Dünya tarixinin Turan Dövrü

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Tur və Turan adları

Y.Oppert Sumer adını və dilini elm aləmində gündəmə gətirmədən öncə bu dili iskit dili adlandırırdı və qədim turanlı iskit dilini mada-iskit və kasdo-iskit olmaqla iki dialektdən ibarət hesab edirdi.

Oppert “Tur” sözünün etimoloji izahını şərh edərək yazırdı: “Tur “oğul” deməkdir (böyük oğul və ya ailənin başçısı deməkdir, kasdo/iskit dilində “tur” midya/iskit dilində isə “sak” oğul deməkdir. Midiyada arilərin işğalından sonra əyan və aristokrat təbəqə perslərdən ibarət olsa da, əhalinin aşağı təbəqədən ibarət olan əksəriyyətini təşkil edən turanlı midiyalılar hakimiyyət uğrunda mübarizədən heç vaxt əl çəkmədilər”. (J.Oppert. 1865, Səh. 9, 10)

Y.Oppert Türk adının etimalogiyasına aydınlıq gətirərək yazir ki, iskit dilində mənası oğul demək olan “Tur” sözü türk, tatar adının kökünü təşkil edir. (J.Oppert. 1857, Səh. 15)

Oppertin və onunla həmfikir olan bilim adamlarının Tur və Turan haqqındakı fikirləri özlərində önəmli elmi və tarixi gerçəklikləri əks etdirir. Tarixi mənbələrdən də məlum olduğu kimi Zərdüşt peyğəmbər Ön Asiyada Manna ərazisində doğulmuşdur. O sonradan Avesta adı ilə təqdim olunan dini təlimini də manna dilində yazmışdır, lakin öz vətənində qəbul görməyən Zərdüşt öz təlimini təbliğ etmək üçün Mərkəzi Asiyaya üz tutmuşdur. Mannalılar etnik mənşə və dil mənsubiyyəti baxımından samilərin sumer/sumir adlandırdıqları Ön Asiyanın başlıca hakim etnosu olan kienqilərin və ya kəngərlərin çoxsaylı qollarından birini təşkil edirdilər. Zərdüştün təlimində Tur anlayışı öz kökünü sumer və manna ənənəsindən götürmüşdür və ilk insanın meydana gəlməsi haqqında öntürklərin yaradılış haqqında qədim əfsanəsini özündə əks etdirir. Mixi yazı uzmanlarının çoxsaylı izahlarından da göründüyü kimi Tur sözü oğul, doğulma, törəmə kimi anlamlar daşıyır. Tur öküzün yer üzərinə səplənən toxumundan yaranan, törəyən ilk insandır, böyük oğuldur ki, bütün bəşəriyyət ondan törənmişdir. Yəni Zərdüştün dini təliminə görə yer üzünün ilk insanları turlar, yəni türklər olmuşdur. Mixi yazı mətnlərindəki bilgilər də bunu təsdiq edir. Oppert, Rouilson, Lenorman, Hommel, Norris, Mordtmann və s. kimi böyük bilim adamları da mixi yazılardakı bu bilgilərə əsaslanaraq sami və ari irqınin tarix səhnəsinə qədəm qoymadan öncə bəşər mədəniyyətinin əsasını qoyanların Turanlılar və ya öntürk turlar olduqlarını yazırlar.

Tur sözü sumerlərdə oğul, doğulmaq mənasında olduğu kimi qədim və müasir türk dillərində “doğulmaq”, “nəvə” anlamında Törü/Toru/Torun şəklində mövcuddur. F.Hommel türkcə-Sumercə sözləri müqayisə edərək yazır: “Sumercə Tur/ oğul-türkcə torun, törəmə; Sumercə Dinqir/dimir-türkcə tenqri/tanrı; sumercə yeraltı dünya Aral-türkcə yeraltı dünyanın sahibi Erlik. Tur, thoq sözü sumer dilində həmçinin doğulmaq, dünyaya gətirmək, nəsil, rüşeym anlamları daşıyır. (F. Hommel. 1885, Səh. 250)

İkiçayarasının və Avestanın əfsanələrində turların ilk insan oğlu kimi öküzün toxumlarından yaranması haqqında hekayətlər mövcuddur. Akkad yaradılış əfsanəsində insan “Tanrıçanın toxumu” yəni İştar ilahəsinin (Venera ilahəsi) toxumu kimi izah edilir.

Avestanın Bundaxşindəki yaradılış əfsanəsinə görə Ahuramazda ilk insan olan Qayomartı və öküzü eyni zamanda yaratdı. Mükəmməl təmizliyə malik iki yaradılış 3 min il yer üzərində yaşadıqdan sonra şəri təmsil edən Anqramanyu meydana çıxaraq öz gücünü göstərdi. Onun ilk işi öküzü öldürmək oldu. Lakin öküzün bədənindən düşən toxumdan xeyirli heyvan və bitkilər meydana gəldi. (Lenormant F. 1882, Səh. 60)

Şərq mifoligiyasında öküz məhsuldarlıq rəmzidir və burda öküzün öldürülməsi qışın sona çatması və mövsüm dəyişikliyi nəticəsində yazın gəlişi, bitki və heyvanların doğulması və həyatın yenilənməsi hadisəsini əks etdrir.

Otuz il sonra Anqramanyu Qayomartı öldürdü və bu ilk insanın yerə düşən toxumlarından ravənd bitkisi böyüdü, bu bitkinin ortasında arxaları bir-birinə bitişik qadın və kişi vardı. Ahuramazda onları bir-birindən ayırdı, onlara ağıl və ruh verdi, bütün insanlar bu qadın və kişidən törədilər. Onlar ilk insanlar olan Maşya və Maşyana idilər. (Lenormant F. Beginnings of History, Səh. 61)

Anqramanyu/Əhrimən bu hərəkəti ilə yalnız ruhlar aləmində mövcud olan varlığı, təbiət canlıları və insanlar şəklində yerə yendirdi və fiziki aləmin yaradılmasının səbəbkarı oldu.

Fikrimizə görə ilk insan Qayumart haqqındakı iran yaradılış əfsanəsi, hind-avropalılar bunu etiraf etmək istəməsələr də, Sumer yaradılış əfsanəsinin təhrif olunmuş variantıdır. Qayumart adının əsli Qu-martu şəklindədir və Sumer-akkad dilində “öküzün/buğanın oğlu” deməkdir. (F.Delitzsch. 1896, Səh. 391)

Qayumart Sumer yaradılış əfsanəsindəki göyüzü tanrısı, tanrıların atası Anın oğlu “öküzdən törəmiş öküz” tituluna malik Enkinin İran əfsanəsinə yansımış prototipidir. Sumer yaradılış əfsanəsində də, öküz/buğanı təcəssüm etdirən Enkinin mayasından canlı aləmin əsasını təşkil edən öküz timsalında təcəssüm olunan çaylar yaranmış və özü ilə bərəkət və məhsuldarlıq gətirmişdir.

Ahuramazda Qayumartı və öküzü eyni zamanda yaratmışdır. Əhrimən öküzü öldürdükdən sonra onun toxumlarından bütün canlılar və o cümlədən insan yaranmışdır. Sumer əfsanəsində də öküz obrazında Enki insanlar olan qadın və kişinin və bütün canlıların yaradıcısıdır. Dünyaya həyat verən Dəclə və Fərat çayları Öküzün mayasından yaranmışdır.

İranlıların mifologiyasında turanlılardan əxz etdikləri öküz obrazı mühüm yer tutur. Gənc oğlan obrazında təsvir olunan tanrı Mitra söl əli ilə öküzün biynuzundan tutmuşdur sağ əlindəki bıçaqla öküzü qurban verir. Öküz günəşin rəmzidir və o adətən axşamlar qurban verilir. Avestada və sanskrit əfsanələrinə görə Günəş tanrısının əmri ilə Mitra qurban verilən öküzün qanından təbiət canlıları, toxumlarından isə insanlar yəni oğullar-turlar yaranır. Qurban verilən öküz yaranışın və doğulmanın səbəbi və simvoludur, doğulmanın və yaradılışın başlanğıcı və atasıdır. Tur adı həm öküz, həm də oğul və doğulma mənasındadır.

Sumer dilində Tur sözü insan mənasında oğul, uşaq, körpə anlamı daşıdığı kimi kiçik, bala, cavan heyvanları da, o cavan öküzü də ifadə edirdi. (J.Halloran. Sumerian Lexicion, Səh. 45)

Sumer mifologiyasında Tur tanrıdır. T.Yakobsen tanrı Mardukun adının əslində Tur-Utu olduğunu və günəş tanrısı Utunun öküzü anlamı daşıdığını yazır. C. Qadd sumercə “luqal Mar-da-dinqirra” ifadəsinin emesal dialektinə uyğun olduğunu və əslində ifadənin “tanrısal kral Tur” şəklində olduğunu yazır. (Jacobsen T. 1968, səh. 104–108.;Qadd C. 1924, Səh. 49)

Oppertin və Lenormanın da qeyd etdikləri kimi Tur tanrı adı idi və o Günəş tanrısı Utunun öküzü idi. Tur-Utu tanrı adı kassilərin Babildəki hakimiyyətləri dövründə tanrı Marduk şəklində ifadə olunurdu.

Tur İran rəvayətlərində Firudinin üç oğlundan biri və türklərin ulu atası hesab olunur. Əgər Turan sözünü iran əfsanələri əsasında izahını qəbul etsək onun mənası Tur adının sonuna cəm halını bildirən “an” şəkilçisini artırmaqla meydana gələn Turlar və Turların ölkəsi deməkdir. Avropa və Rusiya alimlərinin böyük qismi Turları irandilli hesab etsələr də, İranlılar lap qədimlərdən Turları türk, Turanı isə türklərin ölkəsi kimi qəbul etmişlər.

Avestada oturaq əkinçi və heyvandar xalqların ərazilərinə daima basqınlar edən, onları çapıb talayan şimal və şərqdəki köçəri xalqlar mənası şər ruhlu, amansız, vəhşi, talançı mənasında olan Tura adlandırılmışdır.

Sasanilər sülaləsinin hakimiyyəti dönəmində də Türklərin yaşadığı əraziləri Turan və Mərz-i Turan yəni Turanlıların ərazisi adlanırdı.

Firdovsinin “Şahnamə” əsərində və digər ərəb-fars mənbələrində İranı təmsil edən farslarla, sakları təmsil edən Turan arasında uzun illər ərzində davam edən və gah birinin gah da digərinin qələbəsi ilə nəticələnən çoxsaylı savaş səhnələri öz əksini tapmışdır. Bu savaşlarda Turanlıların başında iranlıların Əfrasiyab adlandırdıqları padşah dururdu. Mahmud Qaşqarlı və Yusif Balasaqunlu Əfrasiyabı Turan padşahı Alp Ər Tonqa adlandırırlar. İranlıların başında isə Kəyanilər sülaləsi, xüsusən də onlara mənsub olan və farsların Keyxosrov, avropalıların isə Kir adlandırdıqları şahları dururdu.

Turları inadcıllıqla irandilli tayfalar kimi qələmə verən avropa və rus tarixçilərinin iddalarının əksinə olaraq Şahnamə müəllifi Firdovsi heç bir şübhəyə yer qoymadan onların türklər olduqlarını aydın şəkildə yazmışdır.

Türklərin qədimdə adlarından biri Tur olduğu kumu digər adları da Sak idi. VI əsr Bizans tarixçisi Menandr Türklərdən bəhs edərkən onların qədim zamanlarda sak adlanrıldıqlarını yazır.

Fars dilində Turan həm turlar həm də turların ölkəsi deməkdir. Fransız tarixçi J.Blochet Avestada bəhs olunan Tur və Tura kəlmələrinin Türk demək olduğunu isbat etmişdir. İngilis türkoloq Marqvart da özlərini ilk dəfə Tura adlandıranların sak mənşəli massagetlər olduqlarını yazır.

Tur və Turan adlarını yalnız Avestaya və digər farsdilli mənbələrə əsaslanaraq izah edənlərin iddalalarının əksinə olaraq Ön Asiyada Avesta yaranmadan və İran dövləti meydana çıxmadan çox öncələr Tur və Turan adları müxtəlif formalarda şəhər, ölkə, etnonim, hidronim, teonim adları şəklində mövcud idi.

İngilis tarixçisi və Sumeroloqu E.Norris də digər müəlliflər kimi Tur adının öntürk dilinin bir qolu olan və onun sak dili kimi təqdim etdiyi midiya dilində geniş şərhini vermişdir. Onun yazdığına görə Bisütun kitabəsinin sak mətnində “Tur” sözünün mənası oğul deməkdir, bu söz həmçinin “doğulmaq”, ”törəmək” “yaranmaq” anlamları da daşıyır. “Tur” və “Tar” sözləri sak dilində ekvivalentdir və mənaları oğul və doğulmaq, törəmək deməkdir. Sakların dilində oğul sözü “Tur” və “Sakri” olmaqla iki müxtəlif şəkildə ifadə olunurlar. Lakin Tur oğul mənasında eyni zamanda bir titul ifadə etdiyi halda “sakri” sadəcə oğul yəni kiminsə oğlu deməkdir. Norrisin fikrinə görə türklərin ulu əcdadı Tur adının mənası qədim turanlıların dilində sadəcə oğul anlamı daşımır, Tur Tanrıın oğlu deməkdir. (Norris E. 1852, Səh. 185)

 

Yuxarıda XIX əsrin görkəmli assuroloq və tarixçiləri J.Oppertin, F.Lenormanın, E.Norrisin və digərlərinin Tur, Turan və Turuq/Turqu kimi eponimlərin elmi linqvistik izahlarını nəzərə alaraq bu sözlərin sumer dilində kokret etimologiyası əsasında şərh etmək olar.

Bizim fikrimizə görə Turan sözü Y.Oppertin də qeyd etdiyi kimi bilavasitə sumer dili ilə əlaqədə izah olunmalıdır. Tur sözü yuxarıda da, geniş surətdə şərh edildiyi kimi sumer dilində çox mənalı sözdür və bir mənası da “oğul” deməkdir. Tur eponimi Sumer dilində eyni zamanda müqəddəs bir yeri adlandırmaq üçün istifadə edilən bir metafordur. Oppertin, Lenormanın və Norrisin də qeyd etdiyi kimi Tur sadəcə bir “oğul” anlamı daşımayıb “Tanrının oğlu” deməkdir.

Sumer mifologiyasında baş allah göyüzünün tanrısı An adlanır. An bütün Sumer tanrılarının atasıdır. Tanrı An-ın ideoqrafik mixi işarəsi səkkiz guşəli ulduzdur. Bu səkkiz guşəli ulduz tanrı simvolu kimi bütün önəmli sumer tanrılarının adlarının önündə qoyulur. Səkkiz guşəli ulduz tanrı sözünün genəl simvolu kimi sumerin ümumi tanrı anlayışı olan Dinqir sözü ilə ifadə olunur. Yəni AnDinqir göy üzü tanrısı kimi sumerin baş tanrısını ifadə edən eyni mənalı sözlərdir. Bu izahı doğrulayan əsas dəlil ondan ibarətdir ki, sumerlərin Dinqir tanrısı ilə türklərin Tenqri-si ekvivalent təşkil edirlər və hər ikisi də göyüzünü – səmanı ifadə edirlər. (J.Halloran. Sumerian Lexicon. Səh. 6)

Dinqir Sumerlərdə göyüzünün tanrısı olduğu kimi, Tenqri də türklərdə göyüzünün tanrısıdır.

Bütün bu deyilənlərdən çıxan sonuc ondan ibarətdir ki. Turan sözünün sumer dilində mənası “Tanrının oğlu”, yəni sumerlərin göyüzü tanrısı An-ın və Türklərin göyüzü tanrısı Tenqri-nin oğlu deməkdir. Turan eponimi zamanla yer, məkan anlamı qazanmışdır. Daha doğrusu, Turan tanrının oğullarının, övladlarının yaşadıqları məkan anlamı daşımışdır.

Turan adının sumer dilində digər bir izahı A-Tura sözündə ifadə olunur. Tura sumer dilində doğulma yeri, yurd anlamı daşıyır, öndəki “A” isə sumer dilində “ata”, “nəsl” anlamı daşıyan sözdür. Turan adı da A-Tura sözündən yaranıb və anlamı ata yurdu, doğulma və ya əcdad yurdu deməkdir. (John Halloran. 1999, Səh. 7, 74)

Sumer mifologiyasında An göy üzünün tanrısı və bütün tanrıların atası və babası idi. O Mesopotamiyanın digər xalqlarının da ən önəmli tanrılarından birinə çevrilmişdir. Yağışın mənbəyi kimi məhsuldarlığa səbəb olan göyüzü tanrısı An-nın epitetlərindən biri də “ürətən öküz” adlanırdı.

Tanrı Anın iki oğlu var idi. Enlil və Enki və hər ikisi də ataları An kimi öküz obrazında idilər. Başlarında öküz buynuzlu tac şəklində təsvir olunurdular.

“Enki və dünya düzəni” mətnində Anın oğlu Enki “öküzdən törəmiş öküz” adlanırdı. Bu ifadə Anın öküzlə özləşdrilməsinə uyğun olaraq onun ürətmək, törətmək kimi məhsuldarlıq keyfiyyətini əks etdrir. (Renate Marian van Dijk-Coombes. 2018, Səh. 11)

Tanrı sözünü ifadə edən An loqoqramının oxunuşlarından biri də “böyük, əzəmətli, nəhəng” deməkdir. Bu işarənin Dinqir teoniminin qısaldılmış şəkli kimi qəbul edildiyini qeyd edən G.Dossi İştaran adının İltaran və ya İlturan şəklində də oxunmasının mümkün olduğunu yazır. (G.Dossin. Səh. 76–78. Kramer Annivesary Volume. Neukirchen. 1976)

Sumer dilində İl/İlu tanrı deməkdir və İlturan və ya Elturan sözünün qədim turan dilində mənası Turan tanrısı anlamı daşımaqdadır.

Türk adı

Türk adının etimologiyası bir çox müəlliflər tərəfindən, o cümlədən də İbrahim Kafesoğlu və Reha Oğuz Türkkan tərəfindən geniş şərh olunmuşdur. (İbrahim Kafesoğlu, Reha Oğuz Türkkan. Türkler, cild 1, Ankara, 2002)

Türk adının etimologiyasına həsr olunmuş əsərlərin heç birində bu sözün Sumer dilinin semantikası əsasında şərh olunmasına hər hansı bir cəhd göstərilməmişdir.

Kolumbiya Universitetinin keçmiş professoru Reha Oğuz Türkkan Türk adının mənşəyi məsələsini şərh edərək yazır: “Türkün ilk doğuşundan bəri T+R+K kökünə dayanan təməl bir soy-irq adı mövcud olmuşdur. Kökü Tur və ya Tür olan bu ad yalnız Altaylarda və Bozkırlardakı ilk türklərdə deyil, Xəzər dənizi ətrafından Orta Doğuya, Yaxın Doğuya və Aralıq dənizinin hər iki sahilinə, ayrıca Hindistan və Tanrı dağ bölgələrinə yayılan Ön Türklərdə də sıx-sıx rastlanır. Onun Türük və Törük kimi şəkilləri də vardır”. (Reha Oğuz Türkkan. 2002, Səh. 594)

V.Bartold Türk kəliməsinin Orxun yazılarında təkrar-təkrar ifadə olunan “Türü” sözü ilə əlaqədar olduğunu fərz edir. Türü/Törə qanun, adət demək olduğu kimi Türk də qanunlara riayət etməklə birlik əldə etmiş xalq anlamındadır. Xan öz xalqına Türk və eyni zamanda Oğuz və Doqquz Oğuz da deyir. (V. Bartold. C. III, 2002, Səh. 1196)

Abulqazi Bahadur xanın yazdığına görə Mərkəzi və Quzey Asiyanın xalqları Nuhun oğlu, Yafəsin oğlu Türkdən törəmişlər. Onun törəmələri arasında Monqol və Tatar adlı iki qardaşın da adı çəkilir.

Z.V.Toqan türk və tur sözlərinin etimologiyasından bəhs edərək yazırdı: “Türk sözü qüvvət mənasını ifadə edir. Turan və türk sözlərinin kökü “tur” və ya “tür” ola bilər. “Tur-an” və “Türk” adları iran və yafetik dillərdə o cümlədən Fin-oqur dillərindən macarca “an” və “k” cəm şəkilçilərinin əlavəsi ilə yaranmışdır. Bəzi qaynaqlarda “Tuz” şəklində ifadə olunan söz “Tur” kəlməsinin “z” ləhcə ifadəsinə xas şəklidir. Bu söz “yaranış-oluşum” və “intizam-qayda” mənasında işlənmişdir. İran dastanında türklərin əcdadı kimi təqdim olunan Tur və Tuz eyni adlardır. Bəzi alimlər “Turan” sözünü yunan mənbələrinə əsasən Aral gölünün arxasında yaşayan “Tur”lara aid olduğunu və onların da yanlışlıqla irani bir tayfa olduğunu fərz edirlər. (Z.V.Togan, giriş. 1981, Səh. 44)

Türk adının mənası müxtəlif şəkildə izah edilmişdir. Türk adının “güclü, qüvvətli” demək olduğu fikrini F.V.Müller, A. Le Coq, V.Thomsen, Qy.Nemeth, L.Bazin, L.Rasonyi, L.Qumilyov və Y.Öztuna kimi bilim adamları dəstəkləmişlər.

Türk adını Tür kökünə dayanaraq “törəmiş, insan, yaradılmış” mənasında izah edənlər isə Z.V.Toğan, A.Vamberi, F.Sümer kimi bilim adamları olmuşlar. Z.Göyalp və V.Bartold Türk adını “törəli, yəni törəyə malik olan” şəklində izah edirlər.

Mahmud Kaşğari “Divanü Lüğat-it Türk” əsərində Türk sözünü “olğunluq çağına, yetişkənlik çağına çatmış” şəklində izah edir. Ərəb yazılı qaynaqlarında Türk adı ilk dəfə Cahiliyyə dövrünün VI əsr şairi Al Nabiqa əl-Zübyaninin əsərində çəkilmişdir.

Bizans mənbələrində Türk adını ilk dəfə İstanbulun fəthindən sonra İtaliyaya gedən Bizanslı Th. Qazesin İtalyan humanisti F.Filelfoya yazdığı məktubda İstanbulu fəth etməklə Türklərin öz əcdadları Troyalıların intiqamını yunanlardan aldığı haqqında bəhs edərək çəkmişdir. (C. Anadol. 1996, Səh. 12)

Fikrimizə görə Türk sozünün ilkin ifadə forması sumer dilində mövcuddur və bu söz sumer dilinin leksikası əsasında uğurla izah edilə bilər. Yuxarıda bu sözün sumer dilində ilkin variantları kimi Turqumannu, Turqu, Turukku və s. şəklində Oppertin, Lenormanın, Norrisin və digər böyük assuroloqların şərhində öz əksini tapdığını qeyd etmişdik. Bu böyük bilim adamlarının da qeyd etdikləri kimi, sözün kökünü Tur eponimi təşkil edir. Söz iki tərkibdən ibarətdir Tur-qu və ya Tur-uqu. Öncə də qeyd edildiyi kimi sumer dilində Tur sözünün anlamlarından biri də “oğul” deməkdir, sözün ikinci tərkib hissəsi isə uq/uqu/uku kəliməsindən ibarətdir ki, sumer dili lüğətlərində bu sözün mənası “insan, əhali, xalq, kütlə, ölkə” kimi izah olunur. (J.Halloran, Sumerian lexicon, Səh. 18)

Y.Oppertin, F.Lenormanın və keçmişin digər böyük assuroloqlarının Tur-qu eponiminin izahına əsaslanaraq bu sözün qədim deyiliş forması ilə Turuk və müasir deyiliş şəkli olan Türk və ya Türük etnoniminin də kökünü təşkil etdiyi fikrindəyik. Yəni Türk adının mənası da özünün sumer dilindəki qədim fonetik şəkli olan Turuq kimi “oğulun xalqı” və daha doğrusu yuxarıda şərh olunduğu kimi “tanrının oğlunun xalqı” deməkdir. Qədim türk dilində uq sözünün bir mənası da “xalq”, “qəbilə”, “nəsl” deməkdir. (ДТС, 1969, səh. 367)

Tur-qu sözünün sumer dilində digər mənası da “kutsal, müqəddəs doğum yeri” anlamı daşıyır. Yəni varlığın, kainatın yarandığı məkan. (J.Halloran, 1999. Səh. 149)

Bir çox qohum dillərdə olduğu kimi Turqu sözü kassi dilinə də keçmişdir.

Amerikan assuroloqu H.Hilprext Nippur məbədinin kassi arxiv sənədlərinin linqvistik təhlilini verərkən belə nəticəyə gəlir ki, Kassilərin Turqu tanrı adı iki tərkibdən ibarət olub Tur “ər” Uqu isə “arvad”dır və kainatın vəhdətini, ilkin başlanğıcını təşkil edən qadınlığı və erkəkliyi təcəssüm edirlər. Tur sumerlərin An tanrısının, Qu isə Ki tanrısını təmsil edir. Onun şərhinə görə kassilərin Turqu tanrısı sumerin yerin və göyün vəhdətini təcəssüm edən Anki tanrısının ekvivalentidir. (Hilprecht H. 1908, Səh. 21)

An və Ki-nin, yəni göyün və yerin birləşməsi nəticəsində kainat yaranmışdır. Hilprextin də şərhindən aydın görünür ki, Tur və Qu paralel olaraq sumer tanrılar panteonunda iki ilkin başlanğıcı, göyü təcəssüm etdirən An tanrısını və yeri təcəssüm etdirən Ki tanrısının ekvivalentləridirlər. Turqu kassi mifologiyasında teonim olaraq həyatın ilkin başlanğıcını, göyün və yerin vəhdətini özündə təcəssüm etdirir. Sumerlərin An-Ki və onun kassi ekvivalenti olan Tur-Qu Türklərin dini inanclarında da, öz əksini tapmışdır. Türklərin yaradılış əfsanəsinə görə kainat yerlə göyün birləşməsi nəticəsində yaranmışdır. Göy Türk dövlətinin hökmdarı Bilgə Xaqan kitabəsində yazılmışdır: “Üze Gök Tenqri Asra yaqız yer kılındukta ekin ara kişi oqlu kılınmış. (Yukarıda mavi göy, aşağıda qara yer yaradıldığında ikisi arasında insanoğlu yaradılmışdır)”. (Aysun Ata. Orhun Türkcesi. Eskişehir, 2011, Səh. 159)

Sumer əfsanəsinə görə hökmdarların Quza adlanan hakimiyyət taxtı göydən tanrı tərəfindən endrilmişdir, yəni hakimiyyət tanrının seçmiş olduğu şəxsə tanrı tərəfindən əta edilmiş və ona Kut verilmişdir. Əfsanəyə görə Sumerdə hakimiyyət taxtı ilk olaraq Erudi şəhər dövlətinə verilmiş və onun ilk sahibi 28000 il hakimiyyət sürmüş Alulim olmuşdur. Sumer mifologiyasında Alu An tanrısının öküzü, ilu isə Tanrı deməkdir. Sözün mənası “Tanrının öküzü” anlamındadır. (Friedrich Delitzsch. 1896, Səh. 60)

İngilis assuroloqu Vaddel Sumerin ilk hökmdarı Alulimin digər bir adının Ukus olduğunu yazır. (Waddell L. 1930, Səh. 204)

Ukus sözü türkcəmizdə öküz sözünün qədim fonetik şəklidir.

Sumerdə hakimiyyətə sahiblik növbəli olmuş, hər bir şəhər bəylik dövlətinin ölkə üzərində hakimiyyət dönəmi başa çatdıqdan sonra hakimiyyət taxtı digər şəhərə verilmişdir.

Hakimiyyətin türklərə tanrı tərəfindən verildiyi Göy Türk Bilgə xaqan kitabəsində də, öz əksini tapmışdır. Bilgə xaqan kitabəsində özünün Tanrı kimi göydə yaradıldığını, Tanrı buyurduğu üçün, kutu olduğu üçün xaqan olaraq taxta oturduğunu yazmışdır. “Annem hatunu yücəltən Tanrı, vatan verən Tanrı Türk halkının adı sanı yok olmasın deyə beni o Tanrı, kağan olaraq o taxta oturtdu”. (Aysu Ata. Orun Türkcesi, Eskişehir. 2011, Səh. 143, 164)

Yuxarıda qeyd edildiyi kimi Y.Oppert də Turqumannu sözünü “insan oğlu” kimi izah edir. Sumerlərin Turqu eponimi sonrakı dövrlərdə kassilərin Turqu kralı, Hititlərin Tarku, Etruskların Tarxon və Turan, İbranilərin Turax tanrılarının kökünü təşkil etmişdir.

Elmdə Türk adının ən qədim yazılış formasının ilk dəfə Tu-kyu şəklində 542-ci ildə Çin səlnamələrində rast gəlindiyi fikri hakimdir.

Çinşünas Klaprotun yazdığına görə çin dilində r hərfi olmadığı üçün Tür-ük adı Tu-kyu şəklində yazılırdı. Türk etnoniminin ən qədim deyiliş forması kimi qəbul olunan “Tür-ük” və ya “Tör-ök” etnonimləri “Tür”, “Tör” və “ük”, “ök” olmaqla iki hecadan ibarətdir. Burdakı “ük” və “ök” kəlimələri türk dilində “ok-oq” qəbilə mənasında izah edilir. Türük adındakı qəbilə anlamı verilən ük sonluğu sumer dilində insanlar, əhali, çoxluq, insan qrupu anlamı daşıyan uq sözünün dəyişik fonetik şəklidir. Türk dillərindəki uqul/oğul sözü də kök etibarı ilə sumerlərin uq-lu sözünə bağlı olub uq sözünün cəm şəklidir, çoxlu insan, çoxlu kişi deməkdir. Hər halda Türk sözünün ən doğru izahı sumerlərin Turqu sözünə daha uyğundur və Türk/Turuk sözünün kökünün Turqu sözünə dayandığına inanırıq.

Alman assuroloqu F.Hommel Zaqros dağlarının şərqində Urmiyə gölü hövzəsində yerləşən hurri-subar mənşəli xalqa mənsub Turukku etnonimini Türk adının ən qədim forması olduğu fikrini irəli sürərək yazırdı ki, Turukiləri Xəzər dənizi tərəfdən gələrək Midiya dağlarında yerləşən köçəri türk tayfaları kimi qəbul etmək olar. Beləliklə, Türk adının qədim forması Turukdur. Bizans müəllifləri də bunu Turkxoi şəklində yazırlar. Türk tayfaları ilə çox yaxın qohum olan sumerlər də Midiya dağları üzərindən İkiçayarasına, Babilə gəlmişlər. (F.Hommel. 1885, Səh. 501)

 

Turukku etnoniminin kökü Turuk olub, ən sondakı ku sonluğu Sumer dilində “torpaq, yer, ərazi” deməkdir. Turuk+ku yəni Turuk ölkəsi bir çox bəylik dövlətin birliyindən yaranmış konfedarativ xarakterə malik idi. Turukku uzun müddət ərzində Mesopotamiyanın şimalındakı şəhərlərə basqınlar yapan yarım köçəri qəbilə xalqı kimi qəbul olunurdu. Qüdrətli Assuriya və Babil dövlətləri bir neçə yüz il ərzində döyüşkən Turukkulara qarşı mübarizə aparsalar da, onu tamamilə özünə tabe edə bilmədi. Aramsız Assuriya hücumları qarşısında davam gətirə bilməyən Turukkuların böyük bir qismi Zaqros dağları yaylalarında məskunlaşmış digər xalqlar kimi şərqə doğru daha təhlükəsiz ərazilərə köçməyə məcbur olmuşlar. (Kitabın sonrakı bölümlərində Turukkular haqqında geniş bəhs olunacaqdır.)

Tarixi faktlara əsasən Türk adı bir dövlət adı olaraq iddia edildiyi kimi ilk dəfə Göy Türk dövləti adında deyil Hommelin də qeyd etdiyi kimi Turuk(ku) dövlətinin adında öz əksini tapmışdır.

A.Spayser Elamın qonşuluğunda Dəclə çayının doğusunda yerləşən Tukriş ölkəsinin Qutulərə aid olduğunu yazır. Onun fikrinə görə Lullibilərlə eyni qrupa daxil olan Turukki və Tukri/Tikriş eyni adın “r” hərfinin yer dəyişməsi ilə müxtılif formalarını təşkil edir. (A.Spayser, 1930, Səh. 96)

İngilis tarixçisi F.Smithə görə Mesopotamiyada ari, sami və turan irqləri arasında qarşıdurmanı irqlər arasındakı mübarizənin yalnız bir fazasını təşkil edir. O yazır ki, Asiya sakları olan tatar və fin tayfaları tərəfindən təmsil olunan və nə vaxtsa cənubun məhsuldar ölkələrinə axın edərək yerləşən böyük Turya və ya Turan irqi hansı səbəblərdənsə yenidən Mərkəzi Asiyanın bir o qədər də qonaqpərvər olmayan ərazilərinə geri dönmüşlər. Asiyanın qərbində 1500 il ağalıq edən iskit-saklar yenidən öz ilkin vətənlərinə geri dönüşü orda yerləşmiş arilərlə qarşıdurmaya və müharibələrə səbəb olmuşdur. (Smith P. 1888, Səh. 379)

Qədim Turan irqinin bir qolunu da Kiçik Asiyada məskunlaşmış Troya və Etrusklar təşkil edirdilər. Tarixi mənbələrdə əks olunduğuna görə Akkad çarı Sarqonun m.ö. 2312-ci ildə Sumerə qarşı başladığı işğalçılıq yürüşü nəticəsində sumerlilərin bir hissəsi öz vətənlərini tərk edərək müxtəlif istiqamətlərə mühacirət etmişdilər. Onların bir qolu da Kiçik Asiyaya hərəkət etmiş və burada bir çox xalqların formalaşmasına səbəb olmuşdur. Etnik köklərinin köçmən sumerlərin təşkil etdiyi xalqlardan biri də Troya tayfaları və etrusklar olmuşlar.

Troyalıları türk hesab edən XV əsr bizans müəlliflərinin fikirlərinə uyğun olaraq Etruskların Troya şəhərinə verdikləri “Truia” adı ilə iranlıların türklərə verdikləri “Tura” adı arasında mütləq bir bağlılıq vardır. Hər iki ad öntürklərin mixi yazılarda ifadə olunan Tur eponimi ilə əlaqədardır.

Bir çox müəlliflər Etruskların sumer mənşəyinə malik olduqları haqqında fikirlər irəli sürüblər.

Yunanlılar Etruskların adını “Tyrrhen” şəklində yazıb “Türhen” kimi tələffüz edirdilər. Yunan əlifbası dəyişikliyə uğramadan öncə onların Etrusklara verdikləri daha qədim ad isə “Turhan” idi. “Turhan” adı Etruskların İtaliyadakı əfsanələrində dəyişik şəkillərdə əks olunmuşdur.

Anadoludan İtaliyaya köçdükləri zaman Etruskların başçılarının adı Turhan idi. Strabon yazır ki, “Türhen İtaliya sahillərinə yanaşdı. Eyni bölgədə on iki şəhər saldı. Bu bölgə Türhenia adlandı. Türhen bu on iki şəhərin idarəsini Tarkhon adlı başçıya həvalə etdi. Şəhərlərdən birinin adı da Tarkhinia idi. Başçı Tarkhon hələ uşaq olduğu zamandan ağlı ilə ətrafdakıları təəccübləndirdiyi üçün əfsanədə ağ saçlarla doğulduğu qeyd olunmuşdur”. (Adile Ayda, 1987, səh. 153)

İtaliya və etrusklar haqqındakı bölümdə bu haqda geniş bəhs ediləcəkdir.

Eramızın I əsrində yaşamış Romalı tarixçi Pomponiy Mela Herodotun öncə qeyd etdiyi yirklərin yerləşdiyi ərazilərdə, Volqa və Ural çayları boyunca yaşayan Turcia adlı tayfalardan bəhs edir

Herodot etruskların kökünü Kiçik Asiyaya bağlayır. Kiçik Asiyadan köçərək İtaliyaya gedən etruskların da kökü Tirasa bağlıdır. Yunan mifologiyasında Turas Troyanın ilk çarı və şəhərin əsasını qoyandır. Homer Turası yunan variantına uyğun olaraq Ares adı ilə təqdim edir. Yunan mifologiyasında Turos/Ares Trakyanın patronudur. Son genetik araşdırmalar nəticəsində etruskların Kiçik Asiya kökənli olduqlarının sübut olunması Herodotun versiyasını təsdiq edir. Etruskların adı da (latınca Etrusci) və ya qədim yunanca tirren/tirsen traklarla eyni kökdən gəlir. Etrusk adındakı “e” ön şəkilçidir və sözün kökü “trusk”-dur.

Ünlü italyan tarixçisi Luici Pareti “Le origini degli Etruschi” adlı əsərində yazır ki, “Bizanslı Stefanosa görə Tarkhon Tarkhinia şəhərinə öz adını vermişdir. Tarixçi Virqilə görə Tarkhon Etruskların Lidiya mənşəli başbuğu və Eneanın müttəfiqidir. O, Turhanın qardaşı, Heraklın isə nəvəsidir. Digərləri isə Tarkhonu Turhanın oğlu hesab edir. “Beləliklə, Paretinin verdiyi məlumatda Etrusklardan iki kralın adının Tarkhun olduğu meydana çıxır. Bu ad iki tərkibdən ibarətdir Tur və Khan, Tur türklərin ənənəvi eponimi “khan” isə hökmdar ünvanıdır. (Adilə Ayda, səh. 154–155)

Türklərdə əkinçilik tanrısı Tari adlanırdı. Bu ad türklərdə əkinçiliklə əlaqədar bir çox sözün kökünü təşkil edir. Tarla, Tarım, Tariq, Taril, Tariqlıq, Tarı kimi sözlər həmin kökə bağlıdırlar. Kilikiyada əkinçilik tanrısı Tarhun adlanırdı, Hititlərin məhsuldarlıq tanrısı da Tarxuna adlanırdı. Türklərdə hakimiyyət mənsubu təbəqənin nümayəndələri Tarxan ünvanı daşıyırdılar. Romanın etrusk mənşəli aristokrat sülaləsi Tarkuniya adını daşıyırd. Bu adın kökünü Kiçik Asiyadakı turanlı öntürklərin Tarku tanrısı təşkil edirdi. (Yusif Ziya Özer. 1932, Səh. 360)

Türk adı ilə bənzərlik təşkil edən və onun dəyişik fonetik şəkli olan Turşa və Turuska adı həm Misirdə, həm də Hindistanda türklərlə əlaqələndrilən qədim eponimlərdir.

Turshalar e.ə. II minilliyin ikinci yarısında Misirə hücum edən və qədim müəlliflərin “dəniz tayfaları” adlandırdıqları tayfalardan biridir. Tursha adı iki tərkibdən ibarətdir, Tur-sha. Tur türklərin ənənəvi eponimi “sha” isə “sak” kəlməsinin qarşılığı, daha doğrusu Tursak adının dəyişik formasıdır.

Tursak eponimi Sumer mətnlərində də keçir və mənası Sumer dilində nəvə, yəni oğulun oğlu, digər bir anlamı isə oğulların rəhbəri-başçısı deməkdir. (J.Halloran. 1999, Səh. 45, 110)

Avesta Hindistanın sanskrit dilinə çevrildiyi zaman Tur adının qarşılığı kimi Turuşka adından istifadə olunmuşdur. Bu onu göstərir ki, hindlilər Sakları Tursak adlandırmışlar. İtaliyada latınlar Etruskları Tyrrhen adı ilə yanaşı “Tusc” adı ilə də adlandırırdılar. Lakin İtaliyanın bəzi yerlərində aşkar edilmiş yazılarda Etrusklara Turscı də deyildiyi məlum olmuşdur.

Bütün bu deyilənlərə nəticə vuraraq qeyd etmək labüd olur ki, Etrusklar, Choular, Basklar və Turshalar da Saklar idilər ən doğrusu isə Türk saklar idilər. (Adile Ayda, 1987, səh. 160)

Hititlərin baş tanrısı olan Tarkuya Kiçik asiyanın bir çox xalqları tərəfindən etiqad olunurdu ki, bu onların etnik mənşə baxımından qohum olduqlarını sübut edirdi. Kiçik Asiya xalqları içərisində Tarxun adı geniş yayılmışdı. (Eduard Meyer. 1913, Səh. 702)

Hititlərin və Urartuluların tanrısı Tarku adı Bibliyada İbrahim peyğəmbərin atasının Terah adına çox bənzəyir. Tarku adı Hititlərin tanrı adı kimi II Ramzesin mətnlərində də Trq-Turuk şəklində ifadə olunub.

Assur mətnlərində əks olunmuş “Turahu” Suriyadakı Turakhi dağının adı ilə İbrahim peyğəmbərin atası Terah adının variantı olduğunu müasir tədqiqatçılar tərəfindən şərh olunur. Terah Sumerin Ur şəhərində doğulmuş sonradan Harrana köçmüşdü. Terahın adı Quranda Azər şəklində ifadə olunmuşdur. Terah Tura adının, Azər/Adar isə yenə sumerlərin Atura eponiminin fonetik şəkilləridir.

Eduard Meyer də diqqəti Tur kökünə bağlı bir çox eponimlərə yönəldərək yazır ki, Kassilərın tanrılarının da adı Turqu idi. Etruskların tanrısının da adı Tarxon idi. Tarxunta adı yenə hititlərdə mövcud idi. (Eduard Meyer. 1913, Səh. 705)