Dalanda

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Mahmud bu gözlənilməz mehribançılıqdan, təriflərdən tərləmişdi. Zarafat deyil, adı çəkiləndə tələbələrin zağ-zağ əsdiyi professor Qasımzadə bir yana qalsın, şöhrəti dünyaya yayılmış akademik Mürşüdov da şəxsən özü onunla belə məhrəm danışır…

Lakin Mahmud bir az da nigaran idi, bu qəfil gəlişin sirrini aydınlaşdırmaq istəyirdi, yüz yerə yozurdu. Di gəl ki, bir yana çıxara bilmirdi. Professor Qasımzadə isə ara vermədən onu tərifləyirdi.

Bilirsiz, Mikayıl müəllim, Mahmud olduqca savadlı, təfəkkürlü, həm də yaman zəhmətkeş oğlandır. Elmə məhəbbətə, sədaqətinə isə söz olammaz. Bir diplom işi yazıb ki, azca genişləndir, olsun namizədlik dissertasiyası.

– Çox gözəl, çox gözəl! Bunu aspiranturada saxlamaq da mənim boynuma.

– Sağ olun, Mikayıl müəllim, siz həmişə kolxozçu, fəhlə balalarına atalıq etmisiz.

– Bax belə cavanlara kömək etmək lazımdır. Sizinki olsun ali məktəbi qurtarmaq, qalanı mənim boynuma. Aspiranturaya girməyi ilə müdafiə etməyi də bir olacaq. Sonra da saxladaram sizin institutda, olar sənin kafedranın müəllimi.

– Var olun, Mükayıl müəllim!

– Hələ elmi işini kitab halında nəşr də etdirərəm.

– Çox sağ olun. Çox razıyam.– Mahmud hiss edirdi ki, bu qədər yaxşılığın qabağında bu sözlər azdır, ancaq ha çalışırdısa, ayrı heç nə gəlmirdi ağlına.

Professor Qasımzadə onu vəziyyətdən çıxartdı.

– Mikayıl müəllim o qədər adamın əlindən tutub ki! Mənim özümə də atalıq eləyib. Biz də gərək belə adamların qədrini bilək, onun ayağına daş dəyməsin… Daş nədir, heç qəltən də dəyməsinə razı olmayaq. Düz demirəm, Mahmud?

– Əlbəttə, əlbəttə…

– Ay yaşa! Amma…– Professor Qasımzadə dayanıb Mahmuda sınayıcı nəzərlə baxdı, Mahmud başını yerə dikməli oldu.– Neyləyəsən, dünyadı da, o qədər atyeriməz yolları, cığırları var ki, onda gördün səni çəkdi, apardı o, cığırlarla bir yarğana… Di gəl keç bu yarğanı görüm nə təhər keçirsən! Belədi ya yox, Mahmud?

– Yəqin ki…– Mahmud mızıldandı. Niyəsə ürəyi sıxıldı və fikirləşdi ki, yoox, burda nəsə var. Nə?

Professor Qasımzadənin növbəti sözləri onun şübhəsini daha da artırdı.

– Mikayıl müəllimə qəfil bədbəxtlik üz verib Mahmud.

– Noolub ki?

– Oğlu maşınla bir nəfəri vurub.

– O adam ölüb?– Mahmudun dili-dodağı təpidi, gözləri böyüdü.

– Yox, əşi, yüngülcə yaralanıb. Deyəsən ayağı sınıb. Sınıq da ki bilirsən də, təbabətin indiki imkanlarının qarşısında heç nədir. Düz demirəm, Mahmud?

Mahmud udquna-udquna qaldı. İstəyirdi soruşsun ki, axı kimdir o adam? Bu söhbətlərin mənə nə dəxli var?

Qasımzadə onun qolundan bərk-bərk yapışıb, bir az da özünə tərəf çəkdi.

– Oğlum, gərək bu məqamda bizə kömək eləyəsən. Malik… Mikayıl müəllimin oğlunu deyirəm, şərqşünaslıqda oxuyur. Büyün-sabah xaricə gedəcək, icazəsi hazırdır. Özü də nişanlıdır…

Mahmud daha heç nə eşitmirdi, sanki qulaqlarına güclü külək dolmuşdu, qulaqları ağac koğuşu kimi uğuldayırdı. Evə qaçmaq istəyirdi, di gəl ki, qolunu onun əlindən çəkməyə heyi qalmamışdı, buna görə də diplom rəhbərinə yazıq-yazıq baxırdı. Diplom rəhbəri isə sözlərinə ara vermirdi.

Bilirsən, Malik… Bizim hörmətli akademikin oğlu.. sənin atanı…– Mahmuda elə gəldi ki, axırıncı sözü eşidənəcən aradan düz bir gün keçdi– …maşınla vurub…

– Atamı? Nə vaxt? Harda?

Mahmud qəfildən götürüldü. Professor Qasımzadə onun dalınca yüyürdü, akademik Mürşüdov da iki-üç addım atıb dayandı və öz qapılarının zəngini basdı.

Mahmud özünü içəri salan kimi anasına, bacısı Çimnaza baxdı, onların ikisi də ağladı. Mahmud yan otağı açıb, atasını üz-gözü, ayağı sarıqlı görəndə qışqırdı:

– Ataa!

Qafar gözlərini açıb gülümsündü.

– Necəsən?– Mahmud əlini ehtiyatla atasının sifətində ayaqlarında gəzdirdi. Onun sağ ayağı gipsdə idi.

Qafar zorla pıçıldadı:

– Qorxma… İndi yax..şı…yam:

Mahmud atasının gipsli ayağını qucaqlayıb ağladı.

Qafar gücdən düşmüş əliylə oğlunun saçını yüngülcə sığalladı.

Professor Qasımzadə də içəri keçib astadan salamlaşdı.

– Elədir, öyrənmişik, qorxulu bir şey yoxdur,– dedi.

Mahmud qalxıb onu təqdim elədi.

– Mənim diplom rəhbərimdir, kafedra müdirimiz, professor Qasımzadədir. Əhvalatı eşidib gəlib.

Qafar üzüntülü halda gülümsündü və yenə kirpiklərini zorla qaldırıb professora baxdı:

– Çox sağ ol…un,– dedi.

Fəridə də dil-ağız etdi:

– Allah sizdən razı olsın. Əziyyət çəkmisiz!

– Nə əziyyəti var, bacı, borcumdur. Bə insan insana nə gündə gərəkdir, heç ürəyinizi sıxmayın, bacı, tezliklə sağalacaq. Bir adama ki, professor Mürşüdov baxa…

Fəridə kükrədi:

– Professor Mürşüdov? Bu da o əclaf Mürşüdovlardandır?

Professor Qasımzadə gördü ki ehtiyatsızlıq edib, tez səhvini düzəltdi.

– Yox, yox, eləcə familiyaları eynidir.– Söhbəti dəyişdi.– Oğlunuzdan da çox razıyam. Maşallah, savadlıdır, ağıllıdır. Xəbəriniz var ki, fikrimiz onu aspiranturada saxlamaqdır? Bu harasıdır, sonrası daha yaxşı olacaq. Akademik Mürşüdov söz verir ki, Mahmudu öz institutumuza müəllim düzəldəcək…– Fəridə bu dəfə dinmədi. Çimnaza tərəf döndü.– Gərək ki, bu qəşəng qızın adı Çimnazdır? Mahmud mənə danışıb haqqında. İnşallah bu il əmiləri onu da instituta düzəldər.

Fəridə köksünü ötürdü, lakin yenə dinmədi.

Çimnaz tez aynabəndə keçib əl-üzünü yudu, saçını daradı, professor Qasımzadəyə çay süzüb gətirdi. Çimnazın gözlərində qəribə bir işıq yanırdı. Çimnaz bunu özü də hiss edir və gözlərini atasından gizlətmək istəyirdi.

– Mən bu saat qayıdıram,– deyib professor Qasımzadə həyətə endi, maşından bir dolu səbət gətirdi. Fəridə, Çimnaz, Mahmud ona təəccüblə baxanda professor Qasımzadə sıxıldı, səbəti şüşəbəndin küncünə qoydu.– Yüngülvarı bazarlıq eləmişəm. Qardaş payıdır.– Çimnazın üzünə gülümsündü.– Hə, qəşəng qız, indi sənin çayını məmnuniyyətlə içərəm. Əlbəttə etiraz eləmirsənsə?

– O nə sözdür!– Çimnaz stolun üstündəki köhnə süfrəni götürüb, yerinə təzəsini saldı.

Professor Qasımzadə stəkanı burnuna yaxınlaşdırdı.

– Bəh-bəh-bəh, adamı lap məst edir. Deyəsən, kəkotu da vurubsan?

– Hə, bir az qatmışam.– Çimnaz qıpqırmızı olmuşdu.

– Ürəyim gedir kəkotuyçun. Çoxdan idi ki, həsrətindəydim, əlimə keçmirdi.

Qafar gözlərini açmışdı, arxa otaqdan səsləndi:

– Gərək ki, bizdə var. Anam bu yaxınlarda yollamışdı, gərək ki, bir az qalıb.– Arvadına tərəf çevrildi.

Fəridə yerindən qalxdı.

– Hə, varımızdı,– dedi.

– Onu professora bağışla.

– Əşi, zarafat edirəm.– Professor çayın qalanını birnəfəsə başına çəkdi. Çimnaz əlini stəkana uzadanda dedi:– Çox sağ ol, qızım.

Fəridə evdəki kəkotunu bir sellofan torbaya doldurub stolun üstünə qoydu.

Professor Qasımzadə təşəkkür etdi.

Bir müddət araya sükut çökdü. Heç kəs bilmirdi ki, nədən danışsan. Professor Qasımzadə təzədən başladı Çimnazın çayını, sonra da özünü tərifləməyə:

– Çimnaz qızımız evdar olacaq.

Çimnaz utanıb stəkanı aparmaq bəhanəsiylə yan otağa keçdi.

Fəridə də sevinirdi. Hətta, arada bugünkü dəhşəti– Qafarın başına gələni də unudurdu. Ona elə gəlirdi ki, əri o çarpayıda boş yerə yatır. Yorulub, ya da tənbəllikdən yatır, vəssalam. Tənbəllik Qafarın anadangəlmə canında var. Başqa kişilər kimi pul qazanmaq əvəzinə özünü salıb yorğan-döşəyə…

Və başladı qızını tərifləməyə:

– Hə, əmisi, Çimnaz çox qulluqdardır, əlindən hər iş gəlir. Bir xörəklər bişirir, bir xörəklər bişirir ki, yeməklə doymaq olmur. Onu özüm bu cür öyrətmişəm.

– Yaxşı eləmisiz, bacı, lap ağıllı iş tutmusuz. İndi evdar qız tapmaq Xəzərdə qızıl balıq tapmaqdan da müşküldür.

Fəridə ürəyində qət etdi ki, yox yanılmayıb, porfessorun açıqca niyyəti var, vallah. Professor da sevinirdi ki, söhbətin ağzı ayrı səmtə çevrilir. Mahmud isə utandığından bacısının yanına keçmişdi. Yalandan orda kitabla qurdalanırdı… Çimnaz da kranın altındakı boşqab-nəlbəkiləri yumaq adıyla qurdalanırdı.

Amma su havayı yerəcə axırdı, nəlbəki əlində dayanıb qulağını şüşəbəndə dikmişdi…

Professor səsinə yanıqlı bir ifadə verib sözünə davam etdi: – Başım çıxmır, o cür qızların anaları nə düşünürlər? Bə fikirləşmirlər ki, sabah qızları başqa evə köçəcək, ailə qayğısı, hələ bəlkə də qaynana-qaynata qayğısı çəkməli olacaq…

– O cür olmasaydı indiki bir para ailələr qum evciklər sayağı balaca mehdən səpələnib uçardı, ay qardaş? Təqsir anadadır.

– Düz buyurursuz, bacı, tamam düz buyurursuz. Nahaq yerə demirlər ki, anasına bax, qızını al!

– Elədir, qardaş, elədir…

Professor Qasımzadə bayaqdan bir şeydən narahat idi– Mahmud bu söhbətlərə qarışmır, heç mətbəxdən bəri də keçmirdi.... Mahmudu danışdırmağa ürək eləmirdi, qorxurdu ki, Qafar əhvalatı təzələnə, yenidən ortaya qanıqaralıq düşə. Akademik Mürşüdovu da buna görə içəri çağırmırdı. Yəqin indi ürəyini yeyir. Qoy yesin. Nə qədər ləngisəm bir o qədər yaxşıdır, deyərəm ki, yola gəlmirdilər, arvad dünyanı uçurmuşdu təpəmə, az qalırdı məni xışdaya… Amma necə dilə tutdum, söhbəti necə hərlətdimsə, əri yadından tamam çıxdı. Tamahı iti arvaddı. Yəni xalis arvaddı da… Bircə Mahmudu yola gətirsəm… Əşi, yola gəlməyib nə qələt eliyəcək, canı əlimdə deyil bəyəm? Bu da allahın işidir, vallah, Mürşüdovun oğlunu bu xatadan qurtarsam o da mənim karıma gələr, akademiyaya seçkidə qolumdan tutar… Bə Qafar özü?.. Zənnimcə bundan nigaran olmağa dəyməz, fağır adama oxşayır. Deyəsən, bu evdə hökmranlıq arvadın əlindədir. Arvadın da ki zəif damarını tapmışam… Bax, ruslar buna görə deyiblər: «Net xuda bez dobra…» Yaxşı, bu Mahmud niyə bəri gəlmir? Arvad da ilişdi orda. Bəlkə məsləhətləşirlər? Nə barədə?

Araya çökmüş sükut professoru lap darıxdırdı. Qafarın yanına– arxadakı otağa keçdi. Ayaq səsi eşidib, Qafar yönünü bəri çevirdi, professor Qasımzadəyə necə baxdısa, o özünü tamam itirdi və irişdi:

– Sabahın xeyir, qardaş.

Qafarın ağrıdanmı, yoxsa hirsindənmi, ya nəydisə üzü əyildi.

– Çox şirin yuxulamışdın?

 

Qafar yenə cavab vermədi, hətta yönünü təzədən divara çevirdi.

–Görürəm yatmaq istəyirsən, yaxşı, yat, dincəl. Mən də sənə mane olmayım. – Professor Qasımzadə şüşəbəndə qayıtdı. Fəridə, əlində qaşıq, mətbəxdən çıxdı.

– Hara, professor, xörək hazırlayıram.

–Çox sağ olun, aclığım yoxdur. Vacib işim var, gedim, sonra gələcəm. – Tələsik çıxdı. Mahmud da onunla həyətə düşdü və çox ləng qayıtdı. Anası ondan heç nə soruşmadı, çünki Mahmudun qanı bir az da qara idi, heç atasının da yanına keçmədi.

***

Gecənin hansı vədəsindəsə Qafar ayıldı. Başı yenə küyüldəyir, gipsli ayağı sızıldayırdı. Bunlar heç, bunlara dözürdü, ən pisi o idi ki, yaralı ayağı bərk qaşınırdı. Qafar həm ayağını gipsin üstündən ha cırmaqlayırdısa qaşınması kəsmirdi.

Fəridə pəncərənin ağzında, divanda yatmışdı və adəti üzrə xoruldayırdı. Qafar onu astadan səslədi, səslədi, lakin ayılmadı. Qafar hirsləndi: «Başını yerə qoydu– qurtardı, olur o dünyalıq. Gərək gəlib ya qulağının dibində qışqırasan, ya da qoz ağacı təki silkələyəsən ki, bəlkə oyana… Bir yana baxanda, yazığı qınamalı da deyil, yerindən durandan ta yatana kimi əlləşir. Necə yorulursa axşamlar özünü yatağa ölü salır…»

Qafarın yadına Fəridənin evində kirayə qaldığı o uzaq illər düşdü.

Qafar Bakının küçələrini ölçə-ölçə, neçə həyətə girib sıxıla-sıxıla: «Sizdə kirayəçi saxlayan yoxdur?» soruşa-soruşa gəlib Dağlı məhəlləsinə çıxmışdı.

Bura balaca bir həyət idi. Həyətin ortasında qoca, tənha bir tut ağacı vardı. Tut ağacının gövdəsi əyilmişdi, budaqları üzbəüz evin pilləkənlərinə doğru uzanmışdı, sanki bu pillələrlə yuxarı qalxmaq, pəncərədən içəri girmək istəyirdi.

Dolubədənli, qarabuğdayı, lakin olduqca şirin sifətli bir gəlin (bəlkə də qız idi, ancaq niyəsə Qafarın fikrindən keçdi ki, gəlindir) bu qoca tut ağacının altında stol qoyub, paltar ütüləyirdi. Qafar həyətdə ayrı adam görməyəndə əvvəlkindən də betər sıxıla-sıxıla, başını yerdən qaldırmadan salam verdi. Gəlin bu qəfil səsdən diksindi, az qaldı ütünü əlindən salsın. Oğlanın salamını almaq əvəzinə hirsləndi:

– Nə var, ədə, kimi istəyirsən?

Qafar bir az da astadan dedi:

– Bağışlayın, bacı, sizin həyətdə kirayəçi saxlayan yoxdur?

Qarabuğdayı gəlin, yəni Fəridə Qafarı təpədən dırnağacan süzdü. Qafar başını qaldırmasa da hiss edirdi ki, gəlin ona çox diqqətlə fikir verir. Buna görə bir az da bərk tutuldu. Üstəlik də onda avqustun axırları idi, Bakının ən isti vaxtıydı, şəhər gur qalanmış təndirə oxşayırdı. O bürkü bu balaca həyətə də dolmuşdu. Düzdür, tutun kölgəsi sərin idi, lakin bu sərinlik də nisbi idi, elə bu kölgəlikdə də adamın nəfəsi darıxırdı. Qafar ayaqqabının içindən asfaltın istisini hiss edirdi. Həyətə təzəcə kölgə düşürdü, buranın asfaltı hələ yumşaq idi, elə bil yavaş-yavaş ayaqları yerə batırdı.

Gəlin hələ də dinmir, ürəyində fikirləşirdi ki, canıyanmış nə suyuşirin oğlandır. Düzdür, arıqdır, amma qayışbaldıra oxşayır, özü də qızdan həyalıdır. Bəlkə saxlayım?

Qafar gəlinin susduğunu görüb mızıldandı:

– Deməli, yoxdur. Yaxşı, bağışlayın, bacı.– Geri dönmək istəyəndə Fəridə dindi:

– Hara? Nooldu, bəs ev axtarmırsan?

– Axtarırsan da sözdür, soraqlaşmaqdan dilim qabar olub, küçələri dolaşmaqdan ayaqlarıma qara su gəlib. Hansı həyətə girirəmsə, deyirlər qız lazımdır… Dərslərin başlanmasına da dördcə gün qalıb, bilmirəm neyləyəcəm…

– Yataqxananız yoxdur ki?

– Var, mənə yer çatmadı.

– Sənə bir çıxış yolu göstərim?

– Çıxış yolu?.. Doğrudan?.. O nə yoldur ki elə?

– Çox sadə bir yoldur. Dön, ol qız!– Fəridə ürəkdən qəhqəhə çəkdi. Qafar əvvəlcə hirsləndi, istədi gəlini acılasın. Lakin Fəridənin üzünü, gözlərini görəndə hirsi yatdı, hətta, o da başladı gülməyə.

– Yer verən olsa, qız deyirsən, hələ nənə də ollam.– Başını qaldırıb gəlinə diqqətlə tamaşa etdi və onun iri, qaynar gözlərindəki alov Qafarı havanın bürküsündən betər qarsaladı, gözlərinin içi yandı və nəzərini təzədən yerə dikdi. Fəridə ütülədiyi dəsmalla gözlərinin yaşını sildi.

– Adə, tələbəsən?

– hə, tələbəyəm, bacı.

– Rayondansan?

– Hə.

– Hansı tərəflərdənsən?

– Gəncəbasardanam.

– Gəncəbasar haradır, adə?

– O tərəfli-bu tərəfli Gəncənin yan-yörəsindəki rayonlara Gəncəbasar deyirlər.

– Bunu ilk dəfədir eşidirəm. Ata-anan, bacı-qardaşın var?

– Atam yoxdur, anam var.

– Bacı-qardaşın necə, çoxdur?

– Çoxdurlar.– Qafar başını bir anlığa qaldırıb gülümsündü.– Səkkiz uşağıq.

– Maşallah… Bakıya gəlib-gedirlər?

– Yox.

– Lap ağıllı iş görürlər. Nə var Bakıda, yel əsib qoz tökülüb?!

– İki ildə-üç ildə bir bacıma baş çəkirlər.

– Bacına baş çəkirlər?.. O hardadır ki?

– Bacımın biri Sumqayıtda ərdədir. Qardaşımın biri də Qobustanda karxanada mühəndis işləyir. Əvvəllər hərdən onun da yanına gələrdilər.

– Əvvəllər? İndi noolub?

– Yoldaşının xasiyyəti ağırdır, qonaq-qara xoşlamır.

– Yazıq neyləsin, görünür bezdiribsiz!

– Yox, biz heç kəsi bezdirən deyilik.– Qafar incidi və çevrilib getmək istəyəndə Fəridə onun qolundan yapışdı.

– Nə dəymədüşərsən, adə. Səndə qürur da varmış ki! Xoşuma gəlirsən yavaş-yavaş. Səni mən kirayə saxlasam necə olar!

– Siz?– Qafar yenə başını qaldırdı və bu dəfə nəzərini yayındırmadı, çünki gəlin indi qaşqabaqlı idi.

– İki otağım var, birini verərəm sənə. Yalnız bir şərtlə.

– Nə şərtiniz olsa razıyam.

– Baax, bəri başdan xəbərdar eləyirəm: yanına heç kəs gəlməyəcək. Oldu! Yoxsa siz kəndçiləri tanıyıram, birinin burda bircə küllüyü oldu, qurtardı, axışıb dolacaqlar bu küllüyə. Daha fikirləşməyəcəklər ki, bu yazığın özünün yatmağa yeri yoxdur… Yoldaşın-zadın da gəlməyəcək ha! Oldu?

– Oldu.

– Yoxsa…

Fəridə bu «yoxsa»nın dalını xeyli sonra, Qafar otağa baxıb razılaşanda dedi. Otağa söz ola bilməzdi– geniş, hündür, işıqlı, səliqəli. İçəri saya bəzənmişdi, ona düşən otaqda dəmir, başları nikelli çarpayı, köhnə kamod, dəyirmi sabaq stolu, balaca kitab taxçası iki stul vardı.

O yanda da bir otaq vardı, Fəridə onu Qafara göstərmədi. Bircə onu dedi ki, orda da biz yatırıq– oğlumla mən.

Qafara düşən otağın qapısı birbaşa pilləkənə açılırdı. Bu, yaxşı idi, gedib-gəldikcə sıxılmayacaqdı…

Razılaşdılar ki, Qafar sabah yox, o biri gün, yəni avqustun otuz birində gələcək. Hələlik isə Qobustanda, qardaşıgildə qalacaq.

Qafar sağollaşıb getmək istəyəndə Fəridə həmin «yoxsa»nın mənasını açdı:

– Hə, yadında saxla, yoxsa qardaşım səni tikə-tikə doğrar.

Qafar durduğu yerdəcə səndələdi, deyəsən ayağı öz ayağına dolaşdı, asfalta necə dəydisə düz on gün dizinin göyərtisi qaldı… Bura gəldiyinə, bu gəlinin evini tutduğuna peşman oldu. Ürəyində fikirləşdi ki, görünür, bu gəlinin qardaşı qan-xatadır, heç nədən davaya-zada düşərəm. Sonra özünü sakitləşdirdi ki, əşi, adam gətirmə, deyir, gətirmərəm də. Bir də hələlik dözərəm, daha rahat ev tapsam köçüb gedərəm. Məni zorla saxlamayacaq ha!..

***

Fəridənin evinə köçdüyü günün ikinci gecəsi Qafar ikinci peşmançılıq keçirdi.

Qafar dərsdən çox yorğun, əzgin gəlmişdi. Düzdür ilk dəfə universitetin qapısından içəri girəndə qanadı olsaydı uçardı… Lakin elə ilk mühazirədə bu sevinci az qala tamam alt-üst olmuşdu. Ədəbiyyatdan mühazirə oxuyan cavan, çox uzun müəllim necə hüdüləyib tökürdüsə Qafar çatdıra bilmirdi. Tərs kimi də müəllim dərs başlamazdan qabaq xəbərdar etmişdi ki, kim mühazirəni yazmasa batdı, çünki onun dediklərini heç hardan axtarıb tapa bilməyəcəklər… Qafar da qorxub tələsir, bir sözü də ötürməməyə çalışırdı. İndi barmaqları sızıldayırdı. Universitetin bufetindən aldığı kotletləri yeyib, üstündən də iki stəkan çay içib, yerinə girdi.

Qonşu otağın işığı yanırdı. Fəridənin, arada da oğlunun səsi gəlirdi.

Qafarı dərhal yuxu apardı. Amma çox yata bilmədi, çünki qonşu otaqdan qatma-qarışıq səslər gəlirdi, arada kimsə hətta qışqırırdı da. Qafar oyandı. Qonşu otaqda da işıqlar sönmüşdü. Bəs, görəsən, bu nə səs idi belə?

Ara divar daşdan idi, lakin danışıq yenə aydınca eşidilirdi, Qafar nə qədər diqqətlə qulaq kəsilirdisə sözləri ayırd edə bilmirdi. Bircə bunu aydın eşitdi: «Əclaf, çıx get! Rədd ol!»

Fəridənin səsinə oxşayırdı. Amma çox xırıltılı çıxırdı. Görəsən doğrudan Fəridədir? Niyə qışqırır ki? Olmaya evə oğru girib?

Qafarı əsməcə tutdu. Barmaqlarının ucunda ara divara yanaşdı, qulağını divara söykəyib dinşədi. Qəribədir, indi heç nə eşidilmirdi. Onu bir az da bərk vahimə basdı– olmaya Fəridəni boğurlar?

Qafarın dizləri qatlanır, ayaq üstə zorla dayanırdı. Oğru olsa neyləyəcək? Yəqin silahlıdır?! Əlbəttə, silahlıdır, oğru başqasının evinə yalın əllə girməz ki?!

Bir az da dinşəyəndən, heç nə eşitməyəndən sonra ayaqlarının ucunda yeriyib, öz otağının qapısını ehmalca açdı, çölə çıxanda hiss etdi ki, alt paltarındadır. Geri qayıdıb şalvarını geyindi. Yadına düşdü ki axşam çörək yeyəndə stolun üstündə iri bıçaq vardı, axtarıb onu tapdı və təzədən şüşəbəndə keçdi. Gecə aylı-ulduzlu idi, gözləri yavaş-yavaş işığa öyrəşirdi. İndi otaqlar da işıqlanmışdı. Sıxıla-sıxıla, hətta qorxa-qorxa Fəridə yatan otağa boylandı. Ayın ziyasının bir parçası otağın ortasını işıqlatmışdı, orda adam-zad gözə dəymirdi. Qafar üzünü qapının şüşəsinə lap yaxınlaşdıranda diksinib dala çəkilməli oldu, çünki Fəridə təzədən qışqırdı: «Niyə əl çəkmirsən yaxamdan? Rədd olub itiləcəksən ya yox?»

Ona cavab verən olmadı. Qafar sağ əlindəki bıçağı ovcunda bərk-bərk sıxıb içəri, sonra dala boylandı. Həyətdə heç kəs görünmürdü.

Qafarın üşütməsi azalmışdı, özünü ələ alıb, astadan səsləndi:

– Fəridə bacı, ay Fəridə bacııı…– Qapıdan çəkilib divara qısıldı. Fəridənin səsi çıxmadı. Ayaq səsi də eşidilmədi. Əgər içəridə yad adam olsaydı, tərpənərdi… Bəlkə o da gizlənib? Qafar yenə çığırdı– Fəridə bacı, ay Fəridə bacı.– Fəridə daha danışmır, eləcə xırıldayırdı, sanki onu boğurdular. Qapını astaca döydü. Nə hündürdən çağıra bilirdi, nə də qapını bərk döyə bilirdi,– qorxurdu ki, qonşudakı Sona qarı oyana. Fəridə ilk gündən xəbərdar etmişdi ki, bu qarı yaman sözbazdır… İndi onu burda görsəydi min yerə yozardı.

Fəridənin isə xırıltısı get-gedə artırdı. Qafar qapını təzədən döydü və birdən Fəridə dik atılıb yerə düşdü; onun əynində yaxası düyməli gecə köynəyi varmış, köynəyin düymələrinin çoxu açılıbmış, Fəridənin yupyumru, dolu, dümağ döşləri görünürdü. Ayın ziyası onun düz sinəsinə düşdüyündən döşlərinin qara gilələri də görünürdü.

Fəridə qorxulu-qorxulu qışqırdı:

– Kimsən? Ay adam, kimsən orda? Həsənağa, ay Həsənağa! – Oğlu oyanmayanda bir az da bərkdən hay saldı.– Qafar, ay Qafar!

Qafar hay verirdi, amma Fəridə onu eşitmirdi. Axırda qapını açmalı oldu. Fəridə özünü elə itirmişdi ki, yaxasının açıldığını da hiss etmirdi, hətta qarşısındakı adamın Qafar olduğuna da inanmırdı, çəkilib divara qısılmışdı.

Qafar yazıq-yazıq dedi:

– Qorxma, Fəridə bacı, mənəm, Qafaram.

– Sənsəəən?

– Hə, hə, mənəm. Qorxma.

– İşığı yandır, düyməsi qapının dalında, divardadır.

Qafar əlini divara uzatdı, otaq işıqlandı.

Stolun üstündə yarım stəkan boyat çay varmış, Fəridə onu başına çəkəndən sonra azacıq toxdadı və qaşqabağını tökdü:

– Nə var, adə, gecənin bu vədəsi «bacı, ha bacı» nə mələyirsən qoyun kimi?– Yaxasının açıqlığını yalnız indi gördü və asta-asta, çox saymazyana düymələdi. Həm də yuxarını düymələdi, dümağ, dolu budları açıq qaldı.

Qafar ona mat-mat tamaşa edir və elə hey udqunurdu. Zorla kəkələdi:

– Mən… mə-ni ya-man qorxuzduz, Fəridə bacı.

– Kim kimi qorxuzdu, adə? Mən səni, yoxsa sən məni?!

– Sən məni qorxuzdun.

– Pay atonnan, gədədə üzə bax bir ey? Adə, gecənin tən yarısı durmusan qapımın ağzında, hələ bir mənə şər də atırsan? Utanıb yerə girirsən heç?

– Vallah, dədəmin goruçün şər atmıram, bura da başqa niyyyətlə gəlməmişəm.

– Adə, gecə vaxtı yad, dul gəlinin yanına ayrı nə niyyətlə girirlər? Hə, de görüm burda yaxşı nə ola bilər? Demirsən Sona qarı görər? Həsənağa görər? Balağa eşidər, Sibirdən payi-piyada da olsa gəlib səni də doğrar, məni də? Bunu boş beyninə vurursan heç?

Qafarı təzədən əsməcə tutdu və dişi-dişinə dəyə-dəyə zarıdı:

– Vallah, Fəridə bacı, nəyə inanırsan, kimə inanırsan and içim ki, bura pis niyyətlə gəlməmişəm…

– Adə, bəs…

– Sən bircə dəqiqəliyə mənə qulaq as, hər şeyi başa salım.– Fəridə yenə coşmaq istəyirdi, ancaq Qafar ona imkan vermədi.– Mən də yatmışdım, qışqırığa oyandım, gördüm ki, kimisə söyürsən… Kimisə qovlayırsan, «Rədd ol, əclafın biri əclaf!» qışqırırsan… Sonra da gördüm ki, boğulursan, xır-xır xırıldayırsan… Ürəyimə min cür şey gəldi, qorxdum ki, yanına oğru-zad girər…

Fəridə dodağının altında qımışdı və keçib çarpayısında oturdu. Xalatının ətəkləri ilə dizlərini örtdü. Onun çöhrəsinə birdən-birə kədər çökdü, dərindən köksünü ötürdü.

 

– Belə şeylərə fikir vermə,– dedi.– İndən sonra bu cür qışqırıqları, yuxu dava-dalaşını çox eşidəcəksən, bunlara məhəl qoyma. Yeri yat, yeri!– Astadan, öz-özüylə danışırmış kimi mızıldandı.– Amma ayıltmaqda çox savab iş tutdun, yaman pis yuxu görürdüm.

Qafar onun fikrini dağıtmaqçün, istədi soruşsun ki, nə yuxu idi elə? Sonra da fikirləşdi ki, qanını təzədən niyə qaraldım ki… Öz otağına qayıdıb yerinə uzandı. Ancaq yuxuya çox gec getdi…

Fəridə də yuxulaya bilmirdi, yerinin içində eşələnirdi, Qafara olan qəzəbi də soyuyurdu, hətta ürəyində ona güldü də: «Canı yanmış mənə niyə o cür tamahnan baxırdı?» Yorğanı üstündən atdı, xalatın düymələrini təzədən açdı, sinəsini ayın ziyasına tutub möhkəm gərnəşdi və özünü çarpayıya saldı, balıncı bərk-bərk qucaqladı. Sonra təzədən arxası üstə çevrildi, «canı yanmış yuxumu qaçırtdı» deyib sinəsini ovxaladı. Sinəsi od tutub yanırdı, yorğanı ayağıyla kənara itələdi, lakin sərinləşmək əvəzinə bütün bədəni qızışdı. Qalxıb oturdu, sonra durub içəridə gəzindi. Canına dolmuş istilik get-gedə artırdı. «İt oğlu-it hardan peyda oldu heç bilmirəm!» Qafara niyə belə hirsləndiyini, niyə belə söydüyünü fikirləşəndə birdən-birə ürəyinə ağır, üzüntülü, həm də ümidsiz bir kədər doldu, otağın ortasındaca onu qəhər boğdu və özünü saxlaya bilməyib hönkürdü. Həsənağa, o yandan da Qafar hönkürtüsünu eşitməsin deyə, təzədən özünü çarpayıya atıb balıncı qucaqladı… «İt oğlu Cabbar mənə düz-əməlli ərlik eləmədi ki, yaşımın bu çağında damın altında tək qalmayaydım»… Bir az da bərkdən hönkürdü…

* * *

…Qafar dərsdən qayıdanda Fəridə mətbəxdə xörək bişirirdi. Qafarın ayaq səslərini eşidəndə mətbəxdən çıxdı və onlar pilləkənin başında üz-üzə gəldilər. Fəridə yerliyi dümağ, üstü xırda qara xallı çitdən təzə don geyinmişdi. Bu donu ötən həftə tikmişdi, ona çox yaraşırdı. Donun altından Fəridənin dolu bədəni, xüsusən döşləri açıqca hiss olunurdu. Donun ona yaraşdığını iş yerindəki cavan qızlar da demişdilər. Bunu küçədə də hiss etmişdi– kişilər, hələ cavan oğlanlar da gözlərini zilləyirdilər Fəridəyə… İndi Fəridə necə fırlandısa döşləri oynadı. Qafar ani olaraq dayandı, salam verməyi də unudub keçmək istədi. Fəridə nazlana-nazlana dedi:

– Adə sizlərə adamla görüşəndə salamlaşmırlar bəyəm?

Qafar özünü bir az da itirdi.

– Axşamın xeyir, Fəridə bacı.

Fəridə şaqqanaq çəkdi.

– Adə, indi axşam yox, günün günorta çağıdır.

– Bağışla, Fəridə bacı, sabahın xeyir.

Fəridə əlini-əlinə çırpdı və özünü içəri salmaq istəyən Qafarın qabağını kəsdi.

– Deyəsən, daha gecələr səni qorxuzmuram?

– Yox, qorxuzmursan.– Qafar da qımışdı və dala çevrildi. Yenə Fəridənin gözlərindəki od-alov onun gözlərini qarsaladı, tez otağına keçib qapını örtdü. Ordan səsləndi:

– Hər halda bir balaca…

– Xoruldayıram?

– Hə… Amma ürəyini sıxma, çox şairanə xoruldayırsan.

– Xorulmadağın da şairanəliyi olur ki?

– Olur, olur. Hər şeyin şairanəliyi olur, hətta ölümün də.

– Gicləmə, adə, gicləmə!

Qafar söhbəti dəyişdi.

– Həsənağa hanı?– Fəridə cavab vermədi. Qafar birdən-birə darıxdı, indi o da istəyirdi ki, Fəridəylə söhbət etsin. Paltarını dəyişib şüşəbəndə keçdi.– Həsənağa gözümə dəymir.

– Yatıb. Niyəsə bir az kefsizdir. Səhər zorla qaldırmışam, onun ucbatından işə gecikmişəm. Yaxşı ki, sex rəisimiz insan adamdır, belə hallarda vəziyyətimi başa düşür.

– İstəyirsən səhərlər Həsənağanı mən yedizdirim. Sənin yolun uzaqdır, tez getməlisən.

– Sənə əziyyət olar.

– Heç bir əziyyəti yoxdur, onsuz da səhərlər tezdən dururam, 'elə bir yerdə də çıxarıq evdən.

– Özüm yedirtməsəm rahat olmaram. Həsənağa yeməyə çox kahaldır. – Fəridə gördü ki, Qafar ona oğrun-oğrun tamaşa edir, yenə qəfildən dabanı üstə fırlandı, yenə onun döşləri silkələndi. Xörək qazanını gətirib stolun üstünə qoydu. Boşqab, çəngəl, bıçaq, qaşıq düzdü. Çörək doğradı. Qafar öz otağına getmək istəyəndə qabağını kəsdi.– Hara? Otur, yoldaşlı çörək yeyək, dərsdən gəlmisən, yəqin acsan.

– Yox, ac deyiləm.

Qafar yenə qapıya tərəf meyllənəndə Fəridə soruşdu:

– Bu don mənə yaraşırmı, Qafar?

Gözlənilməz sualdan Qafar özünü itirdi.

– Nə dedin?

– Bu don mənə yaraşırmı?– Fəridə özünü şax tutub, sinəsini qabartdı və fırlandı; həm də necə sürətlə fırlandısa donun küləyi Qafara xoş bir sərinlik gətirdi. Bu mehlə bərabər onu ətir də vurdu, Qafar gülümsündü.

– Yaraşır.

– Düzünü de.

– Baş üstə. Əla yaraşır. Bu donda kəpənəyə oxşayırsan.

– Nəyə, nəyə?.. Kəpənəyə? Bu boyda da kəpənək olar?– Yenə sinəsini, dolu, amma gözəl biçimli ayaqlarını göstərdi.– Gör nə boydayam?

– Əvvəla elə də kök deyilsən, ikincisi də…

– Sözünün dalını da de də.

– İkincisi də köklük sənə yaraşır, çünki…– Qafar qıpqırmızı oldu.

– Çünki nə?

– …çünki qəşəng bədən quruluşun var.

– Yox, a? Doğru sözündü yəni?

– Tamam.

– Adə, yəni sənin də başın çıxır belə şeylərdən?

– Niyə çıxmır ki?– Qafarın sifəti alışıb yanırdı.

Fəridə gözlənilmədən söhbəti dəyişdi.

– Qafar, gərək ki deyirdin Sumqayıtda bacın olur?

– Hə. Necə bəyəm!– Qafarın rəngi ağardı.– Bir xəbər-zad var?

– Adə, qorxma, heç bir xəbər yoxdur. Elə-belə, nəsə yadıma düşdü. Səndən böyükdür o?

– Yox, kiçikdir.

– Bə nə tez yumurtadan çıxıb?

– Tez deyil, məndən cəmi yaş yarım kiçikdir. Mən də ki, onuncudan sonra əsgərlikdə olmuşam.

– Deyirdin ki, qaçırdıblar, doğru sözündür?

– Elədir.

– Yəni oğurlayıblar?

– Hə.

– Adə, keçmə siz kəndçilərin bu cur əməllərindən. Adamı da oğurlayarlar?

– Qızı xoşluqnan verməyəndə, ya da oğlanın ağzını dağa dirəyəndə, çoxlu yar-yaraq, pul istəyəndə götürüb qaçarlar da, hələ o yana da keçərlər.

– Sən də öz sevgilini oğurlayacaqsan?

– Xoşluqnan verməsələr, hə.– Qafar gülümsündü.– Yox, mən eləsini alacam ki, hər şey razılıqnan olsun.

Fəridə birdən lap gözlənilməz sual verdi:

– Qafar, məni oğurlaya bilərsən?

– Nəə?

– Eşitmədin, soruşuram ki, məni götürüb qaça bilərsən?

– Yox.– Qafar dodaqlarını yalayırdı.

– Niyə?– Fəridə istəmədi ki, Qafar ayrı cavab versin, ona görə yenə söhbəti zarafata saldı.– Hə də, mən boyda adamı necə oğurlayasan? Mən nər boyda, sənsə cücə boyda. Gücün çatar mənə? Düzünü de, çatar görəsən?

– Yox, oğurlamağa gücüm çatmaz.

– Deməsən də bilirəm!– Fəridə kefsizlədi, daha onun üzünə baxmadan stolun üstünü sahmana saldı.

Fəridə toyuq bişirmişdi. Kənd cücəsinə oxşayırdı, sümükləri qaralmamışdı, inkubator toyuqlarının sümükləri çürük kimi olur.

– Nə bitmisən ayaq üstə, otur da!

Qafar oturdu.

Fəridə iki boşqaba xörək çəkdi, birini Qafarın qabağına qoydu, birini də özünün. Qafar boşqabı kənara itələdi.

– Mən ac deyiləm.

– Pah atonan, olmaya universitetdə sizə aş qonaqlığı verirlər? Ya da qızlardan hansısa səni gündüzlər yedizdirir?– Fəridə ona diri-diri baxdı. Qafar qımışdı.

– Hardadı elə ürəyiyumşaq qız?!

– Niyə, axtarsan taparsan.

– Hələ dərsdən başım ayılır ki, axtaram.

Fəridə iştahsız yeyirdi. Qafar qalxıb özünə çay süzdü. Çay içə-içə xəlvəti Fəridəyə fikir verirdi. Donun ətəyi düyməli idi, ortadan düymələrin ikisi açılmışdı, ordan Fəridənin dümağ dizləri görünürdü. Aradakı sükutu dağıtmaq üçün dedi:

– Bu donu tikili almısan?

Fəridə başını qaldırıb ona təəccüblə tamaşa etdi.

– Necə bəyəm?

– Çox gözəl dondur.

– Yox, özüm tikmişəm. Mən heç vaxt hazır paltar almıram.

– Deməli, yaxşı əl qabiliyyətin var.

Fəridənin qaşqabağı açıldı.

– Havayı yerə tikiş fabrikində işləmirəm ha. Orda da tərifləyirlər mənim əl qabiliyyətimi.

– İnşallah bir gün gələr şöhrətli dərzi olarsan, Sosialist Əməyi Qəhrəmanı adı alarsan.

– Dolama məni.

– Niyə dolayıram ki, doğru sözümdür.

Fəridə xörəyin yarısını yedi, qalanını Qafarın boşqabıyla birlikdə mətbəxə apardı və orda özünə çay süzdü.

Çaylarını içəndən sonra Qafar ayağa qalxdı.

– Çox sağ ol,– dedi.– İcazə ver, gedim dərslərimi oxuyum.

– Get də, səni zorla tutub saxlamamışam ha.– Fəridə də ayağa durdu və Qafarın üzünə qımışdı.– Nə dəymədüşərsən, adə, bir söz deyən təki mısmırığını sallayırsan.– Qafar da qımışdı.– Bura bax, görsən ki, gecələr bərk xoruldayıram, yatmağa qoymuram, gəl, ayılt. Yazıqsan, yuxusuz qalarsan, müəllimlərin dedikləri kəllənə girməz.

– Ayıltsam daha dalaşmayacaqsan?

– Yox dalaşmaram. İntəhası adam təki ayılt, astaca səslə. Ehtiyatla, Elə elə ki, nə Sona qarı eşitsin, nə də Həsənağa? Oldu?

– Oldu.

Hər ikisi öz otağına çəkildi. Qafar kitabları tökdü stolun üstünə, qalın bir dəftər çıxartdı– sabah qərb ədəbiyyatından seminar vardı. İlk seminarları idi, gərək möhkəm hazırlaşaydı ki, müəllimə özünü çalışqan, hazırlıqlı tanıdaydı.