Uzaq sahillərdə

Tekst
Z serii: Milli ədəbiyyat #16
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Sergey Nikolayeviç sola döndü. O, özünü birtəhər dəhlizin başına yetirib qapını səssizcə açdı və çəkmələri cırıldamasın deyə, barmaqlarının ucunda ehtiyatla addımlayaraq otağa girdi.

– Sergey Nikolayeviç? – deyə kimsə astadan səsləndi.

Sergey Nikolayeviç xırıltılı bir səslə soruşdu:

– Hələ oyaqsan, Mehdi?

– Yata bilmirəm, yuxum gəlmir. Çəkəcəyim şəkil haqqında fikirləşirəm. Tezliklə başlayacağam…

– Şəkildə nəyi təsvir etmək fikrindəsən? – deyə Sergey Nikolayeviç soruşdu.

– İstəyirəm, Sergey Nikolayeviç, müharibənin qurtarmasını təsvir edim. İstəyirəm, müharibədən evlərinə qayıdan bir əsgərin şəklini çəkim. Çəkəcəyəm ki, o, yolla gəlir, ətrafda isə bahardan qüvvət alıb dirçələn doğma yerlər görünür. Ancaq elə çəkmək lazımdır ki, arzu etdiyim bütün hisslər bu şəkildə öz əksini tapa bilsin. Ona baxan kimi bizim adamların müharibədə keçdikləri bütün yollar göz qabağına gələ bilsin. Müharibənin pozduğu həyat, bu həyatı yenidən bərpa etmək istəyən qalib əsgər surəti hərtərəfli canlana bilsin.

– Bu, çox çətin olacaq, – deyə Sergey Nikolayeviç fikirli halda dilləndi.

Elədir, çox çətin olacaq. Bəlkə də, heç gücüm çatmadı. Ancaq çəkməyə başlasam, gərək hökmən belə olsun! Təsəvvür edin ki, balaca bir şəklə baxırsınız, amma gözləriniz önündə vətənin bütün mənzərəsi, bütün həyat yolları canlanır.

Mehdi vətəndən danışmağa başladı. Bu isə onların hər ikisi üçün ən əziz bir mövzu idi. İkisi də fikrə getdi.

Sergey Nikolayeviçin gözləri qarşısında doğma Sibir düzənlikləri canlandı. O, yaz vaxtı daşan çayları gördü. İlk komsomol iməciliyini, əyninə sırıqlı pencək geymiş, başına qulaqlı papaq qoymuş Tanyanı xatırladı. O vaxt Tanyanın yanaqları ayazdan qızarmışdı.

… Mehdi isə fikrə gedib öz uşaqlıq illərini xatırlayırdı. Mehdi May bayramını çox sevərdi. Bu bayramlarda məktəblilərin hamısı Bakının Dağlıq hissəsinə gəzməyə çıxardılar. Oradan şəhərə, dəniz buruqlarına baxanda insanın gözləri önündə xoş bir mənzərə açılırdı. O, həm ciddi, həm də istiqanlı uşaq idi.

Bir dəfə müəllimlərdən biri onu sinifdən qovmuşdu. Buna görə də Mehdi birbaşa direktorun yanına gedib tələb etmişdi ki, müəllim öz təqsirini etiraf etsin. Mehdi heç bir şeyin ölçüsünü, hüdudunu bilmirdi. Onun elə qızğın təbiəti vardı ki, mərc gəlib günortadan ta axşama kimi qızmar günəşin altında uzana bilərdi. Doğrudan da, Novxanı bağlarında olanda o, bir dəfə günün altında o qədər yatmışdı ki, bütün bədəni sudur olmuşdu. Lakin o, heç özünü o yola qoymurdu, guya bədəni heç ağrımırdı.

Bu hadisə Bakı şəhər dəniz hamamında olmuşdu.

Mehdi böyük uşaqların öz aralarında mübahisə etdiklərini eşitdi: “Kim dama çıxıb, oradan özünü suya tullaya bilər?”, lakin oğlanlardan heç biri yerindən tərpənmədi. Onda Mehdi özü pilələrlə dəniz hamamının damına çıxdı. Təkcə böyük oğlanların deyil, hətta yaşlı adamların belə tullanmağa cəsarət etmədikləri üçüncü tramplin Mehdidən çox-çox aşağıda idi. Mehdi adamların ona təəccüblə baxmasına fikir verməyərək, məhəccərin üstünə çıxdı. Bir an onun gözləri qaraldı, ürəyini vahimə bürüdü. Bir az da keçsə idi, Mehdi geri qayıdacaqdı. Lakin aşağıdan onlarca göz ona dikilmişdi. Məktəb yoldaşları qışqırır, ona ürək verirdilər. Onlar yoldaşlarının əvəzinə fəxr edirdilər. Buna görə də Mehdi yoldaşlarını pərt edə bilməzdi. O, çox fikirləşmədən, gözəl bir sıçrayışla aşağı cumdu. Dəniz onu ağuşuna aldı. Mehdi balıq kimi suya baş vurdu, bir gilə də olsun su sıçratmadı. Bir neçə saniyədən sonra o, yenidən suyun üzünə çıxdıqda, ətrafdakı uşaqlar qışqırır, fit çalır və onu alqışlayırdılar. Bu, bəlkə də, Mehdinin ilk qəhrəmanlığı idi…

Daha sonra Mehdi, Qasım İsmayılov1 küçəsindəki ikimərtəbəli balaca evlərini xatırladı. Evlərinin qabağında bir söyüd ağacı bitmişdi. Küçənin o biri tərəfindəsə onun oxuduğu 19 №-li məktəb yerləşirdi. Mehdi öz müəllimi Süleyman Sani Axundova xüsusi məhəbbət bəsləyirdi. Bəlkə, elə buna görə də riyaziyyata, kimyaya fikir verməz, bütün vaxtını ədəbiyyata sərf edərdi. O, hələ uşaq vaxtlarından şeir, daha doğrusu, mənzum nağıllar yazardı. Misal üçün: “Dovşan və canavar”, “Carçı xoruz”. Lakin o, şair olmadı… Mehdi çəkdiyi ilk şəkilləri xatırladı. O vaxt Mehdi divar qəzetinin redaktoru, həm də rəssamı idi. “Bakıdan neft mədənlərinə gedən ilk elektrik qatarı”, “İlk azərbaycanlı qadın-mühəndis tribunada”… bunlar günün tələblərinə cavab verən plakat və karikaturalar idi.

Mehdinin anası öldü. O, qoca, amma möhkəm, qıvraq bibisinə ünsiyyət bağladı. Hamı ona “bibi” deyirdi, Mehdi isə onu “nənə” deyə çağırırdı.

Məktəbi bitirdikdən sonra Mehdi Moskvaya, oradan da Leninqrada yollandı. Mehdi Leninqradda bakılı yoldaşlarından birini görüb sevindi. Onların hər ikisi Leninqrad rəssamlıq akademiyasına imtahan verməyə hazırlaşırdı. Onun yoldaşı imtahan müsabiqəsindən uğurla keçib akademiyaya qəbul olundu. Mehdi isə akademiyaya daxil ola bilmədi. O, bütün gecəni yoldaşı ilə bərabər Neva çayının sahilini gəzərək, gəmilərin fit səslərinə qulaq asırdı. Mehdi başını aşağı salıb gedirdi. Yoldaşı onu sakit etməyə çalışırdı, sanki Mehdinin akademiyaya qəbul olunmamasında o, günahkar idi. Mehdi Bakıya boş əllə qayıtmağa utanırdı. Ürəyi çox narahat idisə də, özünü gümrah saxlayır, kədərini yoldaşına bildirmək istəmirdi.

Tanışlarından çoxu Mehdiyə xarici dillər fakültəsini tərifləyirdi. O da vaxtı boş keçməsin deyə, Leninqrad Pedaqoji Xarici Dillər İnstitutuna daxil oldu. Mehdi birinci ildən sözləri elə təmiz tələffüz etməyə başladı ki, müəllim və professorlar heyrətdə qaldılar. Mehdinin yoldaşlarının sayı getdikcə artırdı. O, təzə yoldaşlarından çox şeylər öyrəndi. Mehdi institutun “Linqvist” divar qəzetinin redaktoru oldu. Onun tərtib etdiyi qəzetlər şəhər baxışında dəfələrlə birinci mükafat aldı. İndi hamı onu leninqradlı hesab edirdi…

Mehdi müntəzəm surətdə üzməklə məşğul olurdu. Ümumittifaq yarışlarından birində suya tullananların arasında yaxşı yerlərdən birini tutdu. O, tez-tez muzeylərə, Peterqofa, Ermitaja gedir və saatlarla sənət əsərlərinə tamaşa edirdi. Mehdinin arzusu bu idi ki, gec-tez yenə də rəssamlığa qayıtsın. O, institutda bütün imtahanları uğurla verirdi. Mehdiyə elə gəlirdi ki, dünyada hansı sənəti desən, ona sahib ola bilər. Bəzən Mehdi dərslərdən birinin hesabına başqasına daha çox vaxt sərf edirdi. Misal üçün: əgər öz cavabı ilə tarix dərsində professoru razı salırdısa, əvəzində məntiqdən dərs deyən professor ondan narazı qalırdı. Lakin imtahan günləri yaxınlaşdıqca, o, ciddi surətdə hazırlaşıb bütün imtahanları yaxşı verirdi. Mehdi qış fəslində xizəkdə gəzməklə məşğul olurdu. Əvvəllər qarasaçlı, çox mehriban bir qız olan Jenya onu öyrədirdisə, bir ildən sonra özü onu sıldırım enişlərdən sürüşməyə məcbur edirdi. Qız qorxudan çığırır, Mehdi isə razı halda gülürdü.

Mehdinin çox məşğul olduğu şeylərdən biri də “FED” fotoaparatı idi. O, yoldaşlarının şəklini çəkir, Leninqradın ən gözəl guşələrinin foto əksini çıxarırdı. Artıq bu vaxt Mehdi fransız, ispan və alman dillərini mükəmməl öyrənmişdi.

… 1941-ci il gəldi. Müharibə başlandı…

… Hərbi məktəbdə Mehdini partiya sıralarına qəbul etdilər. O, vətən yolunda son damla qanına qədər vuruşacağına söz verdi. Vətənin namus və istiqlaliyyətini Stalinqrad cəbhəsində müdafiə etdi. Mehdi cəbhədə adamları daha yaxından tanıdı. Evdən-eşikdən, qohum-əqrəbadan, ailədən uzaq düşmüş adamlar cəbhədə bir-birilə daha tez, daha yaxın dost olurdular.

Mehdi cəbhədə öz bakılı dostlarının birindən məktub aldı. Döyüş ara verdikdə o, səngərdə oturub məktubu üç dəfə dalbadal oxudu. Bölüyün siyasi rəhbəri Mehdiyə yaxınlaşdı. O, döyüşçülərlə söhbət etmək istəyirdi. Lakin təzəcə ara vermiş top gurultusundan sonra əsgərlərin qulaqları tutulmuşdu. Mehdi məktubu siyasi rəhbərə verdi. Bir neçə dəqiqədən sonra məktub əldən-ələ, səngərdən-səngərə keçməyə başladı. Mehdinin dostu yazırdı ki, o, bir dəstə geodeziya mütəxəssisi ilə birlikdə balaca Mingəçevir kəndinin yaxınlığında kəşfiyyat işləri aparır. Yaxın gələcəkdə bu yerlərdə nəhəng su-elektrik stansiyası tikilməsi nəzərdə tutulub. Tikintidə məqsəd quru çölləri Kürün suyu ilə suvarmaq, neft mədənlərinə, fabrik və zavodlara elektrik enerjisi verməkdir.

Məktub əllərdə gəzdikcə döyüşçülərin üzü gülür, gözləri parlayırdı. Hər tərəf xarabalıq olsa da, ağır döyüşlər getsə də, ölüm hər an əsgərlərin başının üstünü kəsdirsə də, xalq həmişəki kimi yenə də həyat və quruculuq haqqında düşünürdü, xalq gələcəyi düşünürdü… Belə bir xoşbəxt gələcəyi əldə etmək üçün isə doğma Vətən uğrunda son damla qanına qədər vuruşmaq lazım idi. Mehdi də qəzəb və ehtirasla vuruşurdu. Qızğın döyüşlərin birində onların hissəsi mühasirəyə düşdü. Mehdi ağır yaralanmışdı, lakin yenə də döyüşürdü. Mühasirə həlqəsi daraldıqda, daha doğrusu, Mehdi düşmənləri beş addımlıq məsafədə gördükdə avtomatın lüləsini sinəsinə dayayıb tətiyi çəkdi… Onun gözləri qaraldı, ətrafa məzar sükutu çökdü. Mehdi özünə gəlib gözlərini açanda tanımadığı bir yerdə yatdığını gördü. Hər tərəf almanlarla dolu idi. Mehdi onların addım səslərini, kəskin səslə verdikləri əmrləri eşidirdi. Ətrafdakı yaralılar zarıyırdılar… Başına qara yaylıq örtmüş, solğun bənizli, yorğun bir qadın onun başı üstündə dayanıb yarasına yaş dəsmal qoyurdu… Mehdi xırıltılı səslə soruşdu:

– Mən hardayam?

– Olmaz… – deyə qadın astadan cavab verdi, – bura yaxşı deyil, burda lazımdır sakit…

Qadın rusca yaxşı danışa bilmirdi. Sonralar Mehdi öyrəndi ki, qadın polşalıdır. Onlar həbs düşərgəsində idilər.

– Yadviqa… mənim üçün bir az zəhər tap… – deyə Mehdi xahiş etdi.

Qadın isə eyni sözləri təkrar edirdi:

– Olmaz… olmaz… Sakit lazımdır…

Mehdi sürətlə sağalırdı. İndi onu tez-tez dindirməyə aparırdılar. İstintaq zamanı Mehdi deyirdi ki, ağır yaradan sonra hafizəsi pozulub. O, alman dilini çox gözəl bildiyi üçün faşistlər onu siyahıya alıb nəzarət altında saxlayırdılar. Mehdi özünü onların yanında sərbəst aparırdı, faşistlərdən çəkinmirdi. O, ölümə nifrət bəsləyirdi, indiki həyatını isə ölümdən də pis hesab edirdi. Buna görə də o, heç bir şeydən çəkinmir, faşistlərlə təkəbbürlə danışırdı.

 

Bəzən Mehdi, öz hərəkətlərilə faşistləri o qədər qəzəbləndirirdi ki, onlar tapançalarının bütün güllələrini onun bədəninə boşaltmaq istəyirdilər. Belə vaxtlarda Mehdi heykəl kimi onların qarşısında durur və əzmlə gözlərinin içinə baxırdı. İşi belə görən faşistlər Mehdiyə qarşı münasibətlərini kəskin şəkildə dəyişirdilər. Sonra isə çox şeylər oldu…

– Nə fikrə getmisiniz, Sergey Nikolayeviç? – deyə Mehdi başını qaldırıb soruşdu.

– Moskva haqqında fikirləşirəm. İndicə xəyalımda Moskvanın küçələrilə gedirdim… Qorki prospektindəki teleqraf binasına girdim. Dedim, bəlkə, Tanyadan, ya da Petinkadan məktub olar. O, indi yəqin ki, oxuyub-yazmağı öyrənib. Qabaqlar ancaq şəkil çəkib göndərirdi. Çox gülməli şəkillər çəkərdi…

Sergey Nikolayeviç köks ötürdü. Yox, xəyalpərəstliyin yeri deyil! O, başını qaldırıb fikirli halda Mehdiyə dedi:

– Bilirsənmi, Mehdi, sən çəkmək istədiyin şəkli yaxşı fikirləşməmisən. Hələ sənin əsgərinin qarşısında çox böyük çətinliklər var!

– Nə olar ki, mənim əsgərim bu çətinliklərdən şərəflə çıxacaq! Onun başı üzərində günəş ucalacaq, parlaq, gözqamaşdırıcı bir günəş!

Sergey Nikolayeviç diqqətlə Mehdiyə baxdı. Nə qədər də qızğın və ilhamlı bir oğlandır! Sən də milyonlarla adamlar kimi sülh haqqında düşünürsən, Mehdi. Lakin sülh öz-özünə yaranmayacaq!

Mehdi isə daha da vəcdə gələrək danışırdı:

– Bizimkilər daha sərhədə yaxınlaşırlar. Bu yaxınlarda müharibə qurtarar, gözəl, rahat bir həyat başlanar… Onda mənim əsgərimin qarşısında işıqlı və geniş yollar açılacaq! Elə deyilmi, Sergey Nikolayeviç?

– Əlbəttə, elədir, Mehdi. İrəlidə bizi səadət gözləyir. Ancaq bu səadət sənin düşündüyün qədər də yüngüllüklə əldə edilməyəcək. – Polkovnikin siması ciddi bir ifadə aldı. – Bu, sən düşündüyün qədər də sadə məsələ deyil. Sən indi ancaq qarşında duran düşməni görürsən. Sənə elə gəlir ki, onu məhv etsən hər şey düzəlib qurtarar! Amma sən, Mehdi, uzaqlara baxmağa çalış! Elə, əslində, incəsənət də gələcəyə, uzaqlara baxmaq deməkdir, elə deyilmi?

Mehdi çiyinlərini çəkdi:

– Elə mən də irəli, uzaqlara baxmağa çalışıram. Özü də sizin dediyiniz qədər qorxulu və qarışıq heç bir şey görmürəm.

– Qarışıq? Yox, Mehdi, mən ancaq demək istəyirəm ki, sən bu işləri o qədər də asan bilmə! – Polkovnik səsini alçaldıb gözlənilmədən dedi, – Bilirsənmi, Mehdi, Karranti sənin qonağını güllələyib.

– Niyə?

– Elə mən də onu düşünürəm. Karrantinin sifətində qan izi var. O deyir ki, guya sənin qonağın ona az qala bir milyona qədər pul təklif edib. Deyirmiş ki, rüşvəti alıb bizi 11-ci kvadrata aparsın. Karranti bu sözləri eşidəndə az qalıb ki, onu güllələsin. Qonaq planlarının pozulduğunu gördükdə qaçmaq fikrinə düşüb. O, nəsə bərk bir şeylə Karrantini vurub. Karranti də onu öldürüb.

– Karranti, doğrudan, yaralıdır?

– Hə, başından, elə-belə, yüngülcə.

– Mən bir şeyi başa düşə bilmirəm, – deyə Mehdi bir dəqiqə sükut etdikdən sonra dilləndi, – Axı, Karranti onu niyə belə uzağa aparmışdı?

– Mən də bu barədə ondan soruşdum…

– Hə, nə dedi?

– Deyir ki, guya qonaq qərargahın ətrafını gəzib bələdləmək istəyirmiş, görsün, təyyarələr bizim üçün partlayıcı maddələri haraya tullaya bilərlər.

– Bəs Karranti – həmişə ehtiyatla davranan Karranti buna necə razı olub?

– Mən bunların hamısını ondan soruşdum, Mehdi. O, tutduğu işi iki məsələ ilə aydınlaşdırır: əvvəla, müttəfiqlərin təyyarəçiləri həmişə yeri dəyişik saldıqlarından onların tulladığı şeylər bizim əraziyə deyil, faşist cəza dəstələrinin olduğu yerlərə düşür. Bir də deyir ki, qonağı ancaq bir istiqamətdə aparıb.

– Qəribədir… Gecənin qaranlığında təyyarədən şey tullamaq üçün yer bələdləmək olar?

– Mən də bu sualı ona verdim. O dedi ki, aydın gecə idi, hər şey görünürdü. Özü də ki, qonağın vaxtı yox imiş, guya elə o gecə geri qayıtmalı imiş…

Onlar bir qədər susdular.

– Bəs 11-ci kvadrat haqqında necə?

– Bax, elə məsələ də bundadır! Ferrero “P” yoldaşdan təcili məlumat alıb ki, almanlar 11-ci kvadrata cəza diviziyası göndərmək fikrindədirlər.

– Deməli, Karranti doğru deyir?

– Belə çıxır ki, doğru deyir.

– Deməli, – deyə Mehdi fikirli halda soruşdu, – deməli, onlar bizim üçün partlayıcı maddə tullamayacaqlar? Bəs onda faşistlərin hərbi qatarları necə olsun? Onda qatarlar tamamilə qorxusuz sovuşub keçəcəklər ki!

– Yox, Mehdi. Onlar keçməyəcəklər. “P” yoldaş söz verib ki, səhərə qədər bizə partlayıcı maddə çatdırsın.

Sergey Nikolayeviç qalxıb getməyə hazırlaşdı.

– Mən də sizinlə əməliyyata gedəcəyəm, – deyə Mehdi qəti səslə bildirdi.

– Yox, sən dincəl.

– Mənə inanmırsınız, Sergey Nikolayeviç? – deyə Mehdi gülümsündü. – Qorxursunuz ki, əməliyyatı korlayam!

– Sənə inanıram, Mehdi. Mən hamıdan çox sənə inanıram. Elə buna görə də burada qalmalısan. Karranti də burada qalacaq. Başa düşürsənmi?

– Aydındır, Sergey Nikolayeviç, – deyə Mehdi cavab verdi, – deməli, siz Karrantidən şübhələnirsiniz?

– Bəli, amerikalının başına gələn hadisənin arxasında nə gizləndiyini də gərək aydınlaşdıraq. Bunun səhv, təsadüfi və yaxud qəsdən edilmiş bir hərəkət olduğunu mütləq təyin etmək lazımdır!

– Karranti onun yanında nə üçün qaldığımı başa düşməzmi? Axı o, yaxşı bilir ki, siz böyük əməliyyatlara gedəndə məni həmişə özünüzlə aparırsınız.

– Bəs onda kimi qoyum, Mehdi?

Mehdi bir dəqiqə fikrə getdi.

– Əslinə qalsa… – o, mənalı tərzdə gülümsündü, – qoy Karranti bilsin ki, mən ona göz qoyuram! Mən bu işi xam bir adam kimi görəcəyəm!

Sergey Nikolayeviç gülümsündü:

– Hə, bu, pis fikir deyil! Sən mütləq kobud bir səhv buraxmalısan, bununla da onu azdırmalısan.

– Aydındır, Sergey Nikolayeviç, onda Karranti ehtiyatlı olmağı lazım biləcək.

– Düzdür. Əvəzində sən ikiqat ehtiyatlı olmalısan! Təkcə özünü deyil, yüzlərlə adamı fikirləşməlisən. İndisə salamat qal, Mehdi.

– Gecəniz xeyrə qalsın, yoldaş polkovnik.

Sergey Nikolayeviç getdi. Mehdisə dərin düşüncələrə daldı. Bəli, polkovnik haqlıdır: “Səadət əldə etmək Mehdinin düşündüyü qədər asan deyil. Mən o boz palto geyinmiş amerikalını bura gətirdim. O isə düşmən çıxdı. Onu öldürdülər, indisə mən qərargah rəisinə nəzarət etməliyəm. Bəlkə, biz Karrantidən nahaq yerə şübhələnirik? O, təcrübəli, işgüzar və təvazökar adamdır. Deyəsən, polkovnik məsələni qəlizləşdirməyi sevən adamdır… İndi də çəkmək istədiyim şəkil xoşuna gəlmir… Məgər mən onu pis fikirləşmişəm? Yox, rəng tapmaq lazımdır. Uşaqlar söz veriblər ki, ən yaxşı rənglərdən tapsınlar! Hə, artıq işə başlamaq vaxtı çatıb…”

Mehdi çəkəcəyi şəkil haqqında şirin düşüncələrə dalaraq yuxuya getdi.

* * *

Gecə ilə gündüzün bir-birilə mübarizə etdiyi vaxt idi: gündüz gecəni qovmağa çalışır, gecə isə geri çəkilmək istəmirdi.

Sergey Nikolayeviçin rəhbərlik etdiyi dəstə dağın döşü ilə enirdi. Adamların siluetləri göyün və dağların fonunda aydın görünürdü. Partizanlar sürüşməmək üçün ayaqqabılarına keçə sarımışdılar. Məntəqələrin birində Sergey Nikolayeviçin dəstəsi hələ gecə ikən “P” yoldaşın göndərdiyi partlayıcı maddəni aldı.

Səhərin alaqaranlığı çəkildikdən sonra qarlı dağlar və uzaq kəndlərdəki evlərin bacalarından çıxan tüstü burumları görünməyə başladı. Dəstə artıq dağdan enib düzənlik bir yerlə gedirdi.

Dəmiryolu relsləri dağların dolaylarında ilan kimi qıvrılırdı. Əsgər, zabit və sursatla dolu olan faşist hərbi qatarları bu yoldan ötməli idi. Hitlerçilər bilirdilər ki, ətraf yerlər partizanlarla doludur. Buna görə də, hərəkət cədvəlini elə qurmuşdular ki, qatarlar bu yerlərdən ancaq səhərlər keçirdi. Çünki partizanlar çox vaxt gecələr fəaliyyət göstərirdilər.

Sergey Nikolayeviç dəstəsini bir neçə yerə böldü. Partizanlar bütün düzənliyə yayılaraq əməliyyata hazırlaşırdılar. Hərbi qatar nə qədər uzun olsa da, partlayışdan sonra bir vaqon belə, salamat qalmamalı idi. Partlayıcı maddəni bölüşdürüb yol uzunu yerləşdirmişdilər. Bölüşdürülmüş partlayıcı maddənin axırıncı hissəsinə xüsusi detonator qoyulmuşdu. Parovoz detonatoru əzərkən birinci ən güclü partlayış baş verəcəkdi. Bu partlayışın nəticəsində də dalbadal o biri partlayışlar baş verməli idi.

Hava şaxtalı idi. Şpalların arasındakı torpağı bel ilə qazmaq olmurdu. Buna görə də partizanlar lingləri işə saldılar. İş ağır gedirdi. Nəhayət, torpağın donmuş hissəsi qazılıb qurtardı, iş bir qədər yüngülləşdi. Zarafat və gülüş başladı.

Sergey Nikolayeviç yolboyu gəzişir, işləyənlərə diqqət yetirirdi. O, lazım gəldikdə ayaq saxlayıb məsləhətlər verirdi. Qatarın gəlməsinə 15-20 dəqiqə qalmışdı. Faşist gözətçilərinin gözünə dəyməmək üçün tez getmək lazım idi. Partizanlar qulaqlarını relslərə qoyub dinlədikdə uzaqdan gələn qatarın uğultusunu eşitdilər.

Sergey Nikolayeviç işi qurtarmağı əmr etdi. Partizanlar qazılmış yerlərin üstünü qarla örtüb alətləri yığışdırdılar və geri çəkildilər. Onlar dağa qalxarkən ağacların budaqları arasından yaxınlaşan qatarı gördülər. Partizanlar kolluqların arasında yerə uzandılar.

Bir neçə saniyə ötdü.

Partlayışın gücündən ətrafdakı dağlar da lərzəyə gəldi. Əks-səda Triyest kəndlərinə qədər çatdı. Sergey Nikolayeviç ayağı altında yerin necə titrədiyini hiss etdi. Vaqonlar yanırdı. Sağ qalmış hitlerçilər vaqonlardan özlərini yerə atıb, avtomatlardan atəş açmağa başladılar. Yeni partlayış səsləri eşidildi. Bu, vaqonlarda olan partlayıcı maddələr idi. Almanlar qaçıb ətrafa səpələndilər.

Qorxudan özünü itirmiş əsgərlərdən biri aşağı diyirlənib, düz Lidiya Planiçkanın qabağına yıxıldı. Atəş açmaq əmri verilməmişdi. Planiçka tüfəngi kənara atıb ağlını itirmiş faşisti süpürlədi, yerə yıxdı. Amansız nifrət hissi onun qollarına qüvvət verirdi. Qadın əsgəri boğmağa başladı. Əsgər nə qədər çırpındısa da, Lidiyanın məngənə kimi möhkəm barmaqlarından boğazını qurtara bilmədi…

Nəhayət, polkovnik münasib vaxt çatdığını görüb, atəş açmağı əmr etdi.

* * *

Səhər Ancelika ev sahibəsinin ona verdiyi dama-dama şalı çiyninə salıb ensiz bir cığırla yuxarıda yerləşən evlərə tərəf yönəldi. O, alçaq çəpərin üzərindən adlayıb şam ağacları arasında güclə görünən bir evin artırmasına çatdı və qapını taqqıldatdı. Ancelika Vasya üçün ayrılmış balaca bir otağa girdi. Ev sahibləri sloven idilər. Ortayaşlı ev sahibəsi Ancelikanın belə tezdən gəlməsinə xüsusi bir məna verib gülümsündü. Vasya hələ yatırdı. Ancelika onun ayaq tərəfində əyləşdi. Vasya uşaq kimi sakit və qayğısız görünürdü.

“Hələ lap uşaqdır”, – deyə Ancelika düşündü və əlini uzadıb Vasyanın alnına tökülmüş saçlarını geri elədi. Bayırdan gəldiyi üçün qızın əlləri soyuq idi. Vasya gözlərini açıb Ancelikanı gördükdə qalxıb yatağında əyləşdi.

– Tənbəl, – deyə Ancelika gülümsündü.

Vasya qaşlarını çatdı:

– Sən də qoy görək, bir dəfə də olsun adamı doyunca yatmağa qoymurlar.

– Dur, dur.

Vasya gərnəşib gözlərini ovuşdurdu və bərkdən əsnədi. O, birdən-birə uşaq kimi sevinib dedi:

– Ancelika, heç bilmirsən nə qiyamət yuxu görmüşəm! Yuxuda görürdüm ki, bahardır. Smolensk şəhərinin yanında gəzirəm. Hara baxırsan, göz işlədikcə gül-çiçək görünür…

Ev sahibəsi otağa gəlib, onları süd içməyə dəvət etdi. O biri otaqda köhnəlib qaralmış skamyanın üstündə üzü tərtəmiz qırxılmış bir qoca oturmuşdu. Bu qocaya baxdıqda, onun “Mixaylo” ilə San Kusto kilsəsində danişan keşiş olduğunu təyin etmək çətin deyildi. Ancelika ilə Vasya otaqda əyləşdikləri müddətdə qoca bir kəlmə də olsun danışmadı. O, yalnız hərdənbir gənclərə baxır və nə isə məzəli bir tərzdə qımışırdı.

Ancelika bilirdi ki, keşiş partizanlar arasında böyük nüfuza malikdir. O, partizanlara həmişə lazımlı məlumat verirdi. Bundan başqa Ancelikaya məlum idi ki, bu kişi keşiş deyil. O, taxtadan keçi fiqurları yonub satmaqla məşğul olurdu. Özü də bu keçilər mühüm xəbərlərin partizanlara yetirilməsində böyük rol oynayırdı.

Vasya ilə Ancelika ev sahibəsinə təşəkkür edib, həyətə çıxdılar. Onlar bir qədər gəzmək istəyirdilər. Gənclər gəzə-gəzə ensiz dağ cığırına çatdılar. Hər tərəfdə seyrək meşə ilə örtülmüş dağlar görünürdü. Sıldırım dərələrin kənarlarında kolluqlar vardı. Dağ döşlərində kiçik torpaq sahələri gözə dəyirdi. Bir az aşağılarda isə birmərtəbəli daş evlərdən ibarət kəndlər yerləşirdi. Buradakı adamlar yarıac, yarıtox dolanırdılar. Kəndlilərin süfrəsində çörək nadir hallarda görünürdü. Axı, çörək harda əmələ gəlsin? Hara baxırsan, daşlıq və qayalıqdır. Yalnız düzənliklərdə zeytun, şabalıd və qoz ağacları ucalırdı. Dağlılar orada yaşayan adamlara həsəd aparırdılar.

Buranın mənzərəsi də kasıb və yeknəsəq idi. Lakin dağlılar mərhəmətli və cəsur adamlardılar. Onlar son tikələrini belə, partizanlarla bölüşürdülər. Özlərini elə tuturdular ki, guya evlərində nə qədər istəsən qarğıdalı unu, şərab və ət vardır. Lakin partizanlar çox nadir hallarda onlardan şey alırdılar. Hər kəs bilməsə də, onlar çox yaxşı bilirdilər ki, əhali korluq çəkir.

 

– Mən fikirləşirəm ki, siz buralarda necə yaşayırsınız? – deyə Vasya fikirli halda Ancelikadan soruşdu. – Bir parça da münbit torpaq yoxdur, hara baxırsan, daş-kəsəkdir…

Ancelika kədərlə köks ötürdü:

– Birtəhər dolanırıq. Sən təsəvvür edirsənmi, Vasya, burada bir balaca bağ, ya da bostan salmaq üçün nə qədər əziyyət çəkmək lazımdır? Bunun üçün uzaqdan kisələrlə torpaq daşımaq lazım gəlir. Mənim babam 3 min kisə torpaq daşımışdı. Axırda kişi dərdəsər olub öldü. Onun ölümündən bir az əvvəl hökumət adamları gəlib dedilər ki, gərək ev-eşiyini qoyub getsin. Avstriyalı bir qraf burda özü üçün malikanə tikdirəcəkdi.

Ancelika əli ilə ətraf dağları göstərdi:

– Bax, hər yerdə xaricilərin malikanə və qəsrləri görünür. Təbiət bizə torpaq verməyib. Adamlar da çalışaraq təbiətin səhvini düzəltmək istəyəndə, torpağın “sahibi” tapılır, gəlib mane olurlar.

O, Vasyaya baxdı:

– Yəqin, sizin torpağınız çoxdur?

– Hə, çoxdur! Onun heç ucu-bucağı görünmür!.. Özü də əsas məsələ odur ki, torpağın sahibi biz özümüzük!

Ancelika gülümsündü:

– Sən heç torpaq sahibinə oxşamırsan!

– Nə olar, oxşasam da, oxşamasam da torpaq mənimkidir!

– Vasya, – deyə Ancelika soruşdu, – sən Mehdi ilə çoxdan tanışsan?

– Əlbəttə, çoxdan, dörd aydır!

– Amma mənə elə gəlirdi ki, siz uşaqlıqdan elə bir yerdə böyümüsünüz.

Onlar asta addımlarla dağa qalxırdılar.

– O azərbaycanlıdır?

– Hə, Bakıdandır.

Ancelika fikirli-fikirli ağacların budağından tutaraq, yuxarı qalxırdı. Vasya isə onun arxasınca gəlirdi.

– Vasya, görəsən, onların adətləri necədir?

Vasya gülümsündü:

– Əgər haqq-hesabı Mehdidən götürsək, elə çıxır ki, yaxşı adətləri var.

– Hə… – deyə Ancelika təsdiq etdi. – İgid oğlandır… Özü də mənə elə gəlir ki, rəhmdil adamdır.

Sonra Ancelika yenə soruşdu:

– Deməli, cəmi dörd aydır ki, tanışsınız?

– Hə, dörd aydır.

– Siz bir-birinizə çox oxşayırsınız, – deyə Ancelika bir qədər tərəddüddən sonra əlavə etdi. – Həm də fərqlənirsiniz. Rəhmdillikdə və cəsarətdə bir-birinizə bənzəyirsiniz. Ancaq…

Ancelika onların bir-birindən nə ilə fərqləndiklərini izah etməkdə çətinlik çəkdiyi üçün susdu.

Uzaqdan boğuq bir partlayış səsi eşidildi, bir qədər sonra atışma başlandı.

– Bu nədir?! – deyə Ancelika soruşdu.

Vasya yavaş, lakin ciddi bir səslə cavab verdi:

– Ölümə ölüm!

– Sən bunların bizimkilər olduğunu haradan bilirsən?

– Mənə hələ dünən Mehdi demişdi ki, hitlerçilərin hərbi qatarlarını partladacaqlar. Mən də getmək istəyirdim, ancaq aparmadı. Dedi ki, qal, dincəl.

– Mehdi onlarla gedib?

– Bilmirəm. Qorxursan ki, başına bir iş gəlsin?

Ancelika gülümsündü:

– Mən heç vaxt belə şeyləri ürəyimə gətirmirəm, Vasya. Pis iş hamının başına gələ bilər. Məgər hər birimiz tapşırığı yerinə yetirməyə gedəndə ölümlə üz-üzə gələ biləcəyimizi başa düşmürük? Sən bir təsəvvür elə, gör, nə qədər yaxşı adamlarımız həlak olub…

– Demək, sən belə qız imişsən? – Vasya təəccüblə ona baxdı.

– Hə, Vasya, mən deyəsən, xasiyyətimi dəyişə bilmişəm. Bilirsənmi, əziz bir adamın çətin əməliyyata gedəndə oturub gözləmək çox ağır olur. Narahat olsan da, özünə ürək-dirək verirsən ki: “Hələ sağdır… hələ sağdır…”

– Sən daha heç kəs haqqında elə düşünmürsən?

Ancelika birdən-birə cavab vermədi.

– Mən sənə dedim ki, yox.

– Sən yaxşı qızsan, Ancelika.

– Sən də yaxşı oğlansan, – deyə Ancelika astadan cavab verdi. O, bir qədər səsini yavaşıdıb əlavə etdi, – Mehdi də yaxşı oğlandır.

– Axı demədin, bizim nəyimiz bir-birinə oxşamır? – Vasya soruşdu.

Ancelika dönüb Vasyaya baxdı. Vasyanın Mehdidən nə ilə fərqləndiyini təyin etmək üçün onu xeyli süzdü.

Ancelikanın ürəyi qarışıq hislərlə dolu idi. O, heç özü də bilmirdi ki, bu iki cəsur oğlanın bir-birindən fərqləndiyini nə üçün dedi. Mehdi ilə Vasya, Vasya ilə Mehdi – bu adlar həmişə qoşa çəkilirdi, bu adlar birləşib vəhdət təşkil edirdi. Ancelika isə birdən-birə onları ayırdı… Görəsən, buna səbəb nə idi?

Hərdən Ancelika tapşırığa tək gedirdi. O, bəzən yoldaş “P”nin yanına gedər, bəzən də başqa tapşırıqdan qayıtdıqda həmişə ilk növbədə Mehdini axtarardı, onu görmək istəyərdi. Onların nəzərləri bir-birinə sataşdıqda qızın ürəyi, nədənsə, həyəcanla çırpınmağa başlayardı. Mehdi isə Ancelikanı tapşırıqdan qayıdan başqa partizanlar kimi qarşılayardı. Hətta o, Ancelikaya qarşı daha tələbkar idi… Lakin Ancelikaya elə gəlirdi ki, sadəcə Mehdini görmək ona bəsdir. Ona artıq heç bir şey lazım deyil.

O, Mehdinin başqaları ilə necə söhbət etdiyini, hətta necə yemək yediyini belə görməyə çalışırdı. Ancelikaya elə gəlirdi ki, hamı Mehdi kimi hərəkət etməli, onun kimi gülməli, yeməli və zarafat etməlidir. Nə üçün? O, özünə bu sualı verməkdən çəkinirdi.

Günlərin birində Mehdi bir vərəq yaxşı kağız tapıb Ancelikanı yanına çağırdı:

– Gəl, bu kötüyün üstündə otur, sənin şəklini çəkim…

– Niyə? – deyə Ancelika utana-utana soruşdu, ürəyi həyəcanla vurmağa başladı.

– İstəmirsənsə, başqasının şəklini çəkərəm.

Ancelika kötüyün üstündə oturdu.

– Çək. Sonra o şəkli mənə bağışlayarsanmı?

– Əgər yaxşı çıxsa, bağışlayaram.

Mehdi nəzərlərini qızın üzünə zilləyib, onun sifətinin cizgilərini müşahidə etməyə başladı.

Ancelika Mehdinin baxışlarına dözə bilmədi. O, ilk dəfə idi ki, Mehdinin ağıllı, mərhəmətli, qara məxməri gözlərinə baxırdı. Qıza elə gəlirdi ki, bu gözlərin dərinliyinə qərq olur. Ancelika üzünü yana döndərib güldü:

– Nə olub, uşaq deyilsən ki! – deyə Mehdi qaşqabaqla dilləndi. Ancelika heç özü də bilmirdi ki, birdən-birə nə üçün güldü. O, uzun zaman özünü ələ ala bilmədi. Nəhayət, birtəhər özünü yığışdırıb Mehdiyə baxdı. Onun gülməkdən gözü yaşarmışdı. Bir qədər də qorxan kimi idi…

– Hə, belə otur! Belə yaxşıdır! – deyə Mehdi razı halda səsləndi.

Mehdi cəld hərəkətlərlə nə isə çəkməyə başladı. O, hər dəfə başını qaldırıb bir şey soruşurmuş kimi Ancelikaya baxırdı. Sanki Mehdi qızın gözlərindən aldığı cavabı kağızın üstünə köçürürdü. Ancelikaya elə gəlirdi ki, Mehdi işini qurtardıqdan sonra kağız üzərində şəkil deyil, yüzlərlə sual və cavab olacaq. O, ömründə heç bir vəchlə bu cavabları dilinə gətirə bilməzdi. Onları ancaq Ancelikanın gözlərindən oxumaq olardı… Onların arasında nə isə sakit və sözsüz bir mehribanlıq yaranmışdı. Ancelika istəyirdi ki, bu vəziyyət çox sürsün. Mehdi uzun müddət, bütün ömrü boyu onun şəklini çəksin.

Lakin Mehdinin əlindəki iş qurtarmaq üzrə idi. O, şəkli Ancelikaya göstərdikdə qızı heyrət bürüdü: şəkil, sanki canlı idi. Qızı hər şeydən çox təəccübləndirən o idi ki, kağızın üzərindən ona özünü itirmiş qorxaq Ancelika deyil, ötkəm, güclü və cəsarətli bir qız baxır!

Mehdi Ancelikanı onunla birlikdə kəşfiyyat və qorxulu əməliyyatlara gedən bir qız kimi təsvir etmişdi. Deyəsən, o, Ancelikanı başqa cür görə bilmirdi. Buna görə də, Ancelika güldüyü və Mehdini gördükdə özünü itirdiyi üçün xəcalət çəkdi. O, ancaq Mehdinin çəkdiyi kimi olmalıdır.

Ancelika özünü Vasyanın yanında daha sərbəst hiss edirdi. Onlar iki məktəbli kimi bir-birilə dostluq edirdilər. O, Vasyanın yanında özünü həddən artıq gənc, Mehdinin yanında isə yaşlı, mötəbər bir adam kimi hiss edirdi. Bunlardan hansının daha yaxşı olduğunu təyin etməkdə çətinlik çəkirdi.

Bəli, ona elə gəlirdi ki, Mehdi ilə Vasya bir-birinə bənzəmirlər. Məgər bu, özünün onlara müxtəlif münasibət bəsləməsindən irəli gəlmirdimi? Bunu necə izah etmək olar. Ancelika bu suala cavab verməyib fikirli halda başını yırğaladı.

– Bilmirəm, Vasya, bilmirəm…

Kiminsə addım səsləri eşidildi. Şam ağaclarının arasında möhkəm bədənli bir oğlan göründü. O, uzaqda Vasya ilə Ancelikanı görüb onların yanına yüyürdü və şən bir səslə qışqırdı:

– Eşitdiniz?

– Yanko! – deyə Ancelika sevincək halda ona tərəf döndü.

– Sən onlarla getmişdin?

– Yox, ancaq yaxında idim, hər şeyi görürdüm. Heç bilirsiniz nə qədər faşist qırdıq?! Sonra mən qaçdım…

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?