KAPİTAL. Siyasi iqtisadın tənqidi

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

3. İŞ QÜVVƏSİNİN ALINMASI VƏ SATILMASI

Kapitala çevrilməli olan pulun dəyəri pulun özündə dəyişilə bilməz, çünki alqı vasitəsi və tədiyyə vasitəsi olan pul həmin pula alınan və ya həmin pulda ödənilən əmtəələrin ancaq qiymətini reallaşdırır, halbuki pul öz formasında donub qaldıqda, bərkimiş sabit dəyər kəmiyyətlərinə çevrilir119. Bu dəyişilmə tədavülün ikinci əməliyyatından, əmtəənin təkrar satılmasından da meydana gələ bilməz, çünki bu əməliyyat əmtəəni ancaq öz natural formasından dübarə pul formasına çevirir. Deməli, birinci P–Ə əməliyyatında alınan əmtəənin dəyəri deyil, bu əmtəə özü dəyişilməlidir, çünki_ekvivalentlər mübadilə olunur, həm də əmtəələr öz dəyərinə görə ödənilir. Beləliklə, bu dəyişilmə əmtəənin öz istehlak dəyərindən, yəni onun ancaq istehlakından irəli gəlir. Lakin bizim pul sahibi əmtəənin istehlakından yalnız bu halda dəyər hasil edə bilər: gərək onun bəxti gətirib tədavül dairəsində, yəni bazarda elə bir əmtəə kəşf etsin ki, bunun istehlak dəyərinin özü dəyər mənbəyi olmaq kimi orijinal bir xassəyə malik olsun, – elə bir əmtəə ki, onun həqiqi istehlakının özü əməyin maddiləşməsindən, deməli, dəyər yaradılmasından ibarət olsun. Pul sahibi də bazarda belə spesifik bir əmtəə tapır; bu – əmək qabiliyyətidir, yaxud iş qüvvəsidir.

İş qüvvəsi və ya əmək qabiliyyəti dedikdə biz, orqanizmin, canlı insan şəxsiyyətinin malik olduğu və hər dəfə hər hansı istehlak dəyərləri istehsal edərkən onun işə saldığı fiziki və ruhi qabiliyyətlərin məcmusunu nəzərdə tuturuq.

Lakin pul sahibinin bazarda iş qüvvəsini bir əmtəə kimi tapa bilməsi üçün müxtəlif şərtlər yerinə yetirilməlidir. Özlüyündə əmtəə mübadiləsində onun öz təbiətindən irəli gələn asılılıq münasibətlərindən başqa heç bir münasibət yoxdur. Bu belə olduğuna görə də iş qüvvəsi bazara ancaq o zaman və ona görə əmtəə kimi çıxa bilər ki, onu öz sahibi, yəni bu iş qüvvəsi kimin iş qüvvəsidirsə, həmin şəxs bazara çıxartsın və ya satsın. Onu öz sahibinin bir əmtəə kimi sata bilməsi üçün bu qüvvə öz sahibinin ixtiyarında olmalıdır, deməli, o öz əmək qabiliyyətinin, öz şəxsiyyətinin sərbəst sahibi olmalıdır.120 İş qüvvəsi sahibi ilə pul sahibi bazarda bərabər hüquqlu əmtəə sahibləri kimi üz-üzə gəlib bir-biri ilə münasibətə girir, aralarındakı fərq ancaq ondan ibarət olur ki, biri alıcıdır, digəri isə satıcı, deməli, hər ikisi yuridik cəhətdən bərabər şəxsdir. Bu münasibətin saxlanması üçün tələb olunur ki, iş qüvvəsinin mülkiyyətçisi daim bunu ancaq müəyyən müddətə satsın, çünki o öz iş qüvvəsini tamamilə və həmişəlik satsa, bununla birlikdə özünü də satmış olar, azad insandan qula, əmtəə sahibindən əmtəəyə çevrilər. Bir şəxsiyyət olmaq etibarı ilə o öz iş qüvvəsinə öz münasibətini daim öz mülkiyyətinə olan bir münasibət kimi, buna görə də öz əmtəəsinə olan bir münasibət kimi saxlamalıdır, bu isə ancaq o halda mümkündür ki, o, alıcıya öz iş qüvvəsindən ancaq müvəqqəti, ancaq müəyyən müddət istifadə etmək və ya onu istehlak etmək imkanı versin, deməli, öz iş qüvvəsini özgəninkiləşdirməklə bərabər, bu qüvvə üzərində mülkiyyət hüququndan imtina etməsin121.

Pul sahibinin bazarda iş qüvvəsini bir əmtəə kimi tapa bilməsi üçün lazım olan ikinci mühüm şərt ondan ibarətdir ki, iş qüvvəsi sahibi öz əməyinin maddiləşdiyi əmtəələri satmaq imkanından məhrum olmalı və, əksinə, ancaq öz canlı orqanizmində mövcud olan iş qüvvəsinin özünü əmtəə kimi satmağa məcbur olmalıdır.

Birisinin öz iş qüvvəsindən fərqli əmtəələr satmaq imkanı olması üçün o, əlbəttə, istehsal vasitələrinə, məsələn xammala, əmək alətlərinə və i. a. malik olmalıdır. Gön olmasa, çəkmə tikmək olmaz. İşçiyə bundan əlavə yaşayış vasitələri lazımdır. Heç kəs, hətta «gələcəyin musiqisini» yaradan bir xəyalpərəst də gələcəyin məhsulları ilə yaşaya bilməz, hələ istehsalı başa çatdırılmayan istehlak dəyərləri hesabına yaşaya bilməz; insan yer üzünə gəldiyi ilk gündən etibarən hər gün istehlak etməli, istehsal etməyə başlamazdan əvvəl və istehsal etdiyi zaman istehlak etməlidir. Məhsullar əmtəə kimi istehsal edilirsə, bunların istehsalı başa çatdıqdan sonra bunlar satılmalıdır və ancaq satıldıqdan sonra istehsalçının tələbatını ödəyə bilər. İstehsal üçün lazım olan vaxta satış üçün lazım olan vaxt əlavə olunur.

Beləliklə, pul sahibi ancaq o halda öz pulunu kapitala çevirə bilər ki, əmtəə bazarında azad fəhlə tapsın, həm də bu fəhlə iki mənada azad olmalıdır: bu mənada ki, fəhlə azad şəxsiyyətdir və öz iş qüvvəsinə bir əmtəə kimi malikdir, digər tərəfdən də, onun satmaq üçün heç bir başqa əmtəəsi yoxdur, lüt-üryandır, öz iş qüvvəsini tətbiq etmək üçün lazım gələn hər bir şeydən məhrumdur.

Tədavül dairəsində bu azad fəhlənin nəyə görə pul sahibinə qarşı durması məsələsi, əmək bazarına əmtəə bazarının xüsusi bir bölməsi kimi hazır şəkildə rast gələn pul sahibini maraqlandırmır. Bu məsələ hələlik bizi də eyni dərəcədə az maraqlandırır. Pul sahibinin faktik vəziyyəti əməli cəhətdən əsas tutduğu kimi, biz də bu vəziyyəti nəzəri cəhətdən əsas tuturuq. Hər halda bir şey aydındır. Təbiət bir tərəfdə pul və əmtəə sahiblərini, o biri tərəfdə isə ancaq iş qüvvəsi sahiblərini yaratmır. Bu münasibət nə təbiət tərəfindən yaradılan bir münasibətdir, nə də bütün tarixi dövrlərə xas ola biləcək bir ictimai münasibətdir. Yəqin ki, bu münasibət özü əvvəlki tarixi inkişafın nəticəsidir, bir çox iqtisadi çevrilişlərin məhsuludur, tam bir sıra daha qədim ictimai istehsal formasiyalarının məhv olub getməsi məhsuludur.

Əvvəllər nəzərdən keçirdiyimiz iqtisadi kateqoriyalar da öz tarixinin izlərini daşıyır. Məhsulun əmtəə kimi mövcud olması üçün müəyyən tarixi şərtlər meydanda olmalıdır. Əmtəə olmaqdan ötrü məhsul istehsalçının özü üçün bilavasitə yaşayış vasitəsi kimi istehsal edilməməlidir. Əgər biz tədqiqatımızda irəlilərə gedib özümüzdən soruşsaq ki, məhsulların hamısı və ya heç olmazsa çoxu hansı şəraitdə əmtəə forması alır, onda görərik ki, bu ancaq tamamilə spesifik bir istehsal üsulu şəraitində, məhz kapitalist istehsal üsulu şəraitində baş verir. Lakin belə bir tədqiqat əmtəənin təhlili çərçivəsindən kənara çıxardı. Əmtəə istehsalı və əmtəə tədavülü o halda da ola bilər ki, məhsulların çox böyük kütləsi bilavasitə şəxsi istehlak üçün nəzərdə tutulsun, əmtəəyə çevrilməsin və, deməli, ictimai istehsal prosesi hələ heç də tam ölçüdə mübadilə dəyərinin hökmranlığına tabe olmasın. Məhsulun əmtəəyə çevrilməsi üçün cəmiyyət daxilində əmək bölgüsü o dərəcədə inkişaf etməlidir ki, bilavasitə mübadilə ticarətində istehlak dəyəri ilə mübadilə dəyəri arasında əmələ gəlməyə başlayan fərq tamamilə başa çatmış olsun. Lakin bu inkişaf pilləsi tarixən ən müxtəlif ictimai-iqtisadi formasiyalara məxsusdur.

Biz pula yaxından diqqət yetirsək, görərik ki, pulun meydanda olması üçün əmtəə mübadiləsi müəyyən bir səviyyəyə çatmış olmalıdır. Pulun müxtəlif formaları – sadə əmtəə ekvivalenti, yaxud tədavül vasitəsi, yaxud tədiyyə vasitəsi, dəfinə və dünya pulu–bu və ya başqa funksiyanın müxtəlif dərəcədə tətbiq edilməsindən və nisbətən üstünlük təşkil etməsindən asılı olaraq ictimai istehsal prosesinin çox müxtəlif pillələrini göstərir. Bununla belə, təcrübənin göstərdiyi kimi, bütün bu formaların əmələ gələ bilməsi üçün əmtəə tədavülünün nisbətən zəif inkişaf etməsi də kifayətdir. Kapital məsələsi tamamilə başqa cürdür. Onun mövcud olduğu tarixi şərait təkcə əmtəə və pul tədavülünün meydanda olması ilə bitmir. Kapital ancaq o yerdə meydana gəlir ki, istehsal vasitələrinin və yaşayış vasitələrinin sahibi bazarda öz iş qüvvəsini satan azad fəhlə tapsın; artıq təkcə bu tarixi şərt tam dünya tarixini əhatə edir. Buna görə də kapital özünün lap meydana gəldiyi zamandan etibarən ictimai istehsal prosesinin xüsusi bir dövrünün başlandığını xəbər verir122.

 

İndi biz bu spesifik əmtəəni, iş qüvvəsini yaxından nəzərdən keçirməliyik. Bütün başqa əmtəələr kimi, onun da dəyəri vardır123. Bu dəyər nə ilə müəyyən edilir?

Hər bir başqa əmtəə kimi, iş qüvvəsinin də dəyəri bu spesifik ticarət şeyinin istehsalı və, deməli, təkrar istehsalı üçün lazım olan iş vaxtı ilə müəyyən edilir. İş qüvvəsi dəyər olduğuna görə, onun özündə də ancaq müəyyən miqdar maddiləşmiş ictimai orta əmək təmsil olunur. İş qüvvəsi ancaq canlı fərdin qabiliyyəti kimi mövcuddur. Deməli, iş qüvvəsinin istehsalı canlı fərdin mövcud olmasını tələb edir. Bir halda ki, fərd mövcuddur, onda iş qüvvəsinin istehsalı fərdin özünün təkrar istehsal edilməsindən, onun yaşamasını davam etdirməkdən ibarətdir. Canlı fərdin öz yaşayışını davam etdirməsi üçün müəyyən miqdar yaşayış vasitələrinə ehtiyacı vardır. Beləliklə, iş qüvvəsinin istehsalı üçün lazım olan iş vaxtı həmin yaşayış vasitələrinin istehsalı üçün lazım olan iş vaxtından ibarətdir, yaxud iş qüvvəsinin dəyəri onun sahibinin yaşayışını davam etdirmək üçün lazım olan yaşayış vasitələrinin dəyəridir. Lakin iş qüvvəsi ancaq öz xarici təzahürü yolu ilə həyata keçir, o ancaq əməkdə həyata keçir. İş qüvvəsinin həyata keçməsi prosesində, əməkdə müəyyən miqdar insan əzələsi, əsəbi, beyni və i. a. sərf olunur, bunun da yeri yenidən doldurulmalıdır. Bunun güclü sərf olunması bunun yerinin də güclü doldurulmasını tələb edir124. Bu gün zəhmət çəkmiş iş qüvvəsi mülkiyyətçisi sabah da əvvəlki güc və sağlamlıqla eyni prosesi təkrar edə bilməlidir. Deməli, yaşayış vasitələrinin məcmusu zəhmət çəkən fərdi normal həyat fəaliyyəti halında saxlamaq üçün kifayət etməlidir. Təbii tələbatın özü, məsələn: yemək, paltar, yanacaq, mənzil və i. a. bu və ya başqa ölkənin iqlim xüsusiyyətlərindən və başqa təbii xüsusiyyətlərindən asılı olaraq müxtəlifdir. Digər tərəfdən, zəruri tələbat deyilən tələbatın həcmi, habelə onun ödənilməsi üsulları özü də tarixin məhsuludur və ölkənin mədəni səviyyəsindən çox dərəcədə asılıdır, o cümlədən azad fəhlələr sinfinin nə şəraitdə və, deməli, nə kimi adət və yaşayış tələbləri ilə formalaşmasından da xeyli dərəcədə asılıdır. Beləliklə, başqa əmtəələrin əksinə olaraq, iş qüvvəsinin dəyəri tərifinə tarixi və mənəvi ünsür daxildir. Lakin müəyyən bir ölkədə və müəyyən bir dövrdə fəhləyə lazım olan yaşayış vasitələrinin həcmi və tərkibi orta hesabla məlum kəmiyyətdir.

İş qüvvəsi mülkiyyətçisi axırı öləcəkdir. Deməli, pulun arası kəsilmədən kapitala çevrilməsinin tələb etdiyi kimi, iş qüvvəsi mülkiyyətçisinin arası kəsilmədən bazarda olması üçün iş qüvvəsi satıcısı «hər bir fərdin özünü əbədiləşdirdiyi kimi, yəni törəmə yolu ilə» özünü əbədiləşdirməlidir. Üzülüb sıradan çıxmaq və ölüm nəticəsində bazardan yox olan iş qüvvəsinin yerini ən azı eyni miqdar yeni iş qüvvəsi tutmalıdır. Buna görə də iş qüvvəsinin istehsalı üçün lazım olan yaşayış vasitələrinin məcmusuna belə əvəzləyicilərin, yəni fəhlə balalarının yaşayış vasitələri də daxildir, beləliklə də əmtəə bazarında bu spesifik əmtəə sahibləri irqi əbədiləşmiş olur125.

Ümumbəşər təbiətinin dəyişdirilməsi, onun müəyyən əmək sahəsində hazırlıq və vərdişlər əldə etməsi üçün, inkişaf etmiş və spesifik bir iş qüvvəsi olması üçün müəyyən təhsil və ya tərbiyə lazımdır ki, bu da çox və ya az miqdar əmtəə ekvivalentləri bahasına başa gəlir. Bu təhsil xərci iş qüvvəsinin ixtisasından asılı olaraq müxtəlifdir. Deməli, bu təhsil xərci, – adi iş qüvvəsi üçün tamamilə cüzi olan bu xərc, – iş qüvvəsinin istehsalına sərf edilən dəyərlər sırasına daxildir.

Beləliklə, iş qüvvəsinin dəyəri müəyyən miqdar yaşayış vasitələrinin dəyərindən ibarət olur. Buna görə həmin yaşayış vasitələrinin dəyəri dəyişildikdə, yəni bunların istehsalı üçün lazım olan iş vaxtının kəmiyyəti dəyişildikdə, iş qüvvəsinin dəyəri də dəyişilir.

Yaşayış vasitələrinin bir qismi, məsələn, yeyinti şeyləri, yanacaq və i. a. Hər gün istehlak edilir və buna görə onların yeri də hər gün doldurulmalıdır. Paltar, mebel və i. a. bu kimi başqa yaşayış vasitələri az-çox uzun müddət ərzində istehlak edilir, buna görə onların yeri də ancaq uzun bir müddət keçdikdən sonra doldurulmalıdır. Bəzi əmtəələr hər gün, bəziləri həftədə bir, üç ayda bir və i. a. satın alınır və ya qiyməti ödənilir. Lakin bu xərclərin məcmusu, məsələn, bir il ərzində hər neçə təqsim edilsə də, hər gün əldə edilən orta varidatla ödənilməlidir. İş qüvvəsinin istehsalı üçün hər gün lazım olan əmtəə kütləsi = A, həftədə bir tələb olunan əmtəə kütləsi = B, hər üç ayda bir tələb olunan əmtəə kütləsi = C və i. a. olsaydı bu əmtəələrin gündəlik orta miqdarı

= 365 A+52B+4C+və i. a./ 365.

Fərz edək ki, orta hesabla götürülmüş bir gün üçün lazım olan bu əmtəə kütləsində 6 saatlıq ictimai əmək vardır; onda hər gün iş qüvvəsində ictimai orta əmək gününün yarısı maddiləşir, yəni iş qüvvəsini hər gün istehsal etmək üçün yarım iş günü lazım gəlir. İş qüvvəsini hər gün istehsal etmək üçün lazım olan bu miqdar əmək iş qüvvəsinin gündəlik dəyərini, yaxud hər gün təkrar istehsal edilən iş qüvvəsinin dəyərini təşkil edir. Yarım günlük orta ictimai əmək 3 şillinq, yaxud bir taler qızıl kütləsində ifadə olunursa, onda bir taler iş qüvvəsinin bir günlük dəyərinə uyğun qiymətdir. İş qüvvəsi sahibi hər gün öz iş qüvvəsini bir talerə satırsa, iş qüvvəsinin satış qiyməti onun dəyərinə bərabərdir və ehtimalımıza görə, öz talerini kapitala çevirmək təşnəsi olan pul sahibi doğrudan da bu dəyəri ödəyir.

İş qüvvəsi dəyərinin ən aşağı və ya minimum həddi elə bir əmtəə kütləsinin dəyərindən ibarətdir ki, bu əmtəə kütləsi hər gün axıb gəlməsə, iş qüvvəsinin daşıyıcısı olan insan öz həyat prosesini davam etdirə bilməz, yəni fiziki cəhətdən zəruri yaşayış vasitələrinin dəyərindən ibarətdir. İş qüvvəsinin qiyməti bu minimuma enirsə, onda iş qüvvəsinin qiyməti dəyərindən aşağı düşmüş olur, çünki bu şəraitdə iş qüvvəsi ancaq solğunlaşan bir şəkildə davam və təzahür edə bilər. Halbuki hər bir əmtəənin dəyəri normal keyfiyyətli əmtəənin istehsalı üçün lazım olan iş vaxtı ilə müəyyən olunur.

Məsələnin lap mahiyyətinə əsasən iş qüvvəsinin dəyərinə verilən bu tərifi çox kobud hesab edib Rossi kimi narazılıq etmək son dərəcə ucuz bir sentimentallıq olardı; Rossi isə şikayətlənib deyir:

«Əmək qabiliyyətini (puissance de travil) nəzərdən keçirərkən istehsal prosesi zamanı əməyi davam etdirən yaşayış vasitələrini nəzərə almamaq öz uydurduğunu (etre de raison) nəzərdən keçirmək deməkdir. Əməkdən bəhs etmək, əmək qabiliyyətindən bəhs etmək eyni zamanda fəhlədən və onun yaşayış vasitələrindən, fəhlədən və əmək haqqından bəhs etmək deməkdir».126

Yeməyi həzmə vermək qabiliyyəti hələ heç də yeməyi felən həzm etməkdən ibarət olmadığı kimi, əmək qabiliyyəti də hələ əmək demək deyildir. Məlum olduğu kimi, yeməyi həzm etmək üçün insanın yaxşı mədəsi olması kifayət deyildir. Kim əmək qabiliyyətindən bəhs edirsə, o, əmək qabiliyyətini davam etdirmək üçün lazım olan yaşayış vasitələrindən sərf-nəzər etmir. Məhz əmək qabiliyyətinin dəyəri bu yaşayış vasitələrinin dəyərini ifadə edir. Əmək qabiliyyətini satmaq mümkün olmursa, onun fəhləyə heç bir faydası olmur. Bundan əlavə, bu halda fəhlə aşağıdakı faktı amansız bir təbii zərurət kimi qavrayır ki, onun əmək qabiliyyəti öz istehsalı üçün müəyyən miqdar yaşayış vasitələri tələb etmişdir və özünün təkrar istehsalı üçün daim yenidən yaşayış vasitələri tələb edir. Bu halda o, Sismondi ilə birlikdə belə bir kəşf edir: «Əmək qabiliyyəti… satıla bilmirsə, bir heçdir».

Bu spesifik əmtəənin, iş qüvvəsinin özünə məxsus təbiəti, o cümlədən, bir də onda ifadə olunur ki, alıcı ilə satıcı arasında kontrakt bağlandıqdan sonra həmin əmtəənin istehlak dəyəri hələ felən alıcının əlinə keçmir. Hər bir başqa əmtəənin dəyəri kimi, bu əmtəənin də dəyəri onun tədavülə daxil olmasından əvvəl müəyyən edilmişdir, çünki iş qüvvəsinin istehsalına hələ əvvəl müəyyən miqdar ictimai əmək sərf edilmişdir, lakin iş qüvvəsinin istehlak dəyəri onun ancaq sonrakı fəal təzahürlərindən ibarətdir. Beləliklə, qüvvənin özgəninkiləşdirilməsi ilə onun gerçək təzahürü, yəni istehlak dəyəri şəklində gerçək varlığı zaman etibarı ilə bir-birindən ayrılır. Lakin o əmtəələr ki, onların istehlak dəyərinin formal surətdə özgəninkiləşdirilməsi ilə felən alıcının əlinə keçməsi zaman etibarı ilə bir-birindən ayrılır, bu cür əmtəələrin satışında alıcının pulu adətən tədiyyə vasitəsi vəzifəsi daşıyır.127 Kapitalist istehsal üsulunun mövcud olduğu bütün ölkələrdə iş qüvvəsinin haqqı ancaq o vaxt ödənilir ki, iş qüvvəsi onun alındığı zaman müqavilədə göstərilən müddət ərzində fəaliyyət göstərmiş olsun, yəni, misal üçün, hər həftənin axırında ödənilir. Beləliklə, hər yerdə fəhlə öz iş qüvvəsinin istehlak dəyərini kapitalistə avans verir; fəhlənin iş qüvvəsinin qiymətini alıcı hələ ödəməmişdən, fəhlə öz iş qüvvəsini onun istehlakına verir, bir sözlə – fəhlə hər yerdə kapitalistə kredit verir. Bu kreditin boş bir uydurma olmadığını nəinki kapitalist iflas etdikdə kredit verənin öz əməkhaqqını itirməsi128, habelə daha uzun müddət təsir edən tam bir sıra faktlar da göstərir129. Lakin pulun alqı vasitəsi və ya tədiyyə vasitəsi vəzifəsi daşıması heç də əmtəə mübadiləsinin xarakterini dəyişdirmir. İş qüvvəsinin qiyməti kontrakt bağlanarkən müəyyən edilmiş olur, hərçənd ev kirəsi kimi, o da ancaq sonralar reallaşır. İş qüvvəsi satılmış olur, hərçənd haqqı ancaq sonralar alınacaqdır. Lakin bu münasibəti saf şəklində tədqiq etmək üçün müvəqqəti olaraq belə fərz etmək faydalı olar ki, iş qüvvəsinin sahibi öz iş qüvvəsini satarkən eyni zamanda həmişə bunun kontraktda göstərilən qiymətini də alır.

 

İndi biz tanış olduq ki, pul sahibi tərəfindən bu xüsusi əmtəənin, iş qüvvəsinin sahibinə verilən dəyər necə müəyyən edilir. İş qüvvəsinin istehlak dəyəri pul sahibinin əlinə mübadilə zamanı keçsə də, bu istehlak dəyəri ancaq həqiqətən istifadə edilmək prosesində, iş qüvvəsinin istehlakı prosesində meydana çıxacaqdır. Bu proses üçün lazım olan xammal və s. kimi şeylərin hamısını pul sahibi əmtəə bazarında alır və bunların tam qiymətini ödəyir. İş qüvvəsinin istehlakı prosesi eyni zamanda əmtəənin və izafi dəyərin istehsalı prosesidir. Hər bir başqa əmtəə kimi iş qüvvəsi də bazardan, yaxud tədavül dairəsindən kənarda istehlak edilir. Buna görə də hər şeyin səthdə və hamının gözü qarşısında baş verdiyi bu səs-küylü mühiti tərk edək, pul sahibi və iş qüvvəsi sahibi ilə birlikdə istehsalın gizli dərinliklərinə enək, bu dərinliklərin qapısında isə bu sözlər yazılmışdır: No admittance except on business [Kənar şəxslərin içəri girməsi qadağandır]. Burada biz nəinki kapitalın necə istehsal etməsi ilə, həmçinin onun özünün necə istehsal edilməsi ilə də tanış olarıq. Mənfəət əldə edilməsi sirri, nəhayət, bizə aydınlaşmalıdır.

İş qüvvəsinin alınıb-satıldığı tədavül dairəsi, yaxud əmtəə mübadiləsi dairəsi insanın fitri hüquqlarının mövcud olduğu həqiqi bir cənnətdir. Burada ancaq azadlıq, bərabərlik, mülkiyyət və Bentam hökm sürür. Azadlıq! Zira bir əmtəə, məsələn, iş qüvvəsi alıcısı və satıcısı ancaq öz azad iradəsinin buyruğuna tabedir. Onlar azad, hüquqi cəhətdən bərabər hüquqlu şəxslər kimi müqavilə bağlayırlar. Müqavilə onların iradəsinin öz ümumi yuridik ifadəsini tapdığı son nəticədir. Bərabərlik! Zira onların bir-birinə münasibəti ancaq əmtəə sahiblərinin münasibətidir və onlar ekvivalenti ekvivalentə mübadilə edirlər. Mülkiyyət! Zira bunlardan hər biri yalnız öz ixtiyarında olan şeyə malikdir. Bentam! Zira hər kəs ancaq özünü düşünür. Onları bir-birinə bağlayan yeganə qüvvə hər birinin öz xeyrini güdməsidir, öz faydasını düşünməsidir, şəxsi mənafeyidir. Lakin məhz hər kəs ancaq özünü düşündüyü və heç kəs başqasını düşünmədiyi üçün onların hamısı əvvəldən qərarlaşmış bir ahəngdarlıq üzündən və ya ecazkar bir hikmət sayəsində ancaq özlərinin qarşılıqlı xeyri, ümumi faydası, ümumi mənafeyi üçün çalışırlar.

Kapital və muzdlu əmək cəmiyyəti haqqında vulgaris fritrederin bütün öz baxışlarını, anlayışlarını, bütün öz mülahizələri miqyasını əxz etdiyi bu sadə tədavül dairəsi ilə, yaxud əmtəə mübadiləsi dairəsi ilə vidalaşıb oradan ayrıldıqda görürük ki, bizim dramatis personae [iştirak edən şəxslərin] simaları bir qədər dəyişilməyə başlayır. Keçmiş pul sahibi bir kapitalist kimi qabaqda irəliləyir, iş qüvvəsi sahibi isə onun fəhləsi kimi onun dalınca gedir; biri mənalı-mənalı gülümsəyir və dərhal işə girişmək həvəsindədir; digəri isə məyus-məyus başını aşağı sallayıb sürüklənir, onun ayaqları getmir, çünki bazarda öz dərisini satmış və buna görə də gələcəkdə bir perspektivdən başqa heç bir perspektiv görmür: onun dərisini aşa qoyacaqlar.

119"Pul formasında… kapital heç bir mənfəət hasil etmir". (Ricardo. “Prinsiples of Political Economy”. 3 ed. London, 1821, p. 267).
120Klassik qədim dövrün real ensiklopediyalarında belə mənasız bir iddiaya rast gəlmək olar ki, antik dünyada kapital tamamilə inkişaf etmişdi və "ancaq azad fəhlə və kredit idarələri çatışmırdı". C-b Mommzen də öz “Romische Geschichte“ əsərində bir-birinin ardınca quid pro quo [mənasızlıq] edir.
121Buna görə də müxtəlif qanunlar iş müqaviləsinin maksimum müddətini müəyyən edir. Əməyin azad olduğu xalqlarda qanun muzdlu iş haqqındakı muqavilənin ləğv edilməsi şərtlərini həmişə müəyyən edir. Bəzi ölkələrdə, xüsusilə Meksikada (Amerikadakı Vətəndaş müharibəsindən əvvəl habelə Meksikadan alınmış torpaqlarda da, Kuza çevrilişindən əvvəl isə əslində Dunay əyalətlərində də) köləlik gizli formada „peonaj" deyilən şəkildə mövcuddur. İşləyib ödəmək yolu ilə qaytarılan və təəhhüdləri nəsildən nəslə keçən borc vasitəsi ilə nəinki ayrıca bir fəhlə, hətta onun bütün ailəsi də felən başqa bir şəxsin və onun ailəsinin mülkiyyəti olur. Xuares "peonajı" ləğv etmişdi. Lakin imperator deyilən Maksimilian onu dekretlə yenidən tətbiq etdi; Vaşinqtonda nümayəndələr palatası bu dekreti Meksikada köləliyi bərpa edən bir dekret kimi tamamilə haqlı olaraq pislədi. „Mən öz əlahiddə, cismani və ruhi bacarıqlarımı, öz fəaliyyət imkanlarımı və bunlardan zamanca məhdud istifadəni özgəninkiləşdirib başqasına verə bilərəm, çünki bunlar həmin məhdudluq nəticəsində bütövlüyümə və ümumiliyimə zahiri bir münasibət kəsb edir. Lakin mən əmək prosesində konkretləşən bütün vaxtımı özgəninkiləşdirsəm, məhsuldar fəaliyyətimi bir tam olaraq özgəninkiləşdirsəm, bu fəaliyyətin lap mahiyyətini, özümün ümumi fəaliyyətimi və gerçəkliyimi, öz şəxsiyyətimi başqasının mülkiyyəti etmiş olaram”. "Philosophie des Rechts". Berlin, 1840, S. 104, § 67).
122Kapitalizm dövrünün xarakterik xüsusiyyəti belə bir faktdan ibarətdir ki, iş qüvvəsi fəhlənin özü üçün ona məxsus olan bir əmtəə forması alır, buna görə də onun əməyi muzdlu əmək forması alır. Digər tərəfdən, ancaq bu zamandan etibarən əmək məhsullarının əmtəə forması ən ümumi xarakter alır.
123"Bütün başqa şeylər kimi, insanın da dəyəri, yəni gərəkliyi onun qiymətidir, yəni onun qüvvəsindən istifadə etmək müqabilində nə qədər əldə edilə bilərsə, o qədərdir”.
124Qədim Romada villicus, kənd təsərrüfat qullarına başçılıq edən təsərrüfat rəisi "qara fəhlələrdən az ağır əməklə məşğul olduğuna görə, az da alırdı”.(Th. Mommsen. "Romische Geschichte". 1856, S . 810).
125Əməyin təbii qiyməti… müəyyən ölkənin iqlim şəraitinə və yaşayış vərdişlərinə görə, fəhlənin özünü yaşatmaq üçün və ona bazarda zəifləməyən əmək təklifini təmin edə biləcək bir ailə saxlamağa imkan vermək üçün lazım gəldiyi miqdarda zəruri şeylərə və yaşayışda rahatlıq vasitələrinə uyğundur". (R. Torrens. "An Essay on the external Corn Trade". London, 1815, p. 62), Burada "iş qüvvəsi" əvəzində yanlış olaraq "əmək" sözü işlədilmişdir.
126Rossi, “Cours d’ Economie Politicque”
127"Hər bir əməyin haqqı ancaq onun başa çatmasından sonra ödənilir. Ticarət kreditinin başlanması o zamandan hesab edilməlidir ki, hər bir istehsalın ilk mənbəyi olan fəhlə qənaət edib yığdığı vəsait sayəsində həftəlik, iki həftəlik, aylıq, üç aylıq və i. a. müddətin axırına qədər öz əməyinin haqqı verilməsini gözləmək imkanı almış olsun“.
128Ştorx deyir ki, "fəhlə… öz məhsuldar qüvvəsini borc verir", lakin sonra bic-bic əlavə edir ki, "o öz əməkhaqqından…” başqa "heç bir şey itirməz… çünki fəhlə istehsala heç bir maddi şey qoymur".
129Bir misal. Londonda iki cür çörəkçi vardır: çörəyi tam dəyərinə satan "full priced" və dəyərindən aşağı satan "undersellers". Çörəkçilərin bu axırıncı kateqoriyası bütün çörəkçilərin 3/4-ə qədərini təşkil edir (hökumət komissarı h. S. Trimenhirin "Grievances complained of by the journeymen bakers etc”. haqqında yazdığı „Report“da, səh. XXXII. London, 1862). Bu undersellers-lər demək olar ancaq elə çörək satırlar ki, buna zəy, sabun, potaş, kirəc, Derbişir daş tozu və bu kimi başqa ləzzətli qidalı və xeyirli maddələr qatırlar. (Bax: yuxarıda sitat gətirilən Göy kitab, habelə «Committhee of 1855 on the Adulteration of Bread", hesabatı və Doktor Hasselin "Adulterations Detected". 2 nd edit. London, 1861.) Ser Con Qordon 1855-ci il komitəsi qarşısındakı ifadəsində demişdi: »gündəlik yeməyi iki funt çörəkdən ibarət olan yoxsul, çörəyin bu cür saxtalaşdırılması nəticəsində indi eyni miqdar çörəkdəki qidalı maddələrin həqiqətdə dörddə bir hissəsini də almır, biz hələ onun səhhətinə bu qatqıların zərərindən danışmırıq“. „Fəhlə sinfinin xeyli hissəsi“ bu saxtakarlığı çox yaxşı bildiyi halda, nəyə görə yenə də zəy, daş tozu və sairə alır–sualına Trimenhir (yuxarıda göstərilən „Report“, səh. XLVIII) cavab verir ki, fəhlələr "öz çörəkçisindən və ya öz „chandler's shop“undan [,,dükanından“] ona kefləri istəyib təklif etdikləri çörəyi almağa məcburdurlar“. Onların əməyinin haqqı ancaq iş həftəsinin axırında verildiyinə görə, onlar „həftə ərzində ailələrinin istehlak etdiyi çörəyin pulunu ancaq həftənin axırında verə bilirlər“; sonra Trimenhir sözünü şahid ifadələri ilə təsdiq edərək əlavə edir: „şübhəsiz müəyyən edilmişdir ki, belə qatqıları olan çörək xüsusi olaraq bu qəbil alıcılar üçün hazırlanır. "İngiltərənin" və xüsusən Şotlandiyanın) „bir çox kənd təsərrüfat mahallarında əməkhaqqı iki həftədə bir dəfə və hətta ayda bir dəfə verilir. əməkhaqqının bu qədər gec-gec verildiyi şəraitdə kənd təsərrüfat fəhləsi özünə lazım olan əmtəələri nisyə almağa məcbur olur… O baha qiymətə almalı olur, həm də əslində ona borc verən dükançıya bağlanıb qalır. Məsələn, Uiltsdə əməkhaqqının ayda bir dəfə verildiyi Horninqsemdə fəhlənin başqa yerdə stonu 1 şillinq 10 pensə ala bildiyi un ona 2 şillinq 4 pensə tamam olur". „Peysli və Kilmarnokda" (Qərbi Şotlandiya) əllə işləyən çit basmaçıları 1853-cü ildə tətil edib əməkhaqqı verilməsi müddətinin ayda bir dəfədən 14 gündə bir dəfəyə endirilməsinə nail olmuşdular. Bir çox ingilis kömür sənayeçilərinin işlətdiyi metodu fəhlənin kapitalistə verdiyi kreditin inkişafında yeni bir hiyləgər addım hesab etmək olar, axı onlar fəhlənin haqqını ayın başında verir, maaşa qədər isə ona borc verir, həm də bunu çox vaxt əmtəə ilə verirlər, fəhlə də bu əmtəəni bazar qiymətindən baha almağa məcburdur (Trucksystem). „Əməkhaqqını ayda bir dəfə vermək və hər həftənin axırında fəhləyə borc vermək kömür sənayeçiləri arasında adət olmuşdur. Borc dükanda (məhz tommy-shop-da, yəni müəssisə sahibinin öz dükanında) verilir; fəhlələr dükanın bir küncündə pul alır və dərhal dükanın o biri küncündə qaytarırlar”.