Əsir qadın

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Niyə qadını bu kökə salmısınız?

Zabit isə ona bir söz deməyib, stolun üstündəki meyvələrdən birini götürərək, əlində atıb-tutmağa başladı. Sanki bu deyilənlərin ona heç bir aidiyyəti yox idi. Qadın zabitə çölə çıxmağı tapşırdı. O kim idisə, deyəsən, mərhəmətliydi. Sir-sifətindən pis adama oxşamırdı. Nə bilim, bəlkə də, bu da onların bir siyasəti idi, – düşündüm.

Zabit eşiyə çıxarkən məni qadına göstərib, baş barmağını dik tutaraq:

– O, əladır! – Amma hər ehtimala qarşı onu zöhrəvi xəstəliklərə görə də müayinə edin. Ola bilsin ki… – deyə o, qəh-qəhə çəkib güldü.

Zabitin məni ələ salıb, dolamasını həkim qız da başa düşdüyündən, kinayə ilə:

– Onun ki, südəmər uşağı var, görmürsən? – dedi.

Zabit onun cavabında:

– Allah bilir, o uşaq da neçə kişinin qarışığından əmələ gəlib, – dedi və at kimi kişnədi.

Həkim paltarlarımı soyundurub, bütün bədənimi diqqətlə müayinədən keçirməyə başladı. Böyür-başımda təpik-yumuruq zərbələrindən şişib, göyərmiş yerləri görəndə, üzünü qapıya tutub qışqırdı:

– Siz nə etmisiniz, qadınla belə davranmaqmı olar?

Mən özüm tibb bacısı idim. Vəziyyətimin ağır olduğunu ondan yaxşı bilirdim. Bilirdim ki, bədənimdəki ağrılar mənə olduqca əzab verir. Amma nə etməliydim? Onu bilirdim ki, bu işgəncələr beləcə davam etsəydi, buna tablaşa bilməyəcəkdim. Dərdim o qədər böyük idi ki, canımdakı ağrılar barədə düşünmək belə istəmirdim.

Qadın mənim rusca bilib, bilməməyimlə maraqlandı. Bildirdim ki, mən də tibb sahəsində təhsil almışam, bir müddət də rusiyada yaşamışam. Rus dilini də yaxşı bilirəm. Bayaqdan danışılanların hamısını da çox gözəl anlayıram.

Zabit içəri girəndə həkim ona bildirdi ki, qadının da, uşağın da vəziyyəti ağırdır. Onlar mütləq xəstəxana şəraitində müalicə olumalıdırlar. – Yoxsa, vəziyyətləri bir az da ağırlaşa bilər. – dedi. – Xüsusən də, mənim vəziyyətimin çox ağır olduğunu söylədi. Həm də, həkim bizim əsgərlərlə bir kazarmada qalmağımızla heç cür barışa bilmirdi. Zabit də öz növbəsində ona bildirdi ki, əsirin buradan köçürülməsi iki gündən tez baş verə bilməz. Çünki ona yuxarıdan belə göstəriş veriblər. Axırda bu qərara gəldilər ki, məni əsgər kazarmasından çıxarıb, heç olmasa, azacıq şəraiti olan bir yerlə təmin etsinlər. Həkim qız zorla da olsa zabiti razı sala bildi.

Məni kazarmadan çox da uzaqda olmayan bir yerə köçürtdülər. Düşdüyüm təkotaqlı mənzilin şəraiti yaxşı olmasa da, hər halda otaq, – ayılar yaşayan kahadan min dəfə yaxşı idi. Gecədən bir müddət keçənəcən həkim mənim yanımda qaldı. Gedərkən zabitə mənimlə yaxşı davranmağı tapşırdı. Sonra məndən bir şeyə ehtiyacımın olub-olmadığını xəbər aldı. Ondan heç nə yox, təkcə uşağa bir stəkan süd lazım olduğunu xahiş edəndə, o, uşağı niyə görə əmizdirmədiyimi soruşdu. Bildirdim ki, qanımda zəhərlənmə var, ehtiyat edirəm. O isə daha bir söz deməyib, zabitdən bu barədə nə isə xahiş edib, getdi.

Qadına yaman qanım qaynayırdı. Başa düşə bilmirdim, bü cür təmiz ürəyi olan bir insanın buralarda nə işi var? Kim bilir, bəlkə də onu allahım yardımçı olaraq mənə göndərmişdi. Heç nə bilmirdim, bircə onu bilirdim ki, əgər belə ağır vaxtımda o, mənə yardımçı olmasaydı, yəqin ki, daha axmaq vəziyyətə düşəcəkdim.

Onlar gedəndən sonra qapıda dayanan gözətçi əsgər mənə bir qab isti su, bir stəkan da qaynadılmış süd gətirdi. O, gətirdiyi şeyləri stolun üstünə qoyub, getmək əvəzinə gözlərini üzümə dikib qaldı. Sısqa bir cavan idi. Niyyətini başa düşürdüm onun, məni küçə qadını kimi təsəvvür edirdiər. Təhqir olunandan sora bütün varlığıma nifrət edirdim. Iyrənirdim özümdən. Səhərki hadisədən sonra düşünürdüm ki, bundan sonra nə qədər ömrüm var özümə bəraət qazandıra bilməyəcəyəm. Mən əbədi olaraq vicdanım qarşısında üzükölgəli qalacaqdım. Bunu yaxşı dərk edirdim. Hər halda mən insan idim, əşya deyildim ki, hər gələn əlində oynatsın…

Əsgərin mənə yaxınlaşdığını görcək, uşağı qucağıma götürüb, başımın üstünə qaldırdım və onu başa saldım ki, bir addım da mənə tərəf atsa, körpəni yerə çırpıb, öldürəcəyəm. Əsgər qorxusundan geri çəkilib, silahını da götürərək otağı tərk edib getdi. O gedəndən sonra, körpəmi sinəmə basıb, ağladım. Bu dəfə məni qoruduğuna görə, körpəmlə fəxr etdim və onu bağrıma basıb, doyunca üz-gözündən öpdüm.

Canımda bir azca yüngüllük hiss edirdim. Bu, həm həkimin məlhəmləri, həm də, bu dəfə düşmənin əlindən qurtulduğuma görə idi. Ürəyimdəki qorxunu intiqam hissi əvəz etməyə başlamışdı. Həkim qızın fədakarlığı qəlbimdə inam hissi oyatmışdı. Çəkdiyim və gördüyüm zülmləri elə beləcə özümlə qəbirə aparmaq istəmirdim. Bu mənimçün, ərimin ruhu üçün təhqir olardı. – Bəs nə etməliydim? Bundan sonrakı həyatımı necə yaşamalıydım?! Başıma gətirilən bu müsibətlərlə, elə beləcə oturub razılaşmalıydımmı? Bu suallar beynimdə dolaşdıqca, fikrimdən qatı açılmamış mətləblər gəlib keçirdi. Hər halda məqam düşdükcə intiqamımı almalıydım. Bu fikir, nədənsə birdən-birə beynimdə ilişib qaldı. Artıq heç nədən qorxmurdum. Həyatda qorxduğum ləyaqətim, ismətim idi, onu da itirmişdim, indi nədən qorxacaqdım ki? – düşündüm.

Südü qızdırıb uşağa içirtdim. Özüm də, bir-iki tikə çörək yedim. Sir-sifətim möhkəmcə ağrıyırdı. Vurulan zərbələrdən, ağzımdakı dişlərdən biri qırılmışdı, yeri möhkəmcə sızıldayırdı. Bu ağrılar içərisində oturub xəyala dalmışdım, körpəm isə yatmışdı. Onun balaca, yumuru sifəti, sanki bir azca allanmışdı. Balaca Ruslanım doğulan gündən sakit idi. O qədər çox yatardı ki, bəzən gecələr onu bir neçə dəfə yuxudan oyatmalı olurduq. Körpələr yaman hay-küyçü olurlar, axı. Oğlumuz bu sarıdan onlara bənzəmirdi. Amma iki günün ağır üzüntüləri onun da sakitliyini pozmuşdu. Tez-tez diksinib yuxudan ayılırdı.

Ayağa qalxıb otağın içində yavaş-yavaş gəzməyə başladım. Qaldığım otaq köhnə də olsa, səliqəli idi. Hiss olunurdu ki, burada vaxtilə ailə yaşamışdır. Birdən gözlərim otağın divarına bərkidilmiş, çox da böyük olmayan güzgüyə sataşdı. Güzgüyə baxan kimi yerimdəcə diksindim. Qəribəydi, otaqda tək olduğum halda, güzgüdən mənə yaşlı bir qadın boylanırdı. Qorxaraq geri çəkildim. Mənə elə gəldi ki, arxamda kimsə var. Amma heç kəsin gözümə dəymədiyini görüb, yenə də baxışlarımı güzgüyə dikdim. – Ilahi, yəni bu mənəm?! – düşündüm. Saçlarım bir gecənin içindəcə ağarmışdı. Özüm-özümü güclə tanıya bildim. Yadıma, hələ məktəbli olarkən qonşuluğumuzda baş vermiş bir hadisə düşdü. Onda qonşumuzun oğlu toy gecəsi, otağın işığını yandırarkən, ehtiyatsızlıqdan əli açıq qalmış elektirik naqillərinə toxunub, yerindəcə keçinmişdi. O gecə dəhşətli bir müsibət qopdu. Yer-göy lərzəyə gəlmişdi, elə bil. Gecəykən oğlanı dəfn etdilər ki, yaxınlarının ürəkləri partlamasın. Ata-anasının, bacı və qardaşlarının vəziyyəti danışılası deyildi. Onlar özlərini diri-diri şəhid edirdilər. Səhər açılanda camaatı bir şey daha çox dəhşətə gətirdi. Hamı gördüklərindən təəccüblənərək, yerlərindəcə quruyub qalmışdılar. Bircə gecənin içində gəlin qızın qapqara saçları qar kimi, ağappaq olmuşdu. Gözlərimlə gördüyüm o hadisə heç zaman yadımdan çıxmırdı. Bu hadisə mənim öz başıma gələndə, o bədbəxt gəlinin bir gecənin içində hansı iztirablar keçirtdiyini yaxşı duyurdum. Amma fikirləşəndə ki, mənim çəkdiklərim onunkundan on qat artıqdır, niyə görə ölmədiyimə özüm də təəccüb etdim. Sir-sifətimə baxmalı deyildi. Gözlərimin altı tuluqlanıb sallanmışdı. Üzümdə lata-lata göm-göy yerlər vardı. Boyun-boğazımın dərisi didilmişdi. – Ilahi, gör nə hala düşmüşəm? – deyə, bu iki gündə başıma gələnləri yadıma salıb öz halıma acıdım. Otağın küncünə qoyulmuş divanda oturaraq, əllərimi qoynuma qoyub, xəyallarımla baş-başa qalmışdım. Fikirləşirdim ki, bu vaxtlar Əli evdə olardı. O, işdən qayıtmayınca stolun üstündəki yeməklərə əl vurmazdım. Qapını döyməsindən onu tanıyardım, elə döyərdi ki, yüz adam yığışsaydı, onun təhrini çıxara bilməzdi. Otağa girən kimi qollarını geniş açıb, məni qucaqlar və: – «Anam gəlininin, kef-əhvalı necədir?» – deyə, soruşardı. Adi, xırda bir hadisəni də ondan gizlətmək mümkün deyildi. Adamın gözlərinin içinə baxan kimi vəziyyətindən hali olardı. Qəribə xasiyyəti vardı, aclığa tabı yox idi. Ayaqqabılarını çıxaran kimi mətbəxə keçər; – «Öldüm, ay allah» – deyib, qab-qacağı bir-birinə vurardı. Əlinə keçən yeməyi, götürüb ağzına basar və arada da mənə baxıb, boğula-boğula nə isə deyərdi. Mən də mətbəxin qapısına söykənib, əllərimi qoynumda çarpazlayaraq, gülə-gülə onun hərəkətlərini seyr edərdim. Yeyib, yarıqarın olandan sonra, əllərini də üstünə silə-silə deyərdi: – «Səidə, əzizim, nə var, nə yox, bu günkü gününü necə keçirmisən?»

Mən də ona zarafatla deyərdim:

– Əli, doydunsa qabları yığışdırım? Ta, süfrə açmağa bir ehtiyac qalmadı, axı. O dəqiqə səhv etdiyini anlar və əllərini göyə qaldıraraq, təslim olduğunu bildirib, məni öpüb, oxşayardı. – «Neynim e, – deyərdi, – zabit adamam da, bizimki elə belə olmalıdır. – Bir də ki, yadında saxla, – deyə əlavə edərdi, – ailənin səadəti kişinin qarnından başlayır».

Onun bu məzəli sözlərimdən sonra, incikliyim tezcə ötüb keçər və onun köksünə sığınıb, bəxtəvər günlərim üçün allahıma dua edərdim. Əli gün ərzində o qədər ayaq üstə qalıb, buna vərdiş eləmişdi ki, bəzən evdə də televizora ayaq üstə baxardı. Deyərdim: – Sən allah, bəlkə yatanda da ayaq üstə yatasan? Heç yer-zad rahatlamayım sənə, hə? Mənim bu sözləridən sonra o, farağat vəziyyət alıb, əlini qulağının dibinə aparar və: – «Oldu, oturmaq, yoldaş komandir!..» – deyib, həm özü gülər, həm də məni güldürüb eynimi açardı.

…Beş il idi ki, rusiyadan dönmüşdük. Rayona qayıtdıqdan sonra üç otaqlı mənzil almışdıq. Əli şəhərdəki hərbi hissədə işə düzəlmişdi. Konüllülərdən ibarət bölüyün komandiri idi. Özüm isə şəhərdəki mərkəzi xəstəxanada tibb bacısı kimi çalışırdım. Ailə qurandan yeddi il sonra oğlumuz dünyaya gəldi. Uşağın gec olması bizi yaman narahat edirdi. Hamı kimi biz də övlad arzusunda idik. Valideynlərimiz də çox narahat idi. Uşağımızın olmamasının səbəbi məndən idi. Qanımda zəhərlənmə olduğundan hamiləlik dövrü pozulurdu. Əlinin aldığı maaş ancaq dava-dərmana gedirdi. Özüm də bərk narahat idim. Arada yarızarafat, yarıciddi Əliyə deyərdim: – «Neynirsən xəstə arvadı ömrünü onunla çürüdəsən. Boşa məni, get başqasını al, qoy sənə gözəl-göyçək uşaqlar doğsun».

 

O bilirdi ki, bu sözləri ürəkdən demirəm. Yaşarmış gözlərimə baxar və başını aşağı salıb astaca deyərdi:

– «Səidə, qadınlar kişilərdən həssas olurlar. Sənin uşaq istəyin mənimkindən on dəfələrlə çoxdur. Məgər sən istəmirsən ki, bizim uşağımız olsun? – Xahiş edirəm, bir də bu barədə mənimlə danışma. Mən sənin özünü, insanlığını sevmişəm. Biz bir-birimizi sevəndə uşaq barədə bir kəlmə də olsun danışmamışıq. Əgər qismətimizdə övlad payı varsa, inşallah, onu da görərik, darıxıb eləmə, hər şey yaxşı olacaq». Onun bu sözləri qarşısında başımı aşağı dikər və qismətimə belə bir insanı çıxartdığına görə tanrıma şükürlər edərdim.

Uşağımız olanda çox sevindik. Bunu dillə deməyə çətinlik çəkirəm. Bütün qohum-əqraba, valideynlərimiz, yaxınlarımız sevinc içərisindəydilər. Valideyn olmaq şərəfli bir işmiş, biz bunu onda duyduq. Uşağımız olandan sonra Əli hər saatdanbir evə gələr və körpəni qucağına alıb, otaqboyu gəzdirərdi. Yaman uşaqcanlıydı. Arada dostları zarafata salıb ona deyərdilər: – «Ay Əli, bizim də uşaqlarımız var də… Biz bu qədər onları istəmirik, sənki göydən enib, nədi?». Əli də cavabında deyərdi: – «Neynim bəs, qoca vaxtımızda bir uşaq tapmışıq, onu da, gəl istəməyək?

Oğlumuz Ruslan dünyaya gələndə Əlinin otuz beş, mənim isə otuz iki yaşım vardı. Əslində o düz deyirdi. Bu yaşda camaat oğul-qız toyu edir. Biz isə… Əli əsgərliyini rusiyada çəkmişdi. Əsgərlikdən sonra qalıb zabitlik məktəbini oxumuşdu. Bir neçə il işləyəndən sonra rayona gəldi, evləndik, sonra məni də götürüb yanına apardı. Gözəl şəraitimiz vardı, bizə mənzil vermişdilər, yaxşı da dolanırdıq. Necə ki, burada hadisələr qarışdı, Əli bildirdi ki, vətənə dönmək lazımdır. Ondan xahiş etdim ki, qalaq orada, yaxşı işimiz, sənətimiz var. Özum də xəstəxanaların birində işləyirdim, yüksək də maaş alırdım. Onun da orada böyük hörməti vardı. Yaxşı dostlar-tanışlar tapmışdı. Amma o, dediyindən əl çəkmədi; – «qayıtmaq lazımdır!» – deyib durdu. Ata-anası da gəlməyinə razı deyildilər. Məktub yazırdılar, telefonla bildirirdilər ki, burada qarma-qarışıqlıqdır. Sözü kimə deyirdin, dediyinin üstündə möhkəmcə durmuşdu. Xidmət etdiyi hərbi hissədən də Əlini buraxmaq istəmirdilər. Deyirdilər ki, ölkənizdəki bu müharibə uzun sürəcək. Çünki orada ayrı-ayrı dövlətlərin də maraqları var. Hətta, dostu olan bir rus zabiti onun üzünə demişdi, demişdi ki; – heyif o insanlardan hədər yerə qırılacaqlar…

Əli isə orada çox narahat idi. Bəzən özü zəng edib dostdan-tanışdan vəziyyəti öyrənirdi. Nəhayət, günlərin bir günü yığışıb vətənə döndük. Qayıdandan sonra onun gecə-gündüzü yox idi. Günlərlə, həftələrlə üzünə həsrət qalardıq.

Şəhərdə qaynatamgillə birlikdə olurduq. Heç olmasa sakitliyim onda idi ki, tək qalmırdım. Sonradan hərbi hissəyə yaxın bir yerdə ev aldıq. Ondan sonra mənim ağrılı həyatım başladı. Bir yandan tək qalırdım, digər yandan da, hər gün qan-qada, ölüm-itim ağlımı çaşdırmışdı. Əslində, bu müharibəyə də bənzəmirdi. Ölkənin bir yanında çal-çağır, o biri yanında da ölüm-itim. Aləm dəymişdi bir-birinə. Əlinin Ruslan adında bir zabit dostu da var idi. Rusiyada zabitlik məktəbini birlikdə oxumuşdular. Milliyyətcə xaxol idi, Ukraynada doğulmuşdu. Hələ rusiyada yaşayarkən tez-tez bizə gələr və günlərlə bizdə qonaq qalardı. Biz vətənə dönəndən bir qədər sonra o da gəlib çıxdı. Əli xidmət etdiyi hərbi hissədə onu da işlə təmin etdi. Yaman bir-birlərini istəyirdilər. Bir müddət bizimlə qaldı, sonra hərbi hissədə yerləşdi. Bizə tez-tez gəlib-gedərdi. Mənim xatirimi də çox istəyirdi. Onun hörmətini saxlayırdım. Çox zarafatcıl, deyib-gülən bir oğlan idi. – «Qoy döyüşlər qurtarsın, – deyirdi, – qalıb burada evlənəcəyəm». Döyüşlərin birində Ruslan düşmən snayperinə tuş gəldi. Onun ölümü bizə yaman təsir etmişdi. Əli ev-eşiyə yığışa bilmirdi, dəli olmuşdu, elə bil. – «Bir qonağı da qoruya bilmədik, verdik güllənin qabağına» – deyirdi. Dostunun qanını almaq üçün hər şeyindən keçməyə razı idi. Ruslan öldürüldükdən iki gün sonra Əlinin dəstəsi, təkcə bir döyüşdə on iki düşmən əsgərini öldürmüş, altısını isə əsir götürmüşdülər. Həmin döyüşdə iki tank, bir hərbi maşın da ələ keçirilmişdi. Bunu qəzetlər də yazmışdı. Əlinin adı gələndə düşmənlər tir-tir əsərdilər. O, öldürdüyü düşmən əsgərlərinin siyahısını aparardı. Siyahıda qırx dörd düşmən əsgəri vardı. Özü ölən gün də səkkiz düşmən əsgərini öldürdü. Elə ona görə də, onu tanıyan kimi başını kəsdilər. Çünki onun başına çoxlu pul ayrmışdı düşmənlər. Mən də onun arvadı olduğum üçün, elə ilk gündən işgəncələr verməyə başladılar.

…Oturduğum yerdə mürgüləsəm də, yatmaq istəmirdim. Daha doğrusu, ehtiyat edirdim. Mənə elə gəlirdi ki, mürgüləyən kimi doluşacaqlar otağa.

Səhəri dirigözlü açdım. Başımda küt ağrılar vardı. Körpəm hələ də yatırdı. Gecə bir neçə dəfə oyanmışdı, onda da altını-üstünü rahatlayıb yatırmışdım. Səhər saat doqquz olardı, gözətçi uşaq üçün bir stəkan qaynadılmış süd, mənə də sıyığa bənzər bir yemək gətirmişdi. Möhkəmcə acmışdım, qabdakını axıracan yedim. Yemək az olduğuna görə doymadım. Oğluma isə bir sətkan süd artıqlamasıyla bəs edirdi. Bilirdim ki, bu qayğının hamısı o sarışın qızın işidir. O kim idi, burada hansı vəzifədə çalışırdı, mənim üçün qaranlıq olaraq qalırdi. Bir azdan gözətçi içəri girib işarə etdi ki, uşağı da götürüb eşiyə çıxım. Uşağı qucağıma alıb bayıra çıxdım. Hava tər-təmiz idi. Baharın soyuq nəfəsi ciyərlərimə yayıldıqca, canımda bir yüngüllük hiss etdim. Bahar fəslini bütün fəsillərdən çox sevirdim. Bu fəsil mənə həmişə uğurlar gətirmişdi. Özüm bahar fəslində doğulmuşdum, baharda gəlin köçmüşdüm. Necə də sevirdim bahar fəslini… Amma o ilki bahar mənim ömrümə düşmədi. Burnumdan tökdü bütün istəklərimi, arzularımı. Gözlərimdə hər şey sönmüşdü, açan çiçəklər də, yaşıl dona bürünən ağaclar da. Gördüyüm hər şey, sanki cəhənnəmi xatırladırdı mənə. Qərib gəldi o bahar mənim ömrümə. Necə ki, mən o yerlərdə qərib idim. Sevmədi bahar məni o il, açmadı yaralı könlümü. – Gör, neçə illər üstündən keçib, daha heç vaxt baharın gəlişini gözləmirəm. Bahar gələndə təbiətin yatmış, ölü vücudu oyandığı kimi, mənim də don vurmuş yaddaşım oyanır. Oyanmış təbiətin xırda çöpündən, mamırından tutmuş, dağına, dərəsinə kimi, hər şeydən gül-çiçək ətri gəldiyi halda, mənim oyanmış yaddaşımdan, xəyallarımdan qan iyi, qan qoxusu gəlir… Qorxudur məni baharın gəlişi… yamanca qorxudur.

…Bizdən bir qədər aralı həkim qadını görəndə sevindim. Necə olsa, o viranə qalmış yurdda mənə qahmar çıxan, dərdlərimi azacıq da olsa, ovutmağa çalışırdı. Dünən o olmasaydı, allah bilir, axşam başıma yenə də nə oyunlar açacaqdılar. Körpəmin də, özümün də azacıq sakitlik tapmağımıza o köməklik etdi. Yoxsa, əsgər kazarmasında olsaydıq, eh… heç bu barədə düşünmək belə istəmirəm, – deyə Səidə, dərindən köks ötürərək, bir qədər söhbətinə ara verdi. – Qadının yanında iki hərbiçi də vardı, – deyə o, ağır-ağır söhbətinə davam etdi. Onların boy-buxunlarından, geyimlərindən yüksək rütbəli zabitlərin olduğu bilinirdi. Bu dəfə həkim qız tamam başqa geyimdə idi. Düzdür, onun əynindəki paltar da hərbi paltar idi, amma, elə bil qızın üst-başı ağac yarpaqları ilə bəzədilmişdi. Bir dəfə Əli də belə bir paltarda evə gəlmişdi. Ondan bu qiyafənin nə olduğunu soruşanda, bildirdi ki, bu kəşfiyyatçı geyimidir. Bunu əsgərlər kəşfiyyata gedəndə geyinirlər. Bir də snayperçilər bundan istifadə edirlir ki, ağacların arasında görünməsinlər. – Demək, bu həkim qız da, ya kəşfiyyatçıdır, ya da snayperçi, – deyə fikirləşdim. Doğrusu, təəccüb qalmışdım. Bu xarabada nə desən gözləmək olardı. Onların sifətləri kimi, paltarları da min rəngə çalırdı.

Gözətçi əsgər məni onların yanına gətirib, zabitlərə təqdim etdi. Zabitlər başdan ayağa qəzəbli baxışlarla məni süzüb, həkimdən mənim haqqımda əlavə məlumatlar soruşdular. Həkim onlara izahat verdi. Hərbiçi arvadı olduğumu biləndə, onlardan biri dişlərini qıcıyıb, biədəb söyüş söydü və qəzəbindən mənə tərəf tüpürdü. Uşaq qucağımda donub qalmışdım. Onların haqqımda hansı qərarı çıxaracağını gözləyirdim. Bircə, ümidim yenə də həkim qıza qalmışdı. Nədənsə, bu qərib yerdə, düşmənlər arasında onu özümə pənah bilirdim. Həkim qız zabitlərin qarşısında elə farağat dayanmışdı ki, sanki imtahan verirdi. Doğrusu, onun özünü belə aparması heç xoşuma gəlmirdi. Bir qədər sonra onlar dayandığımız yerdən aralanaraq, yaxınlıqda sıra ilə düzülmüş meşin hədəflərə tərəf getdilər. Meşin hədəflərlə onlar arasında yüz, yüz əlli metr məsafə olardı. Qadın dizə çöküb, üstündə durbin olan snayper tüfəngini sinəsinə dayadı və fasilələrlə atəş açmağa başladı. Zabitlər durbinlə qızın atəş açdığı hədəflərə baxaraq, başlarını buladılar. Onların bu hərəkətlərindən başa düşmək olurdu ki, qız bütün hədəfləri vurmuşdur. Bir qədər sonra onlar, dayandığımız yerdən təxminən dörd yüz, beş yüz metr aralıda, ağaca bərkidilmiş kardon kağızı qadına göstərərk, onu vurmasını tələb etdilər. Snayperçi göstərilən əşyanı hədəfə alaraq, sərrast atəş açdı. Güllənin açılmasıyla, kardon kağızın qopub yerə sərilməsi bir oldu. Kardon kağızın arxasında kim isə vardı. Çünki oradan iniltiyə bənzər səs eşidildi. Və yerə aşarkən tappıltısı aydınca eşidildi. Nə qurğu qurmuşdularsa, qız özü də buna təəccüb etdi. Zabitlər sevinirdilər. Onlar vurulan hədəfi bir-birinə göstərib, qızı alqışladılar. Qız isə təəccüblə onların üzünə baxıb çiyinlərini çəkirdi.

Zabitlərdən biri yaxınlıqda dayanmış əsgərə əmr etdi ki, vurulan hədəfi onların yanına gətirsin. Əsgər hədəfə tərəf yüyürdü. Az keçməmiş bir insan meyidini sürüyə-sürüyə, dartıb zabitlərin yanına gətirdi. Onların danışığından anladım ki, vurulan adam əsir götürülmüş bizim əsgərlərdəndir. Əsirin, xatirini istədiyim bir insan tərəfindən vurulması mənə çox ağır gəldi. Bir tərəfdən onun özünün də tutduğu əmələ təəccüb etməsi, burada nə isə müəmmalı bir işin olmasından xəbər verirdi…

* * *

…Payız fəsli olduğundan günlər çox qısa idi. Başımız söhbətə elə qarışmışdı ki, günün batmasından da xəbərsiz idik. – Mən nə edim? – düşündüm, – burada qalan deyldim ha… Amma getmək də istəmirdim. – Bəs görəsən, sabah yenidən məni qəbul edəcəkdimi? – Bax, bu məsələ məni narahat edirdi. Həm də möhkəmcə acmışdım. Yəqin ki, Səidə də ac olardı. Çünki günorta heç bir şey yeməmişdik. Odur ki, qorxa-qorxa:

– Nə deyirsən, Səidə, söhbətimizin davamını saxlayaqmı sabaha? – Artıq gecdir, siz də yorulmusunuz, – dedim. – Əgər icazə versəydiniz, sabah yenə gələrdim.

Qadın bir qədər susdu sonra başını qaldırmadan:

– Əgər bu danışdıqlarımın sənin üçün bir əhəmiyyəti varsa, nə deyirəm, gələ bilərsən. Bir də ki, kim bilir, bəlkə elə axşam öldüm, sabah sənə qapı açan olmadı. Onun bu sözləri məni qorxuya saldı. Mənə elə gəldi ki, qadın öləcəyi günü bilir. Bəlkə də, elə onun ömrü bu gecə başa çatacaqdı, – düşündüm. Ona görə də, getmək təkliyfini irəli sürdüyüm üçün peşimançılıq hissi keçirtdim. Amma artıq gec idi, mən ayaq üstəydim.

– Sizə nə lazımdır, xahiş edirəm deyin, sabah gələndə alıb gətirim? – dedim.

– Heç nə lazım deyil. Elə bir şeyə ehtiyacım yoxdur, – dedi.

Yenə əl çəkmədim:

– Bəlkə bir şey keçir ürəyinizdən, çəkinirsiniz deməyə? – soruşdum.

O handan-hana dilləndi:

– Əgər mümkünsə, «Ruslana» bir şey alıb gətirin, ətdən, sümükdən nə oldu. Mən əvvəlcə qadının nə dediyini anlamadım. Bir qədər sonra başa düşdüm ki, söhbət itdən gedir. Odur ki, tezcə də dilləndim:

– Əlbəttə… əlbəttə… Çalışaram ki, bir şey alıb gətirim. Onunla xudahafizləşib eşiyə çıxdım.

Hava qaralmışdı. Möhkəmcə yağış yağırdı. Küçədəki dirəklərdən asılmış elektirik lampalarının zəif işığı əyri-üyrü və çalaçuxurlu, dolanbac yolları güclə işıqlandırırdı. Fikrlərim yaman dolaşmışdı. Daha doğrusu, möhkəmcə yorulmuşdum. Insanın başına gələn bu boyda müsibəti heç cür ağlıma sığışdıra bilmirdim. Həm də, bunları təsəvvür etmək çox çətin idi. Mən onun ağrısını başa düşürdüm, bilirdim o, hansı hissləri keçirir. Əlbəttə, indi ona bunları danışmaq çox çətin gəlirdi. Danışdıqca həmin ağrılı günləri yenidən yaşamağa məcbur olurdu. Bu da onun əzablarını ikiqat artırırdı. Hələ çox şey mənimçün qaranlıq qalmışdı. – Qismət olsa, – düşündüm, bunların axırına çıxmalıydım.

Avtobus dayanacağına çatsam da, bir az piyada getmək qərarına gəldim. Beynimin yorğunluğunu çıxarmaq üçün yağış altında gəzmək istəyirdim. Nə qədər piyada gəzdiyimi bilmirəm, onda gördüm ki, tamam suyun içindəyəm. Saçlarımın ucundan su damcılayırdı, həm də bərk üşüyürdüm. Avtobusa oturub mehmanxanaya gəldim.

Nadejda kəndiylə Stavropol şəhəri arasında beş kilometr məsafə vardı. Şəhər o qədər də böyük deyildi, bu başından, o başına piyada gəzmək olardı. Nadejda kəndi, bəlkə də Stavropol şəhərinin yarısı qədər olardı. Kənd çox mənzərəli və qədim bir kənd idi. Şəhərə gəlincə bu şəhər büsbütün yaşıllıqlarla əhatə olunmuşdu. Üç böyük park salınmışdı şəhərdə. Rusiyanın çox mənzərəli və sakit bir guşəsi idi bu məkan. Əhalisi qarışıq millətlərdən idi. Hər cür millətə rast gəlmək olurdu burada, rusundan tutmuş, siqanına kimi. Dəfələrlə olmuşdum burada. Son bir ildə Səidəyə görə dörd dəfə gəlmişdim, bu dəfəki gəlişim beşinci idi.

 

Ac olsam da, yeməyə meylim çəkmirdi. Amma canımdakı soyuqluğu çıxartmaq üçün, mehmanxananın birinci mərtəbəsindəki restorana girməyə məcbur oldum. Yemək sifariş verib gözlədim. Yaman fikirliydim. Xəyalım hələ də o qadının yanındaydi. Bir an da olsun onun görnüşü gözlərimin qarşısından çəkilib, getmirdi. Fikirlərim qarışdığından, bu anda yeyəcəklərimin canıma yatmayacağını düşünüb, ayağa qalxdım. Sivariş etdiyim yeməyin pulunu xidmətçiyə verib otağıma gəldim və yatağıma uzandım. Yuxulamaq istəyirdim. Bilirdim ki, eşitdiklərimi yenidən xatırlasam, səhərə qədər yata bilməyəcəkdim. Gözlərimi yumub, tamam başqa şeylər haqqında fikirləşməyə başladım. Nə qədər çalışsam da, gecə yarısına kimi yata bilmədim. Səidənin taleyi narahat edirdi məni, qadının başına gətirilən müsibətlər ağrıdırdı ürəyimi. Nəhayət ki, nə vaxt yuxuladığımdan xəbərim olmayıb. Səhər yuxudan ayıldanda, hələ yorğunluğum canımdan çıxmamışdı. Əl-üzümü yuyub aşağı, restorana düşdüm və səhər yeməyini qaydasınca yedim. Çünki həm axşam yeməmişdim, həm də bilirdim ki, bu gün də yeyə bilməyəcəyəm. Mehmanxanadan çıxıb, küçədən keçənlərin birindən bazarın səmtini soruşdum. Məqsədim bir-para ərzaq almaqdı. Yəqin ki, aldığım ərzaq barədə Səidə mənə bir söz deməzdi, – düşündüm. Bir xeyli bazarlıq etdim. Səidənin tapşırığını da unutmayıb, it üçün sür-sümük qarışıq ət aldım. Əti alan zaman fikrimdə tutduğum «it üçün alıram» sözləri, Səidənin mənə dediyi «Oğlum Ruslan üçün bir az ət al» sözləriylə heç uyğunlaşmırdı. Bu sözlər arasında yerlə-göy qədər fərq vardı. Heyvanın hansı məziyyətləri onu qadının gözlərində ucaltmışdı? Qadın ona nə üçün oğlum deyirdi? Bu mənim üçün hələ də qaranlıq idi. Amma əslinə qalsa, o heyvan mənim gözlərimdə hər gün rastlaşdığım itlərdən və mən deyərdim ki, ən axmaq və tənbəl itlərdən biriydi. Onun nə görünüşü, nə də qeyri-adi bir davranışı, mənim onu sevməyimə bir əsas vermirdi və inanmırdım ki, bu ağzıselikli köpək it nə vaxtsa qeyri-adi bir qəhramanlıq göstərmiş olsun. Qadının o itə bağlılığını da, təhnalığın bir əlaməti olaraq başa düşürdüm Hər halda qadına görə, mən də bu itlə yaxşı münasibət qurmağa məcbur idim və bununçün çalışacaqdım.

Saat doqquza qalmış Səidənin qaldığı evin qapısının ağzındaydım. Astaca qapını döydüm. Qapı dünənkindən də bir az gec açıldı. Bu vaxtacan az qaldı ürəyim qaralsın. Nələr gəlib keçmədi ağlımdan? Qorxurdum ki, Səidə bu dəfə qapını üzümə açmasın. Gec də olsa, qapı açıldı. Qapının səsini eşidəndə ürəyim bir az sakitlik tapdı. Salam verib, onun kef-əhvalını soruşdum.

O isə başını qaldırmadan:

– Keç içəri, evi soyutma! – dedi.

Otağa keçib qapını bağladım. Yenə dünənki qoxu burnumu qıcıqlandırdı. Əlimdəki bağlamaları evin bir küncünə qoyub:

– Bir az ərzaq almışam, – dedim.

O, heç üzümə də baxmadan:

– Neynirdin bu qədər ərzağı? – Ruslan üçün bir az sür-sümük alsaydın bəs edərdi.

Onun sir-sifətindən yorğunluq hiss olunurdu. Hərəkətləri də ləng və üzücü idi. Diqqətlə ona baxdığımı görüb:

– Axşam heç yatmamışam, bilmirəm bu gün söhbətimiz alınacaqmı?

Bilirdim ki, o narahatçılıq hissi keçirir. Olub-keçənləri xatırlamaq, başına gələnləri yenidən yaşamaq onun üçün çox əzablı idi. Bunların hamısını yaxşı başa düşürdüm. Otağa keçib dünən oturduğum yerdəcə əyləşdim. It də öz yerində uzanmışdı. Elə bil ötən vaxt ərzində o yerindən heç tərpənməmişdi. Dünənki kimi başını pəncələri arasına alaraq mürgü vururdu. Itə çox baxdığımı görüb:

– Bütün günü yatır. Qabaqlar yenə də başımı qatardı. Yəqin qocalıqdandır? – deyə o, dərindən köks ötürdü.

– Qapalı şəraitdə qalmaq onun canını üzür, it çöl-bayırda yaşayan heyvandır. – Deyirsiniz, iki ildir buradasınız, yəqin bu iki ildə otaqdan bayıra çıxmayıb, elə deyilmi? – deyə ona, təsəlli verməyə çalışdım.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?