Xatirələrim

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

«Xatirələr» də olmayanlar

Təəssüf ki, Ömər Faiqə xatirələrini bitirməyə imkan vermədilər. “Xatirələr”, “Molla Nəsrəddin” jurnalının fəaliyyətə başlaması mövzusu ilə bitir. Ömərin yaşadığı hər bir detalı ətraflı izah etməsi onu göstərir ki, istər “Molla Nəsrəddin” dönəmini, istərsə də 1937-ci ilə qədər olan həyatını daha ətraflı şəkildə yazacaqdı.

“Molla Nəsrəddin”in yaranmasından 6–7 il sonra işlər Mirzə Cəlillə onun planlaşdırdığı şəkildə getmir. 1912-1915-ci illərdə Ömər Faiq imzası mətbuatda görünmür. Bu dövrdə həm Ömər Faiq, həm də Mirzə Cəlil xəstələndiyi üçün, həmçinin jurnala basqılar artdığı üçün “Molla Nəsrəddin” əvvəlki kimi çap oluna bilmirdi. Nəhayət, 1915-ci ildə Ömər Faiq yenidən məqalələrini yazmağa davam edir. Və 1915-ci ildə “İqbal” qəzetində öz məqaləsi ilə çıxış edir. Toxunduğu mövzu isə I Dünya savaşı və onun doğurduğu acı nəticələr idi.

Fevral burjua inqilabından sonra Axalsıxda sovetlərin nəzdində yaradılmış milli komitələrin rəhbərlərindən biri də Ömər Faiq olur. Bu komitə çərçivəsində Ömər Faiq maarifçiliklə məşğul olur, müsəlman əhalisinin inkişafı üçün çalışırdı. Onun təşəbbüsü ilə müəllimlər kursu açılmışdı. Gürcüstanın müstəqilliyindən sonra Ömər Faiqlə gürcü milli qüvvələri arasında anlaşılmazlıqlar yaranır, ona qarşı təzyiqlər başlayır. 1918-ci ildə ev dustağına çevrilir, bir il sonra yanvarda isə kəndlilər arasında siyasi təbliğata görə həbs edilərək üç ay Tiflisdə Metex qalasına salınır. Lakin onun həbsi həm Gürcüstanda yaşayan ziyalıları, həm də Azərbaycandakı qələm dostlarını hiddətləndirir, bu barədə yazılar yazılır.

1920-ci ildə Ömər Faiq “Zəhmətkeşlərin gözü” jurnalının redaktoru, “Yeni fikir” qəzetinin redaksiya heyətinin üzvü, 1921-22-ci illərdə Gürcüstan inqilab komitəsində yaradılmış müsəlman sektorunun sədri işləyir. 1920-ci illərin axırlarında isə Gəncə kənd təsərrüfat texnikumunun direktoru işləyir. 1927-ci ildə xidmətləri və xəstəliyi nəzərə alınaraq ömürlük təqaüd kəsilir.

Və ömrünün qürub çağında Ömər Faiq oxuyacağınız bu xatirələri yazmağa başlayır. Başı qalmaqallardan açılmayan Ömər Faiq, bəlkə də, son günləri olduğunu hiss etmişdi. Ona görə də gələcək üçün gördüyü işləri detallı şəkildə yazmağı düşünürmüş. Amma Sovetin ziyalı qırğını ondan da yan keçmədi. 1937-ci ilin iyulunda Axalsıxda həbs olunur, üç ay sonra güllələnir.

Beləcə, xatirələr yarımçıq qalır. Amma zəngin materiallarla dolu yarımçıq…

Dilqəm Əhməd

Xatirələrim

1878-ci ilin yazı. Günorta zamanı idi. Axalsıx uyezdindəki Azqur molla məktəbində diz üstə oturub yırğalana-yırğalana: “rəbb yəsurr vəla tuassir səhl aleynə ya müyəssər…”i əzbərləyirdim. Diz üstə otura-otura bacaqlarım ağrımış, ayaqlarım əzilmişdi. Bir az rahatlanmaq üçün su içmək bəhanəsi ilə çölə çıxdım. Çöldə kəndlilərin böyük yola doğru getdiklərini, orda yığışdıqlarını gördüm. Ancaq yolda nə olduğunu, nə üçün yığışdıqlarını bilmədim. Mən tez içəri girib arkadaşlarıma[1]:

– Kənddə tamaşa var, nə durursuz, gəlin qaçaq, – dedim.

Mən çıxmağa tələsirdim. Arkadaşlarımdan bir neçəsi mənə uymaq istəyirdi. Lakin fələqqənin qorxusundan, yerlərindən tərpənə bilmirdilər. Mən uzun səbr etməyib bu səfər “ayaqyolu”na çıxmaq bəhanəsi ilə özümü çölə atdım. Pəncərədən arkadaşlarıma gizli işarə edərək, onları azdırmağa – qaçırmağa çalışdım. Qabaqca yaxın yoldaşım İsmayıl da bir bəhanə ilə çıxdı. Buna baxaraq iki arkadaş sonradan gəldi.

Dörd arkadaş bir-birimizə uyub məktəbdən qaçdıq, düz bizim bağçaya getdik. Oradan nərdivanla evin bacasına çıxdıq. Yüksək bir yerdə durub ətrafı tamaşaya başladıq. Bu gün Azqur kəndi ayaqlanmış, bizim evin arxasından keçən kəndi ikiyə bölən böyük yolun hər tərəfini doldurmuşdu. Qadınlar, qızlar da ehramlarına (çarşablarına) bürünüb damlara çıxmış, buxarı və divarların arxalarında yığışmışlardı.

Uzaqdan kəndə doğru axan qorxulu və uzun qaraltı getdikcə yaxınlaşırdı.

Kəndlilər dodaqlarını dişlərinə sıxaraq, gözlərini qaraltıya doğru axıdırdılar. Heç kəs qorxulu bir gurultu ilə sel kimi gələn qaraltının nə olduğunu, haraya getdiyini bilmirdi. Hamı sükut və təlaş içində, həyəcan və heyrətdə idi. Ortalığın bu dərin durğunluğu arasında altı şər[2] at qoşulu toplar və bunların yanlarında heybətli əsgərlər, böyük hay-küylə keçməyə başladı.

Bir yandan top təkərlərinin pıcırtıları, iri kök atların ayaq tapıntıları, bir yandan itlərin hov-hovları bir-birlərinə qarışmış, kəndi yerindən oynatmışdı.

Bu keçiş bir saata qədər sürdü.

Bu uzun və maraqlı tamaşada bizim üçün hər şeydən artıq tərləyib buğlayan atların ayaq tappıltıları, pınxıldamaları, gülməyə oxşayan kişnəmələri xoşumuza gəlir, bizi də güldürürdü. Atların pınxıldamalarını bir az daha artırmaq üçün, əlimdəki uzun ağacı qarşımdan keçən dür ata uzatdım. At şahlanıb o biri yana döndü və topun gedişini də o səmtə çevirdi. Bunu görən əsgərlər tez yetişib atları düzəltdilər, sonra biz tərəfə dönüb, bir-iki qamçı ilə də məni düzəltmək fikrində oldular. Lakin mən onların niyyətlərini qanıb tezcə aradan sivrildim. Acıqlanmış əsgərlərin qamçılarımənim yerimə, qaça bilməyən arkadaşlarımın bacaqlarına ilan kimi sarıldı. Yazıqlar qamçı yerlərini əlləri ilə tutub yana-yaxıla ağladılar.

* * *

Topçu alayı keçib qurtulmuş, kəndlilər arasındakı durğunluq artıq pozulmuş, dodaqlar pıçıldaşmaya başlamışdı:

– Nə var, nə olmuş, bunlar hara gedir?

Heç kəs doğrusunu bilmirdi. Hamı maraq və qayğı içində yavaş-yavaş dağılırdı.

Bir az sonra naxır yerinin yanındakı furunun önündə böyük bir yığıncaq gözümə sataşdı.

Şərif bəy Muxranskinin nökəri Qurban yığıncağın ortasında durub qorxa-qorxa yavaşca anladırdı:

– Bizim bəydən duydum ki, ruslarla osmanlılar arasında qovğa açılmış, bu toplar kəsə yolla Kars üstünə gedir. Naçalnikdən bizim bəyə kağız var. Axalkələk bəylərindən Məmmədəlibəy, Mustafabəy Palavandov, Axalsıxdan Feyzullabəy Atabəyov zabit çini almışlar. Osmanlıya qarşı qovğaya gedirlər. Bizim bəy də getməyə hazırlaşır. Kiçik bəy sevinirdi ki, bəy babama nişan və çin verilmiş.

* * *

O gün axşama qədər arkadaşlarımla əsgərləri, atları yamsılayaraq onlarla vaxt keçirdik. Ertəsi gün arkadaşlarım bizə gəldilər k i, m əktəbə birlikdə gedək. Yolda gedərkən arkadaşım İsmayıl:

– Öncə kim içər i gi r ərsə, birinci fələqqəni o yeyəcək, bax, indidən sizə deyirəm; mən ən sonda girəcəyəm.

Məktəb qapısına yaxınlaşınca, hamımız dayandıq. O sırada içəridən çıxan bir şagird bizə yaxınlaşıb:

– Hey, dəlilər, hara gəlirsiniz? Müəllim and içdi ki, dördünü də fələqqəyə çəkəcəyəm.

Bundan sonra kim içəri girə biləcək?

Hamımız qayıtdıq. Mən arkadaşlarıma dedim ki, gəlin, molla məktəbinə daha getməyək, gedək, hökumət məktəbində oxuyaq. Eşitmişəm, orada nə fələqqə var, nə də dəyənək. Diz üstə oturub sallana-sallana başımız ağrıyır, bacaqlarımız əzilir. Həftələrcə “rəbb yəsurr” əzbərləyirik. Deyirlər, orada qəribə-qəribə nağıllar oxuyurlar. Mən özüm gördüm, rahat sıralarda otururlar, saatda bir çölə çıxıb oynayırlar. Hətta müəllim özü də uşaqlarla bərabər gəzir, oynayır, gülür. Mən sabahdan təzə məktəbə gedəcəyəm.

Arkadaşım İsmayıl bir az düşünüb:

– Mən də səninlə gedərəm, – dedi.

Ertəsi günü ikimiz də molla məktəbi yerinə hökumət məktəbinə getdik. Qalan iki arkadaşım atalarının qorxusundan ağlaya-ağlaya, molla məktəbinə getdilər.

Mən təzə hökumət məktəbinə getdiyimi anama birdən söyləyə bilmədim. Bacılarıma, qardaşlarıma yalvardım ki, onlar açıb desinlər və mənə yardım etsinlər.

Axşam bacılarım işi anama açdılar. O, mənə acıqlanıb:

– Orada mırt-mırtdan başqa nə var, nə oxudurlar? “Quran” yox, dua yox, – dedi.

Atam isə bir söz demədi. Anladım ki, o, ürəkdən mənə tərəf idi. Ertəsi səhər anamın turş üzü dəyişmiş, mənə qarşı səmimi görünürdü. Mən bunun səbəbini birdən anlamadım. Anladığım bu idi ki, anam rusca oxumağı heç istəməzdi. Ancaq bu fikrində anam evdə tək qalmışdı. Anamdan başqa hamısı mənim tərəfimdə idi.

Səhər tezdən anam büzməli arxalığımın ciblərini püskürlü konfet, şəkərləmə və armud qaxı ilə doldurdu. Məktəbə gedəcəyim vaxt: “Ömərim, sən onun-bunun sözünə baxma, o kafir məktəbini burax, yenə müsəlman məktəbinə get, “Quran” oxu, adam olmağa çalış, oğlum”. Mən anama qarşı heç bir şey demədim. Evdən uzaqlaşınca əlimi cibimə uzatdım, konfetdən, şəkərləmədən dadmağa başladım. Bunları yeyə-yeyə həm gedir, həm də düşünürdüm: molla məktəbinəmi, rus məktəbinəmi? Molla məktəbində bundan sonra mənim qorxduğum fələqqə, anamın ismarladığına görə, mənim üçün olmayacaq, müəllim mənə hörmət göstərəcək. Bunlarla bərabər ciblərim tez-tez dadlılar, meyvələrlə dolacaq. Rus məktəbində isə şən və azad oxumaq, “Tülkü və qarğa” nağıllarını eşitmək, bol-bol gəzmək və oynamaq. Bunları düşünə-düşünə iki məktəbin ayrılığına çatdım. Ürəyimdə öz-özümə düşünürdüm: Hara? Köhnəyəmi? Təzəyəmi? Bir dürlü kəsdirəmədim. Anamın dadlı yeməklərini düşündükcə məndə köhnəyə qarşı meyil artırdı. Axırda molla məktəbinə tərəf döndüm. Məktəbə yaxınlaşdım, gördüm ki, molla bu gün gecikmiş, çocuqlar bir-birlərini yeyir, məktəb toz-torpaq içində. Düşündüm: yenə axşama qədər diz üstə otura-otura bacaqlarım əziləcək. Anlamadığım sözləri əzbərləyə-əzbərləyə başım ağrıyacaq. Burada nə var? Əlbəttə, təzə məktəb yaxşıdır. Orada həm yüngül oxumaq, nağıl eşitmək, həm də bol oynamaq var. Yox, mən buranı istəmirəm deyərək təzə məktəbə doğru qaçdım. İçəri girməyə utandım. Pəncərədən içəri həsrətlə baxmağa başladım. Müəllim məni görən kimi içəri çağırdı. Bu məktəbdə oxumaq istəyib-istəmədiyimi soruşdu. Mən “ istəyirəm” deyən kimi məni oxşayıb ön sırada oturtdu. Burası canıma isindi, mən də qaldım. Məktəbdən qayıdanda utandığımdan daha evə gedə bilmədim, xalamgilə getdim. Həm xalam, həm də yeznəm mənim tərəfimi saxlayıb söz verdilər ki, anama söz anlatsınlar və təzə məktə-bə getməyə kömək etsinlər.

 

Anam mənim evə gəlmək istəmədiyimi, qohumların qınamasını eşitdikcə daha məndən əl çəkdi. Mən də rahat-rahat təzə məktəbə davam etdim.

Məktəbə gec girdiyim üçün ruscadan arkadaşlarımdan geri qalırdım. Buna görə ruscadan hazırlaşmaq lazım idi.

Atam məni kəndin o tayındakı erməni keşişinin yanına qoydu ki, günortadan sonra oraya gedib rusca öyrənim. Mən də hər gün məktəbdən sonra o taya keçib rusca oxuyurdum.

Bir gün anam mənə böyük bir güvəc dolu bal verdi ki, keşiş babaya peşkəş götürüm. Yolda qollarım ağrıdı. Güvəci yerə qoyub rahatlandım. Bu arada beynimə düşdü ki, balı açıb dadına baxım. Açdım. Barmaqlarımı yal aya-yalaya ləzzətl ə yedim. Bal çox saf və xoş idi. Anamın bu comərdliyinə şaşdım.

Bir gün böyük bacım Rüxsarəyə dedim ki, bu qədər balı birdən keşişə göndərmək olurmu? Anam bizə qaşıqla vermir, oraya güvəclə göndərir. Həm də nə ləzzətli idi!

Bacım tələsik soruşdu:

– Yoxsa, sən də mi yedin?

Yolda açıb bir az dadına baxdığımı deyincə bacım qəhqəhələr qopardı və yenə məndən soruşdu:

– Gerçək yedinmi?

– Nə matına gəlir, sənə dedim ki, yedim.

Bacım daha artıq qəhqəhəyə başladı. Mən bacımın belə yersiz gülməsinə acıqlanıb, küsməyə başladım.

– Nə var, nə olmuş, sən də yenə gülüb durursan? Nə etdim ki, bir az dadına baxdım.

Bacım küsdüyümü görüncə:

– Canım, o murdar bal da yeyilərmiydi?

– Heç murdar-zad deyildi. Mən özüm baxdım və yedim, çox təmiz və ləzzətli idi.

Bacım yenə gülməyə başlayınca mən işin içində bir şey olduğunu sezib soruşdum.

– Bacı, qadan alım, düzünü söylə, nə var, nəyə gülürsən?

– Heç bir şey.

– Heç bir şeyə bu qədər gülünməz, əlbəttə, bir şey var. Düzünü söylə, can bacı.

Bacım ağzını qulağıma uzadıb:

– Kimsəyə deməsən, deyərəm.

– İnan, demərəm.

– O bal güvəcinin ağzı açıq qalıb, siçan girib balı murdarlamışdı. Ona görə biz yeməyib keşişə göndərdik. Kimsəyə demə ha.

– Kimsəyə deməm, amma yaxşı eləməmişsiniz.

Bir gün keşişin yanından evə gəlirdim. Kəndi iki yerə bölən Kür çayının üstündəki uzun körpünü keçib bu taya çatmışdım ki, körpünün başında sivrilib suya düşən bir çocuğun boğulmaq üzrə olduğunu gördüm. Tez suya girib çocuğu qurtardım. Üst-başım islandı, təzə fəsimi su apardı. Fəsi tutmaq istəyəndə az qala su məni də aparacaqdı. Tez geri döndüm, körpünün başındakı qala divarına yaslanıb paçalarımı süzməyə, üstümü qurutmağa çalışdım. Bir az rahatlanıb özümə gələndən sonra uzun körpünün bürclərini döyüb oynadan, qonşu qalanın təməlini oymağa çalışan Kür çayına doğru baxmağa başladım. Hər il daşıb kəndimizin ətəklərini dağıdan çay bu il keçən illərdən daha artıq coşqun və azğın görünür, xışıltısı da uzaqlara qədər gedirdi. O, görünür, bu il Kars tərəflərində keçdiyi qan gölləri ilə bir qat daha şişmiş, qabarmış idi. O, yüz illər boyu ətrafa qaravulluq edən qonşusu ulu qalanın büküklərinə şiddətlə çırpır, bu çarpışlar onu sanki oyandırmaq, qovğalardan gətirdiyi faciələri, xəbərləri dinlətmək istəyirdi. O, gah peşman olmuş kimi dala çəkilir, gah hirslə qabarıb qonşusu ilə qucaqlaşır, öpüşür, pıçıldaşır, sonra birdən-birə həyəcana gələrək qəh-qəhələr qoparırdı. O, bu qəhqəhələrlə qabarmış dalğaların gətirdiyi qara xəbərləri hər yana dağıdır, ətrafı qorxuya salırdı. Bunlar bitirmiş kimi, o, Axalsıx meyvə bağlarının kənarlarından yolub gətirdiyi yekə ağacları körpünün bürclərinə qatır, körpünü daha artıq havalandırırdı.

Ağac uzun körpünü qıcırdadıb, inildədib can çəkişdirirdi. Mən başıaçıq, ayaqyalın, islaq paltarda titrəməyə başlayınca orada daha uzun dayanmadım. Dağılmış, palçıqlanmış dəftər-kitabı toplayıb evə doğru üz qoydum…

Təzə məktəb molla məktəbinə görə bir cənnət idi. Həvəslə həm oxuyur, həm də oynayırdım. Nə bacaqlarım əzilirdi, nə də yırğalana-yırğalana belim ağrıyırdı. Azad, şən, ümidli həyat keçirirdik. Qışda cümləmiz xizəklərimizə minib yarışa çıxırdıq. Yarışda bir-birimizi keçmək üçün yoxuşun çökək çıxıntılarına baxmayıb xizəklərimizi var gücümüzlə sürür, aşağılara doğru quş kimi uçurduq. Çox vaxt yolda xizəklərimizi saxlaya bilməyib qar yığınlarına gömülür, buzlardan sıçrayır, daşlara çarpır, yuvarlanırdıq. Qışda yoxuşlar bizim ən əyləncəli yerimiz, xizəklərimiz isə ən sevgili atlarımız idi.

Yayda isə çay qıraqları, adalar bizim birinci oynağımız idi. Çayda üzmək, axarları yarıb o biri yana keçmək, arxası üstə uzanıb suyun gedişinə uymaq, ördək kimi bir yerdən batıb uzaqda birdən çıxmaq, sonra isti qumların üzərində uzanıb rahatlanmaq bizim ən xoş oyunlarımızdan idi.

Günortadan sonra top və çələng oyunları bizi su kənarlarından alıb düz və geniş meydanlara tullayırdı. Axşamçağı kəndə doğru gələn naxırı qarşılayıb eşşəklərimizə minir, çərid oynaya-oynaya evlərimizə gedirdik…

Təzə məktəbdə bir neçə il oxuyandan sonra atam məni Qori seminariyasına vermək fikrinə düşdü. Bunun üçün birlikdə Axalsıx şəhərinə getdik. Atam oradan Qoriyə ərizə göndərib Azqura qayıtdı. Mən şəhərdə dayım Qazi Əbdülhəmid əfəndinin yanında qaldım, ərizənin cavabını gözlədim. Çox keçmədi, qəbul cavabı gəldi.

Mən sevincimdən bir yerdə otura bilmir, bu böyük müjdəni bacılarıma, arkadaşlarıma xəbər vermək üçün kəndə getməyə can atırdım. Geydiyim uzun ətəkli, beli büzməli arxalığımın geniş ciblərini püsküllü konfet ilə doldurdum ki, Qori səfəri uğrunda kiçik bacılarıma, arkadaşlarıma paylayım.

Şəhərdə bir saat da dayanmayıb o gündən Azqura uçdum. Mən Qoriyə getmək xəyalı ilə o qədər sevinirdim ki, hər gün tumarladığım boz eşşəyimə, ovçu tazıya daha baxmaz oldum. Kənddə lovğa-lovğa gəzərdim.

Qoriyə getmək vaxtı artıq yaxınlaşmışdı. Hər şey yerində idi. Ancaq bircə hal məni rahatsız edirdi. Mən Qoriyə hazırlaşırkən evdə atamla anam arasında hər gün söz-sov olurdu. Evimizdə ilk dəfə gördüyüm bu halın səbəbini anlaya bilmirdim. Qoriyə getməmə az qalmışdı ki, bir iş meydana çıxdı: məgər anam məni Qoriyə, kafirlərin içinə göndərməyə razı olmur, atam isə bu zamanda rusca bilmək lazım olduğunu irəli sürərək Qoriyə göndərmək üstündə bərk dayanırdı. Mən i s ə nə olur olsun, Qoriyə getmək istəyirdim.

Son vaxtlarda anamın dəyişdiyini, məni tovlamaq istədi yini a ydın duyur dum. Ana m hər gün ciblər i mi konfetlə, şəkərləmələrlə doldurur, mən də bol-bol, ləzzətlə yeyirdim. Anam bir tərəfdən dadlılarla ağzımı şirinlədir, o biri tərəfdən də Qorini, o xristian, kafir şəhərini pisləyir, İstanbulu tərifləyirdi. Mən bir yandan anamın verdiyi bol-bol şəkərləmələri, o biri yandan İstanbulun bəzəkli ulu camelərini görəcəyimi düşünərək iki yolun arasında qalmışdım: İstanbulamı? Qoriyəmi? Atam Tiflis şəhərinə gedən kimi anam mənə təzə molla paltarı tikdirib geydirdi. Məni bu təzə paltar ilə İstanbuldan gələn azqurlu əfəndilərin dalınca hər gün cameyə göndərdi. Arkadaşlarım mənim bu qiyafəmi görüb çaşıb qalırdılar. Çünki mən hamıya yaymışdım ki, bu gün-sabah Qoriyə gedirəm. Məndən başqa atam da bütün qohumlara demişdi ki, Öməri yaxında Qoriyə göndərirəm. Halbuki, indi nə Qori sözü var, nə də rusca.

Bir gün atamla bağımız və dəyirmanımız olan Aqara kəndinə gedirdik. Yolda xalamın əri Əli ağaya rast gəldik. Xoş-beşdən sonra o gülərək atamdan soruşdu ki, nədən ötrü Öməri daha Qoriyə göndərmirsən?

– Of, burasını daha soruşma! Bu əfəndilər İstanbuldan gəlməz olaydılar. Bunları bir neçə dəfə yeməyə çağırdıq. Söhbətləri nə idi: İstanbulun böyüklüyü və gözəlliyi, sultanın təntənəli salamlıq rəsmi, mübarək camelərinin bəzəyi, namaz qılanların çoxluğu… Baldızın bunları həm qardaşı Osman əfəndidən, həm də gələn qonaqlardan eşidib “mən də oğlumu o mübarək yerə göndərəcəyəm, ruhani alim edəcəyəm” deyib durur. Mən nə qədər deyirəm, anladıram ki, bizim üçün Qori xeyirlidir, qanmır, söz keçmir, gecə-gündüz başımı yeyir, rahatsız edir. Beş-on gün evdə yox idim, Tiflisə getmişdim. Gəldim, gördüm ki, çocuğu molla qiyafəsinə soxmuş, ruscadan, Qoridən tamamilə uzaqlaşdırmış, indi çocuq da dayısı ilə İstanbula getmək həvəsinə düşmüş. Ay bacanaq, mollalıq bizim nəyimizə lazım? Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq – namaz qıldırmaq, ölü çimdirmək. Müsəlmanlar üçün, deyəsən, bundan başqa sənət yoxdur. Yerindən duran molla olmaq üçün oxuyur. Biçarələr, bir Tiflisə gedib oradakı yaşayışı görəsən, əqlin gedər. Tiflisdə yoldaşımız Akop ağanın evində qalırdım. O ki, bizdən çox əqillidi, bacarıqlı deyil. Oğullarından başqa, qızlarını da gimnaziyaya qoymuş, oxudur. Bu gün-sabah məktəbi qurtaracaqlar. Əlbəttə, onlar keşişlik deyil, atalarının sənətini də bəyənməyəcəklər. Barı övladlarımız oxuyub adam olsunlar.

Aqardan gəldiyimiz gecə qurdlar qonşumuzun inəyini kəndin qırağında yemişdilər. Bu axşam bizim boz eşşək də evə gəlməmişdi. Anam erkəndən qalxıb, qonşumuz Şərif İzini oyandırıb, eşşəyi aramaya göndərmək istəyirdi.

Anamın səs-küyünə oyandım. Şərif İzi ilə birlikdə mən də boz eşşəyimi aramaya getmək istədim. Tez paltarlarımı geyindim. Gözlədim ki, Şərif İzi çarıqlarının bağlarını sarısın. Şərif İzi bağları çəkdikcə qopur, qopduqca ucqurundan söküb çarıqlarına bağ qayırırdı.

Bizim gecikdiyimizi görən anam darıxıb:

– A… yenəmi getməmisiniz! Yazıq eşşəyi axırda qurd yeyəcək. Barı mən Molla Üzeyirgilə gedib qurdun ağzını bağladım – deyərək yanımızdan acıqlı-acıqlı keçdi. Anamdan utandıq, tez qalxıb yola düşdük. Kəndi keçib Qalanı aşdıq, “Dəmirli bulaq”a yaxınlaşdıq. Üz-gözümüzü yuduq. Qonşumun mənə yazığı gəlib dedi:

– Sən burada rahatlan, mən bir az daha irəli gedib axtarım.

Mən bulağın olduğu yamaca gəlib aşağıları tamaşaya daldım. Yamacın ətəklərini, kəndin böyrünü yalayıb keçən Kür çayı coşğunluğunu artıq keçirmiş, kiçilmiş, durulmuş, gözəlləşmişdi.

Kəndimizin sığındığı böyük və əski qalaya can verən bu gözəl çay yuxarılarda sakit axır, xəfif dalğalar ilə gülümsəyir, aşağıdakı axarda isə qəhqəhələr qoparırdı.

Hər iki tərəfin yaşıl tarlaları, al bəzəkli bağçaları gümüştənli bu gözəl çayı aralarına almışdı.

Günəş yatağından qalxıb ətrafı süzür, ipək kimi incə, parlaq kirpiklərini uzadaraq sevdiyi çiçəklərin torpaqlara düşməsinə razı olmurmuş kimi o cicili-bicili qulaqlarında parıl-parıl parlayan inci sırğalarını oynadır, havaya, yüksəklərə qaldırırdı, Günəşin çıxdığını görən gəlinlər, qızlar da evlərindən çıxıb, hənəkləşə-hənəkləşə çay kənarına enir, kuzə və güyümlərini doldururdular.

1Yoldaşlarıma
2“Cüt” mənasını verir