Dekameron

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Dekameron
Dekameron
Darmowy e-book
Szczegóły
Dekameron
E-book
Szczegóły
Dekameron
E-book
Szczegóły
Czcionka:Mniejsze АаWiększe Aa

YEDDİNCİ HEKAYƏ

Babilistan sultanı öz qızını kral del Qarboya ərə vermək üçün yola salır; o, müxtəlif təsadüflər nəticəsində, müxtəlif yerlərdə doqquz kişinin əlinə düşür, axırda bakirə bir qız kimi atasının yanına qayıdır, oradan da əvvəlki niyyəti ilə kral del Qarbonun yanına, ona arvad olmağa gedir

Jemilyanın danışdığı hekayə bir az da uzansaydı, madonna Beritolanın başına gələn müsibətlər cavan xanımları, duyduqları mərhəmət hissindən, bəlkə də göz yaşı tökməyə vadar edərdi. Hekayə qurtarandan sonra kraliça belə məsləhət gördü ki, Pamfilo öz hekayəsi ilə söhbəti davam etdirsin. Pamfilo da çox həvəslə sözə başladı:– Gözəl xanımlar, bizə nə lazım olduğunu biz çətin təsəvvür edirik; biz tez-tez görürük ki, bir çoxları, varlandıqdan sonra qayğısız və qorxusuz yaşayacaqlarını güman edərək, varlanmağı həm allahdan yalvarıb istəyirlər, həm də zəhmətdən və təhlükədən çəkinməyərək inadla çalışırlar. Onlar arzularına çatsalar da, elə adamlar da olur ki, böyük irsə sahib olmaq üçün bir dövlətlini öldürürlər, halbuki həmin adam hələ dövlətli olmamışdan əvvəl onları sevərdi, həyatını qoruyardı. Bəziləri də min bir təhlükə nəticəsində, qardaşlarının, dostlarının qanı hesabına, aşağı vəziyyətdən şahlıq hakimiyyəti mövqeyinə yüksəlirlər, elə zənn edirlər ki, ən böyük xoşbəxtlik bundadır. Lakin yüksək mövqeyə qalxandan sonra görürlər, hiss edirlər ki, ora qayğı və təhlükə ilə doludur, həm də öz həyatları bahasına anlayırlar ki, padşahlıq süfrəsində qızıl qədəhdə zəhər içirlər. Bir çoxları böyük ehtirasla sağlam bədən, gözəllik, müxtəlif zinətlər arzu etmişlər, lakin başa düşməmişlər ki, onların arzusu pis bir istiqamət almışdır; bu şeylər onların ölümünə, ya müsibətli gün-lərə düşməsinə səbəb olandan sonra bunu anlamışlar. Bütün insan arzularından ayrılıqda bəhs etməyərək, mən qəti deyirəm: elə bir arzu yoxdur ki, insan bunu tam idrakla, taleyin təsadüflərindən qorunmaq məsələsində, o biri arzulardan üstün tutsun. Buna görə, əgər biz lazım olduğu kimi hərəkət etmək istəyiriksə, işimizi elə qurmalıyıq ki, allahın bizə verdiyi şeyi seçib əldə edə bilək, bizə də nə lazım olduğunu ancaq allah bilir, bunu da bizə o verə bilər. Lakin insanlar öz arzuları üzündən müxtəlif şəkildə günah iş tuturlar, siz də, məla-hətli xanımlar, bir məsələdə günah iş tutursunuz: siz təbiətin verdiyi gözəlliklə kifayətlənməyərək, daha gözəl olmaq istəyirsiniz, buna görə də çox məhərətlə öz gözəlliyinizi artırmağa çalışırsınız. İndi mən sizə bir sarisin qızının uğursuz gözəlliyindən danışmaq istəyi-rəm: o öz gözəlliyi üzündən cəmisi dörd ilin içində doqquz dəfə ərə getməli olmuşdur.

Biri varmış, biri yoxmuş, çox-çox bundan əvvəl Babilistanda Beminedab adlı bir sultan varmış. Arzu etdiyi şeyi o çox vaxt əldə edə bilərmiş. Beminedabın bir neçə oğlu və qızı varmış, bu qızlardan birinin adı Alatiel imiş, onu görənlər deyirmiş ki, dünyada olan qız-ların ən gözəli odur. Beminedab, çoxlu qoşunla hücum edən ərəblərə böyük zərbə endirir, bu qalibiyyətdə kral del Qarbonun ona çox köməyi dəyir; sultan da bunun əvəzində Alatieli ona verəcəyini vəd edir. Kral bunu ondan böyük bir mərhəmət kimi xahiş etmişdi. Sultan Beminedab qızını, kişilərdən və qadınlardan ibarət hörmətli bir məiy-yətlə, baha qiymətli, zəngin avadanlıqla, yaxşı silahlanmış, yaxşı təchiz edilmiş gəmiyə qoyub, allaha tapşırır, kralın yanına göndərir. Hava yaxşı olan kimi gəmiçilər gəminin yelkənlərini açıb, İskəndə-riyyə limanından çıxırlar, gəmini külək əsən səmtə yönəldərək, bir neçə gün rahat yol gedirlər. Sardiniyanı keçirlər, istədikləri yerə çatmağa az qalanda, qarşı tərəfdən külək qalxır, get-gedə elə şiddət-lənir ki, qızın mindiyi gəmini az qalır batırsın, belə ki, gəmidəki adamlar bir neçə dəfə özlərini məhv olmuş hesab edirlər. Lakin gəmiçilər məhərətli olduqlarından, bütün təcrübə və güclərini işə salaraq, fırtınalı dənizlə mübarizəyə girişir, iki gün davam gətirirlər, fırtına yatmır, get-gedə artırdı. Üçüncü gün, axşam, gəmiçilər nə gəmiçilərə tanış olan əlamətlərlə, nə də gözlə harada olduqlarını müəyyən edə bilmədilər, çünki göy üzünü bulud almışdı, hava zil qaranlıqdı. Onlar Mayorkadan bir az yuxarıda olanda hiss etdilər ki, gəmi çatlamışdır. Buna görə, başqa bir qurtuluş yolu olmadığından, həm də hər kəs öz hayına qaldığından, dənizə qayıq saldılar, gəminin başçısı qayığı çatlamış gəmidən etibarlı hesab edib qayığa endi, onun da ardınca gəmidə olan adamlardan bir neçəsi özünü qayığa atdı. Qayıq batar deyə, onlar bu adamlara bıçaqla mane olmaq istədilər, lakin qabaqlarını ala bilmədilər. Onlar ölümdən xilas olmaq istərkən özlərini ölümün ağuşuna atmış oldular: qayıq, fırtınalı dənizdə bu qədər adamı saxlaya bilmədiyindən, batdı, içindəki adamlar da məhv oldu. Amma gəmi çatlasa da, içi az qala su ilə dolsa da, şiddətli külək onu qovub apardı. Gəmidə sultanın qızından, qızın qulluqçularından başqa heç kəs qalmamışdı, onlar da fırtınanın zəhmindən və qorxu-dan taxta döşəmə üstündə bayılıb qalmışdılar. Nəhayət, külək gəmini Mayorka adası sahilinə elə sürətlə atdı ki, gəmi sahildən bir az kənarda az qaldı quma batsın, bütün gecəni dalğaların zərbəsindən yırğalana-yırğalana orada qaldı, külək onu yerdən qopara bilmədi. Səhər açılandan, fırtına da bir az sakitləşəndən sonra qız ölümcül halda başını qaldırdı. O, gücdən düşsə də, məiyyətindən olan adam-ları çağırmağa başladı, cavab verən olmadı, çünki bu adamlar daha yox idi. Gördü ki, heç kəs ona səs vermir, heç kəs də yoxdur, – buna heyrət etdi, onu bərk titrətmə tutdu. Bir təhər ayağa qalxaraq gördü ki, onunla gələn qadınlar da, o biri adamlar da yerdə yıxılıb qalmış-lar. Onları bir-bir əli ilə yoxladıqdan və xeyli çağırdıqdan sonra bildi ki, bu adamlardan çox azı sağ qalmışdır: bəzisi şiddətli mədə pöz-ğunluğundan, bəzisi də qorxudan ölmüşdür, bu onun dəhşətini daha da artırdı. Lakin özünü tək görsə də, harada olduğunu bilməsə də, müəyyən bir qərara gəlmək zərurətini hiss etdi: sağ qalanlara ürək verib, onları ayağa qaldırdı, sonra da yəqin etdi ki, kişilərin harada olduğunu onlar da bilmir, gəminin də sahildə quma batdığını, su ilə dolduğunu görüb, o biri qadınlarla bir yerdə dərdli-dərdli ağlamağa başladı.

Saat doqquza işləyirdi, lakin qız nə sahildə, nə də başqa bir yerdə adam görmürdü ki, yalvarıb-yaxarsın, kömək diləsin. Saat doqquza qalırdı, Perikon da Visalqo adlı aristokrat bir adam, bir neçə xidmət-çisi ilə, atla təsadüfən öz malikanəsindən qayıdarkən, oradan keçib gedirdi. Gəmini görüb, nə hadisə baş verdiyini o saat başa düşdü, xidmətçilərindən birinə əmr etdi ki, tez gəminin içinə gir, orada nə olduğunu öyrən. Xidmətçi çox çətiiliklə gəmiyə qalxdı, gördü ki, orada cavan bir xanım, yanında da bir neçə qadın var, onlar gəminin qabaq tərəfində qorxa-qorxa gizlənmişlər. Onlar bu adamı görüb ağlaya-ağlaya yalvardılar ki, bizə rəhmin gəlsin, bizi buradan xilas elə. Lakin gördülər ki, o adam bunların dediyini anlamır, bunlar da onun dediyini başa düşmürlər, qəzaya uğradıqlarını əl-qol hərəkəti ilə ona izah etməyə çalışdılar. Xidmətçi hər şeyi diqqətlə gözdən keçirdi, orada gördüklərini gəlib Perikona danışdı. Perikon dərhal sərəncam verdi, qadınları, çıxarılması mümkün olan ən qiymətli şeyləri gəmidən götürdüb, öz qəsrinə apartdırdı. Qadınlar burada yeyib dincəldilər. Sonra Perikon qızın zəngin avadanlığından başa düşdü ki, o, yüksək aristokrat ailəsindəndir. Çox keçmədi, o biri qadınların qıza göstərdiyi hörmətdən bunu yəqin bildi. Dənizdəki fəlakət nəticəsində qızın rəngi solsa da, Perikona çox qəşəng gö-ründü, dərhal belə qərara gəldi: əgər qız ərdə deyilsə, onunla evlənsin, evlənə bilməsə, onu məşuqə etsin.

Perikon üzdən mərd adama oxşayırdı, bədəncə də çox möhkəm idi. Onun buyruğu ilə qıza mümkün qədər yaxşı baxdılar, bunun nəticəsində qız lap əmələ gəldi. Perikon gördü ki, onun gözəlliyi vəsfə gəlməz gözəllikdir, qızın dilini, qızın da onun dilini bilmə-diyinə çox təəssüf etdi, çünki qızın kim olduğunu öyrənə bilmirdi. Qızın gözəlliyi Perikonda hədsiz bir ehtiras oyatmışdı, o çalışırdı ki, xoş və aşiqanə rəftarı ilə onu yola gətirsin, qız onun arzusunu sözsüz yerinə yetirsin. Ancaq bundan bir şey çıxmadı, qız onun aşiqanə hərəkətlərini qəti rədd edirdi. Bu, Perikonun ehtirasını daha da alovlandırdı. Qız bunu başa düşdü, həm də bir neçə gün burada qalandan sonra xalqın adətindən gördü ki, xristianlar içərisinə düşmüşdür, belə bir yerdə, kim olduğunu açıb söyləyə bilsə də, bunu söyləməyin ona heç bir xeyri olmayacaqdır. Lakin o, Perikonun arzusunu ya zorakılıq nəticəsində, ya xoşluqla yerinə yetirəcəyini yəqin etdikdən sonra bu qərara gəldi ki, başına gələn müsibətlərə alicənablıqla dözsün, qulluqçularına tapşırdı ki, (onun ancaq üç qulluqçusu qalmışdı) mənim kim olduğumu heç kəsə söyləməyin, söyləsəniz də elə yerdə söyləyin ki, bizim azad olmağımıza bunun köməyi dəyə bilsin; bundan başqa öz bakirəliyini saxlamağı da onlara bərk-bərk tapşırdı, öz qərarını da onlara dedi, dedi ki, ərimdən başqa heç kəs mənə sahib ola bilməyəcək. Qızın qulluqçuları buna görə onu təriflədilər, söz verdilər ki, gücümüz çatana qədər sizin tapşırıqlarınızı yerinə yetirəcəyik. Perikon həsrətini çəkdiyi qızı daha yaxından gördükcə, həm də təklifi daha artıq rədd edildikcə, ehtirası gün-gündən alovlanırdı. Nəhayət, zorlamağı ən axıra saxlayaraq, hiylə və fənd işlətməyə başladı. Perikon bir neçə dəfə görmüşdü ki, şərab qızın xoşuna gəlir, ancaq onun dini şərab içməyi qadağan etdiyindən, o içməyə alışmamışdı. Perikon qızı Eşq allahının birinci xidmətçisi olan şərabla ələ almaq fikrinə düşdü. Özünü elə göstərdi ki, guya qızın şərabı haram hesab etməsinə əhəmiyyət vermir. Bir gün təntənəli qonaqlıq şəklində yaxşı şam hazırlatdı, qızı da bu qonaqlığa gətirdi. Süfrə çox gözəl düzəlmişdi. Perikon qıza qulluq eləyən xidmətçiyə tapşırdı ki, ona bir-birinə qarışdırılmış şərab versin. Xidmətçi onun buyruğunu çox gözəl yerinə yetirdi. Qız da heç şeydən ehtiyat etməyərək, içkinin ləzzətinə uyaraq, ismətinə layiq olandan artıq şərab içdi, sərməst olaraq bütün keçmiş müsibət-lərini unutdu, kefi açıldı, bir neçə qadının Mayorka qaydasınca rəqs etdiyini görüb, o da İskəndəriyyə qaydasınca oynamağa başladı. Perikon bunu gördükdə hiss etdi ki, arzusuna yetməkdədir; daha çox yemək və şərab gətirdərək, qonaqlığı axşamdan xeyli keçənə qədər uzatdı. Nəhayət, qonaqlar gedəndən sonra qızla otağa girdi. Qız şərabın qızğınlığından, ismətini nəzərə almayaraq, abır-həya gözlə-mədən, Perikonun yanında soyunub yatağa uzandı, sanki bu adam onun qulluqçularından biri idi. Perikon dərhal bütün işıqları söndü-rüb, tez onun yanına girdi, qızı qucaqlayıb, sevgi həsrəti ilə onunla əylənməyə başladı, o da buna qətiyyən etiraz etmədi. Qız bu ləzzəti duyanda, Perikonun sözünə uzun zaman qulaq asmadığına sanki peşman oldu, belə şirin gecələrə daha dəvət edilməyi gözləməyərək, özü tez-tez onu yanına çağırdı, həm də onun bu çağırışı sözlə deyil, işlə oldu, çünki Perikonun dilini bilmirdi. Başqa bir amansız sevgi onların çəkdiyi kefə mane oldu; sanki tale onu, kralın arvadı olacağı yerdə cəngavərin məşuqəsi etməsi ilə kifayətlənməmişdi. Perikonun Marato adlı iyirmi beş yaşlı, qəşəng, qızılgül kimi təravətli bir qardaşı vardı. Marato qızı gördü, qız onun çox xoşuna gəldi. Qızın rəftarından o elə zənn etdi ki, o da qızın xoşuna gəlmişdir; onu ələ keçirmək fikrinə düşdü. Gördü ki, bu məqsədə çatmaqda bircə şey ona mane olur, o da Perikonun qızı çox ciddi qorumasıdır. Ağlına amansız bir fikir gəldi, o bu cinayətkar fikri yerinə yetirməyə başladı. Təsadüfən şəhərin limanına, mal yüklənmiş və Kyarensaya gedən bir gəmi gəlmişdi. Gəminin yiyəsi iki cavan genuyalı idi. Onlar yelkən-lərini açıb yola düşmək üçün əlverişli külək əsməsini gözləyirdilər. Marato gedib onlarla danışdı, gecə bir qadınla onların gəmisində buradan gedəcəkləri haqqında razılığa gəldi. Marato məsələni həll etdikdən sonra, nələr etdiyini qabaqcadan nəzərə alaraq, bir neçə sədaqətli yoldaşı ilə gizlicə Perikonun evinə getdi. – Perikon ondan qətiyyən ehtiyat etmirdi. O öz niyyətini yoldaşlarına demişdi. Marato, öz aralarında qoyduğu şərtə əsasən, Perikonun evində gizləndi. Gecədən bir qədər keçəndən sonra öz yoldaşlarını içəri buraxdı, onlar Perikonla qızın yatdığı otağa girdilər, yatağın üstünü açaraq Perikonu öldürdülər; qız ayılıb ağlamağa başlayanda, «səs-küy salsan səni öldürəcəyik» deyə onu qorxutdular, Perikonun qiymətli şeylərinin çoxunu, bir də qızı götürüb, tez sahilə getdilər. Heç kəs onları görmədi. Sahildə Marato da, qız da gəmiyə mindilər, yoldaşları isə geri qayıtdılar. Arxadan külək əsirdi, gəmiçilər yelkən-lərini açaraq dənizə çıxdılar. Qız həm əvvəlki, həm də indiki bədbəxtliyindən şikayətlənib dərdli-dərdli ağladı, lakin Marato, allahın bizə bəxş etdiyi müqəddəs Vstaninin köməyi ilə qıza elə təsəlli verdi ki, qız ona öyrəşərək Perikonu unutdu.

 

İndi qıza elə gəlirdi ki, daha hər şey yoluna düşmüşdür, lakin tale sanki keçmişlə kifayətlənməyərək, yeni müsibət hazırlayırdı. Onun çox gözəl və xoşrəftar olduğunu biz bundan əvvəl də dəfələrlə söyləmişik. Gəminin sahibi cavan oğlanlardı; onlar qıza vurularaq hər şeyi unutdular. Ancaq ona qulluq göstərməyə, onun xoşuna gələn şeyi etməyə çalışırdılar. Eyni zamanda qorxurdular ki, Marato bunun səbəbini anlaya bilər. Onlar bir-birindən qıza vurulduqlarını bildik-dən sonra, bu barədə gizlicə məsləhətləşdilər, bu qərara gəldilər ki, sevgiyə birgə sahib olsunlar, sanki sevgi də mal və ya qazanc kimi bir şeymiş. Gəmiçilər, gördülər ki, Marato qızı heç gözdən qoymur, bu onlara öz niyyətlərini yerinə yetirməyə mane olurdu. Bir gün Marato gəminin kənarında durub, heç bir şeydən ehtiyat etməyərək, dənizə baxırdı. Gəmi də sürətlə gedirdi. Onlar öz aralarında razılığa gəlib, Maratoya yaxınlaşdılar, tez onu daldan tutub dənizə atdılar. Ancaq bir mil yol gedəndən sonra başqaları onun dənizə düşdüyünü bildilər. Qız bunu eşidəndə, onu geri qaytarmağın mümkün olmadı-ğını görüb, yenə ağlamağa, şikayətlənməyə başladı. Qıza vurulan iki adam dərhal gəlib, xoş sözlərlə, böyük vədlərlə ona təsəlli verməyə, onu sakitləşdirməyə çalışdı. Qız Maratodan artıq, öz dərdinə ağla-yırdı. Onlar xeyli vaxt, həm də dönə-dönə qızı dilə tutdular, nəhayət, elə zənn etdilər ki, o, təsəlli tapmışdır, indi də hansının əvvəl onu öz yatağına aparması haqqında danışmağa başladılar. Hər biri birinci olmaq istədiyi üçün bu barədə razılığa gələ bilmədilər. Bir-birinə ağır sözlər dedilər, bərk höçətləşdilər, bu da onları yaman acıqlandırdı. Bıçağa əl atıb dəliçəsinə bir-birinin üstünə cumdular. Gəmidəki adamlar onları ayıra bilmədilər. Onlar bir-birinə bir neçə bıçaq vurdular. Biri o saat yıxılıb öldü, o birisi, bədəni bir neçə yerdən yaralansa da, sağ qaldı. Bu vəziyyət qızı çox kədərləndirdi, çünki o özünü tək görürdü, heç yerdən nə köməyi, nə də məsləhət verəni vardı; həm də qorxurdu ki, gəmi sahiblərinin qohum-əqrəbası, dostları qəzəblənərək ona bir zərər yetirə bilərlər. Lakin yaralının xahişi, Kyarensaya tez gəlib çatmaları onu ölüm təhlükəsindən qurtardı. Qız yaralı ilə sahilə çıxıb, mehmanxanaya gedəndən sonra, birdən bütün şəhərə onun vəsfə gəlməz gözəlliyi haqqında söz yayıldı. Moreyka şahzadəsi onda Kyarensada idi, bunu eşidib qızı görmək istədi. Qıza baxanda onun deyiləndən daha artıq gözəl olduğunu gördü, ona elə bərk vuruldu ki, ayrı bir şey haqqında düşünə bilmədi. Onun necə gəlib bura çıxdığını eşidərək bu fikrə gəldi ki, qızı əldə etmək olar. Yaralının ata-anası şahzadənin qızı əldə etmək üçün yollar axtardığını eşidəndə, elə o saat qızı aparıb ona verdi, bu həm şahzadənin, həm də qızın çox xoşuna gəldi, çünki qız böyük bir təhlükədən qurtardığını zənn edirdi. Şahzadə qızın gözəllikdən başqa şahanə ədalarla zinətlənmiş olduğunu görub, onun kimliyini başqa yol ilə öyrənə bilmədiyindən, elə hesab etdi ki, o, yüksək aristokrat ailəsinə mənsub bir xanımdır. Bu onun sevgisini daha da artırdı. Onun buyruğu ilə xanıma hər cür hörmət göstərdilər, o özu də qıza bir məşuqə kimi deyil, öz arvadı kimi baxırdı. Qız da bunun nəticəsində özünü əvvəlki müsibətlərə görə çox yaxşı hiss etdiyindən, lap ruhlandı, gözü-könlü açıldı, belə ki, indi bütün Romaniya ancaq onun gözəlliyi haqqında danışırdı. Buna görə də Afina Hersoqu onu görmək istədi. O, cavan, gözəl, cəsarətli bir adamdı, həm də şahzadənin dostu və qohumu idi. Şahzadəni görmək bəhanəsi ilə gözəl və hörmətli məiyyəti ilə Kyarensaya gəldi, – o, dostunun yanına tez-tez gələrdi, – Kyarensada böyük hörmət və təntənə ilə qəbul edildi. Bir neçə gün keçəndən sonra, onlar o qadının gözəlliyi haqqında danışanda hersoq soruşdu ki, o doğrudanmı elə gözəldir? Şahzadə ona belə cavab verdi: «Deyilənlərdən də gözəldir, ancaq mən istəyirəm ki, buna sən mənim sözlərimlə deyil, öz gözünlə görüb inanasan». Hersoq qadını görmək üçün şahzadəni tələsdirməyə başladı, Onlar qadının olduğu yerə getdilər. Qadın şahzadə ilə hersoqun gəldiyini eşidəndə, onları çox mehribanlıqla, gülər üzlə qarşıladı. Onlar qadını öz aralarında oturtdular, ancaq onunla söhbət edib həzz ala bilmirdilər, çünki qadın onların dilini bilmirdi. Onlar, xüsusilə hersoq, ona bir möcüzə kimi baxırdı, o bunun insan olduğuna güclə inanırdı. O, qadına baxdıqca, öz gözləri ilə eşq zəhərini içdiyini duymurdu, elə zənn edirdi ki, ona baxmaqla öz arzusunu yerinə yetirir, lakin bununla qadına odlu bir qəlblə vurularaq, özünü uğursuz bəlaya salmışdı. O, şahzadə ilə bərabər qadının yanından getdi, vaxt tapıb təkbaşına xeyli düşünərək, şahza-dəni hamıdan xoşbəxt hesab etdi, çünki belə gözəl bir məxluq onun ixtiyarında idi. Xeyli düşündükdən sonra qəlbindəki sevgi odu onun şərəfinə üstün gəldi, belə qərar verdi ki, hər necə olsa, bu xoşbəxtliyi şahzadənin əlindən alıb, özünü xoşbəxt eləsin. Tələsmək lazım olduğunu görüb, əqli, ədaləti buraxdı, bütün fikrini fəsad törətməyə sarı yönəltdi. Bir gün şahzadənin ən çox inandığı Çuriaçi adlı xidmətçisi ilə cinayətkarcasına bir razılığa gələrək, gizlincə buyruq verdi ki, atlarını və şeylərini yola düşmək üçün hazır etsinlər. Gecə Çuriaçi deyilən adam hersoqu bir nəfər yoldaşı ilə, səssizcə şahza-dənin otağına buraxdı. Hava bərk isti olduğundan, şahzadə, əsən xəfif küləkdən sərinləmək üçün, dənizə açılan pəncərənin qabağında çılpaq durmuşdu, xanım da yatırdı. Hersoq yoldaşına nə edəcəyini qabaqcadan öyrətmişdi, özü isə yavaşca otağın içindən keçib pəncə-rəyə yaxınlaşdı, bıçağı şahzadənin böyrünə vurdu, elə də vurdu ki, bıçaq onun bu tərəfindən girib o tərəfindən çıxdı. Hersoq tez onu qapıb pəncərədən bayıra atdı. Şahzadənin sarayı lap dənizin kəna-rında idi, özü də çox hündürdü, qabağında durduğu pəncərə dəniz dalğalarının uçurduğu evlərə sarı açılırdı. Bu yerdə çox nadir halda adam görunürdü, ya heç görünmürdü, buna görə də şahzadənin ora düşdüyünü heç kəs eşitmədi. Başqa cürə də ola bilməzdi, hersoq bunu əvvəlcədən nəzərə almışdı. Hersoqun yoldaşı işin bu qayda ilə bitdiyini görüb, gətirdiyi kəndirlə Çuriaçiyə yaxınlaşdı, özünü elə göstərdi ki, guya ona təşəkkür etmək istəyir, kəndiri tez onun başına atıb elə çəkdi ki, o heç cınqırını da çıxara bilmədi. Hersoqla bərabər onu boğub, şahzadəni atdıqları yerə atdılar. Bunu etdikdən sonra hersoq nə xanımın, nə də başqa bir adamın bunu eşitmədiyinə əmin alaraq, şamı götürüb qızın yatağına yaxınlaşdı, üstünü açdı, – o, bərk yatmışdı, – ona xeyli tamaşa elədi, hər yerini gözdən keçirdi. Qadın geyimli ikən onun xoşuna gəlmişdi, indi çılpaq halda daha artıq xoşuna gəldi. O, qızğın şəhvət hissinə tutularaq və indicə etdiyi cinayətdən sıxılmayaraq, qadının qoynuna girdi. Qanlı əlləri ilə onu qucaqladı, yuxulu-yuxulu onu əldə etdi, qadın da elə bildi ki, bu, şahzadədir. Hersoq böyük həzzlə bir qədər onunla əyləndikdən sonra ayağa qalxdı, öz adamlarından bir neçəsini çağırdı, əmr etdi ki, qadını götürsünlər, ancaq elə götürsünlər ki, səs-küy olmasın. Onu özü girdiyi gizlin qapıdan çıxartdı, atın belinə qoydu və mümkün qədər səssizcə yola düşüb, Afinaya qayıtdı. O, evli olduğundan, son dərəcə kədərlənmiş qadını Afinaya deyil, şəhərin üçqarına, dəniz kənarındakı gözəl qəsrinə apardı. Burada onu gizli saxladı, sərəncam verdi ki, ona layiqincə qulluq etsinlər. Ertəsi gün şahzadənin saray adamları onun yuxudan durmasını saat doqquza kimi gözlədilər. Səs-səmir eşitmədikləri üçün qapını açdılar, – qapı yüngülcə örtülmüşdü, – heç kəsi görməyib elə zənn etdilər ki, şahzadə öz gözəl qadını ilə kef çəkmək üçün bir neçə günlüyə harasa getmişdir. Daha onun barəsində fikirləşmədilər. Vəziyyət belə ikən, ertəsi gün bir qələndər, Çuriaçinin və şahzadənin meyiti düşən xarabalığa girəndə, kəndiri çəkə-çəkə Çuriaçini oradan çıxartdı. Çoxları onu tanıdı və buna təəccüb etdi, sonra qələndərin qılığına girib, onunla birlikdə həmin yerə getdilər. Şahzadənin də meyitini oradan tapdılar; bu, bütün şəhər əhlini kədərləndirdi. Onu böyük hörmətlə dəfn etdilər. Bu böyük cinayətə səbəb olan adamı axtarmağa başladılar, gördülər ki, Afina hersoqu yoxdur, o, gizlicə çıxıb getmişdir, bu fikrə gəldilər ki, cinayəti o etmiş, xanımı da götürüb aparmışdır. Buna görə, ölənin yerinə qardaşını şahzadə qoyub, intiqam almağa onu cidd-cəhdlə təşviq etdilər. O, bir çox şeyləri nəzərə alıb əmin oldu ki, məsələ doğrudan da onların dediyi kimidir, kömək üçün dostlarına, qohum-larına, camaata müraciət etdi, az vaxtda böyük, qüvvətli, yaxşı bir qoşun düzəldib, Afina hersoqu ilə vuruşmağa getdi.

Hersoq da bunu eşidib, müdafiə üçün bütün qüvvəsini topladı. Bir çox senyor da onun köməyinə gəldi. O cümlədən Konstantinopol imperatorunun oğlu Konstantin, onun qardaşı oğlu Manuil də yaxşı silahlanmış bir qoşunla gəlmişdi. Hersoq, xüsusilə hersoginya onları çox hörmətlə qəbul etdi, çünki hersoginya onların qohumu idi. Mü-haribə gün-gündən yaxınlaşırdı, hersoginya fürsət tapıb, Konstantin ilə Manuili öz otağına çağırdı, ağlaya-ağlaya bütün əhvalatı onlara danışdı, mühəribənin səbəbini izah etdi, dedi ki, hersoq o qadını gətirməklə məni təhqir etmişdir, o, qadını hamıdan gizli saxlayır; bu hadisədən bərk şikayətlənərək, xahiş etdi ki, hersoqun şərəfini qorumaqla bərabər mənə təsəlli olmaq üçün bir tədbir görün. Bu cavan oğlanlar məsələdən xəbərdar idilər, buna görə, daha bir şey soruşmayıb, hersoginyaya bacardıqları qədər təsəlli verdilər, onun xoş arzusunu yerinə yetirəcəklərini vəd etdilər. O qadının harada olduğunu hersoginyadan öyrənib getdilər. Onlar qadının gözəlliyi haqqında çox təriflər eşitmişdilər. Onu görmək istədilər, hersoqdan xahiş etdilər ki, qadını göstərsin. Hersoq qadını onlara göstərməklə, şahzadənin başına nələr gəldiyini unudaraq, xahişi yerinə yetirdi. Qadının yaşadığı evin gözəl bağı vardı. Hersoq orada yaxşı bir nahar düzəltdirdi, ertəsi gün onları, bir neçə başqa qonaqla, ora apardı. Konstantin qadının yanında oturub, ona heyrətlə baxmağa başladı, ürəyində dedi ki, mən ömrümdə belə gözəl görməmişəm. Hersoq ya başqa bir adam bu gözəli əldə etmək üçün xəyanətə əl atıbsa, ya başqa bir şərəfsiz iş tutubsa, onu doğrudan da bağışlamaq olar. O, qadına çox baxdı, hər dəfə onu daha artıq təriflədi. Hersoqun başına gələn əhvalat onun da başına gəldi: o, qadına vurulmuş halda oradan getdi, müharibə haqqındakı düşünçələrindən əl çəgərək, qadını hersoqun əlindən almaq barəsində fikirləşdi, sevgisini də çox yaxşı gizlədə bildi. Konstantin sevgidən alışıb yanırkən, hersoqun torpa-ğına yaxınlaşmaqda olan şahzadə ilə dava etmək vaxtı gəlib çatdı; hersoq da, Konstantin də, o biri adamlar da müəyyən edilmiş qayda üzrə Afinadan çıxıb, sərhədi qorumağa, şahzadənin qabağını kəsməyə getdilər. Orada bir neçə gün dayanıb durdular. Qadın Konstantinin fikriıdən çıxmırdı: düşündü ki, indi hersoq onun yanında deyil, o çox asanlıqla öz arzusuna çata bilər. Afinaya qayıtmaq üçün özünü yalandan elə göstərdi ki, guya bərk xəstələn-mişdir, buna görə, hersoqun icazəsi ilə öz işini Manuilə tapşırıb, Afinaya, öz bacısının yanına qayıtdı. Burada bir neçə gün qalandan sonra qadından söhbət açdı, dedi ki, mənim fikrimcə, hersoq o qadını saxlamaqla səni təhqir edir, istəsən bu işdə mən sənə kömək edə bilərəm: qadını buradan götürüb qaçaram. Hersoginya elə zənn etdi ki, Konstantin bunu qadını sevdiyi üçün deyil, onu istədiyindən eləyir, dedi ki, mən bundan çox razı qalaram, ancaq işi elə gör ki, hersoq mənim razılıq verdiyimi bilməsin. Konstantin ona qəti söz verdi. Hersoginya dedi ki, necə istəyirsən elə də et. Konstantin buyruq verdi, gizlincə yüngül bir qayıq hazırladılar. Bir gün qayığı o qadının yaşadığı bağın yaxınlığına göndərdi, qayıqdakı adamlarına nə edəcəklərini tapşırdı; sonra o biri adamlarla qadının yaşadığı saraya getdi. Burada həm qadının qulluqçuları, həm də özü tərəfin-dən sevinclə qarşılandı. Qadın Konstantinin xahişi ilə həm öz qulluqçuları, həm də Konstantinin xidmətçiləri və adamları ilə bağa getdi. Konstantin, hersoqun adından onunla danışmaq bəhanəsi ilə, qadınla bərabər dənizə açılan qapıya sarı yönəldi. Qapını onun yoldaşlarından biri qabaqcadan açmışdı. O, şərti işarə ilə qayığı yaxına gətirtdi, adamlarına əmr etdi ki, qadını tez götürüb qayığa qoysunlar, özü isə qadının qulluqçularına dedi: «Ölmək istəmir-sinizsə, yerinizdən tərpənməyin, bircə kəlmə də söz deməyin, çünki mən hersoqun məşuqəsini götürüb qaçmaq fikrində deyiləm, bu qadın mənim bacımı rüsvay etmişdir, mən bu rüsvayçılığı aradan qaldırmaq istəyirəm». Bunun qabağında heç kəs cəsarət edib söz deyə bilmədi. O, qayığa mindi, – qadın ağlayırdı, – adamlarına əmr etdi ki, avarları işə salıb, qayığı sürsünlər. Avarçılar avar çəkmir-dilər, elə bil ki, qayıqla bərabər uçurdular. Onlar ertəsi gün səhər açılanda gəlib Ekinaya çatdılar. Sahilə çıxdılar. Qadın öz gözəlliyinin belə uğursuz olmasına ağlayırdı. Konstantin ona təsəlli verirdi. Sonra yenə qayığa minib, bir neçə gündən sonra Xiosa çatdılar. Konstantin atasının məzəmmətindən, həm də qadını onun əlindən ala biləcə-yindən qorxaraq, təhlükəsiz bir yer kimi, burada qalmağı qət etdi. Qadın başına gələn müsibətə bir neçə gün ağladı, nəhayət, Konstan-tin onu ovundurdu. O, taleyin bu dönüklüyündən də əvvəlkilər kimi zövq almağa başladı.

 

Osbek o zaman türklərin kralı idi, həmişə də imperatorla müha-ribə edirdi. Bu vaxt o, təsadüfən İzmirə gəlir, eşidir ki, Konstantin gətürüb qaçdığı qadınla Xiosda kef çəkir, ehtiyat üçün də heç bir tədbir görmür. O bir gecə, bir neçə az silahlı gəmi ilə Xiosa gedir, öz adamları ilə yavaşca şəhərə girir, düşmənin gəldiyindən xəbər tutana kimi, bir çoxlarını elə yataqda tuturlar, yuxudan ayılıb silaha əl atanları qırırlar, bütün şəhəri yandırırlar, gəmiləri ələ keçən qəni-mətlə və əsirlərlə doldurub, İzmirə qayıdırlar. O, ələ keçən qəniməti, əsirləri gözdən keçirəndə bir gözəl qadına rast gəlir, bilir ki, bu, Konstantinin yatağından yuxulu-yuxulu götürdüyü qadındır. Osbek cavan idi, qadını görməyinə çox sevindi, ləngimədən toy qurub onu özünə arvad elədi, bir neçə ay onunla şən həyat sürdü. Bu hadisədən əvvəl imperator, Kappadokiyanın kralı Bazanla danışığa girmişdi, Bazan öz qoşunu ilə bir tərəfdən, imperator da o biri tərəfdən Osbekin üstünə hücum etməli idi; ancaq danışıq hələ başa çatdırıl-mamışdı, çünki Bazan elə şey tələb edirdi ki, imperator bunu yerinə yetirməyi lazım görmürdü. Lakin o, oğlunun başına gələn müsibəti eşidəndə çox kədərləndi, Kappadokiya kralının tələbini yerinə yetirərək, onu mümkün qədər Osbekin əleyhinə çıxmağa təhrik etdi, özü də bir tərəfdən Osbekə hücum etməyə hazırlaşdı. Osbek bunu eşidib qoşun yığdı, bu iki qüdrətli hvkmdar hərəkətə gələnə kimi öz gözəl arvadını İzmirdə sədaqətli xidmətçisi və dostuna tapşırıb, Kappadokiya kralının üstünə hücum etdi. Bir azdan sonra Kappa-dokiya kralı ilə üz-üzə gələrək döyüşə girdi, özü də öldü, qoşunu da məğlub olaraq qaçıb dağıldı. Bunun da nəticəsində Bazan İzmirə sərbəstcə hərəkət etdi, yol uzunu hamı ona, qalib gəlmiş bir hökmdar kimi, öz itaətkarlığını bildirdi. Osbek gözəl arvadını Antiox adlı xidmətçisinə tapşırıb getmişdi. Antiox cavan deyildi, lakin qadını son dərəcə gözəl görüb, öz dostuna və hökmdarına olan sədaqətini pozaraq ona vuruldu. Antiox qadının dilini bilirdi, bu, qadının çox xoşuna gəldi, çünki o bir neçə il idi ki, lal-kar adam kimi yaşayırdı: heç kəsin dediyini başa düşmürdü. Heç kəs də onun sözünü anla-mırdı. Antiox duyduğu sevginin təhriki ilə bir neçə günün içində qadına elə yaxınlaşdı ki, bütün qoşunu və silahı ilə müharibəyə gedən hökmdarına daha əhəmiyyət vermədi; bir qədərdən sonra onun bu yaxınlığı dostluğa çevrildi, dostluq da sevgi şəklini aldı, onlar yataq içində bu sevginin bol-bol ləzzətini duydular. Onlar eşidəndə ki Osbek vuruşmada məğlub olub ölmüşdür, Bazan ölkəni qarət edə-edə yaxınlaşır, bu qərara gəldilər ki, onun gəlişini gözləməsinlər. Osbekin qiymətli şeylərindən çoxunu götürüb, gizlincə Rodosa getdilər.

Onlar burada çox yaşamamışdılar ki, Antiox bərk xəstələndi. Kiprdən onun yanına təsadüfən bir tacir gəldi. O, Antioxun yaxın dostu idi, Antiox da onun xatirini çox istəyirdi. Antiox ömrünün sona çatdığını hiss edərək, bütün dövlətini də, sevimli qadınını da tacirə vermək qərarına gəldi. Ölümü yaxınlaşanda onların hər ikisini yanına çağırıb dedi: «Mən görürəm ki, axır nəfəsimdir, bu məni kədərlən-dirir, çünki mən indiki kimi yaxşı yaşamamışdım. Burası da var ki, adam gec-tez ölməlidir, ançaq mən o cəhətdən sakit ölürəm ki, dünyada hamıdan çox istədiyim iki adamın yanında can verirəm: bunlardan biri, əziz dostum, sənsən, biri də bu qadındır ki, onunla yaxınlıq etdiyim gündən onu özümdən artıq istəyirəm. Mən öləndən sonra o burada qalacaq, bu mənə ağır gəlir, çünki o, yad eldədir, ona nə bir kömək eləyən, nə də məsləhət verən var. Əgər bilsəydim ki, sən burada yoxsan, mənim xatirim üçün onun da qeydinə mənim qeydimə qaldığın kimi qalmayacaqsan, bu məndən ötrü daha ağır olardı. Buna görə də sənə bütün qəlbimlə yalvarıram: mən öləndən sonr6a bütün əmlakımı, həm də onu öz himayən altına al, bunun hər ikisi ilə özün bildiyin kimi rəftar elə ki, mənim ruhum sakit olsun. Əzizim, səndən də xahiş edirəm məni yaddan çıxartma, qoy o dün-yada deyim ki, təbiətin yaratmış olduğu ən gözəl bir qadın məni sevir, bununla da lovğalana bilim. Siz bu iki məsələdə məni arxayın etsəniz, mən, heç şübhəsiz, dünyadan rahat gedərəm». Onun dostu tacir də, qadın da bu sözləri eşitdikcə ağlayırdı. Antiox sözünü qurtardıqdan sonra ona təsəlli verməyə başladılar, vicdanla vəd etdilər ki, əgər ölsən, bütün xahişlərini yerinə yetirəcəyik. Çox keçmədi Antiox öldü. Onu çox hörmətlə dəfn etdilər. Bir neçə gündən sonra Kipr taçiri Rodosda öz işini qurtarıb, limanda dayanan Kataloniya gəmisi ilə geri qayıtmaq istədi, gözəl qadından soruşdu ki: «Siz nə fikirdəsiniz? Mən gərək Kiprə qayıdım». Qadın da ona belə cavab verdi: «Əgər razı olsanız, mən sizinlə məmnuniyyətlə gedərəm; ümid edirəm ki, Antioxun xatirini istədiyinizdən, məni saxlarsınız, mənimlə öz bacınız kimi rəftar edərsiniz». Tacir də dedi ki, sizin bütün arzularınızı yerinə yetirməyə hazıram. Kiprə çatana kimi onun başına bir iş gəlməsin deyə, qadını qorumaq məqsədi ilə, onu öz arvadı kimi qələmə verdi. Gəmiyə mindikdən sonra, gəminin burun tərəfində onlara bir otaq verdilər. Tacirin sözü ilə hərəkəti arasında ziddiyyət görünməsin deyə, qadınla balaca bir çarpayıda yatdı. Bunun da nəticəsində elə bir şey oldu ki, Rodosdan çıxanda bu, nə qadının, nə də tacirin fikrində vardı: qaranlığın, rahat və isti yatağın təsiri ilə (bunların təsiri az olmur) həvəsə gələrək, rəhmətlik Antioxa olan dostluğu və məhəbbəti unudaraq, eyni şəhvətə, ehtirasa qapılaraq, Baffa çatana qədər kefə baxdılar. Kiprli taçir baffalı idi.