yeni tutuşmağa başlayan bir alovla parlayır bu gözlər, hələ yandırıcı bir atəş halına gəlməmiş; lojaları gözdən keçirən və erkəkləri saya salmadan, satışa hazır bir mal kimi qadınların bulunduğu bu yarımqaranlıq yuvalardakı istiliyi, çılpaqlığı və bəyazlığı incələyən bir növ gizli atəş… Bir-birinin ardınca hamısını diqqətlə gözdən keçirir, eynilə maldan başı çıxan bir adamın etdiyi kimi; və bu arada qadınların da onu diqqətlə süzdüyünü hiss edir. O zaman şəhvətli dodaqları bir az boşalır və cənublulara xas dolğun ağzının kənarında görünən xəfif bir gülümsəmə qar kimi bəyaz dişlərinin parlaq sırasını açığa çıxarır.

Bu gülümsəmə, indilik ayrıca bir qadına yönəlmiş deyil, hər zaman, hamısına, orada paltarlarının altında imisti və çılpaq bir şəkildə gizli duran bütün qadınlara yönəlib. Amma, tanıdığı bir xanımı görür; o saat baxışı onun üzərində cəmlənir və hələ bir an əvvəl naməlum bir arayış içində olan gözlərində məxmər kimi yumşaq parıltı görünür; sol əli xəncərini buraxır, sağ əliylə böyük tüklü şapkasını tutaraq, tanış birini görüncə söylənməsi gərəkən nəzakət sözlərini söyləməkdən ötrü ona doğru yaxınlaşır. Ona doğru uzanan əli öpmək üçün əzələli boynunu zərif bir şəkildə önə doğru əyərək çox böyük bir sayqıyla qadına bir şeylər söyləyir; qadının, bundan məmnun olmaqla birlikdə, xəfifcə geriləməsindən və yerində qurcalanır kimi olmasından, erkəyin səsinin tembrindən nə qədər təsirləndiyi, bu səsin necə bir dadlı yumşaqlıqla içinə işlədiyi bəlli olur, çünki çaşqın bir şəkildə geriyə dönüb əcnəbini yanındakılara təqdim edir:

–Seingalt Kavaleri.

Reveranslar, nəzakət sözləri, kübar davranışlar; qonağa lojada bir yer göstərilir, ancaq o bunu təvazökarlıqla rədd edir və beləcə bütün bu nəzakətli söz alış-verişindən sonra, söhbət artıq əməlli-başlı canlanır, Kazanova səsini yüksəldir və söylədiyi sözlər ətrafdan da eşidilməyə başlayır. Eynilə artistlər kimi, kəlmələrin sonundakı saitləri mahnı oxuyurmuş kimi dadlı bir şəkildə uzadaraq və samitləri də əməlli-başlı vurğulayaraq, getdikcə daha çox diqqəti çəkəcək və bitişik lojalardan da eşidiləcək şəkildə güclü və cingiltili bir səslə danışır; çünki nə qədər nüktəli danışdığını, Fransızcanı və İtalyancanı nə qədər yaxşı bildiyini və söz arasında sevgili Horatiusundan necə söz açdığını yan lojalardakı insanların da eşitməsini istəyir.

Təsadüfən edilən bir hərəkətmiş kimi üzüklü əlini lojanın kənarına dayayır: bahalı krujevayla bəzəkli qol qapaqları və özəlliklə barmağında parlayan tək qaşlı üzük uzaqdan da görünə bilsin deyə. İndi oradakı cənablara almaz işləməli bir burunotu qutusunu uzadıb, Meksikadan gətirtilmiş burunotuna qonaq edir.

–Dostum İspanya səfiri bu burunotunu mənə dünən bir kuryerlə göndərdi – deyir (bu sözlər bitişik lojanın o biri ucundan belə eşidilir); xanımların kavalerlərindən biri, qutunu süsləyən minatürə heyran olduğunu nəzakətli bir şəkildə söyləyəndə, rahat və laqeyd bir tövrlə, ancaq salondan da eşidiləcək qədər yüksək bir səslə deyir:

–Dostum və lütufkar əlahəzrət Köln Prinsinin hədiyyəsidir.

Heç bir özəl niyyəti yoxmuş kimi danışır, ancaq bu gopçu adam, bir yandan bu şəkildə özünü göstərməyə davam edərkən, bir yandan da, insanlar üzərində necə təsir buraxdığını anlaya bilmək üçün, yırtıcı baxışlarla heç durmadan sağa-sola boylanır.

Bəli, hər kəs onunla meşğuldur; qadınların maraq duyğusunu üzərinə çəkdiyini hiss edir; nəzərə çarpdığını, ona heyran olduqlarını və sayqı duyduqlarını görür və bu onu daha da cürətli hala gətirir. Böyük bir ustalıqla, söhbəti bitişik lojaya da keçirtməyi bacarır: Orada, şahzadənin favorisi olan və Kazanovanın tam bir Parisli ləhcəsini xoşbəxt bir şəkildə dinləyən (bunu hiss edir) bir xanım var; gözəl bir qadından söz edərkən, təbii bir hərəkətlə, dönüb, nəzakətli bir söz söyləyir bu xanıma və o da gülümsəyərək cavab verir.

O zaman yanındakı dostlarının da bu kavaleri həmin kübar xanımla tanış etməkdən başqa çarəsi qalmır. Oyun artıq indidən qazanılmışdır. Ertəsi gün günorta yeməyini şəhərin ən kübar insanları ilə birlikdə yeyəcək; axşam da, saraylardan birində, kiçik bir faraon (kart oyunu) partisinə qatılacaq və ev sahiblərini soyub soğana döndərəcək; gecəni bu göz qamaşdıran qadınlardan biriylə keçirəcək; və bütün bunlar, sərbəst, özünə güvənən və enerjili davranışı, güclü iradəsi və hər şeyi borclu olduğu əsmər üzünün arxayın, özündənrazı və kişi gözəlliyi sayəsində gerçəkləşəcək:

Qadınların gülümsəməsini və barmağındakı tək qaşlı üzüyü, brilyantlı saat zincirini və kostyumundakı sırma zolaqları, banklardakı kreditini və aristokratların dostluğunu və bunların hamısından da gözəl olan, həyatın sonsuz rəngarəngliyi içərisindəki azadlığını ancaq ona, o gözəl əsmər üzünə, borcludur.

Bu arada, primadonna yeni ariyasına başlamağa hazırlaşır.

Qüsursuz bir kübar cəmiyyət adamı olaraq etdiyi söhbətlərdən sehirlənmiş olan kavalerlər tərəfindən israrla dəvət edildikdən, hamının sevimlisi olan xanımı teatrdan çıxarkən müşaiyət etmə lütfünə də çatdıqdan sonra, Kazanova təzim edərək salamlayır onları və gedib yerinə oturur, sol əlini yenə qılıncına dayayır, musiqidən başı çıxan biri olaraq ifanı dinləyə bilmək üçün gözəl əsmər başını önə doğru uzadır. Arxasında, lojadan lojaya, gizli suallar və cavablar ağızdan-ağıza dolaşır:

 

–Seingalt Kavaleri.

Onun haqqında kimsə başqa bir şey bilmir, haradan gəldiyini, haraya getdiyini, nə iş gördüyünü heç kəs bilmir; yarımqaranlıq və maraqla dolu salonun hər yanında pıçıltılarla onun adı dolaşır və (dodaqlar üzərində titrəşən görünməz bir alov kimi) bu ad səhnəyə, eyni şəkildə onun kim olduğunu maraq edən musiqiçlərin arasına da sıçrayır. Amma birdən-birə Venesiyalı gənc bir rəqqas gülməyə başlayır:

–Seingalt Kavaleri? – Ha-ha! Bu oyunbaza baxın! Brunellanın oğlu Kazanovadır bu, beş il öncə, şirin sözlər söyləyərək bacımı yoldan çıxaran adam, qoca Braqadini əyləndirən təlxək, şarlatan, şorgöz və avara.

Halbuki, qızcığaz onun pisliklərindən çox da narahat olmuş görünmür, çünki kulislərdən Kazanovaya gülümsəyərək əl edir və barmaqlarının ucunu şux bir hərəkətlə dodaqlarına aparır.

O da onu görür və xatırlayır: ancaq qorxulu bir şey yoxdur, bu aristokrat səfehlərlə oynadığı bu kiçik oyunu pozmaq istəməyəcək, bu gecə onunla yatmağa üstünlük verəcək!