“Gülüstan”dan öncə

Tekst
Z serii: Milli ədəbiyyat #14
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

Xatın arvadın göstərişilə göy çəmənliyə əlvan xalça-pa laz sərildi, döşəkçələr qoyuldu. Süfrə salındı. İri mis dəh-mərdədə taxta tabaqlardan taxta çömçələrlə indicə yığıl-mış qoyun qaymağı gətirildi. Açıq kəhrəba rəngində beçə balı, təzəcə torbalanmış qoyun pendiri, motal pendiri və Sürəyya xalanın sacın üstündən oxlovla gətirib qoyduğu ağbuğda yuxasının ətri cavanların iştahasını bir az da artırdı. Yeməyə girişdilər. Baş pendirdən yuxanın arasına bir xırda qoyub üç bükür, “köşkülləyib” qaymağı doldu-rur və südü süfrəyə dama-dama ağızlarına aparırdılar. Arvad-uşaq süfrə başındakıların yanından çəkilib, xeyli aralıda bəyzadələrin əmrinə müntəzir dayanmışdılar. Ha-mı əlini işdən-gücdən çəkib, ordan-burdan xəlvəti boyla-nır, əlvan geyimli, heç nəylə binənin çoban, naxırçı, ilxıçı, kallahçı cavanlarına bənzəməyən, yarlı-yaraşıqlı oğlanla-ra tamaşa edirdilər.

– Ay uşaq, bir-iki təmiz piyala…

Əmr dərhal yerinə yetirildi. Oğlan uşaqlarından biri piyalaları süfrənin qırağına qoyub geri qaçdı.

Sərvər bəy yerindən qalxdı. Ərzaq yüklədikləri ata ya-naşdı. Xurcundan çaxır xırçasını çıxarıb gətirdi, süfrənin qırağına yıxdı. Tuluğun ağzını açıb, dostlarının ona uzat-dığı piyalalara şərab süzməyə başladı. Əvvəlcə Fəti bəyin piyalasını ağzınacan doldurdu. Mis piyalaların hər biri azı yarım litr şərab tuturdu.

– Heyf, kabab yoxdu.

– Əh, çiyrinmişəm kababdan.

– Bu yaxşıdı.

– Bu da bir cür dad dəyişməkdi.

– Ağız dadı…

Kim isə soruşdu:

– Fəti bəy, nə əcəb əmoğlun görünmür?

– Hansı?

– Teymuraz bəy dayna…

– Başı qarışıqdı.

– Nəyə?

– Dayəsi Gülxatının qızına.

– Baay!!!

– Elə şey olar?

–  Neyşə olmasın? Xan əmim özü neçə kənizi xoş-bəxt eləyib?

– Ha… ha… ha…

– Bir də ki o…

– Nə o?…

– Xanzadədi, vəliəhdi… Bizə qoşulmaz…

– Yanı indidən xanlıq iddəasındadı?

– Nöş olmasın? Əmim qocalıb.

– Qasım xan əmin necə, gözünü çəkib xanlıqdan?

– Nə deyim, vallah? Düzü, bilmirəm.

– Teymurazın qızı aşıqlamağı yəqindi?

– Özüm görmüşəm bulaq başında. Ovdan qayıdır-dım…

Badələr içildikcə səslər gərləşir, gözlər qızırdı.

Aralıdan xoşagəlməz mənzərəni seyr edən Xatın ar-vad narazılıqla başını silkələyib, ürəyində deyirdi: “Al-lah, sən saxla! Sən saxla qada-baladan, ilahi! Bu nə işdi düşdük orucluğun günündə? Allah, sən saxla!”

Piyalaları “yarımcan” edən cavanların gözü oynayır, beyni qızır, ürəkləri gəncliyin o haram, o məlun həvəsilə çırpınmağa başlayırdı. Bu sözü deyən oldumu, olmadımı? Sonra heç biri yadına sala bilmirdi. İlk öncə kim qalxdı ayağa? Sonra heç biri xatırlamırdı. Amma elə hamısı, doq-quzu da: Fəti bəy, Sərdar bəy, Ağalar bəy, Səmid bəy, Qu-lu bəy, Səfi bəy, Zülfüqar bəy, Ağasən bəy, Ələmşah bəy. Bir nəfər kimi dəlicəsinə yerindən qalxıb alaçıqlara cum-dular. Əllərinə keçən qızı, gəlini sıxışdırmağa, əlləşdirmə-yə başladılar.

Xırda uşaqlar yerdə sahibsiz qalıb ağlaşırdı. Həyasın-dan ələ keçməyən qız-gəlin baş götürüb obadan qaçırdı. Ahıl arvadlar Xatın nənəylə birlikdə gözü qızmış, beyni-qan, çörək tapdalayan namərdləri didişdirir, qız-gəlindən uzaqlaşdırmağa çalışırdılar.

…Hadisə yerindən cəld ata sıçrayıb uzaqlaşdılar. Bəzi-si hırıldaşırdı, amma Fəti bəy də, Sərdar bəy də, o biri bəyzadalar da, deyəsən, daxildə qorxmuşdular. Bir on-on beş qədəm getməmiş susdular. Dallarınca yağan qarğış, nifrin, lənət saray həndəvərinə çatanacan qulaqlarında səslənirdi:

– Allah, necə götürürsən?

– Orucluq günü nə bəlaya düşdük?

– Orucluq qənim olsun…

– Bu rusvayçılığı Allah götürməz.

– Götürmə, ay Allah!

– Özün ver cəzalarını, ilahi!

– Qisasımızı qiyamata qoyma, ya rəbbim!

– Allah!..

Ağlaşma… Ağlaşma… O şivən… O ağlaşma… Xüsusilə onları, – “dərdin ürəyimə”, – deyib qarşılayan, ağ birçək-ləri qara dingənin hər iki tərəfindən çözələnmiş Xatın ar-vadın son görkəmi… Dingənəsi düşmüşdü, saçları dağıl-mışdı. Damarları çıxmış əlini taxta sinəsinə çırpa-çırpa üzünü göyə tutub deyirdi:

– Nöşün ölmədim, Allah, nöş ölmədim? Bu günü nöş gördüm, Allah?! Üzünüz hər iki dünyada qara olsun! Qiyamat qarası…

Qarının əvvəlki və xüsusən sonuncu görkəmi Fəti bə-yin xatirə damarına dağ basmışdı. Əbədi bir damğa kimi, sağalmaz yara kimi…

Salamatlaşmağa üzləri yox idi, aralandılar. Nədənsə bir-birinin belə üzünə baxa bilmirdilər. Adam arasına gir-mək istəmirdilər. Harasa bir küncə çəkilib yatmaq… yat-maq… yatmaq və bu ağır yuxunu yuxuda unutmaq istə-yirdilər. Ümid edirdilər ki, onları tanıyan olmayıb, yad-dan çıxacaqlar.

Amma yaddan çıxmadılar… İki gün keçib, üçüncü gü-nə qədəm qoyanacan cavan bəyzadələr yavaş-yavaş özlə-rinə gəlməyə, sakitləşməyə başladılar. Hələ də bir yerə yığıla, hələ də bir-birinin gözünə baxa bilmirdilər. Tut-duqları işin dəhşəti çiyinlərinə ikiqat ağırlıqla çökmüşdü. Bir tərəfdən öz təbəələrinə qarşı, namusunu yaddan gözləməli olduqları rəiyyətə qarşı həyasızlıq etmişdilər. Həm də bu işi müqəddəs ramazan ayında, oruc tutmayıb sərxoşluq etdikləri vəziyyətdə görmüşdülər. Yenicə arxa-yınlaşmağa başlamışdılar ki…

Xan günorta namazını təzəcə qılıb, ortalıqdan yığıl-mamış tirmə canamazın qənşərində üzü qibləyə oturub zikr edirdi. Kəhrəba təsbeh canamazın üstündə, yüsür təsbeh əlindəydi. Hər dəfə, – “Allahü-əkbər; Allahü-ək-bər; la ilahə illəllahü vallahü-əkbər; Allahü-əkbər; vəlila-hül-həmd”, – dedikcə təsbehin bir dənəsini çevirirdi… Qapıda namüəyyən, xısıltı-pıçıltı kimi səslər eşitdi. Uca-dan, – “Allahü-əkbər!. Kim var orda?”, – dedi.

Pişxidmət içəri girib baş əydi, qorxa-qorxa yavaş səslə, elə bil, içəridə kimisə ürküdəcəyindən, əslində, ibadət edən xanı narahat edəcəyindən qorxaraq dedi:

– Kərbəlayı şair hüzura izn istəyir.

– Gəlsin, gəlsin… – dedi, sonra da içəri girən şairin salamını alıb, gülə-gülə səccadəyə işarə edib əlavə etdi, – Necə deyərlər, Allahın borcunu verdik, qaldı şairin borcu. Buyur, buyur, Kərbəlayı… Nə fənddəsən? Təzə nə yazıb gətirmisən? Uşaqlıqda babam rəhmətlik demişkən, “ağ-zun istiykən de”.

Amma şairdən səs çıxmadığını, gülmədiyini görüncə ciddiləşdi:

– Nə xəbər, noolub, Kərbəlayı?

Şairin rəngi boğuqdu. Sözünü necə, nədən başlaya-cağını bilmirdi. Müsibəti, üzqaralığını necə, hansı sözlərlə xəbər verəcəyini kəsdirməmişdi.

– Hə. Noolub?

Şair Mustafa xanı artıq nigarançılıqda saxlayıb, daha

da qəzəbləndirə bilməzdi. Ürəyində iki hiss çarpışırdı. Bir tərəfdən elin namusu tapdalanmışdı, xanın rəiyyətinə xa-nın öz adamları təcavüz etmişdi. Üzqaralığı ikiqatdı. Xan nəsli, cavan bəyzadələr nəinki arvad-uşağı, qız-gəlini yadellidən, basqınçıdan qorumamışdı, hətta özü bu bas-qınçıya çevrilmişdi. O biri tərəfdən basqınçı bəyzadələrə xanın öz doğmaca qardaşı, kor edilmiş, bədbəxt olmuş, ömrü yağı əlində məhv olmuş İsmayıl bəyin oğlu Fəti bəy başçılıq etmişdi.

Şair əvvəlcədən Fəti bəyin adını çəkmədən doqquz cavan bəyzadənin sərxoş halda köç qız-gəlininin namu-suna toxunduğunu danışdı. Yumşaldaraq, xanın oruc ağızla qəzəbini coşdurmadan danışdı. Amma olan olmuş-du. Xan dəhşətli dərəcədə qəzəbləndi. Mustafa xan din-dar adam idi. Orucluqda yaman deməyin, söyüş söymə-yin günah olduğunu bilsə də, özünü saxlaya bilmədi. Zikr deyən dodaqları, oruc ağzı cəhənnəm saçmağa başladı:

– Necə, necə? Orucluqda? Şərab? Təcavüz? Kimdir onlar? Kim?

– Doqquz nəfər… Bəyzadələrdən… cahillik eləyiblər, xan, elat, köç camaatı şikayətə, ədalət tələbinə gəlmişdi.

– Kimlərdi? Kimlərdi? Onların…

– Qəzəb gələndə ağıl gedər, xan, qurbanın olum. Sə-birlə… – deyə Fəti bəydən başqa cavanların adını, atasının adını söylədi.

– Bəs doqquzuncu?

– Başçıları?

– Başçıları!.. Kimdi?! Cavab ver!.. Bəlkə Teymurazdı?!

Belə küçüklərin başçısı köpək…

– Yox, qurbanın olum, Teymuraz deyil.

– Bəs kimdi?!

– Kim?

– Səndən soruşuram mən, Kərbəlayı, bu saat… cavab ver…

Gec-tez bilməliydi, biləcəkdi xan. Odur ki, qəlbində taleyinə yandığı bədbəxt nəslin övladının adını çəkməyə məcbur oldu.

– Fəti bəy…

– Fəti?!

– Bəli.

– Bədbəxt İsmayılın oğlu?

– Bəli, İsmayıl bəyin oğlu…

– İlahi!.. – Xanın atəşlər çaxan, qığılcımlar saçan göz-ləri göylərə dikildi. – İlahi! Neycün? Neyçün Teymuraz olmadı?! Neyçün o oldu, rəbbim?!

O      gündən sonra Mustafa xan bir daha qardaşı oğlu Fəti bəyin adını çəkmədi. İndisə qəzəb içində hayqırdı:

– Fərraş!

Pişxidmətlə fərraş eyni anda qapının astanasında gö-ründü.

– Bəli, qurban!

– Hamısını, o binamusların, o biqeyrətlərin hamısını tapdırıb gətirin. Cəlladı da çağırın!

Bütün günü və gecəni xan nə yeyib, nə içdiyini, iftar edib-etmədiyini, obaşdanlığa durub-durmadığını bilmə-di. Yəni heç yatmadı da. Fəti bəyin anası Gövhər bəyim hər iki yaxasını əlində cəngələyib, qaynının qapısında diz çökdü, dizin-dizin ayaqlarınacan süründü. Oğluyçün aman dilədi. Xanın qəzəbini heç nəylə soyutmaq olmadı.

Səhəri gün Qalabazar meydanı sulandı. Ağac ovxantısı səpildi. Günahkarlar meydana gətirildi. Qulamların, fər-raşların əhatəsində dayanan bəyzadələrə nifrətlə tamaşa edən rəiyyət arasında cavanlığına yazığı gələn də vardı. Amma onlar da, xanın ədaləti qarşısında heyran olub sus-muşdular. Bəyzadələrin qohumlarından bəzisi elə güman edirdi ki, xan günahkarları meydana gətirdəcək, günahla-rını üzlərinə oxuyacaq, döydürəcək və qardaşı oğlu xatiri-nə sağ buraxacaq onları. Amma belə olmadı.

Xan əvvəlki, cəllad əlilə ölüm hökmünü yalnız bir nöqtədə dəyişdi. Xan neçə günün orucundan avazımış dodaqları xəfifcə titrərkən pıçıldadı:

 

– Qədim türk nəslidi. Edamı başqa cür ola bilməz. Öz kamanının kirişiylə…

Sözünün, dalını – “boğdurulsun”, – deyə bilmədi. Amma yaxınında əyləşmiş bəylər bu pıçıltını aydın eşitdi-lər. Xan sözünə davam etdi:

– O biriləri də… doqquzu da… Qədim türk bəyləri nəslindəndi… Onlar da…

Bəylər anladılar ki, geriyə dönüş yoxdu. Xan sözünü dəyişməyəcək, əmrini geri götürməyəcək. Vaxtilə Fətəli xanın kor, şikəst etdiyi bədbəxt qardaşının oğlu Fəti bəy üçün güzəştə getmədisə, o biri bəyzadələrçün də əfv dilə-mək olmayacaq… Otağı dərin, qəbiristan sükutu sardı… Xan xəyal idi indi bu otaqda… Bəylər xəyal, Tağı bəy xə-yal, Kərbəlayı Arif şair xəyal idi. Var olsalar da, xəyaldı-lar. Burada indi bir həqiqət vardı: ölüm hökmü… Və otu-ranlar hamısı, bütün təəssüflərinə, güzəşt arzularına bax-mayaraq, bilirdilər, inanırdılar ki, xan öz hökmündə haq-lıdır.

Doqquz cavan indi bu silinib süpürülmüş, taxta ov-xantısı səpələnmiş meydanda qətlə yetəcəkdi!

Kaş oğru olaydılar: oğurladıqlarını artıqlamasıylə sahibinə verib razı salmaq, halallaşmaq olardı.

Kaş başqa bir cinayət törətmiş olaydılar – çarəsi tapılardı. Bu, elə bir ağır binamusluq, şərəfsizlikdi ki, özü-nü kişi sayan, ailə-külfət namusu çəkən heç kəs dil aça, dəlil gətirə bilmirdi.

– Elə olar da… Orucluğun içində…

– Sən iç, keflən, get camaatı namussuz elə?

– Allah götürər mını?

– Xan qurbanı olduğum Allah adamıdı.

– Oruc yeyiblər, bəs eləməyib…

– İçiblər kafirin satdığını…

– Soora da…

– Çörək tutsun onları!

– Tutmaq necə olar? Qarılar onların qənşərinə süfrə açıb…

– Çörək qoyub…

– Bala deyib…

– Çörək adamı necə tutar bəs?!

– Cəzalarıdı…

– Beyin qan…

Cavanları meydanın ortasına gətirdilər. Hərəsinin kamanını da dərhal – xanın əmri çıxan kimi – fərraşlar cumub evlərindən gətirmişdi; yanlarına qoydular. Bəyza-daların bəzisi zəif düşmüşdü; yerimir, güclə, ayaq sürü-yürdü. Fəti bəylə Sərdar bəy öndə durmuşdular. Başlarını sinələrinə endirsələr də qəddləri əyilməmişdi. Fəti bəy əli-ni uzadıb kamanını götürdü, yayın kirişini öz əlilə çəkdi, öpdü və boğazına keçirib, ucunu cəllada verdi, uca səslə dedi:

– Haqlısan, əmi, haqlısan!

Bu onun son sözüydü. Mustafa xan sonralar da qula-ğında ara-sıra səslənən bu sözlərə qarşı deyirdi: “Kişi ki-mi yaşamadısa da, kişi kimi öldü. Bədbəxt İsmayılın çıra-ğı heçcə yerə söndü… Özümünkünü bağışlasaydım, baş-qaları ayaq açardı. “Ədalətdən dəm vuran xan, buydumu sənin ədalətin?” – deyərdi rəiyyət. Neyləməli, Ağası xan nəslinin fəciəli taleyindən Allah o biri nəvə-nəticəsini qorusun”.

Bu sözlər Mustafa xanın dilində artıq əzbər olmuş, duaya çevrilmişdi. Hər dəfə qardaşı İsmayılın xəyalı göz-lərində canlananda bu “dua”nı oxuyur, – “Allah nəslimi-zi qorusun”, – deyə yuxuya, həm də çox narahat bir yuxuya dalırdı. Buna bənzər gecələrin sabahı sakit, dinc oyanmır, əzgin, bitab olurdu. Elə bil ağır fiziki işdən son-ra yorğun düşürdü.

Bir az əvvəlki musiqi məclisinin sonunda qəlbinə belə qara fikirlərin dolmasına heyrət etdi. Ürəyində acı bir hiss oyanmışdı; xatirələrin təsiriydimi, ya irəlicədən duyma hissiydimi? Bilmirdi. Narahat yuxudan onu narahat bir xəbər oyadırdı: Qarabağ, Şəki xanlarıyla birlikdə o da Gəncənin qatili general Sisianovla görüşə çağırılırdı.

KÜRƏKÇAYA DOĞRU

Kürəkçaya tərəf torpağımızın üç tərəfindən üç dəstə atlı gedirdi: Qərbdən Qarabağ xanı İbrahimxəlil xan Ca-vanşir başda olmaqla oğlanları Məhəmməd Həsən ağa və Mehdiqulu ağa, başının adamları – məşvərətçiləri gəlir-di. Xan qoca olmasına baxmayaraq, erməni kəndləri için-dən keçən rahat yolla getməkdən imtina etmiş: “Yooox, – demişdi, erməni kəndlərindən keçməyək. Bəyəm on-lar deyil urusun qabağına düşüb, bələdçilik eləyən, yağıya yol görkəzən? Çörəyimiz gəlsin burunlarından, o köpəy uşağı məliklərin. Mən gözümü açandan, Şuşa qala-sının binası qoyulandan bəri, lap rəhmətlik dədəm Pəna-həli xanın sağlığından tanıyıram onları. Gözləri Şuşada, əlləri, dilləri urusdadı ki, tikmədikləri qalanı əlimizdən qopara bilsinlər. Bizi yağı qabağına getməyə vadar eləyən də onların düşmənçiliyidi. Onlardan gələn xeyiri – yol rahatlığını da istəmirəm”, – deyib daha çətin, istirahət-çün az kənd olan düzəni seçmişdi.

İkinci dəstənin başında ölkənin şimal-şərqindən Şəki xanı Səlim xan gəlirdi. Onun ətrafında yaxın adamları, Şəkinin qabil kişilərindən olan məsləhətçiləri vardı. Bun-ların da yolu dağlardan düzənə enərkən əfsunlu Samux meşəsindən keçirdi.

Üçüncü dəstədə Mustafa xan Şirvani, onun daimi məsləhətçisi Kərbəlayı Arif Allahi, böyük oğlu və vəliəhdi Teymuraz bəy, sərkərdələrindən Tağı bəy və bir neçə Şamaxı-Şirvan əsilzadələri gəlirdi. Bunlar da dağlardan enib düzənə çıxmış, Kürü keçib Kürəkçaya doğru irəlilə-yirdilər.

Xanların üçü də irəlicədən inanılmış adamları vasitə-silə sözbir etmişdilər ki, general Sisianovla qarşılaşmaz-dan bir gün əvvəl görüşsünlər. Rusların Kürəkçay sahilin-də hərbi qışla saldıqları mövqeyə bir günlük məsafə qal-dığı bir yerdə yığışıb məşvərət etsinlər. Biri o birinin fikri-ni, gələcəkləri qərarı bilsinlər.

Hardaydı, necə yer idi bu Kürəkçay?

Qədim Gəncənin, Nizami Gəncəsinin, son illərdə başı bəlalı Gəncənin cənub-şərqindən axırdı Kürəkçay. Başı Murovdağ silsiləsində, ayağı haradasa Kürdə qərar tutur-du.

Mehribandı; gələn qonaqları nəvazişlə, qonaqpərvər-liklə qarşılayırdı. Kürəkçaya yaxınlaşdıqca hava elə bil ki, bir az sərinləyirdi. Çayın yazın əvvəllərində sel suların-dan bulanan suyu durulmuşdu. İndi Murovdağ silsiləsin-dən, Buzluq adlanan, bir qolu Camışdağdan, onun buz bulaqlarından su əmən Kürəkçayın suları elə bulaq suyu kimi, göz yaşı təkin dumduruydu. Atlar suya girəndə ayaqlarından qopan büllur zərrələr almaz kimi yeddi rən-gə çalır, sübh günəşindən göz qamaşdırırdı. Atlar yumşaq dodaqlarını suyun üzərində gəzdirib həvəslə içir, başını qaldıranda dodaqlarından daman damcılar par-par parıl-dayırdı. Gələnlərin bəzisi suyu ovuclayıb içir, – “oxxayyy… bulaqların suyudu”, – deyir, bəzisi isə sinəsi üstündə uzanıb, elə atlar kimi dodaqlarını suya dayayıb içirdilər. Cavanlar günorta və axşam çağlarında əl-ayaqla-rını yuyur, yaşlıların gözündən iraqda kəmərinəcən soyu-nur, sərin suyu odlu-atəşli sinəyə çırpırdılar.

Kürəkçay qonaqlarını mehriban, nəvazişkar, parlaq təbəssümlə qarşılayırdı. Əslində, xanların üçü də dağlar-dan enmişdi. Biri Girsdən, biri Gələsən-görəsəndən, üçün-cüsü Baba dağın sinəsindəki Fit dağından gəlirdi.

Dəstələrin heç biri sərin su, bulaq həsrətli aran əhli deyildi. Amma gəldikləri uzun yol, illah da, Aran yerlə-rindən keçid, bu bir neçə günlük səyahət yormuşdu onla-rı. Odur ki, Kürəkçayın yaz işıqlı təbəssümünü “xoş gəl-din” kimi qəbul edirdilər. Həm də həvəslə həmişə təbiətin qoynunda yaşamış, ömrü at belində ovda, döyüşlərdə ke-çən adamlar bilir bu işıqlı, həlim təbəssümün qədrini. Bu-laq olmayan yerdə çay suları, xırdaca-xırdaca boz, şəkər təki ağ, qonur, qara daşların üzəri ilə şütüyən, həzin lay-lay çalan çay suları bulaqdan da əzizdir.

Bu günlərdə, əslində çox balaca, Azərbaycan miqya-sında belə yaxşı tanınmayan Kürəkçaya doğru Şimaldan, Şərqdən və Qərbdən üç dəstə gəlirdi. Üçü də “Ş” hərfi ilə başlayan: Şuşa, Şəki, Şamaxı xanları, indiyəcən tanıma-dıqları, amma az sonra Azərbaycanın işğalı tarixinə “Kü-rəkçay bağlaşması” adı ilə daxil olan Kürək-çay yaxınlı-ğındakı Çaylı kəndinə tərəf yollanmışdılar.

Rusiya nümayəndəliyi isə artıq buradaydı.

ŞUŞADAN

Qabaqda qızılı-kəhər üstündə İbrahimxəlil xan Ca-vanşir özü gedirdi. Qızıl-gümüş yəhər-üzəngi onun geyi-minin dəbdəbəsini bir az da artırırdı. Tirmə xəz küləcəsi, samur külahı, zər tikmə uzunboğaz çəkmələri bir qədər qış geyimi təsiri bağışlasa da, bir neçə gün at üstündə aram yerişin soyuğunu canına keçməyə qoymurdu. Yaxa-lığında, qolçaqlarında İran zadəganlarına məxsus bər-bə-zək, mirvari tikmə, qızıl təkbənd, qızıl və qaş-daş toxun-muş yaxalıq bahar günəşinin şüaları altında bərq vurur, göz qamaşdırırdı. Barmaqlarında almaz, yaqut, zümrüd və əqiq üzüklər alışıb yanırdı. At üstündə şax oturmağa çalışmasına baxmayaraq, xan yorulmuşdu. Tez-tez düşər-gələrdə dincəlsə də, səksən yaş özünü göstərirdi. Ağap-paq saqqalı seyrəlib sinəsindən bər-bəzəyi örtə bilmirdi.

Xanın sağ cinahında böyük oğlu və vəliəhdi Məhəm-mədhəsən xan, solunda Mehdiqulu ağa gedirdi. Hər ikisi o dövrün dəbiylə yarı milli, yarı gürcü geyimindəydi. Şiş xəz papaq, qara, enli yarımqol çərkəzi çuxa əlvan dikyaxa köynək üstündəki qaş-daşla, barmaqlarındakı üzüklərlə tutuşmurdu. Hər iki xanzadə sanki Kürəkçay müahidəsi-ni imzalayan, əslində qüvvətə məğlub olmuş, qarşısında-kı məkrli, eyni zamanda güclü rəqibi tanıyan xan atayla getmirdi. Harasa, kiməsə öz sərvətini bildirməyə, kiməsə yanıq verməyə, heç olmasa bu yolla öz üstünlüyünü göstərməyə can atan adama bənzəyirdi.

Şuşadan Ağdama enmişdilər. Bir-iki gün aran yerin-də böyük səfər qabağı yaxşıca dincəlmişdilər. Məhəm-mədhəsən xan da, Mehdiqulu ağa da atalarının bu uzun yolun əziyyətinə davam gətirə bilməyəcəyindən qorxur-dular. Xüsusən son illərin keşməkeşli həyatı, rus zabitləri-nin özbaşınalığı, “o çanaxçı dığası” adlandırdığı Valeri-yan Madatovun təzyiqləri qoca xanı hər şeydən bezdir-miş, əldən salmışdı. Fasiləsiz İran hərbi, xanlar arasındakı çəkişmələr onu yaman rahatsız etmişdi: “Elə bilirsiz öz könlümnən gedirəm bu əhdnaməyə? – oğlanlarına de-mişdi. – Məşhur məsəldir: bizdən, ata-babadan uzaq yer-də, kafər cəhənnəmə özxoşuna girmir, onu darta-darta, çəkə-çəkə aparırlar. Əvvəllər, bəlkə də, çara inanardım. Amma görürəm ki, üstümüzə şimaldan qorxunc bir əjda-ha od püskürən ağzını açıb gəlir. Bizim də ki, xanlar ara-sında birliyimiz yox, hərə öz başın girləyir. Qonşu haqqı unudulub. Bu axır illərin gedişatı, xüsusən Cavad xan qəziyyəsi məni inandırdı ki, birləşsək də, bu dişinə, dırna-ğınacan silahlanmış, dişi qana batmış, qana susayan, özü-nə cənub ölkələrinə yol açmaq iddiasıyla üstümüzə top-topxana yeridən Rusiyyətin qabağında duruş gətirə bilməyəcəyik, gec-tezi var. Bir-bir bütün diyarı öz cənginə keçirəcək. Yaxşısı budu, pişim-pişimlə dolanaq. Milləti qırğına verməyək. Görək taleh alnımıza nə yazıb. Bir 5-10 il də yubadaq bu yürüşü, bu qırğını. Bu əlsiz-ayaqsızlar faciəsinə, bəlkə, Allahın rəhmi gəldi, özü qəsbkarın başına daş saldı. Əbabil quşları göndərdi, ya nə....

Hakimiyyətə gələndə qolu zərbli, bığıburma cavan idi. Necə deyərlər, “dişiylə qoz, yumruğuyla kərpic sındı-rırdı”. 80 illik ömrünün 45 ilini xanlıq taxtında əyləşmiş, müharibələr yola vermiş, küsülülər barışdırmış, məğ-lubiyyəti də, qaçdığı da olmuşdu. Amma bu 45 ildə yaxşı günlər daha çox olmuşdu. Təbəələrini əmin-amanlıqda saxlamağa, bir parça çörək yiyəsi olmalarına səy göstər-mişdi. 80 il ömrün, 45 illik hakimiyyəti dövründə bir çox ağılbənd, müdrük insanlarla görüşmüş, müsahib olmuş-du. Molla Pənah Vaqif kimi vəziri, şairi, həmsöhbəti, məsləhətçisi olmuşdu. Təkcə Rusiya deyil, İranla – hamı-nın o zaman “Axta xan” adlandırdığı Ağa Məhəmməd şah Qacar ilə üzə-üzə dayanan günləri olmuşdu. Fətəli xan, Ağası xan… erməni məlikləri… çoxu çoxdan köçmüş-dü bu dünyadan. Onun yaşıdı ağaclar belə qurumuşdu bağçalarda. O isə yaşayırdı. Görəcəkli günləri vardı qabaqda. Bütün həyat təcrübəsi, bütün ürəyi, damarların-da axan Cavanşir qanı ilə duyurdu ki, şimaldan gələn bu ayının pəncəsindən qurtara bilməyəcək. Necəsini bilmir-di. Amma başının nizələr ucunda gedəcəyini bilirdi, “Hü-seyn başı kimi…”, – düşünürdü, belə qara fikirlər qəlbinə dolanda.

Bu 80 illik ömrün zirvəsindən geri baxanda qazandığı təcrübələr sayəsində anlamışdı ki, Şimaldan gələn bu qara selin qabağını almaq mümkün olmayacaq. Heç olmasa mülkünə sədd çəkməyi məsləhət bilmişdi. Gedirdi… Ca-vad xanın qatiliylə, əli Şah Abbas məscidinə pənah apar-mış ləzgi qaçqınlarının, arvad-uşağın qanına bələnmiş kafirlə görüşəcək, hələ bəlkə əl verməyə də məcbur ola-caqdı. Sonra bir neçə gün əlini ikrahla yuyacaqdı. Sanki qardaş qanına bələnmiş ələ toxunurdu.

Şirvan və Şəki xanlığı kimi o da öz xanlığının gücü-nü, var-dövlətini Ali komandan knyaz Sisianova göstər-məkçün xüsusilə zəngin geyinmiş, oğlanlarının, Qarabağ atlarını minmiş süvari nökərlərinin geyiminə xüsusi fikir verməyi eşik ağasından tələb etmişdi.

At səyritmə dövrü çoxdan keçmişdi, odur ki, qoca İbrahimxəlil xanın atını növbəylə iki cilovdar çəkdirdi. Piyada sürətilə gedirdi. Bu da düzəngahda at çapmaq həvəsində olan cavanları darıxdırırdı.

Axırıncı düşərgəni Kürəkçaya lap az qalmış Gürzə-lilər ərazisində saldılar. Yayı boz, payızı qızılı, qışı ağ rəngə boyanan düzənlik yazın bu oğlan çağında yam-ya-şıl, göz oxşayan, ürəyi fərəhlə dolduran, adamı cavanlaş-dıran zümrüd rəngli məxmər dona bürünmüşdü. Elə bil, Allahın əmrilə bu boş düzənliyə adda-budda sarı, ağ çiçəklər görünən nəhəng bir yaşıl xalı sərilmişdi. Bu za-man xalının üstündə bacalığından nazik tüstü çıxan qara-keçə evlər – köçəri alaçıqları iri qara papaqlar kimi qabarmışdı. Aralıda at ilxısı, qoyun sürüsü, qaramal naxı-rı sakit-sakit otlayırdı. Dəvə kallahı xeyli uzaqdaydı. Düzəndə bu qədər canlı olsa da, nə bir səs-səmir, nə bir hay-küy, hənirti eşidilirdi. Əzəli bir sükunət çökmüşdü hər tərəfə. Yaşıl, təzə otlar dünənki yağışında çimib daha da təzələnmiş, kövrəlmişdi. Nahar vaxtı heyvanat da hənirti çıxarmırdı.

 

Xanın dəstəsi düzəngahın başlanğıcında, alaçıqlara xeyli qalmış dayandı. Bu möhtəşəm, əzəli sakitliyi, sakit axarıyla bulaq ayağını xatırladan həyatı pozmadılar. Elə buradaca atlardan endilər. Nökərlər çadırları qurmağa girişəndə xan və məiyyəti gün ərzində at üstündə otur-maqdan uyuşmuş ayaqlarını açmaq üçün var-gəl etməyə başladılar.

Bir azdan axşam düşəcəkdi. Bu mavi qübbə altındakı azman yaşıl xalının üstündə həyat qaynayacaqdı. Əmiş başlayanda anasını axtaran quzuların mələrtisi, balasına doğru can atan düyənin böyürtüsünə qarışacaqdı. Sağmal qoyun başı tutan oğul-uşağın, inək sağan qız-gəlinin gü-lüşü, söhbəti aləmi başına götürəcəkdi. Qurdbasar köpək-ləri, canından artıq sevdiyi “Qızılı”, “Bozdarı”, “Qaplanı” yemləyən çobanların haylaşması, köpəklərin harıltısını batıracaqdı. Elə bir əzəli-əbədi musiqi yaranacaqdı ki, heç bir bəstəkarın qüdrəti qələmə almayıb hələ… Sonra yeni-dən sükut çökəcəkdi… Sabaha qədər. Üfüqdə möhtəşəm Günəşin gəlişini xəbər verən ilk dan, ilk qızartı sökülənə-cən… Bu həyat idi… Əbədiyyət idi… Nə xan tanıyırdı, nə şah, nə çar tanıyırdı, nə sultan… Bu həyat idi, Günəş idi bu… Hər şeydən xəbərsiz öz əzəli dövrünü edir, yaşayır, yaşadırdı…

ŞƏKİDƏN

Şəki mahalının o zamankı dəbi ilə Səlim xan atlıları-nın geyimində, əslində milli, məhəlli olsa da, bir az Dağıs-tanın qonşu sərhəd rayonlarının təsiri duyulurdu. İri dəri papaqlarda da, boğazacan qarmaqlanan genətək, dar qol, vəznəli çuxada, ayaqlarını dizəcən, diz büküşünəcən kip örtmüş qara, dəri uzunboğaz məstəcən… Dəstə böyük deyildi. Dəbdəbə “gözqamaşdırma”da o biri xanlardan geri qalmasa da, sayca yığcamdı. Şuşa və Şamaxı xanza-dələri kimi xanzadələr müşayiət etmirdi Səlim xanı. Özündən başqa cəmi 5-6 ən yaxın məiyyəti və bir neçə xan nökərləri… Ov dəsgahına daha çox bənzəyirdi Səlim xanın başının atlıları. Səfər həm də xeyli ağırdı. Kiş çayı boyu bir qədər getdikdən sonra Əyri çayı keçib məşhur Samux meşəsinə girmişdilər. Bircə ağac belə olmayan düzəngahdan sonra Samuxun nar meşəsi öz gözəlliyilə behişti xatırladırdı. Nar kollarının əlvan bəzənən vaxtıy-dı. Hər budaqda neçə al-qırmızı “şam” – nar çiçəyi çırt-damışdı. Tox yaşıl yarpaqlar arasından “alov dili” göstə-rən nar çiçəkləri göz oxşayır, bir neçə aydan sonra “hacı-lar haca gedər, cəhd edər gecə gedər, bir yumurta içində qırx-əlli cücə gedər” tapmacasına – nara çevriləcəkdi. Nar dənələrini gah dərin dəryalar güzidəsi mərcana, gah bədəxşan ləli-yaquta, gah yar dodaqlarının atəşlər saçan rənginə bənzədən şairlərin yeriydi Samux meşəsi. Təəssüf ki, Səlim xan süvariləri içində şair yox idi. XVIII yüzilliyin ən seçkin insanlarından olan mərhəmətli xan, incəürəkli şair Məmmədhüseyn xan Müştaqın çoxdan vayına otur-muşdular. Amma yeriydi.

To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?