Əsərləri

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

«Getdim ala gözlü yarla danışam…»

 
Getdim ala gözlü yarla danışam,
Dedi, oğlan, dur get, söz vaxtı deyil.
Arif çoxdur, etmək olmaz işarət,
Oynatma qaşını, göz vaxtı deyil.
 
 
Cadu qəmzələrin mənlən yağıdır,
Bad əsir, zülfünü üzdən dağıdır,
Bundan sonra öpüb, qucmaq çağıdır,
İxtilat keçibdir, söz vaxtı deyil.
 
 
Vaqif deyir, yalvar yara, könlün al,
Bir busə diləyib, boynuna qol sal,
Ara xəlvət ikən, etmə qilü qal,
Tez ol, çıxdı canım, naz vaxtı deyil.
 

«Bivəfasan, səndən üz döndərmişəm…»

 
Bivəfasan, səndən üz döndərmişəm,
Yalançıya, biiqrara baxmaram.
Səni ox kirpiyə həsrət qoyaram,
Bağrın olsa para-para, baxmaram.
 
 
Harda görsən bir sevgili kimsənə,
İstər ki, xəyalın tez ona dönə.
Mənim yarım gərək baxa bir mənə;
Qeyri üzə baxan yara baxmaram.
 
 
Niqab çəkib üzə, xalı gizlərəm,
Siyah zülfü, rəngi-alı gizlərəm,
Qönçə təki gülcamalı gizlərəm,
Sallam səni ahü zara baxmaram.
 
 
Yanımda etibar sata bilməzsən,
Boynundan günahın ata bilməzsən,
Bizimlə ixtilat qata bilməzsən,
Danışma ki, o göftara baxmaram.
 
 
Vaqifi derlərdi çox gözəlsevən,
Elə bildim sən də onun kimisən,
Bildim indi, vallah, səndəkini mən:
Bivəfasan, biiqrara baxmaram.
 

«Mən yenə xubların padişahından…»

 
Mən yenə xubların padişahından
Özümə dost bir nigarı tutmuşam.
Səyyad olub qurub məhəbbət torun,
Laçın gözlü xub şikarı tutmuşam.
 
 
Dal gərdəndən düşüb tutub dalı zülf,
Xoş göstərir zənəxdanı, xalı zülf,
Görməmişəm belə bir səfalı zülf,
Çox sünbüli-ənbərbarı tutmuşam.
 
 
Ağ üzündə siyah saçı bürməyi,
Dal gərdəndən düşüb baş endirməyi,
Miyanında saçın ucun hörməyi,
Bütün dünyada bu yarı tutmuşam.
 
 
Vaqifəm, görmüşəm bir türfə didar,
Çəkərəm görməyə bir də intizar,
Hər kəsin dünyada bir qibləsi var,
Mən də yönüm sənin sarı tutmuşam.
 

«Harda görsəm bir şux, kaman qaşlını…»

 
Harda görsəm bir şux, kaman qaşlını,
İstərəm canımı qurban eyləyəm.
Tutam zülfün ucun, dönəm başına,
Bağrımı oduna büryan eyləyəm.
 
 
Mən bilirəm qədrin sərxoş cavanın,
Həlqə-həlqə zülfün, tər zənəxdanın,
Bu gül əndamlının, sərvi-rəvanın
Duram yerişinə seyran eyləyəm.
 
 
Mən onun dərdinə oldum mübtəla,
Şəmi-xiyalıma o verir ziya,
Xublardan ki, mənə gəlsə hər bəla,
İstəməm ona mən dərman eyləyəm.
 
 
Xublara vermişəm din-imanımı,
Şövkətü şanımı, adü sanımı,
Cəllad tək gözləri alsa canımı,
Namərdəm, mən əgər aman eyləyəm.
 
 
Vaqifə rəhm eylə, bari ilahi,
Agah et dərdimdən ol üzü mahi,
Qədəm basıb bizə gəlsin nagahi,
Bir gecə mən onu mehman eyləyəm.
 

«Bir əndamı nəsrin, dodağı qönçə…»

 
Bir əndamı nəsrin, dodağı qönçə,
Bir qaməti gülbün yara aşiqəm.
Olsa yüz üzü gül, girməz eynimə,
Mən ancaq bir gülüzara aşiqəm.
 
 
Gecələr sübhədək eylərəm nalə,
Hərgiz düşməz könlüm özgə xəyalə,
Bir gərdəni mina, ağzı piyalə,
Bir ləhcəsi şirinkara aşiqəm.
 
 
Bir buxağı turunc, sinəsi meydan,
Bir sözü cəvahir, mirvari dəndan,
Bir maral baxışlı, kirpiyi peykan,
Bir qaşları zülfüqara aşiqəm.
 
 
Bir güləndə ləblərindən bal axan,
Bir bəzənib sərxoş tovus tək çıxan,
Bir niqab altından pünhani baxan,
Bir əcayib xoşgöftara aşiqəm.
 
 
Vaqifəm, bədəndən canım dağılır,
Məcnun kimi xanimanım dağılır,
Görməyəndə din-imanım dağılır;
Gecə-gündüz mən didara aşiqəm.
 

«Bəhanə tutuban, bizdən gen gəzmə…»

 
Bəhanə tutuban, bizdən gen gəzmə;
Sirr sözün yadlara deyən deyiləm.
Könül rəva görməz səni yad görə,
Səni özgəsinə qıyan deyiləm.
 
 
Arzum budur, gözüm dikəm gözünə,
Danışasan, qulaq verəm sözünə,
Ta ölüncə baxım günəş üzünə,
Arzum canda qalıb, doyan deyiləm.
 
 
Vaqif deyir, doymaz sevən sevəndən,
Ta ölüncə əl götürmənəm səndən,
Əbəs-əbəs neçün qaçırsan məndən,
Mən ki, zalım, adam yeyən deyiləm.
 

«Yenə məni yanar-yanar odlara…»

 
Yenə məni yanar-yanar odlara,
Dağılmış ayrılıq saldı, sevdiyim!
Mən ha getdim möhnət ilə, dərd ilə,
Can sənin yanında qaldı, sevdiyim!
 
 
Siyah zülfün buxaq altda qayrılır,
Ala gözlər can almağa sayrılır,
Canandan ayrılan candan ayrılır,
Xalq içində bir misaldı, sevgilim!
 
 
Sərv qəddin sənubərə tən deyil,
Tamam sənin təkin gülbədən deyil,
Dəxi əzəlki tək sən görən deyil,
İndi halı yaman haldı, sevdiyim!
 
 
Qaşların qurulu yay tək çəkilir,
Kirpiklərin dəyir, ciyər sökülür,
Danışanda qəndü şəkkər tökülür,
Dilin, dodaqların baldı, sevdiyim!
 
 
Ol Xədicə haqqı, Səkinə haqqı,
Xeyrənnisə haqqı, Əminə haqqı,
Kəbə, Məkkə haqqı, Mədinə haqqı,
Dərdin bu Vaqifi aldı, sevdiyim!
 

«Ey cavan qız, məndən belə gəzmə gen…»

 
Ey cavan qız, məndən belə gəzmə gen,
Mən sənin üzündə xalı sevmişəm.
Bənd olmuşam şirin-şirin sözünə,
Şəkkər dodağında balı sevmişəm.
 
 
Üzün ağ, dəyirmi, gözün məstana,
Baxışın bağrımı döndərdi qana,
Ağzın sədəf, dişlərindir dürdana,
Əcayib cəvahir, ləli sevmişəm.
 
 
Qaşların çəkili yaylara dönür,
Ağlaram, göz yaşım çaylara dönür,
Bəzənir, illərə, aylara dönür,
Canlar alan bir maralı sevmişəm.
 
 
Həlqələnir zülfün buxaq yanında,
Yay qaşların ucu qulaq yanında,
Zənəxdan içində, yanaq yanında,
Qara telli bir xətalı sevmişəm.
 
 
Çox gözəlsən, amma xoyundur yaman,
Baxmazsan üzümə mənim çox zaman,
Vaqif deyir, sənin əlindən aman!
Mən biçarə nə havalı sevmişəm!
 

«Ey üzü gül, qəddi tuba Safiyə…»

 
Ey üzü gül, qəddi tuba Safiyə,
Həsrətindən mən şeydaya dönmüşəm.
Qaşların əyrisin yad eylədikcə,
Qamətim əyilib yaya dönmüşəm.
 
 
Sözün heç ayrılmaz mənim sözümdən,
Odlara yanmışam özüm-özümdən.
Ol qədər yaş tökdüm iki gözümdən,
Dərya tək axıban çaya dönmüşəm.
 
 
Sən gözəlsən, gəşt edirsən bağ ilən,
Ağ gülə oxşarsan əl-ayağ ilən,
Günəş camallısan gül yanağ ilən,
Mən incəlib yengi aya dönmüşəm.
 
 
Gözün şuxdur sənin – bənzər cəllada,
Məni tərk eyləyib, uyma gəl yada,
Sən gər mənim olsan fəna dünyada,
Elə billəm, padişaha dönmüşəm.
 
 
Ləhcən, sözün bir əcayib ləhcədir,
İşin tamam şivə, nazü qəmzədir,
Mən Vaqifəm, kuyin mənə Kəbədir,
Şükrilillah, müsəllaya dönmüşəm.
 

«İndən belə ölsəm, arzu çəkmənəm…»

 
İndən belə ölsəm, arzu çəkmənəm,
Şükr Allaha, arzumana yetişdim.
Dostun camalına nəzər eylədim,
Sanasan, tazədən cana yetişdim.
 
 
Siyah vəsmə zivər çəkibdir qaşa,
Onu görən gözlər istər qamaşa,
Bir ləhzə hüsnünə etdim tamaşa,
Behəmdüllah, din-imana yetişdim.
 
 
Gözəllikdə bənzəyir Züleyxaya,
Yanaqları oxşar güli-həmraya,
Könül pərvaz etdi qalxdı havaya,
Yer üzündən asimana yetişdim.
 
 
Cari olub xublar gəlsə bittəmam,
Olmaz belə gözəl, belə xoşəndam,
Qan ağlayıb, həsrət çəkən sübhü şam,
Bülbül kimi gülüstana yetişdim.
 
 
Hər dəm oynadanda gözü qaşını,
Gətirər firəngin tər savaşını,
Nə fayda, vermədim tez şabaşını,
Vaqif deyir, çox peşmana yetişdim.
 

«Sevdiyim alaydı üzündən niqab…»

 
Sevdiyim alaydı üzündən niqab,
Bir də baxıb o cəmalı görəydim.
Tamaşa edəydim qaşa, qabağa,
Həlqə zülfü, xətti, xalı görəydim.
 
 
Olmuşam mən ona aşiqi-didar,
Tapılmaz bir belə gözləri xumar,
Ləbindən nuş etmək xəyalımda var,
Yar bilirmi bu xəyalı, görəydim.
 
 
O xublar sərvəri, sərxoş səlatın,
Açaydı sərasər gözəl süfatın,
Qoyaydı əməydim qəndin, nəbatın,
Ağzındakı şəkər, balı görəydim.
 
 
Könlünü ayna tək eyləyəydi pak,
Bir söz desəm, olmayaydı qəzəbnak,
Duraydı qarşımda sərxoş, sinəçak,
Xoşiqbaldır, o iqbalı görəydim.
 
 
Gah narın dərəydim, gah güllərini,
Gah siyah zülfünün sünbüllərini,
Gah da bir tutaydım ağ əllərini,
Vaqif der, nə mülkü malı görəydim.
 

«Əldə ayna, gözə sürmə çəkəndə…»

 
Əldə ayna, gözə sürmə çəkəndə,
Ala gözün bulağından öpəydim.
Zənəxdanın çevrəsindən, xalından,
Qələm qaşın qabağından öpəydim.
 
 
Zülf ilən bəzənib gələndə üzün,
Qəsd edir yenə can almağa gözün,
Vəsfi-zəbanından çıxanda sözün,
Dilin, dişin, dodağından öpəydim.
 
 
Alaydım yaşmağın, açıb kəmərin,
Çıxarıb əynindən zərbafın, zərin,
İyləyib-iyləyib zülfi-ənbərin,
Üzdən sonra buxağından öpəydim.
 
 
Gecə-gündüz duam budur Tarıma,
Nola səni sala bir güzarıma,
İyləyib-iyləyib basam bağrıma,
İki gülgəz yanağından öpəydim.
 
 
Vaqifin bağrını döndərdin közə,
Yar odur ki, yarın cövrünə dözə,
Yarım sallanıban gələndə bizə,
Düşübən əl-ayağından öpəydim.
 

«Sənin təki siyah telli, gül üzlü…»

 
Sənin təki siyah telli, gül üzlü,
Bu cümlə cahanda mən görməmişəm.
Ağzı nazik, qaşı uzun, qəddi düz,
Bir belə sinəsi gen görməmişəm.
 
 
Bir mah üzlü sevdim keçən sənədə,
Xırda xallar zənəxdanda, çənədə,
Vilayəti gəzdim, heç kimsənədə
Bir belə şövkətü şan görməmişəm.
 
 
Gözəllər içində türfə, ali şan,
Deyib, gülüb şirin-şirin danışan,
Çox görmüşəm siyah zülfü pərişan,
Amma ki, qəddinə tən görməmişəm.
 
 
Sədəf dəhanında dişlərin düri,
Dəyər bu dünyaya onun hər biri.
Ya mələksən, ya hurisən, ya pəri,
İnsanda sən təki can görməmişəm.
 
 
Xəncər kirpiyindən saçılır qanlar,
Sənə qurban yüz min qaşı kamanlar,
Durub sallananda üzülür canlar,
Vaqif deyər belə xan görməmişəm.
 

«Baxıb camalına qürur eyləmə…»

 
Baxıb camalına qürur eyləmə,
Sən də bir yol-ərkan gözət, sevdiğim!
Yarın dili şirin gərək, üzü xoş,
Edə aşiqinə izzət, sevdigim!
 
 
Gözəl çoxdur, mələk, pərizad da var,
Gəlsin görüm, hansı sən süfatda var.
Nə şəhdi-şəkkərdə, nə nəbatda var
Ləblərində olan ləzzət, sevdigim!
 
 
Həlqə qoy üzünə zülfi-pürtabı,
Görənlər bəyənsin, desin hesabı,
Altdan gülgəz, üstdən yaşıl türabı,
Bu rəng ilən özün bəzət, sevdigim!
 
 
Əndamın güldür, ey sənəm, sərasər,
İstərəm başına dönəm sərasər,
Dəlik-dəlik oldu sinəm sərasər,
Qəmzə oxun mənə az at, sevdigim!
 
 
Vaqif tək dərdimənd az düşər ələ,
Nə fayda, qədrini bilmədin hələ.
Üzünü bürüyüb örtmə gəl belə,
Mənimlə özünü düzəlt, sevdigim!
 
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?