Xatirələrim

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Polis məmurları şəhər əhli ilə kefləri istəyən qaydada rəftar edərdilər. Bakıda olan inzibati idarələr səkkiz məntəqədən ibarət idi. Hər məntəqədə baş rəis olardı. Ona pristav deyərdilər. Qumarbazlıq, sərxoşluq, dəllallıq, rüşvətxorluq çox yayılmışdı. Çar hökuməti tərəfindən bir çox fahişəxanalar açılmışdı. Bunlar polis məmurları tərəfindən mühafizə olunurdu.

Hələ Bakıda su kəməri olmadığı vaxtlarda varlılar Şüvəlandan araba ilə su gətirdir, kasıblar isə sudan da korluq çəkirdilər.

Bakıda cəmi bir dənə Mixaylovski xəstəxanası və Qaraşəhərdə neftçilərin xərci ilə tikilmiş başqa bir xəstəxana var idi. Uşaq təbibi tapmaq çox çətin idi. Odur ki, şəhərdə uşaq ölümü çox olurdu.

Keçmişdə Nikolayev adına (indiki Kommunist) küçədə şəhər bələdiyyə idarəsi, dəniz kənarında – indiki təbiblər evində isə qubernatorun idarəsi yerləşirdi. Telefon xətti, telefon aparatları kontorlardan başqa tək-tək evlərdə qoyulmuşdu.

Şəhərdə ancaq "İslamiyyə", "İskəndəriyyə", "Köhnə Avropa" və milyonçu Musa Nağıyev tikdirən "Yeni Avropa" mehmanxanaları var idi.

Hər üç ildə bir dəfə Bakı şəhər bələdiyyə idarəsinə "qlasnı" seçkisi olardı. Evi və alveri olmayan "qlasnı" (deputat) seçilməzdi. Ona görə Dumanın əksər "qlasnıları varlılardan ibarət idi. Cəmi "qlasnılar" həştad nəfər idi. Şəhər bələdiyyə idarəsi rəisinin üç müavini olardı. Bizim bələdiyyə idarəsi rəisi ildə iyirmi min, onun köməkçiləri isə ildə on min manat maaş alardılar.

Bakı bələdiyyə idarəsinə Kursk şəhərindən Nikolay Vasilyeviç Rayevski adlı bir nəfər rəis seçilmişdi. Ona ildə iyirmi min manat maaş təyin olunmuşdu. O, çalışırdı ki, həmvətənlərini də Bakı şəhərinə gətirsin.

Bir dəfə Dumanın iclaslarından birində o, Kurskdan Smirnov familiyalı bir hesabdarın Bakıya çağırılmasını, ona ikiotaqlı mənzil, telefon, fayton və şəhər ətrafında ayrıca yer verilməsini təklif edir. "Qlasnılar" bu təklifə razı olurlar. Smirnov gəlib işə başlayır. Bundan sonra Rayevski yuxarıdakı şərtlərlə Kurskdan Vasilyev familiyalı həkim gətirdir. Sonra şəhər üçün də bir bağban gətirilməsini təklif edəndə "qlasmlar" dan İsrafil Hacıyev Rayevskidən icazə istəyib deyir:

– Cənab Rayevski, sizdən acizanə xahiş etmək istəyirəm: budur üç ay olur ki, bizim Tiflisdə olan Şeyxəlislam vəfat edibdir. Əgər mümkün isə yazıb bizə Kurskdan bir Şeyxəlislam gətirdəsiniz. – Bu sözdən sonra böyük gülüşmə düşür, Rayevski özü də gülür.

İnqilabdan əvvəl şəhərin fırıldaqçıları müxtəlif yollarla camaatın var-yoxunu əllərindən alırdılar. Dua yazmaq, cinləri oyatmaq, uşağı olmayan arvadlara uşaq duası yazmaq geniş surətdə yayılmışdı.

Mən 1888-ci ilin fevral ayında Bakıda – belə bir mühitdə anadan olmuşam. Atam Mütəllib Abasqulu oğlu kənd müəllimi olub, anam Ayna xanım Məhəmməd Səlim qızı isə ev işlərindən başqa dəzgah qurub bafta toxumaqla da məşğul olardı. Uşaqlıqda atam məni aparıb mərkəzi poçt idarəsinin rəisi Sinilnikovun ailəsinə tapşırmışdı. 5 il tamam orada qalandan sonra mən rusca danışmağı öyrəndim. Sonra məni İçərişəhərdə Şah məscidinin yanında olan Mahmudbəy Mahmudbəyovun məktəbinə qəbul etdilər. Rus dilini bildiyim üçün oxuyanlar arasında birinci şagird hesab olunurdum. 3 il ərzində "Rus-tatar" məktəbini bitirdikdən sonra məni Şamaxı yolunda Kalantarovun evində olan 6 sinifli məktəbə qəbul etdilər. Həmin məktəbdə Soltanməcid Əfəndiyevlə bir skamyada oturub dərslərə davam edirdim. Məktəbin müdiri şamaxılı müəllim Həbibbəy Mahmudbəyov idi. Şükürbəy Əfəndiyev, Əli İsgəndər Cəfərov, Süleymanbəy Əbdürrəhmanbəyov, Mehdibəy Hacıbababəyov, Trequlov və başqaları həmin məktəbdə dərs verirdilər. Bizim 6-cı sinif müəllimi şəkili Süleymanbəy Əbdürrəhmanbəyov idi. Onun rusca dərs aparmaqda böyük qüdrəti var idi. Məktəb siniflərinin birində səhnə var idi. Orada mən təzəcə rejissorluğa iqdam etmiş Hüseyn Xələfovla tanış oldum.

Səhnə Qəhrəmanı

Hüseynin atası Bakı dövlətlilərinin paroxodlarında muzdurluq edirdi. Camaat arasında ona Pişgah Məhəmməd deyirdilər. Çox kasıb bir adam idi. Vaxtsız vəfat etdiyindən Hüseyn lap uşaq ikən yetim qalmışdı. Onun dayısı Hacı Ağakərim çox varlı olmasına baxmayaraq Hüseyngilə heç bir kömək etmirdi. Anası Pəri, oğlunu S.M.Qənizadənin müdir olduğu "Rus-tatar" məktəbində oxutmuşdu. Sonralar realni məktəbdə oxuyub rus dilini yaxşı öyrənmişdi. Hələ uşaqlıqdan teatrı sevən Hüseyn tez-tez rus teatrına gedib, orada oynanılan əsərlərə tamaşa edirdi. Hətta məni, Əbülfət Vəliyevi və Sarabskini də özü ilə aparıb sözsüz rollarda çıxış etməyə həvəsləndirirdi. O zaman sözsüz rol ifaçılarına 50 qəpik pul verirdilər. O çox sevdiyi Qoqol, Puşkin və Dostayevskinin əsərlərindən monoloqlar söyləyirdi. Uşaq ikən "Kaspi" qəzetində çalışar, ayda aldığı on yeddi manatla anasını və özünü güclə saxlayırdı.

"Nadir şah"ı hazırlamaq üçün Peterburqdan Aleksandr Aleksandroviç İvanov, Moskvadan isə Petrosyan Bakıya dəvət olunmuşdu. Onlarla Ərəblinski arasında tezliklə səmimi dostluq yarandı. Ərəblinskinin görkəmli bir aktyor kimi yetişməsində hər iki rejissorun böyük köməyi olmuşdu.

1904-cü ildə Xələfovun rəhbərliyi ilə mən birinci dəfə Molla İbrahim Xəlil rolunda səhnəyə çıxmışam. Həmin tamaşanın məşqi artist Cahangir Zeynalovun evində gedirdi. Məndən başqa Əbülfət Vəliyev, Mirmahmud Kazımovski, Rüstəm Kazımov, Məmmədhaşım Əliyev, müəllimlərdən Rəsul Tahirov, Süleyman Sani Axundov, Bədəlbəy Bədəlbəyov da həmin məşqdə iştirak edirdi. Tamaşanın əl ilə yazılmış afişalarından birinə mənim Molla İbrahim Xəlil rolunda şəklim də çəkilmişdi. Tamaşanın ikinci günü on nəfərə qədər molla və dindar indiki Bir may küçəsi ilə Hüsü Hacıyev küçələrinin tinində məni pis sözlərlə təhqir edib döydülər. Polis məmurları məni onların əlindən alıb xəstəxanaya apardılar. İki aya qədər xəstəxanada yatdım.

Sonralar H.Ərəblinski, H.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük", "Pəhləvanam-zəmanə", "Müsibəti-Fəxrəddin", Ə.Haqverdiyevin "Dağılan tifaq", "Ağa Məhəmməd şah Qacar", xüsusilə böyük dramaturqumuz M. F. Axundov "Hacı Qara", "Lənkəran xanının vəziri", N. Nərimanov "Nadir şah", "Dilin bəlası", "Bahadır və Sona" və başqa başqa əsərlərdə bizimlə birlikdə baş rollarda oynayar və çox vaxt isə həmin tamaşalarda bizə rejissorluq edərdi. Biz Cahangir Zeynalovun evində "Yağışdan çıxdıq, yağmura düşdük" əsərini ilk dəfə tamaşa hazırlayanda bizim rejissorumuz Ərəblinski idi.

Yadıma düşmüşkən bir məsələni də demək istəyirəm: Hüseyn "Ərəblinski" familiyasını sonradan götürmüşdür. Biz tez-tez Dərbənd və başqa şəhərlərə qastrola gedirdik. Bir dəfə Dərbənd qastrolu zamanı orada yaşayan general Ərəblinski bizi öz malikanəsinə qonaq çağırdı. Malikanə Dərbəndin yaxınlığında, indiki Ərəblinski stansiyasında idi. Qonaqlıq zamanı Hüseyn "Ərəblinski" ni səhnə ləqəbi kimi qəbul etdi və sonralar bu adla məşhur oldu.

Hüseyn səhnəmizdə Nadir şah, Ağa Məhəmməd şah Qacar, Xlestakov, Otello, Əhməd Şamxal, Əlmənsur, Fərhad, Ağabala kimi rolları özünəməxsus bir ustalıqla oynamış və böyük şöhrət qazanmışdı. O oynadığı rolun bütün xarakterini, koloritini dərindən öyrənərdi və bunu tamaşaçıya çox gözəl çatdırardı.

İstər "Dursunəli ballıbadı" kimi kiçik əsərdə Ağa Cəfəri, istərsə də bütün dünyada məşhur olan "Otello" da Otello rolunu elə oynayırdı ki, görənlər hər iki ifaya heyran qalırdı. İnsan inana bilmirdi ki, bu rolları oynayan aktyor, yəni Ərəblinski heç də "Axşam səbri xeyir olar" əsərində Ağa Cavadı oynayan şəxsdir. Burada bir misal çəkmək istəyirəm. Rus səhnəsində N. V. Qoqolun "Müfəttiş"indəki Xlestakov çox məşhur və məsul roldur. Bu rolu çox artistlər oynayıblar. Onların çoxu da məhz bu rolla şöhrət qazanmışlar. Səhv etmirəmsə, 1907-ci ildə biz "Müfəttiş" oynadıq. Hüseyn birinci dəfə Xlestakovu, mən isə Osip rolunu oynayırdım. Tamaşaya azərbaycanlılardan başqa teatr sənətinə qiymət verən rus və başqa xalqların nümayəndələri də gəlmişdilər. Hamı bizim N. V. Qoqolu necə başa düşdüyümüzü, onun yaratmış olduğu surətləri səhnədə necə canlandıracağımızı görmək istəyirdi. Tamaşa zamanı alqış səslərinin ardı-arası kəsilmirdi. Bir gün sonra "Kaspi" qəzetində resenziya çıxdı. Orada yazılmışdı ki, N. V. Qoqol öz sağlığında altı aktyorun Xlestakov rolundakı çıxışına tamaşa etmiş və heç birindən razı qalmamışdı. Əgər Qoqol sağ olsaydı və dünən gecə Bakıda müsəlmanların oynadığı "Müfəttişə"ə baxıb Ərəblinskinin Xlestakovu necə ifa etdiyini görsəydi, bu böyük aktyordan razı qalardı.

Bununla mən onu demək istəyirəm ki, H.Ərəblinski üçün rolun böyük-kiçiyi yox idi.

H.Ərəblinski həmişə böyük rus aktyorları ilə dostluq və yaxınlıq edərdi. Bakıya gələn rus aktyorlarını görmək, onların oyunlarına baxmaq onun birinci arzusu olardı. Bizi də özü ilə belə tamaşalara aparar, onlardan öyrənməyi məsləhət görərdi. Mən Şalyapinlə şəxsən Ərəblinskinin vasitəsi ilə tanış olmuşam.

O, Moskva Bədaye Akademik Teatrının gözəl aktyoru Kaçalovla da dost idi və bir neçə monoloqu da ondan öyrənmişdi. Ərəblinski konsert, müsamirə və məclislərdə "Hamlet" dən və başqa klassik dramlardan məharətlə, ustalıqla monoloqlar söyləyirdi. Onun monoloqlarına qulaq asanlar heyran qalırdılar. Öz sənətinin aşiqi olan bu mahir aktyor qabiliyyətli oyunları ilə tamaşaçıları məftun edirdi.

Polonskinin truppasında Pyotr Krayedski adlı bir komik var idi. Bu adam həm yaxşı aktyor, həm də savadlı, məlumatlı bir teatrşünas idi. Aktyorluq sənəti haqqında faydalı məsləhətlər verərdi. Ərəblinski məni də onunla tanış etmişdi. Krayedski komik aktyorun xüsusiyyətləri haqqında bizimlə söhbət aparardı, mühazirə oxuyardı, komik rolun oynanılması üsullarını öyrədərdi.

Azərbaycanlı aktyorlardan kino-filmlərdə birinci oynayan Ərəblinski olmuşdu. 1916-cı ildə Bakıda çəkilmiş "Neft və milyonlar səltənətində" filmdə Lütfəlibəy rolunu çox məharətlə oynamışdı.

H.Ərəblinski səhnəyə o qədər vurulmuşdu, səhnəyə o qədər aşiq idi ki, hətta söhbət zamanı and içmək lazım gələndə o: "and olsun səhnəyə" deyərdi. Onun üçün səhnədən başqa and, səhnədən müqəddəs bir şey yox idi. Teatr, səhnə Ərəblinski üçün həyatın mənası demək idi. Məşq üçün onun evinə yığışdığımız zaman Hüseyn bizə böyük aktyorlardan, dramaturqlardan, rəssamlardan danışardı.

 

Gənc aktyorlara daim qayğı göstərən bu sənət vurğunu, həm də sədaqətli və mehriban bir yoldaş idi.

Yaxşı yadımdadır, 1918-ci ildə bir gün Hüseyn Ərəblinskinin anası Pəri xala bizim evimizə gəlib anama dedi:

– Məni Hüseyn göndərib ki, Hacağanı onun yanına çağırım.

Anam məni yuxudan oyadıb bunu xəbər verdi. Bir saat keçməmiş mən Ərəblinskinin evində oldum. O xeyli qəmgin və fikirli oturmuşdu. Səbəbini soruşduqda başına gələn əhvalatı belə nəql etdi:

– Hacağa, – dedi – qəmli olmağımın səbəbi budur ki, keçən gün "Şəms" restoranına gedib yemək istədim. Hacı Aslan Məcidov kababçılıqdan bir az pul qazanıb, özü də ancaq kassada oturur. Oğlu Əliheydər isə restoranı idarə edir.

Hacı Aslan soyuqqanlıqla mənə baxıb dedi ki, Əliheydər, dünəndən qalmış tavakababından qızdırıb bu artistə ver. Bu söz mənim əhvalımı pisləşdirdi, evə ac gəldim. Hacağa, indi mənim qəmli olmağımın səbəbini bildin? Əgər bir vaxt "qiyamət günü" deyilən əhvalat baş versə nə olacaq? Dünyada ömür keçirib gedən peyğəmbərlər gələcəklər məhşərə. Qeybdən səs gələcək: "Ya Musa, sənə inanan kəsləri çək qabağa" – Bu vaxt məhşər əhli görəcək ki, Edisson öz ixtiraları ilə, məşhur musiqi ustadı Rubinşteyn öz musiqi aləti ilə, professor Akinşeviç öz cərrah bıçağı ilə gəlib bir yanda dayanacaq; sonradan əmr olunacaq: "Ya İsa, çək gəlsin sənə inananları". Bu vaxt görəcəklər ki, Puşkin, Qoqol, Lev Nikolayeviç Tolstoy öz kitabları ilə, sonra Belinski öz əsərləri ilə gəldilər. Əlbəttə, bu təklif Məhəmmədə də ediləcəkdir. Bu zaman məhşər əhli görəcək ki, qovurmacı Əbdüləli, onun dalınca kababçı Hacı Aslan Məcidov gəlib Məhəmmədin hüzurunda duracaqlar. Məhşər əhli qəhqəhə çəkib gülüşəcək, Məhəmmədin ümmətinə əcəb afərin deyəcək… Görəsən, Hacağa, elə bir dövr gələcəkmi ki, bizim bu yazıq xalqın fikrinə, istedadına, onun incəsənətinə qiymət versin?..