Xatirələrim

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Mən bu tamaşa ilə məşğul ikən birdən “hey… hacı… çi” səsi qulaqlarımda cingildədi. Tez səs gələn tərəfə döndüm, gördüm ki, bizim qonşu boz eşşəyin üstündə gəlir. Sevinib yerimdən qalxdım. Evə doğru döndük. Evə yaxınlaşınca bizim boş eşşək bizdən daha tez yeyin getməyə başladı. Biz eşşəyə acıqlanıb dayandırmağa çalışır, anamdan salamat müjdəsi almaq istəyirdik. Biz onu dayandırmağa çalışdıqca o, daha artıq yeyinləyir, başı ilə bizi itələyirdi. Axırda gur səsilə gəldiyini elana başladı. Çoxdan bəri evimizin çəpəri arxasında durub bizi, daha doğrusu, eşşəyi gözləyən anam anqırtı səsindən onun salamat olduğunu anladı və bizim xəbərimizə ehtiyacı olmadı. Anam bizi görüncə:

– Yenə mənə şükür edin ki, qurdun ağzını bağlatdım. Yoxsa eşşək tapılacaqmı idi? – dedi və bizi dindirmədən ev tərəfə çevrildi.

* * *

Anam atamdan xəbərsiz məni İstanbula hazırlayırdı. Atam isə əsla razı olmurdu. Ona görə evimizdə uzun-uzadı durğunluq, soyuqluq görünür, anam atamdan, atam isə hamımızdan küsmüşdü. Axırda anamın bəxti gətirdi. Atam azarlı bacısını görmək üçün Qori kəndinə getdi. Anam daha fürsəti qaçırmaq istəmədi. Məni tez hazırlayıb qardaşı Osman əfəndi ilə İstanbula yola saldı.

Azqur-Batum

Səhər tezdən Azqurdan çıxdıq.

Faytonumuzun atları Borjoma doğru dördnala gedirdi. Gün batana yaxın Xaşura çatdıq. Orada dəmiryol qatarını görüb şaşdım. Şaşğınlığım qatara girəndən sonra daha çox artdı. Bir-birinin arxasınca uzun-uzadı düzülmüş, gözəl rəngli otaqların atsız, öküzsüz özbaşlarına getmələrinə bir dürlü inanmadım.

Qatarımız bərk kişnəyib pıxıldayandan sonra yola düşdü. Mən pəncərənin yanında oturub çölə baxırdım. Teleqraf dirəkləri, ağaclar, dağlar bizim tərsimizə doğru axır, hey axırdı. Axşam olunca, mumlar yandı. Bir neçə saat sonra hər kəs öz yerində xoruldamağa başladı.

Mən isə düşünürdüm. Bu qədər çox və ağır otaqları çəkib aparan və belə bərk qaçıran nədir? Bu qaranlıq gecədə nə cür görüb gedir? Qatarın beşik kimi yırğalanmağı da məni yormuş, yuxulatmış, həm də eylə dərin yuxulatmış ki, səhər güclə oyandım.

Batum-İstanbul

Artıq Batuma çatdıq. Vaqondan enib müsafir evinə getdik. Üçüncü günü biletlərimizi alıb bir Avstriya gəmisinə mindik. Qarnına yüzlərcə adam və minlərcə put yük dolduran dağ kimi böyük əjdahanın balıq kimi suda üzüb getməsi məni daha artıq şaşırdırdı.

Hələ bir gün sonra gəmimizin Qara dəniz ənginliklərini yarıb keçməsi, yolda iri balıqların bizimlə yarışa çıxmaları, günbatan çağı üfüqün al rənglərə boyanması, gecə aydan tökülən nur parçalarının dəniz üzərində dalğalanıb göz qamaşdırması mənim üçün birər təzə və təəccüblü hal idi.

Üçüncü günü gəmidən arkadaşlarımın:

– Fosfor, Fosfor, iştə Fosfor! – deyə qopardıqları sevinc səsləri İstanbula çatdığımızı müjdələyirdi.

Fosforu yavaş-yavaş keçirdik. Gəmimiz irəlilədikcə qarşımıza çıxan gözəlliklər keçənləri unutdurur, hər yeni saat, hər yeni dəqiqə tamaşaçıları heyrətə salırdı. Lakin mən bu təbii gözəlliklərdən artıq dayımın anama öyə-öyə qurtara bilmədiyi böyük cameləri, incə, yüksək minarələri görmək istəyirdim. Gəmimiz Fosforu qurtarıb sağa döndüyü vaxt gözlədiyim minarələr gözümə sataşdı.

Gəmidən çıxıb şənlikli yollardan, uzun körpüdən keçdik. Gah düz, gah yoxuşlu küçələrdən keçib Fatehdəki Başqurşunlu mədrəsəsinə düşdük.

İstanbula gələndən dörd-beş gün sonra anama aşağıdakı məktubu yazdım:

Anacan! Azqurdan çıxan axşamı Xaşura yetişdik. O axşam da dəmiryol qatarına minib sabahnan Batuma çatdıq. Batumda gəmiyə minib, üçüncü günü İstanbula vardıq.

Anacan! İstanbul çox böyük və gözəl şəhər. Hələ ulu cameləri ni görəsən, nə qədər xoş və nə qədər b əzəkli. Cameyə namaz qılmağa gələndə hər vaxt sən yadıma gəlirsən. Dayım hər gün cameyə dərsə gedir. O gedəndə mən odada yalqız qalıram. Sənə, babama, bacılarıma, qardaşlarıma, qohumlarıma çox həsrətləndim. Gələndə atamla görüşməməyim, hələ ondan iznsiz gəlməyim heç ürəyimdən çıxmır.

Anacan! Mənim üçün marağınız olmasın. Dayımın yanındayam. Yaxşı oxurum, sənin duanla tez adam olurum. Dayım mənim üçün bir qat təzə paltar və fəs aldı. Mən çox yaxşıyam. Anamın, atamın, dayılarımın, əmilərimin, bibi və xalalarımın əllərindən öpürəm. Bacılarıma, qardaşlarıma, dayı, xala və əmi oğullarına, qızlarına, qonşulara çoxlu-çoxlu salam.

Oğlun Ömər

İstanbul, 15 avqust 1882”

Bizdən sonra bizim kənddən İstanbula gələnlərdən aldığım xəbərə görə mənim bu birinci məktubum anamı yalnız maraqdan deyil, atamın hər gün üstünə tökdüyü minnət və sözdən də qurtarmış. Atam bu məktubumdan sonra bir az yumşalmış, anamı danlamaqdan azçox əl çəkməyə başlamış.

Anam sevincindən məktubu alıb qardaşlarına, bacılarına, qonşularına göstərib oxutdurur, qoltuqlarını qabardırmış: “Bundan sonra ölsəm də, qəm yeməm, oğlum oxuyub böyük molla olacaq, dinə, padşaha qulluq edəcək” – deyirmiş. Gələnlərin sözünə görə, mən Azqurdan çıxandan iki gün sonra atam evə gəlmiş, anam qardaşıgilə qaçıb gizlənmiş, atam evdə məni görməyincə işi sezib acıqlanmağa başlamış. Evdə heç kəs ona getdiyimi deyə bilməmiş. Axırda bacanağı Əliağa işin üstünü açıb onu sakitliyə dəvət etmişsə də, atam dinləməyib, böyük qardaşım Yusifi Batuma qədər göndərib ki, məni tutub gətirsin. Yusif Batuma çatan vaxt mən Qara dənizdə gəmidə imişəm. O, məni tapa bilməyib qayıtmış, anam mənim məktubum gedincəyə qədər atamın gözünə görünməmiş, qardaşıgildə qalmış.

Çox keçmədən anamdan məktubumun cavabını aldım:

“Nuri-didəm Ömər! Məktubu dəstimizə vüsul oldu. Doçeşm həsrətlə qiraət edib dərəceyi-nəhayədə məmnun və məsrur olduq. Nuri-eynim! Əgər bizdən sual edərsən, əlhəmdülillah, cümləmiz sağ və salamat olub səndən başqa bir fikir və əndişəmiz yoxdur. Bizim xüsusumuzda heç bir gün qəm və kədərin olmasın. Pədərin də orda təhsili-elm etməyə imdi daha razıdır. Sənə xeyir-dua edir. Əfəndi dayıların, Ağa əmin, xanım bibi və xanım xalaların cümləsi doçeşm həsrətindən busə edirlər. Bəradər və həmşirələrin, bibi və xalazadələrin, cümlə qonşuların xatiri-şərəfini sual edirlər. Cümləsinin salamları var…

Validən Həmidə xanım.

Azqur, təşrini əvvəl 1883”

İstanbul: Fateh mədrəsəsində (1882)

İstanbulun mərkəzinə yaxın hündür bir yerdə sultan Fatehin yapdırdığı dörd minarəli böyük bir came var ki, Fateh camesi deyirlər. Özgə böyük camelərin ətrafında olan kimi bunun da hər gün iki tərəfində camelərdə oxuyan tələbələrə məxsus mədrəsələr vardır. Bu mədrəsələr vaxtilə elmi məqsəd üzrə yapılmış olsalar da, hazırda bütün mənası ilə birər tənbəl, əsgər qaçağı, əxlaqsızlıq ocağına dönmüş. Hər kim istərsə gələr, birər vasitə ilə bura girər, istərsə, oxuyar, istərsə, oxumaz, pozuq bir halda kefi istədiyi qədər qalar, hökumətdən hər gün yeyəcək alar, axırda mədrəsədən mədrəsə elmlərini oxuyub qurtardığına dair icazənamə alar, Anadolu və ya Rum elini gəmirməyə gedər.

İştə belə bir yerdə oxuyanlardan biri də məni bura gətirən dayım Osman Əfəndi idi. Ancaq dayım Qafqazdan məxsus oxumaq məqsədilə gəldiyi üçün özgələrə nisbətən az-çox oxuyurdu. Bu mədrəsədə dayımla bərabər bir ilə yaxın qaldım. Dayım hər gün fateh camesinə gedib dərs oxuyurdu. Mən otaqda tək qalırdım. Burada birlikdə gəzəcək, oynayacaq nə bir arkadaşım, nə də bərabər oxuyacaq bir yaşıdım var idi. Bir az sonra anama aşağıdakı məktubu yazdım:

“Dayım mənə hər gün ərəbcə hərfdən dərs verir və tapşırır ki, camedən gəlincəyə qədər onu əzbərləyim.”

Dayımın əzbərləməyə məcbur etdiyi dərs isə mənim üçün anlaşılmaz bir bəla idi. “Nəsərə yənsürü, nəsirün, nəsirün, mənsurun, ləmyənsür” kimi ərəbcə bir sürü sözləri hər gün əzbərləmək məndə heç bir maraq oyandırmırdı. Bir il qabaq öz kəndimizdə oxuduğumuz rusca da ərəbcə kimi yad bir dil idi. Lakin heç olmasa:

"Петуuıoк, nemyıuoк,

3oлomoü гребешок” – nəzmini anlar, sevə-sevə oxuyar, həvəslə əzbərlərdim.

Bu ərəbcələrdən isə heç bir şey anlamırdım. Bütün günü axşama qədər yalnız oturub anlamadığım və sevmədiyim dərsləri əzbərləməyə, yalnız əzbərləməyə çalışırdım.

Çox vaxt əlimdə kitab: nəsəra, nəsəru, nəsarət, nəsərəta, nəsərinə… Əzbərlərkən yuxuya tutulur, saatlarca öylə qalırmışam ki, dərsdən gələn dayım ayağilə acıqlıacıqlı vurub məni zorla oyandırırdı.

İlboyu nə bir dürlü dərs, nə bir dürlü iş, hələ zorla əzbərləmə, bir yerdə büzüşüb axşama qədər oturma, oyunsuz, işıqsız, yoldaşsız yaşamaq məndə mədrəsə həyatına qarşı son dərəcə nifrət və üsyan oyandırdı. Bu nifrət yavaş-yavaş məni buradan qaçmaq, qurtulmaq xəyalına düşürdü. Lakin nə yolla və nərəyə qaçmaq? Heç bir yol, heç bir yer bilməyirdim. Dərsimi əzbərləyəndən sonra uzun-uzadı düşünür, iştə mənim buraya gəlməyimə razı olmayan atama yazmaq, geri getmək istəyirdim. Amma anamın ümidini, zəhmətini, qohumqonşuların yanında utanacağını fikirləşib geri getməyi ürəyim çəkməyirdi. Bu, mənə də ağır gəlirdi.

Bir gün dayımla bərabər Sultan Səlim camesinə gedirdik. Yolun kənarında, geniş, gözəl bir bağçanın ortasında böyük, yüksək, dördqatlı bir yapı[3] gözümə sataşdı. Bunun bağça qapısı barmaqlığından qorxa-qorxa içəri baxdım, gördüm ki, mən boyda və daha böyük bir çox çocuqlar gülüşür, oynaşır, qaçışırdılar.

Ah, bu nə gözəl yer, tam mənim istədiyim! Məgər burası “Darüşşəfəq” məktəbi imiş.

Ertəsi günü dayım cameyə dərsə gedən kimi mən də bir gün əvvəl gördüyüm məktəbə doğru can atdım. Qapısında saatlarca durub içərisini tamaşaya daldım. Çocuqların oyunlarını qurtarıb məktəbə girincəyə qədər oradan ayrılmadım.

Mənim uzun-uzadıya durub həsrətlə baxmağım mürəbbinin gözünə sataşmış olmalı ki, mənə:

 

– Yavrum, nə çox baxdın, qohumun, kimsən yoxdur ki?

– Yox, əfəndim! Bizim köy[4] məktəbində də böylə oynuyurduq, qaçırdıq. Bunları görüncə arkadaşlarım, məmləkətim xatırıma düşdü.

– Yavrum, məmləkətin nerəsidir?

– Qafqaz!

– Qafqazmı? Buraya səni kim gətirdi, nerədə olursan?

– Dayım gətirdi, oxumaq üçün. Fatehm ədrəsəsində oluruq.

– Oxuyursanmı?

– Əvət, mədrəsədə ərəbcə oxuyuram. Lakin orasını heç sevmirəm. İstəyirəm yenə məmləkətə geri gedəm.

– Neçin məmləkətə gedirsən, dayınıza deyin, səni buraya versin! Burada oxumağı istərsinmi?

– İstərim, neçin istəməm. Lakin dayım buraya verməz. Versə də, heç məni buraya alırlarmı?

– Neçin almasınlar, burası sənin kimi yetimlər, qəriblər üçündür, yavrum!

Mürəbbinin son sözü beynimdə bir ümid və sevinc oyandırdı. Düşünə-düşünə mədrəsəyə döndüm, amma gec gəldiyim üçün dayımın yanına necə gedəcəyimi, nə deyəcəyimi bilməyirdim. Qorxa-qorxa qapını yavaşca araladım. Dayım məni görən kimi:

– İndiyə kimi hankı cəhənnəmdə idin? – deyə bağırdı.

Mən dayımı acıqlı görüb özümü dişarı atmaq istərkən, o, daha tez əlini qulağıma atdı və bir-iki şillə də endirdi.

Mən bundan sonra daha nə dərs əzbərləyirdim, nə də mədrəsədə dururdum. Dayım cameyə gedən kimi mən də o məktəbin qapısına gedir, içərisinə yana-yana baxırdım və sonra tezcə dönüb gəlirdim ki, dayım duymasın.

Bir cümə axşamı günü yenə oraya getmişdim. Birdən nə gördüm: şagirdlər koma-koma, sevinə-sevinə qapıdan çıxırlar. Həpsinin üstlərində təzə qara paltar. Qollarında yaşıl şərid danışa-danışa evlərinə gedirdilər.

Mən bir komanın arxasınca mədrəsə yaxınlığına qədər getdim, ayrılacağım vaxt şagirdlərdən biri:

– Arkadaş, nə çox baxdın, bizi kimsənəmi bənzətdin?

– Xeyr, burada kimsəm yoxdur. Sizin paltarlarınız, danışmanız xoşuma getdi də…

– Burada niyə kimsən yoxdur, dışarılımısan?

– Əvət, qafqazlıyam.

– Qafqazlımı, kimsəsiz necə buraya gəldin?

– Dayımla gəldim.

– Harada oxursan?

– Mədrəsədə, ancaq heç sevmirəm. Oradan çıxmaq istəyirəm.

– Gəl bizim məktəbə!

– Məni heç oraya alırlarmı?

– Necə almazlar. Bizdə qafqazlı, türküstanlı da var. Sizi daha tez alırlar. Dayına de, bir ərzi-hal yazsın, müdirə versin.

– Dayım məni mədrəsədən buraxmaz. O, məktəbə girdiyimi heç istəməz.

– O halda, sabah sən özün gəl, müdiri gör, qafqazlı yetim olduğunu söylə, yalvar, bəlkə, qəbul edər.

Beş-on dəqiqəlik söhbətdən sonra ayrıldım. Lakin xəyalım onlardan ayrılmırdı. O gecə səhərə qədər yuxumda da məktəbi sayıqlayırdım. Onsuz da, ortada boş ümid və sayıqlamadan başqa nə ola bilərdi? Bununla bərabər, bu boş ümid və sayıqlama gözümə bayquşlar yuvası kimi görünən mədrəsədə mənim üçün xoş və dadlı bir xəyal idi.

Səhər açılan kimi dayım cameyə, mən də məktəbə tərəf uçdum. Qapıda dayanıb həsrətlə baxmağa başladım ki, dünənki şagirdlərdən biri məni tanıyıb:

– A qafqazlı! Nə durursan, ərzi-halın hazırmı?

– Xeyr, kimə yazdıracaqdım!

– Öylə isə burada dur, məni gözlə, görəyim müdir bəy məktəbdəmi? – deyib getdi.

Bir az sonra gəlib gülə-gülə:

– Bəxtin varmış, müdir bəy bağçada gəzir, – dedi.

Dəftərindən bir yarpaq cırıb mənim, atamın adını, haralı və neçə yaşında olduğumu, harada yaşadığımı yazıb getdi. Beş-on dəqiqə sonra yazdığı ərzi-halı mənə uzadıb:

– Sıxılma, utanma, düz götür müdirin özünə ver, – dedi.

Mən də götürüb müdirə verdim. Müdir ətraflı oxuyandan sonra gülərək:

– Demək, bizim həmşərisən? Burada heç kimsən yoxmu?

– Təkcə dayım var.

– Nəçidir, nerədə olur?

– Tələbədir, Fateh mədrəsəsində olur.

– Yaxında imiş, get çağır yanıma gəlsin.

– Dayım bilsə, məni məktəbə qoymaz ki.

– Ya ondan izinsizmi gəldin?

– Nə edim, o, mədrəsədən buraxmaz.

– Yox, ondan izinsiz eyi[5] deyil. Sən get çağır, mən razı edərəm.

– Baş üstə, – deyib getdim, amma dayıma necə deyəcəyimi bir dürlü kəsdirəmədim. Uzun düşünüb daşındım. Axırda cürətə gəlib məktəbə girmək istədiyimi, müdirə ərizə verdiyimi qısıla-qısıla anlatdım. Dayım başını sallayıb, “La hövla vəla qüvvətə illa billahi” oxuya-oxuya:

– Hələ bunun etdiyi qələtə bax, anan səni mədrəsəyə molla olmağa göndərdi, məktəbə girib oynamağa, gavur olmağa yox! – deyə bağırdı. Mən isə daha utanmayıb üzünə durdum:

– Nə olsa, daha mədrəsədə durmayacağam, ərəbcə oxumayacağam, məktəbə verirsiniz, oxurum, yoxsa qaçıb məmləkətə gedəcəyəm. Bu saat müdir bəy sizi çağırır və gözlüyür. Bəlkə, rəhmə gəlib məni qəbul edəcək, yalvarıram ki, mane olmayasınız.

Bu ilk və kəskin duruşum dayımı düşündürməyə, yumşaltmağa başladı. Bu səfər əvvəlki kimi acıqlanmadı. Başını bir az o yana, bu yana sallayandan sonra qarşı otaqdakı yoldaşının yanına girdi. Xeyli oturdu. Mən isə böylə gözəl fürsəti itirəcəyimə heyifsilənib acığımdan nə edəcəyimi bilmirdim. Gecdən-gec dayım yoldaşı ilə çıxdı və mənə:

– Gedək görək, müdir bəy nə yumurtlayacaq.

Gedib müdirin yanına girincə, o:

– Xoş, əfəndi, yegəniniz[6] burada oxumaq istəyir, razı olsanız, qafqazlı və yetim olmasına görə qəbul edəriz. Madam ki, oxumağa həvəsi var, qoyunuz oxusun.

– Bəy əfəndim, yegənim İstanbula mədrəsədə oxumaq, molla olmaq üçün göndərilmişdir. Amma mədrəsədə oxumağa heç həvəsi yox. İlla bu son günlərdə heç qulaq asmır. Vallah, mən də çaşıb qalmışam, bilmirəm, nə edim.

– Onu qoyunuz, burada oxusun.

Dayım az-çox fikirləşəndən sonra:

– Nə deyim, bəy əfəndi, bizdəki oxuyana bənzəmir, buyurursunuz, burada oxusun, mən də əhvalatı məmləkətə yazaram.

3Bina, tikinti
4Kənd
5Yaxşı
6Bacı oğlu
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?