Xatirələrim

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Xatirələrim

Mən, ümumiyyətlə, xatirat yazmağa mənfi münasibət bəslədiyim üçün heç vaxt xatirat yazmaq fikrində olmamışam. Xatiratı, adətən böyük dövlət adamları və siyasi xadimlər yazırlar ki, öz iş və əməllərini haqlı göstərsinlər. Onlar öz xatiratlarını, söz yox, birtərəfli və müəyyən məqsəd üçün yazır, bütün müvəffəqiyyətləri öz adlarına çıxıb, uğursuzluqların səbəbini isə düşmənlərinin üzərinə atırlar. Xatiratın ikinci növü də var ki, bunları, həyatlarını ibrətli hesab edərək öz nəslinə öyüd vermək istəyən adamlar yazarlar. Mənim belə bir niyyətim də olmamış və heç bir qeyd-filan aparmamışam. Lakin 1942-ci ilin axırlarında SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı mənə xatiratımı yazmağı tapşırdı. Belə ali bir müəssisənin tapşırığından boyun qaçırmağa özümü haqlı bilmədiyim üçün tərcümeyi-halımı hafizəmdə canlandırmağa çalışdım.

Mən xatiratımda öz bacarıq və nailiyyətlərimi nə şişirtməyə, nə də bunların qiymətini əskiltməyə çalışmamışam: mənim keçdiyim xidmət yolu bir çox cəhətdən qiymətli və maraqlıdır. Lazım gəldikdə, mənim haqqımda səlahiyyətli şəxslərin fikirlərini olduğu kimi ifadə etməyə çalışmışam.

Artıq çox qoçalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam. Bəzi hadisələr, bəlkə də, çox mühüm hadisələr, ola bilsin ki, gözümdən qaçmış olsun, lakin onların təhrifinə yol verməmişəm.

I fəsil
Ailə və məktəb

Mən 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzası Qazaxlı kəndində anadan olmuşam. Kiçik bir mülkədar olan atam İsmayıl Ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şamxordan köçüb gəlmişdi. Onun iki oğlu var idi: böyük oğlu Şıxı – çox ağıllı və sakit, kiçiyi Əli Qazax[2] – çox igid, amma dəlisov bir adam idi. Mən Əli Qazaxın nəslindənəm. Böyük oğul olan Şıxlının övladları sonralar Kür axarından 30 verst yuxarıda, Tiflis yaxınlığında məskən salaraq, burada üç kənd yiyəsi oldular: bunlara Şıxlı deyə, ümumi bir ad verilmişdi. Kiçik oğlu Əli Qazaxın övladları isə indiyədək öz köhnə yerlərində yaşayırlar. Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, kiçik oğlundan olan bizim nəsil isə Əli Qazax oğlu familiyasını qəbul etdi. Azərbaycan könüllü surətdə, Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladıqda, bizim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi.

Anam Şah Yəmən xanım (Qayıbova) Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin nəvəsidir. Atam yalnız qəzada deyil, bütün quberniyada məşhur bir adam idi. Bütün uşaqları (on bir uşağı var idi ki, onun da on birincisi mən idim) ona böyük hörmət bəslərdilər, bununla belə, çox ağıllı və son dərəcə sakit və mülayim bir qadın olan anamız ailənin əsl başçısı idi, bunu hamımız yaxşı bilirdik. Atamız çox tündməcaz bir adam idi, anamız isə onu həmişə sakit edə bilirdi. O dövrdə, yəni ərin yumruğu Azərbaycan qadınının başı üstündən əskik olmadığı bir dövrdə mənim anam əri ilə keçirdiyi qırx beş illik ömürdə ondan bir kəlmə belə ağır söz eşitməmişdi. Atamın yaxın qohumları anama çox böyük hörmət bəslər-dilər.

Şıxlinskilərin nəslindən o zamana görə bir çox alimlər yetişmişdir. Onların arasında şairlər də olmuşdur ki, bunların ən yaxşısı Salik təxəllüslü Kazımağa[3] idi. Savadla arası olmayan bizim nəsil isə öz cəngavərliyi, tündmə-cazlığı ilə tanınırdı. Qəzada bizi "Dəli qazaxlı" adlandırırdılar. Əli Qazax oğlu nəsli içərisində birinci savadlı adam mənim atam idi. Şıxlinskilər nəslində Avropa üsulu ilə tam təhsilli birinci adam isə mən olmuşam.

Atam rus dilini bilməzdi. Məndən 25 yaş böyük olan qardaşım çar konvoyuna[4] göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari korneti[5] adını aldı. Halbuki, onun yoldaşları ancaq bir ildən sonra milis praporşiki[6]ola bilmişdilər. Məndən 22 yaş böyük olan ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər.

Mənim barəmdə atamın fikri daha geniş idi. Onun niyyəti mənə Avropa üsulunda təhsil, həm də mütləq, hərbi təhsil vermək idi. Bu məqsədlə məni Tiflisə, anamın əmisi oğlu Mirzə Hüseyn Qayıbovun[7] (doktor Bahadur Qayıbovun[8] atasıdır) yanına göndərdi. Ata-anam həmişə kənddə yaşadıqlarına görə, mən tamamilə Mirzə Hüseynin himayəsinə keçdim və sonrakı tərbiyəm bütünlüklə onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim xasiyyət və dünyagörüşümdə o qədər dərin iz buraxmışdır ki, mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyət barəsində qısa da olsa, məlumat verməyi lazım bilirəm.

 

Mirzə Hüseyn Qayıbov 1830-cu ildə Qazax rayonunun Salahlı kəndində Yusif Qayıb oğlu adlı yoxsul bir kişinin ailəsində anadan olmuşdur. Altı yaşında ata-anadan yetim qalan Yusifi əmisi İbrahim Əfəndi Qayıb oğlu öz himayəsinə götürür. 17 yaşına çatdıqda o, balaca uşaqlara dərs verməkdə öz müəlliminin köməkçilərindən biri olur. Zaqafqaziya müftiliyinə yeni təyin olunmuş Məhəmməd Əfəndi Müftizadə (Vidadov)[9], təftiş üçün Qazax qəzasına gəldiyi zaman, Hüseyndən dərs alan uşaqların müvəffəqiyyətləri onun diqqətini cəlb edir. Müftinin himayəsi altında Tiflisdə rus-tatar məktəbi açıldıqda, o, Hüseyni bu məktəbdə Şərq dillərindən dərs deməyə çağırır. Hüseyn Tiflisə gəlir və burada biliyini artırıb, tez bir zamanda fars və ərəb dillərini eləcə də bütün fars ədəbiyyatını və ərəb dilində yazılmış elmi kitabları dərindən öyrənir. Onun rus dili müəllimi Baş qərargahın kapitanı Nikolay Qriqoryeviç Stoletov[10] idi. Stoletov özü isə şagirdindən Azərbay-can dili öyrənirdi. Bu bir-birinə dərs vermə üsulu istəni-lən nəticəni verirdi. Mirzə Hüseyn rus dilini, N. Q. Stoletov isə Azərbaycan dilini mükəmməl öyrənmişdilər. 1908-ci ildə mən Sarskoye Seloda olduğum zaman piyada generalı, Hərbi Şuranın üzvü N. Q. Stoletovla görüşdükdə, o hər dəfə mənimlə saf Azərbaycan dilində danışırdı.

Yetmişinci illərdə Zaqafqaziya müftisi yanında "Zaqafqaziya sünni məzhəbi idarəsi" adlı bir müəssisə təsis edilmişdi. Mirzə Hüseyn Qayıbov bu müəssisənin katibi təyin olundu. Bu vəzifə ruhani vəzifə deyildi. Bu ondan anlaşılır ki, şiə məzhəbi idarəsində olan eyni vəzifəni Kostin familiyalı bir rus daşıyırdı. Hər cür şəriət işləri bu idarədən gəlib keçdiyindən, Mirzə Hüseyn Qayıbov şəriəti incədən-incəyə öyrənmiş və bu qərara gəlmişdi ki, şəriəti bir çox cəhətdən təhrif və ona bir çox şeylər əlavə etmişlər.

1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasında[11] müsəlman (Azərbaycan) şöbəsi təsis edildi və Mirzə Hüseyn burada Şərq dilləri müəllimliyinə dəvət olundu. 1881-ci ildə Zaqafqaziya müftisi vəzifəsinə seçildi. Bu vəzifəni qəbul edərkən o demişdi ki, "Mən heç bir vaxt ruhani olmamışam və heç bir vaxt dini ayin icra etməmişəm və bundan sonra da etməyəcəyəm, lakin mə-nə təklif edilən vəzifəni qəbul edirəm, çünki bu vəzifədə xalqıma daha böyük fayda verə biləcəyimi güman edi-rəm". O, öz xalqının nicatını Avropa maarifi və mədə-niyyətində görürdü. Xalq kütlələrini mədəniyyətsizlik səviyyəsində saxlayan mürtəcelər elm və mədəniyyət sa-hibi olmaq istəyənlərə mane olurdular. Buna baxmaya-raq, təhsil arzusunda olan yüzlərlə gənc Hüseyn Əfəndi Qayıbovun köməyi ilə öz arzularına nail ola bilmişdi.

Hüseyn Əfəndi, xüsusən müsəlman qadınlarının təhsil alması, onların azad edilməsi və çadralarının atılması uğrunda mübarizə edirdi. O, sübut edirdi ki, şəriət bunların heç birini qadağan etməmişdir. Bu cəhətdən birinci olaraq o, özü nümunə göstərdi: cavan və çox gözəl bir qızla evlənib, onu çadraya bürümədi və kişilərdən gizlətmədi, əksinə olaraq kişilərlə bir yerdə "Müsəlman cəmiyyəti-xeyriyyəsi" ndə iştirak etməsinə icazə verdi. Öz oğlanlarına ali təhsil verdi, hər iki qızını isə Zaqafqaziya Nücabə Qızlar institutuna qoydu. Həmin institutu onlar yüksək mükafatla bitirdilər. Müftinin böyük qızı, mənim arvadım, institutu 1889-cu ildə bitirmişdi: bu elə bir dövr idi ki, müsəlmanların gözüaçıqları belə, çox nadir hallarda öz qızlarını rus məktəblərinə verirdilər.

O, millətçilik zehniyyətlərindən tamamilə uzaq idi. Öz xalqını sevməklə bərabər, başqa xalqlara qarşı əsla kin və ədavət bəsləməzdi. Etiqadlı bir müsəlman olmaqla yanaşı, başqa dinlərə də ehtiram edərdi: rus, gürcü və erməni ruhaniləri arasında dostları az deyildi.

Mirzə Hüseyn Qayıbov, Mirzə Fətəli Axundovun çox yaxın dostu idi. O, ərəbcə kitab və təzkirələri oxumaqda Mirzə Fətəliyə kömək edərdi, çünki ərəbcəni o, Mirzə Fətəlidən daha yaxşı bilirdi. Ədəbiyyatı çox sevdiyindən "Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə" tərtib etmişdir.

Tiflisə çatan günün sabahısı Mirzə Hüseyn məni o zaman çox məşhur olan Ter-Akopovun xüsusi gimnaziyasına apardı və gimnaziyanın direktoru Semyon İliç Monastırsevə təqdim edərək gimnaziyaya qəbul edilməyimi ondan xahiş etdi. Direktorun mənim haqqımda, "Nə bilir?" sualına, "Əlifbanı bilir, birtəhər sayır. Rusca iyirmi-otuz söz bilir, amma onları cümlə şəklinə salmağı bacarmır" – deyə cavab verdi. Direktor mənim üzümə (on iki yaşım olduğuna baxmayaraq, bədəncə çox iri uşaqdım) diqqətlə baxaraq dedi:

– Bəs, onu biz harada oturdaq?

Mirzə Hüseyn cavab verdi:

– Harada istərsiniz oturdunuz, iki aydan sonra o, bütün yoldaşlarını ötüb keçəcəkdir.

Onda direktor mənə Azərbaycan dilində cürbəcür suallar verməyə başladı. Onun bütün suallarına mən çox cəld cavab verdim, sonra o mənə şifahi məsələlər verməyə başladı və bunları getdikcə çətinləşdirərək üçhədli rəqəmlərə çatdırdı. Hesabı hərçənd heç kəs mənə öyrətməmişdi, amma buna baxmayaraq, bu məsələləri mən çox tez və düzgün həll etdim. Direktor bunu gördükdə söylədi:

– Onu üçüncü sinifdə oturdarıq.

Bu gimnaziyanın hazırlıq sinfi dörd şöbədən ibarət idi. Dördüncü şöbədə 6–7 yaşlı uşaqlar oxuyur və orada bir il dərsə davam edir, o biri şöbələrin də hər birində uşaqlar bir il oxuyurdular. 1875-ci il noyabrın 17-də mən üçüncü şöbəyə girdim və yoldaşlarımın sinifdə və sinif-dənkənar danışıqlarına diqqətlə qulaq asmağa, bunun sayəsində də tez bir zamanda ruscanı başa düşməyə başladım. İki həftədən sonra ilk dəfə olaraq məndən dərsimi soruşdular, üç həftə keçəndən sonra, dekabrın 23-də uşaqları qış tətilinə buraxarkən, iclas salonunda təntənəli bir şəraitdə direktor elan etdi ki, əla oxuduğuna görə Şıxlinski ikinci şöbəyə keçirilir.

İyun ayında ümumi imtahanlar vaxtı mən təqdirnamə ilə hazırlıq sinfinin yuxarı şöbəsinə keçirildim. Beləliklə, mən rus dilini bilən şagirdlərin iki il ərzində keçdikləri yolu böyük bir müvəffəqiyyətlə yeddi ayın içində keçdim.

1876-cı ilin avqust ayında Tiflis hərbi gimnaziyasının birinci sinfinə girmək üçün imtahan verib, dərslər başlanana kimi kəndimizə getdim. Burada qıçımı sındırdım, buna görə də dərslərə gecikdim. Sentyabrın 1-nə kimi bütün yoldaşlarım yığışmışdılar, mən isə ancaq oktyabrın 11-də sinfə girdim. Oktyabrın 31-də birinci semestrin qiymətləri elan edildikdə sinifdə birinci yeri tutdum: kursu bitirincəyə qədər həmişə birinci oldum. Lakin mən adi birincilərdən, yəni dinc, sakit, çalışqan, həmişə əlində kitab olan, yoldaşlarının lağa qoyub "əzbərçi" adını verdikləri şagirdlərdən deyildim. Əvvəl bütün siniflərdəki şagirdlərin hamısından güclü idim, ikincisi, bədəncə çox iri olmağıma baxmayaraq, çox qıvraq və çevik olub qaçmaqda və hoppanmaqda da birinci idim: alt dodağım hündürlüyündə çəkilmiş ipin üstündən tramplinsiz atdanırdım. Nə gimnaziyada, nə də sonralar məktəbdə, Vladimir Karqanovdan başqa heç kəs belə hündürlükdən mənim kimi atdana bilməzdi.

Axşam məşğələlərində mən öz dərslərimi bir saata, saat yarıma hazırlayar, qalan vaxtımı isə geridə qalan yoldaşlara kömək etmək üçün sərf edərdim. Onlar üçün çətin olan məsələləri həll edər, qrammatika, xüsusən əcnəbi dillər qrammatikası qaydalarını onlara başa salar, lakin dəftərimin üzünü köçürməyə heç bir vaxt ixtiyar verməzdim.

Mənim üzügülər olmağım və yoldaşlarıma qarşı olan münasibətim onları daha da mənə yaxınlaşdırırdı. Onlar mənə yalnız dostluq hissi deyil, habelə hörmət də bəslər və rəyimlə hesablaşardılar.

Mən yeddinci sinifdə oxuyarkən, ancaq buraxılış imtahanlarını verdim. Bir sinifdən o birinə keçdikdə isə illik imtahanları adətən verməzdim. Hər il mayın əvvəlində mən dərsdən buraxılar və ata-anamla yaylağa gedərdim. Kadet korpusu[12] adını almış gimnaziyanı 1883-cü ildə həm də bütün dərslərdən tam 12 bal almaqla bitirdim (o zaman hərbi məktəblərdə on iki ballıq üsulla qiymət verilirdi).

 

1883-cü il sentyabrın 1-də Peterburqdakı Mixaylov topçuluq məktəbinə daxil oldum. Buraya bütün kadet korpuslarından ən yaxşı, ən seçilmiş tələbələr toplanmışdı, lakin buna baxmayaraq, burada da ilin birinci yarısında birinci oldum. Sonralar isə başım paytaxt həyatına, teatr, konsert və başqa əyləncələrə qızışdığı üçün dərslərimə o qədər də vaxt ayıra bilmədim. Lakin bununla belə yenə də birincilər sırasında qalmaqda davam edirdim. Gimnaziyada olduğu kimi, burada da öz çevikliyim və diribaşlığımla başqalarından ayrılaraq, özümü yaxşı bir idmançı və at minicisi kimi göstərdim.

Məktəbimizin müəllimləri o zamanın məşhur şəxsləri idilər. Buna görə də, onların haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Akademiya və məktəb siniflərinin müfəttişi professor Lev Lvoviç Kirpiçev idi. O, gözəl bir kitab yazmışdı. Bu kitab elə bir dildə yazılmışdı ki, ən küt adam belə mexanikanı, ballistikanı və topçuluğun ümumi kursunu bu kitabdan özbaşına öyrənə bilərdi. Buna görə də, o, sinifdə mühazirə oxumayıb, laboratoriya-kompleks üsulu ilə dərs deyərdi.

Dərslərin birində Kirpiçev bizə söyləmişdi ki, indiki Rusiya torpağında ilk rəsədxana Pulkovda deyil, Səmərqənddə təsis edilmişdir və bu rəsədxananın banisi Teymurləngin nəvəsi böyük alim Uluğbəy[13] olmuşdur. Professor şagirdləri lövhəyə çağırdıqda, çalışardı ki, verdiyi sualların cavabını şagirdlər özləri tapsınlar; məsələn, Avropada birinci olaraq cib saatının harada çıxdığı sualına bütün şagirdlər, "Cenevrədə" – deyə cavab verirdilər. Müəllimimiz isə başa saldı ki, Avropada ilk dəfə cib saatından Böyük Karl istifadə etmişdir. Ona isə bu saatı Bağdad xəlifəsi Harun-Ər-Rəşid[14] bəxşiş göndərmişdir.

Müəllimlərimiz arasında məşhur texnologiya professoru Qadolin[15], sonralar bütün dünyada şöhrət tapmış ballist general-mayor Mayevski, gözəl kimyaçı general Fyodorov, fizik general Usov və bir çox başqaları da var idi.

Bunların hamısının şəxsən mənə çox böyük təsiri olmuşdur. Onların keçdiyi dərslərin faydasını da görür, bunlardan müəyyən zövq alırdım.

O zaman topçuluq məktəbləri kursuna ehtimal nəzəriyyəsi daxil deyildi, bu elmi ancaq akademiyada keçirdilər, lakin mən üçüncü sinfə keçdiyim zaman orta sinif proqramının ehtimal nəzəriyyəsi və onun top atışına tətbiqi elmini daxil etdilər. Bu elmdən sonralar topçu generalı olan professor Nikolay Aleksandroviç Zabudski[16]dərs deyirdi. Zabudski bu elmə dair qeydlər tərtib etmiş və bunları litoqrafiya üsulu ilə çap etdirmişdi. Mən öz təhsilimdə nöqsan olmasın deyə, bu qeydləri götürüb ehtimal nəzəriyyəsini öz-özümə öyrəndim.

Məktəbdəki məşğələlərdən başqa mən öz biliyimi artırmaq üçün başqa yerlərdə keçirilən bir sıra mühazirələrə də gedirdim. Məsələn, o zaman gənc general olan Kuropatkinin[17] mühəndislər akademiyasının zabitləri üçün oxuduğu "Türkiyə müharibəsində Skobelev[18] dəstəsinin əməliyyatı" mövzulu mühazirəsinə qulaq asdım. Sonra mən Baş qərargah rəisi general Draqomirovun[19], rus ordusunda yenicə tətbiq olunan səhra topları haqqında və məşhur professor Sezar Kyüinin[20] qala qarnizonunun sayı haqqında mühazirələrində və s. oldum. Yeri gəlmişkən deyim ki, Sezar Kyüi, eyni zamanda, məşhur bəstəkar idi. Zabitlər çox vaxt "topçular arasında ən yaxşı musiqiçi və musiqiçilər arasında ən yaxşı topçu" deyə onunla zarafat edərdilər.

Məktəbi mən 1886-cı ildə bitirdim, dərslərdə müvəffəqiyyət qazandığıma görə, pul mükafatı, atçapma yarışında birincilik qazandığıma görə də, qızıl saat aldım. Mən podporuçik rütbəsi alaraq 39-cu topçu briqadasına göndərildim.

II fəsil
Zabitlik xidmətimin birinci on üç ili

Mənim bütün xidmətim əvvəldən axıra kimi əla qiymətlə keçmişdir. Çatışmayan cəhətim ancaq ondan ibarət idi ki, mən akademik təhsil almamışdım. Bunun tamamilə şəxsi mahiyyətli bir səbəbi var. Mən gəhgir at kimi irəli atılaraq, gəncliyə xas olan bir təşəxxüslə: "Mən həyatda öz yerimi akademiyasız da tapa bilərəm" qənaətinə gəlmişdim. Heç xatirimdən çıxmaz, zabit olaraq xidmətə başlayandan on il sonra, 1897-ci ildə 20-ci topçu briqadasının baş hakimi doktor Zelenski mənə belə bir sual verdi:

– Bu cür istedadınız olduğu halda, niyə siz akademiyaya getmədiniz?

Bunun cavabında mən:

– İş belə gətirdi, – deyə cavab verdim.

Bu söhbət əsnasında yanımızda olan general Baumqarten dedi:

– Akademiyanı neyləyir, akademiya onun başıdır.

Doktor onunla razılaşmadı və sözünə davam edərək:

– Buna mənim heç bir şübhəm yoxdur, lakin ola bilər ki, vaxtı gələndə bəzi vəzifələr ancaq akademik təhsili olan zabitlərə verilər; onda başa deyil, kağıza baxarlar və o, kənarda qala bilər, – dedi.

General buna etiraz edərək, cavab verdi:

– O, heç bir vaxt geridə qalmayacaq, həmişə qabaqda gedəcəkdir.

Bu sözlərdən mən xeyli xoşhal oldum və vaxtilə dəliqanlılıqdan söylədiyim sözlərin o qədər də əsassız olmadığını anladım.

Xidmətimin birinci ilində məni təlim komandasına müəllim təyin etdilər və beş ilin ərzində mən hər il feyer-vergerliyə[21] yaxşı hazırlanmış adamlar buraxdım. Bundan sonra daha beş il həmin komandanı idarə etdim.

1896-cı ildə briqadanı təftiş edən dairə topçu rəisi general-leytenant Baumqarten (topçuluq məktəbinin keçmiş komandiri) mənim komandamı gözdən keçirərkən, briqada komandiri knyaz Ximşiyevə göstərib dedi:

– Bu zabit çox ağıllı adamdır, onu sənə təqdim edirəm.

Knyaz Ximşiyev cavab verərək dedi:

– Siz onu yunkerlikdə[22] görmüşsünüz, biz isə on ildir ki, onun zabitliyini görür və onu lazımınca qiymətləndiririk.

Bu təftişin nəticələri haqqında vermiş olduğu əmrnaməsində rəis təlim komandasını tənqid edərək axırda belə yazırdı: "Göstərilən komandaların əksinə olaraq, 39-cu topçu briqadasının təlim komandası sevindirici bir vəziyyətdədir…"

Sonra o, öz əmrində komandamın başqa komandalara olan bütün üstünlüklərini göstərib, mənə təşəkkür elan edirdi.

1895-ci ildə mənim doğma qardaşım oğlu, cavan zabit[23] bizim briqadaya keçdi. Topçu rəisi general-leytenant Parçevski dedi ki, rəislər bu zabit haqqında göstəriş vermək vəzifəsindən azaddırlar, çünki onun üçün əmisi Əliağa Şıxlinski kimi bir örnək vardır.

Bir dəfə korpus komandiri, general, knyaz Amilaxvari öz keçmiş döyüş yoldaşı olan mühəndis Qerşelmanın qızlarına baş çəkmək üçün Bakıya gəlmişdi. Söhbət əsnasında qızlardan biri ona, həmin briqadada onların yaxın tanışı Şıxlinskinin xidmət etdiyini söylədikdə, korpus komandiri, "Əliağanımı deyirsiniz?" – deyə soruşmuşdu. Poruçikin adını necə olubsa, yadında saxladığına təəccüb edən qıza general: "Şıxlinski kimi bir zabiti böyük rəis heç bir vaxt yaddan çıxarmamalı və onu yaxşı tanımalıdır" – deyə söyləmişdi.

Knyaz Amilaxvari bir dəfə cəbhəni gəzərkən mənimlə salamlaşaraq nə üçün öz atımı minmədiyimə təəccüb etdi. Mən ona cavab verdim ki, mənim atım gümüşü, top atları isə qaradır. Buna görə də, mən rəislərin qabağına bu cür atda çıxmağa cəsarət etmədim. Onda knyaz mənə dedi:

– Sizdən xahiş edirəm ki, bütün nümayişlərə, o cümlədən, ali rəislər üçün düzəldilən nümayişlərə mənim əmrimə əsaslanaraq öz gözəl atınızda çıxasınız.

Xidmətimizin birinci ilində qayda belə idi ki, evdə həll etmək və bütün sənədlərlə bərabər korpus topçu rəisinin idarəsinə təqdim edilmək üçün zabitlərə taktiki məsələlər verirdilər. Verdiyim birinci məsələ parlaq surətdə həll edildi, korpus üzrə mənə təşəkkür elan edildi.

Lakin irəliləməyim üçün bütün bu tərif və təşəkkürlərin o qədər də əhəmiyyəti yox idi: heç bir təşəkkür və tərif almayan bütün başqa topçu zabitləri kimi, mənim də irəliləməyim çox ağır gedirdi, çünki topçu hissəsində rütbə vermək işi ciddi bir növbəyə tabe tutulmuşdu. 39-cu topçu briqadasında yaxşı işlədiyimə görə, iki orden: III dərəcəli Stanislav və III dərəcəli Anna ordenləri almışam.

Atda gəzməyi çox sevdiyim və ata yaxşı bələd olduğum üçün bütün boş vaxtımı at üstündə keçirərdim. At qaçdığı zaman onun üstündə durub cürbəcür oyunlar çıxarmaqla, öz yaşıdlarıma və kiçik yoldaşlarıma böyük təsir bağışlardım. Məndən xahiş edirdilər ki, onlara yaxşı at sürməyi öyrədim. Kapitan Buxovski də belə bir xahiş ilə mənə müraciət etdi, çünki o, zabitlik məktəbinə göndəriləcəyini bilib qabaqcadan buna hazırlaşmaq istəyirdi. O, istədiyim qədər zəhmət haqqı verəcəyini söylədikdə, ona etiraz edib dedim ki, Konstantin Vasilyeviç, siz mənim böyük qardaşımsınız və məni özünüzə müəllim seçməklə mənəvi haqqımı ödəmiş olursunuz, maddi haqdan isə tamamilə imtina edirəm. Kapitan fitrətən o qədər də istedadlı deyildi, lakin buna baxmayaraq, nəhayət, məktəbə daxil oldu.

1895-ci ildə rus topçu hissələrində divizionlar tətbiq edilmişdi. Qafqaz dairəsində isə bu sistemə hələ keçməmişdilər. Birinci və ikinci batareyanın komandirləri Rusiyadakı divizionlara təyin olunaraq oraya getdilər. Sonra birinci batareyaya çox yaxşı və elmli bir qərargah zabiti gəldi. Lakin bu adam üçün müddət nizami hissələrdə olmadığından bu cəhətdən bir qədər geridə qalmışdı. İkinci batareyanın komandirliyinə İvanoviç təyin edildi. O, belə bir qərara gəldi ki, ikinci batareya, hər cəhətdən birinci yeri tutan birinci batareyanı ötüb keçməlidir. Lakin birinci batareyanın yeni komandiri məndən xahiş etdi ki, doğma batareyamı unutmayıb təlim işini öz əlimə alım. Təlim komandası müdiri vəzifəsində həftədə iki dəfə Calaloğlundan[24] Gərgərə[25] gedirdim. Bizim batareya orada dururdu və mən hər dəfə top, vzvod və batareya ilə təlim keçirdim. Bu iş bütün qışı davam etdi.

Yayın əvvəlində komandirim başqa yerə təyin edildiyindən, müvəqqəti olaraq (8 ay) onun yerini dolandırdım. Bu müddətdə batareya nizam cəhətdən nəinki zəifləşmədi, əksinə, daha da intizamlı oldu. Bu hal İvanoviçin xoşuna gəlmədi, o, üzdən bunu hiss etdirməməyə çalışaraq mənimlə çox soyuq dolanmağa başladı.

Yayda bizim batareya divizion komandirinin komandası altında təlim meydanında məşqə çıxdı. Bu kimi topçu məşqləri Qafqazda yeni bir iş olduğundan bütün düşərgə zabitləri bu məşqdə iştirak edirdilər. Mənim batareyam sağ cinahda dururdu. Batareyaya hədəf olaraq bir piyada dəstəsi göstərilmişdi. Üçüncü atışda mən bu dəstənin tən ortasını vurdum. Sonrakı atışlarımda bir neçə hədəfi də dağıtdım. Divizion komandiri atəşi dayandırmaq əmrini verdi və şərti olaraq göstərdi ki, piyada dəstəsi dağılmış və çala-çuxurda gizlənmişdir.

Sonra mənə ikinci bir tapşırıq verildi: "Hədəfimizin sol tərəfindən səngərlərdə gizlənmiş, gözlə seçilə bilməyən düşmən batareyası vardır. Onu tapıb atəşə tutun". Bu batareyanı adi gözlə heç kəs görmürdü. Mən durbinlə baxıb onu tapdım və vzvod komandirlərinə göstərdim; halbuki batareyanın ən iti gözlüsü hesab olunan tuşlayıcılar hədəfi qətiyyən görmürdülər. O zaman toplarımız köhnə toplar idi. Bunlarda atış vaxtı müstəqim xətdən qeyri-müstəqim xəttə keçməyə imkan verən nişangahlar yox idi, buna baxmayaraq, mən atəş açdım və ata-ata hədəfi tapıb vurmağa başladım. Çox keçmədi, atəşi dayandırmaq əmri gəldi.

Məşq qurtardıqdan sonra düşərgə rəisi knyaz Ximşiyev başda olmaqla hamı müzakirəyə yığışdı. Əsas məsələ gizlədilmiş düşmən batareyasına atəş açmaq idi. Düşərgə rəisi məndən soruşdu:

– Siz hədəfi görürdünüzmü?

Mən cavab verdim:

– Adi gözlə hədəfi heç kəs görmürdü, mən və vzvod komandiri isə durbində gördük. Tuşlayıcılardan heç kəs hədəfi görmürdü.

– Bəs atəşi necə açdınız? – sualına mən:

– Bu hədəfin dalında geniş yaşıl əkin tarlası vardır, bu yaşıl zəmi üzərində tez yetişmiş buğda sünbüllərindən ibarət açıq-sarı bir dairə görünməkdədir. Mən tuşlayıcıya əmr verdim ki, öz topunu bu dairənin aşağı tərəfinə tuşlasın və sonra nişan xəttini qeyd etsin, topların yüksəklik bucağını nişangah üzrə deyil, kvadrat üzrə komanda etdim, – deyə cavab verdim.

Hamı maraqla dinləyirdi, aydın idi ki, atəşin nə cür açıldığını mən söyləməyincəyə qədər, heç kəsin ağlına gəlməmişdi.

Knyaz Ximşiyev üzünü İvanoviçə tutaraq dedi:

– Demək atəş açmaq mümkün idi?!

İvanoviç bərk qızardı və mən dərhal başa düşdüm ki, özümə bir düşmən qazanmışam. Bu hadisə mənim yadımda çox yaxşı qalmışdır, çünki bu, mənim xasiyyətimi göstərən bir hadisə idi. Mən ən çətin vəziyyətdən çıxmaq üçün ən asan yollar tapmağı bacarırdım. Sonra məndən soruşdular:

– Birdən sarı ləkə olmayaydı, onda nə edəcəkdiniz?

Mən cavab verdim:

– Onda da atəş açdırardım, vzvod komandirlərinə əmr verərdim ki, durbini gözlərindən çəkməsinlər və öz toplarından on addım qabağa getsinlər, adamlara da əmr edərdim ki, topların qundağını o vaxta qədər o tərəf-bu tərəfə çevirsinlər ki, lülələri hədəfə yönəldilmiş olsun. Sonra bu vəziyyəti paya ilə nişanlayıb, yüksəklik bucağını yenə də kvadrat üzrə komanda edərdim.

Təlim meydanında təcrübə məşqi qurtardıqdan sonra biz piyada ilə süvarilərin ümumi manevrində iştirak etmək üçün Sarıqamış[26] kəndi rayonuna getdik. Burada keçiriləcək yeni məşqlərdən birində belə bir məsələ həll edilməli idi: burada toplanmış qoşunların bir hissəsi 1215 verst o yana, Türkiyə sərhəddinə tərəf getməli və ertəsi günü oradan, guya Qars tərəfdən hücum edən digər hissələrin qabağına çıxmalı idi.

Bizim batareya briqadamızın 3-cü batareyasının yarım batareyası[27] və altı batareya axşamdan həmin dəstəyə getmişdi. Birinci batareyada zabitlərdən ancaq mən qalmışdım, çünki iki kiçik zabit at siyahısı tutmaq üçün göndərilmişdi, 3-cü batareyanın yarım batareyasında isə vəzifəcə məndən böyük, biri kapitan Taçalov, o birisi isə poruçik Kolsov olmaqla ikicə zabit vardı. Altı topçu atlı batareyanın bütün heyəti, batareya və üç vzvod komandiri ilə birlikdə əmrə hazır idi.

Səhər manevra günü dəstəmiz çıxış nöqtəsi olan şoseyə toplanmışdı; bizim ordugahdan oraya düppədüz bir yol gedirdi, ordugahın lap qabağında isə sərt, lakin qısa bir eniş var idi; lap bir dərə içərisindən keçən bu enişin uzunluğu bir verst olardı. Mən sübh tezdən atla bütün dərəni dolaşaraq gördüm ki, yol yoxdur, dərənin başında isə bir bulaq var və bu bulaqdan daşların arası ilə kiçik bir arx axır. Bu yol çox dar idi. Çay ilan kimi qıvrılıb gedirdi, odur ki, həmişə daşları dolanıb keçmək lazım gəlirdi. Bütün bu çətinliklərə baxmayaraq, öz batareyamızı sağ-salamat buradan keçirmək ümidində idim. Feyervergerlərlə sürücülərə güvənirdim, çünki çox yaxşı təlim keçmişdilər.

Geriyə döndüm, batareyaya baxdım və xatircəmliklə özümə dedim ki, dərəni keçəcəyəm. O biri batareyalar 8-ci topçu batareyası kimi ağır bir batareyanın dərə ilə getdiyini görüncə, dolama yol getməyi özləri üçün ar bilərək mənim ardımca getmək qərarına gəldilər. Mən batareyamı bu enişdən başıaşağı sürürdüm. Toplar iki tormozla enirdi. Aşağıda adamlarıma dedim ki, geriyə dönüb baxmasınlar və mən özüm də baxmayacağam. "Qabaqda gedən top mənim ardımca, məndən on beş addım dalda o biri toplar gələcək. Bunlar da ciddi nizamla bir-birindən üç addım deyil, on addım aralı gedəcəklər". Bu qayda ilə biz şoseyə çıxdıq.

İkinci və üçüncü toplar da şoseyə çıxdığı zaman korpus komandiri knyaz Amiracibi bizə yaxınlaşdı. Amiracibi keçmişdə bizim diviziyanın komandanı idi, daha əvvəllər isə Sarıqamışda mənzil salmış Yelizavetpol polkunun komandiri olmuşdu. Buna görə də o, vaxtilə öz ümumi qərargahına tabe olmuş bütün bu həvalini[28] çox gözəl tanıyırdı. Amiracibi bütün batareyanın şoseyə gəlib çıxmasını gözlədi və hamı çıxıb qurtardıqdan sonra üzünü yanındakı adamlara tutub dedi:

– Öz gözümlə görməsəydim, bu batareyanın buradan keçdiyini atam özü gəlib söyləsəydi, inanmazdım.

O, batareyaya təşəkkür edib getdi.

3-cü yüngül batareyamızın yarım batareyasını çox gözləməli olduq. Nəhayət, o, qayınağacı çubuqları ilə bağlanmış iki sınıq dişləsilə[29] gəlib çıxdı. Altı dişləsindən dördünü sındırmış, atlı batareya da gecikmişdi. Korpus komandiri dedi:

– Təlimdəki fərq görürsünüzmü özünü necə göstərir.

Manevr başlandı. Ümumi sırada biz dala düşdük, atlı batareyanı isə qabağa keçirdilər. Bir qədər sonra məni qabağa çağırdılar. Mən atımı oraya çapdım, korpus komandiri bir dəstə zabitlə burada dayanmışdı: yarım batareya komandiri kapitan Taçalov və atlı batareya komandiri podpolkovnik Belıy da onun yanında durmuşdular. Sağ tərəfdən dəstə getməliydi, bu dəstənin komandiri yanında topçu hissəsinin olmasını arzu edirdi. Dərənin içindən sağ tərəfdə dik bir yoxuş var idi. Bu yoxuşu görən topçu komandirləri batareyanın buraya qalxa bilməyəcəyini bildirmişdilər. Odur ki, məni çağırtdırmışdılar. Korpus komandirinin:

– Batareyanı buraya qaldırmaq mümkündürmü? – sualına:

– Qaldıra bilərəm, – deyə cavab verdim.

Komandir mənə dedi:

– Onda tez olun, öz batareyanızı sürün.

Mən batareyanın dalısınca çapdım və onu qova-qova qabağa keçirdim. Batareya komandasına əmr etdim ki, hər kəs çayda hər əlinə bir daş götürsün və yoxuşda batareyanı dayandırdığım zaman bu daşları onun təkərlərinin altına qoysun, yoxsa toplar yoxuşdan geri diyirlənər, atları da özlərilə çəkib apara bilər. Yoxuşda mən batareyanı üç dəfə dayandıraraq, atlara istirahət verməyə məcbur oldum. Beləliklə, sağ-salamat yuxarı qalxıb meşənin içində düz bir meydançaya çıxdıq, oradan da düşmənin sol cinahını dövrələmək üçün göndərilmiş polkun dalısınca getdik.

Manevra qurtardıqdan sonra mən batareyanı sıx sıralara düzərək ona təşəkkür etdim. Ümumiyyətlə, təşəkkür etmək cəhətdən çox xəsis olduğumdan hamı hiss etdi ki, bu gün həqiqətən, təşəkkürə layiq başqa bir gündür.

Axşam yeməyi, hər əsgərə adətən bir çətvər[30] ətlə sıyıqdan ibarət olurdu. Bu gün əmr etdim ki, mənim hesabıma hər əsgərin ət payını yarım girvənkə[31] artırsınlar və onlara araq da versinlər. Bunun üçün də, podratçılardan ən əla ət aldım. Yaxşı bir xörək hazırladılar. Mən əsgərlərlə bir yerdə xörək yemək qərarına gəldim və öz masamı yan tərəfdən qoydurdum. Hərə bir qədəh araq içdi, mən isə ömrümdə bir dəfə də olsun araq içmədiyim üçün (onun dadını indiyə kimi də bilmirəm) əsgərlərin sağlığına bir balaca stəkan Kaxeti şərabı qaldırdım. Bu cür yemək, manevradakı fəaliyyətlərinə görə əsgərlərə bir növ təşəkkür idi.

2Əli-Qazax – Əliağa Şıxlinskinin ulu babası (ata) Əli Qazaxın övladları 1806-1812-ci illərin Rusiya-İran müharibəsində yadellilərə qarşı mərdliklə vuruşmuşlar. 1810-cu il iyunun 10-da Qafqazdakı rus qoşunlarının baş komandanı general A. P. Tormasov hərbi nazirə göndərdiyi raportda yazırdı ki, sərhəd rayonunda yerli əhalidən xüsusi dəstə yaradılmışdır. Onlar doğma torpaqları uğrunda inadla vuruşaraq türklərin və iranlıların hücumlarını dəf edirlər. Komandan Qazax azərbaycanlılarının qəhrəmanlığını xüsusi qeyd etmişdir. 1810-cu il martın 29-da Erivan Yerevan – Ş.N. sərdarının qardaşı Həsən xan üç minlik qoşunla Dilican dərəsindəki kəndlərə hücum çəkib mal-qaranı aparmış, yerli əhaliyə çox divan tutaraq onları talan etmişdir. Yüz nəfərdən ibarət Azərbaycan atlı dəstəsi Həsən xana qarşı gözlənilmədən zərbə vurmuşdur. Azərbaycan atlıları qırx nəfərə yaxın düşməni məhv etmiş, farsların ələ keçirdikləri mal-qaranın çox hissəsini geri almış və farsların iyirmi atını ələ keçirmişdilər. Bu zaman onların iki qəhrəman döyüşçüsü həlak olmuş, dəstənin rəhbəri Əli-Qazaxoğlu, Əliağa və Nəsrulla bəy də daxil olmaqla bir neçə nəfər də yaralanmışdır. (Bax: S. P. Ağayan. Роль России в исторических судьбах армянского народа, səh.183). Onu da xatırladaq ki, Şıxlinski nəslinin yetişdirdiyi görkəmli şair və mayor Mustafa ağa Arif də bu müharibədə yaxından iştirak etmişdir. Baş komandan A. P. Tarmosovun verdiyi başqa bir raportda üstü yazılı “İgidliyə görə” qızıl medalla təltif olunanlar arasında igid mayor Mustafa ağa Arifin adı da vardır. Şair Mustafa ağa Arif (1774–1845) XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb. Böyük şairimiz M. P. Vaqif ədəbi məktəbinin davamçılarından biridir.
3Kazım ağa Salik Şıxlinski (1781–1842) – XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşamışdır. Molla Pənah Vaqif ədəbi məktəbini davam etdirən şairlərdəndir. Salik haqqında ilk dəfə mətbuatda çıxış edib şeirlərini çap etdirən ("İrşad" qəzeti, 8 mart 1908-ci il, №29) məşhur maarifpərvər, ədəbiyyatşünas Firidun bəy Köçərli olmuşdur.
4Çar Konvoyu – hərbi hissədə nəqliyyat əsirləri mühafizə edən dəstə
5Süvari Korneti – süvari qoşununda birinci zabit rütbəsi
6Praporşik – çar ordusunda ilk zabit rütbəsi hesab edilirdi. Qədim yunanlarda "prapor” – bayraq demək idi.
7Mirzə Hüseyn Əfəndi Yusif oğlu Qayıbzadə (1830–1917) – Tiflisdə Zaqafqaziya ruhani idarəsinin müsəlman mədrəsəsində şəriət müəllimi olub. Ərəb, fars, və rus dillərini mükəmməl bilirmiş. Bu dövrdə Mirzə Hüseyn M. F. Axundov və gürcü şairi İlya Çavçavadze ilə tanış və dost olur. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması üçün Mirzə Fətəli Axundovla birgə səy göstərir. Mirzə Hüseyn Qori seminariyasında Şərq dillərindən dərs deyib, 1881-ci ildə Qafqaz canişininin əmrilə müəllimlikdən azad olub Zaqafqaziya müftüsü təyin edilib. O, ömrünün sonuna kimi bu vəzifədə çalışıb, yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb edib. O, "Dəsturi-nisvan", "Qadın və qızlarımızın təlim və tərbiyəsi" adlı məqalələrində sübut edirdi ki, qızların yeni tipli məktəblərdə təhsil almaları heç də şəriət qanunlarına zidd deyildir. Şəriətin qara qanunlarının hökm sürdüyü belə bir ağır vaxtda, o öz həyat yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti" ndə iştirak etməyə icazə vermiş, qızları Nigar və Gövhəri rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurub. Həmin İnstitutu Nigar xanım Qayıbova (Usubova) 1903-cü ildə qızıl medalla bitirib.
8Bahadır Mirzə Hüseyn oğlu Qayıbov (1878–1949) – general Əliağa Şıxlinskinin böyük qaynı. Şıxlinski ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki 14 nömrəli evin 20-ci mənzilində yaşayıb. Bahadırla yaxın qonşu olublar. Azərbaycan Dövlət tarix muzeyinin arxivində Ə.Şıxlınskinin yazdığı "Vəsiyyətnamə" var. Üstündə yazılıb ki, mən öləndən sonra açmalı. Məktubda Bahadır Qayıbovu və onun həyat yoldaşını böyük hörmət və ehtiramla xatırlayır. Hər ikisinə Nigar xanımın ölümündən sonra ona göstərdikləri qayğı üçün intəhasız min-nətdarlığını bildirir. Akademik Heydər Hüseynov 1945-ci il aprelin 20-də Bahadır Qayıbovun tibbi-ictimai fəaliyyətinin 40 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır: "… Lakin mən burada sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz və sizin həyat yoldaşınız Varvara Minayevna məşhur hərbi xadim və alim, köhnə ordunun generalı, Azərbaycan xalqının sadiq oğlu Əliağa Şıxlinskinin həyatının son illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz". Onu da xatırladaq ki, Bahadır Qayıbov respublika tibb elmi sahəsində fəal çalışan xadimlərdən biri olub. 1987-ci ildə Birinci Tiflis Gimnaziyasını əla bitirən Bahadır Xarkov universitetinin tibb fakültəsini də qırmızı diplomla qurtarmış, üç il Xarkovda və sonralar ömrünün sonuna kimi Bakıda epidemiya, vəba həkimi işləyib. 1936-cı ildə Sovet Azərbaycanının on beş illik yubileyində ona "Əmək qəhrəmanı" adı verilib. Respublikanın Əməkdar həkimi Bahadır Qayıbov 1949-cu ildə yetmiş bir yaşında Bakıda vəfat edib.
9Mehemmed Əfəndi Müftizadə (Vidadov) – Keçən əsrin ikinci yarısında Tiflisdə Zaqafqaziya müsəlmanlarının müftisi (sünnilərdə baş ruhani rütbəsi, din alimi – Ş.H.) vəzifəsində çalışmışdır. O, XVIII əsrin görkəmli şairi Molla Vəli Vidadinin nəvəsidir. 1867-1868-ci illərdə Şamaxıya gəlmiş, Seyid Əzim Şirvani ilə görüşmüşdür. Şair ona yazdığı “Məhəmməd əfəndi Müftiyə” (64 misralıq, S.Ə.Şirvani, əsərləri, 1969-cu il, səh. 244–245) qəsidəsini təqdim etmişdir. Məhəmməd əfəndinin atası Osman əfəndi (Molla Vəli Vidadinin oğlu Ş.H.) uzun müddət məktəbdarlıq və müftilik etmişdir. Firidun bəy Köçərli yazır ki, Molla Vəli Vidadinin oğlu mərhum Osman əfəndi alim və fazil bir şəxs olmuşdur. Şair Mustafa ağa Arif Şıxlinski 1826-cı ildə Qafqaz canişini Aleksey Petroviç Yermalov tərəfindən Kazana sürgün olur. Həmin illərdə Şıxlı qəriyyəsindən mindən çox kəndli üsyan edib hökumətə vergi vermək-dən boyun qaçırır. Dekabristlər üsyanının təsiri-qorxusu ilə vahiməyə düşən canişin Yermolov mayor Mustafa ağa Arifi üsyanın başçısı adı ilə sürgün edir. Sürgündə olanda Osman əfəndi nəzmlə məktub yazıb rica edir ki, oğlu Əliağanın təhsilində göz olsun, onu məktəbi buraxmağa qoymasın. Şair Mustafa Ağa Arifin oğlu Əliağa sonralar məşhur Muğan alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Müxəmməs”ində (Axundov, əsərləri I cild, səhifə 344) belə xatırlayır: Tiflis müsəxxər sənə, ey düxtəri-tərsa!Aşiqlərinə məbəd olub deyrü-kəlisa!Məndən sənə vəsf istədi şıxlı Əli ağa,Dedim səni vəsf etməyə manəndi-Məsiha,Ruhulqüdüs imdadı gərək nitqi-Məsiha. Bəzi tədqiqatçılar Mirzə Fətəli Axundov "Müxəmməs" ində adı çəkilən Əliağanı general-leytenant Əliağa Şıxlınski hesab edir. Bu fakt tamamilə səhvdir. Çünki Ə.Şıxlinski 1863-cü ildə anadan olub. Hələ anadan olmayan Əliağa Şıxlınski Mirzə Fətəli ilə necə görüşə bilərdi?
10Nikolay Qriqoryeviç Stoletov (1834–1912) Rus inafanteriya (piyada) generalı. Məşhur fizika alimi A. Q. Stoletovun qardaşı. Krosnovodsk şəhərinin əsasını qoymuş, Amudərya elmi-ekspedisiyasına rəhbərlik etmişdir. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində Şipka müdafiəsinə komandanlıq etmişdir.
11Qori Seminariyası – kənd məktəbləri üçün müəllimlər hazırlayan Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası ilk dəfə 1876-cı ilin sentyabrında açılıb. Həmin il rus, erməni, gürcü şöbələri fəaliyyətə başlamışdır. 1879-cu ildə isə Azərbaycan şöbəsi açılmışdır. 1918-ci ildə Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qazaxa köçürülən seminariya sentyabrın 17-də fəaliyyətə başlamışdır.
12Kadet korpusu – İnqilabdan əvvəl çar Rusiyasında zadənganlara məxsus qapalı hərbi orta məktəb. Dvoryan uşaqları yeddi-səkkiz yaşında buraya qəbul edilirdi.
13Uluğbəy Məhəmməd Təraqay (1394–1449) – Orta Asiyada elm və dövlət xadimi. İstilaçı Şərq hökmdarı Teymurləngin nəvəsi, 1409-cu ildə Səmərqənd hakimi, "Zici Uluqbəy astronomik əsəri" nin müəllifidir.
14Harun-ər-Rəşid – Abbasilər sülaləsinin hökmran olduğu dövrdə 786-809-cu illərdə hökmranlıq etmiş ərəb xəlifəsidir. "Əlif Leyla" ("Minbir gecə") ərəb nağılında idealizə edilərək bacarıqlı, ədalətli bir hökmdar kimi təsvir olunmuşdur. Əslində isə o, 808-809-cu illərdə Qaradağda, Lənkəranda və Muğan düzənliyində ərəb işğalçılarına qarşı mübarizəyə qalxmış xürrəmilər hərəkatını yatırmaq üçün ən vəhşi və qəddar metodlardan istifadə etmiş və üsyançılardan əsir tutulanları dərhal öldürmək haqqında əmr vermişdir. Harun-ər-Rəşi-din dövründə ərəb xəlifələrinin yerli əhaliyə qarşı zülmkarlığı daha da artmışdır.
15Aksel Vilhelmoviç Qadolin (1828–1892) – Peterburq Elmlər Akademiyasının akademiki, artilleriya generalı. Artilleriyada top lülələrinin bərkidilməsi nəzəriyyəsini hazırlamışdır.
16NikolayAleksandroviç Zabudski (1853–1892). Rus artilleriya alimi, general-leytenant.
17Aleksey Nikolayeviç Kuropatkin (1848–1925). Hərbi xadim, piyada general-adyutantı, 1877-1878-ci illərdə Rus-Türk müharibəsi zamanı özünü cə-sur bir zabit kimi göstərmiş general. M. D. Skobelevin qərargah rəisi olmuşdur. 1904-1905-ci illərdə Rus-Yapon Müharibəsi zamanı Mancuriya ordusunun komandanı olmuşdur. Uzaq Şərqin hərbi qüvvələrinə komandanlıq etmişdir. Özünü iradəsiz və yaramaz hərbi komandir kimi göstərmişdir. 1905-ci ildə rus ordusunun Muq-den ətrafındakı məğlubiyyətindən sonra bu vəzifədən çıxarılmışdır. Birinci Dünya müharibəsində Şimal cəbhəsinə komandirlik etmiş, 1916-cı ildə Türküstan ordusunun komandiri olmuş və yerli əhali arasındakı inqilabi hərakatı yatırmağa rəhbərlik etmişdir. 1917-ci ildə həbs edilmiş və Petroqrada göndərilmişdir. Müvəqqəti hökumət tərəfindən azadlığa buraxıl-dıqdan sonra Pskov quberniyasında yaşamışdır.
18Mixail Dmitriyeviç Skobelev (1843–1882). Rus ordusunun piyada generalı. Baş qərargah Akademiyasını bitirib. Orta Asiya hərbi ekspedisiyalarında fəal iştirak edib. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində qoşun komandanı olub. Şəxsi hünərilə xüsusi hörmət və şöhrət qazanıb.
19Mixail İvanoviç Draqornirov (1830–1905). Rus hərbi nəzəriyyəçisi, piyada generalı, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində diviziya komandiri olmuşdur. 1879-cu ildən Akademiya Baş Qərargahının rəisi olmuş, sonra isə Kiyev hərbi dairəsinə komandanlıq etmişdir. Ordunun təlim-tərbiyə məsələlərində Suvorovun davamçısıdır.
20Sezar Antonoviç Kyüi (1835–1918). Mühəndis-general. Hərbi Mühəndislik Akademiyasının və Baş Qərargah Akademiyasının istehkam işləri üzrə müəllimi, 1877-1878-ci illərdə Rus-Türk Müharibəsinin iştirakçısı olmuşdur. Səhra və uzunmüddətli istehkam işləri üzrə bir neçə əsərin müəllifidir. Həm də bəstəkar və musiqi tənqidçisi kimi məşhurlaşmışdır.
21Feyerverger – alman dilində Feşeq – od və işçi sözlərinin birləşməsindən əmələ gəlib. Rus və bir neçə xarici orduda kiçik komandir rütbəsi olub. Kiçik artilleriya hissəsində piyada unter zabitinə bərabərdir. Bu rütbə Rusiyada XVIII əsrdən ta 1917-ci ilə qədər davam edib.
22Yunker – XIX əsrin birinci yarısından etibarən rus ordusuna könüllü daxil olan və zabit hissəsində qulluq edən gənc zadəgan rütbəsi.
231895-cİ ildə mənim doğma qardaşım oğlu, cavan zabit bizim briqadaya keçdi… – həmin cavan zabit sonralar general-mayor rütbəsinə qədər yüksələn Cavadbəy Məmmədağa oğlu Şıxlinski olub.
24Calaloğlu – indiki Stepanavan, Ermənistan SSR-də şəhər
25Gərgər – Stepanavan şəhəri yaxınlığında kənd. Böyük rus şairi A. S. Puşkin 1819-cu ildə Ərzuruma səfəri zamanı bu kənddən keçib.
26Sarıqamış – Türkiyədə kənd. Qars şəhəri yaxınlığındadır. O zamanlar Rusiya ərazisinə daxil idi. I Dünya Müharibəsi vaxtı "Sarı-qamış əməliyyatı" adı ilə tarixə düşmüşdür.
27O zaman batereya 8 topdan ibarət olub, hər birində 4 top olan iki yarım batareyaya bölünürdü. (Red.)
28Həvali – ətraf, şəhərkənarı
29Dişlə – qoşqu aləti
30Çətvər – çəki vahidinin dörddə biri
31Girvənkə – 400 qr. çəki vahidinə bərabərdir.