Za darmo

Bizi Umudsuz qoyma

Tekst
Oznacz jako przeczytane
Czcionka:Mniejsze АаWiększe Aa

–Bəlkə beş-on dəqiqə də gözləyək. – Şikar acizanə tərzdə təklif etdi.

–Mən sənin ağrılarına üzülürəm. Amma bu əclafları da pis tanımıram. Yüz faiz əminəm ki, o, burdadır, bəlkə də kamera ilə bizi görür. Mən belə dələduzlarla az rastlaşmamışam. Durun, yavaş-yavaş düşək aşağı. Gözləmək istəsəniz, bir az da aşağıda gözləyərik. Ancaq mənə elə gəlir ki, gözləməyə ehtiyac olmayacaq.

–Niyə? – Şikar yenə də üzücü tərzdə soruşdu.

–Ya biz Klinikadan çıxmadan o, bizə yaxınlaşacaq, ya da uzaqlaşmadan zəng vuracaq ki, qayıdın geri, mən gəlmişəm, klinikadayam.

–Sən buna əminsənmi?

–Min səkkiz yüz manatı kim əldən buraxar?

Yavaş-yavaş otaqdan çıxdılar. Liftin ağzında iki qadın və bir cavan oğlan dayanmışdı, deyəsən liftin yuxarıdan qayıtmasını gözləyirdilər.

–Firdovsini Allah öldürsün! – Qadınlardan biri o birisinə deyirdi. – Kişinin ürəyini əməliyyat etdiyi heç üç gün deyildi. Yazıq heç ayağa qalxıb işıqlı dünyaya axırıncı dəfə göz dolusu baxmadı, elə yataqdaca canını tapşırdı. İndi də qaçıb gizlənir. Deyirəm bir ətək pul vermişəm sənə, insafın olsun, heç olmasa yarısını qaytar. Daş atıb göyə, başını tutur altına ki, vallah, billah, o puldan mənə hələ bir qəpik də çatmayıb. Hamısını kassaya ödəmisiniz.

Bu söhbəti Şikarla Orxan yaxşı eşitməsə də onların arxasınca ayağını sürüyüb bir az geri qalan Qönçə təfsilatı ilə dinlədi. “Bu boyda klinikada başqa həkim yoxdur ki, ürəyi də, böyrəyi də Firdovsi canı yanmış əməliyyat edir” deyə öz-özünə sual verdi Qönçə.

Qardaşlar birinci mərtəbəyə düşüb Qönçənin gəlib çatmasını gözlədilər. Sonra üçü də birlikdə giriş-çıxış qapısına doğru addımladılar. Bir addımlığında qapı avtomatik olaraq onların qarşısına açıldı. Bu zaman kimsə arxadan çağırdı:

–Şikar müəllim!

Hər üçü geriyə qanrılıb baxdılar. Liftin ağzından orta yaşlı, ucaboy, başının ön hissəsi dazlaşmış bir kişi onlara tərəf addımlayırdı. Şikarla Qönçə dərhal tanıdılar. Bu Firdovsi həkim idi. Odur ki, geriyə dönüb ona tərəf addımladılar.

–Firdovsi həkim! – İlk olaraq Şikar əlini uzadıb onunla görüşdü, rəngi-rufu dərhal yerinə gəldi, elə bil xilaskarını tapmışdı. – Gəl çıx də. Az qala çıxıb getmişdik.

–Şikar müəllim, siz zəng edəndə, vallah, laboratoriyada idim. Analizlərin cavabını yoxlayırdıq. Ona görə də çıxa bilmirdim. Elə indicə işimizi yekunlaşdırdıq ki, dərhal sizin yanınıza gəldim.

“Ay aferist. Bəs biz pulu ödəsəydik, necə? Yenədəmi işini qurtarıb dərhal bizim yanımıza gələcəkdin?” Orxan sual dolu baxışlarını bir anlıq Firdovsi həkimin gözlərinə zillədi. “İnan ki, siz çıxıb getsəydiniz od vurub atamı yandıracaydılar. Mənim adıma gəlib, kameralara düşəndən sonra pul ödəməyib geri qayıdan xəstəyə görə başımı sığallamayasıdırlar ki!” Firdovsi həkimin gözlərində aferistliklə, fırıldaqla yanaşı bir yazıqlıq, məzlumluq rüşeymləri də vardı – zamanın məcburiyyəti qarşısında divarın küncünə qısılmaq məzlumluğu.

Onlar söhbət edə-edə yenidən ikinci mərtəbəyə qayıtdılar. Gözləmə otağına keçən kimi yenə də üstünlüyü əlində saxlayıb ilk dillənən Firdovsi həkim oldu.

–Vaxtım azdır. Getməliyəm. Deyin, görüm sizi narahat edən nədir? Biz axı Gəncədə hər şeyi danışmışıq. Vallah, bu qiymətə heç kim həmin əməliyyatı boynuna götürməz. Mən eyni vaxtda iki əməliyyat edəcəyəm. Böyrəkdə olan daşı çıxardacam. Sidik kanalına düşmüş daşı isə əzəcəyəm. Qırıntılar sidik kanalı ilə axıb töküləcək.

–Mənə sizin qarantiyanız lazımdır, həkim. – Orxan, özü də bir az əsəbi halda söhbətə qoşuldu. – Biz sənə bir ətək pul veririk.

–Mənə vermirsiniz, kassaya köçürürsünüz. Buranın qaydası belədir. Mərkəzi Klinika ölkənin ən yüksək səviyyəli klinikasıdır. Mən hələ sizinlə çox ucuz danışmışam. Özəl klinikalara gedin, görün bu əməliyyatı eləməyə üç min manatdan aşağı razılaşarlarmı?

–Birincisi, qiyməti siz müəyyənləşdirmisiniz, burada klinikalıq bir şey yoxdur. Min səkkiz yüz əvəzinə min beş yüz də deyə bilərdiniz. İkincisi, Sumqayıtda daha ucuz eləyən yüksək səviyyəli həkim tanışlarımız var. Söhbət bunda deyil. Madam ki, Şikar sizinlə danışıb, eybi yoxdur, əməliyyatı siz aparın.

–Əməliyyatdan sonra üç gün də klinikanın palatasında qalacaq. Günü yüz manatdır, amma siz ödəməyəcəksiniz, bu mənim boynumadır.

–Elə olmasın ki, əməliyyatdan sonra yoxladaq, yenə də böyrəyində daş olsun.

–Başa düşmədim, siz soruşursunuz ki, yenidən daş yığılacaq, yoxsa yox?

–Mən hər iki variantı nəzərdə tuturam. Həkim var, əməliyyat aparır, sadəcə dərini kəsib tikir. Daxili orqanlar üzərində heç nə eləmir, hamısı pul qopartmaqdan ötrüdür. Eyni zamanda, əməliyyatdan sonrakı mərhələdə, daş götürüləndən sonra ləyəndə yenidən qalıqlar yığılıb daşa çevriləcək, ya yox? Bax, məni ən çox narahat edən də elə budur.

–Mən buna cavabdehəm.

–Bəs həmin yerə yenidən daş yığılarsa…

–İnşallah, olmaz. Müalicə yazarıq, xəstənin özündən də çox şey asılıdır. Pəhrizini saxlamalıdır. Heç narahat olmayın, əməliyyatdan sonra hər şeyi yazıb verəcəyəm. Nəyi necə etmək haqqında tam bir təlimatınız olacaqdır.

Firdovsi həkim bunu deyib ayağa qalxdı.

–Məni bağışlayın, təcili getməliyəm. Siz də narahat olmayın. – Firdovsi həkim Şikarın əlini iki əli ilə sıxıb gülümsündü. – Möhkəm ol.

O, bunu deyib çıxışa doğru getdi, biz də onun arxasınca otaqdan çıxdıq. Liftin önündən keçib sola burulduq.

–Kassa burdadır. – Firdovsi həkim əli ilə liftin o tərəfindəki pəncərəni göstərdi. – Ödənişinizi edib çekinizi alın. Axşam və səhər heç nə yemirsən ki, qarnın boş olsun. Saat doqquzda burda olmalısınız. Ayrı sözünüz varmı?

Sağollaşıb ayrıldıq. Firdovsi həkim liftə minib getdi. Şikarla Qönçə pulları sayıb kassaya ödədilər. Min səkkiz yüz manat az pul deyildi – bəlkə üstünə beş yüz manat da əlavə etsəydin Şikarın bir illik müəllim maaşına bərabər olacaqdı. Sağ olsun, Firdovsi həkim, bir günə müəllimin bir illik qazancını qazanırdı. Görəsən, onu kim yetişdirib? İnanmaq olmur ki, hər hansısa müəllim gələcəkdə onun bir illik məvacibini bir dəfəyə əlindən alacaq şagird yetişdirsin.

Ertəsi gün günorta saatlarında klinikaya xəbər yayıldı ki, Firdovsi həkimin hər üç əməliyyatı uğurla keçib, o cümlədən Şikar da əməliyyatdan yaxşı çıxıb. Üç gün klinikada saxlandıqdan sonra onu evə yazdılar. Hələ ki, kanalı qoşmamışdılar, o, qardaşıgilə böyründə sallanan sellafon torbası ilə birlikdə yollandı. Ayrılanda Firdovsi həkim ona bir-birindən fərqli iki daş verdi. “Böyrəklərindəki daşlar budur, hər ikisini çıxartmışam, bundan sonra rahatlıq taparsan”, dedi. Böyrəklərdən çıxan daşlardan biri çarpanaq, digəri isə lal idi. Firdovsi həkim dedi ki, çarpanaq daş bir az da böyüsəydi, böyrəyi deşib zədələyəcəkdi, bəlkə də sıradan çıxaracaqdı. Lal daş isə böyüyüb böyrək kanalını tutacaqdı, hətta, kanalı partlada da bilərdi. Qarın boşluğu nahiyəsinə sızan sidik tezliklə qana keçə bilər və heç şübhəsiz ölümlə nəticələnəcəkdi. Bir sözlə, Şikar müəllimin anası namaz üstəymiş ki, vaxtında onu Firdovsi həkimə urcah edib. Yoxsa…

Qardaşıgildə özünə gəlib rahatlıq tapandan sonra Şikar bütün bunları maraqla Orxana danışdı. Onu diqqətlə dinləyən Orxan, nəhayət ki, dilləndi:

–Bəs sidik kisəsinə düşən daş necə oldu?

–Hansı daş? – Şikar təəccüblə onun üzünə baxdı.

–Bəs demirdinizmi ot dəmləmələri vaxtı böyrəyin birindəki, gərək ki, sağ böyrəkdəki daş sidik kanalına düşüb. Müayinə vaxtı Firdovsi həkim özü də bunu müəyyənləşdirib. Səninlə də razılığa gəlib ki, sol böyrəyindəki çarpanaq daşı çıxardacaq, sağ böyrəyindən böyrək kanalı ilə sidik kisəsinə axıb gedən daşı isə xüsusi cihazla elə orada əzəcəkdir. Həmin daşın qırıntıları sonra sidiklə bərabər axıb töküləcəkdir.

–Doğrudan ha… – Narkozdan sonra özünü çox da yaxşı hiss etməyən Şikarın elə bil nə isə yadına düşdü və o, başını balınca dayayıb huşa getmək istədi.

–Sənin kürəyində yarıq neçə yerdəndir?

–Bir. – Şikar çox sakitcə cavab verdi. – Sol tərəfdən.

–Deməli bir böyrəyini əməliyyat edib. Ola bilməz ki, həkim sol tərəfdən girib sağ böyrəkdəki daşı da çıxartsın. Əgər o, bunu bacarsaydı, mütləq Nobel mükafatına layiq görülməliydi.

Şikar daha heç nə demirdi, heç deyilənləri də eşitmək istəmirdi.

–Dur gəl bura. – Kənardan söhbəti izləyən Yasəmən Orxanın əlindən tutub dartdı. – Görmürsən Şikara dincəlmək lazımdır? Nə düşmüsən onun üstünə?

Şikar bir neçə gün qardaşıgildə qaldı. Xüsusi pəhriz yeməklərlə qidalanır, daha çox təbii şirələr içirdi. Sidik ifrazı katetir vasitəsilə xaricə axırdı. İki gündən sonra katetir işləmədi. Evdə narahat olmağa başlasalar da Orxan onları sakitləşdirdi.

–Heç narahat olmayın, katetir müvəqqəti əvəzedicidir. Katetir sidik ifraz etmirsə, deməli orqanizmi təbii yolla sidik ifrazını bərpa edib. – Üzünü Şikara tutub dedi: – Təbrik edirəm, sən sağaldın.

Növbəti gün Firdovsi həkimin yanına son təlimata gedəndə o da eyni şeyi demiş və katetiri çəkib çıxartmışdı. Bir gündən sonra Gəncəyə qayıdan Şikar həftənin birinci günündən işə çıxmağa başladı.

–Ortada Diaqnostika Mərkəzinə baş çəkməyi unutma. Yoxlat, gör, əməliyyatdan bir ay sonrakı vəziyyətin necədir? – Ayrılanda qardaşı Orxan belə məsləhət görmüşdü.

Təxminən bir ay keçəndən sonra Orxan evdə oturub kitab oxuyurdu ki, qardaşı Şikar zəng vurdu.

–Mən bu işə lap mat qalmışam. – deyə təəccübünü bildirdi.

–Nə olub yenə? – Orxan tam soyuqqanlılıqla maraqlandı.

–Bu gün getmişdim Yeni Gəncəyə, Diaqnostika Mərkəzinə. UZİ-yə düşüb böyrəklərimi yoxlatdım. Həmin həkim yenə də dedi ki, böyrəklərində daş var. Mən axı təzə əməliyyat olunmuşam. Bir ay müddətində nə tez yığıntılar daş bağladı və böyüyüb həmin ölçüdə oldu?

–Ola bilər ki, əməliyyatdan sonra yara tam sağalmayıb. Həmin daşların yeri bərpa olunmayıb, ləyən kimi qalıb. Ona görə də aparat belə göstərir.

–Elə mən də UZİ həkiminin yanından Firdovsi həkimi yığdım. O da sən deyənləri dedi. Amma aparat həkimi razılaşmadı. Dedi ki, mən özümü aldada bilmərəm. Mənə nə düşüb ki, yalan deyəm. Hər iki böyrəyində lal daş var, ölçüləri də bu razmerdə. Demirəm ki, duzdur, kristaldır, yığnaqdır, nəhayət çarpanaq daşdır.

 

–Nə bilim, ay Şikar. Onlar professional doxturlardı, biz isə fərziyyə söyləyirik. Yenə də özünü qoru, görək. Çalış, böyrəyinə dinclik ver. Sudan ehtiyatla istifadə et. Duzdan bir müddət imtina elə. Acını, şirini birdəfəlik unut. Çörəyi ləğv elə, keç qara çovdar çörəyinə.

–Bəs həkim deyirdi ki, suyu, çayı bol elə. Gündə ən azından üç litr su içməlisən.

–Özün fikirləş. Böyrəyin əməliyyatdan çıxıb, yaralıdır. Heç sağlam adamın böyrəyi üç litr suyu süzə bilmir, xəstə, yaralı böyrək bunu necə süzsün?

… Bütün bunlar bir anda Şikarın gözünün önündən gəlib keçdi. Telefonunun zəngi onu fikir-xəyaldan ayırdı.

–Ata, muştuluğumu ver, daşları tapmışam. – Danışan oğlu İslam idi, sevinə-sevinə danışırdı, ancaq daşların tapılması da Şikarı sevindirmirdi.

–Nəyi tapmısan? – Şikar sanki indi yuxudan ayılırdı.

–Böyrək daşlarını, böyrəyindən çıxan daşları.

–Onlar itmişdi ki, tapasan?

–Onlar itməmişdi, səhər-səhər zibil torbasına qoyub tullamışdım. Sən zəng edəndən sonra gedib baxdım ki, zibilyığanlar məhəllənin zibilini hələ aparmayıblar. Yeşiyi güc-bəla ilə aşırdım yerə. Səhərdən zibilin içində eşələnirəm, öz zibil torbamızı axtarırdım. Axır ki, tapdım.

–Onları gətirə bilərsən, yoxsa mən özüm gəlim?

–Hara gətirim?

–Heç olmasa univermağın qabağına gətir, gəlim, alım. Yoxsa sən dərsə gecikirsən?

…Şikar başına gələn əhvalatı bura qədər danışdı və fikrə getdi.

–Nə oldu, Firdovsi həkim daşları görəndə tanıyıb sevindimi?

–Sevindi nədi, hətta, sevincindən yenicə eşqə düşmüş qız kimi gözləri parıldadı.

–Bəs sonra nə elədi? Daşları Almaniyaya göndərdimi? Almaniyadan nə cavab gəldi?

–Bax, elə məni də düşündürən odur. Daşlar o gedən getdi. Beş il keçməsinə baxmayaraq Almaniyadan hələ də bir cavab yoxdur. Hər dəfə Firdovsi həkimə zəng vurub soruşanda, deyir ki, narahat olma. Bu axşam internetə girib yenə də soruşacam. Harda olsa on-on beş günə cavab gəlməlidir. Almanlar axı, belə səhlənkar millət deyillər. Olmaya bizimkilərlə əməkdaşlıq edə-edə… onlar da dəyişiblər.

–Bakıya gedib nə edəcəksən? Bəlkə heç arxasınca düşməyəsən bu məsələnin?

–Firdovsi həkimin yalan danışdığını mən çoxdan hiss eləmişəm. Amma səbrlə işin axırını gözləyirdim.

–Səndə səbr nə imiş. Düz beş ildir gözləyirsən, danışırsan və inanmadığını büruzə vermirsən.

–Mən Firdovsi həkimi tapıb deyəcəyəm ki, mənim yanımda internetə gir, daşı kimə göndərmisən nəticəsini ondan soruş, yazdığı resepti də internetlə al və mənə ver.

–Nə qədər də sadəlövhsən. Elə bilirsən Firdovsi utanacaq? Səni aldatdığına görə üzr istəyəcək? Sənin kimi neçələrini aldadıb, aldadır və aldada-aldada gələcəyə doğru gedir.

–Mən sadəcə onun gözlərinə baxmaq istəyirəm. Çünki onun ucbatından doğma qardaşımın gözünə baxa bilmirəm. Axı qardaşım elə ilk gündəcə onun necə fırıldaqçı olduğunu aşkar elədi. Mən isə doğma qardaşıma inanmaq istəmədim.

Şikarın gözləri yaşardı. O, pəncərənin pərdəsini azacıq aralayıb çölə baxdı. Adəm başa düşdü ki, qaranlıqda təbiəti seyr etmək olmaz, amma Şikar müəllim “seyr edir”.

Möhlət

Elin baş taciri can üstəydi, ölürdü, ölə bilmirdi. Uca dağların bumbuz bulaqlarından su gətirib dodaqlarını yaşlayırdılar, damcı-damcı boğazına damızdırırdılar, yanğısı sönmürdü. Barlı-bəhərli bağların növbənöv meyvələrindən yedirdirdilər, laləzər çəmənlərin tər çiçəklərindən dərib burnuna tuturdular, qoxlayırdı, amma heç bir faydası olmurdu.

Baş tacir səhər açılandan ta axşam düşənədək, gecə də sübhədək zarıyırdı, nə ailə üzvlərinə, nə də qul-qaravaşa rahatlıq verirdi. Gah nəfəsi daralırdı, gah da gözləri qaralırdı, dünya-aləm başına fırlanırdı. Mürəkkəb dolanbaclar içində, zülmət qaranlıqlar aləmində baş tacir onu cənnətə aparacaq süd kimi ağappaq yolu axtarırdı, ruhunu haqqın dərgahına səsləyəcək iynə ucu boyda ağ işartını gözləyirdi, tapa bilmirdi.

Sonrakı günlərin birində səhər-səhər elə bil güc gəldi canına, gözlərində işıq, qolunda təpər, səsində bir gümrahlıq hiss etdi, dərhal oğlunu çağırtdırdı yanına. Atasının dirçələcəyindən əlini üzmüş oğlu Bayandur az qala qaça-qaça gəldi çağırışa, atasını gümrah görcək lap uşaq kimi sevindi, istədi qışqırıb car çəksin hər yana.

–Oğul! – dedi baş tacir, təmkinlə, eyhamla. – Sübh tezdən Cənabi-Əzrayıl gəlmişdi ocağımızın başına. Dedi ki, Tanrı daha bir gün möhlət verib mənə. Sabah gəlib canımı alacaq. – Gözləri doldu baş tacirin, elə Bayandurun da sifəti aşağı axan sevinc və kədər damcıları bir-birinə qarışdı. – Siz hazırlığınızı görün.

–Bu nə möhlətdir, ata?! – Bayandurun sözlərində hər şey bir-birinə çulğalanmışdı, səsi boğula-boğula çıxırdı boğazından, qəhər və mərdlik qüruru sanki əlbəyaxa olmuşdu.

–Halallıq möhlətidir, oğul. Tanrı buyurub ki, tacir gözü görə-görə, ağlı yerində ikən ailə üzvlərini, nökər-naibini, qul-qaravaşını bir yerə toplayıb onların halallığını alsın.

Baş tacir üzünü o yana çevirmişdi ki, məğrur böyütdüyü oğlunun göz yaşlarını görməsin. Bayandur da atasının son halını görməyə səbri, dözümü çatmadığından mətləbi yarı-yarımçıq anlayan kimi otaqdan çıxdı. Çıxan kimi də özünü cəmləşdirib ilk olaraq anasının yanına gəldi. Məsləhətləşib qul-qaravaşa qonaq otağını hazırlamaq tapşırığını verdilər.

–Onun böyüklüyü və qüdrəti sayəsində biz nə karəyik, oğul, yenə də məsləhətinə şükür. Yox yerdən xəlq elədiyi kimi vaxtı-vədəsi çatanda da yaratdığını bir anın içində yoxa çevirir. İndiyə qədər kim onun hökmünün qabağında nə edə bilib ki, biz də bir şey edək?

Geniş, işıqlı qonaq otağında qul-qaravaş məmləkətin baş tacirinə elə bir taxt hazırladılar ki, o, həm rahat uzana, həm də hüzuruna toplaşanları görə biləcəkdi. Otaq hazır olan kimi baş tacirin əyninə onun ən çox sevdiyi Təbriz jaketini geyindirib taxtına uzatdılar. Sonra ailə üzvləri, qul-qaravaş, nökər-naib; bir sözlə, baş tacirin əhatəsində və ixtiyarında kimlər vardısa, hamısı gəldi.

–Mənim əzizlərim. – Xırıldaya-xırıldaya olsa da baş tacir danışmağa başladı. – Neçə vaxtdır ki, yataq xəstəsiyəm. Sağalıb ayağa duracağıma daha ümid yoxdur.

Yerbəyerdən qadınlar şivən qopardılar, şappıltı ilə dizlərinə vurub qiyyə çəkdilər. Kişilər “off” eləyib qəhərlərini boğmağa çalışdılar.

–Ağlamayın! İnnən belə ağlayıb-sısqamağın heç bir mənası yoxdur. Ağlayıb məni də üzürsünüz. Ulu Yaradan artıq hökmünü verib. Cənabi Əzrayıl sübh tezdən xəbər gətirmişdi. Həyatın qaydası belədir. Bir gün gələn, bir gün də getməlidir. Şükür Allaha, nəyimiz yoxdur, hər şeyimiz var. Atamdan qalan var-dövləti ən azından on dəfə artırmışam. Siz də məndən sonra Bayandurun ətrafında möhkəm cəm olun. Elə mehriban olun ki, heç bir yağı düşmən aranıza nifaq sala bilməsin. Onda hamınızın dolanışığı da olar, xoş güzəranı da. – Baş tacir sözünün bu yerində bir az fasilə verdi, boğazını təmizlədi, dili ilə dodaqlarını yaşladı və aram-aram sözünə davam etdi. – Neçə gündür yuxum ərşə çəkilib. Bu səhər gözümə təzəcə yuxu gəlmişdi, mürgüləyirdim ki, Cənabi-Əzrayıl məni yuxudan oyatdı. O dəqiqə tanıdım, Əzrayılı tanımamaqmı olar? Dedim: “Xoş gəlmisən, ağa. Gəl, canımı al, mən də rahat olum, qulluğumda duran fağır-füğəra da bu zillətdən azad olsun”. “Yaradan sənə daha bir gün möhlət verib, – dedi. – Hamını yığ başına, halallıqlarını al. Sonra gəlib rahatlanmış ruhunu Tanrının dərgahına aparacağam”. – Baş tacir şəhadət barmağının qatlanacağı ilə gözünün yaşını sildi. – Vaxt olub ki, sizi haqsız yerə danlamışam. Yorulub əldən düşənədək işlətmişəm, dinclik verməmişəm. Əl qaldırıb döydüyüm, qamçıladığım günlər də olub. İşlədib haqqınızı ödəmədiyim günlər bir yana, ac-susuz işlətdiyim vaxtlar elə hey gəlib durur gözümün qabağında, mənə rahatlıq vermir. Daha olan olub, keçən keçib. Keçənə güzəşt deyib babalarımız. Siz də keçin mənim günahlarımdan. Halallıq verin, qoyun rahat canımı tapşırım. – Baş tacir sözünün axırını deyər-deməz qəhər onu boğdu, sifəti aşağı göz yaşları axıb getdi.

Onu heç vaxt belə zəif, üzüntülü görməmişdilər. Yazıqları gəldi tacirə.

–Nə əziyyətini çəkmişik, halal-xoşun olsun! – Yerbəyerdən elə dedilər ki, xorla alındı, səs otağın tavanına dəyib çilikləndi, divarlarda sınıb parça-parça olaraq üstlərinə qayıtdı, qorxunc bir əks-səda yaratdı.

Baş tacirin qəhərləndiyini, zarın-zarın, hıçqıra-hıçqıra ağladığını görən Bayandur çıxmaq işarəsi verdi. Hamı çıxandan sonra Bayandurun anası bir neçə qul-qaravaşla otaqda qaldı. Göz yaşlarını silib özlərinə gəldikdən sonra baş taciri öz yataq otağına apardılar, xəstələnəndən bəri həmişə uzandığı çarpayısında uzatdılar. Sonra hər kəs öz işinin arxasınca getdi. Hərdənbir, növbə ilə xanımın ayırdığı qul-qaravaşlardan biri sakitcə baş tacirin otağına gəlib onun hərəkətlərinə göz qoyurdu ki, görsün tacir canını tapşırıb, ya yox. Bu minvalla axşama qədər gözləsələr də baş tacir həyatla vidalaşmadı. Yaxınlarından halallıq alandan sonra daha əvvəlki kimi zarımırdı, elə bil ağrıları göz yaşları ilə bərabər axıb getmişdi, bütün üzüntüləri bir anın içində yoxa çıxmışdı, bircə qüvvəsi çatmırdı ki, güc verib ayağa qalxsın.

–Yəqin ki, bu gecə canını tapşırar.

Gecə yarıdan keçəndən sonra Bayandur atasının yanında növbətçi qoyub yatmağa yollandı. Amma tezdən yataqdan qalxanda ona xəbər verdilər ki, atası hələ də canını tapşırmayıb, hətta dünənki vəziyyətindən də gümrahdır. Dərhal onun yanına yollandı.

–Sabahın xeyirlə açılsın, ata! – Bayandur ucadan səsləndi ki, atasının könlü bir az da xoş olsun. – Bir istəyin varmı?

“Allahın möcüzəsinə nə var? Bir də gördün kişini sapsağlam eləyib qaldırıb ayağa. O da qamçısını əlinə alıb, yenidən düşüb nökər-naibin üstünə, vur ki, vuracaqsan”.

Baş tacir bir söz demədən əli ilə işarə verib oğlunu yaxınına çağırdı. Bayandur onun bir arşınlığında olanda astadan dedi:

–Əzrayıl yenə də gəldi, getdi, oğlum.

–Bu dəfə nə dedi? – Bayandur maraqla, bəlkə də maraqdan çox təəccüblə soruşdu.

–Dedi ki, Yaradan daha bir gün möhlət verib.

–İndi nə buyurur qurban olduğumuz?

–Buyurub ki, baş tacir indi də ixtiyarında olan heyvanların halallığını alsın.

–Onların halallığını necə almaq olar, ata? Biz ki, heyvanların dilini bilmirik.

–Çapar göndər, Buzlubeldən Ovçu Pirimi tapıb gətirsinlər. Sultan Süleymandan sonra bütün quşların, heyvanların dilini yalnız o, bilir. Sən də günorta mağalına heyvanları toplatdır.

Bayandur Ovçu Pirimin arxasınca çapar göndərəndən sonra çobanı, naxırçını, bir də mehtərləri yanına çağırdı. Onlara tapşırdı ki, günorta heyvanın mağal vaxtı naxırı da, sürünü də Cəfərqulu çuxurundakı arxaca toplasınlar.

Elə ki, Ovçu Pirim gəlib çıxdı, onunla görüşüb hal-əhval tutdu, elə bil baş tacirin çiçəyi çırtladı, canına bir az da qüvvət gəldi. Özü dirsəklənib qalxmağa cəhd göstərdi, amma bacarmadı. Tez qul-qaravaş ona qalxmağa kömək göstərdilər, kürəyinə iri yastıqlar düzdülər ki, söykənə bilsin. O, Ovçu Pirimlə xeyli söhbətləşdi, iki dünyagörmüş qoca dünyanın gərdişini bir də ələkdən keçirdilər, keçmişdən gələcəyə uzun bir səyahət etdilər.

Gün ortaya gələndə onu gəcavəyə mindirib Cəfərqulu çuxuruna gətirdilər. Baş tacir aram-aram danışmağa başladı, heyvanlara müraciət etdi. Halallıq almaq üçün ilk əvvəl heyvanlardan ən böyüyü olan dəvədən başladı.

–Ən çox səni işlətmişəm, ay peyğəmbər heyvanı. Bəzən naxələflik edən eşşəyin yükünü də sənə yüklətmişəm. Olub ki, günlərlə yemləməyib, su verməmişəm. İndi elədiyim zülmlərə görə can verə bilmirəm.

Baş tacir növbə ilə Xallı camışdan, Xumar inəkdən, Qumral qoçdan, Mavrı pişikdən, Bozdar köpəkdən, Qara eşşəkdən, Boz qatırdan; bir sözlə ixtiyarında olan bütün heyvanlardan halallıq aldı. Axırda növbə gəlib çatdı Kəhər Ata. Ovçu Pirim baş tacirin dediklərini Kəhər Ata çatdıranda atın gözlərindən iki gilə göz yaşı sifəti aşağı süzərək gözlərinin altından sanki şehli zəmidəki kimi çəhlim saldı.

–Ölüm pis şeydir. – Kəhər At ölüm xəbərini eşidən kimi şahə qalxdı, kişnəyib dağları lərzəyə gətirdi, sanki sahibinin ölümünə qarşı üsyana çıxdı. – Heç kimə, hətta qatı düşmənimiz Yalquzaq Canavara da ölüm arzulamaram. Sən bizim sahibimizsən, üstümüzdə haqqın vardır. Tanrı bizi minilmək, ot, odun, yük daşımaq üçün yaradıb. Ömrü boyu sənin qulluğunda durmuşam, halal xoşun olsun. Bir dəfə də olsun, sənə, ailənə qarşı naxələflik eləməmişəm, harda olmuşamsa sahibimə dönük çıxmamışam. Amma sən mənim başıma bir oyun açmısan, ha çalışıramsa, onu heç unuda bilmirəm. Yadındadırmı, uzaq bir səfərə gedirdik?

–Yadımdadır. – Baş tacir Ovçu Pirimin tərcüməsindən sonra gülümsəyib Kəhər Atın sözünü cavablandırdı.

–Uzaq yolda bir bulaq üstünə gəlib çatdıq. Hər tərəf yamyaşıl idi, ot, qanqal adama boy vermirdi. Bulağın üstündə süfrə açdırdın. Dəvəylə eşşəyin, bir də qatırın qabaq qollarına cidar vurdurub çəmənliyə buraxdırdın. Bunu sən özün mehtərlərə tapşırdın, öz qulağımla eşitdim. Mənim qabaq qollarıma da cidar vurdurdun. Amma bununla kifayətlənmədin. Mənim yüyənimi eşşəyin quyruğunun altından keçən iyli quşqununa bağlatdırdın. Dəvəyə, qatıra, eşşəyə inandın, mənə inanmadın. Yüyənimi dəvənin palanına bağlasaydın, yenə başa düşüləsi idi. Eşşək kim idi ki, məni ona tapşırırdın?! Sənin qarşında o hansı xidmətləri ilə etibar qazanmışdı? Bax, illər keçib, ancaq sənin bu əməlini heç unutmamışam, unuda da bilmirəm.

 

… – Baş tacir hönkürdü, ailəsi, qul-qaravaşı, nökər-naibi də ona qoşuldular.

–Demirəm ki, səndən, ailəndən, yeddi dönənindən qisas alacağam. İy deyənindən kimisə yerə çırpıb öldürəcəm, öldürə bilməsəm də qol-qıçını qırıb şil-küt edəcəyəm. Xeyr! Mən sənə həmişə sadiq olmuşam, ölüncə də ailənin qulluğunda duracağam. Ancaq nə etməli? Olanları geri qaytara bilməzsən. Məni də bu cür yaradıb Ulu Yaradan. Kinli, qisasçı olmasam belə bağışlamağı da bacarmıram.

Inne książki tego autora