Ömər Xəyyam. GAH

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Bir dəfə Ömərin səkkiz-doqquz yaşı olduğu vaxt, o atası ilə birlikdə yaxınlıqdakı təpəyə getmişdi. İbrahim rənglərin hazırlanmasında istifadə etdiyi bəzi otları yığmalı idi. İsti keçən yaz öz yerini tezliklə qızmar yaya vermişdi. Atası üç saat ərzində öz torbasını doldurdu. Onlar soyuq və şəffaf suyu olan bir çayın kənarında dincəlmək üçün oturdular. İbrahim nə üçünsə qüssəliydi: o kədərin xəsiscəsinə ürəyini necə bürüdüyünü hiss edirdi. Nədənsə bədxah hisslər onun ürəyini bürümüş və keçən illərin üst-üstə topladığı qalın və sərt örtükdən keçə bilməmişdi; bəlkə məhz burada, belə bir cənnət guşəsində yaxınlaşmaqda olan qocalıq onun gözlərinə qəfildən düz baxa bilmişdi. O köks ötürdü, özü də gözləmədən danışdı:

– Oğlum, sənə bir nağıl danışmaq istəyirəm. Bu nağılı mənə sən doğulmamışdan üç il əvvəl bir dərviş danışmışdır. O isə bu nağılı oğuzlardan eşitmişdir.

Biri vardı, biri yoxdu, bir tacir vardı. O yer üzünü çox gəzmiş, böyük sərvət toplamışdı. Bir dəfə o öz karvanı ilə böyük bir ticarət şəhərinə yaxınlaşarkən, belə bir mənzərə gördü: əkinçi yer şumlayırdı, onun qoşqusuna öküz və əldən düşmüş qul qoşulmuşdu. Tacir gözəl qəlbə malik idi, onun qula yazığı gəldi. O, qulu və onun sahibini çağıraraq bildirir ki, qulu almağa və onu azadlığa buraxmağa hazırdır, Amma bu vaxt gözlənilməz bir iş oldu: qul tacirə təşəkkür edib dedi ki, onu almağın mənası yoxdur. O, tacirə, karvana sakitcə baxaraq dedi: «Ey nəcib cənab, hər şey ötüb keçir. Bu da ötüb keçəcək». Bu söz tacirə pis təsir etsə də o heç nə demədi. Karvan yoluna davam etdi.

Bir neçə il keçdi. Tacirin yolu yenidən həmin şəhərə düşdü. O, qul ilə olmuş əhvalatı artıq yadından çıxarmışdı. Tacir öz mallarını satıb qazanc götürdü, burada qoyulmuş adətə görə o başqa gəlmə tacirlərlə birlikdə padşahın sarayına dəvət olundu. Tacirlər şaha zəngin hədiyyələr verdilər, şah isə onların şərəfinə böyük bir ziyafət təşkil etdi. Tacir bol süfrə arxasında oturaraq, birdən vaxtilə azad etmək istədiyi adamı gördü. O zəngin pal-paltar geyinmiş və padşahın sağ tərəfində oturmuşdu. Tacir keçmiş qulun hökmdarın birinci vəziri olduğunu eşidəndə daha çox təəccübləndi.

Vəzir də həmçinin öz köhnə tanışını xatırladı, ziyafətdən sonra onu yanına dəvət etdi. Tacir qəşəng hədiyyələr alaraq, keçmiş qulun əhvalatını eşitdi. Vəzir ona danışdı ki, şəhər saysız-hesabsız düşmən qoşunu tərəfindən mühasirə olunmuşdu. Padşah naümid vəziyyətdə idi. «Mən təsadüfən padşahla goruşüb düşməni bir-birilə savaşdırmaq barədə ona məsləhət verdim. O, mənim dediyim kimi hərəkət etdi, biz qələbə qazandıq». Tacir vəzirin başına gələn qeyri-adi macəraları eşidib valeh oldu, nəhayət dedi, onun indiki tutduğu mövqe əvvəllər qul olduğu vaxt çəkdiyi əziyyətlərə görə taleyin ona verdiyi töhfədir. Vəzir gülümsünərək bildirdi: «Hər şey ötüb keçir, bu da ötüb keçəcək». Tacir bu fikri başa düşməyərək, onu tərk etdi.

Daha bir neçə il keçdi. Tacir yenə də öz ticarət işləri ilə əlaqədar bu şəhərə gəlib çıxdı. O, öz tanışı ilə görüşmək istərkən, ona dedilər ki, keçmiş padşahın ölümündən sonra onun tanışı şəhərin hökmdarı olmuşdur. Tacir axşam onun qəbuluna gəldi. Yeni hökmdar onu yaxşı qarşıladı, onun başına qiymətli daş-qaş və qızıl pul tökdürdü. Onlar bütün gecəni insanların həyatında baş verən qəribə hadisələr barədə söhbət elədilər. Tacir səhərə yaxın padşaha dedi ki, allah-taala hər şeydən xəbərdardır, şahın həyatı buna sübutdur. Şah heç bir söz demədi. Amma taciri yola salıb vidalaşarkən, hökmdar alçaq bir səslə həmişəki kəlamı təkrar etdi: «Hər şey ötüb keçir, bu da ötüb keçəcək».

Bir neçə ildən sonra tacirin bu şəhərə yenidən yolu düşdü. Burada o heyrətli bir xəbər eşitdi. Keçmiş padşah bu yaxınlarda vəfat etmişdi. Tacir bu xəbərdən qəlbən yanaraq, tanışının dəfn olunduğu qəbiristana getdi. Onun qəbrini taparaq belə hallarda müsəlman üçün oxunan yasin oxudu. O göz yaşlarını silərkən, iri qara daşın üstündə yazılmış tanış sözləri gördü: «Bu da ötüb keçəcək». Tacir daha hönkürtü ilə ağlayaraq, öz-özünə təkrar etməyə başladı: «Əziz dostum, sən indi səhv edirsən, təəssüf ki, bu artıq ötüb-keçmir».

Xeyli qocalmış tacir yeddi il sonra tanış olduğu şəhərə gəldi. Öz ticarət işlərini başa çatdıraraq, özünün qəribə tanışının qəbrini ziyarət etmək istədi, amma qəbiristanı nə qədər axtardısa tapa bilmədi. O, yerli sakinlərdən bu işdə ona kömək göstərməyi xahiş etdikdə, baş vermiş aşağıdakı hadisəni danışdılar. Üç il bundan əvvəl bahar xeyli tez gəlmişdi. Çay gecə vaxtı öz məcrasından çıxmışdı. Şəhər sakinləri böyük bədbəxtliklər gətirən güclü daşqına məruz qalmışdı. Amma ziyan təkcə sakinlərə dəyməmişdi. Gecə daşqının qəzəbli axını bütün qəbiristanı da yuyub aparmışdı. Qəbiristanın yerində hamar və sakit bir düzənlik yaranmışdı.

Tacir heç bir söz deməyib, elə həmin gün şəhəri tərk etdi.

İbrahim susdu. Uzaqdan iri bir cırcıramanın ahəngli səsi gəlirdi. Ata oğluna baxdı. Ömər heç nə demir və soruşmurdu: o kiçik, parlaq göy rəngli çiçəyə diqqətlə baxırdı. İbrahim birdən yüngülcə köks ötürdü: Allaha çox şükür, oğlum heç nə başa düşmədi. Bir də natəmiz dərvişin bu əhvalatını yada salmaq onun nəyinə lazım idi. Bunun nə faydası vardır? O gülümsədi: insanın yaddaşı da çox qəribədir. Amma İbrahim o vaxta qədər yaşasaydı, söylədiyi əhvalatın əks-sədasını oğlunun şeirlərində görmüş olardı:

 
Biz getsək yenə də duracaq cahan
Bizdən qalmayacaq bir iz, bir nişan
Biz yoxkən çəkmirdi o heç bir zərər,
Getsək də görünməz onda bir nöqsan.
 

Mədrəsədə elmlər necə tədris olunurdu? Keçmişdə Şərq elminin mərkəzi sayılan Nişapur bu tipli tədris müəssisələrinin vətəni idi. Ömər hələ anadan olmamışdan xeyli əvvəl imla demək tədrisdə yüksək mərhələ hesab olunurdu. Belə deyirlər ki, mötəzil əl-Cübbəi heç bir kitaba və qeyd dəftərinə baxmadan 150 min vərəq imla demişdi. Əbu Əli əl-Qali isə beş cild kitabdan ibarət imla deməyi bacarırdı.

Lakin artıq onuncu əsrdə tədrisin yeni növü yaranır. Bu tədrisin mahiyyəti ondan ibarət idi ki, dinləyicilərdən biri mətni oxuyur, müəllim isə ara-sıra onu saxlayır, mətnin çətin yerlərini izah edir, yaxud təfsir eləyirdi. Bu, mütləq elmi mübahisələrə gətirib çıxarırdı. Adətən ilahiyyat elmlərinin tədrisi məsciddə keçirilirdi. İbrahimin cavanlığında və hətta bir qədər sonra Allahın evində kişilər və yeniyetmələrin mübahisəsinə rast gəlmək mümkündüsə, sonralar belə tədris üsulu mühakimə olunurdu. Məscidlər mübahisə üçün əlverişli yer hesab olunmurdu. Tədrisə yiyələnmək sayəsində dərs demək metodlarının dəyişdirilməsi mədrəsələrin meydana gəlməsi üçün şərait yaratdı.

Artıq bir neçə ildən sonra Ömər ərəbcə tələsik oxuyur və Qurana baxmadan bir-birinin ardınca bir neçə surə təkrar edə bilirdi. Bu, öz oğlunun aydın olmayan boğaz tələffüzünə maraqla qulaq asan İbrahimi xüsusilə riqqətə gətirirdi. Amma Ömər bütün öz vaxtını təkcə müqəddəs kitaba sərf etmirdi. Elə vaxt olurdu ki, oğlunun sualları çox da savadlı olmayan, amma təcrübəli, bu dünyada xeyli yaşamış atasını çətin bir vəziyyətə salırdı.

O, istirahət dəqiqələrində oğlu haqqında düşünərkən (bir valideyn kimi deyil, ona kənardan baxan bir şəxs kimi) dəfələrlə belə bir əqidəyə gəlirdi ki, Ömər öz yaşıdlarından xeyli irəli getmişdir. Bunun yaxşı yaxud pis olmasını İbrahim bilmirdi. Ömərin dostları yox idi, onun ən yaxşı yoldaşları kitablar idi. Lakin İbrahim üçün ən qorxulu başqa şey idi: oğlu ilə onun arasındakı qarşılıqlı anlaşılmazlıq getdikcə artırdı.

Nişapurlu çadırçı oğlı Ömərin riyaziyyata, coğrafiyaya lazımı səylə can yandırmamasının səbəbini heç cür başa düşə bilmirdi. Əlbəttə astronomiyanı, həndəsəni, musiqini və fəlsəfəni öyrənmək də yaxşıdır. Amma bu elmlər daha çox adlı-sanlı adamların: vəzirlərin, qazilərin, rəislərin uşaqları üçündür. Sənətkarların və tacirlərin uşaqları isə daha çox təcrübi elmlərlə məşğul olurlar. Axı, hər dəfə hakimiyyətin dəyişməsi ilə qazı və şəhərin rəisinin də dəyişdiyi bir vaxtda necə olur-olsun, hər hansı ağır keçən illərdə belə ticarət və sənətkarlıqla məşğul olan adamı acından ölməyə qoymaz. Əlbəttə, oğulu böyük vəzifədə görmək çox yaxşıdır (İbrahim hərdən Ömər anadan olan zaman özünün saf arzularını xatırlayırdı), amma oğulu cüzi firavanlıq içində yaşayan, bütöv, sağ-salamat görmək daha yaxşıdır. Bununla belə, hər kəs bilir ki, adlı-sanlı adamların həyat yolu çox vaxt cəllad əli tərəfindən vaxtından əvvəl dayandırılır.

…Bu hadisə yayın əvvəllərində olmuşdu. Ömər mədrəsədən qayıdıb yuyunurdu, açılmış kitabla uzun müddət arxın kənarında oturaraq nə haqdasa fikirləşirdi. Son vaxtlar bu mənzərə ətrafındakılar üçün adiləşmişdi. İbrahim işlə möhkəm məşğul olduğundan, vaxtın çox keçdiyini hiss etmədi, başını qaldırarkən, Ömərin eyni vəziyyətdə oturduğunu gördü.

– Oğlum, xəstələnməmisən ki? – deyə çadırçı həyəcanla soruşdu.

– Xəstələnmişəm? – Ömər sanki dərin yuxudan ayılan adamlar kimi başını yellədi – Yox, yox. Bilirsən, bu bəlkə də sənin üçün gözlənilməz olacaq… Qorxma, ağlım özümdədir. Amma başımda qarmaqarışıq fikirlər vardır. Hamısı da dünya haqqında düşüncələrimlə bağlıdır. Aristotel təsdiq edir ki, Yer kürə şəklindədir və o Kainatın mərkəzidir. Arximed isə deyir ki, kürəvari şəklində olan Yer çox da böyük olmayan planetdir. Bu planet odlu buludun– Günəşin ətrafında fırlanır. Bir qədər də irəli baxaq. Mən Ptolomeyin mədrəsədə öyrəndiyimiz «Almagest» əsərini əlimdə tutmuşam. Bu müdrik insan nəyi təsdiq etmək istəyir. Ptolomey də Yeri kürə şəklində, amma hərəkətsiz vəziyyətdə görür. Şəffaf buludla müxtəlif ulduzların birləşdiyi kürələr Yer ətrafında fırlanırlar. Yerə ən yaxın olanı Ay kürəsidir. Sonra Merkuri, Venera, Günəş, Mars, Yupiter, yeddinci isə Saturn kürələri yaxın hesab olunur. Bütün hərəkətsiz ulduzlar səkkizinci kürəyə birləşmişdir. Doqquzuncu kürədə isə planetləri və bütün ətraf aləmi hərəkətə gətirən ilkin hərəkətveriçi kürə yerləşir. Lakin bu hələ heç də hamısı deyildir. Bax, bu kitab bağlamasında böyük Biruninin iki əsəri vardır. Bu qalın kitabda mən maraqlı fikrə rast gəlmişəm. Kitabın adı belədir: «Ağlın hindlilərə məxsus qəbul etdiyi yaxud qəbul etmədiyi təlimlərinin izahı». Hə, belə. «Ariabhatın tərəfdarları belə hesab edirlər ki, Yer kürəsi hərəkətdə, göy isə hərəkətsiz vəziyyətdədir. İnsanlar bu fikri təkzib etməyə çalışaraq deyirdilər ki, əgər bu belə olsaydı, onda daşlar və ağaclar Yerdən çıxıb aşa bilərdilər… Yer kürəsinin hərəkətsiz vəziyyətdə olduğunu irəli sürən alimlərə görə hindu astronomlarının ehkamında başlıca bir əsas vardır, amma bu əsas bir çox və böyük çətinliklərə malikdir». İndi isə mən əlimə bu əsəri götürüm. Biruni onu «Astrolyabiyanın10 hər cür növlərinin hazırlanmasının müxtəlif üsulları haqqında» adlandırmışdır. Həmin kitabda oxuyuruq: «Mən Əbusəiddə başqa növlərdən fərqlənən astrolyabiya görmüşəm… Mən belə hesab etdim ki, bu astrolyabiya gözəl ixtira olunmuşdur, onun işləmə prinsipi Yer kürəsinin hərəkət etməsinə, göy qübbəsinin gözəgörünməyən hərəkətinə aid möhkəm inama əsaslanmışdır». Mən bunlar barədə xeyli fikirləşmişəm. Göyə baxmışam. Düşünmüşəm. Amma, bəlkə də biz heç vaxt dünyanın sirlərini öyrənə bilməyəcəyik (sonralar şair Xəyyam bu şübhələrini özünün dörd misralıq rübaisində ifadə edəcəkdi).

 

İbrahim Ömərə diqqətlə qulaq asırdı.

– Mən Ptolomeyi oxumağı çox sevirəm,– deyə gənc sözünə davam etdi. – Mənə elə gəlir ki, onun təlimi daha çox dərk ediləndir. Şübhələr içində nə üçün əbəs yerə gəzək? Onun sis- temindən bitkin hansı sistem ola bilər!

Lakin tezliklə məmnunluq yenidən məni tərk etdi. Doğrudanmı biz və bizim Yer kürəsi dünyanın mərkəzi hesab olunur? Aydın gecələrdə ulduzlara bir bax. Orada minlərlə ulduz var. Ən yüksək minarəyə, dağ zirvəsinə qalx. Bu ulduzlar nə yaxınlaşdı, nə də uzaqlaşdı. Amma mənə elə gəlir ki, onlar o qədər uzaqdadır ki, bizim məhdud idrakımız həmin məsafəni təsəvvürünə belə gətirə bilməz. Lakin bu mahiyyətcə o qədər də vacib deyildir. Vacib olan başqa şeydir. Sənə elə gəlmirmi ki, Yer kürəmiz bu ulduzlar üçün sonsuz göy okeanında cüzi zərrəcikdir? Əgər bu dünyabaxışını qəbul etsək, onda belə çıxır ki, ulduzlarda da bizdə olduğu kimi varlıq vardır. Ata, fikirləş: nə üçün Venera, Merkuri, Saturn yaxud digər planetlər deyil, məhz Yer kürəsi çərxi-fələyin məhvəri hesab olunur. Fikrimcə, Arximed və Biruni Ptolomeyə nisbətən həqiqətə daha yaxındırlar. Bununla da mən özümün şəxsi kəşfimə lap yaxınlaşmışam. Bir dəfə mən öz əlimə diqqət yetirib orada çoxlu qəhvəyi ləkələr gördüm. Bu ləkələrin sayı ondan, bəlkə də iyirmidən çox idi.

Anam deyir ki, bu ləkələrə xal deyilir. Axı çox adamın xalı vardır. Əvvəlcə mən möhkəm inanırdım ki, hər bir xal bir ulduz deməkdir (Bədəndəki xallar göyə gümüşü rəngdə səpilmiş xırda və böyük ulduzlara çox bənzəyir). İnsanın bədənində olan xallar onun özünün doğulduğu gündə göy cisimlərinin vəziyyətini göstərir. İndi mən buna bir qədər başqa cür baxıram. Amma əvvəlcə səndən soruşuram: insanın bədənindəki xallar əgər heç bir şeyə lazım deyilsə, nə üçün yaradılmışdır? Sən bu haqda fikirləşmisənmi? Biz burunla nəfəs alırıq, dillə danışırıq, dişlə yemək çeynəyirik, dəri daxili orqanlarımızı qoruyur, bəs xal nə üçündür?

– Bilmirəm. «Bütün bunlar allahın əlindədir, ondan asılıdır… Bəli, hə, sən bunu çox yaxşı dedin. Allahın o qədər müdrik və onun dindarları barədə qayğısı o qədər hüdudsuzdur ki, o bizim bədənimizdə ulduzların yerləşməsi sistemini yaratmışdır. Biz öz yaxın qonşularımızı, idrakı eyni, hətta qanı eyni olan qardaşlarımızı belə buna görə tapa bilərik. Bütün başqaları kimi biz də köy qübbəsində ulduzuq.

– Bu ola bilməz!– deyə çadırçı biixtiyar çığırdı.

Azsavadlı çadırçı Ömərin sözlərində qiyamçılıq əhvali-ruhiyyəsi hiss etdi. Belə çıxır ki, bizim dünyamıza bənzər dünya nə qədər istəsən ola bilər? Axı Quranda yazılıb ki, yalnız iki dünya: fani dünya və axirət dünyası, əbədi dünya vardır. Dünən imam özünün cümə namazında məhz bu barədə danışmışdır. Ömərin fikrindən isə belə çıxır ki, saysız-hesabsız miqdarda dünya mövcuddur. Hər şeyi bilmək istəyən Ömər Xəyyam şeylərin mahiyyətini öyrənməyə səy göstərirdi, məntiqi, təbiət elmlərini eyni cəhdlə öyrənirdi, astronomiya, həndəsə və cəbr, habelə ilahiyyat elmləri ilə maraqlanırdı («Əgər öz qəlbinin xilası barədə narahat olan bu qədər adam dərk etmək vasitəsilə allaha doğru yol axtarırsa, deməli, həqiqət-kitablar kitabında, ilahi vəhydədir»). Dərsləri öyrənməyə xüsusi cəhd göstərdiyinə görə müəllim onu özünün köməkçisi (müstəmli) təyin etmişdi. Ömərin vəzifəsi ondan ibarət idi ki, o hündür bir kürsüdə oturaraq auditoriyada sakitliyi izləməli və muəllimin sözlərini uzaqda əyləşmiş şagirdlərə çatdırmalı idi.

Müəllim Quranı və müxtəlif mətnləri oxumaqla dərsə başlayır, sonra peyğəmbərin hədislərinə keçir və yalnız bundan sonra, «Təmizlik qardaşları» ensiklopediyasının bilavasitə hazırda öyrənilən hissəsi üzərində dururdu. Əgər tədris vaxtı çətinliklərlə, az işlənən ifadələrlə qarşılaşırlarsa, müəllim onları izah edir, şərh eləyir və öz dinləyicilərindən onların əhəmiyyəti barədə soruşurdu. Şagirdlərin dərs vaxtı ayağa qalxmağa və suallar verməyə ixtiyarı var idi. Dərs yenə də «kumu» – «ayağa qalxın» sözü ilə yerinə yetirilən namazla başa çatırdı.

Ömər müstəmli rolunda çox qalmadı. Adam bezikir, özünü təhqir olunmuş hesab edir. Hər gün heç kimə lazım olmayan salamlama qaydalarını təkrar eləməkdən adam özünün bir qədər kiçildiyini hiss edir. Həm də belə bir rolu öz yaşına görə məğrur və şöhrətpərəst olan Ömər deyil, başqa xarakterli adam aparmalı idi.

Xəyyam, əsası 1027-ci ildə əl-İsfaraini tərəfindən qoyulmuş mədrəsədə təhsil alaraq onun yaradıcısına qarşı edilən hörməti görməyə bilməzdi. Görkəmli alimin mənsub olduğu əşarilərin Toğrulbəyin hakimiyyəti dövründə qəddarcasına təqib olunmasına baxmayaraq, İsfarainin adı geniş yayılmışdı. O, Nişapurun alimləri arasında birinci olaraq «rükn əd-din» – «dinin sütunu» titulunu almışdı. O dövrdə adət üzrə elm və ilahiyyat nümayəndələrinə getdikcə daha təmtəraqlı yeni titullar fikirləşib tapılırdı. Əvvəlcə fəxri ad kimi, sonra isə şeyx əl-islam çox vacib titula çevrildi. Bu adı qabaqcıl ruhanilərə verirdilər. Şübhəsiz ki, gənc Xəyyam da Quranı oxumağa çox vaxt sərf edirdi. Gənclik məğrurluq deməkdir, kim bilir, bəlkə də fikrində o, «Allah sözü»nün bilicilərinə verilən fəxri adları özü üçün ölçüb-biçirdi. Bundan başqa, aldığı tərbiyə, ətraf mühit və tarixi şərait, gənc nişapurlunun şəxsi keyfiyyətləri: ağlı, gözəl yaddaşı (artıq yeniyetmə yaşlarında Xəyyam Quranın istənilən yerindən əzbər deyir, mətn variantları gətirir, bununla da ciddi dəlillər əsasında bu variantlardan birinə üstünlük verir) ilahiyyata maraq göstərməsinə həlledici təsir edir. Sonralar onun «Qiyas əd-din» – «Dinin köməkçisi» fəxri adını alması ilahiyyat sahəsində böyük müvəffəqiyyətlər qazanmasını sübut edir.

Amma bu sonralar olacaq. İndi isə o hələ oxuyur. Müşahidə edir. Şübhələnir. Düşünür. O dövrdə elmin nüfuzunu belə bir fakt göstərir. Dilşünas əl-Cövhərinin başını yazdığı əsər gicəlləndirmişdi. O, öz lüğətini «dad» hərfinə qədər yazaraq Nişapurun köhnə məscidinə gəlib günbəzə çıxmış və çığırmışdı: «Ehey, insanlar! Mən öz həyatımda elə bir şey etmişəm ki, hələ heç kimə bu nəsib olmayıb, indisə mən axirət dünyası üçün elə bir şey etmək istəyirəm ki, hələ heç kim bunu edə bilməyib». O, qapının hər iki layını rəzəsindən çıxarıb ip ilə onları əllərinə bağladı, sonra məscidin ən yüksək zirvəsinə qalxaraq uçmağa hazırlaşdı. Aşağıya toplanmış camaat mübahisə edirdi. Bəziləri bədbəxtin yerə düşüb öləcəyini təsdiq edir, başqaları isə dindarlığa aid yazdığı kitablara görə ona ilahi bir qüdrətin verildiyindən və sanki onun quş kimi indi uçacağından danışırdılar. Əl-Cövhəri qabağa gəldi… və aşağı uçaraq yerə dəydi və öldü.

Bu hadisə 1000-ci ildə baş vermişdir. Çox çətin ki, Xəyyamın bundan xəbəri olmasın. Əlamətdar haldır ki, burada iki əsas prinsip birləşmişdir: belə bir dərin inam vardır ki, elm adamları mömin adamlardır, onlar inanırlar ki, allah ədalətlidir, qüdrətlidir və bəndələrinə xidmətlərinə görə əvəz verir.

Belə bir sual ortaya çıxa bilər: «İhvan əs-səfa» dərnəyinin gözəl əsəri qədim dövrdə böyük yunanların nəhəng fikrinə və fəlsəfəsinə əsaslanır, lakin doğrudanmı Şərqin bərəkətli torpağı ayrıca orijinal mütəfəkkirlər yaxud fəlsəfə, riyaziyyat, astronomiya, təbabət elmlərini dərindən işləyib hazırlayanlar yetişdirməmişdir? Bu suala cavab vermək üçün Əs-Sahibin dəvələrə yüklənməmiş kitab dolu taylarına baxaq. Əlbəttə, burada Aristotelin, Plotonun, Plotinin və başqa alimlərin əsərləri vardır. Tarix Ömər Xəyyamın sələfləri olmuş bir çox şərq alimlərinin əsərlərini qoruyub saxlamışdır.

Ömər böyük həmyerlilərinin bazardakı bukinistdən və ya kitabxanadan aldığı kitablarını kətan parçaya bükərək evə aparırdı. Onların arasında yəqin ki, Qərbdə Əlhazen kimi məşhur olan Əbu-Əli İbn-Haysənin də kitabı var idi. Orta əsrlərdə bütün mədəni dünya onun Optikaya aid əsərlərini öyrənirdi. O, Evklidin «Əsaslar» əsərinə yazdığı şərhlərdə paralel xətlər nəzəriyyəsini təhlil edir. Sonralar bu nəzəriyyə Xəyyamın da diqqətini cəlb etmişdir.

Razes və Abubater. Avropada «Yatrokimyanın atası»nı, yəni kimyadan hazırlanan dərmanların, təbabətə və kimyaya aid yazılmış «Böyük kitab»ın və «Mansurun kitabı» adlı əsərin müəllifi, şərq təbabətinin əsasını qoymuş Xorasanlı Əbubəkr Məhəmməd ibn Zəkəriyyə Razini (855 – 923) bu adla tanıyırdılar.

Dövrümüzə gəlib çatmış əsərlərdən aydın olur ki, Xəyyam şübhəsiz daha uzaq sələfinin – zərdüştilik kahinlərinin varisi (buna görə də onu məcusi də çağırırdılar) olan Məhəmməd ibn Musa Xarəzminin (780 – 850) əsərləri ilə də tanış idi. O, təxminən iyirmi il Bağdad xəlifəsi Möminin sarayında yaşayıb yaratmışdır. Xəlifənin himayədarlığı sayəsində o çörək pulu qazanmaq barədə düşünməmiş, bütünlüklə özünü elmə həsr etmişdir. Adından göründüyü kimi o Xarəzmdəndir (Yeri gəlmişkən, qeyd edək ki, sonralar «alqorizmus» və «alqoritmus» sözləri əl-Xarəzm sözündən yaranmışdır, bu da «alqoritm» sözünün meydana çıxmasına səbəb olmuşdur). Orta Asiyanın və onunla sıx bağlı olan hind riyaziyyatının nailiyyətləri ilə Ərəb dünyasını tanış etmək ilk dəfə ona nəsib olmuşdur. Hazırda bütün dünyada qəbul edilmiş onluq say sistemi onun «Kitab əl-cəm vəl təfrinbi hesab əl-hind» risaləsi – «hindlilərin hesab üzrə toplama və çıxma kitabı»na əsasən ərəblərin hesab olunur. Halbuki kitabın adından göründüyü kimi o hind alimlərindən götürülmüşdür. Başqa bir əsər, «Əl-kitab əl-müxtəsər fi hesab əl-cəbr vəl müqəbəla» – «əlcəbr və əlmüqəbəlanın hesablanması barədə qısa kitab» cəbrə həsr olunmuşdur. Bu əsərlər latın dilinə çevrilmiş və Qərbi Avropada cəbr və hesabın inkişafında mühüm rol oynamışdır. Xarəzmi həmçinin astronomiya və coğrafiyaya aid əsərlər də yazmışdır.

Evklidin «Əsaslar» əsərini ərəb dilinə tərcümə edən «Sabit ibn Korra Xarraninin (826–901) sayəsində Ömər Xəyyam yunan riyaziyyatçısının əsəri ilə tanış olmuşdur. Qərbdə Əl-Batekni kimi tanınan Məhəmməd Battani (850–929) astronomiyaya və triqonometriyaya aid yazdığı əsərləri ilə məşhurlaşmışdı. O, astronomiyaya aid əsərlərində Ptolomeyin əldə etdiyi nailiyyətləri dəqiqləşdirmişdi. Hindulardan götürülmüş sinus və digər triqonometriya funksiyaları ilk dəfə olaraq ərəb dilində onun əsərlərində verilmişdir.

Şərq fəlsəfəsində Aristotel məktəbinin əsasını Orta Asiyadan çıxmış türk, «İkinci müəllim» kimi fəxri ad qazanmış olan görkəmli alim Əbu Nəsr Fərabi (870 – 950) olmuşdur. O, həm də Platon təliminin şərhçisi idi. Əsərlərində sufizmə sıx meyl edən emanasiyalar barədə aristotelçiliklə neoplatonçuluq təlimini birləşdirmişdi. Fərabi sosial-etik mövzuda yazdığı risalələrində filosof tərəfindən idarə olunan, eyni zamanda imam kimi, dini icmanın başçısı kimi çıxış edən və onların həqiqət allahından aldıqlarını xalqa vermiş «Səxavətli şəhər» haqqında təlimi inkişaf etdirir. Görünür, Ömər Xəyyam Şərq musiqisi və qədim yunan musiqisi sistemi haqqında mühüm məlumatları özündə birləşdirən «Musiqi haqqında böyük risalə» əsərini oxumuşdu. Bu əsər sonralar çadırçı oğlunun bu predmet barədə şəxsi mühakimələrinin formalaşmasına kömək etmişdir.

Keçmişdə deyirdilər: «Lampanın nə günahı vardır, axı o yuxarıdan oturacağa bərkidilmişdir». Bu o demək idi ki, əgər sən alimsənsə, öz biliyini gizli saxlama, imamlara ver. Böyük alim Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni özündən sonra təqribən 150 əsər qoyub getmişdir. O, Ömər doğulduğu il vəfat etmişdir, bu özü də rəmzi məna daşıyır. Gələcəyin şair və alimi sərin arx kənarındakı kölgəlikdə oturaraq onun «Əl-əsr əl-bakiyə akkurun əl-xaliya» – «Keçmiş nəsillərdən qalmış izlər» adlı tarixi mövzuda yazdığı risaləsini xeyli müddət həzz ala-ala oxuyurdu. Bu əsərdə müxtəlif xalqların keçmişi, onların bayramı, qədim nəslin astronomiyaya aid fikirləri barədə aydın və maraqla danışılırdı. Görünür ki, Biruninin «Təhrir ma mil-hind min makala-makbula filakl au marzula» – «İdrakla qəbul edilən, yaxud idrakla təkzib olunan hindlilərə mənsub təlimlərin şərhi» və ya sadəcə olaraq «Hindistan risaləsi» gənc nişapurluda canlı maraq oyatmışdı. O həmin kitabdan oxuyurdu: «Ariabhatın tərəfdarları belə hesab edirlər ki, Yer kürəsi hərəkətdə, göy isə hərəkətsiz vəziyyətdədir. İnsanlar bu fikri təkzib etməyə çalışmışlar. Belə izah etmişlər ki, bu əgər həqiqətən belə olsaydı, daşlar və ağaclar torpaqda qalmayıb aşardılar. Ancaq Bramaqulta onlarla razılaşmayıb bildirir ki, nəzəriyyələrindən heç də bu aydın olmur. Görünür o belə hesab edirdi ki, bütün predmetlər Yer kürəsinin mərkəzinə doğru cəzb olunur…» «Ömər VII əsrdə Bramaqulta və VI əsrdə Aribata kimi hind astronomları ilə beynində hipotetikcəsinə mübahisə edir, ortaya çıxan ideyaları özündən bir qədər sonra doğulmuş bacısı ilə bölürdü.

 

Biruni ilk dəfə olaraq Yer kürəsinin qlobusunu yaratmış, üfüqi müşahidə üzrə onun həcmini müəyyən etmiş, triqonometrik cədvəllər tərtib eləmiş, mineralları onların xüsusi çəkisinə görə təyin etmək metodunu elmə gətirmişdir. Bundan əlavə, o farmalogiyaya, fizikaya, coğrafiyaya, fəlsəfəyə, ədəbiyyatşünaslığa, tarixə aid əsərlər yazmışdır.

Əgər Biruninin yazdığı əsərlərin beşdə bir hissəsi gələcək nəsillər üçün qorunub saxlanıbsa, Şərqin başqa bir mütəfəkkirinin, ərəb dilində dörd yüzdən artıq, farsca iyirmi əsər yazmış Əbu Əli Hüseyn ibn Abdullah İbn Sinanın (latınca Avisenna) yaradıcılıq irsi demək olar bütünlüklə bizə gəlib çatmışdır. Xəyyam həmin əsərləri öyrənibmi? Buna şübhə etməmək olar. Çünki o İbn Sinanın «Şəfa kitabına» bütün ömrü boyu müraciət etmişdir. Belə danışırlar ki, onun ölumqabağı əlində tutduğu sonuncu kitab «Şəfa kitabı» imiş. O, həmin kitabın təkallahlılıq və çoxallahlılıq fəslini oxuyurmuş.

İbn Sina (980– 1037) Buxara yaxınlığındakı Əfşan kəndində anadan olmuş və gənclik illərini də orada keçirmişdir. Artıq on yaşına çatdıqda Əbu Əli Quranı əzbər bilir və ədəbiyyat elmlərini mənimsəmişdi. «Atam məni tərəvəz satan və hesabını hind haqq-hesabı ilə aparan bir şəxsin yanına göndərirdi ki, mən ondan bu elmi öyrənəm. Sonra Buxaraya fəlsəfi bilikləri mənimsəmiş Əbu Abdullah ən-Natili gəlib çıxdı. İbn Sina sonralar öz tərçümeyi halında yazacaqdı: «Mən ondan fiqh elmi ilə məşğul olan adamlarda qəbul olunmuş müzakirə metodlarını və müsahibinə etiraz etmək üsullarını öyrəndim. Mən tibb elmlərinə müraciət etdim və təbabətə aid kitabları öyrənməyə başladım. Mən həmçinin həkimlik təcrübəsi ilə də məşğul oldum, elə yalançı şəfaverici üsullara və təcrübələrə rast gəldim ki, onları yazmaq belə olmaz. O vaxt mənim 16 yaşım var idi.»

Coşqun elmi yaradıcılıq dövrü başlanır. Əbu Əli atasının vəfatından sonra Xarəzmin paytaxtı Ürkənc şəhərinə köçməyə məcbur olur. O on ildən çox burada yaşayır. Sonra səyahət illəri başlanır. Ürkənc, Dəhistan, yenə Ürkənc və Rey şəhərlərinə gedir. İbn Sina Həmədanda vəzir vəzifəsinə qədər yüksəlir, sonra isə saray çəkişmələri, bədxahların paxıllığı nəticəsində dörd ay həbsxanaya düşür. Lakin bir qədər sonra o İsfahanda əmir Əlaüddövlənin sarayında yeni sığınacaq tapır. Burada o bütünlüklə yaradıcılıqla məşğul olur. Əvvəllər məlum olmayan astronomik alətlər ixtira edir, rəsədxananın tikintisinə başlayır. Məntiq, riyaziyyat, fizika, poetika və musiqinin problemləri haqqında yazır.

Bununla belə, İbn Sinanın həsrət çəkdiyi yerin məhz İsfahan olması barədə danışmaq düzgün olmazdı. Onun bir çox əsərləri səyahət etdiyi illərdə yazılmışdır. Amma qüdrətli dühasının çiçəklənməsi məhz İsfahan dövrünə (1023– 1037) təsadüf edir. O, bu dövrdə «Şəfa kitabı»nı, iri həcmli «Təbabət elminin qanunu» əsərlərini yazıb başa çatdırır.

Zəruri varlıq və ehtimal olunan varlıq haqqında təlim İbn Sina fəlsəfəsinin əsas prinsipidir. «Zəruri varlıq – zərurinin mahiyyətidir, mütləq varlıqdır. Zəruri varlıq öz mahiyyətinə görə özü vasitəsilə mövcud olan varlıqdır. O tayı-bərabəri olmayan varlıqdır, ona şərik və rəqib olan varlıq yoxdur, o hər cəhətdən vahiddir, aktual, ehtimal deyildir, idrakta hissələrə bölünmür, çünki onun varlığı mənəvi varlıqlardan ibarətdir…» Bu, saf iş, saf həqiqət, saf idrak deməkdir. Burada İbn Sinanın Zəruri varlığı, bir tərəfdən Platonun və Plotinin Təki (Xeyirxahlıq) ilə, digər tərəfdən isə Aristotelin təkanverici qüvvəsi ilə bağlıdır. Bu, müsəlman Allahı anlayışı ilə də uyğun gəlir. Amma o dünya sistemində Allahın rolunu başqa cürə izah edir.

İbn Sina belə bir fikirdən çıxış edir ki, zəruri varlıq və ehtimal olunan varlıq arasında daim səbəb-nəticə əlaqəsi mövcuddur, «xaliq və onun yaratdıqları arasında belə əlaqə yoxdur. Zəruri varlıq səbəb, ehtimal olunan varlıq isə onun nəticəsidir. Lakin səbəb-nəticə əlaqələri sonsuz müddətdə davam edə bilməz. Ali ilkin səbəb olmalıdır ki, bununla da bütün səbəblər başa çata bilsin. Allah səbəblər səbəbidir.

Lakin burada düzəliş edilməlidir. İbn-Sina ümumi idrakı yaratmış allahın bilavasitə fəaliyyət dairəsini məhdudlaşdıraraq, onun dünya işlərinə daim müdaxilə etməsi haqqında islam kəlamçılığı konsepsiyasını mahiyyət etibarilə rədd edir. E. Renanın obrazlı ifadəsi ilə desək, İbn Sinada allah dünyanın yaranmasına təkan verərək, zahiri cəhətdən özünün hərəkət etməsinə imkan yaradır.

İbn-Sina zəruri varlıq və ehtimal olunan varlıq arasındakı qarşılıqlı nisbətlər haqqında təlimi konkretləşdirərək Plotinin emanasiya prinsipinə yaxınlaşır. Bu prinsip onun «Mabda və Maad» əsərində (Səyahətəçıxma və qayıtma) daha ətraflı verilir. İbn-Sinaya görə tək, qeyri-maddi, əbədi, müstəqil, mütləq zəruri varlıq olan allah zəruriyyət tələb olunduqda dərk olunaraq heç bir vasitə olmadan ümumi idrak yaradır. Bu, o idrakdır, həm özünü, həm də öz yaradıcısını dərk edir. Bu ümumi idrakdan mühit və onların ruhları emanasiya olur. Ay mühitində emanasiya silsiləsi başa çatmışdır, «çünki burada dünya adi varlıqlarındır və yolgetmə xətti qurtarmış, qayıtma xətti başlamışdır. Dörd ünsürün (od, hava, torpaq, su) əlaqələndirilməsi və onların qarışığının təkmilləşdirilməsi əsasında bu xətt üzərində tədricən minerallar, bitkilər və insan yaranır. İnsan saflaşdıqca fəal idraka, peyğəmbər və mələk mənsəbinə yiyələnə bilər. Ömrünün son illərində yazdığı, onun fəlsəfi ideyalarının yekununu şərh edən «göstərişlər və təlimatlar kitabı»nda sufizmə aid çox şey vardır. İbn-Sinanın fəlsəfəsi böyük nişapurlunun həyatına, dünyagörüşünə və yaradıcılığına bu və ya digər dərəcədə böyük təsir göstərəcəkdir.

Görünür, Ömər Xəyyam məşhur sələfinin əsərlərindən özünün həkimlik təcrübəsindən də istifadə etmişdir. Axı həm orta əsrlər İranında, həm də bütün dünyada olduğu kimi o dövrdə «alim» mənsəbinə «təbib» – «həkimlik» anlayışı da daxil idi.

Biz gənc Ömərə nişapurlu sufi alimlərin konsepsiyasının və ideyalarının necə təsir göstərməsini dəqiq bilmirik. Lakin onun bu və ya digər sufi baxışları ilə tanış olması şübhəsizdir. Bu ehtimal böyükdür. Y. E. Bertels yazmışdır: «Xüsusilə Səlcuqilərin hakimiyyəti dövründə şeyxlərin (sufizmdə mənəvi hamilik – müəllif) nüfuzu xeyli artmışdır. Səlcuqlar ən əlverişli hallarda daim yerli şeyxlərə öz hörmətlərin bildirməyə və onları müdafiə etdiklərini göstərməyə çalışırdılar. Səlcuqların bunu nə üçün etməsini demək hələlik çətindir. Bu, səlcuqlara sanki şamanlar təsiri bağışlayan şeyxlərin ecazkar qabiliyyəti qarşısında qorxu hissi idimi, yaxud Səlcuqlar onların artmaqda olan qüvvəsini hiss edir və onların köməyi sayəsində şəhər əhalisilə yaxşı münasibətləri qoruyub saxlamağa çalışırdılarmı?

Ömər kitabı bağladı. Bu, Aristotelin «Siyasət» əsəri idi. Gecədən keçmişdi, o isə yatmaq istəmirdi. Haradasa şəhristandan uzaqlarda karvansara yaxınlığında it hürürdü. Gecə gözətçisi öz toxmağını ahənglə vurub səs çıxarırdı. Bir qədər sonra bu səslər də kəsiləcək. Yeniyetmə isə lampanın işığına heyranlıqla baxır. İşığın ətrafında pərvanələr uçurlar. Pərvanələrdən ən cəsarətlisi işığa doğru can ataraq qanadlarını yandırıb mizin üstünə düşdü.

10Astrolyabiya-bucaqölçən alətdir. Ona üstürlab da deyilir.