İskəndərnamə

Tekst
Z serii: Uşaq ədəbiyyatı #14
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Bəlinas cavab verir:

– Şahım, bu qıpçaqlar daşürəkli olurlar, ona görə də onlara daş ürək dərs verdi.

İskəndər bir qədər rahat olduqdan sonra nəhəng ordusunu yığaraq ruslarla döyüşə hazırlıq görür. Bu xəbər gəlib ruslara çatır. Bunu eşidən rus sərdarı Qıntal yeddi rus soyundan qoşun yığır, sonra üzünü ordusuna tutub deyir:

– İskəndərin ordusu ancaq bər-bəzəkdən, daş-qaşdan ibarətdir. Onlar bizim kimi güclü aslanlarla döyüşə adət etməyiblər. Mən onları bir həmlədə yıxıb viran edərəm.

Bu sözlər onun ordusunda ruh yüksəkliyi yaradır. Onlar öz ordugahlarına dönüb məclis qururlar. Digər tərəfdə də böyük İskəndər məclis qurur. O da öz ordusuna qazandığı qələbələrdən, fəth etdiyi ölkələrdən danışaraq onlarda ruh yüksəkliyi yaradır. Nəhayət, böyük hazırlıqlardan sonra iki ordu üz-üzə gəlir. Hər iki ordu bir-birindən yaraqlı-yasaqlı olur. Beləliklə, günlərlə dəhşət saçan döyüşlər başlayır. Həm ruslardan, həm də rumlulardan minlərlə ölənlər, yaralananlar, əsir düşənlər olur, qan su yerinə axır. Uzun sürən döyüşlər zamanı bir gün İskəndər öz çadırına çəkilir. O düşünür ki, artıq bu qədər döyüşlər olub, hələ də qalib gələ bilməyib. Vəziri ona ağıllı məslət verib deyir:

– Böyük hökmran siz dünyanı fəth etmisiniz, sizin qüdrətiniz hər kəsə bəllidir. Əgər qılıncla qalib gələ bilmiriksə, başqa tədbir tökərik. İndi bir fal açarıq sənin bəxtinin üstün gəldiyi bir günü yenidən hücum çəkərsən, zəfər əldə edərsən.

Bu sözləri dinlədikdən sonra İskəndərin ürəyi rahat olur. Əvvəlki kimi İskəndər yenə ordusunu silahlandır. Yenə ağır döyüşlər başlanır. Bu səfər İskəndərin taleyi ona kömək olur. Bu qanlı meydanda ruslara qalib gəlir və Qıntala ağır zərbə endirir. Elə ki İskəndər zəfər çalır, istəyir bir az dincəlsin. O Tanrıya şükürlər edib və xəzinəni əhaliyə paylayır, özü də bir müddət istirahətə dalır.

NÜŞABƏNİN XİLAS EDİLMƏSİ

Böyük İskəndər ruslara qalib gəldikdən sonra bir məclis qurdurur. Sonra əmr edir ki, ruslardan əldə olunan qənimətlə hesaba alınsın. Dəyərli daş-qaşların, bəslənmiş kök qoyunların, sərvətin, xəzinənin sayı hesabı yox idi. Bunları görən İskəndər şadlanır, bir az şərab içib sərxoş olduqdan sonra əmr edib rusların yanına şahını çağırtdırır. Onu layiqli yerdə oturdub zəncirini açdırır, ona xələt verir. Beləliklə, iki padşah bir-birlərinə olan kinlərini unudurlar. İskəndər ruslara əmr edir ki, əsir olunmuş Nüşabə azad olunsun. Nüşabə əsirlikdən azad olandan sonra İskəndərin məclisinə gəlib əyləşir. Bu məclisdə Dəvaliylə Nüşabənin arasında nikah bağlanır. Nikah bağlandıqdan sonra onlar Bərdəyə gəlirlər. İskəndər rus şahını xərac vermək şərti ilə vətəninə geri göndərir. Qıntal buna razı olur və bundan sonra böyük İskəndərin adını ehtiramla yad edir.

İSKƏNDƏRİN DİRİLİK SUYU AXTARMASI

Çox qədim zamanlardan bəri belə rəvayət edirlər ki, bir gün böyük İskəndər tanrısına ibadət etdikdən sonra bir məclis qurur. Bu məclisdə hərə bir rəvayət danışır. Hərə öz bildiyi rəvayətləri danışdıqdan sonra sıra məclisdə oturan qocaya çatır. O deyir:

– Dünyada zülmət adlı bir diyar var ki, orada dirilik suyu mövcuddur. Əgər ömrünüzü uzun etmək istəyirsinizsə, o dirilik suyunu əldə etməlisiniz.

Məclisdəkilər bu sözlərə mat qalır. Şah deyir:

– Yoxsa bu işdə başqa hikmət var? Elə su varmı ki, zülmətdə insanı ölümdən qurtarsın?

Qoca cavab verir:

– Ey uca tacidar, o qaranlıq yerin adı zülmətdir. O zülmət içində bir həyat suyu var. Kim o sudan içsə, xəstəlikdən, ölümdən uzaq olar. Əgər mənim sözümə şübhəniz varsa, kamil qocalardan soruşun.

İskəndər bu sözləri eşitdikcə marağı artır və soruşur:

– O zülmət harada yerləşir?

Yolu padşaha göstərirlər. Padşah da öz yolunu zülmətə çevirir və dirilik suyunun arxasınca gedir. Padşah bu yolu gedərkən çox uzun yollar qət etməli olur. Beləcə padşah ordusu ilə irəliləyərkən bir çölə gəlib çatırlar. Bu çöldə onlar bir mağaraya rast gəlirlər.

Çölbəyi o mağaraya Bünğar adı vermişdi. Bundan sonra zaman keçdikcə o şəhərin adı Bulğar qalır. Bir qədər getdikdən sonra İskəndər əmr edir ki, qocalar və xəstələr burda qalsınlar, yola davam etməsinlər. Beləliklə, az getdilər, çox getdilər və birdən elə bir yerə gəlib çatırlar ki, hər yeri zülmət bürünür. Padşah bunu görüb təəccüblənir və deyir:

– Bu yolda doğru iz göstərən kimdir?

Bilənlər söyləyir:

– Bu qaranlıq pərdədir, iç-üzü görünməz. İrəli getmək mümkündür, geri dönmək çətin olar.

Amma çox çarə axtardılar tapan olmur. Onların arasında bir gənc oğlan olur. O öz atasına çox bağlı olur. Elə ki padşah qocaların yola davam etməməsini əmr edir, bu oğlan çox pis vəziyyətə düşür. O gizlincə atasını da özü ilə bərabər götürür.

Belə bir vəziyyət gəlib yetişir ki, oğlan gəlib atasından məsləhət alır:

– Ata, hökmran gəlib zülmət bir yerə çatıb ki, indi burdan çıxmaq üçün çarə axtarır.

Atası deyir:

– Burada gizli bir sirr var. Burdan çıxmaq üçün padşaha yeni doğacaq olan boğaz bir madyan lazımdır. Körpə daylaq doğulan kimi onun başını bir yerdə kəssinlər. Anası bunu görüncə ürəyi yanacaq, içində hiddət oyanacaq. O madyan geri dönərkən ordu da onun arxasınca getsin. Beləliklə, padşah zülmətdən qurtular.

Oğlan gəlib bunları padşaha danışır. Padşah soruşur:

– Sən bunları haradan bilirsən?

Cavan oğlan deyir:

– Padşahım, o gün ki siz əmr etdiniz qocalar yola davam etməsin mənim öz atama ürəyim yandı, onu da özümlə götürdüm. Bütün bunları ona danışdım, o da bu danışdıqlarımı məsləhət gördü.

Padşah əmr edri ki, qocanın dediyi kimi bir madyan gətirsinlər.

Rəvayətə görə, İskəndər zülmətə girərkən atını Xızır peyğəmbərə verir ki, ona yol göstərsin. Xızır Peyğəmbər həmən yola düzəlir və hər yanda həyat suyunu axtarmağa başlayır. Nəhayət, bu çeşmə tapılır. Bu elə bir çeşmə idi ki, tərifə gərək yox idi. Xızır həyat suyunu tapınca gözlərinə işıq gəlir. O, həyat suyuna enərək həm orada yuyunur, həm də bu sudan içir. Sonra bir qədəhdə su ayırır ki, gələndə İskəndərə versin. Lakin bir az sonra Xızır görür ki, çeşmə yox oldu. Xızır anlayır ki, sudan İskəndər içə bilməyəcək, çox pis olur. Sonra Xızır da gözlərdən itir.

Amma bu əhvalatları rumlular başqa cür danışırlar. Onlar belə rəvayət edirlər ki, Xızırla İlyas yolda bir-birləri ilə yoldaş olurlar. Onlar çeşməyə yetişəndə atdan enib, bulaq başında süfrə açırlar. Süfrədə yemək üçün balıq da olur. Onlardan biri su içmək üçün bulağa əyiləndə əlindəki balıq suya düşür.

O balığı sudan götürmək istədikdə görür ki, balıq diridir. Anlayır ki, bu dirilik suyudur. O bu sudan doyunca içir və dostuna xəbər verir ki, bu əbədi həyat suyundan içsin.

Ərəblər isə bu haqda başqa bir rəvayət danışırlar. Ərəb rəvayətində belə deyilir ki, qədim zamanlarda yolunu azmış rumlu dəstəsi bu dirilik suyunun yerini tapıbmış. Belə deyilir ki, Xızır və İlyas bu sudan içirlər, amma kiməsə bu haqda heç nə demirlər. İskəndər də bu çeşməni ələ keçirmək üçün zəhmətlə at çapır. O, dirilik suyuna yetişmək dilərkən gəlib sulu bir çəmənə çatır. Çeşməyə çatmaq üçün İskəndər qırx gün, qırx gecə yol gedir və nəhayət, yorulub bir kölgəlikdə dincəlir. İskəndər görür ki, get-gedə kölgəlik zülmətə çevrilir. Bundan qorxan şah geri dönməyin yollarını axtarır. Bu zaman onun qarşısına bir mələk çıxır və deyir:

– Bu dünyanı sən ələ keçirmisən, amma hələ də doymamısan?

Sonra mələk şahın əlinə pul boyda daş qoyaraq deyir:

– Bu daşı gözün kimi qoru. Çalış bu dünyada bu daş ağırlığında daşlar ələ keçir. Qəlbində minlərlə dilək olsa da, bu daş qədəriylə kifayətlən.

İskəndər bu daşı əlinə alan kimi mələk yox olur. Bir qədər getdikdən sonra ona qeybdən səs gəlir:

– İnsanın qismətini yazısıdır verən. İskəndər çeşməni zülmətdə ararkən bu Xızıra qismət oldu.

Bu səsi dinlədikdən sonra İskəndər anlayır ki, artıq dirilik suyunu axtarmaq əbəsdir. O, mənasız bir şeyə maraq göstərdiyini başa düşür və orduya fərman verir ki, geri dönsünlər. Qisməti olmayan şeyə həvəs göstərdiyi üçün İskəndər dirilik suyunu əldə edə bilmir. O gəldiyi yol ilə də geri dönür. Bu yolda ona madyan rəhbər olur.

İSKƏNDƏRİN ZÜLMƏTDƏN ÇIXMASI

Rəvayətə görə, İskəndərin zülmətdən çıxmasına madyan rəhbərlik edibmiş. Qocanın da dediyi kimi, madyan balasının başının kəsilməsini görüb qaçırmış. İskəndər və ordusu da onu izləyərək heç bir dəfə də olsa, çaşmadan gəlib işıqlı dünyaya çatırlar. Amma İskəndər öz diləyinə çatmamışdı. Buna baxmayaraq, padşah buna heyfislənmir, çünki anlayır ki, ruzini ancaq qismətlə tapmaq mümkündür. Padşah səfərdən sonra yatmağa üz qoyur. Uzun bir yuxu çəkir və dincini alır. Birdən onun yadına zülmətdə olarkən mələyin verdiyi daş düşür. Padşah əmr edir ki, tərəzi qurulsun. Tərəzinin bir gözünə dağlardan da ağır daşlar qoyulur. Nə qədər ağır daşlar qoysalar da, yenə mələyin verdiyi daş ağır gəlir.

Orada olanlardan biri dillənir:

– Xızır deyirmiş ki, bu daşın qənimi ancaq bir ovuc torpaqdır.

Bu sözə inanıb çəkinin bir gözünə torpaq tökürlər. Bu zaman görürlər ki, çəkinin gözləri bərabərləşdi. Bu hadisədən şah anlayır ki, şahlığın tamahını yalnız qəbir doyurar.

Günlərin bir günü böyük İskəndər şahlara layiq bir məclis qurur. O bütün ölkələrin şahlarını bura çağırır. Hər kəs bu məclisdə şirin-şirin söhbət edirmiş. Birdən söz zülmətdəki çeşmədən düşür və söhbət get-gedə uzanmağa başlayır. Bu məclisdə oturanların arasında bir qoca var olu. O dillənir:

– Ey böyük İskəndər, sən ölməmək üçün dirilik suyunu axtarırdın. Bunu bil ki, bu ölkədə bir şəhər var. Bu şəhərdə bir nəfər də olsa, ölən tapılmaz. Bu şəhərin yaxınlığında bir dağ var. Bəzən o dağdan səslər gəlir və deyilir ki, ey filankəs yuxarı səmtə səfər eylə. Bu sözü eşidən adam da dərhal deyiləni edir. Gedən adam isə dağların ardında yox olur. Bu sirri hələ də açıb öyrənən yoxdur. Əgər ölümdən qurtulmaq istəyirsənsə, bu şəhərə səfər elə.

Padşah bunları eşidib əmr edir:

 

– Bir neçə nəfər getsin həmin şəhərdə bir az qalsın, bu işin əslini öyrənsin və mənə doğru xəbər gətirsin. Əgər dağdan sizə səs gəlsə, getməyin. Hətta adınızı çağırsalar belə, getməyin.

Əmri alanlar baş əyib yola düzəlirlər. Onlar gəlib bu şəhərə çatırlar. Bir neçə vaxt burada qalırlar. Nəhayət, elə bir vaxt yetişir ki, dağdan gələn səs onlardan birini çağırır. Dostları nə qədər etsələr də, adı çağırılanı saxlaya bilmirlər. Beləliklə, bir neçə nəfər də bu şəkildə çağırılır və onları da saxlamaq olmur. Bu əhvalatdan sonra şahın göndərdiyi adamların qalan hissəsi geri dönür. Onlar baş verənləri şaha çatdırırlar. İskəndər bu işdən heyrətlənib deyir:

– Öyrənən yoxdurmu bu gizli hikməti?

Heç kəs cavab verə bilmir. Şah çox uzun müddət fikrə getdikdən sonra deyir:

– Bu o deməkdir ki, o dağa gedən ömrünü başa vurub və bu dünyadakı vaxtı bitib. Əcəl pəncəsindən heç kim yaxa qurtara bilməz. Ona görə də o dağa dırmananlar, əslində, o biri dünyaya gedirlər.

İSKƏNDƏRİN RUMA QAYITMASI

Rəvayət edənlər söyləyir ki, İskəndər bir mağara yanında çadırını qurur və burada bir şəhər saldırır.

Bu şəhərin adına Bulğar deyərmişlər.

Şah Bulğardan rus elinə keçir və buranı abad edib Rum dənizinə qayıdır. Buradan da öz ölkəsinə dönür. Şahın gəlməsilə Rum ölkəsi şənlik edir, Tanrıya şükür edirlər. Şah ölkəsinə döndükdən sonra gətirdiyi xəzinələri xalqa paylayır, hər yerə ləl-cavahirat daş-qaş dağıdır. Tabe etdiyi ölkələrə naiblər təyin edir və öz ölkəsini abadlaşdırır. Sonra İskəndər dünya elmlərilə maraqlanır və Tanrı hikməti haqda biliklər əldə edir. Sonra da haqqın əmriylə böyük İskəndər peyğəmbərliyə çatır.

II hissə

İQBALNAMƏ

KİTABIN BAŞLANMASI

Bir yunanlı filosof nəql edir ki, dünyanı səyahət edən İskəndər bir neçə ölkədən keçib öz yerinə, yurduna çatdı. Ağılın hər bir sirrə yol tapması üçün fikrini elmə, biliyə yönəldib, doğma vətənini nurlara qərq etdi. Fikri, xəyalı göylərin dərinliklərinə baş vuraraq çox bağlı qapıların sirrini açmağa müvəffəq oldu. Pəhləvi və dəri* dilində yazılmış bir çox əsərləri bəyənib (bununla bərabər fars dilində yazılmış şahanə dəftəri) dilində su kimi əzbər etmişdi. O,bilik xəzinəsini doldurmaq üçün Rumda, Yunanda ümumən dünya dillərində nə varsa, tərcümə edilməsini buyurdu. Elm üçün hər yandan dürr yığıb böyük bir ümman yaratdı. Onun yaratdığı birinci əsər dünyaşünaslıqdan, digəri ruhani sirlərə açar olan bir əsər idi. Bununla yunanalar əbədiyaşarlıq qazanmışdılar. Biri də dəmiri mum kimi yumşaldan “İskəndərin qeyidləri” idi ki, bununla onlar fələyin sirlərindən xəbər tutardılar. İskəndərdən sonra İranda hakimiyyət sürmüş sultanlar nəslindən olan İntiyaxisin adına yazılmış eyniadlı bir kitab da yadigar qalmışdır ki, neçə-neçə ağıl övladı bu kitablarla gələcək nəsillərə nur yaymışlar.

İskəndər də elmə, hünərə yüksək qiymət verərək alimin yerini hamıdan uca olduğunu, ən əziz insan da elə alim olduğunu, hakimiyyətə gələrkən qərar vermişdi. Bir kəsin digərindən üstün olması yalnız və yalnız onun elminə görə idi. Onun dövlətinin elmə təşviq edib, xüsusi yer verməsi hamıda bu sahəyə böyük maraq yaratmışdı. İskəndər haqqın cəlalına baş əyib, elm üçün bərsiz-bəzəksiz söyüddən qurulmuş sadə bir otaqda bir dəri üstündə diz çökdüyündən qəsrinin bürcləri göyə dəyib elmilə məşhurlaşmışdı. Haçan ki hökümdarın könlü dünyadan doyurdu, bir xeyli müddət tacını da götürüb ibadətxanaya rəvan olar, üzünü təmiz torpağa sürtərək Tanrıya yalvarardı. Keçmiş günlərinə şükür edərək gələcək günlərinə kömək diləyib, bütün qazandığı qalibiyyəti Allahın hədiyyəsi sanardı. O, inanırdı ki, sidq ilə ibadət edən insan haqqın dərgahından naümid qayıtmaz. O zülmə, ədalətsizliyə imkan verməyib dünyanı daim bir mizanda saxlardı və bütün insanlar üçün qapısı hər zaman açıq olardı. Düzlüyü özünə şüar etdiyindən yeddi ölkə hakimi olmuşdur. Həmişə işbilənlərdən tədbir soruşduğu üçün özündə işbilən idi. Yoxsa rum papaqlı bir türk nə cür Çinə, Hindistana ayaq basıb, orada öz səltənətini qurardı. Deyirlər haraya üz tutsaydı, yanında ən möhkəm mərd qılıncvuranlardan, mahir cadugərlərdən, dilləri atəş kimi natiqlərdən, alim və uzaqgörən hikmətşünaslardan, gecələr dua edən zahidlərdən və Peyğəmbərlərə pənah gətirənlərdən ibarət hazır altı dəstə olardı. Bu altı dəstədən ibarət bir məclis qurub, onlardan iş üçün məsləhət aldığına görə qarşısına çıxan çətinlikləri, eyni zamanda yaşlı kişilərin məsləhəti və xoştale ulduzların hərəkəti ilə yoluna qoyardı. Ona bir qatı düşmən rast gələrdisə, ən əvvəl qızılı işə salıb bu müşkülə bir əncam çəkməyə çalışardı. Bundan bir nəticə hasil olmasa, dərhal əlini qılınca atardı. Qılıncla da bir nəticə ala bilməsəydi, işi əfsunçulara tapşırardı. Onlar da bir iş görə bilməsəidilər, natiqlər təsirli sözləri ilə düşməni yola gətirməyə çalışardı. Sözün də düşmənə təsir etmədiyini görən alimlər bir tədbir görməyə çalışardılar. Çarəsiz olduqda zahidlər Allaha yalvarar, yenə də səmərəsiz olduqda bu iş peyğəmbərlərə həvalə olunardı. Hərgah müşkül həll olunmasaydı, haqqa pənah gətirərdilər. Şahın da bəxti Allaha ümüd bağladığına görə daim gətirər, işlərinə xeyirlə əncam olardı. O, keçdiyi yollara diqqət edib, gördüyü şeylərdən ibrət alardı. Heç şeyə bir oyuncaq kimi baxmazdı.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?