Həsən bəy Zərdabi xatirələrdə

Tekst
Autor:
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Həsən bəy əvvəlki qaidə üzrə başqa şəhərlərdən para almağa davam edir. Fəqət para göndərənlərin miqdarı getdikcə azalmağa başlayır. Ən nəhayət, mədaxili məxaricdən az olur. Bununla da cəmiyyəti-xeyriyyə qapanır. Bu məsələ Həsən bəyi olduqca mütəəssir edir. Çünki başqa millətlərin cəmiyyəti-xeyriyyələri olmazın işlər görür. Yüzlərcə tələbələrini ali məktəblərdə oxudurlar. Onlara hər dürlü yardımda bulunurlar. Bu münasibətlə Həsən bəy “Həyat” qəzetəsinin 107 və 115-ci nömrələrində yazmış məqaləsində deyir ki: Bir danə Qarabağ əməkçisi suçu (Karapetin) millət qeyrəti bütün Qarabağ bəylərində yoxdur. Karapet işin biləndə su daşıyaraq min rublə toplamış və bunu erməni cəmiyyəti-xeyriyyəsinin rəisi bulunan doktor Rustamyana məktəb şagirdlərinə sərf olunmaq üçün vermişdir.

Həsən bəy Qafqazya şəhərlərində üzv toplayarkən Şuşaya da gəlmişdir. Burada bəylərin evlərinə gedərək onlardan müavinət istəmişdi. Cəmiyyət adını eşidən bir bəy “ay aman” deyərək nökərinin qucağına yıxılmışdı, digər bir bəy də erməni məktəbinə, rus kəlisasına, Rusiyada yanmış şəhərlərə müavinət etdiyini göstərərək artıq para vermək imkanı olmadığını qeyd etmiş və atasının ərvahinə and içmişdi.

Cəmiyyətin məzkur qaytanlı dəftəri bu son illərə qadar dururdu. Təəccüb orasıdır ki, bunda bir nəfər Bakı müsəlmanının imzası böylə yoxdur. Digər tərəfdən o vəqtdə Qazarov, Trusov kimi rus və erməni adları vardır. O vəqtin qubernatoru Staroselski dəftərə aşağıdakı sözləri yazmışdır: “Bakıda qubernator olduğum müddətdə müsəlman cəmiyyəti-xeyriyyəsinə yüz manat para verməyi özümə borc bilirəm”.

Bir azdan sonra Həsən bəy cəhalətlə mübarizə üçün qəzetəyi yeganə vasitə olaraq tanıdı və qəzetəyə böyük ümidlər bəslədi. Bu münasibətlə Həsən bəy “Həyat” qəzetəsində böylə yazır:

“Bizim cəmiyyəti-xeyriyyə bina tutmadığından, teatro oynanan otaq boş qaldığından aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib zəmanəyə müvafiq məktəblər açdırıb küçə-bazarda qalan uşaqları oxutmaq olmayacaq. Elmsiz də bu dünyada dolanmaq mümkün deyil. Ələlxüsus bizim yerlərdəki qonşularımız elm təhsil edib gün-gündən iləri gedib bizim əlimizdə olan mülk və malımıza sahib olurlar və bir azdan sonra biz onlara rəncbərlik edib onların malını daşımaqdan ötrü kirakeşlik edəcəyik. Belədə nə qayırmalı? – Hər kəsi çağırıram gəlmir, göstərirəm görmür, deyirəm eşitmir! Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın. Necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoysaq, bir neçə ildən sonra o su tökülməkdən o bərk daş mürurla əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə qəzetə çıxarmaqdan savayı bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış doğru sözlər qapı-pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzetə oxuyandan birisi oxuduğunu qansa, onların qədəri ilbəil artar. Axırda o səd ki, suyun qabağını kəsmişdi və suyu axmağa qoymurdu – rəxnə tapır və su mürurla səddi uçurub aparar. Sonra düşmənin düşmənliyi, dostun dostluğu və dost göstərən doğru yolun doğruluğu aşkar olar…”

Həsən bəy tələbə ikən ana dilində bir qəzetə yaratmaq arzusunu bəsləyirdi. O vəqtlər Rusiyada yaşayan türk tatarların qəzetəsi olmadığı kimi, bu dillərdə küçük kitabçalar da nəşr olunmayırdı. Qafqaziya türkləri arasında türk dili işlənməzdi. Bura türkləri ərəb və fars dilini yazı işlərində ana dili kimi işlədərdilər. Bu yabançı dillər də xas sifətin malı olmuşdu. Ərəb dilini ruhanilər cəmaəti “Allah dili” deyə tanıdırlar. Fars dili də tacirlərin, ədiblərin və “Şahnamə”dən ləzzət alan bəylərin dili olmuşdu. Türk dili isə yoxsul əhalinin dili olduğundan “fəqir” və “qaba” hesab olunurdu. Türk dilinin bu qadar düşkün bir dövründə bu dildə qəzetə çıxarmağı kimsə xəyalına belə gətirməzdi.

O zamanın ədiblərinə türk dilində şey yazdırmaq olurdumu? Tərəkəmə dilində kim yazar? Yazarsa da, onu kim oxur?! İndiki zamanın ədibləri fars və ərəb kəlmələri ilə dolu yazıdan ləzzət aldıqları kimi o zamanın da ədibləri fars dilindən xoşlanırdılar.

Bu çürük ədaların, türk dilinin ədəbiyyat dili olmamasının və bu dilin qayət qaba olmasının əleyhinə çıxmağa cürət istəyirdi. Bunun kökünə balta çalmaq üçün yenə də Həsən bəy addım atır və bu təşəbbüsü öz öhdəsinə alır. Bu mübarizədə Həsən bəy yenə də xas sinfi ilə üz-üzə gəlirdi. Bu təşəbbüsün, yəni qəzetə çıxarmağın ikinci bir qorxusu da var idi. O da çar hökumətindən bu xüsusda icazə almaqdı.

Azərbaycan türklərinin gəlmişləri çar hökumətinin zülmünə qarşı “sədaqətlə” cavab vermək istəyirdilər. Bunlar zəiflik göstərdikcə üzərlərinə olan təzyiq daha da şiddət edir və nəticə etibarilə arası kəsilmədən hüquqları da azalırdı. Öz keşişlərinə ruhani məktəblər açmaq, akademiya saxlamaq ixtiyarını vermiş çar hökuməti müsəlman ruhanilərinə bu hüququ verməmiş və bəylərin də bəyliyini təsdiq etməmişdi. Təbiidir ki, çarın “mərhəmətini” gözləyən bu güruh qəzetə nəşrini tələb edəməzdi. Bu adamların digər düşünməsi də var idi. O da çar hökumətini, onun xoşuna gəlməyən məktəb, qəzetə və sairə tələb etməklə acıqlandırmamaqdan ibarətdi, müsəlman ruhaniləri də türk kütləsinin savadsız qalmasını istəyirdilər.

Böylə mühitdə qəzetə icazəsi almaq çox çətin idi. Həsən bəyi də məsələnin bu cəhəti çox düşündürürdü. Vətənlərinə, Azərbaycan millətlərinə türk adı verməyə cəsarət edəməyən azərbaycanlılar arasından çıxmış Həsən bəy, ən nəhayət, hökumətdən qəzetə nəşrinə müsaidə istəyir. İcazənin verilməsi 3-6 il çəkir. Qəzetəyə icazə verilməyir.

Bu vəqtlər Bakıya Staroselski adında bir qubernator (vali) gəlir. Bu adam rus bəylərindən (dvoryanlarından) olduğuna baxmayaraq, babaları kimi kəndlilərin bir qadar maarif almasına tərəfdar idi. Bunun həyat yoldaşı da gürcü idi. Bu xanımın da qəzetənin icazəsinə ola bilsin ki, çox təsiri olmuşdu. Bunların yardımı ilə “Əkinçi” adlı türk qəzetəsinin nəşrinə müsaidə alınır. Bu adla Qafqaziyada və bütün Rusiyada birinci qəzetə idi ki, nəşr olunurdu.

Qəzetənin birinci mürəttibi Minasov adlı bir erməni olmuşdur. Hürufat az olduğu üçün qəzetə bir neçə dəfəyə çap olunurdu. Qəzetə iki həftədə bir dəfə nəşr edilirdi. Həsən bəyə qəzetə işlərində şagirdləri çox yardım edirdi. Onlar qəzetənin poçta verilməsi, əhali arasında paylanması işlərində çalışırdılar.

Qəzetə çıxdığı gün bunlar üçün bayram olurdu. Qəzetənin birinci nömrəsi 1875-ci ilin 22 iyulunda çıxmışdır. Bu gün Həsən bəyin həyatında ən böyük və ən əziz günlərdən idi. İlk səhifəsi çıxan kimi tez alıb evə gəlir və evdəkilərə göstərərdi. Qəzetənin çıxdığı gün Həsən bəy üçün bayram hesab olunurdu. “Əkinçi” üçün sərf etdiyi əmək həqqində məzkur qəzetənin üçüncü nömrəsində böylə yazır:

“Bizim zəhmətimiz həddən çıxıb! Bir mətləbi özümüz yazıb, ağardıb, çapxanaya verməklə zəhmətdən xilas olsaydıq çox xoşbaxt olardıq. Amma iş böylə düşübdür ki, biz gərək çapxanada da işləyək! Dünyada hər qəzeti beş, ya on adam inşa edir. Onu çap elədən, hürufunu düzən, qələtlərini düzəldən başqa kəslər olur, amma bu işlərin hamısını gərək mən tək özüm görəm, hətta müsəlman şəhərində bir savadı olan müsəlman yoxdur ki, qəzetəyə baxıb onun qələtini düzəltsin! Ya hürufunu düzsün! Hərgah bu zəhmətlərdən artıq zəhmət olmasaydı yenə bir tövr yola gedərdik. Amma dərd budur: bizim elə zəhmətimiz var ki, qeyri qəzetəçilərin ondan heç xəbərləri yoxdur. Əvvəli, bu hürufat İstanbulda alınıbdır, çünki bizim dildə bəzi hərflər məsələ: f, k, r artıq işlənir, ona bina o hərflər qəzetəmizə çatışmır. Bu səbəbə bir mətləbi yazan vəqtdə nə ki ol mətləbin məzmununu və qeyri əhvalatları yoxluyuruq, hətta məzkur hərflər az işlənsin deyə bəzi sözləri götürüb, əvəzində başqa söz yazırıq. Əlbəttə, belə olan surətdə mətləb biz istədiyimiz kimi vazeh olmur.

Saniyən, bizim məxsusi çapxanamız yoxdur. Qəzetəmiz Qubernski pravleniyanın çapxanasında basılır. Əlbəttə, özgələr bizim işə özümüz kimi can yandırmır və bu barədə olan kəsirlər bizim təqsirimiz deyil. Qəzetənin bu qüsurunu görənlər bizə gülürlər. Lakin gülmək yeri deyil, ağlamaq yeridir ki, bizim müsəlmanların bircə qəzetəsini basdırmağa adamı yoxdur!”

Qəzetənin çox hissəsini Həsən bəy özü yazırdı. Başqa yazıçıları danışdırmaq lazımdır. Buna görə də tanıdığı və bildiklərinə müraciət edərək onların da iştirak etmələrini arzu edirdi. Qəzetənin küçüklüyü, ayda iki dəfə çıxması bir çox məktub və məqalələrin dərc edilməməsinə səbəb olurdu. Bəzi məqalələri də sansor (senror – T.A) buraxmayırdı. Məqalələrin dərc edilməməsi bəzi mübahisəli məsələlərin məktublarda davam etdirilməsinə səbəb olurdu.

Həsən bəy qəzetəsinin səhifələrində ictimai məsələlərə aid də mübahisələr açmaq və bununla da başqalarının fikrini bilmək istəyirdi. Mollaların və başqa imtiyazlı siniflərin əleyhinə cəbhə açdıqca bir çox hücumlara məruz qalırdı. Bəzən bunun üçün həcvlər deyilir, söyüşlər yazılırdı. Bunlar o qədər həyasızcasına yazılırdı, kimsəyə oxumaq və göstərmək böylə olmayırdı.

Bu həcv və söyüşlər Həsən bəyi ruhdan salmayır, daha da onun ruhlanmasına səbəb olurdu. O, daima böylə məktubları aldıqca “müsəlmanlar da ictimai məsələlər ilə maraqlanırlar” deyirdi. (O zamankı türklər özlərinə sadə bir müsəlman deməklə həm millətlərini və həm də dinlərini anlatmış olurdular. Türk kəlməsi işlənməzdi.) Bu münasibətlə də qəzetənin 2-ci ilindəki altıncı nömrəsində böylə yazır: “Qəzetənin ümdə muradı mübahisədir ki, aqil kəslər bir böylə mübahisə edib işləri xəlqə bəyan etsinlər”.

“Bu cahil adamlar söyə-söyə həqqin harada olduğunu düşünəcəklərdir” – deyirdi.

Qəzetəyi əhali arasında yaymaq və oxucularını artırmaq məqsədi ilə Həsən bəy şəhərlərdə və Bakıda 2-3 yüzə qadar parasız qəzetə paylatdırardı. Şəhərlərdə böylə çalışırkən kəndlilərə daha artıq əhəmiyyət verərdi. Qəzetənin adı da bunu sübut edir. Fəqət polislər qəzetənin kəndlilər arasında paylanmasına müsaidə etməzdilər. Həsən bəy pək min dürlü dillər ilə qubernator Staroselskini bu xüsusda bir qadar yumşalda bilmişdi. Nəticədə hər kənd yüzbaşısı (kəndxudası) öz kəndinin əhalisi üçün “Əkinçi” qəzetəyi alardı.

 

Həsən bəyin yazdıqları kənd yaşayışından, kənd təsərrüfatından olurdu. Qəzetənin dili bir qadar aydın və anlayışlı idi. Uydurma dildən xoşlanmayan Həsən bəy, İstanbuldan götürülmüş kitabların dillərində islahat yaparaq, onları sadələşdirilmək üsulu ilə məktəblərə daxil edilmələrini təklif edirdi.

“Əkinçi” qəzetəsinin başqa nömrələrində türk, fars, ərəb dillərinin və yazılarının çətinliyindən bəhs edilərkən bütün bu millətlərin ümumi savadsızlıqlarından da bəhs edərkən “müsəlman dillərində oxumaq çətindir” deyə yazmaqla, bu dərəcəyə qadar ərəb həriflərinin çətinliyinə də işarə etmişdir.

Bununla da dil və əlifba məsələsinin hələ əlli il bundan əvvəl araya çıxdığı anlaşılmış olur. O daima deyirdi ki: “İstəyirsinizmi türk milləti yaşasın, qabağa getsin, elmi və mərifəti olsun, mədəniyyəti olsun – buna dil verin: türklər öz dillərini itiriblər, sizin sözünüzü onlar anlamırlar. Onların dilini tapın, verin onlar yaşasın, qabağa getsin”.

Həsən bəy “Əkinçi”nin tarixi nömrələrində iləridə gedən qanacaqlı, bilikli adamlara müraciət edərək onlara əhalinin tərəqqisinə mane olmamağı tövsiyə edərək böylə yazır:

“Dünya həmişə dövran edir və bu gərdişə görə də insan öz rəftarını dəyişdirməlidir… Cəmaəti keçən zamanın qaydası üzrə saxlamaq məsləhət deyil, onlar o yolu bizsiz də gedəcəklər. Pəs anlayan o pişro kəslərə eyni məsləhətdir. Bu yolu onlar ilə bir yerdə getsinlər; ta ki onların tez tərəqqi etməyinə səbəb olsunlar. Və buna görə gələcəkdə, həmçinin onlara pişro olsunlar!”

Bu sözlər öz ana dilində ədəbiyyat yaratmağa çalışanlara mane olan bəy və mollalara işarədir. Əhalinin bu cəhddəki tərəqqisinə mane olan xas sinif böylə deyirdi: “Niyə ata-babalarımız elmsiz yolla getdilər, biz gedə bilmərik? Bizim öz elmimiz bizə bəsdir. Əgər hər kəs başqa elmləri öyrənmək istəsə, getsin xaricə dillərində öyrənsin, dəxi elm kitabların götürüb, öz dilimizə tərcümə etdirib, çap etmək nə lazım və əgər çap etdirsək də o kitablardan nə olacaq? Ev buzovundan öküz olurmu?”

Həsən bəy “Əkinçi” qəzetəsinin səhifələrində müftəxorlar ilə ciddi mübarizə aparırdı. Məktəb açılmasına məmaniət edən “əyan və əşxasa” Həsən bəy “Vəqtlə ol cənablara ərzimiz olacaq” deyə təhdidedici sözlər yazaraq əhaliyi elm və fünundan uzaqlaşdıran mollalara “xəlqin ipini 1292 il əllərində saxlamış şəxslər” deyə müraciətdə bulunardı. Yenə məzkur nömrədə “pirəzənlərə mey və məhbubdan danışan şairlər insanları dünya məşğələsindən soyudan alimlərə, yalançı münəccimlərə və müftəxor dərvişlərə” işarə edir.

Həsən bəyin nəzərində bütün imtiyazlı siniflərin hamısından alçağı tacirlərdir. Çünki bunlar daima bir qəpik faidəsini bütün camaat işlərindən yüksək tutarlar. Bunlar hər zaman:

“Öylə bir şey yaz ki, ondan bir qəpik nəf olsun” deyə boş çürük ədalarda bulunarlarmış. Bunlardan bir çoxu qəzetə oxumağı günah bilərək bir çoxları da qəzetəyi apararaq parasını verməzlərmiş. Aralarında 40-50 min rubləlik kapitalı olan bir karvansaranın tacirləri bir qəzetənin parasını toplayamamışlar imiş. Bunlar çalışaraq, ən nəhayət, manat yarım para toplaya bilmişlərmiş. Bu münasibətlə Həsən bəy böylə yazır: “Xəhişmənd olsalar, onlar üçün bir qəzetə müftə göndərilər”.

Həsən bəyin nəzərində milyonlara sahib olan bu tacirlərin günahı çox böyük idi. Məsələn, Zaqatala şəhərində yanğından zərərdidə olanlara müavinət üçün para toplanırkən tərtib edilmiş siyahidə bir nəfər də olsun tacirin adı yox idi. Bu münasibətlə Həsən bəy böylə yazır: “Həqiqət, biz çox biqeyrət tayfayıq ki, xaricilər bizim müsəlman qardaşlarımıza bəqədr məqdur kömək edirlər, amma biz qəpiyə heyfsilənirik!”

Mollalar minbərdə çəkmə geyənlərə lənət oxuduğu bir zamanda Həsən bəy mövhumat və məhərrəmlik vəhşiliyi ilə də mübarizə aparırdı. O vəqtlər cəhalət və mollaların nüfuzu nəzərə alınarsa, Həsən bəyin məsləkcə nə qadar möhkəm və sabit adam olduğu görülmüş olur. Mövhumatçıların hədələri və hücumları Həsən bəyin halına və tutduğu xətti-hərəkətinə təsir etməzdi.

“Əkinçi” qəzetəsi azadlığı da unutmamışdır: 3-cü ilin 12-ci nömrəsində böylə yazır:

“Biz öz xahişimiz ilə bir-birimizə qul olmuşuq: Rəiyyət padşaha, övrət kişiyə, uşaq ataya, nökər ağaya, şagird ustaya və qeyri qul deyil? Və buna səbəb – bizim ata, baba adətləridir. Nə qədər böylə olsa biz tərəqqi etməyəcəyik və edə bilmərik”.

“Əkinçi” qəzetəsi bütün müsəlman aləmini mədəniyyət müftəxoru hesab edirdi; çünki bunlar Avropanın yaratdığı mədəniyyətdən istifadə edərək özləri bir şey meydana gətirməyə çalışmayırdılar.

Üç il dəvam etmiş bir qəzetə ictimai məsələlərdən bəhs etmişdi ki, hər bir məsələ həqqində burada yazmaq mümkün deyildir. Qəzetənin maliyyə cəhətdən işi ağır idi. Abunəçilərinin miqdarı gündən-günə azalır və məsarifini ödəməyirdi. Böylə ki, Şuşa, Şamaxı və Şəki şəhərlərinin hər birinə üç nüsxə, Gəncə ilə Lənkəran şəhərlərinə isə birər nüsxə aparılırmış. Xas sinfi “Əkinçi”nin intişarına çalışmaz və onun ən birinci qəddar düşmənlərindən idilər. Kəndlilər də əvam olduqları üçün qəzetədən lazımınca istifadə edəmirdilər. Buna görə də qezətə xərcini ödəyə bilmək üçün başına lazımınca abunəçi toplamalıydı.

Həsən bəy məxarici mədaxilindən çox bu qəzetəyi davam etdirir. Aldığı məvacibinin çox qismini qəzetə üçün sərf edirdi. Çar hökuməti məmaniət etməsə idi Həsən bəy qəzetəyi müvəffəqiyyətlə özü-öz məsarifini ödəyə biləcək bir halə vardıra biləcəkdi. Təəssüf olsun ki, çar hökuməti bu qəzetənin davam etməməsinə qərar vermişdi. Staroselskinin yerinə təyin edilmiş yeni qubernator yüzbaşılar tərəfindən kəndlərə aparılan qəzetələrin göndərilməsinə müsaidə etmədi.

1877-ci ildə başlanmış Osmanlı-rus müharibəsi qəzetəyə böyük zərbə endirir. Qəzetənin üzərində sonsorun şiddət və təzyiqi artır. Qəzetəyə müharibə gedişindən bir kəlmə də olsun yazmağa müsaidə etmirlər. Bu vəqtlər rus qəzetələri müharibənin gedişindən ətraflı surətdə teleqraf xəbərləri verirlər. Halbuki “Əkinçi”yə müharibənin başlandığını böylə xəbər verməyə izn verməyirlər. Buna görə də Həsən bəy müharibə xəbərini dolayısilə verməyə məcbur olur: müharibə həqqində böylə yazır: “Padşah imperatori-əzəmi-rus hökm edib ki, əskər cəm olunsun, amma belə əskər cəm olunmasından zənn olmasın ki, imperatori-əzəmin muradı cəng başlamaqdır. Ümidvarıq ki, iş sülh ilə qurtarsun”.

Həsən bəy bunları “Əkinçi”nin 2-ci il 22-ci nömrəsində yazdığı vəqt osmanlılar ilə ruslar arasında müharibə davam edirdi. Həsən bəy sonsorun təzyiqini açıqdan-açığa qəzetənin 3-cü il 9-cu nömrəsində yazmışdır. Di gəl ki, müharibə gedişi, hətta müharibə zamanı Rusiya içərisində vaqe olmuş təbii fəlakətlərə dair məlumatı, Moskvada olmuş soyuqdan sərçələrin donub ölməsini qəzetəyə yazmağa müsaidə etməmişdilər. Sonsorun fikrincə, bunu müsəlmanlar: “uruslara Allahın qəzəbi keçmişdir” deyə izah edirlərmiş.

Müharibəyə dair məlumat verməmək qəzetənin nüfuzunu azaltmışdı. Bir çox “ağalar” da qəzetəyə yaxın durmaqdan qorxurdular. Hətta general Əlixanov qəzetəyi geri göndərərək böylə yazmış imiş: “Qəzetə müdiri bilməyir ki, xüsusi adamların nəşr etdiyi qəzetəyi çarın sadiq nökərləri əllərinə də almazlar. Təəccüb edirəm”.

Bu sıralarda Dağıstanda iğtişaş əmələ gəldi. Çar hökuməti üsyan başçılarını tutub güllələdi. Bəzilərini sürgün etdirdi. Bunların arasında Həsən bəyin bir çox şagirdləri də vardı. Hökumət bu aralıq “Əkinçi” qəzetəsinin bağlanması üçün bir bəhanə axtarırdı. Çar hökuməti bütün Qafqaziyada üsyan başlanmasından və “Əkinçi” qəzetəsinin bu işdə böyük rol oynayacağından qorxurdu. Bunun üçün də “Əkinçi” qəzetəsi qapandı. Və “Tərcüman” qəzetəsinin nəşrinə qadar heç bir türk qəzetəsinə müsaidə edilmədi.

Qəzetə qapandıqdan sonra Həsən bəyə öz xahişi ilə Yekatrinadar və yaxud Kutais gimnaziyasına müəllim getmək təklif edildi. Həsən bəy bunların heç birinə razı olmadı. Bundan da məqsəd Həsən bəyi Bakıdan çıxartmaq və türk tələbəsi olmayan digər bir gimnaziyaya keçirmək idi. Hökumət Həsən bəyin Bakıda yaşamasından qorxurdu. Həsən bəy bunların heç birisinə razı olmadı. Hökumət bunları məktəb müdiri olan Həsən bəyin dostu (Çermagin) (K.K. Çermak – T.A.) vasitəsi ilə görürdü.

Həsən bəy bu təklifləri qəbul etmədiyi üçün polis və jandarmalar tərəfindən ciddi surətdə təqib olunurdu. Qapısına xəfiyyə qoyulmuşdu. Qulluqçusunun “qohumlarından” biri gəlir-biri gedirdi. Mətbəxdə daima qulluqçunun “kirvələrindən” oturur və Həsən bəyin yanına gələn qonaqları güdürdülər.

Məktəb müdiri (Çermak) Həsən bəyin gec-tez məktəbdən kənar ediləcəyini bilirdi. Buna görə də ona öz arzusu ilə məktəbdən istefa verməsini məsləhət görmüşdü. Həsən bəy də məktəbdən istefa verərək bir qadar Bakıda işsiz yaşadıqdan sonra Zərdab kəndinə köçməyə məcbur oldu.

Həsən bəy hökumət idarələrində 15 il çalışdığı üçün altun “Anna” medalyəsini hədiyyə olaraq almışdı. Onu bir dəfə də olsun yaxasına taxmamışdı. Hətta sərdar Bakıya gələn gün xaçı döşünə taxmasın deyə – özünü xəstəliyə salaraq bayıra çıxmamışdı.

1880-ci ildən Həsən bəy Zərdab kəndində yaşayaraq kəndlilərə öz məlumatı ilə yardım edirdi. O vəqtlər Zərdab kəndində Şeyx Əli Baba, Şeyx Əli Süleyman adlı iki şeyx yaşayırdı. Bunlar əhalinin bütün-bütünə cəhalətdə qalması üçün çalışırdılar. Bunların əhali arasında olan nüfuzu o qadar artmışdı ki, adlarını eşidən kəndlilər dərhal səcdə edərdilər. Hər dürlü dərdləri olanlar bunlara müraciət edər və dərdinə “dərman” bulardı. Şeyxə hər kim bir söz desə ağzı “əyilərdi”.

Əhaliyi böylə mövhumat içərisində bulmuş Həsən bəy yenə də kəndlilərin savadlanması üçün qorxmadan çalışar, şeyxlərin kök atmış nüfuzlarına balta çalmağa çalışardı. Bu xüsusda rəfiqəsi Hənifə xanım da ona az kömək etməmişdi.

Həsən bəy kənddə məktəb təsisi fikrinə düşüncə, kəndin qolçomaqları ilə qarşı-qarşıya gələrək onlarla mübarizə etmək məcburiyyətində qalar, şeyxlərin xəfiyyəsi olan bu cahil adamlar məktəbin açılmasına məmaniət edərlərdi.

Kəndin hampaları, yüzbaşıları bütün vergiyi kənd yoxsulları üzərinə yüklərdilər. Bunu görən Həsən bəy kəndlilərin yığıldığı yerlərə gedərək orada onların hüquqlarını anladar və vergi qanunlarından bəhs edərdi. Bunun üçün də vergi barəsində məlumat almaq istəyən hər kəndli məsləhət üçün Həsən bəyin evinə gələrdi. Böyləliklə, Həsən bəyin evi məsləhət evi olmuşdı.

Həsən bəy Ucara köçərək, orada yaşamağa başlayır. Ucarda vəkillik (advokatlıq) ilə məşğul olur. Yoxsul kəndlilərə ərizə yazarkən ərizə üçün para almaz və bu paralara o vəqtdə nəşr olunan “Tərcüman” qəzetəsinə abunə yazılmağı onlara məsləhət görərdi. Özü “Tərcüman” qəzetəsini alar, oxuduqdan sonra kəndin mollasına verərək “Bunu minbərdən oxu və camaata anlat” diyərdi.

Vəkilliyi əsnasında kəndlilərin yerlərini mənimsəmək istəyən hökumətlə və mülkədarlar ilə ciddi mübarizə aparardı. Öz bir parça yerini də kəndlilərə istifadə etmək üçün verərdi.

Kəndliləri qolçomaqlardan artıq yüzbaşılar, pristavlar və başqa polis məmurları soyardılar. O vəqtlər Tiflisdə çıxan “Obzor” adlı qəzetədə Həsən bəy iştirak edərək gördükləri həqsizliklərə dair oraya məlumat verərdi. Qəzetənin müdiri Nikoladze Həsən bəyi çox sevər və onun məqalələrinə qiymət qoyardı. 1880-ci illərdə qaçaq dəstələri əhaliyi soymağa davam edir, buna da yüzbaşılar, pristavlar imkan verir və sonra onlar ilə bölüşürdülər. Bu kimi məsələlərin hamısını Həsən bəy qəzetədə yazar, Həsən bəydən bunlar həqqində dəlillər tələb edildikdə istənilən məlumatı verər, yazmış olduqların isbat edərdi.

Bu sıralarda “Obzor” qəzetəsinin ixtiyarı Tumanovlara keçir. Bunlar qəzeteyi “Novoye obozoreniye” adlandırırlar. Həsən bəyin məqalələri burada da dərc olunardı.

Həsən bəy iflic xəstəliyinə tutulduğu üçün Bakıya köçməyə məcbur olur. Bakıya gəlincə burada bəzi yenilikləri görür. Çünki bu vəqtlər Bakıdan ayrıldığı on altı il olurdu. Bir çox şagirdləri tələbə olmuş, bəziləri də camaat işlərində çalışırdılar.

Həsən bəy Bakıya döndüyü vəqt köhnə dostu dəmirçinin oğlu Bakının məşhur doktorlarından olur. Həsən bəy yenə də qəzet işlərinə başlayır. O vəqtlər “Kaspi” qəzetəsini “Kuzmin”, sonralar “Sokolov” idarə edirdilər. Həsən bəy yazıçılıqda məşhur olmuşdu. Peterburq (Leninqrad) qəzetələri də onu öz qəzetələrində iştirak etməyə dəvət edirdilər. Bundan sonra, Həsən bəy gündüzləri qəzetə idarəsində, axşamları isə Bakı Dumasında çalışmaqla məşğul olur. O vəqtlər Bakı Dumasına seçmək və seçilmək həqqinə yalnız dövlətlilər malik idi. Həsən bəy kimi ziyalılar şəhər Dumasına seçilmək istədikdə onlar başqa bir dövlətlinin övladına qəyyum olur və sonra bu həqqi qazanırdılar.

O vəqt şəhər Dumasının qlavası (rəisi) da böyləliklə seçilmişdi. Onu Kursk şəhərindən dəvət edərək qəyyum təyin etdikdən sonra bu vəzifəyə seçmişdilər. Hər ildə 20 min rublə maaş alırdı. Həsən bəyin Dumaya seçilməkdən məqsədi 20 min rublə maaş almaq deyildi.

Bunun uydurma bir qəyyumluqla Dumaya düşməsindən məqsədi puldan artıq şəhər əhalisi üçün çalışmaq idi. Bu barədə “Həyat” qəzetəsinin 1905-ci il 115-ci nömrəsində böylə yazır: “İş görməkdən ötrü puldan da artıq adam gərəkdir. Bircə adam ortalığa çıxardınız ki, pul təmənnasında olmayıb millət üçün işləsin. Əgər böylə adam yoxdur, ol vəqtdə: Bəziləri kimi Quranı hiylə və riyakarlıq tələsinə çevirmə”.

 

Həsən bəy 15 ildən artıq Dumada çalışdı. Tanıdıqları adamlar pullu komisyonlarda çalışarkən, Həsən bəy daima pulsuz məktəblərdə çalışmışdı. Varlı qlasnılar öz əqrəbaları və tanışlarını müdafiə etdikləri zaman Həsən bəy də yoxsulların hüququnu müdafiə edər, onların da küçələrinin təmiz saxlanması, süpürülməsi üçün var qüvvəsi ilə çalışardı. Şəhərin yoxsul əhalisi yaşayan küçələrin abad olmasına, buralara işıq çəkilməsinə, zibillərinin vəqtində atılmasına diqqət edər və Dumanın nəzərini bunlara cəlb etmək istərdi. Şəhərin uzaq məhəllələrində məktəb və xəstəxana açılması məsələsini daima qaldırardı. Həsən bəyin verdiyi bu tələblər ağaların xoşuna getməzdi. Çox vəqt Həsən bəyə deyərdilər ki: “Sənin başında tük yox, cibində pul! Bu nə füqəra deyib bağırırsan?”

Həsən bəy məktəb komisyonunda çalışarkən gimnaziyaların deyil, şəhər “rus-tatar” məktəblərinin çoxalmasını istəyirdi. Onun vəqtində şəhər məktəblərinin miqdarı üçdən on altıya qədər artmışdı. Həsən bəy türk dərsləri proqramının artırılmasını tələb edərdi. Bu məsələ üstündə məktəb müdirləri ilə daima çarpışmaq məcburiyyətində qalardı.

Tiflisdə açılacaq politexnikum üçün Bakı şəhərindən para istədiyi vəqt Həsən bəy böylə demişdi: “Şəhərin pulu varsa, kasıbların məktəblərinə sərf etməlidir. Politexnikum isə varlı balaları üçün açılır. Qoy oraya quqasovlar, mantaşevlər, xatisovlar, əsədullayevlər pul versinlər, çünki orada baltaçı İvanın, ya dardayçı Abdullanın oğlanları oxumayacaqlar. Uşaqlarını orada tərbiyələndirmək istəyən neft mədənçiləri, zavodçuları politexnikumun da qeydinə qalmalıdırlar”.

“Lütün biri lüt! Özünün cibində bir qəpik olmadığı halda bizim cibimizlə oynayır. Biz onu yetimə qəyyum etdik ki, Duma seçilməyə ixtiyarı olsun, indi bizimlə böylə rəftar edir”.

Həsən bəy daima rus və erməni şarları (səsləri) ilə seçilirdi. (Sovet dövründə süni şəkildə Həsən bəyi düşmən dairələrdə dost göstərmək cəhdi müəllifdən də yan keçməyib – T.A.) Həsən bəy erməni-türk toqquşmasının nədən ibarət olduğunu bilirdi. Bundan çar hökumətinin nə məqsəd təqib etdiyini anlatmağa çalışırdı. Bu iki millətin səhvlərini göstərərdi. Hətta qoçular tərəfindən öldürülmüş Lalayevin cənazeyi-təşyiinə gedərək aradakı xəstə məsələləri qaldırmağa və bu fitnələri açmağa çalışmışdı.

Həsən bəy böyləliklə bütün vəqtini Dumaya və qəzetə işlərinə sərf edərdi. Günortadan sonra həmişə şəhər bağında oturaraq müəllimlərlə söhbət edər, onlara təbiyyat və sairədən faydalı məlumat verərdi. Gənc müəllimlər bu ixtiyar pedaqoqun söhbətlərini çox sevərdilər.

Həsən bəy qadınların da savadlanmasını arzu edərdi. Zərdabdan qayıdarkən, Həsən bəy türk qızları üçün bir məktəb açmaq fikrinə düşür. Bu xüsusda qubernatora ərizə verir. O da sərdara, sərdar da ərizəyi vəzirlər şurasına təqdim edir. Bu məsələyə baxılarkən .... və müddəi ümumisi (Pobedonosov) bir taqım cəfəng söyləmişdir: “İslam yeddi başlı div kimi heykəldir. Bu heykəlin bir başı kəsilərsə əvəzində yüzü bitər. Bunların kişilərinin savadlanmasından qorxuruz. Qadınları da savadlanmış olursa onların öhdəsindən gəlmək mümkün olmaz”.

Qız məktəbinin açılmasına çar hökuməti izin verməyir. Məsələ ikinci Nikolayın tac qoyan gününə qədər bu surətlə davam edir. Cülus günündən istifadə edərək, millioner Nəğiyev (Əslində, Zeynalabdin Tağıyevdir – T.A.) bu günün xatirəsi üçün hökumətdən bir qız məktəbinin açılmasına müsaidə alır. Məzkur məktəbin nizamnaməsini Həsən bəy yazmışdır. Nizamnamə üzrə məktəb müdirəsi təhsil almış türk xanımı olmalı idi. Hənifə xanım bu məktəbin ilk müdirəsi təyin olunur. Həsən bəy də məktəb şurasında çalışır.

1902-ci ildə Şamaxıda böyük zəlzələ olur. Bunun da nəticəsində əhaliyə böyük zərər toxunur. Bir çox adam və mal-qara tələf olur. Həsən bəy Şamaxıya gedərkən zərərdidə olmuş əhaliyə yardım edir.

Bu vəqtlər Bakıda “Kaspi” qəzetəsilə rəqabət edən

“Baku” (Bu qəzeti ermənilər buraxırdı – T.A.) qəzetəsi də çıxırdı. Bu qəzetə Həsən bəyi ləkələmək üçün bir neçə məqalə də dərc etmişdi. Məqalələrdə yığılan paraların israf edildiyi də göstərilmişdi. Həsən bəy bunlara əhəmiyyət vermədən öz işinə davam edirdi.

Həsən bəy qəzetələrdə yazır, ən çox məqaləsi “Həyat” qəzetəsində dərc edilmişdir. “Həyat”, 1905-ci il: nömrə 107, 115, 117, 123, 125, 129, 1906-cı il: nömrə 2 və 3. Həsən bəyin təbiyyata dair bir çox qəzetə və məcmuələrdə məqalələri vardır ki, biz bunlardan artıq bəhs etməyəcəyik.