KAPİTAL. Siyasi iqtisadın tənqidi

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Deməli, qızıl sikkəsi ilə qızıl külçəsi bir-birindən ancaq görkəminə görə fərqlənir və qızılı daim bir formadan digərinə çevirmək olar73. Sikkəxanadan çıxan qızılın tutduğu yol onu ən axırda aparıb əritmə putasına çıxarır. Ona görə ki, tədavüldə qızıl sikkələr sürtülüb yeyilir, həm də biri çox, biri az yeyilir. Qızıl sikkənin adı ilə onun qızıl substansiyasının miqdarı, onun nominal məzmunu ilə real məzmunu yavaş-yavaş bir-birinə uyğun gəlməməyə başlayır. Eyni adlı qızıl sikkələr müxtəlif dəyər kəsb edir, çünki indi onların çəkisi müxtəlif olur. Tədavül vasitəsi olan qızıl qiymət miqyası olan qızıldan uzaqlaşır və qiymətlərin reallaşdırdığı əmtəələrin gerçək ekvivalenti olmaqdan çıxır. Bu qarışıqlığın tarixi orta əsrlər və XVIII əsrədək yeni dövr ərzində sikkə işi tarixinin başlıca məzmununu təşkil edir. Tədavül prosesinin təbii meyli sikkənin qızıl varlığını zahiri qızıla çevirməyə, yəni sikkəni öz rəsmi metal məzmununun ancaq simvoluna çevirməyə olan bu təbii meyl hətta ən müasir qanunvericilikdə də qəbul edilmişdir: bu qanunvericilik müəyyən edir ki, metal nə dərəcədə itkiyə uğradıqda qızıl sikkə tədavül üçün yararsız olur, yəni sikkəlikdən çıxır.

Pul tədavülünün özü sikkənin real məzmununu nominal məzmunundan uzaqlaşdırırsa, onun metal varlığını onun funksional varlığından uzaqlaşdırırsa, bunda sikkə funksiyasında metal pulu başqa materialdan olan nişanlarla və ya sadəcə simvollarla əvəz etmək imkanı gizli halda vardır. Qızıl sikkəni gümüş və mis nişanların əvəz etməsi rolu tarixən, bir tərəfdən, qızıl və ya gümüşdən vəzncə tamamilə cüzi sikkələr kəsməyin texniki çətinlikləri ilə izah edilir və digər tərəfdən bununla izah edilir ki, aşağı metallar yüksək metallardan–gümüş qızıldan, mis də gümüşdən–əvvəl dəyər ölçüsü olmuş və deməli, daha nəcib metal onları taxtdan saldığı zaman onlar artıq tədavüldə pul vəzifəsi daşıyırmışlar. Onlar qızılı əmtəə tədavülünün elə sahələrində əvəz edirlər ki, burada sikkə çox böyük sürətlə dövr edir və, deməli, çox böyük sürətlə sürtülüb yeyilir, yəni elə sahələrində əvəz edirlər ki, burada alqı və satqı əməliyyatları çox kiçik miqyasda daim təkrar olunur. Qızılın bu cığırdaşlarının qızılın öz yerini tutmasına mane olmaq üçün bunların qızıl əvəzində hökmən qəbul edilməsindən ötrü qanunla ən aşağı tədiyyə hədləri müəyyən edilir. Müxtəlif növ sikkələrin tədavül etdiyi xüsusi dairələr, əlbəttə, bir-biri ilə çulğaşır. Qızılla yanaşı xırda sikkə qızıl sikkələrdən ən kiçiyinin hissələrini ödəmək üçün meydana çıxır; qızıl daim pərakəndə tədavülə daxil olur və xırda sikkəyə dəyişilmək yolu ilə eyni dərəcədə daimi surətdə oradan kənara atılır74.

Gümüş və mis nişanların metal məzmununu qanun öz istədiyi kimi təyin edir. Tədavüldə onlar qızıl sikkədən daha tez sürtülüb yeyilir. Buna görə də onların sikkə funksiyası felən öz çəkilərindən, yəni heç bir dəyərdən asılı olmur. Qızılın sikkə varlığı onun dəyər substansiyasından tamamilə ayrılır. Bunun sayəsində də nisbətən heç bir dəyəri olmayan şeylər–kağız parçaları qızıl əvəzində sikkə vəzifəsi daşımaq imkanı alır. Metal pul nişanlarında onların xalis simvolik xarakteri hələ müəyyən dərəcəyə qədər gizli qalır. Kağız pulda bu xarakter tamamilə aydın surətdə meydana çıxır. Gördüyümüz kimi, ce n'est que le premier pas qui coute [ancaq birinci addım çətindir].

Biz burada ancaq icbari məzənnəli dövlət kağız pullarını nəzərdə tuturuq. Bunlar bilavasitə metal tədavülündən meydana gəlir. Əksinə, kredit pulları elə şərtlər tələb edir ki, biz sadə əmtəə tədavülü çərçivəsində qaldıqca, bunlar bizə hələ əsla məlum deyildir. Ancaq ötəri qeyd edək ki, əsil mənada kağız pul, pulun tədavül vasitəçi funksiyasından irəli gəldiyi kimi, kredit pullarının da təbii kökünü pulun tədiyyə vasitəsi olmaq funksiyası təşkil edir75.

Üzərində öz pul adları, məsələn, 1 f. st., 5 funt sterlinq və i. a. yazılmış olan kağız pullar tədavül prosesinə dövlət tərəfindən kənardan daxil edilir. Onlar doğrudan da öz eyni adlı qızıl məbləğləri əvəzində tədavül etdiyinə görə, öz hərəkətində ancaq pul tədavülünün özünün qanunlarını əks etdirir. Kağız pulun spesifik tədavül qanunu onun ancaq qızıla nisbətindən, ancaq qızılın nümayəndəsi olmasından irəli gəlir. Bu qanun isə sadəcə ondan ibarətdir ki, buraxılan kağız pulun miqdarı, onun simvolik olaraq təmsil etdiyi qızılın (və ya gümüşün) həqiqətən tədavül edə biləcəyi miqdardan artıq olmamalıdır. Doğrudur, tədavül dairəsinin qəbul edə biləcəyi qızılın miqdarı daim dəyişilərək məlum orta səviyyədən gah yuxarı qalxır, gah da aşağı düşür. Lakin müəyyən ölkənin tədavül vasitələri kütləsi empirik surətdə təyin edilə biləcək müəyyən minimumdan heç zaman aşağı düşmür. Bu minimum kütlənin öz tərkib hissələrini daim dəyişdirməsi, yəni hər dəfə başqa qızıl hissələrindən tərtib olunması, əlbəttə, bu kütlənin həcminə və onun daim tədavül dairəsində olmasına əsla təsir etmir. Buna görə də həmin kütlə kağız simvollarla əvəz edilə bilər. Lakin bu gün biz bütün tədavül kanallarını tamamilə dolacağı dərəcədə kağız pulla doldursaq, sabah əmtəə tədavülündə hər hansı dəyişikliklər üzündən bu kanallar həddən artıq dolmuş ola bilər. Burada hər bir əndazə itib gedir. Lakin kağız pullar öz əndazəsini keçsə, yəni həqiqətən tədavüldə ola biləcək eyni adlı qızıl sikkələrin miqdarını ötüb keçsə, bütün bu pulların etibardan düşməsi təhlükəsi hələ bir yana dursun, onlar indi əmtəə aləmində ancaq, ümumiyyətlə təmsil edə biləcəkləri miqdar qızılın, yəni əmtəə aləminin immanent qanunlarının müəyyən etdiyi miqdar qızılın nümayəndəsi olar. Məsələn, kağız pulların müəyyən kütləsi öz adına görə 2 unsiya qızılı təmsil edib real surətdə isə 1 unsiya qızılı əvəz edirsə, o zaman felən 1 f. st. əvvəlki 1/4 unsiya qızıl əvəzinə 1/8 unsiya qızılın pul adı olur. Alınan nəticə tamamilə ona bənzər ki, öz qiymət ölçüsü funksiyası cəhətdən qızılda dəyişiklik baş versin. Əvvəllər 1 funt sterlinqə bərabər qiymətdə ifadə olunan dəyərlər indi 2 funt sterlinqə bərabər qiymətdə ifadə edilir.

Kağız pul qızılın nişanıdır, yaxud pul nişanıdır. Kağız pulun əmtəə dəyərlərinə nisbəti ondan ibarətdir ki, əmtəə dəyərləri kağızlarda hisslə qavranılacaq simvolik ifadə alan miqdar qızılda ideal surətdə ifadə olunur. Kağız pul ancaq müəyyən miqdar qızılı təmsil etdiyinə görə dəyər nişanıdır, hər bir başqa əmtəə miqdarı kimi, qızıl miqdarı da eyni zamanda dəyər miqdarıdır.76

 

Nəhayət, sual olunur ki, nəyə görə qızılı onun heç bir öz dəyəri olmayan nişanları əvəz edə bilər? Lakin gördüyümüz kimi, ancaq ona görə əvəz edə bilər ki, qızıl öz sikkə və ya tədavül vasitəsi funksiyasında təcrid olunur, müstəqillik kəsb edir. Doğrudur, bu funksiyanın ayrılması ayrı-ayrı qızıl simgələrə aid deyildir, hərçənd bu hal sürtülüb yeyilmiş sikkələrin yenə də tədavüldə qalmasında özünü göstərir. Qızıl parçaları yalnız həqiqətən tədavül etdiyi müddətdə ancaq sikkə və ya ancaq tədavül vasitəsi olur. Lakin ayrı-ayrı qızıl sikkələrə aid olmayan şey kağız pulun əvəz edə biləcəyi minimum qızıl kütləsinə də aid edilə bilər. Bu kütlə daim tədavül dairəsində olur, arası kəsilmədən tədavül vasitəsi funksiyası daşıyır və buna görə də ancaq bu funksiyanın daşıyıcısı kimi mövcud olur. Deməli, bu kütlənin hərəkəti ancaq ondan ibarətdir ki, Ə–P–Ə şəklində olan əmtəə metamorfozunun bir-birinə əks prosesləri daim bir-birinə çevrilir, həm də burada əmtəənin öz dəyər surəti onun qarşısına ancaq bundan ötrü çıxır ki, dərhal yenidən yox olub getsin. Əmtəənin mübadilə dəyərinin müstəqil ifadəsi burada ancaq ötərgi bir haldır. Bunu dərhal başqa bir əmtəə əvəz edir. Buna görə də pulun əldən-ələ keçdiyi prosesdə pulun xalis simvolik surətdə mövcud olması kifayətdir. Pulun funksional varlığı onun maddi varlığını, necə deyərlər, özünə hopdurur. Əmtəə qiymətlərinin ötərgi obyektivləşdirilmiş inikası olmaq etibarı ilə pul ancaq öz nişanı kimi mövcud olur, buna görə də adi nişanlarla əvəz edilə bilər77. Ancaq gərək pul nişanı özünə obyektiv ictimai əhəmiyyət kəsb etsin, elə kağız simvol icbari məzənnə vasitəsi ilə belə bir əhəmiyyət kəsb edir. Bu dövlət məcburiyyəti ancaq həmin dövlət sərhədləri daxilində, yaxud daxili tədavül dairəsində qüvvədə olur, həm də ancaq burada pul öz tədavül vasitəsi, yaxud sikkə funksiyasında tamamilə əriyib həll olur və deməli, kağız pul şəklində zahirən öz metal substansiyasından təcrid edilmiş halda və xalis funksional surətdə yaşaya bilir.

3. PUL

Dəyər ölçüsü vəzifəsi daşıyan, buna görə də həmçinin, bilavasitə və ya öz əvəzləyiciləri vasitəsi ilə, tədavül vasitəsi vəzifəsi daşıyan əmtəə puldur. Buna görə də qızıl (və ya gümüş) puldur. Qızıl, bir tərəfdən, o hallarda pul vəzifəsi daşıyır ki, öz qızıl (və ya gümüş) cismində, pul əmtəəsi kimi meydana çıxmalı olsun, yəni o yerdə ki, sırf ideal surətdə, – dəyər ölçüsü funksiyasında olduğu kimi, –və öz təmsilçiləri tərəfindən əvəz edilə bilən bir şey kimi, – tədavül vasitəsi funksiyasında olduğu kimi, – meydana çıxmasın. Digər tərəfdən, qızıl (və ya gümüş) o hallarda pul vəzifəsi daşıyır ki, ancaq istehlak dəyərləri kimi meydana çıxan bütün başqa əmtəələrin əksinə olaraq, qızılın (və ya gümüşün) funksiyası, – onun bu funksiyanı özününmü, öz cismi vasitəsi ilə, yoxsa öz əvəzləyiciləri vasitəsi ilə daşımasından asılı olmadan, – onun yeganə dəyər surəti, yaxud mübadilə dəyərinin yeganə adekvat varlığı olmaq rolunu təsbit etsin.

a) DƏFİNƏ YARANMASI

Bir-birinə əks olan iki əmtəə metamorfozunun fasiləsiz dövranı, yaxud satqı və alqı əməliyyatlarının daim bir-birinin yerini tutması, pulun aramsız tədavülündə, yaxud pulun tədavüldə perpetuum mobile [daim hərəkət edən mexanizm (mühərrik)] funksiyası daşımasında meydana çıxır. Metamorfozlar sırası qırıldıqda və satqının ardınca daha bilavasitə alqı gəlmədikdə, pul dərhal hərəkətdən qalır, yaxud, Buagilber demişkən, meuble-dən [mütəhərrikdən] immeuble-yə [qeyri-mütəhərriyə], sikkədən pula çevrilir.

Əmtəə tədavülünün hələ lap ilk rüşeym halından başlayaraq birinci metamorfozunun məhsulunu–əmtəənin çevrilmiş formasını, yaxud onun qızıl sürfəsini əldə saxlamaq zərurəti və buna qızğın arzu doğur78. Əmtəəni ona görə satmırlar ki, başqa əmtəələr alsınlar, ona görə satırlar ki, əmtəə formasını pul forması ilə əvəz etsinlər. Maddələr mübadiləsində sadə vasitəçi halqa olan bu forma dəyişilməsi dönüb müstəqil bir məqsəd olur. Əmtəənin özgəninkiləşdirilmiş forması əmtəənin tamamilə özgəninkiləşdirilən forması olmaq və ya əmtəənin ancaq ötərgi pul forması olmaq yolunda maneələrə rast gəlir. Bunun nəticəsində pul hərəkətsiz qalıb dəfinə şəkli alır, əmtəə satıcısı isə dəfinə toplayan olur.

Əmtəə tədavülünün məhz ilk dövründə istehlak dəyərlərinin ancaq artıq hissəsi pula çevrilir. Beləliklə, qızıl və gümüş özlüyündə artıqlığın və ya sərvətin ictimai ifadəsi olur. Dəfinə toplanmasının bu bəsit forması elə xalqlar arasında əbədiləşir ki, orada öz istehlakı üçün nəzərdə tutulan ənənəvi istehsal üsuluna müvafiq surətdə möhkəm qərarlaşmış tələbat dairəsi olur. Biz bunu, məsələn, asiyalılar, xüsusən hindlilər arasında görürük. Əmtəə qiymətlərinin həmin ölkədəki qızıl və gümüş kütləsi ilə müəyyən olunduğunu zənn edən Vanderlint özünə belə bir sual verir ki, nəyə görə Hindistan malları bu qədər ucuzdur? Cavabı: ona görə ki, hindlilər öz pullarını yerə basdırırlar. O deyir ki, 1602-ci ildən 1734-cü ilədək hindlilər əvvəllər Amerikadan Avropaya gətirilmiş 150 milyon f. st. məbləğində gümüşü basdırmışlar79. 1856-cı ildən 1866-cı ilədək, yəni on il ərzində İngiltərə Hindistana və Çinə əvvəllər Avstraliya qızılına alınmış 120 milyon f. st. məbləğində gümüş ixrac etmişdir. (Çinə göndərilən metalın da çox hissəsi yenə Hindistana gedir).

Əmtəə istehsalı daha da inkişaf etdikdə, hər bir əmtəə istehsalçısı özü üçün nexus rerum, müəyyən bir «elliklə məqbul girov» təmin etməlidir. Onun tələbatı daim dönə-dönə özünü göstərir və onu daim özgə əmtəələri -almağa vadar edir, onun öz əmtəəsinin istehsalı və satılması isə vaxt tələb edir və təsadüflərdən asılıdır. Satmadan almaq üçün əvvəlcə almadan satmalıdır. Bu əməliyyat ümumi bir qayda kimi təsəvvür edilərsə, elə görünür ki, özü özünə ziddir. Lakin nəcib metallar istehsal edildikləri yerlərdə bilavasitə başqa əmtəələrə mübadilə olunur. Burada alqısız (qızıl və ya gümüş sahibləri tərəfindən) satqı (əmtəə sahibləri tərəfindən) olur80. Sonralar isə, ardınca alqı əməliyyatı gəlməyən satqılar ancaq, nəcib metalların bütün əmtəə sahibləri arasında bölünməsini davam etdirən bir vasitədir. Beləliklə, tədavülün bütün nöqtələrində ən müxtəlif miqdarda qızıl və gümüş dəfinəsi yığılır. Əmtəəni bir mübadilə dəyəri kimi və y.a mübadilə dəyərini bir əmtəə kimi əldə saxlamağın mümkün olması ilə birlikdə qızıla tamah oyanır. Əmtəə tədavülü genişləndikcə, pulun, həmişə döyüşə hazır vəziyyətdə olan bu tam ictimai sərvət formasının hökmü də artır.

«Qızıl qəribə şeydir! Kimin qızılı varsa, ürəyindən keçən hər şeyin sahibidir. Qızıl hətta insan ruhu üçün cənnətə yol aça bilər» (Kolumb, Yamaykadan göndərilən məktubda, 1503-cü il).

Pulun zahirinə baxdıqda, nəyin pula çevrildiyini bilmək mümkün olmadığına görə, hər şey: həm əmtəələr, həm də əmtəə olmayan şeylər pula çevrilir. Hər şey alqı-satqı predmeti olur. Tədavül nəhəng bir ictimai tiyan olur və hər şey buraya cəlb olunub buradan pul kristalı şəklində çıxır. Daha az qaba olan res sacrosanctae, extra commercium hominym [insanların ticarət dövriyyəsindən çıxarılmış müqəddəs şeylər] hələ bir yana qalsın, müqəddəs cəsədlər də bu kimyagərlik qarşısında dayana bilmir81. Pulda əmtəələrin bütün keyfiyyət fərqləri silindiyi kimi, radikal bərabər–ləşdirici olmaq etibarı ilə pul da hər cür fərqləri silir82. Lakin pul özü də əmtəədir, hər kəsin xüsusi mülkiyyəti ola biləcək zahiri bir şeydir. Beləliklə, ictimai qüvvə xüsusi şəxsin xüsusi qüvvəsi olur. Buna görə də antik cəmiyyət pulu, bütün öz iqtisadi və mənəvi həyat tərzinin satıldığı bir sikkə adlandırıb rüsvay edir83. Öz uşaqlıq çağında hələ Plutonu saçından yapışaraq yerin təkindən dartıb çıxaran84 müasir cəmiyyət qızılı özünün ən ümdə həyat prinsipinin parlaq təcəssümü kimi alqışlayır.

 

İstehlak dəyəri olmaq etibarı ilə əmtəə müəyyən bir əlahiddə tələbatı ödəyir və maddi sərvətin əlahiddə ünsürünü təşkil edir. Lakin əmtəənin dəyəri maddi sərvətin bütün ünsürlərinə qarşı bu əmtəənin cazibə qüvvəsinin dərəcəsini ölçür, deməli, öz sahibinin ictimai sərvətini ölçür. Barbarcasına primitiv əmtəə sahibi üçün, hətta Qərbi Avropa kəndlisi üçün də dəyər öz formasından ayrılmazdır, buna görə də qızıl və gümüş şəklində dəfinə yığılması onun üçün dəyərin yığılmasıdır. Doğrudur, pulun dəyəri dəyişilir–pulun öz dəyərinin dəyişilməsi nəticəsində və ya əmtəələrin dəyərinin dəyişilməsi nəticəsində dəyişilir. Lakin buna baxmayaraq, əvvələn, 200 unsiya qızılda olan dəyər 100 unsiya qızıldakından, 300 unsiya qızılda olan dəyər 200 unsiyadakından artıq olur və i. a.; ikincisi, həmin şeyin təbii metal forması bütün əmtəələrin ümumi ekvivalent forması olaraq qalır, hər cür insan əməyinin bilavasitə ictimai təcəssümü olaraq qalır. Dəfinə yığmaq cəhdi öz təbiətinə görə hədsizdir. Keyfiyyətcə və ya öz forması etibarı ilə pulun həddi yoxdur, yəni pul maddi sərvətin ümumi nümayəndəsidir, çünki pul bilavasitə hər bir əmtəəyə çevrilə bilər. Lakin eyni zamanda hər bir real pul məbləği miqdarca məhduddur, buna görə də məhdud qüvvəyə malik alqı vasitəsidir. Pulun miqdar həddi ilə keyfiyyət hədsizliyi arasındakı bu ziddiyyət dəfinə yığanı yığım üçün Sizif əməyini dönə-dönə təkrar etməyə məcbur edir. Onun vəziyyəti, hər bir yeni ölkəni fəth etdikdə ancaq yeni sərhədə gəlib çıxan dünya fatehinin vəziyyətinə bənzəyir.

Qızılı pul kimi, yəni dəfinə yaradılması ünsürü kimi əldə saxlaya bilmək üçün onun tədavülünə, alqı vasitəsi olaraq onun istehlak vasitələri içərisində əriyib qarışmasına mane olmaq lazımdır. Deməli dəfinə yaradan şəxs öz vücudunun tələbatını qızıl bütə qurban verir. O zahidlik incilini ciddi bir şey kimi qəbul edir. Lakin, digər tərəfdən, o, tədavüldən pul şəklində ancaq tədavülə əmtəə şəklində verdiyini götürə bilər, O nə qədər çox istehsal etsə, bir o qədər çox sata bilər. Deməli, çalışqanlıq, qənaətcillik və xəsislik onun əsas fəzilətləridir; onun bütün siyasi iqtisadı çox satıb az satın almaqdan ibarətdir85.

Dəfinənin bilavasitə forması ilə yanaşı onun estetik forması da, qızıl və gümüş şeylərə sahiblik də inkişaf edir. Burjua cəmiyyətinin sərvəti artdıqca, bu sahiblik də artır. «Soyons riches ou paraissons riches» [«Sərvətli olaq və ya sərvətli kimi görünək»] (Didro). Beləliklə, bir tərəfdən, qızıl və gümüş üçün getdikcə genişlənən və onların pul funksiyasından asılı olmayan bazar yaranır, digər tərəfdən də pul təklifi üçün ictimai fırtına dövrlərində xüsusilə intensiv təsir göstərən gizli bir mənbə əmələ gəlir.

Dəfinə yaranması metal tədavülü şəraitində müxtəlif funksiyalar daşıyır. Dəfinə yaranmasının ən yaxın vəzifəsi qızıl və gümüş sikkənin tədavülü şəraitindən doğur. Biz artıq gördük ki, əmtəə tədavülü həcminin daim dəyişilməsi, qiymətlərin və əmtəə tədavülü sürətinin dəyişilməsi tədavüldə olan pul kütləsinin arası kəsilmədən axıb getməsinə və axıb gəlməsinə səbəb olur. Deməli, pul kütləsinin genişlənmə və yığışma qabiliyyəti olmalıdır. Gah pul bir sikkə şəklində cəzb olunmalı, gah da sikkə bir pul şəklində uzaqlaşmalıdır. Həqiqətdə dövr edən pul kütləsinin həmişə tədavül dairəsinin tam doyması dərəcəsinə uyğun gəlməsi üçün gərək hər bir ölkədə olan qızıl və gümüşün miqdarı hər bir məlum anda sikkə funksiyası üçün lazım gəldiyindən artıq olsun. Bu şərt pulun dəfinəyə çevrilməsi sayəsində yerinə yetirilmiş olur. Dəfinənin yığıldığı anbarlar eyni zamanda tədavüldəki pulun axıb getməsi və qayıdıb gəlməsi üçün kanal vəzifəsini daşıyır, buna görə də pul heç zaman tədavül kanallarını doldurub daşdırmır86.

b) TƏDİYƏ VASİTƏSİ

Əmtəə tədavülünün nəzərdən keçirdiyimiz bilavasitə formasında eyni bir dəyər kəmiyyəti həmişə ikiqat mövcud idi; bir qütbdə əmtəə şəklində, əks qütbdə isə pul şəklində. Buna görə də əmtəə sahibləri ancaq meydanda nağd mövcud olan qarşılıqlı ekvivalentlərin nümayəndəsi kimi əlaqəyə girirdilər. Lakin əmtəə tədavülü inkişaf etdikcə, elə münasibətlər inkişaf edir ki, bunların sayəsində əmtəələrin özgəninkiləşdirilməsi onların qiymətinin reallaşmasından zaman etibarı ilə ayrılır. Burada həmin münasibətlərdən ancaq ən bəsit münasibətləri qeyd etmək kifayətdir. Bir növ əmtəənin istehsalı üçün çox vaxt, başqa növ əmtəənin istehsalı üçün isə az vaxt tələb olunur. Müxtəlif əmtəələrin istehsalı ilin müxtəlif fəsilləri ilə əlaqədardır. Bir əmtəə lap öz bazarı yanında yaranır, başqası isə uzaqlarda olan bazara səyahət etməlidir. Buna görə də bir əmtəə sahibi alıcı sifəti ilə meydana çıxmamış, başqa bir əmtəə sahibi satıcı sifəti ilə meydana çıxa bilər. Eyni şəxslər arasında eyni sövdələr tez-tez təkrar olunduqda, əmtəələrin satılması şərtlərini onların istehsalı şərtləri tənzim edir. Digər tərəfdən, müəyyən növ əmtəələrdən, məsələn evdən istifadə olunması müəyyən bir müddətə satılır. Belə hallarda yalnız müddət çatdıqda alıcı əmtəənin istehlak dəyərini həqiqətən öz sərəncamına keçirə bilər. Buna görə də o, əmtəənin pulunu verməzdən əvvəl onu almış olur. Bir əmtəə sahibi mövcud əmtəəni satır, digəri isə onu sadəcə pulun nümayəndəsi və ya gələcək pulun nümayəndəsi kimi almış olur. Satıcı kreditor olur, alıcı isə–borclu. Burada əmtəənin metamorfozu, yaxud onun dəyər formasının inkişafı dəyişildiyindən, pul da başqa funksiya kəsb edir. Pul tədiyyə vasitəsi olur87.

Burada kreditor və borclu rolları sadə əmtəə tədavülündən doğur. Əmtəə tədavülü formasının dəyişilməsi satıcı və alıcı üzərinə bu yeni damğanı vurur. Deməli, əvvəllər bunlar da satıcı və alıcı rolu kimi eyni tədavül agentlərinin növbə ilə ifa etdiyi ani rollardır. Lakin bu əkslik lap əvvəldən o qədər də məsum bir xarakter daşımır və daha möhkəm kristallaşmağa qabil olduğunu göstərir88. Lakin eyni rollar əmtəə tədavülündən asılı olmadan da əmələ gələ bilər. Məsələn, antik dünyada sinfi mübarizə başlıca olaraq borclu ilə kreditor arasındakı mübarizə formasında baş verir və Romada borclu plebeyin məhv olması və onun yerinə qulun keçməsi ilə nəticələnir. Orta əsrlərdə bu mübarizə borclu feodalın məhv olması ilə bitir və o malik olduğu siyasi hakimiyyətin iqtisadi bazisini itirməklə bərabər bu hakimiyyətin özünü də itirir. Lakin burada pul forması, – borclunun kreditora münasibəti isə pul münasibəti formasında olur, – ancaq daha dərinlərdə yerləşən iqtisadi həyat şəraitindəki antaqonizmi əks etdirir.

Lakin əmtəə tədavülü dairəsinə qayıdaq. Satış prosesinin bir-birinə əks qütblərində ekvivalentlər, əmtəə və pul, daha eyni zamanda meydana gəlmir. İndi pul, əvvələn, satılan əmtəənin qiyməti təyin edilərkən dəyər ölçüsü vəzifəsi daşıyır. Əmtəənin kontrakt yolu ilə təyin olunan qiyməti alıcının təəhhüdünü ölçür, yəni alıcının müəyyən vaxtadək verməli olduğu pulun məbləğini göstərir. İkincisi, pul ideal alqı vasitəsi vəzifəsi daşıyır. Pul ancaq alıcının pul vermək təəhhüdü şəklində mövcud olsa da, əmtəəni bir əldən başqa bir ələ keçirir. Ancaq tədiyyə vaxtı gəlib çatdıqda tədiyyə vasitəsi həqiqətən tədavülə daxil olur, yəni alıcının əlindən satıcının əlinə keçir. Tədavül vasitəsi ona görə dönüb dəfinə olmuşdur ki, tədavül prosesi birinci fazada qırılmışdır, yəni pul, əmtəənin bu çevrilmiş forması tədavüldən çıxarılmışdır. Tədiyyə vasitəsi tədavülə daxil olur, lakin ancaq əmtəə tədavüldən çıxdıqdan sonra daxil olur. Pul daha proses üçün vasitəçi olmur. Pul indi mübadilə dəyərinin mütləq nağd varlığı, yaxud ümumi əmtəə olub prosesi müstəqil surətdə başa çatdırır. Satıcı əmtəəni pula çevirmişdir ki, pulun vasitəsi ilə müəyyən bir tələbatı ödəsin, dəfinə yaradan ona görə çevirmişdir ki, əmtəəni pul şəklinə salıb saxlasın, nisyə alan ona görə çevirmişdir ki, borcunu verə bilsin. Borclu öz borcunu verməsə, onun əmlakını zorla satdırarlar. Beləliklə, tədavül prosesinin öz münasibətlərindən irəli gələn ictimai zərurət üzündən indi əmtəə dəyərinin surəti – pul–satışda müstəqil bir məqsəd olur.

Alıcı əmtəəni pula çevirəndən əvvəl pulu yenidən əmtəəyə çevirir, yəni əmtəənin ikinci metamorfozunu birincisindən əvvəl icra edir. Satıcının əmtəəsi tədavül edir, lakin bu zaman öz qiymətini ancaq pul almağa xüsusi hüquqi tələb şəklində reallaşdırır. Əmtəə pula çevriləndən əvvəl istehlak dəyərinə çevrilir. Onun birinci metamorfozu ancaq sonradan baş verir89.

Tədavül prosesinin hər bir müəyyən dövründə tədiyyə vaxtı gəlib çatan təəhhüdlər, satılışı həmin təəhhüdləri doğuran əmtəələrin qiymətlərinin məcmusunu təşkil edir. Bu qiymətlər məcmusunun reallaşması üçün lazım olan pul kütləsi hər şeydən əvvəl tədiyyə vasitələrinin tədavül sürətindən asılıdır. Pul kütləsi iki amildən asılıdır: kreditorlarla borclular arasındakı münasibətlərin çulğaşmasından, – elə olur ki, A öz borclusu B-dən aldığı pulu öz kreditoru C-yə verir və i. a.–və müxtəlif tədiyyə vaxtları arasındakı fasilələrin müddətindən. Bir-birinin ardınca gələn tədiyyələr, yaxud sonradan icra olunan birinci metamorfozlar silsiləsi əvvəllər nəzərdən keçirilən metamorfoz sıralarının qovuşmasından əsaslı surətdə fərqlənir. Tədavül vasitələrinin hərəkətində satıcılarla alıcılar arasındakı əlaqə nəinki ifadə olunur, hətta bu əlaqənin özü ancaq pul tədavülündə və onunla birlikdə meydana gəlir. Əksinə, tədiyyə vasitələrinin hərəkəti hələ ondan əvvəl hazır şəkildə mövcud olan ictimai əlaqəni ifadə edir.

Satqıların eyni zamanda və paralel getməsi sikkənin tədavül sürətini artırmaq yolu ilə sikkə kütləsinin kəsirinin yerini doldurmaq imkanını məhdud edir. Həm də əksinə, eyni amillər tədiyyə vasitələrinə qənaət üçün yeni bir imkan yaradır. Tədiyyələr eyni bir yerdə təmərküzləşdikcə, təbii olaraq tədiyyələri qarşılıqlı surətdə ödəmək üçün öz-özünə xüsusi idarələr və metodlar inkişaf edir. Məsələn, orta əsrlərdəki Lionda virements [borcların göndərilməsi] belə bir rol oynamışdı. A-nın B-yə, B-nin C-yə, C-nin A-ya və i. a. olan borc tələbləri bir-biri ilə tutuşdurulduqda, müəyyən dairədə bunlar müsbət və mənfi kəmiyyətlər kimi bir-birini ləğv etmiş olacaqdır. Ancaq fərqi ödəmək lazım gələcəkdir. Tədiyyələr nə qədər geniş təmərküzləşsə, nisbətən balans da o qədər az olur, deməli, tədavüldə olan tədiyyə vasitələri kütləsi də bir o qədər az olur.

Pulun tədiyyə vasitəsi olmaq funksiyasında bilavasitə ziddiyyət vardır. Tədiyyələr qarşılıqlı surətdə ödənildikdə, pul ancaq ideal surətdə hesab pulu, yaxud dəyər ölçüsü vəzifəsi daşıyır. Tədiyyələri həqiqətdə ödəmək lazım gəldikdə isə, pul daha tədavül vasitəsi kimi deyil, maddələr mübadiləsinin ancaq keçici və vasitəçi forması kimi deyil, ictimai əməyin fərdi təcəssümü kimi, mübadilə dəyərinin ortalıqda olan müstəqil varlığı kimi, yaxud mütləq bir əmtəə kimi meydana çıxır. Bu ziddiyyət sənaye və ticarət böhranlarının pul böhranı adlanan mərhələsində özünü xüsusi bir qüvvə ilə göstərir90. Bu pul böhranı ancaq o yerdə mümkündür ki, bir-birinin ardınca gələn tədiyyələr silsiləsi və bunların qarşılıqlı surətdə ödənilməsinin süni sistemi tam inkişaf etmiş olsun. Bu mexanizmin işləməsi hər hansı səbəb üzündən hər yerdə pozulduğu hallarda pul, hesab pulunun xalis ideal surətindən birdən-birə və bilavasitə cingiltili sikkəyə çevrilir. İndi daha pul adi əmtəə ilə əvəz edilə bilməz. Əmtəənin istehlak dəyəri öz əhəmiyyətini itirir, əmtəənin dəyəri isə onun öz dəyər forması qarşısında yox olur. Sənayenin tərəqqisindən məst olan burjua hələ dünən pula maarifçilik fəlsəfəsinin dumanları arasından baxır və pulu boş bir görünüş adlandırırdı: «Yalnız əmtəə puldur». Bu gün həmin burjualar dünya bazarının hər tərəfində bağırıb deyirlər: «Yalnız pul əmtəədir!» Maral sərin su təşnəsi olduğu kimi, indi burjuaziyanın rəyi də yeganə sərvət olan pulun təşnəsidir91. Əmtəə ilə onun dəyərinin surəti olan pul arasındakı əkslik böhran zamanı artıb mütləq ziddiyyət dərəcəsinə çatır. Buna görə burada pulun təzahür formasının da fərqi yoxdur. Tədiyyə istər qızılla, istərsə kredit pulu ilə, məsələn, banknotla ödənilsin, – pul qıtlığının şiddəti dəyişilmir.92

İndi biz müəyyən müddət ərzində tədavüldə olan pulun ümumi məbləğini nəzərdən keçirsək, məlum olar ki, tədavül və tədiyyə vasitələri məlum sürətlə hərəkət etdikdə, bu məbləğ bərabərdir reallaşmalı olan əmtəə qiymətləri məbləğinə plyus vaxtı çatmış tədiyyələrin məbləği minus bir-birini ödəyən tədiyyələr və, nəhayət, minus eyni pulun növbə ilə gah tədavül vasitəsi, gah da tədiyyə vasitəsi vəzifəsi daşıdığı dövrlərin məcmusu. Məsələn, kəndli öz taxılını 2 f. sterlinqə satır və, deməli, bu pul tədavül vasitəsi olur. Tədiyyə vaxtı çatdıqda, bu kəndli həmin 2 f. sterlinqi vaxtı ilə kətan aldığı toxucuya verir. Bu halda həmin 2 f. st. indi tədiyyə vasitəsi vəzifəsi daşıyır. Sonra toxucu nağd pula bibliya alır və bu 2 f. st. yenə də tədavül vasitəsi vəzifəsi daşıyır və i. a. Buna görədir ki, hətta qiymətlər, pul tədavülünün sürəti və tədiyyə qənaəti məlum olduqda da, yenə müəyyən müddət ərzində, məsələn bir gün ərzində tədavüldə olan pul kütləsi tədavüldə olan əmtəə kütləsinə daha uyğun gəlmir. Artıq çoxdan tədavül prosesindən çıxarılmış əmtəələri təmsil edən pul tədavül edir. Pul ekvivalentləri ancaq sonradan meydana gələcək əmtəələr tədavül edir. Digər tərəfdən, hər gün bağlanılan və hər gün ödənilən tədiyyə təəhhüdləri əsla ortaq ölçülü olmayan kəmiyyətlərdir93.

Kredit pulu bilavasitə pulun tədiyyə vasitəsi olmaq funksiyasından doğur, həm də satılmış əmtəələrin müqabilində verilən borc təəhhüdləri tədavülə başlayaraq borc tələblərini bir şəxsdən başqa şəxsə keçirir. Digər tərəfdən, kredit işi genişləndikcə pulun tədiyyə vasitəsi olmaq funksiyası da genişlənir. Tədiyyə vasitəsi vəzifəsi daşıyan pul öz mövcudluq formalarını kəsb edir və bu formalarda böyük ticarət sövdələri dairəsində özünə yer edir, qızıl və gümüş sikkə isə sıxışdırılıb başlıca olaraq pərakəndə ticarət dairəsinə keçirilir94.

Əmtəə istehsalı müəyyən inkişaf səviyyəsinə çatdıqda və lazımınca geniş miqyas aldıqda, pulun tədiyyə vasitəsi olmaq funksiyası əmtəə Tədavülü dairəsinin hüdudundan kənara çıxır. Pul, müqavilə təəhhüdləri üçün ümumi əmtəə olur95. Rentalar, töycülər və sairə məhsul ödənilişindən pul tədiyyələrinə çevrilir. Bu çevrilmənin nə dərəcədə istehsal prosesinin ümumi xarakteri ilə bağlı olduğunu, məsələn, iki dəfə Roma imperiyasının bütün vergiləri pulla almağa təşəbbüs etməsi və bu təşəbbüslərin boşa çıxması göstərir. XIV Lüdovik zamanı Fransanın kəndli əhalisinin Buagilber, marşal Voban və başqaları tərəfindən çox gözəl damğalanan dəhşətli yoxsulluğu təkcə vergilərin yüksəkliyindən deyil, habelə bunların məhsulla alınan vergilərdən pulla alınan vergilərə çevrilməsindən irəli gəlmişdi96. Digər tərəfdən, torpaq rentasının natural forması, – Asiyada bu həm də dövlət vergilərinin əsas ünsürüdür, – təbii münasibətlər qədər qəti surətdə təkrar istehsal olunan istehsal münasibətlərinə əsaslanarsa, belə bir tədiyyə forması əks təsir yolu ilə köhnə istehsal formalarını saxlayır. Bu, Türkiyə imperiyasının özünü mühafizə edə bilməsi üçün əsrarəngiz vasitələrdən biridir. Avropanın Yaponiyaya qəbul etdirdiyi xarici ticarət burada natural rentanın pul rentasına çevrilməsinə səbəb olarsa, Yaponiyanın nümunəvi əkinçilik mədəniyyətinin sonu çatar. Bu mədəniyyətin mövcud olması şərtlərinin dar çərçivəyə alınmış iqtisadi bünövrəsi pozular.

Hər bir ölkədə tədiyyələr üçün müəyyən ümumi müddətlər qoyulur. Bu tədiyyə müddətləri qismən, fəsillərin dəyişilməsi ilə əlaqədar olan təbii istehsal şəraitindən asılıdır, – təkrar istehsalın tsikl xarakterində olmasının başqa amillərini bir kənara qoyuruq. Bilavasitə əmtəə tədavülünün doğurmadığı tədiyyələr də, məsələn, vergi, renta və sairə də həmin müddətlərlə tənzim olunur. Bütün ölkəyə səpələnmiş tədiyyələr üçün ilin müəyyən günlərində lazım gələn pul kütləsi tədiyyə vasitələrinə qənaət olunmasında vaxtaşırı, lakin tamamilə səthi dəyişiklik doğurur. Tədiyyə vasitələrinin tədavül sürəti qanunundan belə bir nəticə çıxır ki, hər hansı səbəbdən meydana gəlmiş bütün vaxtaşırı tədiyyələr üçün lazım olan tədiyyə vasitələri kütləsi, tədiyyə müddətləri ilə tərs nisbətindədir.

Pulun tədiyyə vasitəsi olaraq inkişaf etməsi tədiyyəni ödəmək müddətləri çatana yaxın pul yığmaq zərurəti doğurur. Müstəqil bir varlanma forması olmaq etibarı ilə dəfinə toplanması burjua cəmiyyətinin inkişafı ilə birlikdə aradan qalxdığı halda, əksinə, bununla birlikdə o, ehtiyat tədiyyə vasitələri fondu yığmaq formasında artır.

73Özlüyündə aydındır ki, sikkə gömrüyü və s. kimi təfərrüatı nəzərdən keçirmək mənim vəzifəmə əsla daxil deyildir. "Müftə" sikkə kəsən İngiltərə hökumətinin "alicənab səxavətinə" valeh olan xəyalpərəst sikofant Adam Müllerə gəldikdə, ona ser Dadli Norsun bu sözlərini qarşı qoymaq kifayətdir: "Başqa əmtəələr kimi, gümüş və qızıl da gah axıb gəlir, gah da axıb gedir. İspaniyadan müəyyən miqdar gümüş alındıqdan sonra… bu gümüş Tauerə göndərilib orada sikkə kəsilir. Bundan az sonra ixrac üçün qızıl və ya gümüş külçəsinə yeni tələb yarana bilər. Bütün metal külçəsi sikkə kəsilməyə işləndiyinə görə metal külçəsi qalmasa, onda nə etməli? Aydındır ki, yenidən sikkəni əritmək lazım gələcəkdir; bu zərərli olmayacaqdır. Axı sikkə kəsilməsi metal sahiblərinə müftə başa gəlir. Ancaq millət zərər çəkir və öz pulunu havaya sovurmalı olur. Əgər tacir (Nors özü II Karl zamanının ən böyük tacirlərindən biri idi) „sikkə kəsilməsi üçün gömrük verməli olsaydı, ciddi əsas olmadan öz gümüşünü Tauerə göndərməzdi və bu halda kəsilən sikkə gümüş külçəsindən şübhəsiz yüksək dəyərə malik olardı". (North, sitat gətirilən əsər, səh. 18).
74Gümüş həmişə ancaq xırda tədiyyələr üçün lazım gəldiyi qədər olarsa, heç vaxt qaha iri tədiyyələr üçün kifayət edəcək miqdarda yığıla bilməz… Qızılın iri tədiyyələrdə işlədilməsi onun hökmən xırda alverdə də işlədilməsinə gətirib çıxarır: qızıl sikkəsi olanlar xırda şeylər aldıqda, qızıl sikkə verir və aldığı əmtəə ilə birlikdə qızıl sikkənin artığını gümüş pulla alır; beləliklə, əks təqdirdə xırda alverçidə yığılıb qala biləcək artıq gümüş onun əlindən çıxır və ümumi tədavüldə yayılır. Lakin xırda şeylər aldıqda pulunu qızıl xərcləmədən ödəmək üçün həmişə kifayət qədər gümüş olsaydı, xırla alverçi satdığı xırda şeylərin əvəzində ancaq gümüş alardı və gümüş labüd surətdə onun əlində toplanardı".
75Maliyyə mandarini Van Mao-in cəsarət edib göylər allahının kölgəsinə üstüörtülü şəkildə Çin dövlət əskinaslarını xırda banknotlara çevirmək məqsədi güdən bir layihə təqdim etmişdi. Buna görə əskinas komitəsinin 1854-cü il aprel hesabatında onun yaxşıca abrını almışdılar. Bu münasibətlə ona müvafiq qədər qarğı çubuğu vurulub vurulmadığı xəbər verilmir. Hesabatın axırında deyilir: „Komitə onun layihəsini diqqətlə ölçüb-biçdikdən sonra bu qərara gəldi ki, həmin layihədə hər şey tacirlərin xeyrinədir və taxt-tac üçün xeyirli heç bir şey yoxdur". Tədavül üzündən qızıl sikkələrin daim metalı itirməsi haqqında ingilis bankının direktorlarından biri lordlar palatasının komissiyası qarşısında verdiyi öz şahid ifadəsində ("bank qanunları" məsələsi barəsində) belə demişdir: "Hər il soverenlərin (siyasi suverenlər deyil, funt sterlinqin adı olan "sovereign" nəzərdə tutulur), yeni qrupu həddindən artıq yüngülləşir. Bunlardan il ərzində tam çəkili olaraq tədavül edənlər bu müddətdə sürtülmə nəticəsində öz çəkisindən o qədər itirir ki, gələn il tərəzinin gözünə atıldıqda əskik gəlir". (House of Lords' Committee, 1848, № 429).
762-ci nəşrə qeyd. Pul məsələsindən yazan müəlliflərdən hətta ən yaxşılarının da pulun müxtəlif funksiyalarını nə qədər tutqun başa düşdüklərini, misal üçün, Fullartonun bu sözləri göstərir: «Bizim daxili ticarətimizdən bəhs edildikdə, adətən qızıl və gümüş sikkənin daşıdığı bütün pul funksiyalarını ancaq, qanunla müəyyən edilmiş fiktiv və şərti dəyərə malik dəyişdirilməyən kağız pul da eyni dərəcədə yerinə yetirə bilər. Bu, zənnimcə, heç kəsin inkar etməyəcəyi bir faktdır. Bu cür bir dəyər indi tam dəyərli sikkələrin ödədiyi tələbatı tamamilə ödəyə bilər və hətta dəyər və qiymət ölçüsü funksiyasını daşıya bilər, bu şərtlə ki, tədavülə buraxılan kağız pulun miqdarı lazımi həddən artıq olmasın". (Fullarion. "Regulation pf Currencies", 2 ed. London, 1845, p. 21). Deməli, pul əmtəəsi tədavüldə adi dəyər nişanı ilə əvəz oluna bildiyinə görə, o nə dəyər ölçüsü kimi, nə də qiymət miqyası kimi lazım deyilmiş!
77Sikkə vəzifəsi, yəni ancaq tədavül vasitəsi vəzifəsi daşıyarkən qızıl və gümüşün dönüb özləri üçün bir nişan olmalarından Nikolas Barbon belə bir nəticə çıxarır ki, hökumətlərin "to raise money" [sikkənin dəyərini qaldırmaq], yəni indiyədək, məsələn, qroş adlanan bir miqdar gümüşə daha artıq miqdar gümüşün adını vermək, deyək ki, taler adlandırmaq və beləliklə də kreditorlara taler əvəzinə qroş vermək hüququ vardır. "Sikkə tez-tez əldən-ələ keçdiyinə görə sürtülüb yeyilir və yüngülləşir… Ticarət işlərində insanlar gümüşün miqdarına deyil, adına və sikkəsinə fikir verirlər… "Hökumətin nüfuzu metal parçasını pula çevirir". (N. Barbon. sitat gətirilən əsər, səh. 25, 29, 30).
78"Pul sərvəti… pula çevrilmiş məhsul sərvətindən başqa bir şey deyildir". (Mercier de la Riviere, sitat gətirilən əsər, səh. 573). "Məhsullarda mövcud olan dəyər ancaq öz formasını dəyişdirmişdir". (yenə orada, səh. 486).
79"Məhz bu qayda sayəsində onların bütün mallarının belə aşağı qiymətləri saxlanır". (Vanderlint, sitat gətirilən əsər, səh. 95, 96).
80Ciddi mənada alqı tələb edir ki, qızıl və gümüş əmtəənin artıq çevrilmiş forması olsun, yəni satqının məhsulu olsun.
81Fransanın ən xristian kralı III Henrix monastırların və i. a. müqəddəs müxəlləfatını qarət edib gümüşə çevirir. Delfi məbədindən dəfinəni fokeyalıların oğurlamasının Yunanıstan tarixində nə kimi bir rol oynadığı məlumdur. Qədim xalqlarda əmtəə allahının məkanı, məlum olduğu kimi, məbədlər idi. Bu məbədlər „müqəddəs bank“ sayılırlı. Par excellence [əsasən] ticarət əhli olan finikiyalılar pulu bütün şeylərin özgəninkiləşdirilmiş forması hesab edirdilər. Buna görə təmamilə təbii idi ki, eşq ilahəsi bayramlarında əcnəbilərin qoynuna girən qızlar aldıqları sikkəni eşq ilahəsinə nəzir verirdilər.
82"Qızıl! O parlaq metal, gözəl, qiymətli metal…Odur qapqara şeyi təmiz, ağappaq edən,Çirkini gözəl edir, günahı–haqq, ədalət,Alçaqları ucaldır, qorxağa verir cürət,Qocalmış kaftarları təzə cavan göstərir.Köhnəliyə min rövnəq, zinət, lətafət verir…Ey allahlar, söyləyin, bunun nə hikməti var?Nə üçün yaratdınız qızılı, ey allahlar?O ki, saf bəndələri qovur dərgahınızdan,Xəstənin başı altdan odur balışı qapan.O məlun parıltısı azdırır insanları,Bir anda həm bağlayır, həm pozur peymanları.O pərəstiş etdirir ən iyrənc, pis bidətə,Bəli, odur mindirən quldurları hörmətə,Onlara ad-san verən, əyanlığa qaldıran,Cavanlara qartımış qarıları aldıran…Sən də, ey qoca dünya, rədd ol artıq gözümdən.Sən də bu kainata satılmış cariyəsən!“(Şekspir. "Afinalı Timonun həyatı").
83"Pul bəladır… Fəlakət gətirir insanlara:Pul üstündə şəhərlər dönüb xərabəzara;Pul üçün tərk eləyir övlad ata yurdunu,Pul yad, qərib ellərə didərgin salır onu.Pul məsum ürəkləri pozur, əxlaqsız edir,İnsanlara bəd əməl, riyakarlıq öyrədir”.(Sofokl. "Antiqona").
84"Tamahkarlıq Plutonun özünü saçından yapışaraq yerin təkindən dartıb çıxarmaq ümidində idi". (Athenaeus, "Deipnosophistarum (libri quindecim", I. VI, 23, v. II ed. Schweighauser, 1802, p. 397).
85"Siyasi iqtisadın bütün tədbirləri belə bir əsas məsələdən ibarətdir ki, bütün əmtəələri satanların sayı mümkün qədər çox artırılsın, alıcıların sayı mümkün qədər çox azaldılsın“ (Verri, sitat gətirilən əsər, səh. 52).
86"Millətin ticarət edə bilməsi üçün müəyyən məbləğ nağd pul olmalıdır və bu məbləğ şəraitdən asılı olaraq gah artmaq, gah da əskilmək yolu ilə dəyişilə bilər… Dəyişilən şəraitdə pulun bu cür artıb-azalması, onun axıb gəlməsi və axıb getməsi hökumətin heç bir müdaxiləsi olmadan öz-özünə həmin şəraitə uyğunlaşır. Vedrələr növbə ilə işləyir: pul az olduqda, külçədən sikkə kəsilir, pul metalı az olduqda, sikkə yenə əridilib külçə halına salınır* (North, sitat gətirilən əsər, postskriptum. səh. 3). Uzun zaman Ost-Hind kompaniyasında xidmət edən Con Stüart Mill iddia edir ki, Hindistanda gümüş zinət şeyləri hələ də bilavasitə dəfinə vəzifəsi daşıyır. „Faiz dərəcəsi yüksək olduqda… gümüş zinət şeyləri sikkə sarayına göndərilir, faiz dərəcəsi düşdükdə isə yenə əvvəlki şəklini alır". (C. St. Millin ifadəsi, "Reports on Bankacts 1857“, № 2084 və 2101). Hindistana qızıl və gümüş idxalı və oradan ixrac edilməsi haqqında 1864-cü il tarixli bir parlament sənədində deyildiyinə görə, 1863-cü ildə qızıl və gümüş idxalı ixracdan 19 367 764 funt sterlinq artıq olmuşdur. 1864-cü ildən qabaqkı son səkkiz il ərzində nəcib metalların idxalı bunların ixracından 109 652 917 funt sterlinq artıq olmuşdur. İndiki əsrdə Hindistanda 200 000 000 funt sterlinqdən xeyli artıq sikkə kəsilmişdir.
87Lüter alqı vasitəsi olan pul ilə tədiyyə vasitəsi olan pulu bir-birindən ayırır. "Sən mənə ikiqat zərər vurursan–burada mən aldığımın pulunu verə bilmirəm, orada isə ala bilmirəm".
88XVIII əsrin əvvəllərində ingilis tacirləri içərisində borclularla kreditorlar arasındakı münasibətlər haqqında: "Burada, İngiltərədə ticarət adamları arasında elə bir qəddarlıq ruhu hökm sürür ki, buna heç bir başqa ictimai təbəqə arasında və dünyanın heç bir başqa ölkəsində rast gəlməzsən". (“An Essay on Credit and the bankrupt Act”. London, 1707, p. 2).
892-ci nəşrə qeyd. Mənim 1859-cu ildə çapdan çıxmış əsərimdən aşağıdakı sitat göstərir ki, nəyə görə mətndə bu əks forma nəzərə alınmamışdır: P–Ə prosesində, əksinə, pul həqiqi alqı vasitəsi kimi özgəninkiləşdirilə bilər və beləliklə də əmtəənin qiyməti pulun istehlak dəyərinin reallaşmasından və ya əmtəənin özgəninkiləşməsindən əvvəl reallaşdırıla bilər. Bu, məsələn, haqqın qabaqcadan verilməsi kimi adi formada, yaxud İngiltərə hökumətinin Hindistandakı rəiyyətlərdən tiryək aldığı formada baş verir… Lakin burada pul yalnız artıq bizə məlum olan alqı vasitəsi formasında işlənir… Əlbəttə, kapital pul formasında da avans edilir… Lakin bu nöqteyi-nəzər sadə tədavül çərçivəsindən kənara çıxır". („Siyasi iqtisadın tənqidinə dair“. Berlin, 1859, səh. 119, 120 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 122] .
90Mətndə hər bir ümumi istehsal və ticarət böhranının xüsusi fazası kimi müəyyən edilən bu pul böhranını, yenə də pul böhranı adlandırılan, lakin müstəqil surətdə baş verib sənaye və ticarətə ancaq öz əks inikası vasitəsi ilə təsir edə bilən xüsusi bir böhran növündən fərqləndirmək lazımdır. Bunlar elə böhranlardır ki, onları hərəkət mərkəzi pul kapitaldan, bilavasitə dairəsi isə bank, birja və maliyyədən ibarətdir. {3-cü nəşrə Marksın qeydi.}
91"Kredit sisteminin belə qəflətən monetar sistemə çevrilməsi əməli çaxnaşmaya əlavə olaraq bir də nəzəri qorxu doğurur və tədavül agentləri öz münasibətlərinin anlaşılmaz sirri qarşısınada dəhşətə gəlirlər". (K. Marks. „Siyasi iqtisadın tənqidinə dair". Berlin, 1859, səh. 126 [bax: K. Marks və F. Engels. Əsərləri. İkinci nəşri, 13-cü cild, səh. 128]). „Yoxsul işsiz qalır, çünki varlı pulu çatışmadığına görə ona iş verə bilmir, halbuki onların yaşayış vasitələri və paltar istehsal etmək üçün əvvəlki qədər torpağı və əlləri vardır; millətlərin əsil sərvəti də puldan deyil, məhz bundan ibarətdir". (John Bellers. "Proposais for Raising a College of İndustry". London, 1696, p, 3).
92Bu anlardan "amis du commerce " ["ticarət dostları"] bax belə istifadə edirlər: "Bir dəfə (1839-cu ildə) "bir nəfər qoca acgöz bankir (Sitidə) öz kabinetində qabağındakı örtüklü stolun qapağını qaldırır və öz dostuna bir dəstə banknot göstərib təntənə ilə deyir ki, bax bu 600 000 f. sterlinqi özündə saxlamışdır ki, pul qıtlığı güclənsin, amma lap bu gün saat üçdən sonra pulu dövriyyəyə buraxacaqdır". Yarımrəsmi orqan olan "The Observer" 1864-cü il aprelin 24-də yazır: "Banknot qıtlığı yaratmaq üçün görülən tədbirlər haqqında bir sıra çox qəribə şayiələr yayılır… Həqiqətən bu cür tədbirlər görülməsi ehtimalı nə qədər şübhəli görünsə də, hər halda bu şayiələr o qədər geniş yayılmışdı ki, doğrudan da xatırlamağa dəyər".
93"Bir gün ərzində olan satqıların və ya kontraktların yekunu məhz həmin gün tədavüldə olan pulun miqdarına təsir etməz, lakin ən çox hallarda, ancaq sonralar, az-çox uzun bir müddət keçəndən sonra tədavülə daxil ola biləcək pul məbləğinə verilən tam bir sıra ən müxtəlif təəhhüdlərdə ifadə edilmiş olacaqdır… Bu gün verilən veksellər və ya kreditlər öz miqdarı cəhətdən, ümumi məbləği cəhətdən və ya ödəniş müddətləri cəhətdən sabah və o biri gün bağlanacaq kredit sövdələrinə əsla oxşamamalıdır; bundan əlavə, bu gün verilən veksellərdən və bu gün verilən kreditlərdən bir çoxu öz tədiyyə müddəti cəhətdən, keçmişdə, əsla məlum olmayan zamanlarda bağlanmış bir çox təəhhüdlərin tədiyyə müddətinə uyğun gələcəkdir; 12, 6, 3 ay və 1 ay müddətinə verilən veksellər çox zaman bir-birinə uyğun gəlir və beləliklə vaxtı eyni günə düşən təəhhüdlərin ümumi məbləğini artırır".
94Əsil ticarət əməliyyatlarında gerçək pulun nə qədər cüzi rol oynadığına bir nümunə olaraq biz burada Londonun ən böyük ticarət firmalarından birinin (Morrison Dillon və K°-sı) illik pul varidatı və tədiyyələri haqqındakı rəqəmləri misal gətiririk. Onun 1856-cı ildə bir çox milyonlarla funt sterlinqi əhatə edən əməliyyatlarını biz mütənasib surətdə azaldıb 1 000 000 f. st. miqyasına gətirmişik: ("Report from the Select Committee on the Bankacts". July, 1858, p. LXXI).
95"Ticarət dövriyyəsinin xarakteri elə dəyişilmişdir ki, əmtəələrin əmtəələrə mübadiləsi əvəzində, bunların göndərilməsi və təhvil alınması əvəzində indi satqı və tədiyyələr icra edilir. İndi bütün sövdələr… xalis pul əməliyyatlarından ibarətdir".
96"Pul hamıya cəllad kəsilmişdir". Maliyyə məharəti "bir destillə qazanıdır, burada ağlagəlməz miqdarda nemət və yaşayış vasitəsi buxara çevrilir ki, bu məşum cövhər alınsın… Pul bütün bəşər övladına müharibə elan edir”.