Yasaq edilmiş oyun

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Hətəmxan iki boş çuval gətirdi, ocağın qırağına sərilmiş palaz parçasının üstünə atdı, döşədi. Qaxsımış bir mütəkkə qoydu. Qonaqlar əyləşdilər. Başda, döşəkçə üstə Xəlil, palaz-çuvalda yar-yoldaşları.

Hətəmxan şahad çuvalının qoyulduğu bucağa yönəldi. Süfrə dəstərxana bir mis cam qoydu, bir yanı şor, bir yanı göm-göyçək camış yağı. Bir güllü-güllü kömbə də qoydu, bütövcə. Kəvər, qıcı, iki yumru motal pendiri. İki dəmir qutu, stəkan əvəzi, boğazı qırmızı zehli nazik stəkanı nəlbəkisiylə birgə Gər Xəlilin əli altına sürüşdürdü.

Dənnik üstə, təhnə başında dolanan bir cüt gəlinin ovqatından belə göründü ki, onlar bu dam-daxmaya öz evləri təki isnişib, gəlib gedəndilər. Bəlkə gecələr də dəyirmanda qalmış, nobat gözləmişdilər. Hətəmxanla mərhəmləşiblər. Hətəmxan işi, çax-çuxu bunlara tapşırıb, gedib arvad-uşağa, yurd-yuvaya da baş çəkərdi. Daşın dabanını tarazlamağı, artırıb əskiltməyi, dənin təhnəyə tökülməyini, aşağıda unnuqdan yığılmağını, bir çuvalın qurtarıb, o birinin başlamağını da bu bir cüt sona Hətəmxanın istəyincə yoluna qoya bilərdi. Bərəkət ocağına buyurmuş qonaqlara Hətəmxan özü qulluq göstərsə də, bu səhər naharında içəridə dolanan iki gəlinin də əməyi olduğu sezilirdi.

Cəmşid cibindən bir buynuz-bıçaq çıxartdı. Kömbəni səliqə-sahmanla doğradı. İstədi bıçağı salıb, şorla yağı qarışdırsın. Gər Xəlil barmağını şəklədi: qoy, elə qalsın. O bəlkə şora toxunmayacaq, çılxa yağla nahara başlayacaqdı.

Dəyirman süfrəsində bircə şey çatmırdı. Yalan-doğru söyləyirdilər ki, Hətəmxanın bu ala-toran bucaqda məzəsi də olur. Darıxanda töküb içir, pərlərin, zindan daşların uğultusu, çax-çax çaqqıltısıyla mürgüləyib, elə dərin yuxuya gedir ki, fələyin özü gələ onu oyada bilməz.

Cəmşid əl boyda kömbəyə aramla, çörəyin canına yedirdə-yedirdə yağ çəkdi, üstdən şor yaxdı. Əlində saxladığı dədə-baba yaxmaçına baxıb, qoydu süfrənin qırağına. Onun bıçağını alıb, bir elənçik yaxmaç da Mürşüd düzəltdi, qoydu öz qabağına. Gözlədilər. Gər Xəlilin elə bil iştahı küsmüşdü, süfrəyə baş qoşmurdu. Onunku bəlkə bu səhər bir qədəh konyak, üç yumurtanın qayğanağı, qaymaq, daha hansı bəy-xan yeməyi idi. Yalmanır, çul-çuvalı, künc-bucağı araşdırırdı.

Bunlar burada gözləməkdə, Hətəmxan əl atdı külləməyə üz qoymuş ocağın közünə. Qara aftafanı oradan götürüb qoydu süfrənin ortasına. Kəkotu ətri Mürşüdün burnunu qıcıqladı. Hətəmxanın çayı da, qalan azuqəsi təki dəmdə imiş. Bunların yoluna bəndmiş.

Başlamaq istəyirdilər ki, Hətəmxan bir büküm yuxa gətirdi. Cəmşid lələ yuxanı araladı. Bir soyutma çolpa idi. Elə dadlı-tamlı, iştahçəkəndi ki, elə bunun duzunu, istotunu səpən Gər Xəlilin nəfəsinə gözəlcə bələdmiş. Gəlinlərin bağlama-boğçasından çıxmışdı, ya Hətəmxanın özününcə bayır-bacaqda bəslədiyi xoruz-beçə sürüsündən ayrılmışdı bu qurbanlıq.

Cəmşid çolpanı pardaxladı, Mürşüd kişi dəmir qutulara, Xəlil bəyin boğma stəkanına çay süzdü, göyümsov çayın üzündə sarıçiçək ləçəkləri oynaşdı. Gözləməyin adı yoxdu. Başladılar. Hətəmxan yaxın gəlmədi, işi vardı. Bunlar burada yeməkdə, o da orada, bayaq üz-gözünün urvasını yumağa çıxmış bənövüş gəlinlə köməkləşmədi; birlikdə təhnənin çənəsi altına sürüdükləri çuvalı əl-ələ verib qaldırdılar dənniyə. Bu işi Hətəmxan təkbaşına da görə bilərdi, qatır gücü vardı, dizini tayın altına verib, basıb aşırardı qəzil çuvalı dəni tükənmiş dənniyə.

Yedilər, çaydan içdilər, soyutma çolpanın süfrəyə düşən sür-sümüyünü Mürşüd kişi bir də arıtladı. Hərəsi də üsdən ağzına bir “yastıq” konfet atdı. Cəmşid kişi eşmə eşdi, Gər Xəlil qıçlarını uzatdı dincəlsin. Hətəmxan gəlib dayandı başlarının üstə: “Halal xoşunuz olsun. Durun tərpənin, görün “Laldinməz”in günortasını harda ötürəcəksiniz. Ona, özünüz bilirsiniz, mənim gücüm çatmaz. Naharı biri verər, günorta düşər bir özgə təbəənin boynuna”.

Xəlil, Cəmşid, Mürşüd tərpənmədilər. Yox, a kişi, bunlar buraya bir qarın çörəyə, səhərin yüngülcə naharına görə baş soxmamışdılar, un-urva nəfəslərini təngişdirsin. Nədi-nədi, Hətəmxanın bilməzsən dəstamaz, bilməzsən qüsuldan ötrü saxladığı, ya ancaq çay qaynatdığı aftafa dəmi, kömbə kütü ilə ovunub, geri dönsünlər. Hətəmxanı haradasa, nədənsə ilişdirməkdi bunların qəsdi. Biri-birinə söykənib yatışmış çuval-dağarcığın ara-bərəsində, dalda-bucaqda nə vardı, nə gizlənmişdi? Dəyirmançının sirrindən heç tanrı da baş açmaz. Tərs dəyirman işlədərəm başında!– bu sözü də əbəs söyləməyiblər. Bir xoruz, bir çuval olmasın, bir dağarcıq ağnağıza, pendirə, bir cam kərəyə nə söz?! Bunun bu şotur qapısını axı, padşah padşahlığı ilə, bəy nökər-naiblə hər gün, hər səhər açmırdı, yaraşdırmırdı. Hətəmxan qulaqardına vurmasın. O gərək qonaqları bu sayaq yedirtdikdən sonra, həm də pay-ürüşlə yola salsın. Bu səxavətini onun, qırx dolama, qırx düyün oyunun irəlisində unutmazdılar.

Oturur, güdürdülər. Hətəmxan bircə kəlmə kəssin, bircə kərə hıqqıldayıb-hökküldəsin. Amma zalım oğlu elə bil yüz ilin lalıydı, ağzını bir tilsimli qara qıfılla elə bağlayıb kilidləmişdi, bunlar gedəndən sonra da dodağı tərpənməyəcəkdi.

Altda su çırpılır, pərlər guruldayır, çax-çax şanapipik təki ötür, oxuyur, eşikdən, qaralmış divar arxasından donuzluğun şorultusu, didilmiş novun yarıqlarından sellənən yağmurun şırıltısı gəlirdi. Dinib dillənən yoxdu. Elə səssizlikdi, dənnikdən daşların arasına səpilib, üyünən dənin gizli həniri, ağızlıqdan unnuğa ələnən bərəkətin qımıltısı sezilirdi. Bu ahəngdar bircə insan sədası, kişi, qadın səmiri çatışmırdı. Bircə kəlmə dillənsin, bəsdi.

Hətəmxan uşaq deyildi, dünyanın işini, oyununu buraya buyurmuş kişilərdən az bilmirdi. “Laldinməz”in əsər-kəsərini, cəza-cəzanını keçmişlərdə dadmış olardı. İş zoğal çubuğuna, zopaya da gedib çıxırdı qədimlərdə.

Xəlbir çıxarından, dənəvər dəmyə arpasından yeyib, at kimi kişnəyib bir sarı, səmənd xoruzla da qurtarmaq olardı; əgər ilişsə, cıqqırı çıxsa, bunlar arxdan adlayanda, çaşıb, ikicə kəlmə sözlə ötürsə. Yox, Hətəmxan təkcə ovuc-ovuc arpa-buğda sayəsində yox, dənçilərin gətirdiyi pay, qoz-fındıq havasına şişib şişəyə dönmüş xoruzdan ayrılmaq istəmirdi, yoxsa hələ çax-çaxı kəsilməyən, ocağı sönməyən yurdda yalqız qalardı.

Cəmşid eşmənin kötüyünü basdı ocağın külünə. Baxdı Gər Xəlilə, padşahın allanıb qan gəlmiş üzündən bir aydın işarə oxuya bilmədi. Qımzandı nə isə qandırsın: “Durun gedək, Xəlil padşah! Burdakı “Laldinməz” külləyib qaraldı”. Bəlkə Cəmşidin dillənməyindən Hətəmxan da şəklənib, bircə kəlmə söyləsin.

Bir quğultu qopdu. Bunu, gər boğazdan çıxan həniri Hətəmxan da aldı. Gər Xəlil gözünü ağartdı, Cəmşid əlini dəstərxana çırpdı: “Mən yox, mən dəyildim”. Hər üçü yerindən boylanıb, içərini aradılar. Hətəmxanı görmək istədilər. Geridə, dəyirmançının taxtının ayağında nə isə tərpəşirdi. Ala-toran bucaqda bir də quğultu qopdu. Qaranlığa zillənib gördülər ki, bu elə Hətəmxanın özüdü; intəhası, sarı çuxası qaranlıqda cilvələnən xoruz cildinə girmişdi. Şeşələndi, o bunları görürdü, bunlar onu güclə seçdilər.

Sözün lap yeriydi, Cəmşid özünü güclə saxladı. Arada “Laldinməz” deyişməsi başladı:

“-Quğuldayan, səda qoparan xoruzdu. Odur, Hətəmxanın taxtının ayağında bağlanıb. O bizi görür, biz onu görmürük.

–Bunu Hətəmxana sübut edə bilərikmi, quğuldayan xoruzdu? O, səs çıxarıb. Xoruz sənindi, özü də adamcan ağlıkəsən bir xoruzdu. Onun ağır-yüngül bütün taxsırı sənin boynuna düşür. Cəzanı özün seç.

Cəmşid:

–Deyimmi mən, dillənim, Hətəmxanı çağırımmı?

Xəlil padşah:

–Əsla!

Mürşüd kişi:

–Yaxşı bəs niyə qalxıb getmirik?

Cəmşid vəzir:

–Sən icazə ver, mən onu dolaşdırım.

Xəlil padşah:

–Bir az döz”.

Xoruz taxtın ayağında gəzinməyə başladı. Hətəmxan dənnik səmtdən dolanıb, bunlara yavuqlaşdı. O da bunları güdürdü, daldala girələnir, tayı qoyub, xaşanı götürürdü, güya başı qatışıqdı. Bunlardan biri dillənsə, ucadan səslənib açıqca söhbətə keçsə də, Hətəmxan eşitməyəcək, qulağı almayacaqdı.

“Siz Hətəmxanı yaxşı tanımırsınız!– Mürşüd kişi anlatdı. –Onun bayaqdan bəri dənniklə təhnə arasında vurnuxmağının mayası var. Odur ki, bircə kəlmə söz çıxaraq ağzımızdan. Dərhal üstümüzə atılacaq. “Özümqaldı”, “Mənqaldım” deyib çırtıq çalacaq. Bununla da əlimizdən çıxacaq”. Şərt belədi; oyunbaşının və ya əlaltıların harda, hansı güzarda qaydanı pozduğunu görüb tutan kəs belə bir üstünlük qazanır, yasaq-qadağa ona toxunmurdu.

Mürşüd kişinin səssizcə söylədiyi söz ağlabatandı. Hətəmxan oyunu çevirə bilər, itaətdən qurtulardı. Hətəmxan bunumu güdürdü, yoxsa qaramat xosmada laldinməz davranmağa elə alışmışdı, oyun şərti heç onun eyninə gəlmirdi? Dəyirman belə idi, buradakılar axı çax-çax çaqqıltısından, qol-qanad cırıltısından, nərilti-gurultudan başdan-binadan bir-biriylə him-cimlə, qaş-gözlə anlaşmağa öyrəşmişdilər. “Laldinməz” əsl dəyirmançı diliydi. Gər Xəlil “Laldinməz” çəkişməsini burada, Hətəmxandan heç cür uda bilməz, özləricə birinci dillənib, şərti pozub, günün siftəsində, oyunun başlanğıcında bir qızıl-qırmızı xal itirərdilər.

Qalxdılar ayağa. Taxtın ayağından, qaranlıqdan xoruz yenə quğuldadı, Hətəmxanın əvəzindən: “Ya mədəd! Məndən uzaq!”– deyib, onları eşiyə basdı. Geridən Hətəmxan astaca, xımır-xımır gəlirdi. Undan, unlu adamdam çıxan hənir də axı boğulur, dillənsə də, əyin-başına hopmuş bir pud ələnti-ovuntudan eşidilməzdi.

Çıxdılar eşiyə, dəyirman qabağına. Nərdivan arx üstə eləcə uzanılı qalmışdı.Palaza sərilmiş taxıl hövsənirdi, car-cihazı boşalmış dəyirman kılıfından püskürən axar buğda unuyla qarışıq gəlirdi.Buradaca, bir yekə teşt tut altına, hazırca xəmirdi.Su onca unluydu ki, lap horra-xəşil. Oradan, divar altından qaralan kaha-gözdə, o gözün ağzıyla bir paqqıldayan suyun üzündə ələntidən başqa dən-düş, nar dənəsi buğda ,tək-tük qarğıdalı gəlir, dolanır,üzüb gedirdi.Yalmanı ağara-ağara çapan axarın coşğunluğuna dalıb, üçü də dayandı.Gölməçədə yenə qaz-ördək üzüşür,gözə can atır, un-dənə tamsınırdılar.Səs-sədadan, axar-coşardan ürküşüb həvəsiyir, oynayırdılar.Bu gözəl-göyçək quşların da cıqqırı çıxmır,tərtəmiz, çəhrayı pərdə-üzgəcli ayaqları azacıq şappıldamırdı.

 

Cəmşid Mürşüdə bir dümsük vurdu. O da çönüb buna baxdı. Qıllı qaşları altında qurşun təki işaran gözündən oxudu: “Bu qaz –ördəkdəmi o karsalanındı?”

“-Bilmək olmaz”.– dedi Mürşüd. Bunun da göy-ala gözündən dilinə gətirə bilmədiyi söz araşdı: “Tərpənək gedək. İşimiz hələ irəlidədi”.

Baxdılar arxa, əlləri üzülmüş təki başlarını qovzayıb, yuxarılara göz dikdilər. Hə, bu daxmanın üstü tamaşa imiş. Dəyirmanın torpaq damı yazın yaya adladığı gündə bir dirçəlmiş, bir göyərmişdi. Hətəmxanın başının bundan artıq taca- çələngə umusu olmazdı. Qaragöz, alyanaq lalələr boy verib qalxmış, Hətəmxanın içəridə seçilməyən xoruzunun pipiyindən qat-qat artıq qızarmışdı. Al lalələrin arasında yaşıl sarmaşıqlar saçaq-saçaq hörülüb sallanmışdı qapının qaşına. Damın üst çevrəsində güllər, çiçəklər, kalış-çayır,hacıqabıq, əvəlik kükrəyib, bunun yanında behiştin heç kandarı sayılmazdı.

Ağac nərdivanın samı sayaq , əyri-üyrü, amma möhkəm daraqlarının üstüylə arxı keçdilər. Düşdülər o taya. Beləliklə, Hətəmxanla üzülüşüb , üz tutdular padşahlığın özgə hüdudlarına. Yaxşı idi, yaxşı çıxmışdılar. Toqqanın altı əməllicə bərkimiş, ürəklərinə təpər gəlmiş, ovqat açılmışdı. Səhər-səhər dəyirmanda baş tutan naharda keçmiş bəy-xanın, yıxılmış padşahın görmədiyi bin-bərəkət, durum varmış. Ondan da bunlar güc almış, özlərinə gəlmişdilər. Boş qarınla, naharsız, öynəsiz nə bəy, nə xan! Birinci qarındı, toqqanın altıdı. Bütün hökm, fərman oradan başlayır, gedir uğuruna.

Günortayadək iki kərə Bazarbaşından düşüb Çinar altından çıxdılar,çaylağın qırağında dolandılar.Yenə qayıdıb cümə bazarının yerində, piştaxtaların böyründə duruş tapdılar.Hər şey öz qaydasıyla gedirdi. Milis nəfərlərindən Usubəliylə Şahverdi də bir yandan düşüb, aralıqda dolanırdılar.Arada bir Kamıyevin də kəhər at belində idarədən çıxıb, yal yuxarı dırmandığı göründü. Onun köhləni daxili işlər idarəsinin alt həyətində yəhərlənib, yola, qəsəbə arasına sürüləndə kişnərti qoparır,rəisin döyüş əməliyyatına ,kəndə-obaya yollandığını bildirirdi.BununHətəmxanın ları xoruzundan üstünlüyü onda idi ki, elin gözü qabağında,günün gün işığında kişnəyirdi; yoxsa dəyirmançının taxtının ayağına bağlanıb, oradan oğrunca quğuldamırdı.

Aşxana, dükan çörəkxana –hamısı öz işini dinməz-söyləməz görürdü.Burada elə bir çətinlik də duyulmurdu. Biri, bir adam salamı başıyla almış,astagəl yerişə keçmiş,yerdə qalanlar da o rüsumu götürmüşdü.Elə bil heç bir yasaq, qadağa qoyulmamışdı. Sadəcə, hamı sözü bir yerə qoymuşdu , bu gün heç kim səsini çıxarmasın.Bir gün kənd, qəsəbə səssiz dolansın. Bir günə nə var. Bunun bazar-dükana da heç bir əngəli sezilmirdi. Əksinə,xoş-beş, söz-söhbətə gedən vaxt işə, tərpənişə bağışlanırdı.

Qəsəbənin arası laldinməzdi, elə bil doğrudan , insanlıq söz-sovsuz doğulmuşdu. Bunda böyük bir asudəlik vardı.

Duyuqçular,soraqçılar yal-yamaca, qoyun-quzunun,mal-heyvanın dağılışdığı örüşlərə də baş çəkmişdilər.Qayıdıb əl-qolla Xəlilə çatdırmışdılar ki, nəinki çoban-çoluq, biçinçi, heç doğrusu, qoyun-quzu da mələşmir, mal da böyürmür. Bir sözlə, qəsəbə dilsiz, büsbütün səmirsizdi. Bunu təkcə oraya yozmaq olmazdı ki,küçə-meydanda Gər Xəlil, onun küdükçüləri,eləcə də Şahverdi və Usubəli də dolanırdı. Adamlar bəlkə bir də Kamıyev yoldaşın iki milis, bir əməliyyat müvəkkiliylə harayasa Arazqırağına yollandığını, özü də çox başılovlu getdiklərini görüb , özlərini yığışdırmışdılar. Bu da vardı, amma uşaqdan böyüyə, hətta dərs keçən, ağacların altında cəh-cəh vuran məktəblilərin də səslərini kəsdiyini , müəllimlərin susduğunu yalnız Şahverdi və Usubəlinin dolanmağıyla anlatmaq doğru sayılmazdı.Ona qalsa, məktəb də, müəllim də gərək milisin, Şahverdinin görünməyindən ilhamlanıb, ürəklənib sədalarını bir az da qaldıra idilər.

Şahverdiylə Usubəli özləri də heç cınqır çəkmir, yanaşı yeriyir,bir-biriylə kəlmə kəsmirdilər. Bunu onların yan-yörəsindən laldinməz ötüb keçənlər də görürdülər.Belə dilsizliyi asayış keşikçilərinə yalnız yuxarıdan, rəislikdən verilmiş əmr, göstəriş təki anlamaq azdı.Hər bir kəs, bağlarda dərsini qurtarıb dəstə-dəstə evə dönən uşaqlar,onların arasında geridə, irəlidə gedən müəllim və müəllimə -Nazlı da işi sezmişdilər.

Demək, Usubəli və Şahverdi də əmr altında özgə bir əmrə əməl edirdilər. Bu, altdakı səssiz-səmirsiz əmr rəis verənə bənzəmirdi.

Gər Xəlilin hökmünün gücü bax , bu halda göründü. Böyük sayğı-saymaqlıq başladı. Belə ki, məktəb-müəllim əlindən qurtarıb, özbaşına buraxılmış uşaqlar da bağarası cığırlarda, qəsəbənin tək küçəsində, çaylaq yolunda dünən-sırağagünkü qaçdı-qovduya, hay-haraya uymayıb evlərinə, həyətlərinə dərsdə müəllimin istədiklərindən qat-qat artıq bir səssizlik içində getdilər.İş o yerə çatdı ki, balalar, yuxarı sinifdə oxuyan böyük uşaqlar evə çatcaq doqqazdan ,darvazadan analarını dəhmərləyib çağırmadılar: “Acından öldüm! Tez yemək ver!”.Bunu belə görən nənə-ana da allahdan minnət çəkib dinmədi. Həndəvər-həyətlərdə də elə bil qurbağa gölünə daş atmışdılar.

Gər Xəlil, Cəmşidlə Mürşüd çıxıb getsə, gözə görünməsələr də, kimsə cınqırını çəkməyəcək, heç kim dil-dodaq tərpətməyəcəkdi. Lallıq həvəsinə, dilsizlik ovsununa elə qapanmışdılar, oradan istəsələr də qopa bilməyəcəkdilər.

Bazarbaşında toxtayan Üçlük –Gər Xəlil,əlaltıları sükunət tələbinə el-obanın beləcə əməl etməyindən xoşlanıb,özləri də kütlədən örnəklənib,günün birinci yarısını dilsiz, qaş-gözlə sovub dağılışdılar.Hər biri öz evinə yollandı, günorta naharını yesinlər. Bu işi İmaməli aşxanasında da görə bilərdilər. Ancaq orası vardı ki, İmaməli bunu sonra , hansı günahınsa bağışlanmağı sanar, ayağını bir az irəli qoya bilərdi.Onun dalısınca o biri, çayçı, çörəkçi də cızıqdan çıxar, hökmün sındığını söylərdi.Odur ki, Gər Xəlilin işarəsiylə günortanı hər biri öz daxmasında , öz süfrəsinin qırağında dinməz-söylməz əyləşməli, olan-olmazla doyub toxtamalıydı.Belə də elədilər.

Gün əyiləndə padşah-məmləkət çaylağın o tayında ,təpəsi pöhrələnmiş qoca gərlərin altında görünüb, bu tayı bələdlədi. Adamlar günorta öynəsini yemiş, axşam havasına çıxmışdı.Qoyun-quzu, mal-heyvan örüşdən üzü bəri dönüb, obaya yaxınlaşırdı. Yeyib içmiş kişilər çayxanada əyləşib, Çinar altda, tutların kölgəsində daş üstə oturub, şirin söhbətə, olub-olacaqdan söz açmağa həvəsimişdi.Gər Xəlil adamlarıyla bunu güdür, gözləyirdi.Heyhat, yağlı bozbaşdan, pitidən sinirib, şilədən hortladıb toqqanın altını bərkitmiş insan söz-gapa meydan verib,təpərli danışığa qoşulmaq əvəzinə, toxluqdan sustalmış, “Laldinməz”in lapca dərinliyinə quylanmışdı. İşin bu sayaq gedişi hey’ətin ürəyini açırdı. Bununla belə, hər hansı yasağa, qadağaya,qoyulmuş şərtə əlbir-dilbir əməl olunmağında bir sönüklük, durğunluq vardı. Oyun- gedişat onda maraqlı,dadlı-duzlu olur ki, kimsə bir nəfər, özünü unudan, yolundan azan bir kəs şərti pozsun, hamılıqla yeridilən işin əksinə getsin,tərs davransın.Bu oyundu, oyunun əsər-kəsəri, zəndi-zodu onda görünəcəkdi.Padşah əyanı da bəlkə şah olardı ki, belə bir kəs, bəndə düzcə onların gözü qarşısında ortaya çıxıb,özbaşınalıq törətsin.Cəza cəza yerində, Gər Xəlil və köməkçiləri cazaya layiq bildikləri zavallıya minnətdar olardılar.

Hamı da bunu gözləyirdi. Doğrudur,gündüz iki-üç yerdə pozunuqluq sezilmişdi. Cəmşid unutsa da, dinməz-söyləməz bir adam olan Mürşüdün yadından çıxmazdı: Mir Kazımın zümzüməsi,ceviz ağacı altında bir müəllimin naxışlı çubuğu oynatmaqla qalmayıb,ağacın ilişgəsindən asılmış xəritədə hansı məmləkətinsə adını,yerini göstərəndə dillənməsi. Bir də Nazlı müəllimənin uşaqlarla birlikdə,həm də tək-“sola”oxumağı.Lakin gün elə səssizcə əyilməş, ötmüşdü ki, kiçik bir xata üstündə yuxarıdakı adamları cəzalandırmaq istəsələr, bu yeni heyətin amansızlığı sayılacaqdı. Hələ tezdi, siftə başdan özünü qəddar göstərib,qayda-qanunu gözə soxmaq,əyləncə-oyundan bəhrələnmək sövqü təki də yozulardı.

Hər halda, “Laldinməz” sükunətinin bir dilavər ucundan pozulmağı maraqlı olardı,bunlar da bir güclərini sınardılar.

Tərpəndilər İmaməli aşxanasına. Aşxama hələ qalırdı, şam yeməyi başlamamışdı ki, deyələr, hə, aşxana tünlükdü,bunlar da güdükçü təki gəliblər, açıq qapını döyməyə. Amma gün sovuşur, şərt soyuyurdu.Şər qarışana doğru hər kəsin dili açıla bilərdi.Bəlkə heç Gər Xəlil də üstünü vurmazdı.Sabah, ertəsi bundan betər şərt yeridiləcəkdi.

Aralıq küçədən döndülər Çinar meydanına. Köhnə kərpic dükanların səkisiylə,biri qabaqda, ikisi geridə yönəldilər qəsəbənin ən dadlı, ən ləziz xörəklər bişən bucağına.

Aşxana büsbütün seyrəklikdi,mətbəx soyumuş,xörək qoxusu sozalıb sovulmuşdu. Cəmşid mətbəxin gözündən içərini bələdlədi, ocaq-pilitə üstə qomuşmuşiri-xırda qazanlar da susqundu, İmaməli görünmürdü.

Girdilər içəri.

O yanda, uzun palıd masanın başından çuxa-arxalıqla iki kişi əyləşmişdi. Papaq da başda. İki güllü kasanı qabaqlarına çəkib yeyirdilər. İş-güc adamı,tərəkəmə-çölçüydülər.Gəlmişdilər heyvanın gedər-getməz, dəyər-dəyməzini Çinarlı bazarından öyrənib bilsinlər.Başlarını aşağı salıb, girib çıxanla maraqlanmadan günortanın gecikmiş öynəsini başa vururdular.

Gər Xəlil torpaq döşəmənin ortasında dayandı. İmaməlinin əlaltısı Səfərəli piştaxta üstə ucalan zağar samovarın odluğunu qurdalayır,külü tökürdü.

–Salamun-əleykum!

Paho! Bütün gün ərzində eşitdikləri bircə bu səsdi. Özü də dalda-bucaqda yox, açıq-aşkar, üzbəsurət dillənmişdilər.İki gəlmə kişinin biri, o yandan üzü bəri oturan,başını kasadan azacıq qaldırıb doğrulmuş, qızıl-qumral papaqlı, sarı uzunboğaz çəkməli,əynində yaşıl mahud frenc olan Gər Xəlili görmüş, çörək üstdən ayağa qalxmadan, bu da qayda idi,yerindəcə onu salamlamışdı.

Gəlmə olmağına gəlmə idi.Yoxsa,necə varlı-hallı adam olsa da,bu qələti eləyə bilməzdi. Qonağa yasaq-qadağa düşmürdü, məhkəməyə, qazıya çəkilsə də,üzürlü sanıb buraxacaqdılar. Bəs o sayaq, kişiyana, sayğılı salamı almamaq, ödəncsiz buraxmaq necə?

Gər Xəlil kişinin səsini unudub,onu dərindən dərinə süzdü. Beləcə, bir-birinə baxdılar. Kişi daha dillənmədi. Dedi,Xəlil tanınmış adamdı, ad-sanlıdı. Onların daş- torpağında çox atışıb, at oynadıb. O bunu tanımaya bilər. Salamını da hələ almır,götür-qoy eləyir:kimsən, nəçisən. Sən məni tanıdın,amma mən sənin yer-yurdunu bilmirəm.Baxmalı,yoxlamalı, tanıyıb biləndən sonra salamı da qaytarmalıyam.

Qonaq bir də qımzandı, daha nə isə söyləmək istəyəndə, qazanların arasından İmaməli çıxıb, özün atdı bunların arasına. Elə pörtmüş, təntimişdi ki,qonaq dedi,bəs böyük bir xəta baş verib;nədir-anlamadı,şaşırıb o da susdu.

İmaməli kişi, əmələsi Səfərəli qonaqların qabağındakı qabları boş-dolu götürdülər,çörəyi yığışdırdılar. Tərəkəmə xörəkdən sonra çay içmir,su içir. Su da odur, on addımlıqda çinar altından bir kəhriz axır, adam aparır: “Get, orada qarnın lıqqıldayınca iç , sən də yanındakı bu quşgötürəndə. Amma buradan indicə tərpənin, çıxın. Pulu da atın oraya, siməvarın böyrünə, lap istəyirsən at odluğa. Qalxın! Varlı-karlı kişisən, amma sən o halal duz-çörək, dur burdan əkil. Məni zibilə salma!”

İmaməlinin bu sözlərini qonaq elə aydın aldı ki, sözlə desə, bunca anlamazdı. Yerindəncə qalxdı, ardınca aradakı salam-kalamdan ürkmüş yoldaşı da qalxdı. Papaqlarını başlarına bərkidib,arxalıq çuxanın ətək-ütəyini sığallayıb,samovarın böyründəki siniyə bir üçlük atıb çıxdılar eşiyə. Geri baxmadan ayaq alıb tərpəndilər başyuxarı, cümə meydanına .

Qaldı İmaməli, Səfərəli; Xəlil və Mürşüd-Cəmşidlə üz-üzə, qabaq-qarşı! “Laldinməz” içində gözlərini bir-birinə dikib laldinməz baxışdılar. Hələ-hələ heç nə andırmadan susdular. Səfərəli qınına çəkilib, işin nə yolla bitəcəyini kirimişcə gözlədi. Baş aşpaz,aşxana yiyəsi onun da başçısıydı.Əmələni dəqiqəbaşı buyuran , yorub yortan ağasının indi əli-qolu yanına düşmüş,qul kökündə yerindəcə mıxlanıb qalmağı,cıqqır çəkmədən donmağı şəyirdə bir ara xoş gəlsə də , onun da qığlığı qurumuşdu. Qorxurdu gerisindən.Aşxana bəyini, onun öz ağasını gözləyən cəzadan. Şəbədəsi buna da toxunacaqdı.Ağa ilə nökərin, usta ilə şəyirdin eyin bir cəzaya layiq görülüb,həmin kəsməni birgə çəkməkləri canayatandı.Səfərəlinin ustası çox ilişgədən salamat qurtarmış, aşxanasının əlindən alınacağı halda,bunu da Hətəmxan təki öz yerində saxlamışdılar.Belə bir ehtiram –etibara layiq görülmüş İmaməli ağasının ondan qurtarıb,bunda ilişməyi qan qaraldan işdi.

İmaməlinin ,doğrudan, qanı elə qaralmışdı,kabab tikəsində qaysaqlanmış köz qırığı təki. “Laldinməz” içində lal baxışma bitdi. Baş vermiş xata,aşpazın suçu hər ikisinə aydındır. İmaməli kişi onu gözləyən tənbehin birdən vurub kəlləçarxa çıxmağından qorxub, cəzanı yüngülləşdirmək, qurtulmaq ümidiylə, əlbəttə, səs çıxarmadan, baxışı ilə dedi:

“-Mən neyləyim? Tanımadığım, bilmədiyim adamı. Gəlib oturub, bir loxma çörək yedi.Bilmir, soraqsızdı,bizim yerin oyun-məzəlliyindən”.

Cəmşid lələ Xəlil padşahı bu boş danışığa, özünü duruya çıxarmaq istəyən İmaməlinin çırpıntısına uymağa qoymadı. Elə İmaməlinin tərzində, əlbəttə, səssiz-sözsüz başa saldı:

 

“– O bilmir,sən bilirsən. İş pozquntu sənin dükanında baş verib. Ona görə də onun cəriməsi, cəzası büsbütün, artıqlamasıyla sənin boynuna düşür. Yalvar ki, dükanın ortasından təpəsiüstə asılmayasan! Sənə bütün qəsəbənin gözü qabağında bu qazanların hamısının bircə-bircə dibini yalatmasaq,allahına min şükür”.

İmaməli aşpaz başını əydi: “Boynum qıldan nazikdir”.

Cəmşid çənəsini atıb ,başını buladı: “Cəzandı çək!”

Mürşüd kişi insaflıydı,o, gözünü aşxananın torpaq suvağından çəkmədən bildirdi:

“– Səhərkən biz burdan ötəndə də, əlindəki kəfgiri oxudurdun!”.

İmaməli mətbəxə cumdu.Dəlmə-deşik plov kəfgirini qapıb gəldi,tutdu bunların gözü qabağına.

Gər Xəlil gözünün ucuyla kəfgirə baxıb,üz döndərdi. Cəmşid kəfgiri onun əlindən dartıb aldı, o üz-bu üzünə çevirdi: Az qaldı İmaməlinin təpəsinə çırpsın: “Buydu sənin səhər əlindəki kəfgir,ay imansız?! Bu, plov kəfgiridi,hələ bu gün işlənməyib. Sənin əlindəki bozbaş kəgiriydi,onunla qazanın kəfini götürürdün”.

Inne książki tego autora