Köhnə Bakı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Əs, xəzri, mən də verim nəziri,

Əs, gilavar, əs, qadasın aldığım!

Xəzri, yat, gilavar, gəl,

Yaxud:

Giləvar, yat, xəzri, gəl,

Atam (yaxud: oğlum, ərim) gəlsin səfərdən…

ÇƏRŞƏNBƏ GECƏLƏRİ XONÇA DÜZƏLTMƏK, ŞAM YANDIRMAQ ADƏTİ

Novruza iki həftə, on gün qalmış hamı halına görə hazırlıq görərdi. Qapı-bacanı əhənglə ağartmaq, evlərin bayır-bacasını süpürmək, palaz-xalçanı çırpıb təmizləmək, evi, otağı səliqəyə salmaq, yeni ili təmizlik içərisində qarşılamaq ümumi həvəs idi. Varlılar, tacir və alverçilərin hazırlığı daha geniş olardı. Onlar bayrama xüsusi şəkərçörəyi, badamçörəyi, paxlava və bu kimi şirniyyatlar bişirib hazırlardılar. İmkanı olmayanlar bayramı sadəcə xüşkbar ilə keçirərdilər.

Bir həftə əvvəl istər Aşağı bazarda , istərsə Yuxarı bazarda qızğınlıq müşahidə edilirdi. Baqqallar dükanlarını güzgülər, Firdovsinin şahnaməsindən alınaraq ağ parça üstünə çəkilmiş cürbəcür şəkillər, kağız fanuslar ilə bəzərdilər. Hər dükançı qapısından böyükcə bir zəng asardı. Onu çalaraq qışqırıb malını tərifləyirdi, kimi yola saldığı müştərisinin arxasınca da o zəngi təkrar çalardı.

Bayrama bir neçə gün qalmış məhəllə uşaqları həyətləri gözləməklə “kosa-kosa” adlanan xüsusi oyun oynar, tamaşaçılardan xüşkbar, pul toplardılar.

Rəqs etməyi bacaran bir uşağın əyninə tərsinə çevrilmiş kürk geydirər, üzünə kağızdan qayrılmış üzlük (masqa) taxıb, başına da kəllə qənd kağızından uzunca şiş papaq qoyardılar. Belinə zınqırovlu kəmər bağlanar, boynundan zınqırovlar asılardı. Məhəllə uşaqları hazırlanan kosanı araya alıb həyətləri gəzərək xüsusi bir hava ilə aşağıdakı sözləri xor halında oxuyardılar. Kosa isə oynardı:

A kosa-kosa, gəlsənə,

Gəlib salam versənə,

Çömçəni doldursana,

Kosanı yola salsana.

A uyruğu, uyruğu,

Saqqalı it quyruğu.

Kosam bir oyun eylər,

Qurdunu qoyun eylər.

Yığar Şabran düyüsün,

Mahmudun toyun eylər.

Novruz-novruz bahara,

Güllər-güllər nahara,

Bağçamızda gül olsun,

Gül olsun, bülbül olsun.

Bal olsun, həm yağ olsun,

Evdəkilər sağ olsun!

Verənə oğul versin,

Vermiyənə qız versin,

Xanım dursun ayağa,

Kosanın payın versin.

Mərmər hovuzun dörd qırağında

Bülbüllər oxur şax budağında,

Hər nə istəsəm, xudadan allam,

Dəllək dükanın yadına sallam.

Dəllək dükanı bütün Çırağban,

Məclisə gedər əlində qəlyan.

Qurbanın olum yaşıl çuxalı,

Dərbəndlisən, yoxsa buralı.

Bu nəğmə ilə qaytağı oynayan kosa “Kosa mürd” söylənildikdə yerə uzanar, beləcə, aşağıdakı sual-cavab başlanardı:

– Kosa, haradan gəlmisən?

– Qubadan.

– Nə gətirmişdin?

– Qax, qoz.

– Qax, qozu neylədin?

– Satdım.

– Pulunu neylədin?

– Arvad aldım.

– Bəs arvadı neylədin?

– Döydüm, öldü!

Kosanın bu cavabı üzərinə yenə xor halında aşağdakı sözlər oxunardı:

Başın sağ olsun, kosa,

Canın sağ olsun, kosa.

Arşın uzun, bez qısa,

Kəfənsiz ölməz kosa.

Sonra uşaqlar iki dəstəyə ayrılar, birinci dəstə aşağıdakı sözləri oxuduqca ikinci dəstə bu sözləri təkrar edərdi:

Bazarda üzüm,

Mələk salmanı.

Nimçəyə düzüm,

Mələk salmanı.

Bir ala gözüm,

Mələk salmanı.

Bazarda dibçək,

Mələk salmanı.

Al, suyun içək,

Mələk salmanı.

Sallama birçək,

Mələk salmanı.

Bazarda it var,

Mələk salmanı.

Quyruğunda bit var,

Mələk salmanı.

Təndirdə küt var,

Mələk salmanı.

Bu mahnılar bitdikdən sonra kosa papağını açıb ev yiyəsi və başqalarından pay yığar, aşağdakı mahnı ilə həyətdən çıxardı:

Bahar gəldi, bahar gəldi, xoş gəldi,

Xəstə könlü onu görcək dirçəldi.

Sizin bu təzə bayramınız mübarək!

Ayınız, gününüz, həftəniz mübarək!

Bayramda damları gəzib “nünnünü getmək” adəti də vardı. Bakıdakı əksər evlər alçaq, birmərtəbəli olduğundan küçədən onların damına çıxmaq asan idi. Nünnünü gedən adam ip ucuna kiçik torba bağlar, onu mətbəxin bacasından (əgər mətbəxdə adam olarsa) və ya sadəcə evin damından (bacasından) evə sallar, özünü tanıtmamaq üçün şəhadət barmağını burnuna vurmaqla “nün-nün-nün” səsi çıxarıb ev yeyəsini xəbərdar edərdi. Belə nünnünü gəzənlər qətiyyən boş qayıtmazdı. Onun torbasına bir şey salmaq lazım idi.

Bayram axşamları arvadlar əlvan xonçalarla qəbiristanlığa gedərdilər. Qəbiristanda hamı xonçasını ölüsünün qəbri üzərinə düzər, sonra oxşayıb ağlamağa başlardı.

Görərdin ki, bir qadın ucadan oxşayır:

“Əlinin gümüş qələminə, başının oymaq papağına, ağır gəlişinə anan qurban”.

Bir başqası onun ağzından alardı:

“Qıfıllı qapına, bəzənməyən süfrənə, yanmayan çırağına başıbəlalı xalan qurban”.

Arabir bayatı da deyərdilər:

Gəlmişəm, görəm səni,

Dərmişəm, hörəm səni.

Əlimdə açarım yox,

Bir açam, görəm səni.

Dalımı dağa verrəm,

Dağdan da dağa verrəm,

Bilsəm, haçan gələrsən,

Canımı sadağa verrəm.

Mən aşiq, adı qardaş,

Ağzımın dadı qardaş,

Çağırram, hay verməsən,

Tutaram yadı qardaş.

Qəbir üstündə qadınların ürək yandıran oxşama səsləri, mollaların Quran və Yasin oxumaları ölgün şüalar saçan günəşin dağlar arxasında gizlənməsinə qədər davam edərdi. Sonra hər kəs öz evinə qayıdardı.

Bayram axşamı gecəsi bütün ailə evə toplanardı. Qələmkar süfrə ortalığa döşənərdi. Evin yuxarı başında “uşaqların atası” üçün xüsusi döşəkçə salınardı. Süfrə üstə hazırlanmış xonçaya kimsənin əl uzatmağa ixtiyarı yoxdu. Kiçikyaşlı uşaqlardan biri ara-sıra xına ilə qızardılmış əlini yemiş almaq üçün qorxa-qorxa xonçaya uzatdıqda böyük bacısı onun əli üstə vurub yavaş səslə, “Çək əlini, ağa döyər” – deyib onu qorxudardı. Evin kişisi icazə verməyincə heç kəsin ixtiyarı yoxdu, əlini xonçaya uzatsın. Kişi isə hələ məşğuldu. O bir bucaqda salınmış qələmkar canamaz üstə qiraətlə namaz qılır. Onun qırxılmış başında paxlavaşəkilli ağ araxçın, əynində qara şaldan beli büzməli don, donun altında tirmə döşlük, belində ağanı qurşaq, ayağında gen lifəli, qara mahud şalvar və qırmızı-badamı puta corabı vardı. O heç tələsməz, namazını bitirdikdən sonra “Həvvil həlana ila əhsənül hal” duasını oxuyardı. Bu halda on səkkiz yaşlı böyük oğlu içəri daxil olub küçələrdə tüfəng atıldığını, beləliklə, ilin təhvil olunduğunu xəbər verirdi. Ata qoltuğundan güləbətin şəkilli saat qabını çıxarır, gümüş saatının qapağını açıb saata baxır, ilin təhvil olmasına bir neçə dəqiqə qaldığını bildirir, canamazı büküb yığışdırırdı. İrəli gəlib süfrə başında salınmış döşəkçə üstə oturaraq arxasına qoyulmuş nazbalışa söykənirdi. Hamı xonçanın başına toplandıqdan sonra bir qədər bayram yemişindən yeyir, anaları südlü plov qazanını yerə qoyurdu. Hər uşağın payını öz boşqablarına tökərək verirdi. Südlü plov yeyilib bitdikdə sonra süfrə yığılırdı.

Sübh açıla-açılmaya məscidlərin minarələrindən sübh azanının səsi eşidilərdi. İçərişəhərdə Cümə məscidində Molla Qasım adlı azançı vardı. Hündürboylu, qarasaqqallı şəxsin başında ağ Təbriz araxçını olardı. Hərdənbir şəbkülah da qoyardı. Döşüaçıq kəyanisi topuğundan bir qarış yuxarı (dörd ətək donu), qırmızıya çalan sarı döşlüyü, belində üstü sarı ipəklə çəkilmiş naxışlı, ağ qurşağı, qıçında gen balaqlı ağ kətandan, ağlifəli yalınqat tumanı vardı. Ayağına qara meşindən dikdaban Təbriz dübəndisi və bəzi vaxt sarı rəngli nəleyn geyərdi. Bu şəxs əcaib adamdı. Günə baxmaqla vaxtı düzgün söylərdi. İttifaqən birisi ondan soruşsa idi ki, Molla Qasım əmi saat neçədi, günə baxıb deyərdi: “Saat on birdir”. Saata baxdıqda isə düz on bir tamam olduğunu görərdilər. Onun güclü səsi vardı. Qədim musiqiçilər bilər. Bu adam ruhül ərvah, dügah, nəva ilə azan verərdi. Molla Qasımın azanı Bakı xalqını yuxudan oyadar, şəhərdə yavaş-yavaş həyat başlanardı. Küçələrdə uşaqların rəngbərəng paltarları, xınaya boyanmış kəkil-birçəyi və heydərli başları, tinlərdə dəstə-dəstə olub əlvan yumurta döyüşdürənlər gözə çarpardılar. Ara-sıra tapança da atılardı.

BAYRAM GÜNÜ EVLƏRDƏ

Bayram günü həyət və otaq qapılarının açıq saxlanılması ev sahibinin evdə olduğunu bildirərdi. Həyətlərin bəziləri qırlı, bəziləri boş torpaq olardı. Bəzi həyətlərdə su quyusu və çarhovuz görünərdi. Həyətin o biri tərəfində nazik daş divarla müntəzəm tikilmiş, qapı-pəncərəsi bir-birindən hündür alçaq, damı şirəli mətbəx, yanında isə dörd tərəfi metr yarım əhənglənmiş toyuq hini, bəzi həyətlərdə körək damı da görmək olardı. Mətbəxin damında əhənglə ağardılmış alçaq qoşa bacalar nəzəri cəlb edərdi. Mətbəxdə mütləq təndir, biri böyük, biri kiçik iki ocaq, bir kürə olması şərtdi. Mətbəxin divarında xırda taxaclar, təndirlə üzbəüz divarın içində beş çörək enində üç arşın hündürlüyü olan suaxan görmək olardı. Suaxanda uşaqları çox vaxt çimdirib yuyundurardılar. Suyu böyük mis qazanda isidərdilər. Bəzən gecə ev sahibləri də burada yuyunardı. Mətbəxin taxcalarında, təndir üstə qazan, yuxayayan, aşsüzən, mis qablar, divara söykənmiş mis məcməyilər, üstündə ət döymək üçün taxta, qiyməkeş, taxtadan qayrılmış hövsər tabağı, yenə o böyüklükdə və çörək dərinliyində xəmir tabağı, divarlara asılmış ələk, xəlbir, qaşıq səbəti, şalbanlardan asılan qışdan qalmış balqabaq, kudu, rısa ilə soğan, quru sərdabı balıq, dəstə ilə qurumuş qarğıdalı, narın süpürgə, bezdən qab dəsmalları nəzərə çarpardı. Evin kənarına (başmaq çıxarılan yer) palaz parçası salınardı. Otaq qiymətli xəlillərlə döşənərdi. Divarları ağardılmış otağın küncləri xırda döşəkçələr (dör döşəyi), bəzən də Təbrizdən və Ərdəbildən gəlmə ağ abı putalı kifdandazlarla döşənərdi. Otağın divarlarında cüməxtanın böyük sandıqları üstə ipək, zəzərüzlü əlvan yorğan-döşəklər və qu tükündən balışlar qoyulardı. Taxçalarda xırda mücrülərin üstündə əlvan, çin-çin ipək boğçalar qoyulardı. İki cüməxtanı arasında, döşəmədən bir qədər yuxarı, bir cüt bədənnnüma ayna, iki taxçanın arasında divar saatı, saatın sağ və solunda maral başları, həyətə açılmış pəncərələrin sütunlarında isə ətəkləri qırmızı xoruzşəkilli ağ üz dəsmalları asılardı. Burada ara-sıra məxmər, üstünə güləbətin çəkilmiş daraqqabı, saatqabı da nəzəri cəlb edərdi.

 

Otağın bütün divarlarında ləmə olardı. Ləməyə ikiçin əlvan zərli çini kasa və boşqab düzülərdi. Ləməyə bəzən bürünc aftava-ləyən, çini gilabzən, böyük görkəmli dayaz düşbərəxur, dərin plov nimçələri, bəzən də əlvan yağlı rənglərlə çəkilmiş şəkilli dəmir podnoslar düzülərdi. Ləməni küncləri böyük düşbərəxur (supnik) və qeyri bu kimi ev ləvazimatı ilə bəzənərdi. Pəncərədən sarı şamdanlar, bəzi evlərdə isə saxsıdan çilçıraq (tünc rəngli) asılardı. Evin ortasında xalının üstünə böyük qələmkar süfrə döşənərdi. Süfrə üzərinə rəngli nimçələrdə şəkərçörəyi, şəkərbura, paxlava, noğul, nabat, püstə, badam, əlvan rənglənmiş yumurta, kasalarda islanmış albuxara, bunu yemək üçün naxışlı taxta qaşıqlar düzülərdi. Süfrənin ortasına ara-sıra boşqablarda yaşıl səmənilər qoyulardı. Səmənini bayramdan bir həftə qabaq isti otaqlarda bir qarış göyərdərdilər. Yuxarıda saydığımız şirniyyatdan başqa süfrədə tut qurusu, miyanpur, innab, ləbləbi, kişmiş, səbzə, alma, portağal da olardı. Evdə bayram görüşünə gələnləri qəbul etmək üçün evin ya böyük oğlu, ya bacı oğlu, yainki qardaş oğlu təmiz, yeni bayram paltarını geyib, xınalı əlində gilabzən qapı ağzında əli döşündə ayaq üstə dayanıb gələnlərin əlinə gülab səpər, görüşdükdən sonra onlara yer təklif edərdi. Ev sahibi himlə həmin adama işarə edərdi, qonaq üçün çay gətirsin. Bayram zamanı hil, darçın, zəncəfil, qəhvə çayı da vermək adət idi. Bundan əlavə şərbət də verərdilər. Bayram görüşünə gələnlərə süfrədə olan şirniyyatdan yeməyi təklif edər və onlarla söhbətə başlardılar. Bu zaman yan otaqda qapı arasından evin kiçik uşaqları, yeni yetişmiş qızları, uşaqların anası gələn nəfərin kim olduğunu bilmək üçün qapı arasından baxardılar. O dəqiqə uşaqların üst-başını qaydaya salıb Hacı Novruzqulu əmilə bayramlaşmağa göndərərdilər. Uşaqların gəlməsini görən Hacı Novruzqulu qollarını uşaqlara doğru uzadıb barmaqlarını tərpədərək özünə tərəf çağırardı.

– Po… qədə… qədə.. qədə… gəl Hacı əminin yanına…

Uşaqlarda utanar, bir ayağı gedər, bir ayağı getməz, bir-birini itələyərək Hacı əminin yanına gələrdilər. Hacı əmi bunları öpüb sığallayar, hərəsinin ovcuna bir ağ pul bayramlıq basardı. Bayramlaşmağa gələnlər yerin azlığını görərək xudahafizləşib gedərdilər ki, başqa gələnlər üçün yer açılsın. Bayram bu qayda ilə üç gün davam edərdi.

Üç gündən sonra qadınlar işə başlardı. Bir həftə qadınlar bayram edərdi. Novruzdan bir ay və ya ay yarım keçmiş hər məhəllənin cayılları pul qoyub şəhərin ətrafına seyrə çıxardılar. Bu yerlər Yasamal üstü, Biləcəri qalası, Pirvənzəri üstü və Bibiheybət idi. Burada da onlar bəzən həftələrlə çalıb oynamaqla vaxtlarını keçirərdilər. O yerə qonaq gedən gənclər xəcalətli olmamaq üçün ya bir kəllə qənd, bir girvənkə çay və ya bir qoyun, ya da bir dəstə çalğıçı aparırdılar. O zaman, əsasən, Quba meydanı, Kömür meydanı, Şamaxı yolundan ibarət şəhərin geniş meydançalarında çox vaxt Dağıstandan gəlmiş cavanlar camaata tamaşa verərdilər. Onlar iki möhkəm şalbanı bir-birinə çatıb yerə maili surətdə basdırdıqdan sonra ikisini də eləcə on-beş metr məsafədən sancardılar. Sonra şalbanların yuxarıdakı haçalarına kəndir bağlayıb birindən o birinə uzadar, taram çəkib həmin kəndiri möhkəmcə bağlayardılar.

Bir gənc əlində uzun, şüyül ağac – müvazinət ağacı (ləngər) ip üstə qalxar, zurnanın çaldığı havanın ritmi ilə kəndirin üstündə rəqs edərdi. Kəndir üstündə oynanan rəqslər qaytağı, təkçalma və sairədir. Bunların ahəngi altında oynayana və atılıb-düşənə rustombaz, ya da kəndirbaz deyərdilər. Onun təlxəyi də olardı. O, çuxanı tərsinə geyib boynundan və qollarından zınqırov asar, üzünə dəridən üzlük geyib aşağıda təqlid çıxarar və yamsılamaqla pul yığardı. Təlxək hərdən yuxarıya xitabən:

– Can, qardaş! – deyərdi. – Hünər kimin üçündür?

– Hünər sənin üçündür. Əgər sən ip üstündə qaytağı oynasan, bura yığılan ağalar bizə cib xarclığı verərlər. Usta balabanı kök elə!

Bu qayda ilə oyun uzun zaman davam edərdi. Bayram günlərində gedən oyunların biri də “cızıq tutması” oyunu idi. Geniş küçələrin birində yerdə beş-altı kvadrat sazen dövrə çəkərdilər. Cızıq tutması oyununda iştirak edənlər iki dəstəyə bölünərdi. Çevrənin kənarında olan uşaqların əlində turna olardı (Uşaqlar qurşaqlarını bellərindən açıb düyümlər, ona da turna deyərdilər). Çalışmalı idilər ki, xaricdəkilərə təpik vursunlar, kənardakılarsa əllərindəki turna ilə daxildəkiləri döysünlər. Fəqət kimsə ayağını cızıqdan içəri, ya kənara qoysa idi, onu tez bərk vurar, yaxud ayağını xaricə qoysa, onu da turna ilə döyüb içəri qovardılar. Əgər xaricdəkilərdən birinə təpik dəysəydi, o zaman dəstələr yerini dəyişməli idilər. Bu növ davam edən oyuna “cızıq turnası” deyərdilər. Cızığın içərisinə girməyə birinci dəfə heç kəs razı olmazdı. Bu səbəbdən cızıq turnası oyununun mahnısı vardı. Həmin mahnının axırıncı kəlməsi kimə düşsə, azad idi. O biri dəstə cızığın içərisinə girməli idi.

Motal, motal, tərsə motal,

Yağ atar, qaymaq tutar.

Hacı oğlu Mustafanın

Qoltuğundan bir top atar.

Əkilkə bir quş idi,

Divarda oturmuşdu.

Getdim onu tutmağa,

O məni tutmuş idi.

Meydana salmış idi.

Meydanın ağacları

Dən gətirib ucları.

Çəpər çəkdim, yol açdım,

Qızılgülə dolaşdım.

Bir dəstə gül dərməmiş

Anası gəldi, mən qaçdım.

İynə-iynə, ucu düymə,

Şam ağacı qotur keçi.

Happan-huppan,

Yağlı-yırtıl,

Su iç qurtul.

Bəziləri mahnını aşağıdakı şəkildə oxuyardı:

Dumbulu çala-çala getdim bağa,

Bir sürü qızlar ilə oynamağa.

Əl atdım kiçik qızın məməsinə,

Böyüyü haray çəkdi nənəsinə.

Nənəsi xəncər, bıçaq o böyrümə, bu böyrümə,

Böyrümü tuta-tuta getdim həcə.

Həc dedi, canın çıxsın, gəlmə gecə.

Yeddi gün, yeddi gecə ağlamışam,

Atımı çöllərdə bağlamışam.

Atıma kişmiş gərək kişnəməyə,

İtimə sümük gərək gəmirməyə.

Əkilkə, məkilkə,

Stotdi namala.

Təbil-təbil, yeşil-vəşil,

Adı val.... padval,

Atdım, matdım,

Mən səni aldatdım.

Sən gedərsən, mən ağlaram dalınca,

Yaylıq elə, məni apar yanınca.

Qoltuğunda bağlama, mən gedirəm, ağlama,

Gedərəm, tez qayıdaram, özgəyə bel bağlama.

Yuxardakı mahnıların axırı kimdə qurtarsa, o dəstə azad olar, yəni cizginin kənarına turna vurardı.

Şəhərin başqa bir tinində toplaşmış uşaqlar “Qələndər, ay Qələndər” oynunu oynardılar. Bu oyunu belə oynardılar: uşaqlardan bir nəfər nüfuzlusu ana (oyun başçısı) olardı. O, əlindəki turnanı uşaqlara verər və aşağdakı tapmacanı söylərdi:

– Bir quşum var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Dimdiyi var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Su içər buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Ayaqları var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Gözləri var buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Qanadları buxartana,

Xor:

– Qələndər, ay Qələndər!

– Başı mənim, ayağı sənin, tap görək?

Bu zaman uşaqlardan birisi yaxınlaşıb deyərdi:

– Qarğa.

Ana deyərdi:

– Ver qarğaya (yəni bilmədin)!

Uşaq əlindəki turnanı tapmadığı üçün yoldaşına ötürərdi. O biri deyərdi:

– Ördək.

Ana etiraz edərdi:

– Ver ördəyə!

Uşaq verərdi o birinə, o birisi səslənərdi:

– Toyuq.

Ana başını bulayardı:

– Ver toyuğa!

Daha başqası:

– Göyərçin, – deyəndə ana razılaşardı.

– Plan (yəni tapmısan)!

Uşaq turnanı alıb yanındakı uşaqları döyməyə başlardı. Ana isə bu zaman, “Plan-plan” – deyərək bir qədər davam etdikdən sonra qəflətən deyərdi: