Seçilmiş əsərləri

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

– Salaməleyküm.

– Əleykəssalam, ağa Əsgər, niyə əyləşməyirsən?

Əsgər əyləşir. Camaat öz söhbətində davam eləyir. Əsgər nə qədər gözləyir ki, bütün bu müddətdə harada olduğunu bir xəbər alan olsun. Ta o da nə növ gedib gəldiyini söyləsin. Bunun əvəzində dükançılar hər biri bir bəhanə ilə durub dağılmağa üz qoyurlar. Birisinin dükanı sahibsiz qalıb, birisinin namazı keçir, birisi axşam yeməyi üçün tədarük görməyibdir, birisi poçtla gərək pul barat eləsin. Xülasə, bir-bir durub gedir, Əsgəri dükan sahibi ilə bir yerdə qoyurlar. Dükan sahibi isə dəftər-çotgəni çıxarıb hesaba məşğul olur. Əsgər bir qədər əyləşib qalxır ayağa.

– Xudahafiz!

– Xudahafiz, ağa Əsgər!

Bunu deyib dükançı yenə başını aşağı salıb məşğul olur. Əsgər məyus qayıdır öz dükanına.

Dükançılar bununla bir neçə dəfə belə rəftar edəndən sonra Əsgər əhvalatı duyur.

Bir dəfə yenə görür ki, bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Durub yavaş-yavaş o tərəfə yönəlir.

O biri dəfələr tək dükançılardan biri qalxıb deyəndə ki:

– A kişi, yaxşı yadıma düşdü, Hacı İmamqulunun vekselinin vaxtıdır, aparım onun pulunu verim.

Əsgər ondan cəld qalxıb, əbanın altından beşaçılan tüfəngi çıxardıb, patronlayıb dedi:

– Əyləş yerə! Yoxsa odladım! Hər kəs yerindən qalxsa, atamın oğlu deyiləm cəmdəyini yerdə qoymasam!

Hamı susub sakit əyləşdi. Əsgər dedi:

– İndi qulaq verin. Bir nəfərdən xəbər tutdum ki, Qazax mahalında Rüstəm bəyin ilxısında “Diliboz” nəslindən bir at var ki, dünyanın yarısına dəyər…

Burada Əsgər iki həftənin içərisində başına gələnləri, tüfəngi adamlara tərəf tutmuş nağıl eləyib qurtarandan sonra dedi:

– İndi mən sözümü qurtardım. Hər kəsin harada nə işi var isə buyurub gedə bilər.

Camaat gülüşüb xəbər verdilər ki, heç kəsin heç yerdə işi yoxdur. Hamı avaradır. Elə məhz onunla şuxluq eləmək istəyirdilər.

Gecə saat on ikiyə yaxın Şuşaya varid olduq. Ancaq şəhər görünməyirdi.

Ətrafda xarabalıqdan savay bir şey yoxdu. Səbəbini xəbər aldım. Məşədi Səttar gülüb dedi:

– Burada şeytan özünə doqquz gün, doqquz gecə toy elədi. Şəhərin evlərindən məşəllər qayırmışdılar. Gecə-gündüz tüfəng səsləri kəsilmirdi.

Hətta şeytan tərəfindən gəlmiş bir yaranal şəhərin içində top da atırdı. Toy çox şükuhlu keçdi. Camaatdan da çox qırılan oldu. Ancaq nə etməli, şeytan əməlindən xata çıxmasa olmaz.

Dedim:

– Doğru buyurursan.

Faytonçu soruşdu:

– Hara düşəcəksən?

Dedim:

– Təbrizli Mirzə Qoşunəlini tanıyırsan?

Dedi:

– Mirzə Qoşunəlini Qarabağda uşaqlar da tanıyır.

– Onda birbaş onun evinə sür.

– Baş üstə.

Neçə dəqiqədən sonra fayton bir həyətdə dayandı. Bu, Mirzə Qoşunəlinin evi idi. Qapı açıldı. Gödək boylu bir adam başını çölə çıxardıb xəbər aldı:

– Kimsən?

Cavabını faytonçu verdi:

– Qonaqdır. Tiflisdən gəlir. Sizlə işi var.

– Buyursun, buyursun!

Mirzə pilləkəndən aşağı enib, özü qabaqca mənə salam verdi:

– Salaməleyküm, siz çox xoş gəlibsiniz. Buyurun içəri.

Faytonçunun haqqını verib, Məşədi Səttarla vidalaşıb, mirzənin dalınca daxil oldum mənzilə. Mirzə yer göstərdi:

– Buyurun, əyləşin. Yəqin yol sizi yorubdur. Samovar da hazırdır.

Çay içmək mənim üçün bir azar olubdur. Sübhdən gecə yatıncaya qə dər gərək mənim samovarım qaynasın. İçdiyim çayın hesabını da bilmirəm.

Deyirlər çay nədir, say nədir.

Mirzə iki stəkan çay töküb birisini mənim qabağıma, birisini də əyləşib öz qabağına qoydu:

– Sizin təşrifiniz həmişə Tiflisdə olur?

– Bəli, Tiflisdə oluram. Ancaq səyahəti xoşladığımdan, başqa şəhərlərə və vilayətlərə də gedirəm.

– Əlbəttə, səyahət çox gözəl şeydir. Deyirlər çox oxuyan çox bilməz, çox gəzən çox bilər.

– Həqiqət düz buyurursunuz. Amma necə ki mən eşitmişəm, sizin elminizə heç bir səyyah çata bilməz. Mən Qafqazın hər bir şəhərində sizin tərifinizini eşitmişəm. Yəqin siz Tiflisdə Ağ Mollanı tanıyırsınız.

– Xidmətlərinə çata bilməmişəm, amma bələdiyyətim var, alim adamdır.

– Sizin tərifinizi mənə o söylədi. Mən bir müşkül işə düşüb, oradan buraya xidmətinizə gəlmişəm.

Niyyətimi açıb mirzəyə söylədim.

Mirzə şəhadət barmağını alnına qoyub dərin fikrə getdi. Sonra dedi:

– Bu gecə burada yatarsınız, axşamın xeyrindən isə sabahın şərri. Səhər kitabları töküb dürüst baxaram, ümidvaram əlac tapıla.

Çay içib, bir qədər o yan-bu yandan söhbət elədik. Mən xəbər aldım:

– Mirzə, siz çoxdanmı Qarabağdasınız?

– Bəli, mən anadan burada olmuşam, ancaq atam Təbrizdən gəlmədir. O səbəbdən bizə Təbrizi deyirlər. Elə ki Məhəmməd şah vəfat elədi, İranın qanununa binaən, təxti-səltənət naibüssəltənə fərmanfərmayi-məmləkəti-Azərbaycan nəvvab Bəhmən Mirzəyə keçdi. Bəhmən Mirzə atasının vəfatından xəbərdar olub, təntənə ilə Təbrizədən çıxıb Tehran tərəfə rəvan oldu. Təbrizlə Tehranın arasında xəbər gəldi ki, Nəsrəddin Mirzə təxti-səltənəti qəsb edib, qoşun da tamamilə onun tərəfinə keçibdir. Nəsrəddin Mirzə əmr veribdir ki, Bəhmən Mirzəni tutub qolu bağlı onun hüzuruna gətirsinlər və onun gözlərini çıxardacağına and içibdir. Bəhmən Mirzə əhvalatı eşitcək üstünə gələn adamlardan neçə nəfər və müqərrəblərini götürüb, qalanlarını dala qaytarıb üzünü Rusiya tərəfə çevirdi. Neçə vaxt at sürəndən sonra yetişdi “Fitilbörgə” və birbaş getdi imperator Birinci Nikolayın yanına. Nikolay onu artıq məhəbbətlə qəbul etdi, onun həmişəlik Rusiyada sakin olmağına icazə verdi və hər bir ildə ona otuz altı min rüblə maaş təyin edib, Rusiya şəhərlərindən birisini özü üçün məskən intixab etməsini təklif etdi. Həzrət-vala nəvvab bu Şuşa şəhərini məskən qəbul edib burada sakin oldu. Mənim mərhum atam da, Allah atanıza rəhmət eləsin, Bəhmən Mirzə ilə bahəm buraya gələnlərdən həzrət valanın katibi və rəmmalı olubdur. Atamdan mənə çox ziqiymət kitablar keçibdir və o kitabların cəhətincə mürəffəhülhal güzəran eləyirəm.

İçəri otaqla bizim aramızdakı qapı döyüldü. Mirzə durub gedib qapını açıb, oradan bir məcməyi fisincan-plov gətirib qoydu ortalığa. Plovu yedik. Əlimizi yuduq. Mirzə özü qabları götürüb içəri apardı.

Şamdan sonra yenə adama bir stəkan çay içdik. Orta qapı açıldı. Oradan iki əl uzanıb çarşaba bağlı bir dəst yorğan-döşək otağa qoydu.

Mirzə özü qalxıb mənim üçün yer salıb dedi:

– Gecəniz xeyrə qalsın, yatın, rahat olun, sübh danışarıq.

Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Sübh mirzənin içəri otaqdan gələn namazının səsi məni oyatdı.

Durub libasımı geyib əyləşdim. Mirzə qapını açıb məni geyinmiş görüb, təəccüblə xəbər aldı:

– Siz əcəb sübhxiz imişsiniz!

– Bəli, adətim belədir, – dedim. – Vəhalonki Tiflisdə saat ondan qabaq gözlərim açılmaz.

Mirzə dedi:

– Çox gözəl adətdir. Əbu Əli Sinanın buyurduğuna görə, sübh tez duran adamın canı saf olar.

– Düz buyurubdur. Belədir ki var.

Çaydan sonra mirzə buyurdu:

– Yəqin dincinizi dürüst alıbsınız. İndi sizin məqsədinizdən söhbət edə bilərik. Siz yatandan sonra mən gedib “Tənbihil-qafilin” kitabını açıb mütaliə elədim. Bu kitabda cəhənnəmin tərifi və təsviri mükəmməl surətdə dərc olunubdur. Kitabın otuz yeddinci səhifəsinin yeddinci sətrində yazılıbdır: heç bir kəs qəbləlmövt cəhənnəmi görə bilməz. Fəqət bir nəfər adam filan ildə (bu sənəni göstərir) filan ayın filan günündə (haman günü göstərir) adı “T” hərfi ilə başlanan bir şəhərdən, adı “Ş” hərfi ilə başlanan şəhərə, adı “Q” ilə başlanan müqəddəs bir şəxsin yanına gəlib, ondan cəhənnəmi gedib səyahət etmək üçün əlac istəyəcəkdir. Məqsədinə də nail olacaqdır; çünki cəmi müşküllərin əlacı o şəxsdə və onun əlinə keçmiş “Cameül-dəvat” kitabında olacaqdır. O kitabın yetmiş yeddinci səhifəsində yazılmış nüsxə o şəxsin müvəqqəti olaraq ölüb cəhənnəmə getməyinə səbəb olacaq.

İndi, ağa can, o nüsxə budur:

1. Rübbisus – on misqal, 2. Əfüyun – on misqal, 3. Əfrəfyun – beş misqal, 4. Tiryak – dörd misqal, 5. Zəfəran – beş misqal, 6.Aqərqərha37– beş misqal, 7. Zəncəfil – beş misqal, 8. Filfili-hindi38 – üç misqal, 9.Əsəl39 – bəqədri-kifayə.

Bu dərmanı on gün istemal edəndən sonra qəbzi-ruh olub, gedib cəhənnəmi səyahət edə bilərsiniz. Bu əczanı alıb gətirərəm və onları həvəngdə döyərək lazım olan duaları oxuyaram.

Əlavə lazımdır, bir dənə qara xoruz alınsın. Onu mən burada bağlayacağam və gecə haman xoruz birinci dəfə banladıqda dərmanları həvəngə töküb döyməyə başlayacağam.

Sabah dərmanı özünlə götürüb Tiflisə apara bilərsiniz və orada axund Ağ Mollanın təhti-tərbiyəsində istemal etməyə məşğul olarsınız.

Tamam on gündən sonra özünüzü başqa bir aləmdə görəcəksiniz – cəhənnəm aləmində.

Mən mirzədən xəbər aldım:

– Cənab mirzə, buyurun görüm, mənə cəhənnəmdə qalmaq neçə gün müyəssər olacaq?

Buyurdu:

– Hər cadının təsiri qırx gün olar. Qırx gündən sonra ayılıb özünüzü haman yatdığınız yerdə görərsiniz. Ancaq cəhənnəmin hər günü dünyanın qırx gününə bərabərdir.

– Cənab mirzə, sizin həqqi-zəhmətiniz nə qədər olacaq?

 

– Yetmiş yeddi manat yetmiş yeddi qəpik. Əlavə əczanın və xoruzun qiyməti. Siz əyləşin mənzildə, ya istəyirsiniz çıxın bir qədər şəhəri dolanın. Söz yox ki, günorta naharını da bir yerdə eləyəcəyik.

Şəhəri bir qədər dolanıb, saat on ikidə azan səsi eşitdim, bir qoca kişi məkruh səslə azan oxuyurdu.

Mənzilə qayıdıb Mirzə Qoşunəliyə bu sualı verdim:

– Cənab mirzə, Qarabağda başqa şey yox isə də, yaxşı xanəndələr var. Qafqazın hər yerinə getsən, orada xanəndəni, tar çalanı, kamança çalanı, zurnaçını qarabağlıdan görəcəksən. Bəs necə olur ki, özünüz üçün xoşsevt azançı tapmayırsınız? Tiflisdə də azançı var. Həmişə azanı şur üstündə oxuyur. Gəncədə də azançı başlayıb azan verəndə ruslar, ermənilər dayanıb onun azanına qulaq asırlar. Hətta Gəncədə belə danışırdılar ki, iki nəfər erməni azançının səsindən mütəəssir olub, islamı qəbul ediblər.

Mirzə bu sözü eşitcək ucadan bir salavat çevirib dedi:

– Doğru buyurursunuz. Qarabağ xanəndə mədənidir. Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Məsələn, Hacı Hüsü, Məşədi İsi, Həsəncə, Qaryağdı oğlu və sairələri. Gözəl səs sahibi cavanlarımız yenə var. Ancaq dərd budur ki, cavanlarımızda islam ruhu qalmayıb. Bir nəfər namaz qılanı, oruc tutanı yoxdur. Hamısı Allahdan üz döndəriblər.

İndi kimə demək olar ki, sən qışın çilləsində, gecə yarısı get çıx minarənin başına, orada azan ver? Bunu, bu əyyamın cavanları qəbul edərlərmi? Amma bizim azançımız Hacı Tağı dindar bir adamdır. Onun indi yaşı həştaddan ötübdür. Bu həştad ilin altmışını azançılıqda keçiribdir. Və deyir canım ağzımdan çıxınca azan verəcəyəm.

– Ona maaş nə verirlər?

– Maaş çox deyil, mövqufatdan ayda onun üç manat məvacibidir.

– Üç manatla onun məişəti necə keçir?

– Hacının özgə mədaxil yerləri də var. Birinci mədaxil hamamlardandır.

Bizim hamamlar sizinkilərə oxşamıaz. Mən eşitmişəm, sizin hamamlarda qüsl üçün hovuz yoxdur. Divarlarda samovar qurnasına oxşar bir şey qoyubdurlar. Onun altında da çimən yəqin pak olmayacaq. Bizim hamamların İran qaydası böyük hovuzları var ki, adına xəzinə deyirlər. Hər müsəlman hamamın içinə girdikdə gərək qabaqca xəzinəyə daxil olub orada bir neçə dəqiqə bədənini isitsin.

Sonra çıxıb, canını kisələdəndən sonra dübarə hovuza daxil olub, qüsli-cənabət eləsin. Hər hamama vaxtına görə gündə otuz adamdan yüz adamadək gəlir. Arvad hamamları həftədə bir dəfə açıq olduğundan oraya neçə yüz arvad dolur. Hər bir xəzinəyə girib-çıxan yəqin orada bir qədər canının çirkindən qoyur. Hamam boşalıb gecə xəzinənin suyu durulandan sonra üzərində əl qalınlığında piy durur. Bu piyi suyun üzündən alıb təmizləmək lazımdır. Bu da azançı Hacı Tağının vəzifəsidir. Hər sübh azandan sonra hamamları gəzib hər yerdə xəzinənin üzünün piyini yığır. Şəhərdə yeddi-səkkiz hamam var. Hər birisindən gündə iki şahı pul alır. Bu da onun gün ruzusuna kifayət edir.

Hacı Tağının ikinci maaş pulu budur: hacı şəhərin əhalisini səğirən-kəbirən, ünasən-zükurən hamısını tanıyır. Odur ki, hər bir toya, təziyəyə, təkyəyə adam çağırmaq lazım olsa, bunu da Hacı Tağıya tapşırırlar. Hacı siyahını əlinə alıb, şəhəri dolanıb hamını dəvət eləyir. Söz yox ki, ziyafətdə özü də əyləşib iştirak edir. Həmişə ətəyinin altında da bir ləyən gətirib, onu da plovla doldurub evinə aparır. Əlavə hacı, əmələyi-mövtadan sayılır. Hər ölünün qabağınca qəbiristana gedir, buna da bir haqq verirlər. Xülasə, hacının kefi kökdür. Yaxşı dolanır.

Mirzə əczanı alıb, bir qara xoruz da gətirib bağlamışdı və qabağına da bir qədər kişmiş qoymuşdu. Səbəbini xəbər aldım, dedi:

– O xoruza bu gün başqa şey yedirtmək olmaz. Kişmiş dənələrinə xüsusi dualar oxunubdur.

Süfrə salındı. Dalınca süfrəyə duz, çörək və dolma gəldi. Mirzə üzr istəyib dedi:

– Plovu inşallah axşam yeyərik.

Axşam zamanı mirzə məni tək qoyub dedi:

– Siz burada əyləşin, mən gərək xoruz banlayınca covşən-kəbir və məntər oxuyam.

Axşam saat on radələrində xoruz səslənənədək içəridən həvəngdəstənin səsi gəldi.

Bir az keçmiş mirzə daxil olub, bir şüşə içində dərman gətirib dedi:

– Buyurun, hazırdır.

Bir qədər söhbət edib, plov yeyib yatdıq.

Sübh durub mirzəyə yüz manat verib xudahafiz elədim. Mirzə bir məktub da Ağ Mollanın adına yazıb buyurdu:

– Burada lazım olan adabı yazmışam. On gün ki, siz dərman istemalına məşğul olacaqsınız, o gərək gecə və gündüz sizin yanınızda olsun.

Mirzədən razılıq edib, yenə haman yolla Tiflisə qayıtdım.

Tiflisdə Ağ mollanı tanımayan bir nəfər tapılmazdı. Çünki onun mənzili vaqe olan Sumbatov küçəsini Tiflisin tamam cavanları tanıyırdı.

Bu küçə bir vaxtında Tiflis cavanlarının oynağı idi. Evlərin hamısında sübhədək piano çalınıb, qızlar və cavanlar “matçiş” oynardılar.

Sonra hökumət, cavanların göz yaşlarına baxmayaraq, bu evləri bağladı. İndi bu küçədə Ağ Molla yaşamaqdadır.

Ağ Mollanı nəinki müsəlmanlar, tamam Tiflisin gürcüləri, erməniləri və rusları da tanıyır. Evi hər gün axşamadək onun yanına ziyarətə gələnlərlə dolu olur.

Gələnlərin çoxusu qadınlardır. Kimisinin əri qaçıb – onu qaytarmaq istəyir, kimisi duldur – ərə getmək istəyir, kimisi filan oğlana özünü sevdirmək üçün cadu yazdırır. Ürəkkeçməsi olanlar, baş ağrısına mübtəla olanlar, bir para xəstəliklərə tutulanlar hamısı Ağ Mollanının duası ilə məramlarına çatmaq istəyirlər.

Gecə evdə dincəlib, səhər getdim mollanın xidmətinə.

Qəbul otağı qadınlarla dolu idi. Qulluqçusundan Mirzə Qoşunəlinin məktubunu göndərdim. Məni o saat içəri çağırdı. Əhvalatı müfəssəl söylədim. Soruşdu ki, bəs mirzə sizə verdiyi dərmanın nədən və nə əczadan əmələ gəldiyini buyurmadı?

Cavabında dedim:

– Mənim yanımda əczaların adlarını bir-bir oxudu, ancaq unutmuşam.

Çox əfsus edib buyurdu:

– Bu dərmanın sirrini ondan savayı dünyada bir kəs bilməz. Bunu keçmişdə Mir Damad və Xacə Nəsir-Tusi bilərlərmiş; onlar da bu xüsusda bir yadigar qoymamışlar. Bəhər-hal, mirzənin xahişinə görə, bu on günü sizinlə bir yerdə keçirərəm və mirzə göstərdiyi duaları oxuyaram.

Ancaq gərək mənim zərərimi öhdənizə götürərsiniz. Siz görürsünüz ki, mənim yanımda nə qədər adam var. Hər gün də belədir. Gərək gündə mənə əlli manat verəsiniz ki, on gündə beş yüz manat eləsin.

Bir qədər danışdıqdan sonra, axund cənablarını üç yüz manata razı elədim və şənbə günündən işə şüru etməmizə qərar verdik. Xudahafiz edib getdim.

Şənbə gününə dörd gün qalmışdı. Bu dörd gündə mən cəmi işlərimi yöndəmə qoyub dost-aşnalarla vidalaşıb əyləşdim mənzildə.

Şənbə günü səhər axund gəldi. Mən dərmanı çamadandan çıxartdım.

Bankanın ağzı açılanda ətir qoxusu evi başına götürdü. Mən bismillah deyib dərmandan bir qaşıq ağzıma qoymaq istədikdə axund dedi:

– Dayan!

Dayandım.

Buyurdu:

– Gərək bu saat gedib hamamda qüsli-cənabət edəsiniz. Hamam-dan çıxıb dalınıza baxmayaraq evə gələsiniz. Evdə iki rükət hacət namazı qılandan sonra başlayıb dərmanı istemal edəsiniz. Mən də siz hamamdan qayıdınca burada Mirzə Qoşunəlinin məktubunda göstərdiyi duaları oxumağa məşğul olaram.

Hamamdan qayıdıb axundu, həqiqət, kitab oxuyan gördüm. Sonra kitabı yumub, cibindən bir lülə kağız çıxardıb başladı onu oxuduqca açmağa. Bu dua eni bir çərək, uzunluğu bir kilometr kağızın üzərinə yazılıb, bir ağac parçasının ətrafına sarınmışdı. Duanın adına “covşənkəbir” deyirdilər.

Axund buyurdu:

– Vaxtdır. İndi başlayıb dərmanı tənavül edə bilərsiniz…

Dərmandan bir qaşıq ağzıma qoyanda ağzım, sonra boğazım, axırda qarnım hamısı odlaşdı. Bu halət xüsusunda mirzə cənabları mənə izahat vermişdi. Ona görə də davam etdim.

Müxtəsəri-kəlam, doqquz gün gündə üç qaşıq bu dərmandan tənavül elədim. Onuncu günü dost-aşnanı cəm edib onların hüzurunda cəhənnəmə müşərrəf olmağımı lazım bilib hamısına xəbər elədim.

Haman günü dost-aşna tamam cəm oldular və məndən xahiş etdilər ki, cəhənnəmdə hər nə görsəm onu yazıb bir dəftərçə bağlayam, ta dost-aşna oxuyub feyzyab olsun.

Mən söz verdim.

Sonra Axundla belə məsləhət gördük ki, mənim bədənimi qırx gün bir sandıq içərisində saxlasın və qırx gün tamam olduqda öz əli ilə gəlib sandığı açsın.

Axund buyurdu:

– Vaxtdır, uzan.

İtaət edib uzandım və axırıncı qaşıq dərmanı yedim. O saat gözüm qaraldı, başım gicəlləndi, məni yuxu tutdu. Birdən özümü bir böyük səhrada gördüm. Bildim ki, bu səhra cəhənnəm səhrasıdır.

CƏHƏNNƏM

Səhranın günbatan tərəfindən gördüm bir şölə asimana bülənd olub, işığı hər yeri bürüyübdür. Üzümü şöləyə tərəf tutub getdim. Bir az gedəndən sonra məni cəhənnəmin istisi vurdu. Təəccüb burası idi ki, burnuma plov iyi gəldi. Yəqin etdim ki, cəhənnəmdə hamıdan çox yananlar plov yeyənlərdir.

İsti gəldikcə artdı. Mən dayandım. Gördüm ki, hərarətin artıqlı-ğından mənim üçün irəli getmək mümkün olmayacaqdır.

Birdən qulağıma bir səs gəldi:

– Əyyühəlxortdan! Eşidibsən ki, “kafər bəcəhənnəm nəmirəvəd, kəşan-kəşan mibərənd”40. Getməsən də aparacaqlar. Yaxşısı budur öz xoşunla gedəsən.

Bu sözü eşidən tək başladım yeriməyə. Dedim:

– Hərçi bada-bad!

Mən cəhənnəmi həmişə Bakının mədənlərinə oxşar bir şey hesab edirdim və çox vədə də deyirdim ki, cəhənnəm yəqin Bakıda olacaq. Neft quyularının hamısından alov göyə dirəklənəcək və günahkarları birbəbir təpəsi üstündə quyulara salacaqlar.

Bir də mən belə hesab edirdim ki, cəhənnəm bir böyük şəhərdir, dəryanın kənarında düşübdür. Təmirat hamısı oddandır. Yananlar istəyirlər ki, özlərini dəryaya atsınlar, bəlkə su onların əzabını azalda, amma olmur. Əziyyətləri birə iki də artır.

Xülasə, hər növ təsəvvür edirəm, amma heç birisi gördüyüm olmadı.

Cəhənnəm əvəzində bir böyük əjdaha gördüm ki, onun yetmiş min fərsəng boyu idi və yeddi min fərsəng eni idi. Yetmiş min ağzı var idi, yetmiş min burnu, yetmiş min gözü və yetmiş min qulaqları var idi. Heyvanın ağzından, qulaqlarından və burunlarından alov dirəklənirdi. Bu halda gördüm, mənə tərəf bir kişi gəlir: arıq, uzun, boğazı nazik, başı balqabaq boyda. Burnu qaraquş burnuna və saqqalı keçi saqqalına bənzəyir. Amma döşündə bir şiri-xurşid nişanı var. Və nişanın da ətrafında farsca bu sözlər yazılmış: “Abi şurəst, çi qabiliyyət darəd, büdeh, berizəd bə guri-pədərəş”41.

Yazını oxuyan tək, kişini tanıdım. Yəqin qarelər hamısı tanıdılar.

Tanımayanlar var isə, vəzir Mirzə Ağa Asinin divanını oxusunlar, o saat tanıyarlar.

Kişidən xəbər aldım:

– Mərdəkə, burada nəmənə qayırırsan?

Dedi:

– Elə ölən gündən məni cəhənnəmdə odabaşı ediblər.

Dedim:

– Çox gözəl mənsəbdir, mübarəkdir.

Sonra xəbər aldım:

– Bu əjdaha burada nə qayırır?

Dedi:

– Qulaq ver nağıl edim: xudavəndi-aləm ki cəhənnəmi xəlq etdi, onun hərarətindən göy od tutdu. Otlar, ağaclar, dəryaların suyu hamısı qurudu. Cəmi vühuş və teyur, ins və cins qaziyəlhacət dərgahına əl götürüb yalvardılar:

– İlahi, yandıq. Yaratdıqlarına rəhmin gəlsin.

Xudavəndi-aləm məxluqatın duasını eşitdi və bu əjdahanı yaradıb ona əmr etdi ki, cəhənnəmi udsun.

Əjdaha yalvardı, ərz elədi:

– Xudaya, mən nə günah eləmişəm? Qəzəbini mənim üstümdən götür.

Əjdaha bir də baxdı ki, başının üstündə bir mələk, əlində oddan qamçı, dayanıb deyir:

– Ud cəhənnəmi, ey Allahın heyvanı! Xudavəndi-aləmin əmrindən boyun qaçırmaq olmaz!

Əjdaha itaət edib cəhənnəmi çəkdi kamına.

Əjdaha cəhənnəmi udandan sonra onun içərisi başladı alışıb yanmağa.

Əjdaha ilan dili çıxardıb yalvardı:

– Allah, yandım, mənə rəhm elə!

Xudavəndi-aləmin əjdahaya rəhmi gəlib, əmr etdi ki, ilin altı ayını nəfəsini çölə versin və altı ayını içəri çəksin. Odur ki, əjdaha nəfəsini çölə verəndə bahar və yay olur, içəri çəkəndə payız və qış olur. Bir para sarsaq-sarsaq kitablarda yazırlar ki, nə bilim ay belə gedir, gün belə gəlir, yer dombalaq aşır. Bunlar hamısı axmaq sözlərdir. İndi gözünlə görüb yəqin edə bilərsən.

Dedim:

– Bəli, görürəm. Mən bu sözləri dünyada da eşitmişəm. Bizim şəhərə İrandan bir axund gəlmişdi. Məktəb açıb şəhərin uşaqlarına dərs verirdi. Axundun adını unutmuşam. Ancaq yadımdadır ki, məktəb uşaqları onun adını Molla Həmmami-Zənanə qoymuşdular. Mən bu sözləri o büzürgüvarın dilindən, minbərdən eşitmişəm. Görünür, axund düz buyururmuş.

 

Dalınca bir ah çəkib öz ürəyimdə dedim:

– Ya Molla Həmmami-Zənanə, əgər qiyamətdə görüşmək müyəssər olsa, səndən halallıq istəyəcəyəm; çünki o vaxt tamam məsciddə cəm olanlar bir ağızla salavat çevirdilərsə də, mən şəkk elədim.

Bu söhbətdən sonra odabaşıdan soruşdum:

– Cəhənnəmə girmək olarmı?

Dedi:

– Bəli, bəli! Buyura bilərsiniz. Cəhənnəmin qapıları gələnin üzünə açıqdır.

– Pasport, filan?

Dedi:

– Heç bir şey lazım deyil. Sən görən polis burada yoxdur.

Qapını açıb məni içəri saldı.

Bəli, vasil olduq cəhənnəmə. Allah cəmi arzısında olan mömin, müqəddəs qardaşlara qismət eləsin.

Cəhənnəm, nə cəhənnəm! Tamaşası cəmi dünyaya dəyər. Onun müqabilində nə teatr, nə kəndirbaz, nə qoç döyüşməsi, nə dəvə güləşməsi, nə xoruz və bildirçin döyüşməsi, nə mütrüb oyunu, nə qoçular atışması… hamısı bu tamaşanın müqabilində heç yerindədir. Bu tamaşanı görən, yəqinimdir ki, Sultan Həmidin mövləvi təkyəsinə etina etməyib, yanından gözüyumulu ötər.

Bilirəm oxucular inanmayacaqlar, deyəcəklər:

– Xortdan gedib cəhənnəmə, oradan ağzına gələn hədyanı yazır. Cəhənnəm nədir, tamaşası nə ola?

Mən oxucularımı inandırmaq üçün bir neçə möhkəm and içməyə hazıram. Ancaq Qurana and içməyəcəyəm. İnanmazsınız; çünki müsəlman ki Qurana and içdi, yəqin edin ki, yalan deyir. Mənim andlarım möhkəm andlardır.

And olsun Cəfərqulu xanın övladının ağızlarının tüpürcəyinə, and olsun Topal Seyidin barmağının qanına, and olsun deşikli ağaca, qazaq qəbrinə, Xəlifəli ocağına, cındırlı pirə, Cicim ocağına, öskürək pirinə, and olsun Xorasan mütəvəlli başçısının anbarından çıxan şərab küplərinə, imam Cümənin buğda anbarına, Bala keşişin tasına, Mirzə Qoşunəli Təbrizinin çarıqlarına, dərviş Qırışmalqulunun dişsiz əfilərinə, yazdığım sözlərdə bir hərf qələt yoxdur; hamısı haqq sözlərdir.

Burada bir haşiyəyə ehtiyac göründü: oxucularımı dürüst inandırmaq üçün yuxarıda göstərdiyim müqəddəs şəxslərdən və məqamlardan bir az izahat vermək istəyirəm.

1. XAN TÜPÜRCƏYİ

Qarabağ xanı İbrahim xanın Cəfərqulu xan adlı bir oğlu var idi ki, adına tarixi-ədəbiyyatda “Yekəpər” deyirlər. Cəfərqulu xanın əlində belə bir qüvvət var imiş ki, bir əli ilə at nalını ikiqat elərmiş. Ya mis pulu barmaqları ilə sürtüb yazısını silərmiş. Əlavə, xanın sporta böyük həvəsi var imiş. Məsələn, İrandan adlı pəhləvanları yazıb gətirdib küşti tutdurmaq, dəvə güləşdirmək, it boğuşdurmaq və sair belə ürəkaçan işlər. Əlavə, xan cənablarına bir vergi verilmişdi: əgər qudurmuş it dalamış adamın ağzına tüpürə idi, o saat salamatlığa çıxardı. Daha həkim, Paster xəstəxanası, filan lazım deyildi. Xanın vəfatından sonra bu qabiliyyət oğluna keçmişdi. İndi də nəvələri bu işlə məşğuldurlar.

2. TOPAL SEYİD

Bu şəxs Ağdam dairəsində olur. Bu da xan kimi, qudurmuş it tutanlara müalicə edir; ancaq naxoşların ağızlarına tüpürmür. Bir qətrə mübarək barmağının qanından çörəyə sürtüb naxoşa yedirdir; həmin saat bəla ondan rəf olur. Bir neçə il bundan əqdəm bizim kənddə bir cavan oğlanı qudurmuş it dalamışdı. Mən ona Tiflisdə Paster xəstəxanasına getməyi məsləhət gördüm. Mənim təklifim ətrafdakıların və naxoşun qardaşının xoşuna gəlməyib, onu topal Seyidin ocağına göndərdilər.

Naxoşun qardaşı deyirdi:

– Tiflisə gedib-gəlmək bir dünya xərc götürər. Cəmi bu yerlərin naxoşları əlaclarını Topal Seyiddən alırlar. Atını minib gedər Seyidin qulluğuna, bir-iki manat nəzir verməklə salamatlığa çıxar.

Elə də elədilər. Bir altı həftə keçməmişdi, eşitdim naxoş vəfat edib.

Təziyəsinə gedib, qardaşını məzəmmət elədim, dedim:

– Gərək mənim sözümə baxıb onu Tiflisə göndərəydin.

Dedi:

– Yox, ona əlac olmayacaq idi. Çünki Seyidin qulluğuna etiqadla getməmişdi.

Əlbəttə, etiqad böyük şərtdir.

3. DEŞİKLİ AĞAC

Bu mücərrəb pir Ağdam dairəsində Qasımlı kəndində vaqedir. Bu ağacdan iki şax ayrılıb. Sonra baş başa qaynayıb bitişiblər. Araları açıq qalıbdır. Bu pir, övladı olmayan qadınların qolundan tutur. Cümə axşamları övlada ehtiyacı olan bacılar bir qədər fəsəli bişirib, özləri ilə götürüb, deşikli ağacın yanına gedirlər. Fəsəlini füğərayə paylayandan sonra, övlad arzısında olan qadın ağacın deşiyindən keçir. Deyildiyinə görə, mətləbinə nail olur. Əgər qadınlardan birisi ağacın deşiyindən keçə bilməsə həmişəlik özündən naümid olub, məyus evinə qayıdır.

4. QAZAQ QƏBRİ VƏ XƏLİFƏLİ OCAĞI

Bu iki müqəddəs məkan Şuşa şəhərinin biri şimalında, o birisi isə qərbində vaqedir. Bu yerlərdə bayramqabağı, dürüst, ilin axır çəharşənbəsində uşaqların çilləsini kəsdirirlər. Çillə kəsdirmək bundan ibarətdir: uşağın iki əlinin baş barmaqlarını ipliklə bir-birinə bağlayıb, sonra ipliyi qayçı ilə ya bıçaqla kəsirlər. Çilləsi kəsilən uşağa bir ilin müddətində heç bir afət toxunmaz. Çillə gərək şəhid qəbri üstündə, yəni əldə ölmüş bir adamın qəbrinin üstündə kəsilsin. Qədim zamanlarda, təxminən yüz il bundan əqdəm, bir nəfər qazağı hərbi məhkəmə qərarına görə güllələyiblər. O vaxtdan həmin qazağın qəbri çillə piri olubdur.

Amma şəhərin camaatının əksəri Xəlifəli ocağına gedir. Hətta belə də bir rəvayət var:

İlin axır çəharşənbəsində, yəni novruz bayramından bir neçə gün qabaq Molla Pənah Vaqif özünün Saatlı məhəlləsində vaqe məktəbində əyləşib Şuşa şəhəri əhalisinin balalarına dərs verirdi. Bir də baxdı ki, məktəbin qabağından böyük bir izdiham gedir. Qabaqda əli ağaclı fərraşlar, camaatı o yan-bu yana qovurlar. Bir nəfər şəxs əlində gümüş qəlyan, yanında birisi, əlində bir manqal dolusu köz. Əlavə neçə faxir geyinmiş adamlar. Xülasə, bir padşah cəlalı. Vaqif bu vaqiənin nə olduğunu xəbər alanda deyirlər ki, bəs Qarabağ xanı İbrahim xan Xəlifəli ocağına çilləsini kəsdirməyə gedir. Vaqif orada nə fikrə gedirsə götürüb bu şeri yazıb xana göndərir:

 
Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Düyilə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur.
Allaha bizmişik naşükür bəndə,
Bir söz desəm məni qoymazlar kəndə.
El batıb noğula, şəkərə, qəndə,
Bizim evdə axta zoğal da yoxdur.
Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahib-camalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur.
 

Xanın şeirdən çox xoşu gəlib, Vaqifi yanına apardır. Vaqifin ağlına, kəmalına, şirin danışıqlarına bənd olub onu həmişəlik yanında saxlayıb, ənqərib vəzirlik mənsəbini ona verir. Odur ki, Qarabağda xanlığı İbrahim xan idarə etməyib Molla Pənah Vaqif edirdi.

Ona görə də deyiblər: “Hər oxuyan Molla Pənah olmaz”.

5. CINDIRLI PİR

Bu da dağdağan ağacıdır ki, Qarabağ tərəkəmələrinin yaylaq yolunda vaqedir. Hər bir dərdi olan bu ağaca nəzir edib, ona bir əsgi parçası bağlayır. Övladı olmayanlar əsgidən bir balaca yüyürük qayırıb, ağacdan asıb özlərinə övlad istəyirlər. Bir ildən sonra nəzirləri qəbul olanlar, haman ağacın dibində qurban kəsirlər.

6. ÖSKÜRƏK PİRİ

Bu pirin kəramətinin nədən ibarət olduğu adından anlaşılır. Bu pir bir hündür qayadır ki, Nuxa şəhrinin yanında düşüb. Analar göy öskürək tutmuş balalarını o qayanın başına çıxardıb, torpağından bir qədər suya qarışdırıb naxoşa içirdirlər. Deyildiyinə görə, naxoşluğu oradaca rəf olur.

7. CİCİM OCAĞI

Bu ocaq Zəngəzurda, Cicimli kəndindədir. Buraya da ilan çalanlar pənah aparırlar. Görənlər nəql edirlər ki, bu ocaqda ilanın sayı-hesabı yoxdur. Görürsən neçəsi çörək təknəsində, qab-qazanın arasında, taxçalarda qıvrılmış yatıblar. Ocaq sahibi oturduğu yerdə ilanlar gəlib onun dizlərinin üstündən o yan-bu yana addayırlar, ya qucağında qıvrılıb yatırlar. Evin qapısından daxil olanın birinə də ilan dəyməz.

Vaxta ki bir şəxsi ilan çaldı, gərək fövrən atını minib Cicim ocağına çapsın. Adamı çalan ilan da, çalandan sonra Cicimliyə yüyürür. Əgər adam ilandan qabaq özünü ocağa yetirdi və onun türbətindən suya qarışdırıb içdi, əlbəttə, şəfa tapacaq. Yox, ilan qabaqca özünü ocağa yetirərsə, ilan çalana əlac yoxdur.

Belə andları eşidəndən sonra gərək inanasınız.

İndi keçək mətləbə.

Cəhənnəm yerin yeddinci qatında bir böyük dağın ətəyində düşübdür. Bu dağın adına Kəmid dağı deyirlər. Dağın dibi cəhənnəmdədir və başı Ərəbistanda Əsfəğan adlı bir yerdədir.

Cəhənnəm özü yeddi təbəqədən ibarətdir. Əvvəlinci təbəqənin adına Cəhənnəm deyirlər. Buraya ancaq müsəlman günahkarlarını salırlar.

İkinci təbəqənin adına Ləza deyirlər; bu təbəqə tərsalar üçündür.

Üçüncü təbəqənin adı Hətəmədir; bu təbəqə də yəhudilər üçün təyin olunubdur. Dördüncü təbəqənin adına Səqər deyirlər; buraya da gəbrləri salırlar. Beşinci təbəqənin adını Səir qoyublar. Bu təbəqə də saibilər42 üçündür. Altıncı təbəqənin adı Cəhimdir; bura da müşriklər üçündür. Cəhənnəmin axırıncı təbəqəsinin adına Haviyə deyirlər. Bura da münafiqlər üçündür.

Necə ki, görürsünüz, xalis müsəlman məclisidir. Hər kəsin adına və libasına görə yeri var.

Məsələn, qaydadır, yuxarı başa axundlar keçirlər. Onlardan aşağı bəylər əyləşirlər. Bəylərdən aşağı tacirlər, onlardan da aşağı xırda-xırda adamlar: əttar, baqqal, şkola müəllimi və sairləri.

Cəhənnəmin hər təbəqəsində qırx üç dərə var. Hər dərənin yetmiş quyu kimi çuxur yerləri var. Hər çuxurun içi yeddi yüz illik yoldur. Hər ili üç yüz altmış gündür. Hər bir günü dünya illərinin min ilidir.

Bundan əlavə, cəhənnəmdə bir quyu var, o quyunun adına Veyl quyusu deyirlər. Yetmiş illik yol onun dərinliyidir.

Mən cəhənnəmə daxil olanda həmin quyunun təkindən bir “vay, dədəm vay” naləsi eşitdim. Başımın tükü papağımı götürdü.

Odabaşıdan xəbər aldım:

– Bu nə səsdir?

Cavab verdi:

– Yetmiş il bundan əqdəm bu quyuya bir adam atıblar. O adam ancaq indi quyunun təkinə dəydi.

O adamın kim olduğunu xəbər alanda odabaşı dedi:

– Vallah, bilmirəm hansının adını deyim. Bu quyuya bir adam salmayıblar, iki adam salmayıblar, hədd yox, hesab yox. Ancaq onu deyə bilərəm ki, bu quyuya vətən və dövlət xainlərini salırlar.

Məsələn, yəqin eşidibsən ki, neçə müddət bundan əqdəm iki dövlət arasında sərhəd qoymaq lazım gəldi. Bu dövlətlərdən birisi şərqli və o birisi qərbli idi. Hər bir tərəf sərhədə öz vəkillərini göndərmişdilər.

37Tərxun kökü
38Hind istiotu
39Bal
40Kafir cəhənnəmə getməz, onu çəkə-çəkə apararlar.
41“Şor sudur, nə əhəmiyyəti var. Ver töksün atasının goruna”.
42Ulduza pərəstiş edənlər.