Can yanğısı

Tekst
Przeczytaj fragment
Oznacz jako przeczytane
Jak czytać książkę po zakupie
  • Czytaj tylko na LitRes "Czytaj!"
Czcionka:Mniejsze АаWiększe Aa

III

Neçə il bundan əqdəm osmanlı şəhərlərindən birində qan töküb, hökumət əlindən dağlara qaçdım. Dağlarda fələk ilə əlləşə-əlləşə dolaşırdım. Gündüzlər meşələrdə, gecələr ağac başında və yaxud qayalar qoynunda… göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi… Göy guruldayırdı, şimşək oynayırdı, maral hayqırırdı – səsimə səs verirdilər. Gündüz gün, gecə ay ilə ulduzlar həmdəmim idi.

Yağmur başımdan, sel suları ayağımdan vururdu, meşə mənə, mən meşəyə səs verirdim. Ormanlar çadırım, talalar gəzmək yerim idi. Gül gülü çağırırdı, bülbül cəh-cəh ilə oxuyurdu. Göyün qübbəsi tavanım, qara torpaq arxam idi. Fikrim xəyalıma, xəyalım fıkrimə dolaşıq, dünyadan bixəbər, halımdan məlul və pərişan, keçən keçdi, gələcəkdə nə olacağını bilmirdim. Könlüm yaralı maral kimi inildəyirdi. İns və cinsdən ayrı düşüb, heyvanlara qarışmaqdan qayət usanmışdım. Heyvanlar da tək-təkinə dolanmayıb arkadaşlı gəzdikləri halda, mən öz həmcinsimdən cida düşüb6, ormanlarda, səhralarda qalmışdım. Heyvanlara səs verməyi özümə adət etmişdim. Zira ağıl dolanırdı, özünə iş axtarırdı və məkanından yatan fikrimi oynadıb uçururdu. Fikir izhar olmaq istəyirdi. Yanımdakı cin və canlı heyvanlar olmağına, heyvan kimi də danışmaq istəyirdi.

Axır kəlam, təklikdə davam edə bilməyib “öldürsə də, qoy məni öz həmcinsim öldürsün”, – deyə meşəni tərk etdim. Şənlik olan tərəfə rəvan oldum, bir dağın döşündə, yolun qırağında bir bölük köç gördüm, çörək bişirirdilər. Çox zamanlardan bəri tərk etdiyim çörəyin qoxusundan ürəyim yarpaq kimi titrədi.

Gəldim salam verdim. Salamımı bir qoca ağsaqqal kişi aldı. Çörək bişirən arvad da qoca idi. Bunlar heyran-heyran mənə tamaşa etdilər. Başımı aşağı salıb gördüm: alaçığın çətəni7 şaqqıldadı, gözümün quyruğu ilə o tərəfə baxdım. Ox dəymiş şir kimi saçlarımı silkələyib, başımı yuxarı qaldırıb məhbut8 bir halda qaldım. İki gecənin arasından bədirlənmiş ay parası kimi bir hurizadın liqasını9 gördüm…

– Ey cavan!.. Yoxsa karsan, yoxsa bizim dilimizi bilmirsən, niyə cavab vermirsən?

Qulağım qocanın sözünü aldı. Qoca dedi:

– Əyləş Allah qonağısan, Allah verənimizdən yeyərsən. Mən əyləşdim… bağlandım qaldım…

– Sonra?

– Qulaq as.

IV

Dərviş sözünə davam etdi.

Qoca alaçığa tərəf baxıb səslədi:

– Ruqiyyə!..

Hürkmüş ahu kimi alaçıqdan on altı-on yeddi yaşlı, ucaboylu, gözəl qamətli bir qız sıçrayıb çıxdı: qolunda, boğazında, belində, ətəklərində olan gümüş bəzəklərini cınqıldada-cınqıldada, qırmızı və sarı qanovuzdan paltarını xışıldada-xışıldada boğanaq kimi babasına tərəf gəldi. İki dəfə mənə tərəf baxdı…

Gözlərinə dan ulduzu desəm, böyük bir xəta edərəm. Ulduz bir qərar, bir hal üzrə durur və parlamaqdadır, amma bu gözlər! Mənim üzərimdə atəş zərrələri saçan, canıma qayğı salan gözlər min növ hal ilə parıldayırdı. Qəlbi nə desə, könlündən nə keçsə, fikir xəyaldan və xəyal fikirdən nə sorsa, gözlərində o dəxi zahir olurdu.

Qara kirpiklər sayə saldığına gözlərinin işığı dəxi də artırdı. Barmaqları dolu üzük idi. Hər biləyində bir cift bilərzik, başında rəngbərəng iki ipək dəsmal var idi. Babası dedi:

– Qızım! Qonağımıza çörək qoy, yol adamıdır, ac olar!

Qız dabanı üstündə dönüb bir-iki dəqiqənin içində çörək, pendir və təzə yağ gətirib qabağıma qoydu. Bizim gözlərimiz bir-birinə rast gəldi. Ruqiyyə lalə kimi qızardı…

Qoca kişi məndən sordu:

– Oğlum, hərçənd qonaqdan sormazlar haralıdır və haraya gedəcəkdir. Allah özü bilir ki, qonağa istər şah, istər gəda olsun, mən daralmamışam və mənim səndən soruşmağımı Allah günah dəftərinə yazmaz… İndi söylə mənə, oğlum, sən haralısan? Haradan gəlib, haraya gedirsən?

Dedim:

– Səhradan dağlara, meşələrə gəlmişdim. İndi də dağlardan və meşələrdən səhralara gedirəm.

Qoca kişi əvvəlkindən indi diqqət ilə mənə baxıb məndən xoflanan kimi oldu, dedi:

– Oğlum, sən pərdəli danışdın, sözlərini anlamadım, nə demək istəyirsən?

Dedim:

– Pərdəli demədim, dayı… Öylə isə deyim: haradan gəlib hara getməm məlum deyil, əvvəl mənə rast gələn yol haraya aparsa, mən də oraya gedirəm, səmt və soraq gözləmirəm, dağ gəldi dağa, aran gəldi arana gedirəm…

– Bir yerdə qərar tuta bilmirsənmi?

– Tutaram, amma… qoymurlar… Yer ilə göy arasındakı dünyaya gəlməmişəm! Vətənim var idi, nə etməli, didərgin saldılar, mən də onu unutdum… Məni nahaq yerə dolaşdırdılar, durmadım, itkin düşdüm…

Baxdım gördüm, qoca kişi məndən ehtiyatlanıbdır.

Dedim:

– Dayı, səni and verirəm bizi yoxdan var edənə! Məndən qısqanma, mən çörəyi dizi üstə olan nəməkbəharam adamlardan deyiləm, xəta məni çöllərə və qapılara salıbdır, məndən qorxub hürkməyəsən.

Dedi:

– Oğlum, mən də qoca adamam, dünya görüb təcrübə qazanmışam. Halına baxarsan, fəna adama bənzəyirsən, amma sir-sifətindən adamlıq nişanı yağır və adamın da meyli uçub sənə qonur. Belə saya kimi dolanmaqdan usanmadınmı?

– Usanmışam, dayı! Nə etməli?

– Bir yerdə qal, işlə məşğul ol, dünya var olmasını qanarsan…

– Ver iş, əylə məni dayı… Mən görürəm sənə adam lazımdır, adam da mən, qorxma! Axırda görərsən oğuldan da sənə artıq olaram…

– Oğlum, xasiyyətinə bələd olmadığıma təklifini qəbul edə bilmirəm. Qəlbim bir yandan sənə meyil edirsə, o biri tərəfdən səksənir.

İndiyə qədər dinməz oturmuş qoca qarı birdən dindi:

– Yox, balam! Biz səni saxlaya bilmərik. Kişi qoca, mən qoca. Öylə yetişmiş oğlumuz yox, gedək səni hansı kənddə, hansı şəhərdə gəzək?

Dedim:

– Ana, mən sənə nə deyim? Ürəyim boğça deyil ki, açıb içində nə var isə – yaxşı və yaxud yaman göstərim! Burada məni tanıyan yox, sizin də mənə inanmamağa ixtiyarınız var. Mən nə deyim?

Bu səfər qoca səsləndi:

– Yox, arvad, sən səhv söyləmə, bu adam haram adama bənzəməyir. Məndən olsa qalsın, bizə bir adam lazımdır. Yaxşı olar, həmişə qalar, pis olar, öz bəxtindən küsər.

6Ayrı düşüb.
7Alaçığın aşağı hissəsini əhatə edən nazik qarğıdan toxunmuş çəpər.
8Təəccüblü.
9Üzünü.
To koniec darmowego fragmentu. Czy chcesz czytać dalej?