Ömər Xəyyam. GAH

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Yalnız ədviyyat: istiot, zəncəfil, zirişk, mixək və hətta İbrahimin adını bilmədiyi onlarla dikər bitkinin satıldığı cərgədən başqa səs-küy, qışqırtı, basabas, mübahisə hər yerə hakim kəsilmişdi. Çalsaqqal qocalar uzunsov qarabuğdayı sifətləri ilə alıcının ardınca qaçmırdılar, gözləri onun gözündə qalmırdı. Elə bil ki, onlar müəyyən bir sirr bilirdilər, heç də hamıya deyil, seçdikləri şəxslərə yaxınlaşa bilərlər. Çadırçı buradan gül cövhəri və gül yağı aldı. O zərgərlərin yanına qayıdaraq başına araqçın qoymuş cavan dikburun yəhudi ilə sövdələşməyə başladı, tələb olunan qiyməti dörddə bir dəfə uğurla aşağı salaraq, xoşuna gələn tünd qırmızı rəngli daşı olan qızıl üzüyü aldı.

Günorta yaxınlaşırdı. Bütün dindar müsəlmanlar rabadın şərq hissəsinə tərəf, məscidin olduğu yerə axışırdılar. Adamların izdihamla getməsi tozu ərşə qaldırmışdı, toz bazarın və bütün ətrafın üstünü qalın bir divar kimi örtmüşdü. İbrahim ibadətə gedənlər arasında tanış tacirləri, sənətkarları, dehqanları gördü. Onların çoxu İbrahimin başına gələn xoşbəxt hadisədən xəbərdar idi. Uşağın və anasının şərəfinə təbriklər, diləklər deyilirdi.

– Qırx gündən sonra hamını evimə bayrama dəvət edirəm, – deyə sevinc içində olan xoşbəxt ata cavab verdi.

Təzə doğulmuş uşağı ancaq ən yaxın qohumlar, bütün yerdə qalanlar isə yalnız qırx gündən sonra görə bilərdilər. Belə bir inam mövcud idi ki, bu, uşağı pis gözdən və xəstəlikdən qoruyur. Mövhumat, amma təzəcə şölələnən həyat işığının sönə biləcəyinə görə daha çox qorxu hissi çadırçını ənənələrə ciddi riayət etməyə məcbur eləyirdi. O, hələ uşaq anadan olmamışdan xeyli əvvəl ona ad fikirləşmişdi: Ömər, mənası «həyat» deməkdir. O, Allahın uşağa uzun xoşbəxt həyat verməsi üçün bütün günü dua edir, indi isə məscidin müqəddəs divarları arasında yenə o barədə ibadət etmək istəyirdi.

Məhəmməd peyğəmbərin yaratdığı dinin bəzi ardıcılları bildirirlər ki, məscidə getmək vacib deyildir: Allah hər yerdə mövcuddur, o əsl mömin bəndənin daim ürəyindədir. Onunla ünsiyyət saxlamaq üçün məbədlər və beş qat adamlar dolu ibadətxanalar lazım deyildir – bu canatma kütlə üçündür, əslində ürək boş olduqda bu aldatmaqdır. Bir sufi deyib: «Mən peyğəmbərin izlərinin arada olmağını güman edərək Allahın evini və müqəddəs yerləri axtarıb tapmaq üçün səhralardan və xəlvət yerlərdən keçənlərə təəccüb edirəm. Nə üçün onlar Allah izi olan öz ürəklərini ələ almaq üçün şəxsi səy və ehtiraslarını nəzərdə tutmurlar. İbrahim bir dəfə belə sözləri şeyxdən eşitmişdi, lakin bu sözlər barədə fikirləşməməyə çalışmışdı. Təəccüblüsü budur ki, şeyx başqa məsələlərdən də çox danışmışdı, ağıllı sözlər demişdi, amma onların heç biri yadda qalmamışdı. Bu sözləri isə o, nə qədər başından qovurdusa, yenə də yaddaşında oyanırdı.

İmamın iqamətgahı olan əsas bina lap çoxdan tikilmişdi, yəqin ki, bundan üç yüz ilə yaxın vaxt keçmişdi. Bu bina məşhur Əbu Müslüm tərəfindən inşa edilmişdi. Bu həmin o Əbu Müslim idi ki, kafir Ömərin sülaləsini devirməyə kömək etmişdi və doğrudur, birbaşa deyil, onun əmisi Abbasın şəcərəsi üzrə hakimiyyəti peyğəmbərin ailəsinə qaytarmışdı.

Müqəddəs məbədin bir hissəsi dairəvi kərpic sütunlarının üstündə dayanmışdı. Məscidin ətrafında üç portik4 ortasında isə on bir qapılı və müxtəlif rəngli mərmər sütunlu gözəl zərli günbəz inşa edilmişdi. Burada uca bir minarə var idi. Onu Xorasanın başqa bir hakimi Abdullah ibn Tahir tikdirmişdi. İbrahim bu məscidi Qəznədəki məscidlə müqayisə etdi, əlbəttə, o daha zəngin və parlaq idi, buna baxmayaraq, o öz məscidinə üstünlük verdi. Müsəlman imperiyasının hakimləri, sələfləri və varisləri arasında memarlıq hissələri üzrə məxfi rəqabət gedirdi. Sonralar nişapurlunun məşhur oğlu yazacaq; «Onlar binalar ucaltmağa qızğıncasına can atırdılar… əgər şah uca bir saray, şəhər, kənd, karvansara, qala tikdirirdisə, yaxud kanal çəkdirirdisə, əgər tikinti onun vaxtında başa çatdırılmırdısa, onun oğlu, yaxud varisi dövlətin taxt-tacına sahib olduqdan sonra əvvəlki şahın başa çatdıra bilmədiyi binanı tikdirməkdən başqa heç bir şeyə diqqət yetirmirdi… Şah oğlu bu cəhətdən atasına nisbətən daha xəsis idi».

 
Bu köhnə saray ki, adıdır aləm,
Gecəyə, gündüzə qapardır hər dəm.
Burda şahlıq edib məzara girmiş,
Yüz minlərlə Bəhram, yüz minlərlə cəm.
 

İndi ibadətdə kimlər çoxdur– sünnilər yaxud şiələr? Kim dəqiq deyə bilər? Nişapur qədim zamandan şiə təriqətlərinin və sufizmin mərkəzi olmuşdur. Amma hər dəfə yürüşdən əvvəl xəlifədən müharibə aparmaq üçün icazə və dinsizlər arasında təmiz islamı təsdiqləmək və bərqərar etmək üçün xeyir-dua alan Mahmud hakimiyyətə gəldi. «Təmiz islam» adı altında sünni forması nəzərdə tutulurdu. Onun yanında Nişapur rabadının cənub hissəsində dəfn olunmuş Hüseynin nəslinin qəbirlərini xatırlamaq qadağan olunmuşdu. Səlcuqlar həm buna, həm də başqa məsələlərə dözümlə yanaşırdılar.

Burada 160 il bundan əvvəl vəfat etmiş sufi şeyxi Həmdun əl-Qəssabı indiyədək xatırlayırlar. İlk dəfə olaraq o «pisləmək yolunu» tutdu. O belə hesab edirdi ki, onun ad-sanı kölgədə qalmışdır, Allahdan üz döndərməklə daha çox mənsəbə çatacaqdır.

Həmçinin belə deyirlər ki, Nişapur məscidinin divarlarında nə vaxtsa «təmiz islamın» tərəfdarları üçün elə qəribə, amma sufilər üçün dərin mənalı sözlər yazmışlar: «Ey Allah, əgər cəhənnəm qorxusuna görə mən sənə xidmət edirəmsə, onda məni cəhənnəmlə lənətlə, əgər mən sənə cənnətə düşmək həvəsi ilə xidmət edirəmsə, onda məni bu imkandan məhrum elə, amma əgər mən sənə təmiz istəklə xidmət edirəmsə, onda özün istədiyin kimi mənimlə hərəkət et».

Sufilər İbrahimin qəlbində iki cür hiss yaradırdılar. Onlar özlərini müxtəlif adamlar kimi qələmə verirdilər. Bəziləri ən yüksək məqsəd – Allahı dərk etmək naminə təcrid olunmuş, münzəvi, şəhvətləri öldürülmüş həyat keçirirdilər. Bunun əvəzində onlar hörmət qazanmaya bilməzdilər. Onlar həqq-taala işinin əsl tərəfdarları idilər. Başqaları isə sufi təlimindən öz məqsədləri üçün istifadə edirdilər. Onlar deyirdilər: kim ən yüksək qüdsiyyət pilləsinə çatıbsa, o dini ayinlərə – ibadət etməyə, oruc tutmaya, ehsan verməyə bilər, əxlaqsızlıq, şərab içmək kimi qadağan olunmuş keyfiyyətlərə icazə verilir. Hətta bu səbəbə görə başqalarının arvadlarına əl atmağı belə özlərinə rəva bilirlər. Onlar belə bir fikri təsdiq edirlər: biz Allahı gorurük və onunla danışırıq, onun dedikləri həqiqətdir. İbrahim bu adamlara etiqad bəsləməkdən imtina elədi.

Namaz qılmağa gələnlər arasında şiələr də var idi. Şiə təriqətinin tərəfdarları deyirdilər ki, yalnız peyğəmbərin nəslindən olanlar dindarlar üzərində istisnasız hakimlik edə bilər. Bəli, Məhəmməd Allahın yer üzərində elçisidir, o müqəddəs keyfiyyətlərə malikdir. Onun yer üzərində zühur etməsinin məqsədi təkcə həqiqi etiqadı gətirmək deyil, həm də varislik üzrə öz keyfiyyətlərini verməkdir ki, dünyada Həqiqət və Ədalət hökm sürsün. Bu anlayışların mahiyyətini allahın nişanələri keçmiş şəxslər bilə bilərlər. Dindarları öz arxalarınca aparacaq düzgün yolu onlar bilirlər.

Məhəmmədin ölümündən sonra övliyalıq kimə keçməli idi? Əlbəttə, onun əmisi oğlu və kürəkəni, onun yeganə qızının əri, Allaha əsl sadiq olan Əliyə keçməli idi. Belə də ola bilərdi: Məhəmməd və Əli bir-birinə həddən çox oxşadığına görə məlakə Cəbrayıl onları sadəcə olaraq qarışdırır və peyğəmbər başqası olur. Həqiqi imamlar, dindarların mürəbbiləri və rəhbərləri Əlinin nəslindən olan şəxslərdir. Bu, ən əvvəl onun oğulları Həsən və Hüseyn, onların uşaqları və nəvələridir, Məhəmmədin yeniyetmə yaşlarında gizlicə yoxa çıxmış on ikinci imamı da bura daxildir. Bu gözəgörünməz imam tez ya gec yenidən zühur edib, xilaskar Mehdi məsihə kimi insanların yanına gəlib, özüylə həqiqət və ədalətlilik səltənəti gətirəcək. İmamilər bunu təsdiq edirdilər.

Şiəliyin çoxsaylı digər təriqəti – Əlinin kiçik oğlu, imam əl-Hüseynin tərəfdarlarının təriqəti onlara yaxındır. Əl-Hüseyn etiqada görə şəhid olmaq şərəfi qazandı, şiəliyin bu təriqətində ən nüfuzlu imam oldu. Hər il məhərrəm ayının müəyyən günlərində təriqətin tərəfdarları şəhid təsvir olunmuş yürüşün arxasınca gedərək bədənlərinə xəsarət yetirərək fərəhlə «Ya Hüseyn, vay Hüseyn» çığırırdılar. Onlar belə düşünürdülər ki, bununla imam yolunda şəhid olan müqəddəslərə qoşulurlar. Belə yürüşlərdən sonra çox vaxt yollarda cansız cəsədlər qalırdı.

Şiəliyin digər təriqətləri də olmuşdur, çadırçının gördüyü kimi şiələrin əsas hissəsini sadə adamlar – su satanlar, çobanlar, kasıblaşmış əkinçilər, varlı sənətkarlar təşkil edirdilər.

Sünni müsəlmanlar arasında isə, əksinə, bir çox dövlətli adamlar: tanınmış tacirlər, iri torpaq və mal-qara sahibkarları var idi. Peyğəmbərin həyatı və kəlamları haqqında hədislərdəki dinlə əlaqədar olan rəvayətlərdə sünniliyi qəbul edən bütün şəxsləri sünni adlandırırlar. Əməvilər sünni olmuşlar, əl-Hüseyn onların əli ilə öldürülmüşdür. Bu, iki cərəyan arasında barışmaz düşmənçiliyin başlanmasına səbəb olmuşdur.

Onlar Allahın evində bir-birlərindən uzaqda dayanırdılar. Bu, lap keçmişdən qəbul edilib. Bunun öz izahı vardır. Əvvəllər Nişapurda olan məscid evsiz-eşiksizlərin və zəvvarların, daha çox şiələrin gecələmək yeri olmuşdur. Lazım olmadıqda, dövlətli heç bura gəlmirdi. Ümumiyyətlə əvvəllər xoşbəxt Nişapur şəhərindəki məscid heç vaxt boş olmamışdır.

Qazı bütün gün ərzində burada ədalət məhkəməsinə baxırdı. Mübahisələr müxtəlif məsələlər ətrafında olurdu. Bazarda ən əlverişli yeri öz aralarında bölə bilməyən tacirlər, indi gəlib alıcıları qovmaqla sahibinə zərər vuran, keçmiş səhlənkar şagirdindən şikayət edən sənətkarlar da bura gəlirdilər. Mübahisələri ayırd etmək məqsədilə bura daha ciddi şikayətlərlə və xahişlə gəlirdilər: məsələn, dörd qardaş arasında ata mülkünü necə bölmək olar, yaxud borcunu ödəyə bilməyən şəxsə öz borcunu qaytarmağı necə məcbur etmək olar. Qazının hansı dini təriqətə mənsub olmasından asılı olaraq müxtəlif qərarlar qəbul olunurdu. Amma çox vaxt borcludan əmlakı alınır, onun özünü isə həbsxanaya salırdılar, gecələr onu orada saxlayırdılar, səhər isə o ayaqlarına zəncir və kündə vurulmuş vəziyyətdə borc sahibinin xeyrinə sədəqə yığmalı idi.

 

Avara adamlar çox idi. Qış gecələrində orada söhbət etmək üçün həmişə adam tapmaq olardı. Buraya şəhərdə baş verən hadisələri müzakirə edən, şeir oxuyan kişilər toplaşırdı. Yaxın adamını itirdikdən sonra başsağlığı qəbul eləməkdən ötrü onlar üç gün müntəzəm məsciddə oturardılar.

Burada qəribə hadisələr də baş verirdi. Belə söhbət edirlər ki, bir dəfə cümə günü yaraşıqlı geyinmiş bir hindli Allahın evinə yaxınlaşıb ehtiram əlaməti olaraq ondan xeyli uzaqda ibadət etmək üçün xalça salır. Adamların suallarına o belə cavab verir: «Tezliklə ağam namaz qılmağa gələcək». Saat dörddə yəhəri qızıla tutulmuş qatırın üstündə zəngin geyinmiş üç nəfər qulun müşayiətilə bir atlı məscidə yaxınlaşıb nəvazişlə təzim etdi. Adamlar baxıb gördülər ki… bu meymundur. Hindli ehtiramla qaçıb meymunun yəhərdən tullanmasına kömək etdi. Sonra meymun xalçaya yaxınlaşıb namaz qılmağa başladı. hindli, meymun barədə soruşanlara belə cavab verdi: «Bu, Hindistanın qüdrətli şahının tilsimə salınmış oğludur. Allaha and olsun, vaxtilə bu meymundan gözəl və mömin adam yox idi. Amma axı mömin adam da həmişə allahın himayəsi altındadır. Arvadı onu tilsimə saldı, atası isə oğlundan utanaraq onu qovdu. Bu qadın tilsimi onun üstündən yüz min dinara götürməyə vəd verib, hələlik onun on min dinarı vardır. Tayfası, vətəni olmayan, məcburiyyətlə siması meymun qiyafəsinə salınan bu gəncə rəhminiz gəlsin». Meymun axırıncı sözləri eşidərək qurşağından yaylıq çıxarıb, gözlərini silməyə başladı. Bu hadisəyə baxan bütün adamların ürəkləri yumşaldı, qulun əlində tutduğu məcməyiyə pullar töküldü. Bu hadisə iyirminci əsrin adamına inandırıcı görünməyə bilər: bizim günlərdə öyrədilmiş heyvanlar heç də az qəribə möcüzələr göstərmirlər.

Bəli, Nişapur məscidinin ətrafında müxtəlif hadisələr baş verirdi. Lakin zaman dəyişir. Hazırda məscid Allaha ibadətetmə yeridir, bütün başqaları üçün onun yolu bağlıdır.

İbrahim başındakı bütün kənar fikirləri qovaraq namaz qılmağa başladı. O, namazı lazım olduğu qədər uzun müddət qıldı. Ürəyindəki bütün fikirləri anlamadığı, guya sehrkar qüvvəyə malik ərəb sözləri ilə ifadə etməyə cəhd göstərdi. Yuxusuz gecələrdən qurumuş dodaqları namazın sözlərini təkrar edirdi. Namaz qurtardıqdan sonra sədəqə yığan məscidin tikintisi üçün ondan çoxlu pul aldı.

İbrahim bürüncdən hazırlanmış içməli su borularının yanına toplaşmış adamların arasından keçərək küçəyə çıxdı. Onsuz da bazara gəlişi onun həddən artıq vaxtını almışdı. Artmaqda olan həyəcanı (ana və oğul axı evdə idi) isə onu evə tələsdirirdi.

İbrahim bazardan çıxmağa macal tapmamış uşaqlar qarşısına çıxdı.

– Ah, şeytan balası, – deyə o qaçaraq düz onun qarnına dəymiş bir uşağın arxasınca çığırdı. Amma uşaq arxaya baxmayaraq, yeraltı kanalların torpağın altından üzə çıxdığı və sahələrin becərilməsində sudan istifadə olunduğu yerə, şəhərdən kənara çıxmağa tələsən dostlarına çatmaq üçün qaçdı. Belə isti havada İbrahim özü də məmnuniyyətlə çimərdi.

Nişapurun yanında kiçik çay axır, suyunun həddindən artıq şorluğuna görə onu Şorrud adlandırırlar. Dünyanın bir çox yerlərində olmuş adamlar onun belə xüsusiyyətlərinə görə təəccüblənirdilər. Qocalar belə əfsanə söyləyirdilər ki, itaət etmədiyinə görə şər qüvvələr bu suyu zəhərləmişlər. Amma İbrahim hər şeyin mahiyyətini öyrənməyi sevən bir adam kimi ağlının gücü ilə belə nəticəyə gəlmişdi ki, dağdan axıb gələn su müəyyən mineralları yuduğuna görə onun tamı dəyişir. İçməyə yararsız suyu olan bu çaya indi Nişapurun əhalisi çirkli su və zir-zibil atırdılar.

Əllərini dalında çarpazlayaraq Allahın bəlli olmayan yolları haqqında fikirləşən İbrahim evə gəlib çatdı, burada onu xoş xəbər gözləyirdi: oğlu və onun anası özlərini yaxşı hiss edirdilər. Sonra o xeyli vaxt arvadının yanında oturub anasının döşlərini əmən oğluna baxdı. Uşaq dodaqlarını marçıldadır və yuxuda nəyə isə gülümsəyirdi. «Ömər, qoy sənin ürəyində Allaha qarşı daim sevgi yaşasın. Sən elə bir dünyaya gəlmisən ki, orada yalnız güclülər yaşayırlar. Sən də güclü ol. Amma öz vicdanını satma. Səni yaradan Allah bizim dərk edə bilmədiyimiz ölüm, qəsd göndərə bilərdi. Həyatında yalnız savab işlər gör. Heç vaxt yalan və hiylə hesabına yüksək ad və vəzifə qazanmağa can atma. Hətta sənə məhrumiyyətli və əziyyətli bir yol keçmək qismət olsa belə, necə varsansa, olduğun kimi də görün. Daima biliyə can at, bu yolu kitabları oxuyub dərk etmək vasitəsilə tuta bilərsən. Sənə həyat vermiş ananı yadından çıxarma, əgər ürəyində kiçicik bir yer qalmış olsa, oranı tutmağa mən razıyam». Yorğan-döşəyin yanında oturan İbrahim bu sözləri əlaqəsiz və qarışıq şəkildə pıçıldayırdı, son günlərdə keçirdiyi gərginliklər hələ keçməmişdi, onun kirpikləri qapanırdı.

Amma İbrahim bir vərəq kağızı möhkəm gizlətdi, bazarda avara-avara gəzən astroloqun ona aşağı qiymətə söylədiyi, sözlər kağızda yazılmışdı: «Oğlum Ömərin xoşbəxtliyi–əkizlər bürcünə düşür; o anadan olduğu gün Günəş və Merkuri əkizlər bürcünün üçüncü dərəcəsində göyə qalxmışdı, Merkuri perigey, Yupiter isə hər iki planetə baxaraq üç dəfə artırılmış vəziyyətdə idi».

Nişapur həqiqətən bütün Şərq alimlərinin mərkəzidir. Xorasanın hər yerindən, İranın və Ərəb dünyasının başqa hissələrindən biliyə doğru can atan cavan və yaşlılar bura gəlirdilər. Təsadüfi deyil ki, burada belə bir atalar sözü gəzirdi: «Almaz cilalanmalı, insan təhsil almalıdır». Adlı-sanlı adamlar, təkcə onlar deyil, elə hamı özləri üçün kitabxana yaratmağa və onu kitablarla zənginləşdirməyə səy göstərirdilər.

Kitablar, kitablar… Əl ilə yazılmış kitablar ucuz olmasa da, varlı adamların əksəriyyəti onları alırdı. Buna görə də kitaba qayğı və həssaslıqla yanaşılırdı. Amma heç bir qiymətə baxmayaraq, bir təsiredici xüsusiyyət var idi: hər bir adam bilik əldə etmək üçün kitabxanalara gedə bilərdi. Məsələn, qazı İbn Hibban Nişapur şəhərinə gəlməmiş alimlərə kitabxananı və yaşayış otaqları olan evin, buna əlavə olaraq onlara böyük məbləğdə təqaüdün verilməsini vəd etmişdi. IX əsrin ortalarında saray əhli Əli ibn Yəhya əl-Münəccim öz evində «Xəzineyi əl-hikmət» – «Müdriklik xəzinəsi» adlı gözəl bir kitabxana yaratmışdı. Elmlə məşğul olmaqdan ötrü bura hər tərəfdən adamlar gəlir və kitabxana sahibinin hesabına orada qalırdılar. Bir İsfahan ilahiyyatçısı və torpaq sahibkarı öz kitablarına 300 min dirhəm xərcləmişdi. Əs-Sahib samanilər hökmdarının vəziri olmaq təklifini başqa səbəblərlə yanaşı yolun ağırlığını da bəhanə gətirərək rədd eləmişdi, çünki başqa kitabları nəzərə alınmazsa, onun yalnız ilahiyyata aid 400 dəvə yükündə kitabı var idi.

Qazı Əbu-əl-Mütrifin vəfatından sonra onun kitablarını düz bir il sataraq, onlardan 40 min dinar qazanc əldə etdilər. Vəzir İbn Killis özü xüsusi akademiya saxlayırdı, burada alimlərin, kitab üzü köçürənlərin, cildləyicilərin saxlanmasına hər ay 1000 dinar sərf edirdi. 1024-cü ildə vəfat etmiş vəzir Ərdəşir ibn Səbur «Elm evini» yaratdı. Ən yaxşı xəttatlar tərəfindən üzü köçürülmüş yalnız 100 nüsxə Quran, əvvəllər adlı-sanlı adamlara məxsus olan, başlıcası imzaları yazılmış 10400 nüsxə başqa kitab burada saxlanırdı. Belə deyirlər ki, xəlifə əl-Əzizin kitab kolleksiyasında 120 mindən 200 minədək kitab var imiş.

Bu gözəl məbədlərdə və elm Evlərində, əlbəttə, aydındır ki, Qurandan başqa daha hansı kitablar yox idi? Bəs bu kitablar hansı müəlliflərin qələminə məxsus idi? Peyğəmbərin vəfatından sonra keçən ilk illərdə müsəlman icmalarının başçıları islam elmindən başqa (təfsir və hədis) heç bir elmi qəbul etmirdilər. Belə hesab olunurdu ki, Quranda bütün suallara cavab verilmişdir. Əməvilər dünyəvi elmə ehtiyatla yanaşırdılar. Ancaq kitaba, xüsusilə təbabət kimi sırf praktik elmə aid kitablara açıq-aşkar tələbat hiss olunurdu. Odur ki, məşhur şərqşünas Y. E. Bertelsin yazdığı kimi «artıq VIII əsrdə zəruriyyətin nəticəsində» hətta çoxallahlıların dedikləri kimi müdrikliyə yiyələnin», yaxud «beşikdən qəbrə qədər elmə (yaxud bilik axtarın) səy göstərin» kimi hədislər meydana çıxır. Tərcüməçilərin böyük və məhsuldar fəaliyyəti başlanır, bu, Xəlifə Mömünün hakimiyyəti illərində (813–833) islam mötəzililəri rasionalistlərin öz dini bayramlarını keçirdiyi vaxt xüsusən geniş şəkil alır. Bu dövrdə qədim yunan alimlərinin fəlsəfəyə və məntiqə aid əsərləri ərəb dilinə tərcümə olunur. Mömün xüsusi tərcüməçilər dəstəsi yaradır. Müsəlman dünyası onların sayəsində Qalend və Aristoteldən tutmuş Ptolomey və Evklidə qədər Qədim Yunanıstanın ən böyük zəkalarının əsərləri ilə geniş tanış olur.

Ömər Xəyyam Nişapurda adlı-sanlı alim və ruhani Nəsirəddin Şeyx Məhəmməd Mənsurun yanında təhsil almışdır. Müəllim məşğələlərdə Pifaqorun aşağıdakı sözlərini təkrar eləməyi sevirdi: «İnsanın firavanlığı idrakın qanunlarına əsaslanarsa çox yaxşı olar». Şagirdləri ona zövq vermək üçün Sokratın belə bir kəlamını da əlavə edirdilər: «Anlayışların dəqiq məntiqini müəyyən etmək – həqiqi biliyin ən başlıca şərtidir». O, idrak və məntiqi təhsildə ən vacib hesab edirdi. Onun tədris sistemi bunun üzərində qurulmuşdu.

Ömər doğulmamışdan təqribən yüz il əvvəl Bəsrə şəhərindən olan bir qrup alim (Əbu Süleyman Məhəmməd ibn Məşar əl-Büsti əl-Müqəddəsi, Əbül-Həsən Əli ibn Harun əz-Zəncani, Əbu Əhməd əl-Mehrcani əl-Aüfi və Zeyd ibn Rüfəa) tərcüməçilik fəaliyyətinə və qazanılmış biliklərə özlərinə məxsus şəkildə yekun vurmaq və təhsili sistemləşdirmək qərarına gəlirlər. «İhvan əs-səfa (Təmizlik qardaşları») dərnəyi islama daxil olmuş cəfəngiyyatı fəlsəfi fikrin köməyi ilə təmizləmək məqsədini öz qarşısına qoymuşdu. Risalədən və dərd bilmədən ibarət orijinal biliklər ensiklopediyası yarandı. Bu ensiklopediya hələ bir çox illər ərzində müsəlman dünyasında tələbələr üçün ən başlıca vasitələrdən biri olaraq qalacaqdır. Çox ehtimal ki, Ömər də bu ensiklopediyanın proqramına müvafiq təhsil almışdır.

Təhsilə neçə yaşdan başlamaq lazımdır barədə uzun müddət mübahisə gedirdi. Bəziləri təhsil almağa iyirmi yaxud otuz yaşdan başlamağı təklif edirdilər. Bu adamlar hələ də öz əhəmiyyətini itirməyən köhnə hədis məktəbinin tərəfdarları idilər. Onlar belə hesab edirdilər ki, insan məhz bu yaşa çatdığı zaman allahın sözlərini qavramaq üçün yetişir. Başqaları isə artıq beş yaşından uşağın təhsilə cəlb olunmasını tövsiyə edirdilər. Hər şeydə məntiqi aydınlığı və ahəngdarlığı sevən «Təmizlik qardaşları» bu məsələyə biganə qalmadılar. Onlar təhsilə 10– 12 yaşdan etibarən başlamağı təklif edirdilər.

Nəsirəddin öz şagirdlərinə deyirdi: – sığırçının beş qabiliyyəti var, ancaq heç bir istedadı yoxdur. O qaçır, amma sürətlə qaçmağı bacarmır; uçur, ancaq yüksəklikdən uça bilmir; sürünür, lakin yalnız yerdə sürünməyi bacarır: üzür, amma az üzə bilir, torpağı qazıyır, lakin dərin qazımır. Sizin hər birinizdə də qabiliyyət vardır. Bu qabiliyyət nə qədərdir? Hələlik mən bunu bilmirəm. Mənim vəzifəm bu qabiliyyətlərin heç olmasa birini təkmil səviyyəsinə çatdırmaqdan ibarətdir. Əgər əlimizdə allahı arayıb-axtarmaq yollarını göstərən «Təmizlik qardaşları»nın bu iri həcmli kitabı olmasaydı, biz kimik və nəyə lazımıq sualına cavab tapmaq üçün gözləri açılmamış küçüklər kimi hər yerə burnumuzu soxardıq. Gəlin idrakın avarlarını əlimizə alaq və müdriklik qayığına inanaq.

«Təmizlik qardaşları»nın ensiklopediyası 51 risalədən ibarət olub dörd bölməyə bölünür:

1) Giriş kursu və məntiq 1–dən 13–dək olan risalələr), 2) təbii elmlər və insan haqqında təlim (14–30); 3) gözəl qəlb haqqında təlim (31–40), 4) ilahiyyat elmləri (41–51). Bu ensiklopediyada qəbul edilmiş yunan sisteminə görə əvvəlcə şagirdi giriş kurslarını, yəni riyaziyyat elmlərini mənimsəmək yolu ilə məntiqi təfəkkurə hazırlaşdırır, onu hesabla tanış edir (ən sadə rəqəmlərin, natural ədədlərin və kəsrlərin xassələri və onlar üzərindəki əməliyyatlar öyrənilirdi), sonra Evklidin həndəsəsini öyrənməyə başlayırdılar. Ehtimal ki, bu mərhələdə Ömər ilk dəfə olaraq Evklidin həndəsəsindəki beşinci postulatla5 qarşılaşmışdır. Bu, onu o qədər maraqlandırmışdır ki, sonralar riyaziyyatçı Xəyyam ona bütöv elmi risalə həsr edəcəkdir.

Sonra təlim proqramında astronomiya və coğrafiya gəlirdi. Bu təlim əsasən Ptolomeyin «Almagesta» və «Coğrafiya» əsərlərinə əsaslanırdı. «Almagesta» əsərində 1028 ulduzun vəziyyəti və parlaqlığı göstərilmiş, dünyanın geosentrik modeli müfəssəl işlənib hazırlanmışdı. Sonra şagirdlər musiqi nəzəriyyəsi və riyazi nisbətlər haqqında təlimlə tanış olurdular.

 

Təlimin sonrakı mərhələsinə fəlsəfə daxil idi. «Elmlər elmi» kimi qiymətləndirilən fəlsəfə bu cür öyrədilirdi: Əvvəlcə şagird elmlərin nəzəriyyəsini və təsnifatını möhkəm mənimsəməli, onların praktikada necə tətbiq olunmasını dərk etməli, tipologiyanı6 fərqləndirməyi bacarmalı idi. Bundan sonra Aristotelin kəlamlarındakı məntiq öyrədilirdi. Bu məntiq bütünlüklə qədim yunan mütəfəkkirinin məntiqə dair əsərlər külliyyatından irəli gəlirdi. Aristotelin ardıcılları həmin əsərlərə sonralar «Orqanon» adı vermişlər. Bu elmlərin öyrənilməsinə başlamazdan əvvəl şagirdlər öz müəllimlərinin rəhbərliyi altında Aristotelin «Kateqoriyaya giriş» yaxud neoplatonçu filosof Porfirinin «Beş ümumi anlayış haqqında» əsərlərini dərindən öyrənirdilər. Porfiri bu əsərində soy kökünün, görkəmin, fərqləndirici əlamətin, əsas əlamətin və təsadüfi əlamətin tərifini vermişdir. Orta əsrlərdə Aristotelin məntiqi ilə tanış olmaq üçün Porfirinin bu əsəri əsas mənbə idi. Lakin məntiqin öyrənilməsi əsas məqsəd deyildi. Aristotel özü məntiqi analitik təhlil hesab edib göstərirdi ki, məntiq elmi tədqiqat üçün bir alət kimi lazımdır. «Təmizlik qardaşları» da şagirdləri məhz buna istiqamətləndirirdilər.

Porfirinin «Giriş» əsərindən sonra şagird «Orqanon»un birinci hissəsi olan «Kateqoriyalar»ı öyrənməyə başlayır. «Kateqoriyalar» da öz növbəsində üç hissəyə bölünürdü. Bu hissələrin hər birində şeylərin mahiyyətindəki semantik fərqlər, termionoloji təriflər, predikatların7 və onlara müvafiq olaraq varlığın növlərinin təsnifatı verilirdi. «Kateqoriyalar»ın ikinci və üçüncü hissələrinə «Germenevtika» və «İlk analitik həndəsə» daxil idi. «Germenevtika» fikri dil ilə ifadə etmək haqqında elmdir». Burada hökm və mühakimə nəzəriyyəsi işıqlandırılır. «İlk analitik həndəsə»də sillogizm nəzəriyyəsi, «İkinci analitik həndəsə»də isə sübutetmə, prinsiplərin müəyyən olunması və dərk edilmasi nəzəriyyəsi gətirilir. Bununla «Təmizlik qardaşları» dərnəyində, hazırlanmış proqramın birinci hissəsi qurtarırdı.

Şagirdlər idrakın zəruri vasitələrinə yiyələnərək, artıq təbiətin öyrənilməsinə başlaya bilərdilər. Sonrakı səkkiz risalədə–14-cüdən 21-dək –şagirdlər Aristotelin fizikası, materiya, onun forması, yeri, zaman, hərəkət haqqında təlimlə, səma və yer, dörd ünsür, fəzada baş verən hadisələr (matereologiya), minereologiya haqqında təlimlə tanış olurdular. Sonra botanika və zoologiya gəlirdi.

Şagirdlər heyvanata aid bilikləri mənimsədikdən sonra insanı öyrənməyə başlayırdılar. Buna görə də «Təmizlik qardaşları»nın ensiklopediyasında 21-ci risaləyə əlavə olaraq insanın heyvanatla mübahisəsi haqqında gözəl ibrətamiz rəvayət daxil idi. Bu rəvayətdən aydın olur ki, insan nöqsanlar içində olduqca ən mənfur heyvandan belə aşağı hesab olunur. İnsan haqqında olan bu səkkiz risalədən sonra gələn risalələr də həmçinin Aristotelə görə qurulmuşdur. Həmin risalələr aşağıdakı qaydada verilmişdir: insan bədəninin quruluşu; qavrayış orqanları və onların obyektləri; astrologiya ilə əlaqədar embriologiya, mikrokosm8 olan insan haqqında təlim; fərdi qəlb barədə təlim; idrakın sərhədləri haqqında; həyat və ölüm haqqında; zövq almaq və əzab-əziyyət haqqında; dillərin fərqi haqqında. Bütün bu bölməni Aristotelin özünün sözləri ilə səciyyələndirmək mümkün olardı: «Aləmin sistemində bizə qısa müddətdə yaşamaq imkanı verilmişdir, bu həyat gözəl və əvəzsizdir. Ayıqlıq, hiss etmək, təfəkkür yüksək nemətlərdir, görülmüş işdən həzz almaq… təfəkkür – insanın həyatında, rəşadətli məşğuliyyətində eyş-işrət və sevinc içində yaşamaq deməkdir».

«Təmizlik qardaşları» ensiklopediyasının ikinci bölməsini oxuyub qurtardıqdan sonra şagirdlərin Aristotel fəlsəfəsi ilə tanışlığı başa çatır. Sonra tərtibçilər neoplatonizm zəminində duraraq metafiziki problemləri öyrənməyə keçirlər. Erkən antik dövrün çox məlumatlı və orijinal mütəfəkkiri olan Plotin neoplatonizmin ən iri nümayəndəsi idi.

Plotin eramızın 204-cü ilində Misirin Likopole şəhərində anadan olmuşdur. O, müəllim Ammaniya Sakkasdan fəlsəfə kursunu öyrənmişdir. Öz biliyini artırmaq məqsədilə imperator III Qordianın İrana yürüşündə iştirak edib. Təqribən 244-cü ildə o qayıdaraq, Romada müəllimliklə məşğul olur və 269-cu ildə özünün Kampanye malikanəsində vəfat edir.

Bəs onun təlimi nədən ibarətdir? Plotinin yazdığı «Enkeada» (Doqquzlar) əsəri bu suala cavab verir. Bu əsər ona görə belə adlanır ki, o doqquz kitabdan, hər kitab isə doqquz fəsildən ibarət olmalı idi. Plotin həyatında özünün ən başlıca əsərini bitirə bilmədi. Amma yazdığı hissələr bütün qarşıya qoyulmuş suallara cavab verir . Plotinin əsərində «allah» sözü yoxdur, xudavəndi aləm dərkolunmazdır. Allah bütün əksliklərdə mövcud olan varlıqdır, o saf nemət, ilkin qüvvədir. Aləm–allah tərəfindən yaradılıb, lakin allah aləmi öz iradəsi ilə yaratmayıb, aləmi zəruriyyət nəticəsində, əbədi və zaman ölçüsündən kənarda yaradıb. «Allah sözü əvəzinə «ilkin», «qeyri-adi» sözləri işlədilir. Plotində bütün mövcudiyyatın varlığı, başlanğıcı nemət adlanır və günəşlə müqayisə olunur. Axıntı daşqından əmələ gəldiyi kimi aləm də varlıqdan yaranmışdır, ancaq axıntı zamanı Varlıq heç nə itirmir, işıq kimi dəyişməz qalır. İlk mənbədən uzaqlaşdıqca əmələ gələn emanasiya9 mənbəyindən ayrılaraq sönən işıq kimi sıxlıq yaradır. Plotin bildirir ki, emanasiyanın beş pilləsi mövcuddur: varlıq – idrak – ruh– materiya – fiziki aləmin təzahürləri, hər bir aşağı pillə yuxarı pillədən yaranır, yuxarı pillə aşağı pillələri yaradarkən özü heç nə itirmir.

Dünyəvi idrak – varlığın inikasıdır, artıq bu inikasda ikili anlayışın əsası qoyulmuşdur. Burada gələcək aləmin bütün çoxtərəfliliyi real vəziyyətdə deyil, dərk olunan formada öz əksini tapmışdır. Ruhda yüksək və aşağı məqamlar vardır. İnsanın ruhu hələ yer üzündə həyat olmazdan əvvəl mövcuddur və insanın xidmətindən asılı olaraq o müxtəlif vücudlara keçə bilər. Materiya varlığın tamamilə bir-birinə əks olması deməkdir. Bu, ibtidai zülmət, «mövcudolmayandır», «hər cür heçlik», «ilkin bəladır». Varlıq özünün son dərəcə gözəl şəfqətləri ilə daim işıq saçır, insanın qəlbi həmişə ona doğru can atır. Fiziki cisimlərdə olan bəlalardan qəlbini azad etmək və onu ilahi həyata yaxınlaşdırmaq insanın vəzifəsidir. İdrak yolu ilə buna nail olmaq mümkün deyil. Vahid yol vəcdəgəlmədir, bu zaman insan bir fərd kimi özünü dərk edə bilmir. Bu vəziyyət «təmaslıq» yaxud «birlik» adlanan son məqsədə doğru aparıb çıxarır.

«Təmizlik qardaşları»nın üçüncü bölməsi əsasında aparılan təlim Plotinin məhz bu fəlsəfəsi üzərində qurulmuşdur. Bu fəlsəfə ədədlər nəzəriyyəsinin şərh edilməsi, yəni rəqəmlərdən ibarət bütün ədədlərin emanasiyası və həmin rəqəmlərin yenidən təkrarlanması barədə təlimlə başlanırdı. Sonrakı risalə ilkin ruhdan və candan ibarət olan aləmin emanasiyası barədədir. Sonra makrokosmos, ruh və ruhi qavrayış, ulduzların dairəvi hərəkəti, məhəbbətin mahiyyəti, nəfs və diriltmə, müxtəlif hərəkətlər, səbəb və nəticə, düzgün təyinetmə haqqında təlimlər öyrənilirdi.

Və nəhayət dördüncü bölmə sözün dar mənasında ilahiyyat elmlərinə həsr olunmuşdu. Son on risalə isə aşağıdakı mövzulara: dində müxtəlif təlimlər, allaha doğru düzgün yol, «Təmizlik qardaşları»nın həyat tərzi, islam, ilahi buyuruq və peyğəmbərlik, təmizliyə və sevgiyə ilahi çağırış, mənəvi varlıqların insana təsiri, dövləti idarəetmənin müxtəlif növləri, çərxi- fələk çarxı kimi fırlanan dünya, sehrbazlıq və cadugərlik haqqında mövzulara həsr olunmuşdu.

Görünür, orta müsəlman şərqinin bir çox başqa alimləri kimi, Ömər Xəyyam da gəncliyində belə mürəkkəb təlim məktəbi keçmişdir.

Lakin İbrahimin oğlu təkcə öz təhsilini kitablarla almamışdır. Bəziləri üçün fərəhli və acı, gözlənilməz, ağır, bəzən isə dözülməz keçən Nişapur həyatı həssas uşağa təsir göstərir. Gəncliyimizdə az dövrlər olur ki, biz hətta bunu çox vaxt bilmədən sanki ətraf aləmi xırdalığına və incəliyinə qədər bütün varlığımızla hiss edirik. Sonra isə bir qədər gec bu xatirələr gözlənilmədən və şüurumuzun dərinliklərindən baş qaldıraraq naməlum səbəblərə görə qəribə bir tərzdə bizim adi fikirlərimizə, təəssüratımıza, hissiyyatımıza, davranışımıza təsir göstərir. Təsadüfi deyil ki, deyirlər: nəyi xatırlamaq və nə barədə fikirləşmək istəmədiyini mənə bildir, səni nə gözlədiyini deyim.

4Portik- binaya yapışıq sütunlu eyvan
5Postulat-riyaziyyatda, məntiqdə sübutsuz olaraq götürülən müddəa, fərziyyə
6Tipologiya-müxtəlif hadisə və ya şeylərin tipləri arasındakı qarşılıqlı əlaqəni təmsil edən təsnifat
7Predikat-məntiqdə: mühakimə obyektini-subyekti müəyyən edən anlayış
8Mikrokosm-kiçik kəmiyyətlər aləmi, atomlar aləmi deməkdir.
9Emanasiya- şüalanma