Əsir qadın

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Əli, ora bax, orda əsgərlər var! – dedim.

O yerindən dik atıldı. Gözlərini ovub, diqqətlə bizdən xeyli uzaqda olan əlisilahlı əsgərlərə baxdı. Onların səslərini eşitsək də, nə dildə danışdıqlarını ayırd etməkdə çətinlik çəkirdik. Əli onlara bir xeyli göz qoyduqdan sonra yavaşca:

– Ehtiyatlı ol, düşmənlərdir! – dedi. Sonra mənə ürək-dirək vermək üçün əlavə etdi: – Özünü tox tut, qorxub eləmə.

Bəlkə də, qorxu deyilən o müdhiş varlıq canımda yox idi. Ərimin bu sözlərindən sonra, doğurdan da, qorxmağa başladım. Necə də qorxmayaydım, məgər bizi isti ocağımızdan çöllərə salan, elə bu qorxu hissi deyildimi? Əgər qorxu hissi canımızda dolaşmasaydı, elə ev-eşiyimizdə qaxılıb qalardıq da… Amma necə olsa, ərim yanımdaydı, döyüşçüydü, əlisilahlıydı. Canımdakı qorxunu özümdən uzaqlaşdırmaq üçün ona arxayın olmalıydım. Əlinin sir-sifətində isə zərrə qədər də olsun qorxu hissi görünmürdü. Yəni doğurdanmı, doyüşçülərin hamısı belə olur? – düşündüm. Nə olursa olsun, bu qan-qadanın xatasız sovuşub, keçməsini arzulayırdım. Bilirdim ki, bu dəqiqələrdə Əli lap cəngavər olsa da belə, mən və körpəmiz onun əl-ayağına sarmaşıq kimi sarınmışıq. Bəlkə o tək olsaydı çoxdan öz qərarını verərdi.

Əli bir an da olsun gözlərini düşmənlərdən ayırmadan, onların hər bir hərəkətini izləyirdi. Elə bu vaxt xəyalımıza gəlməyən bir hadisə baş verdi. Əsgərlərdən biri çiynindəki silahını aşırıb yanındakı yoldaşlarının birinə verdi və yolun üstünə adlayıb, komaya tərəf qaçmağa başladı. Həmin anda hiss etdik ki, əsgəri komaya tərəf qaçmağa vadar edən, onun komadan ayaqyolu kimi istifadə etmək istəyidir. Çünki o, qaça-qaça belindəki qayışını açırdı.

– Əclafın bu işi hardan çıxdı? – deyə, Əli mızıldandı.

Əsgər isə biz tərəfə qaçmaqda davam edirdi. Onunla bizim aramızda yüz metrdən də az bir məsafə qalmışdı. Ərim ehmalca əlini çiynimə qoyub dedi:

– Səidə, uşağı da götür keç mənim arxama. Qoy, o əclaf girsin komaya, onun əcəli elə burda çatıbdır.

O elə arxayın danışırdı ki, elə bil komaya tərəf gələn düşmən əsgəri yox, itdən-pişikdən bir şey idi. – Nə olsun əlində silahı yoxdur, bəs o yolda dayanan əsgərləri Əli görmürdümü? – deyə fikirləşdim. Hər halda ağlım bir şey kəsmirdi. Ancaq onu bilirdim ki, Əli düşmən əsgərini komada diri də tutsa, onu öldürsə də, bu hadisə bizimçün yaxşı qurtarmayacaqdır. Bilmirəm, nədənsə ürəyimə belə danmışdı.

Düşmən əsgəri bizim on addımlığımızdaydı. Komanın taxta qapısının təpiklə vurulub açılmasıyla, ərimin əsgərin alnına avtomatın qundağıyla güclü zərbə endirməsi bir anda oldu. Bu elə tez və gözlənilməz baş verdi ki, mən özümə gəlməyə macal tapmamış, əsgərin yerdə çabaladığını gördüm. O, elə bircə dəfə “O-yyy!..” – deyib, ərimin ayaqları altına yıxıldı. Əsgər başı kəsilmiş toyuq kimi yerdə çabalayırdı. Alnından axan qan sir-sifətini görünməz hala salmışdı. Bir azdan onun nəfəsi tamam kəsildi. Əli avtomatın lüləsiylə onun taqətsiz bədənini dürtmələyərək:

– Canınız elə bu deyilmiş, ay əclaflar, nə xoruzlanırsınız?

Qan məni tutmuşdu, ürəyim bulanırdı. Özümü saxlaya bilməyib, komanın küncünə qusdum. Ərim çiynimə toxunub məni sakitləşdirməyə çalışdı:

– Keçib gedər, – dedi, – özünü bir az tox tut.

Bu hadisənin üstündən bir qədər vaxt ötdü. Aşağıdan səslər eşidirdik. Əsgərlərdən biri üzünü komaya tərəf tutaraq:

– Qurqen!.. Qurqen!.. – deyə, qışqırırdı.

Bir qədər də keçdi, bu dəfə onlardan biri avtomat silahdan komanın üstündən atəş açdı. Ətrafdakılar bərkdən gülüşdülər. Beləcə bir az da keçdi. Bu dəfə atəş səsləri çoxaldı. İndi onların hamısı komanın yan-yörəsinə atəş açırdılar. Komadan heç bir səs-səmirin eşidilmədiyini görəndə, onlardan biri iti addımlarla bizə tərəf gəlməyə başladı. Bu bayaqkı hadisənin oxşarı olmayacaqdı, – fikirləşdim. Çünki əsgərin əlində silah vardı. Düşüncəmdə yanılmamışdım, əsgər komaya yaxınlaşarkən sürətini azaldıb, silahını çiynindən aşırdı. Sanki o, baş vermiş hadisədən duyuq düşmüş kimi ehtiyatla davranırdı. Komaya tərəf pişik kimi pusa-pusa gəlməsindən onun nə qədər hiyləgər olduğu bilinirdi. Dönüb Əliyə baxdım. Onun bu dəfə hansı qərar çıxaracağı məni maraqlandırırdı. O da, elə bil mənim ürəyimdən keçənləri duyurmuş kimi:

– Deyəsən, onların hamısını ölüm girələyir, – dedi və dizə çöküb avtomat silahını sinəsinə sıxdı. Əsgər komanın bir neçə addımlığında dayanıb, içəri girməyə ehtiyat edirdi. Əslində onun qorxduğunu aydınca sezmək olurdu.

Düşmən əsgəri titrək səslə:

– Ey Qurqen! – deyə səsləndi. Qorxduğu səsinin titrəyişidən də hiss olunurdu. Səs gəlmədiyi tərzdə, əvvəlcə komanın üstündən, sonra da dəmir örtüyünə bir neçə güllə boşaltdı.

Səsə qucağımdakı uşaq diksinib ağladı. Əli dönüb bir mənə, bir də qucağımda ağlayan oğlumuza baxdı, sonra astaca:

– Başqa çarəmiz yoxdur! – deyib, yalnız bircə güllə ilə əsgəri vurub yerə sərdi. Diqqətlə onun hərəkətlərini izlədiyimə görə, güllənin düşmən əsgərinin alnının ortasından necə dəydiyini də, öz gözlərimlə gördüm. Əsgərin heç bir səs çıxartmadan arxası üstə yerə aşması gözlərimin qabağında oldu. Əli bir an da gözləmədən yoldakı əsgərlərə də atəş açmağa başladı. Bu dəfə o, avtomat silahını sinəsinə basaraq, ayaq üstə atəş açırdı. Həmin anda iki düşmən əsgəri də yerə sərildi. Əks tərəfdən də komanı atəşə tutmuşdular. Güllələrin yan-yörəmizdən və başımızın üstündən vıyıltıyla ötüb keçməsi vəziyyətin o qədər də yaxşı olmayacağından xəbər verirdi. Bizim işimiz xeyli çətinləşmişdi. Təpə göz qabağında olduğu üçün biz atəş hədəfindəydik. Düşmən əsgərləri isə yolun kənarındakı çökəklikdən atırdılar. Əli körpüdə öldürdüyü düşmən əsgərlərindən götürdüyü avtomatlardan da istifadə edərək atəş açırdı. Bir azdan yolda bir hərbi maşın göründü. Maşın dayanan kimi içindən əsgərlər tökülərək, yerə uzanıb atəş açdılar. Komanın içndə ağzı üstə uzanmışdıq. Salamat qalmağımıza səbəb də bu idi. Komanın böyür-başının taxtaları güllələrdən qırıq-qırıq olub başımıza səpələnirdi. Bu vəziyyətdə uzun müddət duruş gətirmək ağlıma belə gəlmirdi. Əli daha atəş açmırdı. Onun başını qaldırmağa belə imkanı yox idi. Deyirəm axı, koma təpənin üstündə olduğu üçün əliçi kimi aydınca görünürdü. Elə bu vaxt yaxınlıqda güclü bir partlayış qopdu. Partlayış dalğası komanı kibrit qutusu kimi götürüb kənara tulladı. Gözlərimi açanda, Əlini qan içində çabalayan gördüm, sağ qolu dirsəkdən yuxarı, özündən beş-altı metr aralıda düşüb qalmışdı. Yaralı qolundan qan fışqırırdı.

Özümü itirdiyim üçün donub yerimdəcə qalmışdım, nə edəcəyimi bilmirdim. Əli isə sol əlini yarasının üstünə basaraq zarıyırdı. Ətrafında qan göllənmişdi.

Uşağı qucağımdan yerə atıb, onun üstünə yüyürdüm. O, gözlərini bərk-bərk sıxaraq, dişlərini bir-birinə kilidləmişdi. Sifəti ağappaq idi. Bədəninin ayrı-ayrı yerlərindəki qan ləkələri, onun bir-neçə yerdən yaralandığını göstərirdi. Özümü tamam itirmişdim, qışqırmaqdan başqa bir şey edə bilmirdim. Handan-hana özümə gəlib, götürdüyüm çantadan bir qədər təmiz ağ parça tapıb, onun yaralı qolunu sarımağa çalışdım. Axan qanı saxlamaq olmurdu, üzülmüş damarlardan qan fışqırırdı. Ərim isə susurdu. Bəlkə də o, ağrıdan qışqırıb, fəryad qoparardı, lakin bizi qorxutmamaq üçün canını dişinə tutub, bir təhər dözürdü. Üst-başım onun qanına bulaşmışdı. Əlinin başını dizimin üstünə qoyub hönkürürdüm. O, nə isə pıçıldayırdı, amma dediklərini anlamaq olmurdu, səsi boğazında xırıldayıb, sönürdü.

Küləşin üstünə düşüb qalmış uşaq da dayanmadan ağlayırdı, onun səsini sanki eşitmirdim. Bu anda mənə hər şeydən əziz Əli idi. İstəyirdim elə bu dəqiqə o, ayağa qalxıb bizi buradan uzaqlaşdırıb aparsın. Onun ölümü hamımızın ölümü demək idi. Əli isə zarıyırdı. O, nəfəsini çiyinlərindən alırmış kimi tövşüyürdü. Düşmən əsgərləri isə hərəkətə gəlmişdilər, ətrafa səpələnmiş halda bizə tərəf irəliləyirdilər.

Mən onların gəldiyini görüb, ərimin başını dizimin üstündən qovzayaraq:

– Əli… Əli… dur də onlar gəlirlər axı, – deyə təlaş içərisində qışqırırdım.

Onun halı özündə deyildi, taqəti kəsilmək üzrəydi. Sol əlini yavaş-yavaş ətrafında gəzdirərək nə isə axtarırdı. Mən sürünərək ondan bir az aralı düşmüş avtomatını götürdüm və silahı onun əlinə verdim. Əli gözləri yumulu halda silahın dəstəyindən yapışdı. Silahı tutmaq iqtidarında deyildi, silah onun əlindən sürüşüb yerə düşdü.

Düşmənlər lap yaxındaydılar. Aramızda, artıq çox az məsafə qalmışdı. Yəqin ki, onlar atəş açan şəxsin öldüyünü, ya da ölümcül yaralandığını hiss etmişdilər. Çünki mənim fəryad qopararaq, ağladığımı görürdülər. Əlinin səsi tamam eşidilməz olmuşdu, uşaq isə birdüzümə qışqırırdı. Qalmışdım ikisinin arasında, bilmirdim ki, hansını ovudum. Mən uşağı qucağıma alıb sinəmə sıxdım, qorxdum ki, səsini kəsmək üçün onu güllələyərlər. Özüm isə bərkdən qışqırırdım, qışqırırdım ki, düşmənlər mənə atəş açıb öldürsünlər. Bu anda elə ölmək istəyirdim ki… Amma onların məni öldürmək fikirləri yox idi.

On beş nəfərə yaxın düşmən əsgəri bizi mühasirəyə almışdı. Onların acıqlı sifətlərini gördükcə, ətim ürpəşirdi. Ürəyimdən qəribə hisslər keçirdi, allaha yalvarırdım ki, nə olaydı indi Əli ayağa qalxıb onlara atəş açacaq, hamısını biçib, yerə sərəydi. Amma çox heyif ki, mənim düşündüklərim əlçatmaz bir xəyal idi, Əlinin bir də ayağa qalxması möcüzə olardı…

Güclü bir əlin saçlarımdan yapışıb məni kənara tullayanacan, hələ də hansısa bir möcüzənin baş verəcəyini gözləyirdim. Qorxu dəhşətli bir hissdir, o anda daha heç nə baradə fikirləşməyərək öz canımın hayındaydım. Kənara düşüb qalmış və ağlamaqdan sir-sifəti göm-göy olan uşağın da səsi qulaqlarımda eşidilməz olmuşdu. Düşmənlər ölmüş yoldaşlarının cəsədlərini görəndə bir az da quduzlaşdılar. Onlar Əlinin yaralı və taqətsiz vücudunu dövrəyə almışdılar. Bu vaxt düşmənlərdən biri aşağı əyilib, ərimin solmuş sir-sifətinə diqqətlə nəzər saldı və elə o dəqiqə də bərkdən qışqırdı:

– Əlı… Əli…

Onlar ərimi tanımışdılar, axı, onun başına çoxlu pul ayrılmışdı, – deyə Səidə, dərindən köks ötürdü. – Onlardan biri çəkməsini Əlinin yaralı qolunun üstünə qoyub tapdadı. Əli güclə eşidiləcək səslə ufuldadı. Sən demə, yazıq hələ ölməyibmiş…

 

…Səidə bir qədər susub başını aşağı saldı. Gözlərindən süzülərək çənəsində yumurlanan, sonra da damcı-damcı döşəmənin üstünə düşən göz yaşlarını görəndə, ona təsəlli vermək üçün nə isə bir söz demək istədim. Bacarmadım. Nə desəydim belə, onun yaralı ürəyinə məlhəm olası bir təsəlli verə bilməyəcəkdim. Ona görə də, susmağı qərara aldım. Bir qədər də keçdi, Səidə kirimək bilmirdi. Elə bil onun bütün keçmiş xatirələri oyanmışdı. Nəzərlərimi ondan çəkmirdim, mənə elə gəlirdi ki, ona qarşı diqqətsiz olduğuma görə, elə bu dəqiqə evi tərk etməyimi, buradan çıxıb getməyimi tələb edəcəkdi. Bir azdan o, göz yaşlarını silib udqundu.

… – Həmin dəstənin komandiri olan zabit qayışına keçirtdiyi iri və əyridəstəkli bıçağını çıxarıb Əlinin xirtdəyinə dirədi, – deyə Səidə, söhbətinə davam etməyə başladı.

– Çox soyuqqanlılıqla ərimin başını kəsdi. Sonra qanlı başı yuxarı qaldıraraq gülə-gülə yanındakılara nə isə dedi. Onun dediyi “dollar…” kəlməsindən başa düşdüm ki, ərimin başı üçün ayrılmış pulu almaq üçün sübut olaraq başı kəsib özləriylə aparacaqlar. Əlinin başı bədənindən üzüləndən sonra, o yerdə çabalamağa başladı. Onun çabalamağı… – Səidə sözünü tamamlaya bilməyib susdu. Uzun sükütdan sonra üzünü mənə tutub iniltili səslə:

– Sənə qəribə gəlir, yəqin mənim belə sakit danışmağım, elə deyilmi? Fikrləşirsən ki, bu qadının ürəyi daşdandı, nədi? Əslində belə deyil, – deyə o, məndən cavab gözləmədən sözünə davam etdi. – Sonradan başıma elə müsibətlər gətirdilər ki, onlar daha dəhşətli idi. Bütün olub-keçənlərə, bax beləcə dözərək yaşadım. İnsan qəribə varlıqmış. Onun qəribəliyi ondadır ki, o, həm baş kəsəndir, həm də başı kəsilən. Həm zülm edəndir, həm də zülm edilən. Fərqi yoxdur bunu kim edir, bircə o məlumdur ki, bunu edən “insan” adlı məxluqdur. Bir də qəribəsi odur ki, biz hər hansı dəhşətli bir hadisəni duyan zaman qorxu hissi keçiririk. Onu yaşayan zaman isə bu qorxu hissi bizi tərk edib gedir, biz ona öyrəşirik. Ona görə, nə qədər dəhşətli olsa da, mən o hadisələri yaşamışam…

Başımın işarəsiylə onun sözlərini təsdiqlədim.

…Qucağımdakı uşaq, elə bil olub-keçmişləri duyurmuş kimi bərkdən qışqıraraq, fəryad qoparırdı. Nə bilim, bəlkə də atasının başının kəsilməsi ona əyan olmuşdu. Mənim ağlım üstündə deyildi, elə bil havalanmışdım. Yanımdakıların yırtıcı düşmən olduqlarını da sanki unutmuşdum. Onlar mənim qolumdan tutub, yolda dayanmış maşına tərəf aparanda da, yanlarınca sərbəstcə addımlayırdım. Arada dönüb geriyə də boylanırdım. Oradan uzaqlaşdıqca, ərimin başsız bədəninin torpaq üzərində get-gedə kiçildiyini görürdüm. Böyürümcə yeriyən əsgərin əlində isə ərimin qanlı başı yırğalanırdı… Qəribə idi, mən o kəsilmiş başa baxıb, bir azca da olsa təsəlli tapırdım… Təsəllim də o idi ki, Əli bizimlə gedirdi…

Düşmənlər ölmüş əsgərlərinin də meyitini maşına yüklədilər. Ölənlərin sayı beş nəfər idi. Əlavə üç meyit də maşında var idi. Bunlar da axşam körpünün yanında güllələnmiş əsgərlərdi. Məni maşının yük yerində, əsgərlərlə birgə oturmağa məcbur etdilər. Əsgərlər mənimlə adi bir əşya kimi davranırdılar. Mən cansız bir taxta parçasına dönmüşdüm onların əhatəsində. Uşaq da bu basırıqda, elə bil dəlicə olmuşdu, hey qışqırırdı. Onlardan biri böyürümü dürtmələyərək, məni başa saldı ki, uşağın səsini kəsim. Mən isə ona fikir verməyərək susub qalmışdım. Həmin əsgər arxadan əl atıb yaxamı açdı və bir az da bərkdən qışqıraraq:

– Eşitmirsən? – dedi. – Yedirt küçüyünü!.. Yoxsa, onu başqa şeylə doyuzdurarıq.

Mən uşağı sinəmə sıxsam da, onların yanında oğlumu yedizdirməyi özümə sığışdırmadım. Bu hərəkətim düşmən əsgərinin acığına gəldi. O, ayaqları altından ərimin qanlı başını götürüb, ağlayan oğlumun başının üstündə saxladı və gülə-gülə:

– Ağlama, it küçüyü, bax, xoxan gəlib səni yeyər! – dedi.

Ətim ürpəşdi, qorxudan bədənim əsməyə başladı. Uşaq isə ağlamaqda davam edirdi. Əsgər bu dəfə kəsilmş başın saçlarından yapışıb, uşağın geniş açılmış ağzına yaxınlaşdırdı və başdan süzülən laxtalanmış qanı uşağın ağzına axıtdı. Körpə ağzına tökülən qanı acgözlülüklə soraraq, səsini kəsdi. Əsgər elədiklərini yoldaşları da görsün deyə:

– Görürsünüz, bu vəhşiləri?.. Oğul atasının qanını içir. – Tfu, sizə… Siz nə murdar həşaratlarsınız! – dedi.

Mən üzümü yana çevirərək, əlimin arxasıyla ərimin başını kənara itələdim. Əlim bum-buz olmuş qanlı başa dəyən kimi bədənimdən gizilti keçdi, ürəyim sıxıldı, qollarımın taqəti çəkildi. Uşaq qucağımdan diyirlənərək, əsgərlərin ayaqları altına düşdü. Əsgərlər mənim heysiz bədənimə ac qurd kimi daraşmışdılar. Ölmüş heyvan cəsədi kimi məni hərə bir yerə dartışdırırdı. Bu vəşhilər, elə bil diri-diri parçalayıb, yemək istəyirdilər məni. Bu vaxt maşın dayandı, kabinədəki zabit yuxarı boylanıb dedi:

– Nədi, deyəsən, aranızda bölə bilmirsiniz? Axı, siz çox, o isə təkdir. Elə isə ötürün, qoy gəlsin mənim yanıma. Bir qəhbədən sarı, bir-birinizlə dava-dalaş salıb, aranızı vurmayın. Bir də ki, o, əliuşaqlı qadındır, onun yeri qabaqkı sıralarda olmalıdır. Məgər bunları sizə məktəbdə öyrətməyiblər? – deyə o, qəh-qəhə çəkib güldü. Zabit məni maşının yük yerindən salıb, kabinədə, öz yanında əyləşdirdi. Bura isti və rahat olsa da, zabitin dinc durmayan əli, bir an da olsun mənə sakitlik vermirdi… Gəlib bir qəsəbəyə çatdıq. Maşından yerə düşməyə taqətim qalmamışdı. Bir yandan çəkdiyim müsibətlər, digər tərəfdən də gecədən bəri ac-susuz qalmağım məni tamam taqətdən salmışdı. Qucağımdakı uşaq da yaman narahat idi, bir dəqiqə də olsun sakitləşməyərək, ağlayırdı.

Zabit işarə etdi ki, maşından düşüm. Ayaqlarım keyləşdiyindən, mənə elə gəldi ki, yerə düşən kimi yıxılacağam. Bir qədər gözlədim ki, ayaqlarımın keyi açılsın. Elə bu vaxt sürücü arxadan mənə necə bir təpik vurdusa, uşaq qucağımda ağzıüstə torpağa sərələndim. Ətrafdakılar gülüşdülər. Məni əsgər kazarmasına aparıb, ayrıca bir otağa saldılar. Əvvəlcə yemək gətirdilər. Heç nəyə əl vurmadım. Acından ürəyim sivrilsə də, yemək istəmirdim. Bu həngamədən sonra yeməkmi boğazımdan keçərdi? Amma məni məcbur edirdilər ki, bir şey yeyim. Uşağı sakitləşdirmək üçün stəkana şəkər salıb qarışdırdım, sonra ona içirtdim. Halsızlıqdan ürəyim bulanırdı. Başımı stola dayayıb bir qədər sakitləşmək istəyirdim. Başıma gələn müsibətlər az qalırdı məni dəli etsin. Oğlum isə elə hey zarıyırdı. Ona qulaq asası halım qalmamışdı. Canımdan artıq sevdiyim ciyərparam, sanki gözümdən düşmüşdü, durub sakitcə ona baxırdım. O, yumuruqlarını düyünləyərək qulaqlarına sıxmış və başını sağa-sola fırladaraq qışqırırdı. Nə edəcəyim barədə fikirləşirdim. Bilirdim ki, sağ qalsam bu vicdansızlar başıma ağlagəlməz müsibətlər açacaqlar. Çünki mən həm zabit arvadıydım, həm də biz tutulan zaman ərim onlardan xeyli adam öldürmüşdü. Bir də ki, məni aparıb yuxarı başda oturmayacaqdılar ki… Bilmirdim özümə necə qəsd edim? Necə edim ki, özümü öldürə bilim? Gözlərimi otağın hər bir yerinə gəzdirib, nə isə axtarırdım. Əslində, özümü asmaq üçün bir yer gəzirdim. Amma necə? Adamın özünə qəsd etməyin də bir arxayın vaxtı, vədəsi varmış, sən demə. Mən bədbəxtə bu arxayınçılığı da tanrı çox görmüşdü. Özümü öldürmək üçün hardan tapacaqdım, ipi, qarmağı ki, özümü asa bilim.

Günortaya az qalmış məni buraya salan düşmən zabiti qucaqdolusu bağlamayla otağa girdi. Kefi kök idi. Öz-özünə mızıldanaraq, nə isə züm-zümə edirdi. Əlindəkiləri stolun üstünə düzdü, yemək-içmək idi. O dəqiqə anladım ki, bu yemək-içmək mənim başıma oyun açacaqdır. Bayaqdan heç olmasa sakitcə qaxılıb oturmuşdum yerimdə. Indi dərdlərimlə baş-başa qaldığım bir vaxtda onlar məni yedirib-içirməyə çalışacaqdılar. Sonra da, allah bilir başıma hansı oyunlar açacaqdılar. Bilirdim… Bilirdim bu əclafların işini. Bundan artıq onlardan nə gözləmək olardı? – Gör, başıma nə oyunlar gəlir, tanrım? – dedim. – Belə də dərd olar? – Yalvarıb, yaxarımmı onlara? – düşündüm. – Düşümmü bu zabitin ayaqlarına? Ağlayıb, sıtxasaydım rəhmləri gələcəkdimi mənə?! Buraxacaqdılarmı məni görəsən? Nə qədər ağır da olsa, körpəmi ləyaqətimə qurban verməyə hazır idim. Istəyirdim, uşağımı götürsünlər, lap onu öldürsünlər, amma buraxsınlar məni. Təki, ərimin ruhu qarşısında alçatmasınlar, təhqir etməsinlər məni.

Stol hazır olanda, zabit qolumdan tutub, məni stol arxasında oturtdu və özü də mənimlə qarşı-qarşıya əyləşdi. O, bizim dildə güclə danışırdı. Danışdığı sözlərin də çoxu söyüş idi. Məni məcbur edirdi ki, bir şey yeyim. Mən isə ona anlatmaq istəyirdim ki, yemək istəmirəm. Zabit stulunu çəkib yanımda əyləşdi və qolunu çiynimə qoyub, məni özünə sıxdı. Ömrümdə ilk dəfə idi ki, yad bir kişinin nəfəsini bu qədər yaxından hiss edirdim. Dəhşətlisi də burasındaydı ki, bu düşmənim olan bir adamın nəfəsiydi. Hansı ki, bir az bundan qabaq onun əli ərimin qanına bulaşmışdı. Indi bu əl mənim namusuma uzanırdı…Stoldan dik qalxdım. Bu elə ani baş verdi ki, zabit də qorxaraq, yerindən qalxdı və tez əlini belindəki tapançasına atdı. Mən onun ayaqlarına düşüb, yalvarırdım. Yalvarırdım ki, bəlkə onun daş ürəyini göz yaşlarımla yumuşalda bildim. Namusumu qorumaq üçün onun çəkmələrini də öpməyə hazır idim, təki o, məni sakit buraxaydı. Əgər bunlar baş versəydi, mən ərimin ölümünü də, ev-eşiyimin viran olmasını da bağışlayıb, halal edəcəkdim onlara. Amma mən düşündüyüm kimi də, düşmən axmaq deyilmiş. O, qolumdan tutub məni ayağa qaldırdı və ağzını qulağıma tutub çox axmaq bir təklif etdi. Bu təklifə razılıq verəcəyim halda məni buraxacağına söz verirdi. Məni düşmənlərimdən qorxudan namusumun, şərəfimin təmizliyi idi. Mən bunlara görə onlardan çəkinirdim. Namus, şərəfim ləkələnəndən sonra neynirdim quruca canı ki, onun üstündə bu qədər əsim.

Başımı bulayıb, onun təklifini qəti şəkildə rədd etməyimlə, sifətimə dəyən güclü zərbə eyni anda oldu. Səndələyib, divara çırpıldım. Sanki üzümə vurulan zərbə düşmən əlində əsir olduğumu anlatdı mənə. Və düşmənin mənə heç vəclə güzəştə getməyəcəyini ürəyimdə yəqinləşdirdim. Odur ki, stolun üstündəki araq butulkalarından birini götürüb, var gücümlə düşmən zabitinə tərəf tolazladım. Zabit özünü divara tərəf sıxdı. Butulka onun dirsəyini tutdu. O, gözlərini sıxıb elə bağırdı ki, ətini, sanki maqqaşla tutub qopartdılar. Zabit ufuldaya-ufuldaya üstümə yeridi. Ikinci butulkanı da götürüb ona tərəf atdım. Bu dəfəki butulka onun başının üstündən ötüb, divara dəydi və elə o andaca çilik-çilik olub ətrafa səpələndi. Zabit üstümə atılıb başıma güclü bir yumruq ilişdirdi. Gözlərim qaraldı, ayaq üstə dayana bilməyib, döşəmənin üstünə yıxıldım. Dizə çöküb üzümə bir-iki şillə də ilişdidi. Şillələrin zərbi o qədər ağır idi ki, sifətim bir anın içində şişərək kündəyə dönmüşdü. Halsız halda yerdə uzanıb qalmışdım. Zabit ona təslim olduğumu zənn edərək, məni soyundurmağa çalışdı. Ona müqavimət göstərərk əl-qol atırdım. Özümü qorumaq üçün vəhşi pişiyə dönmüşdüm. Zabitin sir-sifətini dırnaqlarımla didik-didik edib, parçaladım. Onun üz-gözü alqanın içindəydi, burnunun dərisi qopub, sallanırdı. Döşəməyə damcılanan qan onu hövsələdən çıxartmışdı. Ayağa qalxıb haram gəldi təpiklə vururdu. Ağır çəkmələrinin zərbəsi bütün bədənimi keyiəşdirmişdi. Ağrıdan canım boğazıma yığılmışdı. O isə yaralı qaban kimi fınxıraraq, məni döyməkdə davam edirdi. Hay-küyə bir neçə düşmən əsgəri də qapıda göründü. Onlar zabitin məni təpikləməsinə kinoya baxırmışlar kimi tamaşa edirdilər. Zabit yorulub əldən düşəndən sonra qapıya tərəf döndü. Qapıdakılar onun sir-sifətinin al-qana boyanmasını görüb, gülməyə başladılar. Zabit onlardan ikisini otağa saldı və qalanlarını da qovub, qapını içəridən bağladı. Onlara nə dedisə, əsgərlərdən hərəsi bir qolumu döşəməyə sıxıb, saxladı. Zabitin niyyətini başa düşdüyümə görə, var gücümlə özümü döşəməyə çırpıb, qışqırmağa başladım. Səsmə uşaq da yuxudan ayılıb, ağladı. O nə mənim, nə də uşağın qışqırtısına məhəl qoymayaraq, əclaflığını etdi… Bayıra çıxarkən əsgərlərə nə isə deyib, qapını çöldən kilidlədi. Mənim taqətsiz bədənim, dəyərsiz bir əşya kimi əsgərlər arasında əldən-ələ ötürüldükcə, üzümü əllərimlə qapamışdım ki, gözlərim oğlumun üzünə sataşmasın. Oğlum isə dayanmadan qışqıraraq anasının namusuna təcavüz edənlərə qarşı, sanki öz etirazını bildirirdi… Bir azdan əsgərlər də məndən əl çəkərək otağı tərk edib getdilər. Daha ağlamırdım. Qorxu hissi də məni tərk edib getmişdi. Bir də nədən qorxacaqdım ki?.. Qorxduğum, təkcə namusum idu, onu da ayaqlar altına atdılar… Tüpürdülər hər şeyə…

Uzandığım yerdən, zorla da olsa dirsəklənib, ağlayan oğlumu götürüb sinəmə basdım. Məqsədim onu yedizdirmək idi. Istəyirdim ki, onu əmizdirib, sakitləşdirim. Uşaq isə heç vəclə əmmək istəmirdi. Çox çalışdım, amma mümükün olmadı. Havalanmış adamlar kimi, birdən uşağı qucağımdan götürüb döşəməyə çırpdım və ağlaya-ağlaya:

– Bəs mən nə etməliydim, hə?!.. – dedim.

Bir müddət beləcə susub qaldım. Otağın bir küncünə düşüb qalmış uşağın qışqırmaqdan sir-sifəti göyərmişdi. Ona yazığım gəlsə də, qucağıma götürmək istəmirdim. Istəyirdim, qışqırıb-qışqırıb sonra da ürəyi partlayıb ölsün. O yaşasaydı, mənim ölümümə mane olacaqdı. Ona görə özümü öldürməyə əlim gəlməyəcəkdi. Ayağa qalxmaq istədim, taqətim çatmadı, sümüklərim sızıldayırdı. Qarnımdakı sancılar başıma vururdu. Ləyaqətimin korlanmasıyla heç cür barışa bilmirdim. Heç cür özümə təsəlli verə bilmirdim ki, burada mənim heç bir günahım yoxdur. Insan düşdüyü hər hansı bir bəlada, özünü azacıq da olsa, toxtatmaq üçün bir səbəb axtarır. Mən isə ləyaqətimin tapdanması, insanlığımın və qadınlığımın alçaldılması üçün bir səbəb tapa bilmirdim. – Nəydi günahım? – fikirləşirdim. Ərimin ölümünə, onun başının kəsilməsinə acıyırdım, ağrıyırdım, yanırdı ürəyimin başı. Amma fikirləşirdim ki, ərim zabit idi, döyüşdə onlarla düşmən əsgəri öldürmüşdü, onlara çoxlu itki vermişdi. Buna görə də, o, əsir götürülən kimi başını kəsdilər. – Demək, günahı vardi ki, rəhm etmədilər, bağışlamadılar onu. – Bəs mən?! Mən ki, köməksiz, əlacsız bir qadın idim. Mənim günahım nə idi? Əgər ərimə görə məni cəzalandırırdılarsa, bəs onda insanlıq, haqq-ədalət harda qalırdı? – Yox, bunlarkı nə insanlığa, nə də allahlığa yaraşan bir iş deyildi. Buna ancaq bir ad vermək olardı; – Vəhşilik!.. Bu işləri ancaq vəhşilər törədə bilərdilər.

 

Güc-bəlayla ayağa qalxdım. Addım atmağa hərəkətim yox idi. Divara söykənib, sanki divar boyu sürünürdüm. Körpə qışqırığını kəsmişdi. Indi onun kəsik-kəsik hıçqırtılarını eşidirdim. Uşaq hıçqırdıqca, qızdırmalı adamlar kimi tövşüyürdü. Ona yaxınlaşıb, dayandım. Əyilib yerdən qaldırmaq istədim, qoxdum. Qorxdum ki, bəlkə heç qucağıma da gəlmək istəmədi. Axı bir müddət bundan qabaq onu əmizdirə bilmədim. Uşaq məndən imtina elədi. Demək, o da məndən iyrənirdi. – «Doğma oğlum anasından iyrənir, – ay allah!..» – deyə için-için ağladım. Ayaq üstə oğluma baxırdım. Onu qucağıma almağa qorxurdum. Istəmirdim onu ləkələnmiş vücdanımın ağuşuna alıb, kirlədim bu məsum körpəni. – Həyatın qəribəliklərinə bax? – düşünürdüm. – Mən körpəmin atasına görə, körpəm də mənə görə əzab çəkirdi. Uşağı qaldırıb qucağıma götürdüm, səsi çıxmırdı. Onu stolun üstünə qoyub, bələyini açdım. Tamam suyun içindəydi. Bədəni pörtülmüş ətə oxşayırdı. Bu çir-çirkabın içində uşaqmı qalardı? Gecələr onu neçə dəfə açıb-bələyərdim. Çirkli əskiləri uşağın altından götürüb, sumkamdakı ehtiyat ağ parçaları onun altına sərdim. Sonra büküb sinəmə saldım ki, yedizdirim. Amma tezcə də bu fikrimdən vaz keçdim. Özümə söz verdim ki, bundan sonra ona it qanı içirərəm, amma südümü heç vaxt əmizdirmərəm…

Stolun üstündəki şirəli içkilərdən birini götürüb ağzını açdım və ondan bir qədər stəkana töküb uşağa içirtdim. Bilirdim ki, bu sayaq içkilər körpə uşağa ziyandır. Başqa çarəm yox idi, ana-bala hər şeyə öyrəşməliydik; – daş yeməyə də, ilan zəhəri içməyə də… Bizimki belə gətirmişdi, artıq biz düşmən əsiri idik…

Yeri rahatlanandan sonra, uşaq yuxuya getdi. Mən isə otağın küncünə çəkilib, başımı divara söykəyərək, fikrə getmişdim. Hava qaranlıqlaşırdı. Pəncərədən düşən işığın zəifləməsindən hiss edirdim bunu. Lap uşaq vaxtlarımdan axşamın düşməsindən yaman qorxardım. Anam buna «şər qarışan vaxtı» deyərdi. Deyərdi ki, belə vaxtlarda künc-bucaqda, ağac altında, çay qırağında oturmayın, cin-şeytan olur oralarda. Şər qarışan kimi anam ev-eşiyin işıqlarını yandırardı ki, «cin-şeytan» bizdən uzaq olsunlar.

Anamın sözlərin yadıma salıb, xısın-xısın ağladım və ürəyimdə dedim: – «Sənə qurban, ay ana, bu cin-şeytanlar sənin o dediklərindən yüz dəfələrlə qorxuludurlar. Bunlar adamın qanını içsələr də gözləri doymur».

Aclıqdan gözlərim qaranlıq çalsa da, yeməyə əl vurmurdum. Ürəyim heç nə istəmirdi. Istədiyim bir çimir yuxu idi, yatmaq istəyirdim. Otaq tamam qaranlıqlaşmışdı. Bu qaranlıq otaqda mənə həyan duran, bir azca da olsa canımdakı qorxunu uzaqlaşdıran, körpəmin xışıltılı nəfəsi idi. Bu nəfəs bu anlarda mənə elə arxa, elə kömək idi ki… Dirsəklənib, üzümü uşağın üzünə söykədim. Bu qərib və qəlbimin viran olan vaxtındda, əl boyda körpəm və onun nəfəsi mənə necə də həyan dururdu… Nə vaxt yuxuladığımı bilmirəm. Elə bu dəm, uşağın ağlaması məni diksindirdi. Sən demə, üzümü uşağın üzünə söykəyən kimi yuxu məni aparıbmış. Ağırlığım uşağın üstünə düşdüyündən, yazıq balam, dözə bilməyib, haray-həşir qoparıb. Onu sakitləşdirdim. Qaranlıq otaqda əlimi qoynuma qoyub, bundan sonra başıma nələrin gələcəyi barədə düşünürdüm. Elə bu vaxt qapı açıldı. Dəhlizdən otağa düşən işıq seli gözlərimi qamaşdırdı. Qapının ağzında iki hərbi geyimli adam dayanmışdı. Otağın qaranlıq olması, deyəsən onların hər ikisini çaşdırmışdı. Bir qədər gözlədikdən sonra onların biri irəli yeriyib divardakı işığın düyməsini basdı, otaq işıqlandı. Gələnərdən biri bayaqkı həmin zabit, digəri isə hərbi geyimli sarışın, cavan bir qız idi. Qız otağa girən kimi dəsmalını çıxarıb burnuna tutdu. Yəqin, bayaq dəyişdirdiyim çirkli əski-üskünün iyi ona xoş gəlməmişdi. Otaq bərbad halda idi. Stolun üstündəki tör-töküntü, ətrafa səpələnmiş şüşə qırıntıları gələn xanımın diqqətindən yayınmadı. O dönüb zabitə nə isə dedi. Zabit başını qaşıyaraq, azca gülümsədi. Qız irəli gəlib uşağla mənə bir xeyli tamaşa elədi. Sonra əlindəki çantanı stolun üstünə qoyub, açdı. Çantadakı tibbi ləvazmatlarını görəndə anladım ki, bu qadın həkimdir. O əvvəlcə bələyi açıb, qulağına keçirtdiyi tibb alətiylə uşağın qarnını, sinəsni müayinə etdi. Sonra isə uşağı ağzı üstə çevirib kürəyini yoxladı. Mənə yaxınlaşıb sir-sifətimdəki göyərib, qançır olmuş yaralara baxdı. Başını bulaya-bulaya zabitdən soruşdu: