Quran hekayətləri

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

YUSİFİN ZİNDANDAN AZAD EDİLMƏSİ

Bir gün səhər padşah pərişan halda gözünü yuxudan açdı. O, gecə elə bir yuxu görmüşdü ki, halı pozulmuş, qəlbi narahat olmuşdu. Padşah yaxın adamlarına dedi: "Yuxuda gördüm ki, yeddi kök inəyi yeddi arıq inək yeyir. Yuxuda həm də yeddi yaşıl sünbül və yeddi qara sünbül gördüm. İndi bu yuxunu mənə yozun". Onlar padşahın yuxusunu yozmaqda aciz qalıb dedilər: "Bu çox qarışıq və qəribə yuxudur. Biz belə yuxuların yozumunu bilmirik".

Padşahın bu yuxusu hər şeyi unutmuş saqiyə töhmət oldu və keçmiş günlərinin xatirəsini onun yadına saldırdı. Saqi padşahın yuxusunu eşitdi və bildi ki, o öz yuxusunun yozulmasını bərk arzulayır. Birdən onun yadına zindandakı Yusif düşdü. Onun yuxusunu yozan Yusif, dedikləri gerçək olan Yusif! Saqi həmin yuxunu görən gündən nemət içində yaşayırdı. Yusif yozan yuxunun hesabına belə xoşbəxt idi.

Saqi padşahın yanına gəlib dedi: "Zindanda açıq ürəkli, hünərli bir oğlan var və heç kimə açılmamış sirlər ona aşkar olur. O, hər hansı bir yuxunu düşünür, təhlil edir və onun bütün sirlərini açır. İndi əgər şah həzrətləri buyursa, onu hüzurunuza gətirərəm".

Saqi gedib Yusifi zindanda, dərd-qəm içində tapdı. Gördü ki, o əvvəlki kimi səbirlə, ümid və inamla yaşayır. O, Yusifə dedi: "Ey dost, mən mühüm bir iş üçün yanına gəlmişəm. Ümidvaram ki, sənin buradan azad olmağın o işdən asılıdır". Saqi padşahın yuxusunu Yusifə nağıl eləyib dedi: "Ümid var ki, elminin bərəkəti ilə o yuxunu yozub narahatlığını ürəklərdən götürəsən və xalq da sənin biliyinə, ləyaqətinə bələd ola!"

Yusif təkcə yuxuyozan deyildi, o həm də insanları düz yola çağıran peyğəmbər idi. Tanrı Yusifi xalqa həm bu dünyada, həm də axirətdə rəhbərlik etmək üçün göndərmişdi, buna görə də o, dəvətini yaymaq, peyğəmbərliyini bildirmək üçün kiçicik fürsəti belə əldən vermirdi.

Bir neçə il öncə iki cavan dustaq ondan xahiş etdi ki, yuxularını yozsun. Yusif gördü ki, Allahın birliyinə inanmağı bildirmək və bütpərəstliyi pisləmək üçün fürsət əl vermişdir. O, bütpərəst olduqlarına görə istehza etdi və inamlarını pislədi. Bu gün isə padşah ondan yuxusunu yozmasını xahiş edir. O gərək bu fürsətdən tam istifadə etsin və yuxunu yozarkən ali məqsədini bildirsin, dəvətini camaata çatdırsın.

Yusif dedi: "Bu yuxunun yozması belədir: Sizi qabaqda yeddi il firavanlıq gözləyir. Yeddi ilə bostanlar bol məhsul verəcək, əkinlər bərəkətli olacaq. Sonra yeddi il quraqlıq görəcəksiniz. Bütün ümidlər kəsiləcək, buludlar yağışını əsirgəyəcək. Bulaqlar xəsislərin ürəyi, simiclərin əli kimi quru və xeyirsiz olacaq. Nil çayı vəfasızlıq edib qurumuş xurma ağaclarını susuz qoyacaq, yer susuzluqdan çatlayacaq, güldən, yaşıllıqdan əsər-əlamət olmayacaq. Xırmanda döyülməyə buğda, anbarda yığılmağa dən tapılmayacaq. Biz sözlə, bütün ölkəni qıtlıq, qəhətlik bürüyəcək. Ondan sonra rüzgar sizinlə barışacaq, səadət ulduzunuz parıldayacaq, çətinliyinizin düyünləri açılacaq. Hər yerdə firavanlıq, bolluq və bərəkət olacaq, iş başdan aşacaq. Padşahın yuxusunun bu yozmasını mən vəhy yolu ilə Allah-Taaladan öyrənmişəm".

Sonra Yusif buyurdu: "Qarşıdakı bu çətinliyi dəf etmək və gözlənilən müsibətdən qurtulmaq üçün ən yaxşı vasitə odur ki, yeddi il firavanlıq zamanı bol taxıl yetişdirin və buğdanın artığını anbarlarda ehtiyat saxlayın. Dənləri eləcə sünbüllərdə qoyun ki, təmiz və salamat qalsın. Bu yolla o yeddi ilin quraqlığının, qıtlığının ziyanından qurtulmuş olarsınız".

Şah o yuxuyozmanı və tədbiri eşitcək anladı ki, vəhylə, ilhamla bağlı bu sözlər yalnız kamil və yüksək ağıldan gələ bilər. Odur ki, Yusifi yanına çağırdı ki, əsl həqiqəti bilsin və onun düzgün tədbirindən, iti ağlından bəhrələnsin.

Şahın göndərdiyi adam Yusifin yanına gəlib dedi: "Şah səni hüzuruna çağırır. O, sənin yuxuyozma və tədbirindən anlayıb ki, hikmət və bilik sahibisən. Ümid var ki, şah sənə yüksək rütbə bəxş edəcək, bəxtin üzünə güləcək".

Yusif səbirli və dözümlü peyğəmbər idi, ona görə də birinci dəfə şahın fərmanını qəbul etmədi. Halbuki, zindandan azadlığa çıxmağa çox ehtiyac var idi. Axı o uzun müddət idi ki, qaranlıqda, dəhşət və əzablar içində ömür sürürdü. Neçə-neçə illərdir ki, parlaq günəşi, sayrışan ulduzları, yaşıl zəmiləri, səfalı bağları görməmiş, quru çörəkdən və bulanıq sudan başqa heç nə dadmamışdı. Zindanda olduğu illərdə bir gün də olsa belə ayaqlarının qandalını, qollarının zəncirini açmamışdılar. Uzun gecələri Yusif kəsək üstündə yatmış, daşları özünə yastıq etmişdi. Ən ağırı bu idi ki, bütün bu bəlalara günahsız ola-ola düşmüş, namus və iman, paklıq və təmizlik xatirinə hər şeyə dözmüşdü.

Məhz buna görə də Yusif istəmirdi ki, zindandan azad olub üzr və minnət yükünü boynuna götürsün. O şahın elçisinə dedi: "Elə bu andaca şahın yanına qayıt və ondan xahiş et ki, əllərini bıçaq kəsmiş xanımları yanına çağırıb mənim günahımı onlardan soruşsun. Qoy əvvəlcə mənim başıma gələnlər aşkar olsun, günahsızlığım bilinsin, şah tərəfindən bağışlanım, sonra zindandan çıxaram".

Şah Yusiflə o xanımlar arasında olan macəranı gizlincə öyrəndi. Əsl həqiqət üzə çıxdı, Yusifin zindana atılmasının sirri aşkar oldu.

Şah o qadınları yanına çağırıb soruşdu: "Sizin Yusiflə nə məsələniz olub?"

Qadınlar əlacsız qalaraq əsl həqiqəti dedilər: "Allah eləməsin, biz Yusifdən pis niyyət və ya layiqsiz rəftar görmüş olaq. Bizim Yusif haqqında bildiyimiz odur ki, o pak və təmiz oğlandır, ürəyində zərrəcə pis fikir yoxdur".

Şahın, gül üzlü xəzan yarpağı kimi solmuş xanımı isə dedi: "İndi həqiqət aşkar oldu. O, günahsızdır. Mən onu kam almağa çağırmışdım. Biləyindən yapışıb ağuşuma çəkirdim. Axı o çox gözəl və cəlbedici oğlandır. Mən ona dəli kimi vurulmuşdum. Ondan könlümün atəşini söndürməyi nə qədər xahiş etsəm də, mənə məhəl qoymadı. O, Allah yolunu tutdu və şaha sədaqətini sübut elədi. Mən şahidlik edə bilərəm ki, o, indiyədək gördüyüm və tanıdığım cavanların ən namuslusu və ən təmizidir. Bütün bu uzun illəri o, zindanda nahaq yerə əzab çəkmişdir. Mən onu zindana atdırdım və bu əzablara saldım. Şah hüzurunda, saray əyanlarının qarşısında mən açıq-aşkar bu həqiqəti etiraf edirəm ki, indi zindanda olan Yusifin ətəyinə mən ləkə yaxmışam. Onun paklığına zərrə qədər də şübhə etmirəm. Mən bundan əvvəl də bu xanımların hüzurunda demişdim ki, Yusifi aldatmağa nə qədər çalışsam da, xeyir görmədim. İndi mən bu həqiqəti etiraf edirəm. Və bunu ona görə edirəm ki, qoy Yusif bilsin: ''O burada olmayanda mən onun haqqında xəyanət etməmişəm. O yaxşı bilir ki, Allah xainlərin hiyləsinin həyata keçməsinə imkan vermir''.

YUSİF MİSİRİN PADŞAHIDIR

Padşahın arvadının şahidliyi Yusifi hər bir töhmətdən azad etdi. Saqi də şaha şahidlik etdi ki, zindanda olarkən onu saf və təmiz, gözüaçıq və tədbirli, dözümlü və təvazökar bir cavan kimi tanımışdır. Bütün bunlarla yanaşı günahsızlığı sübut edilib, bəraət qazanmayınca zindandan çıxmaqdan imtina etməsi də Yusifin yüksək əxlaq sahibi olduğunu təsdiq edirdi. Şah Yusifə elə vuruldu ki, sarayın ixtiyarını ona vermək istədi.

Şah Yusifi yanına çağırıb onunla söhbət etdi. Söhbətdən şah anladı ki, Yusifin iti ağlı, yüksək dərrakəsi, zəngin biliyi var. O dedi: "Ey Yusif, gözəl xasiyyətin, ləkəsiz adın, təmiz keçmişin və yetkin ağlın mənim nəzərimdə sənin hörmət və nüfuzunu artırmışdır. Bu gündən sarayın idarə işlərini sənə tapşırıram. Gərək ölkənin mənafeyi və dövlət işlərinin nizama salınması üçün öz səy və bacarığını göstərəsən. İstədiyin qərarı həyata keçirə bilərsən".

Yusif bilirdi ki, Misir xalqı hazırda xoş və ümidli günlərini yaşasa da, qarşıda çətinlik və bəla ilə üzləşəcək. Nil çayı bir neçə il ölkəyə xeyir-bərəkət versə də, çox çəkməyəcək ki, o, xalqdan öz faydasını əsirgəyəcək. Buna görə də ölkənin, xalqın gələcəyi üçün xəzinəni qızıl-gümüşlə, anbarları azuqə ilə doldurmalıdır. Yusif qərara gəldi ki, ölkənin iqtisadi və maliyyə işlərini öz öhdəsinə götürsün və xalqın maddi rifahını yaxşılaşdırsın. Bu niyyətlə o, şaha dedi: "Əgər istəyirsən ki, xalqın məsuliyyətini öz öhdəmə götürüm, onun həyati məsələlərinə rəhbərlik edim, gərək xəzinələri, anbarları mənim ixtiyarıma verəsən. Mən, Allah qoysa, sənin istəyini yerinə yetirərəm və xalqın həyatını bu bəladan qoruyaram. İnanıram ki, ölkə abad və xalq rahat yaşayacaqdır".

* * *

Allah-Taala Yusifi səltənət taxtına, şərəf-izzət məqamına çatdırdı, onu fərman sahibi etdi, halbuki dünən o, zindanda dustaq, bir neçə il öncə isə bazardan satın alınan qul idi. Bütün bunlar İlahinin tükənməz nemətinin, sonsuz səxavətinin nəticəsi idi. Allah-Taala istədiyi bəndəsinə öz nemətini bəxş edir.

Yusifin şahlıq etdiyi il bolluq içində keçdi. Nil çayı aşıb-daşdı, zəmilər görünməmiş məhsul verdi. Camaat şən və firavan yaşadı.

Hər şeydən xəbəri olan üzüaçıq Yusif bu bolluq və nemətdən quraqlıq və qıtlıq illəri üçün ehtiyat yığmağı da unutmadı. O, böyük anbarlar tikdirdi. Onları müxtəlif ərzaqla və buğdayla doldurdu. Misir camaatı quraqlıq və qıtlığa tam hazır idi, ona görə də onlar təbiətin zülmündən çox korluq çəkmədilər. Yoxsulluq və aclığın, müsibət və bəlanın əli onlara çatmadı.

Misirdəki quraqlıq və qıtlıq qonşu ölkələrə də təsir etdi. Yaqubun və oğlanlarının vətəni Kənanı da quraqlıq bürüdü, camaatı yaman günə qoydu. Yusifin Misiri necə idarə etməsinin şöhrəti, tədbir və çarəsinin səs-sədası ətrafa yayıldı. Qonşu ölkələrin xalqları eşidib bildilər ki, Misirdə dövlət işlərinə baxan ağıllı padşah öz tədbiri ilə ölkəni qabaqcadan quraqlığa, qıtlığa hazır etmiş və indi xalqa ehtiyacına görə buğda paylayır, camaatı hikmət və ağılla dolandırır, bütün insanlara, müxtəlif tayfalara eyni gözlə baxır.

Yaqub oğlanlarına dedi: "Görürsünüz ki, qıtlıq və quraqlıq həyatımızı təhlükə altına almışdır. Ona görə də hardan olursa-olsun, ərzaq tapın ki, canınızı qoruya biləsiniz. Elə indi at və dəvələrinizə səfər yükünüzü vurun və Misir padşahının yanına yola düşün. Onun ədalət və səxavətinin, ağıl və hikmətinin şöhrəti hər yerə yayılmış, hamının qulağına çatmışdır. Siz onun yanına gedin, lakin Benyamini mənim yanımda qoyun ki, vətənə dönüncə ayrılığınıza dözə bilim. Sizi Allah tapşırıram! Tanrıya dua edəcəyəm ki, üstünüzdə göz olsun, sizi hər bəladan qorusun".

 
* * *

Qapıçı Yusifə xəbər verdi ki, üzlərindən alicənablıq, nəciblik yağan on nəfər kişi qapının arxasında durub hüzurunuza gəlməyə icazə istəyir. Sonra əlavə etdi: "Hərəkətlərindən, danışıqlarından görünür ki, onlar uzaq yerdən gəliblər, qəribdirlər".

Yusif onların gəlməsinə icazə verdi. Elə ki, pərdə çəkildi, gördü: əsla dəyişməmişdilər, elə bil onların üstündən heç bir rüzgar yeli əsməmişdi. Bunlar həmin o qardaşlar idilər ki, əlbir olub Yusifin qəsdinə durmuşdular, onu atasından ayırıb hər ikisini gözüyaşlı, ürəyidağlı qoymuşdular. İndi tale onları öz ayaqları ilə Yusifin yanına çəkib gətirmişdi.

Yusif qardaşlarını tanıdı, lakin onlar Yusifi tanımadılar. Axı onlar Yusifi necə tanıya bilərdilər?! Onların heç ağlına da gəlməzdi ki, bu şan-şöhrətin, taxt-tacın sahibi Yusif ola bilər! Həmin o quyuya saldıqları Yusif! Axı onlar əmin idilər ki, Yusif ya ölümün pəncəsinə keçmiş, ya da qul kimi bazarda satılmışdır.

Hikmət və ağıl sahibi Yusif işində ehtiyatlı və uzaqgörən idi. Ona görə də, o özünü büruzə vermədi, istədi ki, onların fikrini, niyyətini bilsin, sirlərindən xəbər tutsun.

Yusif qardaşlarını qəbul edib onlardan soruşdu: "Mənim adətimdir, yanıma gələnlərdən kimliyini, şəxsiyyətini soruşuram ki, onlara layiqincə hörmət edim. İndi deyin görüm siz kimsiniz, nəçisiniz? Mən sizdən azacıq şübhələnirəm. Qorxuram ki, padşahınız sizi bura casusluğa göndərmiş olsun. Ona görə də yaxşısı budur, sizlərdən biri həqiqəti söyləsin ki, şəkk-şübhəm dağılsın, ürəyim sakit olsun".

Qardaşlar dedilər: "Ey padşah, biz on iki qardaşıq, adlı-sanlı, böyük bir peyğəmbər nəslindənik. İndi bizim on nəfərimiz o peyğəmbər tərəfindən mübarək hüzurunuza göndərilmişik ki, ümid və ehtiyacımızı bildirək. On birinci qardaşımız atamızın qulluğunda qalmışdır. On ikinci qardaşımız isə uzun müddətdir ki, yoxa çıxıb, onun taleyindən heç bir xəbərimiz yoxdur. Bilmirik ki, bu həyatla vidalaşıb, yoxsa dünyanın harasındasa dolaşır. Qısaca olaraq bizim halımız şah həzrətlərinin hüzurunda olduğu kimidir".

Yusif dedi: "Ola bilsin ki, dediyiniz həqiqətdir, lakin bir dəlil-sübutunuz olmasa, bütün bu sözlərin heç bir dəyəri və etibarı yoxdur. Ona görə də gərək sözünüzün gerçəkliyinə bir dəlil-sübut gətirəsiniz ki, arxayın olum".

Yusifin qardaşları dedilər: "Ey şah, biz bu ölkədə qəribik, öz şəhər və diyarımızdan, dost və qohumlarımızdan uzağıq. Ona görə də burada bizi tanıyan, sözümüzün gerçəkliyinə şahidlik edən bir kimsə tapmaq mümkün deyil".

Yusif dedi: "Mən əmr verərəm ki, sizin yolunuza hazırlıq görsünlər və dəvələrinizə ərzaq yükləsinlər. Amma bir şərtlə ki, yenə də bura gəlin və qayıdarkən o biri qardaşınızı da özünüzlə gətirin. Qoy o, sizə şahid olub dediklərinizi təsdiq etsin. Əlbəttə, dediyiniz düz çıxsa, mənim nəzərimdə hörmət və nüfuzunuz artacaq və sizə bir dəvə yükü buğda da verəcəyəm. Bu mənim sizə verdiyim sözdür, lakin əgər onu özünüzlə gətirməsəniz, heç bir bəxşiş, hədiyyə görməyəcəksiniz".

Qardaşlar dedilər: "Biz güman etmirik ki, atamız onu səfərə yollayıb canını ayrılıq oduna yaxsın, lakin biz onu yola gətirməyə çalışarıq".

Yusif əmr verdi ki, onların qablarını buğda ilə doldursunlar. Buğda almaq üçün gətirdikləri pulları və malları da buğdanın içində gizlətdilər ki, özləri ilə qaytarsınlar.

Yusifin qardaşları şahın onlara göstərdiyi hörmət və qayğının xoş təsiri altında sevincək vətənə döndülər. Yaqub onları görcək səfərlərinin necə keçdiyini, Misir şahı ilə necə görüşdüklərini, ondan nə eşitdiklərini soruşdu. Oğlanlar dedilər: "Ey ata, biz Misirdə çox alicənab və kəramətli bir şahla görüşdük. O, bizi çox hörmətlə qarşıladı, qayğı ilə yanaşdı, qablarımızı buğda ilə doldurdu, ancaq bizdən söz aldı ki, dediklərimizin təsdiqi üçün qardaşımızı ora aparmasaq, bir də bizə buğda verməyəcək. O, bizdən şübhələnibdir. Bir azdan gətirdiyimiz buğda qurtaracaq və biz yenə ehtiyac içində olacağıq. Ona görə yaxşısı budur, bu dəfə qardaşımızı da bizimlə göndər. O həm bizə kömək edər, həm də şahdan daha çox bəxşiş almağımıza səbəb olar".

Yaqub dedi: "Onun getməyinə əsla icazə vermərəm, çünki ayrılıq dərdinə dözümüm yoxdur. Mən onu sizə necə etibar edə bilərəm? İstəyirsiniz ki, onu da aparıb Yusifin gününə qoyasınız? Daha hiylə və məkrdən əl çəkin və qoyun mən başımı dolandırım!"

Yaqubun oğlanları yüklərini açıb gördülər ki, pulları və malları dənin içindədir. Onlar atalarının yanına getdilər, bu məsələni sevinclə ona bildirib dedilər: "Ey ata, biz şahın insaf və mürvətini, böyüklüyü və alicənablığını nahaqdan tərif etmirdik. Qardaşımızın səfərini də hiylə üzündən xahiş etmirdik, indi budur, özümüzlə apardığımız pulu və malı da bizə qaytarıblar. Elə bunun özü şahın kəramət və səxavətinə ən yaxşı sübutdur. Ona görə də qardaşımızı bizimlə göndər. Biz söz veririk ki, onu göz bəbəyimiz kimi qoruyacağıq".

* * *

Yaqub gördü ki, ərzağa ehtiyacları gündən-günə artır və oğlanları Misirə qayıtmağı təkid edərək Benyamini göz bəbəyi kimi qoruyacaqlarına and içdilər. Həm də onlar Misir padşahına söz vermişdilər ki, bir də gələndə onlara şahidlik etmək üçün Benyamini də özləri ilə götürəcəklər. Yaqub əlacsız qalıb oğlanlarının xahişini qəbul etdi və bir daha onlardan qəti söz alıb Benyamini özlərilə aparmalarına icazə verdi.

Yaqubun oğlanları dəvələri yükləyib yola düşdülər. Çölləri, düzləri, dərə-təpələri arxada qoyub, gəlib Misirə çatdılar və şahın sarayında yüklərini əylədilər. Yusifin gözü Benyaminə sataşacaq çox kövrəldi, ürəyində rəhm, mərhəmət hissləri baş qaldırdı. Lakin Yusif yenə də özünü büruzə vermədi və onları qonaq dəvət etdi. Yusif qardaşları bir-birinin yanında, qoşa oturtdu. Benyamin tək qaldığını görüb bərkdən ağladı və dedi: "Əgər qardaşım Yusif sağ olsaydı, o da mənim yanımda oturardı".

Yeməkdən sonra Yusif əmr verdi ki, qardaşları iki-iki otaqlarda yerləşdirsinlər. Benyamin tək qaldığından Yusif onu öz otağında saxladı. Yusif ondan soruşdu: "İstəyirsən mən sənin qardaşın olum?"

Benyamin dedi: "Kim sənin kimi qardaşdan imtina edər? Amma əfsus ki, sən Yaqubun belindən gəlməmisən və Rahilin qarnından çıxmamısan". Bu sözləri eşitcək Yusifin gözlərindən yaş seli axdı. O yerindən qalxıb Benyamini qucaqladı və dedi: "Mən sənin qardaşınam. Həmin o axtardığın, hər zaman yadına saldığın, görmək arzusunda olan qardaşınam! Rüzgar mənimlə oyun oynadı, qardaşlarımın qəlbində mənə qarşı zülm və həsəd doğurdu. Mən qardaşlarımın hiyləsindən əzab-əziyyətlər çəkdim, məşəqqətlər gördüm, fitnələr yola saldım. Lakin mən bütün bu bəlalara, müsibətlərə dözdüm. Allah-Taala da məni gördüyün bu mərtəbəyə çatdırdı. Tanrı bədbəxtliyi səadətlə, ehtiyaclarımı təminatla, gördüyüm təhqirləri şərəfli mövqe ilə, tənəzzülümü tərəqqi ilə əvəz etdi. Ancaq bu macəranı qardaşlarından gizlin saxla, bu sirri onlara açma".

Benyaminin gözləri qardaşı ilə görüşdən daha da işıqlandı, ürəyi sevinclə doldu, dərdi-qəmi birdəfəlik dağıtdı. O, tam arxayınlıqla, xoşbəxtlik içində qardaşının məhəbbət dolu ocağında yuxuya getdi.

Səfər müddəti başa çatdı, Kənan karvanı yola düşməyə hazırlaşdı. Yusif onlar haqqında bir tədbir düşündü. O, qulamlarına əmr verdi ki, gizlincə Benyaminin yükünün içinə qızıl cam qoysunlar. Karvan yola düşmək istəyirdi ki, carçı car çəkdi: "Ey karvan əhli, yükləri açın, siz oğrusunuz".

Yusifin qardaşları bu səsdən dəhşətə gəlib carçıya dedilər: "Bu nə boş sözdür ki, dilinə gətirirsən? Bu nə iftira və böhtandır ki, bizə atırsan? Nə itirmisiniz?"

Carçı dedi: "Şahın qızıl camı itmişdir. Biz şübhələnirik ki, siz onu oğurlayıb yüklərinizin içində gizlətmisiniz. Camı kim oğurlayıbsa, qorxmasın, gətirib versin. Camı verənə müjdə olaraq bir dəvə yükü buğda veriləcək. Mənim özüm şahın vəkiliyəm".

Yusifin qardaşları dedilər: "Allaha and olsun ki, biz bura fitnə törətməyə gəlməmişik. Biz əsla oğru deyilik!"

Carçı dedi: "Biz sizi incitmək fikrində deyilik və yolunuzun üstündə tor qurmamışıq. Amma, siz özünüz fikirləşin ki, əgər camı sizin yükünüzdə tapsaq, onda vəziyyətiniz necə olacaq?!"

Yaqubun oğlanları dedilər: "Bizim bir qanunumuz var. O qanuna görə cam kimdən tapılsa, siz onu özünüzə qul edə bilərsiniz. Bu, dinimizin hökmü, ənənəmizin tələbidir və biz bu əməlimizə cavabdehik, əlimizin, ürəyimizin təmizliyinə əminik".

Yusif bu sözlərdən çox sevindi. Çünki bilirdi ki, Misir qanunları oğrunun zindana atılmasına və əfv edilməsinə icazə vermir. Həm də qardaşların bu sözü ona öz qərarını yerinə yetirməkdə kömək edirdi.

Dəvənin yüklərini bir-bir axtardılar. Benyaminin dəvəsinin yükünə baxanda gördülər ki, cam ordadır. Camı qardaşların gözü qabağında yükün içindən çıxardılar. Yusifin qardaşları heyrətdən dəhşətə gəldilər, utandıqlarından başlarını aşağı dikdilər.

Yusif dedi: "İndi öz əhd-peymanınıza əməl edin. Benyamini mənə tapşırın ki, onu yanımda saxlayıb öz haqqımı tələb edim".

Qardaşlar dedilər: "Ey padşah, Benyaminin bir qoca, əldən düşmüş atası var ki, bütün varlığı ilə ona bağlıdır. Biz ona söz vermişik ki, oğlunu özümüzlə qaytaracağıq. İndi bizə lütf edin, qardaşımızın əvəzinə bizdən kimi istəyirsiniz götürün. Axı biz səni alicənab sayırıq".

Yusif dedi: "Belə bir iş tutsam mən zülmkarlardan olaram. Cam kimin yükünün içindən tapılıbsa, o da yanımda qalmalıdır".

Yaqubun oğlanları ümidsiz qalıb məşvərətə başladılar. Yəhuda dedi: "Atanıza verdiyiniz sözü, içdiyiniz andı nə tez unutdunuz? Məgər and içməmişdiniz ki, Benyaminsiz qayıtmayacaqsız? İndi nə üzlə onun yanına dönəcək, cavabını necə verəcəksiniz?! Atanız, Yusiflə ayrılıqdan özünə gəlməmiş, göz yaşları qurumamışdır. İstəyirsiniz ki, dərdini təzələyib, ürəyinə dağ basasınız?! Atamın göstərişi gəlməyincə, ya Allahın hökmü olmayınca mən bu torpaqdan gedən deyiləm. Siz atanızın yanına yola düşün. Ona deyin ki, ey ata, oğlun oğurluq etdiyi üçün biz öz adətimizə görə hərəkət etdik. Biz bilmirdik ki, cam Benyaminin dəvəsindəki yükün içindədir. Əgər bizə inanmasan, məsələni o şəhərdən gələn karvan əhlindən öyrən. Onda bilərsən ki, biz düz danışanlardanıq".

Beləliklə, qardaşların doqquzu Kənana tərəf yola düşdü. Onlardan böyüyü Yəhuda Yusifin yanında qaldı.

Oğlanları Yaqubun yanına çatdıqda, ataları Benyamini onların arasında görmədi. Bir anda sanki Yaqubun beli qırıldı, ciyəri parça-parça oldu. Ciyərinin bir parasını çəkib çıxardılar. O, odlu bir səslə soruşdu: "Qardaşınızı hara apardınız? Hanı o sizin verdiyiniz bir belə əhd-peyman?!"

Oğlanlar başlarına gələn hadisəni olduğu kimi danışdılar. Yaqub üzünü onlardan çevirərək dedi: "Dünən Yusifi əldən verdim, bu gün isə Benyaminlə Yəhuda əlimdən getdi. Ümidim var ki, Allah onları mənə qaytaracaq. Axı O, böyük bilici və hikmət sahibidir".

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?