Seçilmiş əsərləri

Tekst
0
Recenzje
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

MÜQƏDDİMƏ

Əmma raviyani-əxbər və naqilani asar və tutiyani-şəkkər-şikənü şirin-göftar camiülhekayatda kimdən ərz eləsinlər? Bəndədən.

Bəndeyi-həqirü fəqir, əqəlli-külli-bəndəgan müləqqəb be “Xortdan” bir günü kəştiyi-xəyalatda əyləşib dəryayi-təfəkkürdə seyr eləyirdim və dünyanın keçmişini və gələcək işlərini bir-bir xəyalımdan keçirirdim. Nagah xəyalıma cəhənnəm düşdü. Və xəyalımdan qulağıma bir nida gəldi ki: “Ey qafil xortdan, bu nə xabi-qəflətdir ki, uyubsan? İnsan dünyanın cəmi yerlərini, dağlarını, meşələrini, dəryalarını ayaqları altına alıb gəzdi; yer üzündə insan ayağı dəyməmiş bir nöqtə qalmamış. Nə olar sən də onların acığına gedib cəhənnəmi səyahət eləyib, oradan bir xəbər gətirəsən?” Bu sədanı eşitdikdən sonra xəyalım hər yerdən danışdı. Ancaq bir tək cəhənnəm səfəri başımda qərar tutdu. Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskik oğlanam; getdi Amerikanı açdı və ya Magellandan əskigəm ki, dünyanı dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir “ismi-əzəm” oxuyub onların gözlərinə üfürsəydi, hamısının gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. Kafir olduğundan ismi-əzəmi bilməyirdi. O idi ki, bəlaya uğradı. Və ya Vasqo de-Qamadan, ya Nansendən qalanam və ya İskəndəri-Zülqərneynlə zülmata gedənlərdən aciz oğlanam və ya şeyxi-səyyahdan acizəm ki, illərlə zövrəqnişin olub Hind dəryasını səyahət edib və Avropaya indi də məlum olmayan günbədidəvvarı tapıb, onun divarına mum yapışdırıb kimya duasını götürübdür.

Mən bu adamların heç birisindən geri qalan və heç birisindən aciz oğlan deyiləm. Gərək mən də gedib cəhənnəmi səyahət eləyib oradan xəbər gətirəm.

Oraya indiyədək milyonlarla adam gediblər. Çoxusu alim və savadlı adamlardır. Amma heç birindən bir xəbər yoxdur. Mən gedərəm də, xəbər gətirərəm də.

Bu yerdə məni bir fikir götürdü: zəmani ki, mən diriyəm, necə cəhənnəmə gedə bilərəm? İnsan gərək ölsün ki, cəhənnəmə getsin.

Doğrusu, əvvələn, ölməyə heç iştahım yox idi. İkincisi, ölüb gedən qayıtmaz. Hətta bu xüsusda bir məsəl də var.

Bizim şəhərimizdə Musa bəy adlı bir kişi var idi. Bu adam yetimlərə qəyyum olmağı özünə peşə qayırmışdı. Dörd yetimə bir-birinin dalınca qəyyum olub, hamısının da var-yoxlarını həzm-rabedən keçirmişdi.

Yetimlər böyüyüb ondan hesab istəyəndə deyirdi: “Bala, qəbiristana gedən ölü dala qayıtmaz”. Ondan bu söz bizim şəhərdə zərbülməsələ olubdur.

Bəs müvəqqəti bir ölüm lazımdır. Bir neçə illiyə ölüb, cəhənnəmə gedib, sonra yenə qayıdasan.

Yenə gördüm xəyalımdan səs gəldi: “Naümid olma, Xortdan! Naümid şeytandır ki, Allahın dərgahından həmişəlik qovulub. Sən dayanma, birbaş get Qarabağa, orda Mirzə Qoşunəli Təbrizi adında bir möhtərəm şəxs iksir qayırmağa məşğuldur. O sənin dərdinə əlac eləyə bilər. Bil və agah ol, Xortdan, axtaran tapar”.

Bu səsi eşidib, özüm də “axtaran tapar” deyib Yevlax mövqifinə rəvan olub, sübh yetişdim. Xəbər aldım ki, Şuşuya poyezd nə vədə gedəcək.

Dedilər:

– On beş ildən sonra bəlkə gedə.

Dedim:

– Yox, bir belə müddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir.

Dedilər:

– Onla gərək faytonla gedəsən.

– Çox gözəl, – deyib faytonçu çağırdım.

Yəni əslinə baxsanız faytonçu məni çağırdı. Yevlaxa gələnlərə faytonçular göz verir, işıq verməyirlər. Adamın başının üstündə, quzğun cəmdək üstündə dolanan kimi, dolanırlar. Eybi yoxdur. Belə deyək, bir faytonçu çağırdım:

– Bala, faytonun sazdımı?

– Belə faytonum var ki, avtamabel onun yanında heçdir!

– Məni Şuşaya neçəyə aparacaqsan?

– Görürəm sən bir nəcib oğlansan. Özün də bəyə oxşayırsan. Yəqin çənə-bazarla da aran yoxdur. Ona görə sənə bir qurtaran söz deyəcəyəm…

– Əlbəttə, qurtaran söz yaxşıdır.

– Sənin xatırın üçün faytonu qırx yeddi manata qoşaram…

– Məni nə vədə Şuşaya yetirərsən?

– Vallah, qorxuram yalan ola. Sabah, sübh saat onda Şuşaya varid olarsan.

– Yəqin?

– Bəlkə bir az da tez… Ancaq söz verməyə qorxuram. Bəlkə yalan oldu. Amma saat ona şəkkin olmasın.

– Xub, get qoş, gəl.

Faytonçu getdi, mən də əyləşib çay içdim. Bir az keçmişdi, gördüm ki, fayton ildırım kimi stansiyaya tərəf çapır.

Çıxıb əyləşdim.

Faytonçu əlini havaya qaldırıb, bir qamçı mənim papağıma, birini də atlara vurub yola düşdü. Fayton elə bir sürətlə yola düşdü ki, dedim yəqin bu gecə məni mənzilə yetirəcək. Bu sürətlə təxminən iki verst gedəndən sonra atların cilovunu çəkdi. Atlar başladılar qədəmlə getməyə.

Gördüm bu yerişlə iki günə məni mənzilə aparıb çıxartmayacaq.

Dedim:

– Bacı oğlu, bir qədər faytonun hərəkətinə haram qarışdır. Bu yerişlə sən nə vaxt Şuşaya çatacaqsan?

Bu dəfə faytonçu artıq etina etməyib, ağzının ucu ilə cavab verdi:

– Vaxtında çatarıq.

Beş saatdan sonra “Bərdə bazarına” varid oldum. Çox gözəl bazardır. Yolun o tay-bu tayına dükanlar düzülmüş və hər birində bir nəfər mömin qardaş əyləşmiş. Hamısı əhli-iman, Allah bəndəsi, özgənin bir quruşuna xəyanət eləməyən. Süd əvəzinə su, yağ yerinə piy satmayan. Akulə düyüsünə Tərtər düyüsündən aşqar vurmayan. Doşab küpələrində siçanlar oynamayan, yalandan atalarının ərvahına and içib, malı üçqat artıq qiymətə satmayan adamlardır.

Bərdə bazarında gördüm aclıq mənə əl verib, faytonçudan xəbər aldım:

– Burada çörək yeməyə bir yer tapılmayır?

Dedi:

– Bəli, bu yaxında Məşədi Şərbətəlinin yaxşı pakizə restoranı var.

Orada nahar eləyə bilərsən.

Restorana tərəf gedib, gördüm qapının ağzında iki dənə samovar qoyublar, rəngləri qapqara. Faytonçudan xəbər aldım ki, bu samovarları niyə təmizləmirlər?

Faytonçu gülüb dedi:

– Bu samovarların misi əslindən qaradır. Maku sərdarı Murtuzaqulu xanın təzə mədənindəndir.

Təəccüb eləyib restorana daxil oldum.

Restoranın təmizliyinə söz yoxdur. Divarlarının yanında çarpayılar qoyulmuş, hamısının üstünə fərşlər salınmışdır. Bir kənarda kürə qurulub.

Restoran sahibi də başında araqçın, döşündə döşlük, kürənin arxasında durub, qabağında düzülmüş tavalardan, qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Çarpayıların üstündə neçə nəfər əyləşib. Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çəkir.

Bir nəfər arıq, uzunboğaz, başı şapkalı, əynində bozarmış sertuq, təxminən qırx sinnində şəxs, qabağında bir stəkan dişləmə çay, tez-tez yumruğunu yerə döyüb burnunu çəkərək, onunla yanaşı oturmuş tənumənd, yoğun, qarasaqqallı bir hampa kəndli ilə mübahisə eləyirdi:

– Axır sənin ki mənimlə bir ədavətin yoxdur. Ərizə gətirərsən, yazaram. Pavestka gətirərsən, oxuyub vədəsini deyərəm; axır sən niyə mənim evimi yıxdın? İndi, budur, məni müəllimlikdən çıxarıblar! Mən uşaqlarımın əlindən tutub haraya gedim? Təzədən bir də yer tapınca mənimki mənə dəyər. Qiyamətdə mənim balalarımın cavabını sən verəcəksən.

Hampa deyir:

– Ay Mirzə Səttar, axır niyə insafla danışmayırsan? Mən oğlu ölmüşün oğlu, inspektora nə demişəm? Əgər yalan demişəm, bu adamların yanında vur başım yarılsın. Məgər mən işin olanını deməmişəm? Soruşdu: uçtel haraya gedib, mən də dedim: gedib dərs gətirməyə. Özün hər gedəndə uşaqlara demirsənmi ki, gedirəm dərs gətirməyə?

– Mən çox da deyirəm. Sən bilmirsənmi ki, bu inspektorun mənimlə arası yoxdur? Məni çıxartmağa çoxdan bəhanə axtarırdı!

– Mən nə bilim sizin aranızda nə var. Eşitdiyimi, bildiyimi demişəm.

– Siz uşaqlarınızı oxutmağı haram bilirsiniz. Odur ki, istəmirsiniz buraya müəllim gəlsin. Buraya məndən qabaq gələn müəllimi soyuqdan dondurub qaçırtdınız. Nə məktəbə, nə də onun mənzilinə odun verdiniz. İndi mənə də bu kələyi tapdın. Görək məndən sonra gələni necə yola aparacaqsınız!

Mən heyrətlə qulaq verib bunların söhbətindən bir şey anlaya bilmirdim.

Bunları mübahisə eləməkdə qoyub xörək istədim. Mənə çox dadlı bir çığırtma verdilər, yedim. Həqiqət o ləzzətdə çığırtmanı mən Tiflisdə də yeməmişdim. Tiflisdə gedərsən restorana, çığırtmanın adını çexoxbili qoyub gətirib verirlər adama. Nə yağı var, nə dadı, nə də duzu. Bir manat yarım da adamdan alırlar. Bu kişi məndən bir manat aldı, amma çığırtması dəyərdi iki manata.

Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir. İnşallah cəhənnəmdən qayıdan baş, yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağan alıb Tiflis rəfiqlərimə peşkəş aparacağam. Çox dadlı quşdur. Hələ də dadı damağımdan getməyib.

Mən nahar eləyib qutarınca bu iki adamın mübahisəsi qurtarmadı.

Axır müəllim nəlbəkiyə bir qəpik pul atıb, çarpayıdan yerə enib aşpazın kürəsinə tərəf getdi və ocaqdan papirosunu yandırıb çıxdı və söylənərək getdi. Hampa üzünü mənə tutub dedi:

– A başına dönüm, sən mənim gözümə bir ağıllı adam gəlirsən.

Bircə qulaq as, gör mənim taqsırım var, ya yox? Bu kişi bizim uçtelimizdir. Üç ildir kəndimizdədir. Bu üç ildə uşaqlarımıza üç söz öyrətməyib. Ayda bir dəfə atını minir, gedir, iki həftə, üç həftə ətraf kəndləri dolanır, qayıdır. Soruşanda ay uçtel bəy, haraya getmişdin? Deyir: getmişdim uşaqlara dərs gətirməyə.

Bir gün bir neçə ağsaqqal yığılıb getdik işkolaya ki, görək “dərs gətirmək” nəyə deyirlər. Bir kənarda oturduq. Uçtel dərsini başladı:

– Uşaqlar! Şənbə günü noyabr ayının on dördündə Hacı Osmana adam göndərib, sifariş elədim ki, atını mənə göndərsin, iki günlüyə minəcəyəm. İki saatdan sonra gördüm atını öz nökəri ilə göndərib. Minib yola düşdüm. Axşam azanına bir az qalmış “Qarğa dolanmaza” çatdım. Sürdüm birbaş Çərkəz bəyin qapısına. Çərkəz bəy mənim gəlməyimə çox şad olub, buyurdu atımı tövləyə çəksinlər. Özümüz getdik otağa, əyləşdik.

Çərkəz bəy dedi:

– Ay mirzə, nə yaxşı oldu gəldin, bu gün sənə yaxşı ov ətindən dolma verəcəyəm.

Dedim:

– Mən ov ətindən dolma eşitməmişəm.

Dedi:

– Bu başqa ovdur. Mən bu camaata nə qədər deyirəm: ay nainsaf uşağı, heyvanınızı bağlayın, gəlib mənim bağıma, bostanıma girməsin, öhdələrindən gələ bilməyirəm.

 

Bu gün gördüm, kürd Şahbəndənin eşşəyi ilə qoyunu bostanda otlayır. Tüfəngi götürüb ikisini də vurdum. Eşşək üç qarpız xarab eləmişdi. Qoyun da xiyarın yarpaqlarını tamam yemişdi. İndi haman qoyunun ətindən yaxşı dolma bişirtmişəm. Yanında da yaxşı təzə qatığı.

Dolmanı yeyib, gecə də orada qalıb, sübh atlanıb günortaya özümü Əhmədağalıya yetirdim. Oradan Hacı Osmanın atını qaytardım…

Xülasə, uçtel bu iki həftədə gördüyü adamlardan, tutduğu işlərdən nağıl eləyəndən sonra üzünü tutdu uşaqlara:

– Hə, indi bu söylədiyimi kim təkrar eləyə bilər?

Uşaqlardan bir neçəsi barmaq qaldırdılar.

– Qeydarov, söylə görək.

Uşaq durdu ayağa:

– Mirzə, siz noyabr ayının on dördündə Hacı Osmana…

– Nə günü idi?

Uşaq dayandı.

– Qasanov, sən de!

– Mirzə, şənbə günü.

– Hə, barakallah! Qeydarov, dalını söylə!

– Şənbə günü… Hacı Osmana adam göndərib, atını iki günlüyə istədiniz.

İki saatdan sonra gördünüz ki, atını göndərib.

– Kimnən göndərib?

– Öz nökərinən.

– Qayda ilə nağıl elə. Yoxsa gözlərini tökərəm.

Bu növ uşaqlar gərək uçtelin iki həftədə tutduğu işlərdən əzbər eləyib deyə idilər. Elə ki dürüst öyrəndilər, Uçtel atını minib gedir, iki həftədən sonra təzə dərs gətirirdi!..

Mən də ancaq bunu ispektora söylədim. O da bunu qulluqdan çıxartdı. Bilsəydim qovacaq, deməzdim. Bir şey öyrətməyirsə də, bir bölük çoluq-çocuğu var, yazıqdır!

Çığırtmanın pulunu verib çıxdım.

Bir qədər kəndi, bazarı dolanıb qayıtdım, gördüm fayton qoşulub. Minib yola düşdük. Bərdədən gəldik Köçərliyə. Köçərli biyabanın içində tikilmiş bir stansiyadır. Dedilər ki, bu yaxında bu adda bir kənd də var. Ancaq nə qədər baxdım, kəndi görə bilmədim.

Faytonçu burada dayanmayıb adladı.

İki saat sonra yetişdik Qərvəndə.

Burada faytonçu faytonu karvansaraya sürüb dedi:

– Atlar yorulub. Burada göyçək nömrələr var. Yaxşı rahat olarsan. İnşallah gecə yarısı, Ay doğanda yola düşərik.

Qərvənddə camaat çoxdur və camaatın həştad faizi Kəkilbəyovlardır. Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını… dindirirsən, deyir, mənim familim Kəkilbəyovdur.

Kəkil bəy keçmişdə Qərvənddə və ətrafında sayılan bir adam imiş.

Qocaların dediklərinə görə, onun on iki oğlu var idi. Hər sübh çıxıb qapıda qoyulmuş çarpayının üstündə əyləşərdi və on iki oğlu da səf çəkib, qulluğunda durub onun əmrini gözləyərdi. Hər birisinə vəzifəni söyləyib yola salardı. O on iki nəfərin övladından bir kənd əmələ gəlib.

Faytonçudan nömrələrin yerini xəbər aldım, qabağa düşüb dedi:

– Buyur!

Məni ikimərtəbə bir evin qabağına gətirdi. O yan-bu yana baxıb çıxmağa yol tapmadım. Bir də gördüm, bir cındırlı kişi bir uzun nərdivanı sürütdüyərək gətirdi, dayadı divara, dedi:

– Nömrə lazımsa buyurun, çıxın yuxarı.

Soruşdum ki:

– Məgər bu nömrələrin yolu yoxdur?

Dedi:

– Burada oğru-əyri çox olduğundan, müştəriləri nərdivanla çıxardıb, sonra nərdivanı götürürük.

Yadıma Tiflis düşdü.

Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Adı da Mərdudqulu xan idi. Rəşt mülkədarlarından idi. Babadanqalma yüz iyirmi kəndi var idi və iki min desyatindən artıq düyü əkini. Mədaxili sel kimi axırdı. Özü də sərtib xaric əz fevc idi.32 Qolovinskiyə33 çıxanda paqonları gün kimi parlayırdı. Soldatlar şax durub çest verirdilər. Mən Rəştdə olan vaxt onunla görüşmüşdüm və axırda da aramızda bir dostluq əmələ gəlmişdi.

Tiflisdə onun bir işi yoxdu. Məhz bir qədər kef aparmaq üçün buyurmuşdu.

Özü buyururdu:

– Baba, nə çarə eləyim! Pul çox, amma İranda xərc eləməyə yer tapmayıram; labüd qalıb pullarımızı aparıb xarici vilayətlərdə xərc eləyirik.

Mən hər sübh xanın qulluğuna müşərrəf olub onu özümlə aparıb gəzdirərdim. Və gecə də saat ikidə, üçdə gətirib mənzilinə qoyub, evimə gedərdim.

Bir sübh yenə gəlib qapını döyüb gördüm içəridən bir ağlar səs deyir:

– Befərma!34

Daxil olub nə gördüm: cənab xan əyləşib yatağında. Lat-lüt, başında bir tüxmi-müğri35 papaq, ağlayır:

– Xan, nə vaqe olub?

– Görməyirsənmi nə vaqe olub? Bu gecə nömrədən var-yoxumu aparıb, papağımı qoyublar.

Qayıdıb evdən öz libaslarımdan bir dəst gətirib xana verdim.

Rəştə teleqram çəkib, beş min tümən pul istədi. Pul gəlincə xan mənzilindən çıxmadı, dedi:

– Mən Qolovinskidə paqonsuz görünə bilmərəm.

Əgər Tiflis nömrələri də Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanın mənzilini yarmazdılar.

Yuxarı mərtəbədə mənə bir otaq verdilər, amma otağın bir şeyi mənə çox qəribə gəldi. Pəncərələrin birində bir şüşə yox idi. Onun da səbəbini xəbər aldım, dedilər:

– Qərvənd çox ditdili və milçək olan yerdir. Pəncərələr şüşəli olanda milçək çıxmağa yol tapmayıb qonaqlara əziyyət eləyir. O səbəbdən pəncərələr şüşəsizdir.

Bu da mənim çox xoşuma gəldi.

Gecəni bir növ keçirib, sübh gün çıxanda Ağdama tərəf yola düşdüm. Üç-dörd saat yol gedəndən sonra bir böyük bazara yetişdik. Bu, Ağdam bazarı idi.

Ağdam bazarı böyük bir meydançada vaqe çargül tikilmiş, içərisi, çölü dükanlardan ibarət bir bazardır. Bazarın qabağı həmçinin bir açıq meydandır ki, burada bazar günləri adam əlindən tərpənmək mümkün olmur. Ətraf kəndlərdən mal alanlar, mal satanlar hamısı bu meydançaya cəm olurlar.

Bir yanda çuval-çuval buğda qoyulub. Bir yanda yağ, pendir. Bir yanda satlıq qoyun və qaramal. Bir tərəfdə arvadlar əyləşib qazanlarda ciyər qovurması qovururlar. Bir yanda görürsən dəllək bir nəfəri daş üstündə əyləşdirib başını qırxır.

Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Dükançıların da alış-verişləri öz qaydası ilə.

Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen.

Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə ki gördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onun papağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir fayda verməz. Güclə başını qırxıb, bir şahı pulunu alıb əldən qoyacaq.

Ağdam bazarında da nə qədər istəsəniz imanlı hacı, kərbəlayı və məşədi tapılar. Bunlar da doğruluqda, insafda Bərdə hacılarından, kərbəlayılarından, məşədilərindən qalmazlar. Hamısı əhli-iman, namaz qılan, oruc tutan müqəddəs mömin şəxslərdir.

Məsələn, orada bir nəfər Hacı Mehdiqulu var. Tamam ətraf bəyləri ona borcludurlar. Puluna da ildə altmış faiz alır. İndi yuxarıda yazdığım sözləri oxuyanlar xəbər alacaqlar ki, bu haradan əhli-iman oldu. Vaxta ki, bu böyüklükdə müamilə alıb öz şəriətinə zidd gedir? Bunu mən də xəbər aldım. Dedilər ki, hacı burada hiyleyişəriyyə eləyir.

Hiyleyi-şəriyyə Həzrət Əyyub əla nəbiyyina və əleyhissəlamdan qalıbdır. Tarixi-müqəddəsdə xahiş eləyən oxuya bilər ki, xudavəndi-təbarəkə və təala Həzrət Əyyub əleyhissəlamı imtahana çəkmək istədi. Ona görə ona yaman mərəz göndərdi. Həzrətin tam bədəni yara tökdü və yaralarına qurd düşdü. Bu yara və qurdlar ona əziyyət verdikcə həzrət ancaq Allahına şükür edərdi. Bir gün həzrətin nə səbəbdən isə arvadına qəzəbi tutub buyurdu:

– Ay filan-filan şüdənin qızı, and olsun Allaha, sağalıb ayağa duracağım gün sənə yüz çubuq vuracağam.

Həzrət imtahanı gözəl surətdə tutdu. Xudavəndi-aləm iltifaq buyurub mərəzi ondan rəf etdi. Həzrət sağalıb durdu ayağa və tamam sağalandan sonra vədəsi yadına düşdü. Bir yandan naxoş vaxtında arvadının onun nə qədər zəhmətini çəkdiyini nəzərə aldı. Bir yandan Allaha and içmişdi, gərək vədəsinə əməl edəydi. Yoxsa yalandan qəsəm yad eləmiş olardı.

Həzrət çox fikrindən sonra yüz ədəd çubuğu topa bağlayıb bir dəfə arvadın belinə vurdu. Əvvələn, bundan arvada bir əziyyət olmadı və saniyən həzrət andına əməl edib həqiqətdə arvada yüz çubuq vurdu.

Hiyleyi-şəriyyə budur.

İndi görək, hacı cənabları hiyleyi-şəriyyəni nə növ eləyir.

Tutalım, bir nəfər bəy gəlib hacıdan beş yüz manat qərz istəyir, hacı da bəyi mötəbər bilib razı olur. Gərək altı ayın vədəsinə altı yüz əlli manata veksel yazılsın. Hacı əl atıb qəfəsdən bir ədəd bir abbasılıq yaylıq götürüb deyir:

– Bəy, siz bu yaylığı məndən yüz əlli manata almağa razısınızmı ki, pulunu da altı aydan sonra verəsiniz?

Bəy razı olur, veksel altı yüz əlli manata yazılır. Beş yüz manat bəyin borcu və yüz manat da yaylığın qiyməti. Daha hacı şərən faiz almayır.

Hiyleyi-şəriyyə belə də olur: Məsələn, bir nəfər axund bir yetim uşağa qəyyum olur və uşağın ildə, məsələn, min manat mədaxilinin yarısını bala xəndəyə ötürmək istəyir. Bu da çox asandır. Burada da hiyleyi-şəriyyə imdada gəlir.

Axund cənabları öz qəyyumluq zəhmətlərini beş yüz manata qiymət edib, anasının südü kimi yeyə bilər.

Mənim məqsədim bu məsələlərdən söhbət etmək deyil, əgər durub hiyleyi-şəriyyədən, həmli-bərsihətdən36 bəhs açsaq, böyük bir kitab yazmaq məcburiyyətində olarıq.

Əgər Ağdamın hamı hacılarından və kərbəlayı-məşədilərindən, seyidlərindən, kəndlər arasında olan qurtarmaz və tükənməz müharibələrdən söhbət başlasaq, gərək bir il burada oturaq. Mən yol adamıyam, işim var. Odur ki, Ağdamda dayanmayıb, faytonu qoşdurub yola düşdüm.

Bir-iki verst getmişdik ki, “Nəsirbəyli” adlı bir kəndin qabağında bir nəfər müsinni kişi əl eləyib faytonu dayandırdı və yavaşcadan nə dedisə, faytonçu üzünü mənə çöndərib dedi:

– Bu kişi mənim dayımdır. Şəhərdə vacib işi var, izn verin yanımda əyləşdirim.

Cavabında dedim:

– Sənin dayın mənim yanımda da əyləşə bilər. Bahəm söhbət edə-edə gedərik. Təklik də mənə əl verməz.

Kişi:

– Çox sağ olun, – deyə əyləşdi yanımda, yola düşdük.

Bununla adi yol söhbətlərindən başladıq: “Gəlişiniz uzaqdan-dırmı? Şəhərə buyurmaqda xeyirdimi” və i.a. Axırda bir-birimizin adını xəbər aldıq. Yoldaşımın adı Məşədi Səttardır. Şuşada sərrac dükanı var və hər bazar günü Ağdama gəlib gedərdi. Bu, bir söhbətcil arif adam idi və danışığından əhli-savad olduğu da anlaşılırdı.

Bir qədər getmişdik. “Qarahacılı” deyilən bir yerdə bir qoca kişiyə çatdıq. Təqribən altmış yaşında, qırmızısaqqal, sinəsi açıq, başına papaq əvəzinə yaylıq bağlamış, qabağında bir yüklü uzunqulaq yavaş-yavaş gedirdi. Bu kişi dönüb bizə baxıb, Məşədi Səttara salam verdi.

Məşədi xəbər aldı:

– A Məşədi Səfər, haradan gəlirsən?

– Burada dəyirmana bir-iki pud buğda aparmışdım. Üyüdüb kəndə qayıdıram.

– Əhvalın necədir, ev-uşaq salamatdırmı?

– Nə əhval, ay məşədi? Əhvalım budur ki, görürsən. Qoca vaxtımda görəcəkli günlərim var imiş. Bir vaxt var idi sənin kimi qonaqların iyirmisi qapımdan girərdi. Xəcalət çəkmirdim. İndi… Özün görürsən. İndi, budur, səni görüb xəcalətimdən istəyirəm ki, yer ayrılsın, girim içinə. Mən Məşədi Səfər olam, sən gəlib mənim evimin yavıqlığından ötəsən, mən də səni yoldaşınla bir yerdə aparıb evimdə bu gecə qonaq saxlamayam? Bu mənim üçün ölümdən bədtərdir.

Faytonçu atları tərpətdi. Biz də Məşədi Səfərlə “xudahafiz” edib onu dalda qoyduq.

 

Məşədi Səttar üzünü mənə tutub dedi:

– Bu kişi varlı-hallı bir adam idi. İldə bir-iki dəfə Şiraza gedib, oradan neçə yük papaq dərisi gətirərdi. Yaxşı da qazanardı. Bunun evini yıxıb bu halətə salan imam oldu.

Mən təəccüblə Məşədi Səttarın üzünə baxdım. Məşədi Səttar dedi:

– Təəccüb eləməyin, mənim sözümün canı var. Bu saat söyləyim.

Siz yəqin çox eşidibsiniz. Bir adamın o birisinə acığı tutanda deyir: “İmam başına daş salsın, imam evini yıxsın, imam balalarını yetim qoysun”… Hakəza.

İndi qulaq verin.

Bu bədbəxt oğlu, hər il məhərrəm ayında yeddi gün imam ehsanı verərdi. Boynuyoğun mollalar, tacirlər, seyidlər, nə bilim kimlər hər gün gəlib yağlı plovdan basırdılar. Nə qədər buna mənasız xərc vururdular.

Buna “imam evini yıxsın” deyirlər, ya yox?

Axır kasıb düşüb evini satdı. Evi də yaxşı ev idi; bilmirəm nə qədər pul aldı. Cibində pulun cınqıltısını eşidib dedi ki, gərək gedib ağamı ziyarət eləyim.

Bir böyük ziyafət verib təntənə ilə Məşhəd səfərinə getdi. Elə ki ziyarətdən qayıtdı, baxdı gördü pullar xərclənib, ev də satılıb. Əlində maya düzəltmək üçün qədim dost və aşnalarına yönəldi, heç kəs əl tutmadı. Axırda şəhərdə qala bilməyib, arvad-uşağını götürüb o, dağın ətəyindəki kəndə köçdü. Orada bir dükan açıb, təpik vursan uçar. İçində on beş manatlıq mal yoxdur.

İndi buna “evini imam yıxsın” demək olar, ya yox? Özü öləndən sonra da balaları yəqin dilənəcəklər. Buna “imam balalarını yetim qoysun” demək olar, ya yox?

Bir qədər gedib uzun bir hasara çatdıq. Hasar bir dağın başında “Qarqar” deyilən bir çaya tərəf enib, çaydan keçib o biri dağın üstünə diklənibdir. Gendən baxanda guya bir bayquş qanadlarını çayın kənarlarına sərib, çaydan su içməkdədir.

Məşədi Səttar dedi:

– Bu hasara Əsgəran deyərlər. Gərək eşitmiş olasınız.

Dedim:

– Çox gözəl eşitmişəm və oxumuşam… Bu mənhus hasarın 1905-ci sənədə oynadığı rol cəmi dünyaya məlumdur. Bu, iki qonşu və qardaş milləti bölən bir səddir. Nə qədər bu hasar durub, buna baxan türklərin və ermənilərin yaraları təzələnəcək. İxtiyar mənim əlimdə olsaydı, bu hasarı, qədim hasardan olmasına baxmayaraq, kökündən qazardım. Bəlkə bayquş kimi göz qabağında durub, keçmiş qanlı günləri baxanların yadına gətirməyə.

Əsgəranı adladıq. Bir də baxdıq, bir nəfər qırmızısaqqal, uzunboylu, arıq kişi, özü kimi bir arıq yabının belində, tərkində xurcun, atılaatıla gəlir. Yavıqlaşıb Məşədi Səttara salam verib keçdi. Məşədi Səttar dönüb dalınca bir qədər baxıb dedi:

– “Evlərini imam dağıdanların” biri də budur. Amma bu hamıdan qoçaq çıxıb. Özünə bir çörək pulu yaradıbdır. Qulaq asın bundan sizə bir az söhbət eləyim.

Dedim:

– Buyur.

– Bu kişinin adı Məşədi Seyfulladır. Ağdam bazarında dükanı var.

Yaxşı evi də var, qonaq gələnə plov da verir. Bu da o biriləri tək varyoxunu xərcləyib, Məşhəd ziyarətinə getmişdi. Gələndən sonra bir az bikar gəzib, arvadının ətəyinin pullarını satıb bir dükan açdı. İlk günü dükana qoyduğu malın qədəri nə artır, nə də azalır. Hər kəs bunun dükanına bir dəfə getsə, onun malının siyahısı həmişə yadında qalar.

Mən ərz eləyim: on girvənkə yağ, bir düjün karandaş, bir banka zoğal mürəbbəsi, iki qutu cövhər, on girvənkə qənd, bir parça mal piyi, beşaltı ədəd qalay çay qaşığı, bir şüşə sirkə, bir-iki kələf yezd ipliyi, bir pud ağ neft… Xülasə, baxan deyirdi ki, buna on beş manat verən olsa dükanını bağışlayıb çıxıb gedər. Bununla belə, bunun işlərinə baxın.

Məşhəddən təzə qayıtmışdı. Hələ heç kəsin bunun xəspuşlanmasından xəbəri yox idi. Hamı onu varlı hesab edirdi.

Bir gün Ağdam bazarına gəlib, xalqı başına cəm edib, bunlara Məşhəd yolunun ağırlığından və bu ağır yolu zəhmət çəkib getməyin savabının intəhasızlığından, daşların dığırlana-dığırlana ziyarətə getmələrindən söhbət edirdi.

Məşədi and içirdi ki, İmamqulular adlanan bir mənzilə gəlib düşmüşdü. Gördü karvansaranın qapısında böyük qara daşlar yan-yana düşüb. Karvansaranın dərbanı nağıl etdi ki, bu daşlar bu gecə buraya gəliblər; ziyarətə gedirlər, sabah durub bunları burada görməyəcəksiniz.

– Sübh, – deyir, – durduq, gördük, həqiqət, o daşlardan bir nişanə yoxdur. “Çinaran” adlanan mənzilə gəlib haman daşları orada gördüm…

Məşədi camaatı inandırmaq üçün neçə dəfə getdiyi imama and içdi. Camaat da ağızlarını ayırmış onun söhbətlərinə qulaq verib, peydərpey salavat çevirirdi.

Qalaq asanların hesabı artdı. Bunu görüb məşədi dedi:

– Camaat, bu saat mənim evimdə bir seyid qızı əyləşib. And olsun gedib üzümü sürtdüyüm qəriblər şahına, bu saat onun əynində libası yoxdur. Mən öz tərəfimdən on manat verirəm. Sizin də kərəminizdən nə gəlir, müzayiqə etməyin.

Məşədinin söhbətindən ürəyi yumşalmış camaat başladı pul toplamağa.

Ağır miqdarda bir məbləğ cəm olub məşədiyə vüsul oldu.

Neçə vaxtdan sonra işin üstü açıldı. Həqiqətən bir seyid qızı haman günü məşədinin evinə libassız əyləşibmiş, o da məşədinin öz arvadı imiş.

Heç kəsə onun arvadının seyid qızı olduğu məlum deyilmiş. Sübh evdən çıxanda məşədi arvadına əmr eləyir ki, o, bazardan qayıdınca libassız əyləşsin. Bu da onun üçün imiş ki, məşədinin andı yalan olmasın. Bundan da sonra özgə bir mədaxil yolu tapdı.

Birdən eşidir ki, filan kənddə filan sərvətdar mərhum olubdur. O saat atını minib gedib oraya. İçəri daxil olub, başlayır hönkürtü ilə ağlayıb başına vurmağa:

– Əlimdən gedən qardaşım vay! Ümidim vay! Belimin dayağı vay!..

Habelə…

Üç gün yaxa açıb təziyədar olur. Üç gündən sonra mərhumun ailəsinə sər-səlaməti verib deyir:

– Daha mən getdim. Dükanım sahibsizdir. Ancaq bir iş var, deməyə xəcalət çəkirəm.

– Nə iş var, məşədi? Buyur!

– Yox, qalsın, bir ayrı gün danışarıq.

– Axır genə, de görək nədir?

– Gərək mən söhbəti açmayaydım. İndi ki bir səhv elədim, gərək deyim, rəhmətliyin mənimlə bir xırdaca hesabı var. Keçmişdə mal aparıbdır, bir əlli manat qalıbdır. Mən bir söz demirəm, istəmirəm də. İstəyirsiniz mərhuma halal eləyim. Ancaq deyirəm ki, biləsiniz. Mərhumun varisləri bir-birinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında ölülərini şüğlizimmə eləmək istəməyib pulları verirlər.

Bəzən oxu daşa da toxunur: mərhumun varisləri görürsünüz ki, deyirlər:

– A məşədi, sənin sözünə inanmamağa haqqımız yoxdur, məşədi kişisən, səndə yalan olmaz. Ancaq nisyə mal almaq mərhumun adəti deyildi. Bir il çılpaq qalmağa razı olardı, üç arşın nisyə qədək almazdı.

Cavabında məşədi deyir:

– Nə etməli, siz vermirsiniz, mən də istəmirəm. Pul deyəndə əl çirkidir, rəhmətliklə iyirmi il duz-çörək yemişik, qurban olsun o duzçörəyə.

Bunu deyib varisləri şübhəli qoyub atını minib, çıxıb gedir.

Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar.

Bu məşədinin peşəsi budur. İndiki dükanı boşdur, gedib ölü sahiblərindən pul istəyəndə deyir:

– Parçanı mərhum mənim qonşumdan alıbdır. Yanında pul olmayıb, mən vermişəm.

Bu yaxında “Xocalı” adlanan bir kənd var. Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı kişi vəfat eləyibdir. Məşədi yəqin onun təziyəsindən gəlir. Görəsən varislərindən nə qədər çırpıbdır.

“Xocalı” çayını və “Çaparxana”sını keçib bir səhraya çıxdıq. Yolun altında və üstündə nizamla düzülmüş “Tökmə təpələr” var idi.

Məşədi Səttar nağıl etdi ki, bu təpələr də qədim hasardandır. Burada qədim zamanda Sultan Səlimlə Şah İsmayılın arasında böyük müharibələr olubdur.

Bir az getmiş gördük ki, bir nəfər şəxs bir kürən atın belində yel kimi gəlir. Atın ayaqları guya yerə dəyməyirdi. Yaxınlaşıb, salam verib, güllə kimi ötüb keçdi.

Məşədi Səttar dedi:

– Bu da bir tühaf vücuddur; yol üstüdür, bundan da bir qədər sizə nağıl eləyim, vaxt keçsin.

Dedim:

– Buyur.

Məşədi başladı:

– Bu şəxsin adına Hacı Mehdi oğlu Əsgər deyirlər. Atası buna böyük sərvət qoyub getmişdi. Sərvətin çox yarısını dost-aşna yolunda xərc etdi. Qış fəslində az gecə olardı ki, bunun evində neçə nəfər qonaq plov yeməsin. Bahar fəslində hər həftə dost-aşnalarını şəhərin ətrafındakı çay kənarlarına, meşələrə, bulaqlara, “Turş su” deyilən yerə qonaq çağırıb, xanəndə və nəvazəndələrlə onlara kef verərdi.

Bir dəfə dost-aşnasına xəbər verdi ki, hamısı cümə günü ona, aşırma plova qonaqdırlar. Biz çox fikir elədik ki, “aşırma plov” bu nəyə deyir, bir şey anlaya bilmədik.

Axşam cəm olduq onun evinə. Adama bir-iki stəkan şirin çay içib bir qədər söhbət edəndən sonra hər iki adama bir məcməyi plov gəldi və hər məcməyidə iki ədəd kəklik ayaq-ayağa bağlanıb plovun üstündən aşırılmışdı. Aşırma plov bu imiş.

Qalan dövlətinin də axırına İrandan gəlmiş bir dərviş daş atdı.

Dərviş elmi-kimyada məharət yetirdiyinə bunu inandırıb və hər mədəni döndərib qızıl eləmək sirrini bildiyini söyləmişdi. Bu bədbəxt oğlu aldanıb dərvişi gətirib saldı evinə. Əlində olan mayanın hamısını kürədə yandırandan sonra, bir səhər durub dərvişi qaçmış gördü.

İndi bunun Ağdamda bir xırdaca dükanı var, oturub alış-veriş eləyir. Hər nə qazansa dost-aşna yolunda xərc eləyir. Əgər bir nəfər onun axırıncı köynəyini istəyə, yəqin çıxardıb verər. İndi bundan sizə bir hekayə nağıl eləyim.

Bizim Ağdam bazarını gördünüz. Tühaf bir bazardır. Orada bu bazardan o bazaradək tamam bikarçılıqdır. Alış-veriş nüdrətən olur. Bəlkə bir yerdə ölü düşə, kəfən, sidrü kafur üçün bazara gələn ola. Dükançılar dəstə-dəstə o dükanda, bu dükanda yığılışıb, boş söhbətlərlə vaxt keçirirlər.

İttifaqən, Bakıdan, Tiflisdən, ələlxüsus Moskvadan tacirlərin biri qayıdıb gələndə bazarda bayram olur. Neçə günlərlə bədbəxtlərə rahatlıq verməyib, hər gün başına cəm olub, onu gördüyündən, eşitdiyindən, gedib gəldiyindən danışdırıb qulaq asırlar.

Haman buradan atlı keçən oğlan birdən bazardan yox oldu. Tamam iki həftə dükanı bağlı qaldı. Sonra məlum oldu ki, Qazax qəzasında bir nəfərdə “Diliboz” cinsindən bir atın sorağını eşidib, onun dalınca gedibdir.

Haman atdır ki, indi altında idi.

İki həftədən sonra bazar adamı bunun qayıtdığından xəbər tutub, bir-birlərinə söz verdilər ki, Hacı Mehdi oğlundan haraya getdiyini və bu iki həftənin ərzində nə yerlərdə gəzdiyini bir nəfər xəbər almasın.

Guya ki, o, buradan heç bir yana getməmişdi.

Əsgər gəlir bazara. Dükanların qabağında dolanır. Ancaq bir dükançı buna etina eləməyir. Salam verir. Salamını soyuq bir halda alıb, yenə işinə məşğul olur. Əsgərin bağrı çatlayır. Necə ola bilər ki, bu, bir belə zəhmət çəkib gedib “Diliboz”lardan at gətirsin, amma bunu bir adam xəbər almasın! Bir də baxır, görür, bir dükanda beş-on nəfər dükançılardan cəm olub söhbət eləyirlər. Birbaş yanaşır oraya:

32İstefaya çıxmış miralay deməkdir.
33Tiflisdə indi Rustaveli adlanan böyük bir küçədir.
34Buyur
35Yumurta şəklində, dəridən olan İran papağı.
36Şəriətdə bir hökmdür, murdardan və haramdan uzaq olmaq deməkdir.