Onlar da insandı

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Amma yenə də qalxa bilmirdi. Qalxıb gedib qızının, arvadının yanında otura bilmirdi. Dünyanı, həyatı çox qaranlıq gördüyü bu dəqiqələrdə, köməyə möhtac bir adam kimi arvadına səslənmək istəyirdi, amma səslənmirdi. Güc-qüvvət özundə yoxsa, saçı uzun, ağlı qısa zəif bir qadından necə qüvvət ala bilərdi? “Vay, vay, səhərdən bəri içimdə şeytan var!” – deyir, əlini yelləyirdi, – “Çıxar, vaxtı gəlincə çıxar çölə!” Amma şeytan çıxmaq istəmirdi.

Bu dərin, ağır səssizlik, gözlərinə görünməyən, amma içini gəmirən bu dərd, kim bilir, daha nə vaxta qədər davam edəcəkdi? Nəhayət, tarlalarından, bostanlarından qayıdan kəndlilər sataşdı gözünə. Evin yanından keçən yolda heyvan və insan görüncə həyat qəflətən Bəkirin gözlərində canlandı. Tarlada işini tez bitirib evə tez döndüyünə sevinməli idi? Xeyr, tam əmin deyildi buna, amma yanıb-yandırılmağa da ehtiyac yox idi, doğrusu! Arvadı: “Dünyanın işini gördün bu gün!” – deməmişdimi?

Birdən ağacların arxasından biri səsləndi:

– Axşamın xeyir, Bəkir Ağa!

– Eyvallah! Sizsiniz, Ənvər?

– Mənəm!

Battal Ənvər əncir ağaclarının arxasından çıxdı, düz uzun ağacların yanında dayandı. Bəkir aynəbəndin pilləkənlərindən enib Ənvərə tərəf getdi:

– Kəsdin, doğradın bu gün uzunqulağı, Ənvər!

– Özümü də az kəsmədim, Bəkir Ağa! Səni tarlada tapa bilmədim. İşini tez bitirdin bu gün. Xeyir olar, Əsma xalam halsızdı?

Bəkir dayandı:

– Yox, halsız filan deyil. Amma qocalıq da halsızlığın dostudur. Çox tütün qırdın, desənə!

Ənvər qürurla başını arxaya atdı, əlini qaldırdı, Bəkirin evi qarşısındaki bostanı sağdan sola işarə etdi:

– Tarlanı tərtəmiz etdim, Bəkir Ağa!

Bəkir iki addım da irəlilədi, Ənvərin bu sözünü eşidər-eşitməz ayaqları yerə batmış kimi birdən durdu, təəccüblənərək dedi:

– Yox, canım.

– Bəli, təmizlədim. Sən getdikdən sonra on beş səbət də qırıldı, tövləyə daşındı, dəstələrə bağlandı. Lakin təpədə bir ovuc qırılmamış bir yer var, amma onu da özüm buraxdım, sabah işsiz qalmayım deyə. O biri gün də tarladakı tütün saplarını təmizləyəcəm, sonra dağa oduna gedəcəm…

Bəkir torpağa salınmış bir bel kimi dayanıb danışmırdı. Ənvər davam etdi:

– Çoban Səid Əligil məndən daha yaxşı becərdilər. Barmaqsız Osman da elə! Rəcəbin də olsa-olsa iki günlük işi qaldı. Ey, yatırsan sən, Bəkir Ağa, yatırsan! Millətə bax! Sinəmə fənər taxacam, qırıb bitirəcəm tarlanın tütününü sabaha qədər, deyirdi indi başında… Bilirsənmi, Nogaylıqda kəndlilərin torpaqlarını götürüblərmiş ruslar. Bunu mənə Molla Rəcəb izah etdi, ona da şəhərdən gələnlər söyləyiblər, önümüzdəki cümə namazında danışacaqmış millətə. Verərəm mən onlara torpaq! Atamın torpağına burnunu soxmaq istəyən cənabın gözünü partladaram, vallah! Əzərəm leşlərini, kübrə edərəm. Torpaq vermək haa! Kimə? Komolizmaya! Qızıl ilə çətin alınan şey pulsuz verilirmi, Bəkir Ağa?

Amma Bəkir Ənvərin dediklərini eşitmirdi. Demək, belə? Kəndlilər işlərini bitirirdilər, yalnız Bəkir geridə idi. İki, bəlkə üç, kim bilir, bəlkə də, dörd həftəlik işi vardı tarlada, tütün sahələrində. İçindən belə deyirdi:

“Dilənəcəksən, Bəkir, dilənəcəksən! Bütün aləm işini bitirdi, sən isə Günəş batmadan tarlanı buraxıb, bəy kimi evə gəldin. Sabah tarlasından qurtulan gedəcək dağa oduna. Qış qılınc kimi gəlib kəndi bassa, qorxmaz heç biri. Bütün aləm oturar sobasının başında paşa kimi, çəkər tütününü, yeyər paxlavasını, yeyər üzümünü, almasını, armudunu… Sənsə Nogay kəndlisi kimi təzək yandırmalısan, Bəkir, təzək! Tarlan da kübrəyə möhtac, tarlandan qalsan təzəyə də şükr et! Amma sən də vaxt tapdın haa! Bir yandan komolizma da gəlir. Batacaqsan, Bəkir, batacaqsan!”

Battal Ənvərin düz uzun ağacların yanından nə vaxt getdiyini belə görməmişdi. Ağır-ağır getdi, dəhlizin ağac pilləkənlərinə oturdu. Artıq özü üçün dünyada siqaret çəkməkdən başqa heç bir şey qalmamış kimi bir siqaret də yandırdı.

Arvadı Əsma dəhlizdə dayanmasaydı, kim bilir, başına daha nə fəlakətlər tapıb açacaqdı. Arvadı dedi:

– Çöməldin qaldın axşamdan bəri buralarda! Nədir bu halın? Allah hər kəsə ər verdi, mənə nə verdi? Sən də niyə başqalarının əri kimi danışmırsan? Hər kəsin canı candı, mənimki badımcandı?

Bəkir yavaş-yavaş ayağa qalxdı, dəhlizə çıxdı, amma arvadının səsi belə içinin dərdini yatırtmadı, əlini yellədi:

– Qışqırma, Əsma! Vallah, içimə bir qurd girib, səhərdən bəri yeyir məni.

– Yaxşı, nə olub?

– Daha nə olsun! Hər kəs tarlasında işini bitirdi, mənsə armud ağaclarına qədər çata bilmədim bu gün.

– Nə olsun bitiriblər? Bir həftəlik işin qalıb deyə, Tanrı aclıqdan öldürməz bizi! Amma belə başını ovuclayıb oturmaqdansa mənə bir tabutla bir kəfən sifariş et, vallah, daha yaxşıdı! Öldürürsən məni!

– Tütünümüz hələ tarlada dayanır, qışlıq yanacağımız da yoxdu…

– Sən məni niyə aldın, niyə mənimlə evləndin? İşləyə bilmərəm mən? Taxaram sinəmə bir fənər, gedərəm tarlaya, səhərə qədər qırıb bitirərəm o lənətəgəlmiş yerin tütününü.

– Tütünləri bitirsək dəstələmə işi var, sonra odun…

– Eşşək kimi odun da daşıyaram Roman Koşun dibindən. Sən məni İstanbul gözəlimi hesab edirsən?

Arvadının bu cəsur sözləri belə bu axşam Bəkirin qulağına girmir, içində bir ümid oyandıra bilmirdi. Hər acıdan acı, hər dərddən dərdli bir səslə dedi:

– Komolizma torpaqları alacaqmış!

– Kim alacaq?

– Bilirəm ki kim? Komolizma…

– Yalandı!

– Yalan deyil, Ağ məsciddən gələnlər gətirdilər xəbəri.

– Yalandı, dedim sənə!

– Yalan deyil! Boş yerə söz deyilməz. Madam tüstüsü göründü, çox çəkməz, alovu da görünər.

– Yalandı, dedim sənə, yalandı! Bağın, bağçan açıqdadır deyə, kim alar sənin torpağını. Söylə mənə, kim? Gəlirsə gəlsin, bir-iki qoyun, albalı, bir-iki salxım üzüm zibillənib gedər. Əvvəldən nə Naçalniklər, Qospodinlər, Barinlər gəlməzdi ki Rusiyadan?

– Amma indi başqadı…

– Nəyi başqa? Gəlirsə qonaq gələn kimi yeyib, gedər. Qonaqdan əsirgənməz! Amma insanın torpağını almaq olarmı? Torpaq almaq can almaqdı! Kim alar sənin torpağını?! Ata torpağıdı bu. Dünyada namus deyilən şey bitməyib hələ. Qorxma, qorxma!

– Qorxuram mən bu komolizmadan, Əsma! Torpağa girərsə necə çıxararsan?

– Torpağıma hələ yaxınlaşsın, baxım, bağıma yaxınlaşsın hələ! Üzünü, gözünü dağıdıb, göz bəbəklərini çıxararam. Leşini, ciyərini köpəklərə yedirdərəm. Mənim atam bağımı komolizmaya ver deyəmi verdi sənə? Bizə verdi, komolizmaya deyil! Amma dedim, yenə də deyirəm, elə başını ovuclayıb dərdli-dərdli otursan, vallah, billah, şirin canımnan olacağam. Vallah, gedib özümü Məmiş dərəsinə ataram. Ayşə qızın ömrünü də puç edəcəksən.

– Ey, çox deyinmə, Əsma!

– Haram edəcəksən hər şeyi bizə, haram! Nə qızına baxırsan, nə mənə. Bizi yolun ortasında tapmısan?

– Ey, kəs, Əsma, kəs!

– Kəsməyəcəm, niyə kəsim? De, niyə kəsim?

– Hər kəs eşitdi səsini.

– Eşitsin hər kəs, bütün aləm eşitsin səsimi!

– Allah xətrinə, uzatma, dedim sənə!

– Bütün aləm eşitsin. Aləmin əri var, mənim nəyim var? Hər kəsin canı candı, mənimki bənövşəyi badımcan?

Bəkir saçlarını, əllərini oxşayıb sakit qalın səsi ilə arvadına cəsarət verərkən Əsma gözlərini düz uzun ağaclarına dikmiş səssizcə baxırdı. Sonra yavaş-yavaş ərini qucaqlamağa başladı. Gözləri hələ uzun ağaclarda, bədəni titrəyirdi. Bəkir arvadının bu istiliyini sevgi yaxınlaşmasına oxşadırdı, arxaya çevrilib açıq qapıdan otağa baxdı, Ayşənin çölə çıxaraq onları bu vəziyyətdə görməsindən çəkinirdi, amma arvadını narahat etmək də istəmirdi.

Nəhayət, ayağa qalxdı ki, Əsma pəncə kimi əllərilə ərinin sinəsini qavradı?

– Bəkir, Bəkir, düz uzun ağaclarına bax! Görürsənmi, bax!

Bəkir baxdı:

– Allah bəlanızı versin! Arvadı qorxutdular, şeytandı bunlar…

– Şeytan deyil! Xatırlayırsan dünən axşam qəzetdə bir şəkil göstərmişdi Ayşə, komolizmanın saqqallı atasını! Bu saqqallı Kala Mala olacaq, yanında da oğlu, komolizma.

– Yox, canım, bunlar…

– Kala Mala ilə komolizma, dedim sənə. Tanıdım mən, çağır ikisini də bura, soruş, anla bu torpaq məsələsini!

– Canım, o saqqallını mən də Kala Malaya bənzətdim, amma…

– Çağır Ayşəni, o soruşsun. Sən bir yaxın getmə. Nə qədər torpağın, nə qədər bağın var, demə onlara. Qoy Ayşə danışsın, sən də kənardan dinlə!

– Mən onları bu axşamüstü bizim tarlanın kənarında gördüm, yanlarına getdim, müsəlman salamı verdim, amma salamımı almadılar. Salam almayan kimsədən xeyir gələr?

– Canım, sən onların salamını neynirsən? Çağır Ayşəni, danışsın onlarla, bəkə, işin iç üzünü izah edərlər.

Bəkirin axşamüstü tarlasının kənarında gördüyü iki kişi qarşıda uzun ağacların arxasında canlı heykəl kimi dayanmış, səssiz, hərəkətsiz dəhlizə baxırdı. Bəkir onları ürkütmədən qorxar kimi yavaşca ayağa qalxdı, içəri otağa girdi. İki dəqiqə sonra yanında Ayşə dönüb dəhlizdə gəldi.

Əsma dedi:

– Bax, Ayşə! Kala Mala ilə oğlu qarşıdadır!

Ayşə uzun ağacların arxasında insanlara heyrətlə baxdı, qəmli gözləri canlandı, gülərək dedi:

– O, Karl Marks deyil, ana! Karl Marks yüz il əvvəl ölüb. Komunizm da insan deyil, bir partiyadır, təşkilatdır.

– Dünən sənin oxuduğun qəzetdəki adamdı bu saqqallı!

– Yox, ana, bu o deyil!

– Yaxşı, bunlar nədi?

– İki zavallı insan.

– Burada nə işləri var?

– Bilirəm ki? Dayan bir dəqiqə. Mən indi başa düşərəm.

Ayşə pilləkənlərdən endi, qaçaraq o iki kişinin yanına getdi. Ortalığa dərin ağır bir səssizlik çökdü. Qoca danışır, Ayşə maraqla onu dinləyirdi. Dəhlizdə Bəkir bir Ayşəyə, bir arvadına baxırdı, qulaq qabarırdı, səbirsizlənirdi. Nəhayət, Ayşə atasına tərəf döndü və dedi:

– Ata, bu iki insan səninlə danışmaq istəyir!

Bəkir rəngdən rəngə girən gözlərini arvadının üzünə dikdi, yavaşca soruşdu:

– Nə deyim, Əsma, nə qədər torpağım var deyə soruşsa? Heyvanların hamısını sayım bir-bir? Malımızın gizlisi yox, amma komolizmadı bu, bilmək olmaz.

 

Əsma ərinə təpədən baxaraq gur səslə cavab verdi:

– Yox bir! Oğurladıq biz heyvanlarımızı? Torpaqlarımız da ata mirasıdı. Kimin torpağında gözümüz var ki, bizim torpağımıza göz qoysunlar?

– Elədir!

Bəkir düz uzun ağaclara tərəf getdi. Bəkir yanından ayrılan kimi Əsmanın qəlbinə bir qurd düşdü. “İnanmaq olmaz Rusun komolizmasına!” – deyə düşündü, ərinin arxası ilə getdi, pencəyini tutdu, Bəkiri çəkib yavaşca dedi:

– Ey, Bəkir, inanmaq olmaz bunlara! Nə qədər malın, mülkün var desə, sən başa düşməmiş kimi cavab ver!

Bəkir Ağa arvadına üstdən baxaraq əlini ombasına vurdu, uca səslə dedi:

– Daha nələr! Oğurladıq biz malımızı? Alnımızın təri ilə qazandıq. Torpağımız da atadan, babadan miras. Kimin torpağında gözümüz var ki, bizim torpağımıza göz qoysunlar!

Belə deyib düz uzun ağaclara tərəf getməyə davam etdi.

İndi yad adamları daha yaxından görə bilirdi. Ayaqyalın idilər, ayaqlarının dırnaqları əzilmiş sərçə başları kimi idi, ayaqlarını, qollarını tər axan yanaqlarını sanki yüz illik bir toz örtmüşdü. Saçları quşların ailə etdikləri kollar kimi qarmaqarışıq, ucları kir və tərdən qurumuş, topa-topa olmuşdu.

Çox fikirli görünürdülər. Amma zavallı desən deyildilər, məsud desən, o da deyil. Bu dünyanın insanları deyildilər sanki. Sanki dünya və həyat onları özündən ayırıb atmışdı. Onlar da həyata incimirdilər, kədərlənmirdilər, şikayət belə etmirdilər. Yorğunluqlarına, yoxsulluqlarına baxmayaraq torpağı sevən kəslər olmadıqlarından əmindi Bəkir.

Çünki ikisinin də ayağı çox kobud və çox sərt idi, əkilmiş torpaqdasa belə qaba, belə sərt ayaqlarla gedilməzdi. Sonra əllərinin içi yox, üstü parça-parça idi, demək ki, bərəkəti torpağın altından deyil, üstündən gözləyirdilər, demək ki, torpağın bərəkətini almaq üçün əllərinə heç toxa və bel almamışdılar. Yorğunluqları da torpağın işini görməkdən gəlmirdi, çünki torpaq işində yorulan insanın üzündə ağır günün izləri, bu izlərin hər yanı sabahın ümidləri mütləq görünürdü. Bu insanların üzlərindəsə ümid yox idi. Amma hansı səbəbdən bu hala düşüblərsə, yenə də insandılar və insanı insanlıqla qarşılamaq lazımdı.

Bəkir kəsdirməyə yaxınlaşdı, uzun ağacı qaldırdı, ikisini də içəriyə həyətə dəvət etdi. Saqqallı qoca yanındakı saqqallı gəncə baxdı. Saqqallı gənc gözlərini Ayşəyə dikib dayanmışdı. Saqqallı qocanın ona baxmasını görməmiş kimi, yerindən tərpənmədi. Qoca yumruğu ilə gəncin yanına vurdu, sonra əlindən tutdu, bərabər getdilər, Bəkir Ağanın həyətinə girdilər. Və kolları, otları, tikanı, daşı, torpağı ilk dəfə Bəkir Ağanın babaları tərəfindən təmizlənmiş bu torpaq parçasında, kim bilir, nə uzun yollar keçib, hansı uzaq yerlərdən gəlmiş bu insanlar dayandılar.

Bəkirə “uzaqlardan gələn bu insanlar mənim gözəl və bərəkətli torpağımı görürlər” deyən bir ifadə, bir qürur gəldi hətta. Amma bunu onlara bəlli etməyərək əyildi, çox asta bir səslə Ayşədən soruşdu:

– Qızım, bunlar kimdı?

– Bunlar ata-oğuldular. İkisi də yazıqdılar. Rusiyadan gəliblər. Kəndlərdə iş axtarırlar.

Əvvəllərdə gəlirdi bunlar kimi insanlar, Rusiyada qıtlıq, aclıq olduğu zamanlarda. Gəlib bir-iki ay işləyib, bir az pul qazanıb, sonra yenə gəldikləri kimi səssizcə məmləkətlərinə dönərdilər. Amma bu son on ildir ki kəndlərdə belə insanlar heç görünmürdü. Demək, indi Rusiyada yenə aclıq var. Bəkir torpağında dayanan bu iki kişinin qılığından açıqca başa düşürdü.

Bəkir başını çevirdi, üzlərinə diqqətlə baxdı. “Haralısız?” – deyə soruşacaqdı ki ağzını açmağa vaxt tapa bilmədən, qoca yerə diz çökdü, üzünü torpağa sürtdü, sonra başını qaldırdı, zavallı gözlərini Bəkirin üzünə dikdi, iməkləyərək gəlib Bəkirin ayaqlarına sarıldı, çarıqlarını öpməyə başladı.

Bəkir nə olduğunu, qocanın niyə, hansı səbəblə yerə bağlandığını, iməkləyib ayaqlarına sarıldığını birdən başa düşmədən qəlbi göynədi, ürəyində dua etdi: “Allahım, insanlara yurd yoxsulluğu göstərmə!”.

Qoca Bəkirin ayaqlarında alnını çarıqlara sürtərkən gənc səssizcə dayanmışdı, bir sərsəm kimi hissiz, ağzı açıq, dərin yaşıl gözlərilə Ayşəni süzürdü. Qoca başını gəncə tərəf qaldırdı. Amma gəncin duruşu və baxışları çox fərqli idi.

Qoca qışqırdı:

– İvan! İvan! Tı sobaka! Poydi suda!*

Qoca çox canlı idi, atəşli gözlərini gəncə dikmişdi, nəsə əmr edirdi. Qocanın qışqırmasından Bəkir qorxmuşdu biraz. Dəhlizə qayıtmaq istəyirdi ki, birdən qoca ayağa qalxdı, gənci iki əli ilə boğazından tutub Bəkirin ayaqlarına atdı, sonra özüdə diz çökdü, gəncin başını yumruqlayaraq qışqırmağa başladı:

– Prosi! Prosi kak sobaka! Prosi, İvan!**

İndi ikisi də yerdə, ikisi də Bəkirin ayaqlarına qapanıb yalvarırdılar.

Bəkir bunların zavallı olduqlarını bütün qəlbilə hiss etmişdi, ayağa qapanıb yalvarmaq buralarda heç də adət olmadığı, belə kədərli yalvarmaqlara ömründə ilk dəfə rastlaşdığı üçün gözləri yaşarmışdı. Əlini qaldırdı, yanaqlarına axan yaşları pencəyinin qırağına sildi, ayaqlarının dibindəki iki insandan yayılan kir, tər, pis qoxuları hiss etməyərək, iyrənmədən, o da diz çökdü, əllərini qocanın çiyinlərinə qoydu.

– Var bir çarə. Mən varlı deyiləm, amma varımı-yoxumu verərəm sizə! Vallah, verərəm.

Sonra başını ayaqda dayanan qızına qaldırdı:

– Ayşə, Ayşə! Anana de süfrəni hazırlasın. Vah, vah, vah, vah! Əsma, bura gəl! Xeyr, gir içəri, süfrəni hazırla!

Dəhlizin yanından Əsma səsləndi:

– Kimdilər?

– Dayanma orada, kimdilər deyə. Kim olursa-olsunlar, Allahın qulları, görmürsən? Yeyəcək, içəcək bir şey çıxar evdən.

Əsma içəri girdi. Atasının mərhəmət dolu həyəcanlı səsilə gələnlərin zavallılıqları Ayşəyə də toxunmuşdu, onun da gözləri dolmuşdu. Qoca bir az tatarcada bilirdi, ağlayan bir səslə davam etdi:

– Biz Poltavalıyıq, Qospodin. İşimizə görə pul ver bizə. Hər işi edərik. Mən qocayam, amma yenə də heyvanlara baxaram. Odun da kəsərəm, su da daşıyaram. Bu, mənim oğlum İvan…

Başını birdən-birə İvana çevirdi:

– İvan! Yalvar, köpək, yalvar!

Bəkir cibindən siqaret qutusunu çıxartdı, saqqallı qocaya uzatdı:

– İndi bir siqaret yandırın!

– Amma iş, Qospodin? Bizi yanınıza götürərsiniz? Haa? Götürərsən, Qospodin?

Bu yad adamların pis qəlbli olmadıqlarından Bəkirin heç şübhəsi qalmamışdı, çünki pis qəlblilər heç belə ağlayıb yalvarmazlar, çörək üçün belə uzun yollar getməzlər, bu hallara düşməzlər. Amma Bəkir ruslara bəli və ya xeyr deməyə hələ cəsarət etmirdi.

Qoca yenidən Bəkirə dedi:

– Haa? Götürəcəksən bizi yanına, Qospodin?

Bəkir yavaş-yavaş ayağa qalxdı, peysərini qaşıdı. Arvadı ilə danışmadan bir cavab verə bilməzdi!

– Siz oturun. Mən bir evə gedib gələcəm! – deyərək dəhlizdə tərəf getdi. Bəkir yanlarından ayrılan kimi qoca oğlunu yaxasından tutaraq özünə çəkdi, həm yavaş, həm də sərt bir səslə danışmağa başladı:

– İvan! Bu müsəlman pis adama oxşayır.

– Pis, pis, hamısı pis. Ho, ho!

– Amma bu çox pis, başa düşdün?

– Bəli, çox pis!

– Gördünmü önümüzdə necə diz çökdü. Bizə tütün verdi, gördün?

– Ho, ho! Gördüm, gördüm.

– Gözlərinə baxdın?

– Ho, ho! Baxdım.

– Gözləri yaşlandı…

– Ho, ho!

– Varımı, yoxumu sizə verərəm, dedi. Eşitdin?

– Ho, ho!

– Çox pis adam.

– Ho, ho. Hamısı pis.

– Amma bu hamısından pisdir İvan!

– Hamısından pis. Ho, ho! Niyə ata?

– O, məni aldada bilməz, İvan! Mən köhnə rusam.

– Ho, ho!

– Heç olacaq şeydi, müsəlman tatar rusu sevsin?

– Ho, ho! Sevməz.

– İki gözünü dörd aç, haa!

– Ho, ho! Qorxma!

– İki qulağın dörd olsun, haa!

– Ho, ho! Sən mənə burax.

– Mən ağlayanda sən də ağla!

– Ho, ho!

– Ayaqlarına sarıl, yalvar. Səni döysə də heç səsini çıxarma haa!

– Ho, ho!

– Amma qapılara yaxşı bax. Kilidsiz qapı varsa…

– Ho, ho! Baxdım.

– Hansı qapı kilidsizdir?

– Hamısı kilidsiz. Toyuq damı kilidsiz, tövlə kilidsiz.

– Kilidsiz haa! Pis adam.

– Ho, ho! Çox pis adam.

– Amma heyvan oğruyaq demə haa!

– Uuuuu! Niyə ata?

– Heyvan bəlalıdır, pul isə tərtəmiz, soxarsan cibə…

– Ho, ho!

Bəkir ilə arvadı dəhlizdə dayandılar, az sonra da Ayşə süfrəni çölə çıxartdı. Yan-yana dayanıb kədərlənərək ruslara baxdılar. Bu zavallıları torpaqlarında işlətməyə həm arvadı, həm Bəkir razı idilər. Hətta onların darda olduqları, işlərin bu qızğın zamanında belə qəflətən gəlmələrinə Allahın bir gözü ilə baxıb sevinirdilər, uğurlu kimsələr olduqlarından heç bir şübhə etmirdilər. Zəngin deyildilər, amma üç insanla üç-beş heyvanın doyduğu yerdə iki boğaza da bir şeylər tapılardı, əlbət. Geyim işini də həll edə bilərdi, çünki sandıqlarda Bəkirin köhnə və yamaqlı olsa da təmiz paltarları vardı. Bərbər Həsən də sabah bir ara işindən qurtular, gəlib saç- saqqallarını kəsər, ikisini də insan halına gətirərdi.

Çeşmələrdə də Allahın suyu əskik deyildi – çimib təmizlənərdilər. Ən mühüm məsələ evin harasında yatacaqlar idi. Çünki nə də olsa müsəlman deyildilər. Bəkirlə eyni dam altında yatarlarsa yad nəfəsləri müsəlman nəfəslərinə qarışar, olar ki, Molla Rəcəbin dediyi cinlər məzarlıqlardan çıxarlar, kafirlərin Bəkirin evində yatdıqlarını bilərək, evin ətrafına toplanarlar. Bəlkə də, evinə girərlər, Ayşəyə, arvadına, özünə sataşarlar…

Ər-arvad belə düşünürdülər, amma Ayşə bu fikrə tamamən qarşı idi. Zavallılara yazığı gəlirdi, gənc qəlbi yanırdı, dəhlizin kənarındakı boş otaqda, orada olmasa tövlədə bir yer verməsini atasından istəyirdi. Atası bir qərar verə bilmirdi. Ayşə isə səssizcə ağlayırdı. Əsma ərinə baxıb səsini çıxartmırdı.

Nəhayət, Ayşə dedi:

– Ata, tövlənin içərisi tərtəmiz, nə olar ki tövlədə yatsınlar.

Bəkir baxışlarını arvadına çevirdi:

– Bunlar heyvandılar?

– Dəhlizdə yatsınlar onda.

– Olmaz axı, biz müsəlman, onlar xristian.

– Xristian olanda nə olar ki?! Siz də Molla Rəcəbin sözünə qulaq asırsız. Məzarlıqda cin yoxdu, atacan. Bunların hamısı uydurmadır!

– Sus, tövbə de!

– Tövbə, Rəbbim, tövbə, Rəsulullah!

– Yaman yerdə axşamladıq.

– Amma ata, sizə deyirəm, dəhlizdə yatsınlar. Bundan günah gəlməz. Yaxud dəhlizin kənarındakı boş otaqda. İnanın mənə. Bu, günah deyil, atacan!

– Necə günah deyil, xristiandır onlar, biz isə müsəlman. Eləmi, Əsma?

– Elədi!

– Amma ata, dinləyin, sizə bir şey deyəcəm, əminəm ki, qane olacaqsınız.

– Yaxşı, de, görüm.

– Gaspıralı İsmail Bəy müsəlman idi?

– Ah, ah, həm də necə müsəlman!

– Bəs Çələbican?

– O, Allahın yolu ilə getdi.

– Cəfər Səid Əhməd kimilər?

– Allah onların qüvvət və səhhətlərini əksiltməsin!

– Gördünüz, atacan! Bunlar hamısı bizim əziz adamlarımız deyilmi?

– Bəli, bəli!

– Amma hamısı xristian məktəblərində oxudular. Madam ki, xristian məktəblərində oxudular, demək ki, xristian tələbələrlə bir damın altında yaşadılar, bir masada oturdular, bir qazandan şorba yedilər. Amma onlar müsəlman deyildilər, deyə bilərsənmi?

Bəkir təəccüblə arvadının üzünə baxdı, sonra da baxışlarını qızına və ruslara çevirdi, peysərini qaşıdı.

– Elə?

– Elədi, ata, əlbəttə, elədi! Heç bir zərəri yoxdu. Məsələn, Cəfər Bəyi götür. Cəfər Bəy Fransada, Parisdə oxumayıbmı?

– Fransızlar da xristiandırlar?

Ayşə güldü:

– Ata, əlbəttə, xristiandırlar!

Bəkir yenidən peysərini qaşıdı:

– Amma zənn etmirəm ruslar kimi xristian olsunlar. Onlar xristian olsalar da hər halda başqa cür xristiandılar.

İndiyə qədər ikisinin söhbətində heç səsini çıxarmayan, diqqətlə dinləyən Əsma sözə qarışdı:

– Sən sus, Ayşə! Çox qəzet oxudun deyə mənə, atana dərs verməyə qalxma! Günah deyilmi, Çələbican kimilərin adlarını qarışdırırsan bu məsələyə, yadlarla bərabər yemək yedilər, deyə! Qəzetdən həmişə belə şeylər öyrənirsən, daha görməzsən qəzet! Qalx, gir içəri görüm!

Ayşə başını aşağı əydi, içəri girdi. Əsma ərinə döndü:

– Sənə işçi lazımdı, eləmi? Al bunları, işləsinlər yanında, tütünləri tarladan yığana qədər. Yatsınlar tövlənin içində.

– Heyvandılar bunlar, canım?

– Aaa, nə olsun ki! Yolların toz-dumanında yatanlara tövlə də şükür etsinlər. Rusiyada qızıl saraylarda yatırdılar? Tövlədə yer göstər onlara!

– Bəs razı olmasalar?

– Olmasalar, cəhənnəm olub getsinlər gəldikləri yerə!

Bəkir gözlərini açaraq həyəcanla arvadına baxdı:

– Düz dedin!

– Düzdü! Mən sənə necə əmr etmişəm, sən də get o Kala Malaya əmr et. Belə, belə deyib izah et məsələni. Tütünlərimi tarladan yığana qədər iki adam lazımdı mənə. İzah et nə edəcəklər, oğlunun işi ayrı, qocanın işi ayrı. Özlərinə nə qədər pul verəcəksən, bu qədər, bu qədər… Amma işlərinə görə pul! Hesabı çox böyütmə! Yeyəcəklərini, içəcəklərini. Süfrəmizdə nə varsa paylaşarıq. Sonra harada yatacaqlarını. Burada, burada, vəssalam. Yaxşı izah et, bazarlıq et, amma çox böyütmə, işə görə pul! Başa düşdün, yaxşı danış!

 

Bəkir Ağa əlini ombasına vurdu:

– Ey, əmr etmə mənə komandir kimi! Mən işimi bilirəm. Rusiyada qızıl saraylarda yatdılar? Harada əmr edərsən orada yatarlar. İşlərinə görə pul verərəm. İstəməzlərsə cəhənnəm olub getsinlər gəldikləri yerə. Bilirəm mən işimi! Sən evə gir!

Bəkir ürəkləndi. Dəhlizin taxta pilləkənlərini endi. Ağır addımları ilə yerə qüvvətlə basaraq getdi, iki rusun yanına çatdı. Yanlarında dayandı. Sinəsini köhnə zənginlər, mal mülk sahibləri kimi qürurla qabartdı, bığlarını burdu, gur, kişi səsi ilə arvadının dediklərini ruslara təkrarlamaq istədi.

Lakin səsi çıxmırdı. Yavaşca başını sinəsinə əydi. Artıq bığlarının uclarını da burmurdu. Əzablı bir insan kimi bığlarını çəkişdirirdi, əlləri bığlarına gedirdi, oradan sinəsinə, sinəsindən budlarına enirdi, çətinliyini bəlli edən gözlərlə ruslara baxırdı, nə deyəcəyini bilmirdi.

Arvadının sözlərini ruslara təkrarlamaq üçün yenidən ruhlanıb özündə bir qüvvət tapmaq istəydi. Tapa bilmədi, cəsarəti yox idi. Əllərini yellədi, içindən dedi: “Eh, indi qalxdın kasıb-füqəraya nəzakətlilik göstərməyə, Bəkir! Özün də sabancı oğlu sabancı deyilsən? Utan, Bəkir, utan!”.

Yavaş-yavaş əyildi, qoca rusun əlindən qutusunu aldı, bir siqaret yandırdı. Sözə başlamaq istədi, amma başlaya bilmədi. “Söhbət də tütün tarlasındakı işə oxşayır. Biri başlayana qədərdi. Başlayınca gedər avtomobil kimi patır-patır!” – deyə düşündü.

Amma necə başlayacaqdı? Zavallılara tövlədə heyvanların yanında yer göstərmə məsələsi qəlbini gəmirirdi. Qarşıda dörd göz otaqlı evi olarkən, tövlədə heyvanların kübrələri yanında gedib yatın, deyə bilməzdi!

“Bizim Əsma da nə arvaddı ha! Olmaz, dedi! Yumruğunu daşa vursa daşın suyunu çıxarar, vallah. Ayağını dirədisə bir döşəmə yer verməz. Bərəkət, saçı uzun doğulmuş. Kişi doğulsaydı soltan Həmidi basdırardı! Həriflərə dəhlizin kənarındakı boş otağı verə bilməzdi ki guya iki həftəlik?”

Başını çevirdi, ümidsiz dəhlizə baxdı. Ruslarla öz yerinə Əsmanın danışmasını elə istəyirdi ki! Amma arvadı dəhlizdə yox idi. Dəhlizdə olsa belə evin kişisi olarkən məsələni qadının həll etməsi düz olmazdı.

Əlini bığlarına qaldırdı, sinəsini qabartdı. Amma sözə başlamağa vaxt tapmadan, qoca rus yenidən Bəkirin ayaqlarına sarıldı:

– Ee, Qospodin, götürəcəksən bizi yanına?

Bəkir yavaşca cavab verdi:

– İki-üç həftə üçün mənə iki adam lazımdır, amma..

– Könlündən nə keçərsə razıyıq, Qospodin! Köpəyinə yedizdirdiyin qədər yedirt bizi, Qospodin!

– Olar, olar, canım…

– Olar, Qospodin, sənin hər işini edərik.

– Amma… Amma bizim ev bir az darısqaldır. Darısqal deyil, amma… tövlə təmizdır, özüm təmizlədim.

– Biz yol kənarında yatarıq, Qospodin!

– Olar heç…

– Bu divarın dibində yatarıq, Qospodin!

– Olar heç…

– Yaxud tövlədə…

– Yatarsız tövlədə, heyvanların yanında?

– Bəli, Qospodin. İcazə versən yatarıq tövlədə. Sənin tövlən bizim üçün qızıl saray. Eləmi, İvan?

– Ho, ho!

– Biz təmizləyərik sənin tövləni. Heyvanlara baxarıq, yatarıq tövlədə, heyvanların yanında. Onsuz da özümüz heyvan kimiyik. Sənin heyvanların bizdən təmizdi, bizdən yaxşıdı. Eləmi, İvan?

– Ho, ho! Elədi!

Bəkir yavaş-yavaş ayağa qalxdı. Peysərini qaşıyaraq, çox diqqətlə ruslara bir də baxdı.

“Pis insan deyil bunlar. Qarınlarını doyursam iki həftəyə dünyanın işini edərəm. Tarlanın işini bitirincə evin damını təmir edərəm. Bunları iki həftə yerinə üç həftə işlədərəm dağdan qışlıq odunu da gətirərəm, yığaram tövləyə!”– deyə düşündü, əyildi, əlini qocanın çiyninə qoydu.

– Yaxşı, Allaha şükür, indilik çörəyimiz var, amma arağımız yoxdu. Qalın iki həftə yanımda. Qarnınızı doyuyaram, haqqınızı da yaxşı ödəyərəm!

Qoca rus yenidən Bəkirin ayaqlarına sarıldı:

– Spasibo, Qospodin, spasibo! Sən bizə çörək ver, biz də sənin işini edərik. Arabir boğazımızı islatmaq üçün bizə araq da lazım, amma biz taparıq. Kisəmdə var bir-iki şüşə. Dərman yerinə saxlayıram, Qospodin…

Bəkir məsələnin belə həll edilmiş olmasına sevinərək rusları dəhlizə dəvət etdi.

Qaranlıq düşmüşdü, göz gözü görmürdü. Ayı Dağa doğan Ay Qara dənizin sakit sularında parıldayırdı.

Bəkir Kala Malanı (qoca rusun adı o gündən sonra Kala Mala qalmışdı) tövləyə apardı, divardakı fənəri yandırdı, yatacaqları yeri göstərdi. Ata-oğul dəhlizdə yeməklərini yeyərkən onları narahat etmək istəmədiyi üçün özü də içəri girdi.

Evdə, qapıları bir-birinə açılan otaqlar boş və səssiz idi. Bəkir qaranlıqda əlini uzatdı, masanı axtardı, tapdı, bir kibrit yandırdı, şüşəni yavaşca qaldırıb lampanı yandırdı. Divarın yanında Ayşə ilə arvadı eyni döşəkdə şirin-şirin yatırdılar.

Bəkir onlara baxarkən içi səbəbini bilmədiyi bir qürurla doldu. Sinəsini iftixarla qabardaraq gözlərini otağın divarlarında, xalçalarda gəzdirdi. Dairəvi sandıqlara, çarpayılara, döşəklərə baxdı. Sonra baxışları döşəkdə anasının yanında yatan qızının üzündə dayandı. Yavaş-yavaş getdi, döşəyə yaxınlaşdı, diz çökdü, qızının ağ çiyinlərinə tökülmüş uzun, parlaq saçlarını oxşadı, əyilib alnından öpdü. Deyərkən arvadı gözlərini açdı, pıçıldayaraq dedi:

– Bəkir, get, gir döşəyinə.

Bəkir eyni pıçıltı ilə soruşdu:

– Bəs sən?

– Məni burax, gir yatağa. Sabah tezdən qalxacaqsan. Tarlada hələ dünyanın işi var.

– Eh, nə işi… Hələ gecənin yarısıdı.

– Yatağına gir, dedim sənə! İşimiz başımızdan aşır. İşini Kala Malanın edəcəyini düşünürsən?

Əsma gözlərini yumdu. Bəkir arvadının son sözü dediyinə əmin olmuşdu ki, səssizcə ayağa qalxdı, sinəsini qabartdı, başını çevirib təkrar divarlara, rəflərə, sandıqlara bir də göz gəzdirdi. Otağın gözəlliyi içini fərəhlə doldurmuşdu. “İnşallah, damı da da təmir edərəm!” – deyə düşünərək pəncərəyə tərəf getdi. Pərdəni yavaşca qaldıraraq dəhlizdə yemək yeyən Kala Mala ilə İvana baxdı.

– İşlərin tam da qızğın zamanında Allah yolladı bunları mənim evimə! – deyib güldü.

Pəncərədən çəkildi, yataqda şirin-şirin yatan qızı ilə arvadına baxdı. Sonra sabahki işlərini düşünərək yavaş-yavaş soyunub lampanın işığını söndürdü.

Kala Mala ilə oğlu İvan dəhlizdə Əsmanın yağ, pendir, zeytun, çörək qoyduğu süfrəyə oturub yemək yeyirdilər.

Ay işığı var idi. Solda səssiz yatan məzarlığın ağır türbələri, qalın, geniş, sakit meşə ağacları arasından durğun dost dəniz görünürdü. Yorğun Qızıldaş indi dərin, şirin yuxulara dalmış, evlərin pəncərələrində lampa işıqları söndürülmüş, dəhlizlərdə səs səda kəsilmişdi. Heyvanlar da səssiz idilər. Təkcə Bəkirin dəhlizinə arabir gecə quşları gəlib dəhlizin qabağında uçurdular, orada oturanların yad adamlar olduğunu bilənlər kimi birdən-birə ürkərək qaranlıqlarda itib gedirdilər.

İvan həm yeyirdi, həm də tilsimli gecəyə baxırdı, aylı-nurlu gecədə gördükləri ona əcaib gəlirdi. Çünki yaşı indi iyirmi beş olmuşdu, amma ömrünün yaz-qış gecələrinin çoxunu səmanın altında, açıqda keçirmiş olmasına baxmayaraq belə gecəni, belə məmləkəti hələ ilk dəfə görürdü. Bu məmləkət yaxşı idi, yoxsa öz yurdu, hələ bilmirdi. Amma bu müsəlman torpaqları bir az qəribə idi! Başını sağa çevirəndə dağ, dərə-təpə, sola çevirəndə dağ dərə-təpə görürdü, qarşıda isə su, su, yalnız su var idi. Başqa heç bir şey! İnsanlar da, evlər də başqa idilər, heyvanlar da elə!

İvan səssizcə yeyirdi, yeyərkən qarşıdakı meşə ağacları arasından görünən Ayın qızıl işıqları altından parlaq dənizə baxırdı, dənizi çox yaxında hiss edirdi. Oturduğu dəhlizdən aşağı tüpürsə, tüpürdüyünün dənizə düşəcəyini düşünürdü. Qəribəydi bu müsəlman torpaqları!

İvan gözlərini təkrar dənizin aydın sularına dikdi, sonra yavaşca ayağa qalxdı, dəhlizin kənarına getdi, başını arxaya atdı, udquna-udgquna ağzında bütün tüpürcəyi damağı ilə dili arasına topladı, başını önə əyərək tüpürüb güldü. Oğlu İvana arxadan Kala Mala qışqıraraq səsləndi:

– İvan, gəl, boğazını islat. Quru boğazdan tüpürcək çıxmaz.

İvan tüpürürdü. Bəkirin evindən bir kilometrə yaxın məsafədəki qəbiristanlığın sıx meşələri arasından görünən dənizin nazlı suları kədərli səssizliyi ilə İvana baxırdı. Qəbiristanlığın qalın meşələri, budaqları ilə dənizə divar olmaqla səssizcə ağlayırdılar sanki. İvan isə tüpürürdü. Bu qədər yaxın sayılan dəniz İvana, əlbəttə, çox uzaq idi və İvanın araq qoxuyan boğazından çıxan tüpürcəklər Əsmanın axşam suladığı bostanda balqabaq, xiyar, lobya, bostan kənarındakı çiçəklərə düşürdülər.

İvan uzun müddət dənizə tüpürdükdən sonra döndü. Kala Mala:

– İvan, boğazını islat, dedim sənə! – deyə səsləndi, araq şüşəsini dodaqlarına qaldırdı, başını arxaya atdı, boğazına araq boşaltdı. Sonra yun jaketinin cibindən quru, duzlu bir balıq çıxarıb burnunun altına soxdu, bığlarının, saqqalının tükləri arasına basdırdı, iylədi, öskürdü, jaketinin qırağı ilə dodaqlarını sildi: