Dalanda

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

«Görəsən Fəridə neynir? Dincəlir, yoxsa iş görür? Deyəsən dincəlir, çünki mətbəxdən…» Qafar qapının ağzına yaxınlaşdı gördü ki, Fəridə mətbəxdədir.

Qafarın fikri dağılmışdı, beyninə heç nə batmırdı…

…Qafar hərfləri yaxşı seçmirdi. Sən demə şər qarışıbmış, Fəridəgilin otaqlarında işıq yanırmış, Həsənağa qalxıbmış, aynabənddə oyuncaq maşını sürürdü. Maşının əvəzində Həsənağa özü uğuldayır, fit verir, sonra qışqırırdı:

– Qaçın! Çamaat, yoldan çəkilin, maşın sizi basdııı!

Fəridə ona acıqlandı.

– Başın getsin, Həsənağa, baş-beynimizi apardın.

Həsənağa ani olaraq kiriyir, lakin sonra təzədən uğuldayır, fit verir, qışqırırdı: «Yoldan çəkilin! Qaçııın!»

Sona qarı otağın qapısını açıq qoyub, həyəti sulayırdı. Axşamın toranı düşsə də bürkü hələ tamam çəkilməmişdi, su dərhal buxarlanır, asfaltdan buğ qalxırdı, hiss olunurdu ki, bu buxardan Sona qarının ürəyi sıxılır, üzünün qırışları da artır, boş əliylə ağzını tuturdu.

Üç sərçə Sona qarının ətrafında civildəşirdi. Sona qarı onlara sarı baxıb qımışdı, belini düzəltdi, vedrəni yerə qoyub içəri keçdi və əlində bir parça çörək qayıtdı. Sərçələr bir az da bərkdən civildəşdilər, atılıb düşdülər, ağızlarını açdılar, lakin çox da yaxınlaşmadılar. Sona qarı çörəyi ovcunda ovxalayıb sərçələrə tərəf səpələdi. Sərçələr hürküşüb kənara uçdular, ora-bura devikdilər, görəndə ki, Sona qarıdan savayı həyətdə adam yoxdur, üstəlik də Sona qarı arxasını onlara çevirib öz işiylə məşğuldur, başladılar çörək qırıntılarını dənləməyə. Sərçələr hər çörək qırıntısını götürəndə, ehtiyat üçün, başlarını qaldırıb ətrafa boylanır, dimdiklərinin arasındakı tikəni udandan sonra təzəsinə cumurdular. Onların səsinə təzə sərçələr də peyda olurdu. Axıra yaxın sərçələr savaşdılar, qara sinəli sərçələrdən ikisi az qalırdı bir-birinin tükünü yolsun. Bu arada başqa bir sərçə yerdəki axırıncı tikəni qapanda sərçələr ayrıldılar və axırıncı tikəni aparan sərçənin dalınca götürüldülər.

Sona qarı onların arxasınca baxıb nəsə dedi və qımışdı. Qafarın da dodağı qaçdı. İşığı yandırdı. İndi bayır toran kimi görünürdü.

Həsənağa hələ də uğuldayır, fit çalır, qışqırırdı: «Çəkilliiin!»…

Qafar bayaqdan soyunub yerinə girsə də onu yuxu aparmırdı. Yenə fikri Fəridənin yanındaydı. «Nə əcəb xoruldamır? – fikirləşirdi. Elə bil orda heç adam yoxdur. Bəlkə hələ o da yatmayıb? Yox, indiyə qalmaz… Gündüzlər bərk yorulur. Dul gəlindir, çöl işi, ev işi, bazar-dükan… Hələ üstəlik evində də ona-buna paltar tikir. Neyləsin, ehtiyacı var… Görəsən əri hanı bunun? Niyə ayrılıblar? Bəlkə ayrılmayıblar, ölüb? Niyəsə Fəridə ərindən heç söz salmır».

Qafar bir neçə dəfə qəsdlənmişdi ki, bunu soruşsun, lakin utanmışdı. Həm də qorxurdu ki, Fəridənin ürəyinə başqa fikir gələr, ona acığı tutar…

Qalxıb işığı yandırdı. Pencəyinin döş cibindən Gülnazın şəklini çıxartdı. Gülnaz bu şəkli doqquzuncuya keçəndə çəkdirmişdi. O, gülümsünürdü. Lakin indi nədənsə Qafara elə gəlirdi ki, səhv eləyib, Gülnaz gülümsəmir, əksinə, kədərlidir. Görəsən niyə belə olsun? Axı, Gülnaz bu şəkildə həmişə gülürdü! Elə şəkil çəkdirdikləri gün də kefi kök idi, az qala qızların hər sözünə şaqqıltı qoparırdı. Oğlanlar da o günü şəkil çəkdirməyə getmişdilər. Əvvəlcə qərara almışdılar ki, oğlanlı-qızlı bir yerdə çəkdirsinlər. Yadigar üçün. Şəkilçəkən xınabaş, xınasifət bir kişi idi. Kirpikləri də xına rəngində idi, adama elə gəlirdi ki, daima gülümsünür. Təkcə səsindən hiss edirdin ki, o nəinki gülümsünmür, əksinə, hirslidir, çünki uşaqlar arı kimi hey vızıldaşır, əl-ayağa dolaşır, işləməyə qoymurdular. Xınabaş, ümumiyyətlə, məktəblilərin şəklini çəkməyi xoşlamırdı, çünki onlardan «artıq beşcə qəpik də qoparanda aləmi tökürdülər başına…»

Bunu bildiklərinə görə, uşaqlar bir az da hay-küy qoparırdılar: «Əmi, əlli tərpən də, tələsirik!» «Əmi, elə elə ki, hamımız gözəl çıxaq! Lap ay parçasına oxşayaq!»

Xınabaş o oğlanı tərs-tərs süzdü. «Bu sir-sifətnən gözəl çıxmaq istəyirsən?»

O oğlan çil-çil idi, şəkilçəkənin sözündən tutuldu, necə qızardısa üzündəki çillər bir az da iriləşdi. Onun əvəzindən qızlardan biri cavab verdi: «Noolub ona? Sən bir onun boy-buxununa fikir ver!»

Uşaqların hamısı gülüşdü. Xınabaş bağırdı: «Sakit! Ay canım, sakit olun! İçəri bir-bir girin, görmürsüz, balaca daxmadır, indicə uçuracaqsız!»

Gülnaz dedi: «Uçsa yaxşıdır, bəlkə təzəsini tikələr!»

Xınabaş bu dəfə hirslənmədi, köksünü ötürdü: «Allah ağzınızdan eşitsin».

…Qafarla Gülnaz yanaşı dayanmışdılar. Hətta arada necə oldusa Gülnazın saçı dağılıb Qafarın çiyninə töküldü. Şəkil elə bu cür də çıxmışdı…

Qafara elə gəldi ki, yenə o günlərdir, Gülnaz qulağına pıçıldayacaq: «Etibarsız çıxırsan». Qafar da ona lap yaxınlaşıb deyəcək: «Səni heç vaxt unutmayacağam».

Elə o ili ayrıldılar: Qafar tikinti texnikumuna girdi…

O günü sinif rəhbərləri Hacı müəllim də ordaydı, onun da gözlərinin dərinliyində qəribə bir kədər vardı; Qafar bu kədəri şəkil çəkdirib kəndə qayıdanda hiss elədi və xəlvətə salıb soruşanda ki, Hacı müəllim, niyə bikefsiniz, sinif rəhbərləri dayandı, uşaqlardan aralananda dedi ki, sizdən ayrılmağıma kədərlənirəm. Yeddi ili zarafat sanmayın. Üçüncü sinfə sizi götürəndə bax bu boydaydız.– Hacı müəllim dizini göstərdi.– Ördək balası kimi yıxılanda qalxa bilmirdiniz… İndi, maşallah yetişmiş…

– Dondurma!– Qəfildən darvazadan yola çıxan oğlan necə qışqırdısa hamı dayandı. Qızlardan biri dedi:

– Oy, lap ağzım sulandı.

Hacı müəllim oğlana sarı yeriyib, hərəyə birini ver, dedi. Uşaqlar dondurmanı elə o dəqiqə açıb yeyə-yeyə aralandılar. Hacı müəllim cibindəki pulların hamısını çıxarıb qorxa-qorxa sayırdı. Görəndə ki, altı qəpik çatmır, öz payını qaytardı, mənim boğazım ağrıyır dedi. Hərə bir tərəfdən Hacı müəllimin qoluna girdilər, indi onun gözləri yenə gülürdü…

Qafar Gülnaz üçün necə darıxdısa az qaldı qalxıb birbaşa özünü salsın qatara və yollansın kəndə. Hətta doğrudan da yerindən durdu və işığı yandıranda gözü stolun üstündəki saatına sataşdı,– gecə yarı olurmuş, artıq onların rayonuna doğru yollanan bütün qatarlar çoxdan çıxıb getmişdilər.

Qafarın qulaqlarında uzaqlaşan qatar təkərlərinin yeknəsəq, qüssəli taqqıltısı səsləndi.

Sona qarının da işığı yandı, sonra qapısı açıldı və onun tanış öskürəyi eşidildi. Sona qarı yenə xeyli, həm də dalbadal öskürdü, öskürdü, axırda az qala tamam boğuldu. Bir müddət səsi çıxmadı, eləcə beli bükülü dayanmağından, tez-tez əyilib qalxmasından hiss olunurdu ki, hələ də öskürür. Sonra tut ağacının dibində çömbəlib durdu, niyəsə əllərini göyə doğru uzadıb nəsə pıçıldadı… Həmişə belə anlarda Qafar düşünürdü ki, Sona qarı allahla danışır və allahdan öz oğlunu soruşur. Allah da ona heç bir cavab vermir. Yəqin buna görədir ki, Sona qarının beli bir az da bükülürdü və az qala iməkləyə-iməkləyə geri qayıdıb, qapını da örtməyi unudurdu. İndi də Sona qarı qapısını açıq qoyub qeyb oldu…

Amma Qafara elə gəlirdi ki, hələ də Sona qarını görür, həm də indi Sona qarı tək deyildi, yanında müharibə də vardı. Dava başlayanda Qafarın beş yaşı vardı. Dava deyəndə, nədənsə həmişə çolaq kişilər, yetim uşaqlar, bir də qonşuları Xurma gəlib dururdu gözlərinin qabağında. Ən çox da Xurmanı görəndə davadan qorxurdu. Xurma hər axşam, hamı yatandan sonra çəkilərdi evlərinin arxasına və başlardı əvvəlcə sakit-sakit, sonra hönkürtüylə ağlamağa. Qafar bunu təsadüfən bilmişdi. Bir gecə hiss etdi ki, yata bilmir, sancıdan qovrulur. Özünü danladı ki, yatar qarına niyə o qədər su içdi. Gözlərini ha bərk yumdu, ha yorğanı başına çəkdi, ha dişlərini bir-birinə sıxdı, yata bilmədi ki, bilmədi. Tərs kimi də bayır şaxtalı idi. Payız təzəcə girsə də hava sazaqlı idi, adam içəridə üşüyürdü…

Qafar axırda dözə bilməyib çölə çıxdı və evin dalına keçəndə bərk qorxdu, az qaldı ki, qışqırıb geri qaçsın. Lakin bu vaxt qaraltı tərpəndi və Qafar Xurmanı tanıdı, titrəyə-titrəyə onu səslədi. Xurma da qorxdu, həm də durub-durub qəfildən qışqırdı:

– Sənin burda nə itin azıb?

Qafar mızıldana-mızıldana dedi:

– Yata bilmirdim, ona görə çıxdım.

Xurma qüssəli, yazıq səslə pıçıldadı:–Qafar, sən daha kişisən, sirr saxlaya bilərsən, yox?

– Əlbəttə saxlaya bilərəm, Xurma bacı. Yanımda lap baş da kəssələr orda-burda danışmaram.– Qafar özünü tox tutmağa çalışsa da titrəyirdi.

Xurma yaxınlaşıb onu qucaqladı və təzədən hönkürdü.

Qafar istəyirdi ona ürək-dirək versin, desin ki, ağlama, Xurma bacı. Qurban olum, ağlama. Axı sənə nə olub? Gecənin bu vədəsi niyə ağlayırsan ki, belə?

Amma Qafar heç nə deyə bilmirdi, çünki özü də ağlayır və o da Xurmaya qısılırdı.

Xurma sakitləşəndən, gözlərinin yaşını silib hətta gülümsünəndən, Qafarın başını sığallayıb «canın yansın, a kişi qırığı!» deyib onu qucaqlayandan sonra Qafar həmin sualları hündürdən təkrar etdi, Xurma da köksünü ötürüb pıçıldadı ki, böyüyəndə özün hər şeyi biləcəksən, indilikdə səndən xahişim budur ki, burda mənim ağladığımı heç kəsə danışma… Başqa gecələr də, lap elə gündüzlər də ağladığımı görsən heç kəsə danışma. Oldu?

– Oldu.

– Bax, sözünün üstündə kişi kimi dursan böyüyəndə sənə ərə gedəcəm. Məni alarsan, Qafar?

– Yox.

– Yox? Niyə ki? Olmuya kifirəm, sənə yaraşmıram?

– Yox, kifir-zad deyilsən, kəndimizin ən gözəl qızısan.

– Bə onda məni niyə almırsan ki, Qafar?

Qafar ona altdan-yuxarı xeyli kədərli-kədərli baxdı və uşağın gözlərindəki bu kədər Xurmanı da üşütdü, onu bağrına basdı.

– Mənə niyə belə baxırsan, ay Qafar?

– Düzünü deyimmi səni niyə almaram?

– De.

– Çünki sən başqasını gözlüyürsən.

– Başqasını gözlüyürəm? Kimi gözlüyürəm ki?– Qafarın dodaqları aralanmaq istəyəndə Xurma onun ağzını tutdu.– Yalan danışırsan! Yalan danışırsan, mən heç kəsi gözləyib eləmirəm. Mən kimi gözləyirəm ki? Hardan gözləyirəm ki?

– O, davadadır.

– Davadadır? Bunu sənə kim deyib?– Xurma onun yaxasından tutub bərk-bərk silkələdi.– Kim deyib bunu sənə? Bacıların? Qonşu qızları? İndi də mənim qeybətimi qırırsız?

 

– Yox, bunu mənə ürəyim deyib, Xurma bacı?

– Ürəyin? Yəni sənin ürəyin də bir şey hiss eləyir ki?

– Niyə eləmir, Xurma bacı. Uşaq olanda noolar ki, Xurma bacı, uşağın ürəyi ürək deyil? Bir də mənim haram uşaqdır, səkkiz yaşım var daha.

Xurma ona baxa-baxa qalmışdı, danışa da bilmirdi, eləcə bağrına basıb başladı onun üz-gözünü yaşlı, duzlu dodaqlarıyla yalamağa. Qafar da onu öpür və boğula-boğula pıçıldayırdı:

– Ağlama, Xurma bacı, sən allah, ağlama, yoxsa mən də ağlayacam.– Əslində Qafarın da gözlərindən yaş axırdı.

Xurma onu özündən dərhal araladı, gözlərinin yaşını sildi, sonra əlini Qafarın da gözlərinə çəkdi, əli islananda üşəndi.

– Yox, Qafar, sən ağlama. Yox, yox, istəmirəm ki, sən ağlayasan. Gəl, gedək, gəl, əməlli üşüyürsən…

Qafar yerinə çoxdan girmişdi, artıq xoruzlar da ağız-ağıza verib banlaşırdılar, lakin onun gözlərinə yuxu getmirdi. Birdən Qafara elə gəldi ki, onun yuxusunu qaçıran Xurmanın ətridir. Yorğanın altı Xurmanın ətri ilə dolmuşdu. Bir istədi, yorğanı qaldırıb bu ətri qovsun ki, bəlkə yuxuya gedə. Amma əli gəlmirdi yorğanı qaldırmağa, sanki bu ətir çəkilsəydi yuxusu da o ətirlə bərabər ömürlük uçub gedəcəkdi və Qafar heç vaxt yata bilməyəcəkdi…

* * *

– Rədd ol, əclaf! Rədd ol, deyirəm!

Bu sözlər qonşu otaqdan elə aydın eşidildi ki, əvvəlcə Qafar yenə qorxdu. Handan-hana özünə gəldi və divarı ehmalca taqqıldatdı.

Fəridə ara vermədən qışqırır, xırıldayırdı, hərdən də hıçqırırdı. Belə anlarda səsi çox yazıq çıxırdı: «Əl çək də yaxamdan! Nə istəyirsən məndən?»

Qafar görəndə ki, divarı taqqıldatmaqdan bir şey çıxmır, şalvarını geyinib, işığı söndürdü, ayaqlarının burnunda aynabəndə çıxdı. Əvvəlcə Həsənağa yatan küncə boylandı. Orda sakitlik idi.

Gecə aylı-ulduzlu idi, otaqların içi görünürdü, Həsənağa üstünü açmışdı, Qafar gedib yorğanı onun üstünə çəkdi. Həsənağa ayılmadı.

Fəridə hələ də sayıqlayırdı. Qafar astadan səsləndi: «Fəridə bacı, ay Fəridə bacı!..»

Fəridə ayılmadı. İndi bərkdən hıçqırırdı, ehtiyatla onun çarpayısına yaxınlaşdı, Fəridə bu ilıq sentyabr gecəsində donurmuş kimi bərk-bərk yorğana bürünmüşdü. Birdən yenə qışqırıb yorğanı üstündən atdı və qalxıb oturdu. Qafar sıxıla-sıxıla dedi:

– Fəridə bacı, bağışla ki…

Fəridə təzədən uzandı. Ayın ziyası onun üzünə düşürdü. Fəridənin gözləri yumulu idi; indi sakitcə yatır, hətta üzündə təbəssüm də gəzirdi. Xalatının yaxası yenə açılmışdı, yenə onun yumru, dolu, dümağ döşləri çöldə qalmışdı. Qafar yorğanı yerdən götürüb onun üstünə salanda necə oldusa səndələdi, əli sinəsinə toxundu. Fəridə təzədən qalxıb oturdu. Başının üstündə qaraltı görəndə qışqırdı:

– Ey, kimsən?

– Mənəm, Fəridə bacı, Qafaram, qorxma…

– Sən kimsən?– Fəridə divara qısılmışdı.

– Mənəm də, Fəridə bacı, Qafaram, Qafar…

Fəridə ona yazıq-yazıq baxdı. Necə titrəyirdisə dişləri şaqqıldayırdı, çənəsini dizlərinə söykəyib bir az da büzüşdü.

– Nə var, nə istəyirsən?

– Heç nə, Fəridə.bacı, gördüm ki, yenə…

Fəridə indi ayıldı, gözlərini geniş açıb ona mat-mat tamaşa etdi və handan-hana dedi:

– Yaxşı eləyib ayıltdın… Yuxuda… məni boğurdular…

Qafar qayıdıb qapıdan çıxanda Fəridə dedi:

– Əziyyət olmasa, mənə bir stəkan su ver, ürəyim üstümdə durmur.

Qafar su gətirdi.

Qafarın əli uzanıqlı qalmışdı, çünki Fəridə stəkandan yox, Qafarın əlindən yapışıb dururdu. Fəridə də özünü itirməyini ört-basdır etmək üçün zarafata keçdi.

– Bu nədi, adə, nöşün uçunursan? Sən də pis yuxu görmüsən?

– Mən heç yatmışam ki, yuxu da görəm?

– Bəs onda… Adə, neylədin?

Stəkan Qafarın əlindən düşmüşdü, Fəridə dala çəkilsə də daha gec idi, onun yaxası, yorğan-döşək islanmışdı. Fəridə yorğanı kənara atdı və yenə döşləri, dizləri açıqda qaldı, köynəyinin ətəklərini nə qədər dartdısa da açıq yerləri örtülmədi. Axırda yorğanı o biri üzünə çevirib büründü.

Qafar dala çevrildi.

– Hara, adə?

– Gedim, su gətirim.

– Lazım deyil. Adə, sən heç adam yarıdan deyilmişsən ki!?

Qafar otağın ortasında qurumuşdu.

Fəridə arxası üstə çarpayıya uzandı, ilıq səslə dindi:

:– Qafar!

– Eşidirəm, Fəridə ba…

– Adə, yenə başladın «bacı ha bacı» mələməyə?!

– Bə necə çağırım ki?

Qafarın sualındakı uşaq səmimiyyəti, çaşqınlıq Fəridəni tamam yumşaltdı, dodaqları qaçdı və o da eləcə isti bir səslə dedi:

– Vay məməəə!.. Adə, bunu da bilmirsən? Bəs o universitetdə sizə mərifət dərsi vermirlər? Başa salmırlar ki, qadınla neçə rəftar edərlər? Anlatmırlar ki, hansı qadını nə cür çağırarlar?

Qafar yenə sadəlövhcəsinə etiraf etdi:

– Yox, bizə elə şey keçmirlər.

Fəridə əlini hirsli-hirsli yellətdi:

– Onda o müəllimlərin özlərinin mərifəti də bir qara qəpiyə dəyməz!

– Proqramda yoxdu axı belə şeylər, o yazıqlar neyləsinlər!

– Proqramda yoxdur?– Fəridə ona təəccüblə baxdı. Doğru sözündür?

– Hə, doğru sözümdür.

– Adə, o proqramı tutanlar nə qanacaqsız adamlardır! Yəni onnar başa düşmürlər ki, qadınla danışmağı bacarmayan tələbədən sabah zavmaq, yaxud qəssab müdiri deyirsən heç…

– Biz zavmaqlıq oxumuruq, biz müəllim, bəlkə də alim olduq.

– Yox aaa? Elə bu qanacaqla?

Qafar yavaş-yavaş içəridən isinir və titrəyirdi. Bir istəyirdi o da Fəridəni sancsın, amma qorxurdu ki, yenə hirslənər, gecənin bu vədəsi hay-küy qoparar və evdən qovar. Buna görə də dinməzcə qapıya sarı yeridi. Fəridə ayağa durdu.

– Dayan görüm,– dedi. Onun səsindəki zabitə Qafarı necə əzdisə dərhal dayanıb dala çevrildi.

Fəridə başının sərt hərəkətiylə qapqara, gur saçlarını dala, çiyinlərinə səpələdi və təzədən çarpayıda oturdu.

Qafar dinmir, eləcə ona, daha doğrusu, onun yupyumru, dümağ döşlərinə tamaşa edirdi. Fəridə yorğanı qəfildən sinəsinə çəkdi. Bu elə gözlənilməz oldu ki, Qafar özünü saxlaya bilməyib boğazını irəli uzatdı, gözlərini geniş açıb matdım-matdım baxdı.

Bu baxışdan Fəridənin canı isindi.

– Qafar.– Onun səsində titrəyiş, hətta bir az da kədər sezildi.– Getmə, Qafar. Bilirsən, qorxuram. Həmişə o cür yuxudan ayılanda qorxuram. Yaman qorxuram. Məni titrətmə tutur. Gəl, yanımda əyləş.

Qafar bilmədi Fəridə bunu ürəkdən deyir, yoxsa kinayə eləyir. Odur ki, ürkək-ürkək, addım-addım yaxınlaşıb, çarpayının ayaq tərəfində dayandı.

– Orda durma, gəl burda, yaxında əyləş!– Fəridə bunu elə şirin, elə doğma bir səslə dedi ki, Qafar ürəyindən özgə şey keçirdiyinə, ona hərisliklə baxdığına görə əzab çəkdi.

– Baş üstə, Fəridə bacı,– dedi. Həm də bu dəfə Fəridə bu «bacı» sözünə görə ondan incimədi. Deyəsən heç bu sözü eşitmədi də. Fəridə üşüyürdü, ya nəydisə, yorğanın arasında da büzüşmüşdü. Qafarın yadına bacıları düşdü, az qaldı ki, əlini uzadıb Fəridənin başını sığallasın, onu sinəsinə sıxıb oxşasın. Elə bu zaman Həsənağa qışqırıb nəsə dedi. Onun sözlərini ayırd eləmək olmadı, Həsənağa tezcə də sakitləşdi və daha səsini çıxartmadı.

Otağa elə bir üzüntülü, ağır sükut çökdü ki, bu dəfə Qafarı da üşütmə tutdu və «mən gedim» deyib qalxmaq istədi, lakin Fəridə onu buraxmadı, qolundan yapışdı.

– Qurbanın olum, Qafar, incimə, bir az dayan. Ürəyinə ayrı şey gəlməsin, tək qala bilmirəm. Bu saat sakitləşəcəm, qorxum çəkiləcək. Həmişə belə olur: yuxudan ayılanda elə bilirəm daş-divar canavara dönüb şığıyır üstümə, indicə məni parçalayacaqlar. Az qalıram dəli kimi qışqıram. İlk günlər qışqırırdım da. Sonra gördüm ki, Həsənağanı da qorxuzuram. Uşaq cinli olurdu, gecədə neçə kərə alasərsəm ayılırdı, ağlayıb sarmaşırdı boynuma ki, qoyma, məni boğurlar… Ondan sonra canımı dişimə tutub qorxumu uddum… Heç bilirsən qorxunu içəri salmaq nə olan şeydir?.. Hardan biləcəksən! Yox, sən belə şeyləri bilməzsən. Qorxu içəridə qalanda dəhşətli olur, Qafar. Yaman dəhşətli olur! Adama elə gəlir ki, içərində xərçəng var, xımır-xımır gəmirir… Səni o qorxunun ucbatından buraxmışam evimə…

Fəridə nəzərini otağın uzaq, qaranlıq küncünə zilləmişdi.

Qafar da büzüşüb çarpayının başqa küncünə qısıldı. Sonra neçə oldusa, qəfil yerindən atılıb işığı yandırdı.

Otağa yenə bir müddət ağır üzüntülü sükut çökdü. Hər ikisi hiss edirdi ki, bu dəfəki sükutu gətirən qəfil yanan işıq oldu. Bəlkə də hər ikisinin həyatında ilk dəfəydi ki, qaranlıqdan işığa çıxdıqlarına görə belə darıxdılar, hətta əsəbiləşdilər. Ən çox da əsəbiləşən Fəridə idi. Çünki bu qəfil işıq onun içərisindəki kədəri sanki bütünlüklə yad adama göstərmişdi və bu yad adam, yəni Qafar artıq bilirdi ki, Fəridənin içərisindəki kədər nə qədərdir belə…

Buna görə də Fəridə işığı söndürdü və özü də gözləmədən ən böyük sirrini, yəni ən böyük dərdini açdı:

– Darıxmışam, Qafar. Kişi nəfəsi üçün darıxmışam. Məni qınama, neynim, cəmi iki il yaşadım. Sonra…

– Qovdun?

– Yox, özü qaçdı.

– Özü qaçdı? Niyə?

Fəridə xeyli susandan sonra dedi:

– Lazım deyil. Qafar, bu gecə heç nə soruşma. Heç nə… heç nə!.. Oldumu?! Bir də sənə nə var ki, niyə qaçdı? Bunun dərdi sənə qalmayıb. Dur, əkil burdan! Karsan, itil burdan, yoxsa aləmi tökəcəm başına.– Fəridə onu qəfildən necə itələdisə Qafar özünü saxlaya bilməyib yıxıldı, qalxıb dərhal otaqdan çıxdı. Fəridə ayaq səslərindən hiss edirdi ki, Qafar öz otağına keçdi, budur, soyunur, indi də çarpayısına uzanır. Çarpayının cırıltısı bir müddət qulaqlarından getmədi. Axırda bu cırıltı onun bütün bədənində qarışqa kimi gəzindi və Fəridə üzüqoylu uzanıb hönkürdü. Hönkürə-hönkürə də söyürdü: «İt oğlu Cabbar, o saat baş götürüb getdi. Belə çıxır ki, bir himə bənd imiş. Əlbəttə, himə bənd imiş… Ürəkdən istəsəydi dözərdi… Cəhənnəmə getsin… Allah var dalınca bir qara daş getsin!.. Özünü kişi kimi aparaydı, mən də ona kişi deyəydim. Təzə gəlinin yanına da iki gündən bir öküz kimi içib gələrlər? İçirdi, sonra da mənə dalını çevirirdi. Tək yatacaqdım daha ərə niyə gəlirdim. Lap əcəb elədim, dedim ki, sən kişi deyilsən… Bə nə deyəydim?…»

Qalxıb ara divara söykəndi və dinşədi. Qafar da yatmamışdı, çarpayısı cırıldayırdı… «Onun da yuxusu qaçıb, deməli o da məni düşünür.– Fəridə əllərini divar boyunca gəzdirdi.– Qafarın çarpayısı bax burdadır. Eşələnir, nəfəsini də eşidirəm».– Barmaqlarını divara necə sıxdısa əlləri sızıldadı.

Həsənağa ona tərəf çevrildi, Fəridəyə elə gəldi ki, oğlu ayıqdır, onu görür, hətta ürəyindən nə keçdiyini də hiss edir.

Fəridə özünü çarpayıya atdı və için-için ağladı.

Hənirti hiss edib başını qaldırdı və Qafarı qapının ağzında görəndə gözlərinə inanmadı. Bir istədi qışqırsın ki, rədd ol ordan!.. Lakin Qafarın ona çox yazıq-yazıq baxmasını görəndə ürəyinə dolmuş qəzəb, isti dəymiş buz kimi tezcə əridi. Hətta Qafarın gəlməsinə sevindi də. Qafar bunu hiss edib asta-asta yaxınlaşdı və gəlib çarpayının ayaq tərəfində oturdu, Fəridə də qalxıb çarpayının ortasında bardaş qurdu. Hər ikisi bir-birinə tamaşa edir və heç hansı dinmirdi. İkisi də ağır-ağır, dərindən nəfəs alırdı, Qafar əlini uzadıb Fəridənin əlindən yapışdı– Fəridə əlini çəkmədi. İkisi də titrəyirdi. Birdən Fəridə Qafara sarmaşdı və təzədən, həm də bərkdən hönkürdü. Qafar onun şorlaşmış yanaqlarından öpür və titrəyə-titrəyə pıçıldayırdı:

– Ağlama, Fəridə, sən mənim canım, ağlama. Sakit ol, Həsənağa eşidər.

– Ağlamıram… Baax, ağlamıram… Daha ağlamıram, Qafar…

Qafar özünə gələndə gördü ki, bayır işıqlaşır. Tez qalxdı, çarpayıdan yerə düşmək istəyəndə, Fəridə onu özünə sarı çəkdi və gözünü açmadan soruşdu:

– Hara?

– Səhər açılır.

– Cəhənnəmə açılsın.

– Həsənağa indicə ayılacaq.

– Ayılmaz. Oyadan olmasa saat on ikiyəcən daş kimi yatır.– Fəridə arxası üstə çevrilib gərnəşdi. Xalatın yaxası tamam açıq idi. Fəridə nəfəs aldıqca döşləri qalxıb-düşür, titrəyirdi. Qafar üzünü o dümağ, yumru, qız döşləri kimi bərk döşlərin arasında gizlətdi. Nəfəsi qaralanda pıçıldadı:

– Sona qarı ayılıb.

– Sona qarı ayılıb? Hanı?– Fəridə sıçrayıb oturdu.

– İndicə həyətdə səsi eşidilirdi.

– Onda çıx get. Elə get ki, pəncərədən səni görməsin.

Qafar əyilə-əyilə öz otağına keçdi, nəfəsini dərəndən sonra işığı yandırdı ki, saata baxsın. Gözünə ilk sataşan Gülnazın şəkli oldu. Gülnaz şəkildən ona çox qəmli baxırdı. Qafar onun gözlərindəki qüssəyə dözmədi, şəkli kitablardan birinin arasında gizlətdi…

***

…Fəridə arxası üstə çevrilmişdi, daha xoruldamırdı. Qafarın canındakı istilik o dəqiqə keçdi, hətta yayın günündə üşüdü, başı təzədən küyüldədi, gipsdəki ayağını yenə qaşınma tutdu.

– Fəridə?– Qafar neçə qışqırdısa yan otaqda qızı Çimnaz oyandı, gözlərini ovcalaya-ovcalaya gəldi.

– Nədi, ata?

– Dilim ağzımda quruyub, mənə çay…– Çimnazın gözləri bir az da böyüdü. Qafar udqunub sözünü dəyişdi– hə, hə, geçdir, bivaxtdır, bala, heç olmasa su ver.

 

Çimnaz qapını necə örtdüsə Fəridə səsə oyandı, əsnədi, gərnəşdi və ərinə təəccüblə baxdı.

– Neçəsən, a kişi?

– Yaxşıyam. Lap yaxşıyam.– Qafar gözlərini yumdu.

– Şükür allaha!.. Bəs niyə yatmırsan?

– Yatmaqdan bezmişəm.

Fəridə bayıra boylanıb yorğun-yorğun, hətta böyük təəssüf hissiylə: «Səhər açılır» – pıçıldadı və könülsüz geyindi, hələ də əsnəyirdi, yuxusu tamam dağılmadığından evdə kor kimi yeriyir, stula, divara dəyirdi. Qafar fikirləşdi ki, mənim ucbatımdan biçarə doyumluq yuxuya da həsrətdir. Çimnaz əlində bir stəkan su gələndə Fəridə təəccübləndi:

– Sən niyə yatmırsan?

Çimnaz mızıldandı:

– Yatmaq olur ki?– Başıyla atasını göstərdi. Fəridə ona gözünü ağartdı və suyu əlindən alıb stolun üstünə qoydu.

– Bu saat çay verrəm,– deyib mətbəxə keçdi.

* * *

Professor Mürşüdov təzə gətirdiyi buza əl dəyəsi olmadı, Qafarı dönə-dönə yoxlayandan sonra gülümsünmüş halda dedi:

– Hə, qardaş, daha yaxşısan. Başın tamam qaydasındadır. Mən sənə əvvəlcədən bildirdim ki, beyin silkələnməsi lap yüngül formadadır. İndi qaldı ayağın, onu da tezliklə sağaldacam. Elə sağaldacam ki, əvvəlkindən də möhkəm olacaq. Elə möhkəm olacaq ki, lap üstündə çəkiclə qoz da sındıra bilərsən… Hə, sabah tezdən gətirib ayağının şəklini təzədən çəkdirəcəm, görüm ki, sınıq nə cür bitişir. Sarınmağına əla sarınıb. Bilirsən sınıqda əsas nədir? İlkin sarğı ki düz oldu, deməli, axırı da yaxşı olacaq. Buna bircə qram da şübhən qalmasın. Səninki olsun yemək. Nə bacarırsan yeməyinə fikir ver. Şükür allaha, yemək də kii…– İstədi desin ki, «yemək də ki, nə qədər istəyirsən gətiririk… Onun ürəyindən keçənləri Qafar da, Fəridə də başa düşdü. Qafar qaşqabağını salladı. Fəridə araya ayrı söz atdı, daha doğrusu cavabını özü də bildiyi bir yersiz sual verdi:

– Professor, neçə gündür dalbadal xaş verirəm, ziyan eləməz ki?

Professor Mürşüdov da söhbətin dəyişdiyinə sevindi:

– Xeyr, xeyr, Fəridə xanım. Sınığın əsas dərmanı xaşdır. Allah ölənlərinizə rəhmət eləsin, atam yüz üç yaşında yıxılıb ombadan azca aşağı ayağını sındırmışdı. Hamı fikirləşirdi ki, qocadır, sümüyü tamam kövrəlib, çətin sağalar. Kişi bizi məcbur edirdi ki, hər gün ona kəlləpaça verək. İnanırsız, düz iki ay on altı gün o yaşda qoca hər gün yağlı erkək kəlləpaçası yedi və sağalıb durdu ayağa. Həə, kəlləpaçanın gücünü mən onda gördüm.

– Mal dırnağı da elə qüvvəlidir?

Professor Mürşüdov anladı ki, Fəridə daşı hara atır.

– Fərqi yoxdur,– dedi.– Kəlləpaça ya mal dırnağının xaşı, ikisi də eyni dərəcədə qüvvəlidir. Özü də bu dırnaqlar cavan, əldə bəslənmiş dana dırnaqlarıdır. Yox, əyər Qafar qardaşın könlü kəlləpaça…

–Hə, kəlləpaçadan onun yaman xoşu gəlir.

– Baa, bə bunu mənə niyə deməmisiz indiyədək?

– Nə bilim, utanırdım…

– Mənim üçün heç bir fərqi yoxdur.– Qafar bu söhbətdən bezib, üstəlik də sıxılıb arvadının sözünü ağzında qoydu. Lakin Fəridə də Fəridə idi, dərhal bozardı:

–Özün həmişə demirdin ki, könlünə erkək kəlləpaçası düşüb?

Qafar daha dinmədi, köksünü ötürüb yönünü divara çevirdi.

O biri otaqda gümrah qadın səsi eşidildi:

– Təki Qafar qardaş yeməkdə olsun, kəlləpaça hər gün tapılar. Mikayıl Maştağada bir nəfərlə danışıb, günaşırı dırnaq gətirir. Deyərik ki, dırnağın yerinə kəlləpaça versin. Puluna minnət!– Bu, akademik Mürşüdovun arvadı Qəmər xanım idi, içəri təzəcə girmişdi.

Fəridə də aynabəndə keçdi və orda onlar nə barədəsə xısınlaşdılar. Qəmər xanım stolun üstünə bağlı bir zərf qoydu. Fəridə zərfə müəmmalı baxdı:

– Bu nədir belə?

– Bekar şeydir. Balaca əl xərcliyidir.– Qəmər xanım özündən razı halda qımışdı. Qafar o biri otaqda bunu eşitdi. Professor Mürşüdov da eşitdi və o da qımışdı. Qafar bu qımışığın mənasını başa düşdüyündən içərisindəki sıxıntı bir az da artdı, büzüşüb lap divara qısıldı. Qadınlar yenə pıçıltıya keçdilər:– Bazarlıq üçündür, yox, ey, elə fikirləşmə ki, daha biz özümüz bazarlıq eləməyəcəyik. Eləyəcəyik! Bu, bacı payıdır. Deyirəm, şəhərə-zada çıxanda gözünə fərli bir şey dəyər, alarsan uşaqlarçün. Sağ olsun…– Yenə bərkdən danışdı ki, Qafar da eşitsin. Bu, Fəridəni hirsləndirdi, çünki istəmirdi Qafar bunu bilsin. Fəridənin hirslənməyinin səbəbini Qəmər xanım da başa düşürdü, ona ürəyində güldü və səsini bir az da qaldırdı:– Əsl bacılığı sizə bir aydan sonra eləyəcəm. Mikayılla danışmışıq, iki dünya bir olsa da gərək bu il Çimnaz arzusuna çata.

İndi Qəmər xanımın bir az da bərkdən danışmağına, söhbətin bu yerini Qafarın da eşitməyinə Fəridə də sevindi. Zərfi stolun üstünə sərilmiş müşəmbənin altına qoydu. Qəmər xanım: «hə, mən gedim»– deyib ayağa qalxdı və Fəridəni öpdü. Fəridə də onu öpdü. Qapıdan çıxa-çıxa Qəmər xanım ayağını sürüdü:

– Fəridə xanım, yenə xahiş edirəm,– dedi,– bizim uşağı o müstəntiqin əlinə verməyin. Həm bizim adımıza yaraşmaz ki, gül kimi balamız milisin qapısında boynunu büksün, həm də ki, səfər üstədi. Vallah, xəcalət çəkirik, biz hara, milis hara?!. Dünən Moskvadan zəng çalmışdılar, viza, deyirlər, büyünə-sabaha hazır olur.

O, danışa-danışa Fəridə ürəyində deyirdi ki, çəhənnəmə hazır olsun. Qəmər xanım dayanıb onun üzünə baxanda qaşqabağını salladı.

– Gərək kişiylə danışam, hələlik yaxın qoymur, deyir, məni şikəst elədilər, yayın cırhacırında saldılar yorğan-döşəyə, olmuşam ev dustağı. Bir az artıq danışanda da əsəbiləşir, başının ağrısı qalxır. Zəhrimar təzyiq də yazığı bir yandan əldən salır.– Fəridə bunları elə yavaşdan deyirdi ki, Qafar eşitmirdi.

– Ay bacı, elə bil ki, xata mənim yox, sənin balanın başına gəlib. İşdi də olub. Şükür allaha ki, arada ölüm-itim yoxdur…

– Yəni istəyirdiz ki…

– Yox, yox! Nə danışırsan…

Professor Mürşüdov da aynabəndə keçdi və bərkdən dedi:

– Qardaşın vəziyyəti xeyli yaxşılaşıb. Axşama məni bir ağır xəstə üstünə çağırıblar, ona görə sizə sabah gələcəm!– O, sağollaşıb getdi. Qəmər xanım da onun dalınca çıxdı, amma həyətdə də çevrilib nigarançılıqla arxaya baxdı, Fəridə qımışdı: «Həə, adamın ürəyini beləcə qopararlar…»

Qonaqlar dalanda gözdən itən kimi Fəridə müşəmbənin altındakı zərfi çıxartdı, açdı və… gözlərinə inanmadı. Orda beş bağlama pul vardı, hər bağlamanın üstünə «min» rəqəmi yazılmışdı. Hamısı da yüzlük idi.

Fəridə bağlamaları bir-bir açdı.

Qafar hiss edirdi ki, arvadı pul sayır. Hirsli-hirsli soruşdu:

– Fəridə, orda neynirsən elə?

– Neyləyəcəm, iş görürəm, stolun üstünü yığışdırıram. Qonaqlarına çay…

– Yalan danışırsan, pul sayırsan.

– Nəə? Pul? Pul haa?! Hansı pulları sayacam, a kişi? Qazanıb veribsən ki, indi də ləzzət ala-ala, barmaqlarım sevinə-sevinə sayam? Deyəsən qızdırman artıb, yuxuna xəzinə girib…

Qafar səsini xırp kəsdi, çünki yenə arvadının yaralı yeri qanamışdı. Amma Fəridənin indiki deyinməsi əvvəlki deyinmələrindən fərqlənirdi. Özünü nə qədər hirsli göstərsə də səsində kədər duyulmurdu. Qafar susmağı üstün tutdu.

Fəridə qorxdu ki, əri asta-asta bura keçər, tez pulları dəstələyib qoynuna, iki döşünün arasına dürtdü və bir əski götürüb başladı, doğrudan da stolun üstünü silməyə. Stolun üstü onsuz da tər-təmiz idi, heç stəkan-nəlbəki də yox idi. Fəridənin qulağı səs almayanda ayağının ucunda əri yatan otağa yanaşdı. Qafarı üzü divara uzanıqlı görəndə rahatlandı. Tamam arxayın olmaq üçün bir-iki ağız onu səslədi də, Qafar cavab verməyəndə, üstəlik də xoruldayanda Fəridə özünü mətbəxə verdi, pulları döşlərinin arasından çıxarıb təzədən saydı. «Həə, düz beş min manatdır. Gör köpəyuşağının nə qədər pulu var ki, dinməz-söyləməz gətirib beş min verdilər. Bir dəli şeytan deyir, ayağını dirə boğazlarına, soy dərilərini. Şükür, kişi də ki, üzübəridir… Eybi yoxdur, Çimnazı götürsələr, Mahmudu aspiranturada saxlatsalar, müdafiəsini başa vurdursalar, bunları da pula çevirsək elə dəriləri soyulmuşkan var… Buna görə deyiblər ki, bir yandan bağlayan allah bir yandan da açar. Deyəsən, allah bu balaca xatanı da bizə əl tutmaqdan ötrü yollayıb… Görüb ki, kişi bizim borcumuzdan ayrı yolla çıxa bilmir, onu tamam xəcalətli qoymamaqçün bu yola əl atıb. Hər halda allah özü bilən məsləhətdir…».

Fəridə pulu aparıb ikinci otaqdakı köhnə şifonerdə, özünün alt paltarının arasında gizlətdi. Mətbəxə qayıdanda nə fikirləşdisə pulu ordan götürüb yar-yarağı olan sumkaya qoydu, sumkanı da divanın içinə atdı… Heç beş dəqiqə keçməmiş sumkanı divandan çıxartdı, çünki divan köhnə idi, ayağı tez-tez sınırdı, Mahmud da hər dəfə deyinə-deyinə qaldırıb yapışqanlayırdı, elə ki, ikicə nəfər otururdu, divan təzədən sınırdı… Mahmud pulları görə bilərdi. Fəridə fikirləşə-fikirləşə otağı gözüylə dolaşırdı. Sumkanı köhnə, cındır bir köynəyə bükdü, aparıb divar peçinin buxarasında gizlətdi. Bu divar peçi çox qədim idi, peçlikdən təkcə adı qalmışdı, işlədib eləmirdilər. İldə bir dəfə, o da hər Novruz bayramı qabağı içərisinin qurumunu özü təmizləyirdi. Bura etibarlı yer idi, heç oğlunun da ağlına gəlməzdi. Lap gəlsəydi də əlini peçə uzatsaydı təpəsinə qurum yağardı.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?