İki ömrüm olsaydı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Bunu hətta müəllimimiz də hiss etmişdi. Əlbəttə bu, bəzi dəcəl tələbələrin nəzərindən qaçmamışdı. Odur ki, həmişə etüd göstərməyə çıxanda onlar mənə daha artıq maraqla baxırdılar. Bu da məni həyəcanlandırırdı.

Həmişə deyirdilər ki, Abbas Mirzə hansı teatrda işləsə, tamaşaçılar yalnız ora gedirlər. Amma gördüm ki, İşçi teatrının salonu da adamla dolu olur. Bu teatrın da tamaşaçılar arasında sevimli aktyorları var.

Burada gənclər məsul rollarda çıxış edirdilər. Hətta mənə də kiçik bir rol vermişdilər.

Günlərim maraqlı, mənalı keçirdi. Təhsil illəri həyatımda unudulmaz xatirələr yazırdı. Dostlarım da az deyildi.

Ən çox sevdiyim, hörmət etdiyim müəllimlərimdən biri görkəmli şair və dramaturqumuz Hüseyn Cavid idi. O, ədəbiyyata olan həvəsimi duyub mənə ayrıca tapşırıqlar verirdi.

Bir gün sahil bağında Cavid müəllimlə rastlaşdım. O, bir söz demədən susurdu. Bu, mənim üçün yeni bir şey deyildi. Onun xasiyyəti belə idi, az danışardı. Dərsdə də belə idi. Diqqətlə mənə baxıb soruşdu.

– Tapşırdığım kitabı oxudun?

– Bəli müəllim,"Telli sazı" da oxudum, o birini də.

– Mütaliə sənət adamları üçün çox vacibdir. Amma bizim elə aktyorlarımız var ki, öz adını, familiyasını zorla yazır. Məsələ burasındadır ki, elə belələri allahlıq iddiasındadır.

O, əsəbi halda əsasını yerə döyməyə başladı. Yadıma düşdü ki, onun "Dəli knyaz" əsərini kəskin tənqid etmişlər. Hətta bəzi səhnələrini dəyişdirməyi məsləhət görmüşdülər. O isə qəti etiraz edib əsəri teatrdan geri götürmüşdü.

Sevimli müəllimimizin xasiyyətini biz yaxşı bilirdik. Əlbəttə, biz o zaman hadisələrin təfsilatını düzgün dərk etmirdik və həmişə müəllimimizin haqlı olduğu barədə uzun-uzadı mübahisələr edirdik. O bizə belə deyirdi:

– Sənət və yaradıcılıq məsələlərində heç vaxt güzəştə getmək olmaz! Sənətkar orta səviyyədə qala bilməz!

Onun bu qəti, inadlı sözləri indi də qulağımdadır.

O, həmişə bizə sənətin gözəlliyindən, onun insanlara bəxş etdiyi zövqdən vəcdlə danışırdı. O, sənət adamını gözəl, səliqəli görmək istəyirdi… Əgər bir tələbə səliqəsiz geyinsəydi, dərhal əsəbiləşərdi, həmin tələbədən dərs soruşmazdı. Onun tənqidləri də bizə xoş gəlirdi.

* * *

Bir gün bizi tələbə komitəsinə çağırıb xəbərdarlıq elədilər ki, teatrlarda təcrübə keçmək məsələsi ləğv olunur. Səbəbini soruşduq, dedilər ki, müəllimlər məsələni belə qoyurlar ki, dərs proqramı ilə səhnə təcrübəsi düz gəlmir. Hələ sənət aləmində püxtələşməmiş tələbə, teatr mühitində pozula bilər. Teatrlara yalnız son kurs tələbələri buraxılacaq.

Bu xəbər əlbəttə, bizim hamımızı məyus elədi. Amma nə edə bilərdik. Onu da deyim ki, texnikumda möhkəm bir intizam vardı. Direktorumuz çox zabitəli bir şəxs idi. Özü də Azərbaycanda teatr sənətinin banilərindən sayılırdı. Bununla yanaşı, böyük nüfuza malik idi. Hamımız ondan ehtiyat edirdik, hətta qorxurduq da.

Həmin günün səhəri o, bizim qrupdan yeddi nəfəri yanına çağırtdırdı. İçəri girdik, oturmaq üçün yer göstərdi. Həmişə olduğu kimi gözlərini tavana zilləyib sözə başladı:

– Şagirdlərim, müəllimlərinizin bəziləri teatrlarda təcrübə keçməyinizə etiraz edirlər. Yəqin bu işdə bir həqiqət var. Mən bir söz demirəm. Amma öz aramızdır, mənə qalsa, elə birinci kursda teatrda təcrübə keçsəniz daha yaxşı olar. Tələbə elə ilk gündən gərək tamaşaçının nəfəsini hiss etsin, səhnəyə alışsın, aktyorlarla qaynayıb qarışsın. Yoxsa burda üç il dərs oxuyub diplom alandan sonra teatra gedib deyəcəksən ki, bəli, gəlmişəm, özüm də diplomluyam, verin Otellonu oynayım! Siz belə eləyin, dərsdən sonra gedin teatra, amma xəlvəti. Müəllimləriniz bilməsin.

– Bəs tələbəkomitəsinin sədri?

– Qələt eləyir, mən onun qulağını buraram. Qərəz ehtiyatlı olun.

Kabinetdən çıxanda onun cingiltili səsini eşitdik.

– Bax, mən sizə heç nə deməmişəm ha!

Biz ona sonralar "Hacağa dayı" deyərdik. O bizi öz övladları kimi istəyirdi. Bəzən hirslənib tələbəyə cəza verəndə də qərarını dəyişmirdi. Onu çox sevirdik.

* * *

Texnikumun ikinci kursunda oxuyurduq. Yay tətilinə az qalmışdı. Əlaçı tələbələrdən bir qrupunu mədəni yardım göstərmək məqsədilə kolxozlara göndərməyi qərara aldılar.

Bizim kursdan dostum Salam və üç nəfər də başqa tələbə getməli idi. Cəmi on iki nəfər. Bizə İ. adlı üçüncü kurs tələbəsi rəhbər təyin olundu.

Demək olar ki, texnikumda çoxlarının ondan xoşu gəlmirdi. Əvvəla o, yaşca bizdən böyük idi, həm də bir qədər ədəbazlığı vardı. Deyilənə görə, ailəsindən də ayrılmışdı. Texnikuma gəlməmişdən əvvəl hansı bir idarədəsə müdir müavini işləyirmiş.

Salamın ondan lap zəhləsi gedirdi.

– Niyə ondan xoşun gəlmir? – deyə dostumdan soruşdum. O mənə baxıb bir müddət susdu, sonra sözə başladı:

– Bir neçə gün qabaq axşam dərsdən evə gələndə gördüm ki, Ç. darvazanın ağzında dayanıb tez-tez ətrafına baxırdı. Doğrusu onun bu hərəkətindən şübhələndim, ağacın altında ayaq saxladım. Bir az keçmiş gördüm ki, İ. tələsik yaxınlaşıb qolundan tutdu və onu o biri səkiyə dartmaq istədi. Amma qız getmək istəmirdi. Mən cəld irəli çıxıb İ.-nin qabağını kəsdim. O qızın əlini buraxıb aradan çıxdı. Sonra öyrəndim ki, qızı təngə gətirib. Ona gah məhəbbət məktubu yazır, gah da hədələyir ki, əgər mən deyənlərə razı olmasan, səni texnikumdan çıxartdıracağam.

Yəqin elə ona görə də bizim briqadaya rəhbər təyin olunmuşdu. Çünki C. bizimlə birgə gedirdi. Salam qəzəblə dedi:

– Bax, sənə deyirəm, əgər o, qıza sataşıb eləsə, onu döyəcəyəm! Qoy nə olur-olsun, döyəcəyəm.

Mən ona cavab vermədimsə də, dostumun bu qərarını ürəkdən bəyəndim.

Həmin günün səhəri biz rayona çatdıq. Konfliktimiz də elə buradan başladı.

Biz mehmanxanaya gedirdik. Dostum C.-nin çamadanını götürmüşdü. Bu, deyəsən, "rəhbərə" bərk toxunmuşdu. O, əsəbi halda mənə yaxınlaşdı:

– Dostuna de ki, bura rayon yeridi, qızlarla rəftarında bir az diqqətli olsun. Yoxsa min cür söz düzəldərlər.

– Yaxşı, o, hörmətdən başqa nə eləyir ki?

– Hörməti layiqli adama edərlər, daha yetimxanadan gələn bir qıza yox!

Mən nifrətlə onun gözlərinə baxdım, o, dərhal məndən uzaqlaşdı.

İlk tamaşamız kolxoz klubunda müvəffəqiyyətlə keçdi.

Rayonun məsul işçilərindən bir neçə nəfəri də kolxoza gəlmişdi. Onu da deyim ki, istər rayon işçiləri, istərsə də sədrlər arasında bizim "rəhbərin" xüsusi hörməti vardı. Bunun sirrini heç birimiz bilmirdik.

Kolxozlara gedəndə məktəbdə qalırdıq. Oğlanlar üçün iki, qızlar üçün bir otaq ayırırdılar.

Bir gün növbəti tamaşadan sonra oturub kitab oxuyurdum, dostum isəüzüüstə uzanıb yatmışdı. Deyəsən, başqaları da yatmışdılar. Məktəb binasında sakitlik idi. Elə bu vaxt bir oğlan içəri girib mənə kiçik bir kağız uzatdı. Geri dönəndə: – Bayırda gözləyirəm, – dedi.

Mən kağızı açıb oxuyanda Salam başını qaldırdı:

– O nədir?

Mən kağızı ona uzatdım. O, sınayıcı nəzərlərlə mənə baxaraq dodaqlarını büzdü:

– Səncə nə ola bilər, gecənin bu vaxtı?

Məktubda "rəhbər" məni təcili çağırırdı, özü də tək. Dostum qalxıb geyindi:

– Gedək. Bu hər halda heç yaxşı işə bənzəmir. Burada nə isə bir sirr var. Gedərik, sən girərsən içəri, mən duraram qapıda. Əgər lazım olsa…

Qapıda gözləyən oğlan ikimizi görəndə təəccüblə mənə baxdı. Mən qətiyyətlə dedim:

– Gedək!

O, qabağa düşdü. Qaranlıq gecə idi. Kəndin əyri, dar küçələri ilə bir-birimizin dalınca gedirdik. Xeyli gedəndən sonra pəncərələrindən gur işıq düşən bir evin qapısı ağzında dayandıq. Oğlan bizə tərəf çevrildi.

– Buradır.

Mən qapıya yaxınlaşmaq istəyəndə Salam qolumdan tutub saxladı, yavaş addımlarla pəncərəyə yaxınlaşıb içəri baxdı.

– Pəh, pəh… qiyamətdir ki!

Gülüş, hay-küy bir-birinə qarışmışdı. Biz içəri girəndə elə bil qurbağa gölünə daş atdılar. Deməli, onlar məni tək gözləyirlərmiş. Salamı görəndə bəziləri özlərini itirdilər.

Geniş otağın ortasında böyük bir süfrə açılmışdı. Süfrədə nə desən vardı; yeməklə dolu boşqablar, içki şüşələri, meyvə. Süfrənin ətrafında xeyli adamlar oturmuşdu. Bizim qızlar da burada idilər. "Rəhbər" isə baş tərəfdə əyləşmişdi.

Kolxoz sədri sükutu pozdu:

– Təzə qonaqlar xoş gəliblər, buyurun yuxarı başa.

Oturduq. Mən gözaltı dostuma baxdım. Çırtma vursaydın qanı damardı. Bizə şərab süzdülər. Kolxoz sədri stəkanı yuxarı qaldırıb ucadan dedi:

– Gənc sənətkarlara bizim xüsusi hörmətimiz var. Qaldırın badələri, içək bu iki səmimi dostun sağlığına.

– Təşəkkür edirik, biz içmirik, – dostum stəkanı yerə qoydu.

Deyəsən, stəkan əlimdə titrəyirdi. Qorxurdum ki, düşüb sınar. Bu ara kolxoz sədri içəri otaqdan bir tar gətirib mənə uzatdı:

– Qardaşoğlu, eşitmişik ki, sən yaxşı çalırsan. Bilirsən, belə məclis musiqisiz keçmir.

Mən yalnız indi başa düşdüm ki, nə üçün bu məclisə dəvət olunmuşam. Düşündüm: "Yəqin mənim tar çalmağımı onlara "rəhbər" deyib".

Sədr qapı tərəfdə oturan ucaboylu adama tərəf çevrildi.

– Əyə, Murad, vedrəni gətir.

Murad cəld ayağa qalxıb küncdəki vedrəni götürdü və dizləri arasına aldı.

– Heç bilirsinizmi necə çalır? Vallah zalım oğlu lap artistdir, – deyə sədr onu təriflədi. – Sonra üzünü mənə tərəf tutdu: – Bir tərəkəmə çal görüm.

– Oyun havası çala bilmirəm.

Məndə bu adamlara qarşı necə nifrət oyanmışdı! İmkanım olsaydı onları əməlli-başlı əzişdirərdim.

Sədr bərk tutulmuşdu. Vəziyyətdən çıxmaq üçün:

– Əyə, Murad, sən vur! – oğlanı silkələdi.

Murad böyük bir vəcd ilə vedrəni çalmağa başladı. O, doğrudan da, bir nağaraçı məharətilə çalırdı. Sədr şişman qarnım yellədərək süzməyə başladı.

"Rəhbər" ayağa durdu. Deyəsən, bu, məclisin qurtarmasına bir işarə idi.

Gecənin dərin sükutu içərisində kəndin dolama yolları ilə addımlayırdıq. Heç birimiz danışmırdıq. C.-nin boğuq hıçqırığı hərdən bu sükutu pozurdu. Biz onu sakitləşdirməyə çalışırdıq.

* * *

"Rəhbər" ilə aramızda baş verən münaqişə Bakıya qayıdandan sonra daha ciddi bir şəkil aldı. O, işi necə qurdusa, bizi texnikumdan xaric etdilər.

 

Səbəbini belə izah etdilər ki, guya biz kolxozlara mədəni yardım kompaniyasını pozmuşuq.

Arzular, xəyallar tufana düşdü. Biz daha rəqs meydançalarına da getmirdik. Heç nəyə həvəsimiz qalmamışdı. Hər axşam Salamla bulvarın xəlvət bir guşəsində saatlarla oturub çıxış yolu axtarırdıq.

Bir gün yenə də ağacın altında oturub dərdləşirdik. Dostum həmişə dediyi sözləri tutuquşu kimi təkrar edirdi:

– Mən biləni, Hacağa dayı dərslər başlananda bizi yenə texnikuma götürəcək.

– İştahanı kök elə. Əgər götürəcəkdisə, bəs onda nə üçün çıxarılmağımız haqqındakı əmrə qol çəkdi?

– Daha nə edə bilərdi? Görmürdün ki, bizə siyasi rəng vermək istəyirdilər! Dünən Hacağa dayıya rast gəldim, mənə baxıb gülümsədi.

Mən Salamın sözlərinə inana bilmirdim.

– Nə deyim… Amma çətin ağlım kəsir ki, bu həngamədən sonra bizi qəbul edə.

O, yumruğunu düyümləyib skamyanın söykənəcəyinə vurdu:

– Qoymadın ki, onun dərsini verim.

– Hələ ona bir şey eləməyə-eləməyə bizi bu günə saldılar.

Yenə dolaşıq fikirlər…

Birdən Salamın sifəti işıqlandı.

– Bura bax, ağlıma əntiqə bir fikir gəldi.

– De görək nə fikirdir?

– Bilirsən nə var? Gəl bu üç ay yayı gedib bir zavodda fəhləlik edək.

Onun bu sözü ağlıma batdı. Çünki o vaxtlar fəhləlik vəsiqəsi lap daşdan keçirdi. Həmin günün səhəri "Çuğun-əritmə zavodu" nun kadrlar şöbəsinə getdik.

Elə oradaca əmrimizi verib bizi biriqadirə tapşırdılar. O bizi həyətdəki fəhlələrin yanına apardı. Burada on beş nəfərə yaxın adam vardı.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?