“Martiroloq” və Tarkovski haqqında xatirələr

Tekst
Autor:
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Və birdən Andrey danışmağa başladı…

“Tez-tez uşaqlıq evimi yuxuda görürəm” – deyə “Güzgü”nün qəhrəmanı etiraf edir. Bir az bu evdən danışmaq istəyirəm.

Anamın həyatının dəmir qaydası vardı: hadisələrin necə və niyə olmasından asılı olmayaraq uşaqları yayda şəhərdən kənara aparmalıydı. Hər yay biz mütləq kəndə gələrdik. Əvvəlcə orada anamla yaşayırdıq: onda balaca idik, sonra nənəmlə, müharibədən sonra isə tək yaşamalı olduq. Pul vardı, maşın tutulurdu (adətən, yük maşını). Bəzən pul olmurdu, onda adyal, balış, qab-qaşıq və başqa ev əşyalarını özümüzlə daşımalı olurduq.

1935-ci ilin yazında valideynlərimizin dostu Lev Vladimiroviç Qornunq, ya da sadəcə Lev əmi əşyaları Belarus dəmir yollarının Tuçkovo stansiyasına apardı ki, bizə ev kirayələməkdə kömək eləsin. Oradan piyada İqnatyevo kəndinə gəldilər. Kənddə kirayələməyə ev qalmamışdı, amma dedilər ki, Qorçakovların evi hələ tutulmayıb. Necə getməyi göstərdilər – dərənin kənarıyla irəliləyib, sonra sahədən keçərək dönmək lazımdı. Şamlıqda əsl kənd evi göründü – ətrafında dirrik, bir neçə alma ağacı, kənd çardağı, balaca göl. Yaxınlıqda Moskva çayına tökülən bulaq çayı da vardı.

Sakit və gözəl! Ev yiyələrilə danışıb bir neçə yay mövsümünü onlarda qaldıq. Kollektivizasiya prosesində daxma və barakların dağıdılması Qorçakovların da evindən yan keçmədi. Ev yalnız 1938-ci ildə bərpa olundu. Orada elə indi də yerində quşüzümü bitən bünövrə və gölməçənin çuxuru görünür.

Daxmada təbiətlə əhatələnmişdik. Görünür, bu, ən başlıcasıydı. Soyuq çayda çimir, tamamilə lüt halda qaçır, möhkəm və sağlam olurduq. Amma gözlənilmədən anamın köməyilə təbiətin qlobal gözəlliyinə, təfərrüatlarının ecazkarlığına yetişdik: mərcangilənin incə çəhrayı çiçəkləri, kətan kolunun qəhvəyi-qırmızımtıl başlığı, keçən ildən qalma boz xəzəllər, balaca inciçiçəyinin iti oxcuqları… Bu dünya quş, kəpənək və qarışqalar tərəfindən fəth edilmişdi. Havada görünməz torların mərkəzindəki hörümçəklər… Yazda meşə jalələrinin davranışını izləməksə hədsiz maraqlıydı.

“Ana, orda qu quşu var!” – “İvanın uşaqlığı” filmindəki bu sitatı daxmada keçirdiyimiz birinci ildə üç yaşlı Andrey demişdi.

Meşə – işıqlı, şən dəmirağacı, tutqun küknar, hətta otun da bitmədiyi yer, keçəl tala… Tarkovskinin canlı təbiət materiyasından qopmamış, dünyanın fəlsəfi düşüncəsinə keçid etməmiş ilk filmlərində təbiət aparıcı simalardan biridir. “İvanın uşaqlığı”ndakı dəmirağacı topası, “Andrey Rublyov”da ustadların korlaşma səhnəsindəki bədniyyətli, qəddar küknar meşəsi təsadüfi deyil. Onlar müəllifin ruh və yaddaşında yaşayırdılar, lazım olandasa dəqiq bədii obraza çevrildilər.

Anam işıldayan qarabaşağı sevirdi. Həmişə qarabaşaq zəmisinə çatanda dayanırdıq, sakit durub arıların ağımtıl-çəhrayı sonsuz dənizdə necə vızıldadıqlarını dinləyirdik. “Andrey Rublyov”da qarabaşaq zəmiləri arasındakı yol səhnəsi anamla əlaqəlidir. Andrey həmin filmə ithafı təsadüfən yazmayıb: “Bu hadisənin günahkarı olan əziz anama”.

Təxminən, 1931-ci ildə Lev Qornunq fotoqrafiyayla məşğul olmağa başladı. Aralarında çoxlu yazıçı, rəssam olan dost-tanışlarını çəkirdi. Onda A.Axmatova, A.Koçetkov, B.Pasternak və S.Şervinskinin uğurlu fotoları var. Bəxtimiz gətirmişdi. Bir neçə il ərzində Qornunq Moskva, Volqa və Tuçkovada ailəmizin fotolarını çəkdi. Valideynlərimiz, nənəmiz və biz uşaqların simasında maraqlı fotoxronika alınmışdı. Xırda ştrixlərinə, hətta ayaq altında olan çəmənliyinə kimi uşaqlıqdan əzbərlədiyimiz müxtəlif fotoşəkillər “Güzgü” filminin kadrlarında istifadə olunub.

Uşaqlıqda bizi əhatələyən gerçəklik ekranda canlanarkən varlığın dərin anlamıyla dolğunlaşdı. Moskvadan gətirilən kerosin dolu şüşə, ləyən, güzgü, lampa… Kartof və südsə kənddə olanda ən sevdiyimiz yeməklərdi.

Bir dəfə həyətimizdəki kənd çardağı yandı. Onu ev sahibinin kibritlə oynayan kiçik oğlu alovlandırmış, sonra qorxusundan meşəyə qaçmışdı: uşağı çox axtardılar, çünki elə bilirdilər ki, yanan çardağın içində qalıb. Filmdə həmin epizod baş qəhrəman qadının dramasını çatdırır, həyəcan və narahatlıq hissi yaradır.

Şipokdakı iyirmi metrlik otaqdan birində güzgülü nəhəng şkaf vardı, o, nənəmlə birgə səyahət etmişdi. 1936-cı ildə ərini dəfn edən nənəm Moskvaya qızının yanına gəlmiş, özüylə birgə ağırçəkili qədimi şkafını da gətirmişdi. Güzgülü şkafda pal-paltardan başqa, hətta hər şeyin yeməklə dəyişdirildiyi evakuasiya zamanından qorunmuş, kartona bükülmüş qara məxmər parça da vardı. Məxməri atam hədiyyə edibmiş. Anam da ümid bəsləyirmiş ki, ondan özünə nə vaxtsa don tikəcək (Təəssüf ki, həmin parça 1943-cü ildə otağımıza müvəqqəti sığınan qonşumuz tərəfindən oğurlandı). Şkaf təkcə adi mebel deyil, məişətimizin əvəzolunmazıydı. Az qala canlı kimi, evin bir üzvütək qəbul edilirdi. Nənəm onu çox qoruyurdu, güzgünü sındıracağımızdan qorxurdu, kibrit çöpünü ora sürtüb yandırmağa adət etmiş Andreyin şkafa ziyan verəcəyindən çəkinirdi. Bu şiddətin izlərinə hələ də güzgünün səthində rast gəlmək olar.

Atamın Şipoka gəlişlərinin birində L.V.Qornunq onu həmin güzgünün qarşısında çəkmişdi. Sonralar eyni yerdə on altıncı ad günündə Andreyin də şəklini çəkdi.

Müharibə uşaqlıq həyatımızı iki qeyri-bərabər hissəyə ayırdı. Xoş xatirələrlə anılan qısa, amma az həqiqi “müharibəyə qədərki” dövr, həyəcanlı, narahat, amma çox gerçək dövrdən seçilirdi.

1941-ci ilin may ayının ortalarında anam nənəmlə bizi yayı keçirəcəyimiz Rojayke çayının sahilində yerləşən Bityuqovo kəndinə gətirdi. Müharibə də bizi elə orada yaxaladı (onda Andreyin doqquz, mənim altı yaşım vardı). Dərhal yeni sözlər peyda oldu: hava hücumu, bombardman, hərbi həyəcan siqnalı. Yerli sakinlər səngər qazırdılar. Tezliklə Moskvaya qayıtdıq. Böyüklər evakuasiyadan danışırdılar. Anam yalnız bizə – uşaqlara görə razılaşdı. O, yazıçı ailələrilə Çistopola köçürülməyimizi istəmirdi. Volqa boyundakı Yureveçə getdik. Orda nənəmdən bir otaq qalmışdı, bir də bəzi tanışlar. Oradakılar anamın ögey atası həkim Petrovu da xatırlamalıydılar.

Yureveçdə bizi köçkünlərin əzablı həyatı gözləyirdi. Anam uzun müddət iş tapa bilmədi. Atamın hərbi təqaüdünün yarısıyla dolanırdıq (qalan yarısı isə ovaxtlar Çistopolda yaşayan atamın anası və arvadına çatırdı). Bir də nənəmin gülünc təqaüdü vardı. Anam bir müddət sonra məktəbdə işləməyə başladı. Bazarda dəyişdiklərimiz, kəndlilərdən aldıqlarımızla dolanırdıq. Anam uzaq yola ertədən hazırlaşırdı – mübadilə etmək üçün əşyaları toplayır, nənəmsə üzlüklü çit parçalardan uşaq papağı tikirdi. Əgər qışdısa, onda anam əşyaları xizəyə yığar, Volqanın buz tutmuş səthiylə piyada onları dəyişməyə aparardı. Adətən bir neçə günlüyə gedər, kəndlərdə gecələyərdi. O vaxtlar kəndlilər mehribandılar, gecə yatmağa yer və Tanrı yetirəndən yeməyə nəsə verirdilər.

Bu cür səfərlərin birində anam təxminən bir vedrə kartofa öz firuzə qaşlı sırğasını dəyişdi. Sırğanı lap əvvəllər nənəmin bir qadın qohumu Qüdsdən gətirmişdi. XIX əsrin axırlarında həmin qadın Qüdsə Tanrının məbədinə gedir ki, monastırda qulluq etməklə günahlarını bağışlatdırsın, amma əvəzində onun kəbinini yerli pravoslav koloniyasının həkimi yunan Mazaraki ilə kəsirlər. Ərinin vəfatından sonra Mazaraki xala Moskvaya – nənəmin anasının yanına qayıdır. Gətirdiyi “Quran” sözləri üzərinə işlənilmiş sırğasa bir neçə ildən sonra Zavoljyenin bir kəndinə düşmüşdü.

Sırğa ilə bağlı əhvalat “Güzgü” filmində də əks olunub, amma romantik tarixçəsi kadr arxasında qalıb. Bu tarixçə rejissora heç lazım da deyildi, onu maraqlandıran əxlaqi problemlərdi. Sırğanın satılması səhnəsində Andrey iki dünyanı qarşı-qarşıya qoyub: kor və eybəcər özünəvurğunluqdakı meşşan ruhsuzluqla ali ruhi başlanğıcı.

1943-cü ilin yazında uşaqlar arasında şayiə yayıldı ki, leninqradlı uşaqları gətiriblər. Qaçaraq məktəbə gəlib pəncərələrə dırmandıq. Gördüyümüzdən heyrətə gəlirdik. Düzdür, hamımız arıq-sısqa, bir dəri-bir sümükdük, amma burda halsız və rəngi dəyişmiş uşaqların ağır mənzərəsi vardı. Onlar tərpənmədən, qəribə tərzdə, böyümüş və baş verənlərə canlı marağın yoxa çıxdığı gözləriylə bizə baxırdılar.

Leninqradlı uşaqları tezliklə Volqaboyunca daha irəliyə apardılar, amma bu görüş yaddaşıma həmişəlik həkk oldu. Bunu Andrey də xatırlayırdı və “Güzgü”də bu cür blokada uşaqlarından birini yersiz hərəkətinə görə bağışladı, çünki aclıq və iztirabın gətirdiyi yetim uşaqlara çox şeyi bağışlamaq olar. “Balaca oğlan Asafeyevə tərəf uçan quş” – bu, etibar, bağışlama və sülhün nişanəsidir. Mühasirədən qurtulmuşlar, iztirablı günlər keçirmişlər xalq arasında ən dəhşətli marağa səbəb olan insanlardı.

1943-cü ilin yayında anam Moskvaya çoxdan gözlənilən giriş iznini ala bildi. O, evakuasiya dövründə də hər ay mənzilə görə pul göndərirdi (qəbzlər indi də durur). Bu, bizə Şipokdakı yaşayış yerimizə məskunlaşmağımıza kömək olacaqdı. Yayın qalan hissəsini Andreylə Perdelkino yazıçı qəsəbəsindəki pioner düşərgəsində keçirdik, payızdasa anam yayda düşərgədə yerləşən bağ evlərinin birinə gözətçiliyə düzəldi. Bu ikimərtəbəli kənd evində həbs olunana qədər yazıçı Bruno Yasenskiy yaşamışdı. Bura müharibəyəqədərki dövrdə uşaq bağçası, sonra pioner düşərgəsi olmuşdu, indisə Yazıçıların Yaradıcılıq Eviydi.

Kərpic sobalı xudmani otağa yerləşdik (o biri otaqlar qızdırılmırdı). Qapımız sınıq-salxaq artırmaya açılırdı. Qonşuluqda İnber, Treneva, Pavlenko, ardınca Fadayevin bağ evi vardı. Fadayevin oğlu Saşayla Andrey “əsgər-əsgər” oynayırdılar. Ya çəkir, ya da kitab və jurnallardan əsgər şəkilləri kəsib götürür, kartonun üstünə yapışdırır, onları döyüşdürürdülər. Andrey əsgərlərini “Kazbek” papirosunun qutusunda saxlayırdı. Uşaqlar masa ətrafında və ya yerdə oturur, öz əsgərlərinin çiynindən vurur, onlar da qabağa gedirdilər; aşıb yıxılan əsir düşür, ayaq üstdə qalansa döyüşə davam edirdi. Orduya həmişə yeni əsgərlər lazım olurdu, Andrey də həssas oyunçu kimi daim ehtiyat əsgər axtarışındaydı. Təsadüfən xəzinəyə rast gəldi: İnberlərin çardağından xeyli hərbi kitab tapdı. Onların sayəsində öz ordusunu genişləndirməyə başladı. Bunlar çar əsgərləri, orta əsrlər cəngavərləri, süvari və piyadalar idi. Müharibədən sonra bağ evinə qayıdan Vera İnber yazıçı dostlarına şikayətlənirmiş ki, hansısa barbar kitablarını korlayıb.

 

“Güzgü”də köhnə cildli kitabı görəndə qəfildən yadıma əsgərciklərlə bağlı əhvalat düşdü. Səhnə Perdelkinoda yerləşən ədəbiyyat fondunun həmin bağ evində – evakuasiyadan sonra yaşadığımız evdə çəkilib.

1943-cü ilin qışında Peredelkinoya yanımıza gözlənilmədən atam gəldi. Xatırlayıram ki, döşəməni silən anam qapının qabağını süpürmək üçün məni küknar budağı dalınca yollamışdı. Görünür, küknarlıqda çox ləngimişdim. Birdən evin arxasındakı kiçik yaşıl sarayın yanında hərbi geyimli arıq adam gördüm. Kimisə axtarırmış kimi mən tərəfə boylanırdı. Adımı çağırmayınca atamı tanımadım: “Marina!” Atamın tanış səsi… Bir anlıq gözlərimə inanmayıb yerimdə donub qaldım, sonra var gücümlə atama tərəf qaçdım. Onda necə də sevinc və fəxr hissi keçirirdik! Atamın çiynində dörd ulduz vardı, kapitandı. Sinəsindənsə Qırmızı qvardiyanın ordeni asılmışdı. Düzdür, atam Andreyə söz verdiyi alman xəncər və dəbilqəsi gətirə bilməmişdi, amma buna baxmayaraq hərbi çörək, qara suxarılar, Amerikanın donuz konservi və qənd gətirmişdi.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?