Yasaq edilmiş oyun

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

İmaməli gördü,laldinməz danışdıqca ilişəcək. Odur ki, “yaxşı”,dedi,him-cimlə; gah qaşının birini qaldırdı,gah o birini, gah gözünü bərəltdi, gah ovurdunu şişirtdi. Bu yerdə az qalmışdı, lap belə yekə bir qələtə yol versin. Ovurdu dolanda , necə ki, balabançı züy tutanda ovurdu şişir,içərisi bir hıqqıldayır,bax, eləcə bir hıqqıltı qopdu. Bayaqkı,qonağın törətdiyi yalandı,heçdi. Bunun bircə sədası eşidildimi,qurtardı.O birini buraxıb, bundan yapışacaq,tərsləşib bütün acı-ağrını bu birinci günün “Laldinməz” ində qoyacaqdılar belinə.

İmaməli gözünü bunlardan ayırıb,dükan-aşxananın bircə gözündən eşiyə,aşağı aşağının yuxarısına baxdı.Bununla o, əsla ayrı söz çatdırmaq istəmirdi. Amma belə duyuldu: “Oranı unutmayın . Çinar altından o yana-bu yana.Kamıyev, Gəldiyev,Verdiyev yoldaşların şamı,şam yeməyi buradan gedir. Mən indi onlara firni, şüyüd-plov tədarükündəyəm,yüngül yatsınlar”.

Bunu qananda,cin vurdu Xəlilin təpəsinə: “Oranı bizim gözümə soxma. Ora oradı,bura da bura . Adamın dədəsini bu qazan- qaşıq qarışıq dalına şəlləyənlər, gündüzün gündüzündə bazaraşağı-bazaryuxarı qovarlar”.

Doğrudur, bunların elə cəzası ola bilərdi,qolu qandallı dustaq bucağı muştuluq sayılardı.

“Sən sağ, biz salamat!”

“Buyurun gedin.Allah mərdimazarın evin yıxsın.Motalpapaq köpəkoğlunun bir salamının girinə keçdim. Nə deyirəm,haçan , harda , nə cəza…”

"Onu sənə fərraş,duyuqçu,onbaşı çatdıracaq,biləssən".

Adamınkı gətirəndə gətirir.Bir var hər gün,günaşırı gəlib bu masanın qırağında hamı təki əyləşəsən.Səfərəli gətirə qabağına bir kasa bozbaş,bir büküm yuxa qoya.Yeyib sivirib,"bərəkət"deyib qalxasan.Bir də var var,iyirmi kişiylə çıxasan ortaya.Kölgəni görcək,İmaməli özü atıla aşxanadan yüyrə qabağına.Başının bütün yığnağıyla, dil töküb, səni götürə gələ ocaq başına. Bu mətbəxdə, bu aşxanada quş iliyi, can dərmanı nə bişirib düşürmək olarsa, hamısından 20 pay çəkə, sürünə-sürünə gətirə süfrəyə. O sayaq ki, ayrıca bir sahmanla bişirib, Səfərəlidən göndərdiyi yerlərin yeməyi Gər Xəlilə şam-nahar verilən xörəyin qabağında atabaxan cirəsindən artıq sayılmaya.

Aşxanadan kefi kök, damaqları çağ çıxdılar. "Lal dinməz"i təkcə bu gediş-tapışla saxlamaq olardı. Ertəsi başlansın ayrısı-gerisi. Amma elə bil biri Mürşüd kişiyə dedi ki, bir yuxarı , Məmməd bəy kəhrizinə də baş çəkin. Naxırın gələn vədəsi, orada da əlinizə bir şey keçə bilər. O, bu duyğusunu elə əyan sezdirdi ki, Xəlil padşah da duyuxdu, sarı uzunboğaz çəkmələrindən şər işartısı cilvələndi.

Tərpəndilər çaylaq yuxarı , Məmməd bəy kəhrizinin arxı boyunca, Qayaburun səmtə.

Gər Xəlil əbəs yerə Mürşüd kişini özünə vəkil götürməmişdi. Mürşüd dinməz-söyləməz , amma uzaqgörən adamdır. Havanın toranlaşdığı axşam çağında onun ağlına bir şeir gəlməsə idi, işarə vurmazdı. Buna "axşam bazarı" deyərdilər. Orada, çaylaq başında o nə gözləyir, nə arayırdı, bir yana . Bir də, geri dönəndə artıq qaranlıq aranı basacaqdı. Ötüb-keçən kim kimi görüb deyib, dillənəcək, səs-səmirə yol verəcəkdilər.Onda bəlkə bir əməlli-başlı kəs urcah oldu, keçdi caynaqlarına. Hər halda Mürşüd kişinin çaylaq başın seçməyi Gər Xəlil və meyxoş Cəmşiddən ötrü maraqlı idi. Onun şər vaxtı nə itiyi itmişdi ki, oyunun ilk həlqəsinin dolandığı, ilk günün sona vardığı anda bunları daşlı-çınqıllı çaylağın arasına salıb, çəkib aparırdı oraya, kimsəsiz kəhrizin gözünə, bəlkə ondan da yuxarı.

Çaylaq adasına- Səməd bağına yetişəndə, Mürşüd ayağını yavaşıtdı. Yuxarıdan qum-çınqıl qıjıltısı eşidildi. Sel olmazdı, sel gəlsə, qabaqca bir göy guruldayar, yağış-yağmur tökərdi. Qıjıltıyla birgə çaylaq arasına ağır hənir doldu. Guya çaylağı iki qola ayırmış adanın bu yanı, kəhriz səmtdən bir qara qoşun yeriyirdi. Ayaqlarının altında yer eşilir, çaylaq xışıldayırdı. Bir az da getmişdilər ki, qarşıdan neçə işartı işardı. Fınxırıq, hıqqıltı-hökgültü basdı çaylağı, çökəyi. Qabağa düşmüş qara-boz inəklər gəlib bunların iki yanından ötdülər. Ondan sonra naxır gurhayladı. Padşah-aləm vəzir-vəkiliylə qaldı heyvanın, qara malın arasında. Gəlib keçən inək,düyə , buğa , cöngə, dana-duna sahib zamana, Mürşüd-Cəmşidə toxunub, sürtünə-sürtünə ötürdülər. Yaxşı yemişdilər Xubyarlı örüşündə, Kümbəz kövşənində. Ala-toranda ağaran yelinləri paçalarına sığmır, ağır-ağır axışırdılar.

Çıxa bilmədilər aradan. Dillənmək də olmurdu, necə dillənəsən. Bu vədə, naxır obaya dönəndə hay-harayı dərəni başına alan Atdıxanın heç izi-tozu yoxdu. Mal sürüsü elə bil özbaşına getdiyi təki, özbaşına da örüşdən qayıdırdı; nə yiyə, nə çoban yoxdu, dəyənək şaqqıldamırdı. Buna allanıb Cəmşid, Gər Xəlil acıqlarını Mürşüdün üstünə tökmək istəyəndə, Mürşüd kişi dinməzcə, canının həniriylə hər ikisini başa saldı: özünüzü unutmayın. Atdıxan ki var,qulağı darı dəlir. Obaşdan çıxıb, qaranlıqda naxırla qayıtsa da, kənd-qəsəbə, bazar-dükanda nə baş verirsə, hamıdan gözəl bilir, soraq tutur.

Lal qaranlıqda, tutaq ki, malçı Atdıxanın səsinin batmağı aydın oldu. Bəs bu heyvan sürüsü niyə susur, bircə böyürtü eşidilmirdi. İnəkdi cavanı var, qocası var, yeyib yedikcə yazın yaya döndüyü uzun günün səhərindən axşamınadək qarnı tox, qanı duru.

Qaranlıqda üstlərinə gələn elə bil mal yox, kərgədan sürüsüydü. Bunun bircəsi buynuzunu keçirsə Xəlilin buduna, Cəmşidin qarnına,di gəl Mürşüd, cavab ver.

Eləsi olurdu düz üstlərinə yeriyirdi,Göz-gözə çatanda qızğın-harın bəbəkləri oynayır, heyvan duruxub dirənirdi. Buynuzsuz ötüşsə, nənən namaz üstə imiş. Şarıltı-şappıltı salıb axıra qalmış mal da ötdü. Qaranlıqda bir şey ağardı. Mürşüd kişi gözünü bu ağartıya dikdi. Gəldi,iki-üç addım qalmış aydınlaşdı. Atdıxan ağ eşşəyin belində, çomağı çiynində bunların düz üstünə sürürdü. İki yava-az-çaylaq arasında qalmış bu üç kişinin bəlkə yalın başından görüb seçmişdi. Heyvan yoxuşda ikən, hələ hava işartılıydı, onların buraya hansı niyyətlə yönəldiyini naxırçı anlayardı.

"Laldinməz"də ən dolaşıq iş, ən ağır cəza naxırçının Atdıxanın ilişməyi olardı. Onu çaylaq başında yaxalamaq,el-obanın zənnincə yeni heyətin ağlına gəlməz, onacan getməzdilər. Amma getsələr, hər gün, hər axşam heyvanı obaya endirən Atdıxanın çomağı tovlayıb, malı hayladığını, hansı şıltaq heyvanasa bir tolamazlı atıb, yiyəsini də qatıb-qarışıdırıb duzladığını görər, başlıcası, naxırçının səsini eşidərdilər. Buncuğaz bəsdi. Elə bəsdi ki, ta "Laldinməz"in möhləti sovuşub, o biri başalayanadək, ondan da o yana, hamı özünü, öz taxsırını unudub, kəndin naxırının, mal-heyvanın Atdıxanla birlikdə başına nə gətirələcəyini, hansı cəzanın kəsiləcəyini gözləsin.

Naxıra Mürşüd kişinin iki inəyi, bir düyəsi qoşulurdu. Naxırçının ilişməyilə bu nə qazanacaq, nə itirəcəkdi, burasını da unutmaq olmazdı. Naxırçı muzdu, aylığı az-azacıq deyildi. Bəlkə Mürşüd qağa buradaca ələ bir şey keçirəcəkdi, bir pay, bir ağnağız. Doğrusu, əsl ağnağızı dəyirmançı Hətəmxandan ummalıydılar. Orada o zalımı çıxmış üç kişini bir kömbə, yumruq boyda bir çolpa ilə yola salmış, dallarından dəymişdi. O heylə, Atdıxan da belə getdi. İşıqlanıb belindəki mazaratı da işıqlandıran ağ eşşəyin şəfəqi Mürşüd kişinin gözünü qamaşdırdı.

Ötüb gedən, yeyib toxalmış heyvanın çaylaq arasına şappaşaraq tökdüyü üfünətdən Gər Xəlilin boğazı göynədi, Cəmşidin ödü gəldi ağzına. Naxır aşağılarda,obanın girəcəyində ayrıldı. Denən, naxırçı bilirdi, bəs qanmaz heyvana nə agah olmuşdu, çal-çəpərə, qapıya çathaçatda barı birçəsib alasından ötrü mələdi.

Bircə səs gəlirdi, oda yaxında, dağın ətəyində üzə çıxan kəhriz-lağımın xortultusu. Qabağa Cəmşid düşdü, ardınca Gər Xəlil, geridə Mürşüd, yönəldilər kəhrizin üstünə.

Cəmşid lələ bəri başdan bir eşmə eşdi, mürşüd qağa çöməldi arxın qırağına. Papağını çıxartdı, əlini isladıb çəkdi alnına. Gər Xəlil nə suya əyildi, nə üzünü yudu. Arxın başı, daş-qaya yenicə ötmüş naxırın buraxdığı iy-qoxudan qurtulmamışdı. Çəkmələrin yan-yörədə buğlanan tərəzigözlü, qəttəzə lombaya batacağından çəkindi.

Kəhriz ağzından poqquldayıb axarda ürək soyudan bir sərinlik, təravət vardı. Gər Xəlil ağır buxara papağı başından aldı. Çağlayan axarın sərini paxırı çıxmış qafasını sərinlətdi, beyin ayazıdı.

Bu minvalla oradanca tərpəndilər, döndülər üzügeri. Gün bitmiş sayılırdı."Laldinməz" elə bir gedişatla başa gəlmişdi ki, onu uzatmağın ,heyətin qərarıyla iki-üç gün də saxlamağın adı yoxdu. Sabahdan keçirik, başlayırıq ikinci çilvəyə.

İkinci fəsil. İkinci mərhələ – "burcutma"

"Laldinməz"dən sonra, adətən, gəlirn"Dilaçma". Bu, bütünlükdə qırxdolaq oyunun ikinci mərhələsi təki də seçilə bilər. "Laldinməz"in də, bunun da yerini dəyişib, oyunun gedişindən asılı, ortaya, axıra da ötürmək olar. "Dilaçma" oyununda iştirak edənlərindən birinin xatası üzündən cəza təki də götürülür. Bununla belə, Gər Xəlil, onun əlaltıları Mürşüd kişi və Cəmşid kişinin düşüncəsincə "Laldinməz" bütünlükdə yaxşı keçmiş, doğru başa gəlmişdi. El-obanı bir gün büsbütün susqunluq içində saxlamış yasaqdan sonra görək bir şux, könülaçan əyləncəyə keçsinlər. Hələ gecəykən, Məmməd bəy kəhrizinin başında bir-biriylə lal dillə sağollaşıb, hər biri öz evinə yönələndə, Gər Xəlilin yenicə doğmuş ay işığında, daşlı cığırda bir balaca sərpdiyini, büdrədiyini görüb Mürşüd anlamışdı ki, ertəsi, sabahı "Burcutma"ya açılacaq. Elə də oldu.

Gər Xəlil başının dəstəsiylə ertəsi gün qalxmamış kəsdirdi bərəni. Bazar yenicə işə düşmüşdü. Piştaxtanın üstündə qatıq qazanları, süd sərnicləri, bu səhərcə təndirdən çıxmış , üzü yumurtalı, quyruq təki əllə yırğalanan çərəklər, bir torba da yenicə yetişmiş qırmızı alça qoyulmuş, torbanın ağzı çırmanmışdı; içindəki tox qırmızı alça arabir gəlib dükanda satılan yumru şirinlərə oxşayırdı. Mürşüd kişinin damağı gicişdi alçanı görəndə.

Bazardan, onun həndəvərindən hələ səs çıxmırdı. Aya, bəlkə hələ bər-bəndə bilmirdi ki, "Laldinməz" bitib, qurtarıb. Halbuki elə bir az bundan qabaq padşah əyanı öz mətəsinə yığışanda , Gər Xəlillə Cəmşid görüşəndə, deyəsən bir-birinə səslənib salam vermişdilər. Bunun üstündən, çaylağın o tayından bəri keçən Mürşüd cığırın ortasında nəsə bir qurcunmuş, burcunmuşdu. Gəlib öz yoldaşlarına yetirməyilə də yerində bir balaca bulanmış, gerisini sağa-sola əymişdi. Həssas olan hər kəs görək bu tərpənişin nə demək olduğunu oradaca anlaya idi:

 

Yarəhmədli arvad qatıq çıxartmışdı bazara, özü də,o iri qara qazandan yekə bir şalla baş-gözünü bürümüşdü, qonşusuna pıçıldadı.:

–"Laldinməz"dən keçiblər o birinə.... "Burcutma"dı, deyəsən.

Elə bu vaxt Bazarbaşı meydanında Rəqib göründü. O, Qayaburundan sürüşkən cığırla endi, yönəldi Bazarbaşına. Hələ aralıdan Xəlil kişigilin öz yerlərində sappasağ dayandıqlarını görüb, axşamdan aldığı sorağın ucundan tutub, bir yoxlamaq istədi. Hər ehtimala qarşı səsini çıxarmırdı. Bunun onsuz da əsgisi tüstülüydü.

Bir iş olmuş, Rəğib olan-qalan hörməti itirmişdi. Qadınlar, zənən xeylaqları iti görüm,qurdu görüm, Rəğibi görməyim demişdilər.

Bu yerdə ilk kərə idi qadınların bayramı, 8 Mart günü geniş təntənə ilə keçirilirdi. Bütün mahalda ilk klub da qəsəbə də yenicə tikilib başa gətirilmişdi. Yalda, yol üstə ucalmış klub taxıl anbarına oxşasa da, onun tezcə işə düşməyilə hamı anlamışdı ki, quru-boş sözlə qadınları azadlığa çıxarmaq olmaz. Gərək klub tikəsən, qadınları siftə-siftə evici məclisə gətirəsən. Qapalı, örtülü bir damda onları yavaş-yavaş açılışdırıb, sonra havaya, genişliyə, tarlalara, idarələrə çıxarasan. Klubun pəncərələrini elə yuxarıdan qoymuşdular, əgər bir kələkbaz qadınların iclasında nə baş verdiyini bilmək istəsə, gərək quş olub göyə qalxa idi. Oradan, cıqqılıca gözlərdən içərini görsün. Örpəkli, şallı zənənlərin, Gəldiyev yoldaşın və Verdiyev yoldaşın sözüylə, Nazxanımın çalışmağıyla evlərdən bir-bir çağrılıb, kluba yığılmış övrətlərin özlərinin necə apardığını, minillik qaramatdan necə qurtulduğunu anlasın.

Kişi adına yığıncağa Rəğib də çağrılmışdı. Rəğib muzdur komitəsinin üzvü olmuş, qadınlar şurası da onu öz işinə qoşmuşdu. Keçmişin muzduru indi kənd qabaqcılıydı. Həm də burası vardı ki, Rəğib oracan görünüşsüz, əyin-baş bir yana, sir-sifətdən, hal-darmanışdan bir görkəmdə idi ki, onun görünməyindən bircə zənən, qadın çəkinməzdi. O da elə buların biri, qardaşı, qardaş deməsən də, Rəğibdi də. Ondan nə utanmaq.

Keçmişdə qəza mərkəzi olmuş qəsəbədə tikilmiş klub elə ürəkaçan bir yerdə idi ki,hamı elə bilirdi klub fəhlə-kəndli hökumətinin qadın azadlığı şüarının canlı,gerçək göstərməsidi.İlk quruculuq timsalı qadınların adıyla bağlanmışdı.Yaylıqlı-örpəkli qadınlar ikibir,üçbir yal başına dırmanmaqla elə bil hamını,hər kəsi agah edirdilər:"Bu bizik! Kluba gedirik.Orada iclasımız olacaq,hüquq barabarlığı veriləcək.Gəldiyev,Verdiyev yoldaşlar da bu gün bizimlədi".

Zənənlərdən başqa,bir də deyildiyi kimi,həmin yığıncağa Rəğib çağrılmışdı.Rəğib,kənd əməkçiləri, o tay-bu tay yaranmaqda olan artel-kolxoz adından qadınları alqışlamalı, söz deməliydi.

Axır vaxtlar qızışmış iclaslarda Rəğib tez-tez nitq söyləyirdi.İndiki təki yazıb üzündən oxumur,sinədən döşəyirdi.Cümləsinin mübtəda-xəbərinin yerində olub-olmadığına kimsa baş qoşmurdu.Başlıcası o idi ki,ürəkdən dillənsin.Nə olar,bir az türkəsayaq səslənəndə.İstismar zəncirindən yenicə qurtulmuş, bəy-xan balaları təki məktəb görməmiş, Peterburqda, Moskva, Kiyevdə təhsil almamış muzdurun,yoxsul kəndçinin,qalib gəlmiş proletar balasının danışığı,nitqi elə belə də olmalı,qızğınlığı,od-alovu ilə hər hansı ziyalının ölçü-biçili nitqini,yazılı çıxışını basıb bağlamalı,sıradan çıxarmalıydı.Nə qədər kobud,yontulmamış olsa,bir elə yaxşıdı,əməkçidi.

Beləliklə,bütün bunları düşünüb,Rəğibi yığıncağa,toplanışa gətirirdilər.Çaylağın o tayında-kənddə kolxoz yenicə yaradılmışdı.Rəğib ellikləşmədə can-başla iştirak etmiş,bir keçi,bir palan,bir də təptəzə noxta vermişdi.Ağlı-qaralı sürüsü, ilxısı alınmış hampadansa,əli-qabarlı muzdurun,lüt-yoxsul Rəğibin yardımıyla birlik-kolxoz özülünün daha möhkəm olacağına sarsılmaz inam vardı.

Deməli,qadınların həmən ilk yığıncağında,klubda,salonun başındakı ala-toran səhnədə,eninə qoyulmuş qırmızı örtüklü masanın arxasında cərgə ilə bir kişi,bir qadın əyləşmişdi.Səhnədəki qadınların hamısının başı açıqdı.Başlarının açıq olduğunu göstərməkdən ötrü hər biri qara saçın yoğun hörüyünü atmışdı irəli,sinəsinə.Hörüklər şahmar təki qıvrılmışdı kökslərində.Evlərdə də neçə şallaq,qamçı,şahmar təki qıvrılıb,onların oradan qayıdıb gəlməyini gözləyirdi;bir bunların boyun-boğazına dolanıb,kürəklərini yalasın.Hökumətlə hökumətlik eləyə bilməzdilər.Halal,doğma arvadlarıyla doğma ev-ocaqda ürəyi istəyən təki davranmağa hələ ixtiyarları çatırdı.Hökumət,ya ər-arvadın üstündə hansının hökmlü olduğu beləcə görünəcəkdi.Şallağın dili kürəyindən üzaşağı şaqqıldayanda,cıqqırını çəkəcək,"Laldinməzdən"çıxacaqdımı,ya şikayətə qaçacaqdı?Bacarır qaçsın.

Bütün hədə-qorxuya baxmayaraq gəlmişdilər.Əyləşmişdilər cərgə-cərgə aşağıda,uzun-uzun oturacaqlarda yanaşı.Bir-birinin ətrini-hənirini alır,öyünür,çiçəkləri çırtlayırdı.

Səhnədə ortada Nazxanım,bir yanında Verdiyev,bir yanında Gəldiyev,o biri başıaçıq qadınlar əyləşmişdilər.Dedilər, danışdılar.Axıramacal kənd əməkçiləri adından söz verildi kolxoz qabaqcılı Rəğibə.

İki yüz altmış beş nümayəndə qadının göz dikdiyi mübarək məclisdə Rəğib coşdu ,nə coşdu.Qabağı necə başlamışdı-o, heç.Maraqlı onun nitqinin axırıydı:

– Qadınlar bizim başujalığımız ,dayağımızdı.Ağız dadımız ,duz şəkərimizdi qadınlar.Biz qadınları sevməliyik !– Rəğib xitabət kürsüsündən yana çıxmış ,qollarını açmış ,var səsiylə bəyirmişdi:

– Qadın can-ciyarımızdı ,onlarsız bircə günümüz-gecəmiz olmasın! Biz qadınları var gücümüzlə qucub,bağrımıza basmalıyıq !

Bu sözləri əgər Gəldiyev ,Verdiyev kimi abırlı ,ağzı-gözü düz bir kəs söyləsə ,hətta nitqində buna oxşar təkliflər irəli sürsəydi ,heç kim inciməzdi.Bu muzdur zırramanın ləfzi , danışığı elə şüursuzdu ,düz söz də əyri çıxırdı ağzından ,alaşıq-dolaşıq bir şey alınırdı.Odur ki ,səhnədə əyləşmiş yoldaşlar tərpənişdilər.Aşağıdakı qadınlar vaysındılar ,qızardılar ,çoxunun ürəyi sıxıldı ,peşmanlıq baş qaldırdı.Ev ,ər ,şallaq qamçı!Bilsə idilər, burada kim nə danışıb, idimsiz Rəğib nə sözlər deyib və onların arvadları da bu sözləri eşidiblər,qurtardı.Şillə-şapalaq altından çıxa bilməyəcəkdilər.

Rəğibi, əlbəttə,susdurmaq gərəkdi.Yoxsa qızışıb qımzanırdı.Bircə-bircə siftə səhnədəkiləri qucub bağrına bassın,bərk-bərk öpsün ,ondan düşsün aşağı ,daraşsın oradakıların canına.Bu şorbadan nə desən gözləmək olardı.

Gəldiyev Verdiyeve baxdı, Verdiyev Nazxanıma.Kamiyev yoldaş başını dikəldib diqqət etdi Rəğibə ,heç biri dillənmədi.

Rəğib bir də ağzını açmaq istəyirdi ki,gözü salona sataşdı.Oradaca ,xitabət kürsüsünün bu yanında ,qolları açıq donub qaldı.

Qadınlardan bir neçəsi nə qədər həyalı ,utancaq olsalar da dəbərmiş, qabarmışdılar.Rəğibi söyüb,abrını alıb çıxıb getsinlər ev-eşiklərinə.Qalmışdılar əsə-əsə.Rəğib də qurumuşdu.Gözü dikilmişdi bir neçə cərgə geriki yerdə ,sol yandan ağaca qalxmış ,səsini çıxarmadan onu bələdləyən qadına.Rəğib onu görmüş ,udquna-udquna qalmışdı.Bu , ağaca qalxan övrət qopur Səlimin arvadı Həliməydi.Həliməyə baxa-baxa Rəğibin niyə susduğunu,bəlkə birinci anlayan Nazxanım oldu.O günlər qəsəbədə ,kənddə gedən bir oyunun hansı mərhələyə çatdığını Nazxanım bilirdi.

Onda nə Gər Xəlil padşah taxtına çıxmışdı,nə də Mürşüd ,nə Cəmşid vəzir-vəkildilər.Padşah ,Həlimənin əri çopur Səlimdi.Elə xırsız, əzazildi,bircə adamın on ağaclıqda xata çıxardığını bilsə,oradaca ən ağır-amansız cəza verəcəkdi.Onda ,qadın bayramının ilk kərə baş tutduğu o günlərdə çopur Səlimin başçılığıyla gedən oyun Laldinməzdə idi.Kişilərin oynadığı oyunda bir adamın, məsələn,Rəğibin dalda-bucaqda deyil,kütlə qabağında ,adam yığnağında,özünün dediyi təki,qutab kürsüsündən danışmağı ona çox baha otura bilərdi.Bir halda ki,o il çopur Səlimin arvadı da padşah xanımı sayılırdı,onun da hökmü keçirdi.İndi o, ayağa qalxıb,Rəğibi nəinki susmağa vadar edir,hələ desən ,Laldinməzlə çatal oynayan Donmanı da yadına salırdı.Təkcə çopur

Səlimin yox,çoxlarının Rəğibi gözü götürmürdü.Muzdur komitəsi,müsadirə daha sonra artel-kooperativ yaradılmasındakı çalışqanlığını xorlayır,girəvə axtarırdılar.Rəğib qurşandığı oyundan da qalmır,bütün şərtə əməl edirdi.Bu yerdə onun susmağı, donmağı yalnız oyunla bağlı ola bilərdi.Burasını hamıdan qabaq iki adam anladı:Rəğib özü,bir də Nazxanım.

Rəğibi çağırdılar,hay vermədi,tərpətdilər,tərpənmədi.Eləcə qolları açıq ,ağzı açıq donub bostan uyuğu təki qaldı səhnədə.

Ara qarışdı.Övrətlər duruxdular.Yığıncaqda siravi qadınlardan savayı ,Nazxanım da gözəl danışmışdı,kişi qisminin Gəldiyevin,Verdiyevin ,hətta Kamıyevin dinib,bircə kəlmə söyləmədiyi də içəridəkiləri şəkləndirmişdi.Belə bir söhbət gəzirdi:Gəldiyev, Verdiyev ,hətta Kamıyev yoldaş da oynayırlar.Eldən ayrılmayıb,onlar da bu yerin çox maraqlı əyləncəsi olan haman oyunda gizlincə iştirak edirlər.Neçə dəfə görülmüşdü ki ,bu yoldaşlar Bazarbaşında padşahı,onun əyanını görcək laldinməz ötüb keçmiş,yaxud ayaqlarının ucuyla yeri qurdalayırmış təki balaca burcunmuş,daha sonra ,o biri silsilə oyunları da örtülü şəkildə başa çatdırmışdılar.Belə olduğu halda,Rəğib nə karə idi,padşah arvadı qızıl- qırmızı ayağa qalxıb onu gördüyü,özünü göstərdiyi yerdə yenə danışa,tərpənə idi.Nə danışmaq olmazdı-Laldinməz,nə də tərpənmək –Donma .Ta səni buna vadar edən kəs,bu yerdə,çopur Səlimin arvadı əyləşməyincə.O da nə əyləşir,nə də donmaq halından çıxır ki,Rəğib tilsimdən qurtulsun.

Rəğibin bütün qulluqbazlığı,nitqlər,çıxışlar bu hadisədən sonra bitdi.Onun qutab kürsüsünə sinə gərməyinə də son qoyuldu.Nazxanım işdən agahdı,Gəldiyev və Verdiyev yoldaşları başa salmışdı ki,Rəqibin səhnədə quruyub qalmağının kökü hardandı,nədi!

Oradaca səhnədəki qadın-kişi güc- bəla ilə Rəqibi donduğu yerdən qoparmış,çəkib aparmışdılar.Bunun üstdən,Rəqib düz bir həftə heç kimlə,evindəki övrətiylə də kəlmə kəsməmişdi.Nə oyun,nə oynamaq.Guya onun səhnədə doğrudanca dili batıbmış,quruyubmuş,ona görə də o kökə düşübmüş.

Buna uyan kimdi!Oyun iştirakçıları,padşah heyəti rəqibin bu hoqqasnı oyun tarixində misilsiz bir davranış təki qiymətləndirilmiş,silsilə bitəndə rəqibə bir cüt güllü-gözəkli corab,bir dağarcıq buğda bağışlamışdılar.O da bundan kövrəlib,sınıb sıtqımışdı.Yeni yaranan kolxozun dayağı idi:qəşəng bağ suvarsın,arx atlasın,kehriz lağımlarını təmizləyib,dol çəksin.Əkin-biçində kolxoz yaranışının sahəsində göynən gedirdi.

Bununla yanaşı,Rəqib daha xitabət kürsülərinə çağrılmadı,kütləvi tədbirlərdən yadırğadı,pisikdi.Soldan sağa meyillənmiş,hətta Padşah oyununa onda yeni bir həvəs baş qaldırmışdı.Çındırından çin ürkən rəqib padşah varlığının belecə bir oyun,rəmz şəklində yamsılanmağında muzdurla ağa arasında minillik qarşılığın bir yeni ,xoş nişanəsini anıb,başını qoşmuşdu!Bu həm də onun çıxış kitabını bağlayan yoldaşlara ibrətdi.Muzdurun yolundan dönməyi böyüklərin canına üşütmə salırdı.Bir halda ki,deyilənə görə,özləri də oynayırdılar.

Səhər- səhər hələ bir siftə eləməmiş Rəqibin ortaya çıxmağı,burcutmanın ilk qonağı təki görünməyi Gər Xəlili,Cəmşid və Mürşidi açmadı.Doğrudur,həmişə olduğu tarixdən bilindiyi təki ,oyun olsa da,padşahın,bəybəyin paxıllıgını çəkər,qanına yerikləyər. Bu sarıdan Gər Xəlil çox istərdi ki,çopur Səlimin hökmranlığı ilində baş vermiş oyun,kulubda qadın yığıncağındakı hal onun hakimiyyəti günündə olmuş olaydı.Belə işlər unudulmur.Su gələn arxdan bir də gələr,deyiblər.Göydə Allah, yerdə padşahdı.Hər halda ,bu rəqibdən yenə nə isə gözləmək olardı.

Rəqib Bazarbaşında var-gəl elədi.Harayasa birliyin bir işinə gedəcəkdi.Siftələrdəki təki o başdan getmirdi,sava çıxmışdı evdən.İş-gücdən qabaq bazarı yoxlayır,Gər Xəlili güdürdü.

Gəldi bunların qabağına.Dayanıb üç addımlıqdan baxdı.Tük basmış qarışıq bığ-saqqal arasından ağzı açıla qaldı.

–Səbbahın xeyir olsun,Rəqib-deyəcək Mürşid kişi,Rəqib dörd addım geri çəkildi.Dayanmayıb xeyli aralandı.Oradan tərpənib gəldi.Bunların qarşısından qovzanıb,qollarını ata-ata,burcuna-burcuna ötüb keçdi.

–Ə,dədayın goru haqqı ,məndən bir şey qopara bilməzsiz!– deyib,Bazarbaşına düşən harayı ilə bunlara bir gəliş gəlib aralandı.On addım gedəndən sonra oradan bir vida burcunması göstərib,baş aldı çatsın kolxoz işinə.

Beləliklə,Burcutmanın siftə gedişini Rəqib yerinə yetirdi.Qalan nə ki kütlə ,ötüb gedən vardı,bunlar da haman qaydaya əməl etdi.

Aydındı,Laldinməzdən sonra əgər vəzir-vəkilin ,ondan yuxarı-padşahın bir göstərişi-dəyişikliyi yoxdursa ,bu da az halda ola bilərdi,deməli ,başlanır Burcutma .Oyun silsiləsinin bu parçasının dəb-dəbərkəsi bu idi ki,gərək hər bir kəs istər qadın ,istər kişi Burcutmanın getdiyi millətdə harada kiminlə qarşılaşdısa ,ona salam verməklə birlikdə,özünü bir balaca burcutsun;o da qarşıdan gələn ,yandan çıxan da.Bundan sonra istəyir dayanıb söhbət etsinlər,istər çıxıb getsinlər.Yaxşı olar,gedəndə,ayrılarkən də azacıq burcunub,xoşluqla aralansınlar.Qaldı padşah və onun başındakı dəstəyə ,o da belə idi:onların civarına ,mətəsinə çatmağa ən azı on addım qalmış ,bir də on addım uzaqlaşmış,gərək iki kərə gəldikdə və aralandıqda burcuna idin.Burada elə bir çətinlik yoxdu,əksinə,xoş və məzəli davranışdı.İnsandi, həmişə ölçülü-biçili yaşamaqdansa,qoy bir gün ,bir kərə beləcə işvələnsinlər;kişi oldu kişi,qadın ,oldu qadın.Qadının bu oyuna əməl etməyi bir yandan baxanda asandı.Biz bunu Nazxanımın timsalında görəcəyik.Özgə yandan baxanda müşküldü,biz bunu da ŞKM məktəbinin gözəl müəlliməsi Nazlının timsalında görəcəyik.

 

Bazarbaşına ötən ,oradan qayidan bir neçə kəsin Üçlük qarşısından ötəndə iki-üç yol burcunmağına göz yumsaq ,onda gəlib çıxırıq o ana ki,Nazxanımla onun əri,yeni dildə desək,yoldaşı- həyat yoldaşı Ataş kişi ,onda hələ cavanca cahıldı,ona görə də Ataş deməliyik,bəli,Ataş göründülər.Çinar altından çıxıb,Bazarbaşına doğru qoşa yerişlə irəlilədikcə,padşah əyanı qarşısında bunların nə kökə düşüb,hansı davranışla davrandığını canlı şəkildə göstərməkdən ötrü ,qabaqca hər ikisinin bir yığcam təsvirini verək.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?

Inne książki tego autora