Tanrı görmüş köpək

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Ax, o sənsən? – deyə qoca zahid onun sözünü kəsdi. – Hər səhər mənə təzə çörək göndərən o adam sənsən?.. Düzü, belə gözəl, təzə çörəyə layiq olduğumu bilmirdim.

– Təzə? Əlbəttə ki, təzədir. Sobadan yenicə çıxıb… Mən işimi yaxşı bacarıram… Ancaq çörəyimin oğurlanmasına heç cür razı ola bilmərəm.

Silvestro başını aşağı əydi.

– Sizi başa düşürəm, – pərişan halda dilləndi. – Gileylənməkdə haqlısınız, ancaq xəbərim yox idi… Söz verirəm, Qalleon daha kəndə gəlməyəcək. Onu burda saxlayacağam. İt də olsa, vicdansız hərəkət etməməlidir… Bir də onu görməyəcəksiniz, söz verirəm.

Əsəbi soyuyan çörəkçi:

– Lap yaxşı, – dedi. – Əslində, köpək yenə də gələ bilər. Çünki əmimin vəsiyyətinə görə gündə əlli kilo çörək paylamağı boynuma götürmüşəm. Kasıblara, işsiz-gücsüz avaralara verirəm. Bir çörək də bura gəlsə, problem olmaz, kasıblamaram.

– Tanrı əvəzini versin, qardaş… Hər nə niyyətlə edirsən et, əsas odur ki, savab iş görürsən.

– Bundan sonra sevə-sevə edəcəyəm.

– Niyə bu cür danışdığını bilirəm… Siz adamlar utanırsınız. Özünüzü olduğunuzdan daha da pis göstərməyə çalışırsınız.

Defendente əvvəlcədən hazırladığı söyüşlərin heç birini deyə bilmirdi. Xəcalət çəkirdi. Məyus olmuşdu. Eyni zamanda da, zahidin yanına gedən ilk və hələ ki tək adam olduğunu düşünmək xoşuna gəlirdi. Amma yenə də bura gəlməyin heç bir xeyri yox idi, axı o, adi bir zahid idi. Bəs gələcəkdə? Silvestro ilə gizli-gizli dostluq etsə, bəlkə də nə vaxtsa işinə yaraya bilərdi? Tutaq ki, o, bir möcüzə göstərdi, böyük şəhərlərdən kardinallar, proletarlar onunla görüşməyə gəldilər. Şəninə mərasimlər, ziyafətlər təşkil edildi… O zaman bu müqəddəsin yaxın dostu, hamının həsəd apardığı Defendente mayor, ya da bələdiyyə sədri ola bilərdi. Niyə də yox?

Silvestro:

– Nə qəşəng tüfəngin var? – dedi və tüfəngi nəzakətlə onun əlindən aldı. Cüzeppe anlaya bilmədi ki, necə oldu, tüfəng birdən-birə açılaraq dərəyə səs saldı, çünki zahid tüfəngi əlində bərk-bərk tutmuşdu.

– Dolu tüfənglə gəzməyə qorxmursanmı? – zahid soruşdu.

Çörəkçi ona şübhəli-şübhəli baxaraq:

– Balaca uşaq deyiləm ki, – dedi.

– Düzdür, – zahid tüfəngi ona qaytardı. – Doğrudan, Tisdə bazar günləri kilsədə adam az olur? Eşitdim yerlərin çoxu boş qalır.

– Bomboş olur, əlimin içi kimi, – Defendente ləzzətlə cavab verdi. Sonra davam etdi, – Bir az çətin olur.

– Təxmini neçə nəfər gəlir? Səninlə birlikdə nə qədər adam olur?

– Otuz nəfər. Bazar günləri və Milad bayramında bir az daha çox, təxmini əlli nəfər.

– Yaxşı, de görüm, Tisdə adamlar çox söyüş söyürlər?

– Onlar İsanı onun üçün bir şam yandırmadan belə söyürlər.

Zahid ona baxıb başını buladı:

– İşə bir bax, İsaya inananların sayı azdır.

– Az? – Defendente ürəyində istehza ilə gülərək dedi, – Bir sürü dinsiz var.

– Yaxşı, bəs uşaqların? Onları tez-tez kilsəyə göndərirsən?

– Əlbəttə, onları xaç suyuna saldırmışam, sonra da bir neçə dəfə dualar oxutdurmuşam.

– Doğrudan? Dua da oxutdurmusan?

– Həə. Böyük oğlumun qavrayışı yaxşıdır, duaları tez öyrənir, ancaq balacası…

Birdən-birə dayandı, fikirləşdi ki, görəsən çox ağ eləmədi ki?!

– Çox yaxşı ata imişsən, – zahid ciddiyyətlə dedi. (Bəs niyə belə gülümsəyirdi?) – Aradabir, vaxtın olanda mənə baş çək, Tanrı səninlə olsun!

Sonra xaç çəkirmiş kimi bir hərəkət etdi.

Bir an çaşbaş qalan Defendente nə cavab verəcəyini bilmədi. Sonra başını xəfifcə əydi və papağının ucuna toxunaraq xaç çəkdi. Xoşbəxtlikdən, bunu heç kim görmədi – köpəkdən başqa.

VII

Çörəkçinin özünü bələdiyyə kürsüsündə görmək xəyalları davam etdikcə, zahidlə gizli dostluq etməyə çalışdı. Əslində, bu məsələdə ehtiyatlı olmalı idi. Öz günahı ucbatından olmasa da, kasıblara çörək paylaması Tisdə onu bir xeyli hörmətdən salmışdı. İndi də kimsə xaç çəkdiyini görərsə, lap biabırçılıq olardı. Amma yaxşı ki, heç kim yox idi. Dəqiq bilirdi ki, nə yolda gedərkən kimsə onu görmüşdü, nə də köməkçilərinin bu gedişdən xəbəri var idi. Amma yenə də tam əmin ola bilməzdi. Bir də köpək məsələsini necə həll edəcəkdi? Bundan sonra ona çörək verməmək düzgün olmazdı, amma bunu dostlarının gözü qabağında da edə bilməzdi. Nəsə başqa bir şey fikirləşməli idi.

Səhəri gün Defendente təpəyə gedən yolun üstündəki evin yaxınlığında gizləndi. Qalleonu görəndə fit çalaraq yanına çağırdı. İt onu tanıdı. Əlindəki çörəyi göstərərək iti yaxınlıqdakı odunluğa apardı. Beləcə, hər gün çörəyi odunluqda odunlardan birinin üstünə qoymaqla itə hər gün bura gəlməli olduğunu başa salmağa çalışdı. Həqiqətən də, Qalleon sabahısı gün çörəyi təyin edilmiş yerdən götürməyə başladı. Bundan sonra onu nə Defendente, nə də kəndlilər gördülər.

Payızın gəlişi ilə günlər qısalmağa başladı. Artıq Defendente Sapori rahat idi və səbətdəki deşikdən dilənçilərin payını götürməklə məşğul ola bilirdi.

VIII

Həftələr keçdi, qış gəldi, pəncərələrdəki güllər saraldı. Bütün günü bacalardan tüstü çıxdığını görmək olardı. İnsanlar soyuqdan qorunmaq üçün bərk-bərk bürünməyə, təpədən aşağıya kankidə sürüşməyə başladılar. Ulduzlu və aydın bir gecədə, uçuq-sökük kilsənin cənub hissəsindən işıq parladı, ancaq bu əvvəlki işıqlara heç oxşamırdı. Qısa vaxt ərzində bu xəbər bütün Tisə yayıldı. İnsanlar yataqlarından qalxdılar, pəncərələri açdılar, bir evdən digərini səslədilər, qısa vaxt ərzində küçədə yığışdılar. Sonra bunun Silvestronun kilsəsindən gələn adi işıqlardan biri olduğu məlum oldu. Kişi və qadınlar pəncərələri bağladılar, yorğanlarına bürünərək boş yerə narahat olduqları üçün işığa qarğış tökdülər. Səhəri gün Tisdə söz-söhbət gəzməyə başladı ki, zahid gecə ölüb. Bir neçə adam onu basdırmağa getdi. Axı ölənin basdırılması məcburi idi. Beləcə bir keşiş, bir daşyonan, iki fəhlə zahidi dəfn etməyə yollandı. Onları abbat Don Tabiya müşayiət edirdi. Tabutu eşşəyə qoşulmuş balaca arabaya yükləyərək təpəyə çıxdılar.

IX

Beş adam təpəyə çatanda, Silvestronu qolları xaç kimi yana açılmış vəziyyətdə yerdə uzanan gördülər. Gözləri bağlı idi, əsl mömin kimi görünürdü. Qalleon başının üstündə dayanaraq ağlayırdı. Meyiti tabuta qoydular, abbat dua oxudu və onu dəfn etdilər. Qəbrinin üstünə xaç şəklində taxta vurdular. Sonra abbat və yanındakılar geri qayıtdılar, köpək isə hələ də məzarın başında ağlayırdı. Kənddə heç kim bu məsələ barədə bir kəlmə belə soruşmadı. Həmin gündən sonra köpəyi görən olmadı.

Səhəri gün Defendente odunların üstünə çörək qoymağa gedəndə, dünənki çörəyin hələ də orada olduğunu gördü. Çörək qurumuşdu, içində qarışqalar oynaşırdı. Günlər keçdi və bir müddət sonra Sapori köpəyi yaddan çıxartdı.

X

İki həftə sonra Defendente çayxanada polis rəisi və Bernadislə kart oynayarkən, cavan bir oğlan küçəyə baxaraq qışqırdı: “Baxın, həmin it”. Defendente tez pəncərədən boylandı: çirkin, arıq bir it büdrəyə-büdrəyə gedirdi. Deyəsən, acından ölürdü. Saporinin yadında qaldığı qədərilə zahidin iti daha böyük və güclü idi. Amma o da təbiidir ki, iki həftə ac qalan itin nə gücü, nə də yekəliyi qalar. Nəhayət, çörəkçi köpəyi tanıdı. Deməli, bir müddət məzarın başında ağlayandan sonra aclığa tab gətirməmiş, sahibini tərk edərək kəndə yemək dalınca gəlmişdi.

– Qısa vaxtda öləcək bu it, – Defendente etinasızlığını göstərmək üçün gülərək dedi.

– Bəlkə heç o it deyil? – Lusioni əlindəki kartları dəstələyərək gülümsədi.

– Hansı it olmaz?

– Deyirəm bəlkə heç zahidin köpəyi deyil?

Söhbətə sonradan qoşulan Bernadis, birdən-birə qızışdı:

– Amma mən bu heyvanı əvvəl də görmüşdüm. Özü də təxminən buralarda… Defendente sənin itin deyil bu?

– Mənim? O hardan çıxdı, niyə mənim itim olsun ki?

– Səhv etmirəmsə, onu bir neçə dəfə sənin dükanının yanında görmüşəm.

Defendente bu sözdən narahat oldu:

– Dükanın ətrafında o qədər it gəzir ki, amma dəqiq bilirəm, belə birini görməmişəm.

Lusioni ağır-ağır başını yelləyərək təsdiq etdi:

– Hə, deyəsən, bu zahidin köpəyidir.

– Necə yəni? – çörəkçi soruşdu. – Necə əmin ola bilərsiniz ki, bu həmin köpəkdir?

– Hər şeyi ilə oxşayır. Məsələn, arıqlığı… Yəqin ki, bir neçə gün qəbirin yanında dayanıb. İtlər adətən sadiq olurlar. Sonra da bərk acanda kəndə yemək axtarmağa gəlib.

Çörəkçi heç nə demədi. Heyvan çayxananın qabağında dayandı və anidən gözünü qarşısında oturan üç adama zillədi. Çörəkçi fısıldadı.

– Həə, – dedi Bernadis. – And içərəm ki, bu iti bir neçə dəfə görmüşəm. Özü də sənin dükanının yanında, – Defendenteyə baxaraq dedi.

– Ola bilər… Ola bilər… Amma mən niyəsə heç xatırlamıram…

Lusioni bic-bic gülərək dedi:

– Belə bir iti pulsuz versələr, üstündə nə vəd edirlər etsinlər, yenə də götürmərəm.

– Niyə, quduzdu ki? – Bernadis həyəcanlandı.

– Quduz? Yox əşşi, amma yenə də belə bir itə etibar etmək olmaz. Necə olsa, Tanrı görmüş köpəkdir.

– Necə yəni “Tanrı görmüş”?

– Məgər bu zahidin köpəyi deyil ki? Kilsədə gecə işıq yananda o da orada olmurdumu?! Hamımız o işıqların nə məna verdiyini bilirik! Necə fikirləşirsən, səncə, işıq yananda o bunu görmürdü? Yoxsa o vaxt yatırdı? – gülə-gülə soruşdu.

– Başdan-ayağa uydurmadı, – Bernadis dedi, – o işıqların hansı məna daşıdığını kim dəqiq deyə bilər? Bu məsələnin Tanrı ilə heç bir əlaqəsi yoxdur. O işığı dünən gecə də gördüm…

– Necə? Dünən gecə də var idi? – Defendentenin səsində ümid hiss olunurdu.

– Hə, öz gözlərimlə gördüm. Düzdü, əvvəlki kimi güclü yanmırdı, amma yenə də ətrafı işıqlandırırdı.

– Əminsən? Dünən gecə?

– Əlbəttə ki, əminəm. And olsun Tanrıya… Elə həmən işıq idi. Yəqin ki, Tanrı öz işığını bu gecə də yandıracaq.

Lusioni gülümsədiyini gizlətməyə çalışaraq soruşdu:

– Axı kim deyə bilər ki, dünən gecəki işıq onun üçün deyildi?

– Kimin üçün?

– Köpəyi deyirəm. Bəlkə, həmin gecə Tanrı əvəzinə zahidin özü cənnətdən gəlibmiş. Məzarın üstündə ağlayan köpəyini görəndə, – “Ah, mənim zavallı köpəyim”, – deyib, sonra da ondan ağlamasını dayandırmasını və gedib özünə yemək tapmasını xahiş edib.

 

– Amma o buranın itidir, mən onu əvvəl də görmüşəm, – Bernadis təkid etdi. – Axı sizə dedim, çörəkçi dükanının yanında tez-tez görünürdü.

XI

Defendente evə qayıdanda fikri tamam qarışmışdı. Çox pis vəziyyət idi. Deyilənlərin doğru olmadığına özünü nə qədər inandırmağa çalışsa da, köpəyin zahidin olduğuna əminliyi artırdı. Artıq narahat idi. Görəsən, yenə də səhərlər çörək aparmalı idi? O fikirləşdi: “Əgər çörək verməyi kəssəm, həyətə girib özü oğurlayacaq. Onu necə dayandıracağam? Tanrı görmüş köpəyi vurum yəni?”

Asan olmayacaqdı. Əsas məsələ o idi ki, görəsən, həqiqətənmi zahidin ruhu dünən gecə onun yanına gəlmişdi? Gəlmişdisə, köpəyə nə demişdi? Bəlkə o, iti ovsunlayıb? Bir də gördün, sabah adam kimi danışmağa başladı. Niyə də yox? Danışa bilsə Tisin ən hörmətli şəxsləri ilə söhbət edərdi. Defendente artıq özünü ələ salırdı. Fkirlərindən kiminsə xəbəri olsa, gülüş obyektinə çevriləcəkdi.

Evə girməmiş gedib odunluğa baxdı. Ordakı on beş günlük çörək yox idi. Köpək onları qarışqalarla birlikdə aparmışdı.

XII

Səhəri gün köpək çörəyi götürməyə gəlmədi. Heç biri gün də. Defendente elə bunu istəyirdi. Silvestronun ölümü gizli dostluqlarından əldə edəcəyi bütün qazancları özü ilə aparmışdı. Buna görə də, iti yedizdirməyin heç bir mənası yox idi.

Üç gün sonra yenidən Qalleonu görəndə kefi pozuldu. Köpək meydanda özü üçün gəzişirdi. Vəziyyəti pis deyildi. İndi daha gözəl görünür, ayaqlarını yerə möhkəm basır, yeriyəndə yırğalanmırdı. Tükləri azalmışdı. Gözləri diri görünürdü. Quyruğunu dik qaldırmışdı. Görəsən, onu kim yedizdirmişdi? Sapori gizlincə ətrafına baxdı. İnsanlar it orada deyilmiş kimi laqeyd-laqeyd keçib gedirdilər.