Uşaqlığın son gecəsi

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Ana, – Səidə titrək səslə dedi, – bu iyrənc it məni yaladı!

Diləfruz xanım otaqdan çıxdı, əlində üzərində “Qafqaz” yazısı olan dəyənək vardı. Ağzımızı açıb bir söz deməyə macal tapmadıq, o, əlindəki dəyənəklə iti vurdu. İki dəfə dalbadal vurdu, ancaq çox möhkəm vurmurdu. İt evdən çıxıb zirzəmiyə tərəf getdi, Diləfruz xanım onun arxasından çığırdı, dedi, bircə bu çatmır, itlər evinə doluşsun. Onun bu həyətdə görmədiyi bir şey qalmayıb, bir bu qalmışdı, onu da gördü. Səidə də nəsə deyirdi, ancaq biz daha onları eşitmirdik, hamımız zirzəmiyə qaçmışdıq…

O axşam it öldü.

Həmin gündən sonra məhəllədə hər kəs, hətta “Üç muşketyor”u oxumayanlar belə Səidəyə “Miledi” deməyə başladı. Hətta uzun illər sonra Cəbrayıl əmi rəhmətə getdi, biz böyüyüb yekə oğlanlar olduq, “muşketyorların” böyüdüyü evi sökdülər və hərəmiz bir tərəfə dağılışdıq, amma Səidə hamı üçün “Miledi” olaraq qaldı.

QONŞUMUZ MAKEDON

Odur, ey, yenə tində dayanıb. İki saatdır, dayanıb. Gəlib-gedən qonşularla salamlaşır. Canfəşanlıqla salamlaşır, gözlərinə baxır. Dayanıb…

Onun burada dayanmağından yaxşı nəsə gözləməyə dəyməz. Deyə bilərsiniz ki, adam evinin tinində dayanıb, burada pis nə var? Baxır, həmin adam kimdir! Əgər tində dayanan adam Makedondursa, bundan yaxşı nəsə gözləmə. Bu, dəqiqdir.

Bəlkə, o, oleandr ləklərinin yanında dayanıb və oleandr dərmək üçün münasib vaxt gözləyir? Çətin. Makedon çiçək toplayacaq adam deyil. Çiçəklər onu maraqlandırmır. Üstəlik, oleandr dərmək kimin ağlına gələr? Mənasız işdir. Doğrudur, onlar parlaq və yüngül olur, ancaq həm də yapışqan kimidir və təzə çəkmə kimi iylənir. Yox, küçəmizdəki uşaqların heç biri oleandr dərməz, hətta üzərində “Çiçəkləri dərmək olmaz!”, ya da başqa qadağa lövhəsi asılsa belə.

Doğrudur, Şura xala deyir, tanışlarından biri oleandr dərib. Dərib və həmin gül dəstəsini bağlı otaqda, çarpayısının yanında qoyub. Səhər qapını açıblar ki, bu da sizin üçün oleandr – Şura xalanın tanışı o dünyadadır. Sən demə, oleandrın iyindən zəhərlənibmiş. Şura xala deyir ki, bu, dəhşətli bir şeydir. Məncə, əgər belə bir qəribə adam tapılırsa və oleandr dərmək fikrinə düşürsə, üstəlik, yay vaxtı onu öz bağlı yataq otağında saxlayırsa, o zaman Şura xalanın tanışı kimi zəhərlənməyi qəribə deyil. Demək, həmin adamın əcəli çatıb. Üstəlik, bir şeyə sevinmək lazımdır: yaxşı ki, həmin adam gecə otaqda tək yatıb.

Onsuz da Şura xalanın tanışı yaşasaydı belə, bundan sonra həyatda heç nəyə nail ola bilməzdi. Çünki Şura xala həmin axşam baş verən bu hadisəni danışanda hamı belə düşündü. Lakin hamının ağlından başqa bir fikir də keçirdi, bəlkə, elə Şura xala bütün bunları özündən uydurur: axı o, dəhşətli hadisələr uydurmaqda ustadır. Görünür, darıxdığından belə şeylər uydurur, onun çox darıxdırıcı, yeknəsəq işi var.

Əgər nə vaxtsa yaxınlıqdakı bazara yolunuz düşsə və orada kiminsə uca səslə: “Maya! İstiot! Soda!” – deyə çığırdığını eşitsəniz, o zaman bilin ki, bu adam bizim Şura xaladır. Özünüz fikirləşin: gün boyu “Maya! İstiot! Soda!” deyib qışqırmaq nə deməkdir. Adamın ağlına nə desən, gələr.

Amma dünən Şura xalaya yazığım gəldi…

Mağaza müdiri Əbülfəzin evinə qonaq gedib, kartla onun bütün ailəsinin falına baxıb. Mağaza müdiri əvvəllər it sallaqxanasında işləyib, itlərlə qəddar rəftar etdiyi üçün oradan çıxardıblar. Bir müddət bu hadisəyə görə çox narazı olub, elə qabağına çıxana gileylənirmiş ki, paxıl iş yoldaşları onun torbasını tikiblər, ancaq mağazaya işə düzələndən sonra sakitləşib. İndi evində, bəzən isə küçəyə çıxanda zolaqlı pijamada gəzir.

Onların, yəni Şura xala ilə mağaza müdiri Əbülfəzin ailəsinin arası yaxşıdır. Makedon deyir, əgər bu dostluq olmasaydı, Şura xala bazarda maya, istiot, soda sata bilməzdi – həqiqətən də, bu malları başqa haradan tapacaqdı? Amma, görünür, o bu sözləri acıqla deyir, çünki Şura xala onu özünə köməkçi götürmür.

Nə isə, dünən Şura xalaya əməlli-başlı yazığım gəldi…

O, fala baxır, mağaza müdiri Əbülfəzin ailəsi də oturub fikirləşir ki, görəsən, “yaxın vaxtlarda hökumət evi” nə deməkdir. Hətta Əbülfəzin üzünün rəngi ağarıb, deyib ki, bizim zəmanədə hökumət evi heç vaxt yaxşılığa yozula bilməz.

Şura xala onları sakitləşdirməyə çalışıb, deyib ki, bu, təzə mağaza da ola bilər, bəd ayaqda, xəstəxana olacaq. Sonra əlavə edib ki, axır vaxtlar Əbülfəzin əsəbləri çox pozulub, ona görə də hara baxsa, gözünə həbsxana görünür. Əbülfəzə brom içməyi məsləhət görüb – axı Şura xalanın tibdən də başı çıxır.

Sonra Şura xala onlarla sağollaşıb və gedib.

Əbülfəz onu yola salıb, elə təzəcə qapını arxasınca örtüb kilidləyəndə birdən Şura xalanın dəhşətli çığırtısını eşidib. Qadın elə fəryad çəkirmiş ki, Əbülfəzin damarında qanı donub: “Kömək edin! Yetişin! Ölürəm!..”

Mağaza müdiri Əbülfəz bu qışqırığa əhəmiyyət verməyib, yəni Şura xalanın köməyinə çatmayıb. Şura xalanı soyan, ya da elə öldürmək istəyən soyğunçuların diqqətini öz evinə yönəltmək istəməyib. Adamdan soruşan gərəkdir, axı bu kimə lazımdır? Makedon onun haqqında boş yerə demir ki, Əbülfəz küçəmizdəki ən ağıllı adamdır. Üstəlik, Makedon onun hörmətini saxlayır. Çünki Makedon adamları seçə bilir.

Şura xala çığıra-çığıra qalıb!… Hətta deyilənlərə görə, hər gün bazarda çığırdığından da ucadan çığırırmış. Onun səsinə nəinki bir həyətin, hətta qonşu həyətlərin adamları da toplaşıb. İşıq yandırıblar…

Sən demə, Şura xala Əbülfəzin evindən çıxanda bayır zil qaranlıq olub və ümumiyyətlə, həmin vaxt hər tərəf qaranlıq imiş, arvad da ayağının altını görməyib, içindən su xətləri keçən ağzı açıq quyuya düşüb.

Qısacası, qonşular Şura xalanı çıxarıblar. Babat imiş, bircə dizi əzilibmiş, ancaq dil boğaza qoymadan deyirmiş ki, içalatı zədələnib.

Bu vaxt qapı açılıb və Əbülfəz başını çıxarıb, özü də tam çıxmayıb ha, azacıq başını çıxarıb və yuxulu səslə soruşub:

– Bu qədər adam həyətə niyə yığışıb? Nə olub?

Adam özünü qəsdən yuxulu göstərib, çünki doğru hərəkət etmədiyini başa düşüb və utanıb, amma qonum-qonşu onsuz da onun qorxaq adam olduğunu lap çoxdan bilirdi və hamıya məlum idi ki, ona ümid etmək olmaz.

Bax belə… İndi sizdən soruşuram, necə oldu ki, Şura xala içərisindən su xətləri keçən quyuya düşdü? Nəyə görə Şura xala Əbülfəzin evindən çıxanda quyunun qapağı açıq idi? Axı bir saat əvvəl Makedon eynilə bugünkü kimi tində sülənirdi. Şura xala quyuya düşməzdən düz bir saat əvvəl… Başa düşmədiniz? Hm… Əgər indi boş vaxtlarınızda oleandr topladığınızı desəniz, qətiyyən təəccüblənmərəm. Zərrə qədər də təəccüblənmərəm. Məşğuliyyət üçün əsl münasib vaxtdır!

Görəsən, Makedon nəyə görə tində dayanıbmış? Bax bu çox maraqlıdır. Həə, aydındır. Sən demə, Namiqi gözləyirmiş. Görürsünüz, odur, portfelini yellədə-yellədə gəlir, odur, baxın, şəlpə qulaqları var. Gözləri də bərəlib, parıldayır. Bu, Namiqdir. Yox, əşi, axmaq-zad deyil, bu yerişi də Namiq təzə tapıb, gəmilərin birində matrosları görəndən sonra. Məktəbdən qayıdır. Çox maraqlıdır, Makedon danışanda Namiq ağzını ayırıb maraqla ona qulaq asır. Onun hər sözünə inanır. Hamısına!

Bax bu yaxınlarda Saşka Rəsulov gəlib, ikinci mərtəbədə yaşayanı deyirəm. Bibisi ona ad günündə “Əziz Saşaya axmaq bibisindən” yazılmış kitab hədiyyə etmişdi. Saşka gəlib deyib ki, bir kitabda hipnoz haqqında bəzi şeylər oxuyub və sən demə, istənilən adamı hipnoz etmək olur. Əvvəlcə heç kəs ona inanmayıb, sonra sınamaq fikrinə düşüblər.

Ümumiyyətlə, bu Saşkadan nə desən, gözləmək olar, çox qəribə oğlandır. Futbol oynamır, çimməyə də zorla apara bilməzsən. Bütün günü oxuyur. Evlərində olan kitabların hamısını oxuyub: zarafat deyil, söhbət iki yekə kitab dolabından gedir. Üstəlik, kitabxanaya da abunə olub. Nə vaxt baxsan, oxuyur, hətta yeyəndə də oxuyur. Bütün fikri kitabda olduğundan başqa heç nə hiss etmir. Bir dəfə kitab oxuduğu vaxt əlində qayçı olub, qeyri-ixtiyari saçının yarısını kəsib. Yaxşı ki, həmin vaxt o “axmaq bibi” gəlib özünü çatdırıb və qayçını əlindən alıb. Saşkanı bərbərə aparıb başını keçəl qırxdırmalı olublar.

Qərara alıblar ki, Saşkanın hamını hipnoz etməsini yoxlasınlar. Namiqgilə gediblər. Gündüzlər onlarda heç kəs olmur: atası da, anası da işləyir.

Saşka uşaqların hamısını dairə şəklində düzüb, sonra cibindən parıldayan bir kürə çıxardıb, onu uşaqların hər birinin gözünün qabağında saxlayıb və bu zaman tükürpərdici səslə:

– Yat! Sən yatmaq istəyirsən? Yat! – deyib.

Bu hərəkəti dəfələrlə təkrarlayıb, amma heç kəs hipnoz olmayıb, əslində isə hamısı hipnoz olmaq istəyirmiş. Bu vaxt Makedon gözlərini yumaraq döşəməyə çöküb…

Saşka çox həyəcan keçirib, hətta bədənini tər basıb, deyib ki, bundan sonra Makedona istədiyin şeyi təlqin edə bilərsən. Sonra Saşka Makedona müxtəlif əmrlər verməyə başlayıb.

Əvvəlcə Makedona deyib:

– Sən ağacsan!

Makedon o dəqiqə yerdən qalxıb və paya kimi dimdik dayanıb. Saşka uşaqlara deyib ki, Makedonu stulların üstünə uzatsınlar. Stulun birini başının, digərini ayağının altına qoyublar və hipnoz altında olan Makedon başı ilə ayaqlarını stulların küncünə dayayıb, iki stulun üstündə turnikdəki kimi mil dayanıb. Hətta qarnının üstünə ensiklopediyanın üç cildi qoyulanda da tərpənməyib, yalnız dördüncü cildi qoyanda tərpənib və Saşka o dəqiqə izah edib ki, insan bədəninin öz “əndazəsi” var.

Sonra isə Saşka ona it olduğunu təlqin edib və Makedon hürərək dörd ayaq üstə qaçmağa başlayıb. Hətta quyruğunu da it kimi yellədib.

Uşaqlar gülməkdən uğunub gedib, ona başqa nə təlqin etmək barədə fikirləşiblər.

Saşka xəbərdarlıq edib, deyib ki, ona daha çətin şeylər təlqin edəcək. Ona görə Makedona deyib ki, guya o, tankçıdır və cəbhədədir. Bu yerdə Makedon evdə ora-bura vurnuxmağa və adamların üstünə cummağa başlayıb. Doğrudur, Saşka dərhal Makedona dayanmağı əmr edib, ancaq artıq gec olub: Makedon yazı masasının üstündəki şüşəni sındırıb və mürəkkəbqabını parket döşəməyə dağıdıb. Bəlkə də, Saşka onu vaxtında dayandırmasaydı, yəqin, pəncərə şüşələrini də sındırardı, çünki o tərəfə hücum etməyə hazırlaşırmış. Yaxşı ki, Saşka onu dayandırıb.

 

Hamı Namiqə görə narahat olub. Axı onun valideynləri evdə yoxdur və bu hadisə baş verir. Belə şeylərlə qətiyyən zarafat etmək olmaz. Əgər hamısı bir gündə olmasa, yəni bu gün masanın üstündəki şüşə sınsa, bir neçə gündən sonra mürəkkəbqabı dağılsa, yenə dərd yarıdır. Yoxsa hər şey bir gündə olur. Başını götürüb hara gedəcəksən?! Namiqin qanı qaralıb, ancaq, əlbəttə, heç nə deməyib: məlum məsələdir, hipnoz altında olan adam öz hərəkətlərinə görə məsuliyyət daşımır. Beləliklə, Namiq əski götürüb, onu isladıb və döşəməni silməyə başlayıb. Xeyli müddət silib. Uşaqlar növbə ilə ona kömək edib döşəmə siliblər. Makedon isə bu müddət ərzində hələ də hipnoz altında olub. Namiq döşəməni silib qurtarıb və sonra yenə hamının başı Makedona qarışıb.

Saşka deyib ki, ən mühüm hadisə indi başlayacaq: “Bu iynəni Makedona batıracağıq və o heç nə hiss etməyəcək. Çünki hipnoz haqqında kitabda elə belə də yazılıb”.

Sonra Saşka deyib ki, o özü iynəni Makedona batırmayacaq, könüllü olaraq bu işi uşaqlardan kim görmək istəyir. Heç kəs razılıq verməyib. Deyiblər ki, iynəni bütöv batırmaq ağ olar, qərara alıblar ki, onu yavaş-yavaş, qan çıxana qədər Makedonun dərisinə sancsınlar. Saşka Namiqdən yod istəyib. İynəni çıxardandan sonra qanı kəsmək üçün…

Bu vaxt Makedon gözlərini açıb, etiraf edib ki, bütün bu hipnoz oyununu qəsdən çıxarırmış, qətiyyən hipnozun təsiri altında olmayıb. Ancaq görəndə ki dərisinə iynə batırmaq istəyirlər, oyunu bitirib…

Biz bu barədə çox fikirləşdik. Hətta Saşka da dedi ki, o, hipnoz altında olmayıb. Bircə Namiq ona inanmadı. Deyirdi ki, əgər Makedon hipnozun təsiri altında olmasaydı, bu qədər inandırıcı ola bilməzdi.

O axşam Namiqi xeyli danladılar. Onun danlanmaqdan qətiyyən xoşu gəlmir, atasının töhmətini eşitmək isə heç ürəyindən deyil.

İndi Makedon səbirsizliklə Namiqi gözləyir, çünki bu gün dərsə getməyib. Onlar eyni sinifdə oxuyurlar, ancaq Makedon iki yaş ondan böyükdür. Birdən ağlınıza gələr ki, Makedon ev tapşırıqlarının yerini öyrənmək üçün Namiqi belə səbirsizliklə gözləyir. Yanılırsınız! Onun dayanıb Namiqi gözləməyinin səbəbi bu deyil. Sadəcə, müharibə başlayandan sonra məktəbdə böyük tənəffüs vaxtı hamıya səhər yeməyi üçün pirojki, ya da bulka verirlər. Namiq Makedonun da yemək payını alıb və bir az sonra onu sahibinə verəcək. Onun bu gün dərsə niyə getmədiyini isə heç kəs bilmir. Sabah məktəbdə deyəcək ki, evdə qalıb, xəstə anasına kömək edib. Makedonun anası xəstə-zad deyil, özü də əgər oğlunun dərsə getmədiyini bilsə, onu əzişdirəcək. Bundan sonra hamı başa düşəcək ki, xəstə qadın heç vaxt oğlunun gözlərinin altını bu cür qaralda bilməz. Bayquşbaş isə Makedonun xəstə anası ilə bağlı əhvalatı eşidən kimi deyəcək:

– Bəli, uşaqlar, biz çox ağır günlər yaşayırıq, bunun üçün də bütün gücümüzü bir yerə toplamalıyıq.

Biz öz sinif rəhbərimizə – Sofiya Nikolayevnaya “Bayquşbaş” deyirik. O hər şeyə inanır. Təki bir şey uydurub de, o dəqiqə inanacaq.

Elə dünən dərsdə Makedona deyirdi:

– Nəyə görə corabları taykeş geymisiniz? Adam gərək diqqətli və səliqəli ola.

Hamı gözünü Makedona zillədi, doğrudan da, onun ayağındakı corabların hərəsi bir rəngdə idi. Makedon üz-gözünü qırışdırdı, guya indicə ağlayacaq. Sonra dedi:

– Bəlkə, kasıbam? Bəlkə, geyməyə başqa corabım yoxdur? – Belə süni həyəcanla oyunbazlıq etmək yaxşı hərəkət deyil.

Əlbəttə, Bayquşbaş o dəqiqə pərt oldu. Kəkələməyə başladı:

– Ay, sən Allah, bağışla! Sizin ailə vəziyyətinizdən, kasıb olduğunuzdan xəbərsizəm.

Birdən kimsə yerindən səsini qaldırdı:

– Ayıb olsun sənə! Sənsən kasıb? Sənin corabın yoxdur?

Bu, tarix müəllimimiz Vahid İbadovun səsidir. Biz öz aramızda ona “Vaqonov” deyirik. Makedon Bayquşbaşa yalan bəhanə uyduranda nəyəsə görə bizim sinfə gəlibmiş və onun dediklərini eşidib. Vaqonovu aldada bilməzsən, bu sənin üçün Bayquşbaş deyil. Elə corab söhbətində də Vaqonov Makedonun yalanının üstünə çıxdı!

– De görüm, neçə cüt corabın var? Hə!

Makedon qızardı, gözlərini partaya dikib qaldı. O bilirdi ki, Vaqonova kələk gəlmək mənasızdır. Bu adam tənbəllik eləməz, gedib hər şeyi özü yoxlayar. Makedon isə başqasının onun yalanının üstünü açmağını istəməz.

– Altı cüt.

– Altı cüt? Heç utanırsan?

Əslinə qalsa, Vaqonov rəhmdil adamdır. Bəlkə də, rayon təhsil şöbəsindəki iclasdan qayıtdığı üçün belə hirslidir. Həmin iclasda ehtiyacı olan uşaqların qış paltarları məsələsi müzakirə olunub. Sən demə, üçüncü sinifdə oxuyan oğlanlardan biri sentyabr ayında məktəbə anasının çimərlik paltarında gəlib. Qadının beş uşağı var və hamısına əyin-baş alıb çatdıra bilmir. Ona görə də üçüncü sinifdə oxuyan oğlu məktəbə qadın çimərlik paltarında gedib. Sonra həmin uşağa rayon təhsil şöbəsində isti gödəkcə və şalvar veriblər. Amma hamı onu ələ salıb gülürmüş.

Makedonla Namiq dərsdən sonra evə bir yerdə qayıdırdı və yolda Makedon bəxtindən şikayətlənirdi: heç Vaqonovun elə həmin vaxt sinfə girməyinin yeri idi?! İlk dəfə Vaqonov başqa dərs gedən vaxt sinfə girirdi.

Namiq Makedonu sakitləşdirməyə çalışırdı, məsləhət görürdü ki, səhərlər tələsməsin, corabları taydəyişik salmasın.

Elə indi də Makedon tində dayanıb bulka yeyə-yeyə Namiqlə danışırdı:

– Bilirsən, nə var, bax biz burada dayanıb, bulka tıxırıq, müharibədə isə əsgərlər qara çörəklə siyənəkdən başqa heç nə görmürlər.

– Yox! Doğru demirsən! Onlara quru süd, şokolad, donuz konservi də verirlər. Hamıdan əvvəl cəbhə lazım olan ərzaqla təmin olunur. Mən bunu dəqiq bilirəm.

– Dəqiq bilirmiş! Haradan bilirsən?

– Atam deyib. O hər şeyi bilir!

– Sənin atan hər şeyi bilir? Sənin atan nə bilir axı, dezertir5 adamdır!

Namiq pərt oldu, gözlərini bərəldib təəccüblə Makedona baxdı.

– Nə dedin? Təkrar elə! Kimin atası dezertirdir?

– Hirslənmə, ey. Başa düşürəm, əlbəttə, adama ağır gəlir, ancaq nə etmək olar. Dezertirdir də! Bax özün fikirləş: mənim atam haradadır? Cəbhədə. Bəs Saşkanın atası? Cəbhədə. Karinkanın, Zaurun, Əlinin atası – hamısı cəbhədədir. Vaqonov da axsaq olduğu üçün aparmadılar. Amma sənin atan? Div kimidir, səni bir əllə qaldırar. Düzdür, özün məndən iki yaş balacasan, ancaq görürəm, boyda gəlib mənə çatmısan. Ona görə sözümdən incimə, sənin atan – dezertirdir! Bunun nəyi pisdir? Birdən cəbhəyə getsə, öldürüb eləyərlər, sən də ananla tək qalarsan. Burada nə var ki? Bura təhlükəsizdir.

– Yox, mənim atam dezertir deyil! – Namiq əminliklə dedi.

– Yaxşı… Mən elə-belə dedim… birdən çıxdı ağzımdan. Deyirsən, dezertir deyil, demək, dezertir deyil. Mən ki komissar deyiləm. Mənə nə.

Namiqin gözlərinə kədər çökdü və o, məyus halda Makedonun bulkasını yeyib qurtarmağını gözlədi. Makedon isə qəfildən onunla sağollaşıb həyətə cumdu.

Bilirəm, o nəyə görə belə tez getdi, çünki Karinkanın gəldiyini görmüşdü, Makedonun isə ondan zəhləsi gedirdi.

Karinka Namiqin qonşusu idi, 18 saylı məktəbdə oxuyurdu, ona görə bu tinə Namiqdən 10 dəqiqə gec çatırdı. Çünki onun oxuduğu məktəb Namiqgilin məktəbindən bir az uzaq idi.

Karinka qıvrımsaç qızdır, özü də həmişə gülümsəyir. Hər şeyə məzəli ad qoyur. Heç vaxt başqaları kimi “fincan”, ya da “tramvay” deməz, bunun əvəzində “fincançik”, “tramvayçik” deyir və bu onda çox yaxşı alınır. Adamlara da elə deyir. Lena onun dilində Lenoçka, Zaur Zaurçikdir. Ancaq onun Makedona “Makedonçik” dediyini heç vaxt eşitməmişəm. O ki qaldı Namiqə, onlar əvvəl konfet kağızlarını dəyişirdilər, sonra dostlaşdılar.

Bir vaxtlar məktəbimizdə və həyətdə hamının başı bu konfet kağızlarına, şəkillərə qarışmışdı. Əməlli-başlı kolleksiya yığırdılar. Ən böyük kolleksiya isə Namiqlə Makedonda idi. Onlar bir yerdə yığırdılar. Onların kolleksiyasında necə şəkil desən, vardı! Üç yüz iyirmi müxtəlif şəkil. Hər cür “mişkalar”, “trüfellər”, “meyvəlilər”, “kis-kislər”… Elə konfet kağızları vardı ki, şəhərdə başqa heç kəsdə yox idi. İki böyük şəkil vardı: biri çox gözəl qadın şəkli idi, qırağında isə “Meri Pikford” yazılmışdı, digəri isə bığlı kişi şəkli idi (lap mağaza müdiri Əbülfəzə oxşayırdı), onun kənarında isə “Duqlas Ferbenks” yazılmışdı. Bir şəkildə isə sadəcə “Konfetka” sözü yazılmışdı və buna görə hamı mübahisə edirdi. Bəziləri deyirdi ki, bu, çap səhvidir, ya da fikirləşirdilər ki, yəqin, nə vaxtsa “konfet” sözü elə “konfetka” kimi işlənib.

Bax belə nadir şəkillər çox bahalı sayılırdı, onları nə ilə istəsən, dəyişmək olurdu. Məsələn, Makedon həmin şəkilləri səhər yeməyi ilə dəyişirdi. Bir sözlə, məhəllədə, bəlkə, elə məktəbdə də ən yaxşı kolleksiya Namiqlə Makedonda idi. Onlar bu kolleksiyanı toplamağa xeyli vaxt sərf etmişdilər.

Ancaq günlərin bir günü Namiq kolleksiyasının yarısını – yalnız özü topladığı şəkilləri Karinkaya bağışladı. Özü də hər şey çox gözlənilmədən baş verdi. O vaxt Makedon Namiqin bu hərəkətinə bərk hirsləndi. Dedi ki, ümumi kolleksiyadan kiməsə hədiyyə etməyə Namiqin haqqı çatmır, sonra rişxəndlə Namiqdən soruşdu ki, bəlkə, bu Karinkaya aşiq olub. Namiq aşiq olmadığını dedi və qızardı. Onda elə bildik ki, Namiqlə Makedon dalaşacaq. Ancaq, yox, dalaşmadılar.

Makedon Namiqə heç nə demədi, gecə Karinkagildə hamı yatandan sonra onlara gedib bütün şəkilləri geri almaq istədi. Karinkanın anası qızının topladığı kolleksiyanın hamısını gətirib dəhlizdə Makedonun qarşısına tökdü. Qızını yuxudan oyatmadı. Makedon da Namiqin bağışladığı şəkillərin hamısını seçib götürdü. Buna görə Namiqlə Makedon bir neçə gün danışmadılar, sonra yenə barışdılar, çünki o, Makedonsuz qala bilmir. İndi də dostluqları belə davam edir:

Namiq Karinka ilə ayrılıqda, Makedonla da ayrılıqda dostluq edir.

Namiqgilin yaxşı mənzili var: dörd otaqdır, hamısı da böyük və işıqlı. Bu, həyətimizdəki ən böyük mənzildir. Kimsə ona “Xram vozduxa”6 adı verib. Bu ad Namiqin çox xoşuna gəlir. Amma əsl “Xram vozduxa”nın Kislovodskda olduğunu eşidəndə bir az sarsılmışdı. Müharibə başlayandan sonra bu mənzilin bütün otaqlarından ancaq yay vaxtı istifadə olunur, qış gələn kimi bir otağa yığışırlar, çünki bütün otaqları qızdırmaq olmur.

Həmin gün Namiqin anası pəncərənin qabağında oturub atası ilə söhbət edə-edə onun iş paltarını yamayır. Atası bir az əvvəl gəlib. Həmişə olduğu kimi, Namiq şüşə qabdan benzin tökür, ata əlindəki neft ləkələrini təmizləyir. Sonra bir yerdə nahar edirlər. İndi isə ata qəzetləri vərəqləyir, xəbərləri oxuyur və oxuduğu xəbərlərlə bağlı fikirlərini anaya deyir. Səsindən hiss olunur ki, çox yorulub və yatmaq istəyir. Kim olursa olsun, sutka ərzində 14 saat neft mədənində işləmək asan məsələ deyil. Yan otağa keçib yarım saat mürgüləmək istəyir, amma bilir ki, əgər gedib uzansa, onu yarım saat sonra yox, lap səhər açılanda da yuxudan oyatmaq çətin olacaq. Namiqin atası yan otağa keçib çarpayısına uzanmır, çünki beləcə oturub arvadı və oğlu ilə söhbət etməkdən xoşu gəlir. Oğlu isə bu anlarda üstünə qoyulmuş şüşəsi qırıq olan yazı masasının arxasında oturub “Vulkanlar” mövzusunda krosvord həll edir.

– Dörd hərf… Etna. Aha. – Deyəsən, Namiq xanalara növbəti vulkanın adını yazır. – Vezuvi. Uyğun gəldi… Ana, səkkiz hərfdən ibarət vulkan adı bilmirsən?

– Səkkiz hərf? Nəsə yadıma sala bilmirəm. Atandan soruş.

– Bəlkə, Mauna-Loadır, – ata deyir. – Amma yoxla.

– Düzdür. Bəs on bir hərf?

– Hm… Popokatepel?

– Necə?.. Aha. Uyğun gəlir, – Namiq həll edilmiş krosvordu zərfə qoyub yapışdırır.

– Bu krosvordu hara göndərəcəksən? – ata maraqla xəbər alır.

– Redaksiyaya. Cavabları kim birinci düz tapsa, adını qəzetdə çap edəcəklər.

– Bir dəqiqə, – ata heyrətlənir, – axı biz bu cavabları bir yerdə tapdıq! Sən cavabları bir yerdə tapdığımızı da yazdın? Yox? Sənin yerində olsam… Nə isə… Necə istəyirsən, elə də olsun…

– Ata, – Namiq qəfildən deyir, – sən dezertirsən?

– Namiq!

Əlbəttə, bu, ananın səsidir.

Ata diqqətlə oğluna baxıb qəzeti kənara qoyur. – Yox, – sakitcə cavab verir, – dezertir deyiləm.

 

Niyə dezertir olduğumu düşünürsən?

– Çünki hamı cəbhədədir… Makedonun atası, Karinkanın atası… Hamısı cəbhəyə gedib. Sənsə evdəsən. Bircə sən cəbhəyə getməmisən. Belə çıxır ki, sən dezertirsən!

– Namiq! – yenə ananın səsi gəlir.

– Özün yaxşı bilirsən ki, – ata cavab verir. O, çox sakit danışır, ancaq nə üçünsə qızarıb, bəlkə, oğlu onunla ilk dəfə bu cür danışdığı üçün belədir, ya da, bəlkə, tamam başqa səbəb var. – Dediyim kimi, özün yaxşı bilirsən ki, mən neftçi mühəndisəm, mədəndə neft çıxarıram. Sənə demişdim axı, neft olmasa, nə təyyarə havaya qalxar, nə də tank yerindən tərpənər… Ona görə də neftçiləri cəbhəyə birdən-birə yox, növbə ilə göndərirlər… Növbəm çatanda mən də gedəcəyəm. Amma hələ mən burada lazımam. Başa düşdün?

Namiq başını tərpədərək təsdiqləyir. O susur.

– Gecən xeyrə qalsın! – ata dedi, ananın çiynini sığallayıb öz otağına çəkildi.

Ata gedəndən sonra ana oğluna heç nə demədi. Namiq də susurdu.

Namiq bir müddət susduqdan sonra yatmağa getdi. Artıq mürgüləyirdi, qəfildən atasının çarpayısının yanında oturduğunu gördü. Bu çox təəccüblü idi, çünki atası mədəndə işə başlayandan sonra gecələr daş kimi yatırdı. Səhərlər Namiqlə anası onu güclə yuxudan oyadırdı. Görünür, bu dəfə özü oyanmışdı. Oturub siqaret çəkir, Namiqə baxırdı.

Namiq xatırladı, atası bir dəfə də nə vaxtsa onun çarpayısının yanında oturmuşdu. O vaxt möhkəm xəstələnmişdi, sətəlcəm olmuşdu. Sağalıb ayağa qalxandan sonra deyirdi ki, xəstə olanda hərarəti 42 dərəcəyə qalxıbmış! Sağaldıqdan sonra həyətdə hamı ona qibtə edirdi. Amma sağaldıqdan sonra. Sağalana qədər isə vəziyyəti çox ağır idi. Doğrudur, hərarəti 42 dərəcə yox, 40-dan bir qədər artıq olmuşdu. Penisillinlər, tetrasiklinlər7 sonradan peyda oldu, o xəstələnəndə ancaq sulfidin8 vardı, onu da əlində pulla gəzsən, tapmaq mümkün deyildi. Ancaq atası haradansa tapdı. O gecə də indiki kimi Namiqin çarpayısının küncündə oturub ona baxırdı. O da, anası da. Çünki Namiq yuxuya gedən kimi kabus görür və oyanırdı. Yəqin, şəlpə qulaqlı, gözləri həmişə heyrətdən bərələn Namiqə – oğullarına baxır, acıyırdılar.

İndi isə atası Namiqin otağında sakitcə oturmuşdu və ana ərinə içəridə siqaret çəkməyi qəti qadağan etməsinə baxmayaraq, siqaret çəkirdi.

– Bu dezertir fikri sənin öz ağlına gəldi?

Namiq başını buladı. Qaranlıq idi, amma görünürdü ki, bununla “yox” demək istəyir.

– Qətiyyən elə fikirləşmə ki, sənin atan dezertirdir. Mən dezertir deyiləm. İstənilən adama bunu ürəklə deyə bilərsən! Deyərsən?

Namiq başını tərpədərək təsdiqlədi, amma yenə də məlum məsələ idi ki, o, başını bütün razılıq bildirən adamlar kimi tərpədir.

Qapıya çatdıqda atası geri çevrildi.

– Bir də ki… İstəyirəm, bunu da biləsən. Cəbhəyə getməyən adama “dezertir” demirlər, dezertir o adama deyirlər ki, cəbhədən, ya da ordudan qaçır, yoldaşlarını darda qoyur. İndi isə yat.

* * *

Hər səhər olduğu kimi, Makedon yenə tində dayanıb Namiqi gözləyir. Bu gün məktəbə gedəcək.

– Salam! Bilirsən, necə şəkil tapmışam, əla! “Baydera”9 adlanır. Al, bax!

Namiq kağıza baxır. Kağızdakı şəkildə hər tərəfinə çadırçiçəyi səpələnmiş bir qız divanda uzanıb. Yəqin, dadlı konfet olub. Qaytarır.

– Bilirsən, nə var, mənim atam dezertir deyil. Sadəcə, hələlik burada ona ehtiyac var.

– Ehtiyac var!.. Hamı elə deyir. Əbülfəz də deyir ki, onsuz buralar batar. Hamını cəbhəyə aparırlar. Orada hamıya – neftçiyə də, zavmağa da ehtiyac var. Kim bacarırsa, özünü saxladır, orduya getmir.

Namiq atasının burada qalmasının səbəbini Makedona ətraflı izah etdi. Makedon isə gülümsədi. Çünki dostunun bu sözləri ona, doğrudan da, gülməli görünürdü.

Namiq dayanıb Makedona baxdı. Əslində, dalaşmalı idi, ancaq o, indiyə qədər heç kəslə dalaşmamışdı. Namiq güclü oğlandır. Məhəllədə bircə Makedon turnikdə ondan cəmi üç dəfə artıq dartına bilir. Namiq bir az dayandı, amma sonra yoluna davam etdi.

Görünür, dalaşmağa ehtiyac olmadığını başa düşdü.

Namiq məktəbdən qayıtdı, sonra anası işdən gəldi. Anası yumurta tozundan qayğanaq bişirməyə başladı. Namiq mətbəxdə gəzişirdi, ana dedi ki, mətbəxdə gəzməklə ona mane olur. Gedib Karinkaya zəng vurdu, həyətə düşməyi xahiş elədi. Onların evlərinin arasında üç metr məsafə vardı, amma həmişə telefonda danışıb razılaşırlar. Çox gülməlidir!

Namiq qapılarının qarşısındakı meydançaya çıxdı, birdən gördü ki, atası işdən qayıdır, özü də şlyapasının içində nəsə gətirir. Şlyapanın üstünə də qəzet örtmüşdü. Atasının saçı gözünün üstünə düşürdü, ancaq o, saçını arxaya apara bilmirdi, çünki şlyapanı ikiəlli tutmuşdu. Özü də şlyapanın içindəki nəsə canlı bir şey idi. Qəribədir, bu gün atası işdən çox tez gəlmişdi. Heç vaxt belə tez qayıtmazdı.

Namiqin atası mətbəxə keçdi, şlyapanı döşəməyə qoyub qəzeti götürdü.

Şlyapanın içində bir-birinə sıxılmış, təzəcə yumurtadan çıxan ətcə cücələr vardı. Ata şlyapanı qaldıranda cücələr cikkildəşdi.

– Bunlar sənindir, – atası Namiqə dedi.

Namiq barmağının ucu ilə cücələrə toxundu. Onun əlini qırt toyuq zənn edən ətcəbalalar ovcunun altına yığışdı.

– Axı sizin başqa şlyapanız yoxdur! – Namiqin anası məzəmmətlə deyindi. Həmişə əri ilə mübahisə etməyə hazırlaşanda ona “siz” deyirdi. – Üstəlik, bunları necə saxlayacağıq?

– Mən qayıdandan sonra təzə şlyapa alarıq, – ata dilləndi. – Çağırış vərəqəsi gəlib.

– Haradan qayıdanda? – Namiqin anası pıçıltı ilə soruşdu və yavaşca kətilin üstünə çökdü. O dəqiqə rəngi ağardı. – Nə vaxt gedirsən?

– Bu gecə, – ata cavab verdi.

Gecə Namiqin atasını yola salmağa getdilər. Qatar dayanmışdı, narın yağış yağırdı. Hamı eyni əsgər forması geymişdi, ancaq Namiq atasını istənilən geyimdə tanıyardı, hətta üzünə baxmadan, arxadan tanıyardı. Sonra Namiqin atası ana ilə vidalaşdı, qucaqlayıb öpdü, Namiqi də qucaqladı, göz vurdu ona. Özü də kədərlə göz vurmadı, yox, əksinə, çox şən idi. Sonra qatar gözdən itənə qədər vaqonun pəncərəsindən onlara əl yellədi. Namiqin anası göz yaşlarını saxlaya bilmədi, elə Namiq də ağladı. O gecə heç biri bilmirdi ki, atanı son dəfə görürlər…

Cücələr çox xoşbəxt idi. İki gündən sonra Namiqi tanıdılar: yəqin, onu öz anaları zənn edirdilər. Şlyapanın içində böyüyürdülər, sonra Namiqin anası dedi ki, nəmişliyə görə şlyapada qalmaq onlara ziyandır. Cücələri yumurta tozu qutusuna yerləşdirdilər. Yeşiyin üstünə ipdən tor çəkdilər, qəribə barmaqlıq əmələ gəldi. Hava girsin deyə qutunun aşağısından deşik açdılar.

Cücələrə yumurta tozu sıyığı verirdilər. Yeşik mətbəxdə idi və Namiq hər səhər onlara göz qoyurdu. Bu səhər baxanda Namiq cücələrdən birinin əskik olduğunu gördü. Əvvəl beş cücə vardı, indi nədənsə dördü qalmışdı. Balaca cücə necə itə bilərdi? Sonra bir cücə də yoxa çıxdı. Əgər bir səhər Namiq lap tezdən oyanmasaydı, yəqin, cücələr bir-bir yoxa çıxacaqdı. Həmin gün o, cücələrə baxmaq üçün mətbəxə gedəndə hələ heç hava işıqlanmamışdı. Namiq cücələrin yekə bir siçovuldan qurtulmaq üçün çırpındığını gördü…

Bağda siçan görəndə anasının necə çığırdığını xatırladı. O vaxt Namiq özü də qorxmuşdu. Elə bil siçan bilirdi ki, ondan qorxurlar, ona görə də heykəl kimi dayanıb Namiqlə anasına baxırdı. Ancaq atası gələndən sonra siçan harasa yox oldu və ondan sonra bağda siçan görən olmadı. Yəqin, başa düşmüşdü ki, atanın qəzəbinə tuş gəlmək axmaqlıqdır. O vaxt ata özü belə demişdi. Üstəlik, həm də o, balaca siçan idi, bu isə yekə siçovuldu, az qala pişik boyda idi. Görəsən, haradan gəlib çıxmışdı bura? Yəqin, müharibə vaxtı siçovullar adamların arasında peyda olur, bir sözlə, adamların vəziyyəti yaxşı olmayanda siçovul da onlara daraşır.

Siçovul cücələri qabağına qatıb qovurdu və nəhayət, birini yaxalayıb boğazından yapışdı. Cücə ancaq civildədi. Bu vaxt siçovul qaçmasın deyə Namiq özünü yeşiyin üstünə atdı, əl atıb boynunun tükündən yapışdı. Siçovulun tükləri hamar və iyrənc idi.

Səs-küyə Namiqin anası da yuxudan oyanıb cəld mətbəxə yüyürdü. Oğlunun əlindəki siçovulu görəndə çığırdı, tez banka gətirdi və köməkləşib siçovulu həmin bankaya saldılar, qaçmasın deyə ağzına ağır ütü qoydular. Sonra o, Namiqi əllərini yumağa məcbur etdi və tapşırdı ki, səhər açılandan sonra siçovulu aparıb “upravdoma”10 versin. Ancaq hələ çox tez idi, ona görə də Namiqə dedi ki, gedib yatsın.

Səhər Namiq içində siçovul olan bankanı götürüb məhəlləyə çıxanda həyətimizin uşaqları onu dövrəyə aldı. Bu lənətə gəlmiş siçovulu hara edəcəklərini xeyli fikirləşib götür-qoy etdilər. Siçovul da şəffaf bankadan onu dövrəyə almış adamlara baxırdı və hiss olunurdu ki, onlardan qorxur və hamısına nifrət edir. Hiss olunurdu ki, əgər siçovulun imkanı olsaydı, nəinki cücələri, elə bura toplaşmış adamları da yeyərdi.

Karinka qaçaraq gəlib özünü yetirdi, siçovula baxan kimi ürəyindən keçənləri söylədi:

– Bəlkə, onun balaları, balaca siçanlar indi zirzəmidə ac oturub analarının yolunu gözləyir?

5Hərbi xidmətdən yayınan, fərari
6(rus) “Hava məbədi” deməkdir, Kislovodsk şəhərində ən yüksək yerdə inşa edilmiş qübbəli tikili
7Geniş yayılmış antibiotiklərdir.
8Dərman preparatı
9Çadırçiçəyi
10Upravdom – (rusca: управдом) mənzil istismar idarəsinin müdiri
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?